“Ginnesin Rekordlar Kitabı”na düşən HOVUSLUMUZ
Cəbrayıl rayonun Hovuslu kənd yetirmələri bir çox sahələrdə ad çıxarıblar. Cəmiyyətdə müsbət nümunələr göstərir və buna görə də hər bir Hovuslular öz kəndləri ilə qürurlanırlar.
Oxucuların nəzərinə çatdırım ki, Sumqayıtda anadan olmuş, əslən Cəbrayıl rayon Hovuslu kəndindən olan, hazırda Avropa ölkələrindən birində, Belçikada yaşayan Fəxrəddin Vəliyevin qeyri-adi və heyrətamiz hadisələrin təqdimatından yaranan məşhur “Ginnesin Rekordlar Kitabı” ilə bağlılığından söhbət açacağam.
Bildiyiniz kimi, bu nəşr dünyada ən uğurlu nəşr sayılır. Ötən 2023-cü ildə bu kitab 100 milyondan artıq tirajla satılıb.
Bu kitaba bir neçə azərbaycanlılar da düşə biliblər.
Kitaba düşənlər sırasında ilk olaraq Fəxrəddin Vəliyev olub.
Belçikada yaşayan və həyatının cavanlıq illərini qrafika sənətinə həsr etmiş Fəxrəddin Vəliyev Sumqayıtda boya-başa çatıb.
Mən 1983-cü ildə Sumqayıta Ali Məktəbdə təhsil almaq ilə bağlı gələrkən şair, Jurnalist qardaşım mərhum Nüsrət Qafarov Faxrəddin Vəliyevi mənimlə tanış etdi və qohumluq əlaqələrimizdən söhbət açmışdı. Qeyd edim ki, Fəxrəddin bəy gənc illərindən qayçı ilə insan obrazlarını yerindəcə kəsib həmin şəxsin özünə təqdim edərdi. Sonralar onun Avropa ölkələrində yaşamasını eşitdim. Bir dəfə Sumqayıtda yerləşən “İZZƏT” MMC Hüquq xidməti və Təhsil Mərkəzimizdə təsadüfən görüşüb çay içdik. Xeyli söhbət edib ayrıldıq. Sonralar Eloğlum Fəxrəddin bəy yenidən Avropa ölkələrinə getdiyini bildirdi.
Qeyd edim ki, dəyərli Eloğlum Fəxrəddin bəy “Ginnesin Rekordlar Kitabı”na 2004-cü ildə 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə rekordçu adını qazanıb.
Həmyerlimiz 1992–1995-ci illərdə Afinada və İstanbulda fərdi sərgilər təşkil edib, 2003-cü ilin dekabrında “Belqium” muzeyində Belçika kraliçasının rəsmini çəkib. Kraliça isə ona məktub vasitəsilə təşəkkürünü bildirib.
Fəxrəddin Vəliyev Möhbalı oğlu Azərbaycanın Belçikada tanınması üçün də xeyli işlər görüb. O, hazırda bu ölkədəki Avropa–Azərbaycan Diaspor Mərkəzinin vitse-prezidentidir.
Bildirim ki, atası Möhbalı dayı da Sumqayıtda müxtəlif dövlət əhəmiyyətli işlərdə çalışırdı. Mən Sumqayıt şəhər Məhkəməsində çalışanda rəhmətlik Möhbalı dayı ilə tanışlaşıb qohum olduğumuzu bildirmişdir. Ruhu şad, Məkanı cənnət olsun.
Fəxrəddin bəylə tez-tez də olmasa ara-sıra şəbəkədə doğma ellərdən söhbət açır, dünyasın dəyişmiş qohum-əqrəbalarımızı yad edirik. Bir sözlə doğma kəndimiz, yaşadığı Sumqayıt şəhərimizdən ağız dolusu söhbətlər açırıq.
Bütün bunlar mənim üçün eləcə də Azərbaycanımız üçün qürurvericidir.
Dəyərli eloğluma həyatda can sağlığı, işlərində, tutduğu həyat yolunda yeni-yeni nailiyyətlər, arzulayıram.
Hörmətlə:
AYB və AJB-nin üzvü
Hüquqşünas, şair, publisist
Qafarov Ədalət İzzət oğlu (ƏROĞLU)