Gədəbəyin adının dəyişdirilməsi məsələsi hərdən müzakirə olunur. Müzakirəni yaradan səbəb addakı “gədə” hissəsidir. Bilənlər bilir, bilməyənlər də rayonun adı ilə bağlı etimologiyanı araşdırsalar, yaxşı olar.
“Gədəbəy adı ilə bağlı onlarla rəvayət mövcuddur. Alban tarixçisi Muxtar Qoş “Albaniya xronikası” əsərində (1206-cı il) Gədəbəy əyalətinin adını “Getabey” kimi işlədib. Ehtimal edirlər ki, “Gettabey” sözü sonradan deformasiyaya uğrayaraq Gədəbəyə çevrilib. Qədim türkcədə “böyük, qüdrətli adam” mənasında işlədilib. Coğrafi relyefinə görə bura döyüşkən türk tayfalarının yerləşdiyi ərazi olub. Gədəbəy sözü də buna müvafiq olaraq bədii ədəbiyyatda müraciət olunan şəxs, igid oğlan mənalarını verir. Gədəbəy toponimi qədim türk dilində gədə – keşikçi və bək – təpə sözlərindən ibarətdir və “gözətçi təpəsi” deməkdir. Bu ehtimal həqiqətə daha yaxındır. Tarixi mənbələrdə adı ilk dəfə XII əsrdə çəkilən Gədəbəy qalasının xarabalıqları rayonun Təpəlik sayılan yuxarı hissəsindədir. Başqa bir ehtimala görə isə, Dədəbəy sözü deformasiyaya uğrayaraq Gədəbəy olub. Orta əsrlərdə bu torpaqların bir hissəsi Atabəy, Şəkərbəy, Gədəbəy – ata və oğulları arasında bölüşdürülüb. Gədəbəy, Atabəyin oğlu olub. Ərazidə indi də Atabəy və Şəkərbəy adlı kəndlər var”.Şahdağ silsiləsinin şimal ətəyindən axan Mis çayının yaxınlığındakı Mağara dağının ətəyindən XIX əsrdən mis filizi çıxarılır. Haqqındakı məlumatlardan biri də ərazidə olan tarixi mədəniyyət abidələrinin eramizdan əvvəl XIV-VIII əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmasıdır. “Arxeoloji qazıntının nəticələri Almaniyanın “Folker Şpis” elmi nəşriyyatı tərəfindən “Qalakənd” adlı elmi əsər şəklində Berlində çap edilmişdir. Əsər Berlin Dövlət muzeyində saxlanılır”.
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu Ramiz İsmayılın keşməkeşli həyatı, zəngin və rəngarəng yaradıcılığı barədə olacaq.
Ramiz İsmayıl – İsmayılov Ramiz Məmməd oğlu 1 fevral 1948 – ci ildə Gədəbəy rayonun Kiçik Qaramurad kəndində anandan olub. 1954 – ci ildə həmin kənddə I sinifə daxil olub, 1965 – cil ildə XI sinfi bitirib. Orta məktəbdə oxuduğu illərdə jurnalistikaya böyük maraq göstərib. İlk mətbu yazısı 1962 – ci ildə Gədəbəyə çıxan “Tərəqqi” qəzetində çap olunub. İlk şeiri də məhz həmin qəzetdə yayımlanıb. Sonralar Şəmkirdə çıxan “Ulduz” qəzetində müxtəlif mövzularda məqalələri müntəzəm olaraq dərc edilmişdir. Müxbirliklə fəal məşğul olsa da tale onu tamam başqa sahəyə “yönəldib”. Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olunub və “Mühəndis-mexanik” ixtisasına yiyələnib.
Ramiz İsmayılın sonraki həyatı Mingəçevirlə bağlıdır. Yetmişinci illərin əvvəlində “Mingəçevir yol maşınları” zavodunda işə düzəlib. Bu şəhərdə müxtəlif müəssidələrdə öz ixtisası üzrə işləyib, şəhərin ictimai həyatında fəal iştirak edib, partiya və həmkarlar təşkilatlarından çalışıb. Şəhərdə çıxan “Mingəçevir işıqları” və “Oqni Minqeçaura” qəzetlərinin, Mingəçevir yerli radio verlişləri redaksiyasının fəal ictimai müxbiri olub. Dövrün tələblərinə uyğun olaraq qəzetlərdə, radioda istehsalat qabaqcıllarından, ayrı-ayrı peşə sahiblərindən məqalələr və oçerklər yazmışdır. “Mingəçevir işıqları” qəzeti ilə fəal əməkdaşlıq edən Ramiz İsmayıl redaksiyanın nəzərində fəaliyyət göstərən “Kür” Ədəbi məclisində yaxından iştirak etməklə məclis üzvlərinin şerilərinə, redaksiyaya daxil olan ədəbi nümunələrə dəyərli fikirlərinin bildirmiş və yazılar haqqında resenziyalarla çıxış etmişdir.
Şairin ömür yoluna bu qısa “səyahətdən” sonra onun yaradıcılığına diqqətinizi yönəlmək istəyirəm. Ramiz İsmayılın ilk kitabı 2000-ci ildə nəşr olunub. “Payızda xatırla məni” adlanan kitabda 100-ə yaxın şeir toplanmışdı. Bu kitab Ramiz İsmayılın yaradıcılığını tam əhatə etməsə də hər halda müəllifin ilk kitabı, ilk sevinci idi. Otuz ildən çox yaradıcılıqla məşğul olan bir şairin ilk kitabının belə gec nəşr olunmasının məlum səbəbləri var: maddi cəhət və…
Kitabının nəşrinə qədər Ramiz İsmayılın bir çox rayon qəzetlərində şeirləri, oçerkləri, hekayələri, tərcümələri çap olunub. “Azərbaycan qadını”, “Kirpi”, “Muxbir”, “Mingəçevir leysanı”(indi “Bənövşə”), “Ovqat”, “Yazarlar”, nəhayət, “Xəzan” jurnalı. Bu jurnal haqqında xüsusilə ətraflı söhbət açmağa dəyər. Beş ildən çoxdur ki, “Xəzan”nın baş redaktoru, həm də təsisçi Əli bəy Azəri ilə sıx əməkdaşlıq Ramiz İsmayılın fəaliyyətində xüsusi yer tutur. “Ədalət” qəzetində çoxlu sayda şeirləri, publisistik yazıları və bir neçə hekayəsi dərc olunub. İndi Ramiz İsmayılın üç almanaxda, iki antologiyada şeirləri, iki almanaxda hekayələri, bir almanaxda isə sənədli povesti dərc olunmuşdur. Qeyd etmək yerinə düşər ki, şairin elə bu qədər, bəlkə də daha çox qələm məhsulları əlyazma şəklində çapını gözləyir.
“Payızda xatırla məni” kitabından sonra Ramiz İsmayıl “Gözü yolda qalan var” sənədli povestini çap etdirmişdir. Bu povest birinci Qarabağ müharibəsi dövründə Xramorddakı Qriqorian kilsəsində bir həftəyə yaxın erməni “boevikləri” ilə təkbaşına vuruşan Natiq Səlim oğlu Qasımovun döyüş yolundan və həyatından bəhs edir. Bu povest haqqında kitabın redaktoru – uzun illər “Mingəçevir işıqları” və “Azərbaycan işıqları” qəzetində işləmiş Yusif Ələkbərov layiqli “Ön söz” yazmışdır. Tanınmış qələm sahibi Pərvanə Bayramqızı isə geniş təhlilli məqalə ilə povest haqqında yüksək fikirlər söyləmişdir. Məqalə “Ədalət” qəzetində çap olunmuşdur. Yeri gəlmişkən qeyd edim ki, “Gözü yolda qalan var” povesti “Xəzan” jurnalında ardıcıl olaraq beş nömrədə, eyni zamanda Əlibəy Azərin tərtib etdiyi “Povestlər toplusunda” dərc olunmuşdur.
Povestin kitab halında çapı isə Mingəçevir Poliqrafiya müəssisəsində həyata keçirilmiş və təmannasız olaraq oxuculara, kitabxanalara paylanmışdır.
Natiq Qasımovun qəhrəmanlığı barədə bir neçə qısa metrajlı film çəkilmiş, xarici jurnalistlər və kinomotoqrafçılar onun qəhrəmanlığını işıqlandırmışlar. Natiq haqqında bir çox yazılar dərc olunmuşdur. Lakin ən samballı və əhtəli əsər Ramiz İsmayılın “Gözü yolda qalan var” povestidir. Müəllif özü bu əsərini “Sənədli povest” adlandırmışdır. Lakin əsərin roman həcmli olduğunu cəsarətlə qeyd edə bilərik. Təəsüf ki, gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsi üçün mühüm rol oynaya biləcək bu əsəri müəllif təkrar çap üçün bir neçə yerə, o cümlədən Yazıçılar birliyinə müraciət etsə də istəyinə nail ola bilməyib. Qeyrətli Azərbaycan oğlunu Vətən yolunda rəşadətli döyüş yolu haqqında yazılan bu dəyərli əsəri təkrar çap etdirmək üçün qeyrətli də sponsora ehtiyac var.
Ramiz İsmayılın “Gədəbəyim, şan-şöhrətim” şeirlər kitabı doğulub boya-başa çatdığı el-obasına, yurd-yuvasına dərin məhəbbətinin məhsuludur. Kitabın titul vərəqində şairin bircə bənddən ibarət şeiri verilmişdir.
“Arxamca göz yaşı tökməyin,dağlar,
Sizdən ayrılana göz yaşı düşmür!
Nə bir qarış torpaq, nə bir damcı su,
Nə bir əl boyda başdaşı düşmür!”
Elə bircə bu bir bəndlik şeirdə müəllifin duyğularının nə qədər səmimi olduğuna inanmamaq mümkün deyil.
“Gədəbəyim, şan-şöhrətim” kitabının redaktoru və “Ön söz” müəllifi, fəlsəfə elmləri namizədi, dosent Rabil Novruzov Ramiz İsmayılın şeirləri barədə ürək sözlərini belə ifadə etmişdir:
“Doğma yurduna vurğunluq – bu şeirlərin əsas leytmotividir. Misradan-misraya, bənddən-bəndə, şeirdən-şeirə keçdikcə hiss edirsən ki, “Qara muradın Ramiz adlı balası” bütün gədəbəy torpağını qarış-qarış gəzib, onun hər guşəsinə incədən-incəyə bələddən. Ancaq bu azdır: o qarış-qarış gəzdiyi bu yerlərin vurğundur və bu vurğunluq onun … ehtiraza gətirir, qəlbində şeriə, musiqiyə çevrilir. Şair bu torpağı dərdlərə dərman bilir, qədrini bilənlər üçün, duyanlar üçün cənnət sanır. Ana Yurdum mənzələrinizi təbiətik özünün toxuduğu xalıya-xalçaya bənzədir. Bu yerlərin hər qarışının, daşının şeir olduğu təbiətin özünün insanı şairə çevirdiyini azır. Mənə elə gəlir ki, Gədəbəyi görməyənlər də bu şeirləri oxuyandan sonra onun təbiətinə, torpağına vurulurlar bu yerləri gəzib görmək istəyər.”
Göründüyü kimi hörmətli filosofumuz Rabil Novruzov Ramiz İsmayıl yaradıcılığına yaxından bələd olmuş, şeirlərə diqqətlə yanaşmış, təəsüratlarını səmimiyyətlə bölüşmüşdür.
Rabil müəllim yazır: “Bu şeirlər sadəcə şeir deyil, həm də Gədəbəyin etnoqrafiyasıdır. Onlardan bu yurdun insanlarının ruhu, təbiəti, xasiyyəti, zövqü, həyata baxışı, adət-ənənəsi,həyat tərzi barədə soraq alırsan.”
Açığını deyim ki, təbiət vurğunu olaraq mən də Rabil Novruzovun bu bənzətmələrindən, səmimi etirafından zövq aldım.
Ramiz İsmayılın “Gədəbəyim, şan-şöhrətim” kitabında ən müxtəlif mövzularda yazılmış şeirlərə rast gəlmək mümkündür. Həm də bu şeirlərdə dilimizin şəhdi-şəkəri, dadı-duzu, məzəsi, şirinliyi var. Gədəbəylilər sazı-sözü, təbiəti sevən insanlardır. Ramiz İsmayıl əbəs yerə demir:
“Nə var bu yerlətdə şair olmağa
Hər qarış torpağı, daşı şeirdir”.
Şair vətən sevgisini, doğma yurda, torpağa məhəbbətini belə təsvir edir:
Vətən torpağında kiçik daş olam
Tapıb zirvələrdə qoyalar məni.
Qartal kimi qanad çalam səmada
Qıy vuram, dinləyə qayalar məni.
… Ramizəm, tanrıdan budur muradım:
Daim təmiz olsun bir quru adım,
Qismət ola doğma Qaramuradın
Zümrüd sularında yuyalar məni!
Ramiz İsmayıl “Çobanla deyişmə” şeirində çox ibrətamiz bir mövzuya toxunub. Şifahi ədəbiyyatımızda çoban obrazı çox işlənib. Bir çoxlarının ironiya ilə çobanlar haqqında fikirləşdiklərinin əksinə olaraq çox vaxt çobanların müdrikliyi, ağılı və düşüncəsi barədə ümumilikdə xalqın rəyi çox maraqlıdır. Ən çətin şəraitdə məhz çobanlar çıxış yolu göstərmişlər. Bu baxımdan Ramiz İsmayılın da maraqlı yanaşması var. O, yazır:
Çoban qardaş, gəl dəyişək sən Allah
Qələm sənin olsun, çomaq ver mənə!
Gəl sənə təp-təzə panama verim
Qoyun dərisindən papaq ver mənə!
Beləliklə, şair çobana kəndi atıb şəhərə köçməyi, telinə “jele” sürtməyi, maqnitofonda roka-popa qulaq asmağı, “yevrotəmirli” evdə yaşamağı, dəmir qapılı, qəndilli mənzili hisli-çıraqlı komaya dəyişməyi təklif edir. Çoban görün nə cavab verir:
Çoban gülümsəyib dedi: – a şair,
Ya çoban ol, ya alim ol, ya şair,
Hərə öz yurdunda xoşbəxt yaşayır
Dumanlı çiskinli yaylaq ver mənə!
Çobanın bir bəndlik cavabı onun elinə-obasına, yurd-yuvasına məhəbbətini çox konkret ifadə etmişdir.
“Gədəbəyim, şan-şöhrətim” kitabında hər cür zövqə malik oxucular üçün poeziya nümunələri kifayət qədərdir.
Ramiz İsmayılın “Görülən çox işim qalıb” kitabı haqqında da bir neçə kəlmə demək istəyirəm. Bir bəndlik bu şeirə nəzər salaq:
Bir millətin üç vətəni
Qərqindən Allah saxlasın
Cənubi, Qərbi, Şimalı (Azərbaycan)
Şərqindən Allah saxlasın!
Bir milləti çoxvətənli, çoxdövlətli bir milləti rəmzi olaraq Cənuba, Qərbə, Şimala, silsilə ardıcıllığı ilə Şərqə ayırmaqda güclülərin məqsədi nədir? Dünəninin, bu gününün və gələcəyinin prizmasından dünyaya baxmağı bacarmayan sənətkara beynəlmiləlçi damğası vurub, onun sənətini bayraq eləməklə o sənətkarı uzunömürlü etmək olmaz. Dünyaya meydan oxuyan, yerlə göylə əlləşən olsan belə sonda ömür-günün öləziyən çağında kökünə, yurd-yuvana bağlı xatirələr çəkəcək səni:
Dəryaz alıb biçənəyi biçdiyim,
Daş üstündən yağış suyu içdiyim,
Sel gələndə coşan çayı keçdiyim,
O günləri xatırlayıb kövrəldim!
Ramiz İsmayılın vətən sevgisi haqqında nə qədər desən danışmaq olar. Mən burda şairin uzaqgörənliyindən bir sitat gətirmək istəyirəm.
Nə boyun əymə yada,
Nə “boyun əti” olma!
Nə məzlum ol, nə yazıq,
Nə aciz, müti olma!
ATƏT-ə ümid olma!
Millətim, qəti olma!
Bu misralar şairiin 2011-ci ildə nəşr olunan kitabındandır. Daha bir bəndə nəzər salaq:
Vətəni daş qorumaz
Hər vətəndaş qoruyar,
Bədəni leş qorumaz
Bədəni baş qoruyar.
Vətən ana-bacıdır
Oğul-qardaş qoruyar.
Necə dəqiq, necə hədəfə tuş.
Bu misralar da “Dünya bizə inanmır” şeirindəndir.
Baş açmıram doğrusu,
Anlamıram nə işdi,-
Dünya bizə inanmır.
“Beynəlmiləl” oxuduq,
Əqidəmiz dəyişdi, –
Dünya bizə inanmır!
Otuz il ATƏT Azərbaycana, Ermənistana “qastrola” gəldi, getdi, hər dəfə yalan vədlər, hər dəfə siyasi oyunbazlıq. Nəticə etibarı ilə əllaməçilik. 44 günlük müharibədə tarixi qələbəmizdən sonra da ermənipərəst qüvvələr yenə də min bir bəhanə ilə sülhə mane olurlar. Qəribəsi budur ki, məğlub ölkəyə bir sülh təklif edirik. Dağıdılmış şəhərlər, kəndlər, mina basdırılmış min hektarlarla ərazilər, daşınmış sərvətlər, talanmış evlər-eşiklər, tarixi abidələr, mədəniyyət ocaqları, islami dəyərlərin məhv edilməsi və başqa vandalizm əlamətləri göz qabağında ola-ola erməni havadarları yenə həqiqqəti etiraf etmək istəmirlər.
“Qaçqın şəhərciyində
Milyon qaçqın yaşayır
Dünya bizə inanmır.”
Ramiz İsmayılın Qarabağ münaqişəsi (əslində müharibə) ilə bağlı çox şeiri vardır. Hamısı barədə müfəssəl danışmağa imkan yoxdur. Ona görə də deyilənlərlə kifayətlənirik.
Əvvəlcədən qeyd etdiyim kimi Ramiz İsmayıl ömrünün qırx ildən çoxunu Mingəçevirdə yaşayıb şəhərin ictimai həyatında özünəməxsus fəaliyyəti olub. Burada ailə qurub, ev-eşik sahibi olub. Bu şəhəri o özünün ikinci vətəni, yurdu hesab edir. Ailə vəziyyəti ilə əlaqədar olaraq 2012-ci ildə Bakıya köçmüşdür. Təsadüfi deyildir o, şeirlərinin birində yazırdı:
“İki yurdum, iki elim var idi,
Biri Mingəçevir, biri Gədəbəy.”
Bu şeiri yazanda şair artıq Bilgəh qəsəbəsində yaşayırdı. Ramiz İsmayıl Mingəçevirdə yaşadığı illərini ömrünün “qızıl dövrü” adlandırır. Mingəçeviri vəsf eləyən çoxlu şeirləri və “Bozdağın ülkər şəhəri” adlı poeması vardır. Mingəçevirə məhəbbətinin təzahürüdür ki, növbəti kitabını “bir şair ayrılır Mingəçevirdən” adlandırıb.
“Hökmünə qul olub Tanrı əmrinin
Bir şair ayrılır Mingəçevirdən.
Qırx ilini burda qoyub ömrünün
Bir şair ayrılır Mingəçevirdən.”
Bu ayrılıq taledirmi, qismətdirmi ? Məcburiyyətdirmi, alın yazısıdırmı? Hər nədirsə həqiqətdir. Hal-hazırda Ramiz İsmayıl Xırdalan şəhərində məskunlaşıb. Yurddan-yurda köçmək hansı zərurətdən yaranıb?
“Unuda bilmirəm Mingəçeviri,
Orada doğma bir məkanım qalıbdır.
Mənim Məkkəm imiş, Mədinəm imiş,
Qibləm, pirim, din-imanım qalıbdır.”
Bu ayrılıq, bu nisgil Ramizin qəlbini daha da kövrəldir.
“Əziz Mingəçevir, a doğma şəhər
Gəlin halallaşaq mən gedər oldum,
Tutmamış hönkürtü, boğmamış qəhər
Gəlin halallaşaq mən gedər oldum.”
Ayrılığın kulminasiya nöqtəsinə baxın:
Doğma anam kimi duyanım şəhər,
Dar gündə simsarım, həyanım şəhər
Gəlin halallaşaq mən gedər oldum.
Ramiz xilaf çıxmaz öz adətinə,
Diz çöküb əyilər ibadətinə
Qayıdıb gələcək ziyarətinə
Gəlin halallaşaq mən gedər oldum.
Gədəbəydə doğulub boya-başa çatıb, ömrünün ən gözəl çağlarını Mingəçevirdə yaşayıb, qısa müddət Bilgəhdə, indi isə Xırdalanda yaşayan şair hələ də sakitlik tapa bilmir və duyğularını belə izah edir:
Səndən ötrü ürəyimin
Başı göynəyər, köhnə yurd
Gözlərimin qurumayan
Yaşı göynəyər, köhnə yurd.
… Ramizin də ömrü bitər,
Dədi yoxdur bundan betər
Qürbət eldə qəbri itər,
Nəşi göynəyər, köhnə yurd!
Keşməkeşli həyat yolu keçən Ramiz İsmayıl çətinliklər qarşısında sarsılmayıb. Ən ağır günlərində qələmə pənahlanıb, könül duyğularını da, ağrılarını da, sevinclərini də şeirin, poeziyanın qüdrəti ilə ifadə edib. Yaxından tanıdığım, insanlığına, ləyaqətinə, mədəniyyətinə, bir sözlə, bütün insani keyfiyyətlərinə bələd olduğum şairin təvazökarlığını xüsusilə qeyd etmək istəyirəm. Əlli ildən çox yaradıcılıqla məşğul olan, kifayət qədər ədəbi məhsulu olan Ramiz İsmayıl heç vaxt sinəsinə döyüb “şairəm” deyib lovğalanmayıb. Onun otuz hekayəsi və bir povesti “Sonuncu görüş” kitabında çap olunmuşdur. Hələ çap olunmamış onlarla hekayəsi, povestləri, dram əsəri var. Necə deyərlər: Ramiz İsmayıl yetmiş beş ilini mənalı yaşayıb və “papağı günə yandırmayıb”.
Ən əsası isə yazmaq xatirinə yazıb kəmiyyət ardınca qaçmayıb. Duyğularını oynadan, düşündürən mövzulara məsuliyyətlə yanaşıb. Oxucuların əsəbi ilə oynamağı özünə rəva bilməyib. Yaradıcılığa şöhrət xatirinə yanaşmadığına görədir ki, tanınmış qələm sahibləri Ramiz İsmayılın şeirlərinə yüksək qiymət vermişlər. AYB Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə, “Ədalət” qəzetinin baş redaktorunun birinci müavini Əbülfət Mədətoğlu və başqaları onun yaradıcılığından bəhs edən yazılarla mətbuat səhifələrində yüksək fikirlər söyləmişlər. Əbülfət Mədətoğlu “Bir şair ayrılır Mingəçevirdən” və “Bəsimizdi ay işığı” kitabları haqqında “Ədalət” qəzetində xoş sözlər yazmışdır.
Ramiz İsmayılın “Xəzan” jurnalı ilə əməkdaşlığı barədə xüsusi danışmaq lazımdır. Beş ildən çoxdur ki, Əli bəy Azəri ilə birlikdə “Xəzan” jurnalının ərsəyə gəlməsində öz xidmətini əsirgəməmişdir.
Ramiz İsmayılın “Bəsimizdi ay işığı” kitabında yazdığı bir fikir diqqətimi cəlb elədi:
“Ədəbiyyata,ədəbi yaradıcılığa məhəbbətim nə qədər güclü olsa da tale məni əks qütbə tulladı, mən mühəndis oldum. Qələmim həm çertyoj cızdı, həm də şeir yazdı. Bir qələmim maddi ehtiyacımı, bir qələmim mənəvi ehtiyacımı təmin edirdi. Mühəndislər arasında öz yerim oldu. Hansı sahədə işlədimsə sayılan mühəndis kimi tanındım.”
Mən isə cəsarətlə deyirəm: Ramiz İsmayıl şairlər arasında da sayılan şairdir.
İndiki zəmanəmizdə “Avropaya inteqrasiya” adı altnda modernist, postmodernist və s. şeir formaları gənclər arasında geniş yayılmışdır. Bu səbəbdən klassik, ənənəvi üslubda yazanlara münasibət dəyişmişdir. Ömrünün ahıl yaşına çatan şairlərimiz isə ənənəni qorumağa çalışmaqla zəngin ədəbi irsimizi, şifahi xalq ədəbiyyatını qorumağa çalışırlar. Kökə, ənənəyə bağlılıq yaşlı nəslin böyük əksəriyyətində qorunub saxlanılır. O cümlədən Ramiz İsmayıl yaradıcılığında aşkar görünür. Son zamanlar çox az-az rast gəlinən aşıq deyişmələri, bağlamalar, qıfılbəndlər və s. şeir növlərinə Ramiz İsmayılın yanaşması mənə maraqlı göründü. O, qocaman şair Budaq Təhməzlə birlikdə bir neçə qıfılbənd yazmışdır. Bir nümunəuə diqqət yetirək:
-Budaq Təhməz, icazə ver soruşum
Hansı günah yuyulmaz ki, yuyulmaz.
O nə dərddir ürəklərdə yurd salar
Ha qovasan, qovulmaz ki, qovulmaz.
Budaq Təhməzin cavabı:
-Ramiz qağa, yaxşı sual veribsən
Zinalıqdı, yuyulmaz ki, yuyulmaz!
O fikirdi, ürəklərdə yurd salar
Ha qovasan, qovulmaz ki, qovulmaz!
Daha bir nümunə:
O nədir toxumu, dəni əkilmir,
Başını kəsirsən, qanı tökülmür,
O nədir ki, beli sınır, bükülmür
Dizləri qatlanıb qatbaqat olur?
Budaq Təhməzin cavabı:
Göbələkdir, yerə dəni əkilmir
Başını kəsirsən qanı tökülmür,
Çəyirtkədir beli sınır, bükülmür
Dizləri qatlanıb qatbaqat olur.
Onların bir neçə belə deyişmələri- qıfılbəndləri var ki, şairlərin folklorumuza, ənənəyə bağlı olduqlarını sevindirici hal kimi qiymətləndirmək olar.
Yazımın sonunda Ramiz İsmayılın bugünkü həyatı, yaşam tərzi barədə bir neçə kəlmə diqqətinizə çatdırıb, söhbətimi yekunlaşdırmaq istəyirəm. Şair bu gün də bir əlində “külüng”, bir əlində qələm gənclik illərində olduğu kimi əsl həyat, yaşam mücadiləsi veririr. Təkrar olsa da (bir neçə yazımı təxmini belə sonlandırmışam) yenə digər böyük sənətkarımız Cabir Novruzdan sitat gətirməyi özümə borc bilirəm:
Sağlığında qiymət verin insanlara, Yaxşılara sağ olanda yaxşı deyin, Sağlığında yaman deyin yamanlara…
1 fevral dəyərli söz adamı, el sənətkarı Ramiz İsmayılın növbəti doğum gündür. Şairin 75 yaşı tamam olur. Yubiley münasibəti ilə onu təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram! Yaradan yardımçınız olsun, Ramiz müəllim!
Mən, İsmayılov Ramiz Məmməd oğlu fevral 1948 ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anandan olub.
Atam, Məmmədov Məməd İsmayıl oğlu 1925 ci ildə Gədəbəy rayounun Kiçik Qaramurad kəndində anadan olub. Ali təhsili müəllim idi. 2013- cü ildə vəfat etmişdir.
Anam, Məmmədova Zəhra Məhər qızı 1930 cu ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub, uzun müddət kolxozda işləyib. Hazırda təqaüdçüdür.
Özüm 1954 – cü ildə Kiçik Qaramurad kənd orta məktəbində I sinifə daxil olub 1965 ci ildə XI sinfi bitirmişəm. 1966 – cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnustutuna qəbul olub 1972 ci ildə oranı bitirmişəm. 1973 –74 cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşam.
1969- cu ildən Mingəçevir şəhərində yaşayıram. Yol-maşınları, Təcrübü-Eksprimental zavodlarında … və su elektrik stansiyalarında müxtəlif vəzifələrdə işləmişəm. 2010 – cu ildən əmək pensiyasına çıxmışam. Ailə vəziyyətimlə əlaqədər olaraq hal-hazırda Xırdalan şəhərində məskunlaşmışam. İki övladım və dörd nəvəm var.
Nəşr olunan kitablar haqqında qısa məlumat (qəzet və jurnallar birlikdə)
Payızda xatırla məni (şeirlər)
Gözü yolda var. Bu povest Qarabağ döyüşlərində igidliklə vuruşmuş, yeddi yeddi gecə Qriqorian kilsəsində erməilərə tək başına döüşmüş Natiq Səlim oğlu Qasımov haqqındadır. Natiq Qasımov təslim olması üçün ermənilər 22 nəfər Xocalı sakinini əsirlikdən azad etmişdilər. (sənədli povest)
1. Göyyurd nədən Göyyurd bu təxəllüs sizə nə verdi…
Göyyurd mənim doğulub boya-başa çatdığım Gədəbəy rayonunda bir yaylağın adıdı Biz hər yay o yaylağa köçərdik Ona görə də bu yaylağın adını özümə təxəllüs götürdümBu təxəllüslə ədəbi aləmdə tanındım Yeddi ədəd şeir kitabının müəllifiyəm ,,Mübarizi olan millət “adlı şerim rus bölməsi üçün nəzərdə tutulan 8 -ci sinif Azərbaycan dili dərsliyində tədris olunur.
2. Ən gözəl şeiriniz hansıdır Oxucularnız sizi hansı şeirlə daha çox tanıyırlar?
Bu mənim üçün çətin sual oldu Şeir şair üçün övlad kimidi seçim etmək olmur Mən bütün şeirlərimi ürəyimin diktəsiylə yazdığımdan hamısı mənim üçün əzizdi Qaldı ki , oxuculara onu deyə bilmərəm .
3. Ədəbiyyat sizə nə verdi nə qazandınız qazandığınızdan itirdikləriniz çox oldu…yoxsa
Ədəbiyyat indiki dövrdə sözün əsl mənasında maddi cəhətdən qazanc mənbəyi deyil , amma mənəvi cəhətdən çox şey qazandırdı Ürəyimin ən mərhəm hisslərini oxucularımla bölüşə bildim Yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində az da olsa mənim də rolum var deyə bilərəm Vətən müharibəsində qəhrəmanlıq göstərən oğullarımız orta məktəbdə dərs kimi mənim də şerimi oxuyub öyrəniblər Yəqin ki , müəyyən qədər təsiri olub.
4. İşıq üzü görmüş kitablarınızdan hansı sizə daha çox doğmadır…Şair üçün hamısı doğmadır amma içlərində biri olmalı sizə daha çox doğma olan.
Sonuncu kitabım .,Dövlətim var ,ordum var “Bakı , ,,Nərgiz “nəşriyyatı ,2020. 352səh .bu kitabımı dövlətimizin , millətimizin ,ordumuzun qələbələrinə həsr etmişəm . Burada toplanan bütün şeirlər vətənə , millətə ,ordumuza yazılan şeirlərdir .Müharibənin ilk günlərindən nəşriyyata təqdim etdim və nəhayət 01.11.2020.çapa imzalandı .Vətən müharibəsində qələbəmizin elan olunmasından bir neçə gün sonra kitabım çapdan çıxdı.
5. Çox gözəl hansı nəşiryyatlar sizi qane edir bir nəşiryyatla işləyəsiniz həmin nəşiryyatın işlərini bəyənmisiniz….
Kitablarım ,,Şur”, ,,Elm və təhsil “və ,,Nərgiz “nəşriyyatlarında çap olunub. Bu nəşriyyatların hər birindən özümə sağı və ehtiram görmüşəm və hər birinə təşəkkür edirəm . sayğı
6. Kitabın qalınlığına önəm vermisiniz yoxsa sözə dəyərniz sevginiz daha çox olub….
Kitabın qalınlığı sözü qiymətdən salmır Zəif şeir elə nazik kitabda da zəifdir Yaxşı şeir də həmçinin.
7. Öldalarınız Atalarını oxuyurmu olubmu desin sizə şeirlərini bəyənmirəm Ata zövqümə uyğun deyil…
Bəli ,oxuyurlar , kiçik oğlum Ömər 11 yaşı var şeirə daha çox maraq göstərir .Şeir ruh məsələsidi ,ona görə də hər kəsin bəyənməyi mümkün deyil .Şeirlərimin hamısı bəyənilmir ,amma mən buna təbii baxıram .
8. 11 yaşlı ömər özü nəsə yazıbmı Atasına baxsın həvəslənsin yazdığını sizə göstərsin…belə bir şey olubmu?
Yazmaq istəyib ,amma alınmayıb Bəlkə gələcəkdə yazar .
9. Kimləri bəyənirsiniz kimləri oxuyursunuz sevdiyiniz hər hansı bir əsər varmı??
Yaxşı şeirləri məmnuniyyətlə oxuyuram kimin yazmasından aslı olmayaraq Klassiklərimizdən üzü bəri çox böyük şairlərimiz var Azərbaycan ədəbiyyatı dünyanın ən zəngin ədəbiyyatıdır Bu ədəbiyyat bu gün də yaranır və zənginləşir Bu gün kü ədəbiyyata gələcək nəsillər daha doğru qiymət verəcək .
10. Yeni kitab düşünürsünüzmü…
8-ci şeir kitabımın şeirləri hazırdır .2015 -ci ildən bəri vətənpərvərlik mövzusundan əlavə yazdığım bütün şeirlər kitab kimi çap olunmayıb. İnşallah ,imkan olanda çapa təqdim edəcəm.
11. Nə demək istərdiniz oxucularınıza hansı şeiri paylaşardınız bizimlə…