Şahnaz Şahinin əfsanəvi kəşfiyyatçı Elxan Hüseynovun əziz xatirəsinə ithaf olunmuş “Azərbaycan Əsgəri” adlı kitabı işıq üzü görüb. Kitab “Yazarlar” jurnalının 26 iyun Ordu Günü münasibəti ilə xüsusi buraxılışı formasında nəşr olunub. Şahnaz Şahin bu kitaba görə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına layiq görülüb. Təbrik edirik, Şahnaz xanım! Allah bütün şəhidlərimizə rəhmət eləsin…
Şahnaz xanım bu gün həmdə bir həkim kimi öz peşə bayramını qeyd edir. Uğurlarınız bol olsun, Şahnaz xanım!!!
Azərbaycan tarixində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. İlk səhiyyə naziri Xudat bəy Rəfibəyli oldu.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.
Bu gün münasibəti ilə bütün həkimlərizi təbrik edir, əynində ağ xələt, əlində qələm hər iki cəbhədə şərəflə xalqına xidmət edən həkim-şair Nuranə Rafailqızından bir neçə şeir təqdim edirik:
Nuranə Rafailqızı haqqında qısa məlumat
Fazilova (Rəhimova) Nuranə Rafail qızı 1981-ci ildə Göyçay rayonunda dünyaya göz acmışdır. Orta məktəbi burda bitirdikdən sonra , Odlar Yurdu Universitetinin “müalicə işi” fakültəsinə qəbul olmuşdur.2007-ci ildən ixtisası üzrə Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır.
Ədəbi fəaliyyətə hələ uşaq yaşlarından başlayaraq, tez-tez rayon və məktəb tədbirlərində öz şeirləri ilə çıxış etmişdir. Şeirləri mütəmadi olaraq Nuranə Rafailqızı təxəllüslüyə “Milliyyət” qəzeti, “Herba-flora” jurnallarında işıq üzü görmüşdür. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır.2018-ci ildə Göyçay rayonunda təşkil olunmuş “Beynəlxalq Nar Festivalında” nara həsr olunmuş şeir müsbiqəsində “Göyçayın narı” şeiri ilə iştirak etmiş, 3-cü yerlə mükafatlandırılmışdır. 2021 -ci ildə çapa hazırlanmış ”Həkimlərin söz dünyası” kitabında 10 şeiri ilə həmkarları arasında yer almışdır. 2021-ci ildə “Gəlirik Qarabağ” poeziya antologiyası kitabında 13şeir və “Kimlərə qaldı dünya” – Nizami Gəncəvi – 880 antologiyasında 15 şeiri dərc ovunmuşdur.
15.04.2021 tarixində Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” media mükafatı laureatı olmuşdur.