Kitabımın çapdan çıxmasını Mərkəzi kitabxanada işləyən şair həmkarım Ələskər Cəfər verdi. Bakıya yola düşdüm. İnanmırdım, mənə elə gəlirdi, yenə də aldadacaqlar. Gedib soruşacaqdım, deyəcəkdilər, nə kitab, nə filan, yox belə şey. Nəşriyyata getdim, məlum oldu, yalan deyilmiş kitab çapdan çıxıbmış! Nəsr şöbəsinin Elçin (bu Elçin sonralar ovcumdakı cizgilərə baxıb mənim heç vaxt yazıçı olmayacağımı deyəcəkdi. Mən adının Elçin olduğunu bilirdim, amma Şahbaz Xuduoğlu Eldar olduğunu dedi) adlı əməkdaşı dedi, çıxıb, ancaq bizə siqnal nüsxəsini verməyiblər. Get “Qızıl Şərq” mətbəəsinə, direktor qadındır, otağı ikinci mərtəbədədir, ona hörmət elərsən, iki-üç nüsxə verər.
Çəkinə-çəkinə soruşdum: – Nə qədər? – İyirmi beş manat! – Elçin gözünü qırpmadan dedi. Sevincimdən qanadlanıb uçurdum, həyəcandan az qala ürəyim yerindən çıxacaqdı, tezliklə kitabımı görəcəkdim! Qalxacaqdım ikinci mərtəbəyə, iyirmi beş manatla vidalaşacaqdım, – az pul deyildi, amma heyfislənmirdim, cibimdəki bütün pulları verərdim, təki tezliklə kitabımı görüm, – qadın da kitabımdan iki-üç nüsxə verəcəkdi. Yəqin təbrik də eləyəcəkdi. Sonuncu ritual olmasaydı da olardı, vacib deyildi, təki kitabımı versin. Mətbəəyə doğru uçanda belə düşünürdüm. Gəldim mətbəəyə, qalxdım ikinci mərtəbəyə. Səsindən metal soyuqluğu yağan qadın yox, deyib durdu, haçan satışa verərik, onda alarsan, bura mətbəədir, kitab mağazası yox! Mənim dəlillərimi, – illərlə bu kitabın həsrəti ilə yaşadığımı, uzaq yolu gedib gəlməyin çətin olduğunu eşitmək belə istəmədi. Hörmət eləmək təşəbbüsündə bulunmağım, yəni iyirmi beş manatla vidalaşmağa hazır olduğumu bəyan eləməyim vəziyyəti dəyişmədi, əksinə, işi tamam korladı. Qadın məni rüşvət verməkdə ittiham elədi. Dərhal otaqdan çıxmaramsa, milis çağıracağını dedi. Suyum süzülə-süzülə çıxdım otaqdan, əsəblərə işləyən bu səsdən qaçıb qurtarmaq istəyirdim. Qadın ikicə dəqiqənin içində həyatı, yaşamağı gözümdən salmışdı. Müəllifin ilk kitabını istəməsi qəbahət idimi? Bunca ümidlə yanına gələn müəllifə ilk kitabından heç olmaya bircə nüsxə verəndə nə ollacaqdı? Məni ən çox ağrıdan buydu, qadın başqalarının sevinməsini istəmirdi. Ona həzz verən ümidlə, arzuyla yanına gələnlərə əzab vermək idi. Başqalarının kədərlənməsindən, əzab çəkməsindən həzz alırdı.
Martin soruşur: “Yenədəmi səni əzişdirdilər?” “Yox, – deyirəm, – bu dəfə qəlbimə girdilər, tapdaladılar!” Çölə çıxanda qapıçı halımı hiss elədi. – Sənə nə olub? – soruşdu. – Heç, – dedim. Qapıçı əl çəkmədi: – Kitabını istədin, vermədi? – Hə, – köks ötürüb dedim. – Nə qədər verirdin ona? – İyirmi beş manat. – Nə təər adamlarsız! Kitabdan ötrü kimin yanına gedirsən?! On manat ver bura! On manat verirəm və onca dəqiqədən sonra qapıçı “Bahar küləkləri” adlı kitabımdan dörd nüsxə gətirib verdi. Bu mənim kitabım idi! On illərlə qarşıma kötük diyirlədənlər, əjdaha kimi yolu kəsib yol verməyənlər heç nəyə nail ola bilmədilər. Mən çap olundum, yazılarım işıq üzü gördü! Mətbəədən vağzala qədər piyada getdim və yolda azından on dəfə dayandım, portfeldən kitabı çıxardır, baxır, təzədən yoluma davam eləyirdim. 35 qəpiyə olan bu kitab yeddi min tirajla buraxılmışdı. Ön tərəfindəki üz qapağında kitabın adı, o cümlədən müəllifin, yəni mənim adım, arxa qapağında isə foto şəklim var idi. Çox da sevinə bilmədim. Vilayət Quliyev “Ədəbiyyat və incəsənət” qəzetində “Müəllifin ilk kitabı” seriyasından çap olunan kitablar haqda yazdğı yazıda demək olar hamını tərifləmiş, təkcə “Bahar küləkləri”ni tənqid eləmişdi. XXI əsrin astanasında oxuculara yumruq davası, göz yaşları, ekzotik koma və sair təqdim eləyən müəllifə layiqincə divan tutmuşdu. O vaxtlar belə bir tənqid əyalətdə yaşayan gənc müəllifin üzünə qapıları bağlamaq üçün kifayət idi. Yolumu kəsən əjdahalara da əsas vermişdi.
Bir gün balaca bir qəsəbəyə varlı bir turist gəlir. Turist bir neçə günlük gecələmək üçün, bir otelə gedir. Öncədən icarə üçün 100 dollar otelin sahibinə ödəyib, yuxarı mərtəbəyə — otaqlara baxmaq üçün qalxır. Otelin sahibi 1 dəqiqə belə gözləmədən pulu götürüb, qaçaraq ət dükanına gedib borcunu ödəyir.
Qəssab pulu götürüb sevinərək fermerin yanına, bir neçə gün əvvəl borca aldığı inəyin pulunu ödəməyə gedir. Fermer pulu götürüb avtomobil dəzgahxanasına gedib öz borcunu ödəyir. Dəzgahxananın sahibi pulu götürüb bir neçə gün əvvəl mağazadan etdiyi alış-verişin pulunu ödəyir.
Mağazanın sahibi pulu götürüb neçə gündür gecikdirdiyi işçisinin maaşını ödəyir. İşçi xanım pulu götrüb qaçaraq hotelin sahibinin yanına gedib, ona olan borcunu ödəyir.
Bu zaman turist otel sahibinin yanına enir və bildirir ki, yuxarda onun üçün münasib otaq yoxdu. Turist icarə üçün qoyduğu pulu geri götürür və oranı tərk edir.
Heç kim heç nə qazanmadı, amma qəsəbə sakinlərinin artıq bir-birlərinə borcu yoxdu və onlar gələcəyə ümidlə baxırlar.
Aptekdə olanda Arizə məsləhət gördülər ki, boranı tumu onun xəstəliyinin ən yaşı dərmanı ola bilər. O, həkim yazan həbləri alıb aptekdən çıxdı.
İndi binanın həyətində əyləşmişdilər. Sakinlər öz təşəbbüsləri ilə binanın qarşısında park salmışdılar. Necə il əvvəl buralarda yır-yığış etmiş, ağaclar, güllər əkmişdilər. Bir neçə “Besedka” da düzəltmişdilər. Rayon bələdiyyəsinə müraciət etmişdilər. Onlar da dəstək durub abadlıq işləri görmüş, uşaqlar üçün yellənçək də quraşdırmışdılar. Əlqərəz, daş-kəsəkli yer dönüb olmuşdu park. Parka asfalt da döşənmişdi. Qonşu binaların sakinləri də gəlib bu parkda gəzişir, dincəlir, təmiz hava alırdılar.
Əyləşib söhbət edirdilər. Əlibala da gəlib onlara qoşuldu. Əlibala qonşu idi. Anası, bacısı ilə bu binada yaşayırdı. Elmlər Akademiyasının yaxınlığındakı binaların birində atadanqalma bir mənzilləri vardı. Bina plana düşdüyündən, sökülüb yenidən tikiləndən sonra təzə tikilidə mənzil almış, oraya köçmüşdülər. Buradakı mənzili isə kirayəyə vermişdilər. Əlibala arada yolunu buradan salır, qonşularla qaynayıb-qarışır, parkda oturub söhbət edir, çay içirdi. Ay tamam olanda da gəlib kirayə haqqını alırdı.
Əlibala qonşularla salamlaşıb hal-əhval tutdu. Ariz fikir verib gördü ki, o, boranı tumu çırtlayır. Tez üzünü ona tutdu:
-Əli, boranı tumunu haradan alırsan?
Əlibala elə bildi ki, Ariz ona söz atır, sataşır, burada, onların yanında tum çırtlamasını ona irad tutur. Odur ki, əlini saxladı. Çırtlamadı.
Əlibalanın dinmədiyini görən Ariz bir də dilləndi:
-Əli, deyəsən eşitmədin.
Əlibala pərt olmuşdu. qonşuların yanında Arizin onu dolaması kefinə soğan doğramışdı. Ağzını doldurmuşdu ki, onun cavabını versin, Ariz onu qabaqladı. Ciddi:
-Boranı tumu mənə də lazımdır. Aptekçi məsləhət gördü. Xəstəliyimə görə. Bayaq bir yerdə gördüm, nə isə xoşuma gəlmədi. Yaxşı qovurulmamışdı.
Arizin həqiqətən boranı tumu lazım olduğunu, onu doğrudan dolamadığını başa düşən Əlibalanın eyni açıldı:
-Bizim qonşuluqda, anam-bacım olsun, bir qadın var. Ondan alıram.
Ariz:
-Pul versəm, mənimçin də alarsan? – deyə xəbər aldı.
Əlibalanın dayanıb baxdığını görüb:
-Qulluq olmasın. Xahişdir.
Əlibala:
-Alaram, niyə almıram?! – dedi.
Arız çıxarıb ona 10 manat pul verdi:
-Elə 10 manatlıq olsun.
Əlibala pulu alıb:
-Problem yoxdur, – dedi. -Sabah çatdıraram
Bir müddət keçdi. Ariz Əlibalanın aldığı boranı tumunu çırtlayıb qurtarmışdı. Gözləri yolda idi ki, bir də gördü, budur, Əlibala gəlir. Elə həyətdəcə onun qabağını kəsdi. Əl verib səmimi görüşdü:
-Ay qardaş, harada qalmısan? Boranı tumum qurtarıb, qalmışam belə: baxa-baxa. Allah köməyin olsun, mənim də köməyimə çatır.
Ariz 50 manatlığı ona uzatdı:
-Al bu pulu, yenə qardaşın üçün 10 manatlıq boranı tumu al. Bax, yenə deyirəm. Buyruq deyil ha. Dost xahişidir.
-Yox, gözləyə bilmərəm. Tələsirəm. Eybi yox, alaram, gətirəndə pulunu verərsən, – deyib yola düzəldi.
Ariz əlində 50 manatlıq baxa-baxa qaldı.
İki gün sonra Əlibala göründü. Ariz incik:
-Məni tumsuz qoydun. Xırdan olmadı, pul xırdalamağımı da gözləmədin.
Əlibala heç nə olmayıbmış kimi:
-Eybi yox, pulunu ver, alıb uzağı sabah çatdıraram sənə.
Ariz nə vaxtdan ayırıb pencəyinin döş cibinə qoyduğu şax onluğu ona uzatdı.
Əlibala pulu alıb əlini plaşının yan cibinə atdı. Çıxarıb boranı olan bükülünü ona verdi, sonra dönüb getdi.
Ariz onun dalınca baxa-baxa: “Mən bu Əlibalanı sadəlövh, bir az avamtəhər, tez inanan bir adam kimi tanıyırdım, – dedi. -O səfər əslində cibimdə xırda pul, onluq da vardı. Fikirləşdim ki, görüm Əlibalanı hərifləyə bilərəm. Demə, bu dostum qazdan ayıq imiş. Pulunu almamış boranı tumunu mənə vermədi. Alaram adı ilə pulu alıb, sonra verdi tumu. Gör ha. Fikirləşib ki, birdən tumu mənə verər, pulunu ala bilməz. Bu da ona sərf eləmir axı. Oyunun olsun, Əlibala, sən demə, sən məndən də tədbirli imişsən. Afərin sənə”.
Hər gün səhər olduğu kimi bu gün də Günəş öncə başını azca çıxardaraq ətrafı oğrun nəzərlərlə süzdükdən sonra bütün möhtəşəmliyi ilə cahanı aydınladıb nura qərq etmək üçün səmanın fövqünə qalxmaqda idi. Yay boyu mütəmadi olaraq hər gün ən uzağı saat altıda oyanır, öncə Günəşin doğmasını seyr edir, sonra elmi işi yazmaq üçün eyvandakı masamın arxasında əyləşirəm. Uzun müddətdir, tək yaşayıram. Səbəbi insanlardan qaçmağımdır. İki il davam edən uğursuz ailə həyatından sonra özümü toplamağım üçün çox uzun zaman lazım olmuşdu. İndi o hissləri yenidən yaşamağa da qorxuram, düzü. Övladım da yoxdur. Buna kədərləndiyimi desəm, yalan olar. Hərdən düşünürəm ki, xoşbəxt uşaqlıq dövrü bəxş edə bilməyəcəyin övladı dünyaya gətirib onu da bu həyatın dərd-sərinə ortaq eləmək hansı xudbinliyin əlamətidi? Tək qalmaq qorxusununmu? Yoxsa “hər kəsdə var, məndə də olsun” düşüncəsininmi? Ya da, bəlkə, Tanrının qadınlara bəxş etdiyi ana olmağa həvəs instinktininmi? Bunun səbəbləri haqqında çox düşünmüşdüm boş vaxtlarımda. Yaxşı ki, indi beynimi elmi işdən başqa nəyəsə məşğul eləməyə vaxtım qalmır. “Təklik zirvədəkilərə məxsusdur” – deyib arada özümə naftalin ətri gələn köhnəlmiş zarafatlar eləməkdən də qalmıram. Tez-tez mənə elə gəlir ki, şəhər bom-boşdur. Burada uzun zamandır heç kim yaşamır. Bəlkə də, mövcuddurlar, amma yaşamırlar. Ola bilsin ki, Diogen də ona görə insanlardan qaçıb təkliyi və bir çəlləkdə yaşamağı üstün tutmuşdu. Çəllək ha! Özümə gülməyim gəlir. Görürsünüz də, adam uzun müddət tək qalanda belə fəlsəfi fikirlər istehsal eləməyə başlayır. Çəllək! Yox bir! Olmaya sən də özünü Diogen sayıb evinin bu tək eyvanını da çəllək hesab edirsən? Bax beləcə, tez-tez özümlə mənasız zarafatlar edib gülürük. Bəlkə də, dəli olmuşuq. Nə isə!
Səhər saat altıdır. Şəhər hələ yatır. Bir azdan Günəşin qalxması ilə bərabər isti adamları təngnəfəs etməsinə baxmayaraq küçədə maşın və adamların izdihamı başlayacaq. İndi isə səhərin erkən çağı olduğu üçün küçədə çox az, demək olar ki, bir neçə adam gözə dəyir. Beş-altı yaşlarında bir qız anasının əlindən tutub onun addımlarını balaca ayaqlarına uyğunlaşdırmaq üçün yeyin hərəkətlərlə getməkdədir. Qəfildən anasının əlini buraxıb Günəşə tərəf baxdı.
-Salam, Günəş, -deyərək üzündə şən gülümsəmə ilə onu salamladı.
Anası hövsələsiz halda:
-Tez gəl, gecikirik, -deyə onu çağırdı.
Qız Günəşə əl edib becid hərəkətlə qabaqda gedən anasına çatıb onun əlindən tutdu.
Uşağın davranışı mənə həm məzəli göründü, bir qədər də düşündürdü. Hərgah yay fəsli başlayandan hər gün lap erkən çağlarda qalxıb binanın eyvanında Günəşin necə çıxmasını izləyirəm. Amma bir dəfə də onunla salamlaşmamışam. Birdən bir qədər uca səslə “Salam, Günəş” deyə gülümsəyirəm. Mənə elə gəldi ki, Günəş də mənə gülümsədi.
Bir aydan çoxdur ki, bu təkliyimin içinə başqa bir təklik də əlavə olunub. Kiminləsə tanış olmağım fikri ağlınıza gəldisə, təbii ki, o deyil. Mən öz təkliyimlə dostam və ona xəyanət eləmək niyyətində deyiləm. Çünki uzun müddət sənə həmdəm olanı sevməsən də ona bağlanırsan. Mən qonşudakı qadını nəzərdə tuturdum. Hər gün onun eyvanına baxıram. Qəribədir, uzun zamandır, o mənzildə heç kim yaşamırdı. İndi isə səhv eləmirəmsə, bir aydan çoxdur ki, orada hər gün orta yaşlı, dolu bədənli, bəstəboy bir qadın görürəm. O, hərdən gözündə eynəklə bir müddət noutbukda nələrisə yazır. Sonra yenidən eynəyi çıxarıb əlini çənəsinin altına dayaq edib uzun müddət səmaya baxır. O, çox nadir hallarda aşağıdakı adamları, maşınları, yəni, qaynayıb-qarışan həyatı seyr edir. Hətta bəzən iki avtomobildəki adam bir-birinə yol vermək üstündə dava edirlər, ya da bir neçə qadın nəyəsə görə qışqıra-qışqıra danışırlar, səsləri aləmə yayılır. Qonşu qadın həmin anlarda belə bir saniyəlik də olsa, başını aşağı salıb küçədə baş verənlərə baxmır. Ola bilsin, o, kardı, səsləri eşitmir. Amma hər halda, bu az ehtimaldır. O daha çox bütün dünyaya laqeyidləşmiş kimi görünür. Səmada hərdənbir görünən təyyarələrin arxasınca onların silueti yoxa çıxıb göy qübbəsi ilə bir bütün təşkil edənə qədər gözlərini zilləyib ümidlə baxır. Sanki kimsə təyyarənin pəncərəsindən baxıb ona güləcəkmiş kimi gözlərində bir neçə anlıq ümid işartıları yanır. Təyyarənin görüntüsü öləziyib yoxa çıxandan sonra qadının üzünə yenə həmin mübhəm kədər yüklənir. Doğrusu, gözlərim qadının bütün üz cizgilərini sezəcək qədər yaxşı görmür, bunları yalnız onun qımıldamalarından hiss edirəm. Eyvanın divarına yapışdırılmış bir heykəl kimi uzun müddət hərəkətsiz qaldıqdan sonra onun ən cüzi tərpənişlərinin, reaksiyalarının nəyə olduğunu anlamaq elə də çətin olmur. Nədənsə qəlbimdən gələn bir hisslə qadını bir az daha yaxından tanımaq arzusu dolur içimə. Bu mənim yazıçı marağımdanmı irəli gəlir, yoxsa insani hisslərdimi qərar verə bilmirəm. Hər halda, əsas məsələ odur ki, bax elə indicə bu dəqiqə eyvandan yataq otağına keçib əynimə qonşuya getmək üçün daha münasib paltar geyinirəm. Bu xasiyyətimi sevimmi, yoxsa tənqid edimmi, heç bilmirəm. Uşaqlıqdan beləyəm. Ağlıma gələn ilk fikri reallaşdırmağa çalışıram. Daha bunun sonrası haqqında düşünmürəm. Etdiyi hərəkətlərin nəticələrini hesab-kitab edib sonra qərar verən adamlara həsəd aparmışam həmişə. Mən isə elə hey ağlımın əksinə hərəkət edib qəlbimin dediyini etməkdə israrçı olmuşam. Bax, indi mənə deyən lazımdır ki, axı təxminən bir aydır ki, müşahidə etdiyin bu qadını yaxından tanımaq sənin nəyinə gərəkdir? Durub da öz eyvanında. Adama deməzlərmi, sən kimsən ki, mənim həyatımla bağlı sual verməyə, məni daha yaxından tanımağa gəlmisən?
Təbii ki, özümə etdiyim bu töhmətlərin heç faydası olmadı. Artıq onların binasının giriş qapısından içəridəyəm. Bəlkə, marketdən nəsə bir şirniyyat filan alardım? Deyim ki, mən sizin qonşunuzam. Yəqin, buralarda heç kimi tanımırsınız. Tanış olmağa gəlmişəm. Qadın da deyə ki, lap yaxşı, şirniyyat sevmirəm, tanış olmaqla da aram yoxdu. Təklik daha gözəldir. Xoş getdiniz…
Heç nə almadım. Artıq qapının zəngini çalmışam. Mən evdən çıxanda qadın eyvanda oturmuşdu. Bəlkə də, oraya səs getmir. Ola bilsin ki, qapını ümumiyyətlə heç kimə açmır. Ya da ola bilsin ki… Düşüncələrim burada yarımçıq qalır.
-Salam, -qadın qapını açıb üzündə mənim təsəvvür elədiyim həmin o anlaşılmaz ifadə ilə gözlərini mənə dikmişdi. Nə deyəcəyimi bilmirəm. Ey Tanrı, yardım elə, marağımın güdazına gedirəm.
-Salam, necəsiz? Mən sizin qonşunuzam. İçəri girmək olar? –deyib qadının məni qapıdan qovmağını gözləyirəm. İlahi, görəsən, dünya yaranandan bəri qarşısındakına ikinci belə mənasız sual verən olub?
-Buyurun, əlbəttə, – qadın mübhəm tənhalığının üzünə çökdürdüyü məhzun ifadə ilə heç uyuşmayan istiqanlılıqla məni içəri dəvət edir.
Birbaşa salona keçdik. Orada divan, önündə balaca jurnal masası və bir də kitablar yığılmış maraqlı dizaynı olan rəfdən başqa demək olar ki, heç nə yoxuydu. İndi künc divanının hərəmiz bir başında oturub sanki belə də olmalı imiş kimi bir-birimizə baxırıq. Yəqin ki, qadın aramızdakı sükutu pozub axır ki, ona nəsə deməyimi, gəlişimin əsas səbəbini bilmək istəyir.
-Bilirsiniz, mən sizinlə üzbəüz binada yaşayıram. –deyə sözə başladım, səmimi olmaq həmişə ən yaxşı seçimdir. Al-əlvan bəzənmiş üstü bəzək altı təzək cümlələrə ehtiyac görmürəm. –bəlkə, səfeh olduğumu düşünə bilərsiniz. Deyə bilərsiniz ki, bu dövrdə kimdi ki, kimisə yaxından tanımaq üçün qapısını döyən? Yenə kənd olsa, başadüşülən olardı. Orada hamı bir-birinə daha çox can yandırır. Ancaq şəhərdə kim kimədir ki? Deyəsən, bura yeni köçmüsünüz, əvvəllər sizi heç görməmişdim bu mənzilin eyvanında. Və mənə birdən maraqlı gəldi. Xahiş edirəm, elə bilməyin ki, dəliyəm, mən sadəcə yazıçıyam. Ancaq biz yazıçılar da bir növ dəli sayıla bilərik. Ona görə də bu mənasız marağımı üzrlü sayın, -deyib yenə şit zarafat etdim.
-Yox, niyə, ola bilər də. –qadının nəzakət xətrinə üzünə qondurduğu süni gülümsəmə müşayiəti ilə verdiyi bu etinasız cavabı məni daha da pərt edir. Qovsa, daha yaxşı idi. – əslində, doğru təxmin etmisiniz, tək yaşayıram. –qadın başını aşağı dikərək yenidən danışmağa başlayanda ürəyim yerinə gəldi. Döşəməyə o qədər diqqətlə baxırdı ki, elə bil, deyəcəkləri orada yazılmışdı və oxumağa çalışırdı. –təxminən, on ildir ki, tək yaşayıram. Əvvəllər işə gedib-gəlirdim. Böyük bir şirkətin mətn redaktoru işləyirdim. Orada da heç kimlə qaynayıb-qarışmazdım. Adamlardan qaçıram çox vaxt. Heç kimlə söhbət eləməyi sevmirdim. İş yoldaşlarımla olan ünsiyyətim ancaq işlə bağlı suallara çox qısa və konkret cavablar verməkdən ibarət olurdu. Sonra daha cavan kadrlar işə gəlməyə başladı. Onların təcrübəsi az olsa da həyat enerjisi, işə həvəsi, özlərini təsdiqləmək üçün hər gün daha yaradıcı ideyalar irəli sürməyi rəhbərliyi daha çox cəlb edirdi. Mən bunu anladığım üçün onların məni ixtisara salmağını gözləmədən üzüsulu özüm ərizə yazıb çıxmaq qərarına gəldim. İndi sərbəst olaraq redaktor kimi işləyirəm. Əvvəldən işlərimə bələd olan adamlar ehtiyac olduqca mənə mətnlər göndərir, onlarla məşğul oluram, geriyə qalan zamanı da yola verirəm gedir, -qadın gözlərini döşəmədən qaldırıb mənə baxaraq yenidən gülümsədi, amma bu gülümsəmənin içində dərin bir təəssüf oxudum. –siz də tək yaşayırsınız? Ailəniz haradadır? –heç gözləmədiyim halda o da mənə şəxsi həyatımla bağlı suallar verdi.
-Bəli, mən də tənhayam. Ailəm yoxdu. İllər öncə evli idim, sonra ayrıldıq. Uşağım da yoxdur. –mən gülümsədim. İndi fikir verdim ki, mən bu cümlələri təəssüf hissi ilə deyil, beləsi daha yaxşı olubmuş kimi öz təkliyindən qürur duyan adam ədası ilə dedim.
-Həə, -deyərək qadın yalançı təsəlli sözləri tapmağa çalışmaq üçün vurnuxub bir müddət bilmədi nə desin.
-Həyatda hər şey yaxşılığa doğrudur. Belə olubsa, deməli, xeyirlisi bu imiş. –mən belə deyərək onu pis vəziyyətdə qalmaqdan xilas elədim.
-Əlbəttə, -deyə qadın məmnun ifadə ilə dediklərimi təsdiqlədi. Sonra yenidən üzünə yenə həmin kədər qondu. –yəqin ki, hər şey yaxşılığa doğru olur. Amma bəzən… –qadın duruxub fikirlərini hansı sözlərlə ifadə edəcəyini düşündü, -bəzən elə hadisələr olur ki, biz onlarda nə qədər yaxşılıq payı axtarsaq da tapa bilmirik. Mənim övladlarım var. Daha doğrusu, biri artıq yoxdur, o biri var. O isə… Həyat yoldaşımla bir-birimizi sevib evlənmişdik. Uzun müddət övladımız olmamışdı. Sonra biz mənim bacımın üçüncü oğlunu övladlığa götürdük. Mən onu lap doğulandan götürdüm ki, ana kimi məni bilsin. Onun üç yaşı olanda bir möcüzə oldu və mən də hamilə qaldım. İkinci oğlumuz dünyaya gəldi. O anadan olduqdan bir müddət sonra həyat yoldaşımı maşın qəzasında itirdik. –qadın bunu deyərkən bir az duruxdu. Bu itkinin təsirindən doğub artıq korşalmış iztirab hissi onu göz yaşı ilə müşaiyət etməsin deyə dodağını dişlədi, sonra yenidən davam etdi, -mən oğlanlarımı çətinliklə böyüdürdüm. Hətta bir neçə dəfə bacım uşaqları böyütməkdə çətinlik çəkdiyimi görüb öz oğlunu geri götürmək istəyirdi. Mənsə bundan inciyib daha da məyus olurdum. Yoldaşımın vəfatı mənə ağır təsir eləmişdi. Sarsıntıdan kimi günahlandıracağımı bilmirdim. Doğma oğlum atasına çox oxşayır. İçimə doğmuş xudbin hisslərin təsiri ilə atasının ölümündə onu günahkar bilməyə başladım. Eləbil, Tanrı mənim uşaq üçün yalvarışlarımı eşidib oğlumu verdi, amma yoldaşımı aldı. Gündən-günə oğluma qarşı daha çox qəzəb yaranırdı içimdə. Bunu böyük qardaşına həmişə yaxşı davranıb onu hər fürsətdə sancmağımla da bəlli edirdim. –bunları deyərkən qadın ağlamırdı, amma balaca bir yaş dənəsinin kipriyindən necə qopub yanağına düşərək orada yoxa çıxdığını görə bildim, – sonra orta məktəbi bitirib hər ikisi universitetə qəbul oldu. Böyük oğlum ali təhsilini yekunlaşdıranda əsgərliyə getdi. Və… –qadın bir neçə dəqiqə səssizcə döşəməyə baxdı. Mən ürəyimdə özümü tənbehləyirdim. Axı başqalarının yaralarını tərpətməyə, onlara keçmişi xatırlatmağa nə ehtiyac var? Necə də pis insanam!
-Əgər sizə çətindirsə, qalanı danışmaya bilərsiniz, -deyə çox quru cümlə ilə guya onu ovutmağa çalışdım.
-Narahat olmayın, adam hərdən bölüşməyə də ehtiyac duyur, -deyə o davam etdi. –müharibə bizim əlimizdən çox sevdiklərimizi aldı. Elə deyil? –deyib mənə baxdı. Mən nə deyəcəyimi bilmədiyim üçün susdum. O isə davam etdi, –Hə, elədi. Doğrudur, adamlar bəzən bədbəxt hadisələr nəticəsində də dünyadan vaxtsız köçə bilir, biz buna “uğursuz tale” deyirik, amma gərək müharibə insanların taleyi olmasın. Ondan sonra mənim kiçik oğlumu görməyə heç gözüm qalmadı. Hər fürsətdə onu acılayır, bütün əsəbimi ondan çıxır, başıma gələn bütün fəlakətləri onun ayağına yazır, ailəyə bədbəxtlik gətirdiyini düşünürdüm. Bəlkə də, dəli olmuşdum. Oğlum Bakıda universiteti bitirdikdən sonra Amerikada təhsilini davam etdirmək üçün vətəni tərk elədi. Sonralar məktubunda yazmışdı ki, orada yaxşı bir işdə çalışır, hətta evlənib. Nömrəmi bilməsə də “facebook” hesabımdan mənə tez-tez yazaraq nəyəsə ehtiyacım olub-olmadığını soruşur. Heç bir mesajını cavablamasam da o daim yazır. Əslində, onun üçün çox darıxmışam. Başıma gələn fəlakətlərdə günahsız uşağı müqəssir bildiyim üçün özümə nifrət eləmək istəyirəm. Amma cavab da yaza bilmirəm. Sanki hansısa gözəgörünməz bir qüvvə mənim artıq onu oğul bilməyə haqqımın olmadığını deyir. Neçə dəfə yazsam da göndərə bilməyib silmişəm. Daha haqqım çatmır özümü ona ana bilim. Mən çox pis insanam. Hələ sağ olsun ki, məni sayıb yazır, axtarır, maraqlanır. Onun da bir oğlu var, yəni mənim nəvəm –qadın bunu deyərkən gülümsədi, -çox şirin uşaqdı, şəkillərini görmək istəyirsiniz? –qadın sanki yüz illin rəfiqəsiyikmiş kimi cəld hərəkətlə noutbukda “facebook” hesabını açıb oğlunun profilinə daxil oldu. Burada uşağın fərqli məzəli fotoları var idi: yemək yeyərkən üzünə makaronlar yapışmış halda, hovuzda çimərkən, çəmənlikdə yıxılmış və başqa fərqli situasiyalarda.
-Çox şirindi, Tanrı qorusun. –mən şəkillərdən gözümü çəkmədən dedim.
-Çox sağ olun. –deyib sonra birdən xatırlayıbmış kimi –ay, üzrlü sayın heç sizə çay təklif etməmişəm bayaqdan. –deyərək cavab gözləmədən mətbəxə yüyürdü. Adını belə bilmədiyim qadının “facebook” hesabı qarşımda açıq qalmışdı. Profilinə baxıb öyrəndim: Səma Əlizadə.
Mesaj bölməsi ekranda açıq qalıb. Oğlundan gəlmiş çoxlu mesajlar var. Bunun yanlış olduğunu bilsəm də əlim dinc durmur və qeyri-iradi oğlunun yazdığı mesajlar bölməsinə girib qadının profilindən ona yazdım: Sizin üçün çox darıxıram…
Mesajı göndərib-göndərməyəcəyimə tərəddüd etməyə vaxt yox idi. Ona görə də birbaşa “göndər” etdim. Və göndərilmiş mesajı sildim. Vəssalam! Bəzən sevdiklərimizə qovuşmaq bu qədər rahatdır. Həyatı qəlizləşdirməyə nə ehtiyac var?
-Heç sizdən çay yoxsa kofe xoşladığınızı soruşmadan birbaşa çay gətirdim. Ümid edirəm, narazı qalmazsınız, mən çayı yaxşı dəmlədiyimi düşünürəm, kofeylə isə aram yoxdu –deyə çayı və şirniyyatı balaca jurnal masasının üstünə qoydu. –bayaqdan danışıb dostlaşırıq, amma heç adlarımızı da bilmirik. Mən Səmayam. Sizinlə ünsiyyətə şad oldum. Bilirsiniz, qəribədir, ünsiyyətsevən olmasam da sizə hər şeyi danışmağım gəldi birdən. Eləbil, sizi mənə Tanrı göndərdi. Bax beləcə Tanrının qəribə işləri olur arada, -deyərək qadın gülümsəyən gözlərini tavana dikdi. Sanki Tanrı orada oturmuşdu.
-Mən də Zərifə. Mənə də xoş oldu tanış olmaq. Artıq gedim, yenə gələrəm, qonşuyuq onsuz, yol yaxındı, -deyərək çaydan bir qurtum alıb durdum.
-Tez-tez gəlin, -qadın gülümsədi və məni yola saldı.
Mən artıq öz binamızın qapısından girirəm və düşünürəm ki, necə tez-tez gedə bilərəm? Mən dostlaşmağı və ünsiyyət qurmağı sevmirəm axı. Bu da sadəcə bir maraq idi, tanımaq ehtiyacımı təmin etdim, bundan sonrakı ünsiyyət mənə zövq verən deyildi, yəqin ki. Mənzilə girib yenidən əzəli məkanım olan eyvana çıxdım və beynimi başqa düşüncələrdən arındırmağa çalışıb yenidən elmi işimlə bağlı kitabı oxumağa başladım.
Bir müddət sonra yenidən qonşu binaya baxıram. Qadın eyvanda yenə həmin yerdə oturmuşdu. İndi o, bir qədər daha doğma görünürdü. Üstəlik, bir az da sevincliymiş kimi gəldi. O, harada yaşadığımı bilmirdi. Çünki mən səkkizinci mərtəbədə, o isə qarşı binadakı dördüncüdə qalır. Yəqin ki, onu izləyənin məhz mən olduğumu anlamış deyildi. Oğlunun ona verdiyi cavabı, yəqin ki, heç vaxt öyrənə bilməyəcəm. Heç olmasa, adımı səhv deməsəm, bəlkə, tapardı məni. Eh, bu da bir gün idi, yaşadım… Günəş isə üfüqdə son qalan şüalarını da yığışdırıb binaların arasında itib-batırdı…
Bu gerçək əhvalatı mənə tanışım danışıb. Üstündən yarım əsrdən çox keçsə də, mənə elə gəldi ki, məhz indi onu xatırlamaq və vətəndaşlarımıza, o cümlədən gənclərimizə danışmaq lazımdı.
Deməli, əhvalat Azərbaycanın böyük dağ kəndlərindən birində baş verib və bu hadisələri görüb yaddaşına həmişəlik həkk edən bu adamın o vaxt on yaşı olub. Adət üzrə, kənddə ağsaqqallara hörmətlə yanaşırdılar. Ənənəvi olaraq, papaqlı üç nəfər həmkəndlisinin müxtəlif mübahisə və şikayətlərini həll etmək üçün kənddən keçib mərkəzdə, böyük ağacın yanında toplaşırdılar. Onların icazəsi olmadan nə milis əməkdaşları, nə də formalı prokurorlar kənddə görünə bilərdilər. Sovet hakimiyyətinin çiçəklənmə dövrü idi – indi buna inanmaq, demək olar, mümkün deyil. Amma yerli hakimiyyət bu kənddə adətləri bilirdi və dağlıların ənənələrinə hörmətlə yanaşırdı.
Günlərin birində məktəbə Kalaşnikov avtomatı gətirildi ki, yuxarı sinif şagirdlərinə onun sökülüb-yığılmasını öyrətsinlər. Məktəbdə qoymamaq üçün direktor avtomatı patronları ilə birlikdə evə gətirir. Və növbəti gün o, evdən gedəndə 12 yaşlı yeniyetmə oğlu avtomatı götürüb bir az atəş açmaq qərarına gəlir. O, cəmi bir neçə atəş açsa da, onlardan biri hədəfə çatdı. Güllə oğlan dünyaya gətirmək üzrə olan hamilə qadına dəymişdi. Qadın və uşaq həlak oldular. Hamı şokda idi. Məktəbin direktoru kimi qadın da hörmətli ailədən idi. Azərbaycan dilində “müəllim” sözü sadəcə, öyrədən deyil, daha çox hörmətli deməkdir… Bəla hər iki ailəyə gəldi. Dəhşətli bəla.
Ağsaqqallar çinarın yanında toplaşdılar. Astadan bir saata yaxın məsləhətləşdilər və yekdil qənaətə gəldilər ki, bu, dəhşətli anlaşılmazlıqdır. Üç ağsaqqal həlak olan qadının atası evinə sarı yollandı. Yarım əsr sonra bunu mənə danışan oğlan da onlarla birlikdə idi. O, həmişə onların yanında olub, qocalara kömək edirdi.
Mərhumun evində matəm idi. İçəri girən ağsaqqallar papaqlarını çıxarıb stolun üstünə qoydular. Ev sahibi üzbəüz oturdu. Kədərdən rəngi qaralmışdı. Çay gətirdilər. Heç kim stəkanlara toxunmadı. Gələnlərin arasında yaşca ən böyüyü məktəb direktorunun ailəsinin sabahkı dəfn mərasimində iştirakına icazə verilməsi xahişi ilə ev sahibinə üz tutdu. Ev sahibi uzun müddət susdu. Çaylar toxunulmamış qaldı. Papaqlar qonaqların qarşısında düzülmüşdü. “Bacarmıram, – ev sahibi çətinliklə dilləndi, – bağışlaya bilmirəm. Nəvəmizin doğulmasını elə gözləyirdik ki… Bacarmıram”.
Ağsaqqallar anladılar ki, daha xahiş etməyin mənası yoxdur. Və bu zaman onların yaşca ən böyüyü qalxdı. O, papağını stolun üstündə qoyub çıxışa doğru yönəldi. Ardınca ikinci də qalxdı. Üçüncü də. Üç papaq stolun üstündə qaldı və onlar çıxışa başıaçıq yönəldilər. Ev sahibi ağsaqqalların arxasınca qaçdı. Onları masaya qaytarıb, hər stəkana bir parça qənd atdı. Öz stəkanına da bir parça qənd atıb, çaydan bir qurtum aldı. Ardınca qonaqları da çay içdi. Hər şey sözsüz aydın idi. O, qızının və doğulmamış nəvəsinin qanını bağışladı. Qonaqlar papaqlarını başlarına qoyub səssizcə evdən çıxdılar. Oğlan heç nə anlamadan onların arxasınca qaçdı.
Axşama artıq bütün kənd baş verənlərdən xəbər tutmuşdu. Və bu vaxt oğlan babasından qonaqların papaqlarını qoyub getməsinin və ev sahibinin onların arxasınca qaçmasının səbəbini soruşdu.
– Onlar kəndə başıaçıq çıxsaydılar, biz həmişəlik rüsvay olardıq, – babası izah etdi, – ağsaqqallarının başıaçıq gəzdiyi kəndə heç kim hörmət etməz. Hamımız biabır olardıq. Papağı yalnız qana görə çıxarıb qanlının evində qoya bilərsən. Yalnız barışmaq naminə. Ağsaqqallar bir daha sübut etdilər ki, həmişə onların fikrinə etibar etməkdə nə qədər haqlıyıqmış. Barışıq naminə onlar biabırçılığa hazır idilər. Bunlar əsl kişilərdir, – baba sözünü tamamladı, – qeyrətin, şərəf və ləyaqətin nə olduğunu bilən ağsaqqallarımızdırlar. O ailə başçısı da kişidir. Bu üç papaq xatirinə o, belə bir dərddən, qızının və doğulmamış nəvəsinin qanından keçdi.
Əhvalat bundan ibarətdir. Biz azərbaycanlılar beləyik. Şərəf və namus ağsaqqallarımızın qanında olub. İndiki Səadət sarayını tikdirən Murtuza Muxtarov da belə idi. Çağırılmamış qonaqlar atın tərkində həyətinə soxulanda o, hamını güllələyib, sonuncu gülləni də özünə sıxıb.
Yapon əsirliyində daha onlara qarşı vuruşmayacağı ilə bağlı kağızı imzalamaqdan imtina edən general Səməd bəy Mehmandarov da belə olub. Qəhrəman kimi yaşayan, mabarizə aparan və həlak olan Ziya Bünyadov da belə idi! Və onların hamısı BİZİM kişilərimiz olub!
Sübhün ala-qaranlığnda təkəm-seyrək ötüb keçən maşınların gur işığı düşdükcə yastandığı çalğusunun sapı şümşad kimi parlayırdı. Yaşlı qadın küçədə ondan başqa heç kimin omadığını dəqiq bilsə də böyük bir qəbahət iş görəcəkmiş kimi bir sağa-bir sola, bir yuxarı-bir aşağı baxaraq diqqətlə ətrafı dişnəməyə başladı. Ən uzaq səsyetəndə belə sanki çox mahir bir dirijorun çubuq işarələri ilə ustalıqla idarə olunduğundan bir-birinə qarışmadan aydın eşidilən quşların ecaskar səsindən başqa heç nə yox idi. Gözü şəfaf polietilen torbaya sataşdıqca Ay Günəşdən işıq alırmış kimi parlaqlığı hiss olunacaq dərəcədə artırdı. Başını qaldırıb eyvanlara bir də baxdı. “Yəqin kimsə lap elə indicə atıb”, – düşüncəsi ilə gözlərinin qabağına xumar-xumar buğlanan isti qazan gəldi. Bütün fikrini cəmləyib bir də baxdı. Torbadakı lap elə indicə kəsilmiş, dörd dənə sapsarı toyuq ayağı idi. Son bir dəfə də ətrafı diqqətlə nəzər saldıqdan sonra ani bir hərəkətlə sarı kəhraba kimi parlayan torbanı götürüb uzun narıncı rəngli xalatının cibinə basdı. Çalğunun sol çiyninə getməsi, sağ əlinin möhkəm-möhkəm narıncı iş xalatının böyük yan cibinin üzərində qərar tutması və nurani çöhrəsinə qonan təbəssüm üçü də eyni anda elə avtomatik baş verdi ki, “Qaravula Al!” komandasını icra edən Çin qvardiya əsgərində belə səlislik görə bilməzdin. Daha heç yana baxmadan, əli bərk-bərk cibinin üstündə, çalğusunu yellədə-yellədə səki ilə evinə doğru addımlamağa başladı. Qıvraq addımlarla elə yeyin gedirdi ki, kənardan baxan heç kimi bu gün onun 75 yaşının tamam olduğuna inandırmaq olmazdı. O isə, üzündə təbəssüm, sağ əli cibinin üstündə, dilində şükür, gözünün önündə buğlanan qazan yeyin addımlarla evinə tələsirdi… Qəfil quşların səsi xırp kəsildi. Lap uzaqdan bir-iki it hürüşməsi eşidildi. Ardınca yaxınlıqdakı məsciddən azan verilməyə başladı. Yaşlı qadın dayandı. Sağa-sola boylandı. Çalğusunu bir az da qorxa-qorxa yaxınlıqdakı qoca zeytun ağacına söykədi. Gözü ağacın sinəsinə vurulmuş lövhəyə sataşanda yenidən təbəssüm nurani çöhrəsini bəzədi. Sağ əlini cibinin üzərindən çəkmədən, sol əlini qoynuna saldı. Düz təxmin etmişdi səs onun mobil telefonundan gəlirdi. Zəng edən aman-zaman bir oğlu idi. Bir az da təşvişlə telefonun “Qəbul” düyməsinə toxunub: – “Can bala” – dedi. Kobud kişi səsi küçəni başına götürdü: – “Ma, maaş katını sən götürmüsən?!” Həmin anda yaşlı qadının simasına qəribə bir rahatlıq şökdü. O təmkinlə: – “Yox qadan ürəyimə, mən neynirəm kartı. Oralara yaxış bax…” – “Yaxşı. Oldu. Elə bildim sən götürmüsən…” – həmin kobud kişi səsi yenidən küçəyə yayıldı. Yaşlı qadın telefona bir xeyli sakitcə baxıdıqdan sonra onu yenidən qoynuna qoydu. Çalğusunu götürmək istəyəndə gözü yenidən zeytun ağacının sinəsindəki lövhəyə sataşdı. Yenə ani olaraq üzünə təbəssüm qondu və tez də yerini hüzn dolu kədərə verdi. Yaşlı qadın arxasını zeytun ağacına tərəf çevirib onun bayırda qalmış ən azı 2000 yaşı olan qoca köklərinin üzərində oturdu. Sanki, yüngülcə nəfəsini dərmək istəyirdi. Sıxılır, boğulur, çökürdü… Üzündə çox qəribə kədər məcmusu toplanmışdı. Qəfil hardansa yadına qarğanın dilindən deyilmiş atalar sözü düşdü. Yenidən nurani çöhrəsi gülümsədi. Qalxıb xüsusi əda ilə şalğusunu çiyninə aldı, zeytun ağacının sinəsindəki lövhəyə bir də baxdı və evinə doğru yol aldı…
Səfalətlə Zemfira “Günəşli” sanatoriyasında müalicə alır, həm də istirahət edirdilər. Sanatoriyaya, adətən müalicə üçün gedirlər. Lakin buradakı – sanatoriyadakı sakitlik, həyət-bacanın yaşıllığa, gül-çiçəyə qərq olması, səliqə-sahman, vaxtlı-vaxtında yeməyin verilməsi, günorta vaxtlarındakı “yatmaq” komandası əsl istirahət idi. Müalicələr də öz qaydasında gedirdi.
Səfalətlə Zemfira eyni ali məktəbi bitirmişdilər. Özü də 40 il bundan əvvəl. Daha cavan deyildilər, övlad-uşaq, nəvə sahibi idilər. Yaşlarının üstünə yaş gəldikcə sümükləri sızıldayır, hərdən ora-buralarını tuturdular. Sanatoriya Zemfiranın xoşuna o qədər gəlmişdi ki, telefonu götürüb gah Tovuza, gah Məlahətə, gah Zəhraya, gah da Həziməyə zəng edərək:
-Bilirsiniz nə gözəl sanatoriyadır. Putyovka tapıb buraya gəlsəninz, peşman olmazsınız, – deyirdi.
Tovuz, Məlahət, Zəhra, bir də Həzimə onların tələbə yoldaşları idilər. “Həm ticarət, həm ziyarət” belə yerdə deyirlər. Qrup yoldaşları sanatoriyaya gəlməli olsaydılar, həm müalicə alacaqdılar, həm də rəfiqələr bir-birlərini görəcək, neçə gün bir yerdə olub, ötən günləri anıb, tələbəlik illərinin xatirələri ilə yaşayacaqdılar.
Əlqərəz, Səfalətin səsi gəldi:
-Zemfira, telefondan nə yapışmısan?! Onlardan sanatoriyaya gələn olmaz. Özünü yorma. Çayımız qaynayıb, çayniki, qəhvədanı götürüb eyvana çıxıram. Sən də gəl stəkan-nəlbəkini, qəndi-konfeti apar. Eyvanda təmiz havada oturub çay içək.
Zemfira:
-Nə yaxşı, ay Səfalət. Vallah səndən yoxdur. Mənim də ağzım qızışıb bu qızlarla danışıram. Düz deyirsən, onlardan sanatoriyaya gələn olmaz. Öz işləridir.
Rəfiqələr eyvanda əyləşib şirin-şirin söhbət edə-edə çay içirdilər. Moruq və qarağat mürəbbələri də vardı. Evdən gətirmişdilər.
Onların otağı üçüncü mərtəbədə idi. Birdən yuxarı mərtəbələrdən, indiyə qədər heç olmamış kimi, acıqlı səslər eşidilməyə başladı. Otaqlarının üstündə – dördüncü mərtəbədə bir qadın, ondan üst mərtəbədə isə bir kişi qalırdı. Səfalətlə Zemfira diqqət kəsildilər. Qadın kişinin qarasıycan danışırdı. Onun səsi acıqlı, kişinin səsi mülayim idi. Kişi nəyə görə isə üzrxahlıq edirdi:
-Ay bacı, başına dönüm, qurban olum, ay xanım, bağışla, bilmədim!
Qadın qəzəbli:
-Bağışlamıram e, bağışlamıram, – deyə təkrar edirdi.
Kişi elə hey:
-Ay bacı, başına dönüm, qurban olum, bağışla, bilmədim! – deməkdə idi.
Qadının isə güzəştə getmək fikri yox idi. Ona cavab olaraq “Bağışlamıram e, bağışlamıram” , – deyə təkrar edirdi.
Səfalət Zemfiranın, Zemfira Səfalətin üzünə baxırdı: “Görəsən nə baş verib?!”
Axırda kişinin səbir kasası daşdı. Səsini qaldıraraq:
-Bağışlayırsan, bağışla, bağışlamırsan, çərə bağışla, cəhənnəmə bağışla! – deməyə başladı. Sonra qeyzlə:
-Al bu da sənin payın!
Səfalətlə Zemfira bir də onda gördülər ki, başlarına su tökülür. Tez süfrəni yığışdırıb otağa qaçdılar.
Sən demə, necə olubsa, beşinci mərtəbədən dördüncü mərtəbənin eyvanına su tökülüb. Bu qadını hiddətləndirib. Buna görə başlayıb kişini suçlamağa, günahlandımağa, kişinin üzrxahlığını da qəbul etməməyə!
Kişi nə qədər mərifətli, nəzakətli, mədəni olsa da, axırda özündən çıxdı:
Bu dəfə qəsdən bir vedrə suyu beşinci mərtəbənin eyvanına əndərdi. Su da, eləməyib tənbəllik, oradan dördüncü mərtəbənin, dördüncü mərtəbənin eyvanından da üçüncü mərtəbənin eyvanına tökülməyə başladı.
SANDIQDAKI ÜMİD (hekayə) Qaşlarını tıxacda iki zolaqlı yolda üç sıra yaradıb bir-birini sıxan maşınlar kimi sıxan Araz piyalə gözlərini yerdən ayırmır, üzünə kölgə salan kirpikləri yeri süpürürdü. Onun özündənrazı görkəminə əsəblə baxan beli bükülmüş nənənin pilləkən kimi üz dərisində aydın sıralanan qırışları, dərisi sümüyünə yapışan almacıqları qəzəbdən rəqs edirdi. O sandığın ağzına qıfıl vurub, səsini sonuncu oktavaya kimi qaldırdı: – Axırıncı dəfə olsun sandığı açmağın! Sandığı açmaq qadağandır! Nənə üstündə göy qurşağının bütün rəngləri olan yorğan-döşəkləri sandığın üzərinə qoydu: – Bəsdir, köz bağlamış yaramızı qanatdın! Bu qadağa dolu cümlələrin hər durğu işarə ilə intonasiyasını on ildir Araz eşidirdi. Hər qadağa sözü Arazda sandığı açmaq üçün daha da həvəs oyadırdı. Ancaq, hər cəhdində qorxu hissi onu istəyindən uzaqlaşdırırdı. Bu gün doğan günəş qorxunun üstünə hücuma keçmişdi. İti, göz qamaşdıran şüalar Arazın qorxu zəncirlərini qırdı. İllər sonra o sandığı açıb heyrətlə baxdı. Sandıqda vahiməli, qeyri-adi, sehirli, bu dünyaya aid olmayan nəsə olacağını fikirləşirdi, amma, sadə əşyalar idi. Toz basmış 2 tilov, balaca xalça. Araz hörümçək toru basmış sandığı barmaqlarının ucu ilə dağıdıb xalçanı götürdü, üzünü turşudaraq gileyləndi: – Burda nə var ki, baxmağı qadağan edirdilər?! – Orda toz basmış xatirələr var. Ürək ağrıdan tarix var. Araz babasının səsindən diksinərək qırağa sıçradı. Əlindəki xalça açılıb yerə düşdü. Qədimi olsa da səmanın maviliyini, meşənin yaşıllığını, dağ yamaclarının əlvanlığını, qarlı zirvələrin bəyazlığını xatırladan zərif naxışlı xalçaya Araz diqqətlə baxdı. Xalçanın ortasında ərəb hərfləri ilə yazılmış sözü başa düşməyə cəhd etsə də heç nə anlamadı. O bu hərflərin ərəb hərfləri olduğunu evlərində divara asılmış dualardan bilirdi. Ağ pambıq saçlarını arxaya darayan, dərisi günəş şüasından yanan, bermud üçbucağını xatırladan, kobud üz cizgiləri ilə adamı vahiməyə salan Əşrəf Araza yaxınlaşıb əlini ona uzadanda Araz başına qapaz dəyəcəyini fikirləşib başını tutdu. Amma, baba qırışmış yoğun barmaqları ilə Arazın saçını sığalladı. Xalçada ulu babaları Teymurun adı yazıldığını, tilovun da ulu babalarına aid olduğunu dedi. Arazın üzündəki qorxu zərif gülümsəməklə, sevinc hissi ilə əvəzləndi. Əşrəf ətrafa göz gəzdirib əlini sandığa saldı, balığın bel sümüyünü çıxardıb baxdı. Köks ötürərək sümüyü sandığa qoydu. Arazın: O nədir? – sualını cavabsız qoysa da balacanın təkidi ilə tilovları götürüb balıq tutmağa getdilər. Teymur hər bazar günü dostu ilə Araz çayına gedib balıq tutardılar. O balıq tutmağı sevməzdi, sadəcə dostunu çox istədiyindən onunla gedərdi, dostunun başını qatmağa çalışardı ki, ürəyindəki nisgil iki-üç saat da olsa yadından çıxsın. Dostu on il idi ki, övlad həsrəti ilə yaşayırdı. Hər dəfə dostların tilovuna müxtəlif balıqlar düşərdi, şam yeməyinə qadınları balıqlardan növbənöv yeməklər bişirib süfrəni bəzəyərdilər. Amma, nə qədər cəhd etsələr də tilovlarına sazan balığı düşməzdi. Onlar bu mətləbi başa düşməzdi. Günlərin bir günü dostu dedi ki, tilovumuza qızıl balıq düşsəydi ondan istəyərdik ki… Dostu sözünün davamını gətirməyib dərindən ah çəkdi. Dostunun çəkdiyi ah Teymurun ürəyinə dağ kimi çəkildi. O söhbəti zarafata çevirərək: Tilovumuza qızıl balıq yox, sazan balıq düşsəydi arzumuz çin olardı deyib özləri üçün yeni situmul oyatdı. Bir neçə gün sonra günəşin öz əksini çaya saldığı vaxtda dostların tilovuna sazan balıq düşdü. Sevincləri yerə göyə sığmayan dostlar niyyətimiz gerçək oldu söyləyib uşaq kimi sevinirdilər. Evə gələndə qadınların qəh-qəhəsi küçədən eşidilirdi. Səbəbini soruşsalar da qadınlar kəlmə kəsmədi, sazan balığından bir süfrə açdılar ki, barmaq bassan yer tapmazdın. Süfrə başında qadınların pıçapıçı, fısın-fısın gülməsi dostların marağını daha da artırırdı. Sual dolu baxışları üzlərində hiss edəndə qadınlar utanıb gülürdülər. Teymurun maraqdan ürəyinin partladığını görən yoldaşı qulağına nə isə pıçıldadı. Qəfil yerindən atılan Teymur: Şükür Yaradana – deyib dostunun alnından öpdü. Ata olacağı xəbərini eşidən dostu göz yaşını saxlaya bilmədi. O gündən sazan balığı onların arzu balığı oldu. Sazan balığı ilə bağlı söhbəti bilən Teymurun xanımı balığının bel sümüyündən yadigar saxladı. Dostların nisgili bitsə də balıq ovu adəti bitmədi. İki ailənin bu ənənəsi Araz çayı sərhəd olmaqla Azərbaycanın iki hissəyə parçalandığı günə qədər davam etdi. Biri Arazın bu tayında Quzeydə, o biri Arazın o tayında Güneydə qaldı. Həmişə ən xırda hadisəni belə özünə dərd edən Güneydəki dost vətənin parçalanması xəbərinə dözməyib gözlərini əbədi bağladı. Bəlkə bu onların yeni yozumu idi. Dostun əcəli çatmışdı. Teymur hər iki tilovu o gündən bu sandığa qoyub göz yaşı içində əhd etdi ki, əlini bu tilova Güney Quzey birləşəndə vuracaq. Onun əhdi ömrü kimi yarımçıq qaldı. Dostların ruhu qovuşsa da məzarlarının biri Quzeydə, biri Güneydə qaldı. O əhd günündən sonra ailə bu sandığı əmanət kimi saxladı. Teymurun nədidəsi Əşrəf bu ənənəni yeniyetmə yaşına çatanda dava-dalaşdan sonra pozdu. Ulu babasının yolunu davam etdirdi, amma babası kimi tilovuna sazan balığı düşmürdü. Ailə bunu işarə kimi qəbul edib fikirləşirdi ki, sazan balığı arzu balığıdır. Güneylə Quzey birləşəndə tilova sazan balığı düşəcək. Bu dəfə Əşrəf Teymur kişinin yadıcası ilə Araz çayına getməyə cəsarət etmədi, Kür qırağına gəldilər. Qayığı çaya salıb Suqovuşana doğru getdilər. Hava sakit olduğundan Əşrəf güc sərf etmədən avarları aramla çəkirdi, dalğalar sualtı axınlar olan yerdə qayığı özü aparırdı. Bir az irəlilədikdən sonra Arazla Kürün qovuşduğu yerə çatdılar. Hansısa bir hiss Əşrəfin əlindən tutub avarları Araz çayına tərəf döndərdi. Əşrəf cəsarətlənib sərhəd xəttinə, tikanlı məftillərə acıq vermək, o tərəfə getmək istəyirdi, amma… Özünü toparlayaraq ah çəkən Əşrəf doluxsundu, həsrət hissi ürəyini parçaladı. Balaca Araz babasının göz yaşının çaya axdığını görəndə pis oldu, amma günəşin babanın üzünə saldığı işığını görəndə üzü gülümsədi, babanı qucaqladı. Baba bu yerdə dayanaraq tilovları dənizə atdı. Əşrəf Araz çayında dayaz, daşlı yerlərin çox olduğunu bildiyindən irəli getmək istəmədi. Kəndirin birini Araza verdi. Balaca kəndiri əlində yüngülcə tutub lap uzaqdan görünən dağlara baxdı: – Baba, dağların o tərəfində yaşayanlar var? – Əlbəttə. Mən indi o tərəfə necə həsrətlə baxıramsa, onlar da bu tərəfə həsrətlə baxırlar. – Onlara əl etsəm məni görərlər? – Onların gözü həmişə burdadır. Burdan əl etmə, tezliklə əl sıxışıb görüşərsiz. Əşrəf bu sözləri elə inamla dedi ki, üzündə gerçək olmuş kimi fərəh hissi yarandı. Qəfil əsən külək qayığı yerindən tərpətdi. Az qaldı Arazın kəndiri əlindən düşsün. Çayın üstünə qəfil düşən boz duman adamın gözünü qaraldırdı. Qara buludlar suyun üzünə qara kölgə salırdı. Elə bu vaxt balacanın əlindəki kəndir tərpəndi, aşağı dartıldı, kəndir Arazın barmaqları arasında sürüşdü, o ağırlığa tab gətirməyib qayıqda yıxıldı: – Baba, kömək et, kəndir məni dartır. Deyəsən böyük balıq tutmuşuq. Əşrəf cəld Arazın ayağından yapışdı. Eşitdiyi xəbərdən bilmədi gülsün, bilmədi ağlasın. Tələsik kəndiri var gücü ilə çəkdi. Kəndir bir az da aşağı dartıldı. Əşrəf ağırlığı hiss edərək kəndiri kürəyinə keçirdib tarım çəkdi. Qarmaq deyəsən böyük balığa ilişmişdi, canını qurtarmaq istəyən balıq qayığı ardınca aparırdı. Amma, bu çayda sazandan böyük balıq olmaz ki… Sazan da belə ağır olmaz… Bəs bu qədər ağırlığın səbəbi nə idi? Sazan balığı bu qədərmi ağırlaşıb yoxsa okean balığımı çaya hücum edib? Əşrəf beynindəki suallara cavab tapmayıb qara buludlara nifrətlə baxdı, avarını irəli çəkdi. Arabir kəndirin aşağı dartılması, səmtini dəyişməsi kəndiri Əşrəfin əlində oynadır, üzünə dəyən külək yanaqlarını yandırır, üzünə sıçrayan su damcıları yanğısına dərman olurdu. Əşrəf biləklərinin ağrıdığını hiss edəndə Araza avarları çəkməyi tapşırdı. Qəfil Əşrəf əlində dəhşətli ağrı hiss etdi, əlindən qan axırdı. Əşrəf kəndiri sol əlinə keçirdib, sağ ayağını kəndirin üstünə qoydu. Birtəhər əyilərək sağ əlini Araza uzadıb qayıqdakı əski parçası ilə sarımağı tapşırdı. Araz da bir əli ilə avarı çəkir, o biri əli ilə babasının əlini sarırdı. Qəfil balıq necə sürətlə üzdüsə kəndir Əşrəfin əlindən çıxdı. Babanın və Arazın qışqırıq səsi çayı bürüdü. Əşrəf tam sürəti ilə qayığın ön hissəsinə atılıb kəndiri çətinliklə tutdu. Külək Əşrəf ilə Arazın əksinə gedirdi, balıq kimi o da sürətini artırırdı. Əşrəfi beynini yeyən fikir rahat buraxmırdı. Birdən külək, balıq onları sərhəddən o yana aparar?! Onda balaca Araz necə olar? Amma, illərdir işarə kimi qəbul etdikləri fikir də ürəyinə su kimi səpilirdi. Tilova sazan balığı düşsə Güneylə Quzey birləşəcək. Çayda qopan tufan Əşrəfin də ürəyində, beynində qopurdu. Əslində qayıq sərhəd tərəfə yox, çayın axını ilə geri Kür çayı istiqamətində üzürdü. Əşrəf həyəcanlandığından istiqaməti itirmişdi. Babanın bu qədər təlatümünün içində balaca gülümsəyirdi, boz dumanın, qara buludların içində günəş kimi parlayırdı. Əşrəf ağrıya dözə bilməyəndə Arazdan kömək istədi. Nəvə-baba var gücləri ilə kəndiri geri çəkməyə başladılar. Aralarında elə bil güc yarışı gedirdi, gah tilov, gah da nəvə baba qalib gəlirdi. Qəfil tilov nəyəsə ilişib dayandı. Əşrəflə Araz tələsik kəndiri çəkməyə başladılar, ağırlıq getdikcə artırdı. Sürətlənən külək qayığın səmtini dəyişdi, Araz tez əlini kəndirdən çəkib avarları çəkdi. Əşrəf dodaqaltı dua edərək gözlərini yumdu, bütün gücünü toplayıb kəndiri çəkdi. Araz qayığa qalxan böyük qəfəsi, qəfəsin içindəki balığı görəndə necə qışqırdısa Əşrəf dik atıldı. Əşrəf başa düşdü ki, hiss etdiyi ağırlıq balığın yox dəmir qəfəsin çəkisi imiş, qəfəsə girən balıq çayın istiqaməti üzrə üzürmüş. O qəfəsi açıb sazan balığını çıxartdı, qəfəsi çaya buraxdı. Dizləri üstə çöküb çırpınan sazan balığına heyrətlə baxdı, köksünə basıb hönkürdü. Araz babasının göz yaşını sildi: – Baba, niyə ağlayırsan? – İllər sonra sazan balığı tutdum. – Demək arzun çin olacaq, hə? – Hə! Niyyətimiz gerçək olacaq. Amma, balığı yuvasından ayıra bilmərik. Qoy yuvasında yaşasın. Onun mənə verdiyi ümid bəsdir. Dağların arasından, buludların arasından yavaş-yavaş qalxan günəş balığın pulcuqlarını parıldatdı, parıltı Əşrəfin tərəddüdlü cizgilərinə yayıldı. Araz telefonunu çıxardıb balıqla selfi çəkdı, balığı çaya buraxdı. Əşrəf balığın arxasınca boylandı: – Ümid işığım, sənin sərhədin yoxdur, hər tərəfə azad üzürsən. Aşa bilmədiyim sərhədimə de, az qaldı qovuşacağıq. Əşrəf aram-aram avarları geri çəkməyə başladı. Evə qayıdanda Əşrəf heç kimə heç nə demədən tilovları Araza verdi. Dünyadan xəbərsiz nənə əmanət otağında sandığın üstünü örtərək Arazı danlayırdı: – Axırıncı dəfə deyirəm sandığa əl vurma. Bəsdir, köz bağlamış yaramızı qanatdın! Araz özündə cəsarət toplayıb yorğan döşəkləri yerə atdı: – Nənə, bütün qadağalar bitdi. Yaraların hamısı sağalacaq. Araz telefonundakı şəkli nənəyə göstərdi. Nənənin gözündən axan yaş damlaları telefonun ekranına düşdü. Araz nənəsinin göz yaşını silmək istəyəndə nənə onu bağrına basdı: – Deyirsən ki, sandıqdakı ümid gerçəkləşir? Güneysiz Quzeysiz bir olan Arazımıza, bütöv Azərbaycanımıza qovuşuruq?! Araz başıyla hə deyib, nənənin qızaran almacıqlarından öpdü.
Sizə danışmaq istədiyim hadisələr çox əvvəl olub. Azərbaycanın ucqar kəndlərinin birində Ağaxanovlar yaşayırdı. Bu nəsil yaşadıqları kənddə və ətraf yerlərdə məşhur idi. Belə ki, bu nəslin nümayəndələri keçmiş və gələcəkdən xəbər verə bilirdilər. Bəzi adamların dediklərinə görə, Ağaxanovlar seyiddir və buna görə də Allah bu nəsildəkilərə vergi verib. Bəzi adamlar iddia edirdilər ki, Ağaxanovların əcdadı cin tutub şüşəyə salıbmış. Hər şeyi deyən həmin o ifritdir. Bir qisim insanlar isə onları sadəcə baxıcı-falçı adlandırır.
İnsaf xətrinə demək lazımdır ki, Ağaxanovların qapısı hər dərdi və pulu olan üçün açıq deyildi. Çox vaxt gələnləri geri qaytarırdılar. Amma bir neçə dəfə geri qaytarmadıqları də olub. Çox varlı, vəzifəli adamların bir neçə ildən bir bu kəndə – Ağaxanovların evlərindən birinə gəldikləri məlumdur. Bu kənddə təzə gələn, ya da ətraf kəndlərin adamlarından biriylə danışan adam mütləq Ağaxanovlar haqqında yeni, maraqlı və bir o qədər də inanılması çətin şeylər eşidə bilər. Düzü, nə qədər düzdür, nə qədər səhvdir, bilmirəm. Amma çox məşhur bir rəvayət dildən-dilə gəzir. Deyilənlərə görə, bir azdan haqqında danışacağım Həsənağanın böyük qardaşının iki inəyi oğurlanıbmış. O da oğruları tapmaq üçün Həsənağanın qızı və bacısı Püstənin qızından istifadə etməli olur. Evinə gətirdiyi iki azyaşlı qızın ayaqlarını su ilə dolu ləyənə qoyduqdan sonra qızların dırnaqlarına nəsə çəkir. İşıqları söndürülən otaqda qızlar dırnaqlarından olan parıltını televizordan izləyirmişlər kimi görüblər. Beləcə, oğru tapılır. Çox mübahisəli olsa da, kənd camaatı iki qızın da hələ yeniyetmə olarkən ürək xəstəliyindən ölməsini bu hadisəylə bağlayırlar. Kəndin çox cüzi bir hissəsi isə bu nəsildə onsuz da müxtəlif xəstəliklərin irsi olduğunu dəlil gətirərək bu ölümlərin normal olduğunu iddia edir. Bir o dəqiqdir ki, bu vaxtsız ölümlərdə qardaşının günahı olub-olmamasından asılı olmayaraq Həsənağa hər şeyi – şaiyələri, sualları mümkün qədər səssiz ötüşdürməyə çalışırdı. Düzü, Həsənağa kimi ailəsinə xəstəlikli şəkildə bağlı olan birinin ümumi ailəni qorumaq naminə qızının ölümümə səssiz qalması da ehtimallardan biridir. Amma bunun ən düzgün cavabını – həqiqəti heç kim bilmir.
Ağaxanovlar çox qatı düşüncəli, mühafizəkar idilər. Namus onlar üçün hər şey demək idi, bəlkə də hər şeydən ucada dururdu. Ara-sıra kənd camaatı ilə evlərinə baxdıqları üçün davaları olurdu. Əlbəttə ki, heç kəs Ağaxanovlarla problem istəməzdi. Az-maz söz-söhbətdən sonra məsələ bağlanırdı. Amma bir gün kənddə elə bir dedi-qodu ayaq açıb yeridi ki, onu sadəcə qışqırıqla, qaş-qabaqla ötüşdürmək mümkün deyildi. Söyləntilərə görə, Ağaxanovların qızı Güllü bulaqdan su doldurarkən qonşu kənddən qonaq gələn əmisi oğlu Əlirzaya su veribmiş. Su verəndə Güllünün əli Əlirazanın əlinə dəyibmiş və beləcə Güllü ləkələnibmiş. Bu şaiyələr yayıldıqdan sonra Ağaxanovlar məsələni aydınlaşdırmaq üçün Əlirzanı axtarmağa başlayırlar. Nə hikmətdirsə, Əlirza tapılmır. Əlirzanın axtarışı bir neçə gün davam edərkən ola biləcək ən pis şey olur. Güllü də yoxa çıxır. Çox inamlı bir adamın lap səhər tezdən harasa tələsən gördüyünü deməsiylə onların birlikdə qaçdığı məlum olur. Bundan sonra kənd qazan kimi qaynamağa başlayır. Bəzi adamlar deyir ki, iki əmi uşağı lap çoxdan bir-birini sevirmiş. Evlənmələrinə icazə verməyəcəklərini fikirləşdikləri üçün birlikdə qaçıblar. Bir qisim adama görə isə Güllü bulaq məsələsindən sonra adının çıxdığını fikirləşib onu heç kəsin almayacağını yəqin elədiyi üçün Əlirza ilə könülsüz məcbur şəkildə qaçır. Buna oxşar və oxşar olmayan bir-iki şey də eşitmək mümkündür. Bəlkə məyisedicidir, amma onu deyim ki, mən də həqiqəti bilmirəm.
Qaçışdan bir həftə sonraya qədər Əlirza ilə Güllü qəbiristanda gizləndilər. Sonra Əlirza Güllünü birtəhər öz kəndlərinə aparıb çıxartdı. Ağaxanovlar Əlirzanın yerini biləndə artıq bir neçə ay ötmüşdü. Ağsaqqalların işə qarışmasıyla məsələ qan tökülmədən həll olunsa da, Güllü, demək olar ki, atasigillə heç vaxt görüşmədi.
İlk illər atası, anası, qardaş-bacıları üçün burnunun ucu göynəyirdi. Elə bilirdi ki, həyatı bundan pis ola bilməz. Amma həyat insanı həmişə ya ən qorxduğu, ya da heç təsəvvür eləmədiyi yerdən vurur. Əlirza iş üçün getdiyi qonşuluqdakı kənddə pul üstündə bıcaqlanıb öldürüldü. Beləcə, Güllünün qara günləri başladı. Üç balaca uşaqla tək qaldı. Gedəcəyi ata evi də yox idi. Ac-yalavac, bir qarın ac, bir qarın tox illəri, ömrünü başa vurdu. Güllü və uşaqları üçün məhrumiyyətlə keçən illər heç kəsin yadında deyil. Çünki insanlar üçün maraqlı bir şey olmamışdı. Ona görə də 28-30 il sonrasını danışmaq istəyirəm. Bəlkə vacib nəyisə xatırlasam, ayrıca qeyd edərəm. Məncə, indi Həsənağadan danışmaq vaxtıdır.
Həsənağa uşaqların ortancılı idi, balaca bacısı və böyük qardaşı var idi. Üç uşaqdan ən gec o evlənmişdi. Güllü də onunla bir yerdə qalırdı. Amma Həsənağa, bəlkə də, Güllünün uşaqları içində ən bədbəxt, uğursuz olanı idi. Çox gec evləndiyi arvadı ikinci doğuşda ölmüşdü. Uşaq da çox yaşamamışdı. Güllü azyaşlı nəvəsinin qayğısına qalsa da, 3-4 ildən sonra o da vəfat eləmişdi. Üst-üstə gələn itkilərdən, ağır zərbələrdən sonra Həsənağa havalı kimi olmuş, hamıyla əlaqəni kəsmişdi. Əvvəllər də yovuşmaz olan Həsənağa indi lap qaradinməz olmuşdu. Yaxşı ki, çox keçmədən qızını bacısının himayəsinə vermişdi. İstəsə də, baxa bilməzdi. Anasının ölümü onu dəhşətə gətirmişdi, getdikcə qarabasmaları artırdı. Onsuz da yeniyetməliyindən bu yana qarabasmalara öyrəşmişdi, amma yeniləri dözülməz idi. Son zamanlar isə daha dəhşətli bir şey görürdü yuxularında. Bir həftə idi ki, ancaq eyni yuxu. Tər basmış, boğulmuş halda dururdu yuxudan. Tez pəncərədən bayıra baxırdı, heç kəsi görə bilmirdi. Sonra bir-iki qurtum su içib hansısa duanı oxuyurdu. Sonra təzədən yatmağa çalışırdı. Elə vaxtlarda gözünü yumanda elə bilirdi qabağında kimsə dayanıb onu izləyir. Gözünü açanda isə heç kəsi görmürdü. Artıq qorxduğunu hiss edirdi. Yuxuya gedəndə yenə eyni yuxu. Yuxuda görürdü ki, kimsə cavan bir gəlinə təcavüz edir. Qışqırıqları tükürpərdən idi, çapalayırdı, amma əlindən heç nə gəlmirdi. Həsənağa asta-asta yaxınlaşırdı. Sonra qızı tanıyırdı, bu qonşuluqdakı Mələk idi. Həsənağanı görüb daha da dəhşətlə qışqırır, əlini uzadırdı. Həsənağa bir az da yaxınlaşırdı. Onda təvacuz edəni görürdü. Alim – Mələyin böyük qaynı. Birdən hər ikisinin – Mələyin, Alimin üzü dəyişir, eybəcər hala düşürdü. Bax, bu dəhşətli səhnədən sonra Həsənağa yuxudan ayılırdı.
Bu kabusla təkrar-təkrar qarşılaşması bunun həqiqət olacağına işarə idi. Amma nə etmək olardı? Həsənağa hamının imtina etdiyi qadının necə həyat yaşadığını yaxşı bilirdi. Hə, yadıma düşmüşkən bir şeyi də deyim. Bu hadisə olanda Əlirza ölmüş, uşaqlarsa hələ çox balaca olardı. Ağır quraqlıq dövründə qadınlar çayın çox azalmış suyunda paltar yuyanda qəsdən Güllünü çaya atmışdılar. Bu köhnə adət idi. Guya bununla yağış yağdıracaqdılar. Güllünün vəziyyəti, heç kəsin ona yiyə çıxmaması onu bəzən atmacalara, hörmətsizliklərə məruz qoya bilirdi. İllər uzunu davam edən belə şeylər zədə yaratdığından Həsənağa bir an içində Mələyin simasinda öz anasını görməyə başladı. Həsənağa bilir ki, camaat bu nəslin öncədəngörmə qabiliyyətinə inansa da, hətta bir az qorxsa da, yenə də adi sözlə, sübutsuz Alim barəsində bir şey eləmək mümkün olmayacaq. Həm də Həsənağa Mələyi yuxusunda necə bir halda gördüyünü kənd camaatına açmaq istəmirdi. Belə eləsəydi, çıxacaq dedi-qodunu fikirləşdikcə başı zoqqulayırdı. Nəsə başqa bir şey etmək lazım idi. Fikirləşməkdən yığılmışdı. Onsuzda boydan alçaq idi. İndi bir az da yığcam görünürdü. Baxanda rənginin boğulduğu hiss olunurdu. Əvvəl qarayanız idisə, indi rəngi tünd göyə çalırdı. Elə hey fikirləşir, götür-qoy edir, nəyisə ölçüb-biçirdi.
Hərəkətə keçmək qərarına gəldikdən sonra Həsənağa özünü tez-tez Mələkgilin evinə baxan halda tapırdı. Bir vaxtdan sonra söz-söhbət yayıldı, kənd qaynar su kimi qeybət, şər-böhtanla qaynamağa başladı. Həsənağa ilə Mələk arasında gizli, həm də ehtiraslı eşq macərası ağızdan-ağıza dolaşırdı. Amma gündəm çox tez dəyişdi. Təzə xəbərlər əvvəlkiləri unutdurdu. Kəndə hay düşdü ki, Həsənağa Alimi sahədə ov tüfəngiylə vurub. Amma Alim sağ qalıb. Hadisə səbəbi də su növbəsi olub. Düzü, kənddə su sırası üçün tez-tez dava-dalaş olurdu. Hər halda hamı tarlasının qeydinə daha çox qalmaq istəyirdi. Amma su üstündə adam vurmaq hər dəfə ələ düşən xəbər deyildi. Hələ vuranla vurulanın yanaşı qonşu, həm də uzaq qohum olmaları məsələni daha da maraqlı edirdi.
Uzun sözün qısası, bu hadisədən sonra Həsənağanı həbs elədilər. İşin ən maraqlı tərəfi də odur ki, Həsənağa məhbusluğun ilk aylarında vəfat elədi. Bir o dəqiqdir ki, yuxudan ayılmamışdı. Elə bu işdə də fikirlər haçalanmışdı. Bəziləri dedilər ki, ürəyi qubar gətirib partlayıb. Bir qisim adamlar da inanırdi ki, Alim onu içəridə zəhərlədib. Belə olanda da bəzi adamlar deyirlər ki, bəs nə oldu, 10 il sonranı bilən adam zəhəri bilmədi? Nə bilmək olar. Bəlkə də aləmi bəzəyib, özü lüt gəzmişdi.
Heç kəs bilməsə də, mən bilirəm ki, Həsənağa peşman olmuşdu. Amma dəqiq bilmirəm, əməlindənmi, yoxsa dünyaya gəldiyindənmi, yoxsa vaxtında uzaqlara köçmədiyindənmi…
Bir dəfə mənə demişdi ki, Allahı göylərdə axtaranda tapdım, insanların qəlbində axtaranda itirdim. Ümumiyyətlə, Həsənağa qəliz adam idi.
Təəssüflə onu da deyim ki, Həsənağa olacaq hadisələri qabaqlaya bilmədi. Qorxduğu hadisə ölümündən iki il sonra oldu.
O gün çox gözəl görünürdüm. Gözlərim işıq saçırdı. Ev işlərini görə-görə zümzümə edirdim. Səhər tezdən oyanıb ev-eşiyi təmizləyib özümə də sığal çəkmişdim. O gün mənim günüm idi axı. Qadınlar günü.
Gülləri çox sevdiyimi evdə hamı bilir. Qızım da, institutda oxuyan iki oğlum da. Yoldaşım da bilir, ancaq buna baxmayaraq o, mənə heç vaxt gül almır. Səbəbini bilmirəm. Başqa nəsə ala bilər, amma gül almır.
Elə işlərimi bitirib oturmuşdum ki,qapının zəngi basıldı.
Bayram əhvalı- ruhiyyəsiylə qapını açdım.
Qarşımda dayanan cavan oğlan bir səbət qızılgülü mənə uzadıb:
– Xanım, bu güllər sizə çatacaq!- dedi.
Sevincimi boğa bilməyib
-Nə gözəl güllərdir! Dəqiq mənə çatacaq?- deyə soruşdum.
-Bəli. Buyurun!-deyib gülləri mənə verdi oğlan.
Mən gül səbətini alıb qapını bağladım.
Otaqda gülün üstündəki kiçik zərfi acdım və
“Sevgilim,səni çox sevirəm! Bayramın mübarək!” sözlərini oxuyurdum ki,yoldaşım yaxınlaşıb kağızı məndən aldı, bir mənə, bir güllərə baxıb yazını oxudu və:
– Kimdəndi bu?
– Bilmirəm,- dedim
-Bəs kim bilir?
– Mən elə bildim ki…
İstədim deyim ki, elə bildim sən mənə sürpriz etmisən ,ancaq yoldaşım sözümü bitirməyə imkan vermədi.
– De görüm, kimdi sənə “sevgilim” yazıb gül göndərən?-deyə bağırdı.
– Bilmirəm, dedim. Mən bilmirəm. Adını yazmayıb! – dedim.
– Əlbəttə yazmaz. Ancaq sən sevdiyin gızılgülləri bilir. Demək bu adam sənə çox yaxındır. Sanki evin içidir.
Kişi özündən çıxdı. Yersiz ittihamlar, olmayan sözlər, cavanlıqda etdiyimiz səhvlər- hamısı yada düşdü.
Mən günahsız olaraq təhqir edildim, ünvanıma yaraşmayan sözlər deyildi.
Əlacsız qalıb ağladım. Elə ürəkdən ağladım ki, özümün özümə yazığım gəldi.
Düşündüm ki, kaş həqiqətən məni bu qədər sevən bir kəs olaydı və bu gülləri mənə o göndərəydi! Kaş ki… Onda bəlkə bu qədər yandırmazdı məni bu haqsızlıq.
O bayram günü məni sakitləşdirmək də keçmədi ağlından yoldaşımın.
Qapının zəngi yenə basıldı. Əllərində bir dəstə qızılgül böyük oğlum gəldi. Mənim o üzümdən bu üzümdən öpüp təbrik etdikdə daha da kövrəldim.
– Atamın hədiyyəsi mənimkindən gözəldir təbii ki, deyə səbətdəki, güllərə işarə etdi.
Yoldaşım özünü itirmişdi. Nə sual verə bilir, nə də bayaqdan ünvanıma dedikləri üçün üzr istəyə bilirdi.
Oğlum mənə xoş gəlsin deyə atasının adından zərfə qoyulan kiçik məktubu və bir səbət qızılgülü evə yollayıbl ki, güya bunu atası sifariş edib. Atasını xəbərdar etməyi isə unudub.
Bir neçə dəqiqədən sonra onlar, sanki heç nə baş verməmiş kimi, bu əhvalatı danışıb gülürdülər.
Mən də o günü ömürlük yadımda saxladım. O gün dərk etdim ki, səni anlamayan,sənə etibar etməyən,sənin qəlbini duymayan insan sənə heç vaxt gül ala bilməz…