SÖNMƏZ GÜNƏŞ Çaylar, göllər, dənizlər yox, Kükrəyirdi okeanlar Azərbaycan yaşayırdı Fırtınada qorxunc anlar. *** Dalğaların uğultusu Yayılmışdı çox ellərə. Okeanın açar-pultu. Verilmişdi yad əllərə. *** Qorxu, hədə harayından Millət yaman bayılmışdı. Tam günahsız bir məmləkət Cinayətkar sayılmışdı. *** Yurdumuza gələn bəla Qəlb ağrıtdı, sinə dəldi. Anaların ağısından Göy ağladı, yer kövrəldi.
ÖLMƏYİB, YAŞAYIR HEYDƏR ƏBƏDİ Qoymadı tökülə millətin qanı, Qorudu, saxladı Azərbaycanı, Gəzdi qitələri, gəzdi dünyanı, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * “Ümid körpüsü”dür gözlərin nuru, Orda qərar tutub Heydər qüruru, Nura qərq elədi qədim Şəruru, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Hər an qalib çıxdı siyasətində, Milləti qoymadı darda, çətində, Vətəni yaşatdı öz qeyrətində, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Onun əsəridir Bakı – Ceyhanım, “Qara qızıl” verən Azərbaycanım, Sabaha inamla qaynayır qanım, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Hər yerdə Heydərin izi görünür, Söhbəti görünür, sözü görünür, Hər kənddə, şəhərdə özü görünür, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Mən Budaq Təhməzəm, yazan əlim var, Xoşbəxtəm, müstəqil, azad elim var, Üçrəngli bayrağım, ana dilim var, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! 13.10.2004.
SƏN BU XALQIN DAYAĞI (Ulu Öndər Heydər Əliyevə) Sən bu xalqın dayağı, Sən tarix yazan insan. Qəmi taleyimizdən Əbədi pozan insan. * * * Millətə hami oldun, Qorudun dilimizi. Adımızı dünyaya Tanıtdı sənin izin. * * * Sahib çıxdın bu elin Aliminə, elminə. Cavid ruhu sevindi Cavid məqbərəsinə. * * * Duymusan hər şairin Şeirinin qüdrətini. Göstərmisən Müşfiqin, Sabirin hikmətini. * * * Sən bu xalqa qaytardın Türkçülüyün ruhunu, Qüdrətini, əzmini, Azadlıq – göz nurunu. * * * Cənnət oldu bu vətən, Çiçək açdı hər qaya. Şahinin ucalığı Dərd yaşatdı qarğaya. * * * Bayrağımız göründü Bayraqlar sırasında. Sözün dağı da yardı Liderlər masasında. * * * Üç tərəfdə quzğunlar Yandı alovumuzdan. Kimsə ötə bilmədi Yel olub yanımızdan. * * * Biz özgüvən qazandıq, Sənsə Ata adını. Kama çatdırdın xalqın Eşqini, muradını. * * * Dərin siyasətinlə Məhv oldu yad tapdağı. Sənin əsərin oldu Azərbaycan torpağı.
İndi 2023-cü ilin, demək olar ki, son aylarını yaşayırıq. Bizi təzə ildən sadəcə 4 aydan da az bir vaxt ayırır. Bu il hər insan üçün müxtəlif, bəziləri üçün maraqlı, bəziləri üçün gözlənilməz, bəziləri üçün isə sürprizlərlə dolu bir il oldu. Lakin əminliklə deyə bilərəm ki, bu il hamı üçün, ələlxüsus da 50 milyonluq Azərbaycan xalqı üçün ən xüsusi, ən önəmli və ən gözəl illərdən biri oldu. Ona görə ki, bu il Azərbaycanda Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev” ili qeyd edilir. Bu il Ulu Öndərimizin anadan olmasının 100 illiyi olduğu üçün böyük tarixi əhəmiyyət daşıyır və mən inanıram ki, bundan sonrakı yüzilliklər ərzində bu ilin tarixi önəmi daha da qabarıqlaşacaq, daha da artacaq.
Mən də 15 yaşı bu il taman olan 10-cu sinif şagirdi kimi özümdə cəsarət taparaq Ulu Öndərimizin 100 illik yubileyinə onun dühasının ümmanında bir zərrə belə olmayacaq qədər kiçik bir yazını qələmə alaraq Öndərimizin yubileyinə hədiyyə etdim. Sayca 7-ci kitabım olacaq bu kitabımı – “Ulu Öndərin işığında” nı Ulu Öndərimizin işıqlı xatirəsinə və 100 illik yubileyinə həsr etmişəm.
Ümumiyyətlə, yazı yazmağa başladığım və kitablarımı çap etdirdiyim zamanlardan başlayaraq bu günə qədər həmişə Ulu Öndərimiz haqqında kitab yazıb çap etdirmək mənim üçün böyük arzulardan, amallardan biri olub. Elə buna görə də zaman-zaman Ulu Öndərimiz haqqında bir çox şeir və məqalələr qələmə almışam. Bu şeir və məqalələri bu kitabdan oxuya və onlarla daha yaxından tanış ola bilərsiniz. Hətta “Ulu Öndərimiz” adlı şeirimə mahnı da bəstələnmişdir. Gələcəkdə Ulu Öndərimizin xatirəsinə həsr edəcəyim kitabımda yer alması üçün bu şeir və məqalələri toplayır, onları xüsusilə qoruyur və saxlayırdım. Bunlarla işimi yekunlaşdırmır, Heydər Əliyev dühası irsinin daha da dərindən öyrənilməsi yolunda yorulmadan çalışır və özümü Ulu Öndərimizin adına və ucalığına layiq əməllərə daim həsr edirdim. Bunun sübutu kitabda oxuyacağınız şeir və məqalələrin “Hərdən uçmaq istəyirəm”, “Ulu Naxçıvanım” və digər şeir və publisistik səciyyəli kitablarımda çap edilməsidir. Mən hər bir kitabımın Ulu Öndərimizdən, onun irsindən bir hissə daşımasına çalışmışam və buna az da olsa, nail olmuşamsa, özümü xoşbəxtlərin xoşbəxti hiss edirəm.
2023-cü il Azərbaycanımızın və xalqımızın üzünə bir Günəş kimi doğduğu zaman mən öz beynimdə həyəcan təbillərinin çalındığını hiss edirdim. Sanki 2023-cü ilin başladığı o günlərdə özümü zamanla, axıb-gedən həftələrlə, günlərlə, saatlarla, dəqiqələrlə yarışan görürdüm. O vaxtdan Ulu Öndərimizin 100 illiyi münasibətilə daha səmərəli və daha çox işlər görməyi qərarlaşdırdım və artıq zamanla yarışa başladım. Kitabın yazılma prosesi belə başladı.
Dərslərimin və ictimai tədbirlərdə iştirakımın yorğunluğu nəticəsində mən ən çox vaxtı yay aylarında tapa bilmişdim. Ona görə də yay günlərində işimi daha da sürətləndirdim və Ulu Öndərimizin irsinin axtarışına çıxdım. Gənc araşdırmaçı kimi Ulu Öndərimiz və onun gördüyü işlər haqqında, bir sıra insanlara məlum olan təşəbbüsləri haqqında, ailəsi və sevimli ömür-gün yoldaşı Zərifə xanım haqqında araşdırmalar aparmağa başladım. Bu zaman özümə məlum olmayan bir sıra detalları gün üzünə çıxartdım. Ulu Öndərimizin gəncliyindən başlamış hətta sovetlər birliyi dövründə türk xalqlarına olan yüksək diqqəti, xüsusilə də altaylıların dərdini bir qardaş kimi dinləməsi və onlara işlərində kömək etməsi, hətta onlara türk olduqlarını, qardaş olduqlarını xatırlatması və bir sıra bunun kimi təşəbbüslər araşdırmalarım əsasında yenidən oxucuların nəzərinə çatdırdım. Hesab edirəm ki, bu məqalələrin işığında Ulu Öndərimizin türk birliyinə olan sədaqəti və bu yöndə olan təşəbbüsləri bundan sonra da araşdırılacaq və neçə-neçə yeni məqalələr yazılacaqdır.
Ulu Öndərimizin qardaş Türkiyə ilə olan əlaqələri xüsusilə diqqətə və təqdirə layiqdir. Uzaqgörən liderimizin böyük türk siyasətçiləri Rəcəb Tayyib Ərdoğan və Dövlət Baxçalıyla olan görüşləri dünənimizdən bu günümüzə işıq tutur, qəlblərdən-qəlblərə çəkilən Ümid körpüsünü nura boyayır.
Oxucularıma əminliklə deyə bilərəm ki, araşdırmalarımda toxunduğum mövzular və hadisələr tamamilə realdır, Ulu Öndərimizin zaman-zaman çıxışlarında dilə gətirdiyi kəlamlardır və istinadları da tam yerindədir.
Kitabımın Ulu Öndərimizin 100 illik yubileyi və Qarabağda keçirilən lokal antiterror əməliyyatı zamanı Qarabağımızın erməni terrorçularından tamamilə azad olunması, onların təslim olması fonunda da oxucular tərəfindən dəyərləndiriləcəyinə, sevilərək oxunacağına ümid edirəm və bundan əminəm.
Kitabım Ulu Öndərimizin müqəddəs ruhuna, böyük irsinə və göylər qədər əbədi olan ucalığına ərməğan olsun!
Ruhun şad olsun, Ulu Öndərimiz! 50 milyonluq böyük Azərbaycan xalqının və bir ucu Qərbə, bir ucu Şərqə uzanan böyük türk millətinin qəlbində dünya durduqca yaşayacaqsan!
Ulu Öndərimizin hər zaman dayağı, dəstəyi olmuş, həyatda onun üçün ən sadiq insan olmuş ömür-gün yoldaşı, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyeva haqqında
Azərbaycan-türk qadını, türk anası hər zaman hər sahədə müsbət mənada bütün dünya qadınları arasında öz fərqliliyini, ağırlığını, sanballılığını, ucalığını nümayiş etdirmiş və seçilənlərdən olmağı bacarmışdır. “Qadınlıq” sözü, “analıq” sözü hər zaman Azərbaycan qızlarının, gəlinlərinin. qadınlarının timsalında daha da dəyərə, qiymətə minmiş, daha gözəl və daha qürurlu bir şəkildə səslənmişdir. Azərbaycan qadınları öz xalqını, öz ölkəsini bineyi-qədimdən çox gözəl və layiqli şəkildə təmsil edərək bu qadınlıq, analıq adını zirvələrə qaldırmışlar. Bunun nümunələrini keçmişimizdən görmüşük, indi görürük və gələcəkdə də görəcəyimizə şübhə etmirik. Ataların misalında deyildiyi kimi “ot kökü üstə bitər”. Bizim xanım-xatın qadınlarımız öz ömür-gün yoldaşlarına ömür boyu sadiq qalmış, dəstək olmuş, ən yaxşı anında onunla sevinmiş, ən pis anında onları tərk etməmiş, onların ömür boyu yanında olmuş, səsinə səs vermişdir. Azərbaycan qadını, Azərbaycan anası özünün zinəti olan əxlaqından və imanından heç bir zaman ayrılmamış, bütün ömürünü düzlük içində, haqq-ədalət, ana, qadın isməti, abırı, həyası içərisində yaşamışdır. Dünyanın bir çox yerindən Azərbaycanın tarixini öyrənən tədqiqatçılar haqlı olaraq heyrətlənir və belə bir sual soruşurlar: “Azərbaycan qadınları dünya qadınlığı içərisində necə bu qədər böyük nüfuza, sevgiyə, hörmətə və diqqətə sahib ola biliblər?”. Bu, əslində cavabı elə də çətin olmayan bir sualdır. Bunun cavabını dünya xəlq olandan bu günə qədər öz fəaliyyətlərini davam etdirən xanımlarımızın misalında, ər igidlərinə hər zaman dayaq olan Tomris xatunun, Sara xatunun, Koroğlunun ömür-gün yoldaşı Nigarın, Qaçaq Nəbinin həyat yoldaşı Həcərin və adlarını bildiyimiz və ya bilmədiyimiz neçə-neçə Azərbaycan xanımlarının timsalında, onların həyatı ilə tanış olaraq, öyrənərək tapa bilərlər. Bir də ən əsası bir şəxsiyyətin, fenomenin və böyük insanın xanımı timsalında… Xalqımızın Ulu Öndəri olan Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloqumuz, akademik Zərifə xanım Əliyevanın timsalında.
İnsanlar sevgi, məhəbbət haqqında fikirləşəndə bu qənaətə gəlirlər ki, əsl sevgi gərək odlardan, alovlardan keçsin, bir çox qət olunması mümkünsüz olan zirvələri fəth etsin, maneələri, sədləri aşsın və sonda sonsuz, əvəzsiz, şirin vüsala yetişsin. Onda həmin sevgi əsl sevgidir və o sevgi nəinki bir ömür boyu, hətta bir dünya boyu yaşayacaq, yaşadılacaqdır. O sevgi dünyanın ən saf, təmiz məfhumudur və heç bir zaman təmizliyini, saflığını itirməyəcəkdir. Belə sevgilər dünyada az-az, demək olar ki, çox nadir hallarda olur, meydana gəlir. Bir fidan kimi qəlblərdə yetişən o sevgi gün gələndə böyük, uca, ən güclü qasırğalara və fırtınalara davamlı olan çinar ağacına çevrilir. O çinarın neçə-neçə budaqları, qolları olur. O budaqlar, o qollar əsl sevgidən yaranmış sədaqət, nəciblik, böyüklük timsallı sevgilərdir. Mən Ulu Öndərimiz Heydər Əliyevlə onun ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın sevgisini şəksiz və şübhəsiz olaraq əsl sevgi adlandırıram. Tam mənasında inanıram ki, bu sözümü təsdiq edən çoxlu təkzibedilməz sübutlar var. Ulu Öndərimizin Zərifə xanımla ömrünü birləşdirmək yolunda keçdiyi çoxlu maneələr, getdiyi yollarda olan burulğanlar, tufanlar, fırtınalar bunun ən böyük misalıdır. XX əsrin 50-ci illərində Azərbaycanın siyasi həyatında baş verən o qanlı-qadalı hadisələrlə dolu günlər buna misaldır. Elə o əsl sevgi fidanını böyüdüb, bəsləyib uca və ulu bir çinar edən də budur. Əsl sevgi ağacı sudan, havadan yox, maneələrdən, tufanlardan, fırtınalardan qidalanır və bu səviyyəyə çataraq aliləşir, müqəddəsləşir. O ulu çinar ağacı sevgidən güc aldığı üçün ən böyük fəlakətlərdə yerindən bir azca da olsa tərpənmir belə. Hətta fırtınaları, tufanları titrədir, yurdları, yerləri viran qoyan sellərin özünün önünə sipər olur, onu dayandırır, səmtini dəyişir, dağıdıcı havasını alır. Bu ali sevgini, məhəbbəti belə vəziyyətə gətirən nədir? Qorxmazlıq, sadiqlik, səbirlilik, dözümlülük, təmkinlilik… Ulu Öndərimizin gələcək sevgilərə bir ilham xarakteri daşıyan sevgisi belə başladı, davam etdi və özünün ən böyük zirvəsinə, kuliminasiya nöqtəsinə belə çatdı.
Zərifə xanım xalqımızın böyük alimi, elm və səhiyyə sahəsində tanınmış xadim, Azərbaycanı bütün Sovet məkanında, o vaxtkı sosialist ölkələrində tanıdan, sevdirən böyük bir şəxsiyyət idi. Ulu Öndərimiz siyasi uzaqgörənlik, idarəçilik qabiliyyəti baxımından, Zərifə xanım isə tibb və elm sahəsində fəaliyyəti baxımından Azərbaycanın nə qədər qüdrətli, əzəmətli və zəngin bir ölkə olduğunu, demək olar ki, bütün dünyaya çatdırmışdı. Görkəmli oftalmoloqumuz Zərifə xanım Tomrisin, Sara xatunun, Nigarın, Həcərin SSRİ dönəmində – o qanlı-qadalı illərdə ən böyük və layiqli davamçısı olaraq fəaliyyət göstərirdi. Azərbaycanın əməkdar elm xadimi kimi ali və şərəfli ada layiq görülmüş Zərifə xanım həm də oftalmologiya sahəsində müəllifi olduğu kitablarla necə təhsilli, təcrübəli və bacarıqlı oftalmoloq olduğunu göstərirdi. SSRİ səviyyəsində qazandığı ali məqam, şöhrət və yüksək dərəcədə olan hörmətin nəticəsi olaraq Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü seçilmişdi. 1981-ci ildə Sovet məkanında SSRİ Tibb Elmlər Akademiyasının M.İ. Averbax adına Mükafatına layiq görülmüş ilk qadın olması onun nəinki Azərbaycan qadınını, həm də Şərq qadınını layiqincə təmsil etməsindən xəbər verirdi.
Zərifə xanım Ulu Öndərimizə layiq bir xanım və ömür-gün yoldaşı idi. Onunla tanış olduğu ilk gündən vəfat etdiyi günə qədər ona olan sadiqliyi, əbədi və dönməz sevgisi, hörməti, diqqəti ilə bütün xanımlara örnək idi. Zərifə xanım sadiq həyat yoldaşı olduğu kimi mehriban, qayğıkeş, fədakar bir ana idi. O, Ulu Öndərimizə iki layiqli övlad – Sevil xanımı və hörmətli cənab Prezidentimiz İlham Əliyevi böyütmüş, vəfat etdiyi günə qədər onları gözü kimi qorumuş, canından da artıq sevib dəyər vermişdi. Zərifə xanımın Azərbaycan xalqına İlham Əliyev fenomeni kimi əsrin qəhrəmanı sayılacaq dərəcədə ali, müzəffər və böyük bir şəxsiyyət yetişdirməsi, bu xalqa, bu millətə nə dərəcədə böyük fədakarlıqlar etməsi və xeyir işlər görməsi faktı danılmazdır.
Qeyd edilənlərlə bərabər Zərifə xanım Əliyeva həm də hikmətli, şəfqətli və yüksək dünyagörüşlü bir həkim idi. Bunun sübutunu onun müəlliflik etdiyi “Yüksək əqidə” kitabında tapmaq olar, orada deyilir:
“Ölkə, cəmiyyət nə qədər inkişaf etmiş olursa, onun insanları da, mənəvi cəhəti də, humanistliyi də yüksək olur, eyni zamanda həkimin mənəviyyatı da, insanpərvərliyi də diqqəti cəlb edir.
Həkim çox səbirli olmalıdır. O, xəstənin daxili aləminə girib onu başa düşməsi üçün “Şəhrizadın uzun-uzadı nağılı”nı dinləməyi bacarmalıdır. İnsanın və xüsusilə xəstənin daxili aləmi də onun orqanizmi kimi mürəkkəbdir.
Vicdan – bizim əsas hakimimizdir.” və s.
Yuxarıdakı sitatlardan da göründüyü kimi Zərifə xanım vicdanlı, humanist bir həkim, bir insan olaraq təkcə xəstələrinin yox, öz ölkəsinin, cəmiyyətinin, digər ölkə və cəmiyyətlərin, bir sözlə, bütün dünyanın xeyrini istəyir, bunun üçün çalışır və bütün ömrünü, həyatını bunun üçün sərf edirdi. Onun sədaqəti, sevgisi təkcə Ulu Öndərimizə, övladlarına, gözəl ailəsinə deyil, eyni zamanda doğma xalqına, ölkəsinə və elə bütün dünyaya idi.
Zərifə xanımın sevgisində o, vəfat edəndən sonra da ayrılıq baş vermədi. Oxucu haqlı olaraq soruşa bilər ki, axı Zərifə xanım 1985-ci ildə amansız xəstəlikdən dünyasını dəyişdi, bəs onlar ayrılmış olmadılar?! Xeyr, onlar ayrılmış olmadılar. Onlar heç bir zaman ayrılmadılar. Ulu Öndərimiz heç bir zaman onu unutmadı. Məzarını ziyarət edərkən əlini Zərifə xanımın qəbirüstü abidəsinə qoyaraq fikrə getməsi, dəqiqələrcə onun abidəsinə tamaşa etməsi, tədbirdə “Tut ağacı” mahnısını dinləyərkən kövrəlməsi onun Zərifə xanımı nə qədər böyük və sarsılmaz məhəbbətlə sevdiyini göstərirdi. Rejissor Vaqif Mustafayevin çəkdiyi “Əsl məhəbbət haqqında” adlı filmə baxarkən biz Ulu Öndərimizlə Zərifə xanımın böyük sevgisinin bir daha şahidi oluruq. Zərifə xanım vəfat etsə də, bütün varlığı ilə Ulu Öndərimizin və onu sevənlərin qəlbinə köçdü, orada həyatını davam etdirdi və indi də həyatına davam edir. Zərifə xanım ölməyib, o, Ulu Öndərimizə duyduğu sevgi qədər əbədidir, onu sevənlərin qəlbində ölməzliyini qoruyub saxlayır və saxlayacaqdır.
Yazarlar”jurnalının baş redaktoru Zaur USTAC “Heydər Əliyev ili” çərçivəsində səmərəli fəaliyyətinə görə “Heydər Əliyev 100” Fəxri media mükafatı ilə təltif olunub. “Yazarlar” kollektivi adından Zaur müəllimi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!!!
14 İYUL 1969-CU İL – MÜSTƏQİL VƏ QÜDRƏTLİ AZƏRBAYCAN DÖVLƏTİNİN TƏMƏLİNİN QOYULDUĞU GÜNDÜR.
Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
“İRƏVAN” Futbol Klubunun rəhbərliyi, idmançılar və media nümayəndələri bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Ziyarətçilər Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi.
Daha sonra klubun prezidenti Zahid Niyazəliyev və 1-ci vitse-prezidenti Zülfüqar Kazımov başda olmaqla idarə heyətinin üzvləri Canbaxış Hüseynovu, Alı Alıyevi, Həsən Həsənovu, Namiq Ramazanovu,idman direktoru Vüqar Nuruşov, baş məşqçi Elbrus Məmmədovu və onun köməkçiləri – Adil Məmmədovu və Vidadi Hüseyov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının baş redaktoru Akif Cabbarlı, “MissiyaTv”-nin əməkdaşı,telejurnalist Leyla Səməndər, “Sportinfo” qəzetinin müxbiri İlkin Sultanlı, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın da daxil olduğu “İRƏVAN” Futbol Klubunun rəhbərliyi, idmançılar və media nümayəndələrindən ibarət ziyarətçilər qrupu Şəhidlər xiyabanını ziyarət edib. Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.
Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
Türk dünyasının böyük oğlunun dövlət xadimi kimi formalaşmasında ötən əsrin 50-60-cı illəri həlledici rol oynayıb. Məhz bu illərdə vəzifə pillələrində yüksəlişi Ona imkan verirdi ki, sovet dövlətçiliyinin mahiyyətinə dərindən bələd olsun. Həmin illərdə milli kadrlar heç nəyi həll edə bilmirdi, dövlət təhlükəsizliyi orqanlarında isə vəziyyət, sadəcə olaraq, milli mənafelər baxımından faciəli idi. Dahi şəxsiyyət Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə çalışırdı. Bunlardan birincisi isə xalqı özünə tanıtdırmaq, onun etnokulturoloji həyatını bərpa etmək idi. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı.
Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazım idi. Buna görə də 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi. Həmin illərdə isə iqtisadi vəziyyət acınacaqlı idi. Belə ki, ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi. Baxmayaraq ki, ölkəmizin imkanları yetərincə idi, ancaq təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi. Nəticədə, ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu.
Ulu Öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.
Müasir Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərimiz ötən əsrin 70-80-ci illərində sovet dövlətinin iqtisadi potensialından Azərbaycanda iqtisadiyyatın və mədəniyyətin inkişafı üçün bacarıqla istifadə etmişdir. Beləliklə, Azərbaycan xalqının rifahının yüksəldilməsi təmin olunmuş və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Görkəmli dövlət xadimi ittifaq tərkibində Azərbaycanın iqtisadi müstəqilliyini və respublika əhalisinin məşğulluğunu təmin etmək üçün yeni müəssisələrin yaradılmasını əsas məqsəd kimi qarşıya qoymuşdu. Xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri istifadəyə verilmişdir. 20 milyon kvadratmetr mənzil sahəsi, yüzlərlə məktəb, klub, xəstəxana, istirahət evləri tikilmişdir. Bakının ətrafında yeni mikrorayonlar, Badamdar, Əhmədli, Günəşli, Hövsan və sair kimi yeni yaşayış massivləri salınmışdır. 1983-cü ildə Bakı-Qroznı neft kəmərinin, 1985-ci ildə Dərin Dəniz Özülləri Zavodunun, Bakıda “Ulduz” Elektrik Cihazqayırma, Sumqayıtda Məişət Kompressorları zavodlarının, 1981-1984-cü illərdə Şəmkir Su Elektrik Stansiyasının və digər sənaye obyektlərinin tikilib istifadəyə verilməsi sürətlə inkişaf edən Azərbaycanda əhalinin rifahının yaxşılaşmasına ciddi təsir göstərmişdir. Sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artmış, 581 adda yenitipli maşın, avadanlıq və cihaz nümunələri yaradılmışdır. 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, istehsal sahəsi istismara verilmişdir. Beləliklə, Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmişdir.
Ümummilli Liderimiz 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə deyirdi: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır… SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərdilər. Aparılan təhlillər göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi”.
Azərbaycan xalqının böyük oğlu 1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, həmin illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Ümummilli Liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər. Buradan da göründüyü kimi, XX əsrin 70-80-ci illərində Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb.
Ulu Öndər ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atıb, imperiya rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olub. Həmin dövrdə bu məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilib, milli kadrların hazırlanması problemi öz uğurlu həllini tapıb. Ümummilli Liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynayıb.
Ümummilli lider Heydər Əliyev milli kimliyimizi yaşadan ana dilimizin inkişafını da xüsusi diqqət mərkəzində saxlayıb, Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət haqqı və milli özünüdərk gətirib. Xüsusilə qeyd etmək lazımdır ki, Ulu Öndər 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misligörünməmiş cəsarət, siyasi müdriklik nümayiş etdirib, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirib.
Dahi rəhbər yüksək səviyyəli digər yığıncaqlarda, konfranslarda, dövlət səviyyəsində aparılan tədbirlərdə ana dilində parlaq çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazanmışdı. 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Azərbaycan rəhbərinin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindəki siyasi fəaliyyəti ulu öndər Heydər Əliyev şəxsiyyətinin Sovetlər Birliyi miqyasında bir daha təsdiq olunduğu, Azərbaycanın dünya səviyyəsində tanıdıldığı dövrdür. Azərbaycanı həmin illərdə də diqqətdən kənarda qoymayan Ümummilli Liderimiz bütün imkan və bacarığını respublikamızın tərəqqisi və inkişafına yönəldib. Nəticədə, görkəmli dövlət xadimi Heydər Əliyevə görə keçmiş Sovetlər Birliyində ittifaq dövlətləri Azərbaycanla hesablaşır, ölkəmizdəki inkişafın qarşısını almağa, torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmirdi. Təsadüfi deyil ki, Azərbaycanı parçalamaq istəyənlər yeganə çıxış yolunu ulu öndəri siyasi fəaliyyətdən kənarlaşdırmaqda görürdülər. Nəhayət, 1987-ci ildə bu məkrli plan həyata keçirildi, Ümummilli Liderimiz rəhbər vəzifədən uzaqlaşdırıldı. Elə Azərbaycanın dəhşətli, faciəli günləri də bundan sonra başlandı. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edildi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Lakin yenə də Ulu Öndər xalqının səsinə səs verdi, siyasi təqiblərə baxmayaraq, Azərbaycan uğrunda mübarizəyə qayıtdı.
1990-cı il iyulun 20-də Ümummilli Liderimiz Bakıya gəldi. İki gün sonra – iyulun 22-də isə doğma Naxçıvana qayıtdı, bu qədim diyardan Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etdi. Ulu Öndər 1990-1993-cü illərdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən xilası və böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər gördü. Dahi şəxsiyyətin Naxçıvandan başladığı müstəqillik yolu Azərbaycanın qurtuluş mübarizəsinə çevrildi. Üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Ulu Öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentində qaldırıldı, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikası iştirak etmədi.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyası çox böyük uzaqgörənliklə yekdillik nümunəsi göstərərək görkəmli dövlət xadimi Heydər Əliyevi Ali Məclisin Sədri seçdi. Naxçıvanlıların bu müdrik seçimi muxtar respublikanı real işğaldan və qaçqın həyatı yaşamaq təhlükəsindən xilas etdi, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvandan başlandı, bir sözlə, müstəqil dövlətçilik yolunda mühüm və əhəmiyyətli addımlar atıldı. Ümummilli Liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalq-lider birliyinin nələrə qadir olduğunu bir daha təsdiq etdi.
Naxçıvanda dövlət quruculuğu prosesinin getdiyi həmin dövrdə ölkəmiz hakimiyyətsizlik, vətəndaş qarşıdurması, dövlət müstəqilliyini itirmək, işğal və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Azərbaycana “rəhbərlik edənlər” ölkənin və xalqın gələcəyini deyil, öz şəxsi mənafelərini güdürdülər. Belə bir dövrdə xalqımız ümid yeri kimi Naxçıvana – ümummilli liderimiz Heydər Əliyevə üz tutdu, onu təkidlə siyasi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 15-də Ulu Öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin əsasını qoydu, ölkəmiz təlatümlər burulğanından xilas oldu, müstəqilliyimiz qorunub saxlandı, vətəndaş müharibəsinin qarşısı alındı, möhkəm ictimai-siyasi sabitlik yaradıldı, Azərbaycan yenidən əsası 1969-cu ildən başlanan inkişaf yoluna qayıtdı.
Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. 1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik ölkəyə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb olub.
Dahi rəhbərin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan Azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərinin daha da dərinləşdirilməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirmişdir.
Ulu Öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.
1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.
Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoydu. Heydər Əliyev zəkası bütün sədləri yararaq, qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı.
Azərbaycanı bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intellektual səviyyəsi, bütün müsəlman Şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz böyük öndərimiz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.
Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımızın naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil və demokratik dövlətdə yaşadıqlarına, bütün demokratik dəyərləri özündə əks etdirən vətəndaş cəmiyyətində fəaliyyət göstərdiklərinə, xoşbəxt gələcəklərinin sahibləri olduqlarına görə Heydər Əliyev şəxsiyyətinə borcludurlar.
Yəqin ki, bu sözlərin kimə aid olduğunu çoxunuz bilirsiniz. Əlbəttə, bu sözləri demək asandı və onu hər kəs söyləyə bilər. Ancaq bu ürəkdən gələn sözlər insanın bütün qəlbi ilə özünəməxsus şəkildə ifadə ediləndə könüllərə yol tapır. Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev kimi…
Ümummilli lider Heydər Əliyev fenomen bir insan, böyük şəxsiyyət idi. Məhz o Azərbaycanı qardaş qırğınından, ölkəni parçalanmaq təhlükəsindən xilas etməyi bacardı. Elə buna görə də, adı tariximizə qızıl hərflərlə Xilaskar kimi daxil edildi.
Bu gün də uşaqların “Heydər baba”, böyüklərin “Ulu Öndər”, deyə öydüyü Heydər Əliyevin adı Azərbaycanın taleyinə, onun keşməkeşli tarixinə qızıl hərflərlə yazılıb. Onun gördüyü bütün işlər xalqın gözü önündə idi. Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi dövr Azərbaycanın qaçqın-köçkün problemləri ilə yükləndiyi, iqtisadi-sosial vəziyyətin çətinliyi, xarici əlaqələrin zəif olduğu bir zaman kəsiyi idi. Ancaq xalq ona inanırdı, bilirdi ki, ölkəni çətin vəziyyətdən ancaq onun güclü iradəsi, uzaqgörən siyasəti və millətinə olan sevgisi çıxara bilər. Bu böyük ürəkli insan, ölkə başçısı Azərbaycana gəlmiş xarici nümayəndələri, dövlət rəhbərlərini özü ilə köçkünlərlə görüşlərə dəvət edirdi. Çalışırdı ki, Ermənistanın Azərbaycana təcavüzünu dünyaya olduğu kimi çatdırsın, onlar həqiqəti öz gözləri ilə görsünlər və erməni yalanlarına uymayıb haqqın, ədalətin yanında olsunlar…
Bu böyük insan tez-tez köçkünlərlə görüşürdü. Deyirdi ki, mən həmişə Sizinlə birlikdəyəm. Qəlbən Sizinlə o çadırlarda, vaqonlarda mən də yaşayıram. Sizə dəyanətinizə, dözümünüzə görə minnətdaram. Sizin dəyanətinizə güvənirəm… Təkcə sözdə deyil əməldə də, daim onlarla birgə olan ölkə başçısını yurdundan didərgin insanlar çox sevirdilər. Onu görən kimi başına toplaşır, dərdlərini, qayğılarını çəkinmədən söyləyirdilər. Müdrik ölkə başçısı onları dinləyir, problemlərini tez bir zamanda həll edirdi. Köçkünlərin qayğısına qalmayan, onların halına yanmayan yerli icra başçılarını, məmurları cəzalandırırdı. İndi də keçmiş məcburi köçkünlər xatırlayırlar ki, bu gün ölkə başçısına bir dərdimizi deyirdik, səhəri gün həmin problem onun sərəncamı ilə həll edilirdi.
Heydər Əliyev çadırlara baş çəkirdi, köçkünlərin həyat şəraitini öz gözləri ilə görür, onların dolanışığı ilə yaxından tanış olurdu. Tez-tez köçkünlərin məskunlaşdığı ərazilərə nümayəndələr göndərirdi.
Heydər Əliyev unikal bir insan idi. Onunla bağlı xatirələrini söyləyənlər deyirlər ki, Ulu Öndər vətəndaşlara qarşı diqqəti, məhəbbəti ilə özünü sevdirməyi bacarıdı. Necə deyərlər, elin şən günlərində qol götürüb oynayar, kədərli günlərində qəlbi onunla bir döyünərdi… O böyük ürəkli insan elə bu səmimiyyətlə də Azərbaycandan dünyaya bir pəncərə açdı. Elə bir pəncərə ki, bu gün də, haqqında dünyaşöhrətli siyasətçilər, ölkə başçıları ağızdolusu danışır, onun dünya siyasətçiləri arasında öz çəkisi və yeri olduğunu xüsusi vurğulayırlar…
Bütün dahilər kimi onun da yoluna daşlar atıldı. Ancaq ayağına dolaşmağa çalışanlar özləri dolaşığa düşüb bir küncə çəkilməyə məcbur oldular.
Azərbaycan isə inkişaf elədi, ölkədə iqtisadi-sosial vəziyyət dəyişdi, mədəni həyatda çoxlu uğurlar qazandı. Dünyada söz sahibi oldu. Heydər Əliyev böyük dövlətlərin başçıları ilə dostluq münasibəti quraraq onlara Azərbaycanı tanıtdı.
Onun üçün hər addım Azərbaycanın gələcəyinə hesablanmışdı. Elə indi də bu dahi insanın ideyaları bizimlə yaşayır. Belə ki, Ulu Öndərin siyasi kursunun yetirməsi olan ölkə başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzla qələbə qazandı və ata vəsiyyətini yerinə yetirməklə bu böyük insana olan mənəvi borcumuzu yerinə yetirdi.
Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki onun canından artıq sevdiyi Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında quruculuq işləri sürətlə həyata keçirilir. Keçmiş məcburi köçkünlər artıq öz doğma ocaqlarına qayıdırlar.