Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-27 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Sentyabrın 24-də mədəniyyət günləri çərçivəsində Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında qazax dilində nəşr edilmiş “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” mövzusunda ədəbi-poetik məclisi təşkil olunub. Tədbirdə Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər. Kitab haqqında məlumat verən tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi qeyd edib ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyidir. Bu münasibətlə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən qazax dilində Füzulinin qəzəlləri və qəsidələrindən ibarət “Füzuli – 530 misra” kitabı nəşr olunub. Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Arxiv, sənədləşmə və kitab işi komitəsinin sədri Rüstəm Əli Azərbaycan Mədəniyyət Günlərinin önəmindən danışıb. Vurğulayıb ki, iki ölkə arasındakı dostluq və hərtərəfli əməkdaşlıq bundan sonra da davam edəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığından söz açıb. Bildirib ki, 2024-cü il yanvarın 25-də Prezident İlham Əliyev Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. O, anadilli poeziyanın mükəmməl nümunələrini yaradıb, Azərbaycan ədəbi dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib. Dahi şairin 530 illiyində belə bir kitabın nəşr olunması böyük əhəmiyyətə malikdir. Azərbaycan Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Məhəmməd Füzulinin əsərlərinin bu gün də öz aktuallığını qoruyub saxladığını söyləyib. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Məhəmməd Füzulinin əsərlərinin qazax dilinə tərcüməsi” mövzusunda çıxış edib. Azərbaycanın Xalq yazıçısı Elmira Axundova mədəniyyət günləri çərçivəsində təqdim ediləcək “Zərifə və Heydər Əliyevlər. Əbədi məhəbbətin tarixçəsi” kitabı haqqında məlumat verib. Daha sonra mövzu ətrafında AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizova, kitabın tərtibçisi, şair, tərcüməçi Fərid Hüseyn və başqaları çıxış ediblər. Bədii hissədə qiraətçi, aktyor Hüseynağa Aslanov və aktrisa Jalə Novruzova tərəfindən Füzulinin bir sıra qəzəlləri səsləndirilib. Xanəndələr – respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynli və Leyla Rəhimova Füzulinin qəzəllərini muğam üstə ifa ediblər. Qazaxıstan aktyorları Kazibek Iskara və Guldana Alixan tərəfindən Füzuli şeirlərinin qazax dilinə tərcümələrindən nümunələr təqdim olunub. Qiraətçiləri Əməkdar artist Toğrul Əsədullayev (kamança) və respublika və beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev (tar) müşayiət ediblər. Qeyd edək ki, layihənin rəhbəri və müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, kitabın tərtibçiləri şair, tərcüməçi, AYB-nin katibi Səlim Babullaoğlu, şair Fərid Hüseyn, redaktoru Nurlıbek Samatulu, məsləhətçisi isə ədəbiyyatşünas Didar Kulkenovdur. Bakıda “Zərdabi nəşr”də işıq üzü görən kitabda dahi şairin 22 qəzəl və 6 qəsidəsi yer alıb. Tədbirdən fotolar:
Detektiv janrının yaranması XIX əsrin sonunda yaşamış Amerika yazıçısı Edqar Alan Ponun adıyla bağlı olsa da, ümumiyyətlə dünya ədəbiyyatında detektiv, daha doğrusu, kriminal süjetlərdən bundan əvvəl də kifayət qədər istifadə olunmuşdu (hətta bəzi tənqidçilər Dostoyevskinin məşhur “cinayət və cəza” romanını da klassik detektiv hesab edirlər). Lakin orta əsrlərdə istər Avropa, istərsə də, Şərq ədəbiyyatında işlənən kriminal süjetlər daha çox macəraçılıq xarakteri daşıdığından, detektiv bir janr kimi tam formalaşa bilməmişdi. Məhz Edqar Alan Podan sonra Avropa ədəbiyyatında detektiv janrının konkret çərçivələri, formaları, qayda-qanunları formalaşmağa başlamış, sonrakı iyirmi il ərzində klassik detektiv janrı öz zirvəsinə çatmışdı. Detektiv janrının klassiklərindən sayılan Artur Konan-Doyl, Hilbert Çesterton, Aqata Kristi, Corc Simenon və s. bu kimi yazıçılar öz əsərlərində klassik detektivin bütün qaydalarını dəqiqliklə işləmiş, təcrübədən keçirmiş, janrın müxtəlif növlərini yaratmışdılar. Yalnız bundan sonra dünya ədəbiyyatında detektiv ədəbiyyat bir janr kimi qəbul olunmuşdu.
Detektiv janrının mahiyyətini düzgün anlamaq üçün bir neçə nüansı bilmək lazımdır. Bir çox hallarda istənilən kriminal süjetli əsərlər detektiv kimi təqdim olunur, janrın incəliklərindən xəbərdar olmayan yazıçılar belə düşünürlər ki, detektiv yazmaq çox asandır, hüquq-mühafizə orqanlarının arxivlərində yığılıb qalmış “cinayət işləri”ni hər hansı kağıza köçürməklə detektiv roman yazmış olurlar. Yox, bu, çox böyük yanlışlıqdır və biz aşağıda oxuyacağınız yazımızda Çingiz Abdullayevin yaradıcılığını araşdırmaqla bərabər, ümumiyyətlə detektiv janrının başlıca xüsusiyyətlərini də açıqlamağa çalışacağıq.
Təkrar edirəm, hər kriminal süjetli əsər detektiv sayıla bilməz. Bir əsr bundan əvvəl Avropa yazıçılarının işləyib hazırladıqları klassik detektiv ənənələri yazıçıdan məntiqi və psixoloji cəhətdən zərgər dəqiqliyi ilə seçilən bir iş tələb edir. Artur Konan-Doylun, Aqata Kristinin, Corc Simenonun, Hilbert Çestertonun əsərləri məhz bu xüsusiyyətinə görə yüzlərlə başqa detektiv müəlliflərinin əsərlərindən qat-qat yüksəkdə dayanaraq dünya ədəbiyyatı tarixinə düşüb.
Yarandığı dövrlərdə detektiv janrının ilk olaraq “hermetik detektiv” növündən istifadə olunurdu. Bu cür əsərlərdə cinayət kiçik bir məkanda (mənzildə, idarədə, gəmidə, qatarda və s.) baş verir və oxucu əvvəlcədən bilir ki, cinayəti məhz bu dar məkandakı insanlardan biri törədib. Əsər boyu oxucu bütün iştirakçıların xarakteri, psixologiyası ilə tanış olur, yazıçıyla bərabər cinayətin müxtəlif versiyalarının üzərində gəzişir, növbə ilə bütün qəhrəmanlardan şübhələnir, lakin sonda məlum olur ki, cinayəti heç kimin gözləmədiyi bir adam (yaxud bir qrup adam) törədib.
Bu cür “hermetik” detektiv əsərlərin bir çox incəlikləri var ki, əgər yazıçı bunları nəzərə almasa, yazdığı əsər, həqiqətən, maraqlı klassik detektiv yox, adi, bayağı və bezdirici istintaq xronikasına çevriləcək. Hansılardır bu incəliklər?
Hadisənin məkanı elə seçilməlidir ki, oxucu kənardan gələn hansısa, naməlum şəxsin bu cinayəti törədə bilməyəcəyinə əmin olsun və inansın ki, cani məhz onun tanıdığı qəhrəmanlardan biridir.
Cinayət törədilən vaxt məlum olan faktlarla, sonradan ortaya çıxan faktlar arasında müvazinət olmalıdır, faktlar və deduktiv düşüncələr bütün əsər boyu oxucuya bərabər şəkildə, hissə-hissə çatdırılmalıdır ki, oxucu əsərin hansısa yerində boşluq hiss eləməsin.
İstintaq aparılan müddətdə qəhrəmanların hamısının xarakteri açılmalı, psixologiyaları verilməlidir ki, oxucunun özü də istintaq aparan şəxslə bərabər hadisələrin gedişatında iştirak etsin, qəhrəmanlara qarşı müəyyən hissləri yaransın, öz şəxsi versiyalarını düşünə bilsin.
Əsərin sonunda cinayəti törədən, oxucunun məhz hamıdan az şübhələndiyi qəhrəman olmalıdır. Bundan savayı, istintaqı aparan şəxs canini ifşa edərkən, oxucunun bilmədiyi heç bir faktdan istifadə etməməlidir. Yəni əsərin sonunda hər şeyin üstü açılandan sonra oxucuda belə bir təəssürat yaranmalıdır ki, bu faktların hamısını mən də bilirdim, bəs necə oldu ki, mən özüm həmin düzgün nəticəni çııxara bilmədim?
Nüans bundadır ki, yazıçı özünə lazım olan, yəni canini ifşa etmək üçün sonda istifadə edəcəyi faktları onlarla başqa lazımsız fakt içinə elə ustalıqla səpələməli, oxucunun diqqətini əsas faktlardan elə yayındırmalıdır ki, oxucu gözünün qabağında olan həqiqəti əsərin sonuna qədər görə bilməsin.
Əgər yazıçı bütün bu incəliklərə dəqiq riayət edə bilirsə, onda əsər çox maraqlı, dolğun, yüksək səviyyəli alınır, lakin əgər hər hansı bir detalın işlənməsində ifrata, yaxud təfritə yol verilərsə, əks effekt alınar.
Məsəl üçün, yazıçı həqiqəti bacarıqla gizlədə bilməsə, oxucu əsərin əvvəlində, yaxud ortasında caninin kim olduğunu anlayacaq və əsər maraqdan düşəcək. Əks halda, yəni yazıçı oxucunun diqqətini həddindən artıq azdırmağa çalışsa, oxucu onun qarşısına qoyulan külli miqdarda faktın içində itib-batacaq, çaşacaq, hər şeyi unudacaq, yenə də əsər onun üçün maraqsızlaşacaq.
Yaxud yazıçı qəhrəmanların xarakteristikasını, insanlar arasındakı münasibətlərin psixoloji təsvirini verməsə, insanı cinayətə sövq edən səbəblərin dərinliklərinə getməsə, yalnız kriminalist faktların təsviriylə kifayətlənsə, nə qədər maraqlı olsa da, bu cür əsər oxucunun mənəvi tələbatını ödəyə bilmədiyinə görə mütaliə bitəndən sonra tezliklə unudulacaq. Lakin əks proses baş verərsə, yəni yazıçı qəhrəmanların psixoloji durumuna, düşüncəsinə həddən artıq yer verib, kriminal süjeti ikinci plana keçirərsə, onda bu əsər artıq klassik detektivlikdən çıxıb, fəlsəfi-psixoloji əsərə çevriləcək.
Yuxarıda adıçəkilən klassik detektiv ustaları məhz bu incəlikləri çox dəqiqliklə işləyə bildiklərinə görə sonrakı detektiv müəllifləri üçün örnəyə çevriliblər.
Ötən əsrin ortalarından etibarən zamanın tələbinə uyğun olaraq detektiv janrının daha bir neçə növü formalaşdı ki, bu da onun bir ədəbiyyat faktı olaraq aradan qalxmasının qarşısını aldı, çünki zamanın inkişafı elə bir sürət almağa başladı ki, artıq klassik detektiv üslubu oxuculara bir qədər darıxdırıcı, dinamikadan uzaq və hətta yorucu görünməyə başlamışdı. Məhz bu zaman Qərb detektiv yazıçılarının ikinci nəsli meydana gəldi. Bununla da detektiv janr ikinci həyatını yaşamağa başladı. Düzdür, bu, “hermetik detektiv” növünün aradan qalxmasına gətirib çıxarmadı, amma əsərlərdə dinamika artdı, hadisələr kiçik, dar məkandan çıxıb daha geniş miqyası əhatə etməyə başladı, qəhrəmanların sayı çoxaldı.
Həmin dövrlərdə Yan Fleminq elə indinin özünə qədər dəbdən düşməyən casus Ceyms Bond haqqında silsilə romanlarla “casus detektivi”nin, Erl Stenli Qardner vəkil Peri Meyson personajı ilə “məhkəmə detektivi”nin, Karter Braun hazırcavab, məzəli xəfiyyə Danni Boydun obrazını yaratmaqla “ironik, yumoristik detektiv” üslubunun əsasını qoydu, Ceyms Hedli Çeyz isə cinayətin açılmasından çox, onun həyata keçirilməsini təsvir edən, istintaq prosesilə bərabər canilərin sərgüzəştlərini də təsvir edən romanlarıyla “ekşn” üslubunu yaradanlardan biri oldu (sonuncu üslubda yazılan əsərlər, adətən cinayətin planlaşdırılıb həyata keçirilməsilə başlayır, yalnız bundan sonra istintaq tədbirləri görülür. Çeyzin romanlarının fərqli cəhəti ondadır ki, oxucu əvvəlcədən cinayəti kimin törətdiyini bilir. Lakin canilərin hansı üsulla ələ keçəcəyi, yaxud onların aqibəti, cinayətin nəticəsi, ən əsas da dinamizm, oxucu üçün əsərin maraqlılığını axıra qədər saxlaya bilir. Ötən əsrin səksəninci illərində Çeyzin romanı əsasında Pribaltika kinematoqrafçıları tərəfindən çəkilən və o vaxtlar SSRİ-də həddən artıq məşhur olan “Mirac” filmini xatırlmaq kifayətdir).
1950-80-ci illərarası yazılan detektivlərin əvvəlkilərdən bir fərqli cəhəti də, romanların yüksək dinamikasıyla bərabər, “boevik” elementlərinin də zənginləşməsiydi. Bu dövr detektivlərinin qəhrəmanları canini, sadəcə, deduktiv düşüncələrlə axtarıb tapmırlar, lazım olanda güllə atmağı da, yumruq davasına çıxmağı da, hansısa cinayət yuvasını partlatmağı da, maşın çevirməyi də, gözəl xanımları yoldan çıxarmağı da, hətta öz məqsədlərinə çatmaq üçün lazım gələndə qanunsuz vasitələrdən istifadə etməyi də çox gözəl bacarırlar. Bu xüsusiyyətlərinə görə istər Ceyms Bond, istər Danni Boyd, istərsə də, vəkil Peri Meyson hərəkət etməkdən daha çox deduktiv düşüncələrə dalmağı sevən sələflərindən çox fərqlənirdilər. Əlbəttə ki, intellektual Şerlok Holmsun haranısa partlatmasını, zərif centlmen olan Erkül Puaronun kimisə avtomatdan dəlmə-deşik etməsini, yaxud melanxolik komissar Meqrenin hansısa cazibədar katibəni yoldan çıxarıb yatağına çəkməsini təsəvvür etmək çox çətindir, lakin zaman öz sözünü deyirdi və həmin dövrlərdə oxucular məhz bu cür detektiv qəhrəmanlarına üstünlük verirdilər. Lakin bu o demək deyildi ki, adıçəkilən yazıçıların yaratdıqları qəhrəmanlar yalnız güllə atmağı, bomba partlatmağı, qadınları yoldan çıxarmağı bacarırdılar. Yox, qətiyyən. Yan Fleminqin, Erl Stenli Qardnerin, Ceyms Hedli Çeyzin, Karter Braunun, Ed Makbeynin, Reks Stautun detektiv romanları öz dövrünün bir çox sosial problemlərini, Qərb cəmiyyətinin bütün təbəqələrində hökm sürən ab-havanı, insanların psixologiyasını çox gözəl açmaqla bərabər, araşdırdıqları problemlərin lap kökünə qədər getməyi bacarırdılar ki, bu da onları ucuz bazar yazıçıları kimi yox, öz dövrlərinin ən bacarıqlı detektiv ustaları kimi şöhrətləndirmişdi.
Ötən əsrin səksəninci illərindən başlayaraq isə dünya detektiv ədəbiyyatı öz inkişafının üçüncü mərhələsinə qədəm qoydu ki, bu zaman yazıçılar daha çox detektivi başqa janrlarla sintez etməyə və bunun nəticəsində yeni ədəbi janrlar almağa cəhd edirdilər. Çağımıza qədər aktual olan tarixi detektiv, intellektual-kulturoloji detektiv, siyasi detektiv, mistik detektiv, fantastik detektiv janrları Umberto Eko, Orxan Pamuk, Milorad Paviç, Xaruki Murakami, Frederik Forsayt kimi yazıçıların səyi nəticəsində məhz dediyimiz dövrdə yaranıb. Və fəxrlə deyə bilərik ki, həmyerlimiz, xalq yazıçısı Çingiz Abdullayev də məhz bu yeni janrlardan birinin, yəni siyasi detektivin yaradıcılarındandır.
Baxmayaraq ki, ondan əvvəl də bəzi yazıçılar, məsələn, Frederik Forsayt, Eduard Topol və s. siyasi detektivlər qələmə almışdılar, lakin onların təsvir etdiyi hadisələr konkret bir ölkə hüdudlarında baş verirdisə, Çingiz Abdullayev cənub-şərqi Asiyadan tutmuş, Latın Amerikasınacan bütün dünyanı əhatə edən “Mavi mələklər” romanını yazmaqla dünya detektiv ədəbiyyatında yeni, “qlobal siyasi detektiv” janrının əsasını qoydu və bütün dünyada bu janrın klassiki kimi şöhrət qazandı.
“Siyasi detektiv” ədəbi janr kimi
İstənilən janr sənətkarın ədəbi düşüncəsi, fəlsəfəsi, ideyaları, bir sözlə, özünüifadəsi üçün formadır və bu forma nə qədər gözəl işlənsə, əsərin cazibəsini bir az da artırmış olar. Bu baxımdan detektiv əsərlərin hansı məntiqlə işlənməsi onların oxucu kütləsi tərəfindən qəbul olunmasında böyük rol oynayır.
Detektiv janrının qlobal siyasətlə sintezində də bütün bu şərtlərə dəqiq riayət olunmalıdır. Ümumiyyətlə, bütün ədəbi janrların öz incəlikləri olduğu kimi, siyasi detektivlərin də müəyyən kriteriləri vardır. Bu üslubda yazmaq istəyən yazıçı, ilk növbədə, güclü məntiqi təfəkkürə və dünyada baş verən ictimai-siyasi proseslər barədə külli miqdarda səhih informasiyaya malik olmalıdır. Yalnız bundan sonra yazıçının bədii təxəyyülü işə düşür, zahirən hamımızın gördüyü hadisələrin görünməyən tərəflərini bizə açır. İctimai prosesləri bir aysberqə bənzətsək, biz onların yalnız cüzi bir hissəsini seyr edə bilirik və siyasi detektiv yazan yazıçı bu aysberqin görünməyən hissəsini elə təsvir etməlidir ki, oxucuda bu təsvirlərin həqiqiliyinə zərrə qədər də şübhə qalmasın. O əsərləri ən uğurlu siyasi detektiv hesab etmək olar ki, oxucu mütaliədən sonra elə bilsin ki, bütün bunlar yazıçı təxəyyülü yox, siyasi hadisələrin ən gərgin nöqtələrində fəaliyyət göstərmiş bir insanın xatirələridir. Yəni hər hansı bir siyasi detektiv başdan-başa sənədli əsər kimi qəbul olunmasa, deməli, yazıçı istədiyinə nail olmayıb. Ç.Abdullayev məhz bu sahədə uğurlar qazanıb. Minlərlə oxucu səmimi qəlbdən inanır ki, o, yazdığı bütün hadisələri öz şəxsi praktikasından götürüb: Ç.Abdullayev Qorbaçovun həyatını xilas edib; Ç.Abdullayev Rusiyada itmiş nüvə raketlərini tapıb; Ç.Abdullayev Siciliya mafiyasına ən sarsıdıcı zərbələrdən birini endirib və s və i. Bir sözlə, son iyirmi ildə dünyada baş verən, demək olar ki, bütün əhəmiyyətli siyasi hadisələr onun iştirakı olmadan ötüşməyib. Hətta doxsanıncı illərin əvvəllərində belə bir şayiə gəzirdi ki, Ç.Abdullayev adlı adam, ümumiyyətlə yoxdur, bütün bu romanları isə gizli təxəllüslə SSRİ DTK-sının yüksək vəzifəli bir əməkdaşı yazır. Əlbəttə ki, bütün bunlar oxucunu inandıra bilməyin göstəricisi hesab oluna bilər.
Bəs, görəsən, yazıçı buna necə nail olur? Necə olur ki, minlərlə insan hamımızın gözü qarşısında baş verən hadisələrin pərdəarxasını məhz yazıçının təsvir etdiyi kimi qəbul edir? Əlbəttə ki, bunun da müəyyən üsulları var. Külli miqdarda siyasi-ictimai informasiyaya malik olan yazıçı, ilk növbədə, dünyada baş verən hansı hadisələrin geniş kütlələrin diqqətini daha çox cəlb etdiyini bilməlidir. Bundan sonra yazıçı öz qəhrəmanını bu hadisələrə elə daxil etməli, yaxud hamının tanıdığı siyasi xadimləri öz uydurduğu hadisələrə elə cəlb etməlidir ki, oxucuda zərrə qədər də şübhə yaratmasın, reallıqla uydurma arasındakı sərhəd itsin, reallığın harada bitdiyi, təxəyyülün harada başlandığı qətiyyən hiss olunmasın. Bu zaman təsvir olunan bütün hadisələr məntiqi cəhətdən o qədər dəqiq işlənməlidir ki, heç kim bu hadisələrin yazıçının təsvir etdiyi kimi baş verdiyinin mümkünsüzlüyünü sübut edə bilməsin.
Hal-hazırda siyasi detektiv tələb olunan ədəbi janr olduğundan, dünyada bu sahədə qələm sınayanların sayı çoxdur, lakin bu tipli bir çox əsərlər heç də istənilən təsirə malik olmur, bir çox yazıçılar diqqətli oxucunu öz yalanına inandırmağa çətinlik çəkir. Bu cür əsərlərin uğursuzluğunun səbəbi hadisələrin təsvirində ya həddən artıq dəqiqlikdir ki, bu da onları bədii əsərdən çox, sadəcə, sənədli romanlara bənzədir, ya da yazıçının təxəyyülünün ifrata varmasıdır ki, bu zaman oxucu əsəri, sadəcə, uydurma kimi qəbul edir.
Ç.Abdullayevin siyasi detektivləri bu baxımdan bütün dünyada örnək kimi qəbul edilir və bir çoxları üçün etalon xarakteri daşıyır. Onun “Mavi mələklər”, “İnsan ovu”, “Qanın üç rəngi”, “Əfsanə hüququ” və s. romanları çağdaş siyasi detektiv janrının zirvələridir. Gerçəkliklə fantaziyanın məntiqi şəkildə uzlaşması və bir-birini tamamlaması, dünyada baş verən ictimai-siyasi hadisələr barədə səhih informasiyalar, bir çox hallarda öz təsdiqini tapan siyasi proqnozlar, hamının tanıdığı dövlət xadimlərinin təsvirində heç bir kompleksə qapılmamaq – bütün bunlar Ç.Abdullayevin siyasi detektivlərinin üstün cəhətlərindəndir. Onun detektivlərində artıq heç nə yoxdur, əsərin ümumi ideyasının açılmasına xidmət edən bütün kriminalistik faktlar, siyasi informasiyalar, obrazların psixoloji xarakteristikaları deduktiv düşüncənin istiqaməti üzrə elə virtouzcasına yerləşdirilir ki, hətta ilk baxışdan əhəmiyyətsiz görünən kiçik bir faktı, xırda bir detalı çıxarsan, deduktiv düşüncələrin zənciri qırılacaq, əsərin bütün strukturu bir göz qırpımında dağılacaq.
Ç.Abdullayevin siyasi detektivlərinin özünəməxsus bir cəhəti var: qlobal siyasi hadisələrin konkret insan talelərində əks olunması, dünya əhəmiyyətli siyasi oyunlardan adi bəşəri duyğulara virtouzcasına keçidlər. Bəzən əhəmiyyətli siyasi bir hadisənin ən gərgin məqamında yazıçı hiss olunmadan oxucunu qlobal siyasətdən çıxarıb, qəhrəmanların daxili dünyasına salır, onların keçirdiyi hissləri, psixoloji sarsıntıları, fikir və düşüncələri təsvir edir. İnsan faktoru Ç.Abdullayev yaradıcılığında böyük önəm daşıyır, konkret bir insan taleyi, bəzən qlobal əhəmiyyətli siyasi hadisələrdən daha çox qabardılır, nəzərə çarpdırılır. Yazıçı demək istəyir ki, hər hansı bir siyasi hadisə nə qədər əhəmiyyətli, mühüm olsa da, insan faktoru ondan qat-qat əhəmiyyətlidir, konkret insanların taleyini sındırmaqla, hansısa, absurd ümumbəşəri səadətə, xoşbəxtliyə nail olmaq mümkün deyil, heç bir qlobal əhəmiyyətə malik planlar, hətta ən “xırda” adamların da taleyini nəzərə almadan həyata keçirilə bilməz.
Çingiz Abdullayevin qəhrəmanları
Ç.Abdullayev dünya ədəbiyyatında siyasi detektivin banilərindən sayılsa da, detektivin təkcə bu janrında yox, mistik və fantastik detektiv janrlarını çıxmaq şərtiylə bütün detektiv üslublarında eyni dərəcədə uğurlu əsərlər yazıb. Yazıçının qələminin məhsulu olan “Cəhənnəmdən keçid”, “Geri dönməmək”, “Öz dünyanı yarat” kimi ekşnlər, “İnanılmaz qətl”, “Atlantika üzərində ölüm”, “Xammurapinin məcəlləsi”, “Unudulmuş yuxu”, “Yalnız özününkülər” kimi klassik hermetik, “Professionalların oyunları”, “Professionalların qaydaları”, “Günəş altında zülmət” kimi casus, “Döyüşçünün yolu” kimi kulturoloji, “Məhkumların cənnəti” kimi psixoloji, “Eramızın əvvəlindəki sui-qəsd” kimi tarixi detektivlər və başqa rəngarəng üslublu detektiv romanlar göstərir ki, Ç.Abdullayev bu janrın bütün növlərində öz sələflərindən heç bir cəhətdən geri qalmayan əsərlər yaratmağa qadirdir. Buna görə də onun yaradıcılığını araşdırarkən, yalnız siyasi detektivlərlə kifayətlənmək düzgün olmaz.
Yazıçının qələmindən çıxan bədii obrazların şərhinə keçməzdən əvvəl bir nüansı da qeyd etmək yerinə düşər. Son zamanlar bütün incəsənət sahələrində olduğu kimi, detektiv ədəbiyyatında da heç bir bədii tələblərə cavab verməyən, janrın incəliklərindən uzaq olan, oxucunu yalnız əyləndirmək məqsədi daşıyan əsərlər, ələlxüsus, romanlar çoxalıb və bir çox hallarda geniş oxucu kütləsi yaxşını pisdən seçməkdə çətinlik çəkir, kitab bazarını zibilləyən belə əsərləri də əsl detektiv kimi qəbul edir. Çox sevindirici haldır ki, Ç.Abdullayev bütün dünya üzrə barmaqla sayılan bir neçə yazıçıdan biridir ki, detektivin hansı janrında yazmasından asılı olmayaraq yuxarıda haqqında danışdığımız bütün klassik qayda-qanunlara ciddi-cəhdlə riayət edir, mütəxəssislərin diliylə desək, “janrın saflığını, təmizliyini saxlayır, xalturaya qətiyyən yol vermir”. Məhz bu mənada, bütün dünyada detektiv ədəbiyyatı üzrə mütəxəssislər onu klassik detektiv ənənələrinin son daşıyıcılarından bir hesab edirlər.
Ç.Abdullayevin adı çəkilən kimi onun yaratdığı obrazlardan ilk olaraq Dronqo yada düşür. Və bu adı ilk dəfə eşidənlərin hamısında təbii bir sual yaranır: bu nə addır, mənası nədir? Həqiqətən də, Dronqo insan qulağının öyrəşmədiyi adlardandır və nahaq yerə bir çoxları müxtəlif lüğətləri eşələyib bunun hansı xarici dilə aid olduğunu öyrənməyə çalışırlar. Təbii ki, bunun heç bir nəticəsi olmayıb, çünki Dronqo hər hansı bir xalqa məxsus insan adı deyil. Dronqo quş adıdır. Ç.Abdullayev ilk romanı olan “Mavi mələklər”də öz qəhrəmanının dilindən bu ləqəbin mənasını izah edir – Dronqo təbiətdə çox az rast gəlinən kiçik bir quşun adıdır. Bu quşun bir fərqli cəhəti də başqa quşların səsini böyük müvəffəqiyyətlə imitasiya etməyi bacarmasındadır. Bəli, bəli, o, təbiətin yaratdığı xırda, lakin dahi imitatordur. Və Ç.Abdullayevin diqqətini çəkən də, yəqin ki, onun məhz bu xüsusiyyəti olub. Professional kəşfiyyatçı, əvəzolunmaz ekspert və səhih deduktiv düşüncə tərzinə malik olan Dronqonun müvəffəqiyyət qazanmasının əsas amili başqa insanların fikir və düşüncələrini öz içində düzgün imitasiya etməklə onların niyyət və məqsədlərini düzgün anlamasıdır. Təbii ki, bu cür keyfiyyətlərə sahib olan ədəbi qəhrəman üçün belə bir ləqəb düşünmək çox uğurlu bir ədəbi tapıntı hesab oluna bilər. Əlbəttə, Ç.Abdullayev öz qəhrəmanına ləqəb kimi adi bir insan adı da fikirləşə bilərdi, lakin yazıçı öz qəhrəmanının adını heç bir konkret millətə aid etməməklə, onun bütün dünyanın vətəndaşı olduğunu bir az da qabarıq nəzərə çatdırmışdı ki, bu da qlobal tarixi detektiv janrının tələblərilə tam üst-üstə düşür. Beləliklə, Dronqonun nə adı, nə də fəaliyyəti heç bir sərhədlə məhdudlaşmır, bütün dünyanı əhatə edir. Dronqo barədə ilk romanda onun yalnız hansısa cənub ölkəsindən olduğu barədə dumanlı məlumatlar verilir. Yalnız son romanlarında Ç.Abdullayev açıq şəkildə bildirir ki, Dronqo əslən bakılıdır, valideynləri hələ də bu şəhərdə yaşayır, hətta onun Bakıdakı ünvanını da yazır – Xaqani 25 (əlbəttə, çoxları bilir ki, bu ünvanda Azərbaycan Yazıçılar Birliyi yerləşir və maraqlısı odur ki, bura mütəmadi olaraq Dronqonun ünvanına yazılmış məktublar gəlir).
Məncə, bu da qabaqcadan düşünülmüş və oxucuların psixologiyasına təsir edən bir addımdır. Əgər Ç.Abdullayev elə ilk romanlarından yazsaydı ki, onun qəhrəmanı azərbaycanlıdır, adı da, tutalım, Məmmədquludur, yəqin ki, dünya oxucuları bunu birmənalı qarşılamayacaqdı. Geridə qalmış sayılan hansısa, uzaq müsəlman ölkəsinin nümayəndəsinin qlobal siyasi problemlərin həllində belə yaxından iştirak etməsinə yəqin ki, o vaxt avropalılar inanmazdı və Ç.Abdullayevin əsərləri istənilən uğuru qazanmazdı (hətta Moskvada ilk romanları nəşr edilən vaxt Ç.Abdullayevə dəfələrlə təklif etmişdilər ki, özünə nəsə qərblilərə xas bir ədəbi təxəllüs götürsün, yoxsa, bu sırf şərqli adı ilə qlobal tarixi detektivlər heç üst-üstə düşmür. Lakin yazıçı, təbii ki, bu şərti qəbul etməmişdi). Onun üçün də yazıçı başqa yolla getdi, öz qəhrəmanına rəmzi bir ləqəb düşünməklə oxucuların marağını bir qədər də qıcıqlandırdı və yalnız öz qəhrəmanını oxuculara sevdirəndən sonra onun kimliyini, hansı millətə mənsub olduğunu açıqlamağa başladı. Beləliklə, bütün dünyanın siyasi problemlərinin həllində yaxından iştirak edən bir azərbaycanlı ekspert-analitik obrazı yaranmış oldu. Onu da qeyd edim ki, Ç.Abdullayev Dronqonun hansı millətin nümayəndəsi olduğunu açıqlasa da, onun konkret olaraq adını, soyadını hələ də gizli saxlayır. Yəqin ki, yazıçının sadiq oxucuları nə vaxtsa, bu barədə də müəyyən informasiyalar alacaqlar.
Dronqo obrazının milyonlarla oxucu tərəfindən sevilməsinin bir səbəbi də öz sələfi olan detektiv qəhrəmanlarının bir çox müsbət keyfiyyətlərini özündə birləşdirməsidir. Şerlok Holmsun qüsursuz detuktiv düşüncəsi, Komissar Meqrenin melanxolizmi, Erkül Puaronun zərif centlmentliyi, Danni Boydun ironiyası, Peri Meysonun cazibədarlığı, Ceyms Bondun cəsarəti – Ç.Abdullayev öz qəhrəmanını yaradanda ifrata varmamaq prinsipiylə bütün bu keyfiyyətlərdən çox gözəl şəkildə istifadə etməyi bacarıb. Lakin bu o demək deyil ki, Dronqo obrazında özünəməxsus heç nə yoxdur, bu, sadəcə, qurama bir obrazdır. Bəli, Dronqo bütün adıçəkilən qəhrəmanlara oxşayır, amma eyni zamanda onların heç birinə oxşamır. Bütün dediyimiz keyfiyyətlər Dronqonun psixoloji obrazında yalnız xırda cizgilərdir və onu oxuculara sevdirməkdən ötrü yardımçı rol oynayır. Bu personajın ən maraqlı keyfiyyəti isə ümumi ilə xüsusini, qlobal ilə məhəlli psixoloji məfhumları özündə üzvi şəkildə birləşdirməsidir. Bəli, Dronqo bütün dünyanın vətəndaşıdır, amma onun eyni zamanda coğrafi baxımdan kiçik də olsa, həmişə ürəyinin başında gəzdirdiyi, xəyalən heç vaxt ayrılmadığı bir vətəni də var – Azərbaycan. Romanlarının birində Ç.Abdullayev Dronqo haqqında xarakterik olan belə bir cümlə işlədir: “Onun özü Moskvada, həyat yoldaşı Romada, valideynləri isə Bakıda yaşayır.” Qütbləşməyə, radikallığa öyrəşdiyimiz bir zamanda yazıçı sübut etməyə çalışır ki, qloballaşma ilə milli adət-ənənə, beynəlmiləlçiliklə millətçilik, keçmişlə gələcək heç də bir-birinə zidd məfhumlar deyil, ağıllı insan bunların hamısını öz içində ideal şəkildə birləşdirə bilər, bunun üçün isə sadəcə sevgi hissi lazımdır, nifrətlə heç nəyi həll etmək olmaz, bir qütbə çəkilmək heç də yaxşı nəticələr vermir. İnsan öz keçmişiylə bərabər gələcəyini də, vətəniylə bərabər bütün dünyanı da, milli-mədəni irsiylə bərabər bütün dünya mədəniyyətini də eyni cür sevməlidir. Əgər insanlar öz daxilindəki sevgi hissini bu cür bərabər şəkildə bölə bilsələr, real həyatda rastlaşdığımız bir çox problemlər öz həllini asanlıqla tapmış olar.
Dronqo üçün xarakterik olan və bütün romanlar boyu zaman-zaman özünü büruzə verən hisslərdən biri də acı bir nostalji duyğusudur. Düzdü, Azərbaycanda bir çoxları bunu tamam başqa cür yozur, Ç.Abdullayevin bir vaxt “vahid vətənimiz” olan SSRİ-nin dağılmasına gecə-gündüz təəssüfləndiyini, ölkəmizin müstəqilliyini haradasa, mənfi qarşıladığını yazırlar. Əlbəttə ki, bütün bunlar səthi müşahidələrin, ilkin təəssüratların nəticəsidir. Dronqo obrazının mahiyyətinə vardıqda isə açıq-aşkar hiss olunur ki, yazıçını ən çox təəssüfləndirən heç də, sadəcə, hansısa, bir imperiyanın məhvi deyil. Sadəcə, müəyyən ideyalar dünyasında yaşayan və öz xalqının xoşbəxtliyi naminə bütün varlığından, hətta lazım gələrsə, öz həyatından belə keçməyə hazır olan, məhz belə fədakarlıq ruhunda böyüyən bir insan dünyanın indiki ideyasızlıq, mənəvi boşluq vəziyyətində yaşamağa çətinlik çəkir. İrəlidə, sadəcə, məchul bir qaranlıqdır, onun üçün də Dronqonun, eləcə də eyni hisslərlə yaşayan minlərlə insanın öz daxili-mənəvi tələbatını ödəmək üçün keçmişə boylanmaqdan başqa əlacı qalmayıb. Beləliklə, qeyri-şüuri olaraq keçmiş ideallaşdırılır, sovet dövrünün mənfi keyfiyyətləri yavaş-yavaş yaddaşdan silinir, müsbət keyfiyyətləri isə bir az da, qabarıq nəzərə çarpmağa başlayır. Əlbəttə ki, Dronqo bəzi fanatik kommunistlər kimi gülləni başına çaxıb özünü öldürmür: yenə də yaşayır; öz sahəsi üzrə fəaliyyət göstərir; bəzən, hətta özünü təhlükə qarşısında qoyur. Onun ailəsi də var. Lakin bütün bu işləri hansısa ali ideyalar naminə yox, sadəcə, başqa cür yaşaya bilmədiyinə görə edir. O, zaman keçdikcə melanxolikləşir, bədbinləşir, lakin bütün bunlara baxmayaraq, Ç.Abdullayevin səyi nəticəsində yenə də əvvəlki cazibədarlığını saxlayır, yenə də minlərlə oxucunu özünə valeh edə bilir. Ümumiyyətlə, Dronqo o qədər geniş, dolğun bir obrazdır ki, onun haqqında ayrıca bir araşdırma yazmaq da olar, lakin bu yazının həcmi imkan vermədiyinə görə, dediklərimlə kifayətlənmək istəyirəm.
Ç.Abdullayev Dronqodan başqa çoxlu sayda maraqlı ədəbi personajlar yaradıb. Bunların içində ən çox nəzərə çarpanlar – “Qadın qisası”, “Qadınlar sükunəti saxlayır” və daha bir neçə detektiv romanın qəhrəmanı olan qadın-xəfiyyə Marina Çernışova və “Mənim gözəl alibim”, “Saturnun etirafı”, “Üçüncü variant” romanlarının qəhrəmanı, Əfqanıstan müharibəsində bir qolunu itirmiş əlil qatildir.
Son dövrlərdə Rusiyada Aleksandra Marinina, Tatyana Polyakova, Marina Daşkova kimi qadın detektiv yazıçıları meydana çıxsalar da, Marina Çernışova obrazıyla yaxından tanış olanda görürsən ki, Ç.Abdullayev xəfiyyə-qadın psixologiyasını adıçəkilən qadın yazıçılardan daha yaxşı aça bilib, belə təhlükəli bir peşə seçmiş qadının daxili yaşantılarını bədii mətnə daha ustalıqla gətirib.
Təkqol qatil obrazını yazıçı Sovet rejiminin bizə qoyduğu miras kimi təqdim edir və məncə, o, Dronqonun müəyyən mənada əksi olan obrazdır. Bəli, minlərlə insan bu recimin ideologiyası uğrunda fədakarlıq etdilər, amma indi onlar artıq heç kimə lazım deyillər. Kimlərsə Dronqo kimi yaşamağa nail olsalar da, bəziləri bunu bacarmadı, əvəzində onları lazımsız bir alət kimi sındırıb bir kənara atan cəmiyyətə yönələn nifrəti cinayət aləminə gətirdilər. Ç.Abdullayevin qəhrəmanı adi muzdlu qatil deyil, o hər bir hərəkətiylə, kimi öldürməsindən asılı olmayaraq sadəcə daxilindəki intiqam tələbatını ödəməyə çalışır. Lakin yenə də təskinlik tapmır, zaman keçdikcə qəlbindəki qəzəb hissi bir zamanlar nümunəvi sovet əsgəri olan bu əlil insanı vəhşi bir heyvana çevirir – o öldürməkdən həzz almağa başlayır, öz həyatını bunsuz təsəvvür etmir.
Sosial kataklizmlər cəmiyyəti mişar kimi kəsib doğradığı zaman belə insanlar ətrafa səpələnən lazımsız taxta yonqarına bənzəyir. Sadəcə, bir kibrit atəşi kifayətdir ki, onlar böyük bir yanğının başlanmasına təkan versin. Bütün bunlara baxmayaraq, yazıçı yenə də belə insanlara haqq qazandırmır, sadəcə, onları başa düşməyə və onları bu vəziyyətə salan tarixi şəraitin təkrarlanmaması üçün əlindən gələni etməyə çalışır.
Yekun
Detektiv janrının demək olar ki, bütün imkanlarından istifadə etməsinə, janrın bütün istiqamətlərində maraqlı əsərlər yazmasına baxmayaraq, son vaxtlar Ç.Abdullayevin yaradıcılğında klassik hermetik detektivlərə qayıdış tendensiyası müşahidə olunur. “Yalnız özününkülər”, “Hammurapinin məcəlləsi”, “Yol verilən günahkarlıq” və son vaxtlar yazdığı daha bir neçə romanda yazıçı yenə də kiçik məkanda baş verən cinayətləri təsvir edir. Əlbəttə, bunlar nə qədər hermetik olsalar da, bir çox xüsusiyyətlərinə görə yüz il əvvəl yazılmış klassik detektivlərdən fərqlənirlər. Lakin fakt faktlığında qalır: Ç.Abdullayev, zənnimcə, yaradıcılığının birinci dövrəsini başa vurub, başlanğıc nöqtəyə qayıdır. Yəqin ki, o, bir azdan yaradıcılığının həm forma, həm də məzmun baxımından əvvəlkindən fərqlənən ikinci dövrəsinə qədəm qoyacaq, yenə də onlarla maraqlı detektiv əsərlərlə dünyanın bütün ölkələrindəki oxucularını sevindirəcək.
Ümumiyyətlə, Ç.Abdullayevin əsərlərini ayrı-ayrılıqda təhlil etməklə onu anlamaq çətin olar. Onun yaradıcılığına vahid bir orqanizm kimi yanaşmaq lazımdır. Təsadüfi deyil ki, yazıçının özü də romanlarını “Kriminal komediya” tsikli adı altında birləşdirib.
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.
Vaqif Poeziya Günləri iyulun 13-də Molla Pənah Vaqifin dogma şəhəri – Qazağın Yuxarı Salahlı kəndindən start götürüb.
İyulun 14-15-də isə Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edir.
Salam olsun, dəyərli qələmdaşlar və çox dəyərli oxucular! Həmd olsun Uca Yaradana! Bugünkü söhbətimiz “Nə məsləhət verirsiniz?” sualına cavab olaraq qələmə alınmışdır. Söhbətə başlamazdan əvvəl onu qeyd etmək istəyirəm ki, bu suala əsasən gənc yazarlar və ya canında yazmaq həvəsi olub, bir türlü başlaya bilməyənlər, bir də hər şeyə maraqlı oxucular müxtəlif görüşlərdə, oxucu məktublarında cavab axtarırlar. Yazı, kitab aləmi haqqında bu cür şikayətlərlə dolu bir fonda ilk addımlarını atmağa tərəddüd edən gənc yazarlar kimi, eyni zamanda diqqətli oxucular da eyni suala cavab axtarışındadır. Qələm adamları “nədən yazım”, “necə yazım”, “necə başlayım”, “kimdən örnək alım” kimi suallara cavab axtararkən, oxucular da həmən-həmən ekvivalent “nə oxuyum”, “kimi oxuyum” kimi sualların cavabını arayırlar. İstənilən cavabı diqqətlə dinləyir və ya oxuyurlar. İnanıram ki, hamımız nə vaxtsa bu suallarla üzləşmişik. Şəxsən mənə gəlincə bu sual ətrafında şifahi olaraq dəfələrlə danışıb fikir bildirmişəm (bu mövzuda internetdə bir neçə variantda video material da var). Hətta o qədər təkrar-təkrar danışmışam ki, artıq danışdıqlarımı özüm də əzbərləmişəm. Sual aktual olduğuna görə və həm də bu günün, bu yaşımın fikirlərini qeyd etmək məqsədi ilə məlum sual ətrafında olan, dəfələrlə təkrarladığım fikirlərimi yazı şəklinə salmaq istədim. Keçək mətləbə.
Tarixə söykənməyən gələcək yoxdur və ya qol-budaqlı ağaca sağlam kök lazımdır düşüncəsi ilə adətən bu mövzuda olan söhbətlərimə ötən əsrdə qələmə alınmış Makulunun “Səttarxan” və müəllifinin kimliyinə belə ehtiyacı olmayan “Əli və Nino” kitablarını misal çəkməklə başlayıram. Müasir dövrümüzdən Aqil Abbasın “Dolu” sunu nümunə kimi təqdim edir və hələ elə də böyük auditoriyanın tanımadığı rəhmətlik Qələndər Xaçınçaylının “Güllə işığında” povesti, Əli bəy Azərinin “Hərbi Zəngilan”ı haqqında məlumat verirəm. Aydın məsələdir ki, danışanda müxtəlif sualları yazar üçün ayrı, oxucu üçün daha uyğun formada cavablandırmaq imkanı geniş olur. Çalışacağam ki, “Nə məsləhət verirsiniz?” sualına ümumi fikirlərimdə dəyişikliyə yol vermədən hər iki tərəf üçün yığcam və əhatəli şəkildə 22 mart 2022-ci il üçün olan qeydlərimi sizlərlə bölüşüm. Birinci onu bildirmək istəyirəm ki, fikirlər subyektivdir, əksini düşünənlərin fikrinə hörmətlə yanaşıram. İkinci yazıya “ondan xəbəri yoxdur”, “bundan xəbəri yoxdur” düşüncəsi ilə yanaşanlara xatırlatmaq istəyirəm ki, istər elektron, istərsə də ənənəvi qaydada ortalığa çıxmış nümunələrlə tanışam. Üçüncü hər hansı bir suala cavab verəndə istənilən şəxs elə örnəklərdən istifadə etməlidir ki, ən azından bu nümunə müsahibinə tanış olsun. Məsələn, Azərbaycan reallığında ağaclardan söhbət gedirsə, “palıd”, “qoz”, “nar” ağacları daha çox hamı tərəfindən tanınır, nəinki, “evkalipt” və ya “baobab”. Belə bir əhatəli girişdən sonra yazının əhatə edəcəyi dövrlər və meyar kimi götürülmüş kriteriyalar barədə də qısaca məlumat vermək istəyirəm. Çünki bu vacib məsələlərin mətləbə birbaşa dəxli var. Mənim sizlərə təqdim edəcəyim örnəkləri seçməmdə əsas meyarlarım faydalılıq, tanıtmaq və tanınmaq, özünə yer tutmaq bacarığı, müstəqil olmaq qabiliyyəti, ən əsası heç kimə, heç nəyə fikir vermədən yaxşıları öyrənib tətbiq etməklə öz işi ilə məşğul olmaq, daim axtarışda olmaq, təkmilləşmək, görünə bilmək, seçilməyi bacarmaq. Bu sadaladığım qabiliyyətlərlə seçilmək, fərqlənmək 1920-ci ilə qədər birinci, 1920-1990 ikinci və 1990-dan sonra üçüncü (bu dövrü də 1990-2000, 2000-2010, 2010-2020, 2020-dən sonra) dövr olmaqla olduqca müxtəlif tələblər və şəraitdə baş verdiyini unutmamalıyıq. Bütün bu bölgülərin fövqündə dayanaraq müxtəlif dövrlərin keşməkeşlərinə sinə gərərib indi də mətin addımlarla sıralarımızda addımlayn bir qrup müasirlərimiz olan qələm adamları var ki, onlar çağdaş ədəbiyyatımızın məhəng daşlarıdır.
DÖVRLƏR VƏ TƏLƏBLƏR HAQQINDA
1920-ci illərə qədər bizim qənaətimiz üçün əsas olan meyarlar keyfiyyət baxımından təxminən indiki (1990-cı illərdən sonra) kimi idi. Yəni yalnız öz şəxsi keyfiyyət və bacarıqlarınız (həm yaradıcılıq, həm də maddi baxımdan) əsasında uğur qazana bilərdiniz.
1920-1990-cı illərdə vəziyyət bir az fərqli idi. Beləki, yaradıcılıqda müəyyən korrektələr olmaqla demək olar ki, maddi problem yox idi. Yəni yaradıcılıq qənaətbəxş olduqdan sonra, maddi həllə yol tapmaq (təbii ki, bu məqamda da şəxsi keyfiyyətlər, bacarıqlar əsas amil olub) mümkün idi.
1990-lardan sonra baş verənlər çoxumuzun göz qabağındadır. Məncə ən qarışıq dövr 1990-2000-ci illər hesab olunmalıdır. Bu həm fürsətlər, həm də çətinliklər baxımından eyni dərəcədə əhəmiyyətlidir. Ümumiyyətlə, istənilən sahədə uğur qazanmaq üçün şəxsi keyfiyyətlər önəmlidir. Bu mövzuda söhbətə məsələyə dolayısı ilə aidiyyəti olan “utananın oğlu olmur” atalar sözü ilə nöqtə qoymaq istəyirəm.
2000-2020 zəngin təcrübə və püxtələşmə dövrü kimi səciyələnməlidir.
Ən maraqlı və real vəziyyəti əks etdirən dövr indi başlayıb (2020-ci ildən). Necə deyərlər, “bu meydan, bu şeytan”.
Birinci dövrə baxdıqda kimləri xatırlayırıq, Abbasqulu Ağa Bakıxanovu, Mirzə Fətəli Axundovu, Nəriman Nərimanovu, Əbdürrəhim bəy Haqverdiyevi, Üzeyir Hacıbəyovu, Həsən bəy Zərdabini və b. Şərhə ehtiyac duymuram.
İkinci dövrün süzgəcindən keçib (birinci dövrlə əlaqəli şəxslər də daxil olmaqla) gələnlər; Süleyman Sani Axundov, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Mir Cəlal, Mirzə İbrahimov, Süleyman Rəhimov, İsmayıl Şıxlı, Bayram Bayramov, İlyas Əfəndiyev, Cabir Novruz, Fərman Kərimzadə, Fikrət Qoca, o taylı-bu taylı Şəhriyar və b. Bu dövrün ortalarından və sonlarından ədəbi fəaliyyətə başlamış və çoxu bu gün də yaradıcılığını uğurla davam etdirən dövrlərin fövqündə dayanmış, çağdaş ədəbiyyatımızın məhəng daşları adlandırdığımız Bəxtiyar Vahabzadə (2009-cu ildə vəfat edib), İsa Muğanna (2014-cü ildə vəfat edib), Anar, Elçin, Çingiz Abdullayev yaradıcılığı Azərbaycan ədəbi irsində xüsusi yer tutur.
Çingiz Abdullayevi Azərbaycan ədəbi mühitində bu dövrlərin kəsişməsində möhkəm dayanaraq ədəbiyyatı cəmiyyətə, kitabı oxucuya qırılmaz tellərlə bağlayan mühüm fiqur kimi dəyərləndirmək lazımdır. Bu yöndə onun xidmətləri danılmaz və əvəzolunmazdır.
Bəxtiyar Vahabzadə, İsa Muğanna, Anar, Elçin və Çingiz Abdullayev kimi çağdaş ədəbiyyatımızın məhəng daşları adlandırdığımız örnək şəxsiyyətlərin üzərindən onların da içində olduğu üçüncü dövrə nəzər salsaq, Aqil Abbas, Akif Əlini, Sabir Rüstəmxanlı, Kamal Abdullanı, Yunus Oğuzu, Rəşad Məcidi, Elxan Elatlını, Varisi, Musa Ələkbərli, Səlim Babullaoğlunu, Vüqar Əhmədi, Azər Turan, Firuz Mustafa, Elçin Hüseynbəylini, Əli bəy Azərini, İlqar Fəhmini, Kənan Hacını, Sayman Aruzu, Fərid Hüseyni, Rövşən Abdullaoğlunu, Nicat Həşimzadəni, İntiqam Yaşarı görürük. Və təfərrüata keçməzdən əvvəl bir məqamı vurğulamaq istəyirəm. Necə ki, bu gün (22 mart 2022 – ci ildə) böyük əminliklə Çingiz Abdullayevi bir vaxtlar dahi Üzeyir Hacıbəyovun gördüyü işi ləyaqətlə və böyük əzmlə davam etdirərək ədəbiyyatla cəmiyyət, ədəbi-bədii yaradıcılıq məhsulu ilə kütlə-oxucu arasında möhkəm əlaqə, bağ yaradan şəxs kimi təqdim edirik, Rövşən Abdullaoğlu da eyni ilə gələcək nəsillər üçün bu vəhdəti qoruyacaq real namizəddir. Onun bu missiyanın öhdəsindən ləyaqətlə gələcəyinə inanıram. Xahiş edirəm ara-sıra bu tərz qeydləri oxuyarkən fiklərimizi əsaslandırıb, söykəndiyimiz meyarları unutmayaq. Mümkün qədər konkret və əhatəli izahatdan sonra “Nə məsləhət verirsiniz?” sualına cavab olacaq və yuxarıdakı qaydada əsaslandırılmış müasirlərimiz olan örnək yazarlar barədə danışmazdan əvvəl bir qeyd də etmək istəyirəm. Mənim yazdıqlarım tam subyektivdir. Və mən sadəcə fikirlərimi sizlərlə bölüşürəm. Bu heç vaxt məsləhət kimi qəbul edilməməlidir. Mən sualı eyni ilə eşitdiyim, oxuduğum kimi, mənə ünvanlanmış qaydada yazmışam. Ümumiyyətlə, bir şəxsin yaxınlıq və qohumluq, subardinasiya dərəcəsindən asılı olmayaraq digər şəxsə məsləhət verməsi qəbuledilməzdir. Bu ən yaxşı halda tövsiyə formasında ola bilər. Bu yöndə ən təqdirəlayiq hal örnək göstərməkdir.
ÇAĞDAŞ ÖRNƏK YAZARLARIMIZ:
Aqil Abbas – şair, yazıçı, siyasətçi. “Ədalət” qəzeti idarəçiliyindədir. Xalqla bağlı istənilən məsələyə söz adamı olaraq anındaca mövqe bildirir.
Sabir Rüstəmxanlı – şair, siyasətçi. Mövqe sahibidir. Nəzarətində nəşriyyat var.
Çingiz Abdullayev – yazıçı. Dünyanın müxtəlif yazar klub və dərnəkləri, nəşriyyatları ilə əlaqəsi var.
Yunus Oğuz – yazar, həm də “Olaylar” informasiya agentliyi və eyni adlı qəzet idarəçiliyindədir.
Varis (Varis Yolçuyev) – yazar, həm də “168 saat” qəzeti və digər mətbu orqanlarla, TV-lərlə birgə fəaliyyət göstərir.
Rəşad Məcid – şair, həm də “525-ci qəzet” idarəçiliyindədir. Bundan əlavə saytlardan, sosial şəbəkələrdən, TV-lərdən, müxtəlif internet kanallarından, bir sözlə fayda verəcək yazılı və görüntülü bütün dəstək variantlarından böyük ustalıqla istifadə edir.
Elxan Elatlı – yazar. Heç kimə, heç nəyə fikir vermədən öz işinə konsentrasiya olaraq fasiləsiz və nümunəvi fəaliyyət göstərir. Əsl müasir yazıçıdır.
Azər Turan – tənqidçi, publisist. Təyinatla “Ədəbiyyat qəzeti”nə rəhbərlik edir. Gücü çatdığı qədər bölgələrdə yaşayıb-yaradan yazarlar da daxil olmaqla bütün qələm adamlarına dəstək olmağa çalışır.
Musa Ələkbərli – şair, naşir. Bacardığı qədər yazarlara kitab işində dəstək olur.
Firuz Mustafa – nasir, dramaturq. Yazır yaradır.
Əli bəy Azəri – yazar, səlnaməçi. “Xəzan” jurnalı idarəçiliyindədir. Mümkün qədər ədəbiyyatımız, tariximiz üçün faydalı olmağa çalışır.
Səlim Babullaoğlu – şair, tərcüməçi. Kitabçılıq, tərcümə və tanıtım baxımından fəaliyyəti misilsizdir. ATV kitab – “Parlaq imzalar” layihəsi kimi dəyərli bir iş ortaya qoymuş şəxsdir.
İlqar Fəhmi – şair, yazıçı, kinodramaturq. Bir sözlə xalq üçün faydalı ola biləcək bədii yaradıcılıqla bağlı istənilən sahədə onu görmək olar.
Kənan Hacı – şair-publisist, mücadilə edir. Bir zamanların Sabiri, Hadisi kimi mücadilə aparır. İlk anlaşılmazlıqda vaz keçən gənclər üçün nümunə olacaq müasirimiz, çağdaş yenilməz qələm adamı.
Rövşən Abdullaoğlu – yazar, psixoloq, araşdırmaçı, səyyah. “Qədim Qala” nəşriyyatının qurucusu. Yorulmadan öz üzərində işləyən, təkmilləşən və öyrəndiklərini həyatına tətbiq edib, oxucusuna təlqin edən ən müasir, ən prespektivli çağdaş örnək yazarımız.
İntiqam Yaşar – şair, təşkilatçıdır. Həyatdan nə istədiyini bilir. Uğurları bol olsun!
Dəyərli oxucum, bu çəkdiyim misallar, gətirdiyim örnəklər sadəcə bir ipucu kimi dəyərləndirilməlidir. Müxtəlif yaş qruplarından olan, olduqca keşməkeşli həyat yolu keçərək uğura, misilsiz nailiyyətlərə imza atmış bu örnək şəxslərin həyat və yaradıcılıqları ilə tanış olmağınızda “Google” dostumuzun xidmətindən və kitabxanalardakı kitablardan istifadə edə bilərsiniz. Atalar yaxşı deyib: – “Gör, götür dünyasıdır.” Və inanıram ki, təqdim etdiyim bu “açar söz”lərdən istifadə etməklə özünüz üçün böyük imkanlar vəd edən geniş bir dünyaya qapı açmış olacaqsınız. Uğur bələdçiniz olsun. Bu yazının ancaq və ancaq bir məqsədi var faydalı olmaq. Vəssalam!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Çox sağ olun!
22.03.2022. Bakı.
Qeyd:
Məqalə müxtəlif saytlarda dərc olunmaqla yanaşı müəllifin “Qələmdar-2” (məqalələr), Bakı , 2022. səh. 160-165. və “Seçilmiş əsərləri” (ikinci cild), Bakı, 2022. səh. 395-403. kitablarında da yer almışdır.
İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.
40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq 2-ci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur.
Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb. FOTOLAR:
Tariximizlə bağlı düzgün suallar məhz bu cür qoyulmalıdır! Səfəvi tarixi ilə bağlı təkcə elmi-publisistik müstəvidə fəaliyyətlə kifayətlənmək olmaz. İlk növbədə ədəbiyyat və incəsənət sahəsində Şah İsmayıl və Səfəvi mövzularına geniş işıqlandırılmasına nail olmalıyıq. Məgər Şeyx Səfidən tutmuş, üzü bəri dörd yüz illik Səfəvi tarixi bizə hekayələr, roman povestlər, pyeslər yazmaq, filmlər çəkmək üçün azmı faktlar göstərir? Məgər Şah İsmayıl Xətainin və ümumilikdə, Səfəvi dönəminin klassik poeziyası bizə azmı bədii təsir bağışlayır? Yaxud, Səfəvi minatürləri, xalçaları, xəttatlıq- nəqqaşlıq nümunələri bizim müasir rəssamlar, dizaynerlər üçün azmı estetik tapıntılar qoruyub saxlayır? Məgər Şah İsmayıl haqqında bu vaxta qədər yazılmış barmaqla sayılası əsərlər doğurdanmı onu bütün rakurslardan işıqlandırmağa kifayət edir? Zənnimcə bu obraza təkrar-təkrar, dəfələrlə müraciət edilməlidir. Əgər şair və yazıçılarımız, dramaturq və rejissorlarımız bu mövzunu müxtəlif müasir və maraqlı üslublarda, formalarda təkrar-təkrar işıqlandıra bilsələr, onda geniş xalq kütlələrinin, ələlxüsus gənclərin də Şah İsmayıl obrazına və Səfəvi mədəniyyətinə marağı və həvəsi artmış olar. Məgər Şah İsmayıl şəxsiyyətinin bizim üçün dəyəri, Birinci Pyotrun ruslar üçün, ya Napoleonun fransızlar üçün olan dəyərindən əskikdirmi? Niyə adıçəkilən dövlət xadimləri barəsində yüzlərlə, hətta minlərlə bədii əsər, incəsənət nümunəsi yaradılıb? Biz niyə geri qalmalıyıq? Yəni bizim tarix və mədəniyyətimiz bu qədər kasıbdır? Nə vaxtacan qələm sahiblərimiz «filankəs filankəsi belə ittiham etdi», «filankəs filankəsə belə cavab verdi», «filankəsin arvadı ona xəyanət elədi», «Filankəsin yatağından filankəs çıxdı» kimi «bomba yazı»lara enerji sərf edib, ziyalı mühitin şüurunu zəhərləyəcək? Niyə bizim yeniyetmələr qəhrəmanlığı «Spaydermen»lərdən, ağıllı olmağı «Meqamozq»lardan, vətən sevgisini «Vilyam Volos»lardan, poetik ruhu «Kələbək röyaları»ndan, cəngavərlik şərəfini «Ceday»lardan öyrənməlidi? Hələ Azərbaycan tarixinin başqa parlaq səhifələrini, tarixi şəxsiyyətlərini kənara qoyuram, əgər bircə Şah İsmayıl Xətai şəxsiyyətində bütün bu keyfiyyətlər birləşirsə, niyə onu lazımi səviyyədə təbliğ etməyək? Etməliyik. Və edəcəyik. Əgər iyirmi birinci əsrdə dünyanın, hər mənada böyük və bütöv xalqları sırasına çıxmaq istəyiriksə, geniş mənada, Səvəfi ağlı və Qızılbaş gücündən istifadə etməliyik… Zənnimcə, milli-ideoloji baza olaraq, bundan optimal variant görünmür. Müəllif: İlqar FƏHMİ