Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Zəfər yolçuları” kitabı İslambulda Türk Ədəbiyyatı Vəqfinin “Turay” kitab yayın evində nəşr edilib.
Adı çəkilən əsər taleyimizə yazılan qanlı-qadalı Qarabağ savaşının başlanğıcından 44 günlük Vətən müharibəmizədək olan bir dövrü əhatə edir. Zemfira Məhərrəmlinin sayca 17-ci kitabında işğal illərində yaşadığımız iztirab və kədərdən, uzunillik mücadiləmizdən, intizarında olduğumuz böyük Qələbəyə yetmək üçün çarpışan, canından keçən oğul və qızlarımızın hünərindən, hər birimizə böyük coşqu və sevinc bəxş edən möhtəşəm Zəfərimizdən bəhs edən bədii və sənədli hekayələri toplanıb. Baş verən olaylar bu ədəbi örnəklərdə təkcə bədii boyalarla təsvir edilmir, həm də ağrılı və qürur doğuran tariximiz oxucu yaddaşına ötürülür.
“Zəfər yolçuları” kitabında Birinci Qarabağ savaşı dönəminə məxsus olan nəslə vurulmuş psixoloji zərbələr, erməni işğalçılarının törətdikləri ağlasığmaz vəhşiliklər, Vətən, hərb tariximizin sinəsində açılmış çalın-çarpaz şırımlar, həmçinin millətimizə xas olan yurd sevgisi, müdrik Sərkərdəmizin, Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin bir yumruq tək birləşərək göstərdiyi qəhrəmanlıq, hünərvər qazilərimizin, al qanı əzəli torpaqlarımıza səpələnmiş şəhidlərimizin, rəşadəti dolğun və əhatəli əks etdirilib.
Kitabı Türkiyə türkcəsinə tanınmış türk yazarı, şair-publisist İmdat Avşar çevirib.
… kitab rəflərində üst-üstə qalaqlanmış əlyazmalarla dolu qovluqları və kitabları səliqə-sahmana salarkən Anarın illər öncəsi (1977-ci ildə) nəşr olunmuş “Adamın adamı” kitabının səhifələri arasından bir vərəq kağız sürüşüb yerə düşdü. Vərəqdə yazıçının kitabı ilə bağlı bir neçə cümlədən ibarət düşüncələrim yer alımışdı. İndi bu yazını qələmə alarkən illərdən bəri Anarın çəhrayı cildli kitabının arasında “gizlənib qalan”, kiril əlifbası ilə yazılmış qeydlərə bir daha nəzər saldım. Və xatırladım ki, adını çəkdiyim kitab barədə vaxtilə məqalə yazmaq niyyətində olmuşam.
Yeri gəlmişkən, ayrı-ayrı vaxtlarda müxtəlif yazılarımda Anarın əsərləri barədə öz fikir və mülahizələrimi bildirmişəm. Lakin bu gün hörmətli yazıçımızla bağlı düşüncələrimi məhz həmin kağızda qeyd olunmuş “tezislərdən” çıxış edərək oxucularla bölüşmək istəyirəm. Yığcam, çaparaq cümlələrlə ifadə edilən, məni bu yazını qələmə almağa sövq edən həmin “tezislərdəki” bəzi fikirlər zənn edirəm ki, aradan illər keçsə də belə, Anarın təkcə bir kitabına deyil, müəyyən mənada onun bütöv yaradıcılığına müncər edilə bilər.
Budur, qeydlərdə oxuyuram:
“Anar ensiklopedik düşüncə sahibidir. Onun təkcə bədii əsərləri deyil, dil, tarix, etnoqrafiya, rəssamlıq, heykəltaraşlıq, qayaüstü rəsmlər, xalçaçılıq, kino, folklor… barədə söylədiyi fikirlər, yazdığı məqalələr də geniş oxucu kütləsinin marağına səbəb olur…
Anarın bütün yazılarında onun bədii və elmi təfəkkürünün paralel və yaxud çarpazlaşan xətləri aydın sezilir…
Anarın redaktorluğu ilə nəşr olunan “Qobustan” incəsənət toplusu günümüzün parlaq sənət və mədəniyyət ensiklopediyasıdır…
Anarın demək olar ki, bütün əsərlərinin qəhrəmanları öz real həyatları ilə yanaşı sürreal, irreal, bir az da sirli bir ömür yaşayırlar. Kitabda gedən “Dantenin yubileyi”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası” əsərləri dediyim fikirlərə konkret bədii illüstrasiya və örnək kimi qiymətləndirilə bilər…
Anar bir çox yazıçılarımız kimi, öz qəhrəmanlarının həyatına “müdaxilə” etmir, yəni yaratdığı obrazlar haqda mənfi və ya müsbət fikir söyləmir, onları “qiymətləndirməyi” oxucunun öhdəsinə buraxır…
Anarın əksər qəhrəmanları şəhər mühitində böyümüş, həyat labirintlərindən keçmiş sadə adamlar – ziyalılar, aktyorlar, mühəndislər, müəllimlərdir. Əslində bu sadəlikdə bir mürəkkəblik də vardır…
Anar əsasən müasir həyatımızın reallıqlarını qələmə alsa da, biz onun tez-tez tarixə müraciət etdiyinin şahidi oluruq. Bu mənada yazıçının “Adamın adamı” kitabında dərc edilmiş tarixi əsərlərini – “Qəm pəncərəsi” sənədli telepyesini və “Dədə Qorqud” kinodastanını qeyd etmək olar. Çox güman ki, yazıçı gələcəkdə tariximizə yenə müraciət edəcək.
Anar öz yaradıcılığı etibarı ilə heç kəsə bənzəməyən, daha doğrusu, təkcə özünə bənzəyən yazıçıdır”.
Vəssalam. Qeydlər bitir. Haqqında söhbət açılan kitab nəşr olunarkən Anarın yaşı qırxa yaxın idi. İndi aradan təxminən elə bir o qədər də vaxt ötüb keçmişdir.
Ötən illər ərzində Anar bir çox qiymətli ədəbi, publisistik, habelə elmi əsrlər qələmə almışdır. O, ədəbiyyatın demək olar ki, bütün janrlarına müraciət etmişdir. Olsun ki, heç yazıçının özü də bu əsərlərin hamısının eyni səviyyədə olduğunu iqrar etmir. Amma burasını inkar etmək olmaz ki, ədibin qələmindən çıxan hər bir əsər öz orijinallığı ilə diqqəti çəkir və artıq yuxarıda deyildiyi kimi, o, öz yaradıcılığı etibarı ilə heç kəsə bənzəməyən bir yazıçıdır.
Anar ölkəmizdə və eləcə də xaricdə daha çox bir nasir kimi məşhurdur desək, zənnimcə səhv etmərik. Onun roman, povest və hekayələri dünyanın bir çox dillərinə tərcümə olunub. Yazıçının ən populyar əsərlərindən biri “Beş mərtəbəli evin altıncı mərtəbəsi” adlı romandır. Bu əsər haqda yazılan bütün rəy və fikirlər toplanıb nəşr edilsə, heç şübhəsiz ki, romanın özündən dəfələrlə qalın olan bir və yaxud bir neçə cildlik kitab alınar.
“Beş mərtəbəli evin altıncı mərtəbəsi” indiyəcən dəfələrlə nəşr edilmiş, səhnələşdirilmiş və ekranlaşdırılmışdır. Əsərin bu qədər maraq doğurmasının səbəblərini geniş şəkildə araşdırmadan yalnız bunu demək olar ki, roman təkcə öz məzmunu ilə deyil, həm də mahiyyəti ilə cəzbedicidir. Oxucu (və yaxud tamaşaçı) əsərin qəhrəmanlarından dolayı bir sıra sadə və mürəkkəb suallarla üzbəüz qalmalı olur: niyə? nə üçün? nəyə görə? Əminəm ki, meydana çıxan əksər suallara təkcə oxucular deyil, elə müəllifin özü də konkret cavab verə bilməz. Hətta, romanın qəhrəmanları belə, öz etdikləri və etmədikləri hərəkətlərin səbəbini birmənalı qiymətləndirməkdə aciz görünə bilərlər.
Bəli, “Ağ liman” adlı povestin davamı kimi yazılmış bu əsər, yəni “Beş mərtəbəli evin altıncı mərtəbəsi” romanı barədə ciddi ədəbi tənqid öz sözünü deyib. Amma personajlarla bağlı mübahisələr bu gün belə səngimir. Əsəri sevənlər kimi, onu “qəbul etməyənlər” də vardır. Ən maraqlı hal burasındadır ki, son vaxtlar bu əsərdə yaratdığı qəhrəmanlara görə az qala yazıçının özünü belə “ittiham etməyə” çalışanlara da təsadüf olunur. Oxucular hələ bir yana, hətta, uzun illər öz təfəkkürü etibarilə “mənfi-müsbət” qəhrəman stereotipində ilişib qalmış, basmaqəlib mülahizələrdən o yana keçə bilməyən bir çox “tənqidçilər” belə, romanın qəhrəmanlarını öz ağıl və səviyyələrinə uyğun şəkildə təhlilə cəlb edir, yazıçıya absurd suallarla, bəzənsə az qala hədələrlə müraciət edirlər. Həmin hədə-suallarda təxminən bu cür iddialar səslənir: “Təhminə obrazını yaratmaqda yazıçının məqsədi nədir? Bir ziyalı oğlu kimi Zaur nə üçün belə antipedaqoji hərəkət edir? Görəsən Anar öz romanında bu obrazları qələmə almaqla qadın və kişiləri hara çağırır, hansı yola dəvət edir?..” Və sair və ilaxır bu kimi cəfəng suallar yenə səslənməkdədir.
Əlbəttə, bu səpgidə sərgilənən, avantüradan qaynaqlanan sualların bir çox müəlliflərinə cavab verməmək də olardı. Amma ədəbiyyatla bağlı yarımçıq bilgilərini səmimi-qəlbdən zənginləşdirmək istəyən kəslərə bəzi mətləbləri xatırlatmaq olar. Belələrinin nəzərinə çatdırmaq olar ki, bəzi suallara cavab tapmaq üçün gərək heç olmazsa öz mütaliənin radiusunu genişləndirəsən. Ədəbi qəhrəmanlarda bu cür “əmmalar” axtarsan gərək onda Lev Tolstoya da irad tutub deyəsən ki, yaratdığın bu “müsbət” Anna Karenina öz əri Aleksey Karenindən üz döndərib o biri Alekseyə, yəni Vronskiyə vurulanda sən hara baxırdın?
Başqa bir klassik misal: “Sakit Don” əsərinin “müsbət” qəhrəmanları Aksinya və Qriqori evli olduqları halda bir-birlərini dəlicəsinə sevirlər. Gərək onda əsərin müəllifi Mixail Şoloxovdan soruşasan ki, hörmətli müəllif, bu obrazların timsalında sən öz oxucularını hara çağırırsan?
Bu “məntiqdən” yanaşılsa gərək onda “Dəli Kür” qəhrəmanı üç uşaq atası, ailəli Cahandar ağa və ona qoşulub qaçan ərli Mələk obrazını yaradan İsmayıl Şıxlıya da anoloji sualla müraciət edəsən. Hətta, bir az irəli gedilsə onda bu əsərlər gərək əvvəla, heç yerli-dibli yazılmayaydı; ikincisi, öz dövrünün sərt senzor icazəsindən keçib nəşr ediməyəydi; üçüncüsü, bu əsərləri yazan müəlliflər cəzalandırılaydı.
Adamdan soruşarlar: adları çəkilən və eləcə də çəkilməyən bir çox əsərlərin müəllifləri sizi nə vaxt, harada özünün yaratdığı qəhrəmanlara bənzəməyə çağırıblar? Bəyəm Anar haradasa deyib ki, mən “Beş mərtəbəli evin altıncı mərtəbəsi” romanımı qadınlarımızın Təhminəyə oxşaması üçün yazmışam
Bizdə (həm də təkcə bizdə yox) təəssüflər ki, bir çoxları yazıçı ilə onun yaratdığı obrazı eyniləşdirməyə çalışırlar. Və ən təccüblüsü budur ki, belə düşüncə sahibləri arasında təkcə adi oxuculara deyil, özünü peşəkar tənqidçi hesab edən cahillərə də təsadüf edilir.
Hələ 19-cu əsrin ortalarında dahi fransız yazıçısı Qustav Flöberi (1821-1880) “Madam Bovari” romanına görə ittiham edən oxucu və tənqidçi “ordusunu” yada salanda, adam istər-istəməz zaman və hadisələr arasında müqayisələr aparmağa məcbur olur. Həmin əsərdə həkimlik fəaliyyətinə yenicə başlayan Şarl Bovarinin gənc arvadı Emma Bovarinin öz məşuqları ilə eşq macəralarından bəhs edilir. Bu xanım öz kiçik qızını və nüfuzlu ərini saya salmadan həyatını istədiyi kimi yaşamağa çalışır. Əsərin nəşri Fransa cəmiyyətində bomba kimi partlamışdı. Hətta, romanı dərc edən jurnalın redaktoru məhkəməyə verilmişdi. Qustav Flöberi nəinki tənqid və təhqir edir, hətta onu ölümlə hədələyirdilər. Yazıçıya təhdid dolu suallar verilirdi. Ən çox da bunu soruşurdular ki, Madam Bovarinin prototipi Fransada hansı qadındır, yəni sən konkret olaraq kimin obrazını yaratmısan? Mənasız suallardan bezən yazıçı axır ki, qaragüruhun sualına sanballı “cavab tapdı”. O, “Madam Bovari elə mən özüməm” deməklə bu cür cəfəng suallardan qurtula bildi.
Dediyimiz kimi, Anar Azərbaycan ədəbiyyatına qiymətli töhfələr vermişdir. Bununla yanaşı o, mədəniyyətimizin təbliği sahəsində də əlindən gələni əsirgəməmişdir. Əslində burada “təbliğ” sözü ədibin gördüyü işlərin müqabilində solğun təsir bağışlaya bilər. Çünki o, həm də bu mədəniyyətin yaradıcılarından biridir.
Anarın yuxarıda adını çəkdiyimiz “Dədə Qorqud” kinodastanı əsasında çəkilmiş film bir çox ölkələrdə nümayiş olunmuş, uğur qazanmışdır.
Yazıçının ssenariləri əsasında çəkilmiş “Qəm pəncərəsi”, “Uzun ömrün akkordları”, “Cavid ömrü”, “Sübh səfiri” filmləri Azərbaycan ədəbi-mədəni-sosial-siyasi həyatının əvəzolunmaz simaları Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Mirzə Fətəli haqda lentə alınmış, onlara həsr olunmuş ekran abidələridir.
Yeri gəlmişkən, xüsusi vurğulamaq lazımdır ki, Anarın bədii və sənədli əsərləri əsasında bir çox sənədli və bədii televiziya filmləri də çəkilmişdir.
“Azərbaycan” jurnalında gedən ilk kiçik həcmli əsərindən tutmuş (“Asılqanda işləyən qadının söhbəti”) ilk nəşri yenə həmin jurnalda işıq üzü görən hələlik sonuncu iri həcmli əsərinədək (“Göz muncuğu”) Anar və onun yaradıcılığı həmişə professinal ədəbiyyat adamları və adi oxucular tərəfindən maraqla qarşılanıb.
Vaxtilə qələmə aldığım nəzəri bir yazıda (“Nəsrin inkişaf trayektoriyası”) dünya ədəbiyyatının diqqət çəkən nəsr nümunələrini öz nüfuzetmə və təsirgöstərmə imkanlarına görə iki istiqamətdə qruplaşdırmağa cəhd göstərmişəm: şaquli və üfiqi istiqamətdə. Və bu konteksrdən çıxış edərək yazıçıların özünün də iki mühüm qrupa ayrıldığını, bunların bir qisminin arxeoloqa, digər qismininsə arxitektora bənzədiyini qeyd etmişəm. Birinci qrupa daxil olan sənətkarlar daha çox “alt qata”, yəni yaratdıqları obrazların psixoloji aləminin dərinliyinə baş vurmağa çalışır, ikinci qrupdakılar isə daha çox obrazların “görünən” tərəfinə, yəni zahiri əlamət və keyfiyyətlərinin təsvirinə diqqət yetirirlər. Anarın nəsr əsərlərində bu amillərin hər iksi müşahidə olunmaqdadır.
Polifonik üsluba malik olan yazıçının əsərlərində qrotesk, fantastik və mistik çalarlar özünü göstərir. Və əsasən realist əsərlər müəllifi kimi tanınan ədibin yaradıcılığında bu əlamətlər bəzən bir janr nümunəsi kimi boy verir. Bu mənada “Yaxşı padşahın nağılı”, “Əlaqə”, “Dantenin yubileyi”, “Macal”, “Qırmızı limuzin”, “Göz muncuğu” və digər əsərləri yada salmaq olar.
Sıx-sıx olmasa da, arada yolum yaxın xaricdəki ölkələrə düşür. Adətim üzrə, teatrlara və yazıçıları birləşdirən təşkilatlara baş çəkirəm. Demək olar ki, postsovet məkanında söhbət etdiyim əksər əcnəbi yazıçılar bizim müasir ədəbiyyatdan söhbət düşəndə çox vaxt Anarla, onun yaradıcılığı ilə bağlı suallar verir, yeni əsərləri ilə maraqlanırlar.
Anar ədəbiyyata gəldiyi vaxtdan oxucuların və ədəbi tənqidin diqqət mərkəzindədir. O, ədəbiyyat tariximizdə öz yaradıcılığı ilə ən çox diqqəti çəkən, mübahisə doğuran, tənqid və tərif edilən qələm adamlarından biridir. Bu mənada yazıçı yubileydən-yubileyə yada düşən, anılan imzalardan biri yox, daim ciddi ədəbi gündəmdə olan sənətkarlardan biridir. Elə indi oxuduğunuz bu yazı da ənənəvi “yubiley məqaləsi” kimi qəbul edilə bilməz. Yazıçı ürəyinin ən böyük bayramı onun yazdığı, ortaya qoyduğu əsərdir. Biz belə əsərləri yenə görəcəyik.
Bəli, yazıçı öz ömrünün növbəti baharını qarşılayır. Təbii ki, yaş məsələsi yaradıcılıqda nisbi mahiyyət kəsb edir. Yaradıcı adamın yaşını onun ortaya qoyduğu əsərlər müəyyən edir. Bu mənada, Anar həmişə olduğu kimi, yenə yorulmadan yazır və yaradır. Yazıçı həm də özünün yaradıcılıq baharını, söz baharını yaşayır. Baharın mübarək, Anar.
4 fevral 2022-ci il tarixində Ankarada TürkSOY Genel Mərkəzində Türk Ədəbiyyatı Vəqfinin 2022-ci il üzrə təsis etdiyi “Yaşayan Dədə Qorqud” və “Türk Dünyasına Üstün Xidmət Ödülləri”nin təqdimatı mərasimi keçirildi. Bu münasibətlə Türk Ədəbiyyatı Vəqfi başqanı Sərhat Kabaklı, “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar, Türk ədəbiyyatı Vəqfinin başqan vəkili Esat Kabaklı, Ömer Balıbey, Vəqfin yönəticilərindən Mehmet Ali Talayhan, “Türk ədəbiyyatı” dərgisinin əməkdaşı Səadət xanım Örməci və Yüksəl xanım Kabaklıdan ibarət heyət İstanbuldan Ankaraya rəsmi səfər etmişlər. TürkSOY genel mərkəzində gerçəkləşən ödül törənini giriş sözü ilə açan Türk Ədəbiyyatı Vəqfi başqanı Sərhat Kabaklı Türk dünyasına könüllü xidmət edən aydınlarımızı bu ödüllərlə təltif etməkdən qürur duyduğunu dilə gətirdi. Başqanın açılış nitqindən sonra “Türk ədəbiyyatı” dərgisinin əməkdaşı Səadət xanım Örməci Türk Ədəbiyyatı Vəqfinin və “Türk ədəbiyyatı” dərgisinin Türk İnsanının mənəvi təşəkkülündə və milli düşüncəsinin formalaşmasında önəmli yerindən bəhs edən maraqlı nitq söyləyərək çıxışının sonunda Vəqfin təsis etdiyi ödülləri və sahiblərinin adlarını açıqladı: Mərhum şeyxülmühərririn Ahmet Kabaklı və dostları tərəfindən 1972-ci ildə qurulan Türk Ədəbiyyatı Cəmiyyəti 1978-ci ildə Türk Ədəbiyyatı Vəqfi olaraq fəaliyyətini davam etdirmişdir. Türk mədəniyyətinin ən sağlam və sarsılmaz sütunlarından olan Türk ədəbiyyatı Vəqfi bu günə qədər gerçəkləşdirmiş olduğu fəaliyyətlərlə milli köklərimizə bağlı qalaraq “kökü keçmişə söykənən gələcəyi” inşa etməyə çalışan bir qurumdur. Türk ədəbiyyatı Cəmiyyətinin mətbu orqanı olaraq 1972-ci ilin Yanvar ayında ilk sayı ilə oxucuları salamlayan Türk ədəbiyyatı dərgisi bu ay yayın həyatındakı 580 sayını geridə qoymuşdur. Ədəbiyyat tariximizin ulu çinarlarından olan dərgimiz Türk ədəbiyyatında ən çox yol gələn dərgilərdən biridir. Türk Ədəbiyyatı Vəqfi və “Türk ədəbiyyatı” dərgisi yarım əsrdir ki, elm, mədəniyyət və sənət adamlarını dəstəkləyən, onların əsərlərini yayımlayan qutlu bir ocaq olaraq varlığını davam etdirməkdədir. 50 ildir davam edən “Çərşənbə söhbətləri” Türk Ədəbiyyatı kürsüsünü elm, mədəniyyət, sənət məsələlərinin dilə gətirildiyi, gündəmə daşındığı və müzakirə olunduğu bir platformaya çevirmişdir. Calal Bayar, Alparslan Türkeş, Rauf Denktaş, Deniz Baykal kimi siyasətçilər, Mehmet Kaplan, Erol Güngör, Faruk Kadri Timurtaş, Osman Yüksəl Serdengeçti, Samiha Ayverdi, Alaəddin Yavaşca, Nəcib Fazil, Orxan Şaik Gökyay kimi neçə elm, mədəniyyət və adamları, şair və yazarlar bu kürsüdən konfrans vermiş, nitq söyləmişlər. Bu konfranslara aid 50 illik zəngin bir arxivimiz də vardır. Vəqfimizin “Türk ədəbiyyatı Vəqfi yayınları”, “TEDEV uşaq nəşrləri”, Türk dünyası ədəbiyyatlarına aid əsərlərin yayımlandığı “Turay yayınları” olmaqla üç müxtəlif yayın evləri vardır ki, bu günə qədər 375 müxtəlif kitabın nəşrini gerçəkləşdirmişdir. Türk Ədəbiyyatı Vəqfi Türk mədəniyyətinə önəmli xidmətləri olan elm və sənət adamlarını hər il mükafatlarla təltif etməkdədir. Bu il mükafat komissiyamızın irəli sürdüyü təklifə əsaslanaraq Vəqfin idarə heyətinin 8 yanvar 2022-ci il 2022/01 saylı qərarı ilə: Dilçilik elmimizə verdiyi böyük töhfələrinə görə Türk dünyasında dilimizin piri kimi qəbul edilən Professor Ahmet Bican Ercilasun, Türk kimliyinin inşası üçün əsərləri və mücadiləsi ilə bu yolda həmişə ön sırada dayanan, eyni zamanda Vəqfimizin qurucularından olan Professor İsgəndər Öksüz, şeirləriylə Türk dünyasının hər bölgəsində boy göstərən, “Arala ağı”, “Göygöl”, “Türkülər” kimi şeirləri ilə Türkcənin bayraqdarlığını edən şair Ali Akbaş “Yaşayan Dədə Qorqud” ödülünə layiq görülmüşdür. Türk Dünyasının ortaq qurumu olan və qurulduğu gündən bu yana Türk mədəniyyətini və sənətini beynəlxalq müstəvidə təbliğ edən, tanıdan, TÜRKSOYa rəhbərlik etdiyi gündən bəri Türk dünyasının mədəni zəmində birləşib bütünləşməsi üçün çox böyük işlər görən TÜRSOY Genel Sekreteri Düsen Kaseinov; ömrünü türklük davasına həsr etmiş, bugünə qədər qurulan bütün milli təşkilatlarda qurucu və ya üzv olaraq çalışan Türk milliyyətçilərinin böyüyü, ağsaqqalı Sadi Somuncuoğlu, ədəbiyyatdan musiqiyə, dildən sənətə çox fərqli müstəvilərdə milli mədəniyyətimizi yaşatmağa çalışan, hər qurumda, dərgidə yazılarıyla yer alan, intellektual kimliyi ilə istedadlı gənclərə daima yol göstərən şair, yazar, tənqidçi, publisist A.Yağmur Tunalı, qurduğu İLESAM VƏ TÜRKSAV kimi qurumlarda yürütdüyü çalışmalarla Türk dünyasının hafizəsində xüsusi yeri olan, şeirləriylə könüllərdə taxt quran Yahya Akengin, Türk ocaqları təşkilatından başlayaraq Türk dünyasına yönəlik fəaliyyətləri ilə daim öndə olan, Avrasiya Yazarlar Birliyinin və Türk dünyasının ortaq dərgisi olan “Qardaş qələmlər”in qurucusu doç.dr. Yaqub Öməroğlu “Türk Dünyasına Üstün Xidmət Ödülü”nə layiq görülmüşlər.
Daha sonra təqdim etmə mərasimi keçilirilmiş və mükafatlar sahiblərinə təqdim edilmişdir. “Yaşayan Dədə Qorqud”, “Türk Dünyasına üstün xidmət ödülləri” ilə yanaşı xüsusi olaraq bir mükafatın da təsis olunduğu diqqətə çatdırılmışdır.
“Türk ədəbiyyatı” dərgisinin 50 illik yubileyinə özəl olaraq Dərginin ən qiymətli və vəfalı oxucusu Zəki Birdoğan “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar tərəfindən xüsusi təltiflə mükafatlandırılmışdır. Xatırladaq ki, Vəqfin təsis etdiyi digər ödüllər 8 fevral 2022-ci il tarixdə İstanbulda Türk Ədəbiyyatı Vəqfində düzənləcək törəndə sahiblərinə təqdim ediləcəkdir.
“Dergi hür tefekkürün kalesidir” – deyirdi Cemil Meriç. Gerçəkdən də hürr təfəkkürün qalası ola bilmək böyük cəsarət işidir. 50 il boyunca, sözün həqiqi mənasında, türk milli düşüncəsinə söykənərək hürr təfəkkürün binasını qoyan “Türk ədəbiyyatı” dərgisinin bu gün ən yüksək səviyyədə işıq üzü görməsi istiqamətində dəyərli böyüyüm, əziz Ustadım İmdat Avşar yorulmaz xidmətlərdə bulunmaqdadır.
Kabaklı Hocanın başladığı qutlu yolun mənəvi varisləri kimi bu gün İmdat bəy başda olmaqla dərginin bütün yaradıcı heyəti böyük məsuliyyət və vicdanla çalışmaqdadır. Bu günlərdə “Türk ədəbiyyatı”nın Şubat (fevral) sayı oxucuların görüşünə gəlib. Hər bir sayda olduğu kimi fevral sayında da ədəbi, fəlsəfi, akademik araşdırmaların məzmun orijinallığı, ehtiva etdiyi dərin məna və elmi mündəricəsi, oxucunun hər ovqatda bədii zövqünü oxşayan hekayə və şeirləri, ədəbi proseslə birgə addımlayan, zamanla səsləşən maraqla müsahibələri oxuduqca çağdaş türk ədəbi, mədəni, elmi mühitinin mənzərəsi, eyni zamanda, işinə yüksək peşəkarlıq, həvəslə yanaşan baş redaktorla bərabər yaradıcı heyətin yorulmaz əməyi təsəvvürümüzdə işıqlanır. “Türk ədəbiyyatı” oxucularını sevgiylə salamlayan İmdat bəy “Həsbi-Hal”da fevral ayında Haqqa qovuşan Kabaklı Hocanın əziz xatirəsini rəhmətlə anır: “8 fevral dərgimizin qurucusu, şeyxülmühərririn Ahmet Kabaklının Haqq dünyasına qovuşmasından 21 il ötür. Əlli illik bir mədəniyyət qalasının təməlini qoyan və bu qutlu ocağın məşəlini yandıran ustadımızı rəhmət və minnətlə yad edirəm!” 2022-ci il dərginin 50 illik yürüdüyü yola, tarixə şahidlik edənlərin xatirələrini, dəyərləndirmələrini yayınlamaq təşəbbüsündə bulunan baş redaktorun Fevral sayının ilk səhifələrində Ahmet Kabaklının yetirməsi M.Mehdi Ergüzelin yazısına yer verilməsi olduqca təqdirəlayiqdir. “Milli ədəbiyyatımızın qalası Türk ədəbiyyatı 50 yaşında” yazısıyla M.Mehdi Ergüzel bu müqəddəs ocaqdakı xatirələrin işığında milli ədəbiyyatımızın qalası olaraq dəyərləndiyi dərginin şahid olduğu illəri, o illərin hadisələrini vərəqləyir. “Ahmet Kabaklının ilk şeirləri” adlı məqaləsində Təhsin Yıldırım “Kabaklı Hocanın “Bizim Türkiyə” dərgisində 3 mart – 21 iyun 1948-ci il tarixlər aralığında yayımlanan siyasi həcvlərə bənzəyən ilk qələm təcrübələrini təhlil müstəvisində işıqlandırır. Bir oxucu olaraq hər sayını böyük sevgiylə gözlədiyim, hər bir yazısını maraqla oxuduğum “Türk ədəbiyyatı”nda təqdir etdiyim özünəməxsus bir cəhəti qeyd etmək istəyirəm. May ayında Haqqa yürüyən Əminə İşınsunun, oktyabrda İnci Çayırlının, yanvarda Sezai Karakoçun, bu sayda isə Günay Karaağacın gözəl yazılarla anılması, yad edilməsi bir vəfa borcu olmaqla yanaşı həm də ömrünü ləyaqətlə yaşamış insanların ardından kövrək bir xatirə kimi yadda qalır. Günay Karaağac Türk dünyasının dil bilginlərindəndir. “Azərbaycan bayatıları” kitabını ərsəyə gətirən bu böyük alimin xidmətləri Türkiyə ilə bərabər həm də Azərbaycanı əhatə edir. “Türkcənin dünya dillərinə təsiri”, “Dil, tarix və insan”, “Türkcənin söz düzümü”, “Türkcənin səs bilgisi” kitabları ilə türkoloji elmimizə böyük töhfələr verən Günay Karaağac 8 dekabr 2021-ci il tarixdə 72 yaşında Haqqa qovuşub. Vahid Türk “Günay Karaağacın Türkcə Verintilər sözlüyü”, Özkan Öztekten “Torpağın tərbiyə etdiyi gözəl insan: Günay Karaağac” məqalələrində mərhumun əziz xatirəsini rəhmətlə anır. Bu məqalələr həm də Prof.dr. Günay Karaağacın elm aləmindəki hizmətlərini işıqlandırır. Prof.dr. Mustafa İsen və qızı, türk dünyasının gənc elm adamlarından olan prof.dr. Tuba İşınsu Durmuşun imzası bizlərə “Sultanların şeirləri… Şeirlərin sultanları” kitablarından doğmadır. “Türk ədəbiyyatı”nın fevral sayında Bilal Gözəl “Qılıncın və qələmin sultanları” kitabı üzərinə dəyərli Tuba xanım və Mustafa bəylə maraqlı söhbətini oxuculara təqdim edir. “Nurəddin Topçu: məsuliyyətli bir müəllim, elm və fikir adamı, filosof, yazar” yazısıyla Şaban Kumcu həyatı, yaradıcılığı və əsərlərinin təhlil müstəvisində Nurəddin Topçunun maarifçilik görüşlərini, İslami əxlaq və mənəvi baxış açısını işıqlandırır. Orxan Arasın ötən saylarda yayımlanan Bozkırın böyük oğlu Çingiz Aytmatov haqqında yazısı çox sayda oxucuların rəğbətinə səbəb olmuşdu. Fevral sayının “Almaniyadan məktublar” bölümündə Orxan Aras “Sürgündə bir məzar: Mustafa Çokay” məqaləsində Türküstanın birliyi uğrunda fədakar mübarizlərdən olan, Qazaxıstanın ictimai-siyasi xadimi Mustafa Çokaydan söhbət açır. Ötən yazısında Qonçarovun “Oblomov” romanına və qəhrəmanın adı ilə eyni səsləşən “oblomovçuluq” ideologiyasına orijinal baxış sərgiləyən Aqşin Yenisey bu sayda “Kafka ilə Soljenitsində totalitarizm: Şato və Gulag” adlı araşdırmasında hər iki ədibin yaradıcılığında totalizm görüşlərini təhlil edərək bunun ədəbiyyata və bədii əsərlərə təsirindən danışır. Zəkai Özdəmirin qələmində isə “Dostoyevskinin “Cinayət və cəza” romanının şərhi”ni oxuyuruq. Professor Cemal Kurnazın “Şair sözü yalandır”, Kazım Yetişin “Şeir və düşüncə”, Sultan Poladın “İtmiş miras” dənəmələri elmi-publisitik yönləri ilə diqqətimizi çəkməkdədir. Nəsr bölümündə həyat həqiqətlərini bədii sənət materialına çevirərək bənzərsiz detalları ilə orijinal süjetlər yaradan Zübeyde Andıç “Şəkil”, “Yıldırım Türk “Pərdə”, Hüzeyme Yeşim Koçak “Dik durma”, Özşan Koban “Ben Bilal Hadi” əsərləri ilə hekayəsevərlərin görüşünə gəlir. Azərbaycan ədəbi mühitinin istedadlı gənclərindən Aysel Xanlarqızının “Sən gəldin” şeiri Azərbaycandan şeir payı kimi türk oxucularına ərməğan olunur. Mahmud Bahar “Qu quşları geri döndü” , Şadi Oğuzxan “Göy üzü qədər”, Ahmettahsin Erdoğan “Son gün”, Səlim Tuncbilək “Mərhəba”, Məhmət Baş “Hörgüç”, Cəlaləddin Kurt “Ezgilər çərçisi”, Rıdvan Yıldız “Karstik tənha” şeirləri ilə poeziya sevərlərin zövqünü oxşayır. Çağdaş türk ədəbi mühitini, mədəni ortamı və ictimai prosesləri izləmək baxımından “Türk ədəbiyyatı” dərgisinin Şubat (fevral) sayı oxucu qarşısında geniş imkanlar yaradır. Dərginin hər sayının yolunu həvəslə gözləyir, oxuduğumuz bir-birindən dəyərli bu gözəl yazıların işıq üzü görməsində əməyi keçən hər kəsə uğurlar arzulayıram! “Türk ədəbiyyatı”nın fevral sayını vərəqləyə-vərəqləyə təəssüratlarımı qələmə alarkən, Dərginin yayın kurulunda önəmli xidmətləri olan, Milli düşüncəli yazıları ilə Azərbaycanda da böyük sevgiylə oxunan, Elçibəy, Turan Yazgan, Ahmet Kabaklı… kimi böyük türk aydınlarının yolunu şərəflə yürüyən, “Oğlun oldum ey Anneler Annesi” yazısıyla duyğularımın, “Devler keçdi bu yollardan” kitabıyla düşüncələrimizin tərcümanına çevrilən istedadlı yazar-şair A.Yağmur Tunalının Kabaklı hocanın anım günü ərəfəsində “Türk Dünyasına Üstün Hizmət Ödülü” ilə təltif edilməsi sevincinə şərik olur, Yağmur ağabəyimizi bu münasibətlə ürəkdən təbrik edir, gələcək işlərində və yaradıcılığında başarılar diləyirəm!
Ədəbiyyat bütün zamanlarda cəmiyyətin mənəvi barometri, mənəviyyat aynası, dərsliyi olmuşdur. Cəmiyyətin sağlamlığı və ya ondakı mənəvi çatışmazlıqlar ədəbiyyata, ədəbiyyat isə insana, mənəvi mühitə daim təsir etmişdir. Zamanın tələbinə cavab verən ədəbiyyatı yaratmaq sözün əsl mənasında, qəhrəmanlıqdır. Bu günkü baxış bucağından bizə asan və ya sadə görünən işləri reallaşdırmaq tarixin çətin və ziddiyyətli dönəmlərində həqiqətən də böyük zəhmət və iradə hesabına başa gəlib. Ahmet Kabaklı ədəbiyyat dünyasının məhz belə fədakar şəxsiyyətlərindən olub. Cumhuriyyət dönəmində Türkiyənin əsas ədəbiyyatşünaslıq mərkəzlərindən biri olan və Türk dünyasının dörd bir yanından axışıb gələn ziyalıların müqəddəs ocaq bildiyi Türk Ədəbiyyatı Vəqfini yaratması və Vəqfin ayrılmaz bir parçası olan “Türk ədəbiyyatı” dərgisini təsis etməsi Ahmet Kabaklının ədəbiyyat və mədəniyyət tariximizdə gerçəkləşdirdiyi əvəzsiz xidmətlərindəndir. 15 Ocak 1972-ci il “Türk ədəbiyyatı” dərgisinin ilk sayının işıq üzü gördüyü gündür. Bu il ədəbi-fəlsəfi, elmi-publisistik yönləriylə Türk dünyasında milli düşüncənin gəlişməsində bir mərhələ, təmayül, məktəb yaradan dərginin yaranmasından 50 il ötür. Fuad Köprülü, Cəmil Meriç, Mehmet Kaplan, Erol Güngör, Niyaz Yıldırım Gençosmanoğlu, İsgəndər Öksüz, Əminə İşınsu, Ömər Lütfü Mete kimi milli düşüncəli aydınları öz ətrafında toplayan dərgi 50 ildir ki, kəsintisiz yayınlanmaqla türk mədəniyyətinə və ədəbiyyatına hizmətdə bulunmaqdadır. Türk Ədəbiyyatı Vəqfinin və eləcə də Vəqfin mətbu orqanı olan “Türk ədəbiyyatı” dərgisinin ədəbiyyat, sənət, mədəniyyət sahəsində göstərdiyi misilsiz xidmətləri təkcə Türkiyəni deyil, türk dili və düşüncəsi ətrafında birləşən qardaş türkdilli dövlətləri və o cümlədən, Azərbaycanı əhatə edir. Türk Ədəbiyyatı Vəqfi İstanbula gedən hər bir Azərbaycan ziyalısı üçün müqəddəs ocaqdır. Sözün bütün mənalarında, Vəqf bir yurd yeri, ata ocağı kimi hansı doğmalıqdadırsa, “Türk ədəbiyyatı” dərgisinin hər bir səhifəsi də bizlər üçün eyni doğmalığı kəsb etməkdədir.
Böyük mütəfəkkir Ahmet Kabaklı Haqqa yürüdükdən sonra dərgiyə İsa Kocakaplan, Bəşir Ayvazoğlu, Bəxtiyar Aslan baş redaktorluq etmişlər. Öz tarixi kökləri, gələnək və milli dəyərlərə bağlılığı ilə yaddaşlarda işığa çevrilən “Türk ədəbiyyatı” dərgisinin baş redaktorluğu kimi böyük ədəbi məsuliyyət və mənəvi missiyanı bu gün Türk dünyasının sevilən qələm adamı, istedadlı yazıçı, tərcüməçi İmdat Avşar ləyaqətlə yerinə yetirməkdədir. Şeyxülmühərririn başladığı qutlu yolun mənəvi miraslığını üstlənən İmdat bəyin bu zaman ərzində ortaya qoyduğu böyük işlər Onun ədəbi vicdanı, yoluna və qələminə ləyaqətlə bağlılığını, paradiqmatik düşüncə tərzini, milli və bəşəri məsələlərə yanaşma özəlliyini, dünyaya və xüsusən Türk dünyasına dair məsələlərə sərgilədiyi baxış obyektivliyini bir daha təsdiq etməkdədir. İmdat bəyin baş redaktorluğu ilə işıq üzü görən hər bir buraxılış uzun illərin sınağından çıxmış təcrübəyə əsaslandığı, kökə bağlı olduğu kimi, eyni zamanda yeni ruhu, yeni nəfəsi ilə həm Türkiyədə, həm də Azərbaycanda böyük rəğbət və maraqla qarşılanmaqdadır. Ahmet Kabaklı bir məqaləsində yazır ki: Düşüncənin milli oluşu geniş anlamda millətin milli zövqünün və milli həyatının əsəri olunuşundadır. Dil və düşüncə kökə söykənəndə milliləşir və daha da bütövləşir. Bu mənada, “Türk ədəbiyyatı”nın hər sayını vərəqlədikcə dərginin ədəbi-bədii, elmi-fəlsəfi mündəricəsi dəyərində həm də milli düşüncəyə köklənmiş mənəviyyat abidəsi olduğunu müşahidə etməkdəyik. Zəngin ədəbi ənənələrə və milli məfkurəyə söykənməsi, sözün həqiqi mənasında, dərginin daha oxunaqlı olmasını şərtləndirir. 50 yaşını tamamlayan “Türk ədəbiyyatı”nın 579-cu buraxılışı Ocak sayı da bu mənada maraqlı ədəbi-fəlsəfi mündəricəsi ilə diqqəti çəkməkdədir. Dərginin ilk səhifəsindən baş redaktor İmdat Avşarın “Həsbi-hal”ı, şeyxülmühərririn Ahmet Kabaklının 50 il bundan öncə ilk say işıq üzü görəndə qələmə aldığı “Çıxarkən” adlı müraciət yazısı, professor Emil Birolun “Bir fikir, ədəbiyyat və sənət dərgisi Türk ədəbiyyatı 50 yaşında” və professor “İsa Kocakaplanın “ 50 ildir yanan ocaq” məqalələri dərginin yarım əsr boyunca keçib gəldiyi keşməkeşli yola ayna tutur. Dəyərli İmdat bəy böyük təvazökarlıq və minnətdarlıq duyğusu ilə illərin maddi-mənəvi çətinliklərinə rəğmən dərginin işıq üzü görməsində özündən əvvəlki redaktorlar və yaradıcı heyətin fədakar əməyini vurğulamaqla bərabər bu il Türk ədəbiyyatının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “İlin dərgisi” mükafatına layiq görülməsini bundan öncəki ədəbi nəsillərin və yönəticilərin uğuru hesab edir: “Dərgimiz bu sayı ilə yayın həyatındakı yarım əsrlik sürəci tamamlayır. 50 ilimizin ilk sayını çıxarmaq bəndənizə nəsib olsa da bu ehtişamın əsl memarları – başda qurucumuz, “yazarların mənəvi-başqanı” Ahmet Kabaklı və bu mənəvi estafeti ondan alan İsa Kocakaplan, Bəşir Ayvazoğlu və Bəxtiyar Aslandır. Bu uğurda – hər bir sayımızın işıq üzü görməsində zəhməti olan dəyərli böyüklərimizin, elm, mədəniyyət və sənət xadimlərinin, 50 ildir yazıları ilə ədəbiyyatımıza misilsiz xidmət edən yazarların payı böyükdür. Ədəbiyyat tariximizdə ən uzunömürlü dərgilərdən biri olan “Türk ədəbiyyatı”nın – bu müqəddəs ocağın məşəlini sönməyə qoymayan qəhrəmanlara minnətdaram. Vəfat edənlərə Allahdan rəhmət, həyatda olanlara sağlıqlı və uzun ömürlər diləyirəm. 50 illik böyük bir zamanda bir ədəbiyyat dərgisini yaşatmanın çətinliklərinə, sıxıntılarına bizdən öncəki nəsil mətanətlə sinə gərmişlər. Bu il Mədəniyyət və Turizm Nazirliyinin “Türk ədəbiyyatı” dərgisini “İlin dərgisi” mükafatına layiq görməsi, əslində, bizdən öncəki nəsillərin uğurudur. İmdat bəyin “Həsbi-hal”ından sonra dərginin ilk səhifələrində yer alan mütəfəkkir ziyalı, mərhum Ahmet Kabaklının “Çıxarkən” başlıqlı manifest xarakterli yazısı “Türk ədəbiyyatı”nın ətrafında cəmləşən qələm əhli üçün 15 yanvar 1972-ci ildən bugünə qədər və bundan sonra yol bələdçisi təsiri bağışlayır.
Professor Birol Emil “Bir fikir, ədəbiyyat və sənət dərgisi “Türk ədəbiyyatı” 50 yaşında” adlı məqaləsi ilə oxucunu 1971-ci illərə aparır, gənclik xatirələrini vərəqləyərək dərginin çıxacağı ərəfədə mərhum Ahmet Kabaklı ilə Mehmet Kaplanın söhbətlərini yada salır: “1971-ci ilin oktyabr ya noyabr ayı idi. Bir gün əziz müəllimim prof.dr. Mehmet Kaplan: “Birol, Ahmet Kabaklı bir dərgi çıxarmaq istəyir. Məni Cağaloğlundakı yerinə dəvət etdi. Gəl birlikdə gedək”, – dedi. Cağaloğlundan Sirkəciyə enərkən küçənin solunda üçmərtəbəli bir binanın ikinci mərtəbəsində çox sadə döşənmiş, əşyası bir masa, bir neçə stul, bir kitab rəfindən ibarət olan bir otağa girdik. Ahmet Kabaklı bizi həmişəki sayğı və mütəvaziliklə qarşıladı. Mən o zamanlar dr.assisent idim. İki müəllimin söhbətini diqqətlə dinləyirdim. Ahmet Kabaklı “Türk ədəbiyyatı” adıyla bir dərgi çıxarmaq arzusundan, Türk oxucusunu ədəbi-bədii səviyyəsi olmayan dərgi “hərc-mərcliyindən” qurtarmaq yolunda çabasından, layihəsini hazırladığı “Türk ədəbiyyatı”nın Türk ruhuna və milli şüuruna bağlı bir sənət toplusu olacağından söhbət açdı”. Professor Birol Emilin 50 il bundan öncəki xatirələri vərəqləməsi “Türk ədəbiyyatı”nın yayınlanmasının hansı zamanda necə bir mənəvi ehtiyacdan doğulduğunu oxucunun təsəvvüründə canlandırır: “Ahmet Kabaklı hocamız “Türkiyə Ədəbiyyat Cəmiyyəti”ni, Türk Ədəbiyyatı Vəqfini qurmaqla və “Türk ədəbiyyatı” dərgisini çıxarmaqla çox mühüm bir iş ərsəyə gətirmişdir. 1970-ci illərdə Türk cəmiyyətində dəyərini və etibarını get-gedə itirən Türk ədəbiyyatına əvvəlki dəyərini və etibarını qazandırmaq istəyirdi. O, bir ədəbiyyat tarixçisi olaraq gözəl bilirdi ki, Tənzimat dövründən etibarən Türkiyənin ən böyük mədəni dəyəri ədəbiyyatdır. Siyasi rejimlə yanaşı mədəniyyət və ədəbiyyat dünyasındakı dəyişikliklərədək hər şeyin təməl səbəbi milli mücadilədən doğur. Və bu milli mücadilənin Məhmət Akifin, Yahya Kamalın, Yaqub Qədrinin, Xalidə Ədib Adıvarın, Ruşən Əşrəfin, Falih Rıfqının və daha neçə yazarın yaradıcılığından qaynaqlandığını Ahmet Kabaklı hocamız çox gözəl bilirdi…” Professor İsa Kocakaplan “Əlli ildir yanan ocaq” məqaləsində “Türk ədəbiyyatı” ailəsinə qədəm qoyduğu illəri xatırlayır, dərginin yayınlanması ərəfəsində mərhum Ahmet bəyin necə zorluqlara sinə gərdiyini, hansı maddi-mənəvi yoxluqlarla üz-üzə gəldiyini və bütün çətinliklərə mətinliklə dözdüyünü qələmə alır: “Mənim “Türk ədəbiyyatı” dərgisində çalışmağa başlamağım təxminən 1979-cu ilin aprelinə təsadüf edir. Müəllimim Nuri Soydal bir dərgidə çalışırdı. Mənə söylədi ki, yanımda çalışmaq üçün bir kadra ehtiyacım var. Getdim. Vəqfin müdiri, dərginin də yazı işləri müdiri olan mərhum Niyazi Yıldırım Gənçosmanoğlu ilə söhbətləşdikdən sonra işə başladım. O zamankı şərtlərə görə dərginin işində xeyli axsamalar var idi. Satış çox azalmışdı. Dərginin cəmi 500 abunəsi var idi. O abunələr də mərhum Alparslan Türkeşin MHP təşkilatları idi. Qəribə burasıdır ki, kimsənin dərgiyə iltifat etmədiyi bir dönəmdə Türk ədəbiyyatına MHP təşkilatları abunə idi. Bunu Alparslan Türkeş sağlamışdı. Əlbəttə ki, böyük lider olmaq asan məsələ deyildi. Dərginin yayın işlərində maddi sıxıtılar Kabaklı hocayı son dərəcə narahat edirdi, bu durum 1981-ci ilin fevralına qədər davam etdi. Fevral aylarında Ahmet Hoca Kamal İlicakdan maddi dəstək istəmək məcburiyyətində qaldı. 48 səhifəlik bir dərginin rəhmətlik Kamal İlicak Tərcüman təsislərində heç bir təmənnasız 8 ay boyunca çap etdi. Dərgi bugünkü səviyyəyə gəlib çıxana qədər bunu bənzər xeyli çətinliklərdən keçib uzun bir yol gəldi” – deyə xatirələrini vərəqləyir İsa Kocakaplan. “İnsanlığın dirilişi”, “Zamana adanmış sözlər”, “Körfəz”, “Səslər”, “Ayinlər” kitabları ilə çağdaş türk poeziyasında mərhələ yaradan Sezai Karakoçun Haqqa yürüməsinin ardından “Türk ədəbiyyatı”nın bu Ocaq sayı onun sənət aləminə, yaradıcılıq dünyasına işıq tutması, sənətkarın əziz xatirəsinə həsr olunmuş yazıların bir-birilə vahid süjet əsasında bağlanması elə Sezai Karakoçun Türk mədəniyyətinə bəxş etdikləri kimi bütöv bir kompozisiya təsiri bağışlayır. Sezai Karakoç dosyasını hazırlayan Alim Kahramanın “Şeir və düşüncə evreniylə Sezai Karakoç”, Fatih Arslanın “Kölgənin hökmü Günəşə varana qədər”, Nuray Alpərin “Ənənə boxçasında müasir ilmələrlə toxunmuş bir şeir: Sezai Karakoçun “İlk” şeiri”, yazar-şair A.Yağmur Tunalının “Namuslu aydın” məqalələri bizim təsəvvürümüzdə Sezai Karakoçun sözün həqiqi mənasında bir rəssam həssasiyyəti ilə çizilmiş böyük İnsan, istedadlı şair və ən əsası ömrünü ləyaqətlə yaşamış, Yağmur Tunalının təbiri ilə desək, namuslu bir aydın obrazını yaradır. Professor Cemal Kurnazın “Türkün məktəbi Türkü məktəbi”, “Türkülərin gücü”, Türküdən şeirə” kitablarında olduğu kimi ruhumuzun, düşüncəmizin formalaşmasında misilsiz rolu olan türkülərimizdən bəhs edən professor Ömür Ceylanın “Ömürləşən şərqilər” kitabı və bu kitabla bağlı İmdat Avşarla etdiyi söhbətin Dərgidə yer aldığı səhifələr oxucunun böyük marağına səbəb olur. Baş redaktorun özünün də söylədiyi kimi ruhumuzu qanadlandıran söz və güftələri nəğmə-nəğmə uçuran sənətçilərimizin həzin hekayələri ilə bağlı müsahibə oxucuda həzin təəssürat oyadır. Türkülərdən, nəğmələrdən söz açmışkən, Saadet xanım Örməcinin türküləriylə könlümüzdə taxt quran “Muharrem Ertaşa sayğı gecəsi” adlı yazısı sadəcə bir anım günü, ədəbi-bədii gecə ilə bağlı xəbər yazısı deyil, həm də böyük sənətkarın xatirəsinə bir töhfə kimi oxucunun diqqətini cəlb edir. Nəsr bölümündə Ayşə Ünüvar “Dəlilik medalı”, Necdet Ekici “Ah Kofe Vah Karabaş”, Gün Marlen “Hüsniyyə” hekayələri ilə oxucuların görüşünə gəlir. Poeziya bölümündə Sezai Karakoçun “Yağmur duası” poeziya sevərlərə dəyərli bir ərməğan olur. Feyza Aras “Sanrı”, Mehmet Ali Kalkan “Qırmızılar”, İhsan Tevfik “Gərəyi düşünüldü”, Yasin Mortaş “Saklanbaç sözlüyü”, Hamit Oral “Ağac”, Hüseyn Çolak “Dünya ləkəsi” şeirləri ilə oxucuları salamlayır. Ramazan Kahramanın “2021-ci ilin indeksi” adlı biblioqrafik göstərici isə oxucuda Türk ədəbiyyatı”nın ötən ilki fəaliyyətini bütöv halda oxucunun gözləri önündə canlandırır və ədəbi ortamı izləməyə geniş imkan yaradır. Ötən ay Türk Ədəbiyyatı Vəqfi Başqanı əziz Sərhat Kabaklının və Türk Ədəbiyyatı Dərgisinin Baş redaktoru, Ədəbiyyatımızın fədakar təbliğatçısı İmdat Avşarın Bakıya səfəri çərçivəsində təltif olunduqları mükafatlar dərginin 50 illik yubiley ərəfəsinə bir ərməğan olmaqla yanaşı həm də mədəniyyətimiz və ədəbiyyatlarımız arasında mənəvi bağ oluşdurur. Ocak sayını oxuduqca Dərgidə yer alan araşdırmaların məntiqiliyi və elmi səviyyəsi, bir-birindən maraqlı informasiyaların dərin məna tutumu, bədii əsərlərin: hekayə və şeir güldəstəsinin poetik ifadə özəllikləri, elmi-publisistik mətnlərin, müsahibələrin xüsusi bir nizamla düzülüşü, dərginin məsuliyyətli baş redaktorla bərabər yüksək peşəkarlıqla çalışan yaradıcı heyətinin yorulmaz əməyini gözlərimiz önündə sərgiləyir. Bu, illər boyu da belə olmuşdur, bu gün də belədir, yarın da belə olacağı mütləqdir. Müxtəlif mövzulara müraciət etməsinə baxmayaraq araşdırılan hər bir mövzunun, aparılan hər bir müsahibənin, elmi-publisistik məqalənin, bədii portret yazının bütövlükdə maraqlı bir ədəbi mənzərə yaratdığı dərginin hər bir səhifəsində zərgər dəqiqliyi ilə çalışan yaradıcı redaksiya heyətinin gərgin əməyinin, yüksək həssasiyyətinin və böyük zəhmətinin uğurlu nəticəsi kimi “Türk ədəbiyyatı”nın bütün sayları kimi yubiley buraxılışı olan Ocak sayı da, gələcəkdə görüşümüzə gələcək Şubat sayı, Mart sayı, Nisan sayı da… ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanacağına inanır, başda dəyərli böyüyümüz Sərhat Kabaklı, Ustadım İmdat Avşar olmaqla; bütün redaksiya heyətini – Prof.dr. Ömür Ceylan, prof.dr. Tuba İşınsu Durmuş, prof.dr. Mesut Şen, prof.dr. Alaattin Karaca, doç.dr. Gökhan Tunç, dr. Necati Tonga, yazar-şair A.Yağmur Tunalı, Saadet xanım Örmeci, Enver Uğur Aykol, Atilla Ceylan və Halit Baykalın şəxsində bütün dostlarımızı gönüldən təbrik edir, Azərbaycandan qucaq dolusu salamlar və sayğılar göndərir, dərginin gələcək fəaliyyətində başarılar diləyirəm!
“Türk Edebiyatı Dergisi” 50 Yaşında! 579 – cu say işıq üzü gördü. Bu münasibətlə dəyərli qələmdaşlarımız Serhat Kabaklı və İmdat Avşarı, bütün oxucularımızı, doğma, şipşirin ana (həm də ata) dilimizdə oxuma-yazma bacaran hər kəsi təbrik edirəm. Yeni ilimiz xeyirli-uğurlu olsun!
Uzun illər bu məmləkətin ürəyində, şəhid balasının tabutunu qaldıran Ataların kürəyində, özünü doğma ocağından kənarda qərib bir quş sanan yurd həsrətlilərin dünyadan köç eyləyən zaman yumulmayan gözlərində nisgilə çevrilmişdi Qarabağ… Qarabağ ağrı idi… Qarabağ həsrət idi… Qarabağ düyün idi… Qara bəxt idi… Qapısı bağlı qalmış yurd yeri idi… Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu… körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar… Kor deyildik ki… hamısını görürdük. Onu da anlayırdıq ki, adı “dünya birliyi” olan xristian dünyası bizə yüz il bundan sonra da gün ağlayası deyil.
Bizim Türkdən başqa kürəyimizi söykəyəcəyimiz heç kimimiz yoxdu… Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaş günləri bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil. Bir Türk bir sözüylə bizə ordu bərabərində arxadır. Bir Türk bir şeiriylə bizə bir silah gücündə dayaqdır. Dərdimizin ortağı da, mücadiləmizin silahdaşı da, zəfərimizin sevinəni də gerçək Türk insanlarıdır…
Bizi Qarabağa aparan o qutsal yolun yolçuları ilə – haqq savaşçılarımızla, Zəfəri yaralı canı, əli, ayağı, itirdiyi gözünün nuruyla yazan qardaşlarımızla aylardır ki, həmsöhbətəm, onların cəhbə xatirələrini dinləyərək şəhidlərimizin əziz xatirəsini ölümsüzləşdirmək amacıyla “Savaş günlükləri” yazıram… Bu amacla tez-tez Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin Hospitallarında tedavi görən qazilərimizə baş çəkirəm. Ötən gün şahid olduğum hadisə isə sözün bütün mənalarında ruhumu silkələdi…
Asta addımlarla hospitala daxil oluram. Ağ göyərçinə bənzəyən Tibb bacısı xoş təbəssümlə salamlayıb içəri aparır məni… Gənclərin səsi bütün dəhlizi bürüyüb, harada olduğumu unuduram:
Səndən başlar sonsuzluğa yol, Oğlum…
Dörd bir yana atmalısan qol, Oğlum!…
Çörəyini ac olanla böl, Oğlum!
Haram yemə, haqq uğrunda öl, Oğlum!
Tarixə Sən verəcəksən can, Oğlum!
Gün gələr ki, torpaq istər qan, Oğlum!
Səslər coşğuyla yüksəldikcə ürəyim dağa dönür. Səs gələn otağa tərəf yönəlirəm. Bəzən adam göz yaşlarının səbəbini nə anlaya, nə də izah edə bilmir. Gördüyüm mənzərə qarşısında heykəl kimi hərəkətsiz qalıram, ürəyim dağa dönür, amma bu elə bir izahsız duyğudur ki, sözə çevirmək olmur.
Gəz, Oğlum
Vətəninə göz dikəni əz, oğlum.!
Dostun kim, düşmənin kim, sez oğlum!
Tarixini şərəfinlə yaz, oğlum!
Yaz oğlum.!
Səndən gidər sonsuzluğa yol oğlum
Dört bir yana salmalısın qol oğlum
Ekmeğini ac olanla böl, oğlum
Haram yemə, haqq uğruna öl, oğlum.!
Çabuk böyü, çabuk yetis, tez oğlum
Çakal gezen şu dağlarda gez oğlum
Çabuk büyü çabuk yetiş tez oğlum
Hain gezen şu dağlarda gez oğlum!
Tarixə can vermək üçün canından, gözünün nurundan, yürüyən ayağından, vuran qolundan keçən (hətta bəziləri nitqini itirib) qardaşlarımızın belə çiyin-çiyinə söykənib ruh yüksəkliyi ilə “Vətəninə göz dikəni əz, Oğlum!” deyə oxuması ürəyimi dağa döndərir.
Kitablardan oxusaydım, bəlkə də qəribə qarşılayardım, amma indi öz gözlərimlə belə bir mənzərənin şahidi olmağım kövrəltdiyi qədər də qürurlandırır məni…
Məni dövrəyə alıb salamlayırlar. Təəccübümü və heyranlığımı görən Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlısı, baş gizir Cavidan Səfərov sözə başlayır: Anam, siz elə bilirsiniz ki, biz Qarabağı silah gücünəmi azad etdik?! Silahımızdan da kəsərli ruh yüksəkliyimiz vardı. Bax həmin o türkülər bizə elə ruh yüksəkliyi verirdi ki, nəinki yağı düşmənə, hətta Əzrayıla belə meydan oxuyurduq…
Qürur qarışıq kövrək duyğular baş qaldırır içimdə. Bu duyğuların əhatəsində qazilərimizə Sərhat bəydən, onun Türk gəncliyinə müraciətlə yazılmış “Bil oğlum” şeirindən danışmağa başlayıram: “Əzizlərim! Dedikləriniz o qədər doğma hisslərdi ki… Sizlərin döyüşdə olduğunuz həmin o çətin günlərdə inanın ki, bizim də yeganə təsəllimiz Söz, yeganə pənah yerimiz sözündəki işığa sığındığımız milli düşüncəli aydınlarımız idi…
İndi Sizin ifanızda çox əziz Serhat Kabaklının sözlərinə Esat bəyin bəstələmiş olduğu türkünü dinlədikcə bir neçə məqamı xatırlayıram: Şuşanın azad olunduğu gün idi. Həmin bu sözlərin müəllifi əziz Sərhat bəy özünəməxsus doğmalıqla sevincini, şükrünü belə dilə gətirmişdi: O gün olsun, burda qıldığım şükür namazını Şuşa məscidində qılım!” Bu duaya təkcə dilim yox, gözümdə gilənən göz yaşım da “Amin!” demişdi… Növbəti gün isə Sərhat bəyin “Salamlar Qarabağa! Müjdə Tanrıdağına!…” – deyə Qarabağın azadlığını müjdələməsi məndən ötrü Tanrıdağı boyda sevinc olmuşdu…
Hərbçilərimizin “Bil, oğlum!”a bu cür həssas münasibətindən ürəklənib şeirin yazılma tarixçəsini danışıram və onlara söz verirəm ki, bir gün mütləq onları döyüşə ruhlandıran bu ecazkar misraların müəllifi ilə – Sərhat bəy Kabaklı ilə görüşməyinizi sağlayacam… Hamısının gözlərində sevinc görürəm. Bir şeirin yaratdığı məhəbbət, bir misranın milyon – milyon ürəkdə yuva qurması, bir sənətkarın ruhlara toxunuşu… Sənətin bəxş etdiyi doğmalıq budur əslində…
Dəyərli Sərhat bəyin yaradıcı adam kimi uğuru da məhz bundadır. İnsanların qəlbinə gedən yolu tapmaqda… Bu yol o qədər müqəddəs bir yoldur ki, hər qələm adamına o yolda yürümək nəsib olmur. Ki, bu da Sərhat bəyin böyük ürəyinə mükafat olaraq bir Tanrı lütfüdür…
Mən Sərhat bəyi Dəyərli Ustadım İmdat Avşarın təqdimatıyla tanımışam. İmdat bəyin gözəl söhbətlərindən təsirlənərək yüksək insanlığını, şəxsiyyətini və yaradıcılığını sevdiyim Sərhat Kabaklı məndən ötrü yeriyən Türküstandır… Elazığdır, Qarabağdır, Kırımdır, Kərkükdür, Kıbrısdır, Ahıshadır…
Sərhat Kabaklının şair kimi, sənətkar kimi, şəxsiyyət kimi, insan kimi keçdiyi ömür yolu türk gəncliyi üçün – bizim hamımız üçün, bütövlükdə cəmiyyətimiz üçün dəyərli bir nümunədir. Bu həyatda təkcə ürəyini, ruhunu, təmiz adını deyil, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Bütün bunların mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük ədəbiyyat yarada bilməz. Bu mənada, Sərhat bəy şəxsiyyəti və yaradıcılığı bir-birini tamamlayan, Sözü kimi bütöv insandır.
Sərhat Kabaklının ictimai həyatımızdakı rolu, Nazim Hikmətin təbiriylə desək, havanın qurşun kimi ağır olduğu vaxtlarda həmişə haqqın və ədalətin yanında dayanması Onun xarakterini tamamlayan və indiki vaxtda nadir rast gəlinən insan mənzərəsidir. Sərhat bəy həyatı ilə şeirləri, düşüncəsi ilə əməlləri arasında düz mütənasibliyi qoruyan uca ürəkli şəxsiyyətdir. Sərhat Kabaklı insanların hürr yaşamaq haqqını yalnız kitablarında deyil, gerçək həyatda da daim müdafiə etmişdir. Onun şair qəlbi həmişə ədalətsizliyə qarşı barışmazlığı və mübariz ruhu ilə seçilir.
Özünü dərk edəndən Ruhunu Tanrı əmanəti kimi qorumağa çalışıb Sərhat bəy… Bütün dəyərləri dəyişən dünyanın tən ortasında dəyişməyib, əzəmət qalasından bircə kərpic də xırdalanmayıb, xırdalanaraq böyüməyi, yaşamağı, ucalmağı qəbul etməyib və insanlara da əqidəsində, yolunda sadiq olmağı bir Bilgə kimi həmişə tövsiyə edib. İxtisasca müəllim olub, amma təkcə elm öyrətməklə vəzifəsini bitmiş hesab etməyib, öyrəncilərinə kitablardan daha öncə həyatı öyrədib Sərhat bəy…
Ot kökü üstə bitər, – deyirlər… Sağlam torpağın və sağlam toxumun üzərində həmişə sağlam fidanlar pöhrələyər. Bu gün Sərhat Kabaklı qocaman bir Dədə Palıd kimi dörd bir yanına kölgə salır… O, zəngin mənəvi ənənənələri olan bir ailənin işığından pay alıb. Sərhat bəyin fikirlərinin formalaşmağında Əmisi Türk dünyasının böyük düşünürlərindən olan Əhməd Kabaklının müstəsna əməyi olub. Əhməd Kabaklı böyük türk ədəbiyyatının çoxəsrlik tarixini beş cilddə toplayan dəyərli bilim adamlarımızdandır. Həmin toplunun böyük hissəsində Azərbaycan ədəbiyyatı tarixi də yer alıb. Bu, hər iki ölkənin ədəbiyyatı və mədəniyyəti üçün mühüm işdir. Bu o deməkdir ki, Əhməd bəy Azərbaycanı öz vətənindən heç zaman ayrı tutmayıb.
Əmisi ilə bağlı xatirələrində Sərhat Kabaklı söyləyir ki, o zaman 18 yaşım olanda əmim mənim şeirimi Türkiyənin ən böyük ədəbiyyat dərgisində çap etdirdi və ondan sonra ədəbi məsuliyyətim daha da artdı.
21 yaşındaydım. Əmim telefonla oxuduğum yurdu aradı və məni qurucusu olduğu Türk Ədəbiyyatı Cəmiyyətinə çağırdı. Həmin ərəfədə mənim “Mərmər və İnsan” adlı şeirim yenicə işıq üzü görmüşdü. Türk Ədəbiyyatı Cəmiyyətinə çatdım ki, Nəcib Fazil Qısakürək içəridə oturur. Məni görəndə ayağı qalxdı və qaşlarını çatıb: “Sən özünü kim hesab edirsən ki, mənim hələ gələn il yazacağım şeiri indidən yazmağa cəhd edirsən?”-dedi. O görüş məni xatirimdə və yaradıcılığımda unudulmaz iz qoymuş oldu.
Bu gün Əhməh Kabaklı da, Nəcip Fazıl Kısakürək böyük Türk millətinin ürəyinə – mənəvi dünyasına köçüb. İlk qələm təcrübələrindən başlayaraq Əhməd Kabaklının təsiri ilə yazıb-yaradan Serhat bəy isə “Öncə göyərçinləri vurdular” və “Bil, Oğlum!” şeir kitabları ilə türk oxucusunun ürəyini çoxdan fəth edib.
Fəqət heç zaman şairlik iddiasında olmayıb Sərhat bəy… Sadəcə söz ürəyinə yük olanda yazmaqla hüzur tapıb. Tanrıdan Ruhuna hopan səsi sözə çevirməklə ilahi bir rahatlığa qovuşub. Sanki sözə, sənətə sığınaraq dünyanın boş hay-küyündən xilas olmağa çalışıb…
Bu gün Sərhat bəy İstanbulda əsası 1978-ci ildə Əhməd Kabaklı tərəfindən qoyulan yarım əsrlik tarixi və ənənəsi olan Türk Ədəbiyyatı Vəqfinin başqanıdır. Vəqfin Ədəbiyyat, sənət, mədəniyyət sahəsində göstərdiyi misilsiz xidmətləri təkcə Türkiyəni deyil, türk dili və düşüncəsi ətrafında birləşən qardaş türkdilli dövlətləri və o cümlədən, Azərbaycanı əhatə edir. Dəyərli Sərhat Kabaklı söyləyir ki: “Biz Türk Ədəbiyyatı Vəqfi olaraq Türk dünyasının bütün coğrafiyalarına türkcə danışılan hər bir vətən parçasına yetməyi və buralarda yaşayan qardaşlarımızla, ədəbiyyat və sənət mühiti ilə qucaqlaşıb ədəbi əlaqələrimizi genişləndirməyi hədəf olaraq seçmişik”.
Yeri gəlmişkən, bir məqamı qeyd edək ki, Azərbaycan ədəbiyyatının təbliğində Türk Ədəbiyyatı Vəqfinin xidmətlərindən dolayı dəyərli Sərhat bəy Beynəlxalq Mahmud Kaşğari Mükafatı almış, Azərbaycan Yazıçılar Birliyinin, Vektor Elm Akademiyasının fəxri doktoru” ödüllərini və Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatının dostu” fəxri titulunu qazanmışdır.
Adlar, titullar, mükafatlar, təltiflər – əslində, bunların hamısından daha ucada dayanan bir məqam – insanların qəlbinə gedən yoldur… Önəmli olan insanların qəlbinə gedən yolu tapmaq və Öz işığı, saflığı, səmimiyyəti ilə insanlığa, sözün bütün mənalarında, töhfə verməyə çalışmaqdır ki, Sərhat bəy bu mənəvi məsuliyyətin öhdəsindən şərəflə gəlməkdədir.
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca, yaşlandıqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur. Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Sərhat bəy məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xeyirxahlıq üçün, İşıq üçün Yol olan, şərəfli ömrünü fədakarlıqla insanlığın, türklüyün, türkçülüyün rifahına həsr edən yolgöstərən ağsaqqal, işıqlı vətəndaş, Bilgə Aydın…
Cənubi Koreya rejissoru Çan Don Linin “Poeziya” adlı maraqlı bir filmi var. Filmdə ədəbiyyat, şeir və poeziya həvəskarı olan insanlara yaradıcılıq kursu keçirlər. Kursun dinləyicisi olan bir qadın müəllimə deyir ki, şeir yazmaq necə də çətindi.
Şair – müəllim isə cavabında ona deyir: “Şeir yazmaq çətin deyil, o şeiri adama yazdıracaq ürəyə sahib olmaq çətindir. Gözəl, maraqlı yaza bilmək üçün sevgi ilə dolu böyük ürəyə sahib olmalısan. Yazar əlinə qələm götürməmişdən və masanın üstündəki çırağı yandırmamışdan əvvəl ürəyini yandırmalıdır”.
Dahiyanə cavabdır. Həqiqətən də, şairin, yazıçının qələminin məhsulu olan hər bir möhtəşəm əsər zəngin yaradıcılıq təcrübəsinin, böyük ürəyin, ağır zəhmətin məhsuludur. Bu mənada, Sərhat Kabaklının bütün qələmə aldıqları gözünün və qəlbinin nurundan yaranmışdır və bu şeirlər, sözün həqiqi mənasında oxucunu mənəvi işığa doğru yönəldir. Ümumiyyətlə, söz adamının, sözün missiyası insanın daxili aləmini müsbətə doğru dəyişdirmək, onu kamil bir mərtəbəyə qaldırmağa çalışmaqdır ki, Sərhat Kabaklı ədəbi şəxsiyyəti və yaradıcılığı ilə bu işin öhdəsindən şərəflə gəlməkdədir.
Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur, Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun, adının paklığını – Tanrı əmanəti kimi qoruyan bir İnsanın – Sözün həqiqi mənasında böyük hərflərlə İNSANIN varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu millət Sərhat bəy Kabaklı ləyaqətdə qutsal və uca ürəkli bir şəxsiyyət yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır…
GÖRÜŞDƏ “TÜRK DÜNYASINA ÜSTÜN XİDMƏT”, “NİZAMİ” VƏ “ŞAHMAR ƏKBƏRZADƏ” MÜKAFATLARI LAUREATLARA TƏQDİM EDİLİB
Dekabrın 14-də Azərbaycan Yazıçılar Birliyində Türkiyədən gəlmiş ədiblərin – Türk Ədəbiyyatı Vəqfinin başqanı, şair Serhat Kabaklı və “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, yazıçı, tərcüməçi İmdat Avşarın iştirakı ilə görüş təşkil olunub.
525.az xəbər verir ki, AYB-nin sədr müavini Rəşad Məcid Türk Ədəbiyyatı Vəqfinin Azərbaycan-Türkiyə mədəni əlaqələrinə böyük töhfələr verdiyini qeyd edərək, bu tədbir çərçivəsində təqdim olunacaq mükafatlar barədə qonaqları məlumatlandırıb. R.Məcid İmdat Avşara AYB tərəfindən təsis olunmuş “Nizami” mükafatını təqdim edib. İmdat Avşar “Nizami” mükafatına layiq görüldüyü üçün dərin minnətdarlığını bildirib.
Çıxışında Vəqfin tarixindən, fəaliyyətindən bəhs edən İmdat Avşar “Yaşayan Dədə Qorqud” və “Türk Dünyasına Üstün Xidmət” mükafatlarının təsis edilməsi və laureatları barədə danışıb. Qeyd edib ki, Azərbaycan və Türkiyə ədəbiyyatları arasındakı sıx əlaqə ümumtürk ədəbyyatı tarixində xüsusi əhəmiyyət kəsb edir.
Bakıya gəlişindən məmnunluğunu ifadə edən Serhat Kabaklı Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafının vacibliyindən söhbət açıb. Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq Zəfəri yüksək qiymətləndirərək sevincini bölüşüb.
Daha sonra “Türk Dünyasına Üstün Xidmət” mükafatlarının təqdimatı olub. İmdat Avşar laureatlar – Rəşad Məcid və Əjdər Ol barədə ürək sözlərini dilə gətirib. Mükafatlar Serhat Kabaklı və İmdat Avşar tərəfindən Rəşad Məcidə və Əjdər Olun qızı Türkay xanıma təqdim olunub. Tədbirdə professor Elçin İsgəndərzadə iki qardaş xalqın mənəvi bağlılığından söz açıb, Türk Ədəbiyyat Vəqfinin Türkiyədə olduqca çoxşaxəli və nüfuzlu fəaliyyəti barədə danışıb. E.İsgəndərzadə Sərhat Kabaklıya “Vektor” Elm Mərkəzi tərəfindən “Fəxri doktor”, İmdat Avşara isə “Şahmar Əkbərzadə” mükafatını təqdim edib.
Qeyd edək ki, bu il 20 yanvar şəhidi Ülvi Bünyadzadənin “Sevginin sonu yoxdur” şeirlər kitabı Türk Ədəbiyyatı Vəqfi tərəfindən İstanbulda türkcə nəşr olunmuşdu. Tədbirdə çıxış edən akademik Könül Bünyadzadə Vəqfin bu təşəbbüsünü Ülvi Bünyadzadənin ruhuna ehtiram əlaməti olan təqdirəlayiq addım kimi qiymtələndirib.
Bundan başqa tədbirdə İmdat Avşarın Bakıda aybKitab layihəsi çərçivəsində nəşr olunan “Göyərçin sevdası“ kitabının müzakirəsi keçirilib. “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən kitabın ərsəyə gəlməsində əməyi olan Narıngül Nadir, Xəyalə Zərrabqızı və digərlərinə fəxri fərmanlar təqdim edilib.
“Qobustan” jurnalının baş redaktoru, yazıçı Pərvin Azərbaycan Dövlət Pedaqoji Universitetindəki tələbələri ilə birlikdə tədbirdə iştirak edib. Pərvin xanım təşkil olunan bu tədbirin əhəmiyyəti barədə danışaraq bildirib ki, bu görüşlər xalqlarımız arasında mədəni-mənəvi bağlılığın güclənməsinə təkan verir. Sonra tələbələr İmdat Avşarın hekayələri barədə fikirlərini bölüşüblər, tədbir bu mövzuda diskussiya şəklində öz fikilərini bildiriblər. Əli Kərim adına Sumqayıt Poeziya Evinin rəhbəri İbrahim İlyaslı və Əməkdar müəllim Ofeliya Babayeva Serhat Kabaklının dilimizə tərcümə olunan “Bil, oğlum” kitabı barədə öz fikirlərini bölüşüblər.
Azərbaycana bağlılığım, Azərbaycan ədəbiyyatına sevgim ilk gənclik illərimdən başlayıb. Təbii ki, o dövrdə Azərbaycan ədəbiyyatı nümunələrini əldə etmək bizim üçün olduqca çətin idi. Üstəlik əlimizdə olan əsərlər kiril əlifbası ilə çap olunduğundan oxumağımı daha da çətinləşdirirdi. Elə buna görə 1987-ci ildə universitetə qəbul olduğum ərəfədə oturub bir həftə içində kiril əlifbasını öyrəndim. Bu əlifba ilə oxuduğum ilk əsər “Çağdaş Azərbaycan povesti” adlı maraqlı bir kitab idi. Orada Anar, Mövlud Süleymanlı, İsi Məlikzadə, Elçin və başqa yazıçıların hekayələri toplanmışdı. Əlifbanı təzəcə öyrəndiyim üçün ibtidai sinif şagirdi kimi hecalaya-hecalaya oxuduğum “Quyu”, “Dəyirman” və “Dantenin yubileyi” adlı əsərlər hələ də xatirimdədir.
O illərdə Türkiyədə yayımlanan, indi mənim baş redaktoru olduğum “Türk ədəbiyyatı” və “Qardaş ədəbiyyatlar” dərgilərində şeirləri dərc olunan Azərbaycan şairlərindən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza, Məmməd Aslan, Məmməd Araz, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Musa Yaqub kimi şairlərin bir çox şeirlərini də əzbərləmişdim.
Bizim nəslin tələbəlik çağı – universitet illəri Azərbaycanın müstəqillik uğrunda mübarizə apardığı dövrə, siyasət və iqtisadiyyat baxımından keşməkeşli illərə təsadüf edib. Həmin dönəmdə Azərbaycanda baş verən hadisələri, Birinci Qarabağ müharibəsi ilə başlayan fəlakətləri ürək ağrısı ilə izləyirdim. O illərdə Azərbaycana dəstək üçün təşkil etdiyimiz mitinqlərdə atəşli nitq söyləyənlərdən biri də mən olmuşam.
Azərbaycana, Azərbaycan ədəbiyyatına sevgim sonsuz idi. Azərbaycanı heç görməsəm də, hekayə və romanlarda təsvir olunan yerlərin adlarını, xüsusiyyətlərini, tarixini, hətta taleyini belə öyrənmişdim. İçərişəhər, Sınıq minarə, Xəzər, Bakı bulvarı, Qız qalası, Atəşgah, Yanar dağ, hətta Neft buruqları… Qalaaltı, Narın qala, Xudafərin körpüsü, Ağdam, Füzuli, Şuşa, İsa bulağı, Cıdırdüzü, Gəncə, Cavad xanın şəhid olduğu Gəncə qalası, İmamzadə məscidi, Şamaxı, Gülüstan… Dəli Kür, Xan Araz, ceyranların su içdiyi bulaqlar, Qəçrəş meşələri…
2000-ci illərdə isə Azərbaycan ədəbiyyatı nümunələrini əldə etməklə yanaşı, demək olar ki, bir çox yazıçı və şairlərin ən azı bir-iki əsərini oxumaq, hətta çox sevdiyim və yalnız adını eşitdiyim yazıçılar, şairlər, alimlərlə yaxından tanış olub dostluq etmək nəsibim oldu. Anar, Elçin, Mövlud Süleymanlı, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Musa Yaqub, Sabir Sarvan, Fikrət Qoca, Abbas Abdulla, Fikrət Sadıq, Ramiz Rövşən, Rəşad Məcid, Səlim Babullaoğlu, Aslan Quliyev, Elçin Hüseynbəyli, Eyvaz Zeynalov kimi şair və yazıçılar; İsa Həbibbəyli, Kamal Abdulla, Rahid Ulusel, Abuzər Bağırov və başqa elm adamları…
Bütün bunlarla yanaşı, Əjdər Olun mənim ürəyimdə çox xüsusi və əvəzolunmaz bir yeri var. Əjdər Ol mənə Azərbaycanı qarış-qarış gəzdirdi, adını andığım bütün şəhərlərə, qəsəbələrə, hətta kəndlərə apardı… Mən ondan Azərbaycanın tarixini, taleyini, etnoqrafiyasını, Azərbaycan xalqının başına gətirilən müsibətləri öyrəndim. Onun bələdçiliyi ilə etdiyimiz səfərlərdə Azərbaycan təbiətinin bütün gözəlliklərini seyr etdim. O, mənə Azərbaycan şairlərini misra-misra; Azərbaycan yazıçılarını sətir-sətir oxutdu…
Mən Nizamini, Xaqanini, Nəsimini, Füzulini, Sabiri, Vahidi onunla səfərlərimizdə yol boyu əzbərdən söylədiyi və şərh etdiyi beytlərlə daha dərindən dərk etdim. Onun nəql etdiyi səhnələrlə Azərbaycanın teatr xadimlərinə, rəssamlarına, onların sənət əsərlərinə aşiq oldum. Onun sayəsində çağdaş Azərbaycan poeziyasının və nəsrinin dərinliklərinə bələd oldum. O, mənə Azərbaycan musiqisini, təsviri sənətini bütün incəlikləri, təfərrüatı ilə tanıtdı. Onun izahları ilə aşıq havalarını və muğam sənətini bir-birindən ayıra bildim. Onun köməyi ilə Habil Əliyev kimi ustad bir sənətkarla tanış oldum. Mirzə Fətəli Axundovun “Aldanmış Kəvakib” povestini və komediyalarını Əjdərin dəstəyi və təşfiqi ilə türk dilinə çevirdim.
Azərbaycanın sovet dövründəki mürəkkəb ictimai tarixini, müstəqillik dövründəki siyasi hadisələrin arxa fonunu onun son dərəcə dəqiq və yerində təhlilləri ilə kəşf etdim. Mən Ulu Öndər Heydər Əliyevin dühasını, onun siyasətinin incəliklərini Əjdən Oldan öyrəndim.
Onun bir çox dilə, o cümlədən türkcəyə çevirdiyim “Əjdər Olun Kitabı” (Azərbaycan lətifələri) başda Heydər Əliyev olmaqla, Azərbaycanın ictimai-siyasi xadimlərinin müxtəlif hadisələrlə bağlı aforizmlərini; Azərbaycan şair, yazıçı və incəsənət adamlarının zərif yumoristik məqamlarını; Azərbaycan xalqının müdrik şəxsiyyətlərinin hazırcavablıqlarını və rəngarəng Azərbaycan mənzərələrini oxucuların gözü qarşısında sərgiləməkdədir.
“Portret Hekayələri” kitabında işıq üzü görən əsərlər isə bir çox yazıçı, şair və incəsənət xadimlərini müxtəlif maraqlı yönləriylə təqdim edən möhtəşəm hekayələrdir. Klassik ədəbiyyatımızda təzkirə ənənəsini davam etdirən Əjdər Olun “Portret hekayələri” sanki çağdaş-satirik təzkirələr silsiləsidir…
Onun türkcəyə çevirdiyim “Səhra Komandirinin meymunu” və “Tütün limanı” adlı kitablarında yer alan hekayələri son dövr Azərbaycan ədəbiyyatının ən gözəl nəsr nümunələridir. Əjdər Ol bu hekayələrdəki obrazlar, bəhs etdiyi mövzular, təsvir etdiyi sosial-ictimai məsələlərdə Azərbaycan mühitinə xas insan mənzərələrini bədii boyaların ahəngində bir rəssam incəliyi ilə yaratmışdır.
Onun türkcəyə tərcümə etdiyim, lakin hələ çap etdirmədiyim “Lo” romanında hadisələr 1986-cı ildə baş vermiş və SSRİ-nin dağılmasına səbəb olan Çernobıl faciəsinin təsviri ilə başlayır. Siyasi hadisələri özündə ehtiva edən, Azərbaycanın müstəqillik yolundan bəhs edən bu roman o dövrün sosioloji mənzərələrini son dərəcə realist prizmadan əks etdirir. Bu roman müstəqillik dövrü Azərbaycan tarixinin ən yaxşı portretidir. Sənədli roman xüsusiyyətini daşıyan bu əsər oxucuya o dövrün siyasi hadisələrini, şəxsiyyətlərini düzgün qiymətləndirmək imkanı verir. “Lo” romanını oxuyandan sonra mən bir həqiqəti öyrəndim və dərindən dərk etdim ki, hadisələr və şəxsiyyətlər xarici aləmdən, kənardan göründüyü kimi deyil. Məsələlərin daxili mahiyyəti, batinindəki məna kənardan zahiri görünənlə həmişə eyni olmur.
Əjdər Olun nəsrini bilməyənlər onu Türkiyədə daha çox şair kimi tanıyır. Əjdərin şeirləri Türkiyədə onlarla jurnalda dərc olunub. Mən onun şeirlərindəki vətən, millət sevgisini, misralarındakı poetik sadəlövhlüyü dərindən duyuram. Həssas oxucu onun şeirlərindəki birinci Qarabağ müharibəsində işğal olunan, itirilən torpaqların acısıyla, vətənin dərdindən, kədərindən doğan ağrılarını görə, duya bilir. Əminəm ki, indi o, böyük zəfərlə, qələbə ilə azad edilmiş vətənin azadlığını, millətin sevincini tərənnüm etməkdədir…
Biz Əjdərlə ildə bir dəfə Azərbaycanı, bir dəfə Türkiyəni gəzirdik. Azərbaycanın hər rayonunu Əjdərin bələdçiliyi ilə tanıdığımı demişdim. Etiraf edim ki, Türkiyənin bəzi şəhərlərini də onun sayəsində tanıdım. Əjdər hər gələndə bir rayon seçər, ən azı bir həftə o rayon və şəhərlərə birgə səyahət edərdik. Mən daha öncə heç görmədiyim Urfa, Mardin, Diyarbəkir, Qaziantep, Kilis, Osmaniyə, Hatay, Təkirdağ və Ədirnə şəhərlərini Əjdər Ol sayəsində gəzdim, gördüm.
Türkiyənin bu gözəl şəhərləri haqqında Əjdərin çoxlu xatirə yazıları, ürəyaçan misraları var. İndi bir əhvalatı xatırlayıram. Bir yay günü Sivasa – Qazi Bürhanəddinin qurduğu dövlətin paytaxtına səfər etmişdik… Oradakı memarlıq abidələrini gəzdikdən sonra bir qədər söhbət etdik. Sözün açığı, onun Qazi Bürhanəddin haqqında bildiyi, danışdığı, tuyuğlarından əzbər dediyi parçalar məni çox təəccübləndirdi… Ramazan ayı idi, şam yeməyi ərəfəsində bir restorana girdik. Şəhər əhalisi şəhər meydanına toplaşmışdı. Restoranlarda böyük sükut hökm sürürdü. Oruc tutmasaq da, yeməyə başlamaq üçün hamı kimi iftar topunun atılmasını, axşam azanının oxunmasını gözləyirdik. Birdən top atıldı və azan səsləndi. Elə bir təlatüm yaranmışdı ki, boşqablara toxunan qaşıq və çəngəl səsləri bütün səsləri boğurdu. Əjdər Olun bu səhnə qarşısında zarafatla dediklərini heç vaxt unutmuram: “Buna bax, ee! Üç yüz min adamı olan şəhər yemək-içmək üçün mollanın azanına bənd imiş! Hələ bu səslərə bax! Eşidən də deyər ki, Əmir Teymurla Qazi Bürhanəddinin qoşunları vuruşur!”
Əjdər OL Türkiyəni də, Azərbaycanı da, bütövlükdə Türk Dünyasını çox sevən adamdır. Birlikdə Kiprə, Qazaxıstana, başqa türk ellərinə səfərlərimiz zamanı getdiyimiz hər yerdə onunla türk yurdları, türk tarixi, türk mədəniyyətləri haqqında dərindən söhbətlər etmişik.
Əjdər Olun əsərləri Türk dünyasında böyük mükafatlara layiq görülmüşdü. Türkiyədə “Qəzənfər Müəllimgilin Şuşa yürüşü” hekayəsi ilə “II Beynəlxalq Kaşğarlı Mahmut Hekayə Yarışması”nda birincilik qazanmışdı. O qədər vicdanlı, xeyirxah və yardımsevər bir dost idi ki, həmin yarışmada aldığı pul mükafatının böyük bir hissəsini Türk Dünyasının müxtəlif ölkələrindən gələn tələbələrə və oradakı azərbaycanlılara bağışlamışdı.
Azərbaycan, Türkiyə və Türk Dünyası sevdalısı Əjdər Olun bu il Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Türk Dünyasına Üstün Xidmət Ödülü”nə layiq görülməsi təsadüfi bir məqam deyil, onun çoxşaxəli yaradıcılığının, gördüyü əvəzsiz işlərin və işıqlı fəaliyyətinin nəticəsidir.
Azərbaycan ədəbiyyatının fədakar dostu, “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, əzizimiz İmdat Avşarın ailəsinə ağır itki üz verib. Bu gün İmdat bəyin əzizi, Kırşəhir ülkü ocakları eski başqanlarından olan milli düşüncəli aydınlarımızdan Yavuz Akçı Haqq dünyasına qovuşub.
Bu münasibətlə Azərbaycandakı dostları: Pərvin Nurəliyeva, Xəyalə Zərrabqızı, Zərrab Əfəndiyev, Təranə Vahid, Elşən Cəfərov, Elçin İsgəndərzadə, İbrahim İlyaslı, Asif Rüstəmli, Azər Turan, Qulu Ağsəs, Emin Piri, Aqil Camal, Zaur Ustac, Şəhla Qəmbərova, Ceyran Cəfərli, Nilufər Abdulova, Şəfa Vəli, Aygün Yaşar, Sevinc Muğanna və başqaları çox hörmətli İmdat bəy Avşara və ailə üzvlərinə – mərhumun xanımı Meral xanım Akçıya, Ziya Avşara, Canan xanım Avşara, Bekir Avşara, Hakan Avşara əzizləri Yavuz Akçının vaxtsız vəfatından kədərləndiklərini bildirir və mərhumun övladlarına, ailəsinə, doğmalarına, bütün yaxınlarına səbir diləyir, dərin hüznlə başsağlığı verirlər.