
“BÜRHANİ-HƏQİQƏT”in QADIN YAZARLARI
İrəvanın ictimai-siyasi, mədəni həyatında iştirak edən qadınların, zülmətdə tək-tək sayrışan ulduzların öz yaradıcılıqları ilə quberniyanın ədəbi siması olan “Bürhani-həqiqət”-də görünməsi zamanı üçün böyük hadisə idi. Mövhumatın, cəhalətin qatı hökm sürdüyü bir şəhərdə onları jurnalla əməkdaşlığa həvəsləndirmək, xanımların ədəbi düşüncələri ilə xalqı tanış etmək, əslində jurnalın sahibi – müdir və mühərriri Əli Məhzunun adına, şəxsiyyətinə böyük inamın göstəricisi idi. Əli Məhzun cəmiyyət həyatında yaradıcı qadınların da jurnalda iştirakına, ədəbi mühitdə tanınmasına çalışırdı. Cavan olmasına baxmayaraq (“Bürhani-həqiqət”i nəşr edəndə 31 yaşı vardı) xalqın içində müəllim, şair, ədib kimi böyük nüfuza malik idi. Odur ki, qadın yazarlar həm əsərlərinin işıq üzünə çıxmasından fərəhlənir, həm də onunla ideya birliyi nümayiş etdirməyə cəsarətlənirdilər.
Şöhrət xanım, Səri xanım, Nigar xanım, Əbdülhəqq Mehrinnisə, Fatma-Müfidə xanım, Rəmziyyə xanım kimi şair qadınların adlarının, əsərlərindən nümunələrin jurnalın səhifələrində dərci əlbəttə ki, Əli Məhzunun gördüyü işlərin bəhrəsi idi. Jurnalın əksər saylarında “Türk-islam xanımlarının asarından (əsərindən) bir nümunə” başlığı ilə qadınların yaradıcılığından nümunələr təqdim olunub. İnanmaq çətindir ki, həmin dövrdə, bəlkə bir qədər də ondan əvvəl tipik bir müsəlman şəhəri olan İrəvanda kövrək qanadlı düşüncələrini, həyati yaşantılarını ifadə edən sənətkar qadınların adları, yaradıcılıqlarından nümunələr bu gün ədəbiyyat, sənət aləminə bəlli olsun. Onları üzə çıxaran, əsərlərindən seçmələri saralıb xəzana dönmüş səhifələrində yaşadan yalnız “Bürhani-həqiqət”dir. Qadın yazarların əsərlərindən nümunələrə diqqət edək:
Vəcdinin bir qəzəlinə nəzirə
Sanır könlüm ki, dağlardan mənə imdad qabildir,
Mənim alamıma dağlar üçün fəryad qabildir.
Rücusu əslinə mümkün olursa münkəsir canım,
Mükəddər, münkəsir bir qəlbi qılmaq şad qabildir.
Z.Şöhrət
Eşqin qarşısında məğlub olub, acılar yaşayan, sonda da həyatıyla vidalaşan bir qızcığazın kədərindən aldığı təəssüratını şair xanım Əbdülhəqq Mehrinissə belə ifadə edir:
Bir qız ki, tanırdım
Münqəlib xaka bu baharında,
Duruyor təzəlik məzarında.
Gəzinirkən onun cüvarında,
Bir təəssürlə mən tək-tənha.
Sanıram qəbrdən çıxıb nagah,
Olacaq şövq ilə mənə həmrah.
Zərif təbiətli, incə ruhlu Səri xanım “Mənzumə”sində pərişan qəlbinin yaşantılarını, qızılgülün qanla dolu qönçəsinə bənzədir. Bahar çiçəklərinin də könlünü açmağa gücü çatmadığını, pərvanətək eşqin oduna yandığını belə izhar edir:
Fələk dilxahım üzrə dönmədi, bərgəştə dövrandır,
Nəhali-nazənimdən cüda, halım pərişandır.
Mənim könlüm qızılgül qönçəsivəs dopdolu qandır
Açılmaq ixtiyar etməz, əgər yüz min bahar olsa.
Fatma xanımın “Qadınlar haqqında bəzi əfkar” əsərində qadın qəlbinin fəlsəfi düşüncələri, qadın nurunun, gülüşünün həyatın özü qədər qüdrətə malik olduğu təsvir edilib:
“Bəşər – zən olmasa doğmaz”, demək deyildir bu
Zülami – dərd-bəla aləmə qılınca qülüv,
Qadın gülər, görür adəm o üzdə nuri-fəlah,
Demək budur ki, bu aləmdə varsa, nisvandır.
Bu dövrdə qadınların bir-birinin yaradıcılığını izləməsi, əsərlərindən aldıqları təəssüratları barədə poetik fikirlərini mətbuatda bölüşməsi İrəvanın ictimai-ədəbi mühitində yaradıcı xanımların kifayət qədər tanındıqlarını düşünməyə əsas verir. Əminə Süməyyə xanımın “Tərbiyəyi-ətfala aid üç hekayə” adlı əsərləri üçün şairə Rəmziyyə xanım tərəfindən inşa edilmiş beytlər” əsərindən gətirdiyimiz parçada dediklərimizin ifadəsi aydın görünür:
Ağlatdı bir az gərçi bizi “xovfi -məlamət”,
Güldürdü fəqət sonradakı “qismi-zəkavət”
Tərbiyəyi-ətfalə gözəl bir “model” oldu,
Təbşir edirəm, bu əsərin bibədəl oldu.
Şairə Pəridə xanımın “Eşq və göz yaşları” poetik nümunəsində “şimdi sənsiz” deyib, varlığını çulğamış məhəbbətin romantikası duyulur:
Şimdi sənsiz təhəssüsatımda,
Şimdi sənsiz bütün həyatımda,
“Gülməyən bir ləbi-mərarət var”
Ah, ruhumda bir dərin fəryad,
Hissi-fikrimdə münkəsir bərbad,
Yenə qəlbimdə həp məhəbbət var!
Öz “Təranə”sində təbiətin ecazını, gözəlliklərini, əsrarəngiz nəğmələrini sevdiyi ilə dinləməyi arzulayır Nigar xanım. Çünki o səsin içində məhəbbətin inlədiyini duyur:
Səninlə dinləyəlim, gəl təbiəti tənha
Şu nəğməsaz olan əşcari, ruzigarı, yəmi,
Bütün təranəyi-sevdanı, nəğməyi-ələmi,
Ki eşqə olmada hərdəm nişanəyi-qura
Bu bir ənini-təhəssür kimi məlalavər
Bu bir yəmini-məhəbbət ki, dəmbədəm inlər…
Doğrudur, bu şeirlərin sadə təsvirində ritorika, primitivlik aydın görünür. Sənətkarlıq baxımından əsərin təsir gücü, müəllifin bədii imkanları zəifdir. Lakin XX əsrin əvvəllərində İrəvanın ədəbi mühitində ziyalı qadınların həyati müşahidələri və yaşamları ilə yaradıcılıq aləmində görünməsi bir ədəbi fakt kimi diqqəti çəkir. Başqa bir tərəfdən də bu şeirlərin hər biri həyatı aşiq baxışları ilə görən, duyan və sevən qadınların qəlb pıçıltıları olduğu üçün ruha xoş təsir bağışlayır.
Fatimə-Rasimənin qələmə aldığı “Yetimə bir qız” hekayəsi qadın müəlliflərin əsərləri arasında yeganə nəsr nümunəsidir. Əsər demək olar ki, kövrək notlar üstə köklənib. Müəllif, toyuna 10 gün qalmış yetim bir qızın gəlinlik paltarı olmadığından yaşadığı kədərini, səadətə qovuşacağı günlə bağlı arzularını ifadə edir. İmkansızlıq xoşbəxtliyinin qarşısında sanki keçilməz sədd kimi dayanıb, qızı naümid və pərişan etmişdir. Pəncərə qarşısına çəkilərək göz yaşı tökən qızcığaz toy günü gəlinlik libasını hardan tapacağını düşünür. Elə bu zaman qapı döyülür. Gələn xidmətçi qadın qoltuğundakı boğçanı qıza uzadaraq deyir:
“– Xanım əfəndinin sizə və validənizə salamını təbliğ edirəm. O, sizin üçün həmən boğçadakı libası göndərdi. Lakin biçimi təbdil edilmək lazım. Xərci-məsafirinə sərf olmaq üçün bu paranı dəxi sizə verməyi əmr etdi”.
Ağ ipəkdən qədimi bir dəst libas qızcığazı bəxtəvər etmişdi. Amma həddən ziyada böyük olan bu libas qızın ölçüsünə və zövqünə görə yenidən tikilməliydi. Müəllif qızın bacarığına, qeyrətinə, əl qabiliyyətinə meydan verilən belə bir məqamda ağıllı, işgüzar, hətta “hünərvər modistlərin” belə, bacarmadığı işi zərif qızcığazın məharətlə gördüyünü açıqlayır. Təbiətən də incə ruhlu, yaradıcı təxəyyülə malik olan qız sanki qəlbinin gözəlliyini, sevincini sünbül kimi, gül kimi libasın üstünə düzür.
Bu kiçik hekayədə müəllifin fikrini duymaq çətin deyil. Sevinməyə, xoşbəxt olmağa haqqı çatan yetim bir qızcığazı ovundurmaq, arzusuna qovuşdurmaq əsərin əsas ideyasını ifadə edir. Haqdan gələn kömək kimi, xeyirxah bir qadının onun dadına çatması da bu ideyanı gerçəkləşdirən maraqlı bir detaldır. Bunlar həyat həqiqətləri də ola bilər. Lakin hekayənin nağıl süjeti əsasında işlənməsi daha təsirlidir…
Zənnimizcə, ötən əsrin ikinci onilliyində İrəvanın ədəbi, mədəni mühitinin inkişafına təsir etmiş “Bürhani-həqiqət” (1917) jurnalında görünən yaradıcı qadınlarla bağlı araşdırma-tədqiqatların aparılması bu gün daha aktual, həm də vacib mövzulardan biri olaraq elmi müstəviyə gətirilməlidir…
Müəllif: Şəfəq NASİR,
Yazıçı, publisist



