Etiket arxivi: KƏMALƏ ABİYEVA

Kəmalə Abıyeva. Kimindi dünya?!

Elman Eldaroğlu təqdim edir: Xalq şairi Məmməd Arazın 90 illiyinə həsr olunan şeir müsabiqəsinə ünlü şairimiz Kəmalə xanım Abıyeva da bir şeir təqdim edib. Buyurub tanış ola bilərsiniz:

“Dünya sənin, dünya mənim, dünya heç kimin…”

Kimindi dünya?!

Deyirlər adamlar sığmır dünyaya

deyirlər adamlar dünyadan çoxdu.

Bəs niyə yetimə oxşayır dünya

elə bil dünyanın kimsəsi yoxdu…

* * *

Min ildi, milyondu-yaşı, kim bilir?

özü öz-özündən qədimdi dünya.

Gələnin, gedənin sayı bilinmir,

Amma ki elə bil yetimdi dünya.

* * *

Bitib tükənməyən xəyallar kimi

neçə qışı ötüb, neçə də yazı.

Amma eyni adlı adamlar kimi

fərqlidi hər yayı, hər bir payızı.

* * *

Nə sənin, nə mənim, nə heç kiminsə

bəs onda görəsən kimindi dünya?

Məmməd Arazın da əgər deyilsə,

demək ki, doğrudan yetimdi dünya…

Müəllif: Kamalə ABİYEVA

KAMALƏ ABİYEVANIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azərbaycan–Qalibiyyət dünyası

KƏMALƏ ABİYEVANIN YAZILARI

Kəmalə xanımla “facebook”da uzun müddət yazışır, ədəbi yaradıcılıgını izləyirdim.Lakin görüşməmişdim.Təsadüfən Azərkitabda keçirilən tədbirdə əyani tanişlıgımız oldu…
Bu mülayim təbiətli,mehriban simalı,müsbət auralı,səmimi xanım Kəmalə Abiyeva ilə olan ilk görüşdən elə dogmalaşdıq ki…..
Bir müddətdən sonra hamımızın sevdiyi “Məktəb illəri” “Yagış yaģır bu şəhərə”,”Özün günahkarsan”,”Azərbaycan”,”Bakı haqqında naģıl”və b.mahnıların sözləriinin müəllifi olan Kəmalə xanımdan “Şuşa Ili”nəhəsr etdiyi “Torpaq”kitabının təqdimatına dəvət aldım…
Möhtəşəm keçən bu tədbirdə şəhid anaları, qazilər,deputatlar,taninmış ziyalılar,media nümayəndələri də iştirak edirdi.
Həqiqətən,Vətənə olan sevgisini,şəhid analarına olan isti münasibətini gördükcə ona olan sevgim daha da artdı…Və artıq müntəzəm olaraq yazışmalarımız davam etdi,müxtəlif fikir mübadilələri apararaq daha da dogmalaşdıq….
Bu günlərdə ondan yeni dəvət aldıgıma çox sevindim və mənə yaxın olan dostum “C.Novruz”Fondunun əməkdaşı,”Gün.Az az saytının redaktoru Rəsmiyyə Heybətaga qızı ilə birlikdə tədbirə qatıldıq….
Bildiyimiz kimi vaxtilə maestro Niyazinin təşəbbüsü ilə 18 sentyabrda keçirilən “Üzeyir Musiqi Günü”rəsmi olaraq Ümummilli liderimiz Heydər Əliyevin 1995 ci ildən”Üzeyir Musiqi Gününün kecirilməsi haqqında”kı fərmanına əsasən hər il sentyabrın 18 – ində ölkəmizdə “Milli Musiqi Günləri”kecirilir.
Belə ki,2022-ci il Şuşanın 270 illiyinə təsadüf etdiyindən Prezident Ilham Əliyevin sərəncamı ilə bu il” Şuşa ili”elan edilib.
18-26 sentyabrda “Üzeyir Hacıbəyli XIVBeynəlxalq Festivalına start verildi.
Festivala dünyanın müxtəlif ölkələrindən–o cümlədən ABŞ ,Norveç,Almaniya,Türkiyə,Avstriya,Qazaxıstan,Fransa,Yunanıstan,Cənubi Koreya,Tatarıstan,Yaponiya,Gürcüstan,Bolqarıstan ,Rusiya və Macarıstandan solistlər,musiqi kollektivlləri dəvət olunmuşlar.Ölkə üzrə müxtəlif şəhərlərdə baş tutacaq Festivalda yerli musiqiçilər,sənət adamları da iştirak etmişlər.
Bir -birindən maraqlı musiqi nömrələri,Üzeyir Hacıbəylinin əsərləri təqdim olunan bu Festival üç böyük proqram üzrə kecirilirdi:
“Festivalın əsas proqramı”,
“Üzeyir ənənəsinin sönməyən ulduzları”,”Üzeyir sənətinin gənclik sədaları”.
Festivalın əsas özəlliyi də onun “Şuşa ili”ndə baş tutmasıdır.
Bu günlərdə Mugam Mərkəzində H.Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılıģı ilə keçirilən tədbirdə istedadlı pianoçu, bəstəkar Pikə xanim Axundova Taliblının “Şuşa ili”nə həsr etdiyi”Qələbədir adın” monotamaşasının premyerası da yer almışdı.(rejissor ElçinMəmmədov,Mirsahib Agazadə)
Pikə xanim bu tamaşanın librettosunu keçən ilin sonundan tanıdıgı, müharibə bitər- bitməz şəhidlər haqqında silsilə yazılar yazan Kəmalə xanima etibar edib ona müraciət etməyi lazım bildi..
Elə Kəmalə xanımın da ürəyində belə bir ideya varmış..
Odur ki,Pikə xanimla olan dogma münasibətin yaranmasından bu tamaşanı səsinə heyran olduqları,çox istedadlı ifaçı,Azərbaycanda yeganə kontratenor beş oktava səsə malik Ilham Nəzərovla birgə hazırlamaq ideyası baş tutmuşdu….
Kəmalə xanımın yaradıcılįgı torpaq ətirli,Vətən ətirlidir:
“Torpaq–Ayaģın altında qalib ,
Olmayanda məglubsan”-deyən şairəmizin seirlərinə diqqət edək:
“Məgrur səsin azadlıgın sədası,
Şəhidlərin ölməzliyin nidası,
Azərbaycan-Qalibiyyət dünyası
Iģidliyin sarsılmayan qayası!”və ya:
Sənə də , mənə də anadır igid,
Vətən dediyimiz bu Azərbaycan
Heyf,əvəzinə ölə bilmədim,
Sən anana qurban,nēn sənə qurban”
-Hər qarış torpaqda gəzər nəfəsin
“Haqqını halal et”deməyin deyir
Həkəri çayına qarışan səsin
Haqqımı Vətənə vermişəm “deyir.
Haqqımı qoruyun,tapdalanmasın,
Qoruyun siz Vətən əmanətini
Elə qoruyun ki,canı yanmasın
Qoruyun Şəhidlik səadətimi….
“Qələbədir adın” monotamaşası”Şuşa”,”Xarıbülbül”,”Düşmən”,”Darıxma”,”Ana” və “Qələbə” hissələrindən ibarətdir.
Librettonun sözləri ilə musiqini sözlərdə duyan Kəmalə xanım deyir ki,tamaşa üzərində işləyəndə həmin anları təkrar yaşadım.. nəhayət,keçirdiyimiz uzun və gərgin ilin bəhrəsi…..
Bu muzikl bizim səhnə üçün yenidir.Ilk tamaşadır ki,bir neçə partituranı eyni ifaçı- Ilham Nəzərli səsləndirir..Əsər bir neçə səs tembri üçün yazılıb….
Burada fərqli obrazlar-dramatik bariton,lirik bariton,soprano,mezzo soprano və s.üçün partiyalar var.
Bəstəkar bir neçə janra -akademik vokal ifaçılįgı,meyxana,mahnı və başqa janrlar,sözlərlə musiqinin uygunlugunu çox məharətlə işlədiyindən tamaşa mükəmməl alındı….Ana obrazını Yaqut Paşazadə,oģulu Əli Əsədov,”Xarıbülbülü”Viktoriya Şahmuradova,Azərbaycanın sabahı kimi ,gələcəyin rəmzi kimi Şəhid övladı obrazının partiyasını isə Iham Nəzərovun 7 yaşlı oģlu Səid Nəzərli səsləndirdi….
Hissələr dəyişdikcə tamaşaçılar Qarabaģda gedən 44 günlük müharibənin acılarının bir daha canlı şahidi oldular.
Tamaşaya baxarkən ətrafımızda əyləşən qazilərin,deputat və şəhid analarının,tanınmış ziyalıların necə kövrəlib agladıqlàrının da şahidi olduq.Xüsusən ,Pikə xanımın və Ilhamın ifaları içdən gəldiyindən müharibənin bütün anları tamaşaçıları həyəcanlandırırdı…Sanki,Şuşada həmin günləri yaşayırdıq.
Sonda Kəmalə xanıma ,tamaşanın hazırlanıb təqdim olunmasında zəhməti olan hər kəsə yeni yaradıcıq ugurları arzulayaraq unudulmaz kövrək və xoş xatirələrlə onlardan ayrıldıq….
Beləliklə, Kəmalə xanım yeni bir uģura da imza atdı.Növbəti görüşlərədək….

Müəllif: NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA

AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM vəSİM İB -in Fəxri üzvü.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Kəmalə Abiyeva ilə səmimi söhbət

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Kəmaləa Abiyeva ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

Bu dəfə SƏMİMİ SÖHBƏT”in qonağı tanınmış pedaqoq, şair, publisist KƏMALƏ ABİYEVAdır.

“Səmimi söhbət” yenə sizinlədir. Qonağımın xüsusi təqdimata ehtiyacı olmasa da deyim ki, bu maraqlı insan tanınmış şair, bir çox mahnıların söz dünyasını yaradan Kəmalə Abiyevadır.
Kamalə Aydın qızı Abiyeva Astarada dünyaya gəlib. Bakıya köçəndə 4 yaşı olub. Birinci sinfə Bakıdakı 14 nömrəli məktəbdə başlayıb. Yasamal rayon 52 nömrəli məktəbin məzunudu.Məktəbi fərqlənmə ilə bitirib. İndiki APU-nin fizika fakultəsində təhsil alıb. Pedaqoq, publisist,şair, AYB-nin üzvüdür.
Kəmalə xanım, səmimi söhbətin ənənəvi ilk sualını yəqin ki, bilirsiniz. Kəmalə Abiyeva kimdir?
Özünə məsuliyyətlə, özünə və başqalarına hörmətlə yanaşan, həqiqəti qoruyan, ədaləti sevən biridi- İnsandı. Xalqını sevən vətəndaşdı.
Mənə elə gəlir ki, siz təbiətcə çox sakit adamsınız. Sizi özünüzdən nə çıxara bilər?
Sakit olmuşam. Sinif, tələbə yoldaşlarım həmişə belə deyib ”çox səbrli, təmkinlisən.Qonum-qonşu “sakit” deyib. İş yoldaşlarım “ tamam fərqlisiz, sizin kimi olmaq çətindi ”, məzunlarım “sizin kimi kimsə ola bilməz, idealsız” və s. deyirlər. Başqalarının münasibətini görəndə nöqsansız kimi görünürəm. Çoxu üçün ciddi adamam. Boşuna vaxt keçirməyi sevmirəm. Belələrinə heyrət edirəm. Haqsızlıq, yalan özümdən çıxara bilər.
Demək siz də dünyaya yalan dünya deyirsiniz? Ümumiyyətlə yalan nədir?
Girir ömrümüzə rahatca yalan,yalanla doludur böyür-başımız.
Yalandı həmişə bizimlə olan, elə həqiqətdi axtardığımız,- belə demişəm.

Həyat boyu özümüzü aldadırıq, aldanırıq böyük mənada.
Yalan mənim üçün bağışlanmazdır. Bəzən kimisə qıra biləcək həqiqəti gizlətmək üçün yalan danışırıq. Bir də var yalançılar-ən qorxulu adamlar. Başqalarının həyatına yalanla soxulan, öz həyatını yalanlarla yaşayan…Hətta öz yalanını sənə qəbul etdirmək istəyənlər də var.
Siz dünyanı nağıl bilməyi təklif etmisiniz. “Bu dünyanı nağıl bilək”. Bu şeirinizi də, ona bəstələnmiş musiqini də çox sevirəm. Dünyanı nağıl bilsək yaşamaq asan olardı, yoxsa…?
Nağıllar təsadüf deyil ki. Sadəcə dünyanı nağıl bilmək hissi dəyişir.Nağıllar gerçəkliyi göstərir: gözəlliyi əsir alan təpəgözlər, divlər, mərdlərin qarşısını kəsən əjdahalar, xeyirin gözünü çıxaran namərdlər. Nağıllardakı kimi həmişə qələbə olmur sonda. Kaş “bu dünyanı nağıl bilək”. Çoxdan yazdığım “Mənə nağıl danış” şeirim var:
Mənə nağıl danış, inanım sənə
qorxmayım, ay ana, təpəgözlərdən.
İnanım xeyirin qələbəsinə,
bilim qurtaracaq dünyanı şərdən…
Mənə nağıl danış, ay ana, de ki,
ötən günlərimiz nağıldı elə.
Sonu yaxşı olur hər bir nağılın
nə qədər qorxulu olsa da belə….
Gözəlliyin, xeyirin, ədalətin qalib olduğu yerdə yaşamaq asan olar.

Sizin şeirləriniz sanki insanın ruhuna sığal çəkir. Bu sizin həyat tərzinizdir, yoxsa yalnız yazılarınız bu qədər xəfifdir?
Belədirsə, xoş halıma. Məncə həyat tərzimdir. Qarşılıqlı münasibətdə, ünsiyyətdə ehtiyatlı davranıram. Kimisə sındırmaq, duyğularına toxunmaq mənlik deyil. Kimsənin şəxsiyyətinə toxunacaq, qəlbini yaralayacaq hərəkət etmərəm, sevmədiyim olsa belə.
Məncə siz bağışlamağı bacarırsınız Bağışlamaq asandır?
Bağışlayanam. Yadlardan inciyəndə unuduram. Yaxın, doğma bildiklərimi bağışlayıram. Hətta irad tutanlar olur ki, kinin yoxdu, hər şeyi bağışlayırsan. Daha doğrusu susuram, güzəştə gedirəm. O qədər susuram ki, arada nəsə deyəndə, inciyirlər. Öyrəşməyiblər. Həmişə asan deyil. Özün inciyirsən. Sevgim daha güclüdü, bağışlayır.
Şeirlərinizdə ayrılıq o qədər gözəl səslənir ki, hərdən düşümürəm, bəlkə heç vüsala ehtiyac yoxdur Siz necə düşünürsünüz?
“Əgər sevə bilmirsənsə, ayrılıq daha gözəldi. Sevilmədiyindən getmək özü də bir gözəllikdir”-deyirəm. Belə deyil? Alınmadısa, alınmadı. Həmişə ah-zar etmək nəyə gərək? Orda da təmkinliyəm yəni. Hər gördüyündə”səhv etməmişəm”düşündüyün birinin vüsalına ehtiyac var. O yoxdusa-yoxdu demək ki.
Nə gözəl müdrük cavab verdiniz. Məncə bu cavab bir dərsdir. Eləsə deyin, siz həyatı nə rəngdə görürsünüz?
İstənilən rəngdə. Məncə həyat ağ rəngdədi. Fizikada öyrənirik ki, ağ rəng mürəkkəbdi. 7 rəngə bölünür. Göyqurşağı, spektr deyirik. Hansı cisim hansı rəngi qaytarırsa, o rəngdə görünür. Qara bütün rəngləri udur. Təki bundan uzaq olaq. İşığı udmayaq.
Dostluğa,sevgiyə çox etibarlı olan Kəmalə xanım heç dostdan, yaxınlardan zərbə alıbmı?
Nə deyim, haqlısız. Etibarlıyam. Həyat göstərir ki, daha çox, incidildiyi zaman belə susan, güzəştə gedən daha çox zərbə alır. Mən də almışam. Yad biri, tanış, qonşu nə zərbə vurar ki? Bu incitməz. Güvəndiyin, illərlə birlikdə olduğunun, doğma bildiyinin zərbəsi ağır olar. Çox təəssüf ki, bağışlamağım bəzən ağrı yaşadır. Vaxtında deyilməyən söz, həqiqət mənasını itirir.
Zaman ötür, hər şey dəyişir və siz deyirsiniz ki, bir də o yağışdan yağmayacaq ki… Ötən günlərdən nəyi qaytarmaq istəyərdiniz?
Zaman ötür, hər şey dəyişir həqiqətən. Kimi müdrikləşir, kimi cılızlaşır. O yağış bir də yağmır.
Həyatımda çox şeyi dəyişərdim. Uşaqlığımı, gəncliyimi qaytarmaq istərdim təbiiki. Zaman və sağlamlıq əvəzsizdir. Kimə və nəyə sərf etdiyinə diqqət etməlisən ki, təəssüfün az olsun.

“Bağışlama məni” deyirsiniz. Niyə? Axı hamı bağışla deyir.
Bağışlama deməyi də bacarmalısan. Özün elədiyin yanlışa “bağışlama” deməlisən. Hələ bir özün özünü bağışla, gör bacarırsan? “Özün günahkarsan” da demişəm…
Bəli. Onu da demisiniz və bu şeir mahniya çevrildikdə ürəkləri , ruhları titrədib. Məncə bu mahnını sevməyən yoxdur. Bəs özünüz necə, onu sevirsinizmi?
Əlbəttə sevirəm. O mahnıdan sonra onlarla qadın zəng vurub, minlərlə qadın özünü görüb.Təəssüf ki, qadınlarımız bunu yaşayır, amma mahnı möhtəşəmdi. Cəsarətli mahnı deyirlər sözlərin yaşantıları ifadəsinə görə. Musiqini, şeiri çox sevirəm.
Sizcə qadın üçün xoşbəxtlik nədir?
Tək qadın üçün yox, insan üçün rahatlıq xoşbəxtlikdir. Ən çox özümüzlə danışırıq. Elədiklərimiz narahatlıq yaratmırsa, yanındakının səni anladığından əminsənsə, gördüyün işdən razısansa, kaşkilər yoxdusa və s. rahatsan, yəni xoşbəxtsən.
Sizi hamı sevir. Çünki siz ürəkdən sevməyi bacarırsınız Hamınımı? İnsanlarda nəyi daha çox dəyərləndirirsiniz?
Nə deyim? Özündən razılıq kimi alınır. Amma siz də belə düşünürsüz. Az ünsiyyətdə olduğum adamların belə o qədər sevgisini, sayğısını görürəm ki. Sevildiyini yaşamaq duyğusu möhtəşəmdi. İstedadlı cavan şairimiz Elçin Məmmədov status paylaşmışdı ki, yer üzündə o boyda sevgi tapasan ki, bu adamın haqq etdiyi sevgini verə biləsən. Bilirsiz, çox xoşdu. Əslində mən insanları sevirəm. Və sevgi dolu insanları dəyərləndirirəm. Təkrar alınır, amma münasibətlərdə həqiqi sevgi varsa, sən cılızlaşa bilmirsən. Adam var ki, 10, 20 il öncə deyilən sözü unutmur, həmişə xoşagəlməz nəsə tapır. Onların sevgisi olmur. Sevdiyiklərindən vaz keçmək asan deyil. Bunu yaxınlarım bilir, bəziləri bundan sui-istifadə də edir. Təəssüf edirsən… Münasibətlərdə dürüst, sabit, sevginin, sayğının dəyərini bilənlər dəyərlidir. Bacarmırsa, heç olmasın, onu itirmək istəməsən belə.
Siz yaxşını, gözəlliyi görüb dəyərləndirə bilirsiniz.Niyə hamı bunu bacarmır? Paxılıq adətən kimə məxsus olur?
Hamı bacarmır. Həqiqi sevgi hissi yoxdu onlarda, sadəcə onlara elə gəlir. Sevgi olsa, yaxşıya yaxşı deyə bilərlər. Bilirsiz, görürsən, yaxın adamdı, yanında sənə diqqət göstərəndə, qısqanclıq yaranır, əsəbləşir… Paxıllıq özünəgüvənsizlikdən yaranır, belələri həmişə “mən,mən” deyir, əslində boşdular. İnsan daxilən o qədər zəngin olmalıdır ki, cılız duyğular yaşamasın.
Siz müəllimsiniz. Maraqlıdır ki, məhz sizin yazdığınız şeirə bəstələnmiş mahnı məktəblilərin məzun himninə çevrilib. Üç insanın Kəmalə Abiyeva, Aygün Səmədzadə və Lalə Məmmədovanın əməyinin məhsulu olan bu gözəl mahnı necə yaranıb?
Şeir özündənrazı, amma həyatı alınmayan məktəb yoldaşımı görəndən sonra yarandı. Şagird olanda hamının necə xoşbəxt, qayğısız olduğunu düşündüm. Çox təsirləndim. Aygün xanım “mahnı yazıram” deyəndə, “kədərlidir” dedim. “Gör necə mahnı olacaq, artıq müsiqini eşidirəm” dedi. Aygün xanımın yaratdıqları bir-birindən gözəldi. Bu mahnı ilk səslənmədən məşhur oldu. Son illərdə ilk dəfə səslənməklə bu qədər uğur qazanan mahnı olmayıb.
Xatirələrlə yaşayırsınız yoxsa arzularla?
Hamı kimi – xatirələr, arzularla.
Şəhid analarıyla görüşəndə hansı hissləri yaşayırsınız?
Şəhidlərdən yazıram. Ailələrlə əlaqə yaratmalı oluram. Qələbəni illərlə gözləmişik. İtgilər olacağını bilirdik. Amma çox ağırdı. Analar bir yana, atalar var ki, göz yaşına, üzündəki ağırlığa dözmək olmur. Düzü təsəlli verə bilmirəm. Hamımızın təsəllisi Qələbədir- Vətənin bütövlüyüdür.
Sizinlə ilk dəfə belə səmimi söhbət edirəm. Yormadım ki sizi?
Sevilməyimdən söz açdınız. Hər kəs bunu deməzdi. Özünüz də sevimlisiz. Maraqlı, yaradıcı insansız. Pandemiyanın həyatımızı sıxdığı bir zamanda darıxmağa qoymursuz. Bu da sevgidir. Sevgi dolu insanlar riyakarlıqdan uzaq olur-səmimi olur. Onlardan yorulmaq olmur. Əksinə rahatlıq tapırsan.
Təşəkkür edirəm, Kəmalə xanım, ən çox sevdiyiniz şeirinizi mənə və “Səmimi söhbət”in oxucularına hədiyyə edərmisiniz?
Nağıllardan danışdıq. Bu duyğuyla yazdığım şeir olsun.
Nələri anlatdı bizə nağıllar,
bildik ki, həmişə bağlı qapı var.
Bağlı qapıları açmaq istəsək,
açıq qapıları bağlayaq gərək.
Bir az da aldatdı bizi nağıllar,
Ağ atlı oğlanlar gəlib çıxmadı.
Xeyirxah pərilər görünmədi heç,
Yetimin üzünə kimsə baxmadı.
Anladıb aldatdı bizi nağıllar
divlər, təpəgözlər öləcək deyə.
Bir az da ağlatdı bizi nağıllar
göylərdən üç alma düşəcək deyə.

Bu gözəl insanla söhbətdən zövq aldım. Bu zövqü siz də yaşaya bildinizsə demək söhbətimiz alınıb. Bizimlə bərabər olduğunuz üçün hər birinizə təşəkkür edir və yenidən görüşmək arzusuyla ayrılıram. Təki ömür möhlət versin…

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

KƏMALƏ ABİYEVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru