Azərbaycan Milli Kitabxanasının təmsil olunduğu CENL-in növbəti illik toplantısı başa çatıb
Polşa Milli Kitabxanasının ev sahibliyi etdiyi 38-ci CENL illik iclası öz işini 18 iyun tarixində davam etdirib.
İclasda Polşa Milli Kitabxanasının baş direktoru Tomas Makovski “Milli Kitabxanalar ümummilli şəbəkə koordinatorları kimi” başlıqla təqdimat edib.
Konfransda Moldova Milli Kitabxanasının baş direktoru Elena Pintilei “Sosial dayanıqlığın yaradılması üçün daha güclü peşəkar şəbəkə və sülh”, Fransa Milli Kitabxanasının Beynəlxalq əlaqə şöbəsinin rəhbəri Ophelie Ramonatxo “Robotik mühafizə saytları” təhsil günləri, Milli Seçeni Kitabxanasının baş direktoru David Rozsa “Milli Seçeni Kitabxanasının və Lüksemburq Milli Kitabxanasının Veb Arxiv İnfrastrukturunun Təkmilləşdirilməsi” mövzusunda çıxış ediblər.
Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov çıxışı zamanı konfransa ev sahibliyi edən Polşa Milli Kitabxanasının baş direktoru Tomas Makovskiyə tədbiri yüksək səviyyədə təşkil etdiyi üçün təşəkkür edərək apardığı “Salam Azərbaycan”, “Azərbaycan Milli Kitabxanası”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitabları, həmçinin Azərbaycan xəritəsini Polşa Milli Kitabxanasının fonduna təqdim edib. Eyni zamanda direktor Tomas Makovskini oktyabr ayında Bakıda keçiriləcək X Bakı Beynəlxalq Kitab Sərgisində ekspozisiya ilə iştiraka dəvət edib.
Konfransa növbəti il Şotlandiya Milli Kitabxanası ev sahibliyi edəcək.
Polşa Milli Kitabxanasının ev sahibliyi etdiyi 38-ci CENL illik iclası yekunlaşıb, sonda xatirə şəkli çəkilib.
Mənbə və daha ətraflı: https://www.millikitabxana.az/news/azerbaycan-milli-kitabxanasinin-temsil-olundugu-cenl-in-novbeti-illik-toplantisi
Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunur
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Polşa Milli Kitabxanasının ev sahibliyi etdiyi 38-ci CENL illik iclasında iştirak edir. CENL Avropanın 46 ölkəsindən milli kitabxanaların üzv olduğu bir kitabxana təşkilatıdır. Hər il fərqli bir ölkədə keçirilən iclasa bu il Varşava ev sahibliyi edir.
Konfransı CENL sədri Frank Scholze açaraq tədbirin yüksək səviyyədə təşkil edilməsində əməyi keçən bütün heyətə öz təşəkkürünü bildirib. Ardınca Polşa Milli Kitabxanasının baş direktoru Tomas Makovski bütün iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb.
İclasın ilk günü salamlama nitqlərindən və bütün nümayəndələrin təqdim edilməsindən sonra CENL-in 2023-cü ildə Fransanın paytaxtı Parisdə keçirilən 37-ci illik iclasının protokolu və illik hesabatı müzakirə edilib. Təşkilatın maliyyə hesabatı və növbəti il üçün büdcəsi də müzakirə edilib, səsverməyə qoyularaq qəbul olunub.
İclasın davamı olaraq Finlandiya Təhsil və Mədəniyyət Nazirliyindən Minna Karvonen “Rəqəmsal mədəni irs – zamanları, ideyaları və insanları birləşdirir” mövzusunda təqdimatla çıxış edib.
Sonra CENL üzvlərindən Fransa, Almaniya, Serbiya, İspaniya, Belçika, Luksemburq, Estoniya Milli Kitabxanalarının rəhbərləri CENL-ə üzv olan kitabxanalarda elektron qanuni depositin statusu haqqında təqdimat ediblər.
Daha sonra CENL-ə üzv olan kitabxanalarda elektron qanuni depozitin vəziyyəti, qanunvericilik, tələblər, musiqi, təcrübələr haqqında danışılıb, iclas müzakirələrlə davam edib.
Konfrans öz işinə 18 iyun tarixində davam edəcək.
Mənbə və daha ətraflı: https://www.millikitabxana.az/news/azerbaycan-milli-kitabxanasi-cenl
Kərim Məhəmməd oğlu Tahirov (d.12 noyabr 1951, Ağcabədi, Azərbaycan SSR) — Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, professor.
HƏYATI Tahirov Kərim Məhəmməd oğlu 1951-ci il noyabr ayının 12-də Ağcabədi rayonunda anadan olmuşdur. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1978-ci ildə təyinatla M.F.Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına (indiki Azərbaycan Milli Kitabxanası) göndərilmiş, 1979-1982-ci illərdə Elmi-metodiki şöbədə (indiki Kitabxanaların metodik təminatı şöbəsi) böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışmışdır. 1983-1987-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana müfəttişliyinin böyük müfəttişi, 1987-1988-ci illərdə rəisi, 1988-1989-cu illərdə Mədəni-maarif Müəssisələri İdarəsinin, 1989-1993-cü illərdə Mədəni-kütləvi işlər, Kitabxana və Muzey işləri Baş İdarəsinin baş müfəttişi, 1993-2000-ci illərdə Kitabxana və Muzey işləri baş idarəsinin rəisi vəzifəsində işləmişdir. 2000-2005-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) Metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2005-ci ildən hal-hazıradək Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır.
2009-cu ildə “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923–1959-cu illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. O, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində pedaqoji fəaliyyətlə məşğul olur, gənc ixtisaslı kadrların yetişdirilməsinə xidmət göstərir. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professoru elmi dərəcəsi almışdır.
Professor K.Tahirov dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslarda və elmi simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunmuşdur. BDU-nun kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq ixtisasları üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür, bu ixtisas üzrə bir neçə fəlsəfə doktorları və magistrlarının elmi rəhbəri və rəsmi oponenti olmuşdur.
Prof. Kərim Tahirovun rəhbərliyi dövründə Milli Kitabxana respublikanın ictimai həyatında fəal iştirak etməyə başlamış, oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunmuş, müxtəlif mövzulara dair 50-dən artıq fundamental biblioqrafiyalar tərtib edilərək çap olunmuş, cari biblioqrafiya və informasiya göstəricilərinin, “Elmi əsərlər”in nəşri bərpa edilmiş, kitabxananın elektron kataloqu, elektron kitabxanası, Elmi Şurası yaradılmışdır, 34 xarici ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanmışdır.
2006-cı ildən Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasları üzrə Dövlət İmtahan Komissiyasının sədri, 2007-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Ekspert Komissiyasının sədri, 2013-cü ildən isə Milli Kitabxananın Elmi Şurasının sədridir.
Ailəlidir, iki övladı, dörd nəvəsi var.
TƏLTİF VƏ MÜKAFATLARI Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. 2013-cü ildə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 2014-cü il 10 yanvar tarixində TÜRKSOY-un yaradılmasının 20 illiyi münasibəti ilə medalla təltif olunmuşdur. 2014-cü ildə “QIZIL FORTUNA” Beynəlxalq reytinqli texnologiyalar və Sosiologiya Akademiyasının medalı ilə təltif edilmişdir. Nazirlər Kabinetinin 12 sentyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının üzvü təyin olunmuşdur. 28 oktyabr 2019-cu ildə mədəniyyət nominasıyası üzrə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 2019-cu il, 24 dekabr tarixində Azərbaycan Milli Kitabxanasında “İmadəddin Nəsimi. Biblioqrafiya” adlı yeni kitabın işıq üzü görməsi münasibəti ilə “Ziyadar” mükafatına layiq görülüb. Beynəlxalq qurum və təşkilatlarda üzvlüyü 2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvü, 2015-ci ildən isə vitse prezidentidir. 2003-cü ildən Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının üzvü; Dünya elektron kitabxanasının (WDL) üzvü; 2007-ci ildən Türkdilli ölkələrin Milli Kitabxanalar Şurasının və İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının üzvü; Biblioqrafiya Kərim Tahirov 50-dən artıq kitab, kitabça, metodik vəsaitin və fundamental biblioqrafiyaların müəllifi, tərtibçisi və redaktoru olmuşdur. İlk kitabxana ensiklopediyasının hazırlanması işinə rəhbərlik etmiş və baş redaktoru olmuşdur. 200-dən artıq elmi məqalənin müəllifidir. “Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri”nin, “Əlamətdar və tarixi günlər təqvimi”nin, “Azərbaycan kitabı” on cildlik milli biblioqrafiya repertuarının baş redaktorudur.
ƏSƏRLƏRİ Bakı şəhərində kitabxana-klub: yaddaş. Bakı: Kommunist, 1986.-16 s. Kitabxana işinə dair normativ aktlar: [Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu] -Bakı: M. F. Axundov adına Azərbaycan Dövlət Kitabxanası, 2001.-52 s. Kitabxana işinə dair normativ sənədlər: [Qanun və qanun qüvvəli normativ sənədlər toplusu]/ M. F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası.-Bakı, 2001.-48 s. Kitabxana fondlarının məzmunca köhnəlmiş ədəbiyyatdan təmizlənməsi və mühafizəsi: [normativ sənədlər toplusu] -Bakı: M.F. Axundov ad. Azərbaycan Dövlət Kitabxanası, 2002.-32 s. Kitabxana işinə dair normativ aktlar: Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu /Tərtib edən: K. M. Tahirov; Red.: Ş. Əhmədova və b.; M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası. Bakı, 2004, 52 s. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923–2008-ci illər). Bakı: Ulu, 2008, 218 s. Ölkəşünaslıq biblioqrafiyası: [Kitabxanaçılıq-informasiya fakültəsi üçün “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə bakalavr pilləsi üçün fənn proqramı]/ Azərb. Resp. Təhsil Nazirliyi, BDU.-Bakı: Bakı Universiteti, 2011.-12 s. Azərbaycan xalçası: [biblioqrafiya]. Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi; M. F. Axundov ad. Milli Kitabxana.-Bakı, 2012.-438 s. Dünya milli kitabxanaları: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası. (dərs vəsaiti) -Bakı: Bakı Universiteti Nəşriyyatı, 2013. – 212 s. Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsi illərində: (1941-1945-ci illər). – Bakı: Zərdabi Nəşr MMC, 2020.- 80 s.
TƏRCÜMƏLƏRİ Mərkəzləşdirilmiş kitabxana sistemlərində işin təşkili: [təlimatlar və uçot formaları]/ Azərb. SSR Mədəniyyət Nazirliyi. M.F.Axundov adına Azərb. Dövlət Kitabxanası. – Bakı, 1988. – 176 s.
MƏQALƏLƏRİ Görkəmli biblioqraf: [S.D.Poltaratskinin anadan olmasının 175 illiyi münasibətilə] // Mədəni maarif işi.-1978.-№1.-S.46-47 Zəhmətkeşlərin mütaliəsinə rəhbərlik // Mədəni maarif işi.-1979.-№1.-S.22-23 Köməkçi göstəricilərin tərtibi metodikası: [ Azərbaycan biblioqrafiyası materialları əsasında] // M.F.Axundov adına Azərbaycan Respublikası Dövlət Kitabxanasının elmi əsərləri.-1983.-№2.-S.61-83 80 yaşlı kitabxana: [Razin qəsəbəsindəki Y.Zevin adına uşaq kitabxanası haqqında] // Mədəni maarif işi.-1984.-№4.-S.2-3 Kitabxana xidmətinin keyfiyyətini yüksəltməli // Mədəni maarif işi.-1987.-№3.-S.2-6 Kitabxanalar yeni həyata qədəm qoyacaq: [NK-nın 1996- cı il 9 iyulda“ Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı ilə əlaqədar müsahibə ] ; müsahibəni apardı P.Cəfər // Xalq qəzeti.-1996.-17 oktyabr Yubileyiniz və yeni nəşriniz mübarək!: [BDU-nun Kitabxanaçılıq fakültəsinin 50 illiyi ərəfəsində eyni adlı jurnalın nəşr olunması münasibətilə müəllifin təbriki ] // Kitabxanaşünaslıq və biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi jurnal.-1997.- № 1.- S. 7. Kitabxana elm ocağıdır // Respublika.-1999.- 11 may. -S.4. Özəlləşdirmə kitabxanalar üçün çoxlu problemlər yaratdı // Xalq qəzeti.-1999.-2 may.-S.5 və digər.
BAŞ REDAKTORU OLDUĞU ƏSƏRLƏRDƏN SEÇMƏLƏR “Əlamətdar və tarixi günlər təqvimi”nin nəşri 2005-ci ildə bərpa edildi və professor Kərim Tahirovun baş redaktorluğu ilə bu təqvim hər il çap edilir. Azərbaycan Milli Kitabxanasının ən əhəmiyyətli metodik nəşrlərindən biri olan “Əlamətdar və tarixi günlər təqvimi” 1961-ci ildən çap edilir. Universal xarakterli bu nəşr uzun, tarixi bir yol keçmişdir. “Əlamətdar və tarixi günlər təqvimi” adı ilə nəşrə başlayan vəsaitin yaranmasında və təşəkkülündə Milli Kitabxana əməkdaşlarının müstəsna xidmətləri olmuşdur. İlk nəşrə başladığı illərdə rübdə bir dəfə çap olunan təqvimdə müxtəlif əlamətdar günlərə, yubileylərə dair ölkəşünaslıq tövsiyə ədəbiyyat siyahıları verilirdi. Sonralar – 1970-ci ilin dördüncü rübündən 1992-ci ilədək “Kitabxana işçisinə kömək” adı ilə çap olunan vəsaitin səhifələrində metodik xarakterli materiallar, kitabxana işinə dair məlumatlar, digər araşdırmalar geniş yer tuturdu. 2005-ci ildə Milli Kitabxana rəhbərliyi tərəfindən 1992-ci ildən məlum səbəblər üzündən nəşri dayandırılmış vəsaitin çapı bərpa edilmiş, “Əlamətdar və tarixi günlər təqvimi” adı ilə ildə bir dəfə çap edilməyə başlanmışdır. Respublika kitabxanalarının fəaliyyətinin səmərəliliyinə əsaslı şəkildə təsir göstərən bu hadisə böyük rəğbətlə qarşılanmışdır.
Əlamətdar və tarixi günlər təqvimi-2005: [metodik materiallar toplusu]/ M. F. Axundov ad. Azərbaycan Milli Kitabxanası.-Bakı, 2004.- 92 s. Əlamətdar və tarixi günlər təqvimi-2006: [metodik materiallar toplusu]/ M.F. Axundov ad. Azərbaycan Milli Kitabxanası -Bakı, 2005.-155 s. Əlamətdar və tarixi günlər təqvimi. 2007-ci il: [metodik materiallar toplusu: Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün metodik tövsiyələr]/ M.F. Axundov ad. Azərb. Milli Kitabxanası. -Bakı: M.F.Axundov adına Milli Kitabxana, 2006.- burax.3. -197 s. Əlamətdar və tarixi günlər təqvimi: [2008-cı il: Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana sistemləri üçün metodik tövsiyələr]/ M.F.Axundov ad. Azərb. Milli Kitabxanası. – Bakı, 2007.-183 s. Əlamətdar və tarixi günlər təqvimi – 2009: [metodik tövsiyələr]/Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası.-Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2008.-385 s. Əlamətdar və tarixi günlər təqvimi – 2010 [Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün]/Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2009.-435 s. Əlamətdar və tarixi günlər təqvimi – 2011: [Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün]/Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2010.-437 s. Əlamətdar və tarixi günlər təqvimi – 2012: [respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün] /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M. F. Axundov ad. Azərb. Milli Kitabxanası. -Bakı: M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası, 2011.-319 s. Əlamətdar və tarixi günlər təqvimi-2013/ M.F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: Azərbaycan Milli Kitabxanası, 2012.-440 s. Əlamətdar və tarixi günlər. Təqvim 2014./ M.F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: Azərbaycan Milli Kitabxanası, 2013.- 423 s. Əlamətdar və tarixi günlər. [Təqvim 2015]/M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: M.F. Axundov ad. Azərbaycan Milli Kitabxanası, 2014.-384 s. Əlamətdar və tarixi günlər təqvimi – 2016. /M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: M.F. Axundov ad. Azərbaycan Milli Kitabxanası, 2015.-429 s. Əlamətdar və tarixi günlər təqvimi – 2017/ M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: M.F. Axundov ad. Azərbaycan Milli Kitabxanası, 2016.-420 s. Əlamətdar və tarixi günlər [Təqvimi 2018] / M.F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı, 2017.-578 s. Əlamətdar və tarixi günlər təqvimi [Təqvim 2019] /Azərb. Milli Kitabxanası.-Bakı: M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, 2018.-520 s. Əlamətdar və tarixi günlər təqvimi: [Təqvim 2020] /Azərb.Milli Kitabxanası.-Bakı: M.F. Axundov ad. Azərbaycan Milli kitabxanası, 2019.- burax. 2020.-576 s. Əlamətdar və tarixi günlər təqvimi 2021 /Azərb. Milli Kitabxanası.-Bakı: Azərbaycan Milli Kitabxanası, 2020.-562 s. “Birillik Azərbaycan kitabiyyatı”nın nəşri də 2005-ci ildə bərpa edildi və professor Kərim Tahirovun baş redaktorluğu ilə çap edilməyə başladı. 1960-cı ildən nəşr edilən “Birillik Azərbaycan kitabiyyatı” il ərzində dilindən, mövzusundan, janrından asılı olmayaraq respublikada nəşr edilmiş bütün kitablar barəsində tam biblioqrafik məlumat verir. “Birillik Azərbaycan kitabiyyatı”nda materialların ayrı-ayrı elm sahələri üzrə qruplaşdırılması respublikada nəşr edilən kitab məhsulunun tərkibi, mövzu əhatəliliyi barədə müxtəlif aspektli informasiya əldə etməyə imkan yaradır. Uzun illər ərzində bu vəsaitlər kitabxanaçılar, biblioqraflar və ən müxtəlif tələbatçı qrupları tərəfindən geniş istifadə edilir. Həmin vəsaitə nəinki respublikamızda, həm də onun hüdudlarından kənarda böyük tələbat vardır. 2005-ci ildə M.F.Axundоv adına Dövlət Kitabxanası milli bibliоqrafiya vəsaitlərinin nəşri işini yеnidən bərpa etmiş, kitabxana həmin ilin iyun ayından digər milli biblioqrafiya vəsaitləri kimi, “Birillik Azərbaycan kitabiyyatı”nı da nəşr etməyə başlamışdır.
İXTİSAS REDAKTORU VƏ BURAXILIŞA MƏSUL OLDUĞU
ƏSƏRLƏRDƏN SEÇMƏLƏR İxtisas redaktoru və buraxılışa məsul olduğu əsərlərdən seçmələr İkirəqəmli müəllif işarəsi cədvəlləri/ M. F. Axundov ad. Azərb. Dövlət Kitabxanası.-Bakı, 2001.-24 s. Fikrət Əmirovun anadan olmasının 80 illiyi və kitabxanaların vəzifələri:[metodik tövsiyələr]/Azərb. Resp. Mədəniyyət Nazirliyi, М. F. Axundov ad. Azərb. Dövlət Kitabxanası.-Bаkı, 2003.-16 s. Hüseyn Cavidin anadan olmasının 120 illiyi və kitabxanaların vəzifələri:metodik tövsiyə.- Bakı, 2003, 27 s. Böyük Vətən müharibəsində qələbənin 60 illiyi və kitabxanaların qarşısında duran vəzifələr: [metodik tövsiyələr]/Azərb. Resp. Mədəniyyət Nazirliyi, M.F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı, 2005.-20 s. Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sahəsində kitabxanaların vəzifələri:[metodik vəsait]/ Azərb. Resp. Mədəniyyət Nazirliyi, M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı, 2005.-49 s. Mir Cəlal: [biblioqrafiya]/Azərb. Resp. Mədəniyyət Nazirliyi, M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: Adiloğlu, 2006.-259 s Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı: [Dövlət Proqramının həyata keçirilməsinə dair materiallar]; M. F. Axundov Adına Azərbaycan Milli Kitabxanası Diyarşünaslıq elmi biblioqrafiya şöbəsi.-Bakı, 2007.-burax. 1.-202 s. Azərbaycan Xalq Cümhuriyyəti-90: (1918-1920): [biblioqrafiya]/ Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı , 2008.-266 s. Qara Qarayev: [biblioqrafiya]/Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M.F. Axundov ad. Azərb.Milli Kitabxanası.-Bakı, 2008.-332 s. Azərbaycanın Milli Qəhrəmanları: [biblioqrafiya]/Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M.F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, 2008.-233 s.
2021-ci il noyabr ayının 12-də kitabxanaşünas-alim, professor Kərim Məhəmməd oğlu Tahirovun 70 yaşı tamam olur. Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi Kərim Tahirov ömrünün 30 ildən çox hissəsini Azərbaycan mədəniyyətinin, kitabxana işinin inkişafına həsr etmişdir. Bunun nəticəsidir ki, alim təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınmış və şöhrət qazanmışdır.
Kərim Tahirov 1951-ci il noyabr ayının 12-də Ağcabədi rayonunda anadan olmuşdur. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil almış və təyinatla M.F.Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına ( indiki Azərbaycan Milli Kitabxanası) göndərilmişdir. 1979-1982-ci illərdə Elmi-metodiki şöbəsində böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışmışdır.1983-1987-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana müfəttişliyinin böyük müfəttişi,1987-1988-ci illərdə rəisi,1988-1989-cu illərdə Mədəni-maarif müəssisələri İdarəsinin, 1989-1993-cü illərdə Mədəni-kütləvi işlər, Kitabxana və Muzey işləri Baş İdarəsinin baş müfəttişi, 1993-2000-ci illərdə Kitabxana və Muzey İşləri Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir.2000-2005-ci illərdə Milli kitabxananın Metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2005-ci ildən hal-hazıradək Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır.
Professor K.Tahirov dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslarda və elmi simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. K itabxanaşünas alimin elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunmuşdur.
Tədqiqat sahəsi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı olan alim ilk dəfə olaraq Azərbaycan Milli Kitabxanasının yarandığı gündən etibarən keçdiyi tarixi inkişaf yolunu əsaslı şəkildə araşdırmış, yeni tarixi faktlar, mühüm elmi nəticələr əldə etmişdir. Görkəmli kitabxanaşünas alim, BDU-nun fəxri professoru Abuzər Xələfovun rəhbərliyi ilə 2009-cu ildə “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923-1959-cu illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Alimin tarixi araşdırmaları Milli Kitabxananın yeni inkişaf strategiyasının formalaşmasında mühüm rol oynamışdır.
Fədakar alim “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-ci illər)” adlı monoqrafiyanın, “Dünya milli kitabxanaları: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası” adlı dərs vəsaitinin, 150-dən artıq kitab, kitabça, metodik vəsaitin və fundamental biblioqrafiyaların müəllifi, tərtibçisi və redaktoru olmuş, 250-dən artıq elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə onlarla yeni kitabın təqdimat mərasimi keçirilmişdir. 2015-ci ildə işıq üzü görmüş, fundamental nəşr hesab edilən Azərbaycanda ilk kitabxana ensiklopediyasının hazırlanması işinə rəhbərlik etmiş və baş redaktoru olmuşdur. “Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri”nin, “Əlamətdar və tarixi günlər təqvimi”nin, “Azərbaycan kitabı” on cildlik milli biblioqrafiya repertuarının baş redaktorudur.
Professor Kərim Tahirov BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində pedaqoji fəaliyyətlə məşğul olur, gənc ixtisaslı kadrların yetişdirilməsinə xidmət göstərir. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professoru elmi dərəcəsi almışdır. O, BDU-nun kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq, Kitabşünaslıq ixtisasları üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür, bu ixtisas üzrə bir neçə fəlsəfə doktorları və magistrantların elmi rəhbəri və rəsmi opponenti olmuşdur. 2006-cı ildən Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasları üzrə Dövlət İmtahan Komissiyasının sədridir.
Professor Kərim Tahirov Azərbaycan Milli Kitabxanasına direktor təyin olunduğu dövrdən kitabxananın bütün fəaliyyət istiqamətlərində, o cümlədən, beynəlxalq əməkdaşlıq sahəsində bir sıra irəliləyişlər baş vermişdir. Belə ki, bu gün Milli Kitabxana Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası (İFLA), Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının, Türkdilli Ölkələrin Milli Kitabxanaları Konfransının, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının, 2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvüdür, 2015-ci ildən isə vitse-prezidentidir. Beynəlxalq aləmdə Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlərini, ədəbi irsini, tarixini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda , Azərbaycan kitabını təbliğ etməkdə alimin zəhmətini xüsusi qeyd etmək lazımdır. Kərim Tahirovun kitabxanaya rəhbərliyi dövründə 44 xarici ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanmışdır.
“Milli – mənəvi dəyərlərimizin Vətənə qayıdışı”, “Qarabağa kitabla gedək!”, “Musiqi kitabxanası”, “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)”, “Açıq kitabxana”, “Milli musiqi xəzinəmizdən səs yazmaları və qramafon vallar”, “Beynəlxalq musiqi kitabxanası” və s. layihələrin rəhbəri olan Kərim Tahirov həmişə yeniliyə can atır.
Professor Kərim Tahirovun səyi nəticəsində oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunmuşdur. Kitabxananın elektron kataloqu və elektron kitabxanası yaranmışdır. Alimin rəhbərliyi altında müxtəlif mövzulara dair 70-dən artıq fundamental biblioqrafik vəsaitlər tərtib edilərək çap olunmuş, cari biblioqrafiya və informasiya göstəricilərinin, “Elmi əsərlər”in nəşri bərpa edilmiş, Elmi Şurası yaradılmışdır.
Professor Kərim Tahirov 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Milli-mənəvi dəyərlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində dahi Nizaminin dünya kitabxanalarında mühafizə olunan 150-dən artıq əlyazmalarının digital surətlərinin Milli Kitabxanaya gətirilməsinə və elektron bazasının yaradılmasına, habelə onlardan ən əhəmiyyətlilərinin bir nüsxə çap olunaraq Milli Kitabxananın nadir fonduna verilməsini təmin etmişdir. Eyni zamanda alim 2021-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş ilk fundamental biblioqrafiyanın – “Nizami Gəncəvi: Biblioqrafiya” kitabının müəllifi və elmi redaktorudur.
Fədakar alim, təcrübəli təşkilatçı, professor Kərim Tahirovun zəhməti həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. 2013-cü ildə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 2014-cü il 10 yanvar tarixində TÜRKSOY-un yaradılmasının 20 illiyi münasibəti ilə medalla təltif olunmuşdur. 2014-cü ildə “Qızıl Fortuna” Beynəlxalq reytinqli texnologiyalar və Sosiologiya Akademiyasının medalı ilə təltif edilmişdir. Nazirlər Kabinetinin 12 sentyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının üzvü təyin olunmuşdur. 28 oktyabr 2019-cu ildə mədəniyyət nominasiyası üzrə “Cəfər Cabbarlı” mükafatına layiq görülmüşdür. 2019-cu il, 24 dekabr tarixində Azərbaycan Milli Kitabxanasında “İmadəddin Nəsimi. Biblioqrafiya” adlı yeni kitabın işıq üzü görməsi münasibəti ilə “Ziyadar” mükafatına layiq görülmüşdür.
Professor Kərim Tahirovun yubileyi ilə əlaqədar olaraq Milli kitabxanada “Professor – Kərim Tahirov” adlı elektron məlumat bazası və “Kitabxanaşünas alim-Kərim Tahirov” adlı virtual sərgi onlayn rejimdə oxucuların istifadəsinə verilmişdir.
Görkəmli alim, təcrübəli müəllim, qayğıkeş rəhbər, ictimаi хаdim, professor Kərim Tahirovu 70 illik yubileyi münasibətilə təbrik edir, sağlıqlı uzun ömür və çoxşaxəli fəaliyyətində uğurlar diləyirik!
Müəlliflər:
Solmaz Sadıqova
BDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru
Rəşad Sadıqov
ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri,
Bu gün dəyərli alim, professor Kərim Tahirovun ad günüdür! Kərim müəllimi bu münasibətlə təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik! Milli Kitabxanada “Professor – Kərim Tahirov” adlı Elektron məlumat bazası və “Kitabxanaşünas alim – Kərim Tahirov” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub Noyabr ayının 12-də Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor, kitabxanaşünas alim Kərim Tahirovun 70 illik yubileyi tamam olur. Ətraflı: http://www.millikitabxana.az/news/kerim-tahirov