Laçın Dün gecə yuxuda Laçını gördüm: Vüqarlı başında dümağ saçları, Gözləri yol çəkən yüksəklikləri, Həsrətə bürünmüş boz yamacları… *** Qulağı səsdəydi, fikirli, yorğun… Əyni də nimdaşdı, kimsəsiz kimi. Keçilməz yollarda itmişdi sanki, Torpaq yaddaşına düşən iz kimi. *** Susurdu, yamanca qəribsəmişdi, Gileyi donmuşdu baxışlarında. O hardan biləydi gələcəyik biz Hansı bir ilinsə son baharında. *** Sarılmaq istədim qanadlarına: Tövrünlə sızlatma ürəyimizi! Bitəcək ayrılıq, qurbanın olum! Yamanca gecikdik, bağışla bizi!..
Лачин Прошлой ночью мне приснился Лачин: С гордо поднятой седой головой, С тоской во взгляде могучих вершин И посеревших в разлуке равнин… *** Весь в ожиданьи вестей, усталый, В бедной одежде предстал предо мной. Словно потерян он был в дороге, Как памятный след на коре земной. *** Был молчалив и смотрел, как чужой, В глазах его застыл упрек немой, Откуда знать ему, что мы придём, Что этой встречи с ним давно мы ждём. *** Так захотелось мне его обнять, Как мучила разлука, рассказать… Уже осталось мало, потерпи! Мы долго шли к тебе, ты нас прости. Müəllif: Afaq ŞIXLI
Hər kəsin həyatında az-çox əlamətdar və acı hadisələr olur. Mənimsə həyatımda baş verən bir hadisə olduqca utancverici və unudulmazdır. 1985-ci ildə müəllim işlədiyim kollektivdə “oğru” kimi tanınmağımı hec vaxt unutmuram…
Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert Pedaqoji İnstitutunu (indiki Xankəndi) bitirdikdən sonra təyinatımı Laçın rayonuna aldım və Daşlı kənd orta məktəbində müəllimlik fəaliyyətinə başladım. Daşlı kənd orta məktəbinin direktoru Zəlimxan müəllim ailə dostumuz olduğü üçün birinci ili onların evində ailənin bir üzvü kimi yaşadım. Böyük külfət sahibi olan Zəlimxan müəllimlə Səmərqə müəllimə mənə valideyn qayğısı ilə yanaşırdılar (Allah hər ikisinə rəhmət eləsin!). Ailədə böyüyən uşaqlarla qardaş-bacı kimi qaynayıb-qarışdım… Beləcə, ilk tədris ilini başa vurdum.
Daşlı kəndi rayon mərkəzindən 55 km. şimal qərbdə, Çalbayır silsiləsinin ətəyində, Həkəri çayının qolu olan Şəlvə çayının sahilində yerləşir. Rayonun Hətəmlər, Vəlibəyli, Şəlvə, Narışlar və Kaha kəndləri ilə həmsərhəddir…
Növbəti dərs ilində məktəbimizə təyinatla Qərbi Azərbaycandan Musa adlı (soyadını unutmuşam) kimya müəllimi gəldi. Qərara gəldik ki, kənddəki boş evlərin birində Musa müəllimlə birlikdə qalaq.
Çayın sahilində geniş həyətli bir boş ev vardı. Bir günün içərisində evdə səliqə-sahman işi aparıb Musa müəllimlə oraya yığışdıq. Onu da deyim ki, Musa müəllimlə birlikdə qalmaq üçün Zəlimxan müəllimdən və ailəsindən bir həftə çəkən söhbətdən sonra çətinliklə razılıq ala bilmişdim.
Təbii ki, yaşamaq üçün ucqar dağ kəndinin bəzi problemləri vardı. İşıqların tez-tez sönməsi, təbii qazın olmaması, yanacaq üçün yalnız odundan istifadə edilməsi və s. ehtiyaclar müəyyən çətinliklər yaradırdı. Televizorumuz olmadığı üçün dərsdən sonra boş vaxtlarımızda mənim “Vesna” maqnitofonum köməyimizə çatırdı. Azərbaycan müğənnilərinin mahnılarından ibarət çoxlu kasetim vardı. Demək olar ki, musiqidən korluq çəkmirdik. Hətta tətil günlərində Ermənistandakı evlərinə gedən Musa müəllim sovet estradasının ulduzu Alla Puqaçovanın, məşhur rus müğənnisi Vladimir Vısotskinin kasetlərini də gətirmişdi.
Doğma el-obamızdan, ailələrimizdən aralı düşdüyümüz üçün Daşlı və qonşu kəndlərin camaatı bizə çox mehriban yanaşırdılar. Hətta tez-tez bizi evlərinə qonaq dəvət edirdilər. Bir sözlə, qəribçilik çəkməyə imkan vermirdilər. Beləcə, günlər bir-birini əvəz edirdi…
Daşlıdan olan Xosrov İsmayılov Hətəmlər kənd məktəbinin direktoru idi. Hər səhər onu at belində Hətəmlər kəndinə gedən görərdik. Məkəbimiz yolun kənarında olduğu üçün Xosrov müəllim bizi həyətdə görəndə atı saxlayıb hal-əhval tutardı. Çox mehriban və səmimi insan idi. Bir gün onunla söhbət zamanı öyrəndik ki, rəhbərlik etdiyi Hətəmlər məktəbində təyinatla gəlmiş əslən Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndindən olan Kamandar Eyvazlı (Sonralar “Azəriqaz” QSC-nin mətbuat xidmətinin rəhbəri işlədi – şair-jurnalist kimi tanınan Kamandar Eyvazlı) və Ermənistandan Kərim adlı (soyadını unutmuşam) müəllimlər işləyir. Bir müddətdən sonra onlarla da tanış olduq. Tez bir zamanda aramızda münasibət yarandı. Dəfələrlə Kamandar Eyvazlı ilə Kərim müəllimi yaşadığımız evə dəvət etdik. Süfrə açdıq, çörək kəsdik, saatlarla söhbət edib, musiqi dinlədik…
Bir gün Musa müəllim mənə dedi ki, diplomat çantasını aça bilmir. Həm də bildirdi ki, diplomatın açarı yoxdur, neçə ildir itirib. Dedim ki, ver mən də bir baxım görüm nə olub, niyə açılmır? Diplomatın “zamok”una diqqətlə baxdım. Çox götür-qoydan sonra mətbəx bıçağı ilə zədə yetirmədən diplomatı açdım…
…Vacib işim olanda həftənin 5-ci günləri direktordan icazə alıb ya Xankəndinə, ya da Ağdama gəlib, bazar günü yenidən Laçına qayıdardım. Belə gediş-gəlişlərimin birinin səhəri günü dərsə gedəndə məktəbin tədris işləri üzrə direktor müavini Lətif Həsənov müəmmalı tərzdə müəllim kollektivinin içərisində məndən soruşdu ki, rayona kasetləri gətirməyə getmişdin?
Düzü, Lətif müəllimin bu sözlərindən bir şey başa düşmədim. Dərhal soruşdum ki, nə kaset? Dedi ki, Musa müəllimin kasetlərini… Yenə də onun nə dediyini anlamadım. Qayıtdı ki, guya Musa müəllimin oğurlanmış kasetlərindən xəbərin yoxdur?! Gözləmədiyim bu xəbərdən yerimdə donub qaldım. Yalnız onu deyə bildim ki, mənim heç nədən xəbərim yoxdur…
Bu zaman Musa müəllim sərt bir baxışla səsini ucaldaraq içindəki neçə gündür saxladığı zəhərini ortaya tökdü:
– Əgər diplomatın içindəki kasetləri və qolbağımı sən götürməmisənsə, o gün onun necə açdın?!
Hamının maraq dolu baxışları üzərimə tuşlanmışdı. Doğrusu, aldığım bu qəfil zərbədən sarsılmışdım. Cavab verməyə söz tapa bilmirdim. Sonradan anladım ki, rayondan qayıdanda Musa müəllim niyə mənimlə soyuq görüşüb, sonra da heç söhbət etməmişdi…
Sən demə, bağlı diplomatı açmağımdan sonra yoxa çıxan kasetlərin və həbsxanada məhkumlar tərəfindən hazırlanmış rəngli şüşədən olan qolbağının mən tərəfindən oğurlandığı qənaətinə gələn Musa müəllim bütün olanları və məndən şübhələndiyini mən rayonda olarkən müəllim kollektivinə danışıb. Ona görə də hamı mənim bu vəziyyətdən necə çıxacağımı maraqla izləyirdilər. Mənimsə əlimdə bir sübut və ya şahidim olmadlığı üçün kimsəni inandıra bilmədim ki, bu olanlardan mənim xəbərim yoxdur. Bu məsələ ilə bağlı mübahisələr həftələrlə davam etdi. Məsələ artıq kənd camaatının qulağına da çatmışdı. Hamının gözündə əməlli-başlı bir oğruya çevrilmişdim. Özümü təmizə çıxarmaq üçün isə heç bir iş görə bilmirdim. Günlərlə bir il ailəsində övladları kimi yaşadığım Səmərqə müəllimənin qarşısında uşaq kim ağlayıb göz yaşı tökdüm, mənim bu oğurluq məsələsindən xəbərim olmadığını söylədim. Təbii ki, o və ailə üzvləri mənə inanırdı. Amma çox təəssüf ki, ortada oğurluq faktı və bir günahkar vardı. Əcəba kim?!
…Bir otaqda qaldığım, bir süfrədə çörək kəsdiyim Musa müəllimi inandıra bilmirdim ki, onun kasetlərini və qolbağısını mən götürməmişəm. Hətta oracan deyirdim ki, Musa müəllim, hər şeyi bir kənara qoyaq, axı o rus mahnılarını dinləməyi xoşlamadığımı bilirdin, o kasetləri neynirəm ki, hələ bir oğurlayım da?! Sonra da dedim, dəfələrlə Kamandarla Kərim bizdə olublar, yeyib-içmisiniz, hətta üçünüz keflənmisiniz də, bəlkə onlar götürüb. Musa müəllim qayıtdı ki, yox, sən nə danışırsan, ola bilməz, onlar götürməz…
***
Bu məsələnin sədası Hətəmlər kəndinə də gedib çatmışdı. Kamandar Eyvazlı və Kərimlə də bu məsələni müzakirə etmişdik. Ancaq suçlu ortada yox idi. Hadisənin hədəfində yalnız mən vardım. Mənsə çıxış yolu tapa bilmirdim. Bu arada hətta Kamandar Eyvazlı məni vəziyyətdən çıxarmaq üçün məsləhət bildi ki, mən kasetləri və qolbağını gətirib ona verim, o da bir yolla məsələni yoluna qoyacaq. Beləliklə də, mən bu oğurluq ittihamından qurtulmuş olacam. Fədakarlığa bax eee!!! Əhsən!!!
…Daşlı kəndində bir ağır seyid ocağı vardı. Qərara gəldik ki, mən, Kamandar Eyvazlı və Kərim həmin ocağa gedib orada and içək ki, bu oğurluqdan xəbərimiz yoxdur. Bir gün səhər tezdən Kamandar Eyvazlı ilə Kərim məktəbə gəldi. Musa müəllimlə mənim səhər novbəsində dərsimiz olduğu üçün o, mənə dedi ki, evin açarını Kamandargilə verim, onlar bizim evə getsinlər, məktəbdə gözləməsinlər. Dedim, eybi yoxdu, qoy, gözələsinlər, dərsi qurtarıb birlikdə gedərik. Mənim bu etirazıma Musa müəllimin acığı tutduğunu hiss etdim. Amma yenə də evin açarını vermədim. Dərsimizi deyib dördümüz də evə getdik. Onu da deyim ki, bizim and içəcəyimizdən məktəb kollektivinin də xəbəri vardı. Hamı maraqla işin sonunu gözləyirdi. Evə çatıb içəri keçdik. Onlar evin ortasındakı masanın ətrafında əyləşdilər. Mən isə öz dəmir çarpayımın üstündə oturdum. Birdən Kamandar Eyvazlı mənə dedi ki, gəl, ikimiz bayıra çıxaq, deyəsən, Kərimlə Musanın şəxsi söhbəti var. Yenə də etirazımı bildirdim ki, heç yerə getmirəm, burada nə şəxsi söhbət ola bilər, məsələ oğurluq hadisəsidirsə, hər şey ortada olmalıdır. Uzun söhbətdən sonra yenə də hər kəs suçsuz olduğunu söylədi. Belə olan halda, hazırlaşıb seyid ocağına and içməyə yollandıq. Kədin ortasından keçən Şəlvə çayının üstündəki körpüyə çatanda Müsa müəllim dedi ki, gəlin, geri qayıdaq, mən sizə inandım…
…Səhəri gün Musa müəllim məktəb kollektivinə bildirdi ki, bir anlaşılmazlıq olub, məsələ həll olundu. Buna baxmayaraq, yenə mənim narahatlığım davam edirdi. Çünki oğurlanan əşyalar ortada yox idi, oğru da tapılmadı. Çoxlarının nəzərində suç yenə də mənim üzərimdə qalırdı. Bu minvalla məktəblilərin yay tətili gəlib çatdı. Biz də məktəbdəki işlərimizi yekunlaşdırıb rayona yollandıq…
***
…Növbəti yeni dərs ili başlayanda Daşlıya qayıdıb başqa bir evdə tək qalamaq qərarına gəldim. Məktəbin qonşuluğunda yaşayan Arif dayının ikimərtəbəli evinin birinci mərtbəsindəki otaqlardan birində qalmalı oldum. Kəndin insanlarını bir-birindən fərqləndirmək istəmirəm, hamısı səmimi, gözəl insanlar idi, Arif dayı da həmçinin…
Sonralar eşitdim ki, Arif dayının vaxtilə şagirdim olan oğlu Sulduz Tağıyev və Lətif müəllimin oğlu Elşad Həsənov Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalıblar. Onlara və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm!
…Yay tətili müddətində Musa müəllim ailə qurduğu üçün Daşlıya həyat yoldaşı ilə birlikdə gəlmişdi. Onlar Musa müəllimlə qaldığım evdə yaşamalı oldular…
Və… Və Musa müəllim budəfəki gəlişi ilə nə vaxtdan bəri daşlıların və məktəb kollektivinin ağlını dolaşdıran oğurluq hadisəsinə aydınlıq gətirən bir açıqlama verdi… Dedi ki, yay tətilində Yerevanda olarkən diplomatının içərisindən yoxa çıxan qolbağını Kərim müəllimin bir dostunun qolunda görüb. Sonra da araşdırıb öyrənib ki, qolbağını həmin adama Kərim verib…
Musa müəllim bütün bu olanlara görə məndən üzr istəsə də, artıq gec idi…
P.S. Yuxarıda qeyd etdim ki, mən evin açarını Kamandar Eyvazlıgilə vermədim və birlikdə evə gedəndən sonra onun dəfələrlə təkidinə baxmayraq, otaqdan bayıra çıxmadım. Səbəbini heç kimə deməsəm də, sanki içimdə mənə qarşı oynanılan oyunu, oğurlanan əşyaları yatağımın altına qoyub məndən «oğru» yaratmaq niyyətlərini hiss etmişdim. Bu səbəbdən də nə açarı verdim, nə də otaqdan bayıra çıxdım…
Bax belə…
Heç vaxt unutmayacağım bu hadisəni oxucularımızla bölüşmək istədim…
Rəşad Məcid – yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru.
BAŞ BƏLAMIZA ÇEVRİLMİŞ AKTUALLIQ
və ya HƏMİŞƏYAŞIL MÖVZULAR:
Dindirir əsr bizi, – dinməyiriz, Açılan tоplara diksinməyiriz.
M.Ə. SABİR.
OXULAQ, BƏLALARDAN QURTULAQ
Əziz oxucu!
Tale elə gətirib ki, mən bu yazını çap olunandan təxminən bir il sonra Laçın rayonunun Qarıqışlaq kəndində oxumuşam. Qarıqışlaqda hər kəs Qaragöllə nəfəs alar, dədə-baba yurdumuza düşmənin göz dikməsi ilə kimsə barışmazdı. Necə ki, Laçın işğal olunduqdan sonra rayonun bütün əhalisi doğma dağlara qayıdacağına inamını bir gün də olsun itirmədi. Bu məqalədə haqqında söz açılan Çingiz Mehrəliyevi də yaxından tanıyırdım. Qaragöllə bağlı SSRİ kimi qüdrətli imperiyaya dava açan o mərd və yorulmaz ziyalı həm Bərdəyə gələndə yolunu bizdən salar, həm də biz Laçına, Qarıqışlağa gedəndə ailəmizə yüksək qonaqpərvərlik göstərərdi. Məcburi köçkün düşdükdən sonra da mərhumla bir neçə dəfə görüşmək fürsətim oldu. Üzərindən on illər keçdikdən sonra yazının müəllifi Rəşad Məcidlə də tanış oldum. Bir qədər geniş söhbət etmək imkanı olanda mütləq Qaragöldən, Çingiz Mehrəliyevdən, Gəloxçu elinin başqa bir mərd ziyalısı, 1992-ci ilin mayında Laçını tərk etməyərək şəhid olan İbiş Əsgərovdan danışardıq. Qaragöl ətrafında sərhədlərin demarkasiyası ilə bağlı yaranmış gərginlik bu yazını yenidən xatırlamağıma səbəb oldu və mətni əldə etdim. 1989-cu ildə qələmə alınmış və o dövrün nüfuzlu “Elm və həyat” jurnalında çap olunmuş bu yazı həqiqətən də Qaragöllə bağlı çox qiymətli araşdırmadır. Bu araşdırmada üzə çıxan ən önəmli faktlardan biri də budur ki, o dövrdə Ulu Öndər Heydər Əliyev cəmi ikicə ay öncə hakimiyyətə gəlmiş olsaydı, Azərbaycanın bu gün Qaragöldə demarkasiya aparmasına lüzum olmayacaqdı. Beləliklə, AzNews.az portalı olaraq Qaragöllə bağlı Rəşad Məcidin unudulmaz, aktual və konkret faktlarla zəngin məqaləsini diqqətinizə təqdim edirik.
Taleh Şahsuvarlı, baş redaktor
***
“Min cür nemətlərlə zəngin olan cənnət Azərbaycan torpağı!” Uzun illər dəbdəbəli kəlmələr torpağımız haqqında yazılan cild-cild əsərlərdən, romanlardan, poemalardan, şeirlərdən düşməyib. Uzun illər bu Vətəni qarşımıza qoyub eninə-uzununa tərifləmişik. Amma bu gözəlliyə, bu nemətlərə qəsd ediləndə, cənnət torpağımız tikə-tikə, parça-parça kəsilib “qonşulara” veriləndə səsimiz çıxmayıb, çıxıbsa da, tezcə ağzımıza daş basılıb.
Cənnət Azərbaycan torpağında hüsnünə şeirlər qoşduğumuz göllər var – Göygöl, Maralgöl, Ağgöl və s. Bu göllərdən biri də Azərbaycan SSR-in Laçın rayonu ilə Ermənistan SSR-nin Gorus rayonu arasındakı sərhəddə yerləşən Qaragöldür.
İndiki sərhədlərimizdən uzaqda yerləşən qədim Göyçə Sevana döndüyü kimi, Qaragöl də yavaş-yavaş özünə təzə ad “qazanmaqda” – “Sevlic”ə dönməkdədir. Dönməkdədir yox, Azərbaycan xalqının “fərasətli” oğullarının köməkliyi sayəsində artıq çevrilibdir.
Yaman mürgüləmişik. Qulağımızın dibində top atılıb, oyanmamışıq. Hələ deyəsən, indi-indi mürgüdən qalxırıq, oyanırıq, top səsini, mərmi səsini eşidirik! Daha doğrusu, torpağımızın daha bir cənnət guşəsinin – ürəyimizin başı Dağlıq Qarabağın Artsağa “çevriləcəyini” eşidib ayılırıq və mətbuatımızda 1969-cu ildə Azərbaycan SSR-dən kəsilib Ermənistana verilən torpaqların, meşələrin, kəndlərin, o cümlədən, Qaragölün taleyi barədə söz deyirik, hay salırıq.
… Qaragöl haqqında bu yazımla əlaqədar Laçın rayonunda olarkən qəribəydi ki, mənə Qaragölün dərdiylə bilavasitə haçansa məşğul olmuş hansısa bir təşkilatın sənədləri ilə deyil, Qarıqışlaq kənd orta məktəbinin müəllimi Çingiz Mehrəliyevlə görüşməyi tövsiyə etdilər.
Laçın Rayon Partiya Komitəsinin binasında təsadüfən tanış olduğum Çingiz müəllim, sən demə, elə Qaragöllə bağlı yenə birinci katiblə görüşmək arzusundaymış. Niyyətimi bildirən kimi Çingiz müəllim qoltuğundakı qovluqları göstərdi, sanki sinəsindən alov püskürürdü, yanıqlı-yanıqlı danışırdı. Yox, sızıldayırdı. Deyəsən, yaxşı tapışmışdıq…
Bu adam – istedadlı müəllim, kənd ağsaqqalı saçlarını Qaragölün taleyi uğrunda ağardıbdı. İyirmi ildən artıqdır ki, Laçın rayonunun və respublikanın əlaqədar təşkilatlarının qapısına ayaq döyür, həyəcan təbili vurur, di gəl ki, nə səsinə səs verən var, nə sözünü eşidən. Qaragöl yaylağının günü-güzəranı da qarala-qarala gedir. İyirmi il ərzində Çingiz müəllimin təşəbbüsü, kənd camaatının köməkliyi ilə respublikanın, ölkənin bu məsələ ilə az da olsa əlaqəsi olan təşkilatlarına 500-ə yaxın ərizə, məktub, onlarca teleqram göndərilib. Təsəvvür edirsinizmi, 500-ə yaxın!.. Çingiz müəllimin evində üst-üstə qalaqlanmış çoxlu qovluqlarda Qaragöllə bağlı qiymətli sənədlər, müxtəlif illərin xəritələri bu adamın narahat ömründən xəbər verir.
Çingiz müəllimin söhbətini dinlədikdə onun qoynunda yaşadığı bu uca dağlara bənzəyən qəddi-qaməti qarşısında, ağrıyla danışdığı həqiqətlər qarşısında əyilirəm, Qaragölün qara taleyində özümü və ümumən hamımızı günahkar sayıram. Və Çingiz müəllimin dəst-dəst yığılmış qovluqlarındakı sənədləri, topladığı xəritələri, bir də ömrü Qaragöl yaylağında keçən bu ağsaqqalın yaddaşındakı söz-söhbətləri bu yazı üçün ən etibarlı mənbə hesab edirəm.
ÖNCƏ BİR AZ YAXIN KEÇMİŞDƏN…
Böyük İşıqlı dağının ətəyində yerləşən Qaragöl və Qaragöl yay otlağı Gəloxçu tayfası adlanan doqquz para (Qarıqışlaq, Hacılar, Quşçu, Soyuqbulaq, Qılışlı, Mişni və s.) kəndin olub.
Yazağzı dədə-babalarımız bu yaylaqlara qalxar, bu otlaqlarda mal-qoyun saxlardılar. Qaragölün dupduru, tərtəmiz suyundan çay qoymaq, xəmir yoğurmaq üçün istifadə olunardı. Məscid adlanan yerdə camaat dini mərasimlər keçirər, yaylaqda ölənləri buradakı Qaraməmmədli, Qanlıca qəbiristanlıqlarında dəfn edərdilər.
Xalq Qaragölə həm də müqəddəs ibadətgah – pir kimi baxardı. Camaat payızda yaylaqdan köçəndə gölün sahilindəki böyük daşın (“Çıraq daşı” nəzərdə tutulur- red.) üzərində piltə yandırardılar. Qədim bir inamın işartısı gələn bu adət hələ yaxın illərə kimi qorunub saxlanırdı.
Bu yerlərin sakinləri ətraf dağların (Keçəl dağ, Böyük İşıqlı, Sarı dağ, Göy dağ, Dəmirdaş, Boz dağ) və otlaqların (Ayıdərəsi, Əyriqar, Qanlıca, Dəlijəli, Yolaşan) adlarını lap qədimdən öz dillərində adlandırmış, nəsildən-nəslə ötürmüşlər.
Sovet hakimiyyəti qurulduqdan sonra 1927-1929-cu illərdə Azərbaycan SSR və Ermənistan SSR arasında sərhəd xətti müəyyən olunmuş və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmişdir. Həmin sərhəd xəttinə əsasən, Qaragöl yay otlağı Azərbaycanın tərkibində qalmışdır. O illərdə nəşr olunan bütün xəritələrdə gölün və ərazinin Azərbaycan SSR-ə məxsusluğu açıq-aşkar görünür.
1928-ci ildə kolxoz quruluşu başlanandan sonra Qaragöl yaylağı Laçın rayonu üzrə 3 N-li yay otlağı kimi qeyd edilmiş və Qarıqışlaq kəndindəki Telman adına kolxozun istifadəsinə verilmişdir.
Azərbaycan SSR Nazirlər Sovetinin 3 may 1951-ci il 557 N- li qərarında da Laçın rayonunun inzibati ərazisində yerləşən Qaragöl yay otlaq sahəsinin Laçın rayonu təsərrüfatlarının istifadəsinə verildiyi bir daha göstərilir.
1960-cı illərə kimi Qaragöl yay otlağından Laçın rayonunun təsərrüfatları, Laçın camaatı əvvəlki kimi istifadə edib. 1960-cı illərdən isə yaylağa Ermənistan SSR Gorus rayonunun təsərrüfatlarının da ayağı açılmağa başlayıb. 1964-cü ildə həmin rayon Qaragölün sahilində böyük su-nasos stansiyası qurub və gölün suyunu insafsızcasına çəkib ətrafdakı erməni fermalarına, otlaqlarına vurmağa başlayıb. Bu nasos stansiyasının kimin razılığı ilə nəyə əsasən qurulduğu isə müəmma olaraq qalıb. Nasos stansiyası göldə suyun səviyyəsini aşağı salmaqla bərabər, həm də onu çirkləndirməyə başlayıb.
Bu özbaşınalığa əks tərəfdən elə bir ciddi müqavimət görməyən Gorus rayonunun rəhbərləri Qaragöldə balıq yetişdirmək fikrinə düşüblər. Qaragöldə yetişdirilən qiymətli balıq Gorus şəhərinin ərzaq mağazalarında geninə-boluna satılıbdı.
Laçın rayonunun, respublikanın əlaqədar təşkilatlarının mürgülədiyini görən Çingiz müəllim həmin dövrdən Qaragölü müdafiəyə qalxır, müxtəlif təşkilatlara məktublar, şikayətlər göndərməyə başlayır.
1968-ci ildə onun “Azərbaycan kommunisti” jurnalına göndərdiyi məktub jurnalın 1969-cu il 10-cu nömrəsində çap olunur:
“…Qaragölün taleyi təkcə Laçın rayonunun rəhbərlərini deyil, habelə respublikanın əlaqədar təşkilatlarını da narahat etməlidir. Qaragöl bütün ətraf təbiətin həyat mənbəyidir. Qaragöl yaylağında ətraf kəndlərin mal-qarası otarılır. Bu göl yaylaq əhalisi üçün misilsiz sərvətdir. Sevan gölündə suyun səviyyəsini qaldırmaq üçün milyon manatlarla vəsait xərcləyən ermənistanlı yoldaşlar nə üçünsə güclü nasoslarla Qaragölün suyunu sorur, onu tamamilə sıradan çıxarırlar. Bir müddət də belə davam etsə, Qaragöl quruyacaq, yaylaq isə öz təsərrüfat əhəmiyyətini itirəcəkdir. Nə qədər ki, gec deyil, bu barədə təsirli tədbirlər görülməlidir.
Məktubun işıq üzü görməsindən bir az əvvəl isə, sən demə, Qaragölün, eləcə də Qaragöl yay otlağının ən axar-baxarlı sahəsinin taleyi Azərbaycan və Ermənistan SSR Ali Soveti Rəyasət heyətlərinin 7 may 1969-cu il qərarı ilə gizlicə yüksək kabinetlərdə həll olunmuşdur.
Həmin bədnam qərarla ikitərəfli komissiyanın razılığı əsasında Azərbaycan əliaçıqlıq edərək Qaragöl ərazisindən xeyli torpağı kəsib Ermənistan SSR-ə vermişdir. Lakin bu “qərar” Azərbaycan xalqından xəbərsiz imzalanmış, xəyanətkar rəhbərlər xalqdan gizlin bu qərara razılıq vermişlər.
Bu gün aşkarlıq və demokratiya şəraitində Azərbaycan xalqının 7 may 1969-cu il qərarının səbəblərini, bu qərarı kimlərin və necə hazırladıqlarını, sərhəd xətlərinin çəkilməsində kimlərin iştirak etdiyini, ümumiyyətlə, bu qərarla bağlı bütün məsələlərin işıqlandırılmasını tələb etməyə tam haqqı var. Bu qaranlıq məqamlar aydınlaşdırılmasa, xalq bu satqın “əliaçıqları” tanımayacaqdır. Bunun isə keçmişdən daha çox bizim gələcəyimizə zərəri vardır.
1969-cu ilə kimi isə erməni “alimləri” bekar dayanmamış, həmin bədnam qərara “real zəminlər” hazırlayıbmışlar. Ən öncə Zaqafqaziya MİK-nin 1927-1929-cu il arxiv sənədləri, həmin illərin xəritələri yoxa çıxmışdır. Onu da deyim ki, hətta 1928-ci ildə tərtib edilmiş Laçın rayonu yay otlaqlarının pasportlaşdırma xəritəsi də yoxa çıxmışdır.
DƏMİRDAŞ, YOXSA KİÇİK İŞIQLI?
X.C.Zamanovun “Kiçik Qafqazın gölləri və anbarlarının su balansı” (Bakı, 1969) kitabından:
“…İşıqlı Qaragölü Həkəri çayının sağ qolu olan Ağoğlan çayının sağ qolu Xoznavarçayın mənbə hissəsi rayonunda, dəniz səviyyəsindən 2666 metr yüksəklikdə yerləşmişdir. İşıqlı Qaragölü Azərbaycan SSR-in dövlət sərhədindəki Böyük İşıqlı dağının (3552 m) şimal ətəyindədir. Qaragöl şimaldan Boz dağ və Göy dağla, şimal-qərbdən DƏMİRDAŞ və Kiçik İşıqlı dağı (3455 m) ilə, cənubdan Keçəl dağ, şərqdən isə alçaq Moren tirəsi ilə əhatə olunmuşdur”.
1969-cu ildə çap olunmuş bu kitabda Qaragölü əhatə edən dağların adı aydın şəkildə göstərilir. Zaqafqaziya MİK-nin 1927-1929-cu illərə aid sənədlərində sərhəd xəttinin Böyük İşıqlı və Kiçik İşıqlı dağlarından keçdiyi qeyd edilib.
Erməni alimlərinin “ustalığı” və belə işlərdə “yüksək təcrübəsinin” nəticəsi olaraq 1942-ci ildən sonrakı xəritələrində Kiçik İşıqlı dağı Dəmirdaşın “yerinə köçür”, Dəmirdaş isə “yoxa çıxır”.
Çingiz müəllim 1985-ci ilin noyabr ayında hər iki respublikanın qarşılıqlı komissiyası Qaragöl ərazisində olarkən Azərbaycan SSR-in 1:25000 miqyaslı 1942-ci il xəritəsində həmin düzəlişi öz gözü ilə gördüyündən ürək ağrısı ilə danışır.
Deməli, bu “düzəlişin” məqsədi aydındır. Belə ki, 1969-cu ildə təsdiq olunacaq xəritələrdə bu faktdan istifadə olunacaq, sərhəd xətti Kiçik İşıqlı əvəzinə Dəmirdaşdan keçəcək və 5-6 km-ə qədər Laçın rayonunun ərazisinə doğru çəkiləcəkdir. Beləliklə, Laçın rayonunun Qaragöl yay otlağının sahəsi təxminən 250 hektar azalacaq, gölün böyük hissəsi Ermənistan SSR-in ərazisində qalacaqdır.
SURƏTİN SURƏTİ
Başqa bir “real zəmin” isə müəmmalı bir protokolun surətinin surətinin tapılması (!) olacaq. SSRİ Dövlət Yer Quruluşuna Nəzarət İdarəsinin rəisi A.S.Zemtsevin Azərbaycan SSR Qarıqışlaq kənd sakini Ç.Mehrəliyevə 6 fevral 1987-ci il tarixli cavabından:
“Hörmətli Ç.Mehrəliyev yoldaş.
Sizin 22 dekabr 1986-cı il və 17 yanvar 1987-ci il tarixli məktublarınıza əsasən SSRİ Dövlət Yer Quruluşu və Xəritəçilik İdarəsinin arxivindəki materiallar öyrənilmişdir. Buna əsasən bildiririk:
1. SSRİ Dövlət Yer Quruluşu və Xəritəçilik İdarəsinin arxivində Zaqafqaziya MİK-nin sənədləri yoxdur…
2. Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin sərhəd xəritələrinin dəqiqləşdirilməsi ilə bağlı respublikalararası müşavirəsinin 05.03.1938-ci il tarixli protokolunun surətinin surəti (!) tapılmışdır. Protokolun 8-ci maddəsində deyilir: “Qaragöl Ermənistan SSR-ə məxsusdur”…
3. Dəmirdaş dağı ilə bağlı deyərdik ki, çap olunmuş müvafıq xəritələrdə həmin ərazidə belə dağ qeydə alınmayıb “..
Göründüyü kimi, A.S.Zemtsev çox bəxtəvərcəsinə protokolun surətinin surəti tapıldığını bildirir. Yəqin ki, oxuculara həmin varlığı və yoxluğu dəqiq məlum olmayan “protokolu” kimlərin imzaladığı maraqlı olar. Buyurun, tanış olun: İsaxanyan, Qalustyan, Çerekeşveli, Metreveli, Ağalarzadə, Akopocan, Karkaşadze, Matsknviç, Kotyuk, Tatulov, Komarovski və Qriqoryan.
Sizcə, Azərbaycan SSR tərəfindən həmin protokolun doğruluğunu kim təsdiq edib? Qəribə və ağrılı da olsa, deyək: Azərbaycan MİK-nin o illərdəki işlər müdiri Qadakçyan.
Həmin protokola əsasən 10.IV.1945-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətində respublika sərhədləri təsdiq edilmişdir. Təsdiq olunmuş xəritədə artıq Qaragöl Ermənistan SSR-in ərazisinə düşüb. Həmin xəritəni imzalayıblar: Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi Kübra xanım Fərəcova, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin məsləhətçisi M.Kələntərov və Azərbaycan SSR Baş Geodeziya və Xəritəçilik İdarəsinin əməkdaşı P.Savenko.
Təəssüf ki, 1969-cu ildəki qərarı və xəritələri imzalayanların kim olduğunu öyrənə bilmədik. Yəqin ki, illər ötəndən sonra həmin şəxslər də məlum olacaq.
Ancaq 1969-cu ildə Qaragölü, eləcə də respublikamızın başqa rayonlarından gizlicə verilmiş torpaqları qonşularımız tam zəbt edə bilmirlər, Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi seçilməsi buna mane olur.
Çingiz müəllim və başqa qeyrətli oğlanlarımız isə dayanmadan öz tələblərini, həyəcan dolu məktublarını müxtəlif təşkilatlara yollamaqda davam edirlər.
1973-cü ilin 29-30 avqustunda həmin məktub və şikayətlərin əsasında Qaragölə qarşılıqlı komissiya gəlir və 1927-1929-cu illərin sənədlərinə əsaslanaraq Qaragölün Azərbaycan SSR-ə məxsus olduğunu göstərir. Ancaq komissiya neçə illərdən bəri Ermənistan SSR-in gölün suyunu sorub qurtaran nasosunu yığışdırmaq əvəzinə, qərara alır ki, Azərbaycan SSR də bir nasos qursun. Bu isə gölün daha şiddətlə çirklənməsinə şərait yaradır.
Nəhayət, 1984-cü ildən sonra saxta tarixlər yer üzərinə köçürülməyə başlayır. “İzvestiya” qəzetinin 1986-cı il 29 yanvar nömrəsində Çingiz Mehrəliyevin “Dağlar gözəlinin taleyi” adlı məktubu çap olunur. Bu məktubda Qaragölün taleyi ilə bağlı məsələlərdən bəhs edilir. Hər iki respublika Nazirlər Sovetinin müavinlərinin cavabları və redaksiyanın fikri də həmin məktubla bərabər işıq üzü görür. Göstərilir ki, bu “dağlar gözəlini” gələcək nəsillərə qoruyub saxlamaq hamının borcudur.
Qəzetin işə qarışması təsirsiz qalmır. 1986-cı ilin 7 avqustunda hər iki respublikanın qarşılıqlı komissiyası Qaragöldə olur. Komissiya qərara alır ki, göldən su-nasos stansiyaları götürülsün, balıq yetişdirilməsi və tutulması qadağan olunsun, respublikalararası Qaragöl Dövlət qoruğu yaradılsın. Komissiyanın üzvləri Qaragöl ərazisində azərbaycanlıların Qara Məmmədli, Qanlıca qəbiristanlıqlarının erməni ekstremistləri tərəfindən vəhşicəsinə dağıdılmasının şahidi olur. Qeyd edək ki, bu cür hadisələr başqa sərhəd rayonlarımızm ərazisində də baş vermişdir. Amma heç kim bu barədə ağzını açıb bir kəlmə danışmamışdır.
Nəhayət, Azərbaycan SSR Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Soveti “Qaragöl” (“Sevlic”) dövlət qoruğunun yaradılması haqqında 17 noyabr 1987-ci il 408/717 nömrəli qərar qəbul edir.
Sahilin çəmənlik, axar-baxarlı hissəsi, gölün demək olar ki, 90 faizi Ermənistan SSR-in “Sevlic” qoruğuna tabe olur. Qaragölün cüzi hissəsində və daşlı-çınqıllı, ayaqdəyməz sahilində isə 1988-ci ilin yanvarın 1-dən “Qaragöl” qoruğu yaradılır.
RESPUBLİKALARARASI “QARAGÖL” DÖVLƏT QORUGU artıq iki ilə yaxındır ki, yaradılıb. Qoruğa yeddi nəfər işçi ştatı verilib. Qoruq yaradılarkən Bakı şəhərinin sakini, Azərbaycan Geodeziya İdarəsinin əməkdaşı Cəlal Nağıyev qoruğa direktor təyin olunur. Qaragölə olan “böyük məhəbbət” onu bura çəkib gətirir. Qoruqda elmi işlər üzrə direktor müavini ştatı isə hələ də boşdur. Qoruğun idarəsi göldən təxminən 50 kilometr aralıda, Laçın şəhərində, Meşə Təsərrüfatı İdarəsinin binasında bir otaqda yerləşir.
Qoruğun üç nəfər yegeri, yəni bilavasitə Qaragöldə işləyən adamlar 10-15 km aralı kəndlərin sakinləridir və çox zaman həftələrlə Qaragölə ayaq basmırlar. Heç gölün sahilində yegerlərin qalması üçün münasib bir tikili də yoxdur.
Qarşı tərəfdən Qaragölə geniş yol, işıq çəkildiyi, tikililər inşa edildiyi halda, qoruğun işçilərinin və Laçın rayonu əlaqədar təşkilatlarının Qaragölə belə münasibətinə ənənəvi etinasızlığın və laqeydliyin davamından başqa nə ad vermək olar? Bax, biz beləyik, qulağımızın dibində top atılır, ayılırıq və təzədən mürgüyə gedirik. Yaxşıca yığışaq, ağlaşaq, vəssalam…
“Elm və həyat”, 1989.
Müəllif: Rəşad MƏCİD Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru