Etiket arxivi: MƏHYƏDDİN MƏHƏRRƏMOĞLU

MƏHYƏDDİN MƏHƏRRƏMOĞLU – 80

MƏHYƏDDİN MƏHƏRRƏMOĞLU – 80

                      SÖZÜN-SƏNƏTİN YUBİLEY SEVİNCİ

     May ayının ilk günündəcə səksən ilin dizlərini qatlayıb, qamətini gənclik çağlarında olduğu kimi şux salamağı bacaran tanınmış şair Məhyəddin Məhərrəmoğlu, istedadlı olduğu qədər də sadə-səmimi, nikbin əhval-ruhiyyəli söz adamıdır. Həftə sonu AYB Mingəçevir bölməsinin xəttiylə keçirilən 80 illik yubileyində də şair öz mənəvi dəyərlərinə sadiq qaldığını bir daha nümayiş etdirdi.

 Səksən il qabaq Kəlbəcər rayonunun Bağlıpəyə kəndində dünyaya  göz açan şairin ömür yolu enişli-yoxuşlu olsa da, bir çox “cizgiləri” ilə əlamətdardır. Hələ erkən yaşlarında Kəlbəcər ellərini gəzib dolaşan sazın-sözün sehrinə düşüb. Orta məktəbdə oxuduğu illərdə söz aləmində ilk addımlarını atıb. Ağdabanlı şair Qurbanı, Dədə Şəmşiri, Qəmkeş Allahverdini, Ənvər Rzanı, Məmməd Aslanı, Adil Cəmili… oba-oba, oymaq-oymaq tanıdan sənət sevgisi onun da könlünü əfsunlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun (İndiki ADPU) filologiya fakültəsində oxuduğu illərdə yazdığı şeirlərlə həm müəllimlərin, həm də tələbə dostlarının diqqətini cəlb edib. Ali təhsilini başa vurduqdan sonra əvvəlcə Kəlbəcərin Ağdaban kəndində dil-ədəbiyyat müəllimi, 1968-1978-ci illər aralığında Şorbulaq kənd orta məktəbin direktoru vəzifəsində çalışıb. İlk gənclik illərindən etibarən Kəlbəcərdə çap olunan qəzetin nəzdindəki  ədəbi məclisin ən fəal üzvlərindən biri, sonra da bir müddət onun rəhbəri olub…

 1993-cü ilin aprel ayında tarixi düşmənlərimiz Kəlbəcəri işğal edəndə, məcburi köçkün kimi Mingəçevirdə müvəqqəti olaraq məskunlaşıb və burada yenicə fəaliyyətə başlayan –saylı Kəlbəcər rayon köçkün orta məktəbinə uzun illər boyu rəhbərlik edib. İstər həmin dövrlərdə yerli və mərkəzi qəzetlərdə, istərsə də müstəqillik illərində “Azərbaycan”, “Ulduz”, Mingəçevir leysanı”, “Bənövşə” jurnallarında, “Azərbaycan müəllimi”, “Mədəniyyət”, “Ədəbiyyat qəzeti”, “Ədalət”, “525-ci qəzet”, “Zaman”, “Yeni avaz”, “Səhifələr”… qəzetlərində və AYB-nin Mingəçevir bölməsinin xəttiylə nəşr ediən ədəbi almanaxlarda işıq üzü görən şeirləri oxucular tərəfindən maraqla qarşılanıb.

   2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinə  üzv olan şairin indiyə qədər “Ağlı-qaralı dünya”, “Dünya həmin dünyadır”, “Mürgülüyən qönçələr”, “Bir gecənin yuxusu” adlı şeir kitabları nəşr olunub. Ulu ata yurdu Kəlbəcərin düşmən tapdağı altında qaldığı illərdə şeirlərinin bir qismi düşmənə yönəlik nifrət hissiylə yoğrulsa da, əzəli torpaqlarımızın gec-tez azad ediləcəyinə ümidini heç vaxt itirməyib.  Elə onun yubiley məclisində də bu əlamətlər ayrı-ayrı şəxslərin dilində dönə-dönə vurğulandı.

MƏHYƏDDİN MƏHƏRRƏMOĞLU – 80

Qələm dostlarının, şəhər ictimaiyyəti nümayəndələri və həmyerlilərinin qatıldığı tədbiri AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə giriş sözüylə açaraq, yubiliyarın yaradıcılıq yollarını bir daha göz önündə canlandırdı.  Bölmə tərəfindən səmərəli ədəbi fəaliyyəti və 80 illik yubileyi münasibətiylə təltif edidiyi diplomu ona təqdim etdi. Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Rizvan Mikayıllı, “Ziyalı” jurnalının əməkdaşı Ənvər Durucalı, Mingəçevir Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru Mehman Rəsulov, gənc şairə Ayşən Rəsul, şairin qələm dostlarından Eyyub Cabbaroğlu, Bəhman Gülövşəli, Namiq Zaman, Rəşid Rəsulov, Ağabala Salahlı və başqaları çıxışlarında yubiliyarın yurd sevgisini, şəhid ucalığını, II Qarabağ Müharibəsinin xalqımıza bəxş etdiyi Zəfər sevincini, ülvi məhəbbət duyğuların və ana təbiətin gözəlliklərini əks etdirən ədəbi yaradıcılığına istinad edərək, ayrı-ayrı məqamlarda onun şeirlərindən nümunələr də söylədilər. Kəlbəcərli Aşıq Hikmət Həsənov yubiliyar şairin bir neçə şeirini saz havaları üstə ifası da hamını məmnun etdi. Məhyəddin müəllimin yaxın qohumu,-Mingəçevirin tanınmış ziyalılarından olan Vəli Quliyev şairə yönəlik diqqət və ehtiramı yüksək qiymətləndirərək, ürək sözlərini səmimi kəlmələrlə lfadə etdi.

    Yubiliyar şair Məhyəddin Məhərrəmoğlu isə yaradıcılığına yüksək dəyər verən məclis iştirakçılarına təşəkkürünü bildirdi və bir neçə yeni şeirini oxudu.

     Əzəli-əbədi yurd yerlərimiz düşmən tapdağından azad ediləndə: 

Ağacdan çox düşüb vədəsiz yarpaq, 

Şərəfdi Vətənin şəhidi olmaq. 

İgidin al qanı tökülən torpaq, 

Al-əlvan çiçəklər bitirəcəkdir. 

 -deyibən ürəkdən sevinən şair, Kəlbəcərdə yolunu gözləyən ata ocağına qayıdıb, ömrünün qalan hissəsini və ədəbi yaradıcılığını  bu ulu məkanda davam etdirmək arzusunu çıxışının sonunda bir daha vurğuladı. Ayrı-ayrı məqamlarda  çəkilən xatirə şəkilləri ilə və könülləri vəcdə gətirən ilıq kəlmələrlə sonuclanan yubiley məclisi ən şirin xatirələrdən biri kimi yaddaşlara həkk olundu.

         Müəllif: CABİR QƏDİMOV,

“Bənövşə” ədəbi dərgisinin bədii redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

CABİR QƏDİMOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru