Zaur Ustacın “Dağ” adlı yeni kitabı işıq üzü görüb. Birinci Qarabağ Müharibəsi Şəhidi mayor Quliyevin əziz xatirəsinə ithaf olunmuş sonet çələngindən ibarət olan kitab paralel olaraq ərəb qrafikalı əski əlifba ilə Azərbaycan dilində sonetlərdən və mayor Quliyevin fotolarından ibarətdir.
“El kitab çapı mərkəzi”ndə nəfis şəkildə nəşr olunmuş kitabın redaktorları Gülü xanım və Əli Aslani, rəssamı isə Natiq Nəcəfzadədir. Kitabın ənənəvi formada olan nüsxələri əsas kitabxana fondlarına hədiyyə olunmaqla yanaşı e-kitab şəklində müxtəlif müstəqil platformaların elektron kitabxanalarına yerləşdirilib. PDF:
DAĞ (Mayor Quliyevin əziz xatirəsinə həsr olunmuş sonet çələngi) I Qoqi dağlarının ətəklərində Bir körpə izi var quzusun gəzir. Qarın arxasınca zirvəyə doğru, Göbələk, ya çaşır, ruzisin gəzir… * * * Amansız müharibə cövlan edirdi, Bu körpə dünyaya gələn çağlarda. Əllər üzülmüşdü Qoca Tanrıdan, Tale yazılırdı “Cici” dağlarda. * * * Kövrək addımların atdı Küküdə, Arzu, istəyinə çatdı Küküdə; Qədim Naxçıvanda, Şahbuz elində. * * * Bir qismət loxmanı yedi halaldan, Yaradan qorudu hər cür zavaldan, Şükür saf qəlbində, təmiz dilində. II Şükür saf qəlbində, təmiz dilində, Çəmənlər, çiçəklər oxşadı ruhun. Böyüdü içində Yurda məhəbbət, Gəzdi zirvələrdə izini Nuhun. * * * Sağında Salvartı, solunda Buzqov, Gəzdi qarış-qarış bütün dağları. Heyranı olmuşdu o Batabatın, Bir başqa aləmdir Şahbuz bağları. * * * Təhnəsi, Çay düzü oylağı idi, “Cici yurd” zirvəsi yaylağı idi, Gördü Biçənəkdə çin-çin biçini. * * * Əyriqar, Sisqatar oylağı oldu, Dağdağan zirvəsi yaylağı oldu, Böyüdü bir barmaq çiynində çini. III Böyüdü bir barmaq çiynində çini, Qoqi qərib idi, Qanlı göl müdhiş. Hərdən yamaclarda fikrə dalırdı, Eynini açmırdı nəsə belə iş… * * * Hətta neçə kərə gedib dərinə, Gəlin qayasıyla durdu üz-üzə. Sordu Kolanın incə dərdini, Qoqidən Göyçəylə gəldi göz-gözə. * * * Gəzdi qarış-qarış eli, obanı, Əlindən qoymadı yerə yabanı, Heybəsi çiynində, kitab əlində. * * * Sevirdi müəllim, sevirdi şagird, Hamının gözündə qəhrəman, igid, Xətiri, hörməti doğma elində. IV Xətiri, hörməti doğma elində, Böyüdü, boy atdı dağlar qoynunda. Gəzdi başdan-başa aranı, dağı, Gördü necə dağlar ağlar qoynunda… * * * Yaş üstə yaş gəldi, olmuşdu ərgən, Hər sini bir yeni arzu gətirdi. Başında yüz fikir, özünə inam, Kamala yetişdi, təhsil bitirdi. * * * Ağıllı, kamallı, həssas ürəkli, Qəlbində çağlayan min bir diləkli, Bir cavan olmuşdu dağlarda qartək. * * * Bəlkə də saf idi min dəfə qardan, Zirehi var idi ismətdən, aradan, Böyüdü həyatda ər oğlu ərtək . V Böyüdü həyatda ər oğlu ərtək, Hələ körpəlikdən sevdi göy üzün. Ay, ulduz olmuşdu daim sirdaşı, Elindən yol aldı qürbətə uzun… * * * Bir göz qırpımında ötüşdü zaman, Dönmüşdü Yurduna çiynində ulduz. Gecələr göylərdə görərdi bir vaxt, İndi gecələyir çiynində ulduz… * * * Böyüdü günbəgün, məqam dəyişdi, Çıxdı bərkdən, boşdan yetişdi, bişdi, Bərkidi, yetkinlik sininə doldu. * * * Öz doğma Yurdunda yandırdı çıraq, Bütün dost-tanışa çatmışdı soraq, Dostuna, tanışa nümunə oldu. VI Dostuna, tanışa nümunə oldu, İşində böyüdü, olmuşdu ata. Xəyallar çin idi hələlik çin-çin, Kaş bütün cavanlar arzuya çata… * * * Yaradan açmışdı bütün yolları, Yurdunun dörd yanı güldü, çiçəkdi. Bütün xəyalları olmuşdu gerçək, Bağında gülləri ləçək-ləçəkdi… * * * Hərdən şairliyi gəlirdi qonaq, Mücərrəd sonluqdan verirdi soraq, Duymuşdu taleyi istəyirdi bac. * * * Bəzən nağıllar da olurmuş gerçək, Yolumuz hər zaman olmur gül-çicək, Həyat çox qəribə, yollar dolanbac. VII Həyat çox qəribə, yollar dolanbac, Hərləndi, fırlandı döndü lap başa. Yenə qarlı Qoqi, yenə Qanlı göl, Bəxtimiz bizimlə yeriyir qoşa. * * * Zaman axdı-axdı duruldu yenə. Arzuya gedən yol buruldu yenə. Uşaqlıq içində doğuldu yenə. Ruzisi dağlara qovuldu yenə… * * * Fəsillər gözünə çəkmişdi pərdə, Hürr Yurdu yenidən düşmüşdü dərdə, Yollar elə həmin dolanbac yoldu. * * * Örkənmi günahkar, yoxsa doğanaq? Yurdun səmasında hava boğanaq, İbrətli hekayə, nümunə boldu. VIII İbrətli hekayə, nümunə boldu, Həyat dediyimiz axar bir sudur. Bir yol gördüyünü bir də görməzsən, Əlbəttə ilk gözə görünən budur. * * * Əgər diqqət edib, buxarı görsək, Yagışı, dolusu, qarı var suyun. Milyon illər ötüb, keçsə də zaman, Bu qoca təbiət dəyişməz huyun. * * * Bu yerdə Bəhmənyar düşür yadıma, Onun fikirləri çatır dadıma, Tale hər il açan güldü elə bil. * * * Elə ki, doxsanlar gəldi yetişdi, Onun da yadına babası düşdü, Yenidən dünyaya gəldi elə bil. IX Yenidən dünyaya gəldi elə bil, Adın Novruzəli qoydular yenə. Bu ad babasından qalmışdı nişan, Yolunu saldılar o gedən yönə… * * * Nişansız babadan nişan qalan ad, Onu da götürdü o gedən yola. Bu yol elə yoldur varar mənzilə; Nə qədər dönsə də, gah sağa-sola… * * * Zaman dediyimiz su kimi lövhə, Şəffaf görünsə də, gizli min töhfə, Yaddaşda olanı unutmadı bil. * * * Getdi “baba yolun”, çünki, oğuldu, Duyanlar dəhşətə gəldi, boğuldu, Boğazlar qurudu, söz tutmadı dil. X Boğazlar qurudu, söz tutmadı dil, Ağıla gəlməyən, gələr başlara. Yenə izlər düşdü, torpağa, quma, Tarixsə, yazıldı qanlı daşlara… * * * Gərək enməyəydi, o dağdan düzə, Fəqət, bu iradə xaricindədir. Nə qədər “kaş” deyib, “gərək” söyləsək, “Qəza” da, “qədər” də məxrəcindədir. * * * Qızlar atasına oxşar həmişə, Oğul anasına (dayısına) bax sən gərdişə, Babalar əsasdır, ruhuna rəhmət. * * * Çox vaxt yuxuları tərsə yozuruq, Əzəldən cızılmış çevrə cızırıq, Ulu Bəhmənyarın ruhuna rəhmət. XI Ulu Bəhmənyarın ruhuna rəhmət, O düşüb talenin, bəxtin izinə. Onun çöhrəsinə gülüb həqiqət, Elm taqət verib onun dizinə… * * * Gözlə görünməyən ağır yükdür o, Əvvəldən bəllidir kim daşıyacaq. Bu yükün altına girən bilgələr Nə qədər bilgi var, hey yaşayacaq! * * * Ulu Bəhmənyarın tapdığı bu yol, Mənzilə aparır olsa da sağ-sol, Hər damla su belə, mənbəyə döndü. * * * O da çox dolandı yalı, yamacı, Çoxlu şirin gördü, nə qədər acı, Qartaltək uçduğu zirvəyə döndü. XII Qartaltək uçduğu zirvəyə döndü, Yenə də oylağı yalçın qayalar. Talenin, qismətin üzü bozdu, boz. Astarın örtsə də rəngli boyalar… * * * Bir körpə izi var, şehli çəməndə, Payız qırov gizlər, qışda soyuq qar. İllər ötüb keçir, zaman işində, Keçidlər bəzən gen, bəzən oyuq, dar… * * * Gəzib dolaşırıq göz məsti-xumar, Bəzən kələ-kötür, bəzən də hamar, Yollar həmən yoldu, yön də o yöndü. * * * Milyon iz içində bir iz seçilir, Bu iz həmin izdir, yön alıb gedir, Yenə həmin tərəf, elə o yöndü. XIII Yenə həmin tərəf, elə o yöndü, Atadan, babadan qalma daşlı yol. Qara maqnit kimi çəkir bizləri, İndi hünərin var, yaşa, özün ol! * * * O da çox dolandı, gəzdi dünyanı, Fəqət cızığından çıxmadı bir yol. Gecələr düşündü, gündüz yoxladı, Nəticə məlumdu, yox idi hürr yol! * * * Yol təkdir nə qədər olsa da uzun, Bu fikri min dəfə, yüz yerə yozun, Qəbuldur iradlar, qəbul məzəmmət… * * * Çaylar həmin çaydır, göllər həmin göl, Düzlər həmin düzdür, çöllər həmin çöl, Qoqi dağlarında həmin əzəmət. XIV Qoqi dağlarında həmin əzəmət, Zirvəsi dumanlı, örtüyü ağ qar. Həmin qoca qartal qıy vurur yenə, Bir az aşağıda bəhrəli bağ, bar… * * * Yamaclar yerini verir dərəyə, Düzdə şır-şır axır şırıltılı çay. Ətrafa qupquru sakitlik çöküb, Nə qədər çağırsan verən olmaz hay. * * * Lap dibdə bir kənd var, yolları daşlı, O kənddə bir ana gözləri yaşlı, Bir bala əlləri ətəklərində… * * * Arı vızıltısı, bülbül cəh-cəhi, Matah nübarların şirin bəh-bəhi; Qoqi dağlarının ətəklərində. XV Qoqi dağlarının ətəklərində, Şükür saf qəlbində, təmiz dilində, Böyüdü bir barmaq, çiynində çini, Xətiri, hörməti doğma elində. * * * Böyüdü həyatda ər oğlu ərtək, Dostuna, tanışa nümunə oldu. Həyat çox qəribə, yollar dolanbac, İbrətli hekayə, nümunə boldu. * * * Yenidən dünyaya gəldi elə bil, Boğazlar qurudu, söz tutmadı dil, Ulu Bəhmənyarın ruhuna rəhmət. * * * Qartaltək uçduğu zirvəyə döndü, Yenə həmin tərəf, elə o yöndü, Qoqi dağlarında həmin əzəmət… Son. 22-27.11.2022. Bakı.
Quliyev Novruzəli Quluş oğlu 1944-cü il iyulun 10-da Naxçıvan Muxtar Respublikanın Şahbuz rayonun Kükü kəndində anadan olub. 1951-1961-ci ildə Şahbuz rayonunda orta təhsil almiş, Sovet ordusu sıralarında qulluq etmişdir.
Novruzəli Quliyev Moskva şəhərində ali təhsil almiş, 1978-ildə doğma Vətəninə qayitmişdir. O, uzun müddət Sumqayıt şəhər hərbi komisarlığında çalışmış mayor rütbəsinə qədər yüksəlmişdir.
Vətənin üstünü qara buludlar alındığı görən təcrübəli hərbiçi 1994 – cuüil aprelin 16-da rəhbərlik etdiyi batalyonu ile birlikde Tərtər-Agdərə döyüş bölgəsinə göndərilmişdir. O, batalyon komandiri olaraq bir sıra əməliyyatlar həyata keçirərək, düşmənə agır zərbələr endirmişdir, mayor Quliyev 24 aprel 1994-cü ildə Soltanlı kəndi uğrunda gedən döyüşlərdə tabeliyinde olan əsgər ve zabitlərlə son nəfəsinə qədər döyüşmüşdür.
Qeyri-bərabəre döyüşlərdə dörd əsgəri ilə itkin düşmüşdü.