O, şirin yuxudaydı. İki il olardı ki, belə rahat yataqda yatmırdı. Orduya çağrılan gündən döyüşün, lap qaynar yerinə düşmüşdü. Hər an yan-yörəsində partlayan düşmən mərmilərinin uğultusundan, yeri-göyü lərzəyə gətirən ağır topların gurultusundan yuxusu ərşə çəkilmişdi. Bu gün isə, o, döyüş bölgəsindən uzaqda, doğma evlərində, anasının səliqə ilə hazırladığı yataqda rahatca yuxuya getmişdi. Kənardan baxan olsaydı düşünərdi ki, o, ömründə heç beləcə yatmamışdır.
Fəyazı yaxşı xidmətinə görə komandiri üç günlüyə məzunuyyətə buraxmışdı. O da, bu fürsətdən istifadə edərək, doğulub boya-başa çatdığı Qamışlığöl kəndinə, anasını görməyə gəlmişdi.
Oğlunun şirin-şirin yatdığını görən ana da, barmaqlarının ucunda ev-eşikdə gəzib-dolaşırdı ki, ciyərparasının yuxusunu qaçırtmasın. Arada da ürəyi ilə tablaşmayıb, balasının yatağına yaxınlaşar və bu iki ildə görmədiyi əsgər balasının sərtləşmiş, kişiləşmiş sir-sifətinə tamaşa edərdi.
Ana ehmalca davranırdı ki, oğlu yuxudan ayılmasın. Bilirdi ki, soyuq səngərdə, düşmənlə göz-gözə dayanan əsgərin yeməkdən çox şirin yuxuya ehtiyacı olur. Amma ana ürəyi narahat idi. Odur ki, oğlunun üstünə örtdüyü güllü yorğanı ehmalca qaldırdı. Oğlunun geniş sinəsinə, boyun-boğazına diqqətlə baxdı. Nə axtardığını heç özü də bilmirdi, amma baxırdı. Bir azdan dərindən nəfəs alıb xəfifcə gülümsədi və nəmlənmiş gözlərini yaylığının ucuyla qurulaya-qurulaya: – Şükür sənə, ilahi!.. – deyə pıçıldadı. O rahat olduğundan əyilib oğlunun alnından öpdü.
Bir azdan Fəyaz yatağında üzü üstə çöndü. Elə bu vaxt ananın gözləri onun kürəyindəki dərin yara yerinə zillənib qaldı. Güllə yarası idi. Ana titrək barmaqlarını yaraya toxundurdu. Sonra o, təlaş içində öz-özünə sual etdi: – Niyə görə Fəyaz bu barədə mənə bir söz deməyibdir? Axı, dünən onu çox sorğu-sual etdim. –Yox, bu yara elə-belə yaraya oxşamır. Olmaya, dilim-ağzım qurusun, – deyə ana pıçıldadı, olmaya oğlum düşmən qabağından qaçarkən vurulub?! Sonra nə fikirləşdisə: – Yox, ola bilməz, mənim oğlum düşmən qabağından qaçan oğullardan deyil!..- deyə o, öz-özünə toxtaqlıq verdi.
Əyilib dodaqlarını yavaşca yaraya toxundurdu. Hələ də tam sağalmamış yarasına isti nəfəsin toxunduğunu hiss edən Fəyaz gözlərini açdı və anasını başı üstə görcək yerindən dikəldi:
– Nədi, ay ana, niyə ağlayırsan? – soruşdu.
Ana gözlərinin yaşını yaylığının ucuyla qurulayaraq:
– Heç, ağrın ürəyimə, sənə baxırdım. … Bir də ki… – deyə ana sözünün ardını udaraq köks ötürdü və nəmli gözlərini oğlunun gözlərinin içinə dikdi.
– Nə olub sənə, ay ana? – deyə Fəyaz anasının əllərini ovcunun içinə alıb sığalladı.
– Sənə qurban, kürəyində güllə yarası gördüm, o nədir elə?
Fəyazın sifəti ciddiləşdi, o başını sinəsinə endirib dərindən ah çəkdi.
– Bilirsən, ana, o zəhrimara qalmış yara məni çox narahat edir. Doğrusu, utanıram. Elə gün olmasın ki, bu barədə fikirləşməyim. Kaş, o gün mən də döyüşçü dostlarım kimi həlak olaydım. O döyüşdən təkcə mən salamat çıxa bildim. Onda hər şey gözlənilmədən oldu. Düşmən bizi mühasirəyə alıb dördbiryandan üstümüzə güllələr yağdırırdı. Onlar bizdən qat-qat çox olsalar da, axıra kimi döyüşdük. Döyüşçü dostlarımın hamısı igidliklə həlak oldular. Mən də kürəyimdən yaralandım. Lənətə gəlmişlər, arxadan vurdular məni. Gözlərimi açanda, artıq özümü qospitalda gördüm. Kürəyimdən yaralandığımı biləndə, xəcalət çəkdim, özümü öldürmək istəyirdim, imkan vermədilər.
Firəngiz ana oğlunun boynunu qucaqlayıb onun gözlərindən öpdü. Ana qəlbi bir anlıq da olsa rahatlıq tapdı.
– Fəyaz, oğlum, allah xatirinə belə danışma, mənim səndən başqa kimim var? Ümidimi təkcə sənə bağlamışam, elə demə, qadan ürəyimə. Məyər səni tanımırlar, qəzetlər elə hey səndə yazır? Yadındadı, Ağdərədə gedən döyüşlər zamanı səndən verliş hazırlamışdılar. O, əsgər paltarı geyən qızın adı nə idi?! Bilirsən, o qız sənin igidliyindən necə də ağızdolusu danışırdı? Neçə nəfər düşmən əsgəri öldürməyindən, nə qədər tank vurmağından elə danışırdı ki… – Hə, bir də dedi ki, “səni evdə gözləyənin varmı?!” Sən də onun atmacasını başa düşmədiyindən, – “ hə, əlbəttə, anam gözləyir” – dedin. Qız sənin bu sözlərinə o qədər güldü ki… Xatırlayırsan?! Onda hamı mənə göz aydınlığı verib təbrik edirdilər. Deyirdilər ki, bəxtəvər başına oğlun qəhrəmandı e…
Hər ikisi, ana da, bala da bu söhbətdən sonra bir az rahatlıq tapdılar.
Bir neçə gündən sonra Fəyaz yenidən döyüş bölgəsinə qayıtdı. Vəziyyət bir az da çətinləşmişdi. Ölüm-itim xəbərlərinin ardınca kəndlərə, qəsəbələrə əsgər tabutları gəlməyə başladı. Ana gecə-gündüz Allaha yalvararaq, ona balasını qorumağı dua edirdi.
Belə günlərin birində, axşamüstü onların həyətində bir əsgər maşını dayandı. Sonra bir neçə maşın da həyətə girdi. Maşınlardan düşənlərin çoxu hərbiçi, qalanları isə mülki geyimli rayonun rəhbər işçiləri idilər. Onların arasından bir zabit ağır addımlarla yeriyərək anaya yaxınlaşdı və gücl eşidiləcək səslə:
– Ana, oğlun Fəyazı gətirmişik!- dedi. Sonra o, farağat vəziyyət alıb: – Fəyaz qəhrəmancasına…
Zabit sözünün ardını deyə bilməyib udqundu. Ətrafı ölü sükunət bürüdü. Elə bir səssizlik yarandı ki, bu səssizlik hamının canını üşütdü. Hamı özünü Fəyazın ölümündə günahkar bilərək başını aşağa salıb ananın qınayıcı baxışlarından yayınmaq istəyirdilər.
Zabitin pıçıltıyla dediyi sözlər ananın qulaqlarında bomba kimi partladı. Onun gözlərinə qaranlıq çökdü, hər yan bir anlıq qatı zülmətə büründü. Ana ayaqüstə dura bilməyib səndələdi.
Zabit cəld irəli yeriyib, onun qolundan tutdu və yavaşca yerə oturtdu. Ananın bədəni əsim-əsim əsirdi. Bir anın içindəcə yazıq arvad, canki yumağa dönmüşdü.
Səs-küyə qonşular axışıb gəldilər, həyətdə adam əlindən tərpənmək olmurdu.
Əsgərlər Fəyazın tabutunu maşından endirdilər. Ana tabutu görən kimi güclə yerindən qalxdı və titrək addımlarla oğlunun tabutuna yaxınlaşdı. O üzünü tabuta söykəyərək hönkürdü. Ananın hönkürtüsünə qonum-qonşular da qoşuldular. Birdən Firəngiz ana nə fikirləşdisə tabutun qapağını qaldırmağa çalışdı. Ətrafdakılar ona mane olmaq istədilər.
Ana fəryad çəkdi. Zabit irəli yeriyib adamları anadan araladı və tabutun qapağını götürüb kənara qoydu.
Ana titrəyən əllərini oğlunun bumbuz sifətinə toxundurdu, alnına dağılmış gur, qara saçlarını sığalladı. Birdən, gözləri oğlunun alnındakı güllə yarasına sataşdı. Güllə Fəyazın alnının ortasını dəlib keçərək, başının yan tərəfindən iri, qanlı şırım açmışdı.
Firəngiz ana əyilib oğlunun yaralı alnından öpdü. Sonra başını qaldırıb, üzünü həyətdə toplaşan adamlara tutaraq:
– Camaaat… Bir bura baxın!- dedi. Düz alnından dəyib e, güllə… Utanıb, vallah, balam utanıb başını yana əyməyə. Anası ölsün Fəyazın, keçən dəfə güllə kürəyindən dəymişdi, elə xəcalət çəkirdi ki…
… Gecənin qaranlığında, boynumun ardına dəyən avtomat qundağının zərbəsindən səndələyib, ağzıüstə yerə yıxılanda ölümün, artıq, bir addımlığında olduğunu zənn edərək taleyimə acıdım. – Demək mənimki bura qədərmiş! – düşündüm. Bəlkə, yenə də nə haqdasa fikirləşəcəkdim, ancaq böyürümə dəyən təpik zərbələrindən içim elə silkələndi ki, sancıdan az qala nəfəsim kəsiləcəkdi. Əllərimlə sifətimi qapatmışdım ki, vurulan zərbələr baş-gözümə dəyib, dağıtmasın.
Əsir düşdüyümü yəqin bildiyimdən, içimi qorxu hissi bürüdü. Elə bu an acılacaq atəşin səsini eşitmək xofu altında, ötəri də olsa gözucu ətrafa nəzər saldım. Burnumun lap ucunda ağappaq, qarın üzərində qaralan bircüt əsgər çəkmələri gözümə dəydi. Uzandığım yerdəcə üzüyuxarı dartınıb, başımın üstündə duran adamın sifətini görməyə çalışdım.
Qar işığında boz-bulanıq şəkildə əlində avtomat tutmuş əsgəri görəndə, tam yəqin etdim ki, artıq, mənim işim bitmişdir. Qorxmağın xeyiri yox idi, onsuz da güllələyəcəkdilər, – fikirləşdim.
Başımın üstündə dayanan əsgər, əvvəl ermənicə, sonra da ləng tərpəndiyimi görüb, rusca: – “Qalx ayağa!” – əmri verdi.
Yerə dirsəklənib zorla da olsa ayağa qalxdım. Boynumun ardındakı küt ağrıdan başqa, bədənimin heç bir yerində əyir-əskik yox idi. Bayaq böyürümə dəyən təpik zərbələrinin ağrısı da, ötüb keçmişdi.
Qarşısında dayandığım düşmən əsgərinin acıqlı sifəti, ay işığında apaydınca görünürdü. Əsgər mənim ayağa qalxdığımı görüb, bir-iki addım geri çəkildi və avtomatının lüləsini üzümə tuşlayaraq: – “Əllərini boynunun ardına qoy!..” – deyə bağırdı.
Əllərimi boynumun ardında daraqladım. O, tək idi. Ətrafda da səs-səmir eşidilmirdi. Necə oldu ki, mən əsir düşdüm? Yəqin, bu erməni əsgəri kəşfiyyatçıdır? – düşündüm. Çünki kəşfiyyatçıların işi günlərlə künc-bucaqda dayanıb, hörümçək kimi səssiz-səmirsiz, öz “ovunu” gözləməkdir.
Əslinə qalsa, mən də kəşfiyyata göndərilmişdim. Ancaq görünür sayıqsızlığım başıma bu oyunu açdı. – İndi nə edim? – düşündüm. Əgər bu oğlan təkdirsə məni əsir alıb aparmaq, ona o qədər də asan başa gəlməyəcəkdi. Çünki yanımda o çox cılız görünürdü. Bir dəqiqənin içində onu şil-küt eləmək mənim üçün çətin olmayacaqdı. Üç illik cəbhə həyatı məni çox zülmlərlə qarşı-qarşıya qoymuşdu. Bir neçə dəfə ağır yaralansam da, kəfəni cırıb çıxmışdım.
Ətrafa gözucu nəzər saldım, hər tərəf sakitlik idi. Əgər bu cavan oğlanın ağlından məni güllələmək keçirdisə, yəqin ki, elə indilərdə avtomatın tətiyini çəkib, sinəmı dəlmədeşik edəcəkdir, – deyə düşündüm. Yox, məqsədi əsir aparmaqdısa, onda öz məharətimi ona göstərməliydim.
Dəqiqələr uzandıqca fikrimi bir yerə toplaya bilmirdim. Avtomat silahım da çoxdan erməni əsgərinin çiynindən asılmışdı. Ondan başqa üstümdə əlavə bir şey yox idi. – Eybi yoxdur, çəmləyib yalın əllə onun nəfəsini kəsərəm! – deyə öz-özümə təskinlik verdim.
Oğrun-oğrun ətrafa nəzər salmağım, əsgəri bir azca şübhələndirdi. O, mənim qaşacağımı, yaxud da, ona hücum edəcəyimi zənn etdiyindən, avtomatının lüləsini göyə tuşlayıb tətiyi çəkdi. Meşənin sakitliyi bir anın içindəcə pozuldu. Açılan güllələr başımızın üstünü çətirləmiş ağacların budaqlarını biçib, qarın üstünə tökdü. Onun niyə belə etdiyini başa düşməkdə çətinlik çəksəm də, hiss etdim ki, “dostum” qorxur.
Üstündən beşcə dəqiqə keçməmiş, yaxınlıqdan ağız-ağıza verib ulaşan atəş səsləri meşəyə qorxunc bir vahimə saldı. Hiss etdim ki, əsgər tək deyildir. Bayaq ürəyimdən keçirtdiyim xilas olmaq istəyim bir anın içindəcə silinib getdi. Elə bu an yaxınlıqdan qarma-qarışıq səslər eşidilməyə başladı. Düşmənlər idi, yaxınlıqdakı dərədən qalxırdılar. İndi anladım ki, bu sısqa erməni əsgərinin boynumun kökünə avtomat qundağını zollayıb, məni yerə yıxmasına cəsarət verən nə imiş?
Dörd nəfər idilər, məni dövrəyə aldılar. İçərilərindən uzundurazının biri lap burnumun ucunda dayanmışdı. Qəhrəmanlıq göstərməkdən söhbət gedə bilməzdi. Sakitcə dayanıb ölümümü gözləməkdən başqa əlimdən bir iş gəlmirdi. Onlar isə mənı öldürməyə tələsmirdilər. Yəqin ki, öldürməyəcəkdilər də…
Qarşıda dayanan erməni əsgəri rusca ana söyüşü söyərək, dirsəyi ilə ağzımın üstünə ilişdirdi. Zərbə güclü olsa da, birtəhər duruş gətirib yıxılmadım. Burnumdan axan isti qan, çənəmdən üzüaşağı süzülərək, don vurmuş qarın üzərinə damcılayırdı. Onlar dartıb əyinimdən pambıq gödəkçəmi çıxartdılar. Sonra da ayağımdakı çəkmələri tələb etdilər. Ayaqyalın, başaçıq soyuq qarın üzərində qalanda hiss etdim ki, bundan sonra müsibətlı günlərim başlayır.
Kiçik bir kəndə çatıb, mal tövləsinə salınınca, cəhənnəmin nə olduğunu yəqin ki, məndən yaxşı dərk edən olmazdı. Soyuqdan ayaqlarım şişib tuluğa dönmüşdü. Mənə elə gəlirdi ki, ayaqlarım hansısa iti bir alətə toxunan kimi qan fışqıracaqdır. Bədənim donmaq üzrə idi.
Onlar məni mal tövləsinə salanda, qollarımı arxadan möhkəm-möhkəm bağladılar. Yaxşı ki, tövlədə iki baş inək, bir baş da balaca buzov vardı. Qapı qıfıllananda bildim ki, gecəni bu dördayaqlı “dostlarımla” birilikdə keçirməli olacağam. Hər halda bunlarla “dil tapmaq” düşmənlərlə dil tapmaqdan çətin olmayacaqdı mənə, – düşündüm.
İçəri girən anda tövlənin ilıq, bir az da nəmqarışıq qoxulu havası canıma yayıldı. Bədənim sızıldamağa başladı, illahkı ayaqlarım. Ayaqlarımın ətini, elə bil sümükdən maqqaşla qoparıb ayırırdılar. Ayaqüstə zorla dayanırdım. Əslində, tövlənin divarına söykənib durmasaydım, çoxdan yıxılıb baş-gözümü əzəcəkdim. Uzun müddət belə də qalmaq olmazdı, çünki taqətim kəsilməkdəydi.
Yavaş-yavaş dizə çöküb tövlənin küncünə uzandım. Üzüm nəm və çirkab döşəməyə söykəndiyi üçün burnumu mal peyininin kəsif qoxusu qıcıqlandırdı. Gözlərim isə möhkəmcə göynəyirdi. Bədənim get-gedə istiləşdikcə ayaqlarımdakı sızıltı da çoxalırdı. Ayaqlarımı uzadıb, təzə mal peyininin altına soxdum, sızıltı bir azca kəsilən kimi oldu. Səhərə qədər o böyür, bu böyürü üstə aşaraq, ölümlə çənə-boğazda oldum. Gözümə bircə anlıq da olsun yuxu getmirdi. Saat neçə idi bilmirəm, tövlənin qapısı açıldı. Dünən məni buraya gətirən əsgərlərdən biri tövləyə girib, əvvəlcə məni o ki var təpiklədi. Yəqin sağ olub, olmamağımı yoxlamaq istəyirdi. Azacıq boyunumu döndərib başımı yuxarı qovzamağımdan, salamat olduğumu görən əsgər, qolumdan yapışaraq dartıb məni ayağa qaldırdı. Sonra itələyə-itələyə tövlədən çıxartdı. Eşiyə çıxan kimi, günəşin qarın üzərinə düşən parlaq şüası gözlərimi qamaşdırdı. Bir müddət heç nəyi görmədim. Arxadan, əsgərin məni dürtmələyərək, irəli getməyimi tələb etməsi olmasaydı, yəqin ki, əlimi qaşlarımın üstünə qoyub, gic toyuq kimi bir yerdə hələ xeyli fırlanacaqdım.
Gecə ayazlı-şaxtalı olduğundan, hava çox soyuq idi. Soyuqluğu parlayan günəşin al şəfəqləri də qızdıra bilmirdi.
Əsgər məni qabağına qatıb irəli getməyimi əmr etdi. Buz bağlamış qar cığırı yalın ayaqlarımı bıçaq kimi doğrayırdı. Qəfildən köz üstünə çıxmış adamlar kimi ufuldaya-ufuldaya yeriyirdim.
Kənd balaca idi. Evlər bir-birindən o qədər aralı tikilmişdi ki, ağ kağızın üzərinə səpələnmiş qara günəbaxan toxumuna bənzəyirdilər.
Üstündə düşmən bayrağı asılmış kiçik bir binanın qabağına çatıb dayandıq. Əsgərin içəri girib çıxması bir an oldu. O, qolumdan yapışıb məni otağa apardı.
Bayırdan gəldiyim üçün otağa girən kimi canıma xoş bir istilik yayıldı. Otağın bir küncünə odun peçi qoyulmuşdu. Peçin alt və böyür tərəfində təzəcə mişarlanıb, doğranmış yaş odun qalaqlanmışdı. Bir az aralıda pəncərənin qırağına qoyulmuş stolun arxasında, əyinində hərbi paltar olan bir erməni zabiti oturmuşdu. Geyimindən adi hərbiçilərə bənzəmirdi. Əyinindəki matros köynəyi, yaxasız kiteli və dimdiksiz əyri papağı, onun xüsusu təlim görmüş əsgərlər bölməsinə aid olduğunu göstərirdi. Bizdə belələrinə “desant” və yaxud da “adamyeyənlər” deyirdilər.
Məni erməni zabiti ilə üzbəüz oturtdular. Zabit oturduğu yerdəcə başını aşağı salaraq, nə iləsə qurdalanırdı. Hiss etmək olurdu ki, onun əlində oynatdığı tapançasıdır. Zənnim məni aldatmamışdı, bir azdan o, əlindəki tapançanı stolun üstünə qoyub, başını qaldırdı və düz gözlərimin içinə baxdı.
Mən onun sifətini görəndə diksindim. Bu, qarayanız erməni zabitinin suyu mənə o qədər şirin gəldi ki… Qonur gözləri, qalın, qara qaşları bir azca kobud sifəti və bu kobud sifətə yaraşan enli burunu eynən oğlum Kərəmi xatırlatdı mənə. İllah ki, burununun sol tərəfindəki xırdaca ət xalı… Onlar bir-birlərinə nə qədər oxşayırdılar. Ayrı-ayrı adamların bir-birlərinə bənzədiklərinin çox şahidi olmuşdum. Amma ağlıma gətirməzdim ki, düşmən olan iki millətin nümayəndəsi də bu qədər oxşar olsunlar.
Zabit məni sorğu-suala tutaraq, hansı hissədə döyüşdüyümü, mövqeylərimizdəki canlı və texniki qüvvələrin sayını öyrənmək istəyirdi. Əlbəttə ki, ona cavab verirdim, cavab verməmək mümkün deyildi. Amma istər əsgəri qüvvənin, istərsə də texnikanın sayını həddən artıq şişirdərək sayca çox deyirdim. Postumuzda iyirmi əsgər olduğu halda, mən onların sayını artıraraq, qırx nəfər olduğunu bildirirdim. Əlimizdə olan silahların sayını da ikiqat artırırdım.
Zabitin dodaqaltı gülümsəməsindən və birdən-birə qəzəblənərək, ayağa qalxıb tapançasının dəstəyi ilə başıma vurmasından anladım ki, bizim mövqeylər barədə onun dəqiq məlumatı vardır.
Qərərgahdan çıxanda mənə dabanları əzik və burnu qopub sıradan çıxmış, bir cüt əsgər çəkmələri verdilər. Bunlar azacıq da olsa, yalın ayaqlarımı buzdan, şaxtadan qoruyurdu.
Günorta vaxtı mənə iki ədəd kartof soyutması, bir əlcə boyat çörək və bir stəkan da soyuq su verdilər. Dünəndən ac olduğum üçün verilən ərzaqları acgözlülüklə yedim. Yemək qarnımın bir küncündə ilişib qaldı. Nə etməli, bunlara da şükür, – dedim.
Günbatanacan mənə odun doğratdırdılar, əllərimin içi suluq bağlamışdı. Taqətsizlikdən ayaq üstə zorla dayanırdım. Axşam yenə də məni həmin mal tövləsinə saldılar. Acımdan qarnım curuldayırdı. Tövlədə də nə vardı ki, inəkləri diri-diri yeməyəcəkdim ha… Eləcə, nəm tutmayan bir yerdə oturub fikrə dalmışdım. Fikirləşirdim ki, indi əsgər yoldaşlarım məni ölmüş bilirlər. Yəqin evimə də xəbər vermiş olardılar. Arvad-uşağımın halını gözlərimin önünə gətirəndə kövrəldim. Ha, fikir, xəyalla başımı qatmağa çalışsam da, gündüz gördüyüm o erməni zabitini bir an da olsun yaddaşımdan silə bilmirdim. – Onu harada görmüşəm? – düşünürdüm. Bu adam mənə çox tanış gəlirdi.
Tövlənin içində azacıq mürgqləmişdim ki, aclıq çanıma ləlöyün qurd kimi daraşdı. Mədəm elə sancırdı ki, əlimə daşdan yumuşaq nə keçsəydi yeməyə hazır idim, təki aclığım ötüb keçəydi.
Get-gedə vəziyyətim ağırlaşırdı. Tövlənin içində ora-bura sürünürdüm. Aclıq mənə o qədər təsir etmişdi ki, axtarırdım, əlimə heyvanların təzə peyinindən-zaddan bir şey keçsin, onu da basım yeyim.
Bu vaxt qəribə bir hadisə baş verdi. Tövlənin küncündə bağlanmış buzov dartınıb, ipdən açıldı və o, anasının altına cumub əmməyə başladı. Tövlənin pəncərəsindən düşən ay işığında, buzovun ağzının kənarlarında, getdikcə qabarıb köpüklənən ag südü görəndə acımdan udqundum. Bu mənim üçün gözlənilməz idi. Birtəhər dikəlib dizin-dizin süründüm. İnəyə çatıb, iri, uzun məməsinin birini ağzıma saldım və acgözlülüklə əmməyə başladım.
Süd ılıq və dadlıydı. Xoşbəxtlikdən inək çox fağır heyvandı, yerindən tərpənməyərək aradabir mənə baxıb mələyirdi. Dana ilə birlikdə şirin süddən doyunca içdik. Qarınqululuq edib qarnımı çiy süd ilə o ki var doldurmuşdum. Ürəyimin bulanmasından bunu hiss edirdim.
Çəkilib yenə də tövlənin küncünə öz yerimə gəldim və kürəyimi divara söykəyib mürgüləməyə başladım.
Səhərə yaxın qarnımın gurultusuna ayıldım. Çiy süd ola, nəm tövlə, elə bil, qarnımda bir bölük əsgər təbil çalırdı, aləm dəymişdi bir-birinə. Bir yandan qarnımın ağrısı, bir yandan da ürəyimin aramsız olaraq bulanması, məni haldan çıxarmışdı.
Səhəri dirigözlü açdım. Yaxşı ki, içdiyim çiy süd başıma əlavə oyunlar açmadı. Səhər açılandan sonra məni yenə də tövlədən çıxarıb apardılar. Axşamacan bu balaca kəndin bütün evlərinin həyətində eşşək kimi işlədim. Odun yarırdım, qar təmizləyirdim, tövlə kürüyürdüm, su daşıyırdım. Xülasə, kəndin nə ağır işi vardısa, mənə gördürürdülər.
Başımın üstündə də, ev yiyəsindən başqa əlisilahlı bir əsgər dayanırdı. İş görməyə başlayanda əllərimdəki qandalları açıb, ayaqlarıma uzun zəncir vururdılar ki, qaçıb eləməyim. Bu zəncirlərlə hərəkət etmək asan olsa da, uzağa getmək mümkün deyildi. Hər halda məqam gözləyirdim, düşünürdüm kİ, fürsət tapan kimi aradan çıxacağam.
Günorta vaxtları acından ölməyim deyə, mənə bir az supdan-zaddan verərdilər. Səhərdən axşama kimi dayanmadan işləyən adama, bu yaxantıya bənzər bulanıq kələm supu nə edəcəkdi ki?.. İşləyərkən gözlərim ev yiyəsinin əlində olardı. Düşünürdüm ki, bəlkə, insafa gəlib mənə bir qırıq çörək verdilər.
Axşamüstü məni yenə də həmin qərərgaha gətirdilər, o cavan erməni zabitinin yanına. Bu dəfə o, çox acıqlı görünürdü. Danışığından hiss edirdim ki, bərk əsəbləşibdir. Söhbət zamanı aydın oldu ki, keçən axşam bizimkilər onların bir əsgərini gəbərdiblər. Peçin ətrafında bir neçə adam da oturmuşdu. Onlar başlarını aşağı salıb öz dillərində nə isə danışırdılar. Məni görən kimi söhbətlərini yarımçıq kəsib, başlarını qaldırdılar. Sir-sifətlərindən acıqlı olduqları hiss olunurdu. Elə bu vaxt onlardan ən yekəpəri ayağa qalxıb, altındakı stulu mənə tərəf tolazladı. Başımı yana çəkməsəydim, atılan stul başıma dəyib dağıdacaqdı. Atdığı stulun yan keçdiyini görən həmin erməni, üstümə yeridi və mənə çatıb yumruqlarını işə saldı. Əli bağlı əsir ola, quduz düşmən ola, yumruqlar sir-sifətimə dəydikcə, beyinim sirkələnirdi. Sonra o, təpiklə qarnıma, böyürlərimə vurmağa başladı.
Zabit, səhv eləmirəmsə, onu Vova deyə cağırırdılar, – irəli yeriyib məni onun əlindən zorla aldı. Yekəpər arxaya baxa-baxa elə fısıldayırdı ki, elə bil dədəsini mən öz əllərimlə güllələmişdim.
Ağız-burnumdan qan axırdı. Döşəmənin üzərinə çilənmiş qan, burada sanki yekə bir heyvanın kəsildiyindən xəbər verirdi. Bir neçə günün içində onsuz da xeyli zəifləyib əldən düşmüşdüm. Bir yandan da aramsız olaraq döyülməyim, lap axırıma çıxmışdı. Beləcə davam etsəydi, yəqin ki, tezliklə nəfəsim kəsiləcəkdi.
Bir azdan onlar otağı tərk edib getdilər. Onlar gedəndən sonra, Vova deyilən zabit məni stulda oturtdu və pəncərənin şüşəsini taqqıldadaraq, həyətdəki əsgərlərdən birini otağa cağırdı. Əsgər içəri girəndə, zabit ona əmr etdi ki, otağa su və ləyən gətirsin. Əl-üzümün qanını yudum.
Soyuq su zədələnmiş sir-sifətimə dəydikcə, ətim ürpəşirdi. Zabit yenə də məni sorğu-suala tutdu. Cəbhəyə könüllü gəlmiş bir əsgər idim. Əslində o da, gözəl bilirdi ki, mənim çox şeydən xəbərim yoxdur. Diqqətlə onun üzünə baxırdım. Gözlərimiz bir nöqtədə toqquşanda, qəribə də olsa, elə bil, erməni zabiti utanıb gözlərini gözlərimdən qaçırtdı. Bilmirəm, bəlkə də, bu mənə elə gəlirdi. Arada da: – “Nə işdir, tanış gəlirəm sənə?!”- deyə soruşurdu.
İçimdən gələn hansısa bir hiss məni ürəkləndirdi:
– Hə, deyəsən səni haradasa görmüşəm, amma xatırlaya bilmirəm, – dedim.
O, gülümsəyərək, başını buladı:
– Harada görə bilərsən? – soruşdu – Bəlkə, yuxunda görmüsən?!
Hiss etdim ki, zabit məni dolayır.
Mən də söz altında qalmadım:
– Hə, düz deyirsən, ola bilsin ki, səni yuxumda görmüşəm, – dedim.
Sonra zabit soruşdu:
– Neçə yaşın var?
– Qirx! – deyə cavab verdim.
Zabit yerindəcə qurcalandı.
– Mənimsə iyirmibeş. – Görürsən? – dedi. – Yaşıd da deyilik ki, deyək, nə vaxtsa bir yerdə bazlığa-zada getmişik.
Onun bu atmacasına qarşı mən tam ciddi şəkildə:
– Sən mənim oğluma çox oxşayırsan, – dedim. – Elə bil tən yarıdan bölünmüş almasınız. Görsən, bunu özündə təsdiq edərsən. Amma o, səndən iki yaş kiçik olar, indi institutda oxuyur, – dedim.
Zabit əlini əlinə vurub qəh-qəhə çəkdi. Sonra nə fikirləşdisə, birdən-birə ciddiləşib dedi:
– Deyəsən, döyülməkdən ağlını itirmisən, ha?.. İndi təpənə bir güllə vuraram, ağlın gələr yerinə. Məni aparıb hər qor-qoduğa tay tutmağına bax bunun.
O möhkəmcə əsəbləşmişdi. Gözləyirdim ki, elə bu dəqiqə yumuruqlarını işə salıb ağız-burnumun qanını axıdacaqdır. Amma nədənsə, o, sakitcə dayanıb üzümə baxırdı.
Bir azdan əsgərlərdən biri gəlib məni bayıra çıxartdı. Hava qaralmışdı. Qar yağmasa da eşikdə bərk şaxta vardı. Yenidən məni gətirib ac-susuz həmin tövləyə saldılar. Tövləyə girən kimi gözlərimə işıq gəldi, çünki inəklər durada idilər. Bir-iki həftəni də beləcə başa vurdum. Gündüzlər dəvə kimi işləsəm də, gecənin düşməsini səbirsizliklə gözləyirdim. Gözləyirdim ki, tövləyə gedəcəyəm və şipşirin ilıq süddən doyunca içəcəyəm. İnək südü içməkdən sinəm də açılmışdı. Qarnım da, çiy südə öyrəşdiyinə görə daha gurultu salmırdı.
Vova deyilən erməni zabiti də bu kənddən idi. Varvara adlı anasıyla kəndin kənarındakı birmərtəbəli evdə olurdular. Bir neçə dəfə onların həyətində odun da doğramışdım.
Varvara həyətlərində işlədiyim erməni qadınlarına nisbətən, mənə qarşı qəddar deyildi. Hətta, günorta vaxtları üstümüzdə dayanan nəzarətçi əsgərin etirazlarına baxmayaraq, mənə isti yeməklər də verirdi. Mən onların həyətində işlədiyim vaxtlar, o qadın da, toxunma qalın yun şalını çiyinlərinə atıb, eyvandan oğrun-oğrun mənə baxardı.
Arada gözucu ona nəzər salardım. Belə vaxtlarda Varvara mənə göz vurub qımışardı. O, mənimlə həmyaşıd olardı. Onun mənə isti münasibət göstərməsi aramızı xeyli açmışdı. Nəzarətçi əsgər bir yerə gedəndə Varvara ilə söhbət də edirdik. Hiss edirdim ki, bu erməni qadını əməllibaşlı mənə vurulubdur. Hətta o, bir dəfə əsgərə bolluca araq verib, kefləndirdi və onu evə salıb yatırtdı. Sonra mənim qolumdan tutub həyətdəki balaca ərzaq anbarına apardı…
O gündən sonra onunla dostlaşdıq. Hiss edirdim ki, məni oğluna da tapşırıbdır, daha əvvəlki kimi məni incitmirdilər.
Başqa həyətlərdə işləməyə aparılanda Varvaradan uzaq düşürdüm. Amma bu çox çəkmirdi, bir də gördün günortadan sonra harda olsam məni tapıb onların həyətlərinə aparardılar. Bilirdim ki, bu onun işidir… Əvvəllər xırda-para işlər görsəm də, sonradan o fikirləşib mənimçün yaxşıca bir iş tapdı. Evin günbatan tərəfindən nə isə bir şey artırmalıydım. Bu iş də, bir-iki həftədən tez başa gəlməzdi.
Bir dəfə söhbət zamanı onun oğlununun mənim oğluma çox oxşadığını bildirdim. O, cavabında gülə-gülə dedi:
– Mamedcan, məssəb haqqı, əgər bir dəfə də olsun siz tərəflərdə olsaydım, deyərdim ki, Vova, doğurdan da sənin oğlundur. Amma mən heç vaxt o tərəflərdə olmamışam. Əslinə baxsan, – deyə Varvara, əlini əlinə vurub bərkdən güldü, – mənim heç yerli-dibli ərim də olmayıbdır, axı.
Doğrusu, onun bu sözlərindən bir şey anlamadığıma görə, çiyinlərimi çəkərək təəccüblə onun üzünə baxdım.
– Hə, Mamedcan, düzünü deyirəm, mən heç vaxt ərdə olmamışam. Biz mehmanxanalarda günümüzü keçirən həyat qadınları idik, hər gün bir kişinin qoynunda yatırdıq.
– Bəs onda, Vovanın atası kimdir? – soruşdum.
– Eh, mən nə bilim, canım. Allah bilir o kimin oğludur.
Məni heyrət bürüdü:
– Siz nə danışırsınız, – dedim, – ola bilməz ki, siz onun atasını tanımayasınız?.
– Deyirsən yəni, kişiləri qarışıq salmışam? – deyə o, güldü. – Yox, canım, mən doğru deyirəm, Vovanın kimin oğlu olduğunu, doğurdan da, bilmirəm. Məsələ tamam başqa cürdür…
Mənə elə gəldi ki, Varvara məni dolayır, ona görə də daha bir söz deməyib, işimlə məşğul olmağa başladım.
Varvara mənim incidiyimi görüb:
– Eh… Mamedcan niyə inciyirsən, mən ki, həqiqəti söyləyirəm. Doğurdan da, Vovanın atasının üzünü bircə dəfə də olsun görməmişəm. Vova süni mayalanmayla əmələ gələn uşaqdır… O vaxt bizi mehmanxanalardan, şəhərin künc-bucaqlarından yığıb-yığışdırdılar. Yüzə yaxın fahişə qızlardıq. Gecəykən bizi elə yerə gətirdilər ki, oranı birinci dəfəydi ki, görürdük. Qaldığımız yer xəstəxanaya daha çox oxşayırdı. Burada çoxlu sayda palata vardı. Bizi beş-beş olaraq palatalara yerləşdirdilər. Hamımız da, say-seçmə cavan, harın qızlar idik. Bir aya yaxın ciddi rejmdə tibbi-müayinədən keçdik. Barmaqlarımızın ucundan, ta başımızın tükünə kimi yoxlayırdılar. Gündə iki dəfə həkim müayinəsində olurduq. Yaxşı qulluğumuz tutulduğundan yeyib, yamanca qızışmışdıq. Ürəyimiz nə istəyirdi onu da verirdilər, bircə kişidən başqa. Kişi üzünə həsrət qalmışdıq. Zarafata salıb, qızlardan biri arada deyirdi: – “ Bəlkə, bu verdiklərinizi qotur və axsaq bir kişiylə əvəz edəsiniz. Bu daha yaxşı olmazmı?”
Bir aydan sonra xaricdən gəlmiş həkimlər süni yolla bizi mayalandırdılar. Əvvəlcə, heç nə başa düşmədik. Sonradan hər şey bizə aydın oldu. Sən demə, hardansa gətirilmiş kişi toxumlarıyla bizi mayalayıb, uşaq doğuzduracaqlarmışlar. Belə olanda qızlar yenə də dillərini dinc saxlamadılar: – “Görəsən kişilərə nə azar dəyib ki, onların işini bu vecsiz dəmir-dümürlər görürlər? Yoxsa onların kökü yerli-dibli kəsilibdir, xəbərimiz yoxdur?..”
Süni yolla mayalandıqdan sonra, bizə çox ciddi nəzarət olunurdu. Demək olar ki, hər birimizə ayrıca tibb bacısı qulluq edirdi. Bir aydan sonra həmin həkimlər yenidən peyda oldular. Bu dəfə işin nəticəsiylə maraqlanırdılar. Bir neçə qızı çıxmaq şərtiylə iş yaxşı alınmışdı, deyəsən.
Qəribə də olsa, mənim bəxtim yaman gətirmişdi. Bu işə nə vaxtdan başlamışdılar deyə bilmərəm, amma mən bu palatada süni yolla mayalanan mininci qadın olmuşdum. Ona görə də, mənə bahalı bir brliyant üzük hədiyyə etdilər. Təsəvvür edirsən, mənim bəxtim necə də gətirmişdi.
Vədə tamam olandan sonra, hərəmiz bir uşaq dünyaya gətirdik. Doğulanların çoxu oğlan uşağı idi. Mən də sən gördüyün Vovanı doğdum. Uşaqları həkimlərin nəzarəti altında özümüz əmizdirirdik. Gündə üç dəfə körpələri bizə verirdilər. – Bir düşünürsən, Mamedcan, mən ana olmuşdum uşaq doğmuşdum. Bu bir möcüzə idi. Lap gülməli vəziyyət yaranmışdı, təsəvvür edirsən, uşağı döşlərimə salanda yaman qıdığım tutardı, gülməkdən özümü zorla saxlayırdım. Uşaq isə zəli kimi sinəmə elə yapışırdı ki, onu canımdan qoparmağa qıymırdım. Ana olmaq gözəlmiş…
Vova qarayanız və şirin uşaq idi. Onu elə ilk gündən sevdim. Arada da, öz-özümə fikirləşırdim, düşünürdüm ki, ilahi, görəsən bu uşağın atası kimdir, hansı millətdəndir? Qızlar arasında söz gəzirdi ki, guya bu kişi toxumlarını Afrika ölkələrindən gətirirlər, oranın adamları dözümlü olurlar, – deyirdilər. Amma balaca Vovkam heç də zənciyə oxşamırdı, o şipşirin bir bala idi.
Uşaqlar bir yaşına qədər bizimlə qaldı. Sonradan onları ayırıb apardılar. Fikirləşdik ki, bəlkə bizi də buraxarlar, çıxıb gedərik işimizin dalısınca, lənətə gəlsin belə həyatı. Amma buraxmadılar, bir müddət keçəndən sonra, yenidən bizi həmin işə təhrik etdilər. Bax, mən Vovadan sonra iki oğlan da doğdum. Axırıncı uşağımı mənə göstərəndə, doğurdan da, az qaldım ki, dəli olum, o, qap-qara zənci balası idi. Qalın dodaqları, enli burnu, başının tükləri sıx bitmiş kol-kosa bənzəyən, kömür kimi qara olan bu uşağı qoynuma alanda, ətim ürpəşirdi. Amma nə edim, onu mən doğmuşdum, həm də bizi məcbur edirdilər ki, uşaqlara yaxşı baxaq. Bilirsən, bizi təəccübləndirən nə idi?! – deyə Varvara, qaşlarını çəkərək, söyləndi: – Biz doğduğumuz uşaqları nə vaxtsa başlayacaq müharıbəyə hazırlayırdılar..
Varvara danışdıqca içimdə qeyri-adi nəyinsə baş verdiyini hiss edirdim Elə bil, beynimi bürümüş duman selinin içində uzaqdan da olsa, közərən bir işıq gəlirdi xəyalıma. Neçə illər bundan qabaq həyatımda baş vermiş o hadisə düşürdü yadıma. Fikirləşirdim, doğurdanmı Vova mənim oğlumdur?!..
***
… Onda mən Bədəntərbiyyəsi institutunun axırıncı kursunda oxuyurdum. Uca boylu yaraşıqlı bir cavan idim. Bir dəfə təsadüfən yolum şəhərin kənar məhəllələrindən birinə düşmüşdü. Günorta vaxtı olduğundan yaxınlıqdakı kafeyə girib bir az qəlyanaltı etmək istədim. Xidmətçi, sarısaç, yaraşıqlı, gənc bir erməni qızı idi. Otağa daxil olan kimi o, diqqətlə məni süzdü. Sonra nə yeyəcəyimlə maraqlandı. Onun bu xoş nəvazişindən bir şey anlamadım. Əslində, bar və kafelərdə işləyən qadınların hamısı beləcə xoşqılıqlı olurlar.
Mən bir pors sosiskanı yeyib, üstündən də bir şüşə pivə içib getməyə hazırlaşırdım ki, həmin qadın mənim qoluma girib, yan otağa çəkdi və əllərini çiyinlərimə qoyaraq: – “Səndən yaman xoşum gəlir, axşam tərəfi vaxtın olsa, bir bu tərəfə baş çəkərsən. Səninlə bir saatlığa da olsa dünyanın dərd-qəmini unutmaq istəyirəm” – dedi. Və bayaq ona verdiyim yeməyin pulunu da ehmalca köynəyimin döş cibinə salıb, gülə-gülə: – “Xoşuma gəlsən axşamkı hesabından siləcəyəm!” – dedi.
Cavan idim, qadının bu nəvazişi sözsüz ki, mənə təsir etməyə bilməzdi. Axşamüstü mən həmin kafeyə gəldim. Qadın məni gözləyirdi. İçəri girən kimi yaxınlaşıb mehribanlıq göstərdi və mənə bir parç pivə gətirdi, sonra yemək tədarükü etdi. Hava qaralanda isə, kafeni bağlayıb, məni yan otağa apardı. Bir neçə dəfə onunla yaşadım… Axırıncı dəfə isə, o mənimlə “fransızsayağı” intim münasibətdə oldu və əlindəki xırda selefon paketi mənə göstərib dedi: – “Əzizim, unutma ki, bu sənin oğlundur… Biz səni həmişə xatırlayacayıq!..” – deyib, mənə bir göz də vurdu.
Onun bu hərəkətindən heç nə anlamadım, sadəcə olaraq, bunu bir fahişə qadının şıltaqlığı kimi qəbul etdim.
Sonradan bir də o tərəflərə ayaq basmadım. Amma idmançı dostlarımın söhbətlərindən hiss edirdim ki, onlar da bir neçə dəfə həmin sarışın qadının qonağı olublar…
***
O vaxtdan artıq iyirmi beş il ötmüşdü… Mən indi başa düşdüm ki, iyirmi beş il bundan qabaq, o, sarışın erməni qızının cüssəli gənclər sevdasına düşməsinin səbəbi nə imiş?..
Varvaradan soruşdum ki, bəs, o biri uşaqlarının taleyi necə oldu, onlar da bu kənddədirlərmi?!
O bildirdi kı, arada uşaqlarımla görüşürdüm, lap elə o zənci balamla da… – Əlbəttə ki, baş verənləri başqalarından gizlin saxlayırdılar, bu sirri ancaq özümüz bilirdik. – deyə qadın danışırdı.
Keçən il qara zənci balamı sizinkilər döyüş zamanı vurub öldürdülər. Hətta, meyidini də vermədilər. Sizin tərəf onun xaricdən muzdla alınmış bir döyüşçü olduğunu iddia edirdilər. Yox, o öldürülən zənci mənim qara balam Nikos idi. Gözləri qıyıq, boyu balaca bir oğlan uşağı da doğmuşdum. Onun taleyindən xəbərsizəm.
Vova isə mənim kimi, o da atası haqqında heç nə bilmir. Bircə, onu demişəm ki, atası çoxdan ölübdür.
Varvaranın danışdıqları mənim üçün bir yuxu kimi gəlirdi. Mən hər şeyi indi-indi anlayırdım və tam əmin idim ki, Vova mənim oğlumdur.
Varvaraya özüm barədə heç nə demədim. İndiyə qədər də fikirləşirəm ki, niyə mən ona bəzi şeyləri anlatmadım… Amma qarlı-şaxtalı bir fevral gecəsi, o, əsirlikdən qaçmağıma kömək edəndə başını sinəmə qoyub:
– Mamedcan, Vova sənə yaman çox oxşayır. Bəlkə… O, sözünün ardını deməyib, sadəcə olaraq gülümsədi.
Varvaradan ayrılanda:
– Çalış Vovanı da götürüb buralardan uzaqlaşıb gedəsiniz. Bu müharibə sizlik deyil, – dedim.
O, dediklərimi təsdiqləyəırək:
– Hə, mən də belə düşünürəm!.. – dedi.
Mən özümüzünkülər tərəfə keçdim.
… Bu hadisənin üstündən neçə illər keçməsinə baxmayaraq, bir fikir məni yaman narahat edir. Bu sualın cavamını indi də tapa bilmirəm… Biz kimlərlə vuruşuruq?!..
Özbək yazıçı-jurnalisti Farida Qoraqulovanın “Təkamül” hekayəsini Meyxoş Abdullahın tərcüməsində sizə təqdim edirik:
TƏKAMÜL
(hekayə)
Hər məni görəndə, nədənsə, sevincdən gözləri parıldayırdı. Bunu hiss etmək çətin deyildi. Çünki onun mavi gözləri, adətən, yaşlanmayan bir qüssə ilə dolu idi və üzünü həmişə naməlum bir kədər kölgsi çulğalayırdı. Geyimi də özü kimi qəribə idi və kiminsə köhnə paltarları olduğundan həmişə ona kiçik və ya böyük olardı.
Onların ailəsi hardansa kəndimizə gəlib, qəbiristanlığın yaxınlığındakı tərk edilmiş daxmada yaşayırdılar. Anası məktəbimizdə süpürgəçi işləyirdi. Atası isə kiminsə evini təmir edir, malına baxır və yaxud da bir başqası nə iş buyururdusa onu da edirdi.
Lakin ana ilə ata hər ikisi içki düşkünü idilər. Onlar hər gün içib sərxoş olar və qazandıqları pulu elə həmin gün xərcləyib qurtarıardılar.
Valideynlərinin bütün işlərinə o kömək edirdi. Yemək bişirib, paltar yuyar, hətta, küçədə sərxoş olub, yerdə uzanıb, qaldıqları vaxt üst-başlarını təmizləyib, qulluqlarını tutardı.
O, bizdən bir-iki yaş böyük olsa da, amma hamıya qayğı göstərirdi. Biz onun bu lütfkarlığına görə ona bir o qədər minnətdar idik.
Xüsusilə pambıq yığımında sahəyə gedəndə məktəbimizin ən gözəl qızları onun adını çəkirdilər. O, səmimiyyəti, zəhmətkeşliyinə görə kəndimizdə böyükdən kiçiyə hamının sevgisini qazanmışdı. Yalnız bircə mən onu görmək istəmirdim. Onun kədəri, sevinci qətiyyən məni maraqlandırmırdı.
Amma bir dəfə o mənim diqqətimi çəkdi, gözlərim ona dikildi. Oğrun nəzərlərlə ona baxdığımı görüb, sarı, qıvrım saçlarını çirkli əlləri ilə daradı və əyninə geydiyi yöndəmsiz paltarlarını tələsik düzəltməyə başladı. Onun bu halı mənim xoşuma gəlmədi, hətta, onun bu hərəkətindən incidim də.
Mən kişi xasiyyətli bir qızı idim. Ətrafımdakı yaraşıqlı oğlanlarla həmişə şən və zarafatcıl olmuşam. Onu görəndə isə çox ciddi olurdum və həmişə qəstdən qaşlarımı çatırdım. Aramızdakı yaş fərqi olduğu üçün, özümü ondan uzaq tutmağa çalışırdım. Son vaxtlar istər təsadüfən, istərsə də qəsdən yolda onunla tez-tez rastaşardım. Belə anlarda üzündəki solğun və günahkar təbəssümlə məndən: – “necəsən?” – deyə soruşardı.
Onun səsindəki sonsuz hüzn və naməlum sevincin ümidsizlik titrəişi, təkcə məni yox, hətta, soyuq lal daşları da biganə qoymazdı.
Uşaqlıqdan beynimdə kök salmış təkəbbürlük və lovğalıq hissi, ürəyimi sanki daşa, gözlərimi isə korluğa çevirmişdi. Belə anlarda ona heç salam verməz, üzümü çevirib onun yanından tələsik ötüb keçərdim. Elə bil vacib bir işim varmış kimi. “Onun məndən xoşu gəlir” – fikri heç ağlımdan da keçmirdi. Hətta, başqalarının belə nəticəyə gəlməsindən çəkinib, qorxurdum. Əslində, aramızdaki yaş fərqi düşündüyümüz qədər də böyük deyildi. İkimiz də gənc idik. Qəlbimiz kiminsə sevgisinə, məhəbbətinə həsrət qalmışdı. İkimiz də həyata ümidlə, inamla baxırdıq.
Bir gün onun valideynləri qəfil öldü. Eşitdim ki, sərxoş halda magistral yolu keçərkən onları maşın vurubdur. O, qəfildən həm atasını, həm də anasını itirdi və tamamilə tək qaldı. Bundan sonra o, uzun müddət kənddən yoxa çıxdı. Bəziləri onun başqa ölkəyə, çox uzaqlara getdiyini söyləyirdilər.
Bəziləri isə, onu şəhərdə gördüklərini, valideynləri kimi içkiyə qurşandığını bildirirdilər. Sonuncu dəfə onunla qışın şaxtalı bir axşamı rastlaşdıq. Bir ömür yaddaşıma həkk olunacaq bu görüş, həmişə ürəyimdə böyük ağrı mənbəyi olacaqdı.
O, uzun müddət, bəlkə də, bütün günü yağışda donmuş, soyuq, kədərdən bir az da üzgün halda yolumun üstə uzanmışdı. Onun bu halı içindəki ağrılı ruhunun təzahürü kimi üzə çıxmışdı. Məni görəndə kədərli gözləri həmişəki kimi sevincdən parlayırdı. Titrək addımlarla, sanki boğulan adam kimi mənə yaxınlaşdı. Çox asta, həm də yalvaracaqmış kimi dedi: – “Həyatda yeganə ümidim sənsən. Məni qoru! Qəlbimə bir az işıq ver!..”
O vaxtdan neçə illər keçdi. Öz ağrı və acılarımın yükü çox olduğundan, sanki həyat məni göydən yerə endirdi, bərk yıxıldım. Mən də onun kimi bu dünyanın ucsuz-bucaqsız səhrasında tək qaldım…
Onun gözləri kimi gözlərimə nə qədər kədər yığılırdısa, onu daha çox xatırlayır və ona daha çox oxşayıram.
Payızın yağışlı gecələri, xəzəllər səssizcə ayaqlar altında əziləndə, çılpaq ağacların üzünü yağış yuyanda, bütünlüklə ona tərəf dönüb, əllərimi göyə qaldırıb dua edirəm:
“Unutduğum göy üzü”ndəki qərib ruhlu şair Nazim Əhmədlini çoxdan tanıyıram. İlk tanışlığımızdan onun daxili aləmində gizlənən və adama sirr kimi görünən bir qəriblik hiss etdim. Uzun illər keçməsinə baxmayaraq, bu qəriblik hissi hələ də onun canını tərk etməyib. Nazimin içi, onun mənəvi dünyası zahirindəki çəkisindən – yəni maddi aləmindəki bütün varidatından çox-çox böyük və zəngindir. O, təmənnasızdır. Ummağı, kiməsə yarınmağı özünə dərd bilən insanlardandır. Xeyirxahlıq, saflıq bu insanın qanında, canında daima axan dağ çayı kimi çağlayır. Onun içi də, zahiri görkəmi də ulu şamanlarda olduğu kimi, ruh aləminin ənginliklərindən süzülüb gələn bir dua yağışına bənzəyir. Yaxşı insanlar bu dünyanın bütün pislikləri üçün həmişə özlərini günahkar bilirlər. Pis adamlar bircə şeyi anlamaq istəmirlər ki, onların dərdini, yükünü çəkən bu dünyada yaxşı insanlar yaşayır və o yaxşı insanlar onlara görə çox əzab çəkirlər. Nazim Əhmədli də belə insanlardan biridir. Dünyada baş verən bütün haqsızlıqların əzabını çəkən, edilən haqsızlıqlarda özünü günahkar bilən bir Tanrı bəndəsidir. tonqalı çat üstümə, dərdi oyat üstümə; günahı at üstümə, mənə günah adı qoy. Nazim Əhmədli sanki şeir yazmır, duyğu və istəklərinin, gördüklərinin şəklini çəkir. Onun şeirləri pıçıltıyla oxunan dualar kimidir, adamı öz sehrində saxlamağı bacarır. Şeirləri yığcam və axıcıdır, oxucunun gözünü, könlünü yormur. Şerlərinin məna yükü çox güclüdür, oxucunu bir müddət cazibə dairəsində saxlamağı bacarır. nə var ki, alın yazımda, fələklər kimin yasında; boz dağların arasında, küləklər məni sürüyür. Nazim Əhmədli təvazökar şairlərdəndir. Təmkinini, ağırlığını qoruyan ruh adamdır. İstedadına güvəndiyi üçün daxilən sakitdir. Onun özü yox, şeirləri qapı açır. Əsl yaradıcı insan belə olmalıdır. Hər gün tədbirlərdə, televiziya ekranlarında, redaksiyalarda görünməklə şan-şöhrət qazanmaq olmur. Əksinə, bəlkə də belə hallar yaradıcı adamın nüfuzuna təsir edir, onu xırdalayır. Nazim Əhmədli əsl ədəbiyyat adamıdır, onun üçün söz, düşüncə, yaradıcılıq hər şeydən üstündür. O, sözün ağrısını çəkməyi bacarır. ürəyinə qəm düşəndə, bircə misra kəm düşəndə; əlindən qələm düşəndə, şair şeirdən yıxılır. Nazim Əhmədlinin poeziyası kimi sevgisi də özünəməxsusdur. Onun vətən, torpaq sevgisi ilahi sevgidir. Nazim az sözlə böyük sevgisini və poetik düşüncələrini aydın, sərrast ifadə edən bir şairdir. ruhum əsir oldu, harda babam diksindi məzarda; ürcah oldum uzaq yurda, sevdim uzaq bir dənizi. Nazim Əhmədli sevgisində çox səmimidir. Onun səmimi etirafları düşündürücüdür. onsuz da bilirəm, səni, tanrı mənə yar eləməz: bir də onu bilirəm ki, səni mənsiz var eləməz. Ağrılı insanı anlamaq üçün onun çəkdiklərini yaşamaq lazımdır. Ümumiyyətlə, həyat belədir, kimisə başa salmaq üçün onunla öz dilində danışmaq lazımdır. Yoxsa özgə ölüsü adama yatmış göründüyü kimi, özgə ağrısı da başqasına adi görünəcək. Nazim Əhmədli sözü boşa xərcləmir, əksinə, dediyi sözlə həm əxlaqi, həm də dünyəvilik baxımından nə qədər yüksəkdə dayandığını göstərir. gəl səni ürəyimin, köynəyindən keçirim; bir az ürəyimdə qal gör mən nələr çəkirəm. Nazim Əhmədlinin yaradıcılığı və şəxsiyyəti haqqında çox yazmaq, çox danışmaq olar. Təbii ki, mənim yazdıqlarım, onun yaradıcılığına bir dost baxışı, şəxsiyyətinə hörmətin yığcam ifadəsidir. Həm də Nazim Əhmədlinin mənə hədiyyə etdiyi “Unutduğum göy üzü” kitabını oxuduqdan sonra içimdə yaranan oxucu məhəbbətinin təzahürüdür bu yazı. Əslində isə Nazim Əhmədlinin yaradıcılığı geniş təhlil və təbliğ olunmalıdır. Bu gün gənc nəslin Nazim Əhmədli yaradıcılığına çox böyük ehtiyacı vardır. Qələm dostum, dəyərli şairimiz Nazim Əhmədliyə yeni yaradıcılıq uğurları və bol-bol sevincli günlər arzulayıram.
«Yalnız bir xeyir var – bu da sevgidir» duyğusallığı, inancı ilə yaşayanlardandır qələm dostumuz Meyxoş Abdullah… Sevgini ruhun şəkli kimi qəbul edənlərdəndir. «Allahı insana, insanı Allaha çevirə bilən» bir sevgi yolçusudur.
Bu bəşəri duyğunu ilahi Sözlə cilalayır, onu ilahi Sözün qüdrətilə təzələyir, Sözü sevgiyə, sevgini Sözə büta verir, dünyanın nuru, işığı kimi qəbul edir. Onun üçün Söz, ilk növbədə, insanlığa, yaranışa və inkişafa xidmət vasitəsidir. Əbədi ünsiyyətə, yeni dünyaya aparan yol bilir bu aləmi. Bilir ki, «Söz inqilabi” gücə malikdir, insana narkoz kimi təsir edir, o, insanı həqiqətə qovuşdurur, bütün sirləri onun üzünə açır, keçici olanı əbədiləşdirir».
Ən əsası, Meyxoş Abdullah böyük həyat müstəvisində özünü tanıya, yerini-yurdunu, məqamını bilən bir qələm adamıdır. İç dünyasında hifz etdiyi ilkinliyə, gənclik romantikasına heç vaxt xəyanət etməyib. Sözü bəlli hər bir qələm adamı kimi o da bütün həyatı boyunca özünü yalqız hiss edir. Tərkidünyalığı sevir. «Şamanam, ruh adamıyam» qənaətincə yaşayır, ruhların varlığına inanır. Bir müsahibəsində qeyd etdiyi kimi, inanclıdır ki, dünyaya yazıçı kimi gəlib. İstəyir ki, hər bir soydaşı öz ədəbi qəhrəmanları kimi cəsur olsun. Bunu dönə-dönə arzulamışdı, müsahibələri boyunca izhar etmişdi və bu xüsusda istədiklərinə 44 günlük şanlı zəfər günlərimizdə şahidlik etdi. Qələbənin sevincini bir ömür boyunca yaşayacağının şükranlığına tapındı.
Meyxoş Abdullah bənzərsiz yaradıcılığı ilə, belə demək mümkünsə, şəhər ədəbi mühitini bölgə, bölgə ədəbi mühitini şəhərə yaxınlaşdıran, «bir qazanda qaynada» bilən söz adamları sırasındadır. O adamlar sırasında ki, bu silsilənin özülündə Musa Yaqub, ədəbiyyatşünas alim İmamverdi Əbilov ənənəsi dayanır. Mən hələ rəhmətlik Altay Məmmədovu, Bahadur Fərmanlı, ustad Qərib Mehdini demirəm. Ona görə ki, gəncəli həmkarlarımız haqlı olaraq bu ədəbi mühiti Bakı ədəbi həyatının bərabərhüquqlu camisi hesab edirlər. Gəncə həqiqətən bizim mənəviyyat paytaxtlarımızdan biridir. Ancaq nisbi şəkildə demək xoşdur ki, bu gün bölgə həyatımızın ədəbi-bədii odqoruyanları Asim Yadigar, Xanəli Kərimli, Barat Vüsal, İsmayıl İmanzadə, Şöhrət Qaraoğlu, Nüşabə Məmmədli Əsəd, Xəzangül, İnqilab İsaq, Aləmzar Əlizadə, Sahib İbrahimli, Ələsgər Əlioğlu, Şahnaz Şahin, Nübar Eldarqızı, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Zabil Pərviz, Bilal Alarlı, Faiq Hüseynbəyli silsiləsini şəkilləndirən imzalardan biri də Meyxoş Abdullahdır. Meyxoş Abdullah təkcə yaradıcılığı, təkcə ədəbi imkanları ilə yox, həm də şəxsiyyət bütövlüyü, ünsiyyət mükəmməlliyi ilə də yaşadığı bölgəyə xüsusi hörmət gətirən bir qələm sahibidi. Dost üzünə açıq olan bir şəxsiyyətdir. Yerə, görə, Tanrıya etiqadlı insandır. Dənizi xəyallarının gerçəyi hesab edir.
Təbii ki, bu qısa dost yazısında Meyxoş Abdullahnın geniş oxucu auditoriyası qazanan «Alagöz», «Qapısı gecə döyülən qadın», «Anakonda ovu», «Əsir qadın», «Didərgin ruhlar», «Şeytan gülüşü» və s. kitablarına daxil edilən əsərlər barəsində geniş şəkildə söz açmaq fikrindən uzağam. Bu kitabların bir çoxu haqqında özümün yazdığım və mətbuat səhifələrində dərc etdirdiyim məqalələr var. O məqalələri Meyxoş Abdullahnın yaradıcılığına, şəxsiyyətinə, şəxsi məziyyətlərinə dərin sayğı və maraq duyğuları ilə qələmə almışam. Haqqı çatan təqdiri etmişəm. Uzun müddət bölgədə yaşayıb-yaradan bir insan kimi, həmişə Meyxoş Abdullahı özümə bir köynək yaxın bilmişəm. İncik yerini özümünkü bilmişəm. Anlamışam. Eyni zamanda hədsiz sevinc yerim də olub ki, Meyxoş imzalar bolluğu içində itib-batanlardan olmadı. Əsərləri dünyanın bir çox dillərinə tərcümə edildi. «Alagöz» hekayəsi 2002-ci ildə AYB-nin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun milli-mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis etdiyi «Yaddaş» mükafatına layiq görüldü. Qusar Dövlət Dram Teatrında onun eyniadlı romanı əsasında Laləzar Hüseynova tərəfindən səhnələşdirilmiş «Əsir qadın» tamaşası səhnəyə qoyuldu. Bu əsər az keçməmiş Azərbaycan Kinematoqrafçılar İttifaqının da diqqətini çəkdi, Xocalı faciəsini əks etdirən film üçün maraqlı mətn olduğu gündəmə gəldi. Roman «Səsli kitab» seriyasından yenidən nəşr olundu. Eyni zamanda, yazıçının Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsər kimi mükafata layiq görülən «Alagöz» hekayəsi əsasında da film çəkiləcəyi, kinofestival üçün ekranlaşdırılan filmə rejissor Mariya İbrahimovanın quruluş verəcəyi söz konusu oldu. Təbii ki, bütün bunlar dost sevinc üçün çox böyük önəm daşıyır. Əyalət mühiti (artıq, bu, şərti mənada işlənən bir istiladı) nəfəsini Meyxoş Abdullahcasına dar çərçivədən böyük ədəbiyyat yoluna çıxarmaq, əlbəttə, təqdirəlayiq bir nəticədir.
Meyxoş Abdullah yaradıcılığı mənim üçün çox maraqlı, sirayətedici istinad mənbəyi, zəngin mövzudur. Müşahidə etdiyi hər bir predmetin zəngin iç dünyasına ustalıqla nüfuz edə bilməsi onun yaradıcılığının başlıca keyfiyyətlərindəndir. Müşahidə etdiyi aləmin gerçək obrazı və metoforası (eyni zamanda, inikası) M. Abdullahın mükəmməl xarakteri, həyata baxışı, bədii düşüncə gücü ilə cilalanır. Əsərləri ilə ilk tanışlıq anındaca əlbəəl hiss edirsən ki, müəllif, bütün həmkarları kimi, öz qüvvəsini insanın darıxmaq şissinə qarşı çevirib. Onun əsərləri oxucuya təskinlik, hüzur gətirir. Elə ilk frazadan anlayırsan ki, gələcəyini ədəbiyyatda görən bir söz adamının əsərini oxuyursan. Meyxoşun bir yazıçı kimi istinad etdiyi, ağlın və həyatın hərəkətverici qüvvəsi olan skeptisizm ilk növbədə həqiqətə xidmət edir, sənətə aparan yola yönəldir, nəhayət, qurtuluşa xidmət edir. Böyük rus şairi A.Blokun yaradıcı insan üçün başlıca şərt hesab etdiyi istedad və şəxsiyyət bütövlüyü M.Abdullahın yaşamında sözün həqiqi mənasında bir araya gəlib. Əsərlərinin başlıca motivi, qayəsi ümiddir. Və mən hər dəfə qələm dostumun ümidə, inama hesablanmış yeni yazılarını həvəslə oxuyub başa vuranda, yadıma dünyaşöhrətli ispan şairi Xuan Ramon Ximenesin aşağıdakı misraları düşür:
İşıqlı daş-qaşlar kimi
çıxarıram qəlbimin
qutusundan ümidimi.
Qızım kimi,
sevdiyim bir qadın kimi,
bacım kimi
sevə-sevə
qızılgüllər arasında gəzdirirəm.
Süzürəm onu uzun-uzun,
Sonra yenə gizlədirəm…
«Ümid nə yaxşıdır, ümidlə bitən məhəbbət qayıdır, sevgi qayıdır» (M.Araz) çoxbilmişliyi, müdrikliyi də var söz mülkümüzün. Bütün halı ilə Meyxoş Abdullahın yaradıcılığı oxucunu o gözəl, mutlu ümidin təskinedici şəfasına təslim edir. Yönəldir. Təlqin edir ki, hər şeydən öncə öz qəlbinin səsini dinlə, ümidli və inamlı ol, iç dünyadan gələn istək və arzulara qulaq as, «unutma ki, gözləyə bilənlər üçün hər şey öz vaxtında gəlir». Bir yazıçı, qələm adamı kimi, M.Abdullahın özü də bu düşüncənin, ümidlə yaşamağın, gələcəyə inamın barını dərənlərdəndir. Ədəbiyyat bilginləri İ.Buninin yaradıcılığını bütünlüklə öz zəmanəsi, habelə, xalqının taleyi, keçmişi və gələcəyi ilə canlı surətdə bağlı olmasına görə dəyərləndirirlər. Təbii ki, bu meyar qələm, söz adına iddialı olan hər bir yazıçı üçün qızıl qaydadır. Və M.Abdullahın yaradıcılığı da, mənim fikrimcə, ilk növbədə sözügedən dəyərlərə etinalı olması baxımından incələnməlidir.
Bu yazının lap əvvəlində qeyd etmişdim ki, təbii, qısa dost qutlamasında M.Abdullahın geniş oxucu auditoriyası qazanmış əsərləri barədə ətraflı bəhs etmək fikrində deyiləm. Ancaq «Dəli gülüş» və «Dəli Bəybala» adlı hekayələri var ki, bir oxucu olaraq şəxsən mən özümü o hekayələrin iç dünyasında hiss etmişəm. Elə bilmişəm bu hekayələr birbaşa mənim özümün həyat hekayələrimdir. O yerdə ki, «Dəli gülüş»ün Qəməri birdən-birə sazda ifa etdiyi «Ruhani»dən «Aran gözəlləməsi»nə keçir, bu məqamda anasıyla kiçik qızının qapı ağzında dayanıb, matı-mutu qurumuş halda ona baxdıqlarını görür, yuxudan qəfil ayılmış adam kimi diksinir və sazı çarpayının üstünə atıb dəli adamlar kimi qəhqəhə çəkib gülməyə başalyır – bax həmin məqam hər bir oxucunun həyatı boyu öz pünhan dünyasında hifz etdiyi daxili savaşı kimi gəlir gözləri önünə. Qəmərin bu dəli gülüşünü şəxsən özlərinin könüllərincə yaşaya bilmədikləri həyatın üzünə vurduqları tərs şillə kimi qəbul edir hər kəs.
Eləcə də, hər bir oxucu həyatın gözlənilməz bir anında Dəli Bəybalanın yerində olub, səkidən götürdüyü çaylaq daşını, qəzəb tuluğu Balaxanın arvadın şeytansifət qızını lağ yerinə çevirən məhlə uşaqlarının başına çırpa. Ya elə o biçarə, havalı oğlanın əvəzindən Balaxanım arvadın gözəlçəsi Qəmzənin yanına gələn kişilərin maşınlarının təkərləri altına nəsə bir şey qoyub partlada… Bütün halıyla hər bir oxucunun doğması, köhnə tanışı, içinin içidi Dəli Bəybala. Ona əzab verən nə varsa hər bir oxucu üçündür. Elə bil o boyda şəhər camaatının ağrısını təkcə Dəli Bəybəla yox, hər bir oxucu çəkir. Elə bil adamların hərcayiliyi təkcə Dəli Bəybalanın yox, hər bir oxucunun ürəyini partlama halına çatdırıb… Günlər ötdükcə şahidi olduğu hadisələrə tab gətirə biləmyən, bu səbəbdən az qala başına hava gələn Dəli Bəybalada hər oxucudan nəsə bir əlamət var. Meyxoş Abdullahın əsərləri, sözə, sözün gücünə dərin etinası ilə oxucuyla obraz arasında bu vacib doğmalığı, içbirliyini yaradan azsaylı yazıçılarımızdandır. Hər bir «dəli»nin doğru xəbəri Meyxoş üçün maraqlı süjetdi. Onun obrazları həyatın paradoksal yaşamından gəlir. Sevə bildiyi üçün sevilir. Sevdirə bilməksə yazıçının başlıca uğurudur.
… Murovda yerləşən mövqeylərimiz ətrafında güclü döyüşlər gedirdi. Düşmən, qoşunlarımız tərəfindən alınan yüksəklikləri yenidən geri qaytarmaq üçün bütün güclərini səfərbər etmişdi. Amma onların bu cəhdləri əbəs yerə idi. Çünki biz o yüksəkliklərdə, artıq möhkəmlənmişdik.
Dağın ətəyi əliçi kimi göründüyündən, biz düşmənin bütün hərəkətlərini izləyirdik. Onlar hər dəfə hücuma keçməyə cəhd göstərsələr də, böyük itki verərək geri çəkilirdilər.
Üçgünlük şiddətli döyüşlərdən sonra, bu gün səhərdən tam sakitlik hökm sürürdü. Qüvvələrinin dükəndiyini hiss edən düşmən tərəfi, bu məğlubiyyətləri ilə barışaraq oranı tərk edib getmişdilər.
Düşmənin məkrinə inanmasaq da, kəşfiyyatın verdiyi xəbərə görə, doğurdan da, səhərə yaxın onlar mövqeylərini tərk etmişdilər.
Bir azca rahat nəfəs almaq üçün fürsət yaranmışdı. Əsgərlərə növbə ilə istirahət etməyə izn verdim. Çox deyildik, cəmi 13 döyüşçüdən ibarət bir bölük idik. Bölüyün komandiri mən idim.
Neçə günün yorğunluğu öz işini görmüşdü. Yerdə qalın qar təbəqəsinin olmasına baxmayaraq, uşaqlar uzanan kimi yuxu onları apardı. Göydən lopa-lopa qar ələnirdi. Bizdən əvvəl burada olmuş düşmən əsgərləri, məğlub olduqlarını hiss etdiklərinə görə, mövqeylərini tərk edən zaman, bütün istehkamları dağıtmışdılar. Biz qayaların böyür-başında özümüzə sığnacaq tapmağa məcbur olmuşduq.
Üç əsgər bizdən bir qədər aralı, ayrı-ayrı yerlərdə keşik çəkirdilər. Qalan əsgərlər isə yatmışdılar. Mənim isə gözlərimə yuxu getmirdi. Elə bil dünyanın yuxusunu almışdım. Yorğunluqdan göz qapaqlarımdan, sanki ağır bir əşyanın asıldığını hiss etsəm də, yuxum ərşə çəkilmişdi, yata bilmirdim.
Gecə olmasına baxmayaraq, yağan ağappaq qarın işığında ətraf apaydınca görünürdü. Qar yağdıqca hava yavaş-yavaş soyuyudu. Əvvəlcə, ayaqlarımın, sonra da bədənimin üşüdüyünü hiss etdim. Çəkmələrimin içinə qarın dolduğunu bilirdim. Dabanlarımın və ayaq baş barmaqlarımın ətraflarının göynəməsindən hiss edirdim ki, ayaqlarıma doladığım dolaqlar islanmış və uzunmüddətdən bəri dəyişilmədiyindən, artıq, onlar yararsız hala düşmüşdü.
Sakitliyi fürsət bilib çantamı açdım və bir həftə bundan qabaq, hələ əvvəlki mövqeylərimizdə olarkən, bizə arxa cəbhədən göndərilmiş hədiyyələrdən mənə də pay düşən əşyalara bir də nəzər saldım.
O paylardan biri kitab idi. Birinci Qarabağ müharibəsində əsir düşmüş və üç il düşmən əsirliyində olmazın işgəncələri ilə üzləşmiş gənc bir qadının həyatından bəhs edən bir kitab.
Kitabı yarıya qədər oxumuşdum, çox dəhşətli mənzərələrlə rastlşmışdım. Heyf ki, onu tamamlamağa düşmən hücumu imkan vermədiyi üçün, kitabı çantama qoyub saxlamışdım. Ürəyimdən keçdi ki, onsuz da yuxum gəlmir, götürüm o kitabı oxuyum. Amma göydən yağan qar, həm də gecənin qaranlıq olması bunu mümükünsüz edirdi.
Kitabı oxumaq fikrindən vaz keşdim. Fikirləşdim ki, sabah açılar, əgər düşmən imkan versə onu oxuyub başa çatdıraram.
İkinci hədiyyə isə, bir cüt toxunma yun corab idi. Üşüyən olduğum üçün, göndərilən hədiyyələr içərisində yun corabları o dəqiqə qapançalamışdım. Dağın kəlləsində soyuğun tüğyan etdiyi bir vaxtda bu corablar mənə, elə bil, göydəndüşmə olmuşdu.
Ayaqlarım üşüdüyünə görə corabları geyinmək keçdi ağlımdan. Bu corabların eynisini, vaxtı ilə uşaq olanda babamın ayaqlarında görmüşdüm. Qış vaxtları babam bu corablardan geyinərdi.
Corabları çantamdan çıxartdım. Xoş bir iy burnumu qıcıqlandırdı. Elə bil yaxınlıqda yasəmən ağacı bitmişdi. Onun çiçəklərinin ətri anidən burnuma toxunurmuş kimi özümü hiss etdim.
Çəkmələri ayağımdan çıxartdım. Bayaqkı xoş iyin əksinə olaraq ayaqlarımdam elə pis qoxu gəldi ki, az qaldı ürəyim bulansın. Bir həftəyə yaxın olardı ki, əsgər çəkmələri ayağımdan çıxmırdı. Ayaqlarıma doladığım dolaqlar, sanki çəkmələrin içində çürümüşdü.
Yalın ayaqlarımı qarla yaxşıca ovuşdurdum ki, heç olmasa bu zəhlətökən iy bir azca çəkilib getsin. Sonra islanmış ayaqlarımı şalvarımın balaqlarına sürtüb quruladım.
Corabın bir tayını ayağıma geyinəndə ətim ürpəşdi. Yun corab o qədər yumuşaq və isti idi ki, adamım ürəyi qıdıqlanırdı.
Corabın ikinci tayını cantamdan çıxarıb geyinmək istəyəndə, bir kağız parçasının ayağıma toxunduğunu hiss etdim. Əlimi salıb o kağız parçasını çıxartdım. Kağız iki-üç yerə qatlanmışdı. Belə şeylərlə tanış idik. Adətən, hədiyyəni göndərən şəxslər məktub yazıb onu göndərdikləri əşyaların içinə qoyurdular.
Maraq mənə güc gəldi. Kağız parçasını açdım. Bir neçə sətirlik söz yazılmışdı. Kağızı gözlərimin qarşısına tutsam da, orada yazılanları oxumaqda çətinlik çəkdim. Həm, gecə olduğuna görə, həm də, yağan qarın təsirindən bu mümkünsüz idi.
Çox nigaran qaldım. Fikirləşdim ki, görəsən bu corabları göndərən kimdir və o burada nə yazıbdır? Adətən belə hədiyyələri gənc qızlar göndərdiyinə görə məktubu oxumağa marağım bir az da artmışdı.
Ayağımın üşüdüyünü hiss etdim. Sən demə, bayaqdan ayağımın biri qarın üstündə qaldığından, artıq, qırov bağlamışdı. Tez əlimdəki corabın o bir tayını da ayağıma keçirtdim. Sonra çəkmələrimi geyindim. Canım elə rahatlaşdı ki…
Məktubu gödəkçəmin cibinə qoydum ki, səhər oxuyaram.
Ayağa qalxıb keşikdə duran əsgərləri yoxladım. Onlardan biri ayaqüstəcə avtomatına söykənərək yatmışdı. Ehmalca onu oyatdım və gedib bir az istirahət etməsini tapşırdım. Özüm isə qayaların arasında var-gəl etməyə başladım.
Səhər artıq açılmışdı. Düşmənlər toplardan mövqeylərimizə atəş açırdılar. Pərakəndə şəkildə atılan toplar dərələrin boşluğuna düşərək güclü əks-sədə qoparırdı. Murov kimi əhəmiyyətli bir yüksəkliyin yenidən əlimizə keçməsi düşmənin belini qırmışdı. Quduz itlər kimi zəncirlərini gəmirirdilər. Hara gəldi toplardan atəş açır, bizə güclərini göstərməyə çalışırdılar. Günortaya yaxın top səsləri kəsildi. Yeni qüvvə gələnə kimi bizə oranı tərk etməmək əmri verilmişdi. Ona görə də, mövqeylərimizdə möhkəm dayanmışdıq.
Yadıma corabın içindən çıxatdığım kağız düşdü. Tez əlimi cibimə salıb, kağız parçasını çıxartdım və oxumağa başladım. Orada yazılmışdı: – “Əziz döyüşçü, bu corabları sənin üçün öz əllərimlə toxumuşam. Kim olduğunu bilmirəm. Bircə, onu bilirəm ki, sən vətən oğlusan, igid döyüşçüsən. Mən səni canımdan artıq sevirəm. Məni qoru, mən sənin namusunam!.. İmza Şəfəq… 19.10.2020-ci il”
Bu sözlər ildırım kimi beynimdə çaxaraq əks-səda doğurdu. Əllərim titrədi. Dərindən köks ötürdüm. Bu qız kim isə, bu sözləriylə insanın, elə bil, qeyrət damarını tutmuşdu. “Məni qoru, mən sənin namusunam…”
Yazını bir neçə dəfə oxudum. Hər oxuyanda da, içmdə düşmənə qarşı qəzəb, nifrət hissi oyanırdı.
Kağızın lap qırağında xırda rəqəmlərlə yazılmış bir telefon nömrəsi də vardı. “05526580…”
Tərslikdən kağızın qırağı qarda islandığına görə, telefon nömrəsinin axırıncı iki rəqəmi pozulmuşdu. Kağızı əlimdə nə qədər o yan-bu yana çevirsəm də, xeyiri olmadı, rəqəmləri oxumaq qeyri-mümkün idi. – Nə pis oldu! – düşündüm. Əgər, bu iki rəqəm silinməsəydi, bəlkə də, corabları toxuyan o qızı axtarıb tapardım. Çox qəribə və gülməli idi, həmin anda ürəyimdən keçdi ki, deyəsən, mən o qıza vurulmuşam… Ağlımdan keçən bu səfeh fikrə görə özümü qınadım: – Ay səfeh, hardan bilirsən ki, bu müharibədən sağ çıxacaqsan?
Telefon nömrəsinin silinməsi məni nə qədər narahat etsə də, ayaqlarımın belə bir soyuqda isti qalması, bir o qədər məni sevindirirdi.
Kağızı ehmalca qatlayıb boynumdan asdığım boş gilizin içinə yerləşdirdim ki, it-bata düşməsin. – Əgər bu müharibədən sağ çıxsam o qızı mütləq axtarıb tapacağam! – dedim.
Ayaqlarım sanki odun peçinin altına qoyulmuş kimi imistiydi.
Səhəri gün gecə vaxtı düşmən mövqeylərimizi yenə də güclü top atəşinə tutdu. Bu dəfə əclaflar yaman bic tərpənmişdilər, uzaqvuran toplardan atırdılar. Qayalar, daşlar top atəşindən parçalanıb başımıza ələnirdi.
Komandanlıq bizə mövqeylərimizi tərk etməmək, yerimizdə möhkəm dayanmaq əmri vermişdi. Duruş gətirmək çox çətin idi. Artıq, dörd əsgərimi itirmişdim.Vəziyyət olduqca gərginləşirdi. Bizi arxayın edirdilər ki, tezliklə düşmən topları susdurulacaqdır. Amma vaxt uzandıqca, təhlükə bir az da artırdı. Elə bu vaxt yaxınlığıma düşən top mərmisi məni havaya uçurtdu… Ondan sonra nə baş verdiyini bilmədim.
Ayılanda özümü çarpayıda hiss etdim. Yan-yörəmdə qarışıq səslər gəlirdi. Onların nə dediklərini başa düşə bilmirdim. Hər tərəf qapqaranlıq, zülmət içərisindəydi. – Mən haradayam, görəsən?! – deyə düşünürdüm.
Allaha yalvarırdım ki, bircə əsir düşməyim. Ölmək, əsir düşməkdən sərfəliydi mənə. Ağlım yerindəydi. Olub- keçənləri yaxşı xatırlayırdım. Hətta, yaxınlığımıza düşən topun gurultusu da qulaqlarımdan getməmişdi. Elə bil, başımın içində paravoz dayanmadan fit çalırdı. Sanki dünyanın səs-küyünü başımın içinə doldurmuşdular.
Bacardıqca danışıq səslərini dinləməyə çalışırdım. Deyəsən, özümüzünkülər idi. Kimsə mənim sağ qalıb, qalmamağımla maraqlanırdı. Kişi səsiydi, yanındakına göstəriş verirdi.
Əsir düşmədiyim üçün çox sevindim. – Bəs, onları niyə görmürəm? Yoxsa, top mərmisi məni bütünlüklə parça-parça etmişdir? – düşündüm.
Əllərimi qaldırmaq istədim. Qollarım möhkəmcə çarpayıya bağlandığı üçün, bu mümkün olmadı. Amma hiss etdim ki, əllərim yerindədir. Çünki, əl barmaqlarımı asanlıqla tərpədə bilirdim. Ayaqlarımdan qorxdum. Nədənsə, ürəyimə gəldi ki, ayaqlarımdan biri kəsilibdir, bəlkə də hər ikisi. Bərk qorxdum. – Aman tanrım, mənə kömək et! – deyə pıçıldadım.
Bir müddət ürək edib ayaqlarımı tərpədə bilmədim. Bir az keçəndən sonra özümdə cəsarət tapıb, əvvəlcə sağ ayağımı, sonra da sol ayağımı tərpətdim. Hər ikisi yerində idi, özü də sapsağlam.
Gözlərimimi açmaq istədim. Göz qapaqlarım dartılsa da, heç bir yeri görmürdüm. Sanki hər tərəf zülmət qaranlığa bürünmüşdü. Bir neçə dəfə gözlərimi qırpdım. Gözlərim möhkəmcə ağrıyırdı. Canımı dəhşət bürüdü, olmaya gözlərim kor olmuşdur? Bərkdən qışqırdım: – Burada kim var?! – Mən haradayam?!
Elə bu vaxt qoluma bir əl toxundu.
– Narahat olmayın, komandir. Siz qospitaldasınız. Yaralanmısınız! – deyə bir qız dilləndi.
– Əsgərlərim hardadır?!
-Bilmirəm. Sizi bura tək gətiriblər.
– Hansı qospitaldayam?!
– Cənubdasınız!
– Harda?!
– Cənubda!
Qızın ikinci dəfə məni anlatmasından başa düşdüm ki, qospitalın yeri məxvi saxlanılır.
– Siz kimsiniz?
– Tibb bacısıyam.
– Bəs, həkim hardadır?
– Elə bu dəqiqə çıxdı. Qospitala ağır yaralı gətiriblər.
– Mənə nə olub?!
– Hər şey qaydasındadır. Narahat olmayın, komandir.
– Mən çox narahatam. Gözlərimə nə olub?! – deyə bağırdım.
– Qəlpə sifətinizi parçalayıb. Amma yaxşı qurtarmısınız. Siz görəcəksiniz! – deyə, qız bu sözləri deyən zaman onun səsi titrədi. Onun kövrəlməsi mənim şübhələrimi artırdı.
– Bəs, niyə ağlayırsınız?! – soruşdum.
– Sevinirəm ki, siz salamatsınız. Bilirsiniz, gecədən bəri nə qədər əsgərlərimiz həlak olub. Hələ də gətirirlər… Lənətə gəlsin bu müharibəni!.. – deyə qız hıçqırdı.
Ani olaraq beynimdən bir fikir keçdi, niyə görə bu qədər itkinin içində bu qız mənim sağ qalmağıma sevinir? Bir şey başa düşə bilmədim. Amma necə olsa bu xeyirxahlığın əvəzində ona nə isə təsəlliverici bir söz deməliydim, axı.
– Darıxmayın! – dedim, – düşmənin artıq son nəfəsidir. Qələbə çox yaxındadır.
Qız sevincindən içini çəkərək:
– Düzmü deyirsiniz?!
– Əlbəttə!.. Mən komandirəm! Dediyim sözün məsuliyyətini dərk edirəm. Qələbə çox yaxındadır, inanın mənə.
– Təki, siz deyən olsun! – deyə qız, uşaq kimi sevindi.
– Mənim gözlərimi nə vaxt açacaqsınız? – soruşdum.
– Hələ tezdir, komandir! – deyə qız cavab verdi.
– Mən döyüşə, əsgərlərimin yanına qayıtmaq istəyirəm.
– Narahat olmayın, tezliklə sağalıb qayıdacaqsınız.
– Mənim şəxsi əşyalarım haradadır?
– Hamısı məndədir. Cib dəsmalınızdan tutmuş, talismanınıza qədər. Gözlərinizin sarğısını açandan sonra onların hamısını sizə təhvil verəcəyəm, narahat olmayın, – deyə qız məni arxayın etdi.
– Talisman nədir? – soruşdum
– Boyununuzdan asdığınız boş patron gilizini deyirəm. Axı, döyüşçülərin talismanı o boş giliz olur.
– Yox, o talisman deyil. Sadəcə olaraq biz ora ünvanımızı və yaxınlarımızdan birinin telefon nömrəsi yazılmış kağız qoyuruq ki, həlak olanda kimliyimiz məlum olsun, – dedim. Birdən yadıma yun çorablarım düşdü.
– Yaxşı, bəs, ayaqlarımda yun corablarım vardı. Onlar hardadır?
Qız gülümsədi:
– Narahat olmayın, onlar da məndədir. Çatdıracağam sizə.
– O corablar qəttəzə idi, elə həmin axşam geyinmişdim. – dedim
Tibb bacısı gülərək:
– Sağlığınıza qismət olsun, qəşəng çorablardır. Sağalarsınız yenidə o corabları geyərsiniz.
Səhəri gün sübh tezdən məni əməliyyat edən həkim gəlmişdi. Əhvalımı soruşdu.
– Yaxşıyam! – dedim.
O da əlimi möhkəmcə sıxıb: – Cəsur oğlansan! – dedi.
Qospitalda on günə yaxın idi ki, yatırdım. Gözlərim bərk ağrıyırdı, həm də möhkəmcə qaşınırdı. Tibb bacısından soruşanda, bildirdi ki, yara sağalmağa doğru gedir, ona görə belə olur.
O elə arxayın tərzdə deyirdi ki, gözlərimin sağalacağına qəti şübhəm qalmamışdı. Amma necə olsa, kor olmaqdan bərk qorxurdum.
Axşamlar çox əziyyət çəkirdim. Gecələr çox uzun gəlirdi mənə. Gözlərim sarğılı olduğu üçün heç nəyi görə bilmirdim. Hər şeyi yalnız hiss edirdim.
Gecələr yanımda o qız, gənc tibb bacısı qalırdı. Gündüzlər isə yaşlı bir qadın. Yaşlı qadın bütün günü ağlayırdı. Deyəsən, onun oğlu da cəbhədə idi. Mənə oğlum deyirdi. Hər gün evdə bişirdiyi yeməklərdən gətirirdi mənə. Xahiş edirdim ki, zəiyyət çəkməsin. Amma razı olmurdu. Deyirdi ki, elə bil doğma oğlumun qulluğunu tuturam, bu mənə rahatlıq gətirir, söyləyirdi.
Gecələr isə səhərə qədər o gənc qız, tibb bcısı qalırdı yanımda. Üzünü görməmişdim, amma səsindən hiss edirdim ki, gözəl və mehriban qızdır. Stul çəkib, səhərə qədər çarpayımın yanımda otururdu. Boyun-boğazımın tərini silər, yeməyimi yedirərdi. Həm də, gözlərimin sarğısı qurumasın deyə dərmanla isladardı.
Onun əllərinin təravətini hiss edirdim. Gözlərimin sarğısını dəyişəndə isti nəfəsi üzümə dəyirdi. Ondan xoş bir ətir iyi gəlirdi. Bu iyi nə vaxtsa bu yaxınlarda duymuşdum, elə bil. Harda, nə vaxt, xatırlaya bilmirdim. Yaralanandan sonra, elə bil, bir azca yaddaşım da korşalmışdı.
Gecə səhərə qədər yanımda qaldığına görə çox yorgun olurdu. Bəzən özü də hiss etmədən yuxu onu aparar və başını mənim yastığıma söykəyərək yatardı. Belə vaxtlarda onun sifəti üzümə toxunardı. Elə bil yaxınlıqda yasəmən ağacı bitmişdi. Onun çiçəklərinin ətri anidən burnuma toxunurmuş kimi özümü hiss edirdim. Qəribə idi, axı bu xoş iy mənə tanış gəlirdi.
Elə arzulayırdım ki, gözlərimin sarğısı tez açılsın, bu qızı görə bilim. Hətta, onun necə bir qız olduğunu da təsəvvür edirdim. Ağ xaltda, orta boylu, qara saçlı, ağbənizli bir qız kimi. Bilmirəm, niyə görə onu bu görkəmdə təsəvvür edirdim. Adam bir şeyi görməyəndə ağlına gələni təsəvvür edir, axı.
Əllərimi çarpayıdan açmışdılar. Sərbəst hərəkət edir, hətta, durub-otura da bilirdim. Qız mənim qolumdan tutaraq, otaq boyu gəzdirirdi. Əlimdən tutanda hiss edirdim ki, uzun əlləri var. Təsəvvür etdiyim boyu da mən deyən deyildi. Axşamlar yanımda oturanda köks ötürüb ağladığını hiss edirdim. Bir dəfə gecə vaxtı yanağıma isti bir şeyin toxunduğunu hiss edib, yuxudan ayıldım. Əlimi üzümə sürtdüm, əlimə nəm dəydi. Gözlərim bağlı olduğu üçün ətrafda heç kəsi görmürdüm. Əllərimi havada sağa, sola gəzdirdim. Birdən, əlim onun saçlarına toxundu.
– Sənsən?! – deyə soruşdum
– Hə, mənəm!
Bu, bir neçə günü mənim qulluğumu tutan, əziyyətimi çəkən qızın adıyla da maraqlanmamışdım. Odur ki, soruşdum:
– Adın nədir?
– Şəfəq!..
– Şəfəq?!.. Gözəl addır.
– Gözəl gününüz olsun – dedi.
– Şəfəq xanım, yəqin ki, mənim gözlərimin sarğısı tezliklə açılar, elə deyilmi?!
– Əlbəttə… Sol gözünüzün sarğısı sabah açılacaqdır, həkim belə dedi. Amma sağ gözünüzdə zədə dərindir. Hələ bir müddət gözləməli olacağıq.
Səhəri gün sol gözümün sarğısı açılanda, ilk gördüyüm tavandakı işiq seli oldu. Parıltılı, gözqamaşdırıcı idi bu işıq seli… Sonra yanımda dayanan həkimi və tibb bacısını gördüm. Həkim orta yaşlarında kök bir kişi, qadın isə yaşlı idi.
Həkim barmağını mənim gözlərimin önündə tutaraq:
– Hə, igid döyüşçü, görürürkmü?! – soruşdu.
– Hə, görürüəm!.. – deyə sevinclə dilləndim.
– Bax, belə. Doğurdan da, cəsur oğlansan. O biri gözün də görəcək, amma bir qədər zəif. Nə etmək olar, doğrusu, ümidimiz yox idi. Çünki qəlpə çox dərindən keçmişdi. Buna da şükür, – deyə o zarafatla baş barmağıyla böyürümə toxundu.
Bir azdan həkim getdi. Yaşlı qadın hələ də ağlayırdı. O, əllərini göyə açıb mənə və cəbhədə döyüşən oğlu üçün dua edirdi.
Axşamüstü idi. Bərk nigaran idim. Bu dəmlərdə növbə dəyişilməli idi, o gənc qızın növbəsi başlayacaqdı. Otaqda tək idim. Yaşlı qadın otağı tərk edib getmişdi. Yatağımda uzanıb böyük həyəcan içində onu gözləyirdim. Bir azdan otağın qapısı açıldı. Əynində ağ xalat olan ucaboylu bir qız otağa daxil olaraq, mənim çarpayıma tərəf gəldi. Onun boyu çox uca idi, lap yadplanetdən gəlmişlər kimi. – Bu odurmu? – düşündüm.
Qız mənə yaxınlaşıb, diqqətlə üzümə baxdı. Mən də tək gözümü onun iri gözlərinin içinə dikərək heyranlıqla ona baxırdım.
O gülümsəyirdi. Mənim də dodaqlarım qaçdı. Birdən qız bərkdən qışqırdı:
– Sən məni görürsən?!
– Əlbəttə, görürəm!
– Mən necəyəm?
Bir anlıq çaşıb qaldım. Öz-özümə fikirləşdim ki, əgər ona sən gözəl qızsan desəm, yəqin ki, onu inandıra bilməyəcəyəm. Çünki adam öz xilaskarı olan bir qıza yaxşı sözdən başqa nə deyə bilərdi? Odur ki, ona ağlımdan keçəni dedim:
– Sənin çox uca boyun var!
Qız sevincindən özünü çarpayımın üstünə atıb, məni qucaqladı və:
– Hə, sən görürsən… Demək, sən məni görürsən? O içini çəkərək hönkürtüylə ağlamağa başladı.
Mən də özümü unudaraq onu bərk-bərk qucaqlamışdım. Qız çox sevincli idi. Bir yerdə qərar tuta bilmirdi. Özüm də baş aça bilmirdim, axı o niyə bu qədər ürəkdən sevinir?
Axşam qız mənim şəxsi əşyalarımı palataya gətirdi. Sənədlərim, paltarlarım, yun corablarım, telefonum, hətta, boynumdan asdığım talisman deyilən boş patron gilizi də onların arasında idi.
Yun corabları götürüb baxdım, onlar idi. Amma palçığa bulaşmışdı. Üstündə bir az da qan ləkələri vardı.
– Ayaqlarımı yaman isti saxlayırdı. Köpək uşağı imkan vermədilər doyunca geyinəm. Elə bircə gün geyindim, – deyə qıza izahat verməyə çalışdım.
Qız üzümə baxıb gülümsədi:
– Eybi yoxdur, buradan çıxandan sonra, o qədər vaxtınız olacaq ki, geyinməyə, – dedi.
Sonra patron gilizinin içini boşaltdım. Gilizin içindən “nəməlum qızın” yazdığı məktubu çıxartdım.
– O nədir?! – deyə qız üzümə baxıb, bic-bic gülümsədi.
– Heç, məktubdur, bu corabların içinə yazılıb qoyulmuşdu.
– Məktub?! Maraqlıdır, nə yazılmışdı məktubda? – deyə qız yenə də gülümsəyərək soruşdu.
– Hə, çox maraqlı məktubdur. Oxuyummu?!
– Oxuyun!
Mən barmaqlarımın ucuyla kağız parçasının qırışlarını açıb orada yazılanları qıza oxudum: – “Əziz döyüşçü, bu corabları sənin üçün öz əllərimlə toxumuşam. Kim olduğunu bilmirəm. Bircə, onu bilirəm ki, sən vətən oğlusan, igid döyüşçüsən. Mən səni canımdan artıq sevirəm. Məni qoru, mən sənin namusunam!.. İmza Şəfəq… 19.10.2020-ci il”
– Şəfəq?! Bəs, bu Şəfəq özü barədə bir söz yazmayıb. Haralıdır, kimdir? – deyə qız çiyinlərini çəkərək, bərkdən güldü.
– Yox! Bircə, telefon nömrəsin yazmışdı kağızın qırağına. Tərslikdən onun yazdığı telefonunun son iki rəqəmini də qar islatdığından oxumaq mümkün olmadı. – Bax, budur onun telefon nömrəsi, – deyə yarımçıq telefon nömrəsini qıza göstərdim.
Qız dərindən köks ötürərək, çiyinlərini çəkdi və:
Görürsən? Işin tərsliyinə bir bax da… İndi onu necə tapmaq olar?
Nə bilm! – dedim.
Görüm sizə bir kömək edə bilərəmmi? – deyə qız, əlini əlimin üstünə qoyub, ehmalca sığalladı.
Səhər bir qədər yuxudan gec oyandım. Tibb bacısı otaqda yox idi. Çarpayımın yanında səhər yeməyi qoyulmuşdu. Burada yatdığım gündən bəri brinci gün idi ki, mənə verilən yeməkləri öz gözlərimlə görürdüm.
Yastığa dirsəklənib, çarpayımın yanına qoyulmuş yeməyə əl uzatmaq istəyəndə, gözlərim bir kağıza sataşdı. Kağızda “ 05526580…” telefon nömrəsinin son iki rəqəmi də qeyd olunmuşdu. Doğrusu, təəccübləndim. Bunu bura kim yazıb qoyubdur? – düşündüm.
Maraq məni götürdü. Axşam tibb bacısının gətirdiyi şəxsi əşyalarım arasında olan cib telefonumu yastığımın altından götürüb, o müəmmalı telefon nömrəsini yığdım. Nömrəni yığan kimi telefon çağırdı.
Qərbə idi, çağrılan telefonun səsi otağın içindən gəlirdi? Bu kimin nömrəsidir düşündüm? Dörd gözlə ətrafıma nəzər yetirdim. Axı, bu kim ola?!
Birdən, gözlərim, qapı ağzında dayanıb, əlində telefon mənə baxıb gülümsəyən, Şəfəq adlı tibb bacısına sataşdı…
Yerimdəcə donub qalmışdım… Nə edəcəyimi bilmirdim. Doğurdanmı, bu, o məktubu yazan nəməlum qız idi?!