GÖZÜN AYDIN OLSUN, VƏTƏN! Gözün aydın olsun, Vətən! Başından duman çəkildi. Sinəndə yaralar bitən Yerində güllər əkildi. * * * Gözün aydın olsun, Vətən! Nəsəyanlar indi yaddı. Şəhid olan, səndən itən, On minlərin ruhu şaddı. * * * Bu torpağa yad olanlar, Sənə yamaq, ad olanlar, Yuxu kimi yox oldular. Yüz illərlə canımıza, Zəhər qatan ox oldular. * * * Gözün aydın olsun, Vətən! Dağlarının gözü gülür. Otuz ildir bu torpağın Qoxusuna həsrət qalan, Sorağını gendən alan İnsanların üzü gülür. * * * Sevin, Vətən, pis nəfisdən, Üz qaraldan pasdan, hisdən, Təmizləndin, pak oldun sən. Yaraların sağalacaq, Ağrıların çəkiləcək, Yaddaşından silə bilsən. * * * Gözün aydın olsun, Vətən! Göylərin göyə oxşayır. Çoxdu köməyinə yetən, Ruh halın bəyə oxşayır.
PAYIZ DUYĞULARIM Payız vaxtı bu dağ, dərə, Xəzan olur neçə kərə. Allah çəkən bu mənzərə, Göz oxşayır, şəhanədi. * * * Yazılanı düz anlamaq, Dərk eləyib tez anlamaq, Bir baxışdan söz anlamaq, Kamilliyə nişanədi. * * * Dərd yaranıb çəkmək üçün, Cana azar əkmək üçün. Göz yaşını tökmək üçün, Yəqin dərd də bəhanədi. * * * Qismətinə haram qatan, Ömrü boyu yalan satan, Tanrısına təpik atan, Vallah, billah divanədi. * * * Dərviş ömrü seçənlərin, Dərddən paltar biçənlərin, Acı şərab içənlərin, Murad, yeri meyhanədi.
QOCALIQ GƏLİR Gah başın ağrıyar, gah da ki dişin, Gözlərin doldusa, qocalıq gəlir. Bu gün görmədiyin yarımçıq işin Sabaha qaldısa, qocalıq gəlir. * * * Otuzdan sonrakı omrü yarı böl, Bax ordan başlayır ağrı, acı bil. Yaddaş ki, korşaldı, hərdən çaşdı dil, Bənizin soldusa, qocalıq gəlir. * * * Dərdinə dərman ol, tanışın, yadın, Çalış çirklənməsin həyatda adın. Gözündə işığın, canında odun, Biri azaldısa, qocalıq gəlir. * * * Ürəyin tövşüyər, əriyər yağı, Aşa bilməyəndə dərəni, dağı. Qurbanı olduğum qaradan ağı, Saçına saldısa, qocalıq gəlir. * * * Ay Murad, rahat ol, qocalma təki, Seçə bilirsən ki, sən tükdən tükü. Bir cavan yanaşıb çəkdiyin yükü, Əlindən aldısa, qocalıq gəlir.
QƏZƏL Baxıram ki, vərdiş olub canımızda karlığımız, Yaxşı sözü eşitmərik, yaman yatıb varlığımız. * * * Pul ödəyib dərs alarıq, oxumarıq, hey gəzərik, Bu Vətənə, bu dövlətə sıfırdı yararlığımız. * * * Məsləhəti eşitmərik, imkan verməz qürurumuz, El içində utandırar, xar edər idbarlığımız. * * * Hacılıq ki, şərəf olub el içində,ay əzizim, Yalan üstə qurulubdu inan ki, dindarlığımız. * * * Tamah bizi məhv eləyir, gözü doymur insanların, Yaddan çıxır, unudulur dar qəbirdə darlığımız. * * * İnsanları aldadırıq, ay Murad eynək taxırıq, Özümüzü şax tuturuq, heç bilinməz korluğumuz.
KEÇİR Niyyətin pak olsa, qəlbin ağrımaz, Çəkdiyin dərd-azar ürəkdən keçir. İnsanın qaməti niyə əyilsin? Çünki əzabların kürəkdən keçir. * * * Dolğunluq dövründən öncə dərilən, Əksər günahları Tanrıdır silən. Qiyamət günündə sənə verilən, Nə qədər sual var gərəkdən keçir. * * * Murad dinməsə də hər şeyi görür, Gündəlik özünə hesabat verir. İnsanlar əyilir min dona girir, Ən ağır imtahan çörəkdən keçir.
İNCƏYƏ SARI Artıq yollarımın sonu görünür, İçimdən yol gedir, İncəyə sarı. Əhvalım çovğuna, qara bürünür, İçimdən yol gedir, İncəyə sarı. * * * Dünyanın ləzzəti gözümdən düşür, Niyyətim od olur, içimdə bişir. Xəyalım hər gecə daş-kəsək eşir, İçimdən yol gedir, İncəyə sarı. * * * Bu gözəl dünyadan uzaqlaşıram, Gah təpə enirəm, gah dağ aşıram. Qaranlıq yollarda azıb çaşıram, İçimdən yol gedir, İncəyə sarı. * * * Bir yandan bu isti canımı alır, Nəfəsim təntiyir, taqətdən salır. Nə qədər yol gəldim, izlərim qalır, İçimdən yol gedir, İncəyə sarı. * * * Fikir məni boğur, həyanım olmur, Hay- həşir salıram, duyanım olmur, Daha günahımı sayanım olmur, İçimdən yol gedir, İncəyə sarı. * * * Dərdi çox yenmişəm, yenə yenəcəm, Yüz alov yandırıb, sonra sönəcəm. Harda doğulmuşam, ora dönəcəm, İçimdən yol gedir, İncəyə sarı.
YETMƏZ Dərd birdimi əlac edək, Cana yığdı, hara gedək?! Arzular çox, ömür gödək, Ha çabala, zaman yetməz. * * * Ləkə düşər bəyaz ağa, Yüz qoruq qoy, yüz qadağa. Bu dünyanı qavramağa Baş sındırma, güman yetməz. * * * Şirin dadın çoxdur adı, Damağından getməz dadı. Tanrı alışdıran odu, Söndürməyə ümman yetməz. * * * Tələsirsən danlamağa, Nə uşağam, nə də çağa. Yarəb, məni anlamağa, Yaxşı çatmaz, yaman yetməz. * * * Bir nəzər sal, bax boyuma, Yaraşığam öz soyuma. Ay Murad, mənim hoyuma, Ürəyimə daman yetməz.
OLMUR Çəkdiyin dərd saçlarında dən olur, Alın yazın qismətinlə tən olur. Payız gəlir, duman olur, çən olur, Yağış yağır, söykənməyə dağ olmur. * * * Gen gəzirsən kələk oğlu kələkdən, Sınayırsan, keçirirsən ələkdən, Yanılırsan, dad umursan fələkdən, Gülənmirsən, kefin hər an çağ olmur. * * * Baş açmadım bu müəmma, bu sirdən, Payın palçıq olur dağılır birdən. Neyləyəsən, ay sağ olmuş ki, hərdən, Taleyin kəm olur, bəxtin ağ olmur. * * * Kim deyir dərd-azar tək səni seçir, Ay Murad, insanlar yüz dərdlə köçür. Nə olsun könlündən oynamaq keçir, Yaş qoymur, bəzən də canın sağ olmur.
ALLAH BİLƏN MƏSLƏHƏTDİ (İsmixan Yusubova müraciətlə) Bu dünya onun işidi, Gərdiş onun gərdişidi. Ömrü yazan o kişidi, Allah bilən məsləhətdi. * * * Nəkarəyik özbaşına, Təpik vuraq yad daşına. Xəyal qurma boş-boşuna, Allah bilən məsləhətdi. * * * Böyükləri yad eləyək, Ruhlarını şad eləyək. Biz kimik ki, ad eləyək, Allah bilən məsləhətdi. * * * O nəsildə bir dənəsən, Sən alimsən, dürdanəsən. Taleyinə şükr elə sən, Allah bilən məsləhətdi. * * * Saxlayırsan hörmətini, Öz sözünü-söhbətini. Yaşayırsan qismətini, Allah bilən məsləhətdi. * * * Əlimizdən heç nə gəlmir, Qismətini kimsə bilmir. Dünən gülən, sabah gülmür, Allah bilən məsləhətdi. * * * Bəd şeyləri dərd eləmə, Nə istəmə, nə diləmə. Bir tənliksən sən ölümə, Allah bilən məsləhətdi.
DÜŞÜNDÜKLƏRİM Bəzən seyr edirəm, heç nə yazmıram, Zehnim təzələnsin, durulsun barı. Ömür yollarında, şükür, azmıram, Gedirəm yol alıb Tanrıya sarı. * * * Nələrdən keçmişəm, nələr görmüşəm, Yadıma düşdükcə, dondurur məni. Həyatda sevinc də, qəm də dərmişəm, Etdiyim günahlar yandırır məni. * * * Tövbə son əlacdı, başqa yolum yox, Bütün günahlarım Ona əyandı. Yadıma salmağa indi halım yox, Unutdum, Tanrı da bağışlayandı. * * * Günahsız bəndələr mələklər olur, Oturur çiynində hey günah sayır. Olur ki, Allah da ağlını alır, Oğulsan doğrunu yalandan ayır! * * * Dünyaya gəlmədim öz istəyimlə, Doğuldum, kimisə günahkar bilim?! Mən öz əməyimlə, mən öz səyimlə, Çalışdım həyatda bir yerə gəlim. * * * Nə qədər düzəm mən, bir Allah bilir, Fikrimi dəyişən insan deyiləm. İl ötür, yaş ötür, axirət gəlir, Sanmıram, bu yaşda sınam, əyiləm.
VƏTƏNDİ Bu torpaq hamıya Vətəndi, qardaş, Hamı bu torpaqdan qüvvət, güc alır. Bu ömür nə vaxtsa bitəndi, qardaş, Bəs niyə kasıblar vaxtsız qocalır?! * * * Dünyanın dərd-səri bunamı qalıb?! İlahi, kasıbın Allahı yoxmu?! Dərd elə boğub ki gözləri dolub, Göz yaşı quruyub, damcı yaş axmır. * * * Ruzini harına, çörəyi toxa, Dərdi toxum bilib əkənə verdin. Nə əkir cücərmir, çıxardır yoxa, Əzabı göz yaşı tökənə verdin. * * * Vətən dara düşür, dərdini çəkir, Özünə qəsd edir, canına qıyır. Özüylə bərabər dördünü çəkir, Nə işdən soyuyur, nə qorxu duyur. * * * Bir oğul böyütdü min bir əzabla, Düşündü nə vaxtsa nəvə görəcək. Bir oğlu varıydı, oğulsan tabla, Onu da Vətənə qurban verəcək. * * * Ay Allah kasıba az zülüm eylə, Vətənin dərdini alır kasıblar. İlahi, bəndənə düzünü söylə, Nədən üzüyola olur kasıblar?!
DÜŞÜNCƏLƏRİM Təmənna güdmədim gördüyüm işdən, Savabdır, bir şey ki əlimdən gəlir. Əl çəkə bilmədim mən bu vərdişdən, Neyləyək, düzünü Yaradan bilir. * * * İnsanın içini bir kimsə bilməz, Hər kəsə qapalı, sirli otaqdır. Həyatda mollalıq əlimdən gəlməz, Çünki əməllərim çataq-çataqdır. * * * Ayıra bildinsə, xeyiri şərdən, Şükr elə Allaha, səndə nəsə var. Fikirləş, bir düşün, ağılla hərdən, Niyə insanlıqdan çıxır adamlar?! * * * Günahsız doğulur əvvəl bəndələr, Sonradan kiminsə çırağı sönür. Ağıllı insana dünya gen gələr, Cahilin, fərsizin kələfi dönür. * * * Bu dünya fırlanır, ağılla düşün, Ağlına gəlməyən başına gələr. Yaxşılıq eləyib gördüyün işin, Sonu nə olacaq, bir Allah bilər. * * * Düz dolan, ey insan, aldatdıqların, Dolanıb arxanca səni gəzməsin. Yüz ağrı, işgəncə yaşatdıqların, Səni izləməsin, səni üzməsin.
DÜNYA Ay dərd çəkən, bir ayılsan, can gedir, Qismətdimi?! Tanrı sənə yar olsun! Dərd çəkməyən nə bilir ki, dərd nədir, Anlamayan dərdə düşsün, xar olsun! * * * Acıdımı, şirindimi, bilmirsən, Dərddən ayıl, özünə gəl, ayazı. Söylə, nədən heç danışıb gülmürsən, Dərdi bölmək yüngüllükdü, ən azı. * * * Əlimizdən nə gəlir ki, ay insan, Bircə təsəlliyə gücümüz çatır. Artıq dərd-azara öyrəşmiş cansan, Sənə ağıl vermək ancaq baş qatır. * * * Bu dünyanın əvvəli bu, sonu bu, Hara qaçaq, hara gedək bilmirik. Altın torpaq, üstün səma, yanın su, Yağ içində yaşamağa gəlmirik. * * * Beş-on illik ömür düşür bizlərə, Baş açılmır, dərd qoymur ki, güləsən. İynə batsın xain, yaman gözlərə, Hardan dəyir, onu necə biləsən?! * * * Murad dərdə yaxınıydı, bilərdi, Yeri, yurdu, xarabası haradı. Ağ olsaydı bəlkə xoşa gələrdi, Ay dilbilməz, dərdin rəngi qaradı.
AĞRIN ALIM Bir başa sal, qoy anlayaq, danış bizə, ağrın alım, Hardan gəldin şeiriyyata, uydun sözə, ağrın alım. * * * Bax dərd olar, seçilməzsən, yazdıqların itər, batar, Bu yol yaman çətin yoldu, girmə gözə, ağrın alım. * * * Çoxdu səni istəməyən, nankor, naqis, kor adamlar, İnsan hər cür çətinliyə gərək dözə, ağrın alım. * * * Yazan gərək aqil ola, gördüyünü dərk eləyə, Bu dünyanı bir dolanıb, azca gəzə, ağrın alım. * * * Əvvəl bir bax, seyr elə sən, doğru olsun dediklərin, Dediyini quru demə, bir az bəzə, ağrın alım. * * * Tanrı bizi bu dünyada dara salır, çox sınayır, Bəndə gərək nə usana, nə də bezə, ağrın alım. * * * Bu SÖZ ki var, çox köhnədi, çox işlənib, sən ayıq ol, Elə fikir söylə ki sən, olsun təzə, ağrın alım. * * * Murad, sən də çox öyünmə, azdı hələ bildiklərin, Şair odu hər gedişi yaxşı çözə, ağrın alım.
ZAMAN Zaman ömrün qənimi, Köhnə sözdü. Yenimi?! Mən dəyişdim yönümü, Yol aldım günbatana. * * * Ömür gödək, vaxtım dar, Ağ gün inan baş qatar, Gör nə qədər borcum var, Hər dadıma çatana. * * * Minnət olar, borc alma, Məni hörmətdən salma. Canım, qəti bənd olma, Şərəfini satana. * * * Tamahın cibi dolmur, Gül açır, gülü solmur, Tanrı da kömək olmur, Ömrü boyu yatana. * * * Dinmədimsə, hey yandım, Özümə günah sandım. Söz deməyə utandım, Dərdimə dərd qatana. * * * Gərək qəlbin düz olsun, Söz deməyə üz olsun. Murad niyə boz olsun, Hörmətini tutana?!
BİLMİRƏM Bəlkə də, fikrimi düz deyənmirəm, Safdı, sağlamdımı canı, bilmirəm. Nə danım, olur ki, mən bəyənmirəm, Ruhumun bəzəyi hanı, bilmirəm?! * * * Hər kəsin fikrinə hörmət edirəm, İzi bilinməyən yoldu gedirəm. Sonu nə olacaq, onu güdürəm, Əvvəli aydındı, sonu, bilmirəm. * * * Nə yazdım canına istilik keçmir, Sanki buz bağlayıb, gözüm su içmir. Bezdim isitməkdən ruhuna köçmür, Görən açılarmı donu, bilmirəm?! * * * Murad pərvanədi duyan kəslərə, Ona hörmət edib sayan kəslərə. Mənim sözlərimi yayan kəslərə, Borcum nə olacaq, onu bilmirəm?!
BƏIKƏ DƏ… Sına qismətini, həmişə sına, Tanrının səbrini yoxlamaq üçün. Nə bəxtdən gileylən, nə Onu qına, Nəyə sahibsənsə, onunla keçin. * * * Çalış ki, özünü sevindirəsən, Gördüyün hər işdən ləzzət alasan. Tər töküb zəhmətlə ömür sürəsən, Halal davranasan, halal qalasan. * * * Dünyanın növrağı gözündən düşə, Şeytan aldatmaya, ağlın çox ola. Evində bir qismət qaynaya, bişə, Gözün axtarmaya, nəfsin tox ola. * * * Möhtac olmayasan tanışa, yada, Nə olsa dərdini özün çəkəsən. Pislik etməyəsən kimsəyə, ya da Yaxşılıq toxumu səpib əkəsən. * * * Ağlını almaya Allah əlindən, Bütün sınaqlardan quru keçəsən. Övlad inciməyə acı dilindən, Gecənin birində sakit köçəsən.
QƏZƏL Arif olub söz deyəsən, yanında ustadın ola, Sözdən xalı toxuyasan, yaddaşlarda adın ola. * * * Elə şirin danışasan, hər kəlməndən gül qoxuya, Sözdən şərbət düzəldəsən, ağızlarda dadın ola. * * * Zəhmət çəkib böyüdəsən, arzuların puç olmaya, Baxıb hər an sevinəsən, ağıllı övladın ola. * * * Yeriyəndə şax gəzəsən, qızarmaya heç vaxt üzün, Gendən baxıb gülməyələr, saf kökün, əcdadın ola. * * * Nə papağı yerə düşə, nə də insan pərt olmaya, Hər kişinin arxasında söz anlayan qadın ola. * * * Murad hələ çox cavansan, Yaradana yalvar hər gün Ağlın səni xar etməyə, pozulmayan yadın ola. *yad- yaddaş mənasında işlənir.
GECİKMİŞ ETİRAF Bu ömür azalmış, keçilmiş yoldu, Gəncliyə bənd oldum, aldandım əbəs. Dünyaya gəlişim xəbərsiz oldu, Qəfil gedişimi kim biləcək bəs?! * * * Gənc oldum, yüyürdüm, qanım qaynadı, İnan, qocalığı heç düşünmədim. Od oldum, gözümdə şimşək oynadı, O tərs inadımdan heç vaxt dönmədim. * * * Ağlıma gəlməzdi, sozalar ömür, Yalançı gülüşlər pərt edər məni. Hər gün işlənməsə, paslanar dəmir, Çürüyər, məhv olar, yox olar yəni. * * * Qocalmış ömür də dəmirə bənzər, Gün vurar, qaraldar, yandırar hər an. Bir yandan soldurar acı qəm, kədər, Bir yandan pozular əhvalım inan. * * * Naşükür deyiləm öz qismətimdən, Ay dostlar, bu mənim öz həyatımdır. Səhv başa düşməyin şikayətimdən, Özümün özümə hesabatımdır.
YATIR Güvənmə üzünə hər gülən kəsə, Bilməzsən, içində nə güman yatır. Uçunma duyduğun biqəfil səsə, Xain ürəklərdə ah-aman yatır. * * * İlahi rəngləri çox gözəl seçir, Ayırmır, hamıya ağ kəfən biçir. Ömrünü dağların qoynunda keçir, Dağların başında çən, duman yatır. * * * Bu yalan dünyada yeriyir insan, Döyülür, ağlayır, kiriyir insan. Torpağa qarışır, çürüyür insan, Yanaşı həm yaxşı, həm yaman yatır. * * * Hər məzar şahiddi, yatan başlara, Şəkildən boylanan lal baxışlara, Baxıram sakitcə qara daşlara, Hər daşın üstündə bir zaman yatır. * * * Muradı sən naşı bilmə, əzizim, Saxla yaddaşında, silmə, əzizim. Ağıldan kəmlərə gülmə, əzizim, Neyləsin, ağlında sar-saman yatır.
İNCƏ DƏRƏSİ. Bir ulu diyar var Azərbaycanda, Bir görən istəyər, qayıtsın bir də. Hər kəsin yeri var, ürəkdə, canda, Doğmadı, əzizdi, yad da bu yerdə. * * * Dərdlərə dərmandı quru havası, Bu sakit məkanda ağrımaz canın. Şeirdi, qoşmadı dərdə dəvası, Ürəyi doludu burda insanın. * * * Ləhcəsi doğmadı, şirindi mənə, Bu dili həmişə laylam sanmışam. Nə qədər uzaqda yaşasam yenə, Harada eşitsəm, duyğulanmışam. * * * Bu dilbər guşənin əvəzi yoxdur, İnsanı məst edər quşların səsi. Yaxından, uzaqdan mehmanı çoxdur, Hər kəsi cəlb edər görmək həvəsi. * * * Sığınıb dağların qoynuna çoxdan, Elə bil aləmdən uzaqlaşıbdı. Bu üç kənd qohumdu, qonşudu haqdan, Sanki bir-biriylə qucaqlaşıbdı. * * * Üç kəndin cəmidi, İncə dərəsi, Kəmərli, Qaymaqlı, Astanbəylidir. Adıyla öyünən eldi hərəsi, Məclisi, yığnağı səsli-küylüdür. * * * İncə dərəsidir, bu yurdun adı, Mən də doğulmuşam, burda, oxucu. Peşiman eyləməz tanışı, yadı, Oxu, ziyarət et, baxma göz ucu. * * * Söz demək istədim onun adına, Ağlımdan o qədər fikirlər keçdi. Nə bir zəhmət çəkib, yandım oduna, Nə də bir doyunca suyundan içdim. * * * Ancaq ömrü boyu borc bildim yenə, Ruhumla, canımla yurda bağlıyam. Qorxuram, yapışmaz, yaraşmaz sənə, Çünki, mən də bu torpağın oğluyam. I Tarixin qədimdi, torpağın ulu, Ruhumun canısan, İncə dərəsi. Qazağın sifəti, imzası, qolu, Adısan, sanısan, İncə dərəsi. * * * Nə qədər gözəldi, incədi adın, Cəmi üç kənd olub, qolun-qanadın. Görüşünə gələn tanışın, yadın, Dərdə dərmanısan, İncə dərəsi. * * * Zəhmətiylə təmiz, halal çalışan, Sevincindən ruha gələn, alışan, Qiyasbəylilərin ruhu dolaşan, O yurdun xanısan, İncə dərəsi. * * * Köksündə izi var, neçə illərin, Həmişə şen olsun, görüm ellərin. Biz gəldi-gedərik, sən nəsillərin, Qaynayan qanısan, İncə dərəsi. II Qismətə, taleyə çox inanmışam, Nə gəlib başıma ,qismət, demişəm. Olub ki, on mini qəpik sanmışam, Olub da, quruca çörək yemişəm. * * * Ümiddən əlimi üzmədim heç vaxt, Nə də ki, Tanrıya asi olmadım. İnandım, yazılı bu tale, bu baxt, Məni utandırmaz. Darda qalmadım. * * * Çünki inanmışam Allaha hər an, Bu inam, bəlkə də ruhumdan gəlib. Tanrı, aramızda cavabsız qalan, Nə qədər günah var ,sonlayıb, silib. * * * Bəxtim gəl-gəl deyib, önümdə durub, Gözümü mən bu torpaqda açmışam. Bu torpaq önümdə sədd, divar qurub, Yaramaz işlərdən hər an * * *qaçmışam. * * * Bu yerdə gəzmədim şenlik, abadlıq, Məni dilləndirən havadı, sudu. Quşların səsində ruhi rahatlıq, İnsanı cəlb edən gözəllik budu. III Bu eldə elmiylə dünyalar gəzən, Tanrıya tapınan bir bəndə yatır. O, elə bir övliyya, elə alimdir, Həm mənim ruhumda, həm səndə yatır. * * * Türbəsi dayaqdı bu el-obaya, Onu ziyarətə milyonlar axar. Mübarək ruhuyla yetişər hoya, Hamıya doğmadı, bir gözlə baxar. * * * Məkanı kiçikdi, söhbəti böyük, Adına sınanmış insanlar gələr. Ziyarət eyləsən, nə çaş, nə döyük, Səni qucaqlayar, doğması bilər. * * * Bu yurdda ağıllı insanlar olub, Öz sözü, səsiylə bir elə misal. O elə bir nəsil ki, yenə də qalıb, Həm özü şəxsiyyət, həm ləhcəsi bal. * * * Nə yaxşı könlünə yaxın yerdədi, İlahi, gözündən uzaq olmasın! Bu elə tay olan elin hardadı?! Saxla pənahında, darda qalmasın! * * * İnsanı bağlıdı obaya, elə, Canıyla, qanıyla yurda dayaqdı. Bu dünya durduqca, qalacaq hələ, Bu dərə, həmişə sərvaxt, oyaqdı. IV Nə gözəl mənzərədi, Ruhumu alıb gedir. Bəlkə buna görədi, Əhvalım göylərdədir. * * * Yaradandan bəndəyə, Lütf olan gözəllikdi. Ruhum dil açır deyə, Yarəb, dünya mənlikdi. * * * Ətrafımda quş səsi, Burnumda gül qoxusu. Cəzb eləyir hər kəsi, Cuşa gəlir çoxusu. * * * Bura cənnətin özü, Laylam oxunan yerdi. Azərbaycanın gözü, Mənə səcdəgah, pirdi. * * * Bütün dərdi-sərimi, Burda unutmaq olur. Könlüm məzar yerimi, Sonumda burda bulur. * * * Bura, arxam, güvənim, Mənim qibləgahımdır. Yaşadığım dünənim, Bu günüm, sabahımdır. * * * Yurdumun torpağına, Daşına qurban olum! Gələcəm ayağına, İncə dərəm, son yolum! V Vətənimin sonunda, Həmişə yaz donunda. Mənim ruhum, ürəyim, Canım, İncə dərəsi! * * * Məkkəmsən, Mədinəmsən, Döğma yurdum, binəmsən. Məzar yerim, son qibləm, Yönüm, İncə dərəsi! * * * Çox gəzmişəm, hər yeri, Səndən ayrı sərsəri. Başqa yerə qaynamır, Qanım, İncə dərəsi! * * * Cənnət olsa yan-yörəm, İstəmərəm, mən görəm. Ancaq səndə xoş keçər, Anım, İncə dərəsi! * * * Bezdim insan köçündən, Milyonların içindən, Seçilməz mənim adım- Sanım, İncə dərəsi! * * * Dan yeri söküləndə, Yollarım büküləndə, Çatacaqmı axırım, Sonum, İncə dərəsi?!
ARŞIN (Mənim öz arşınım var.) Quyu qazma başqasına, Yıxılarsan, qəbrin olar! Tələs, qonşunun yasına, Həmin gündən sənin də var! * * * Qorxaq olma, ürəkli ol! Cəsarətdir işin canı. El-obaya gərəkli ol, Keçmişini yaxşı tanı! * * * Böyüyünə hörmət eylə, Üzmə onu, qoy sevinsin! Gördüyünü doğru söylə, Qoy həqiqət səni yensin! * * * Yaddan çıxart, yaxın getmə, Şükür söylə, hər olana. Uzaq dolan, hörmət etmə, Səni hörmətdən salana. * * * Yanma hörmət qoyduğuna, Səndən gələn səxavətdi. İnan, Fələk saydığına, Sən saydığın boş söhbətdi. * * * Üz-göz olma ağılsızla, El içində xar olarsan. Nə ahmır tök, nə də sızla, Öz ağlınla yar olarsan. * * * Anlamaza qəti dinmə, Tərs anlayar, qanar səni. Səviyyəndən heç vaxt enmə, Rəqib zəif sanar səni. * * * Yazdıqlarım ağlımdakı, Beynimdəki fikirlərdi. Bölüşürəm oxuyanla, Qəbul etsən, bu qədərdi. * * * Öz arşınım var həmişə, Bazarda qiymət endirər. Sən can yandır hər an işə, Uca Tanrı sevindirər.
UYMA XƏYALLARA! Xəyallarım yenə pərvaz eylədi, Dolandı göyləri, söndü, qayıtdı. Qovdu gümanları geri teylədi, Peşiman, pəjmürdə, döndü, qayıtdı. * * * Sönən arzularım daha alışmaz, Yüz dəfə qızışdır, yüz ocaq yandır. Köhnə gümanlarım daha çalışmaz, Nə özünü aldat, nə məni qandır. * * * Dolaşır beynimdə bomboş xəyallar, İnanın, bu günlük, dünənlik deyil. Məni yaman yorur bağlı suallar, Cavabı indi də, heç mənlik deyil. * * * Hər kəsi incidər, ağrıdar hər an, Vaxtında, ağılla görmədiklərin. Sənə qismət olmaz bostanda qalan, İş görüb, tər töküb dərmədiklərin. * * * Heç vaxt aldatmadım, özüm özümü, Boyumdan yuxarı addım atmadım. Mənə Tanrı verən səbri, dözümü, Özümə xərclədim, heç vaxt satmadım. * * * Xəyalla yaşamaq vərdişim yoxdu, Reallıq nədisə, ona gəlirəm. Yanan arzularım beynimdə çoxdu, Hamısı qismətdi, bunu bilirəm. * * * Nə xəyal dolandır, nə fikir eylə, Yüz fikir bir borcu ödəmir, vallah! Dərdini dərd bilən bir kəsə söylə, Çarəsi tapılar, böyükdür Allah!
QƏZƏL Nələr çəkdik, nələr gördük, biz, bu yaşa gəlincə, Gözümüzlə od götürdük, ömür başa gəlincə. * * * İnsanlardan kənarlaşdıq, dərdimizlə cüt olduq, Gizlənməyə yer gəzərsən, dərdin qoşa gəlincə. * * * Gözəlliklər bir bəladır, canın alar, öldürməz, Gözəl olan ruh oxşayar, hilal qaşa gəlincə. * * * Ruhum tamam sakit olar, bil, şeytana uymaram, Məni məndən alan olmaz, ürək cuşa gəlincə. * * * Əriyərəm, tər tökərəm, ruhum məni boğanda, Necə darda qan ağlayar, düyü aşa gəlincə. * * * Sən yazmağa gec başladın, səhv elədin, ay Murad, Canın çıxar yox olarsan, sözün xoşa gəlincə.
ÖZƏL DUYĞULARIM Şeir yazmaq vərdişdimi? Bilmirəm, Ya da ruha qidadımı, sudumu? Düşünürəm, bir qərara gəlmirəm, Görən, ruhun oyanışı budumu?! * * * Necə olur o təb, o ruh- möcüzə, Dilləndirir, dilə gəlir misralar. İçdən gələn duyğulardır, tər, təzə, Bir ürəkdən, o birinə yol salar. * * * Mən o ruhda, biləmmirəm sirdimi, Ürəyimdən tikan çıxar bir anlıq. Unudaram həmin zaman dərdimi, Yada düşməz nə bir pislik, yamanlıq. * * * Şeir yazmaq yatan ruhu oyadar, Ürəyinə təpər verər, güc verər. Şair olan eşq şərbətin tez dadar, Tez yetişər, eşq gülünü tez dərər. * * * Azad ruhum cilalanar, parlayar, Saf düşünər, qorxmaz heç vaxt qınaqdan. Yazan ürək nə usanar, nə doyar, Ləzzət alar bu qələmdən, varaqdan.
A DÜNYA Hərif oldum başımı, Yaman qatdın, a dünya! Topa qoydun daşımı, Çox aldatdın, a dünya! * * * Məndən olsa gəlməzdim, Burda qalıb ölməzdim, Dar ayaqda, bilməzdim, Məni satdın, a dünya! * * * Nə qeydimə qalmadın, Nə bir kömək olmadın. Niyə başa salmadın?! Gec oyatdın, a dünya! * * * Gah soyuqda dondurdun, Gah istidə yandırdın. Məni yaman qandırdın, Oda atdın, a dünya! * * * Allah aldı çaramı, Göynətmədi haramı?! Qaysaqlanan yaramı, Off, qanatdın, a dünya! * * * Korun bəxti yatanda, Dayaq oldun batanda. Sıra mənə çatanda, Niyə yatdın, a dünya! * * * Oda düşdün, qaynadın, Başlar yedin, doymadın. Çirkin oyun oynadın, Çirkə batdın, a dünya! * * * İşi saldın düyünə, Murad getdi küyünə. Arzuna, istəyinə, Deyən çatdın, a dünya!
VARMI?! Məni məndən alan gözəl, De, dərdindən ölən varmı?! Cavan ömrü talan gözəl, Dərdlərini bölən varmı?! * * * Artıq ömür oldu yarı, Dərd sağalmır, ha da sarı, Bir yada sal, indi barı Göz yaşını silən varmı?! * * * Bir baxışla oda yaxan, Şimşək kimi alov çaxan, Ey üzümə tərs-tərs baxan, Bir üzünə gülən varmı?! * * * Murad səni çox özləyib, Yaddaşında əzizləyib, Hər gün səhər yol gözləyib, Sənə qarşı gələn varmı?!
MƏNİM BİLDİKLƏRİM. Dünyanı yaxşılıq xilas edəcək, Pislikdən uzaq dur, şeytana uyma! Yaranan bilir ki, bir gün gedəcək, Yaxşılıq etməkdən usanma, doyma! * * * Yaxşılıq ağılda, yaddaşda qalmaz, Təkcə Allah görər, amma ki, itməz. Yamanlıq öldürməz, canını almaz, Ancaq can ağrıdar, ağlından getməz. * * * Gündəlik incitsən, ağrıyar hər can, Bezikər, tablamaz, yanından qaçar. Yamanlıq etməkdən yorulsa insan, Yaramaz əməllər gül-çiçək açar. * * * Dünən gördüyündən dərs götür, anla, Ağılsız insanı yellər oynadır. Nə qədər səhv etsən, özünü danla, Bu dünya naşıya gülən dünyadır. * * * İlahi görk edər, qəti ötürməz, Etdiyin pisliyin bədəli səndə. Əzizim, pisliyi Tanrı götürməz, Ölməmiş, sağıykən ödəyər bəndə. * * * Yaxşılıq gəlmirsə əlindən, dayan, Çəkil, dur qıraqda, yamanlıq etmə! Ayıl röyalardan, yuxudan oyan, Doğru ol, dürüst ol, sən küyə getmə!
YALAN DÜNYA. Dönüb boylanıram geriyə hərdən, Doğru nəyim varsa, aşikardadır. Heç nə anlamıram bu bağlı sirdən, Dünən gördüklərim bu gün hardadır?! * * * Xəyallar geriyə boylanar hər an, Dünənin ləzzəti yadından çıxmaz. Nədənsə, dilbilməz, ağılsız insan, Xəyalla yaşayar, irəli baxmaz. * * * Günlər tez dəyişir, ötür fəsillər, Dəyişən tablodan gözün yorulmur. Yalan danışmaqdan bezikmir dillər, Yalan nəfəs alır, ağlı durulmur. * * * Beləcə doğruya addım atılmır, Nədəndir? Nə üçün? Səbəbi çoxdur. Bu yalan dünyada doğru satılmır, Nə də ki, doğrunun bazarı yoxdur. * * * Həyatdı, dünyadı, yola veririk, Hər gün aldanırıq, ömrümüz gedir. Doymuruq, nə qədər yalan dəririk, Yalan, canımızda doğrunu didir. * * * Dünyanın mayası yalanla olub, Bax buna görədir, aldadır bizi. Baxıram işimiz Allaha qalıb, Doğru da sağaltmır heç dərdimizi.
HAQQ YOLU Tükdən asılıyıq ,sən demə hər an, Ruhumuz göylərdə, cismimiz yerdə. Ay pulla özünü bəxtəvər sanan, O tük üzüldüsə, qapanar pərdə. * * * Bax onda kiməsə nə əlin çatar, Nə də ki, səsinə səs verən olar. Gözlərin yumular, qulağın batar, Dildə, ağızlarda adın hallanar. * * * Bu köhnə mərəkə, köhnə mənzərə, Nə doğma inciyər, nə yad inciyər. Burda növbə yoxdu, sərbəstdi hərə, Gələr köynəyini əyninə geyər. * * * Heç kəs son mənzili seçmir, bəyənmir, Döşənmir, bəzənmir gəbə, xalıyla. Etiraz eyləyib bir söz deyənmir, Çünki yol üstədi cansız halıyla. * * * Bu bir haqq yoludu, gedirik biz də, Dədəmiz, babamız gedib bu yolu. Bir azca təlaş var ürəyimizdə, Baxma, tanış deyil nə sağı, solu. * * * Dünyanın sonu var, sən də bir düşün, Ağlınla çək- çevir, haqq-hesab eylə. Boyundan yuxarı tullanma, kişi, Canın yerdədisə, əlləşmə göylə.
ALDANDIN. Bu daşlı, kəsəkli ömür yolunda, Özünü çox bilmiş sandın, aldandın. Nə olsun qüvvət var, biləyində, qolunda, Çox eşitdin ki, az qandın, aldandın. * * * Başından yel əsdi, oyananmadın, On arif dərs keçdi, susdun, qanmadın. Tamahın güc gəldi, dayananmadın, Sən ki, qul haqqını dandın, aldandın. * * * Ay Murad, göz yetir, bir diqqət ayır, Hörmət et, üz göstər, kim səni sayır, Nanəcib insanla nə çöl, nə bayır, Qapıdan çıxdınsa, yandın, aldandın.
QƏZƏL Bu dünyada minnətini götürmərəm heç kəsin, Düşməniyəm öz nəfsimin,bir duz-çörəkdir bəsim. * * * Allah verən bir ömürdür, saylı ayı, günü var, Boy-buxuna aldanmayın, nə üstündə çox əsin. * * * Nanəcibin üz-gözündən şər süzülər, şər damar, Nə onunla söhbət edin, nə onunla şərt kəsin. * * * Qədərində pulun olsun, möhtac olma kimsəyə, Sonu heç vaxt yaxşı olmur, çox istəyin, həvəsin. * * * Sakit yerdə baş aparar, baş ağrıdar, incidər, Yiyəsinə nə xeyri var, xırıldayan gur səsin?! * * * Ey cavanlar, qulaq asın , siz, Muradın sozünə, Çarəsizə yardım edin, əl tutmağa tələsin!
ACI REALLIQ Ömrü yaşamağın yüz cür yolu var, O qədər seçimi olur bizlərin. Ömür bitər, bir quruca ad qalar, Bir də ki, arxanda ayaq izlərin. * * * Yaşarıq günbəgün arzular üçün, Yaşamaq həvəsi artar ki, ölməz. Sonu görünməyən bu sonsuz köçün, Sirrini bir kimsə anlaya bilməz. * * * Ömür əmanətdi, bizlərə, baxın, Qədrini bilmərik müftə mal kimi. Hər bir yaranışın sonu var axı, Fərqinə varmarıq boş xəyal kimi. * * * Yüz dərdə dözərik, bir an bezmərik, Nə əzab bilərik, nə də ki, ağrı. Heç zaman rahatlıq, dinclik gəzmərik, Qaçarıq sabahkı ümidə doğru. * * * Yelə verib bu ömürü qaçarıq, Neçə təpə, neçə bələn aşarıq. Dönüb ağ buluda göyə uçarıq, Tarix olub yaddaşlarda yaşarıq. * * * Bir də ayılarıq tükəndi ömür, Geriyə dönməyə gücümüz çatmaz. Əksin daş üstündə, nə səs, nə səmir, Qurtardı!!! Bir kimsə başını qatmaz!
YIXILANA GÜLMƏ, QARDAŞ! Zaman ömrə bir qənimdi, Sızıldayan öz tənimdi, Kəsmə, zalım, bədənimdi. Can ağrıdar gözdəki yaş, Yıxılana gülmə, qardaş! * * * Dərd mənimdi, dərman səndə, Bir yaxın gəl, durma gendə. Dar ayaqda neylər bəndə?! Ya kömək ol, ya uzaqlaş, Yıxılana gülmə, qardaş! * * * Sarsılana tez həyan ol, Dərdi anla, bir duyan ol, Ya insan ol, ya o yan ol. Salma məni belə çaş-baş, Yıxılana gülmə, qardaş! * * * Heç vaxt uyma yalan sözə, Çox şey gördüm gəzə-gəzə. Kasıblığı vurma üzə, Nə səhv elə, nə də ki, çaş, Yıxılana gülmə, qardaş! * * * Tərs yozular sözün deyə Cavab vermə hər kəlməyə. Xeyli vaxtdı bilməm niyə Harda aş var, sən orda baş?! Yıxılana gülmə, qardaş! * * * Bir nəzər sal dörd yanına, Ziyan gələr ad-sanına. Yazığın gəlmir canına?! Özünə gəl yavaş-yavaş, Yıxılana gülmə, qardaş! * * * Mənim sözüm hamıyadı, Sağaldandı, mumiyadı. Nə İvana, Tomayadı, Türkdü türkə dayaq, sirdaş, Yıxılana gülmə, qardaş!
ÜRƏYİMİ. Gah istidən, gah soyuqdan Gözləyirəm ürəyimi. Söz anlamır,bax, bayaqdan Bizləyirəm ürəyimi. * * * Çox istəyir məni sıxsın, Məhvərindən qopsun, çıxsın, Ha çalışır tamam yıxsın, İzləyirəm ürəyimi. * * * Olur ki, cana doyuram, Əllərimlə hey oyuram, Sözə baxmır, şumlayıram, Düzləyirəm ürəyimi. * * * Başa salıb qandırıram, Soyuqladıb dondururam, Oda salıb yandırıram, Közləyirəm ürəyimi. * * * Dərdə düşür, karıxıram, Ağrıyıram, qarıxıram, Dalaşanda darıxıram, Özləyirəm ürəyimi. * * * Bax, dilimə o, tam verir, Bədənimə o, qan verir, Söz ruhuma o, can verir, Gizləyirəm ürəyimi.
KİMİ Bu dünyada şah olasan, bəxtin gülə ,sevinəsən, Naümid olmayasan, əlacsız avarə kimi. * * * Qoyalar hökm edəsən,o sağlıq ola canında, Ğözəl imkanın ola, küllü- ixtiyarə kimi. * * * Acı nədi unudasan, yaxınına qoymayasan, Sirin söz eşidəsən, dərdlərinə çarə kimi. * * * Dərd gələndə yar olasan, inciməyə qoymayasan, Aşıb-daşa qövr eləyə, ürəyində yarə kimi. * * * Dörd tərəfin qohum ola, kənar nədi bilməyəsən, Sevəsən, seviləsən yaxın ciyərparə kimi. * * * Murad, sən də sadə dolan,qəti qoyma adına, Ləkə düşə kirlənəsən, ağ üstündə qarə kimi.
YAZDIQLARIM Baxıb od tuturam yazdıqlarıma, Yadda qalacammı, anlayammıram? Bəzən qaralayıb pozduqlarıma, Gülürəm, özümü danlayammıram. * * * Kimdisə, məni də çıxartdı yoldan, Bu sakit ömrümə vəlvələ düşdü. Bəzən bezikirəm bu qeylü-qaldan, İlahi, arxa dur, gör bu nə işdi. * * * Bacara bilmirəm özüm-özümlə, Nə dala çəkilib boş duranmıram. Tək-tənha qalanda gecə sözümlə, Qalıram ortada çaş, duranmıram. * * * Bəzən qar-sazaqlı, soyuq bir qışam, Sanki kimsə mənim qanımı içir. Elə bil gecələr daş daşımışam, Hər sözün ağrısı canımdan keçir. * * * Nə mala hərisəm, nə vara acam, Söz yükü çəkirəm, sözdən halıyam. Bilmirəm yazdığım nəylə qalacam, Bir onu bilirəm sözün quluyam.
YAZ Ay mənim ruhuma sığal çəkən yaz, Niyə gecikmisən, bilmirəm niyə? Tərslikdən canım da üşüyür bir az, Ruhum ki, isinmir, qızışmır deyə. * * * Mən sənə vurğunam, sənə deyəsən, Nəfəsini duysam, ruhum oynayır. İlahi, elə bil dirilirəm mən, Hər bahar gələndə qanım qaynayır. * * * Elə bil yox olur ağrı-acım da, Gül açır könlümdə bənövşə, nərgiz. Nə pislik, yamanlıq qalmaz yadımda, Nə də üzülmərəm bunlardan hərgiz. * * * Bir qarlı, şaxtalı gündə doğuldum, Mən qışı sevmədim, yaza vuruldum. Günəşdən güc aldım, odla yoğruldum, Mayam işıq oldu, axdım duruldum. * * * Nə yaman gecikdin, bu il nə yaman, Gəl gözlər danışsın, dillər dayansın. Tamam yoxa çıxsın çiskin, çən, duman, Gül gülü çağırsın, ruhum oyansın.
QARDAŞ (Avdı Qoşqara) Deyirəm, dünyanın halal insanı, Tək təmiz adamı sənsən, a qardaş. Anlayıb bilənə əzizi, canı, Qanmaza dumansan, çənsən, a qardaş. * * * Dumduru su kimi təmizdir adın, Ağrımaz başını dərdə salmadın. Halaldan doğuldun, halal yaşadın, Haramdan uzaqsan, gensən, a qardaş. * * * Görəndə bar verir arzun, muradın, Sevincdən uçmağa olmaz qanadın. Böyründə, başında qohumun, yadın, Sevincinə yarı, tənsən, a qardaş. * * * Üzündən bəllidir səmimiyyətin, Baxıram hər kəsə xoşdur niyyətin. Nə özün dəyişdin, nə xasiyyətin, Bir azca dəyişsən, dönsən, a qardaş. * * * Səni mən hər yerdə misal gətirdim, İzlədim, çox şeyi səndən götürdüm. Yaxşı nə bildimsə ruha ötürdüm, Ruhumda bar verən dənsən, a qardaş.
YAXINSAN (Həzi Həsənliyə) Ruhuma yaxınsan doğmalar qədər, Bilmirəm bu yanğı haradan keçib? Nə sənin Kəmərli ağlından gedər, Nə Murad Faxralı suyundan içib. * * * Allahın işindən baş açanmarıq, Biz adi bəndəyik, əmrə müntəzir. Ay Həzi, qismətdən heç qaçanmarıq, O, bizi axtarır, soruşur, gəzir. * * * Bir 9 may günü biz tanış olduq, Sevindik pul tapan uşaqlar kimi. Yüz dərdi adladıq, bax, yaşa dolduq, Ağardı saçımız dümağ qar kimi. * * * Bəlkə də o fikrə, ağla düşməzdik, Ümid də, Qorxmaz da bilir ən azı. Onlar olmasaydı, biz görüşməzdik, Bu da bir qismətdi, bu da bir yazı. * * * Həyatın pozulmaz qanunları var, Ondan asılıyıq, tabeyik biz də. Sən, mən icraçıyıq, ağadı onlar, Onlara bağlıdı taleyimiz də. * * * Ay Həzi, darıxma, üzülmə bir də, İncə dərəsinə səfər edərik. Yaxşıca dincəlib o gözəl yerdə, Doğma Faxralıya birgə gedərik.
NƏFS İnsanı pis tamah, pis nəfs öldürər, Bu yola düşdünsə, axırın yoxdur. Bəzən sevindirər, bəzən güldürər, Bəzən də bağrına sancılan oxdur. * * * Yağlı bir kəndirdir boynunda sənin, Gah səni incidər, gah darıxdırar. Nə qədər yığsan da doymaz gödənin, Qoymaz dincəlməyə, hey qarıxdırar. * * * Kənardan eybəcər görünə bilər, Amma ki, bu sənin ağlına gəlməz. Baxarsan, başına min bəla gələr, Nə olsun, ətrafda bir kimsə bilməz. * * * O, elə bir duyğudur, elə bir hissdir, Uydunsa qaynayır, azalmır, itmir. O, səni harama səsləyən səsdir, Şeytana bağlıdır, başından getmir. * * * Nəfsinə hakim ol, ey bəni-insan, Onun girdabında boğulma, ölmə! Bax, nəfsin önündə əyilsən, sınsan, Zəifsən, heç kimi günahkar bilmə!
KİMƏ NƏ?! Arzu bitməz, ömür az, Ölən ruhlar durulmaz. Mənim kefim sazdan saz, Ya da pisəm, kimə nə?! * * * Dünya böyük, naşı çox, Ağlı kəmi, çaşı çox. Dərdim köhnə, yaşı çox, Ona bəsəm, kimə nə?! * * * Ruhum, ənbər qoxuyar, Sözdən çiçək toxuyar, Könlüm, sənsiz oxuyar, Zil, ya pəsəm, kimə nə?! * * * Kasıb evdə doğulan, Bulaq kimi soğulan, Öz içində boğulan Sakit kəsəm, kimə nə?! * * * Utanıb, sonda gələn, Hər an yerini bilən, Tutaq ki, çoxdan ölən, Batan səsəm, kimə nə?! * * * Günah işə mən yadam, Cəhd eyləmə, ay adam! Öcəm, tərsəm, inadam, Ya da nəhsəm, kimə nə?! * * * Öz içimdə azıram, Hər gün nəsə yazıram. Canım, qəbir qazıram, Son nəfəsəm, kimə nə?!
YAĞIŞ Yağışı sevirəm, islanmağı yox, Sanki göz yaşıdı səbri daşanın. Gurultudan, tappıltıdan daha çox, Səsinə heyranam, bu tamaşanın. * * * Durub pəncərənin önündə bir an, Baxıb seyr edərəm bu mənzərəni. Yerin göylə bu təması hər zaman, Xeyli düşündürər, cəlb edər məni. * * * Damlalar yagışın daş-qaşlarıdır, İlahi, çox şükür cah- cəlalına. Yağış da Tanrının göz yaşlarıdır, Ağlayar həmişə yerin halına. * * * Bu yağış Allahın bir möcüzəsi, Yağmasa, bu dünya saralar, solar. Bəzən bezikdirər, yorar hər kəsi, Ancaq suya həsrət canlar həzz alar. * * * Nə qədər yağsa da, görünməz gözə, Dünyanı su basmaz, dünya sağ qalar. Yağış da, dolu da, qar da möcüzə, Vaxtında yağmasa dünya məhv olar.
ADAMLAR Ey Allaha yaxın olan, əqli kamil sağ adamlar, Qoymayın insanlıq ölə, qəlbi böyük, dağ adamlar. * * * Kömək olun, dayaq olun, sipər olun xurafata, Bu torpağa yiyə duran, arxa, sütun, tağ adamlar. * * * Bir görmədim bəhsə girə, kömək ola kasıblara, Ömrü boyu dalda qaldı, girəvədə ağ adamlar. * * * Baxıram ki, milçək kimi yaman artıb, lap çoxalıb, Xeyrə, şərə yaramazlar, el içində lağ adamlar. * * * Bu Vətəni qoruyun siz, üzü gülsün Muradın da, Ey yurduna bağlı olan, bir-birinə bağ adamlar.
AY ÜRƏYİM Bənzəməzsən, heç kimə sən, Yer üzündə, ay ürəyim. Can evimdə bir dənəsən, Əvəzin yox, mən nə deyim? * * * Sənlə nəfəs alıram mən, Sənə baglı bir ürəyəm. Sən olmasan, həmin gündən, De görüm, nəyə gərəyəm. * * * Sən ruhumun işığısan, Sönsən əgər, ruhum sönər. Ömrümün yaraşığısan, Solsan, canım buza dönər. * * * Tanrı sevən cüt bəndəyik, Qovuşmuşuq yaşamağa. Axır ki, bir bədəndəyik, Daha nə qoruq, nə qadağa. * * * Tanrı bizə bir can verdi, Dərdimizi bilə-bilə. Salamladıq neçə dərdi, Yola saldıq gülə-gülə. * * * Sanma, ömür əbədidir, Daimidir bizdən ötrü. Nə gedirsə, bizdən gedir, İncimə hər sözdən ötrü. * * * Dünya, sirli bir müəmma, Gözünü yum, bircə andır. Yaşa, dolan, çalış, amma, Sevmə onu, bir yalandır. * * * Nə yaşasaq, mükafatdır, Üç il, beş il, ona kimi. Bizə qalan təmiz addır, Qorumuşuq sona kimi. * * * Məyus olma, heç vaxt, gülüm, Nəvələrdir qalan sənə. Nə ayrılıq, nə də ölüm, Qaçılmazdır, inan mənə.
ÇƏKİR İnsanı dərd boğur, qarışır başı, Darda gah sıxıntı, gah ölüm çəkir. Üzümü yandırır gözümün yaşı, Gör, yazıq gözlərim nə zülüm çəkir. * * * Əlimi uzatsam, göylərə çatan, Elə bir yerdəyəm, işvə, naz satan, Gözəllər önümdə, əlimdə kətan, Nə ruhum oynayır, nə əlim çəkir. * * * Allah pis tamahı nəfsindən asıb, Ömrə qul olmuşam, özümü qısıb. Duyuram, içimi tor, qurum basıb, Nə içim isinir, nə çölüm çəkir. * * * Ay Murad, karvanın, köçün yoldadı, Görəcək günlərin hələ daldadı, Dilimin ucundan başım qaldadı, Bu dərdi nə ağlım, nə dilim çəkir.
DEYƏN Deyən soyuqlamışam, Üşüdürəm səhərdən. Sanki dinməz, sal daşam, Düşdüm deyən təhərdən. * * * Ağrılarım başqadı, Hamı bilir nədi bu. Qara günlər başladı, Limon, şirə, bir də su. * * * İştahım yoxa çıxıb, Hamı bürünüb yasa. Allah üzümə baxıb, Şirə var heç olmasa. * * * Gur yağışın bazıyam, Sel, su axır canımdan. O qədər çox razıyam, Hoya yetən xanımdan. * * * Neçə ildir dərdimi, Çəkir ömür yoldaşım. Mən bilmirəm sirdimi?! Şükür, ağrımır başım. * * * Həkim deyil, ay canım, Bir sadə müəllimdi. Vallah, billah, nə danım, Mənim vuran əlimdi. * * * Sizcə kimə borcluyam, Tanrıya, ya xanıma?! Bəlkə Tanrı qoruyub Calayıb can canıma.
MƏHƏBBƏT Kim deyir, ağlamaq, göz yaşı tökməkdir, məhəbbət. Əzizim, can evində sevda əkməkdir, məhəbbət. * * * Sevda ki var, ağılla, ruhla idarə olunur, Demirəm, ağlın alıb, sağ ruhu sökməkdir,məhəbbət. * * * Tələsməyib, min sehr ilə, ovsunla qəlb ovlayıb, Bənna kimi kərpic-kərpic can tikməkdir, məhəbbət. * * * Həya, abır olmasa, qiyməti olmaz sevdanın, Nə bilim, bəlkə də, abırı bükməkdir, məhəbbət. * * * Ay Murad, can verib, can aldığın şux baxışlının, Tək nazını yox, həm qəhrini çəkməkdir, məhəbbət.
İNCİMƏRƏM Səhvlərimi deyən olsa, Tez silərəm, incimərəm. Lap malımı yeyən olsa, Tən bölərəm, incimərəm. * * * Söz verdimsə, mən sözümə, Qul olaram, de üzümə. Yalan çıxsam, mən özümə, Ar bilərəm, incimərəm. * * * Düz işimi hey əyənə, Arxamca nələr deyənə, Mənə ölüm diləyənə, Can dilərəm, incimərəm. * * * Üzünə maska geyənə, Tam qaraya ağ deyənə, Məni başa düşməyənə, Off!!! Gülərəm, incimərəm. * * * Heç ərinmə, son halında, Cəfa çəksən, yar yolunda. Rahatca sənin qolunda, Bax, ölərəm, incimərəm. * * * Murada can vermisən,can, Sənlə nəfəs alır hər an. Əzizim, dərdinə dərman San, gələrəm, incimərəm.
DÜŞÜNCƏLƏR Yuz fikir dolaşır beynimdə indi, Azıram, yol tapıb çıxa bilmirəm. Elə bir zamandı, elə bir gündü, Dönüb dünənimə baxa bilmirəm. * * * O qədər qarışıq vaxta çatmışıq, Dərd-azar içində çabalayırıq. Ömür quş tək uçdu, sanki yatmışıq, İndi ayılmışıq, ay, gün sayırıq. * * * Nə vaxta acıdıq, nə də ömürə, Bir giley-güzara varmı vəsilə? Düşünə bilməzdik, qurd tək gəmirə, Zaman ömrümüzə qənim kəsilə. * * * Nə qədər səhvlərin günahı bizdə, Niyəsə, tənbəllik canımızdadır. Çox şey arzularıq fikirdə, sözdə, Əməldən yayınmaq qanımızdadır. * * * Bu da bir həyatdır, səhvi, düzüylə, Öyündük hər zaman öz pulumuzla. O qədər səhv etdik yadın sözüylə, Ərindik getməyə öz yolumuzla. * * * Bir dəfə gəlirik həyata yalnız, Səhvləri düzəltmək imkanımız yox. Tanrı qarşısında qalanda yalqız, Bax, aciz oluruq onda daha çox.
RUHLARLA SÖHBƏT İlk dəfə deyil ki, ayaq basıram, Yenə üz tuturam məzarıstana. İlk dəfə deyil ki, qulaq asıram, Ruhlarla aramda olan dastana. * * * Yuxuda görərəm, uzaqdan baxar, Mənə yaxın olan, simsar olanlar. Ayılsam, elə bil yadımdan çıxar, Gecə əhvalımı xəbər alanlar. * * * Deyirlər, ruhlar da izləyər səni, Bəzən çevrilərlər dayaqlarına. Elə hey qoruyar, gözləyər səni, İstəməz daş dəysin ayaqlarına. * * * Ruhlar yol ölçərlər, gedib, gələrlər, Göylərdən asılmış körpü salarlar. Burda nə baş versə, orda bilərlər, Çünki mələklərdən xəbər alarlar. * * * Bu fani dünyada ömrümüz qısa, Bizim ruhlara da yer verər göylər. Oğlumuz, qızımız gəlib nə vaxtsa, Yəqin bizləri də anar, yad eylər. * * * Ruhum sakitdirmi, bilmirəm vallah, Niyəsə rahatdır, məni incitmir. Ruhumla yaxınam, dostam, ay Allah, Hələ ki, yaşamaq həvəsim bitmir.
ÖLÜM YOLU Ayılırıq hər səhər, Yol tutub yeriyirik. Dərdimizi bir təhər, Unudub, kiriyirik. * * * Səhv eləsək ,bu yolda, Bu yolu qısaldarıq. Başımız qeylü-qalda, Səhvlə həmişə varıq. * * * Baş qarışır gülməyə, Həyasız bir bəndəyik. Göz yaşını silməyə, Əl yetmir, nə gündəyik?! * * * Hamı gedir bu yolu, Sərt yoxuşu, enişi. Nə sağı var, nə solu, Nə də geri dönüşü. * * * Gedirik, gülə-gülə, Arzu bitməz, kam çoxdur. Nə arzula, nə dilə, Bu yolun sonu yoxdur. * * * Ölüm yoludur, bu yol Otunu biçəcəksən!!! Şah ol, kim olursan ol! Bu yoldan keçəcəksən!!!