Etiket arxivi: Nərmin Ağaqızı

Azərbaycan Respublikasının şanlı tarixinə yazılan qürur səhifəsi – Nərmin Ağaqızı

Azərbaycan Respublikasının şanlı tarixinə yazılan qürur səhifəsi

Zəfər bayramı – ölkələrin tarixindəki müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkədaxili fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır – məhz 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan, Qarabağın tacı Şuşa şəhəri işğaldan azad edildiyi 8 Noyabr şanlı tarix kimi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə məkirli erməni silahlı bölmələrinin işğalından Şuşanın azad edilməsi məhz müharibənin taleyində ümdə və həlledici rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərancamı ilə şanlı ordumuzun səyi nəticəsində qazanılmış misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!

“Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan- vətəndaşlıq hissini dərk edə bilməz” demişdi, mərhum şairimiz Səməd Vurğun. Bəli, hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən bir duyğudur. Şəhidlik isə şüurlu surətdə canından keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır- məhz Zəfər günü Şəhidlik Zirvəsinə ucalmış Fərid Şamilov kimi. Şamilov Fərid Mirzə oğlu may ayının 4-ü 1999-cu ildə Sumqayıt şəhərində dünyaya göz açıb. 2005-ci ildə Sumqayıt şəhər 16 №-li tam orta məktəbin 1-ci sinifinə daxil olub, 2016-cı ildə həmin məktəbi bitirib. 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsindən həqiqi hərbi xidmətə gedib. Füzuli bölgəsində N saylı hərbi hissədə ön xətdə xidmət edib. 2019-cu ildə yanvarın 9-da hərbi xidmətdən geri dönüb.
O, “Səba” ASC-nin mühafizə xidmətində əmək fəaliyyətinə başlayır. Hələ uşaq ikən həmyaşıdlarından fərqlənən, hər işdə fəal, dürüst davranan Fərid Şamilov Səfərbərlik elan olunduğu zaman “Vətən dardadır” düşünərək öz ərizəsi ilə çalışdığı müəssisədən ayrılıb, könüllü surətdə rəşadətli Azərbaycan ordusuna qoşulur. 2020-ci il noyabrın 8-dən 9-na keçən gecə Xocavənd uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına vuruşaraq, Şəhidlik Zirvəsinə yüksəlir. O, Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilir. Döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmiş, habelə torpaqlarımızın azad edilməsində müstəsna rolu olan Şamilov Fərid Mirzə oğlu ölümündən sonra Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev tərəfindən aşağıdakı medallarla təltif edilir:

1.”Vətən uğrunda” medalı;
2.”Cəbrayılın azad olunmasına görə” medalı;
3.”Xocavəndin azad olunmasına görə” medalı;
4.”Füzulinin azad olunmasına görə” medalı

Ölməzliyin nidası, o əlçatmaz Şəhidlik Zirvəsinə ucalmaq hər vətəndaşa nəsib olmur. Uca Tanrının, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər. Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə gənclərimiz, o cümlədən bütünlüklə Azərbaycan xalqı fəxr edir!
Bakı 2023.

Müəllif: Nərmin AĞAQIZI

NƏRMİN AĞAQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru