Etiket arxivi: Pərviz Yəhyalı

Pərviz Yəhyalı – Bir dəstə yarpız

Bir dəstə yarpız
(hekayə)

  • Elə mehribanlıqla danışırsan satıcı ilə lap paxıllığım tutur
  • Neyniyim, kobudluq edim?
  • Yox, niyə. Sadəcə hamlya xoş münasibətin olur. Təkcə məni görəndə elə bil ilan-qurbağa görürsən. Həmən hirsini tökürsən üstümə
  • Yox, elə deyil- gülümsəyərək əlavə etdi:
  • Əslində ilanlar da, qurbağalar da ziyansızdı.
  • Hətta məni ilan-qurbağadan da….
  • Yox ee, sənin sözünə deyirəm ki, əksəriyyət ilanları pis tanıyır, amma onların quyruğun tapdamasan adamı sancmazlar.
  • Sənin ilan sevdan da varmış?
  • Yaxşı da. Söz düşdü dedim. Bilirsən, danışmışdıq axı. Bu gün biz ciddi qərar vermək üçün görüşdük. Xahiş edirəm birdəfəlik başa düş, bizdə alınmır və alınmayacaq. Səninlə əbədi dost olaraq qala bilərik. Sən mümkünsüzdən yapışıb qalmısan
  • Axı niyə?
  • Ona görə ki, olmaz
  • Bilirsən sevdiyimi, özü də dünyalar qədər. Onu da bilirsən ki, sənsiz yaşamaq mənim üçün mümkün deyil.
  • Heç kəs, heç kəs üçün ölmür. Bircə sən allah demə ki, gedib intihar edəcəksən
  • Bilsəm ki, nə vaxtsa bir dəstə güllə qəbrimi ziyarət edəcəksən onda ölərəm
  • Yaxşı sən allah, ciddi ol!
  • Düz sözümdü vallah
  • Bura bax, birinci ölmə, ikinci heç vaxt mən gedib hardasa sənin qəbrini axtaran deyiləm.
  • Elə bilirsən zarafat edirəm
    Bəlkə ürəyində kimsə var. Açıq de bilim.
  • Yoxdu, olsa belə özüm bilərəm. Birdəfəlik xəyal qurmaqlarını qurtar. Ümid də xəyal eyləmə.
  • Demirsən ürəyini, bilsəm ki…
  • Xahiş edirəm. Nə zəng et, nə görüşək.
    Xüdafizləşib azacıq aralananda çevrilib, gülə-gülə -ziyarət edəcəyimə arxayın olub ölmə! -dedi

Göz işlədikcə qırmızı və yaşıl əsrarəngizlik könül oxşayırdı. Qızılgül dərəsi onun üçün dünyanın əvəzolunmaz məkanı idi. Hər il may ayında bura baş çəkir, təbii qızılgül ətrindən doyunca çiyərlərini qonaq edirdi. Qızılgül dərəsi həm də gözdən-könüldən uzaq yerdə olduğu üçün buralarda bir inni-cinni olmazdı. Nadir hallarda yaxınlıqdakı kənddən mürəbbə bişirmək üçün uşaqlar ləçək yığmağa gələrdilər.
Uzun illərdi gəldiyi bu dərə əvvəlki illərdə olduğu kimi gəlmədi ona. Heç fikrindən çıxmırdı ki, ona söz vermişdi bura gətirəcəyini. Amma bu arzu olaraq qaldı. Hər ikisinin arzusu.
Dəfələrlə Qızılgül dərəsinə necə gedə bilərəmi soruşmuş, hər dəfə də yolu desə də oranın harada olduğu, yolu yadında qalmamışdı. Mütləq sənə oranı göstərəcəm demişdi. Çətin, ağlabatan yerdə deyil. Heç oranın yerini bilən adam barmaqla sayılacaq qədər az olduğunu da bildirmişdi.
Zəif yaz mehi qızılgülləri dərə boyu dalğalandırır, bihuşedici ətri dalğa-dalğa ətrafa yayırdı.
Ürəyində özünü məzəmmət edir, niyə onu bir dəfə bura gətirəmmədim təəssüfündə yanırdı. Bura nə qədər füsnkar olsa, dünyanın ən məsum baxışlarının həsrətindən qəmli olacaq həmişə keçdi ağlından. Niyə həyat belə amansızdır sualı bütün vicudunu yandırırdı. İlahi eşqi hicran alovunda yandırıb külünü küləklərə verməkdə qəsdi nədi fələyin deyə bitib-tükənməyən sualları özü-özünə pıçıldayırdı.
Birdən ağlına gəldi ki, heç burdan qayıtmasın geri bir daha. Qalsın burda bütün ömrünü. Qaçıb qurtarsın canını pis adamlardan. Eləcə tərki-dünya yaşasın ömür payının qalan hissəsini Qızılgül dərəsində.
Tez də ruhdan düşdü. Bu da asan deyil. Yaşam üçün daxma lazım. Yenə gedib qida, su gətirmək. Görüb, biləcəklər yerini. Qonaqlar, dostlar baş çəkəcək ona.
Bəlkə… bəlkə, allahdan arzu edim; yarəbbim məni insandan başqa bir canlıya çevir, qalım burda. Hətta ağlına gələndən özü də gülümsədi. Ən ülvi arzumu eşitmədi tanrı, indi bunu eşidəcək?
Nə fikirləşdisə heç özü də anlamadı. Əllərini cütləyib ovcunu göylərə açdı. Yarəbbim, məni bir ilana çevir, qalım burda, dönməyim bir də insanların içinə. Orada hər sözdə, hər səsdə, hər yerdə xatirəsi yandiran əlçatmazlığım onsuz da məni özümü unutdurub. İstəmirəm məni barmaqla göstərib dəli desinlər, tənə etsinlər. Unutmağımın mümkünsüz olduğu sevgimi unuda bilmədiyimi başa düşüb mənə rişxəndlə baxsınlar. Çevir məni bir ilana, mən onsuz insan olaraq qalmağı istəmirəm!
Bu nədi? Bu nə möcüzə!
Mən ilan oldum?
Gecə-gündüz zamanla dua edib, sevgimə qovuşmaq arzumu eşitməyən tanrı bir andaca məni ilana çevirdi?

  • Bunlardan soruşaq, hardasa bu yaxınlarda olmalıdır
  • Vallah, sən mənim başıma
    ip salıb hərləyirsən. Ora sür, bura sür. Buralarda sənin axtardığın Qızılgül dərəsi filan yoxdu. Qayıdaq gedək evimizə.
  • Yox bircə saxla maşını, mən özüm soruşaram.
    Maşından düşüb, yolun kənarında tərsinə çevrilmiş yeşiklərin üstə cürbəçür dəstələr satan adama yaxınlsşdı
  • Dayı hər vaxtınız xeyir. Bazar olsun. Buralarda Qızılgül dərəsi olmalıdır, ora necə gedə bilərik?
    Yaşlı kişi təəccüb dolu nəzərlərlə ondan söz soruşan xanıma baxdı
  • Ay qızım siz hardan eşitmisiz Qızılgül dərəsini?
    Deyim sizə, amma bir az çətin gedəcəksiz.Torpaq və narahat yoldu. Yol deyəndə yolu yoxdu ha. Eləcə maşın gedənə qədər gedər, sonra piyada.
    Sevindiyindən qərara aldı ki, bu dayının satdıqlarından nə isə alsın. İki-üç dəstə kəvər, qulançar və yarpız alıb, pulunu verdi.

-İlahi, bura cənnət imiş. Bir gör nə gözəllikdi.

  • Hə, düz deyirsən, məni bezdirməyinə dəyirmiş. Di sən allah nə qədər selfi edirsən et, gedək.
    Xeyli ləçək dərdilər, uzaqdan iki-üç 13-14 yaşlı oğlan uşaqlarının da qızıgül ləçəkləri topladığını gördülər. Maşının yanına qayıdanda günəş qürub qızartısını dağların arxasına çəkə-çəkdə idi.
  • Ayyy!!! İlannn!!!
  • Qorxma! -deyib xanımın ayağının altından qaçan ilana sarı daş atmaq istəyəndə
  • Dəymə, sən allah!
  • Necə dəymə! Bir rənginə bax, ağapbaq oldun. Bir də elə qışqırdın elə yarı ölü kimidi qorxudan ilan, qoy öldürüm canı qurtarsın.
  • ilan yazıq neynəsin, mən tapdadım da onu.
    -Dayan bir görüm, öldürəcəm.
  • Gəl sür gedək!
    -Yox e odur orda uşaqlar gül yığır, çalar oları. Bir də ilan öldürmək gərəkli bir şey. Diogenin bir fikri var kim bir alma ağacı əkib, bir ilan öldürübsə, demək ömrü hədər getməyib. Mən alma ağacı əkməmişəm, amma ilan öldürmək şansımı əldən verə bilmərəm. Yəqin bilirəm daşın altına girdi deyib əlini böyük daşa tərf uzatdı.
  • Sən allah dəymə, gəl gedək.
  • Bax o çantalar o uşaqlarındı. Qoyublar bura. Qayıdanda götürməyə sancar onları.
  • Dayan, belə bir məsəl var ilanın zəhləsi yarpızdan gedər, o da gəlib onun yuvasının ağzında bitər. Bilirsən? Biz də yarpız qoyaq bura o daşın altından çıxmayacaq, çıxsa da əks tərəfə gedəcək. Uşaqlara da xətər yetirməz -deyib maşından bir dəstə yarpızı böyük daşın yanına qoydu. Lap kənardan başdaşının önünə gül qoymağa oxşadı.

Qəfil əsən külək pəncərəni hirslə açdı. Havadan yağış qoxusu gəlirdi. Pəncərənin taqqıltı səsinə hövləng yuxudan ayıldı. Hiss etdi ki, qan-tərin içindədi. Gördüyü yuxunun yuxu olduğuna əmin olmaq istəyirdi. Dəli yaz küləyi isə arxdöşü yarpızların ətrini otağa doldurmuşdu

Vaqif Mustafazadə – 85

Vaqif Mustafazadə – 85

Əyri-üyrü küçələrinin daş döşəmələrində addım səsləri, məhəccərlərinin qıvrım-qıvrım naxışları, böyük şəhərin hay-küyünün içində sükut adası, məhəllə məscidlərinin minarələrində yuva qurmuş göyərçinlər… həzin, eyni zamanda şaqaraq notların vəhdətində nəğmə İçərişəhər. Beş əsrlik daş yaddaşındakı susqunluğu və bu susqunluğun içindən haraylanan hayqırtı İçərişəhər. XX əsrin 60-cı illərində çoxlarının duyub, hiss etdiyi bu ecazkarlığı musiqinin dilində səsləndirmək Vaqif Mustafazadə cəhdində sadəcə cəhd olmadı. Vaqif barmaqlarından piano dilləri dil açıb oxudu. Onun qayğıların ağuşunda keçən uşaqlığını, atasızlığnı, ilk gəncliyini, sevgisini və əlbəttə sakini olduğu İçərişəhrin bənzərsiz nəğməsini. Vaqif barmaqlarının sehrində səslənən notlar yaradıcı ruhu ilə yanaşı duymaq, İçərişəhərin yaranışdan divarlarına, daşlarına hopmuş huzuru musiqinin dilində danışdırmaq bacarığı ilə qoşalaşıb özünə qədərki ənənlərinin üstə yaranan yeni sənət, yeni yol, yeni məktəb idi. Vaqifin sənət gerçəyi gerçəklərin içində nağıl, nağılların əhatəsində gerçək olmaqla dinləyici ruhunu özündən qoparıb haralarsa uzaqlara aparır. Zillə bəmin arasındakı keçidlərin tilisimində tilisimlənib qalan dinləyicisi Vaqif sənətinin möcüzəsində ayaqları yerdən üzülmüş kimi çəkisizliyə düşür. Sirli, sehirli nağıl dünyasında öz nağılının, öz xatirəsinin əhatəsində bəstəni də, ifanın da məhz onun həyat hekayəsi olduğunu sanır.
Həsrətdir, xatirədir, köks ötürməkdir, ümidir, çağrışdır, şahə qalxıb öz nəhrinə üsyan edən, sakitləşib sevgili sahillə öpüşən dalğadır Vaqif ifası. Ana laylasının şirinliyi, ürək sızladan ağının acısıdırVaqif bəstəsi.
Vaqif üsyan edirdi. Kimə, nəyə etraz edirdi? Dövrünün buxovlarınamı, onu başa düşməyənlərəmi, bəlkə dünyaya tez gəldiyinə? Təkcə bəlli olan o idi ki, onun içindən etiraz kükrəyirdi.
Saysız-hesabsız araşdırmaçılar, musiqişunaslar yaradıcılığını caz, caz-muğam vəhdəti adlandırdı. Qoy nə deyirlər, necə tədqiq edirlər etsinlər. Bir həqiqət var ki, Vaqif özünü, ürəyinin səsini köçürürdü nota, Vaqif içindəki təlatümləri,etirazları hayqırırdı. İfası qəlbinin səsi idi. Notlar onun ürəyindən qopurdu.
Sənət ehtirası, mütüliyə qarşı cəng, haray not-not canından can qoparırdı Vaqifin. Hər ifasından sonra ürəyinin bir parçası ayrılıb ürəyindən alqışlara qarışırdı.
Bütün çətinliklərə, qarşısına çəkilən sədlərə baxmayaraq gələcəyə ümidli idi. Nə vaxtsa onun gələcəyinin gələcəyinə inanırdı. Gözləyirdi. Gözlədiyi zamanına qovuşmaq üçün tələsirdi. Ona qarşı çıxanlar, səhnə tərzinə etiraz edənlər çox olsa da, lap hərdən hər şeyi ürəyinə salsa da öz yoluna davam edirdi. Amma ömrünün qırxıncı baharına çatmamış fələk ömür yolunu kəsdi. Amansızcasına, elə səhnədəcə. Barmaqları royalın ağ-qara dilləri üstündə hərəkətsizləşdi. “Əzizəni gözləyərkən” ifası yarımçıq qaldı. Yarımçıq ömür, yarıçıq ifa…

Müəllif: Pərviz YƏHYALI

Vaqif Mustafazadə – 85

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərviz Yəhyalı – Yakamoz

Yakamoz
(etüd)
Səmti bilinməyən qəfil dəli külək kimi gəlmişdi həyatına. Bilmirdi ki, qəfil gəldiyi kimi də getməsini istəyir ya yox. Hər halda onun əzab çəkməyindən özünü günahkar sayırdı. Fikirindən keçirdi ki, o, küsüb-inciyib, üz çevrib getsin. Ancaq ürəyinin hardasa lap dərinliyində, saysız-hesabsız qayğı yığınlarının altında “getsə darıxaram” da olduğunun fərqinə varırdı.
Onların tanışlığı da, dostluğu da qəribə olduğu qədər anlaşılan idi. Ruh və baxışları əkizlikdən çox üst-üstə düşən, bir-birinin eyni olan büsbütün oxşardı. Tez-tez də sən məni hələ düz-əməlli tanımırsan deyirdilər bir-birinə. Əslində elə bir məqam yox idi ki, fikir ayrılıqları olsun, xarakter fərqləri özünü göstərsin. Salıb zarafata deyirdi ki, səni öldürərəm. Hətta əlimdə çəkic olsa vuraram, əllərimlə boğaram. Əks tərəf isə “ heç bilməzdim nə vaxtsa ölümü bu cür xoşbəxtcəsinə qarşılayaram” cavabını verirdi.
Bəs mən nə edim ki, sənlə çıxıb gedəsən? Sualına da cavab belə olurdu “heç nə etmə, istəsən də özün olmaqdan dolayı bir şey edə bilməzsən”
Açıq pəncərədən dənizin üstə düşən ayın əksi onu ovsunlamışdı. Gecənin qaranlığını zərif ay işığı öz sarışın bəyazlığına bürüyüb, səmanın tavanından gülümsəyirdi. Sehrindən doya bilmədiyi mənzərə onu elə məftun etmişdi ki, kimsə çağırsaydı belə eşitməzdi. Sakit ləpələnən dənizin üstünü ayın suda əks olunan işığı mavi-yaşıl fonda üfiq harizontuna qədər aparırdı. Ensiz zolağın rəng çalarlarıda qırmızı da vardı. Bu an onun üçün dünya elə yakamoz cığırından ibarət idi. Hara uzanıb gedir sənin yolun ay yakamoz? -deyə fikirindən keçəni özü-özünə pıçıldadı. Bəlkə üfiqin arxasıda əl çatan, ün yetən xoşbəxtlik adası var? Bəlkə o adaya gedib çatsam heç vaxt yaşamadığım ən bəxtəvər hislərimin şaqaraq şəhanəliyinə qovuşacam. Görəsən orda, mən olmayan yerdə ulduzları üzüb göylərdən mənə verərmi? Yoxsa dəliliyimdən bezib arxada buraxdıqlarının xiffətində boğulduğundan həvəssiz olar göylərə qalxmağa. Görən yorularmı? Peşman olarmı?
Ah yakamoz! Ah yakamoz! Sənmi ayı bənd edib saxlamısan, aymı səni əsir edib sularda? Bəlkə fikirimdə kölgə kimi dolaşan o, gətirib gümüş kəmər kimi dolayıb ləpələrin belinə səni!
Yox daha onun zənglərinə cavab verməyəcəm. Daha onun haqqında heç düşünməyəcəm. Beş gün, on gün, bir ay o, da çəkilib dönəcək öz həyatına. Tərsdi? İnadkardı? Mən ondan da inadçılam. Getsin mənə acıq verdiyi əyləncələrinin yanına. Xizəklə sürüşsün, quşların cəh-cəhindən zövq alsın, alaçıq qurub gecələri dağlarda yatsın, həşəratların belə səsi gəlməyən sakitliklərlə baş-başa qalsın. Şəlalədə yuyunsun, paraşütlə atılsın, nə bilim üzüm salxımlarından şirə sıxıb, yanaqlarını bulaşdırsın. Lap gecələr səhərəcən əsgi radioda retro musiqilərə qulaq assın. Təki, təki məni unutsun! Çıxarsın məni yadından!
Birdən fikirlərinin sərtliyindən diksindi. Yazığı lap yaş yuyub quru sərdim ki… Dodağı da qaçdı. Bir az daş ürəkli oldum deyəsən. İnsafsızlıq etdim.
Nə bilim eeee. Bircə onu bilirəm o, mən kimi ola bilməz! Zamanla soyar məndən, misqal-misqal itrər sevgisini də, bağlılığını da. Nə olsun təkid edir ki, yox. İndi belə deyir.
Üfff ! Kabusdu kimdi, qafamdan da getmək istəmir. Deyəsən məni iraq olsun divanəliyə yoluxduracaq.
Niyə başa düşmür ki….
Ağlından həyatda heç vaxt etmədiyi bir şey keçdi. Bəlkə onu sınağa çəkim. Götürüm elə günü sabah deyim ki, gəl tutub əl-ələ gedək sənin arzularının adasına. Bir ömrün əbədi qoşa bəxtiyarlığına. Aa necə ağlıma gəldi. Çəkilər geri onda. Min bəhanə tapar.
Bu tərs birdən elə ağzımdan çıxan kimi….. arxasını ağlının ucundan belə keçirməyə cürət etmədi.
Amma….. gülümsüdü. Möhtəşəm idi. Duyğulu, bir az kədərli, ifadəli baxışlar yakamoza zilləkli. Bu məqamda onun simasını çəkməyə heç bir rəssam cürət etməzdi. Ən mahir təhkiyyəçi bu an fikirindən keçəni duyub, qələmə ala bilməzdi. Bəlkə, bəlkə tanrının özü də onun qəlbinin pıçıltılar düzüzülüb-qoşulan dərinliyinə vara bilməzdi.
Bəlkə heç onun düşüncəsindəki gümanlar artıq saatlarladı göz-gözə durduğu yakamoz kimi bir ilğımdı. Uzaqdan görünür. Hətta duyğularında dolaşıb dodaqlarına pıçıltı kimi axır….
Dönüm gedim ona sarı?
Bəlkə elə nağıllarımın içindən çıxıb, gəlib məni aparmağa… Axı ürəyimin qapıları bağlıdı. Bu tərsin balası hardan yol tapıb, keçib oturub üst başda görən? Yaxşı əllərimi versəm əllərinə, tutub bərk-bərk apararmı məni öz adacığına…
Yooox!!
Getməyəcəm yaxına, uzaq duracam! Gedib ovuclasam heç bir gözəllik qalmaz.Adi dəniz suyu. Lacivərd əsrarəgizliyin yerində bir ovuc duzlu dəniz suyu.
Yakamoz beləcə qal!
Sən də gəlmə yaxına bir ovuc dəniz suyu kimi axarsan gözlərimdən.

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azər Nəsiboğlunun və onun timsalında bütün Yanvar şəhidlərinin əziz xatirəsinə

Azər Nəsiboğlunun və onun timsalında bütün Yanvar şəhidlərinin əziz xatirəsinə

Bakı, Parlament prospekti. Bu prospektin başlanğıcındakı yeraltı piyada keçidi və yol ayrıcı. M. Müşfiq küçəsi ilə Parlament prospektinin kəsişməsi. 20 nömrəli məktəblə üzbə- üz, Respublika İncəsənət Gimnaziyasını qarşısı. H. Cavid prospektinin sonu. Burada bir büst var. Heykəltaraş məğrurluqla məsumluğun vəhdətini daş cizgilərdə məharətlə verməyə nail olmuşdur. Abidə 20 yanar şəhidi Azər Nəsiboğluna məxsusdur. Onun iyirmi iki illik həyat yolu 20 yanvar 1990-cı il tarixdə, o məşum gecədə qatil düşmən gülləsindən sona çatmışdı. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsinin lll kurs tələbəsi idi. Kim bilir, şəhidin arzusunda olduğu, xəyallarında dolaşdırdığı çəkəcəyi, ya quruluş verəcəyi əsər nədən bəhs edəcəkdi. Çox güman ki, onun həyat verəcəyi ilk əsər azadlığa gedən yol, ya da vətənin müstəqil olmaq arzusundan doğan motivlərə bağlı olacaqdı. Fəqət, düşmən məkri qanlı qayçısı ilə onun həyatını digər şəhid soydaşları kimi həmin gecə kəsdi. Yarımçıq ömür, gözdə qalan arzular… Təkcə bir təsəllimiz var. Şəhidin arzularının çin olduğunu bütövlükdə xalq olaraq görmək, yaşamaq nəsibinin xoşbəxtliyini daddıq.
Azər Nəsiboğlu istedadlı gənc idi. Vətənpərvərlik hisslərilə alışıb, yanırdı. O, həm də ruhən ədəbiyyata bağlı olub. Onun “Bahar Sevinci” və “Yol Ayrıcı” hekayələri ədəbi kəhkəşanda kiçicik, lap iynə ucu böyüklükdə olsa da öz əbədi işığı ilə daim yanar olacağı şəksizdir.
Həyat təcürbəsi zəngin olan, çox oxuyan, çox gəzib-dolaşan, zəkası üstün olan insanlar belə nabələd olduqları məkanda qarşılarına çıxan yol ayrıcında duruxar, gedəcəyi səmti seçməkdə fəhmin diktəsində bəxtə-bəxt amilinə üz tutar. Seçdikləri yolun isə yanlış və ya doğru olması məhz yolun sonunda bəlli olar.
Azər Nəsiboğlu gənc yaşında ”yol ayrıcında” nagümanlıq yaşamadı. Azadlığımıza gedən yolu tutdu. Çığırdaşlıq edib, arxasınca müstəqil olmağımıza gedən milyonlarımıza bələdçi oldu.
O soyuq və qanlı qış gecəsinin “bahar sevincinə” aparan cığırına öz mübarək ləpirlərindən iz salmağı bacardı.
Azər Nəsiboğlunun abidəsi yol ayrıcındadır. Müşfiq kücəsi ilə aşağı düşüb Xəzərin öz sevgili sahili ilə görüşdüyü yerə, ya Cavid prospektinə üz tutub elm məbədlərinə sarı getmək olar. Lap elə küçəni düzünə keçib qayğısız uşaqlıq illərini yaşayan şən qəhqəhəli məktəbli uşaqların hər gün məktəbə tələsdiyi səkilərdə addımlamaq da olar. Azərsə Yol ayrıcında tunc köksünün sol tərəfindəki yolu tutdu. Bu yol Parlament prospektinin sonundakı müqəddəs məkanla, Şəhidlər Xiyabanı ilə sonunclanır. O son ki əbədiyyətimizin başlanğıcı, and yerimizdir.

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərviz Yəhyalı – Yanıq iyi

Yanıq iyi
(hekayə)
Mən yuyunmaq istəyirəm! Şəlalə gülüşünün qəhqəsində. Mən boğulmaq istəyirəm gözlərinin dərinliyində. Tutub əlindən uçmaq istəyirəm nəhayətsiz ənginliklərə. Birdəfəlik yox olub getmək istəyirəm sənlə günəşin ilk boyalandığı dağların arxasına, ya da qüruba əlimiz çatan uzaqlığa. Sahilində bir sınıq qayıq olmayan adada bir ömrü sənə həsr etmək istəyirəm. Hər səhəri o adanın ən gözəl, ən ətirli çiçəklərini üzüb ayaqların altında bəxtəvər etmək niyyətindəyəm. Yumub məni gözlərində uyğularının əbədi müsafiri olmaq keçir könlümdən.
Qorxunun içindən doğulmuşam. Qorxmuram daha. Bilirsən qorxusuzluq nədi? Sənə olan məhəbbətimin aydınlığı, pəmpəcə buludların bəyazlığında tərtəmiz yazıdı. Heç mürəkkəbi də qara deyil. Tanrının mübarək əlindən mürəkkəbi günəşin al şəfəqindən olan yazıdı. Bu yazının oxunuşu səmavi kitabların ayəsinin avazındadır. Bu ayələri oxumaqdan niyə də qorxmalıyam. Haqdan gələn nidalar heç bir qorxuya baş əyməz.
Ehkamlara hayqırıb, meydan oxuyuram. Əgər insanların düzüb-qoşduğu adət və nə deyərlər hücum çəksə üstümüzə, alıb səni qollarıma qaçaram bir kimsənin yaşamadığı məkana.
Bu nədi ağlayırsan? Bəlkə sən hələ biz getməmiş yerdə indiki yerimiz üçün qəribsədin. Hələ arxada buraxmadıqlarına acıdın?
Bəlkə etiraf edəsən! Nəyi?
Bəlkə deyəsən….. Yox nə sevmək, sadəcə sənə biganə deyiləm!
Yaxşı, bildim. Yanlış anlamışam. Mən sıradan bir dostammış. Lap olsun ən yaxın dostammış.
İnciyirsən? Küsürsən?
Bəs özün nə etdiyinin fərqindəsən?
Sinəm qalıb kənarda. Köksümdəki ürəyin üstünə dırnaqlarından şıram çəkirsən. Sonra da Masazır duzundan ovuclayıb basırsan üstünə. Bir andaca qoparıb salırsan ən qaynar island termalına. Ürəyin soymur ki… ordanda əsən rüzgarlara verib qovursan artika buzlaqlarına. Qəribəsi də odur ki, bütün bunları bir anda, bir göz qırpımında edirsən.
Heç nə etmirsən? Bu mənəm bir sözündən uçub günəşə çatan, ya bir incik dodaq büzməyindən buz bağlayan.
Bilirsən nə arzulayıram? Əlinlə ən acı bibəri dilim-dilim doğrayasan, yox eee.. nə bibər, zəhər verəsən bir içim. Qafqaz bal arılarının bənövşə ətirli balı kimi çəkərəm dodaqlarıma, Abşeron şanısının əldə sıxılan ən şirin salxımdan süzülən şirinlik bilərəm zəqqutun təmli zəhər şərbətini.
Qorxursan? Zərif çiyinlərin çəkə bilməz bu böyüklükdə sevgini? Çəkə bilməz mən böyüklükdə yükü? Yoxsa qorxursan çatdığın ocağın alovu qarsdırar üz-gözünü. Ya mən yanıb kül olaram. Bir dəli qara yel də gəlib külümü çırpar üzünə. Qorxudan tir-tir əsən uçuqlamış dodaqlarına, göz yaşının yanağındakı cığırlarına qarışan kül səni tanınmaz edər.
Qara yelin başının üstə oynatdığı kül burulğanını görüb, sənə başına kül olmuş deyərlər?

Bütün yazdıqlarını bir nəfəsə oxudu. Özü də bilmirdi nə köçürür kağıza. Məktubmu, rabitəsiz düşüncələrinin hıçqırıqlarınımı. Bir şey ki, onun özü üçün anlaşılmaz idi, bəs….. gözlərini döyə-döyə yazıya baxırdı.
Çəkindi, üşəndi. Duyğu bətnini tərk edən sözlərdən eyməndi. Dərhal kağızı kiçik hissələrə bölüklədi. Kibrit çalıb yandırdı. Həycandanmı, barmaqlarının titrəməyindənmi biləyi də azacıq yandı. Göynədiyini hiss edib, xəfifcə gülümsüdü də. Yazdığı bir vərəq kağız əlini belə göynədir, bəs büsbütün yanan vücudu… Yeri-göyü yandıraram ki…
Kağız yanığının iyi otağını bürüdü. Pəncərəni açdı. Hava küləkli idi. Ev telofonunun zəngi onu diksindirdi. Axırıncı dəfə onun dəstəyini nə vaxt qaldırdığını xatırlamırdı.
-Alo qonşu salam-deyən səsin sahibini tanıdı.
-Salam.

-Qonşu mobil nömrəni bilmirdim. Hava küləklidi. Yanıq iyi hiss etdim.Dedim görüm salamatçılıqdı?

-Salamatçılıqdı.
Bilmədi təəcüblənsin, ya….
Hissilərinin bircə vərəqlik kağıza köçəni dünyanın ən biganə və kobud qonşusuna tüstüsünü necə çatdırdı.

Sirenlərin həyəcanlı səsi hələ də açıq pəncərədən bütün otağı başına götürmüşdü. Əks tərəfdəki küçənin o başında tikintisi hələ başa çatmayan bina yanırdı.

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərviz Yəhyalı – Kəpənəklərin rəqsi

Kəpənəklərin rəqsi
(hekayə)

Hərdən yorulub usanırdı. Min bir əziyyətlə, hər cümlə və nöqtəsi ürəyindən keçən ağrılardan yazılmış sətirlərdən küsürdü. Dəfələrlə redaktə etdir, sonradan ilkin variantının daha yaxşı olduğunu yəqin edib, yenidən başa dönürdü. Gözündən düşdüyü vaxtlar da olurdu. Tərəddüdləri, təəssüfləri üstün gələndə, atıb bir küncə üzünə baxmaq belə istəmirdi. Yox əsla! Bu əzablı yaradıcılıq axtarışlarından doğmurdu. Hətta vurğunu olduğu, qapqara gecələrin sehirli sakitliyinə qısqanmasından gəlib dururdu yazacaqları düşünəsinin qapısında. Məni yaz deyirdi! Amiranə göstəriş verirdi. Bəzən bu işə keçməyəndə acizanə şəkildə yalvarışlar edir, məni yaz deyirdi. Bəlkə də yüz ad keçmişdi ağlından. Bütün duyğu yaddaşında nə ad vardı bir-bir verirdi ona. Yuvasız qalmış balaca qaratoyuq da deyirdi, siyah gecələrin uyğusuz bəyazlığı da, yağışın səsi də, mavi əngilikdə al yelkən də… Yenə ürəyinə yatmırdı. Hərdən də dolan gözlərindən kağıza süsüzlən göz yaşlarından, pozulmuş hərflərə yenidən yas tuturdu. Qafiyələri azad quştək budaqdan-budağa qonan hıçqırıqlarını qələmə aldığından diksinirdi. Tez də üstündən xətt çəkib, dodaqlarının pıçıltısından belə qorxduğu tanrı ilə pünhan söhbətlərinin faş olmasından üşənirdi. Misraların üstündən çəkdiyi xətlərlə ürəyi soymur, əlinin pozana çatacağı zamanı belə gec olar deyib, barmağını göz yaşının nəmində isladıb uşaq kimi pozuqulayardı yazdığını.
İllərin uzaq keçmişindəki uşaqlığının burnunun ucun göynədən çağlarından, hörüklərinin ona qürur yaşatdığı bəxtiyarlığından, qorxularından, uşaq marağının kəşf etdiyi dünyadan ad qoymaq istədiyi kitabın hər hərfinin üstündə belə əsirdi.
Qayğısız uşaqlıq illərində arxasınca qaçmaqdan yorulmaq bilmədiyi kəpənəklərdən, atasının ezamiyəyə getdiyi vaxtlar da hamıdan gizlincə gedib, asılqandan onun paltosunu qoxulamaqdan, utana-utana, günah iş görürmüş kimi yazda qu-qu oxuyan quşların səsini sayıb, görüm nə vaxt ailə quracam sınamasından yazmışdı bu kitaba. Bütün şeirləri onun yaşadıqları, duyğularının səsi idi.
Çəkinə-çəkinə ürək dostu ilə ad da qoya bildi nəhayət işıq üzü görəcək kitabına.
“Kəpənək qanadlarındakı arzular”
Yox onlar sevgili deyildi. Oxşar baxışları vardı dünyaya. Etiraz etdikləri hər nə vardısa üst-üstə düşürdü. Bəlkə də taleyin qisməti raslaşdırsaydı daha əvvəllər onları hər şey başqa cürə olardı. Bəlkə də o qədər olmazlar olur ki….
Ancaq elə dəli-dolu ağılları da, qəribəlikləri də eynicə idi. Müəllifini çoxdan unutmuş bir birləri üçün yaranmışların dünyanın harasında olursa olsun, taleyi eyni cür olur ifadəsi heç çıxmırdı fikirindən. Doğrudan da onların taleyində oxşarlıq vardı. Hətta bir dəfə ağlından keçəni gətrib dilinə demişdir ona. Mənim seçimim olsaydı sizi seçərdim.

Əvvəl razılaşmadı. Sonra yaxınlarının təkidi məcburiyyət qarşısında hə dedizdirdi ona. Təqdimat mərasiminin keçirilməsinə razılıq verildi, qonaqlara dəvətnamələr göndərildi. Hətta tanımadığı insanlar zəng vurub onu təbrik edirdi. Ədəbi tənqidçilər çürbəcür epitetlər deyirdilər. Poeziya kəhkəşanında doğan parlaq ulduz, alatoran poeziya fəzasına kosmik sürətlə daxil olan komet də deyirdilər haqqında.

Niyə birdən soyuq küləklər əsdi? Niyə aralarındakı münasibətlər buz bağlamaq həddinə çatdı. Düzdür bir az iztirablarını görməzdən gəldim, bir az etinasız davrandım, bir az incik düşdüm, ancaq bütün bunları ona yaxşı olsun deyə edirdim. Əzabını görüb əzab çəkirdim deyə bir addım geri dururdum.
Hiss edirdi ki, son vaxtlar dostu bir az əsəbi olub. Bütün varlığı ilə səmimiyyətinə inanırdı. Özü isə elə bütünlüklə başdan-ayağa səmimiyyət idi onla münasibətində. Ah bu soyuq yellər!!!
Xətrinə dəyəcək nəsnələr axtarırdı. Hansı ki, bilmədən xətrinə dəyib bəlkə. Bir neçə dəfə sən mənə inanmırsan demişdi. Cavabı da incik-incik elə deyil, düz demirsən olmuşdu dostunun.
Düzü heç özü də əvvəlkitək maraqlanmırdı. Bir az biganə idi, hər halda biganə deyildisə də…. İstəmirdi, istəmirdi qətiyən ona acı yaşatmaq. Qadağalar da tərbiq etmişdi. Məni mübağiləli təşbeh, istiarə atəşinə tutma demişdi. Metoforalardan çələng hörmə, təkrir çələngindən tac düzəltmə demişdi.
Görünür elə hərəsindən bir az dostunu soyudub uzaqlaşdıran səbəblər öz işini görürdü. Hər halda bir az da kişi qüruru bu soyuqluqda rol alırdı.
Zənglər kəsilmiş, son görüşlərindən aydan artıq vaxt keçmişdir. Müəllifi olduğu kitabın təqdimatı ilə bağlı hər detalı ona danışmış, cavabında sadəcə uğurlu olsun eşitmişdir.

Heç gözləmədiyi adamlar tribunaya qalxıb elə isti sözlər deyirdi ki…. Natavan klubu belə izdihamlı mərasimə çoxdandır şahidlik etmirdi. Hər tərəf tanınmış insanlar, yaxınlar, doğmalar idi. Gülümsəyir, ona xoş münasibətini bildirənlərə minnətdarlıq edir, səmimi təbriklərdən məmnun qalırdı. Soyuq qış günündə bu qədər həraratli sözlər qəlbini isitsə də, əslində bunca insanların içində gözü başqa insan axtarırdı.
Gəlmədi, bu qədər ola bilməzdi. Hətta dar macalda ürəyindən peşmançılıq hissi də keçdi. Ona əziz olan əsərinə adın qoyulmasını belə məsləhət etdiyinə təəssüfləndi. Yox bir gərək kəpənək tutan qoyaydım ironiyasını da keçirdi ağlının ucundan.

Bütün zalı könül oxşayan musiq bürüdü. Mirza Babayevin əvəzsiz ifası
Sorağını gül-çiçəkdən alınca.., alınca mən…
Hamı qeyri-ixtiyari cevrilib təəccüblə baxırdı. Bütün zal boyu rəngbərəng kəpənəklər uçurdu.
Hamı ayaq üstə bu mənzərəni alqışlayır, göz yaşlarını saxlaya bilməyən, müəllif isə zalın qapısında dayanan dostuna baxırdı.
O baxışlarda hər şey vardı.
Niyə gecikdin? Bu yazıq kəpənəkləri soyuqdan öldürməkdir qəsdin?
Harda itib-batmışdın?

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mirzə Xəzər səhifəsi

Qərib Məzarlar
Mirzə Xəzər səhifəsi

Xəfif payız rüzgarı çinarların saralmış yarpaqlarını budaqlardan qoparıb Arvan çayının yatağına səpirdi. Yazda aşıb-daşan Arvanın çoşqunluğundan əsər belə qalmamışdı. Sanki təbiət payızın bu vədəsi qızılı çinar yarpaqlarından nə vaxtsa Arvana gələcək dalğaların qədəmlərinə əlvan xalı döşəyirdi. Susuz Arvan dağlardan öz dərəsi boyu soyuq hava axınını çəkib gətirərək çınarlara yaxınlaşan qışın müjdəsini çatdırırdı. Arvanın sağ sahilindəki məhəllənin sakinlərinin payız qayğıları ilə yanaşı alış-verişlərinin də qələbəliyi hiss olunurdu. Ta qədimdən göyçaylılar payız aylarını toy mövsümü hesab etdiyindən məhəllədəki zərgər dükanında müştərilərin çoxluğu nəzərə çarpırdı. Eynən papaqçı və dərzi köşklərinə baş çəkən müsafirlərin də sayı xeyli artmışdı. Kərim kişi də qışa hazırlığın qızğın dövrünü qayğıların ağuşunda keçirirdi. O, ev üçün odun, ərzaq tədarükü ilə yanaşı məhəllə sənətkarları kimi mövsümdən mümkün qədər pul-para əldə etməyə çalışırdı. Bu günlər qonşuları zarafatla ona bir az da çox işləməlisən deməsi səbəbsiz deyildi. Onun adını Mirzə qoyduğu oğlu 1947-ci ilin 29 oktyabrda doğulmuşdur. Müharibədən sonra Göyçayda da həyat yavaş-yavaş öz axarına qaydırdı. İstiqanlı, mehriban göyçaylılar bərəkətli Göyçay torpağında insan əlinin qabarından, alın tərinin bəhrəsindən hasil olunan ruzini həmişə açıq ürəklə bölüşməyi sevmişlər. Qədim Şirvan elinin bu səfalı guşəsi qoynuna pənah gətirənlərə həmişə qucaq açmışdır. Həftəran vadisinin Mücü köyündən bura gəlmiş bütöv məhəllə də sadə və saf insanları ilə Göyçayın sayılıb-seçilən sakinləri idi.
Əllinci illərin əvvəllərində Mikayılovlar ailəsinin kiçik yaşlı nümayədəsi Mirzə digər yaşıdları kimi məktəbə gedir və həmin illərin uşaqlarının sehrinə bənd olduğu radioya qulaq asmağı çox xoşlayırdı. El arasında “52” adlanan radoqəbuledici sözün əsl mənasında balaca Mirzəni ovsunlamışdır. Çox keçmir ki, onun radio sevgisi təhsil aldığı Göyçay 3-nömrəli orta məktəbin radio qovşağında məktəb xəbərlərini oxumasına gətrib çıxarır. Mirzə Mikayılov 1954–cü ildə birinci sinfinə daxil olduğu məktəbin həyatında digər yaşıdlarından fərqlənirdi. Balaca Mirzənin özünün yazdığı mətnlər nədənsə məktəb pioner təşkilatını “senzura” sından keçmirdi. Ona bir qayda olaraq radio qovşağında həftə ərzində məktəb üzrə 5 və 2 qiymət alan şağirdlərin ad və soyadını oxutdurur, ara-sıra isə kommunist partiyasının xalqın rifahına yönəlmiş addımlarından bəhs edən hazır mətnlə çıxış verirdilər. Çox sonralar Mirzə müsahibələrinin birində həmin illərdə 3 və 4 alan şagirdlərə haqsızlıq edildiyini düşündüyünü etraf etmişdir. 1964-cü ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinə daxıl olmasını da məhz məktəbli olduğu zaman digər sahələrdə istedadı olan şağird yoldaşlarına haqsızlıq edildiyindən qaynaqlandığını deyən Mirzə 1969-cu ildə universiteti bitirərək vəkillik fəaliyyətinə başlayır. O, 1974- cü ilin sonuna qədər Sumqayıtda vəkil kimi fəaliyyət göstərir. Yetmişinci illərin ortaları elə bir zaman kəsiyidir ki,hər şeyin bir rəngdən ibarət olduğunu diktə edən cəmiyyət eyiblərini dilə gətirmək faktiki mümkünsüz idi. Hüquqşunas Mirzə Mikaylov dissident kimi həbsxana həyatı yaşamaq ya da Sovetlər Birliyindən mühacirət etmək dilemması qarşısında ikinci yolu seçir. O, İsrailə mühacirət edərək, Təl-Əviv universitetinə daxil olur. 1975-76-cı illərdə İsrail ordusunda əsgəri xidmət keçən Mirzə ABŞ-a dəvət alır. “Amerikanın Səsi” radosunun 1976-85-ci illərdə Azərbaycan bölməsinə rəhbərlik edən Mirzə buradakı fəaliyyətilə bütün dünya azərbaycanlılarının sevimlisinə çevrilir. 1977-ci ildə özünə Xəzər təxəllüsü götürən Mirzə Mikayılov radiojurnalistika sahəsində çox ciddi uğurlara imza atır. Onunu təhlil süzgəcindən keçirdiyi müddəalar, Azərbaycan xalqının milli oyanış prosesinə verdiyi tövhələr hamının diqqətini çəkir. Mirzə Xəzər qeyri-adi səs tembrinə malik unikal səs sahibi olmaqla XX əsrin 70-80- ci illərində Azərbaycanın Qərbdə səsi idi. O, tariximizə, mədəniyyətimizə sovet dönəmindəki baxış bucağının tam fərqlisini sərgiləyirdi.
Münhenə, Azadlıq radiosunun Azərbaycan bölməsinə dəvət alan Mirzə Xəzər 1987-2003-cü illərdə sələfl Əbo bəy Fətəlibəyli kimi Azadlıq radiosunun Axərbaycan bölməsinə rəhbərlik edib. Bu o illər idi ki, xalqımız erməni təcavüzünə məruz qalır, Kreml ənənəvi antiazərbaycan siyasətilə açıq-açığına milli hislərimizlə oynayırdı.


Qəlbi həmişə Azərbaycanla döyünən yazıçı, jurnslist, tərcüməçi Mirzə Xəzər bütün varlığı ilə yanında olduğu xalqının həmin illərdə dünyaya hayqıran səsi oldu. Azərbaycan 1990-cı ilin 20 yanvar acısını yaşayarkən mənfur Kreml məhz səsimizi boğmaq üçün ilk növbədə informasiya blokadası yaradaraq törətdiyi cinayətlərdən dünyanın xəbər tutmamasına çalışıdi. Fəqət Mirzə Xəzər bütün imkanlardan istifadə edərək əlində olan resurslarla o blokadanı yara bildi. Düzdür texniki dəstək, maliyə ABŞ -dan qaynaqlanırdı. Ancaq məhz Mirzə Xəzərin o titrək səsi bütün dünya azərbaycanlılarını haqqının uğrunda mübariz olmağa köklədi. Xalq olaraq Bakı qırğınının törədildiyi o müdhiş tarixdə Mirzə Xəzərin səsindən toparlanaraq ruh düşkünlüyünü yaxın buraxmayan Azərbaycan öz haqq etdiyi haqqı uğrunda daha da mübariz oldu. Azadlığın, Mirzə Xəzərin səsini texniki cəhətdən batırmaqda aciz olan imperiya rəsmi qaydada ABŞ-a etiraz ünvanladı. Kim bilir, bəlkə də hansısa bazarlıq da olub. 90-cı illərin əvvələrindən başlayaraq əvvəl Münhendə daha sonra Praqadan yayımlanan Azadlıq radiostansiyasının Azərbaycan bölməsinin işində ABŞ tərəfindən uzun-uzadı yoxlamalar aparıldı. Şər qüvvələrin boğmaq istədiyi haqq səsi, Mirzə Xəzər səsinin susdurulmasına cəhdlər edildi. Və nəhayət 2003-ci ildə Mirzə öz sevimli radiosundan uzaqlaşdırıldı.
Mirzə Xəzər həm də tərcüməçi kimi Əsəd bəyin “Əli və Nino” əsərini alman dilindən Azərbaycan dilinə tərcümə etmişdir. O, bu əsəri Yusif Səmədoğlunun xahişi ilə tərcümə edib. Əsərin “Azərbaycan” jurnalında dərcindən əldə olunan qonararı isə 20 yanvar şəhidlərindən birinin ailəsinə bağışlayan böyük ədib həm də şəfqət missiyası ilə xalqımızın yanında olduğunu bir daha göstərmişdir.
Ömrünün son on ilini əsasən ədəbi yaradıcılığa həsr edən Mirzə Xəzərin Azərbaycanla döyünən ürəyi məhz daim əzablı ağrı ilə yaşadığı yanvar ayına təsadüf etdi. Göyçaydan, Arvan sahilindən başlanan ömür yolu Bakı, Sumqayıt, Təl-Əviv, Vaşinqton, Praqadan keçərək Almaniyada, Münhendə, 31 yanvar 2020- ci cu ildə sona yetdi. İndi onun Bavariya səmalarında dolaşan ruhu bir Cənub şəhərinin çinar yarpaqlarının xışıltısana həsrət-həsrət boylanır. Onun uşaqlığının, ilk gəncliyini şahidi Göyçayın xan çinarları isə yenə hər payız Arvan çayının yatağına qızılı yarpaqlarından xalı döşəyir.
Bəlkə də ruhlar qoşulub payız rüzgarlarına doğma yerlərə, ən isti xatirələrə baş çəkməyə gəlcək deyə…

Mirzə Xəzər haqqında

Yazır: Pərviz Yəhyalı

Qərib Məzarlar silsiləsindən

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərviz Yəhyalı yazır – Ağdam

Ağdamın işğaldan azad olunduğu gün, Ağdam Günü münasibətilə yazacağım məqalədə açığını deyim tərəddüdümü gizlədə bilməyəcəm. Tərəddüd edirəm ki, bir məqalədə 6533 Ağdam şəhidinin hamısının adını çəkməsəm ürəyim sızılayacaq. Və ya başda Allahverdi Bağırov olmaqla 15 Milli Qəhrəmanın adını necə çəkməyim. Öz elmi ilə dünyanı heyrətə gətirən Xudu Məmmədovun, tarın pərdələrində gəzişən sehirli barmaqları ürəkləri fəth edən Ramiz Qulıyevin, cəmi 19 yaşında 28 nəfəri öz həyatı bahasına ölümdən xilas edən, “Qızıl Ulduz” lu Rahib Məmmədovun, böyük elm xadimi Rafiq Əliyevin, var sisteminin xəyal belə olmadığı zamanda anidən verdiyi ədalətli qərarla ədalət tarixinə qızıl hərflərlə ədalətli qərar yazan Tofiq Bəhramovun, qəlbləri riqqətə gətirən Səxavət, Qədir, Arif, Mənsum zəngulələrinin üstündən heç sükutla keçmək olar? Yüzlərlə, minlərlə qəhrəman ağdamlılar, düşmənə sipər olan kökslərini elə Ağdamın sipər sinəsində vətən təəsübünə qurban vermiş, vətən səmaları aydın olduğu vədələrdə elmin, incəsənətin, ədəbiyyatın, mədəniyyətin müxtəlif sahələrində böyük uğurlara imza atmışdır.
Yaddaşımıdan klaviaturaya süzülən isimlər o qədər çoxluq təşkil edir ki, düzü unuda biləcəklərim olar deyə narahat olduram, Gözlərim önündə elə bu gün növbəti ildönümünü ürək ağrısı ilə qeyd etdiyimiz Ağdamın Qarəkənd səmasındakı terror aktı keçir. Mənfur erməni alçaqlığının bariz numunəsinin ağrılarını 1991-ci ilin 20 noyabrında ilk olaraq ağdamlılar çəkmişdi.
Xoş gündü. Sevindiyimiz gündü. Ancaq ha çalışsam da ürəyim sızlayır. Kino lenti kimi gözlərimin önündən keçən itkilər, acılar, dəhşətlər…

1983-cü ilin bir yaz səhəri idi. Bilmirəm nəyə görə, səhətimdə heç bir problem olmadığı halda atam məni müayinə üçün xəstəxanaya aparmışdı. Ağ xalatlı, qarayanız, olduqca mehriban və gülərüz həkim ürəyimə qulaq asdıqdan sonra gülə-gülə bu sözləri dedi: “Top gubbultusundan başqa heç nə eşidilmir”. Həmin an çevrilib atama baxdım. O, özünəməxsus tərzdə gülümsəyirdi. Atam xalatını əynindən çıxarıb məni xəstəxananın həyətində gözləyən sürücüyə “təhvil” verdi. Təxminən mənə hər şey aydın oldusa da uşaq marağı ilə atamın işdən qayıtmasını səbrsizliklə gözləyirdim. Axşam mənə bəlli oldu ki, məni müayinə edən məhşur pediatr Adilə xanım Namazovadır. Atam ona futbol dəlisi olduğumu danışmış, o, da öz növbəsində zarafatla ürəyimin içini oxumuşdur.
Ağdam torpağında, Seyidli kəndində 1926-cı ildə dünyaya göz açan Adilə xanım Namazova XX-XXl əsrdə Azərbaycan elminin dünyaya bəxş etdiyi ən nadir simalardan biridir. Adilə xanım ölkəmizin ilk pediatr alim qadını, SSRİ Tibb EA-nın müxbir üzvü(1971) “Əməkdar Elm Xadimi”(1981), Azərbaycan SSR EA-nın həqiqiq üzvü (1983), Rusiya Federasiyasının EA-nın həqiqi üzvü (1993) olmaqla 420 elmi əsərin, 30 monaqrafiyanın müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 72 fəlsəfə doktoru, 12 elmlər doktoru yetişmişdir. SSRİ Ali Sovetinin deputatı, Türkdilli Xalqların Pediatrlar Cəmiyyətinin vitse prezidenti, Afrika və Asiya Xalqları Həmrəylik Təşkilatının vitse prezidenti, Prezident yanında Ali Atestasiya Komissiyasının Rəyasət Heyyətinin üzvü, Azərbaycan Dövlət Tibb universitetinin pediatreya kafedrasının müdri olmuşdur. Sözsüz ki, dünya şöhrətli həkim olmaqla yanaşı o, həm də pedaqoq kimi də çalışmışdır. Ən başlıcası isə Adilə xanım əllərindən və zəkasından sağlamlıq bəxş edən Şəfa Mələyi kimi yaddaşlara nurlu siması ilə əbədi həkk olmuş Böyük İnsan idi.
2020-ci ilin 20 noyabr günü Ağdam işğaldan azad olunanda hamı kimi çox sevinirdim, ilk olaraq telefon açıb təbrik etdiyim professor Ramiz Quliyev və onlarla digər ağdamlı dostlara göz aydınlığı verərkən ürəyimdən bir arzu keçirdi. Kaş 94 yaşlı Adilə xanımı da ziyarət edə biləydim. Təəssüf ki, arzum ürəyimdə qaldı. Ağdam işğaldan azad olunandan cəmi 26 gün sonra minlərlə körpə ürəyinə yaşam şəfası verən Adilə xanımın ürəyi əbədi olaraq susdu.
Çox sonralar vicdan borcu bildiyim məzarının ziyarətində isə vaxtı ilə onun yaşadığım rayona ezamiyyəyə gəldiyi vaxt mənə etdiyi zarafatını xatırlayıb qeyri-ixtiyari pıçıldadım:

-Adilə xanım! Mənim üçün, bütövlükdə bütün soydaşlarımız üçün sizin ürəyiniz heç vaxt susmayacaq. Siz öz zəka nurunuzdan şəfa verdiyiniz ürəklərin vuran hər ritmində yaşayırsız. Ömürünüzün son günlərində qismətinizə azadlığına qovuşan Ağdamın azadlıq sevincini yaşamaq düşdüyündən çox sevinrəm. Sizin kimi minlərlə ağdamlı ruhunun şad olduğundan şadlanırıq. Ruhunuz daim şad olsun! Vətən parçasının, Ağdamın azad günlərindən ruh dolusu sevinəsiniz!

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün görkəmli numizmat, tarix elmləri doktoru, professor Əli Rəcəblinin anım günüdür

Bu gün görkəmli numizmat, tarix elmləri doktoru, professor Əli Rəcəblinin anım günüdür. Əli müəllim böyük alim, dəyərli ziyalı idi. O, ilk gənclik illərindən həyatını qədim sikkələrin öyrənilməsinə həsr edərək özündən sonra zəngin elmi irs qoymuşdur. Böyük alim, işıqlı insan olan Əli Rəcəblinin əziz xatirəsi tələbələrinin, aspirantlarının, elm adamlarının və əlbəttə ki onun tanyanların hamısının xatirəsində əbədi yaşayacaq. Əli müəllimin xatirəsinə böyük sayğı və ehtiramla ithaf etdiyim aşağıdakı esseni təkrar paylaşmaqla bir daha onu yad edirəm.

1234 ildir yaşı. Zərb olunub, zərbxanadan çıxandan dolaşır dünyanı. Asiya, Avropa və Afrika qitələrində əldən-ələ keçib. Bu gümüş dirhəm nələrin şahidi olmayıb. Alın təri, əl qabarı ilə qazanılıb, ruzi ilə əvəzlənib. Rüşvət kimi verilib, bəxşiş təki alınıb. Hansısa müharibədə həlak olmuş ərin dul xanımı tərəfdən balasının gələcək ehtiyacı üçün bərk-bərk gizlədilib. Bəzən hansısa qaranlıq əsrin bir ilinin bir günündə kefi kök tacirin kisəsindən çıxıb sədəqə verilib. Olub da ki, kimsə onu salıb itirdiyindən günlərlə ac qalıb. Bəlkə də neçə dəfə hansısa yetim onu yerdən tapıb, o ki, var sevinib. Satqınlığa ənam, xəyanətə qiymət də olub. Xəzinədə qara gün üçün saxlanıb, meyxanədə şəraba dəyişilib, çin ipəyi arşınladıb, Dəməşq müşkünə dəyişilib, neçə-neçə nazlı xanımın ənlik-kirşanına verilib. Qul da,kəniz də alınıb satılıb bu dirhəmə. Məlhəm də alınıb, zəhər də. Hiylə qurulub, tor tikilib. Bir içim suya da dəyişilib, bir tikə çörəyə də. Vəhşi ehtirası söndürüb, şəhvət qızğınlığının həyasız ovuna müqabil olub. Və daha nələr-nələr… sonra da düşüb kolleksionerlərin əlinə. Ərəbdən-türkə, farsdan-həbəşə, yəhudidən-yunana əl-əl gəzib.
İndi mənim kolleksiyamda bərqərardı. 787-ci ildə Mədinədə zərb olunub. Abbasilərin 786-cı ildə Xəlifə taxtına çıxmış Əl-Mehdinin zamanında buraxılıb dövriyəyə.
Nə gizlədim götürüb əlimə baxıram. Cəmi 2,85 qram çəkisi olan bu gümüş dirhəmin illərlə, əsrlərlə sevindirdiyi və kədərləndirdiyi insanları düşünürəm. Kiçik gümüş diyirçək artıq adları belə unudulan yüz minlərlə insanlara nə hislər yaşatmayıb.
Mən də son deyiləm. Yəqin illər,əsrlər sonra hamı kimi unudulacam. Dəqiq bilirəm bir kolleksioner kimi yaddaşlarda qalmayacam.
Amma mənim üçün bir neçə əhəmiyyətinə görə dəyərlidir. Birincisi özündə tarix yaşatdığına görə, ikincisi isə məndən əvvəl ona sonuncu dəyən yaranışın ən təmiz əllərindən iz olduğuna görə və bütün pisliklərdən cansız ”canına” hopanlarla yanaşı, halalıqla qazanılmaqdan da “xatirələrində” nələrsə yaşatdığına görə.

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərviz Yəhyalı – Üç qətlin izi ilə

Üç qətlin izi ilə
(Məqalə arxiv materalları və təkzibolunmaz tarixi faktlara əsaslanır)
Qədim-qaim Qəbələdə dünyaya göz açan, amma ziya nuru ilə bütöv xalqa cığırdaşlıq etməyə müvəffəq olan üç aydınının həyat yoluna nəzər salanda diqqəti cəlb edən ilk nüans onların qətlini sifariş verən, yerinə yetirən qüvvələrin bir məkrin çirkin amalı olduğu açıqça sezilir. Haqqında araşdırma apardığımız hər üç simanı həyatda olduqları zaman fərqlidir. Yəni bu insanlar bir-birinin müasiri olmamış, zira onların ölüm səbəbləri kimi həyata baxışları da üst-üstə düşərək bütün zamanlar üçün müasir dünya görüşünə malik olmuşlar.
Qədim və zəngin tarixi keçmişi olan Qəbələdə 1806-cı 14 iyulunda Qurban bayramı günü sonuncu Qəbələ sultanı Nəsrulla sultanın ailəsində bir uşaq dünyaya göz açır. Uşağın adını elə Qurban bayramının şərəfinə İsmayıl qoyurlar. Kiçik yaşlarında ailədə onu Qurban deyə çağırırdılar. İsmayıl bəy ilk təhsilini doğma Qəbələdə alır. Daha sonra o, Rusiyada hərbi təhsilini başa vurub, ordu sıralarında xidmət edir. Xüsusi istedadı ilə seçilən İsmayıl bəy Qutqaşınlı siravi əsgərdən general-mayor rütbəsinə qədər yüksəlir. O, Müqəddəs Georgi ordeninə layiq görülmüş ilk azərbaycanlıdır. Yeri gəlmişkən onu da qeyd edək ki, İsmayıl bəy general-mayor rütbəsini hərb meydanlarında qazanmış ilk azərbaycanlı kimi də tarixə düşmüşdür. İsmayıl bəy Qurtqaşınlı ordudan tərxis olunduqdan sonra bəy komissiyasında fəaliyyət göstərir, eyni zamanda Şamaxıda müəllimlik edir. O, ərəb, fars, rus, fransız dillərini mükəmməl bilirdi. 1835-ci ildə Varşavada çap olunan Rəşid bəy və Səadət xanım əsəri ilə İsmayıl bəy ədəbiyyatımızda bədii nəsrə yeni ruh gətirir. Eyni zamanda onun ömrünün son illərində yazdığı “Səfərnamə” əsəri publisistikamızın ilk nümunəsi hesab olunur. İnanclı ziyalı olan İsmayıl bəy iki dəfə Məkkə ziyarətində olmuş və məhz o bu ziyarətinin təəssüratları əsasında oçerk ruhunda adı çəkilən əsərini yazmışdır.
İsmayıl bəyin maarifpərvərliyi, xalq sevgisi, türkçülüyə bağlılığı diqqət çəkməyə bilməzdi. Bu diqqət həm dostlar həm də düşmənlər tərəfindən idi. Beləki 1854-ci ildə Osmanlı ordu komandanı Mustafa Zərif Paşa İsmayıl bəyə məktub ünvanlayaraq Azərbaycanda və Dağıstanda xalqı üsyana qaldırmaq yönümündə iş aparmağa çağırırdı. Nəzərə də alsaq ki, həmin dövr xalq üsyanlarının baş verdiyi həssas zaman kəsiyi idi. Cənubi Qafqazda çar Rusiyasının müstəmləkəçilik əleyhinə Car-Baləkəndə 1830, Lənkəranda 1831, Qubada 1837, Şəkidə 1838, Zaqatalada 1848- ci illərdə üsyanlar yatırılsa da Şimali Qafqaz və Dağıstanda mürüdizm hərəkatı sözün əsl mənasında Rus imperiyasını ciddi narahat edirdi. Romanovlar xanədanı Qafqazdakı müstəmləkə əleyhinə xalq çıxışlarının kordinasiya olunaraq mütəşəkkil forma almasından çox qorxurdu.
Belə bir şəraitdə Rusiyanın ermənilərin timsalında Cənubi Qafqazda özlərinə dayaq seçdikləri erməni fitnəkarlığı işə yarayırdı. Etraf etmək yerinə düşərdi ki, çar I Nikolay sələfi l Pyotrın vəsiyyətlərini yaxşı əxz edərək 1828-ci il 10 fevral bədnam Türkmənçay müqaviləsindən sonra regonda fitnə-fəsadın, türkə düşmən münasibətin ən qəddar üsul və vasitələrini etiva edən erməni məkrindən öz siyasəti naminə məharətlə istifadə etməyi bacarırdı.
Etnopsxologiyasında xəyanət, sadist barbarlıq olan erməni vəhşiliyi rus imperalizminin Cənubi Qafqazdakı siyasətini həyata keçirməyə vasitə idi.
İsmayıl bəyə ünvanlanan məktubun erməni Loris-Məlikovun əlinə keçməsi isə şərəfsizliklə rütbə və mənsəb yüksəlişini məqbul bilən erməni simasızlığına göydən düşmə fürsət olur. Mİxayıl Loris-Məlikov 2.XI. 1824-ci ildə Tiflisdə doğulmuş qatı antitürk erməni cəlladı idi. Nəzərə alsaq ki, 1853-1856-cı illərdə Fransa və İngiltərənin bir koalisiyada Osmanlı dövlətinin Rusiyaya qarşı apardığı Kırım müharibəsinin qızğın vaxtı idi. Rusiya bu müharibədə labüd məğlubiyyətlə üz-üzə olduğunu dərk edir, müstəmləkə ucqarlarında xalq çıxışlarından çox ehtiyatlanırdı. Məhz bu səbəbdən Məlikova İsmayıl bəyin nəyin bahasına olursa olsun qətlə yetirmək tapşırığı verilir. 30 yaşlı Məlikov artıq kürd və ermənilərdən ibarət qaniçən cəza dəstəsi toplamağa müvəffəq olmuş, türklərə qarşı xüsusi qəddarlığı ilə ad çıxarmışdı.
Uzun müddət İsmayıl bəyin qətlini planlaşdıran Loris-Məlikov 14 avqust 1861-ci ildə Şamaxıdan həyat yoldaşı Tuti Bikə xanımla Qəbələyə gedərkən Ağdaş karvansarasında nahar edən Azərbaycan xalqının böyük oğlunu zəhərləməklə qətlə yetirməyə nail olur. Yeməyinə mərgümüş qatılan İsmayıl bəy xanımı ilə elə karvansarada vəfat edir. Erməni terrorunun qurbanı olan İsmayıl bəy və onun xanımı Tuti Bikə Qəbələnin Soltanbaba qəbirstanlığında dəfn olunur.
Erməni terroru ölmündən sonra da XX yüzilliyin 30-cı illərində İsmayıl bəy Qutqaşınlının əlyazmalarını məhv etməyi də bacarır. Miskin təxəllüsü ilə yazanılan şeirləri, Tuti adlı iri həcmli əsəri məhv edilmə səbəbindən təəssüf ki, günümüzə çatmamışdır.
Erməni şərəfsizliyinin simvolu bu “xidməti” müqabilində rütbə almış, hətta 6 avqust 1880-ci ildə çar II Aleksandrın təsis etdiyi Rusiya Daxili İşlər nazirliyinin ilk naziri olmuşdur. Ancaq bu məqamda tarixin ironiyası öz gərdişini göstərməkdən yan keçməmişdir. Çarın qorunmasına cavabdeh olan nazir Məlikov işinin öhdəsindən gəlməyi bacarmamışdır.1 mart 1881- ci ildə xalqçılar cərəyanından olan Rısakov çarı qətlə yetirmişdir. Bu məqamda isteza doğuran bir fakt maraq doğurmaya bilmir. Quldurluq, qaniçənlik, türkə patoloji nifrət, mənsəbə çatmaq üçün makyavelli prinsipinə can-başla qulluq edən Mixayıl loris-Məlikov sərsəm xülyası ilə Rusiya çarı olmaq sevdasına düşməsi əslində təəccüblü də deyil. Beləki mövcud versiyalardan biri çar ll Aleksandırın qətlinə erməni nazirin şərait yaratması da var. Zatında insanlıqla bir araya sığmayan alçaqlıqlığı özündə etiva edən erməni xisləti onu bəsləyənləri, vasitə kimi istifadə edənləri məqamı çatanda haqqını verəcək qəbildə olduğunu unudurlar.
Elə həmin ilin 4 mayında bu şərəfsiz erməni nəyin ki, tutduğu postda qalmağı, saray çevrəsində itirdiyi etimadına görə Rusiyada yaşamağının mümkünsüz olduğuna Fransaya qaçır və öz ləyaqətsiz ömrünü Nitsada başa vurur.
Qəbələ torpağının digər yetirməsi olan İbrahim bəy Musabəyov 1880-ci ildə doğulub. O, da İsmayıl bəy Qutqaşınlı kimi ilk təhsilini Qəbələdə alıb. 1898-1902-ci illərdə təhsil aldığı Qori seminariyasını bitirib, Şəkidə müəllimlik fəaliyyəti göstərmişdir. Daha sonra o bir müddət Dərbənddə və Bakıda pedaqoq kimi çalışıb. Dövrü mətbuatda aktuallığı ilə seçilən çıxışları olub. İbrahim bəy həmyerlisi İsmayıl bəy kimi Azərbaycan ədəbi mühütündə cığrdaş olmaq, ilkə imza atmaq missiyasını bacarmışdır. Onun “Neft Milyonları Səltənətində” əsəri bədii nəsrimizin yeni ruhlu şedevrıdır. Məhs bu əsərə yazılmış ssenari əsasında bütün türk və müsəlman dünyasında 1916-cı ildə Bakıda ilk film çəkilmişdir.
İbrahim bəyin fonemenal yaradıcılığı 20-ci illərdə hadisə hesab olunurdu. 1932-ci ildə yeni təsis olunmuş “Əmək Qəhrəmanı” fəxri adını alması da təbii ki, təsadüfi deyildi.
Məşum 30-cı illər represiyası xalqın İbrahim bəy Musabəyov kimi düşünən zəkasından yan ötə bilməzdi. Qiriqoryanların, Yegizaryanların fətvası ilə Musabəyov bir neçə dəqiqəlik məhkəmə-tamaşanın hökmünə rəğmən sürgünə göndərilir. Qəbələnin yetirməsi Azərbaycan xalqının böyük oğlu, görkəmli nasir, istedadlı publisisit, dəyərli maarif xadimi “qırmızı donlu” erməni şərəfsizliyinin əli ilə 14 sentyabr 1942–ci ildə Karaqandada həlak olur.
Eyni məkrdən sifariş alan eyni xislətli niyyəti həyata keçirməyin məkanı zamanı fərqli olsa təməlində bir prinsip durur. Türkə qənim kəsilmək, onun düşünən zəkalarını fiziki olaraq yox etmək.
1975-ci ilin yanvarın 2-də Qəbələnin füsunkar gözəlliklərinin qoynunda, Vəndam kəndində dünyaya göz açan Polad Həşimov müstəqillik dövrümüzdə, məhz erməni işğalçıları ilə açıq müharibədə yetişən generallarımızdan idi. Peşəkar hərbiçi kimi məhz o döyüş səngərlərində mətinlik yolu keçmişdi. 2016-cı ildə Böyük Qələbəmizin müjdəsindən xəbər verən aprel döyüşlərində Polad Həşimov yaralanmış, ancaq buna baxmayaraq qarşıya qoyulan döyüş tapşırığını layaqətlə yerinə yetirmişdir. O, 25 iyul 2019-cı ildə general-mayor hərbi rütbəsinə layiq görülmüşdür. 2020-ci ilin iyul ayında Ermənistanın intensiv hərbi əməliyyatlarının qarşısının alınmasında xüsusi igidlik göstərmiş, sərəncamında olan heyətlə düşmənin xeyli canlı qüvvəsi və texnikasını məhv etmişdir.
İyul ayının 14- də general Polad Həşimov Tovuz döyüşləri zamanı cəbhədə qəhrəmancasına həlak olmuşdur. O, döyüş meydanında həlak olan yeganə generalımızdır.
Ölkə prezidentinin müvafiq sərəncamı ilə general-mayor Polad Həşimov ölmündən sonra 9 dekabr 2020-ci ildə Milli Qəhrəman adına layiq görülmüşdür.
İsmayıl bəy Qutqaşınlı, İbrahim bəy Musabəyov, Polad Həşimov Qəbələdə doğulub bütün Azərbaycana parlayan simalardır. Bu qətlləri törədən erməni şərəfsizliyi öz çirkin əlləri ilə günəş parlaqlığını qara ləkəyə çevirməyə cəhd edərək hər üç layıqli vətən övladlarını fiziki məhv etməyə nail olsalar da onların işıqlı əməllərinə kölgə tutmağı bacarmadılar. İsmayıl bəy də İbrahim bəy də Polad bəy də ilklərə atdıqları imzaları ilə, o ilklərin təməli üzərində ucalan tərəqqi və qalibiyyətimizdə yaşayır.

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru