Etiket arxivi: qədim Alban təqvimi ilə yeni il axşamı

Alban təqvimi – ümumiyyətlə albanlar olubmu?!

Alban təqvimi — Qafqaz Albaniyasında istifadə olunmuş sivil və dini təqvimdir. Bu təqvimin varlığını ilk dəfə 1832-ci ildə Mariy Brosse irəli sürmüşdür.Ananiya Şirakatsiyə aid 114 nömrəli əlyazmaya istinad edən Brosse bu təqvimdə 12 ay olduğunu göstərir. Təqvim avqust ayından başlayırdı. Ayların adları həm Udi dilində həm də Fars dilində izah olunur. Paris, Tbilisi həmçinin İrəvanda saxlanılan 12 fərqli əlyazmada bu aylar sıralanmışdır. Utili tarixçi Ovannes İmastaserin (1047–1129) qeydlərinə əsasən qədim Alban və Gürcü təqvimləri 29 Avqustda başlayırdı. Bu təqvimin əsasında Udi təqvimi hazırlanmışdır.

Navasardun
Alban təqvimində ilk ay olmuşdur. Əslən orta pəhləvi dilində olub “yeni il” mənasına gəlir.

T’ule
Alban təqviminin ikinci ayı. T’ul — albanca olub, “şərablıq üzüm” deməkdir. Udi dilində də üzüm mənasına gəlir.

Namos’
Alban təqviminin üçüncü ayı. Bu ad üçün iki ehtimal irəli sürülüb. Bir ehtimala görə o farsca ibadət mənasına gələn “namaz” sözündəndir, ikinci bir ehtimala görə isə bu yenə farsca olan “nəm” sözündən gəlir.

Çil
Təqvimin dördüncü ayıdır. Udi dilində “toxum” mənasına gəlir.

Bokavon
Təqvimin beşinci ayı. Udi dilindəki “yığmaq, dərmək” mənasına gələn “bok’sun” sözündən yarandığı güman edilir.

Altı və yeddinci aylar
Alban təqviminin altıncı və yeddinci aylarının mənası barədə etimoloji təklif irəli sürülməmişdir.

J’qul
Alban təqviminin səkkizinci ayıdır. Udi dilində “yaz, bahar” mənasına gəlir.

Doqquz və onuncu aylar
Bu ayların adlarının mənası haqqında məlumat yoxdur və Udi dili ilə də açıqlanmır.

Exna
Alban təqviminin on birinci ayıdır. Udi dilində “ex” sözü “biçin” mənasına gəlir.

Baxna
Alban təqviminin son ayıdır. Udi dilində be’q’ sözü “günəş” mənasına gəlir.

P.S. … məncə, albanlar da elə indi azəbaycanlılar olan kimi mövcud olublar…

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

28 avqust yeni il axşamıdır.

Qədim Alban təqvimi ilə yeni il axşamı

Bu gün qədim Alban təqvimi ilə ilin son günüdür. 28 avqust yeni il axşamıdır. Təbii ki unudulub. Amma biz Qafqaz aborigenlərindən olan albanların varisiyik. Odur ki, bu qədim yeni il həm də üzüm bayramı münasibəti ilə bir-birimizi təbrik edə bilərik. İlk növbədə albanşunas mərhum tarixçi alimlərimizə rəhmət, həyatda olanlara can sağlığı arzulamaqla alban yeni ilinə kiçik bir hekayə ilə tövhə vermək istədim. Epizodik istisnalar xaric bədii nəsrimizdə Alban dövrünü özündə əks etdirən nümunələr demək olar ki, yoxdur.

YAZARLAR olaraq, Pərviz Yəhyalının bu mövzuda qələmə aldığı orijinal minatürü təqdim edirik:

Yeni İl axşamı
Yalın ayaqları, dizdən aşağı topuqları sızım-sızım sızıldayırdı. Bacardıqca özünü meşənin qalınlıqlarına verir, sıldırım qayalara gedən cığırlardan uzaq olmağa çalışırdı. Hərdən təntimiş nəfəsini dərmək üçün ani olaraq dayanır, yenə kol-kosun cızıb qanatdığı ayaqlarına güc verib üz tutduğu məbədə doğru irəlləyirdi. Uzun sarışın hörükləri kollara ilişdikcə hirslə onları əlinə dolayırdı. Bilirdi ki, onun yoxa çıxmasını indi qəbilədə hamı bilir, kimin ağlına hara gəldi orda axtarıılırdı. Bütün bədəni suyun içində idi. Yanaqlarındakı qurumuş göz yaşı izlərini saçlarının dibindən qaynayan tər damcıları isladırdı.
Nəhayət o ay məbədinə çatdı. Məbədin giriş qapısıda hörümcək torlarını əli ilə qırıb atırdı. İçəridə heç kəsin olmadığına daxili əminliyi olsa da hər tərəfin böcək toru olduğundan yəqin bilirdi ki, ona heç kəs mane olmayacaq. Çay daşından yonulmuş qurbangahın qarşısında diz çökdü. Xəyalı onu uşaqlıq illərinə apardı. Hər ilin bu vədəsi, üzüm bağlarında məhsul yetişəndə bütün qəbilə bu məbədə axışıb gələrdi. Qurbanlar kəsilər, dualar oxunardı. O, daş kürsüdə əyləşib, ibadət üçün gələnlərin onun əlini öpməsini dualarının qəbul olunması kimi başa düşən insanlara çöhrəsindən təbəssüm payı əsirgəməzdi. Ağlı söz kəsəndən bütün qəbilənin sevimlisi olduğunu fərqində idi. Axşam elə ki məbədin hücrələrinə ay işığı düşdü, bütün ziyarətçilər ucadan xorla şükür duası oxuyardı. Bu anlarda qəbilənin ağsaqqallarından biri qoy Selena yeni ilin gəlişini təsdiq etsin deyərdi. O da öz növbəsində – Ey səmalarımızın altun hökmdarı, bizi, məhsulumuzu hifz et! Qoy yeni ilimiz uğurlu olsun! Biz sənə tapınırıq müüəddəs ay!- deyirdi.
Adətən bu ayinin icrasından sonra hamı bir ağızdan -Selena, qoy ay tanrımız səni qorusun! Sən onun bizə bəxş etdiyi himayəçimiz olaraq hər il yeni il bayramımızı təbrik etmək səadətindən əksik olmayasan!
Fikrində tutduğunu mümkün qədər tez icra etmək istəyirdi. Düzdü o, bacardıqca özünü meşənin dərinliklərinə vurmuş, gözətçilərin ola biləcəyi cığırlardan mümkün qədər aralı yerlərdən keçib gəlmişdi. Amma qəbilələrində bura gəldiyini bilə bilərdilər deyə sinəsində gizlətdiyi balaca saxsı qabı çıxarıb içindəki mayeni son qətrəsinə qədər içdi. Bu Selenanın hər yeni il günü baş kahinin məbədin alt tərəfindəki qayada keçən ildən basdırılmış küpədən götürüb ilk olaraq ona verdiyi qara üzüm şərabının dadından çox fərqli idi. Acı, zəqqutun təmli maye onun içdiyi həyatla əbədi ayrılıq içkisi idi.
Qoynunda gizlətdiyi kiçik kağız parçasını çıxardıb, yazdıqlarını bir də oxudu.
Əzizim Oroys! Sənin qəbilən xiristianlığı qəbul edib, bu məbədi kilsəyə çevirdi. O vaxtdan bizim qəbilənin bura ibadət üçün gəlməsinə qadağa qoyuldu. Bilirsən ki, mən öz qəbiləmizin ilahəsi idim. Amma mənim üçün nə sənin qəbilənin müqəddəs İsası, nə də mənim səmalar gözəli ayım büt deyil. Mən səni tanıyandan bir tanrıya ibadət edirəm. Bizim sevgi tanrımıza!
Sənin qardaşın bütün albanların hökmdarıdır. Xirstianlığın himayəçisidir. Buna görə də mənim qəbiləm heç vaxt bizim izdivacımıza razı olmayacaq. Onlar xiristianlığı qəbul etsə də öz Selenalarını sənə qismət olması ilə barışmayacaqlar. Qan töküləcək. Güclü ordusu olan qardaşın mənim qəbiləmi sonuncu nəfərinədək qılıncdan keçirəcək. Hər yerdə gözətçilər qoyulub. Qardaşın bu gün, ayın 28-ini bizim təqvimlə bayram etməyi qadağan edib. Ona görə bu bayram günü bu məbədə gəlib intihar yolunu seçdim.
Səni çox sevirəm!
Əgər mümkün olsa məni bu məbəddə, yaxşı olsun kilsədə dəfn edərsən. Amma nə sənduqədə ay şəkli cızarsan, nə də xaç qoyarsan. Qoy buna görə nə mənim qəbiləm, nə də sənin qəbilən münaqişə etməsinlər. Onsuz da mənim tanrım sənsən Oroys!
Bir də eşitmişəm romalılar Alazan vadisinə qoşun çəkib. Xahiş edirəm özünü qoru! Sən çox yaşa ki məni də xatırlayan olsun! Mən öz qəbiləmin insanlarının gözündə dönük, sənin qardaşının gözündə iblisəm!
Bircə sən bilirsən Oroys, mən nə dönük nə də iblisəm. Sadəcə səni bütün dünyalardan, Məryəmdən də, Bədirlənmiş aydan da çox sevən Selenayam!
Anidən gözləri qaraldı. Ona elə gəldi ki, kağız parçasındakı 52 hərfdən sözlərə, cümlələrə çevrilmiş yazı qaralıb oxunmaz hala düşdü.

-Alo, salam. Ariz, bu gün azı iyirmi dəfə zəng etmisən. Bilirsən ki, danışa bilmirəm. Nolub axı?

-Necəsn?
-Üff! Yaxşıyam.
-Hardasan?

-Bilirsən harda olduğumu.
-Aynur, səni çox istəyirəm!
-Başlama, sən allah. Ariz, bax bu gün mən bacımla Alban kilsəsinə getmişdik. Orda şam yandırdım. Dua etdim ki, sənin ağlından, fikrindən onların tanrısı məni çıxarsın!

-Dayan bir, Aynur! Mən də indi kilsədəyəm. Çox çətinliklə bura qalxdım. Düzdü şam yandırmamışam. Amma dua edib qovuşmağımızı onların tanrılarından xahiş etdim.
-İndi ordasan?
-Hə.
-Onda dua et ki, bizim sevgimizə görə heç kəsin ağrıları olmasın!
-Bilmirəm, nə xiristianlıq nə islam qadağan etmədiyini… Dayan bir. Burda kilsənin küncündə sənduqə var. Üstündə heç bir yazı yoxdu. Niyə görən bu küncdə dəfn olunub?
-O ziyarətinlə ruhunu şad elədiyin məzara üz tut, dua et!!
-Dua edirəm, Aynur! Dua edirəm ki, xiristianlıq ya islam bizə kömək olsun, nə bilim bu daş sənduqə altında uyuyanın ruhu bizə yardımçı olsun. Qovuşaq! Yox əgər qovuşmayacayıqsa bütün tanrılar, müqəddəs ruhlar məni sənə qurban qəbul etsin!
-Küfr etmə! Tabular, ehkamlar sənin dediyin bütün dinlərdən sərtdir. Düş get evinə. Allah xatirinə, bütün nakam sevgilərə xatir get!

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru