Zaur Ustacın yazılarında sözün məsuliyyəti və gücü
(“Qələmdar – 3 kitabına ön söz)
Azərbaycan ədəbi mühitində öz imzası və öz nəfəsi olan Zaur Ustac təkcə şair, yazıçı, nasir kimi deyil, həm də publisist kimi diqqəti cəlb edən qələm sahiblərindəndir. Onun publisistik məqalələri müasir dövrün ağrılarına, ictimai həyatın ritminə, milli kimlik və vətəndaşlıq duyğusuna xüsusi bir həssaslıqla toxunur. O, eyni zamanda klassiklərin və öz müasirlərinin yaradıcılıqları barədə də məqalələrlə tez-tez mətbuatda çıxış edir. Zaur Ustac yazının enerjisini yalnız poetik duyğulardan deyil, həyatın gerçək nəbzindən alır. Bu səbəbdən onun publisistik yazıları həm sənəd, həm düşüncə, həm də çağırış xarakteri daşıyır.
Zaur Ustacın məqalələrinin başlıca özəlliyi – həyatla birbaşa təmasdır. O, hadisələri uzaqdan müşahidə edən publisist deyil; əksinə, gördüyünü, yaşadığını, duyduğunu dərhal sözün içində əridir. Cəmiyyətin sosial problemlərindən tutmuş milli-mənəvi dəyərlərin qorunmasına, Qarabağ həqiqətlərindən tutmuş müasir insanın psixoloji durumuna qədər geniş bir sahəni əhatə edir. Onun məqalələrində oxucu daim “hərarət” hiss edir – sanki yazı bu gün yazılıb, bu gün yaşanır və bu gün də oxucuya təsir edir.
Zaur Ustacın publisistik üslubunun özünəməxsus tərəflərindən biri də dilinin aydınlığı və əlçatanlığıdır. O, mürəkkəb ictimai-siyasi məsələləri belə sadə və konkret şəkildə ifadə edir. Bəzi məqalələrində poeziya nəfəsi, digərlərində hekayə üslubu, üçüncüsündə isə sanki tribunadan səslənən nitq tərzi duyulur. Bu üslub müxtəlifliyi müəllifin həm sözə hakimliyindən, həm də oxucu ilə yaxın olmaq niyyətindən doğur.
Zaur Ustacın məqalələrində əsas xətt – milli mövqedir. O, Azərbaycan tarixinin ağır dönəmlərini, Qarabağ savaşının dərdlərini, şəhidlik zirvəsinin müqəddəsliyini, Vətən sevgisinin gücünü ardıcıl şəkildə qabardır. Yazılarında milli kimliyi yalnız bir anlayış kimi deyil, gündəlik həyatın formalaşdırıcı elementi kimi təqdim edir. Bu səbəbdən Zaur Ustac publisistikası həm maarifləndirici, həm ruhlandırıcı, həm də vətəndaş mövqeyi ortaya qoyan bir publisistikadır.
Zaur Ustacın 50-69-cu yazılarının toplandığı “Qələmdar – 3” (sizə bir sirr açım ki, müəllifin “Qələmdar -4” məqalələr toplusu da artıq çapa hazırdır) adlı kitabına ön söz kimi yazdığım bu yazımda adı çəkilən kitabda 51-ci yazı kimi yer almış İmadəddin Nəsimi haqqında olan yazısını və 69-cu yazı kimi yer alan gənc bəstəkar Vəfa Bağırzadə haqqında olan yazını qeyd etmək istəyirəm. Zaur Ustacın bu kitabda da hərb mövzulu yazılara aid bir yazısı yer alıb.
Məqalələrdə tez-tez müəllifin öz müşahidələri, şəxsi həyat təəssüratları yer alır. Amma Zaur Ustac bu müşahidələri yalnız şəxsi təcrübə kimi vermir – onları ümumi fikrə, geniş nəticələrə çevirir. Bir insanın yaşadığı bir məqamdan bütöv bir xalqın obrazını yaratmaq bacarığı Zaur Ustac publisistikasının əsas cazibə nöqtələrindən biridir.
Zaur Ustac yalnız hadisələri təsvir etmir, həm də oxucuya bir mesaj, bir düşüncə, bir istiqamət verir. Bu çağırış bəzən açıq şəkildə – “bunu etməliyik”, “vətənə xidmət hər kəsin borcudur”, “milli dəyərlər unudulmamalıdır” formasında olur. Bəzən isə daha yumşaq, bədii və simvolik şəkildə verilir. Elə məhz bu iki yanaşmanın harmoniyası onun publisistikasını həm effektli, həm də oxunaqlı edir.
Zaur Ustacın publisistik məqalələri Azərbaycan publisistikasının müasir xəttində özünəməxsus bir cığır açır. Bu məqalələr həm dövrün aynasıdır, həm xalqın düşüncəsinin ifadəsi, həm də bir qələm sahibinin öz xalqına, Vətəninə sevgisinin yazılı izləridir. O, sözün məsuliyyətini dərk edən, yazını cəmiyyətə xidmət vasitəsi kimi görən publisistdir.
Onun məqalələrini oxuyan hər kəs həm məlumatlanır, həm düşünür, həm də ruhlanır. Bu isə həqiqi publisistikanın başlıca məqsədidir.
İnanırıq ki, “Qələmdar -3” də bu silsilədən olan əvvəlki kitablar kimi geniş oxucu kütləsinin rəğbətini qazanacaq. Təbrik edirik, Zaur Ustac!
Uğurlu “debüt” – Südabə Məmmədovanın eyniadlı kitabı haqqında
ALTMIŞ DÖRDÜNCÜ YAZI
Salam olsun, çox dəyərli oxucum! Yurdumuza yaz gəlir. Təbiət oyanır. Ana təbiətin hər gün yaratdığı yeni gözəlliklərin fonunda yaradıcı insanlar da bu gözəlliklərdən ilham alır. Gözəlliyə gözəllik qatır, çevrəsindəki yaradıcı insanları ruhlandırır. Onlar da bu gözəllikdən ilham alıb, gözəlliyə gözəllik qatırlar. Bu xoşbəxtlik zəncirində neçənci olduğumu bilməsəm də, belə xoşbəxtlərin sırasında dayandığımı dəqiq bilirəm. Ancaq bu gün söhbətin mövzusu mən deyiləm. Söhbətimizin qəhrəmanı xoşbəxtlər xoşbəxti Südabə Məmmədovadır.
Qısa arayiş
Südabə Məmmədova 26 iyul 2005-ci ildə Tovuzda anadan olub. BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsidir. Yazıları “Yazarlar” jurnalı, “525-ci qəzet”, “Bütöv Azərbaycan” və digər media orqanlarında yayımlanıb. Şərq TV-də aparıcı, Trend Xəbər Agentliyində müxbir olaraq çalışıb. Media İnkişaf Agentliyində BDU üzrə ilk birillik Media Səfiri, TAİB təşkilatında Protokol Komissiyasının rəhbəri kimi fəaliyyət göstərib. BSU-nun “Yaşıl dünya naminə həmrəylik ili” adlı II mərhələli müsabiqəsində hər iki mərhələnin qalibi olub. 2024-cü ilin yekunlarına görə “Ustac” Milli Mükafatına layib görülüb. 2025-ci ildə “Debüt” adlı kitabının nəşrinə görə “Ziyadar” mükafatı ilə təltif olunub. “Yazarlar” jurnalının redaksiya heyətinə üzv seçilib. AJB-nin üzvüdür.
“Debüt” tələbə-jurnalistin oxucuları ilə ilk görüşüdür.
Yazıları ilə tanışlıq
Gənc yazıçı-jurnalist, tədqiqatçı Südabə Məmmədovanın yazıları ilə tanışlığım təxminən 2023-cü ildən redaksiyamızın poçtuna göndərdiyi materiallarla başladı. İlk yazısından etibarən məzmunca biri digərini təkrarlamayan, lakin hamısı eyni bir yanğıdan, həsrətdən, nisgildən, təəssüfdən, yurdsevərlikdən qaynaqlanan yazılar silsiləsi ilə tanış oldum. Bu yazılar gözlə görünməsə də, ruhun dərinliklərindən süzülüb gələn, həssas ürəkləri dağlayan al qırmızı süjet xətti ilə bir-birinə bağlı vahid mətnin tərkib hissələri idi. Südabə Məmmədovanın müraciət etdiyi mövzudan asılı olmayaraq, istənilən yazısında bir məram-məqsəd var – Vətənə, millətə faydalı olmaq.
“Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru
“8 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində son dövrlərdə artıq ənənə halını almış növbəti kitab təqdimatı mərasimi keçirilib. Bu dəfə müəllimlər, tələbə yoldaşları və oxucular fakültənin III kurs tələbəsi Südabə Məmmədovanın müəllifi olduğu kitabın təqdimatında bir araya gəldilər.”
“Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrin uğurlarından bəhs edərək, bu nailiyyətlər içərisində Südabə Məmmədovanın da xüsusi payı olduğunu qeyd etdi. Professor Cahangir Məmmədli Südabənin ilk gündən seçilən, daim axtarışda olan və gözdən qaçan aktual mövzulara toxunan tələbə olduğunu vurğuladı. O, bu uğurun təsadüfi olmadığını qeyd etdi.”
Yuxarıda “Debüt”ün təqdimatı ilə bağlı “Bütöv Azərbaycan” qəzetinin rəsmi saytında Təhmasib İsayevin yazısından gətirdiyim misallardan da aydın görünür ki, dəyərli professor, filologiya elmlər doktoru Cahangir Məmmədli dediyi kimi Südabə Məmmədovanın bu uğurlu “Debüt”ü heç də təsadüfi deyil, ilk növbədə öz yurduna, milli-mənəvi dəyərlərinə hörmət və məhəbbətlə tərbiyə olunmasının, sonra isə gərgin, davamlı zəhmətin nəticəsi kimi ortaya çıxmışdır.
Uğurlu “debüt”
Südabə Məmmədovanın toplu kitab şəklində ilk işi olan “Debüt”lə tanışlıqdan sonra məndə belə bir fikir yaranıb ki, bu kitab onun gələcək yaradıcılıq istiqmətlərini özündə ehtiva edən konsepsiyasıdır. Kitabın “Məqalələr” bölümündəki və bu kitabda yer almayan digər eyni qəbildən olan yazıları onu hadisələrə özünəməxsus baxış bucağı olan publisist-jurnalist kimi təqdim edir. “Hekayələr” və “Tamaşalar” bölümündə olan mətnlər isə problemi qoymaqla kifayətlənməyib, onun həlli yollarını da göstərən gənc yazıçı-dramaturqun ədəbiyyat üfüqlərində artıq göründüyündən xəbər verir, mətin addımlarla irəlilədiyini təsdiqləyir.
Südabə Məmmədovanın istər publisistik yazılarını, istərsə də bədii-dram əsərlərini kövrəlmədən oxumaq mümkün deyil. Onun hər cümləsi, təqdim etdiyi hər fikir-ideya düşündürücüdür. Bütün bu mətnlər şəxsən məni – üçüncü bir şəxs kimi düşündürür ki, bu yaşda gənc insanı bir belə problemin ağuşuna atan hansı səbəbdir? Şübhəsiz ki, yuxarıda qeyd etdiyim kimi, onun soya-kökə, milli-mənəvi dəyərlərə bağlı müstəqil, aydın düşüncəli gənc mütəxəsis olduğunu deyib (yazıb), bu sualdan asanlıqla yan keçə bilərik. Ancaq bilirik ki, bu belə deyil.
Təfərrüata varmadan bildirmək istəyirəm ki, “Debüt” uğurlu alınıb.
Kitab bizə göstərir…
Südabə Məmmədova bir əlində saz, bir əlində qələm müasirdüşüncəli Azərbaycan gəncidir. Onun nə qədər kövrək və həssas bir qəlbi olsa da, bir o qədər çılğın ruhu var. O sözün əsl mənasında sazı əlində, sözü boğçasında bəndi-bərəni tutmuş, gədiklərdə mövqelənmiş ədəbiyyatımızın – söz sənətinin Ərəb Zəngisidir.
Sədəfli sazın kökdən, inci sözlərin kəsərdən düşməsin, Südabə xanım! Qələminiz yazar olsun! Yolunuz daim açıq və gül-çiçək olsun! Xeyirli-uğurlu olsun! Yazarlar cameəsinə xoş gəlmisiniz! Qədəmləriniz mübarək olsun! Yazın, yaradın! Özün dediyin kimi: “Qələm qılıncdan itidir, o qələm ki, doğrunu və ədaləti əks etdirir.” Südabə, heç kimə fikir vermək lazım deyil, ancaq irəli!
(VəfaBağırzadənin “Duyğuların yürüşü” konsert pyesinifleyta və orkestrin ifasında dinləyərkən)
Musiqi, insan qəlbinin sükut içində danışan dilidir. Mən bu qənaətə ilk dəfə illər öncə Elza İbrahimovanın qəlbi riqqətə gətirən həzin melodiyalarını dinlədikdən sonra gəlmişdim. Elza xanımın yanıqlı bəstələri məni həmişə (bu gün də) düşünməyə vadar edib: insan qəlbini belə riqqətə gətirən, ruhunu coşduran, duyğularını oyadan hansı səbəblərdir (mühitdir)? Bəzən bir səs, bir titrək not, bir nəfəs qədər incə harmoniya bütün bir duyğular selini ifadə edə bilir. Tanınmış gənc Azərbaycan bəstəkarı Vəfa Bağırzadənin “Duyğuların yürüşü” əsəri də məhz bu sükutun içində danışan, dinləyicini düşüncə və hiss dünyasında səyahətə aparan bir musiqi tablosudur.
Haşiyə:
Bəstəkar: Vəfa Bağırzadə Çıxış edir: Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri. Bədii rəhbər və baş dirijor: Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev Solist: Nəzrin Əmirli (fleyta)
Bu əsər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında səslənərkən, hər bir səs milli musiqi düşüncəsinin incəliyini, eyni zamanda müasir bədii təfəkkürün dinamikasını özündə birləşdirir. Orkestrin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev, əsərin ruhunu dərinliklə duyaraq, onu həm texniki, həm də emosional baxımdan kamil səviyyəyə çatdırır. Solist Nəzrin Əmirlinin fleyta ifası isə bu kompozisiyaya incə bir nəfəs, şəffaf bir işıq qatır. Fleytanın tənha, bəzən titrək, bəzən ümidli səsi – sanki duyğuların öz yürüşünü, hisslərin insan ruhunda keçdiyi yolları səsləndirir.
“Duyğuların yürüşü” – sadəcə musiqi parçası deyil, həyatın emosional ritmlərindən yoğrulmuş poetik bir etirafdır. Vəfa Bağırzadə bu əsərdə insanın daxili aləmini notlara köçürərək, sevinc, kədər, təlatüm, arzu və sükunət kimi halları bir-birinə bağlayır. Bəstəkarın melodik dili həm klassik ənənələrdən qaynaqlanır, həm də çağdaş musiqi düşüncəsinə açıqdır. Bu sintez onun yaradıcılığında milli və bəşəri ruhun vəhdətini nümayiş etdirir. Vəfa xanım özü “525-ci qəzet “ə verdiyi müsahibədə bu çuğlaşmanı belə dəyərləndirir: “Çalışıram Qərb və Şərq musiqi elementlərini bir araya gətirim…”(yaşıl rəngli yazılarıın üzərinə toxunub müsahibəni tam oxumaq olar) Əslində isə o, təkcə Şərq və Qərbi deyil, eləcə də keçmişlə gələcəyi məcmu halında müasir dinləyicilərə təqdim edir. Onun yaratdığı həzin melodiyalar eyni ilə Elza İbrahimovanın yanıqlı bəstələri kimi insanın ruh halının portretini, duyğularının rəsmini gözlər önündə canlandırır. Düşüncənin ən dərin qatlarına sirayət edir. Qəlblərimizi riqqətə gətirir. Düşündürür.
Əsərin strukturunda dramatik inkişaf xətti aydın hiss olunur – musiqi əvvəlcə sakit bir axınla başlayır, tədricən güclənir, duyğuların toqquşduğu, emosiyaların bir-birinə qarışdığı zirvəyə yüksəlir və sonra yenidən sakitlik – daxili barış halına qayıdır. Bu dramaturji gedişat, sanki insan ruhunun gündəlik həyatdakı eniş-yoxuşlarının musiqi təcəssümüdür.
Vəfa Bağırzadə musiqisində qadın duyğusallığı, incə estetik baxış və intellektual dərinlik bir araya gəlir. Onun əsərlərində sanki musiqi – danışan, düşünən və hiss edən canlı varlığa çevrilir. “Duyğuların yürüşü” də məhz bu baxımdan müasir Azərbaycan bəstəkarlığının zərif və mənəvi dərinliyə malik nümunələrindən biridir.
Bu musiqi əsəri dinləyiciyə təkcə zövq yox, həm də düşüncə verir. O, ruhun “sözsüz monoloqu”dur. Hər kəs bu əsəri dinləyərkən öz iç dünyasında bir səfərə çıxır – kimisi keçmiş xatirələrinə dönür, kimisi gələcək arzularını düşünür, kimisi isə sadəcə musiqinin sehrinə qapılıb sükutun dincliyinə dalır.
Qısa arayış:
Vəfa Bağırzadə 1990-cı ilin 29 oktyabr tarixində Lənkəran şəhərində anadan olub. İlk musiqi təhsilini Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi və Xan Şuşinski adına Ağdam Muğam musiqi məktəbində alıb. 2007-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olub. Kolleci bitirdikdən sonra 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə bakalavr pilləsinə, 2017-ci ildə isə həmin ixtisas üzrə magistr pilləsinə qəbul olub.
2020-ci ildə musiqi sahəsindəki uğurlu fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin fəal gənci” mükafatına layiq görülüb.
2022-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul olunub.
Beynəlxalq və respublika müsabiqələri laureatı, “Gənclər mükafatı” laureatıdır. Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
Vəfa Bağırzadə – müasir Azərbaycan musiqisində fərdi üslubu, səmimi ifadə dili və estetik baxışları ilə seçilən bəstəkardır. Onun “Duyğuların yürüşü” əsəri, həm musiqi sənətimizin bugünkü inkişaf mərhələsini, həm də qadın bəstəkar duyarlığının dərinliyini nümayiş etdirir.
Bu əsər, həm professional musiqi mühitində, həm də geniş dinləyici kütləsi arasında böyük maraq doğurur. O, sübut edir ki, Azərbaycan musiqisi bu gün də öz ruhunu, dəyərlərini və bədii enerjisini qorumaqla yanaşı, dünya səviyyəli bədii ifadə formalarına sahibdir.
Xüsusi qeyd:
Sadəcə dinləmək lazımdır ki, mənim qeydlərimin Vəfa Bağırzadənin duyğularının kölgəsində itib-batdığına şahid olasınız. Dinləyin:
Vəfa xanıma yeni-yeni nailiyyətlər arzulayır, bir-birindən gözəl yeni bəstələr gözləyirik. Yolunuz açıq, uğurlarınız bol olsun, Vəfa xanım!
Ramiz İsmayılın “Ömrün qışına doğru” kitabı haqqında qeydlər – o çox səmimidir
ALTMIŞ YEDDİNCİ YAZI
Salam olsun , dəyərli oxucum! Ramiz İsmayıl Azərbaycan ədəbiyyatının (həm sovet dövründə, həm də indi) azman simalarından biridir. Söhbətimizin mövzusu Ramiz İsmayılın yenicə işıq üzü görmüş “Ömrün qışına doğru” kitabı olsa da, onun dünyaya göz açdığı diyara, ocağa, adına qısa bir baxış təqdim edib, sonra yeni kitabına Allah mübarək eləsin yazacam. İnşəAllah!
Haşiyə:
Ramiz İsmayıl (İsmayılov Ramiz Məmməd oğlu) 1948-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan, sazın, sözün, halal zəhmətlə yaşayan səmimi, saf insanların vətəni – Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Ona Ramiz adı veriblər. Qaramuraddakı iki “RA“, adındakı “RA” ilə (QaRAmuRAd + RAmiz = SONSUZ GÜC) birləşərək ona sonsuz güc, qüdrət bəxş etmişdir. Ramiz İsmayılın bir fərd kimi istənilən sahədə uğur qazanmaq imkanı və potensialı olub. O isə ömrünü sözə həsr etdi. Əsl söz sərrafları bilir ki, bax, bu dildə – mənim ana dilimdə – yazıb, yaradan Ramizlərin içərisində ən çox sözə hörmət edən, sözün boyunu oxşayan, sözün nazını çəkən, sözlə səmimi davranan Ramiz İsmayıldır.
1965-ci ildən dövri mətbuatda şeirləri, hekayələri, povestləri ilə bu günə qədər fasiləsiz olaraq çıxış edən Ramiz İsmayılın “Payızda xatırla məni”, “Gözü yolda qalan var”, “Gədəbəyim” və digər kitabları ilə çıxdığı ömür yolunda artıq qış mənzilinə yetişdiyini hiss edir və ən yeni kitabını məhz belə adlandırır:
“ÖMRÜN QIŞINA DOĞRU”
Kitabın adı və başlıq təsiri “Ömrün qışına doğru” — bu başlıq artıq özü ilə müəyyən bir ruh halını, dövrü, metaforik üslubu gətirir. “Ömür” sözü canlı bir yolçuluğu, keçmiş zamanları, arzuları, yaşananları xatırladır. “Qış” isə məhrumiyyət, solğunluq, tənha ilham, düşüncə və introspeksiya çağırışıdır. Yəni, əsərdə şairin yaşlılıq mərhələsinə, düşüncələrinin həssaslaşmasına, yaddaşın yükünə, həyatın son yollarına yönəlmiş təmaslar olması ehtimalını yaradır:
İl ötür, yaş gəlir yaşımın üstə, Qırışlar iz salır qaşımın üstə, Canımı almağa bəhanə gəzir – Əzrayıl dolanır başımın üstə!
Ancaq yenə də üç “RA”-lı şair həyata təslim olmaq istəmir (olmur). Kitabın adına diqqət: “Ömrün qışı” və ya “Qışında” deyil, “Doğru”… Yolun daim açıq və gül-çiçək olsun, Ramiz İsmayıl! Bütün xəyallarınız gerçək olsun İnşəAllah!
Ömrün qışına doğru Bu cür titul həssas bir dövrə işarə edir — insana qarşılıqlı münasibətlər, itkilər, zamanla savaş, xatirələr və kədər kimi mövzular. Şair bu kitabında bəlkə də ömrün son yarısına — insanın yaşlanmasına, “buzların əriməsinə” qarşı iç dünyasının qışına çevrilən halına baxır:
Vaxt və yaddaş – keçmiş günlərə dönmə, xatirələrə bürünmə, yoxluq hissi.
Yalnızlıq və susqunluq – insanın zamanla danışmağa gücünün azalması, iç dünyaya çəkilmə.
Tənhalıq və əlaqə arayışı – insanın başqaları ilə olan bağlarının zəifləməsi, ancaq bu zəif bağların önəmi.
Mənəvi dərinlik və meditasiya – poetik düşüncələrə, mistik təsəvvürlərə meyl, insanın özü ilə ünsiyyəti.
Müqayisə və məzmun – gənclik və yaşlılıq arasında paralellər, həyatın verdikləri və aldıqları.
Üslub və poetik vasitələr
Kitaba,
Payızda ayrıldıq, istəməsək də Nə olar, payızda xatırla məni.
misraları ilə başlayan Ramiz İsmayıl qəlbinin dərinliklərindən süzülüb gələn, uşaqlığın, yeniyetməliyin, gəncliyin izlərini daşıyan bu şeirlərində bir üslub var. O da fərdilik. O şeirlərində də özüdür. Bəzən ədəbiyyat tənqidçilərinin “şair səmimi olmamalıdır” kimi qeydləri ilə rastlaşırıq. Bu da bir fikirdir. Kimin nə düşünməyindən asılı olmayaraq, Ramiz İsmayıl bütün mətnlərində səmimidir. O ki, qaldı şeirləri ola… O şair kimi səmimidir. Fərdi üsluba sahibdir:
Metaforalar və simvollar – qış, payız, səhər, axşam, dağ, qaya və s.
Sadə, lakin təsirli dil – ağır obrazlardan qaçaraq minimalistik formalarla dərindən hiss etdirmə.
Ritmik pauzalar, qısa misralar – şeirə nəfəs verən boşluqlar, suallarla qapalı misralar.
İç monoloq və nitq tonu – şairin öz düşüncəsi ilə oxucu arasında dialoq (“Ömür bircə an imiş, Göz açmamış bitdi ki…”).
Dil və əsas xüsusiyyətlər
Hiss olunan emosional dərinlik və səmimiyyət.
Oxucunu düşünməyə, xatırlamağa çəkən qatmanlı söz dünyası (dilimizin milyon illik yaddaşından süzülüb gələn fikirlər).
Zaman və insanlıq mövzusuna yeni, fərqli baxış bucaqları.
Formada təmizlik — çox bəzəkdən qaçma, duyğunu sözlərlə hiss etdirmə bacarığı.
Bütün şeir kitabında olduğu kimi, burada da çatışmazlıqlar ola bilər:
-Bəzi şeirlər çox qapalı obrazlarla yazılıbsa, oxucu üçün anlaşılmazlıq yarada bilər.
-Məsələn, ünvanlı şeirlər müəyyən təbəqə oxucuları ciddi narahat edə, diskomfort yarada bilər. Ancaq bu Ramiz İsmayıldır. Unutmayaq ki, o həyatda da, yaradıcılıqda da həddindən artıq səmimidir.
-Şeirlərin əksəriyyətində mövzu oxşarlığı repetitivlik hissi (təkrar-təkrar payız, qış, dağ, dərə, xatirə mövzları).
-Deyişmələr müasir oxucuya maraqlı gəlməyə bilər (halbuki BudaqbTəhməzlə – rəhmətlə anırıq – olan deyişmə ibrətamizdir).
-Bəzi şeirlərdə şairin dili, ifadə tərzi müasir oxucunu yora bilər (qəribə gələ bilər) — elə misralar ola bilər ki, şair bir fərd, insan kimi öz daxili ağrı-acısını yüklədiyi sözlərlə fikrini (əslində oxucunu yormaq, öz problemləri ilə yükləmək istəmədiyindən irəli gəlir) oxucuya tam çatdıra bilməz.
Bütün bu yuxarıda sadaladıqlarım təbii olduğu üçün və bir də həyat özü də təkrarlardan ibarət olduğuna görə elə də böyük “nöqsan”, “qüsur” hesab olunmur.
Ramiz İsmayılın “Ömrün qışına doğru”kitabı ömrün sonunda insanın duyğu-yüklənməsini, yaddaşla mübarizəsini, iç dünyadakı lal səsləri kəşf edən bir şeir toplusudur. Bu kitab şeir sevənlərə, yaşama və zaman mövzularına dərin məna verən oxuculara çox təsir edə bilər. Bəzi məqamlarda ibrətamiz və olduqca faydalıdır.
Ramiz İsmayılın bu il – 2025-ci ildə, Bakı şəhərində, “İmza” nəşrlər evinndə, 168 səhifədən ibarət olduqca nəfis şəkildə çap olunmuş “Ömrün qışına doğru” kitabı ilk olaraq bir şair taleyinin təcəssümü, sonra əmtəə məhsuludur. Bu kitaba məhz bu prizmadan baxdıqda hər şey (bütün pazl hissəcikləri) öz yerinə oturur və həyat öz axırında davam edir. Qışa isə hələ çox var, Ramiz İsmayıl! Böyük Allah Sizi qorusun! Yazın, yaradın!
İbrahim Yusifoğlunun Arpaçaydan Xəzərə qədər uzanan keşməkeşli yolu
ALTMIŞ ALTINCI YAZI
(İbrahim Yusifoğlunun doğum gününə)
Salam olsun çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu yol olacaq. Sözün əsl mənasında “Yollar dünyada çoxdur”(X.Ə). Yol haqqında olan bütün digər mülahizələri bir kənara qoyub, müqəddəs bir məkandan qaynayaraq çağlaya-çağlaya Arpaçaya qovuşan göz yaşı kimi dumduru, saf bir çeşmənin keçdiyi təbii yoldan söhbət açacam sizə. Yuxarıda qeyd etdiyim kimi, yollar da çoxdur, yolların qət olunması qaydası da olduqca müxtəlifdir. Öz həyat yolunu qoltuqda, xurcunda, beldə, sürünə – sürünə gedənlər də var, bu müqəddəs yolu təbii öz axarında dağdan, dərədən, düzdən keçərək keşməkeşli ömür yoluna, dastana çevirənlər də var. Budəfəki söhbətimizin qəhrəmanı Arpaçaydan Xəzərə qədər məhz belə keşməkeşli bir yolu təbii şəkildə öz axarında qət etmiş tanınmış pedaqoq, sevilən şair İbrahim Yusifoğludur. Söhbətimizi şairin ən yeni kitablarından biri olan 2025-ci ildə işıq üzü görmüş “Arpaçaydan Xəzərə” şeirlər toplusundan seçilmiş əsas başlıqlara uyğun qurmağa çalışacağam.
İbrahim Yusifoğlu Azərbaycan ədəbi-bədii düşüncəsinin mühüm simalarından biridir. Onun adı təkcə şair, yazıçı və ya publisist kimi deyil, həm də mənəvi bir məktəbin daşıyıcısı, milli-mədəni yaddaşın qoruyucusu, sözün və qələmin ləyaqətli sahibi, gələcək nəsillərin təlim-tərbiyəsində əməyi olan zəhmətkeş pedaqoq kimi çəkilir. Şairin balacalar üçün şeirlərindən ibarət ölkəmizdə və xaricdə çap olunmuş çoxlu sayda kitabları var. Söhbətimizin mövzusu olmadığına görə bu məsələ üzərində çox dayanmırıq. İbrahim Yusifoğlu yaradıcılığı ilə oxucuya yalnız bədii-estetik həzz bəxş etmir, həm də milli mənsubiyyətin, tarixi köklərin, mənəvi dayaqların unudulmamasına xidmət edir:
Dədə Qorqud gəzən Oğuz elimdi, Uludu torpağı, daşı Şərurun. Dili Türkün dili-ana dilimdi, Qədimdən qədimdi yaşı Şərurun.
İbrahim Yusifoğlu qələmi ilə xalqına yol göstərən, sözün gücünə inanan ziyalılardandır. Onun əsərlərində sadə insanın taleyi, həyatın keşməkeşləri, vətən torpağına sevgi, milli dəyərlərə bağlılıq əsas xətti təşkil edir. Söz onun üçün yalnız ifadə vasitəsi deyil, həm də mübarizə aləti, milli varlığın qorunması naminə seçilmiş silahdır.
Əsərlərində oxucu quru pafosla deyil, həqiqi hisslərin gücü ilə qarşılaşır. O, poeziyada lirizmi, publisistik yazılarında isə faktı, arqumenti önə çəkərək mövqeyini aydın və qətiyyətlə ifadə edir.
Yusifoğlunun şeirlərində ən çox diqqət çəkən cəhət onun vətənpərvərliyi, milli duyğulara sadiqliyidir. O, xalqın tarixi keçmişini və gələcək məsuliyyətini eyni anda nəzərə alır. Öz oxucusunu da milli yaddaşın qorunmasına, köklərin unudulmamasına çağırır. Onun yaradıcılığına diqqətlə baxanda görürük ki, milli mənsubiyyət məsələsi onun həyat mövqeyi ilə bədii sözünün qırılmaz bağında özünü göstərir.
İbrahim Yusifoğlu həm də ədəbi mühitin fəal iştirakçısı, fikir mübadiləsinə açıq, ictimai proseslərdən kənarda qalmayan ziyalıdır. Onun publisistik yazıları oxucunu düşündürür, ictimai rəyə təsir göstərir, cəmiyyətdə milli şüurun möhkəmlənməsinə xidmət edir. O, söz adamı olmaqla yanaşı, həm də vətəndaş mövqeyi ilə nümunədir.
Yusifoğlunun əsərləri yalnız bu günün deyil, həm də gələcəyin oxucusuna ünvanlanıb. Onun bədii və publisistik yaradıcılığı milli yaddaşın kitabxanasında öz möhtəşəm yerini tutacaq. Çünki bu əsərlər insan ruhunun, vətən sevgisinin, sözün və səmimiyyətin təcəssümüdür.
Ədəbiyyatın ən mühüm missiyalarından biri xalqın yaddaşını qorumaq, onun keçmişini, bu günü və gələcəyini bədii söz vasitəsilə nəsillərə ötürməkdir. Azərbaycan ədəbiyyatında bu missiyanı ləyaqətlə daşıyan qələm sahiblərindən biri də şair İbrahim Yusifoğludur. Onun yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer tutur. Şair olduqca müxtəlif mövzulu şeirlərində şahidi olduğu tarixi hadisələri qədim diyarın ecazkar təbiət mənzərələri fonunda böyük ustalıqla təsvir edir.
Azərbaycanımızın dilbər guşələrindən biri olan Axuradan (Naxçıvan MR, Şərur r., Axura k.) yola çıxan dumduru çeşməmiz özünü dağa-daşa vura-vura yol açaraq, əvvəlcə adı dillərdə dastan olan coşqun Arpaçaya yetişir. Coşqun Arpaçay onu sakit Arazla tanış edir. Sakit Araz onu ana Kürə qovuşdurur. Ana Kürün qoynunda bütün Azərbaycanı başdan-başa keçdiyi yolun sonunda Xəzərə çatanda bu çeşməmizin həzin, ancaq arxayın zümzüməsini eşidirik:
Daha qorxusu yox, coşan sellərin, Xançoban zirvədən eli qoruyur. Gülləri sulayan Sara xanımsa, Qəlbində əbədi məhəbbət duyur.
Sözün, ədəbiyyatın, bədii təsvirin, tərənnümün gücü bu misralar olsun gərək. İbrahim Yusifoğlu şeirlərində Naxçıvanı yalnız bir coğrafi məkan kimi deyil, həm də tarixi-mədəni kodların qoruyucusu kimi təqdim edir. Onun yazılarında Naxçıvan sanki daş yaddaş, minillərin səsi, babaların bizə miras qoyduğu müqəddəs bir ocaqdır. Şair bədii-publisistik dil ilə bu torpağın qədimliyini, xalqımızın mədəniyyətindəki rolunu oxucuya çatdırır.
Yusifoğlu əsərlərində Naxçıvanı həm təbiəti, həm insanları, həm də siyasi-tarixi taleyi ilə işıqlandırır. O, Naxçıvanı Azərbaycanın əsas dayaq nöqtələrindən biri hesab edir və göstərir ki, bu diyar tarix boyu həm qalxan, həm də körpü rolunu oynayıb. Şairin şeirlərində Araz çayı, Əlincə qalası, Batabatın gözəllikləri, Ordubadın qədimliyi yalnız landşaft təsviri deyil, həm də xalqın möhkəmliyini, mübariz ruhunu təcəssüm etdirir.
İbrahim Yusifoğlu yaradıcılığında müstəqillik dövründə Naxçıvanın siyasi əhəmiyyətinə də geniş yer ayırır. Blokada şəraitində yaşayan, amma öz inkişaf yolunu tapan bu bölgə sairin seirlərində dirəniş və iradə məktəbi kimi təqdim olunur. O, Naxçıvanı Azərbaycanın bütövlüyünün təminatçısı, milli qürurun dayağı kimi dəyərləndirir.
Yusifoğlu üçün Naxçıvan mövzusunun əsas siması insandır. Naxçıvan mühitinnin, təbiətinin yetişdirdiyi insan. Şairin şeirlərində zəhmətkeş, vətənpərvər, milli dəyərlərə bağlı Naxçıvan insanı ön plana çəkilir. Onlar həm tarixin sınaqlarını keçirən, həm də gələcəyə ümidlə baxan qəhrəmanlardır. Şair bu insan obrazı ilə bütöv Azərbaycan xalqının gücünü və davamlılığını göstərir.
İbrahim Yusifoğlu yaradıcılığında Naxçıvan təkcə bir bölgənin deyil, bütöv Azərbaycanın rəmzi kimi təqdim olunur. Onun əsərlərində bu diyar həm milli yaddaş, həm də gələcəyə aparan yolun işıqlı simvoludur. Şair oxucusuna çatdırır ki, Naxçıvanı sevmək, qorumaq və inkişaf etdirmək — Azərbaycanın varlığını möhkəmləndirmək deməkdir.
Yusifoğlunun yazılarında Azərbaycan obrazı həm torpaq, həm də ruh anlayışında öz əksini tapır. O, Vətən dedikdə yalnız coğrafi sərhədlərlə məhdudlaşmır, millətin tarixini, adət-ənənələrini, xalqın taleyini və gələcək arzusunu da nəzərdə tutur. Əsərlərində Azərbaycanı həm milli-mədəni irs, həm də mübarizə meydanı kimi təqdim edir.
İbrahim Yusifoğlu Azərbaycan tarixindəki ağır dönəmləri, xalqın faciələrini və qəhrəmanlıq anlarını şeirlərində ustalıqla canlandırır. O, Qarabağ mövzusuna xüsusi həssaslıqla yanaşaraq Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılmasını şairin vətəndaşlıq borcu hesab edir. Əsərlərində şəhidlərin xatirəsi, müharibə dərdləri, eyni zamanda xalqın dönməz iradəsi böyük ustalıqla qələmə alınır.
İbrahim Yusifoğlu Azərbaycan mövzusunu yalnız siyasi və tarixi məna çərçivəsində deyil, həm də dil və mədəniyyət aspektində işləyir. O, Azərbaycan dilini milli varlığın əsas dayağı hesab edir, əsərlərində ana dilinin saflığının qorunmasının vacibliyini dəfələrlə vurğulayır. Mədəniyyət, incəsənət, folklor nümunələri onun şeirlərində Azərbaycan xalqının milli mənsubiyyət pasportu kimi təqdim edilir:
Daha qorxusu yox yad qüvvələrdən, Bu yurda göz dikmək çətinləşibdi. Bu günkü qayğıdan, saf məhəbbətdən, Əlincə daha da mətinləşibdi!
İbrahim Yusifoğlu yaradıcılığı bütövlükdə Azərbaycan sevgisi ilə yoğrulmuş bir ədəbi salnamədir. O, Naxçıvanı Azərbaycanın bütövlüyünün təminatçısı, milli qürurun dayağı kimi dəyərləndirdiyinə görə şübhəsiz ki, Əlincə dedikdə əsrlər boyu azadlıq mücadiləsi aparmış Azərbaycan nəzərdə tutulur. Bəzz qalasından söhbət açmasa da, hər kəlməsində ulu Babəkin harayı duyulur. Onun publisistik məqalələri, şeirləri və araşdırmaları Azərbaycan mövzusunu müxtəlif rakurslardan işıqlandıraraq milli kimliyi gücləndirir, gələcək nəsillərə vətənpərvərlik dərsi verir. Yusifoğlunun əsərlərində Azərbaycan həm keçmişin yaddaşı, həm bu günün həqiqəti, həm də sabahın ümididir. İbrahim Yusifoğlu çox böyük ustalıqla Xəzərin qoynunda lövbər salmış Azərbaycan adlı gəminin sükanının etibarlı əllərdə olduğunu inamla qeyd edir.
Ümidvaram ki, 30 sentyabr 1954-cü ildə Qoca Şərqin qapısı Naxçıvanın Axura kəndindən yola çıxan qəhrəmanımız Xəzərin ötəsində olan yurd yerlərinə doğru üzü Gündoğana hələ çox yollar qət edəcək! Yolunuz daim açıq və gül-çiçək olsun, İbrahim Yusifoğlu!
Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hər bir insanın həyat yolunda digərləri üçün də yol göstərən nişanlar olduğunua həmişə inanmışam. Siz də inanın!
Tarixin borclu olduğu adam- Yunus Oğuzun 65 yaşına
Salam olsun, çox dəyərli oxucum! Budəfəki qəhrəmanımız bütün Türk dünyasının, Oğuz elinin bir əlində qılınc, bir əlində qələm sözün, kitabın, ədəbiyyatın, mədəniyyətin, tarixin, milli kimliyin keşiyində mərdi-mərdanə dayanmış hünərvər alim oğlu Yunus Oğuzdur.
Yunus Oğuzun özü oldu-olmadı mən bu barədə dəfələrlə müxtəlif tədbirlərdə də demişəm. Yeri gəldikcə deyirəm və deyəcəm. Əsasən gənclərin üstünlük təşkil etdiyi tədbirlərdə bu məsələyə mütləq toxunur və Yunus Oğuz kimi ziyalılardan misal çəkir, belə insanlarımızı nümunə göstərirəm.
Yunus Oğuz sağlığında öz əməllərilə “Gündoğandan Günbatana” dediyimiz böyük türk dünyasının mənəvi aləmində sözdən-kitabdan ayağı bozqın bilinməyən təkində, başı isə sonsuz səmanın mavi ənginliklərində itib-batan nəhəng heykəlini ucaltmış çox azsayl müasirlərimizdən biridir.
Mən Yunus Oğuz imzasını tarix dərsliklərinin demək olar ki, olmadığı bir dövrdə tarixi romanlar müəllifi kimi tanımışam. Əgər belə demək mümkünsə – doğru olarsa, tarixi onun yazdıqlarından öyrənmiş bir nəslin nümayəndəsi kimi, Yunus Oğuzu böyük əminliklə tarixin ona borclu olduğu adam adlandırardım. Hələ çox əvvəllər özlüyümdə onun yazdıqlarını Yevgeni Tarlenin “Napoleon”u, Vasili Yanın “Çingiz xan”, “Kurqanlardan gələn işıq” kimi möhtəşəm əsərləri ilə müqayisə etmiş və həmişə bir baş yuxarı bilmişəm.
Yunus Oğuzun yaradıcılığı və bir müasiri olaraq bütün gündəlik fəaliyyəti ilə tanış olarkən qeyri-ixtiyari Timuçinin (Çingiz xanın) ovcunun içində qançırla doğulması əhvalatını, digər buna oxşar ayrı-ayrı şəxslərin dünyadakı müssiyaları ilə bağlı işarətləri xatırlamaya bilmirsən. Bir var tarix yazmaq, bir də var tarix yaratmaq. Yunus Oğuz tarix yaradanlardandır. Onun missiyası bundan ibarətdir. Bütün yaradılmışlar kimi tarix də ona borcludur.
22 iyulda Yunus Oğuzun 65 yaşı tamam olur. Bu münasibətlə yazarlar cameəsi adından onu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Ermənistanın dəhşətli ekosid siyasəti haqqında yeni nəşr
ALTMIŞ İKİNCİ YAZI
(Ayətxan Ziyadın yeni kitabı haqqında)
Bu gün bütün dünyada, o cümlədən, Azərbaycanda ekoloji tarazlıq pozulmaqda, su, torpaq və atmosferin çirklilik dərəcəsi çox təhlükəli qlobal problem həddinə çatmaqdadır. Bu hal mütəxəssislər tərəfindən XX və XXI əsrlərdə sənayenin sürətli inkişafı, insanların təbiətə amansızcasına müdaxiləsi, təbii ehtiyatlardan istifadənin istismar həddini alması, təbii sərvətlərin insan tərəfindən sərhəd gözlənilmədən məsrəf edilməsi və bir sıra digər səbəblərlə izah olunur.
Ancaq respublikamızda mövcud problemlərlə yanaşı, Ermənistanın Azərbaycan torpaqlarında təqribən 30 il ekosid, urbisid və kultursid siyasəti aparması kimi səbəblər də var. Bu isə mövcud problemlərə daha üstün diqqət ayırmasını tələb edir.
Bütün dünya dövlətlərində olduğu kimi, respublikamızda da ekoloji siyasətin başlıca hədəfi dövlətin öz vətəndaşının təhlükəsiz mühitdə yaşamasını təmin etmək, əldə olanları, başqa sözlə, ekosistemləri qorumaq, ətraf mühitə imkan daxilində ziyansız təsir göstərməklə təbii sərvətlərdən səmərəli istifadədir. Yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad İsgəndərovun Qarabağda və Şərqi Zəngəzurda Ermənistann ekosid, urbisid və kultursid siyasəti (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nümunəsində) yeni kitabında məhz bu mövzuya işıq tutulur.
Kitab işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində ekosid, urbisid və kultursid siyasəti və “Ekoloji tarazlığın pozulması Azərbaycanın inkişaf strategiyasında” adlanan iki hissədən ibarətdir. I hissədə Ermənistanın Azərbaycana qarşı apardığı məkrli işğalçılıq siyasətindən, II hissədə isə Ermənistanın viranə qoyduğu Azərbaycan ərazilərini əvvəlki görkəminə qaytarmaq üçün dövlətimizin həyata keçirdiyi böyük quruculuq işlərindən bəhs olunur.
Tədqiqat müstəvisinə çıxarılan mövzu ölkənin ekoloji cəhətdən təhlükəsiz və davamlı inkişafının təmin edilməsi yönümündə əhatəli işlər görüldüyü indiki zamanda ciddi aktuallıq kəsb edir.
Kitabdan məqsəd XX əsrin sonuncu onilliyindən keçən müddətdə Ermənistanın Azərbaycanın təbiətinə və ümumən ekologiyasına vurduğu zərəri və bərpa işlərinin təşkili barədə araşdırmaları bir arada təqdim etmək olub. Bərpa işlərinin keyfiyyətli, ancaq qənaət prinsipi qorunaraq həyata keçirilməsinə, inkişaf modelinin yeni və standartlara uyğun olmasına, erməni ekosid siyasətinin nəticəsi olaraq yararsız hala düşmüş torpaqların istifadə üçün yararlı hala gətirilməsinə, bu işlərə dünyanın tanınan şirkətlərini cəlb etməklə müvəffəq olmağa, xarabalığı xatırladan ərazilərdə “Yaşıl enerji” zonası yaradılmasına Azərbaycan dövlətinin ayrıdığı xüsusi diqqət ətraflı işıqlandırılıb.
Qeyd olunan məsələlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan əvvəlki iqtisadi göstəriciləri ilə müqayisəli təhlil edilib, digər rayonların səviyyəsinə gətirilməsi yolları açıqlanıb.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ermənilərin usanmaq bilməyən ekosid, irbisid və kultursid siyasəti yalnız Azərbaycanın və regionun deyil, bütövlükdə dünyanın ekoloji və sosial-iqtisadi həyat tərzinə köklü təsir göstərə biləcək problem tərzində ifadə edilib. Fikrimizcə, problemə dünyanın problemi prizmasından yanaşılması daha düzgün olardı. Təəssüf ki, Ermənistan II Qarabağ müharibəsindəki məğlubiyyəti ilə barısmaq istəmir, atəşkəsin şərtlərini mütəmadi olaraq pozmaqda işğaldan azad edilmiş torpaqlarda bərpa işlərinin gedişinə maneçilik törətməkdə israrlı olaraq qalmaqdadır.
Uzun illər səngimək bilməyən bu mürəkkəb tarixi-siyasi vəziyyət, eləcə də Azərbaycanın təbii sərvətlərinə Ermənistanın dağıdıcı münasibəti və ekosistemlərin qorunması kimi məsələlər nəzərə alınaraq, erməni ekosidinin aktuallığı əsərin I hissəsində bir neçə istiqamətdə nəzərdən keçirilib: ekosid anlayışına tarixi bir nəzər, ekosid siyasəti qanunvericilik müstəvisində; qərəzli münaqişə və gərginlik səbəbindən içməli və suvarma suyun çirkləndirilməsi və bunun əhalinin sağlamlığına və iqtisadiyyata mənfi təsiri; ekosistemin tarazlığının pozulması, başqa sözlə, torpağın dağıdılması, yerli fauna və flora növlərinin kökünün kəsilməsinin nəticəsi olaraq bölgədə bioloji müxtəlifliyin ciddi təhlükə altında olması; ekoloji faktorlar nəzərə alınmaqla infrastrukturun qurulması, sənaye fəaliyyətinin artması və təbii sərvətlərin davamlı şəkildə idarə olunması; ekosid siyasətindən əziyyət çəkilməsi səbəbindən bölgədə iqlim dəyişikliyinin baş verməsi və bunun əhalinin sağlamlığına, eləcə də kənd təsərrüfatının məhsuldarlığına mənfi təsiri.
“Ekoloji tarazlığın pozulması Azərbaycanın inkişaf strategiyasında” adlanan II hissədə “Ekoloji tarazlığın qorunması – Azərbaycanın ekoloji siyasətinin tərkib hissəsi” və “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nümunəsində Azərbaycan ekologiyanın bərpası sahəsində respublikamızın davamlı inkişaf konsepsiyası” mövzuları tədqiqat müstəvisinə çıxarılıb, Ermənistan və Azərbaycan hökumətlərinin ekoloji siyasət modelləri qarşılıqlı müqayisə zəminində açıqlanıb, adı çəkilən dövlətlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini necə qarşıladığı məsələlərinə aydınlıq gətirilib. Faktlarla göstərilib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının nüvəsində yalnız ekosid yox, urbisid və kultursid siyasətləri də durur. Ermənistanın bu əməlləri Beynəlxalq Cinayət Məcəlləsinin soyqırım, etnik təmizləmə və zorakılıq kimi maddələrində özünü açıq-aşkar göstərir. Və bu mövqe nəinki respublikamız, yaxud region, ümumilikdə bəşəriyyət üçün ciddi təhlükədir.
Kitabda ekoloji siyasətin Azərbaycan modelinin əsas istiqamətlərinə geniş açıqlama verilir, respublikamızın mövcud problemləri “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” vasitəsilə həll etmək iqtidarında olduğu tədqiqat müstəvisinə çıxarılır. Prezident İlham Əliyevin ekoloji siyasəti ilə bağlı mövzu gündəmə gətirilməklə Azərbaycan hökumətinin həyata keçirdiyi ekoloji siyasətin hədəfləri açıqlanır. Başlıca məqsədin indiki və gələcək nəsillərin ehtiyaclarının ödənilməsi, davamlı inkişafın təmin edilməsi, başqa sözlə, mövcud ekoloji sistem-lərin və iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə, fəaliyyət zamanı qarşıya çıxa biləcək problemlərin sağlam düşüncə və ətraf mühitə mümkün qədər az mənfi təsir göstərməklə aradan qaldırılmalı olduğu diqqətə çatdırılır.
Tədqiqat işi ekoloji problemlərin öyrənilməsi və elmi-nəzəri təhlili ilə məşğul olan hər kəs üçün əhəmiyyətli mənbədir. Araşdırmadan və onun nəticələrindən tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin, müvafiq mövzularda mühazirə mətnlərinin hazırlanması işində yararlanmaq mümkündür.
Salam olsun, dəyərli oxucum! Özündə tükənməz güc-qüvvət ehtiva edən sözün tək və yeganə sahibi uca Yaradana şükürlər olsun ki, yeni gözəl bir səbəbiyyət üzərindən Sizinlə körpü qurmaq bizə müyəssər oldu. Min şükür!
Əlbəttə bu fikir subyektiv qəbul olunmalıdır. Belə düşünürəm ki, bütün digər Şərq xalqlarında olduğu kimi bizdə də (bax bu yazını yazdığım dildə oxuyub anlayanlar) şeir yazmağa meyillilik, aludəçilik var. İstiqanlıyıq, həssasıq… Tez coşuruq… Ağına-bozuna baxmadan şeir qoşuruq… Cild-cild kitablar yazırıq. Tacir də yazır, müəllim də qoşur, alım də nəzmə çəkir və d. Əlqərəz yazmaq, qoşmaq bizim üçün adi bir işdir. Vəzifə və sənətimizdən asılı olmayaraq bu işi çoxumuz bacarırıq. Bu qabiliyyət anamızın südü, çəkdiyi bayatılarla hopur canımıza, qanımıza… Bir balaca qəmlənən və ya sevinən kimi sövqi-təbii qoşmalar qoşulur, boylar boylanır, dastanlar bağlanır… Gündəlik qayğılarımızdan dolayı məcubur olduğumuz işlə yanaşı şairliyi də yaşadırıq… Hərəmiz öz bildiyimiz kimi; həkim şair, müəllim şair, taksi sürücüsü şair və hətta qəssab şairlərimiz də var… Bir sözlə hər öz həyatını yaşayır, şairlik şələsini də çiynindən yerə qoymur… Hərənin də öz həqiqəti və ehtiyacları var. Ələxsus son otuz ilin söz dünyasına quşbaxışı bir nəzər salsaq, mavi suların qoynunda bir şair görürük. Mən mavi sulara, sonsuz səmanın ənginliklərinə qərq olmuş bu şairə nə dənizçi, nə təyyarəçi, nə balıqçı şair deyə bilmərəm. Bu əsl şair həyatı yaşayan (bütün parametrlərilə) şairdir.
Şairin qələmə aldığı ən yeni nümunələrdən birinə nəzər salaq (onun ötən əsrin sonlarında müxtəlif məkanlarda, fərqli vəziyyətlərdə, zaman şərtlərində yazdığı şerlər də var):
Mənim qoca şəhərim, mənim uca şəhərim,
neçə ilin həsrətini çəkən, yorğun Şəhərim!
Özümüzdən çox uzaq,
könlümüzə çox yaxın,
gözümüzlə görünməyən tənha, oğrun Şəhərim!
Burada şairin mühətabı Şuşa (Qala) şəhəridir. Qələmə aldığı hisslər ən son hadisələrin eyforiya qarışıq coşqunluğu ilə yoğrulsa da, cilalayıcı şair ruhu heç bir misrada çiy sözə yer verməmişdir. Bu nümunədə mühətabı Nəsimi ilə, M.Ə.Sabirlə, bütün Azərbaycanın özü ilə asanlıqla əvəz etmək olar. Əslində isə şair özü ilə söhbətləşir…
Çətin və bəzən hətta məşəqqətli olsa da şair həyatı yaşamaq hər şairə nəsib olmur… Dənizçi Faiq Balabəyli, tacir-sabunçu Sabir kimi, tacir-müəllim Hadi kimi əsl şair həyatı yaşayan barmaqla sayıla biləcək qədər az şairlərimizdən biridir.
Bu yazını yuxarıdakı qaydada əziz dostum, qardaşım Faiq Balabəylinin lap körpəlikdən qələmə aldığı istənilən nümunə ətrafında həcmcə nə qədər istəsəniz böyütmək olar. Bütün səmimiyyətimlə qeyd etmək istəyirəm ki, buna ehtiyac yoxdur.
Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının Faiq Balabəyli yaradıcılığına həsr etdiyi “Dəniz adamı” məqaləsindən kiçik bir hissəni xatırlatmaqla yazımı yekunlaşdırmaq istəyirəm: “Bütöv Azərbaycan uğrunda mübarizədə yorulmadan çalışan öz mənalı, məntiqli şeirləri, publisist yazıları ilə Faiq Balabəyli bir ordunun görəcəyi işi öz çiyinlərində şərəflə daşıyır, yorulmadan daşıyır.”
Bəli, Faiq Balabəylini şair edən, onu bir ömürlük şair həyatı yaşamağa məhkum edən bu qayğıdır. Onun həssas qəlbində pərvəriş tapıb bir türlü ovunmayan intizar, həsrət Azərbaycan sevdası… Bu sonluğa ustad sənətkar Bəxtiyar Vahabzadənin “Payız düşüncələri” kitabının və “Vətəndaş” şeirinin adını yazmaqla xüsusi bir rəng qatmaq istəyi keçdi könlümdən… – əziz və dəyərli oxucum düşün ki, qeyd etdiyim bu iki nümunə də Faiq Balabəyli üçün, onun adına yazılıb, onun həyatını əks etdirir…
Mənim şair qardaşım Faiq Balabəyli, 60 nədir ki, …?! Allah sənə uzun ömür versin, 70-də, 80-də, 90-da görüşək… Bütün Azərbaycan dağlarına, çəmənlərinə bal toplamağa getmiş arıların öz pətəklərinə dönsün… Bal kimi şeirlərin süzülsün… Necə ki, belələri var:
Doyunca əyilib içdim suyundan;
Tamı tamahlandırdı, yumdum gözümü,
dadı damağıma köçdü, içimə çəkdiyim
havanı udmaq
geri qaytarmamaq… yordum özümü…
və yaxud:
İndi hay-həşir salacaq
uçacaq ac qağayılar
Qayığın saldığı izə
qonacaq ac qağayılar.
Ömrünü belə yaşayar –
nəfəsi kəsilənə qədər.
İçində qayğı daşıyar
Boğular nələr və nələr…
… , Can Qardaş, can. Sənin nələr çəkdiyini mən bilirəm. Mən.
“Yunus Oğuz müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla bərabər, öz imzası, dəsti-xəttilə seçilən söz sənətkarlarındandır. Onun ümumi dünya qələmdarları sırasında yeri Təbəri, Qaşqarlı Mahmud, Lev Tolstoy, Yevgeni Tarle, Vasiliy Yan, Məmməd Səid Ordubadi kimi ustad sənətkarların arasındadır. Onu bir yazar kimi sələflərindən və xələflərindən fərqləndirən başlıca xüsusiyyət istər tarixi, istərsə də şahidi olduğumuz hadisələrə yalnız quru bədii salnaməçi mövqeyindən yanaşmamasıdır. Beləki, onun bütün qələmə aldığı mətn nümunələrində mövzuya analitik yanaşma mövqeyi qabarıq şəkildə ortaya çıxaraq keçmişi təsdiq, gələcəyi isə tərtib edir.” Bu sözləri Olaylar.az-a müharibə veteranı, yazar, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac Yunus Oğuzun “Cığır” tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə münasibət bildirərkən deyib:
“Tarix, hərb mövzulu yazılar həmişə diqqət mərkəzimdə olub. Bu qəbildən olan yazılarda heç vaxt imzaya deyil, məhz mətnlərə, onların faydalılığına, gələcək nəsillər üçün daşıdığı informasiya yükünə, tutumuna fikir vermişəm. Bu mövzuya dəfələrlə müraciət edərək layiqliləri təqdir, yarıtmazları isə açıq şəkildə tənqid etmişəm. Əgər söhbət konkret olaraq Yunus Oğuzdan gedirsə, “Çağdaş örnək yazarlar” adlı yazımda bu imzanı gəncliyə nümunə olaraq göstərmişəm. “Cığır”a gəlincə, Yunus Oğuz bu əsəri yazmasa belə bir yazar kimi Azərbaycan ədəbiyyatında öz sözünü çoxdan demiş, imzasını təsdiqləmişdi. Bəli. Bu qəti olaraq belədir. Ancaq Yunus Oğuz bu mövzuda yazmaya bilərdimi? Əlbəttə, xeyr! Yunus Oğuz qələbədən, şanlı Zəfərimizdən, Şuşadan mütləq yazmalı idi. Bu Zəfərə qədər qələmə aldığı digər silsilə tarixi romanlarında işarə ilə toxunduğu mətləbləri enində-sonunda açıq bir mətnlə ortaya qoymalı idi. Zaman yetişdi. Bu nümunə “Cığır” oldu. Özü də necə? – Şəxsən mən romanın anonsunu Şuşada şanlı Zəfərimizin memarı Müzəffər Ali Baş Komandanın hüzurunda müəllifin öz dilindən eşitdim. Bu mənzərəni seyr edəndə qeyri-ixtiyari olaraq gözlərimin önündə fatehlərin yanında olan salnaməçi mirzələrdən biri qismində canlandı Yunus Oğuz… Yunus Oğuz qalib sərkərdənin önündə, hadisə yerində onu televiziyadan seyr edən milyonların gözü qarşısında elan etdi ki, o artıq “Cığır”dan yazmağa başlayıb. Bu çox məsuliyyətli və ciddi öhdəlik idi. Bizim tanıdığımız, tarixi biliyinə, siyasi-analitik bacarığına və ümumilikdə geniş erudisiyasına güvənən Yunus Oğuz bu vəzifənin öhdəsindən layiqincə gəldi. O bir peşəkar söz adamı kimi verdiyi sözün üstündə durdu. Gələcək nəsillərə örnək ola biləcək yeni faydalı bir nümunə yaratdı…
Yunus Oğuzun tarixinə söykənərək romanda verdiyi tərtiblərin çoxu qısa bir müddət ərzində həyata keçdi. Bu gün artıq Xankəndində bayrağımız dalğalanır.
Bu yaxınlarda öyrəndim ki, Yunus Oğuzun “Cığır” tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün namizədliyi irəli sürülüb və aidiyyəti qurum tərəfindən namizədlik qəbul edilib. Ümidvaram ki, növbəti xəbər “Cığır”ın Yunus Oğuz, ədəbiyyat, ədalət, ümumilikdə yurdsevər vətən övladları, o cığırı canları, qanları, sıldırım qayalara hördükləri həyatları bahasına yol edərək bu gün artıq yerdən, göydən Göyçə gölünə boylanan əsgərlərimiz, qazilərimiz, şəhidlərimiz adına bu mükafatı qazanması olacaq!”