Etiket arxivi: Qismət Rüstəmov

Qismət – Süni zəka və roman sənəti

Süni zəka və roman sənəti

Süni zəka vasitələri həyatımızın mərkəzinə yerləşib, ChatGPT çox sürətlə Koka-kola qədər məşhur ada, sözə, brendə çevrildi. Süni zəka təbii zəkanın nümayəndələrini, yəni yazıçıları da yeni, aktual mövzu kimi çox maraqlandırır. Maşınlar, kompüterlər roman yaza bilərmi? Onlar insan hisslərini, insan dilini axıracan təqlid edəcəklərmi? Bir maşın, bir süni zəka mənəvi və ya dini həssaslığı sahib ola bilərmi?

Ədəbiyyat üzrə Nobel mükafatçısı Kazio İşiquro “Klara və günəş” romanında bu suallara cavab axtarır. Romanın təhkiyəçisi Klara uşaqlar üçün yaradılmış “Süni dostdur”. Günəş enerjisiylə işləyən Klara vaxt keçdikcə ona həyat bəxş edən günəşə bağlanır, ondan asılı olur. Get-gedə Klara günəşi təkcə özü üçün enerji mənbəyi kimi yox, həm də insan dostu, xəstə Cosini sağaldacaq ilahi bir güc kimi görməyə başlayır. Klaranın mənəvi ritualları çox sistemli olur, özünə bir məbəd seçib davamlı dua edir. Cosinin vəziyyəti pisləşdikcə, Klara daha konkret əməllərə keçir, Günəşin hava çirkliliyini sevmədiyini bildiyi üçün, ətraf mühiti kirlədən bir maşını məhv etmək qərarına gəlir.

Mühəndislər, menecerlər süni zəkanın ancaq məntiqi bacarıqlarına, analitik imkanlarına köklənsələr də, ədəbiyyatçılar onun insan şüurdakı inanc, bağlılıq, asılılıq, fədakarlıq kimi cığırlarda özünü necə aparacağını anlamağa çalışırlar. Klaranın özündən daha böyük hesab etdiyi güclə əlaqə qurmaq, ona təslim olmaq istəyi bizi zəkanın təbiəti ilə bağlı ehtimallarımızı yenidən düşünməyə dəvət edir.

Çox sevdiyim yazıçı Yan Makyuenin “Mənim kimi maşınlar” romanında android var, adı Adəmdir. Adəmin yiyəsi Çarlidir, bir dəfə onlar mübahisə edirlər, yiyəsi Adəmin söndürmək istəyəndə gözlənilməz bir reaksiya ilə qarşılaşır. Adəm öz varlığını qorumaq instinkti ilə Çarlinin biləyini qırır, sonra isə onu təhdid edir: “Bir də məni söndürməyə çalışsan, sənin qolunu bütövlüklə yerindən qopardaram.” Öz varlığını dərk edən və həyatda qalmağı əsas prinsipə çevirən bir android, yiyəsi də olsa, bir insanın ona zərər vermək cəhdini böyük eksiztensial təhdid saya bilər.

Yan Makyuenin “Mənim kimi maşınlar” romanında android Adəm ədəbiyyatın, romanın gələcəyi haqqında da proqnozlar verir. O, bütün ədəbiyyat tarixini sürətlə öyrənərək belə bir radikal qərara gəlir: İnsanlar maşınlarla evlənməyə başlayanda ədəbiyyat lazımsız olacaq, çünki bir-birimizi ideal səviyyədə başa düşəcəyik. Bəlkə də yeganə ədəbi növ kimi hayku salamat qalacaq, hər şeyi olduğu kimi, sakitcə ifadə edən hayku!

Adəmin məntiqi belədir ki, əgər bir-birimizi ideal səviyyədə anlamağa başlasaq, romanlardakı konfliktlərin, mürəkkəb insanı qarşıdurmaların mənası qalmayacaq, onda bizim çoxsaylı sitatlara, dil oyunlarına, interteksuallığa, başqa əhvalatlara eyham vurmağa ehtiyacımız olmayacaq. Bircə haykunun anlıq, sakit, indiki anla bağlı müşahidələri maraqlı olacaq.

Məncə, min il, milyon il sonra bircə hayku qalacaqsa, yəni əlimizdə bircə kiçik şeir forması qalacaqsa, biz o şeirdən başlayıb yenidən böyük bir ədəbiyyat tarixi yaradacağıq, bir neçə dəfə etdiyimiz kimi…

Müəllif: QİSMƏT

QİSMƏT BƏYİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Yeni ədəbi qrup yaradılır

“Yeni ədəbi qrup yaradıram!”- bu barədə tanınmış yazar öz sosial şəbəkə hesabında paylaşım edib:

“Ötən əsrin əvvəllərində Londonun Blumsböri səmtində toplaşan sənətçilər sonradan “Blumsböri qrupu” olaraq məşhurlaşdılar. Onların sırasında yazıçı Virciniya Vulf və siyasətçi əri Leonard Vulf, məşhur “Romanın aspektləri” kitabının müəllifi, yazıçı və tənqidçi E.M. Forster, dünyaca tanınan iqtisadçı Con Keynes, Virciniya Vulfun rəssam bacısı Vanessa Bell və başqaları vardı. Söhbətləri tuturdu, dünyagörüşləri bir-birinə bab idi. Hətta Virciniya Vulf və əri Leonard “Hogart press” adlı butik bir nəşriyyat da açmışdılar, ancaq yüksək estetik meyarlarla ölçüb bəyəndiklərini çap edirdilər.

Ədəbiyyat tarixində onları hədsiz fərdiyyətçiliyə görə tənqid edənlər də olub, ancaq heç kim onları qrupbazlıqda ittiham etməyib, çünki bu, ümumiyyətlə gülməlidir. Çünki bütün dünyada estetik hərəkatlar qrupların ətrafında baş verib, manifestli, yaxud manifestsiz. Qrupların bəziləri konkret məkanda yığışıblar, tutalım, Parisdəki bir kafedə, bəziləri məsafədən, virtual olub, məsələn, hansısa jurnal ətrafında. İndiki açıq dünyada bu işlər daha asan baş tutur, metamodernistlər bir neçə sayt ətrafında sürətlə birləşdilər və s.

Madam ki, ortada qrup olmasa da, hər kitabın 5-ci səhifəsində yuxulayan xeyli adam qrupdan danışır, onda qrup yaratmağın vaxtıdır. Avqustda “Yasamal qrupu”nu elan olunacaq, hətta bəlkə manifestini də yazdım. İndidən deyim, açıq qapı olmayacaq, seçimi və dəvəti qrup özü edəcək.”

Müəllif: QİSMƏT

QİSMƏTİN DİGƏR YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Beynəlxalq Poeziya günüdür

Bu gün Beynəlxalq Poeziya günüdür

Böyük Oktavio Pas poeziya haqqında belə yazırdı:

“Poeziya – bilgidir, ruhun qurtuluşudur, gücdür, özünü unutmadır. Poetik akt dünyanı dəyişdirməyə qadirdir, çünki təbiəti etibarilə inqilabidir: o, ruhani məşqdir, daxili azadlığa aparan yoldur. Poeziya bu dünyanı mənalandırır, onu ucaldır; amma başqa bir dünya da yaradır. Poeziya – seçilmişlərin çörəyidir, çətin udulan loxmadır. Poeziya həm ayırır, həm də birləşdirir. Poeziya – həm səyahətə dəvətdir, həm də vətənə qayıdışdır. Poeziya – ilhamdır, nəfəsdir, bədənin tərbiyəsidir. Poeziya – səhrada duadır, mövcud olmayanla ünsiyyətdir: o, sıxıntıdan, ağrıdan və ümidsizlikdən qidalanır. O, duadır, peşmanlıqdır, epifaniyadır, fenomendir. Poeziya – ovsundur, cadudur, magiyadır. O – sublimasiyadır, kompensasiyadır, təhtəlşüurun konsentrasiyasıdır. Poeziya – irqi, milli və sinfi şüurun tarixi ifadəsidir. Poeziya tarixi inkar edir, bütün konfliktlər onda həll olunur və axırda insan başa düşür ki, o tarixin əlində oyun-oyuncaq olan elə-belə bir fani deyil. Poeziya – təcrübədir, hissdir, həyəcandır, fəhmdir, istiqamətləndirilməmiş düşüncədir. Poeziya – həm təsadüfün uşağıdır, həm də hesablamağın meyvəsidir. Poeziya – həm ali nitq hadisəsidir, həm də ibtidai dildir. O – həm qaydalara tabe olmaqdır, həm də yeni qaydalar yaratmaqdır. O – əcdadları yamsılamaq, gerçəkliyin üzünü çıxartmaq, İdeyanın kopyasının kopyasıdır. Çılğınlıqdır, ekstazdır, Loqosdur. O – uşaqlıq dünyasına qayıdışdır, itirilmiş cənnət üçün xiffətdir, cənnətdə cəhənnəm arzusudur. Oyundur, işdir, asketlikdir. Etirafdır. Anadangəlmə qabiliyyətdir. Görüntüdür, musiqidir, simvoldur. O – analogiyadır: poeziya içindən kainatın səsi gələn balıqqulağıdır, onun ritmləri, ölçüləri universal harmoniyanın əks-sədasıdır. Poeziya – təlimdir, mənəviyyatdır, tədrisdir, vəhydir, rəqsdir, dialoqdur, monoloqdur. Poeziya – xalqın səsi, seçilmişlərin dili, münzəvilərin sözüdür. Saf və murdardır, müqəddəs və lənətlənmişdir, xəlqi və elitardır, çılpaq və geyimlidir, şifahidir, yazılıdır, rəsm olunandır, o bütün sifətləri özündə birləşdirir, amma bəziləri deyirlər ki, onun öz çöhrəsi yoxdur, çünki poeziya boşluğu gizlədən maskadır – insanın gördüyü bütün işlərin şişirdilmiş böyüklüyünə parlaq bir sübut!”

Şairləri və poeziyasevərləri təbrik edirəm!

Müəllif: QİSMƏT

QİSMƏTİN DİGƏR YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qismət – Bir haykunun tarixçəsi

Bir haykunun tarixçəsi

Görkəmli yapon şairi Basyö 1681-ci ildə inzivaya çəkilir; beş il sonra, 1686-ci ildə, ustadı Butço tələbəsi Qohei ilə onu ziyarətə gəlir. Görüşdə Basyönün də bəzi tələbələri iştirak edir. Basyönün bağını ilk dəfə görən Qohei belə deyir: “Bu sakit bağçada bütün bitkiləri, bütün ağaclarıyla necə də Buddanın cövhəri var!” Basyö cavab verir: “Böyük yarpaqlarda böyüklüyü, kiçik yarpaqlarda kiçikliyi ilə…”
Ustad Butço söhbətə qoşulur: “Bəs indilərdə necədir?”
Basyö deyir: “Yağış kəsib, yosunlar yaşıllaşır.”
Ustad Butço soruşur: “Bəs Buddanın cövhəri yosunlar yaşıllaşmamışdan qabaq necəydi?”
Deyilənə görə, bu məqamda bir qurbağa suya tullanır və Basyö belə deyir: “Qurbağa hoppandı, suyun səsi.”
Rahiblər heyrətlənir, tələbələrdən biri deyir ki, ancaq ilk misra kəmdir. Basyö deyir, nə təklif edirsiniz? Biri “Axşam düşür”, bir başqası “Tənhalıqdakı”, digəri “Dağ çiçəkləri” misrasını təklif edir.
Basyö deyir, bu misraların hərəsi vəziyyətin bir tərəfini yaxşı ifadə edir, ancaq mən belə deyəcəm:

Köhnə hovuz.
Qurbağa hoppandı.
suyun səsi.

Bir vacib məqam daha… Basyöyə inzivaya çəkilmək üçün daxmanı hədiyyə edən tələbəsi Sanpu balıq taciri olub, bağçadakı “köhnə” hovuz əvvəllər ovlanmış balıqları diri saxlamaq üçün istifadə edilirmiş. Belə-belə işlər… Bu üç misra haqqında cild-cild kitab var, ancaq tükənmir ki tükənmir…

Müəllif: QİSMƏT

QİSMƏTİN DİGƏR YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qismət – Günel Eminlinin xatirəsinə…

Günel Eminlinin xatirəsinə…

Günellə qonşuyduq; onunla bağlı xatirələri yaddaşımda axtarışa verəndə bir neçə görüntünün təkrarlandığı gördüm: üzündəki zərif təbəssümlə yolun o biri başından əl edir ki, gözlə, o tərəfə keçirəm…
Məhlədəki xudmani marketin kassasında əlindəkiləri göstərib gülə-gülə deyir ki, guya dietaya başlayıram…
Fərəhli günlərdə onların həyətində voleybol oynayırıq, övladlarımız bizim uşaqlaşmağımıza sevinib yan-yörəmizdə atılıb-düşürlər…
Voleybol oynadığımız günlərdə kimin zərbəsindən topa kənara çıxsa, dalınca özü qaçırdı. Hiss edirdim ki, bunu həyətin sükutunu gülüşə qərq edən uşaqların sevincinə görə edir. Heç vaxt oyunun bitməsini istəmirdi, neçə saaatının, nə qədər ayının, ilinin, gününün qaldığını bilmədiyimiz ömrün fərəhli anını bir az da uzatmağa çalışırdı. Səadətdən heç yerə tələsmədiyi üçün topun dalınca tələsirdi.
Market kassasının qarşısında gülə-gülə öz iradəsindən gileylənsə də, aldıqlarından görünürdü ki, hər şey evdəkilərin sevincinə, gülüşünə, rahatlığına hesablanıb, məsələn, vanilli dondurma, kinder sürpriz, birdəfəlik istifadə üçün təraş bıçağı. Çünki bəzən çöldə cibindən alınmalı şeylərin siyahısını çıxarır, bir-bir hamının sifarişini gülə-gülə, səsli oxuyur, sonra başı yeyilmiş balaca karandaşla yerinə yetirilmiş missiyaların üstündən xətt çəkirdi.
Hər dəfə yolu biz tərəfə keçəndə salam-kəlamsız eyni cümləni deyirdi: Niyə bizə gəlmirsiz? Sonra əlavə edirdi: Yığışsanız, mütləq mənə də xəbər edin.


İndi, onsuz sətirdən sətirə keçirdiyimiz günlərin ildönümündə düşünürəm ki, Günel bu dəfə başqa bir yolun o tayına keçib, bu dəfə sirrini heç vaxt bilməyəcəyimiz bir səbəbdən öz doğum günündə öz adının üstündən xətt çəkib, bu dəfə dalınca tələsdiyi top Zərdüştün, Mövludun, Mahmudun olduğu yerə düşüb…

Ehtiramla: QİSMƏT

QİSMƏTİN DİGƏR YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru