Ağcabədidə Rəşad Məcidin 60 illik yubileyi qeyd olundu Əməkdar mədəniyyət işçisi, yazıçı, publisist RƏŞAD MƏSCİDin 60 illik yubileyi münasibəti ilə onun doğulduğu Ağcabədi rayonunda ədəbi-bədii tədbir keçirilib. Öncə Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Parkı ziyarət olunub. Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində keçirilən tədbirin birinci hissəsində Rəşad Məcidin yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib. Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının təşkil etdiyi “Əməkdar mədəniyyət işçisi Rəşad Məcid- 60 “ başlıqlı sərgidə yazıçının Azərbaycan dilində, həmçinin xarici dillərdə nəşr olunan kitabları, o cümlədən redaktoru olduğu və haqqında yazılan kitablar nümayiş etdirilib. Sonra tədbir mərkəzin konfrans zalında davam edib. Əvvəlcə Rəşad Məcidin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub. Sonra tədbirin moderatoru, yazıçı, publisist Aqil Abbas açılış nitqi ilə çıxış edərək yubliyarı səhnədəki yerinə dəvət edib. Tədbirdə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Qabaqcıl maarif xadimi Ədalət Hüseynov, “Aran” qəzetinin redaktoru, AYB-nin üzvü Məhsəti Musa, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək Rəşad Məcidin yaradıcılığından, uğurlu fəaliyyətindən söz açıb, öz ürək sözlərini, xoş arzularını bildiriblər. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yubliyarı Fəxri fərman və hədiyyə ilə təbrik edib. Tədbirdə həmçinin Rəşad Məcidin Ağcabədidə çıxan “Sürət” (hazırkı “Aran” qəzeti) qəzetində 1982-ci ildə çap olunmuş ilk şeiri məktəbli Nəimi Ağayev tərəfindən səsləndirilib. Rəşad Məcidlə Şuşada tanış olmuş daha bir məktəblinin – Məcid Məmmədovun şairin “Cıdır düzü” şeirini səsləndirməsi və sazda “Ruhani” havası çalaraq onu təbrik etməsi tədbirdə xüsusi ovqat yaradıb. Görüşdə Rəşad Məcidin şeirinə bəstələnmiş və digər mahnılar ifa olunub. Yekunda yubilyara söz verilib. O, hər dəfə doğma Ağcabədiyə gəlməkdən çox məmnun olduğunu qeyd edib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Fotolar:
Şair, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid (Məcidov Rəşad Museyib oğlu)in 60 illik yubileyinə həsr olunmuş “Ağ adam” adlı yeni kitab işıq üzü görüb.
Kitab müstəqil ədəbi qurum olan “Yazarlar” jurnalı tərəfindən həyata keçirilmiş “Rəşad Məcid – 60” uzun müddətli layihənin yekunu olaraq, bu müddət ərzində müxtəlif mətbu orqanlarda yayımlanmış ən seçmə nəsr və nəzm nümunələri əsasında ərsəyə gətirilmişdir.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Vətəndaşlıq və professionallıq nümunəsi” adlı giriş məqaləsində yubliyarın həyat və yaradıcılıq fəaliyyəti barədə tam dolğun məlumat verilib. Kitabda Rəşad Məcidin ömür yoluna işıq tutan Fəxri Uğurlunun, Vaqif Yusiflinin, Xalq şairi Nəriman Həsənzadənin və digər qələm adamlarının yazıları yer alıb. “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən tərtib olunmuş “Ağ adam” kitabının redaktoru Günnür Ağayeva, naşiri isə Tuncay Şəhrilidir.
Kitab yaxın günlərdə yubilyara və geniş oxucu kütləsinə təqdim olunacaq.
21 avqust dəyərli ziyalımız – yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidin doğum günüdür. Şad günü münasibəti ilə Rəşad müəllimi təbrik edir, cansağlığı, uzun ömür və bütün fəaliyyətində uğurlar arzulayırıq:
AĞ ADAM (Rəşad Məcidin doğum gününə) Tanrı mayasını tutubdu “ağ”la, Torpağı ağ, sümüyü ağ, sözü ağ. Sən bu hekayətə ya gül, ya ağla, Bu adamın əyrisi ağ, düzü ağ.
Ağoğlanda göz açıbdı dünyaya, Ağ doğulub, nur saçıbdı dünyaya, Ağ qalacaq, and icibdi dünyaya, Sözün tutub; alnı açıq, üzü ağ.
Ağdam adlı məmləkətin uşağı, Burda çözüb min-bir türlü tuşağı, Çox dinləyib “dastan” deyən “aşığı”; Hekayətin mini qara, yüzü ağ.
Ağcabədi, mədəniyyət beşiyi, Yurd yeridi, çəkilibdi keşiyi, Sadə olub daim evi, eşiyi, Məqamında kürsüsü ağ, mizi ağ.
Ustac deyir; tam arınıb bu adam, Ağayana, mərd tanınıb bu adam, Yaranandan ağ yaranıb bu adam, Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.