Etiket arxivi: REDAKTOR SEÇİMİ

Firuz Mustafa – Yenə “Azərbaycan” şeir(lər)i haqqında

FİRUZ MUSTAFANIN YAZILARI

Yenə “Azərbaycan” şeir(lər)i haqqında

Son illər mətbuatda tez-tez Səməd Vurğun-Əhməd Cavad “tandem” və “münaqişəsi” haqda yazılar gedir. Bəribaşdan onu demək lazımdır ki, hər iki sənətkarın ədəbiyyatımız qarşısında böyük xidmətləri olmuşdur.

Adətən, Səməd Vurğunu “vurmaq” istəyənlər onun məşhur misralarını yada salırlar:

Mən nə Sanılıyam, nə də Cavadam,

Onlara düşmənəm, onlara yadam.

Bəli, bu misraların müəllifi Səməd Vurğundur. Bəziləri az qala şairin bu misralarını “donos” kimi qəbul edirlər. Hətta, ittiham irəli sürənlər də tapılır. Belələri Cavadın repressiya olunmasında məhz bu misraların “təqsirkar”, “günahkar” olduğunu iddia edirlər. Yanlış yanaşmadır. Əvvəla, ona görə ki, bu misraların qələmə alındığı dövrdə elə Səməd Vurğunun özünü “ifşa” edən kifayət qədər tənqidi yazılara, ittihamlara rast gəlmək mümkündür. İkincisi, Səməd Vurğun və yaxud onun özünü “ifşa” edən müəlliflər ölkənin başçısı və ya Baş prokuroru deyildilər ki, kiminsə repressiya olunmasında “rol” oynasınlar. Ona qalmış bu günün özündə belə bir-birini ifşa edən kifayət qədər qələm adamı və şair vardır. “İfşaya” görə can alınsa onda ölkədə adam qalmazdı ki…

Səməd Vurğunu ittiham edənlərin bir qismi şairin məşhur “Azərbaycan” şeirinin guya “plagiat” olduğunu irəli sürürlər. Bəli, Əhməd Cavadın da “Azərbaycan” adlı şeiri var. Həmin şeir 1919-cu ildə dər edilib. Səməd Vurğunun şeiri isə, səhv etmirəmsə, 1933-34-cü illərdə yazılıb və 1935-ci ildə dərc edilib, yəni 15 il sonra. Nəzərə almaq lazımdır ki, Sovet dönəmində yazılmış həmin şeir (yəni S.Vurğunun şeiri) dərc edilərkən Əhməd Cavad sağ idi. Əhməd Cavadın Səməd Vurğunun onun şeirini “köçürməsi” barədə ortada hər hansı bir iddiası yoxdur. Hətta, bəzi xatirələrdə nisbətən yaşlı şairin (yəni Ə.Cavadın) öz gənc həmkarını bu şeirə görə təbrik etdiyi də bildirilir. Və orasını da qeyd edək ki, Vurğunun bu şeiri işıq üzünə çıxandan sonra açıq səmadakı şimşək kimi parladı, tezliklə dillər əzbəri oldu. Yenə təkrara ehtiyac duyulur: həmin dövrdə Əhməd Cavad hələ sağ idi.

Sual yaranır: bəs ikinci “Azərbaycan” şeirinin eyniadlı birinci şeirə oxşarlığı var ya yox? Bəli, var. Hər iki şeirdə hətta, bəzi söz və idadələrin eyni olduğu da nəzərdən qaçmır. Məsələr, “durnagözlü bulaqlar”, “bəhri-Xəzər”, “orman”, “maral” və digər anlayışlar bu deyilənlərə aiddir. Bildiyiniz və artıq dediyimiz kimi, Səməd Vurğunun şeirində də bu cür söz və bənzətmələr vardır.

Hər iki şeir oxşardır. Amma bu “oxşarlı” qətiyyən eyniyyət təşkil etmir. Açığını deyim ki, kim sonralar “Azərbaycan” rədifli (və ya adlı) şeir yazıbsa məhz S.Vurğunun şeirinə bənzəyib. Bəli, bundan sonra da Azərbaycan haqqında yazılacaq bütün şeirlər məhz Səməd Vurğunun (və təbii ki, həm də Ə.Cavadın) şeirini yada salacaq: necə ki, ölkə haqda sonralar yazılan “ölkə” rədifli bütün şeirlər Cəfər Cabbarlının “Ölkəm” şeirini, ana dilimiz haqda yazılan bütün şeirlər Bəxtiyar Vahabzadənin məşhur “Ana dili” şeirini, repressiyalar haqqında qələmə alınmış bütün poemalar Rəsul Rzanın “Qızılgül olmayaydı” poemasını, Xəzər haqqında yazılan bütün poetik nümunələr Nəbi Xəzrinin “İki Xəzər” poemasını, keçi haqqında yazılan şeirlər Abdulla Şaiqin dillər əzbəri olan şeirini, meşəbəyi haqqında yazılan bütün şeirlər Hüseyn Arifin məşhur qoşmasını “yada salır” və gələcəkdə də yada salacaq…

S.Vurğundan sonra həmin rədifdə onlarla, bəlkə də yazlərlə şeir, musiqi mətni yazılıb və hamısı “ilk” şeirə bənzəyir. Sonra. Ə.Cavadın şeiri “dördlükdə” yazılıb. Məsələn, bu cür:

İpək, pambıq, yunun çoxdur!

Arpa, buğda, dügün çoxdur!

Hər şeyin var, nəyin yoxdur?!

Azərbaycan! Azərbaycan!

Yer üzündə yoxdur tayın!

Gur-gur axar neçə çayın!

Bol veribdir, fələk payın!

Azərbaycan! Azərbaycan!

S.Vurğunu “Azərbaycan” şeiri isə “beşlikdə” yazılıb:

Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır.

Böyük bir keçmişin vardır.

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin.

Haqqında söhbət gedən şeiri Səməd Vurğun gələcək “Azərbaycan” epopeyasının proloqu kimi nəzərdə tutmuşdu.

Bəli, Azərbaycan haqqında və ya “Azərbaycan” adlı çox şeirlər var. Onların hansı yaxşıdır? Əlbəttə, bu çox banal sualdır. Amma ədalət naminə deyək ki, ölkədə ən adi adamdan tutmuş ən böyük səlahiyyət sahibinə qədər, elə bir adam tapılmaz ki, bu misraları əzbərdən bilməsin və onun müəllifini tanımasın:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan…

Mənbə: Firuz Mustafa

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dünya qibləsini itirmişdi – Nicat Həşimzadə – HEKAYƏ

Dünya qibləsini itirmişdi

(hekayə)

Dünyanın düz vaxtları idi. Qurbağa gölünə hələ daş atmamışdılar. Hələ iki qonşu xalq arasında savaş başlamamışdı. Hələ arvadı erməni olan türk kişiləri təlaş keçirmirdilər. Hələ mən doğulmamışdım. Anam hələ məktəb oxuyurdu, atam hələ subay idi. Babam xərçəngdən ölməmiş, nənəm hələ dul qalmamışdı. Kəndimizdəki qoca palıd hələ utandığından ölüb yerə girməmişdi. Hələ kənd məzarlığında boş yerlər çox idi. Mollaların sayı artmamışdı. Kəndimizin erməni məzarlığı olan tərəfində hələ torpaq sürüşməmişdi. Əmimgilin biçənəyi hələ daşla dolmamışdı. Levon hələ qardaşı Aşotu öldürməmişdi. Hələ bulaqlar qurumamışdı. Kəndimiz hələ quraqlığın ən zalımını görməmişdi. Hələ ki dünyanın düz vaxtları idi.

Kəndlərimiz yaxın idi. Qonşu kənddə bir neçə adam tez-tez babamın qardaşı Fərhad əminin qarasına danışırdılar. Qonşu kəndin qızı Fərhad əmiyə könül vermişdi, Fərhad əmi qonşu kəndin ən gözəl qızına aşiq olmuşdu. Qonşu kəndin qızını qonşu kəndin zəngin ailəsi oğluna almaq istəyirdi. Qonşu kəndin zəngin ailəsi təkcə qonşu kəndlərin camaatına yox, öz camaatına da zülm edirdi. Fərhad atını suvarandan sonra minməzmiş. Deyərmiş ki, at təzə su içib. İçdiyini gözündən gətirməyim. Fərhad belə Fərhad idi.

Nənəm deyərdi ki, qonşu kəndin zəngin ailəsinin ağsaqqalı Muxtarın ancaq saqqalı ağ idi. Ağsaqqallığı bacarmazdı. Nənəm deyərdi ki, Muxtar yaman əzazil adammış. Qız-gəlinə də murdar gözləriylə göz qoyarmış. Nənəm onu da deyərdi ki, kolxoz sədri olanda nolar, adamda gərək qanacaq-qabiliyyət ola. Qonşu kəndin qız-gəlini bizim kəndin qız-gəlininə həsəd aparırmış. Çünki bizim kənddə “Muxtarlar”ı xoş tale gözləmir. Muxtar “yuxarı”ların yanında yerini bərkitmək üçün aşağıları bütün bərk yerləri əzilib sıradan çıxana qədər işlədirmiş. Nənəm Muxtara Murdar deyərdi. Muxtar belə Muxtar idi.

Dünyanın üzü qibləyə yatan vaxtları idi. Kəndin dələduz uşaqları hərdənbir qurbağa gölünə daş atırdılar. İki qonşu xalq arasında münasibətlər soyuyurdu. Arvadı erməni olan kişilər təlaş keçirirdilər, mən hələ də doğulmamışdım. Anamsa məktəbi bitirmişdi. Atam hələ də subay idi. Babam hələ xərçəngdən ölməmiş, nənəm hələ dul qalmamışdı. Qoca palıdsa soyuyan münasibətlərdən sarsılmış, boynunu bükmüşdü. Kəndimizin məzarlığında boş yerlər hələ də çox idi. Erməni məzarlığı olan tərəfdə torpaq hələ sürüşməmişdi. Əmimgilin biçənəyi də hələ salamat idi. Hələ bulaqlar qurumamış, quraqlıq olmamışdı. Levonsa qardaşı Aşotu öldürmüşdü. Levon qardaşı Aşotu öldürsə də dünya hələ ki üzü qibləyə yatırdı. Sanki Levon hələ qardaşı Aşotu öldürməmişdi. Sanki Aşot hələ ölməmişdi.

Levon qardaşı Aşotu ovda ehtiyatsızlıq üzündən öldürmüşdü. Qardaşlar ovda dumanda azmış, bir-birlərini itirmişdilər. Levon səs eşitmiş, uzaqda bir qaraltı görmüş və qaraltının qaban olduğunu zənn edib atəş açmışdı. Levonun qaban zənn etdiyi qaraltı qardaşı Aşot idi. Bu hadisəni çox çək-çevir etdilər. Hadisənin ehtiyatsızlıq üzündən baş verməsi təsdiqləndi. Levon 2 ilini həbsdə keçirdi. Levon həbsdən qayıdandasa…

Dünya üzü qibləyə yatmaqdan yorulmuşdu. Dünya düz vaxtları üçün darıxırdı. Savaş başlamışdı. Anam atamla ailə qurmuşdu. Mən hələ də doğulmamışdım. Arvadı erməni olan kişilər ölkədən qaçırdılar. Babam hələ sağ idi. Babam sağ idisə demək ki, nənəm hələ dul qalmamışdı. Nənəmin dul qalmasına hələ 1 il qalırdı.

Nənəmin təbirincə desəm dünyanın zayı çıxdığı vaxtları idi. Müharibə hər gün neçə gəncin həyatına son qoyurdu. Fərhadsa müharibəyə getmədi, sözün düzü, gedə bilmədi. Çünki Muxtarın oğlu avara dostları ilə öldürdülər Fərhadı. Qonşu kəndin ən gözəl qızı gəlin köçmədən dul qaldı, həyatının son gününədək Fərhada sadiq qaldı. Könül xanım könlünü başqa Fərhada vermədi. Könül belə Könül idi. Sovetlikdə ən gözəl tayanı Fərhad qoyarmış. Muxtargil ot daşıyanda Fərhadı çağırmışdılar köməyə. Fərhad yüksəklikdə tayanı bağlamaq üçün son işləri görüb bitirəndən sonra Muxtarın avara gədəsiylə dələduz dostları kəndiri qəsdən boş saxlamışdılar, Fərhad yüksəklikdən yıxılmış, həmin andaca vəfat etmişdi. Fərhad cəmi 29 il yaşadı. Onda hələ bilmirdik ki, Fərhadın ölüm səbəbi qonşu kəndin ən gözəl qızını sevmək olmayıb. Onda hələ bilmirdik ki, qonşumuz bilib duz-çörək verdiyimiz ermənilərin əksəriyyəti erməni fonduna pul köçürürlərmiş. Onda hələ bilmirdik ki, bu fonda pul köçürməyən ermənilər Ermənistana qayıda bilmədilər, məcburən başqa ölkələrə sığındılar. Onda hələ bilmirdik ki, Muxtarın da arvadı erməni imiş. Onda hələ inanmırdıq ki, qonşularımız bizə ölüm arzulaya bilər. Onda mən hələ yeni doğulmuşdum. Atamın məni görməyə gözü yox idi. Onda atam atası yenicə vəfat etmiş gənc idi. Fərhad əminin ölüm səbəbinisə öyrənmişdik. 29 yaşlı Fərhad antikommunist fəaliyyətdə təqsirkar bilinmiş və belə şərəfsiz yolla zərərsizləşdirilmişdi. Çar dövründə zülmə, təqibə məruz qalan nəslimizi Sovet dövründə də rahat buraxmadılar. Muxtarın oğlu dünyanın düz vaxtında şərəfsiz əməl törətməklə dünyanın ahəngini pozmuşdu. Hökumət adamları bilirmiş ki, Muxtarın oğlu da kəndin ən gözəl qızını sevir. Bu gizli nifrətdən istifadə edən hökumət nümayəndələri Fərhadı Muxtarın oğlunun əli ilə öldürmüşdülər. Hökumət nümayəndəsi Namazovun kəsdiyi başa sorğu-sual olmazdı. Namazov belə Namazov idi.

Nənəm onu da deyərdi ki, dünyanın zayı çıxsa da, heç kəsdən payını əsirgəməz. Muxtar dəli olub çöllərə düşdü. Muxtarın avara gədəsi öz evində yanğında öldü. Babam Fərhadın həsrətiylə uzun illər yaşamadı, yaşaya bilmədi. Amansız xərçəng xəstəliyi yaşamağa qoymadı babamı. Onda mən artıq iki gün idi ki, doğulmuşdum. Savaş davam edirdi. Kəndimizin məzarlığında boş yerlər dolurdu. Qonşuluğumuzdakı erməni ailələri münaqişə başlayan ərəfədə Ermənistana və başqa ölkələrə getmişdilər.

Müharibə davam edirdi, keçirdiyi avtomobil qəzasında aldığı xəsarətə görə atamı cəbhəyə aparmadılar. Çox cəhd eləsə də, icazə vermədilər. Həmin günün axşamı kəndimizə atamın sinif yoldaşlarının, uşaqlıq dostlarının cənazələrini gətirdilər. Balaca bir kənd üçün bir günə 4 şəhid qəbul etmək ağır idi, çox ağır.

Dünyanın düz vaxtları bir də olmayacaqdı. Qurbağalar susduğundan daha gölə daş atan olmurdu. Qurbağalar da dünyanın düz vaxtlarının həsrətini çəkirdilər. Nənəm 50 yaşında dul qalmışdı. Qoca palıd kiçilib- kiçilib, başını əyib gövdəsinə sığınmışdı. Kənd məzarlığında boş yer qalmamışdı. Mollaların sayı çoxalmışdı. Erməni məzarlığında torpaq sürüşsə də kənd camaatı ölülərə hörmət göstərib məzarlığı qoruyub saxlamışdılar. Bulaqlar qurumuş, quraqlıq kəndimizi taqətdən salmışdı. Erməni məzarlığında torpaq sürüşdüyündən, əmimgilin biçənəyi daş qalıqları ilə dolmuşdu. Namazovun qızı vərəmdən ölmüşdü.

Dünya qibləsini, adamlar doğmalarını, Könül Fərhadını, nənəm ərini, atam atasını, mən babamı itirmişdim. Dəhşət isə o idi ki, dünya qibləsini itirmişdi.

İlkin mənbə: /edebiyyatqazeti.az/

Müəllif: Nicat HƏŞİMZADƏ

REDAKTOR SEÇİMİ

NİCAT HƏŞİMZADƏNİN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI

SƏADƏT QƏRİBİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BU GÜN ANAR MÜƏLLİMİN DOĞUM GÜNDÜR!

QƏŞƏM NƏCƏFZADƏANAR

“İmişlidən gəlirdik, yolda Anar müəllim mənə dedi ki, Sabirabadda Suqovuşanı (Arazla Kürün qovuşduğu yer) görmüsən? Dedim yox. Dedi gedək, Suqovuşana, axırıncı dəfə ora atamla getmişəm. Getdik, maraqlı söhbətlər elədik və bu şəkli çəkdirdik. Əziz Anar müəllim, ad günün mübarək olsun, yüz yaşa!” – Qəşəm Nəcəfzadə

“YAZARLAR” olaraq bütün təbriklərə qoşulur, Anar müəllimə uzun ömür, cansağlığı və bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!!

ANARIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

2 AVQUST KİNO GÜNÜDÜR!

“Bu gün kino günüdür. Ağlım kəsəndən indiyə qədər baxdığım filimlərin içərisindən təkrar olaraq tək bircə filim seçib baxmaq şansı verilsəydi. O imkanı “Mən ki, gözəl deyildim” filminə xərcləyərdim.” Zaur Ustac

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru