Etiket arxivi: Şəhid Xəyyam Hüseyn

NURANƏ RAFAİLQIZI. ŞƏHİD-ŞAİRİM.

NURANƏ RAFAİLQIZI, ŞƏHİD XƏYYAM HÜSEYN

ŞƏHİD-ŞAİRİM
(Şəhid Xəyyam Hüseynin kitabı haqqında)
Bir kitab var qarşımda əlimə götürürəm ovcumun içinə qor salır, yerə qoyuram yeri yandırır , göyə qoyuram göyü alova bürüyür…Nə aça bilirəm, nə bükə bilirəm! Açsam, içindən çıxan ana naləsi, bacı fəryadı, ata ahı, həyata keçməmiş arzular, yarımçıq qalmış xəyallara davam gətirə bilməyəcəyimdən qorxuram, örtsəm günah edəcəyimdən!.. Çünki, bu müqqəddəs nəzm nümunələrini oxumamaq bir oxucu kimi ən böyük günah, bir qələm yoldaşı kimi ən böyük qəbahət, bir vətəndaş kimi ən böyük səhv olardı… Düşüncələrimdən yola çıxaraq, qəlbimin son təpərindən dayaq alıb yenidən kitabı əlimə götürürəm. Və diqqətlə incələməyə başlayıram…
Nədir bu kitabı digərlərindən fərqləndirən cəhət? Gəlin birlikdə araşdıraq! Tərtibatına baxsaq çox da qalın olmayan, bəyazlığı ilə gözləri qamaşdıran 111 səhifə, 93 şeirdən ibarət nəfis şəkildə hazırlanan bir mətbəə nümunəsidir. Adı da “Qələm nümünəm” adlanır elə. Üst qabığında da elə bir qeyri adilik nəzərə çarpmır ilk baxışdan ta ki, kiçik nüansların fərqinə varanadək. Kitabın üzəri arxa fonda – iki rəngdən ibarət vətəni xatırladan illüstrasiya, öndən- əyninə hərbi geyim geyinmiş, əlində qələm, qarşısında dəftər olan bir oğlan şəklindən tərtib olunmuşdur. Müəllifin adı isə kitabın adından sonra, elə şəklin düz başındaca yerləşdirilmişdir. Keçdik əsas məsələyə…Kitab haqqındakı əsas, ilkin və dərin təəsüratlar isə bu adın və adın qarşısındakı təxəllüsü oxuduqdan sonra yaranmağa başlayıır insanda. Bilirsiniz ki, şifahi xalq nümunələrindən bu günədək yazarlar öz əsərlərində müxtəlif cür ayama, ləqəb və təxəllüslərdən istifadə ediblər və hələ də etməkdədirlər. Lakin, bu müəllifinin adının qarşısında yazılmış təxəllüs elə bir təxəllüsüdür ki, dünyaynın bütün titullarından, fəxri adlarından ən alisi, zirvələrindən ən ucası, məqamlardan isə ən müqəddəsidi: Şəhid Xəyyam Hüseyin…
Bəli, bu kitabın digər kitablardan, müəllifin digər müəlliflərdən fərqi hamınıza məlum oldu artıq. Məhz məqalənin bu yerində onun yaradıcılığı ilə tanış olmayan hər kəsin ağlına ilk olaraq belə bir sual gəlir: kimdir Xəyyam və nədən yazıb? 25 yaşına yenicə qədəm qoyan bu gənc Göyçay rayonun Məlikkənd adlanan kəndində dünyaya göz açmışdır. Hələ kiçik yaşlarından Vətən sevdalısı kimi tanınan bu uşaq nəzmə olan marağı, şeir yazmağa olan həvəsi ilə həmişə öz yaşıdlarından sözün yaxşı mənasında fərqlənmiş və seçilmişdir. Özü boy atıb, böyüdükcə onunla birgə qəlbində yuva salan bu sevda, bu həvəs daha da böyüyür, ürəyindən gələn saf, təmiz duyğular qələmə sirayət etməyə başlayır zaman-zaman. Poeziyayla yanaşı, həmçinin bədii qiraətə də meylini salmış bu gənc, vaxtaşırı ifa etdiyi şeir nümunələrini sosial şəbəkələrdə paylaşmış və oxucuların, izləyicilərinin rəğbətini qazanmağı bacarmışdır.
Ürəyimi görməmişəm, nə bilim,
Bəlkə elə damar yeri ağrıyır.
Bu dünyanın əyri daşı ağrımaz
Bu dünyanın hamar yeri ağrıyır…
Deyərək, poeziyaya ilk addımlarını atan Xəyyamın yaradıcılığını tematik baxımdan 3 yerə bölmək olar: lirik, sosial-ictimai və bir də Vətən- Qarabağ mövzulu şeirlər. Lirik nümunələrinə nəzər salsaq, ən ülvi, ən həssas duyğulardan bəhs etdiyi zamanlarda belə sanki, gənc adam əcəlinin bir addımlığında olduğunu əvvəlcədən duyub, hiss etmiş və sətir-sətir qələmə alıb, şeirə çevirmişdir:
Demirəm gözündə sel olsun yaşın,
Qırışsın üz-gözün, ağarsın başın.
Ölsəm unutmasın məni yaddaşın
Ağla mənim üçün ağla gözəlim!
Dünyayla da çəkiləsi tamam ayrı haqq-hesabı, çək-çeviri varmış bu balaca oğlanın. Gəlişindən, gərdişindən heç sevmədi dünyanı sanki! Sanki, barışmadı, barışa bilmədi yalanın doğrunu, qaranın ağı, nahaqqın haqqı üstələdəyi fani həyatla. Elə-bil, göylərçün yaranmışdı o ta yardılışdan, yerlər üçün deyil!…
Hər addım başında düşüb tələyə,
Ya dilin kəsilər, ya gözün çıxar.
Əzəldən belədi bu dünya onsuz,
Mərdlərin evini namərdlər yıxar!
Hər iki şeir parçasını o oxuduqda şairin söz aləminə yeni-yeni qədəm qoyduğunu, bu yolda təzə-təzə irəlilədiyini sezməmək mümkün deyil! Elə məhz bu nüansı nəzərə alaraq, Vətən, yurd mövzuları kimi dərin mövzulara müraciət edəcəyini təxmin etmək olmur! Halbuki bu mövzuda olan şeirlərinə kitabda tez-tez rast gəlinir və hətta məna cəhətdən digər mövzulu şeirlərini üstələyir desək yalan olmaz! Damarında qan qarışıq milli dəyərlər, vətən təssübü, torpaq sevgisi daşıyan qəhrəmanımız bir şeirində “Bağışla bizi, Şuşa!’” deyərək sanki el oğullarını mübarizəyə səsləyir, susaraq təslim olmamağa çağırırdı:
Bəs, hanı bu elin nər oğulları,
Babəki, Nəbisi, ər oğulları!
Mübariz ruhuna tən oğulları?!
Bağışla, ay Şuşa, bağışla bizi!
Və beləliklə, bu şeirlə də Vətən qarşısında borcu və sınağı başlayır Xəyyamın. Yaşadığı torpağın önündə əfv diləyən igidimiz öz istəyilə Qarabağ uğrunda gedən 44 günlük müharibəyə qoşulur. Ön cəbhədə döyüşən gənc, qanlı-qadalı müharibənin ilk günlərində, döyüşlərin birində qəhrəmancasına şəhadət zirvəsinə yüksəlir! Yana-yana səsləndiyi Şuşanın əfvini, fəthini görmək də qismət olmur heç ona…Bir namərd gülləsinə tuş gəlir cavan yaşında. Arzusu-muradı gözündə, xəyalları ürəyində köçür bu dünyadan. Arxasınca gözüyaşlı Ana, qəlbi yaralı Ata, bir cüt küskün ürəkli bacı qoyub gedir. Və bir də qanını yerdə qoymayan, qisasını sonunadək almış Vətən!..
Nə yaxşı qəbirdə baş çəkdin mənə,
Yolunda qalmışdı, gözüm neçə vaxt.
De, Xəyyam, soyuqdu bürün kəfənə!
Qoy isitsin səni bu qara torpaq!
Onun igidlikləri, qəhrəmanlıqları haqqında yazmaqla bitməz məncə! Yaşadığı bu qısa ömründə qələm yoldaşı kimi, ölümündən sonra çap olunmuş kiçik kitablıya müharibə və poeziyanı bir araya gətirərək böyük bir dərs, əvəzsiz bir irs qoydu hər birimizə Xəyyam! Danışdığı, yazdığı sözlərin canı bahasına olsa belə arxasında durmağı, başladığımız mübarizənin sonuna qədər getməyi və sonu ölüm olsa belə qorxulara təslim olmamağı öyrətdi bizə! Bu gün övladlarımıza öyə-öyə danışıb bitirə bilmədiyimiz, adını qəhrəmanlıq nümunəsi, igidlik misalı kimi anıdığımız şairimizə bütün Azərbaycanın adından Tanrıdan rəhmət diləyirik! Və deyirik: Nə yaxşı ki, sən də keçdin bu dünyadan! Məkanın cənnət olsun, Şəhid-şairim!…

Müəllif: Nuranə RAFAİLQIZI

NURANƏ RAFAİLQIZININ YAZILARI

ŞƏHİD XƏYYAM HÜSEYNİN KİTABI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru