
BİR PAYIZ GÜNÜ…
***
Qonşuya duz dalınca,
Yoxsa quzu qaytarmağa
göndərmisən uşaqları, İlahi?
Uzatdığı saqqız qədər tanıyırdı uzağı,
Qolundakı diş yeriylə ölçürdü vaxtı…
Çərpələngə ad qoyurdu: “Qaranquş”…
Parabüzən axtarırdı göndərə pay dalınca:
“Uç-uç baba, get gətir payımı… Uç!”
Dağ çayında yuyurdu ayaqlarını,
Moruq ləkəsinə qatırdı
Cızılan barmağının qanını…
Hər şeyi səndən istəyən,
Küsməyi-barışmağı bir oyunluq çəkən
Uşaqları hara göndərdin, İlahi?
Göstər getdikləri yeri…
Bu ömrü yanlış gəldik,
Qayıdaq geri…
***
Zirvələrə qar tez düşər,
Zirvələrdən qar gec düşər…
…Dərddi zirvə,
Dərddi qar bəzən…
Çəkir dağın sinəsinə cığır-cığır naxışlar…
…Çəkilir dərdlər,
Ağarır saçlar,
Bir-birinin başına sığal çəkmək üçün
Üst-üstə qalaqlanır yaşlar;
İnsan qocalır…
Ot basan cığırlar insan ömrünə dolandıqca
Dərd də candan bac alır;
Və bir gün, sadəcə,
Xatirəyə dönür insan…
Bir gün də onu xatırlayanların
Yaddaşında itir insan…
***
Oxuduğum bir kitabdaydı,
ya da baxdığım bir filmdə;
sənə baxmaq ibadət imiş eşqə…
…Çiyninə baş söykəmək dua,
Dərdindən gülməmək oruc tutmaqmış…
Bunları öyrəndim…
Ağlımın yetmədiyi,
əlimin çatmadığı bircə sirr var:
bu qədər mavi,
bu qədər azad,
bu qədər əngin olmağı
necə bacardın axı?
Bir də…
Niyə filmlər və kitablar
Sənə məndən danışmır?
Demirlər: bir dəli sənsiz darıxır?!
***
Böyüyürdüm…
Dinləyirdim
Həyatdan bəhs edən nağılları…
Düşürdü deyirdilər “üç almalar”;
Doyurmurdu həyata dair xəyalları…
Sonra öyrənməyə başladım
Sevməyi, sevinməyi,
Gülümsəməyi, qəmlənməyi,
Və yağışda rəqs etməyi,
Və ovcumdakı damlaya bir dua pıçıldayıb
Gül kökünə göndərməyi…
Bir səhər günəşdən öncə oyandım,
Ovcuma göndərdi saçaqlarını…
Yapışdım saçağından günəşin
Qaçdım yaşıllığın ətrinə sarı…
Bir simitlə mən də doydum, göyərçinlər də…
Bir udumluq sevinc oldu pambıq şəkəri…
Öyrəndim həyata dair hər şeyi;
Kiçik, saysız xoşbəxtlikləri…
***
Gözünün yaşı söndürər
Yaşam eşqini; ağlama!
Gülüşün gülə döndərər
Ovcundakı dərdini: ağlama!
Bil ki,
Ömrə gələn gedəsidir; gülümsə…
Sev ki,
Sevgi dünyalararası
Savaşın atəşkəsidir; gülümsə…
***
Ana
Anı yaşamağa qoymayanda
Uşaqlığı itiririk…
Bircə anda böyüyürük…
Ata
Ömrü çərçivəyə salanda
Özümüz qırırıq qanadımızı…
Arzularımızın önünə
“qırmızı xətt” çəkirik…
Qardaş
Önümüzdə “qara daş”dısa,
“Zəncirlənmiş Prometey”
xəyali dostumuz olur…
Bacı
Olmayanda “səbir daşı”mız,
Həmdərdimiz “Kerri bacı”,
Dərdimiz qorxusuz olur…
MÜƏLLİF: ŞƏLALƏ ADİLQIZI
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru