Etiket arxivi: Sərraf Şiruyə

Sərraf Şiruyə – Kəlbəcər

Kəlbəcər

Hər yanı gül açıb, laləzar olub,
Atıb ürəyindən dərdi Kəlbəcər.
Babam Ələsgərin sevdiyi diyar,
Qurbanın, Şəmşirin yurdu Kəlbəcər!

Gözəllik eşqiylə yaranıb təkcə,
Zirvədə qartalı məğrurdu necə.
Bir yanı Qarabağ, bir yanı Göyçə,
Ömürə ziyadı, nurdu Kəlbəcər!

Yalçın qayaları keşikçi əsgər,
Hüsnünə baxmamaq olarmı, məgər.
Cənnət dedikləri düzdürsə əgər,
Cənnətdən səfalı yerdi Kəlbəcər!

İstisuyu bir bəzəkdi özütək,
Müqəddəsdir çörəyitək, duzu tək.
Şiruyənin söhbətitək, sözütək
İncidi, gövhərdi, dürdü Kəlbəcər!

1974-cü il İstisu

Müəllif: Sərraf Şiruyə

SƏRRAF ŞİRUYƏ HAQQINDA

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

Unudulmaz Sərraf Şiruyənin əziz xatirəsinə

Həyatda özümü həmişə borclu sandığım, şeirləri dillər əzbəri, unudulmaz şairimiz, əmim Sərraf Şiruyə yaşasaydı bu gün – sentyabrın 11-i 83 yaşı tamam olacaqdı. Ruhu şad olsun. Amin:

Unudulmaz Sərraf Şiruyənin əziz xatirəsinə

Qazana bilməzdin bu qədər şöhrət,
Sözün bəyənilib gəlməsə xoşa.
Hayanda oluram, göstərib hörmət
Sənin doğman kimi çəkirlər başa.

Sənət məbədiydi evin, ocağın
Kaş ki susan dilin bir ağız dinə.
Mən sənə hamıdan bir köynək yaxın,
Sən mənə hamıdan əzizsən yenə.

Hər xoş sorağından çatılan qaşlar,
Şahlıq öyrədirdi tale quşuna.
Bir vaxt ünvanına atılan daşlar,
İndi məzarının dönüb daşına.

Üstümdə zəhmətin, haqqı-sayın çox,
Gücüm çatmadı ki, qadanı sovam.
Sevgi-nəvazişdə təkcə əmim yox,
Bir az atamıydın, bir az da babam.

Dillərə düşəndən nəsil-soyuna
Adın şərəf oldu fəxri ad kimi.
Cılız bədəninə, yosma boyuna
Təbin verilmişdi mükafat kimi.

Çoxdur məclislərdə adını öyən,
Şahidi olmuşam neçə kərə də.
Səndən söz istəyən, şeir istəyən
Biganə deyildin gözəllərə də.

Könüllər oxşayan istedadını
Zaman sınağıyla çəkdi dərinə.
İndi gəzdiririk sənin adını
Dövlətin verdiyi sənəd yerinə.

Arzu ünvanıydı Təbriz sözünün,
Yerlərə sığmayan həsrətin göycə.
Yaşı qurumayan ağlar gözünün:
“Biri Qarabağdı, biri də Göyçə.”

Hədəfdə sonuncu düşməndir həmlə,
Yoxsa tapdaq altda Vətən usanı.
Hər gün yaraqlanıb dəftər, qələmlə
Səngər eyləmişdin yazı masanı.

Göynəyib Yelmara amanla, ahla
Alovsuz yanırdı ruhun bədəndə.
Necə vuruşurdu Vəzir silahla,
Elə döyüşürdün qələmlə sən də.

Cinasdan hörülmüş təcnislər qəsrin,
Sözə naxış vuran söz zərgərisən.
Həmişə deyirəm, sən bizim əsrin
Sazsız qoşma qoşan Ələsgərisən.

Həsrətdir dindirən kədər neyimi,
Cığır axtarıram yoluna yetim.
Qıyıb sağlığında demədiyimi
Gəldim məzarına söyləyib gedim.

2018

P. S.
Yelmar Edilov və Vəzir Orucov Azərbaycanın Milli Qəhrəmanlarıdır.
Hər iki Milli Qəhrəman haqqında Sərraf Şiruyə poema yazıb.

Müəllif: Qılman İMAN

SƏRRAF ŞİRUYƏ HAQQINDA

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AQİL İMAN UNUDULMAZLIĞI

Fotoda: Aqil İman

AQİL İMAN UNUDULMAZLIĞI

İllər ömrümüzdən səhra qumları kimi sovrulduqca, xatirələr keçən günlərə yol almış qoca yolçu kimi – gah dumana düşür, gah da çiskinə. Adam keçən günlərin xiffətini çəkə-çəkə qarşıdakı yol bir az da uzanır. Sonda xatirələrin işıq gələn tərəfinə yeriyib toxtaqlıq tapırsan.

İllərdi ürəyimin başında əzizlədiyim xatirələrim var ki, onlar mənim ilə üz-üzə könül sirdaşı, ömür-gün yoldaşıdır. Yetmiş ildir o xatirələrlə qol-boyun olub, dağlı, aranlı ömür eləyirəm. Yaşımın bu çağında o xatirələr səf çəkib qoşun kimi üstümə gələndə, görürəm – lələ köçüb, yurd ağlayır… Sağa-sola səpələnən ömrümün çoxu gedib, azı qalıb. Dağlar qoynunda doğulduğum yurd yeri – Göyçə mahalı əsirlikdə göyüm-göyüm göynəyir. Ruhu başımın üstündə pərvanə kimi dövr eləyən atam Həsən Xəyallının məzarı məchul bir nisgilə çevrilib. Hər sözümə “can” – deyən dostlarımın, doğmalarımın əksəriyyəti candan olub, əbədiyyətə qovuşublar. İndi özümə təsəlli vermək üçün baxıram – bir dərd, bir də məni əlli ildi dillərdə söz eləyən bu qara qələm qalıb.
Dərd haqqında çox yazılıb, yazılacaq da! Dünya dərddən xali deyil, yaranmış binnət olandan var; özü də yekəsindən. Dünyadan dilgir getmiş Aqil İmanım yaxşı deyib:

İman, ömür adlı qurduğun daxma,

Yüz tufan görəcək, min şimşəkçaxma,

Üzü dönük olan sevincə baxma,

İztirab insanla ömürlük olur!

Bilmirəm haradan düşdü yadıma İmanın bu müdrik misraları. Xeyli vaxt idi unutmuşdum yaddaşımda utancaq-utancaq boy göstərən bu qənirsiz misraları. Kim bilir, bəlkə də İmanın ruhuydu pıçıldayan gözəgörünməzin lütfi kimi bu poeziya örnəyini…

Harada İmanın şeirini, sözünü eşitsəm ayaq saxlayıb keçən günlərimə boylanıram: Hörük-hörük uzanan yarğanlı dərələr, “qüdrətdən səngərli, qalalı dağlar”, quşqonmaz zirvələr, güllü-çiçəkli laləzarlıq canlanır xəyalımda; qartal qıyı, kəklik qaqqıltısı, bülbül cəhcəhi ötür qulağımda; sürü yaylaqdan enir, elat yaylağa köçür, imran dilli aşıqların hərbə-zorbası başlayır; qara zurnanın şirin nəvası vahiməli zağalarda əks-səda verir; Uzaq-uzaq toy mağarlarından kədərə culğaşıq bir səs – Füzuli-Ələsgər sözünün sehriylə şahə qalxır. Bunları heç də səbəbsiz xatırlamadım. Saydığım təbiət komponentləri və mühitin formalaşdırdığı ədəbi-bədii dəyərlər Aqil İman poeziyasında sözlə reaksiyaya girərək, üzvü şəkildə tərrənnüm olunur. Aşıq gördüyünü çağırar – deyib ərənlərimiz. Tifil İman neyləsin? Göyçə kimi qutsal dəyərlərə malik bir məkanda doğulub, sazla yatıb, sözlə oyanan kəsi başqa cür təsəvvür etmək də mümkün deyil. Gördüyü bütün gözəlliklər qanadlı ilham iksiri içirmişdi bu bənövşə nəfəsli şairə. Ona görə də hər söz, hər misra köksündə nəhr kimi çağlayırdı. Bu çağlayışın özündə də sirli-sehrli bir ofsun vardı:

Dözmək olar dözüləsi beş ilə,

Beş – dedim qorxuram bağrım deşilə!

Bu sevgini mən udanda “şeş” ilə,

Gəlib sənin “yek” atıbdı həsrətin.

Bu şeir bir el gözəlinin həsrət ağrılarının qırmancından yaranıb. Eyni zamanda bu şeirdə bir şair də doğulub. Burada işlədilən “beş ilə”, “deşilə”, “şeş ilə” qafiyələri o qədər sadə və təbiidir ki, şairin qanadlı ilhamı ipək dilinin elastikliyindən xumarlanır, qafiyənin gətirdiyi fikir gözəlliyi ekstaz yaradır, poetik ecaza çevrilərək dilin cazibəsində cizginir. Hər misra arasında sözlər sanki əl-ələ verib rəqs eləyir. Belə şeirin havasına kim oynamaz ki?

Aqil İmanın şeirlərini hansısa dəftərdən, kitabdan oxuyub əzbərləməmişəm. Yaddaşıma köçənlər onu sevənlərin dilində yağa – bala dönən misralarıdı. Bütün misraları bulaq suyu ilə “qüsullandığından” pak-pakizə şeirləri asanca yaddaşlara köçürüb onu. Bir də ki, mən onun şeirlərini haradan oxuya bilərdim ki? Bir dəfə də olsun qəzet, jurnal redaksiyasının qapısını döyüb – “mən şairəm, şeirimi çap edin” – demədi qəbri nurla dolmuş. Eləcə qəlbinə gələnləri hamıdan gizlicə saxladığı öz könül dəftərinə yazdı … Özünü “həvəskar” adlandırdığından mətbuatdan qaçaq oldu. Ona görə də bugünkü oxucu auditoriyası və media üçün bir qədər pünhan qaldı Aqil İman imzası. Bütün bunlara rəğmən özündən xəbərsiz İman elimizin, obamızın dildə əzbər şairlərindəniydi.

İman sözün – ədəbiyyatın içində doğulsa da, şeirlərini həmişə ədəbi prosesin “çölündə” yazırdı. Bu məchul çöllükdə nə geniş oxucu kütləsi, nə də ədəbi tənqid var idi onunçün. Aqil İman adlı bir saz dəlisi, söz sevdalısı var idi ki, o da bircə onun ürəyinin “səsinə” qulaq asırdı. Çünki şair Aqil İmanın ən yaxşı oxucusu da, tənqidçisi də elə müəllif Aqil İmanın özüydü. Yetərdi ki, yazsın. Yaza-yaza ürəyindəki tikanı çıxarıb mənəvi rahatlığına qovuşsun!

İman gənc olmasına baxmayaraq ilk görünüşdən qərinələri yorub-yortmuş bir tale adamını xatırladırdı – vədəsiz ağarmış saçları, çatılmış qaşlarının arasında sevincini qucaqlayan kədər düyünləri və şeirə oxşayan şairanə məsum baxışları… İmanla bağlı xatirələrim o qədər şirindi ki, onu düşündükcə xəyallarım, yazdıqca qələmim, danışdıqca dilim ballanır ağzımda. Çünki İman özü şirin adamıydı – xatirələri, şeirləri kimi.

1989-cu ilin yanvar ayının şaxtadan qılınc qurşayan bir vədəsində unudulmaz şairimiz Hüseyn Arif başının dəstəsi ilə qonağım idi. Göyçəlilərin sevimlisi kimi 1988-ci ildə Göyçədən qaçqın gələn soydaşlarımıza yoluxmağa gəlmişdi bizim kəndə. Görüşün rəsmi hissəsi başa çatandan sonra bədii hissəni bizim evdə keçirdik. Məclisdə iştirak edən kənd ağsaqqallarının, xüsusən Fəzi əmimin (Qəmgin Fəzi) məsləhəti ilə məclisi İman aparası oldu. Bu təklif doğrusu mənim də ürəyimdən idi. Çünki Hüseyn Arif yaradıcılığını İman yaxşı bilirdi, həm də gözəl natiq idi. İlk çıxışından hiss etdim ki, Hüseyn Arifi İman ovsunlayıb. Onun Hüseyn Arifin şeirlərini əzbər deməsi, yaradıcılığının məzmunu və mahiyyəti haqqında (xüsusən “Dilqəm”, “Yolda” poemaları və Aşıq Alı yaradıcılığına diqqəti, qayğısı haqda) geniş və məzmunlu çıxışı, Göyçə ədəbi məktəbinin nümayəndələrini dəqiq təhlillərlə xarakterizə etməsi Hüseyn müəllimi heyran qoymuşdu. Məclisin şirin yerində Hüseyn müəllim üzünü mənə tutaraq özünəməxsus incə bir tövrlə – ay Şiruyə, başın haqqı, bu oğlan şair kimi danışır – dedi. Məclis əhli də yerdən təsdiqlədilər ki, bəli, bu oğlan şairdi. İman şeir yazmağını nə qədər gizləməyə çalışsa da, ağsaqqalların və Hüseyn Arifin təkidi ilə bir neçə şeirini oxuyası oldu. Şeirlərini dinləyəndən sonra Hüseyn müəllim İmana bir könüldən min könülə vurulmuşdu: “Başın haqqı, eynən mənim dilimdi sənin şeir dilin,”– deyib o, İmanı özünə bir az da doğmalaşdırdı. Hətta bir neçə şeirini yazıb götürdü ki, Bakıda çap etdirsin. Amma sonralar nədənsə o şeirlərdən bir səs-soraq çıxmadı… İmanın mühəndis olduğunu biləndə Hüseyn müəllim yenə öz zarafatından qalmadı: “Sən hazır alimsən, şairsən, oğul, burax o tikintinin başını, səndən “injiner” olmaz. Gəl Bakıya, mən də kömək edəcəm, müdafiə elə, alim ol. Özün də ki, mənim yaradıcılığımı yaxşı bilirsən…”

İndi xəyal burulğanında çabalaya-çabalaya ruhunun ətri hopmuş saralmış vərəqlərdə və yaddaşlarda hifz olunan şeirlərini oxuyuram İmanın. Allahın ona yazmış olduğu tale yazısı kimi… Səmimi hisslərdən, zərif düşüncədən, emosiyadan yoğrulan bu misralar zamanın İmana vermiş olduğu suallara ən tutarlı cavabıdı. Şeirimizin ulu dədəsi Füzuliyə ünvanladığı silsilə şeirlərdə günümüzün bütün təbəddülatlarına poetik bir rəng qataraq qaynar ilhamı sayəsində aydınlıq gətirib. Cahillik, cəhalət, haqsızlıq girdabında inildəyən bir xalqın dərdini onu sevənlər belə yaza bilər ancaq:

Haqqı boğazından asdırıbdılar,

Qəbrini dərindən qazdırıbdılar,

Yalan ayağında basdırıbdılar,

Can verib öləndə həqiqət, baba!

Və yaxud:

Salamını almayana,

Salam da vermişəm, baba!

Bu səmimi və səmimi olduğu qədər də ağrılı etiraf – zamanın qovğaları ilə yaşayan həssas bir şair ürəyinin mübariz döyüntüləridi.

İman təbiətin kövrək bir vədəsində doğulmuşdu – 1958-ci ilin dekabr ayında. Taleyi də, ömür yolu da elə payız fəslinə bənzəyirdi. Adını atamız Həsən Xəyallı adlar içində əzizlədiyi könül dostu, nakam taleli böyük Növrəs İmana ehtiram əlaməti olaraq İman qoymuşdu. İndi Aqil İmanın şeirlərini oxuya-oxuya həm də Növrəs İmanı xatırladım. Çünki, Növrəs İmanla Aqil İman poeziyası arasında coğrafi bağlılıqla bərabər, bir ruhi bağlılıq da hiss etdim. Nədənsə taleyin sərt sınaqları bu iki ömrügödək şairi sevincdən qabaq “muştuluqlayıb” həmişə. Bir də ki, Aqil İmanın poetik yaddaşında, nəfəsində Miskin Abdal, Aşıq Alı, Ələsgər, Məmmədhüseyn, Həsən Xəyallıyla bərabər Növrəs İmanın da təsirinin olması təbiidi. Çünki Aqil İman Göyçənin milli və mənəvi dəyərlərini varlığında yaşadan ənənəyə bağlı oğuz türküydü. Məzmun və mahiyyəti yeni bir düşüncəyə modifikasiya etməklə əksər şeirlərində klassik ənənəni – formanı qoruyub – saxlamağa çalışmışdı. Növrəs İmanla Aqil İman poeziyasında bir oxşar cəhət də var ki, o da gələcəkdə olacaq hadisələri (xüsusən həyatdan tez köçmələri haqda!) təhtəlşüur olaraq yazmalarıdı. Yazıqlar olsun ki, mən də daxil olmaqla İmanın şeirlərindəki, gizli eyhamların sağlığında heç birimiz fərqində olmamışıq. Bilsək, neyniyəcəydik ki, guya? Şeirdi də yazmışam – deyib alovumuzun üstünə su ələyəcəkdi yəqin ki… Amma bir şeirinin iki misrasında özü hər şeyi nişan verib, mənim demək istədiklərimi deyib:

İman çəkən zülüm təkdi, əzab tək,

Bağlı qaldım oxunmamış kitabtək.

Amma mən indi demək istəyirəm ki, yox, Aqil İman, sən bağlı qalmadın. Qılman, Araz kimi ocağının od qoruyanları səni sevən könüllərdən misralarını ağız-ağız toplayıb, saralmış vərəqlərdəki şeirlərini çinləyib, dəstələyib bağlı qalan istedadını bacardıqları qədər açmağa nail oldular.

29 avqust 1996-cı il… O günü xatırlamaq istəməsəm də, amma nədənsə hər İman adı gələndə tez-tez xatırlayıram. Həmin gün heç kimin yadına düşüb, ağlına gəlməyəcək bir iş oldu – İmanın ürəyi qəfil susdu. Bir anın içində kabus kimi bütün el-obanı ağzına aldı bu qara xəbər. Heyrətindən bu xəbəri eşidənlər “kar”, görənlər isə “kor” olmuşdu. Heç kim eşitdiyi xəbərə inanmaq istəmir, vaxtsız gələn bu əcəl payını İmana yaraşdırmırdı. Avqust ayı isti olmağına baxmayaraq, təbiət də İmanın bu vaxtsız itkisinə yas saxlayırdı. Günün günorta çağı göy üzü qapqara dolmuşdu. Külək bağrını yaran bulud az qalırdı ki, hönkürüb leysan ələsin. Əsən xəfif meh qohumların, dostların çəkdiyi naləyə, dediyi ağılara qoşulub İmanın vaxtından tez ağarmış gümüşü saçlarına sığal çəkirdi. İndi hər o günü xatırlayanda İmansız günlərimi bayatıya çevirib öz-özümə gümüldənirəm. Əgər buna gümüldənmək demək olarsa:

Sərrafam, İman dərdi,

Din dərdi, iman dərdi,

Gözümnən suvardığım,

Gülləri İman dərdi.

Sərrafam, qardaşı yar,

Yar olsun, qardaşı, yar!

İman odumu görsə –

Quzeydən qar daşıyar.

İmansızlıq əzabımı nə qədər sözə çevirməyə çalışsam da, elə hallar olur ki, söz də bəzən əzaba çevrilir. Həyatda axtarıb tapa bilmədiklərim kimi…

Ürəyimdə o qədər dərdlər var, bilmirəm hansını yazım, hansını yazmayım. Haradan başlayım, harada qurtarım. Dərd andır da ki, nə çəkməklə, nə də yazmaqla qurtarır.

Hər dəfə dünyadan vaxtsız getmiş doğmalarımın – qardaşlarım Nəbinin, İmanın, qoşalaşmış məzarlarını ziyarət edəndə deyirəm: Bezdinizmi mənə arxa-dayaq olmaqdan? Ürəyimin infarktı, gözlərimin yaşı olmağa nə tez tələsdiz? Bu suallar ətrafında daşa dönmüş şəkilləri ilə pərişan-pərişan söhbət edib sonda ürəyimdə göyərən bu misralarıca ağ kağıza pıçıldaya bilirəm:

Dərdinizi çəkəmmirəm,

Dərdi daşan qardaşlarım.

Qızılquştək qanad çalıb,

Dağlar aşan qardaşlarım.

Tez solan bostan oldunuz,

Qohumdan, dostdan oldunuz.

Dilimdə dastan oldunuz,

Dastan qoşan qardaşlarım.

Boğdu məni bu qəm, qəhər,

Suyum zəhər, havam zəhər.

Cazibəmdə axşam, səhər,

Hey dolaşan qardaşlarım.

Gözlərimdə yaşa döndüz,

Uçub gedən quşa döndüz.

Bir cüt dilsiz daşa döndüz,

Qoşalaşan qardaşlarım.

İzi qalan bu daşlarda,

Sözü qalan sirdaşlarda,

Ürəklərdə, yaddaşlarda,

Qayalaşan qardaşlarım.

Ömrü cavan, fikri ahıl,

Dili şirin, dolğun ağıl.

Sədaları dastan, nağıl,

Təbi coşan qardaşlarım.

Hey baxdıqca başdaşına,

Dönürəm qəm sirdaşına.

Şiruyənin göz yaşına,

Ay, yaraşan qardaşlarım.

Fotoda: Sərraf Şiruyə

Nə yaxşı ki, Aqil İman itkisini dərin düşüncəli şeirləri ilə bizə unutdurmağa çalışan, atasının poetik nəfəsini yaddaşında, adını təxəllüsündə yaşadan, ədəbiyyatımızın işıqlı nümayəndəsi Qılman İmanımız var.
Aqil İmandan bu dünyada xoş əməlləri ilə bərabər özünü və sözünü sevənlərə qara sazın laylası qədər həlim, kövrək şeirləri, bir də mənzilinə yetilməyəcək upuzun həsrəti qaldı.

2012-ci il

Müəllif: Sərraf Şiruyə

SƏRRAF ŞİRUYƏ HAQQINDA

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sərraf Şiruyə – LAÇINDA GÖRDÜM

LAÇINDA GÖRDÜM
Vətən torpağını gəzdim, dolandım,
Ən üivi isməti Laçında gördüm.
Dostlar ürəyinin saf duyğusunu,
Səmimi ülfəti Laçında gördüm.

Müqəddəs varlıqdı bu eldə qonaq,
Çıxdı görüşümə Şəlvə, Dambulaq.
Çalbayır halımdan çox tutdu soraq,
Tükənməz hörməti Laçında gördüm.

Zəmanə nə gözəl veribdi təkan,
Cənnəti-rizvana dönüb bu məkan,
Zirvələr yurd olub, qayalar məskən,
Gül açan zəhməti Laçında gördüm.

Babalar ah çəkdi,ağadan dedi,
Nənələr boylandı ağa dan dedi.
Cavanlar dilləndi, Ağadan dedi, *
Şeiri, sənəti Laçında gördüm.

Şiruyə, ömründən ötüşən bu an,
Ölüncə yadından silinməz inan.
Düşmənə qəzəbli, dosta mehriban,
Mən, zərif xisləti Laçında gördüm.

1983-cü il LAÇIN

1* Ağadan – Ağa Laçınlı


Müəllif: Sərraf Şiruyə

SƏRRAF ŞİRUYƏ HAQQINDA

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sərraf Şiruyə – Gəlin Qaxa.

GƏLİN QAXA

Səfası var cəfasında,
Paklığı var vəfasında,
Sularının aynasında,
Əksinizə baxa-baxa,
Gəlin Qaxa.

Xəbər tutun ellərindən,
Şərbət için dillərindən,
Şehli-şehli güllərindən,
Döşünüzə taxa-taxa,
Gəlin Qaxa.

Təbiətin nazı burda,
Könüllərin yazı burda,
Qəhrəmanlar izi burda,
Çaylarıyla axa-axa,
Gəlin Qaxa.

Sağa dönün, verin imdad,
Başsız yatır Hacı Murad.– -1
Dildə nalə, qəlbdə fəryad,
Pillələri qalxa-qalxa,
Gəlin Qaxa.

Baş endirin Baydarlıya,
Bir igidi bir alaya,
Süvar olub, qanı çaya,
Ürəyindən axa-axa,
Gəlin Qaxa.

İlisuda qonaq qalın,
Almalıda alma alın.
Cəlayirdə süfrə salın.
Qədəhləri sıxa-sıxa,
Gəlin Qaxa.

Vətənidir min ərlərin,
Zəfərlərin, hünərlərin.
Həsrətiylə bu yerlərin,
Qəlbinizi yaxa-yaxa,
Gəlin Qaxa, gəlin Qaxa.

1 Hacı Murad—– Şeyx Şamilin silahdaşıdır. Onun başı kəsilmiş halda məzarı Qax rayonu ərazisində, yol kənarındadır.

Müəllif: Sərraf Şiruyə

SƏRRAF ŞİRUYƏ HAQQINDA

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Sərraf Şiruyənin anadan olduğu gündür.

SƏRRAF ŞİRUYƏ HAQQINDA

Bu gün Sərraf Şiruyənin anadan olduğu gündür. Şair doğum günündə məzarı başında doğmaları və yaxınları tərəfindən anılıb.
Sərraf Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində məşhur el şairi Həsən Xəyallının ailəsində anadan olub. Uşaq çağlarından atasından ərəb və fars dillərində yazıb-oxumağı öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeir yazmağa başlamış, poeziyaya böyük maraq göstərmişdir.
1958-ci ildə doğma Daşkənd orta məktəbini, 1960-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1968-ci ildə oranı bitirmişdir. Həmin ildən Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində müəllim işləmişdir.
1972-ci ildən 1980-ci ilə kimi Yeni Daşkənd kənd orta məktəbində direktor müavini və Bərdə rayonu “Bilik” cəmiyyətində mühazirəçi işləmişdir.
1993–1997-ci illərdə dini mədrəsəni bitirmişdir.
Sərraf Şiruyə 1992-ci ildən 1996-cı ilə kimi döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir.
Sərraf Şiruyə uzun müddət böyrək çatışmazlığından və xərçəng xəstəliyindən əziyyət çəkib. 2015-ci il dekabrın 8-də gecə saatlarında Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat edib.
Allah rəhmət eləsin. Amin.

“Ulu Göyçə mühitində dünyaya göz açan, şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı mühitindən qidalanan Şiruyə Həsənoğlu mətbuata çox gec gəlsə də, öz rəngarəng, axıcı, hikmətli şeirləri ilə oxucu kütləsinin qəlbinə çox erkən yol tapa bilmişdir. Uzun illərdən bəri şeirləri aşıqların, xanəndələrin, şeir pərəstişkarlarının ürəklərindən dodaqlarına qanadlanmaqdadır. Şeirin bütün növlərində qələmini müvəffəqiyyətlə sınayan Şiruyə Həsənoğlu böyük Aşıq Alı, Aşıq Ələsgər, Xəstə Qasımdan sonra, demək olar ki, ən güclü təcnis ustası kimi tanınmışdır.” – Zəlimxan YAQUB

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

SƏRRAF ŞİRUYƏNİN YAZILARI

ZƏLİMXAN YAQUBUN YAZILARI


İLHAM QƏHRƏMANIN YAZILARI

ARAZ  YAQUBOĞLUNUN YAZILARI

RƏŞAD MƏCİDİN YAZILARI

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru