Etiket arxivi: Sərvaz Hüseynoğlu

Bu gün Sərvazın ad günüdür, şair dostumu təbrik edirəm.

Söyüdlü arxın düşüncələri

(Tanınmış şair Sərvaz Hüseynoğlu haqqında)

2000- cı illərin əvvəllərində May günlərinin bir axşamı Sərvaz mənə zəng eləyib deyəndə ki, Anar, Sabir Rüstəmxanlı, sən və mən bu axşam birlikdə şam edəcəyik, o saat yadıma 70-ci illərin sonlarında İmişli rayonunun, uzaq Əliqulular kəndndə isti yay günlərində söyüd ağacının altında ayaqlarımızı arxa sallayıb şirin söhbət etdiyimiz vaxtlar düşdü. Söhbət də əsasən Anarın “Otel otağı” və Sabir Rüstəmxanlının “Qan yaddaşı” kitabları haqqında idi.
Görüşdən üç saat əvvəl “Sahil” metrosunun qarşısında Sərvazla görüşdük, xoş bir hissin təsiri ilə yenə o arxı, o arxın üstündənki söhbəti xatırladıq və şam yeməyində o arxın qırağında danışdıqlarımızı Anarla Sabir müəllimə də söylədik.

Bu o zaman idi ki, Sərvaz Anar (“Pəncərədən daş gəlir”) və Sabir Rüstəmxanlı (“Ruhla zaman arasında”) haqqında maraqlı iki kitab yazmışdı. Arxın kənarında düşündüklərini həmin kitaba əlavə edib hər iki sənətkarın yaradıcılığına öz baxış bucağından güzgü tuturdu.

Həmin iki kitabda da, İmamverdi Əbilov (“İmamverdi Əbilov tənhalığı”) və klassik irsimizdən yazdığı səkkiz ( “Keçəçi oğlu Məhəmməd”, “Segah İslam”, “Şəkili Ələsəgər”, “Ülvi Rəcəb”, “Mövsüm Sənani”, “Sidqi Ruhulla” və s.) topluda da, Elçinlə bağlı ədəbi –tənqidi, publisistik yazılarında da, şeirlərində də Sərvaz heç vaxt o söyüdlü arxı unutmurdu, nədən yazırsa -yazsın, harda olursa- olsun həmin o söyüdlü arxın düşüncələri onun yaradıcılığına hopurdu. Özü də maraqlı və oxunaqlı bir şəkildə.

Sərvazla eyni kənddənik, evlərimiz qonşu, atalarımız dost, analarımız bacılıq olublar. Sərvaz məndən bir il sonra məktəbə gedib, bir il məndən sonra instituta daxil olub, bir il məndən sonra evlənib, bir il məndən sonra ilk kitabı çıxıb, bir il məndən sonra İmişliyə, bir il sonra da Bakıya köçüb və göründüyü kimi, bir il məndən sonra ad günləri olur. Yəqin ki, nə vaxtasa (Allah uzun ömür versin) bir il məndən sonra mobil telefonuna zəng çatmayacaq.

Aramızda elə sirlər var ki, bir mən bilirəm, bir Sərvaz, bir də ki, heç vaxt unutmadığmız o Söyüdlü arx. Bu yaxınlarda aramızda yüngül bir inciklik olmuşdu, Sərvaza heç nə demədim, sadəcə 70-ci- illərin sonlarında və 80-ci illərin əvvəllərində ayaqlarımızı söyüdlü arxa sallayıb gələcək arzularımızdan danışdıqlarımız xatırlatdım. Və dəqiq bilirdim ki, bunu xatırlatmaq Sərvaz üçün çox ağır idi.
80- ci illərdə Gəncədə Qərib Mehdi, Saleh Qurbanov, İmişlidə Sayyad Aran yeni ədəbiyyatla nəfəs almağımıza, mütaliməzə, əsərlərimizin çapına kömək eləyirdi. İmişli ədəbi mühütün yetirmələri Murad Qoçuoğlu, Səxavət Talıblı, Dayandur Sevgin, Valeh Bahaduroğlu ilə ədəbi mübahisələrimiz, görüşlərimiz şeirdə bədii imkanlarımızı daha da artırırdı (Bəzən adam öz həqiqətini başqasına deyə biləndə özünə daha çox inanır).

Sərvaz yeganə şair dostumdur ki, onun adı on beşə qədər şeirimin içindən qırmızı xətt kimi keçir. Yəni, hesabla götürəndə Sərvaza 15 şeir həsr eləmişəm. Bu, həm Sərvaza bağlılığımdan irəli gəlirdi, həm də Sərvaz bütün işlərimin içində, yaxşısında da, pisində də, var olub və bu gün də var.

Çünki bütün düşüncələrimi Sərvaz aydınladırdı və zarafatla onu tələbə vaxtı, başıma gələn “sevgi hadisələrini” və başqa məsələləri dəqiq təhlil etmək üçün “ekspert şurası”nın sədri təyin eləmişdim. Burda bir həqiqət də vardı. Ədəbiyyat və başqa məsələlərdə Sərvaz mənim sağ cinahımda oynayan və daim “pas” ötürdüyüm və həm də həmin “pas”ı vaxtında mənə qaytaran və həm də çox dəyərləndirdiyim bir oyunçum idi və indi də elədir. İstər şeir olsun, istər digər məsələlər Sərvazla fikir mübadiləsindən keçəndən sonra həmin şey həqiqətə çevrilirdi.

Bu günki ədəbi prosesdə hər hansı bir əsəri və ya bütövlükdə bir şairi dərindən təhlil etməkdə yeganə tərəfdaşım Sərvazdı. Çünki biz uşaqlıqdan o qədər qaynayıb qarışmışıq ki, mən “k” deyəndə Sərvaz blir ki, mən nəyi deyirəm. Sərvaz ən çox inandığım və sevdiyim böyük şair və təhililçidir. Hər hansı qaranlıq bir məsələdə, deyək ki, ədəbi – tənqid, ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi, şeir, roman və povestlə bağlı təhlildə Sərvazın fikri məni yönləndirir və görünür ki, mən də həmişə onun üçün belə olmuşam və bu gün də eləyəm. Bütün təhlillərimizdə, şeir və poemalarımızda kənddə qoyub gəldiymiz o söyüdlürü arxın aurası həmişə bizə doğru olanı göstərir və etibarlı kompas kimi daim yaddaşımızdadır.

Sərvazın adı mənim şeirlərimdən özüm istəmədən keçirdi, çünki Sərvaz həmin şeirin yaranmasının bilavasitə iştirakçıı idi. Şair dostum Vaqif Bəhmənli “Ömür kitabıma düzəliş” kitabımın təqdimatında qeyd edirdi ki, sən şeirlərində elə dopdolu, elə şirin bir xitabla “Sərvaz” deyirsən ki… Bax, həmin o intonasiyanın özü şeirə xüsusi bir gözəllik gətirir. “Tələbəlik illərində” şerimdə əsas obraz Sərvazdır. Mən yalan danışa bilməzdim, şeirdə doğurdan da, təbii şəkildə Sərvaz vardı və bu sujetli şeirdə əvvəldən – axıra kimi o, iştirak edir. Özü də lirik qəhrəmana bir növ rəqib kimi görsənir.

İstədiyim deyəm, evimiz ikimərtəbəlidir,
Ancaq kəndçim Sərvaz xəbərçidir.
Sərvaz əvvəldən- axıra kimi şeirdə mənimlə yanaşıdır, “öz postu”nda aşiqi – sadiq kimi dayanıb. Və mən ona zülm eləyirəm. Sevdiyimin rəfiqlərindən birini sevməyə qoymuram. Universitetin ən məşhuru mənəm. Amma sonra mən də uduzuram. Şeirin ən ağlamalı və həm də ən gülməli yeri yenə Sərvazdır.

Mən rəngli şəklini ağlaya- ağlaya aparıb qaytardım,
Elə bilirdim, almayacaq, barışacaq.
Məndən də qəşəng, kök bığılı,
Norka papaqlı, zırpı bir oğlan
Gözləyirdi onu.
Mənim incə, nərmənazik ağ kəpənəyimi
Ağladım,
Məndən də çox ağladı Sərvaz.

Bax, bu şeirdə Sərvazın ağlamağı hələ indi də məni yandırır. Bu o deməkdir ki, o, dostuna sadiqdir, dostu ağlayanda ona qoşulur, güləndə onunlə gülür. Əslində o, sevinməliydi.
Və yaxud

Dərman içdim,
Sərvaz udqundu.

Bu iki misra qədər Sərvazın həssaslığını heç nə ifadə edə bilməz. Hətta dostunu canınında o qədər yaxından hiss edir ki, dərmanı udmaq üçün onu yamsılamaqla kömək eləyir. Yenə şeirlərimin birində deyirəm: “Sərvaz, əlmdə təzə şeirlərin əli, girdim isti uyul ayına” və yaxud “Sentyabr ayı doludur sənlə”.

Sərvazın uşaq şeirlərindən tutmuş, poemaları, hekayələri, ədəbi-tənqidi, içtimai- siyası, publisistik yazılarına qədər, hamısının mərkəzində cilanlamış istedad, gərgin zəhmət, orjinal üslub, gözəl əxlaq və bir də kənddə qoyub gəldiyimiz söyüdlü arxın çeşidli xatirələri dayanır.

Səndən soraq verib, xəbər gətirən,
Min məna gəzirəm hər sarı simdə.
Biləydim, biləydim kimdə itirib,
Kimdə arayırsan sən məni, kimdə?

Sərvaz şeirlərində yaxışlığın, mənəvi sərvətin, ən başlıcası insanın (insanlığın) nəsildən – nəsilə, ruhdan-ruha ötürülməsi və inkişaf etməsi fəlsəfəsinə söykənərək özünü axtarır. Şair inanmır ki, otuzuncu illərdə başlayan və xeyli illər davam edən Mikayıl Rəfili düyğuları, Əli Bəy Hüseynzadə idrakı doğulduğu, yaşadığı illərdə qala bilər, o da bu gün hardasa doğulur, yaşıyır və gələcəkdə də doğulacaq. Ədəbi genetika, mətnlərarası əlaqədə üzə çıxır, inkişaf edir, sonradan kimdəsə doğulur, kimdəsə itir, kimdəsə başlayır. Ona görə şair deyir ki, biləydim, sən məni kimdə itirib, kimdə arayırsan? Bütün yaradılmaşların gələcəkdə özünü axtarmaq instikası var. Şair hesab edir ki, 30- cu illərdə də doğulan 3000-ci illərdə bir də doğulacaq. Amma öz dövrün vəzni ilə, yeni bir biçimdə. Yarandığı dövrü əhatə edən mətndə kimsə kiminsə başlanğıcı, kiminsə davamı, kiminsə sonudur. Əslində ədəbi mətndə son yoxdur, doğuluş və başlanğıc var. Sərvazın mətni də kiminsə davamı və kiminsə başlanğıcıdır.

Bilim ki, ürəyin mənlə döyünür,
Bilim zülmün altda, amandayam mən.
Nə yerim yerdədi, nə göyüm göydə,
Yenə də sən adlı zamandayam mən.

Şair fikri, şair mətni yerlə, ya da göylə ölülmür. Bu enerji təbəqəsi, daha doğrusu, enerji axını planetlər ya da daha böyük mənada qalaktikalar arası bir sistemin ifadəsidir. Əslində burada zaman və məkan yoxdur. Vaxt dayanıb. Günəş də sönüb. Şüur da yoxdur. Eqo yoxa çıxıb. Düşüncə də olmur burada. Burda yalnız həqiqət var. Bəzəksüz, düzəksiz. Sən varsan. Mən sənin zərrənəm. Səndəyəm, sən olmuşam. Vəssalam. Daha bunun ayrı bir adı yoxdur.

Sərvaz detallar üzərində fikrini usalıqla sərgiləyir. Daha burda gen- bola asan epitetlər, metaforalar, yersiz mənalandırmalar yoxdur. Sərvazın düşüncəsi bu ərazini çoxdan keçib. Çünkü bədii təsvir vasitələri ilə şeir düzəltmək erasını ədəbiyyat çoxdan arxada qoyub.

Üstə gül qoxulu ayə yazılan
Ağappaq, bəmbəyaz vərəq kimiyik.

Yəqin ki, Sərvazın gözəl səsi, avazı olduğundan az adamın xəbəri var. Onun muğam səhrası kimi açılan səsinin üzərinə “Məmməd Araz dastanı” və tanınmış yazar Azər Turana həsr etdiyi irihəcimli “Ruhumla öpürəm düyğularını” və başqa samballı heca şeirləri yazıla bilər. Çünki bütün şairlər ən yaxşı şeirlərini səslərinin üstünə yazırlar. Sərvazın bambəyaz vərəqi – səsi muğamın qanadlandığı səhradır.

Səhv etmirəmsə, Sərvaz aşağıdakı şeiri qızı Səmaləyə yazıb. Bu, ilkin görünüşüdür. Ata istəyinin obrazlı ifadəsidir. Amma dərindən götüəndə və həm də Sərvazın şeirləri xeyli yozum imkanı verdiyindən, mən deyərdim ki, bu həm də vətəndir.

Hardan soyuq sazaq əssə üstünə,
O tərəfdən divarına hör məni.

Vətəni bu cür də qorumaq olurmuş. Qarabağda vətən sərhədinin düşən bir kərpicinin yerində (Ya da şəhid olmuş əsgərinin) şair özü dayanmaq istəyir. Əslində məntiqin, mətnin tələb etdiyi budur. Harda vətən sərhədlərində bir kərpic yeri laxlayıbsa, bütün vətənsevərlər orada daş kimi dayanmaq istərlər ki, təki vətənə soyuq dəyməsin. Bu da daxili- alt qat. Əsas məsələdə elə bu.

Olmayıb sevgidə vəfasızlığım,
Allahım, sən mənə dözüm yazarsan.
Mənim könlümcədi mənim yazdığım,
Məndən yaxşısını özün yazarsan

Bu da Sərvazın çox dəqiq bir hesabatı. Nəsillərinarası debata orjinal cavabı. Mən bura qədər olanı yazdım. Bundan sonrasını (bacarsan ən yaxşısını) sən yaz. Sərvazın ədəbi mətni Bəxtiyar Vahabzadə, Sabir Rstəmxanlı, Məmməd İsmayıl, Məmməd Aslan, Musa Yaqub və bu silsilədən olan şairlərin kökləndiyi zamandan boy atıb və istedad, zəhmət, mütaliə və peşakarlıq nəticəsində özünə ədəbiyyat ünvanı yarada bilib.

Vaqonlar elə bil relslərin üstə,
Təsbeh dənəsitək sıralanıbdı.
Və yaxud
Səndən bir nişanə aparan qızın,
Şəklini gözümdə bir az əylədim.

Sərvaz 80- ci ildən bugünə kimi böyük bir ədəbi mərhələni heç kəsə güvənmədən keçib. Nə olubsa, harda təntiyibsə, folklora, Söyüdlü arxın düşüncələrinə söykənib. Şəkli gözündə əyləmək olduqca gözəl ifadədir. “Əyləmək” folklordur. Şair bu sözlə orjinal bir lövhə yaradıb;yoxsa sənin şəklini əyləməsəydim, tez qocalacaqdın. Tanınmış şair Cingiz Əlioğlu gənclik illərində yazdığı bir şeirdə deyirdi: “Qatarlar vağzalın boyununda şərf kimi açılıb gedir”. Gözəldir. Sərvaz da deyir ki, Vaqonlar elə bil relslerin üstə tesbeh dənələritək səpələnibdir. Bu da gözəldir. Bu cür orjinal obrazlar 80 illərin ədəbi xasiyyəti idi. Amma Sərvaz o illərin ağır xasiyyətini sonrakı şeirlərində dünyəviləşdirməyi bacardı. Aşağıdakı mətnə baxaq.

Ağıl dəryasında batan dünyamı
Xilas eləməyə dəli gərəkdi…

Bax bu “dəli” müasir dünya şeiridir. O zaman ki, şeir ağıla tabe olur, o, artıq şeir olmur Bəxtiyar Bahabzadə demişkən: “meyirdi”. “Dəli” sözü əslində təxəyyülü, xəyalı ifadə eləyir. Sərvazın da son anda gəldiyi nəticə odur ki, poeziyanın əbədi, əzəli vətəni düyğular və hisslərdir. Hisslər heç zamanı adamı aldadtmır.
Bu il 60 yaşı tamam olan qədim dostum Sərvaz təkçə klassikadan yox, həm də yaşıdlarından – müasirlərindən bəhrlənir. Gəncədə ustad Qərib Mehdinin rəhbərlik etdiyi “İlham”və Bakıda Məmməd İsmayılın Respubilka Ədəbi Birliyində aparılan müzakirələrdə həmişə fəal iştirak edib. ədəbi mübahisələr Sərvazı orjinal ədəbiyyat yoluna istiqmətləndirib. İndi “Söyüdlü arx”dan başlayan düşüncələr onun yeni şeirlərində bu gün Avropa ölkələrinə yol açır. Uğur olsun!

Müəllif: QƏŞƏM NƏCƏFZADƏ

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şairlər Şuşada – Vaqif Poeziya Günləri – 2022 – FOTOLAR

İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.

40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq 2-ci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur.

Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb. FOTOLAR:

RÜSTƏM BEHRUDİ CIDIR DÜZÜNDƏ

Mənbə: Elşad Barat


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYB-də Azər Turanın qurultayqabağı məruzəsi dinlənilib – Sərvaz Hüseynoğlu   

SƏRVAZ HÜSEYNOĞLUNUN YAZILARI

Mayın 18-də AYB-nin Natəvan klubunda ədəbiyyatşünas alim, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın publisistika mövzusunda qurultayqabağı məruzəsi dinlənildi.

Tədbiri Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli açdı. Bildirdi ki, son yeddi ilin publisitika təsnifatı ilə bağlı məruzə Azərbaycan yazıçılarının növbəti qurultayı qarşısında ayrı-ayrı ədəbi janrlar üzrə edilən məruzələrin onuncusu və sonuncusudur. “Deyim ki, edilən məruzələr ümumilikdə ötən illərin ədəbi-bədii mənzərəsini yetərli şəkildə əhatə edib, faydalı müzakirələrə səbəb olub. Hesab edirəm Azər Turanın publisistika ilə bağlı məruzəsi də maraqla qarşılanacaq, bu janrda yazılmış əsərlərin obyektiv təsnifatı veriləcək”.

Sonra ədəbiyyatşünas alim Azər Turanın əhatəli məruzəsi dinlənildi.

Məruzə ətrafında ilk sözü də Elçin Hüseynbəyli dedi: “Olduqca məntiqli, səriştəli bir məruzədir. Lüzumsuz sadalanmalara yol verilməyib. Publisistika sahəsində diqqət çəkən hər bir əsərə fundamental şəkildə nəzər yetirilib. Azər Turanın bu sahəyə yaxından, peşəkarcaçına bələdliyi məruzənin uğurunu təmin edib. Bu mövzu barədə maraqlı bir söz var ki, publisistika faktlı ədəbiyyat, ədəbiyyat faktsız publisistikadır. Həmin aforizm bu məruzədə də öz təsdiqini tapdı”.

AYB sədrinin müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də E.Hüseynbəyli ilə həmrəy olduğunu bildirdi: Məruzəçi haqlı olaraq ədəbi-bədii düşüncəyə və milli məfkurəyə istiqamət verə bilən bədii publisistika nümunələri üzərində dayanıb. Bu, onun əsl sənətə, sözə olan münasibətindən, obyektiv dəyərləndirmə mövqeyindən irəli gəlir… Deyə bilərik ki, unudulan ad ümumiyyətlə olmadı. İradə Tuncay, Niyazi Mehdi, Ramilə Qurbanlı kimi adların da çəkilməsini təqdirəlayiq hesab edirəm. Məruzə ilə bağlı iki iradım var: birincisi, Azər Turanın özünə yer verməməsinin düzgün olduğunu düşünmürəm. Çünki Azər Turan adları çəkilənlərdən heç də geri qalmır və publisistikada gördüyü işlər də hər kəsə məlumdur. Əlbəttə, bu da onun təvazökarlığından irəli gələn bir haldır. İkincisi, fikrimcə, publisistika nümunələri adı altında yazılan bir çox uğursuz yazını tənqid etmək olardı. Hər bir halda çox uğurlu məruzədir, Azər Turana təşəkkür edirəm”. 

Görkəmli yazıçı Xeyrəddin Qoca bildirdi ki, ədəbi həyatımızda yolu gözlənilən, istedadla qələmə alınmış əsərlər az olduğu kimi, Azər Turanın etdiyi məruzə kimi dəyərli araşdırmalara da az halda rast gəlirik: “Namuslu, əsl ədəbiyyatşünas araşdırmasıdır… Çox vaxt deyirlər kitab oxunmur. Deyirəm ki, yaxşı yazın, oxunsun. Bu mənada Azər müəllimin məruzəsi o yaxşıların sırasındadı”.

AYB-nin katibi, yazıçı-publisist İlqar Fəhmi bildirdi ki, məruzəçinin milli düşüncəyə, vətəndaş mövqeyinə stimul verən əsərlər üzərində dayanması daha çox cəlbedicidir: “Bu əhatəli məruzəyə görə mən də Azər Turana təşəkkür edirəm. Məruzədə milli düşüncə, milli təfəkkür aparıcı xətt idi və bu, onu daha çox dəyərli etmiş oldu. İndi istənilən mövzuda yazılmış yazını esse kimi qələmə vermək olar. Amma bu məruzədə toxunulan publisistika nümayəndələrinin və nümunələrin hamısı vahid xətt üzrə qruplaşdırıla bilir. Söhbət milli təfəkkür xəttindən gedi…”

Professor Qəzənfər Paşayev qeyd etdi ki, məruzədə bütün nəsillər təmsil olunub: “Məruzə olduqca məntiqli, bitkin və yanaşma tərzinə görə obyektivdir. AYB rəhbərliyinin publisistikamıza bu yöndən yer verməsi çox əlamətdardır. Deyim ki, publisistika Azər Turanın gündəlik fəaliyyətinin önəmli bir sahəsidir. Bu prosesin içindədir. Məruzəçinin peşəkarlığı diqqətə çatdırdığı bütün arqumentlərdə özünü aydın şəkildə büruzə verir. Publisistika oxucular tərəfindən ən çox sevilən janrdır. Mənəvi məzmunlu gözəl bir məruzə dinlədik. Məruzədə bütün nəsillər təmsil edilib. İlk dəfə görürəm ki, publisistika ilə bağlı məruzədə gənclərə də yer verilir. Bu məruzənin Azər Turana həvalə edilməsi də çox yerində verilmiş qərardır. Çünki o, hər gün bu işlə məşğuldur və işinin peşəkarı olan biridir”.

Tanınmış yazıçı, AYB-nin nəsr sektorunun rəhbəri Səyyad Aran bildirdi ki, adətən mükəmməl, əhəmiyyətli və bitkin iş barəsində yekdil rəy, münasibət olur. “Azər Turanın məruzəsinə də münasibət belədir və bu, haqlı münasibətdir. O, məruzəyə mükəmməl bir girişlə başlayıb və bu mükəmməllik bütün məruzə boyu davam etdirilib. Elmi-intellektual təhlil, real dəyərləndirmələr göz qabağındadır və dərin razılıq doğurur…”

Professor Tofiq Məlikli dedi: “Maraqla dinlədim. Publisistikamızın inkişaf mərhələləri gözlərim önünə gəldi. Belə bir məruzə ilə çıxış etmək sözügedən sahəyə yaxından bələdliyin və ciddi hazırlığın nəticəsidir. Ona görə ki, məruzəçi bütün hallarda faktlara əsaslanıb. Olduqca obyektiv baxışdı…”

Yazıçı-publisist Fazil Güney bildirdi ki, məruzəçi son illər publisistikamızın ümumi mənzərəsini dolğun şəkildə ifadə edə bilib. Ancaq yaxşı olardı ki, bu sahədə diqqətə çarpan, arzuolunmaz məsələlərdən də konkret misallar fonunda bəhs olunaydı.

Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Elnarə Akimova çıxışında məşhur bir fikri xatırlatdı ki, “doğrudan da üslub insandır”. Azər Turan fəaliyyətində hansı üslubla çıxış edirsə, bu məruzədəki çıxışda da biz onu görürük. Mən düşünürəm ki, məruzə çox yaxşı sistemləşdirilib. Məruzədə son illərin publisistikası dərin notlarla öz əksini tapıb. Azər Turanın məruzəsi onun sənətə baxışını, mövqeyini və özünəməxsus üslubunu bütünlüklə ehtiva edir. Məruzədə zamana tarixi-tipoloji vahid kimi deyil, daha çox milli məzmun ifadə edən düşüncə müstəvisindən nəzər salınıb. Bu da Azər Turanın özünün ədəbiyyatşünas səriştəsindən irəli gəlir. Məruzə yaxşı bir sistemləşdirmə nümunəsidir. Son yeddi ilin publisistik mənzərəsi yığcam şəkildə ümumiləşdirilib”.

Tənqidçi Bəsti Əlibəyli məruzənin əhatəli, konseptual, orijinal cəhətlərini dəyərləndirdi.

Yazıçı-publisist Zemfira Məhərrəmli bildirdi ki, publisistika həmişə inkişafda olub, düşüncə həyatımızın müəyyən sahəsini əhatə edib. A.Turan bu reallıqları yetərincə dəyərləndirib.

İlkin mənbə: edebiyyatqazeti.az

Müəllif:Sərvaz HÜSEYNOĞLU

SƏRVAZ HÜSEYNOĞLUNUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gənc yazarların yetişməsində ədəbi-bədii fikir sahiblərinin rolu – Sərvaz Hüseynoğlu

SƏRVAZ HÜSEYNOĞLUNUN YAZILARI
SƏRVAZ HÜSEYNOĞLU

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sərvaz Hüseynoğlu “Altun yıldız” medalına layiq görülüb

SƏRVAZ HÜSEYNOĞLUELÇİN İSGƏNDƏRZADƏ

SƏRVAZ HÜSEYNOĞLU MÜKAFATLANDIRILIB

 Şair dostumuz Sərvaz Hüseynoğlu Türk dünyası ədəbiyyatı qarşısında xidmətlərinə görə “Altun yıldız” medalına lyaiq görülüb. Sərvaz Hüseynoğlu önəmli mükafat alması münasibəti ilə təbrik edirəm və mükafatın Sərvaz Hüseynoğluna verilməsində əməyi olan Türk dünyasının tanınmış bilim adamı, professor Elçin İsgəndərzadəyə dərin təşəkkürlərimi ismarlayıram!

Mənbə: Dayandur Sevgin

DAYANDUR SEVGİNİN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Dəli”nin doğru xəbəri –   Sərvaz  Hüseynoğlu yazır

MEYXOŞ ABDULLA H – 60

“Dəli”nin doğru xəbəri

              (Yazıçı Meyxoş Abdullahın 60 illiyinə)

            «Yalnız bir xeyir var – bu da sevgidir» duyğusallığı, inancı ilə yaşayanlardandır qələm dostumuz Meyxoş Abdullah… Sevgini ruhun şəkli kimi qəbul edənlərdəndir. «Allahı insana, insanı Allaha çevirə bilən» bir sevgi yolçusudur.

            Bu bəşəri duyğunu ilahi Sözlə cilalayır, onu ilahi Sözün qüdrətilə təzələyir, Sözü sevgiyə, sevgini Sözə büta verir, dünyanın nuru, işığı kimi qəbul edir. Onun üçün Söz, ilk növbədə, insanlığa, yaranışa və inkişafa xidmət vasitəsidir. Əbədi ünsiyyətə, yeni dünyaya aparan yol bilir bu aləmi. Bilir ki, «Söz inqilabi” gücə malikdir, insana narkoz kimi təsir edir,  o, insanı həqiqətə qovuşdurur, bütün sirləri onun üzünə açır, keçici olanı əbədiləşdirir».

            Ən əsası, Meyxoş Abdullah böyük həyat müstəvisində özünü tanıya, yerini-yurdunu, məqamını bilən bir qələm adamıdır. İç dünyasında hifz etdiyi ilkinliyə, gənclik romantikasına heç vaxt xəyanət etməyib. Sözü bəlli hər bir qələm adamı kimi o da bütün həyatı boyunca özünü yalqız hiss edir. Tərkidünyalığı  sevir. «Şamanam, ruh adamıyam» qənaətincə yaşayır, ruhların varlığına inanır. Bir müsahibəsində qeyd etdiyi kimi, inanclıdır ki, dünyaya yazıçı kimi gəlib. İstəyir ki, hər bir soydaşı öz ədəbi qəhrəmanları kimi cəsur olsun. Bunu dönə-dönə arzulamışdı, müsahibələri boyunca izhar etmişdi və bu xüsusda istədiklərinə 44 günlük şanlı zəfər günlərimizdə şahidlik etdi. Qələbənin sevincini bir ömür boyunca yaşayacağının şükranlığına tapındı.

            Meyxoş Abdullah bənzərsiz yaradıcılığı ilə, belə demək mümkünsə, şəhər ədəbi mühitini bölgə, bölgə ədəbi mühitini şəhərə yaxınlaşdıran, «bir qazanda qaynada» bilən söz adamları sırasındadır. O adamlar sırasında ki, bu silsilənin özülündə Musa Yaqub, ədəbiyyatşünas alim İmamverdi Əbilov ənənəsi dayanır. Mən hələ rəhmətlik Altay Məmmədovu, Bahadur Fərmanlı, ustad Qərib Mehdini demirəm. Ona görə ki, gəncəli həmkarlarımız haqlı olaraq bu ədəbi mühiti Bakı ədəbi həyatının bərabərhüquqlu camisi hesab edirlər. Gəncə həqiqətən bizim mənəviyyat paytaxtlarımızdan biridir. Ancaq nisbi şəkildə demək xoşdur ki, bu gün bölgə həyatımızın ədəbi-bədii odqoruyanları Asim Yadigar, Xanəli Kərimli, Barat Vüsal, İsmayıl İmanzadə, Şöhrət Qaraoğlu, Nüşabə Məmmədli Əsəd, Xəzangül, İnqilab İsaq, Aləmzar Əlizadə, Sahib İbrahimli, Ələsgər Əlioğlu, Şahnaz Şahin, Nübar Eldarqızı, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Zabil Pərviz, Bilal Alarlı, Faiq Hüseynbəyli silsiləsini şəkilləndirən imzalardan biri də Meyxoş Abdullahdır.             Meyxoş Abdullah təkcə yaradıcılığı, təkcə ədəbi imkanları ilə yox, həm də şəxsiyyət bütövlüyü, ünsiyyət mükəmməlliyi ilə də yaşadığı bölgəyə xüsusi hörmət gətirən bir qələm sahibidi. Dost üzünə açıq olan bir şəxsiyyətdir. Yerə, görə, Tanrıya etiqadlı insandır. Dənizi xəyallarının gerçəyi hesab edir.

            Təbii ki, bu qısa dost yazısında Meyxoş Abdullahnın geniş oxucu auditoriyası qazanan «Alagöz», «Qapısı gecə döyülən qadın», «Anakonda ovu», «Əsir qadın», «Didərgin ruhlar», «Şeytan gülüşü» və s. kitablarına daxil edilən əsərlər barəsində geniş şəkildə söz açmaq fikrindən uzağam. Bu kitabların bir çoxu haqqında özümün yazdığım və mətbuat səhifələrində dərc etdirdiyim məqalələr var. O məqalələri Meyxoş Abdullahnın yaradıcılığına, şəxsiyyətinə, şəxsi məziyyətlərinə dərin sayğı və maraq duyğuları ilə qələmə almışam. Haqqı çatan təqdiri etmişəm. Uzun müddət bölgədə yaşayıb-yaradan bir insan kimi, həmişə Meyxoş Abdullahı özümə bir köynək yaxın bilmişəm. İncik yerini özümünkü bilmişəm. Anlamışam. Eyni zamanda hədsiz sevinc yerim də olub ki, Meyxoş imzalar bolluğu içində itib-batanlardan olmadı. Əsərləri dünyanın bir çox dillərinə tərcümə edildi. «Alagöz» hekayəsi 2002-ci ildə AYB-nin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun milli-mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis etdiyi «Yaddaş» mükafatına layiq görüldü. Qusar Dövlət Dram Teatrında onun eyniadlı romanı əsasında Laləzar Hüseynova tərəfindən səhnələşdirilmiş «Əsir qadın» tamaşası səhnəyə qoyuldu. Bu əsər az keçməmiş Azərbaycan Kinematoqrafçılar İttifaqının da diqqətini çəkdi, Xocalı faciəsini əks etdirən film üçün maraqlı mətn olduğu gündəmə gəldi. Roman «Səsli kitab» seriyasından yenidən nəşr olundu. Eyni zamanda, yazıçının Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsər kimi mükafata layiq görülən «Alagöz» hekayəsi əsasında da film çəkiləcəyi, kinofestival üçün ekranlaşdırılan filmə rejissor Mariya İbrahimovanın quruluş verəcəyi söz konusu oldu. Təbii ki, bütün bunlar dost sevinc üçün çox böyük önəm daşıyır. Əyalət mühiti (artıq, bu, şərti mənada işlənən bir istiladı) nəfəsini Meyxoş Abdullahcasına dar çərçivədən böyük ədəbiyyat yoluna çıxarmaq, əlbəttə, təqdirəlayiq bir nəticədir.

            Meyxoş Abdullah yaradıcılığı mənim üçün çox maraqlı, sirayətedici istinad mənbəyi, zəngin mövzudur. Müşahidə etdiyi hər bir predmetin zəngin iç dünyasına ustalıqla nüfuz edə bilməsi onun yaradıcılığının başlıca keyfiyyətlərindəndir. Müşahidə etdiyi aləmin gerçək obrazı və metoforası (eyni zamanda, inikası) M. Abdullahın mükəmməl xarakteri, həyata baxışı, bədii düşüncə gücü ilə cilalanır. Əsərləri ilə ilk tanışlıq anındaca əlbəəl hiss edirsən ki, müəllif, bütün həmkarları kimi, öz qüvvəsini insanın darıxmaq şissinə qarşı çevirib. Onun əsərləri oxucuya təskinlik, hüzur gətirir. Elə ilk frazadan anlayırsan ki, gələcəyini ədəbiyyatda görən bir söz adamının əsərini oxuyursan.      Meyxoşun bir yazıçı kimi istinad etdiyi, ağlın və həyatın hərəkətverici qüvvəsi olan skeptisizm ilk növbədə həqiqətə xidmət edir, sənətə aparan yola yönəldir, nəhayət, qurtuluşa xidmət edir. Böyük rus şairi A.Blokun yaradıcı insan üçün başlıca şərt hesab etdiyi istedad və şəxsiyyət bütövlüyü M.Abdullahın yaşamında sözün həqiqi mənasında bir araya gəlib. Əsərlərinin başlıca motivi, qayəsi ümiddir. Və mən hər dəfə qələm dostumun ümidə, inama hesablanmış yeni yazılarını həvəslə oxuyub başa vuranda, yadıma dünyaşöhrətli ispan şairi Xuan Ramon Ximenesin aşağıdakı misraları düşür:  

İşıqlı daş-qaşlar kimi

çıxarıram qəlbimin

qutusundan ümidimi.

Qızım kimi,

sevdiyim bir qadın kimi,

bacım kimi

sevə-sevə

qızılgüllər arasında gəzdirirəm.

Süzürəm onu uzun-uzun,

Sonra yenə gizlədirəm…

            «Ümid nə yaxşıdır, ümidlə bitən məhəbbət qayıdır, sevgi qayıdır» (M.Araz) çoxbilmişliyi, müdrikliyi də var söz mülkümüzün. Bütün halı ilə Meyxoş Abdullahın yaradıcılığı oxucunu o gözəl, mutlu ümidin təskinedici şəfasına təslim edir. Yönəldir. Təlqin edir ki, hər şeydən öncə öz qəlbinin səsini dinlə, ümidli və inamlı ol, iç dünyadan gələn istək və arzulara qulaq as, «unutma ki, gözləyə bilənlər üçün hər şey öz vaxtında gəlir». Bir yazıçı, qələm adamı kimi, M.Abdullahın özü də bu düşüncənin, ümidlə yaşamağın, gələcəyə inamın barını dərənlərdəndir. Ədəbiyyat bilginləri İ.Buninin yaradıcılığını bütünlüklə öz zəmanəsi, habelə, xalqının taleyi, keçmişi və gələcəyi  ilə canlı surətdə bağlı olmasına görə dəyərləndirirlər. Təbii ki, bu meyar qələm, söz adına iddialı olan hər bir yazıçı üçün qızıl qaydadır. Və M.Abdullahın yaradıcılığı da, mənim fikrimcə, ilk növbədə sözügedən dəyərlərə etinalı olması baxımından incələnməlidir.

            Bu yazının lap əvvəlində qeyd etmişdim ki, təbii, qısa dost qutlamasında M.Abdullahın geniş oxucu auditoriyası qazanmış əsərləri barədə ətraflı bəhs etmək fikrində deyiləm. Ancaq «Dəli gülüş» və «Dəli Bəybala» adlı hekayələri var ki, bir oxucu olaraq şəxsən mən özümü o hekayələrin iç dünyasında hiss etmişəm. Elə bilmişəm bu hekayələr birbaşa mənim özümün həyat hekayələrimdir. O yerdə ki, «Dəli gülüş»ün Qəməri birdən-birə sazda ifa etdiyi «Ruhani»dən «Aran gözəlləməsi»nə keçir, bu məqamda anasıyla kiçik qızının qapı ağzında dayanıb, matı-mutu qurumuş halda ona baxdıqlarını görür, yuxudan qəfil ayılmış adam kimi diksinir və sazı çarpayının üstünə atıb dəli adamlar kimi qəhqəhə çəkib gülməyə başalyır – bax həmin məqam hər bir oxucunun həyatı boyu öz pünhan dünyasında hifz etdiyi daxili savaşı kimi gəlir gözləri önünə. Qəmərin bu dəli gülüşünü şəxsən özlərinin könüllərincə yaşaya bilmədikləri həyatın üzünə vurduqları tərs şillə kimi qəbul edir hər kəs.

            Eləcə də, hər bir oxucu həyatın gözlənilməz bir anında Dəli Bəybalanın yerində olub, səkidən götürdüyü çaylaq daşını, qəzəb tuluğu Balaxanın arvadın şeytansifət qızını lağ yerinə çevirən məhlə uşaqlarının başına çırpa. Ya elə o biçarə, havalı oğlanın əvəzindən Balaxanım arvadın gözəlçəsi Qəmzənin yanına gələn kişilərin maşınlarının təkərləri altına  nəsə bir şey qoyub partlada… Bütün halıyla hər bir oxucunun doğması, köhnə tanışı, içinin içidi Dəli Bəybala. Ona əzab verən nə varsa hər bir oxucu üçündür. Elə bil o boyda şəhər camaatının ağrısını təkcə Dəli Bəybəla yox, hər bir oxucu çəkir. Elə bil adamların hərcayiliyi təkcə Dəli Bəybalanın yox, hər bir oxucunun ürəyini partlama halına çatdırıb… Günlər ötdükcə şahidi olduğu hadisələrə tab gətirə biləmyən, bu səbəbdən az qala başına hava gələn Dəli Bəybalada hər oxucudan nəsə bir əlamət var.         Meyxoş Abdullahın əsərləri, sözə, sözün gücünə dərin etinası ilə oxucuyla obraz arasında bu vacib doğmalığı, içbirliyini yaradan azsaylı yazıçılarımızdandır. Hər bir «dəli»nin doğru xəbəri Meyxoş üçün maraqlı süjetdi. Onun obrazları həyatın paradoksal yaşamından gəlir. Sevə bildiyi üçün sevilir. Sevdirə bilməksə yazıçının başlıca uğurudur.

Müəllif: Sərvaz HÜSEYNOĞLU

SƏRVAZ HÜSEYNOĞLUNUN YAZILARI

MEYXOŞ ABDULLAHIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru