
YAZARLAR cameəsi adından Elçin Məlhəmlini doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Elçin müəllim!
YAZARLAR bu münasibətlə Elçin Məlhəmlinin bir neçə yeni şeirlərini oxuculara təqdim edir:
BULUD
Gəzirdin rahatca göyün üzündə,
Niyə artırmısan çəkini, bulud?
Yoxsa dərdin, qəmin artıbdır sənin,
Kədərdən tutmusan yükünü, bulud,
Rəngin də qaralıb, lap boğulmusan,
Qəzəbdən, ya dərddən belə dolmusan?
Sanki qəlbikövrək gəlin olmusan,
Səbr et, boğ içində hikkəni, bulud.
Aglasan, qoşulub sənə ağlaram,
Qəmini sevincə büküb bağlaram,
Dərdini alaram, özüm saxlaram,
Gəl kövrəltmə bulaq təkini bulud.
Görürsən, Elçin də boynunu burub,
Onu da dərd, kədər, qəm, qüssə yorub,
Dolub sənin kimi, dayanıb, durub,
Ancaq yox nə hirsi, nə kini, bulud.
ÜRƏYİM
İçi dərdlə, qəmlə dolub,
Şişib, yaradır ürəyim.
Sanki sancağı çəkilmiş,
Bir qumbaradır ürəyim.
Çəkiblər hər cürə dağı,
Əriyib, qalmayıb yağı,
Qırılıb həyatla bağı,
Bəxtiqaradır ürəyim.
Dərdə qəmə açdı qucaq,
İnsafsızlar çatdı ocaq,
Yanacaq, külü qalacaq,
Nə biçarədir ürəyim.
Necə deyim? Necə gülüm?
Axır qəlbə qüssə selim,
Doğranıbdır dilim-dilim,
Para-paradır ürəyim.
Ömür boyu əzilmisən,
Yumaq kimi büzülmüsən,
Artıq yaman üzülmüsən,
Yolun haradır, ürəyim?
SƏN NECƏ SEVDİRDİN ÖZÜNÜ MƏNƏ
Eşqdən uzaq durdum, sevgini dandım,
Qəlbimi alınmaz bir qala sandım,
Səni görən kimi alışdım, yandım,
Gözümdən sanki od düşdü bədənə,
Sən necə sevdirdin özünü mənə?
Mən ki, təbiəti sevirdim ancaq,
Sevdiyim uca dağ, meşə, buz bulaq,
Tez-tez yamaclara gedirdim qonaq,
Heyrətlə baxırdım gülə,çəmənə,
Sən necə sevdirdin özünü mənə?
Eşq də bir din imiş, sonradan bildim,
Qəlbimdən “xəyanət” sözünü sildim,
Peyğəmbərim oldun, mən dinə gəldim,
Bilməzdim sevgi nə, eşq, məhəbbət nə,
Sən necə sevdirdin özünü mənə?
Vüsala çatmaqla unutdum ahı,
Sevinclə açıram hər bir sabahı,
Eşq mülkü qurmuşam, olmuşam şahı,
Sən də tac olmusan, gülüm, Elçinə,
Gör necə sevdirdin özünü mənə.
SAVAYI
Nə yazılıb ki, alnıma
Kədərdən, qəmdən savayı?
Nələr düşüb qismətimə
Azacıq, kəmdən savayı?
Dərdin üstünə dərd yağır,
Dərd qəlbimi edib yağır,
Varmı bu dünyada ağır
Mənim şələmdən savayı?
Üz döndərib bu həyat da,
Yox ruhumda toy, büsat da,
Nə gördüm ki, bu həyatda
Dərddən, ələmdən savayı?
Bütöv Vətən pərən-pərən,
Çarə varmı buna görən?
Varmı ürəyimi görən
Vərəq, qələmdən savayı?
Vətən eşqi sonsuz dəniz,
Bu eşq necə ülvi, təmiz,
Nə olar ki, candan əziz
Mənə ölkəmdən savayı?
Məlumatı hazırladı: Günnur Ağayeva
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru