Etiket arxivi: Seyid Abdulla oğlu Cabbarov

Əlcəzair Şəhid Memorial Abidəsi və Milli Mücahidlər Muzeyi

Əlcəzair Şəhid Memorial Abidəsi və Milli Mücahidlər Muzeyi

Əlcəzair Şəhid Memorial Abidəsi və Milli Mücahidlər Muzeyi Əlcəzairin ən əhəmiyyətli tarixi məkanlardan biridir. Bura  ilin bütün günlərində əlcəzairlilərin, uşaqlı, böyüklü hər bir kəsin, o cümlədən xarici turistlərin üz tutduğu tarixi yerdir. Əlcəzair Milli Mücahidlər Muzeyİ ilk olaraq 1972-ci ildə paytaxt Əlcəzairin 3-cü ən böyük rayonu olan Quba bölgəsində yaradılmışdır. Daha sonra isə bu muzey Əlcəzair tarixinin ən əhəmiyyətli hadisələrinə şahidlik etmiş, yüksək strateji mövqeyə malik Əl-əbyar rayonun Riyad əl-fəth adlanan ərazisində inşa edilmişdir. Burada ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəmanların xatirəsini əbədiləşdirmək üçün Şəhid Memorial Abidəsi ucaldılır, yerin altında isə Milli Mücahidlər Muzey yaradılır. Ilk olaraq Şəhid Memorial Abidəsinin sonra isə Milli Mücahidlər Muzeyi kompleksinin məhz bu ərazidə yaradılması heç də təsadüfü olmamışdır. Ölkə rəsmlərinin abidənin bu yüksək strateji məkanda ucaldılmasına qərar verməsinin səbəblərindən biri də bu məkanın bir neçə tarixi döyüşlərə şahidlik etməsi olmuşdur. Belə ki, Osmanlı xilafətinə qarşı düşmənçiliyi ilə tanınmış, İspaniya kralı Çarles Lukanın başçılığı ilə 23 oktyabr 1541-ci ildə Əlcəzairin işğalı məqsədilə başlanmış səlib yürüşünün qarşısı əlcəzairlilər tərəfindən məhz bu strateji mövqedən alınmışdır. Tarixi sənədlər göstərir ki,  bu strateji məkandan Əlcəzairli döyüşçülər, toplarla Çarles Lukanın 250 ədəd hərbi gəmisini sıradan çıxarmış, 20 min əskərini məhv etmiş, 8 min nəfərini isə sahildə tərk edərək gəldikləri yerə qaçmağa məcbur etmişlər. Tarixi rəvayətlərə görə bu məğlubiyyətdən sonra İspan Kralı Çarles Əlcəzairi tərk edərkən başındakı tacı çıxarır və mən səni daşımağa layiq deyiləm, deyib onu dənizə atır. O vaxtan İspaniya kralları başlarına tac geyinməyi tərgitir.

Üç yüz ildən artıq müddətdə Osmanlı xilafətinin idarəçiliyində olmuş əlcəzairlilər osmanlıları bu torpaqlara əlcəzairli müsəlmanları ispanların səlib yürüşlərindən xilas etmək üçün köməyə çağırmışdır.Osmanlı hakimiyyəti dövründə Riyad Əl-fəth adlana bu yer şəhərin sahillərini müşahidə etmək üçün rəsədxana, Osmanlı hərbi dəniz gəmilərinin müşahidə məntəqələri olmuşdur. Əlcəzairin Fransa müstəmləkəçilik dövründə isə 1954-cü il 24 iyun tarixində Əlcəzair milli hərakatının 22 nəfər lideri buradakı mənzil -qərərgaha yığışaraq paytaxtın mərkəzi sayılan bu strateji məkandan dünyanın ən güclü müstəmləkəçisinə qarşı mübarizəyə başlamışlar. Bundan başqa,”Sozzini Villası”kimi tanınan ölüm düşərgəsi burada idi. Bu düşərgədən Fransız müstəmləkəçiləri əlcəzairli azadlıq mübarizlərinə qarşı işgəncə və qətllər üçün istifadə edirdilər.

Ərazinin tarixi və coğrafi xüsusiyyətlərini nəzərə alaraq Əlcəzairin mərhum prezidenti Şadli bin Cadid Şəhid Memorial Abidəsinin burada ucaldılmasına qərar vermişdir. 9 ay çəkən inşaat işlərindən sonra prezident Şadli bin Cadidin iştirakı ilə 1982-ci ilin iyulun 5-də şəhərin hər tərəfindən görünən, bənzərsiz memarlıq xüsusiyyətlərə malik Şəhid Memorial Abidəsinin təntənəli açlışı olmuşdur. Memorial Abidə Kanadanın “Lafalayn” şirkəti tərəfindən əlcəzairli memar Bəşir Yelsinin layihəsi əsasında inşa edilmişdir. Kopleksin ümumi sahəsi 15300 m2 ərazini əhatə edir. Şəhid Memorial Abidə hər biri 3 xurma yarpağı şəklində, 97 metr hündürlüyündə ucaldılıb. 47-ci metrdən başlayaraq yarpaqlar biri birinə sarılır, diametri 10, hündürlüyü 25, eni 6 metr olan Əlcəzair İslam memarlıq xüsusiyyətinə uyğun günbəzlə tamamlanmışdır. Üç xurma yarpağına bənzəyən abidənin mərkəzi, əlamətdar günlərdə şəhidlərin xatirəsini yad etmək üçün ali qonaqlar tərəfindən əklillərin qoyulması üçün yaradılmış xüsusi platformadır. Dünya liderlərinin Əlcəzairə rəsmi səfərləri zamanı kopleksi ziyarət edib, şəhidlərin xatirəsini yad etmək, ölkənin ən vacib rəsmi protokol mərasimlərindən biri hesab olunur.

Şəhid Memorial Abidəsinin hər üç yarpağabənzər hissəsinin arxasında 3 nəhəng bürünc heykəl ucaldılmışdır ki, bu heykəllər Əlcəzair xalqının azadlıq mübarizəsini təcəssüm etdirir. Heykəllərədən birincisi Əlcəzair xalq müqavimət hərəkatını, ikincisi Əlcəzair milli azadlıq ordusunu, üçüncüsü isə Əlcəzair xalq milli cəbhəsini simvollaşdırır.

1982-ci ildə Şəhid Memorial Abidəsinin inşasından sonra 1984-cü ildə  Abidənin altında Milli Mucahidlər Muzeyi fəaliyyətə başlamışdır. Milli Mücahidlər Muzeyinin mərkəzində günbəzli salon,ətrafı dəhlizlərlə əhatələnmiş ekspozisiya zalları və xidməti otaqlarından ibarətdir. Burada ekspozisiyaların daimi sərgiləndiyi böyük sərgi zalları, tam mərkəzdə gümbəzli dua salonu, mütəxəssis və araşdırmaçıların işləməsi üçün internetlə təchiz olunmuş kompüter otaqları, elmi kitabxana, elmi seminar və konfransların keçirliməsi üçün mühazirə zalı və inzibati otaqlar fəaliyyət göstərir. Muzeyin kolleksiyasının böyük hissəsi ölkənin Fransa tərəfindən işğalına və Fransa müstəmləkəçiliyinə qarşı aparılmış xalq müqavimətinə həsr olunub. Muzey Əlcəzairin azadlıq tarixinə həsr olunmuş ən böyük və ən əhəmiyyətli tarixi məkan, maliyyə baxımından müstəqil idarəçilik dərəcəsinə sahib dövlət qurumudur. Muzeydə Əlcəzair İslam İrsi (əlkəşafat əl-iislamiyyət əl-cazairiyyət) hərəkatının yaradıcısı 33 yaşında edam olunaraq öldürülmüş, Məhəmməd Bəvarisin heykəli ucaldılıb.

Şəhid Memorial Abidəsi və Milli Mücahidlər Muzey Kompleksi 1832-ci ildə Fransız müstəmləkəçilərinin Əlcəzair torpaqlarına ayaq basdıqdan, 1962-ci ildə oradan ayrılana qədər əlcəzairlilərin müstəmləkəçilərə qarşı mübarizəsinin əyani şahidi, danışan səsidir. Muzey fotoşəkil kolleksiyaları, tarixi sənədlər, canlı şahid ifadələri və mücahidlərin təcəssüm olunduqları maketlər vasitəsilə iyirminci əsrdə insanlığa qarşı törədilmiş cinayətləri gözlər önünə sərgiləyir. Muzeydə nümayiş etdirilən eksponatlar müstəmləkəçilərin müdafiəsiz Əlcəzair xalqına qarşı həyata keçirdikləri ən dəhşətli hadisələrdən xəbər veir. Muzey ölkənin əyalətlərində fəaliyyət göstrən eyni adlı 48 muzeylə birgə Əlcəzair xalqının milli yaddaşını qoruyur, əlcəzairlilərin müstəmləkəçilərə qarşı mübarizə tarixini nümayiş etdirir və gənc nəsillərə vətənpərvərlik dəyərlərini təbliği edir.

Milli Mücahidlər Muzeyi, əlcəzairlilərin müstəmləkəçilərə qarşı mübarizə tarixini dörd böyük ekspozisiya zalından təqdim edir. Birincisi azadlıq mübarizəsinin başlanğıcına qədər xalq müqaviməti zalı (1830-1919), sonra siyasi mübarizə dövrləri əks etdirən ikinci zal, ardınca xalqın qəhrəmanlıqları ilə yadda qalan azadlıq mübarizəsinin başlandığı dövrləri əks etdirən üçüncü zal (1919-1954) və daha sonra müstəmləkəçilərin törətdiyi cinayətlər və soyqırım hadisələrini nümayiş etdirən dördüncü ekspozisiya zalı. Muzeydə sərgilənən eksponatlar əlcəzairlilərin azadlıq mübarizəsinin əzəmətini nümayiş etdirən canlı şahidlərdir, desək, yanılmarıq.Milli MücahidlərMuzeyi əlcəzairlilərin azadlıq mübarizəsi tarixinin müxtəlif yönlərini nümayiş etdirir. Burada rəsm əsərləri ilə yanaşı, müstəmləkəçiliyə qarşı mübarizə aparmış əlcəzairli mübarizlərə aid silahlar, arxiv materialları və döyüş əşyaları, tarixi fotoşəkillər və sənədlər, həmçinin Fransa müstəmləkəçiliyinə qarşı hərəkata rəhbərlik etmiş Əmir Əbdülqadirin (Əbdülqadir İbn Muhyiddin) şəxsi əşyaları və silahları, onun 1853-cü ildə fransız rəssam Anj Tisye tərəfindən çəkilmiş və yalnız 1976-cı ildə Fransa tərəfindən ölkəyə qaytarılmış portreti muzeyin ən çox ziyarət olunan kolleksiyaları sırasındadır. Həmçinin Əlcəzair xalqının mübarizəsini yatırmaq üçün müstəmləkə qüvvələrinin istifadə etdikləri edam vasitələri burda sərgilənir. 1956-cı ildən başlayaraq Sarkaji həbsxanasındakı “ölüm dəhlizi” Gilyotin (edamın icrası üçün eyni adlı fransız cərrahın hazırladığı xüsusi qurğu) burada nümayiş olunur.Əlcəzairin müvəqqəti hökumətinin və onun müxtəlif təsisatlarının yaradılması, milli məslələrdə ümumxalq həmrəyliyi, “Evian” sazişləri və Əlcəzairin İstiqlal Bəyannaməsi sənəd və fotoşəkillərlə burada sərgilənir. Muzeyin mərkəzi hissədə məxsusi işıqlarla bəzədilmiş qara və yaşıl qranit daşlar üzərində günün bütün vaxtlarında Quran ayələrinin yazıldığı qübbəli salonla əhatələnib. Əlcəzair İslam memarlığı əsasında yaradılan bu günbəzli salonda ziyarətçilər ekskursiyalarının sonunda şəhidlərin ruhuna dualar oxuyurlar.

Tarixi mənbələrdən məlumdur ki,fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən çox fərqli olub. Əgər Faransa başqa ərazilərin müstəmləkə olduğunu qəbul edirdisə, Əlcəzairi özünün bir parçası, dənizarxası ərazisi hesab edirdi. 1954-cü ildən müstəqillik mübarizəsinə qalxmış Əlcəzair, 8 il çəkən müstəqillik mübarizəsində ən ağır faciələrə məruz qalan  ölkələrdən biridir. Əlcəzair torpaqlarında yaşanan böyük faciələr fransızların Afrikadan çəkilərkən həyata keçirdiyi “ Qara ləkə” olaraq dünya tarixinə həkk olunmuşdur. Fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq əlcəzairlini amansızcasına qətlə yetirmişdir.  Məhz buna görə də Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə isə 10 milyona yaxın əlcəzairli müstəmləkəçilik dövrünün qurbanı olmuşdur. Açıq rəsmi mənbələrə görə Faransa əlcəzair torpaqlarında 17 dəfə nüvə silahı sınaqlarını həyata keçirib. Fıranasızların bu torpaqlarda basdırdıqları mina və partlayıcılar səbəbindən minlərlə əlcəzairlinin həyatına son qoyulmuşdur

Muzeydə nümayiş olunan eksponatlardan aydın olur ki, Əlcəzair dövləti, ölkənin milli yaddaşının qorunmasına və müstəmləkəçilər tərəfindən talan edilmiş tarixi əşya və dəlillərin ölkəyə geri qaytarılmasına nə qədər böyük əhəmiyyət verir. Milli Mücahidlər Muzeyinin fəaliyyət istiqamətlərindən biri də ölkədən daşınıb aparılmış tarixi sənədləri və əşyaları ölkəyə geri qaytarmaqdır. Həmçinin xalq müqaviməti hərəkatında, milli azadlıq hərəkatında və azadlıq mübarizəsində iştirak etmiş canlı şahid ifadələrini qeydə almaq, əvvəlki qeydlərin bərpası və qorunması üzərində işləmək, akademik tədqiqatlarda və beynəlxalq sərgilərdə nümayiş etdirmək də muzeyin fəaliyyət istiqamətlərindədndir. Elə bu yaxınlarda muzey açıqlamışdır ki, ölkənin müstəqilliyindən bəri Əlcəzair dövləti tərəfindən qeydə alınmış 13 min şahid ifadəsinə əlavə olaraq 6 min səsli və görüntülü canlı şahid ifadəsini vidioçəkilişlə qeydə almışdır.

Təsadüfi deyil ki, Əlcəzair prezident Əbdulməcid Tabunun dəvəti ilə ötən ilin noyabr ayında Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən Sammitində iştirak etmək məqsədilə Əlcəzairə səfər edən ölkə rəhbərimiz, Prezident İlham Əliyev Samimitdən əvvəl Şəhid Memorial Abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etmişdir. Dövlət başçımıza muzey haqqında ətraflı məlumat verilmiş, ölkəmizin başçısı muzeyin xatirə dəftərində ürək sözlərini yazaraq muzeyin tarixi əhəmiyyətini qeyd etmişdir: “Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir”. Prezident İlham Əliyev Əlcəzair xalqının şücaəti sayəsində qazanılmış qələbənin gələcək nəsillərin yaddaşına hək edilməsinin vacibliyini vurğulamışdır:  “Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir”. O cümlədən ölkə başçımız müstəmləkə siyasətindən qurtulmaqdan ötrü Əlcəazair xalqının göstərdiyi qəhrəmanlığa, nümayiş etdirdiyi əzimkarlığa işarə edərək vurğulamışdır: “Amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunmuşdur”. Ardınca dövlətmizin başçısı uzun mübarizə yolu keçmiş dost Əlcəzair dövlətinin bügünki inkişafından məmnunluğunu ifadə edərək bildirmişdir: “Böyük qurbanlar verərək istiqlaliyyətə qovuşmuş qardaş Əlcəzairin bu gün inkişafını, rifahını görməkdən dost və qardaş ölkənin rəhbəri olaraq böyük qürur hissi keçirirəm.Milli Mücahidlər Muzeyində mənə göstərilən səmimi qəbula görə təşəkkürümü bildirir, Əlcəzair xalqının qəhrəmanlıq irsinin əbədiləşdirilməsi işində muzeyin fəaliyyətinə uğurlar arzulayıram” deyərk, ali qonaqlar üçün nəzərdə tutulmuş xatirə dəftərini imzalamışdır.

Heç şübhəsiz ki, Əlcəzairlə Azərbaycanın tarixində oxşar cəhətlər çoxdur. Hər iki ölkə işğalçılara qarşı uzun müddət mübarizə aparıb. Əlcəzairlilər Fransız müstəmləkəçiliyinə qarşı yüz ildən artıq müqavimət göstəriblər. Azərbaycan xalqı da milli azadlıq və müstəqil dövlət uğrunda uzun mübarizə yolu keçmiş, bu yolda minlərlə qəhrəman övladını şəhid vermişdir. Azərbaycanın milli azadlıq, milli dövlət uğrunda mübarizə yolunda başlıca maneə öz havadarlarının dəstəyi ilə ermənilər olubdur. Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətlərin yüz ildən artıq təkrarlanan tarixi var. Təkcə bir faktı demək kifayədir ki, 1918-1920-ci illər ermənilər Azərbaycan türklərinə qarşı soyqırmlar, kütləvi qırğınlar törətmiş və bu qırğınlar nəticəsində 50 mindən artıq azərbaycanlı həyatını itirmiş, ən qəddar üsullarla işkəncələrə məruz qalmış,  şikəst edilmiş, kütləvi şəkildə yurd yuvalarından didərgin salınmışdır. Yoxsulluq və səfalətdən ölənlərin sayi isə 10 minlərlə olmuşdur. Əlcəzairlilər, tarixləri, taleləri, yaşadıqları faciələri baxımından Azərbaycana çox yaxındır. Bu ölkənin insanları Fransəz müstəmləkəçilərindən gördükləri zülmün nəticəsini bu gün də yaşayırlar. Əlcəzairlilər fransızlar tərəfindən həm də mədəni soyqırımlara məruz qalmışlar. Ölkənin tarixi yer adları dəyişdirilmiş, mədəni abidələr dağıdılmış, islam dini isə qadağan edilmişdir. Əhali məcburi Fransa təbəəliyinə qəbul etdirilmişdir.Bütün bunalrın bənzəri olaraq azərbaycanlılar da öz tarixi torpaqlarından ermənilər tərəfindən zorla deportasiya edilmiş, doöma yurd yerlərinin adları dəyişdirilmişdir. İşğal etdikləri ərazilərimizdə xalqımıza məxsus tarixi abidələr ya dağıdılmış, ya da erməniləşdirilmiş, ibadət ocaqlarımızı isə ağıllara çevirərək içərisində donuz və sairə heyvanlar saxlamışdılar.

Ermənistanın Azərbaycan torpaqlarında, Fransanın isə Əlcəzair ərazisndə törətdikləri vəhşiliklər bir-birini sanki təkrarlayıb. Bu da onların eyni mərkəzdən idarə olunduğunu, eyni üsulla insanlığa qarşı cinayət törətdiklərinin göstəricisidir. Ancaq heç şübhısiz ki, belə şər qüvvələrə və onların əlaltılarına qarşı mübarizə səmərəli olur. Həmin mübarizənin nəticələrindən dünya da faydalanır. Bunu Azərbaycan və Əlcəzair öz torpaqlarını işğalçılardan azad etməklə bütün dünyaya nümayiş edib,isbatlayıblar.

Bü gün qürurla demək olar ki, Azərbaycan və Əlcəzair dövlətləri azadlıq yolunda soyqırıma məruz qalmış qəhrəmanlarının, vətənlərinin azadlığı uğurunda canlarını fəda etmiş şəhidlərinin xatirəsini əbədiləşdirmişdir. Gənc nəslin yaddaşında bu hadislərin qorunub saxlanılması və bir daha tərarlanmaması üçün bütün dünyaya çatdırmaq məqsədilə, Azərbaycanda Quba Soyqırımı Memorial Kompleksi , Əlcəzairdə isə Milli Mücahidlər Muzeyi fəaliyyət göstərir. Hər iki müəssisə həm də elmi mərkəz olaraq elmi- tədqiqat proqramlarını icra edir. Yerli və xarici ixtisaslaşmış qurumlarla təcrübə mübadilələri həyata keçirir. Tədqiqatçı və araşdırmaçılara dəstək verir, yerli və beynalxalq səviyyədə elmi seminar, konfrans və görüşlər təşkil edir. O cümlədən öz fəaliyyət istiqamətlərinə uyğun nəşrlər hazırlayıb çap etdirir, ölkələrinin milli bayramlarının və əlamətdar günlərinin qeyd olunması işində uğurla iştirak edirlər.

Müəllif: SEYİD ABDULLA OĞLU CABBAROV

Quba şəhərində “Soyqırımı Memorial Kompleksinin Elmi Araşdırmalar, Ekspozisiya və fond şöbəsinin əməkdaşı

Mob: 0506289575

Email: seyid.sc@gmail.com

SEYİD ABDULLA OĞLU CABBAROVUN YAZILARI


ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN MUZEYLƏRİNIN TƏŞƏKKÜLÜ

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN MUZEYLƏRİNIN TƏŞƏKKÜLÜ

Tarixi mənbələrədn məlumdur ki, ölkəmizdə muzeylər keçmiş dövrlərdən müxtəlif hökümdarların saraylarında, məscid və ibadət yerlərində, ayrı-ayrı dövrlərə aid qiymətli əşyaların, sənət nümunələrinin qorunub saxlanması ilə yaranmışdır. Həmin nümunələr arasında nadir Azərbaycan xalçaları, rəsm əsərləri, heykəltəraşlıq, bəzək əşyaları, silahlar, müxtəlif hədiyyələr və s. olmuşdur. Bundan başqa vaxt keçdikcə tarixi, bədii, eləcə də, mənəvi əhəmiyyət kəsb edən əşyalar şəxsi kolleksiyalarda toplanılıb saxlanmışdır. XIX əsrin ortalarından Azərbaycanın ictimai-siyasi, sosial həyatında surətlə cərəyan edən hadisələr muzey işinin təşəkkülünə təkan vermişdir. Ölkəmizdə ilk muzey 1896-cı ildə böyük ədibimiz Cəlil Məmmmədquluzadə tərəfindən yaradılmışdır. Görkəmli ədibimiz müəllim işlədiyi Nehrəm kənd məktəbində Tarix-diyarşünaslıq Muzeyi yaratmış, burada əsasən tarix və etnoqrafiyaya aid, həmçinin tədrislə bağlı materiallar toplanmışdır. Muzeyşüns alim və tədqiqatçıların qənaətincə məhz bu muzeylə də Azərbaycanda muzeyşünaslığın təməli qoyulmuşdur.

XX əsrin əvvəllərində isə ölkəmizdə muzeyşünaslığın təşəkkülündən danışarakən demək lazımdır ki, həmin dövrdə muzeyşünaslığın yaranması əsasən təlim-tədrislə bağlı olmuşdur. Filologiya elmləri doktoru,  ədəbiyyatşünas, sənətşünas,  publisist, tərcüməçi, Adilxan Bayramov “Sənət, sənət məbədləri, sənət fədailəri” adlı əsərində yazır: “XX əsrin əvvəllərində Bakı şəhərində Xalq məktəbləri müdiriyyəti nəzdində Pedaqoji muzey fəaliyyət göstərmişdir. Həmin dövrdə Ümumrusiya Texniki Cəmiyyəti Bakı şöbəsinin nəzdində muzey yaradılmışdır. Bu muzeylər tədris məqsədilə yaradılmış və onlardan əsasən tədris prosesində istifadə olunmuşdur. Burada dərslik və dərs vəsaitləri, tədris-metodiki ədəbiyyat toplanmış, muzey əşyaları əyani vəsait kimi müvafiq bölmələrdə nümayiş etdirilmişdir”

Azərbaycanda Sovet dövrünə aid ilk muzeyin yaranması barədə mədəniyyətşünas Əntiqə Cəbrayılova qeyd edir ki, “Azərbaycan muzeylərinin müasir anlamda təşəkkül tapması XX əsrin ikinci onilliyinin əvvəllərinə təsadüf edir. “Doğma diyarın öyrənilməsi” adlı ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılıb. Azərbaycanda muzey fondu ölkə milyonçularının sovet hakimiyyətinin ilk illərində müsadirə edilmiş sənət əsərləri əsasında təşkil edilib.

Respublikamızda ilk rəsmi dövlət muzeyi isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmışdır. Xalq Cümhuriyyəti dövründə tariximizin və mədəniyyətimizin öyrənilməsi və təbliğ olunması məqsədilə görülən mühüm işlərdən biri də İstiqlal muzeyinin yaradılması olmuşdur.Professor, Sabir Əmirxanov “ Azərbaycanda muzeyşünaslığın aktual problemləri” adlı monoqrafiyasında İstiqlal muzeyinin yaradılmasının zəruriliyindən danışaraq yazır ki: “Avropa missionerləri və tасirləri Аzərbaycanın şəhər və kəndlərini dolaşaraq , əhalidən yazıçı və şairlərin əlyazmalarını, çini qabları, qızıl əşyaları, qədim paltarları və digər əşyaları dəyər-dəyməzə alırdılar. Artıq ölkədəki çox qədim tarixi-mədəni əhəmiyyətli abidə nümunələri, zinət əşyalar, geyimlər, xalça məmulatları, məişət əşyaları və digər əşya və materialların xaricə axınının qarşısını almaq vacib idi. Bu məqsədlə həmin illərdə fəaliyyət göstərən “Yaşıl Qələm” ədəbi cəmiyyətinin işçiləri Hüseyin bəy Mirzəcamalov və Məhəmməd Ağayev Azərbaycan Parlamenti qarşısında çıxış edərk Bakıda milli muzeyin yaradılması məsələsini qaldırırlar və muzeyin həmin dövrdə  milli tarixi-mədəni dəyərlər baxımından böyük əhəmiyyət kəsb edəcəyini qeyd edirlər”

Filologiya elmləri doktoru, ədəbiyyatşünas, sənətşünas,  publisist, tərcüməçi, Adilxan Bayramov İstiqlal muzeyinin əhəmiyyətini vurğulayaraq yazır ki: “İstiqlal muzeyi 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin yaradılmasının ildönümü münasibətilə Parlamentin binasında açılmış və onun nəzdində fəaliyyət göstərmişdir. Parlament üzvləri və hökumət nümayəndələrinin də iştirak etdiyi təntənəli açılış mərasimində bu muzeyin təşkilinin əhəmiyyəti xüsusi qeyd olunmuş, onu yaradanların əməyi yüksək qiymətləndirilmişdir. İstiqlal muzeyi cəmi dörd ay iyirmi gün, 1919- cu il dekabrın 7-dən 1920-ci il aprelin 28-dək mövcud olmuşdur. Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamenti kimi, bu muzey də tənqid atəşinə tutulmuş, “Parlament nəzdində” yaradılması kinayə ilə qarşılanmışdır. Əlbəttə, o dövrdə başqa cür ola da bilməzdi. İstiqlal muzeyi isə müstəqil Azərbaycan dövlətinin yaratdığı mədəniyyət müəssisəsi kimi tariximizdə qalmışdır. 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimyyəti qurulduqdan sonra İstiqlal muzeyi ləğv edilsə də yeni muzeylərin təşkilində mühüm rol oynadı”.

İstiqlal muzeyi Azərbaycan Xalq Cumhuriyyətinin istilasından sonra 1920-ci ilin iyulunda “Azərbaycan Dövlət Muzeyi” adlanaraq fəaliyyətə başlamışdır. 1930-cu ildən yeni muzeylər yaradılmış, muzeyin profili dəqiqləşdirilərək “Azərbaycan Tarixi Muzeyi” adlandırılmışdır.2004-cü ildə isə Azərbaycan Tarixi Muzeyinə Milli Muzey statusu verilərək Milli Azərbaycan Tarix Muzeyi adlanmışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətimizin və milli irsimizin himayədarı olmuşdur. Mübaliğəsiz desək ölkəmizdə muzey işinin təşəkkülü və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ulu öndər respublikada muzeylər şəbəkəsinin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Bu məqsədilə mühüm qərar və sərəncamlar imzalanıb. Dahi rəhbər həmişə bu sahədə çalışanlara dayaq olur, mədəniyyət, o cümlədən, muzey işçilərinin fəaliyyətini yüksək dəyərləndirirdi. Məhz onun təşəbbüsü ilə 1969-cu ildə “Respublikada muzey işinin yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. Bu sənəd ölkəmizdə muzeylərin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, onların şəbəkəsinin genişləndirilməsinə təkan verib. Bundan sonra isə onun iradəsi ilə 1980-ci ildə muzey işinə dair növbəti qərar qəbul edilib, Respublika Mədəniyyət Nazirliyinin muzeylər idarəsi, muzey işi üzrə elmi-metodiki mərkəz, muzey ekspozisiyalarının bədii tərtibatı emalatxanası, muzey sərvətləri və xatirə əşyalarının bədii bərpa mərkəzi təşkil olunmuşdur.

Arxiv sənədlərinə əsasən demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızda muzey işinin təşəkkülundə yeni sıçrayışın əsası qoyulmuşdur. Prafessor Sabir Əmirxanov “Azərbaycanda muzeyşünaslığın aktual problemləri” adlı monoqrafiyasında bu haqda yazır ” Azərbaycanda muzеуlərin inkişafının üçüncü mərhələsinə -1969-1991-ci illər mərhələsinin gedişatına diqqət yetirdikdə aydın olur ki, bu illər ərzində Azərbaycanda muzey fəaliyyətinin sıçrayışla inkişafı baş vermişdir. Yəni əgər Azərbaycanda 1968-ci ildə cəmi 38 muzey fəaliyyət göstərirdisə 1983-cü ildə bu say 90-na çatmışdır”. 

Qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin muzey işçiləri ilə keçirilən görüşlərdə muzeylərin əhəmiyyətindən onların gənc nəslin təlim-tərbiyəsində və maariflənməsində əhəmiyyətini hər zaman xüsusi vurğulayır,önə çəkirid. Naxşıvan MR ədəbiyyat muzeyinin direktoru, muzeyşünas Sübhü Fərrux oğlu Kəngərlinin “Heydər Əliyev Muzeylərimizin yaradıcısı və memarıdır adlı tədqiqat əsərində yazır “Respublika muzey işçilərinin 1982-ci ildə keçirilmiş muşavirəsində Heydər Əliyev respublikada muzey işinin, muzeyşünaslığın daha da inkişaf etdililməsi, təkminləşdirilməsini, tarix -diyarşünaslıq muzeylərinin əhəmiyyətini qeyd edərk demişdir: Muzeylər mühüm mədəniyyət ocaqlarına, zəhmətkeşlərin xüsusilə cavan nəsilin ideya-siyasi və mənəvi tərbiyəsinin mərkəzinə çevrilməlidir. Muzeylər söz yox ki, hər bir vətəndaşın öz diyarının, kəndinin tarixinə bələd olamsı üçün də vacibdir. Bir sözlə Tarix-diyarşünaslıq muzeylərinin təşkil etməyin zəruriliyi göz qabagındadır”.

Tarix-diyarşünaslıq muzeylərinin əhəmiyyətini nəzərə alaraq Heydər Əliyevin təşəbüssü ilə 1980-1982-ci illərdə rayon mərkəzlərində 30-dək yeni tarix-diyarşünaslıq muzeyi yaradılmışdır. Bunların sırasında Astara, Ağcabədi, Qəbələ, Neftçala, Salyan, Yardımlı, Şərur, Ordubad, Xaçmaz, Qusar, Oğuz, Qax və başqa tarix-diyarşünaslıq muzeyləri vardır.Hazırda ölkəmizin bütün bölgələrini əhatə edən bu muzeylər məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılmışdır. Ötən tarixi dövr ərzində bu muzeylərin fondları daha zənginləşdirilmiş, mövcud ekspozisiyalar təkmilləşdirilmiş və yeni binalarla təchiz edilmişdir. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə Xatirə muzeylərin təşəkkül tapması da Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci və ikinci dönəmlərə təsadüf edir. Bu muzeylər Heydər Əliyevin şəxsi iradəsi ilə yaradılmış və onların təntənəli açlış mərasimlərində şəxsən özü iştirak etmiş, dövlət və hökumət nümayəndələri həmin mərasimlərdə onun adından qatılmışlar. Ümumilikdə Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövrlərdə 120-yə yaxın müxtəlif profilli muzey təşkil edilmişdir.

Tədqiqtçı alim Sabir Əmirxanov, Azərbaycanda muzeyşünaslığın aktual problemləri” adlı monoqrafiyasında qeyd edir ki,  “80-ci illər, həmçinin, diyarşünaslıq hərəkatının genişləndiyi dövrdür Веlэ ki, diyarşünaslıq muzeyləri ilk dəfə olaraq ekspozisiya bölmələrindən əlavə fond bölmələri, kitabxana, arxiv, yardımçı kabinələr və emalatxanalarla təmin olundu. Onlara Müstəqil ekspozisiya yaratmaq hüququ da verildi” “, eləcə də “1970-1980-ci illərdə bakıda xalq şairi Səməd Vurğunun,Nəriman Nərimanovun Üzeyir Hacıbəyovun, Cəfər Cabbarlının, Bakıda və Şuşada Bülbülün, Naxşıvanda Hüsyin Cavidin xatirə muzeyləri yaradılır”.

Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra mədəniyyət sahəsində müstəqil siyasət yeritməyə başladı. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında mədəni dəyərlərə dövlət qayğısı haqqında müddəlar  öz əksini tapdı. «Mədəniyyət haqqında», «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında», «Muzeylər haqqında», və s. qanunlar qəbul olundu. Ölkəmiz mədəni dəyərlərin qorunması və bərpası ilə məşğul olan bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə başladı. Ümummli liderin müstəqil Azərbaycana rəhbərliyə qayıdışından sonra isə muzeylərin fəliyyətində yeni dönəm başlanmışdır. Muzey işinin müasir prinsiplər əsasında inkişaf etdirilməsi məqsədilə bir sıra qanunlar qəbul edilir, müvafiq addımlar atılır. Bu tədbirlər  Azərbaycan Respublikasında muzeylərin fəaliyyətinin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir, onlarla bağlı münasibətləri tənzimləyir.Professor Sabir Əmirxanov yazır ki, “1993-cü ildə ikinci dəfə xalqımız tərəfindən hakimiyyətə gətirilən Ümummili lider Heydər Əliyevin fəaliyyətində Azərbaycanda muzey işinin tarixi və inkişafı mühüm yer tutur. Yuxarıda da qeyde edildiyi kimi , 1969-1982 illər ərzində muzeylər şəbəkəsinin sürətlə atması, Azərbaycan muzeyşünaslığının inkişafı, 1993-cü ildən sonrakı illərdə,ikinci hakimiyyəti dövründəki muzey işinin ildırım surətili tərəqqisi bunun bariz nümunəsidir. Hələ 1981-ci ildə Bakıda hüseyin Cavidin ev-muzeyinin yaradılması haqqında qərarın qəbul edilməsi, 1993-cü ilin dekabırında Nazirlər Kabinetindı muzey işçilərinin Respublika müşavirəsinin keçirilməsi, bu müşavirənin təklif və tələblərinin həlli istiqamətində 1994-cü ildə Azərbaycan höküməti tərəfindən “Respublikada muzey işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında”qərarın qəbul edilməsi,1998-ci ilin sentyabrın 18-də Üzeyir musiqi günündə Bakıda mayestro Niyazinin xatirə muzeyinin, Cəlil Məmmədquluzadənin ev-muzeyinin açlışlarının böyük təntənə ilə qeydi məhz Ulu öndərin adı ilə bağlıdır.

Təkcə onu qeyd etmək kifayətdir ki, əgər 1993-cü ildə azərbaycanda muzeylərin sayı 115 ədəd olmuşdursa, təkcə bir il ərzində yəni 1994-cü ildə bu rəqəm 135-ə, 1995-ci ildə isə 145-ə çatmışdır. Profellərinə görə ən çox artan muzeylər sırasında əsasən tarix, diyarşünaslıq, memorial və sənətşünaslıq muzeyləri olmuşdur.

Fikirimizcə muzeyşünaslıq istiqamətində görülən tədbirlərin ən əhəmiyyətlisi muzey işinin inkişaf etdirilməsi məqsədilə 24 mart 2000-ci ildə qəbul olunmuş “Muzeylər haqqında” Qanunun qəbul edilməsidir.2000-ci illərin əvvələrindən yaradılmış ümummilli liderimiz Heydər Əliyevin ömrü yolunu və fəaliyyətini canlandıran muzeylər xüsusi yer tutur. Museum.az rəsmi saytının məlumatına görə “Hazırda respublikanın şəhər və rayonlarında 60 Heydər Əliyev mərkəzi fəaliyyət göstərir. Heydər Əliyev mərkəzləri ulu öndərin böyük həyat yolunu, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini əks etdirməklə yanaşı əhalinin, xüsusən gənc nəslin mədəni həyatının təşkilində mühüm rol oynayırlar. Mərkəzlərin əksəriyyətində elektron kitabxanalar, kompüter və iclas zalları, dil kursları, tətbiqi sənət dərnəkləri fəaliyyət göstərir.

Bu günə Heydər Əliyev Muzey və Mərkəzləri demək olar ki, respublikamızın bütün bölgələrini əhatə edir. 1999-cu il mayın 10-da istifadəyə verilən Naxçıvan Heydər Əliyev Muzeyi Ulu öndərin sağlığında onun adına yaradılan ilk muzeydir. Bu muzeylərdə Heydər Əliyevin 1969-1982-ci illərdə, habelə 1993-cü ildən ömrünün sonunadək ölkəmizə rəhbərlik etdiyi hər iki dövr işıqlandırılır. Onun 1990-cı il 20 Yanvar faciəsi ilə bağlı məşhur bəyanatı, 1993-cü, 1994-cü və 1995-ci illərdə Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, qardaş qarğınının qarşısının alınması, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı fəsliyyəti müxtəlif vasitələrlə tamaşaçıya çatdırılır. Bu muzeylərdə nümayiş etdirilən eksponatlar arasında ulu öndərin həmin bölgə ilə əlaqələrini əks etdirən materiallar xüsusi yer tutur.

Ümummilli lider Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, eləcə də ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının son illər imzaladığı sərəncamlar bu qayğının bariz ifadəsidir. Dövlət başçımızın imzaladığı “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal Muzeyinin yaradılması və İstiqlal abidəsinin uçaldılması haqqında”, “Müasir İncəsənət  Muzeyinin yaradılması haqqında”, “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında”, o cümlədən “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında”, Bakı şəhərində “Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında”, sərəncamlarının məqsədi və icrası milli irsimizn, tariximizin mədəniyyətimizin qorunması və inkişafına böyük təkan verir

Hazırda respublikamızda 250-dən çox dövlət və şəxsi muzeylər mövcuddur. Muzey işinin dünya standartları səviyyəsinə çatdırılmasına, yeni muzey binalarının tikintisinə, əsaslı təmir işlərinin aparılmasına, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, mədəni-xidmət işinin keyfiyyətinin yüksəldilməsinə böyük imkanlar yaranmış və bu istiqamətdə çoxşaxəli işlər aparılır. Bu gün Azərbaycan muzeyləri  milli- dəyərlərimizin, milli irsimizin və tariximizn mühafizəsini həyat keçirir və idealoji məkan olaraq azərbaycançılıq məfkurəsini uğrla təbliğ edir.

Müəllif: SEYİD ABDULLA OĞLU CABBAROV

Quba şəhərində “Soyqırımı Memorial Kompleksinin Elmi Araşdırmalar, Ekspozisiya və fond şöbəsinin əməkdaşı

Mob: 0506289575

Email: seyid.sc@gmail.com

SEYİD ABDULLA OĞLU CABBAROVUN YAZILARI


ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SƏMAVİ DİNLƏR BAXIŞINDAN İNSAN QƏTLİ VƏ QƏTLİAMLAR

SEYİD ABDULLA OĞLU CABBAROVUN YAZILARI

SƏMAVİ DİNLƏR BAXIŞINDAN İNSAN QƏTLİ VƏ QƏTLİAMLAR

Yer üzündə ilk insan qətlinin ibtidası elə ilk insanın yaranmasından başlasa da bəşəri cinayətlər, soyqırım faciələri bugün də davam etməkdədir.İnsanlığa qarşı törədilən bu faciələr bəşəriyyəti və onun gələcəyini təhdid edən soyqırımı akt kimi qiymətləndirilir.Tarixin müxtəlif mərhələlərində kütləvi insan qətliamları, bəşəri cinayətlərlə bağlı bir çox kədərli nümunələr vardır. İnsanlığa qarşı törətdilən amansız qətliamların baiskarları tarixin zibbiliyinə atılmış, Tanrı tərəfindən də bəşəriyyət tərəfindən də əbədiyyətə qədər lənətlənmişlər. Tarixi mənbələr, o cümlədən müqəddəs kitabların mətinləri bu qətl və faciələr haqqında bilgilər, əhvalatlar nəql edir ki, bu qətliamları və onları törədənləri bəşəriyyət heç vaxt unutmasın, insanlar bu hadisələrdən örnək götürsünlər.

Baxmayraq ki, bütün dinlər insanı ən dəyərli vaqrlıq hesab edir, insanın həyat haqqının, yaşamq hüququnun müqəddəsliyini təlim edir. Heç bir halda günahsızların, dinc insanların qətlinə nəyin ki bəraət qazandırır əksinə buna rəvac verənlərin həm bu dünyada lənətlənəcəyini, həm də İlhi Ədalətin bərqərar olacağı axirət dünyasında mühakimə olanacaqlarını açıq şəkildə müqəddəs kitablarda bəyan edir.

Sözsüz ki, insan qətli cinayətlərinə İslam dininin münasibətini anlmağımız üçün ilk növbədə Qurani Kərimin kainatdakı bütün yaratılışlara, bu yartılışlar içərisində xüsusi hörmətə layiq bilinən insana verdiyi dəyərlərə baxmalıyıq. Uca yaradan insana yüksək ehtiram göstərərək İsra surəsinin 70-ci ayəsində buyurur: Biz, Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik. Qurani-Kərimə görə insanın xəlq edilməsinin əsas məqsədlərindən biri də insanın yer üzərində Allahın xəlifəsi- canişini olmasıdır. Bəqərə surəsinin 30-cu ayəsində Allah Tala buyurur: Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!” – dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?” – söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”

Heç şübhəsiz ki, bütün səmavi dinlərin kəlamlarında insan ən dəyərli varlıq hesab olunur, insan qətli və qətliamlar Uca Yaradana qarşı həddi aşma və Ona qarşı üsyankarlıq hesab edilir. İslam dininin təlimlərinə görə insanın yaşmaq hüququ ən dəyərli,ən müqəddəs hüquqdur. Məhəmmdə peyğəmbər(s) hədis kəlamının birində buyurur:Hər müsəlmanın bir başqa müslümana qanı, malı namusu haramdır.

İslam dini hər bir insanın yaşamq hüququnu toxunulmaz hesab edir, hətta ana bətnində körpənin də. Bunun üçün ilk olaraq fərdlərin özü , ikincisi cəmiyyət, üçüncüsü isə dövlət bu hüquqları qorumalı, onun təcavüzə məruz qalmasından mühafizə etməlidir. Bu hüquqların təmini və qorunması üçün  İslam dini bir sıra huquq qaydaları təsis etmişdir. Belə ki İslam dini müəyyən olunmuş hallar istisna olmaqla insan qətlini qadağan edir. Qurani Kərimin  əl-Ənam surəsi 151-ci ayədə buyurulur: (Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!

İslam dinində insan qətlinin hüquqi cəzaları

İslam dinində insan həyatını qorumaq müsəlman hüquq sisteminin (şəriət) əsas məqsədlərindən biri sayılır. Buna görə də insanın ilk yaradılışından bu yana insan canına qıymaq ən böyük günahlardan biri hesab olunmuşdur. Uca Yaradan Qurani Kərimin Maidə surəsinin 27-30-cu ayələrində buyurur: Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olmayan oğlu öz qardaşına demişdi: “Səni hökmən öldürəcəyəm!” Qardaşı da ona belə demişdi: “Allah ancaq müttəqilərdən qurban qəbul edər! Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram.Mən istəyirəm ki, sən, həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Od sakinlərindən olasan. Zalımlara veriləcək cəza budur”. Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu.Heç şübhəsiz ki,bu ayələr bir sıra mənalara dəlalət edir. Belə ki, bir insanı qətl etməkdən çəkinmək Allah qorxusundan, təqvadan, inancdan və insanın həqiqi imana sahib olmasından irəli gəlir. Günahsız bir insanın qətlinə bais olan bir kəs axirət dünyasında əzaba düçar qalacağını bildirir. Belə bir günahı işləyən kəs Allah yanında da ziyana uğrayanlardan olacaqdır.

Qurani Kərim ümumiyyətlə rəngindən, irqindən, dinindən və ictimai statusundan aslı olmayraq heç bir insanın digər bir insanı qətl etməməsini vurğulayır. Heç şübhəsiz ki, burada ilahi xitab hər kəsə yönəlibdir. Uca Yardan Maidə surəsinin 32-ci ayəsində buyurur: Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Məhəmməd (s) peyğəmbərdən rəvayət olunan bir hadisədə nəql olunur ki, Peyğmbərin zamanında Mədinə şəhərində bir nəfər müəmmalı şəkildə qətlə yetrilir, onun kim tərəfindən qətl edildiyi məlum olmur. Peyğəmbər (s) kürsüyə qalxır və belə deyir: Ey cammat, mənim də sizin içinizdə olduğum halda, bir nəfər insan qətlə yetirilir, və onu öldürən kimdirsə də bilinmir!!?? Əgər yerdə və göydə olanlar yığılb bir nəfəri haqsız yerə qətlə yetirsələr Allah ondan ötrü insanların hamısını cəzalandırar, əzaba düçar edər! Hədisin məzmunundan açıq görünür ki, bu qayda hamıya şamil olunur. Burada öldürülənin müsəlman yaxud qeyri müsəlman olmağının heç bir fərqi yoxdur. Həzrəti Məhəmməd peyğəmbər qeyri müsəlmanları (əhli zimmə, muahhid-müsəlman torpaqlarında yaşayan qeyri-musəlman ) xüsusi olaraq qeyd etməklə aşağıdakı hədisdə buyurmuşdur: Kim bir muahidi (müsəlman toplumunda yaşayan qeyri müsəlman) qətlə yetirərsə Cənnətin qoxusunu da duymaz, halbuki, onun qoxusu 40 illik məsafədən duyular.

Göründüyü kimi, yuxarıda qeyd olunan bu hədisin hökümü Qurani- Kərimin Nisa surəsinin 93-cü ayəsində  gələn hökümlə birdir. Belə ku Ayədə deyilir: Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar. Belə bir qətldə iştirak edən də eyni cəzaya yaxalanacaqdır. Belə ki Həzrəti Məhəmməd peyğəmbər bir digər hədisdə buyurur ki, kim bir müsəlmanın ölümünə adi bir sözlə də olsa baiskar olarsa axirət günündə Allahın qarşısına iki gözünün arasında “Allahın mərhəmətindən ümüdü kəsilmiş yazılaraq çıxar” .

Qurani-Kərimin ayələrinə və Məhəmməd(s) peyğənbərin kəlamlarından açıq aydın görünür ki, İslam dini günahsız bir insanın öldürülməsini qadağan edir. Qəsdən və ehtiyatsızlıq səbəbindən baş vermiş ölüm hadisələri üçün isə  cəza və qaydalar qoymuşdur. Bu halda Qurani Kərim dini və dünyəvi baxımdan həmin şəxsin necə davranmağını açıqlayan qaydalar müəyyənləşdirir. Uca Yardan Nisa surəsinin 92-ci ayəsində buyurur: Xəta istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Onların sədəqə verməsi (qatili əfv etməsi) isə istisnadır.

Həmçinin İslam hüququ cəzanı, törədilən cinayətin miqdarına bərabər olmasını müəyyən etmişdir. Allah tala Bəqərə surəsinin 178 –ci ayəsində büyurur: Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (öldürülə bilər). Kim (öldürülənin) qardaşı (varisi) tərəfindən hər hansı bir şəkildə bağışlanarsa, adətə görə rəftar etməli və ona xoşluqla qanbahası verməlidir. Bu, Rəbbinizdən bir asanlıq və mərhəmətdir. Bundan sonra kim həddi aşarsa, onun üçün şiddətli bir əzab vardır.Bundan sonra isə haqsız yerə öldürülənlər barədə ümumi hökm müəyyənləşdirir, Allah Tala Ənam 151-ci ayədə buyurur: Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!

Yəhudilik və Xiristianlıq insan qətlinin qadağan olunduğunu təlim edir

Səmavi kitablardan məlum olduğu kimi, ilk insan qətli elə ilk insan toplumunun yarandığı vaxtlardan baş vermişdir. Heç şübhəsiz bu qətl ilk insanlar arasınada ortya çıxan ziddiyyətli fikirlər, istəklər və ehtiraslar səbəbindən baş vermişdirş. İlk insan qətli barədə bütün qədim şəriətlərdən (qanunlardan) və dinlərdən əhvalatlar və qissələr nəql olunmaqdadır.

Tövrat insan qətlinə və xəsarət yetirilməyə görə cəzalar təlim edir. Yəhudilik insan qətlinin baş verdiyi fərqli sütuatisyaları fərqləndirir. Belə ki, Tövrat baş vermiş cinayətin dərəcəsinə uyğun olaraq qəsdən adam öldürmə, yaxud səhvən adam öldürməni ayırır, hər birinə ayrı-ayrı xüsusi cəza növləri nəzərdə tutur.Tövratın mətnlərində ölüm cəzasına məhkum olunanlar və bədən xəsarətləri yetirənlərin cəzaları barədə Çıxış 21 mətnlərində bildirilir: 12Adam vurub öldürən şəxs öldürülməlidir.  13 Lakin o şəxs öldürmək qəsdində olmasa və ölüm Mənim iznimlə olsa, o zaman onun üçün bir yer təyin edərəm ki, oraya pənah gətirsin.14 Bir adam başqa adamı qəsdən hiylə ilə öldürsə, o adamı hətta Mənim qurbangahımdan götür ki, öldürülsün. 15Atasını yaxud anasını döyən adam öldürülməlidir.  16 İnsan oğurlayıb satan yaxud saxlayan adam öldürülməlidir.17Atasını yaxud anasını söyən adam öldürülməlidir. Yəhudilik və onun əsas kitabı olan Tövratda iman gətirənlərdən başqalarına sayğı, ədalətlilik, əməllərində qərəzsizlik, səbirli, təvazökar olmaq kimi əxlaqi sifətlərin olması tələb olunsa da Tövrat insan həyatının dəyərini nəzərə alaraq öz  təlimlərində istisnasız olaraq, insan qətlinin və xəsarətinin bütün hallarıda qisas cəzasını hökm edir, onlardan hər hansı biri üçün qarşı tərəfin bağışlanması hökmünü nəzərdə tutmur.

İncil insan qətlinə və xəsarət yetirilməyə görə cəzalar təlim edir. Əhdi-ətiqə gəlincə isə, o haqsız yerdə insanın qətlə yetirilməsini qadağan edir. Əhdi-Ətiqin Çıxış mətnin 10 vəsiyyətində  insanın insanı qətl etməsininin qadağan edildiyini görürük . 13 Qətl etmə.  14 Zina etmə.  15 Oğurluq etmə.  16 Heç kimə qarşı yalandan şahidlik etmə.

Bundan başqa Əhdi-Ətiq bizə Adəm övladıları arasında ilk insan cinayəti olaraq Qabilin öz qardaşı Habili necə öldürdüyünü və  Allahın Qabili bu cinayətə görə necə cəzalandırdığını nəql edir:8 *Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü. 9 Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?» 10  * Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir. 11 İndi sən torpaqdan lənət aldın; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı. 12 Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdan olacaqsan». 13 Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır. 14 Bax bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək». 15 Rəbb ona dedi: «Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin.

Əhdi-Ətiq Çıxış 21 mətninin 12-ci kəlamda insan qətli qadağan edilir, o cümlədən insan qətlinin cəzasını da müəyyənləşdirir . Buna görə də orada qisas cəzasının tətbiqinə hökm verilir-  Kim öldürsə, öldürülməlidir. Orada oxuyuruq: Adam vurub öldürən şəxs öldürülməlidi.

Əhdi-Cədidə gəlincə isə, orada, Matta 21-23 kəlamlarında İsa Məsihdən qətlin və qatilin cəzası barədə təkidlə nəql olunur. Bu Kəlamlarda İsa Məsih nəinki qətli qadağan edir, O cümlədən insan qətlinə gətirib çıxaran, qəzəb xüsusiyyətini də qadağan edir, bu xususiyyəti daşıyanı ölüm cəzasına layiq bilinir: (Hirs və qətl) Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz.Mənsə sizə deyirəm ki, qardaşına hirslənən  hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq.(21)

Səmavi dinlərin təlimlərindən məllum olur ki, müqəddəs kitabların heç biri insan qətlini, insan soykökünün məhv edilməsini təşviq etmir, əksinə insan qətlini qadağan edir. Günhasız insan qətlinə bais olan kəsə həm bu dünyada həm ölümdən sonrakı dünyada şiddətli cəza vəd etməklə insanları bu təhlukəli əməllərdən çəkindirir. Eyni zamanda insanları yaxş işlər görməyə, gözəl əməllər işlətməyə təşviq edir. Səmavi kitablara məxsus inancın əsasları  insanları Allahın varlığına və birliyinə, mələklərinə, peyğəmbərlərinə, axirət gününə, cənnət və cəhənnəmin varlığına iman etməyə dəvət edir. Ardınca isə ardıcıllarını humanizm prinsiplərinə söykənən fədakarlıq, təvazökarlıq, sevgi, mərhəmət, qərəzsizlik, başqalarına sayğı, dürüstlük, hər cür haqsızlıqdan çəkinmək, ədalətli olmaq, vicdanlı davranmaq və s kimi əxlaqi dəyərlərə çağırır

Müəllif: SEYİD ABDULLA OĞLU CABBAROV,

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin

Elmi Araşdırmalar, Ekspozisiya  və fond şöbəsinin əməkdaşı.

SEYİD ABDULLA OĞLU CABBAROVUN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru