Etiket arxivi: SONA ABBASƏLİQIZI

Sona Abbasəliqızı – Səhv salıb

SƏHV SALIB

Dünyanın kədəri göylərdən düşüb,
Cahanı Tanrının özü səhv salıb.
Tale yollarına vaxtsız çən düşüb,
Təbiət qış ilə yazı səhv salıb.

Bəm olan ömrümün zili gəlməyib,
Arzunun, həvəsin seli gəlməyib.
Ya bəxt yarıtmağa əli gəlməyib,
Ya Tanrı yazanda sözü səhv salıb.

Taleyim bezibdir amandan, daha,
Çoxu əl çəkibdir imandan, daha.
Günahım günahkar zamandı daha,
Doğrunu aldadıb, düzü səhv salıb.

Sona, gün görmədim bəxtin yolunda,
Tellərim ağardı qəm qırovunda.
Ürək hey çırpınır dərd tilovunda,
Onu həyatın bəd üzü səhv salıb.

Müəllif: SONA ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ YAZILARI

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Göz yaşları və zamanın səssizliyi

Bu, mistik-fəlsəfi realizmdir və sufi ədəbiyyatına yaxın üslubdur. Xaqani kimi şairə uyğun atmosferdir

Göz yaşları və zamanın səssizliyi

(hekayə)

Xaqani Şirvani XII əsrin böyük Azərbaycan şairi və filosofudur. O, daha çox qəzəl, qəsidə və fəlsəfi şeirləri ilə tanınır. Onun dövründə roman janrı mövcud olmadığından bu janrda əsəri olmamışdır.
Xaqaninin həyat və yaradıcılığına məftun bir yazıçı kimi əvvəl onun haqqında roman yazdım. Daha sonra poema üzərində düşündüm və dörd ildən sonra həmin poemanı da ərsəyə gətirdim. “Şuşa mənim şah anam” adlı kitabımda dərc olundu. Bu dəfə isə kiçik bir hekayə yazmaq istədim.
İbn Xaqani, gənc şair, Şirvanın geniş düzənliklərində sanki itirilmişdi. Onun qəlbi bir tərəfdən dünya malından və şan-şöhrətdən uzaqlaşmağa çalışırdı, digər tərəfdən isə daxilində bir səsləniş vardı həyatın mənasını, həqiqəti tapmaq arzusu. Qələmi ilə dünyaya meydan oxusa da, öz daxili ziddiyyətləri ilə baş-başa qalmışdı. Zaman keçdikcə özünü dünya ilə dil tapa bilməyən bir yolçu kimi hiss edirdi.
Bu yolun sonunda bir qoca dərviş onun qarşısına çıxdı və soruşdu:
Həyatın səndən istədiyi nədir, gənc şair? Sən bu dünyaya nə verməyə gəldin?
İbn Xaqani susdu. O, bu sualın cavabını axtararkən gözləri günəşin batışını izləyirdi. Zamanın səssiz qapısı günləri bir-birinə calayırdı.
Günlər keçdi. İbn Xaqani Şirvanın qaranlıq və dərin dağ yollarında irəliləyirdi. Onun addımları əvvəlki kimi inamlı deyildi. Qəlbində daşıdığı suallar ağırlaşmışdı. Hər gecə dağların kölgəsində ulduzlara baxıb düşünərdi:
Mən kiməm? Mənim yolum nədir?
Bir axşam böyük bir mağaranın önündə dayandı. Girişdə heç bir işarə yox idi, lakin içəridən qəribə bir sükut axırdı dərin, sakit və sanki əsrlərdir toxunulmamış bir sükut…
İbn Xaqani tərəddüd etmədən içəri daxil oldu. Mağaranın divarlarında qədim rəsmlər və yazılar vardı. Hər biri ona tanış gəlirdi. Bunlar həqiqət axtaran şairlərin simvolları idi.
Mağaranın ortasında qədim bir qapı diqqətini çəkdi. Qapının üzərində yazılmışdı:
“Zamanın sükutu ilə açılan qapı yalnız öz qəlbinə güvənənə açılar.”
İbn Xaqani bir anlıq duruxdu. Zamanın sükutu ilə açılan qapı nə demək idi? Yazını diqqətlə oxuduqca anladı ki, bu qapı keçmişin ağırlıqlarını və dünyanın boyunduruqlarını atmaqla açılacaq. O, öz qəlbinin dərinliklərinə enməli idi.
Dərin bir nəfəs alıb qapıya toxundu. Heç bir səs çıxmadı. Qapı bağlı idi. Lakin o artıq cavabın səssizlikdə olduğuna inanırdı. Diz çökərək ürəyində pıçıldadı:
Ey Zaman, ey dünya, mənə öz həqiqətini aç!
Birdən mağara işıqlandı. Bu işıq günəşdən və ya aydan deyildi. İbn Xaqaninin öz daxili aləmindən gəlirdi. O an anladı ki, həqiqət heç vaxt kənarda olmamışdır həqiqət həmişə onun daxilində gizlənmişdir.
Qapı yavaş-yavaş açıldı.
Arxasında nə dünya zənginlikləri, nə də vədlər vardı. Yalnız böyük bir güzgü…
Güzgüdə özünü gördü lakin fərqli bir şəkildə. Daha yetkin, daha dərin düşüncəli, amma yenə də uşaq məsumiyyəti ilə dolu.
Güzgüdəki surət sanki danışırdı.
Sən bu dünyaya cavablar axtarmaq üçün gəldin, lakin özündə olan cavabları görmədin. İndi öz varlığının həqiqətini görmə zamanıdır. Keçmişin ağrıları və dünyanın yükü səndən alınacaq, əgər sən ondan azad olmağa hazırsansa.
İbn Xaqani başa düşdü ki, dünyanın ziddiyyətləri və mübarizələri həqiqi mənliyə aparan yolun bir hissəsidir. Həyatın məqsədi cavabları tapmaq deyil, o cavabları öz içində yaratmaqdır.
Bir an sonra güzgü yox oldu. O, yenidən dağların arasında tək idi. Amma bu dəfə qəlbində bir yüngüllük və sülh vardı.
İbn Xaqani artıq bilirdi… zamanın səssizliyi ilə insan öz mənliyini tapa bilər.

Müəllif: SONA ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ YAZILARI

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir zinətdi Xaqani

Sona Abbasəliqızı İsmayılova

Bir zinətdi Xaqani

(poema)

Birinci hissə – Doğulandan zindana qədər

Bulud qəzəbini dağlara tökdü,
Göyün sevincindən rəngi boğuldu.
O gün Şamaxının tən ortasında
İbrahim adında uşaq doğuldu.
Atası Əlinin gözləri doldu,
Buludlar lal oldu bu heyranlığa.
Uşaq adi uşaq deyildi, şükür,
Təbiət çırpındı bircə anlığa.
Bütün el-elata müjdə verildi,
Qohumlar təbrikə yığıldı o gün.
Sanki kəhkəşanda söz məna verdi,
Şeirin ulduzu doğuldu o gün.
Çatdı yavaş-yavaş həddi-buluğa,
Hər gün əmisindən öyrəndi elmi.
Şeir qəvvasıtək dəryada üzdü,
Alimlər soruşdu: O, kimdi, ləlmi?
Hamı heyran qaldı bu yaranışa,
Zaman bəlli etdi o uşaq kimdi.
İllər qatar kimi ötüb keçdikcə
O da yaxşı bildi bu həyat qəmdi.
Böyüdü, zəkalı bir cavan oldu,
Şeiri, şeiriyyəti elə yayıldı.
Az vaxtda hörməti artdı şəhərdə,
Şirvanın hörmətli şəxsi sayıldı.
Şeirin diliylə bəyan elədi:
Nəfslə gələcək dünyanın sonu.
Müdhiş büllur kimi özünə çəkdi,
Bir gün Şirvanşahlar sarayı onu.
Burda diqqət etdi əyyanlar ona,
Müti savadsızlıq işini gördü.
Din, cahillik xofu sıxdı canını,
Dinlə arasında bir divar hördü.
Şaha başqa cürə ərz eylədilər:
Guya dinə qarşı çıxır Xaqani.
Şairsə başqa şey demişdi qəti:
Din nə bir xülyadı, nə də ki cani.
Heyif ki, aranı qatanlar artdı,
Şahın da başını “yedilər” belə.
Paxıllıq işini gördü necə də,
Şairi beləcə “atdılar selə”.
Şahın əmri ilə həbs olundu o,
Zindana atdılar el şairini.
O, burda həbsiyyə şeiri yazdı,
Geniş təqdir etdi elmlə dini.
Xeyli vaxt zindanda qaldı səbəbsiz,
Cavankən ömrünə xal saldı tale.
Həyat necə acı, necə amansız…
Gəl, indi bu sirri öz-özünə de.
Zindan şair üçün dar qəfəs idi,
O, bura — zindana sığmırdı qəti.
Saçları çallaşdı, yanağı soldu,
Ona adi gəldi ömrün sürəti.
Bir gün sona çatdı zindan həyatı,
Şairi azadlıq bərk qucaqladı.
Ona — qal, — dedilər, — saray sənindir,
Osa — sizin olsun, — deyib çağladı.
Saray həyatına alışmadı o,
Saray onun üçün ötəri yerdi.
Bir-birindən gözəl əsərlər yazdı,
O, burda ömrünün gücünü verdi.
Xalqın cahilliyi qəlbini sardı,
Ürəkdən acıdı avam kəslərə.
Yetən din üstündə qınadı onu,
O, önəm vermədi yalan səslərə.
Tərk etdi Şirvanı — Şamaxını o,
Küsdü doğulduğu yurddan-yuvadan.
Xaqani üz tutdu qürbətə sarı,
Qürbət iyi gəldi qəfil havadan.

İkinci hissə — Qürbət, zirvə və əbədiyyət

Şamaxıda qalmağı faydasız sandı şair.
O, bu diyarçun söndü, zülmətə qərq oldu yer,
Başqa bir məmləkətin fövqündə yandı şair.
Tərk etdi Şamaxını, üz tutdu qürbət elə,
Dedi: — Bu ellər niyə səs vermədi naləmə?!
Yaxın Şərq ölkələri qarşıladı şairi,
O, burda bir işıqtək şölə saçdı aləmə.
Neçə Şərq ölkəsində səfərdə oldu şair…
Səfər həyatı onu əldən salmışdı düzü,
Saçları çallaşmışdı, yaşı olmuşdu əlli.
Xaqani kim idi, o, hansı gücə sahibdi? —
“Töhfətül-İraqeyn” poemasından bəlli.
Mərsiyəsi, qəzəli, mədhiyyəsi bir ayrı,
Rübai, qəsidəsi cana məlhəm olurdu.
Yayıldıqca aləmə dünya dada gəlirdi,
“Həbsiyyə” şeirləri ürəklərə dolurdu.
Xaqani bir duyğutək Təbrizdə qaldı artıq,
Qırıldı odlu eşqin ürək sızladan simi.
O dövrün şairləri qəmi qəsidə sandı,
“Şinniyə” və “Mədain xərabələri” kimi.
Qayıtmadı geriyə, Şamaxı darıxsa da,
Şair küsdü öz doğma elindən-obasından.
Nə naləyə baxdı o, nə də aha susadı,
İnad eləmək ona keçmişdi babasından.
Ondan ötrü darıxdı Şamaxının dağları,
Ondan ötrü darıxdı Nizami Gəncəvi də.
Qəti idi qərarı, Təbrizdə qaldı şair,
Bilmədi viran qalıb o yurddakı evi də.
Şamaxıdan çıxanda Məkkəyə getmişdi o,
Ziyarət eyləmişdi müqəddəs torpaqları.
Səfər həyatı boyu müşahidə aparmış,
Yaşıl kağız bilmişdi ağacda yarpaqları.
Həyatı bu minvalla qürbət taxtında keçdi,
Nə zülümdə axtarır onu, nə şərdə bilir.
Nizaminin şairtək yetişməsində onun
Böyük rolu var idi, bunu bəşər də bilir.
Yetmiş yaşı var idi, ahıl olmuşdu artıq,
Ölümün acıları qəfil qurmuşdu hana.
Bir gün əcəl başının üstündə durdu söztək,
Şair vida elədi doymadığı cahana.
Bəşər necə pərişan, dünya necə lal idi,
Onun ucalığını qanmaz idi hər nadan.
Göy qapqara qaralmış, buludlar ağlayırdı,
Xaqani köç edirdi daş atdığı dünyadan.
Təbrizin söz ordusu hazır durmuşdu o gün,
Onu yola salırdı ağrı deşən göz ilə.
Nizami eşidəndə şair köçüb dünyadan,
Dedi ki, bax mən indi yetim qaldım söz ilə.
Daha yazmaz qələmim, ya da olar qəmxana,
Daha məni yandırar içimdəki bu ahım.
Necə dözəcəm axı mən onun yoxluğuna?
Xaqaniydi dayağım, o idi qibləgahım.
Ustadının ölümü çox ağrıtdı içini,
Yaşlı, qoca adamtək göynədi, büküldü o.
Ruhən də, ehkamca da dünyasından ayrıldı,
Şamaxını tərk edib Gəncəyə çəkildi o.
Dünya Xaqani adda bir zinəti itirdi,
Buna zaman günahkar, buna insanlar səbəb.
Neçə vaxtdı şairə bir “heykəl yonuram” mən,
Nədənsə duyğulara ilişib, gəlmir ki, təb.
Xaqani — böyük şair köçüb getdi uzağa,
Qəbri ana yurdundan uzaqlarda qalıbdı,
Dahi adamların da həyatı acı keçir,
Bu əsər də Sonanı lal əzaba salıbdı.

May 2018

Müəllif: SONA ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ YAZILARI

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sona Abbasəliqızı – Könlü oyaqlardan xəbər al məni

21 Mart Poeziya Günü

Bu gün sözün nəfəs aldığı, duyğuların sətirlərə çevrildiyi gündür Poeziya Günü.
Poeziya insanın içində gizlənən səslərin dilə gəlməsidir. Bəzən bir misrada bir ömür yaşayır, bəzən bir kəlmə ilə qəlbin ən dərin qatlarına toxunur. Şeir nə zamana, nə sərhədə sığır o, ruhun azadlıq formasıdır.
Bu gün qələm tutanların, sözə sığınanların, duyğunu qoruyanların günüdür. Hər kəsin içində bir şair var kimisi yazır, kimisi susaraq yaşayır.
Poeziya gününüz mübarək. Sözünüz heç vaxt tükənməsin.

QƏLƏMİM ALTDA

Haqq başım üstündən baxır göz kimi,
Ümid ürək açır şirin söz kimi.
Misralar içimdə yanır köz kimi,
Vərəqlər od tutur qələmim altda.

Bezib bu dünyanın ab-havasından,
Atıram özümü söz qayasından.
Səsimin, sözümün əlifbasından,
Vərəqlər od tutur qələmim altda

Ağrı çöllərini adlayıb keçir,
Möhnətin dizini qatlayıb keçir,
Əcəlin bağrını odlayıb keçir,
Vərəqlər od tutur qələmim altda

Sona, sinəmdəki duyğular kövrək,
Açır yaxasını söz çiçək-çiçək.
Şam kimi sinəmdə alışır ürək,
Vərəqlər od tutur qələmim altda.

KÖVRƏK MİSRALARIM

Hökmünə “mərhəba” ulu nəqqaşın,
Yaddaşı olmuşdu özü yaddaşın.
Xətrinə dəymədi payızın, qışın,
Kövrək misralarım,kövrək sözlərim.

Safdı ilhamımın ilki, əzəli,
Duyğum heç görmədi payız xəzəli.
Sevgiylə oxşadı min bir gözəli,
Kövrək misralarım, kövrək sözlərim.

Kövrək bir dünyadır şair ürəyi,
Bahar ətirlidir arzu, diləyi.
Daim əziz tutdu halal çörəyi,
Kövrək misralarım, kövrək sözlərim.

Üzü haqqa sarı erəyim qaçır,
Könüllərin şahı müşküllər açir..
Qəlbimə, ruhuma nur, işıq saçan,
Kövrək misralarım, kövrək sözlərim.

XƏBƏR AL MƏNİ

Möhnət qəfəsinə düşübdü bülbül,
Misralar içində inildəyir gül.
İrfan həsrətiylə alışan könül,
Könlü oyaqlardan xəbər al məni.

Sözün zirvəsindən yollara boylan,
Güllü qafiyənin başına dolan.
Misra həsrətiylə gözləri dolan,
Bəyaz vərəqlərdən xəbər al məni.

Belə qəribsəyib kövrəlmə, könülüm,
Alışıb ocağım,üşüməz külüm.
Haqqın şairinə neyləyər ölüm?-
İsti ocaqlardan xəbər al məni.

Sona, xəyal qonub zirvə daşına,
Hopub söz həniri ocaq daşına.
Cığırlar hörmətlə çıxar qarşına,
Qosqoca dağlardan xəbər al məni.

MƏNİ SORUŞUN

Söz hikmət nurutək dolaşır qanda,
Anlasın məclis də, məclis quran da.
Ellər bağçasında məclis quranda,
Mənalı çağlardan məni soruşun.

Hikmətli kəlməsi nur, işıq saçan,
Sənət eşqi ilə yaşadı bir can.
Hər vaxt gəlişinə qolunu açan,
Doğma qucaqlardan məni soruşun.

Sözün yamacına könlünü sərdi,
Səbriylə ovutdu kədəri, dərdi.
Hər çiçək üzündən bir misra dərdi,
Güllü yaylaqlardan meni sorusun.

Adını əzizlə, xətrini istə,
Ürək baş qoyubdu el qəmi üstə.
“Kərəmi”, “Dübeyti”, “Dilqəmi” üstə,
Gəzən barmaqlardan məni soruşun.

Sona, söz yaratdım tər güllər kimi,
Yazdım varaqlara mən bu ərkimi,
Öpəndə misramı təbərrik kimi,
Şirin dodaqlardan məni soruşun.

DÜNYANIN DƏRDİNDƏN KEÇİB GEDİRƏM

Üfürmə bu sönmüş ocaq közünü,
Səbrimlə kor etdim dərdin gözünü.
Gördüm insanların min bir üzünü,
Dünyanın dərdindən keçib gedirəm.

Butun ayrılıqlar sona çataçaq,
Çəkdiyim ahlarda dünya batacaq.
Onsuz da sönəcək bir gün hər ocaq,
Dunyanın dərdindən keçib gedirəm.

Gözündən tanıdım mərdi, namərdi,
Fələk qəm xalçası önümə sərdi.
Bu ömrün axırı qəza-qədərdi,
Dünyanın dərdindən keçib gedirəm.

Donub qulağımda zamanın səsi,
Boğmuşam içində neçə həvəsi.
Dərddir başdan-başa həyat səhnəsi,
Dünyanın dərdindən keçib gedirəm.

Dərdin sarayını tarimar etdim,
Nəfsimlə hər zaman intihar etdim.
Sonayam, könlümün kamına yetdim,
Dünyanın dərdindən keçib gedirəm.

Müəllif: SONA ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ YAZILARI

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Sözün xaqanı” romanı universitetdə ədəbi görüşlə təqdim olundu

“Sözün xaqanı” romanı universitetdə ədəbi görüşlə təqdim olundu

Bakı Azərbaycan Texniki Universitetində görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə “Sözün xaqanı” tarixi romanı ətrafında yaddaqalan ədəbi görüş keçirildi. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xaqani yubileyinin ölkə səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı sərəncamın ruhuna uyğun təşkil olunmuşdu.
Müəllif və əsərin təqdimatı
Görüşdə romanın müəllifi Sona Abbasəliqızı İsmayılova əsərin yazılma prosesi, Xaqani Şirvaninin zəngin ədəbi irsi və əsərin Azərbaycan və dünya ədəbiyyatındakı rolu haqqında geniş məlumat verdi. Bildirildi ki, “Sözün xaqanı” təkcə tarixi şəxsiyyətin həyatını deyil, həm də dövrün ictimai-mədəni mühitini, sözün və düşüncənin qüdrətini oxuculara çatdıran dəyərli bir əsərdir.
Qeyd olundu ki, kitabın ön sözü tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Nadir Məmmədli tərəfindən yazılmış və əsərin elmi-ədəbi dəyərini daha da artırmışdır.
Elmi-tədris mühitində əhəmiyyəti
Roman artıq universitet dərsliyinə daxil edilmişdir. Dərslikdə təqdim olunan tanınmış yazıçıların nümunələri arasında Sona Abbasəliqızı İsmayılovanın “Sözün xaqanı” romanından beş cümləlik bədii parça də yer almışdır. Bu, əsərin həm bədii, həm də elmi-tədris baxımdan yüksək qiymətini göstərir və gənc nəslin ədəbiyyata, dil mədəniyyətinə marağının formalaşmasına töhfə verir.
Təşkilatçılar və iştirakçılar
Görüşün təşəbbüskarı universitetin Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev olmuşdur. Tədbirdə universitet müəllim və tələbələri ilə yanaşı, bir sıra tanınmış ziyalılar və qonaqlar da iştirak edirdilər:
Filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı
Xızı rayon Mikayıl Müşfiq adına tam orta məktəbin direktoru, “Tərəqqi” medalı mükafatçısı Svetlana Rüstəmova
Filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə,
filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, ASKEF Azərbaycan başqanı və Orta Asiya təmsilçisi, Prezident mükafatçısı, əməkdar jurnalist Sona Abbasəliqızı İsmayılova
Araşdırmaçı-yazar Əli Vəliyev
Yazıçı Samir Arifoğlu Abdullayev
Şair Xəzər Bəy Hikmətoğlu
Yazıçı Tarverdi Abbasov
Şair Sevda Muradəliyeva
və digər ziyalılar, müəllimlər və tələbələr görüşdə fəal iştirak etdilər.
Gənc nəsilə təsir
Çıxış edənlər əsərin gənc nəslin milli ədəbiyyatımıza və tariximizə marağının artmasında mühüm rol oynadığını qeyd etdilər. Tələbələrin fəal iştirakı, verdikləri suallar və ədəbiyyata olan maraqları görüşə xüsusi canlılıq qatdı.
Qeyd olundu ki, Prezident sərəncamından sonra ölkənin müxtəlif məktəblərində, institutlarında və elm ocaqlarında Xaqani irsinin təbliği ilə bağlı silsilə tədbirlər planlaşdırılır. Bu baxımdan “Sözün xaqanı” romanının müəllifi ilə görüşlərə maraq günü-gündən artır.

Səmimi və ədəbi ruhda keçən görüş xatirə şəkilləri və müəllifin kitabları imzalaması ilə yadda qaldı. Tədbirin sonunda iştirakçılar böyük söz ustadı Xaqani Şirvaninin irsinin gənc nəslə daha geniş şəkildə tanıdılması üçün belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğuladılar.

Yazarlar.az olaraq, biz də öz növbəmizdə Sona İsmayılovanı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Leyla Mahirqızı

SONA İSMAYILOVANIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

RUHUN ŞAD OLSUN QARDAŞ!

Bu foto çox kövrək bir yaddaşdır gəncliyin, ümidin, təmiz baxışların donub qaldığı bir an… Qardaş itkisi insanın içində heç zaman tam sağalmayan bir boşluq qoyur. Yazdığım bu bayatılar da həmin boşluğun ahı, sevginin izidir.
Bu şəkil illərin arxasından baxan bir nurdu…
Bu baxışlarda gəncliyin təravəti, qəlbin təmizliyi, həyat arzuları var. Amma üç il əvvəl qardaşımın ürəyi dayandı… bizim ürəyimizdə isə o, hələ də yaşayır.
Ölümün əlindən almaq olmur, amma qardaş xatirəsi ölmür.
Hər şəkil bir nəfəs, hər bayatı bir ahdır. Mən də bu acını sözə çevirdim…
Qardaşım…
Sənin gedişin həyatımızda dərin iz qoydu. Amma xatirən, gülüşün, sənin adamlığın, mərdliyın hamısı bizimlədir.
Məkanın nur,
Ruhun şad olsun…
Adın isə heç vaxt unudulmasın Ziyad!


Bayatılar
Dərd əlindən yol gedək,
Bu yerlərdən piyada,
Rəhmətləri daşıyaq,
Qardaşımız Ziyada.

Piyada gedəcəyik,
Heç bilirsənmi hara?
Dərd, qəm-qüssə belədir,
Qəlbimiz olub yara.

Qardaşımızın ruhu,
Göyçəmizi dolanır,
Vətən həsrətli ruhu,
Atəşlərə qalanır.

Biz də yanaq onunla,
Ələnsin göydən külüm,
Sonaya səbr versin,
Allah solmasın Gülüm…

İçimin dağı qardaş.
Yel vurdu bağı, qardaş.
Ölüm mələyi gəlib,
Gəl olma yağı, qardaş.

Nə pis zamandı, Allah?
Ahdı, amandı, Allah.
Biz qardaş itirmişik,
Canımız yandı, Allah.

Qovdu bizi qüzeylər,
Bu ağrı-acı neylər.
Bacısız qardaş olmaz,
Qardaşsız bacı neylər?

Əl açmışıq vərdişə,
Necə düşüb mərd işə?
Köz etdin məni, qardaş,
Od düşsün bu gərdişə.

Ürək, day çağlamırsan,
Hissimi bağlamırsan.
Burda bir igid ölüb,
Sən niyə ağlamırsan?

Ey fələk, daşın hanı?
Dostun-sirdaşın hanı?
Niyə gözlərin gülmür,
Sona, qardaşın hanı?

RUHUN ŞAD OLSUN QARDAŞ!

Müəllif: SONA ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<

Sona Abbasəliqızı – İsmayılova – Atam


Atamı yuxuda gördüm bu gecə

Atam bir dağ idi gözümdə hər an,
Əlimi çiyninə qoyardım hərdən.
O, mənim ömrümün işığı idi,
İçində sızıltı duyardım hərdən.

Atamı ağlayan görmədim heç vaxt,
Bir dəfə demədi get dərdi oyat…
Qəm onu sıxdıqca, o, qəmi sıxdı,
İlahi, necə də çətindi həyat!

Başım ağrıyanda tez sığal çəkdi,
Qoymadı bir kərə ümidsiz qalım.
Ata olmayan ev soyuq bir çöldür,
Atamın iyini mən kimdən alım?

Atamı yuxuda gördüm bu gecə,
Gileyli-gileyli baxırdı mənə.
Elə bil yox imiş bu boyda adam,
Ey həyat, ey həyat, nə deyim sənə?

Yəqin məndən küsüb, yəqin inciyib,
Qəbrinin üstünə getmirəm deyə.
Neynim, vaxt tapmıram iş-güc əlindən,
Eləcə, əlimi açıram göyə.

Bir tikə çörəkçün əlləşir bu can,
Mümkünsə qızını bağışla, ata.
Sən mənim əbədi qaraçuxamsan,
Qoyma bu qəm gəlib sinəmdə yata.

Hər dua edəndə kədərlə dedim:
İlahi, sən mənim boynumu əymə!
Əzrayıl gələndə dilim tutuldu,
Deyə bilmədim ki, atama dəymə.

İndi nə atam var, nə də ki, anam,
İçimdə yüz arzum butasız qalıb.
Əcəl çox tez qıydı, köçüb getdilər,
Sona gör nə vaxtdı anasız qalıb.
Sona gör nə vaxtdı atasız qalıb…

Müəllif: SONA ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Gələcəm, gözlə, Göyçə! – Sona Abbasəliqızı


Göyçə gölünün xiffəti
(esse)
Göyçə gölü… Uzaqlardan adını eşidəndə belə insanın qəlbinə sərinlik, bir az da kədər çökür. Bu göl təkcə mavi suların əks olunduğu bir təbiət gözəli deyil, həm də bir xalqın yaddaşı, bir elin nəfəsi, bir neçə nəslin qüruru idi.
Göyçə – uşaq gülüşlərinin, çoban nəğmələrinin, sazın-sözün sədalarının qaynayıb-qarışdığı müqəddəs bir məkan idi. Burada hər daşın, hər çiçəyin öz dili vardı. Suya baxanda elə bil səmadan düşən ayın parıltısı da bu məkanın sehrinə heyran qalırdı. Amma indi o gözəl gölün xiffətini çəkirik – sanki həsrətində qaldığımız bir ana nəfəsi kimi.
Qəriblikdə yaşayan hər Göyçəlinin yuxularında o göl var. Gecənin bir aləmi qapını açıb sakitliyə qulaq asanda, elə bil uzaqdan suyun ləpiri, dalğaların pıçıltısı gəlir. Amma ayılanda bilirsən ki, bu sadəcə xəyal, sadəcə həsrətdir. Çünki Göyçə artıq bizdən uzaq salınıb, yad əllərdədir.
Göyçənin küləyi başqaydı. O külək insanın üzünə toxunanda həm sərinlik verirdi, həm də içində bir yanğı oyadırdı. Çiçəklərin ətri gölün suyuna qarışar, gölün dalğası isə dağlara salam göndərərdi. İndi bunların hamısı ürəkdə bir xiffət, gözlərdə bir xəyal olaraq yaşayır.
Göyçə gölü bir elin kitabı idi – açıb baxan hər kəs tariximizi, mədəniyyətimizi, kimliyimizi görürdü. Balıqçının qayıqla sudakı izi, çobanın dağ yamacındakı səsi, qız-gəlinlərin “Xuraman”-ın bulağı “Şölənin” bulağı adlanan bulaq başında pıçıldaşması… Bunların hamısı bir millətin ruhunu daşıyırdı. İndi isə bu yaddaş köçkün düşüb, insanların ürəyində bir qara yara kimi yaşayır.
Amma bir həqiqət var, heç bir həsrət əbədi deyil. Göyçə gölü bizim ruhumuzun gücü ilə yaşamağa davam edir. Hər dəfə Göyçə haqqında yazanda, danışanda, nəğmə qoşanda onun suları bir az da saflaşır, yaddaşda bir az da dirçəlir. Ümid edirik ki, bir gün bu xiffət yerini sevincə, qovuşmağa verəcək.

Gələcəm, gözlə, Göyçə

Bir sevinc hissi sarıb
Nə vaxtdır ürəyimi.
Ağrı-acılar didir
Bir yandan kürəyimi.
Zəfərlə yoğururam
Mən indi çörəyimi.

Daha qəm dumanında
Əvvəlkitək azmıram.
Daha qəmli şeirlər,
Qəmli sözlər yazmıram.
Daha yuxularımı
Bədbin ruhla yozmuram.

İnanıram, eşqimin
Çiçəyin üzəcəyəm.
Həsrət sona yetəcək,
Havada süzəcəyəm.
Bir gün anam Göyçənin
Qoynunda gəzəcəyəm.

Əyilməz qamətini
Bəzədim sözlə, Göyçə.
Sona yanına gəlir,
Ocaqla, közlə, Göyçə.
Gələcəm bu gün, sabah,
Gələcəm, gözlə, Göyçə.

PS NƏ XOŞBƏXTİK Kİ,BU GÖZƏLLİKDƏ DOĞULUB BOYA BAŞA ÇATDIQ. YENƏ GEDƏCƏYİK…

Müəllif: SONA ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sona Abbasəliqızının (İsmayılova) dördcildliyi işıq üzü görüb – Təbrik!

QADIN
Müqəddəs sayılır eldə çörəktək,
Hər an qiyəmtini biləsən gərək.
Onun nəfəsilə qızınır ürək,
Ömrə bəzək olan sonadı qadın.
* * *
İllər surətini qəfil boyadı,
Qəm-kədər içində taya-tayadı.
Namusdu, ismətdi, abır-həyadı,
Allaha ucalan nidadı qadın.
* * *
Təbəssüm işığı gözlərə dolar,
Bəzən də gül kimi saralar-solar.
Adı gələn yerdə bərəkət olar,
Əzandı, ələmdi, duadı qadın.
* * *
Büllur məhəbbətdir, tərtəmiz bir ad,
Onun gözlərində qaynayır həyat.
O, övlad gətirir cahana, övlad,
Həyata can verən anadı qadın.

“Həyata can verən anadı qadın!” – deyən Sona ABBASƏLİQIZI “Qadın”ın böyük qüvvə olduğunu öz timsalında yaxşı bilir. Yaradıb, yaradır desək, daha doğru olar. Bu kiçik yazımın böyük qəhrəmanı dünyanın gərdişindən xəbərdardır. Sona ABBASƏLİQIZI elinin mərd qızı, evinin ağayana xanımı, oğlunun cəfakeş anası, nəvəsinin səxavətli nənəsi olmaqla bərabər, eyni zamanda milyonların sevimlisi yaradıcı şəxs – şairdir.

“Sənət, yaradanın ən böyük və ən mükəmməl əsəri olan təbiətin təqlidi olsa da təbiəti təqlid etmək o qədər də asan deyil. Təbiəti təqlid etmək üçün güclü intuisiya lazımdır. Təbiətdəki gözəlliyi görmək, duymaqla yanaşı, onun mahiyyətinə varmağı, onunla danışmağı, pıçıldaşmağı da bacarmalısan. Gecələrimizi aydınladan Ayı, gündüzlərimizi nurlandıran Günəşi, başımızın üstündəki əsrarəngiz buludları, cilvələnən ulduzları, bir sözlə təbiətdəki gözəllikləri görməli, duymalı və duyğularını misralara köçürməyi bacarmalısan. Təbiətin dilindən anlayan, ondakı gözəllikləri görən və poeziyasında əks etdirməyi bacaran şairə Sona xanım Abbasəli qızını bu baxımdan xoşbəxt insanlardan saymaq olar. Misralarına pıçıldadıqları Sona xanımın ruhunun inikasıdır. Təbiət, “Can evi torpaq” olsa da, “işığı Ay”, “sevgisi bulud”, “evi dan” olan şairənin ilham mənbəyidir.” Sözümə qüvvət olaraq gətirdiyim bu sitat filologiya elmləri doktoru Lütviyyə ƏSGƏRZADƏnin Sona xannım haqqında olan yazısındandır. Yaradanın onu tanımaq üçün yaratdıqlarının bəzən yaradıcı rolunda çıxış etməsi Dədə Ələsgər demiş “Sahibi-səltənət” “Xaliqi-ləmyəzəl”in nə dərəcədə xoşuna gələb-gəlməməsi özü mübahisəli məsələ olsa da məncə Sona ABBASƏLİQIZI Böyük Allahın sevimli bəndəsidir.

Sona Abbasəliqızı xoşbəxt qələm adamıdır. Bəli, mən onu tam əminliklə məhz belə adlandırardım. Və söhbətimə də salamsız, kalamsız bax elə belə,  xoşbəxtlik haqqında, daha doğrusu qələm damının xoşbəxtliyi barədə böyük Allahın adı ilə birbaşa mətləbdən başlamaq istəyirəm. Adətən bu qəbildən olan yazıları yazmağa başlayanda ilk olaraq adam fikirləşir ki, İlahi, mən bu adamı haradan tanıyıram? İlk dəfə biz harada görüşmüşük və ya birinci dəfə bu adamın hansı yazısını oxumuşam? Mən axı, haradan tanıyıram bu adamı, kimdir bu şəxs? Əslinə qalanda haqlı suallardı…

Elə ilk   cavabla  qələm adamının xoşbəxtliyi haqqında birinci tezis öz-özündən ortaya çıxır: – Mən bu adamı min illərdir tanıyıram.

Nə qədər dərin düşünsəm də Sona xanımla ilk tanışlığımızı istər sözü ilə, istər özü ilə bir türlü xatırlaya bilmədim. Yəni bu tanışlığı hansısa şeirin bir bəndi və ya hansısa tədbirdə ilk dəfə utana-utana salamlaşmaqla bağlamaq düzgün olmazdı. Çünki, ruhmun ruhu ilə, sözümün sözü ilə min illərdir dost olan silahdaşımı hansısa bir zaman və ya məkan çərçivəsinə salmaq ədalətsizlik olardı. Bu barədə sadəcə onu qeyd edə bilərəm ki, nə vaxtsa, hardasa oxuduğum elə ilk misrasındaca ruhuma yaxınlıq, bir iç-içəlik hiss etmişdim. Necə deyərlər, bir söz var, sanki bir çeşmədən su içiblər, bizim halımız mənim aləmimdə bax bu misala uyğun gəlir. Və inanıram ki, əsl söz adamları, qələmdaşlar da onu bax belə, ruh simsarı kimi qəbul  edirlər. Məncə qələm adamının birinci xoşbəxtliyi bax elə budur. Və bütün bunların üzərinə təbəssümü üzündən əskik olmayan səmimi həmsöhbət, qayğıkeş yol yoldaşı, sadiq dost kimi zəmanəmizdə qıtlığı açıq-aşkar hiss olunan ali insani keyfiyyətləri gəldikdə bu nemət tamamlanır.

İkinci məsələ bu gözəl insan harada dünyaya gəlib? Bu adamın beşiyi, yurdu haradır? Dünyaya göz açdığı məkan haradır? Ruhunun qıdası hardan, kimlərdəndir? Bütün bu suallırın tək bircə cavabı var: – Bu söz adamı elə sözün beşiyində doğulub, böyüyüb boya-başa çatıb. – Bu da söz, qələm adamının xoşbəxtliyi haqqında ikinci tezis olsun.

Sona Abbasəliqızı Aşıq Ələsgəri kimi dühanı dünyaya bəxş edən söz-sənət ocağı Göyçə mahalındandır. “Göyçə mahalındandır”  kəlməsindən sonra nə yazsam, yamaq və artıq olacaq düşüncəsi ilə bu barədə fikrimi burada tamamlamaq istəyirəm.

Atalar üçdən dediyənə görə xoşbəxtliyin üçüncü tezisini də sizlərə çatdırmağı özümə borc bilirəm. Məncə Sona xanım üçün bir qələm adamı olaraq aldığı təhsil də onun həyatında önəmli rol oynamışdır. O ADU (indiki  BDU)-nun Jurnalistika fakültəsinin məzunudur. Necə deyərlər, “çörəyi ver çörəkçiyə, birini də üstəlik” : – O sözün içində yetişib, püxtələşib.

Bütün bu yuxarıda sadaladıqlarım keyfiyyətlərdən sonra sən gəl Sona olma. Mənim düşüncəmə görə bu sadəcə mümkün deyil. Sona xanımın qələmi nəzmə müraciət etdikdə  incə ruhundan, nəsrə üz tutduqda isə həssas qəlbindən qidalanır.

O bir qələm adamı olmaqla yanaşı,  eyni zamanda işinə sonsuz dərəcədə məsuliyyətlə yanaşan, gördüyü işə canını qoyan təşkilatçıdır.

Sona xanım sadiq dost, incə ruhlu qələm adamı, vətənpərvər ziyalı, əsl Azərbaycan xanımıdır! Sonda dəyərli qələm dostuma uzun və sağlıqlı ömür, bütün işlərində müvəffəqiyyətlər arzulayıram! İnşəaAllah tezliklə Göyçəni ziyarət etmək, yurd həsrətinə son qoymaq nəsib olar. Biz buna inanırıq, bizi yaşadan bu ümiddir. Söz mülkünün piri, ocağı – Dədə Ələsgərin yurdu bir gün yenə əbədi olmaq üzrə öz ziyarətçilərinin üzünə açılacaq! O gün elə də uzaqda deyil!

Bəli qəlblərdə belə xoş ovqat yarandığı, yeni ümidlər cücərdiyi bir vaxtda Sona ABBASƏLİQIZI bir daha zamanın gedişatı ilə ayaqlaşdığını, hətta bəzən incə ustalıqla bu gərdişi-dövranı qabaqladığının tez-tez şahidi oluruq. Bu günlərdə Sona xanım öz oxuculuranı yeni kitabı – yenicə işıq üzü görmüş dördcildliyilə sevindirib. “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş kitabın redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, məsləhətçi isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Əli Vəliyevdir.

 

“YAZARLAR” cameəsi adından Sona xanımı bu münasibətlə təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun,  Sona xanım!

Hörmətlə: Zaur USTAC,

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

ZAUR USTACIN YAZILARI

SONA ABBASƏLİQIZININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Göyçəli Səyyad Əhmədlinin yeni kitabı işıq üzü görüb

Göyçə ruhunun söz bayraqdarı – Səyyad Əhmədliyə

Sözün, sənətin və vəfanın dəyərini bilən, insanlığı ilə seçilən dəyərli qardaşım, şair Səyyad Əhmədli!
Növbəti kitabının işıq üzü görməsi münasibətilə suzi ürəkdən təbrik edirəm. Hər bir yeni kitab, yaradıcı insan üçün həm bir hesabat, həm də oxucularla yeni bir görüş deməkdir. Siz isə bu görüşlərdə həmişə Göyçə həsrəti ilə yoğrulmuş, könül çırpıntılarını sözə çevirmiş, duyğularını oxucuların qəlbinə köçürmüş bir qələm adamı kimi çıxış edirsiz.
Sizin sözünüzdə vəfa var, qardaşlıq var, yurd həsrəti var, türkün ədalət harayı var. Bu dəyərləri qələmində yaşatmaq isə hər şairin işi deyil. Yeni kitabın da şübhəsiz ki, oxucuların qəlbində dərin iz qoyacaq, ədəbiyyatımızın xəzinəsinə qiymətli bir töhfə olacaq.
Sizə bundan sonra da yeni-yeni yaradıcılıq uğurları, söz meydanında əzəmətli addımlar, könül dostlarının ehtiramını və ilhamının daim axarlı olmasını arzulayıram!
Sözün var olsun, qardaşım!

Hörmətlə, SONA ABBASƏLİQIZI

SƏYYAD ƏHMƏDLİNİN YAZILARI

NAZİM ƏHMƏDLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru