Etiket arxivi: Tamxil Ziyəddinoğlu

“Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru – FOTOLAR

“Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru

8 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində son dövrlərdə artıq ənənə halını almış növbəti kitab təqdimatı mərasimi keçirilib. Bu dəfə müəllimlər, tələbə yoldaşları və oxucular fakültənin III kurs tələbəsi Südabə Məmmədovanın müəllifi olduğu kitabın təqdimatında bir araya gəldilər.

Tədbiri giriş sözü ilə dekan müavini Samir Xalidoğlu açdı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin ruhu sükutla yad edildi. Müəllif, kitab və onun ərsəyə gəlmə prosesi barədə məlumat verdikdən sonra

Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrin uğurlarından bəhs edərək, bu nailiyyətlər içərisində Südabə Məmmədovanın da xüsusi payı olduğunu qeyd etdi.
Professor Cahangir Məmmədli Südabənin ilk gündən seçilən, daim axtarışda olan və gözdən qaçan aktual mövzulara toxunan tələbə olduğunu vurğuladı. O, bu uğurun təsadüfi olmadığını qeyd etdi.
Tədbirin moderatoru Samir Xalidoğlu daha sonra sözü kitabın işıq üzü görməsində böyük əməyi olan “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustaca verdi. Zaur müəllim Bakı Dövlət Universitetinin şəhid tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun döyüş yolu və onun xatirəsini əbədiləşdirmək məqsədilə həyata keçirilən “25 yarpaq” layihəsi haqqında geniş məlumat verdi. Bildirdi ki, kitabın “Debüt” adlandırılması tərtibçi-redaktor Ayətxan Ziyadın (İsgəndərov) ideyası olub və ümumilikdə kitabın ərsəyə gəlməsində onun zəhməti böyükdür.

Zaur Ustac Südabə Məmmədovaya “Debüt” kitabının nəşri münasibətilə “Ziyadar” mükafatını təqdim etdi. Tədbirin gedişində Zaur Ustac və Qərənfil Dünyaminqızı Südabə Məmmədovanın yazılarını hər oxuyanda kövrəldiklərini qeyd etdilər. Hətta Zaur Ustac dedi ki, “Sonuncu dəfə nə vaxt kitab oxuyanda kövrəldiyimi xatırlamıram. Bu kitabı iki dəfə oxudum və hər dəfə göz yaşlarıma hakim ola bilmədim. Hər dəfə xatırlayanda yenə kövrəlirəm.
Zaur Ustac çıxışını belə tamamladı:”Südabə, heç kimə fikir vermək lazım deyil, ancaq irəli!”

“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu Jurnalistika fakültəsinin öz ənənələri olan müqəddəs ocaq olduğunu bildirərək, qeyd etdi ki, fakültəmizin müəllimləri yalnız təhsil verib, elm öyrətmırlər. Burda həm də milli dəyərlərimizə sahiblənməyi öyrədirlər. Estafet etibarlı əllərdədir. Südabə Məmmədova mətbuat aləmində debütü məhz “Qansız davranışlı qanlı düşmən ” adlı ilk yazısı ilə “Bütöv Azərbaycan” qəzetində edib. Onu nübar kitabının çap olunması münasibətilə təbrik edirəm və təhsildə, gələcək fəaliyyətində uğurlar, şəxsi həyatında xoş günlər arzulayıram!
Kitaba ön söz yazmış

Qərənfil Dünyaminqızı Südabəni çalışqan araşdırmaçı və özünə qarşı tələbkar bir tələbə kimi səciyyələndirdi. Bildirdi ki, müəllif şübhə doğuran hər məsələyə dönə-dönə qayıdaraq onu dəqiqləşdirməyə çalışır. “Qansız davranışlı qanlı düşmən” adlı yazı isə onu xüsusilə sarsıdıb, oxuyarkən göz yaşlarına boğulduğunu və həyəcanlandığını qeyd etdi. “Ümid həyatın sərmayəsidir” əsərində isə bir qızın uşaqlıqdan pis yollara düşməmək üçün göstərdiyi səylər və nəticədə uğur qazanması oxucu yaddaşında dərin iz buraxıb.
Fakültənin müəllimi

Aygün Əzimova qeyd etdi ki, Südabə Məmmədova “Azərbaycan Jurnalistikasının Görkəmli Publisistləri” dərsi çərçivəsində yazdığı yazılarda keçmiş dövrlərin problemlərini müasir dövrün problemləri ilə müqayisə edərək samballı yazılar ərsəyə gətirmişdir. Dərslər bitsə belə Südabə Məmmədovanın axtarışları, sualları bitmirdi…
“Xəzan” jurnalının baş redaktoru, yazıçı-publisist Əli bəy Azəri isə kitabın bəzi məqamları haqqında öz tənqidi fikirlərini bildirib və müəllifə növbəti yaradıcılıq işlərində belə nüansları nəzərə alması üçün tövsiyələr verib.
BDU Jurnalistika fakültəsinin məzunu və Südabənin ilk qələm təcrübəsinə dəstək olmuş

Əsgər İsmayılov tələbələr adından çıxış edib. O, Südabəyə uğurlar arzulayıb və tələbələrə göstərdikləri dəstəyə görə universitet və fakültə rəhbərliyinə təşəkkürünü bildirib. Oxucu qismində çıxış edən Tərlanə Abdullayeva da öz tələbə yoldaşına uğurlar arzulayıb.
Sonda söz müəllifə – Südabə Məmmədovaya verilib. O, gələcək planlarından danışaraq ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. Çıxışını isə öz sitatı ilə tamamlayıb: “Qələm qılıncdan itidir, o qələm ki, doğrunu və ədaləti əks etdirir.”
Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.

Məlumatı hazırladı: Təhmasib İSAYEV
FOTOLAR

“Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru


AZƏRBAYCAN MƏTBUATI – 150

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tamxil bəyin doğum günüdür!

Hörmətli Tamxilbəy!
Sizi bugünkü mübarək doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm! Siz, xüsusilə gənc jurnalistlər üçün, Azərbaycanın jurnalistika sahəsində həqiqətən yol göstəricisi və ilham mənbəyinə çevrilən bir insansınız. Sizin peşəkar fəaliyyətiniz və insani keyfiyyətləriniz birlikdə bizi daima ruhlandırır.
Siz yalnız öz sahənizdə yüksək nəticələr əldə etməklə kifayətlənməmiş, həm də öz araşdırmalarınız, bilikləriniz və təcrübənizlə yeni nəsli tərbiyə edib, onlara öz yolunu tapmağa kömək etmişsiniz. Sizin zəhmətiniz və sevginiz yalnız jurnalistikanın inkişafına deyil, həm də Azərbaycanın intellektual və mədəni inkişafına böyük töhfə verir.
Gənc jurnalistlərə göstərdiyiniz sevgi və inamınız yalnız onları ruhlandırmır, eyni zamanda onlara yeni üfüqlər açır. Sizin müəllimlik və rəhbərlik etdiyiniz bir mühitdə onlar öz arzularına çatmaq üçün özlərini dəqiq və qətiyyətlə göstərirlər.
Sizin hər bir ideyanız, hər bir fikriniz bizə öz üzərimizdə işləmək, inkişaf etmək və yüksəlmək üçün ilham verir. Sizə necə mükəmməl insan, mehriban müəllim və fədakar jurnalist desək də azdır. Sizin yüksək insani dəyərləriniz və dərin peşəkar bilikləriniz Azərbaycanın jurnalistikası üçün həqiqi bir sərvətdir.
Doğum gününüz mübarək olsun, Tamxılbəy! Sizə ailəvi xoşbəxtlik, sağlamlıq, uğurlar və yüksək nailiyyətlər arzulayıram.

Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi

Tamxil Ziyəddinoğlu. O illərdən gələn yol.

İLHAM MƏMMƏDLİ

İlham Məmmədli haqqında

“Bu yazını 10 il əvvəl, İlham Məmmədlinin 50 illiyində yazmışdım. Bu illər ərzində çox şey dəyişib. İlhamın qara saçları ağarıb. Məktəbli uşaqları böyüyüb. Kəlbəcər işğaldan azad olunub. Daha nələr, nələr. Amma 2 şey dəyişməyib. İlhamın xasiyyəti və mənim ona olan inamım. Odur ki yazını oxumayanlar üçün paylaşıram. Türkiyədəki zəlzələyə görə yubiley tədbirini ertələdi. Amma yaş 60-ı haqladı. İlham, təbrik edirəm! Bütöv Azərbaycan yolçuluğumuz başa varsın!” – Tamxil Hacıyev 

O illərdən gələn yol

İllər nə tez gəlib keçdi?! Səni beşiyindən məni bələyimdən ayıran illər. Anamın adını daşıyan qızım “fevralın doqquzunda əminin ad günüdür” deməsəydi, nə yaşadığımız yadıma düşürdü, nə də yaşa dolduğumuz. Lakin 50 yaşın tamam olur.

Bu əlli ilin 27-sini birlikdə keçirmişik. Heç vaxt sənin haqqında yazmaq ağlıma gəlməyib. Niyə də gələrdi? Axı nə yazım, necə yazım?! Adam da özü haqda yaza bilərmi?! Sən elə mənim özümsən. Çünki səni özümdən, özümü səndən ayıra bilmirəm. Fəqət biz ayıra bilməsək də səni məndən ayıran, bizi fərqləndirən bir çox cəhətlərin var ki, onları hamıya deyəcəyəm.

Mən səni həmişə fövqümdə görmüşəm. Çünki əxlaqınla, mənəvi dəyərlərinlə, kişi heysiyyatınla, şəxsi mənliyinlə, insani keyfiyyətlərinlə, ləyaqətinlə, qürurlu davranışınla həmişə məğrur görünmüsən. Hansı məqamda, hansı mövqedə, hansı məkanda olmağından asılı olmayaraq vüqarını hər yerdə qorumusan. Hansı səmtindən, hansı məsafədən baxmışamsa uca görünmüsən. Bu ucalığından mənə də dost payı düşüb və qismətimə sevinmişəm.

Əziz oxucular, haqqında söz açmaq istədiyim mənimçün kimsənin əvəz edə bilməyəcəyi İlham Məmmədlidir.

Məmmədli İlham Müseyib oğlu 1963-cü il fevralın 9-da Kəlbəcər rayonunun Bəzirxana kəndində anadan olub. 1970-ci ildə Bəzirxana kənd ibtidai məktəbinin 1-ci sinfinə daxil olaraq 1980-ci ildə Zar kənd orta məktəbini bitirib.

İlhamı 1985-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tanıdım. Amma birinci görüşümüz, necə tanış olmağımız heç yadıma düşmür. Əslində doğmalarımın heç biri ilə ilk görüşümü xatırlaya bilmirəm. Bircə onu bilirəm ki, universitetə qəbul olmağımçün on il uzanan çətin, həyəcanlı yollarımın o başında tapdığım İlham böyük Yaradanın səbrimə verdiyi ən ali mükafatdır.

Beş il bir partada oturduq. Tələbə yataqxanasının qayğılı, qayğısız günlərini də birgə yaşadıq. Mən yaşca qrup yoldaşlarımın da, otaq yoldaşlarımın da hamısından böyük idim, həm də gecə növbəsində işə gedirdim. Şahin, Fərhad, İlham mənə xəcalətli edəcək dərəcədə ehtiram göstərirdilər. Ev işlərinə əl vurmağıma ümumiyyətlə imkan vermirdilər. Xoş günlərimizin ömrü 1988-ci illərdə – Qərbi Azərbaycandan deportasiyalar başlananda qırıldı. Qocalmış valideynlərim didərginlər karvanında Zəngəzuru tərk edəndə yataqxanadan ayrıldım. Elə o vaxtlardan da milli-azadlıq hərəkatımız başlandı. Biz də ictimai-siyasi proseslərə qoşulduq. Tələbəlik illərimizin demək olar ki, yarısı meydan hərəkatı dövrünə düşdü…

İlham həddindən çox mütaliə edirdi. Dərslərə də, demək olar ki hamımızdan yaxşı hazırlaşırdı. Çox sadə, Kəlbəcərin büllur suları kimi saf, ürəyiyumşaq, sadəlövh görünəcək qədər səmimi olduğundan bəzi qrup yoldaşlarımız bundan sui istifadə etmək istəsələr də hərə öz dərsini bir şəkildə alırdı.

Xoş günlərin birində, Ənvər Çingizoğlu yataqxanadakı otağın pəncərəsini açıb üzünü qızlar yataqxanasına tutaraq mənasız bir şeir oxudu və sonuncu bəndi, mən İlhamam, deyə daha ucadan səsləndirdi. Sonra da özündən razı halda, gülə-gülə dönüb İlhamın üzünə baxdı. İlham qımışdı, amma bir söz demədi. Ənvərin də adəti idi ki, çox yatar, səhər üzünə su vurmadan dərsə qaçardı. Biz dayanacaqda marşrut gözləyəndə Ənvər bu dəfə də adəti üzrə qovluğunu qoltuğuna vurub tələsirmiş kimi özünü yetirdi. Marşrut taksisi dayanan kimi növbəyə duranlara məhəl qoymadan özünü içəri təpmək istədi. Elə bu məqamda İlham arxadan Ənvərin boynundan yapışıb geri çəkdi, onu tanımırmış kimi: “ə, növbədəki qadınlardan-qocalardan utanmırsan, özünü hara soxursan?”-deyə guya Ənvəri tənbeh etdi. Bunu görən növbədəki qadınlar, qocalar bir anda ayaqları yer aldığından Ənvəri yaşadığına peşman etdilər.

Xatirələrlə dolu tələbəlik illəri, beləcə arxada qaldı. 1990-cı ildə İlhamın təyinatını “İşıq” nəşriyyatına, mənimkini “Sovet kəndi” qəzeti redaksiyasına verdilər. İki ilə yaxın işlədik. 1992-ci ildə Vaqif Bəhmənli bizə baş redaktor təyin olundu. Məmnuniyyətlə İlhamı da işə götürdü. Yollarımız yenə birləşdi. Yenə işə qoşa gedib gəlirdik. Bizi yenə bir yerdə görən “Akkord” şirkətinin mətbuat katibi işləyən qrup yoldaşımız Afaq Quliyeva bir dəfə dedi:

“Bir-birinizdən təcili ayrılın, yoxsa ikiniz də subay öləcəksiniz!”… İlham oğlanlara tərslik etsə də qızların sözündən çıxmazdı. Deyəsən Afaqın sözü beyninə batdı. O yay bizi Kəlbəcərə toya dəvət elədi:

…1992-ci il-Kəlbəcərin çal-çağırlı, toy düyünlü günlərinin az qala yaddan çıxan vaxtlarıydı. Yeddi ay idi ki, rayon zülmət içində, əhali səksəkədəydi. Elektrik xətləri kəsilmişdi. Yollar bağlanmşdı. Güman yalnız Murov yoluna qalırdı. Məhz belə bir gündə İlhamın valideynləri bizi Bəzirxana kəndinə övladlarının toyuna çağırmışdılar. Elə ilk badə də qonaqların şərəfinə qaldırıldı. Sonra elin sağlığına. Məclisi İlhamın müəllimi, şair Mehdixan İbrahimov (Kəlbəcərli) aparırdı:

“Əziz camaatımız, Allahın bu gününə ona görə şükr edirəm ki, ilin-günün bu vaxtında, Vətənimizin sınağa çəkildiyi zamanda biz toy məclisinə yığışmışıq. Siz də bilin ki, 22 ildir məktəbdə işləyirəm. Bu illər ərzində İlham şagirdlərimin içində ən sevimlilərindən biri, bəlkə də ən birincisi olub. Mən də bu gün onun ata-anası, qohum-əqrəbası qədər sevinirəm. İlhama ilk zəmanəti də, ürək-dirəyi də mən vermişəm. Onun gələcək uğurlarında bilin ki, mənim də payım var!”

Təəssüf ki İlhamın ağrı-acıları uğurlarından qabaq ayaq tutdu. Oymaq-oymaq gəzdiyi gədiklər, bizlərə qiyabi sevdirdiyi sal qayalar, zümzüməsində laylalandığı zümrüd bulaqlar, daş-daş qurulub, ev-ev sıralanan böyük bir mahal yağmalandı, yaylaqlarımız yağıya qaldı. Növrağı pozulmuş o yerlərdən İlhama nə qalıb bilmirəm. Amma mənə aşıq İslamın nərəsi, Əhlimanın aşıq ədasıyla yoğrulan zənguləsi hopmuş bir audio-kaset qalıb. O vaxtlar video-kamera tapmaq imkanım olmadığından toyun gedişini diktafona yazmışdım. Orda tanıdığım, tanımadığım çox adamların səsi var. İyirmi ildən artıqdır ki, həmin kaseti özümdə saxlayıram. Etiraf edim ki, onu heç kimə, heç İlhamın özünə də qıymamışam. Amma bu dəfə yubileyi ərəfəsində, dünya malında zərrə qədər gözü olmayan birinə hədiyyə edəcək heç nəyim olmadığından kaseti Kəlbəcərli günlərinin bir parçası kimi İlhama hədiyyə etmək niyyətindəyəm. İndiyə qədər mən kəlbəcərlilərin toy-büsatına qulaq asırdım, qoy innən belə onlar məni dinləsinlər:

Bir bənzəyiş sezdim oldumsa harda,

Dosta ülfət gördüm Zəylikdə, Zarda.

Zəngəzur həsrətin basdırıb orda,

Dəlidağı yaylaq seçdim özümə.

Zəngəzur həsrətin ən hündürdə basdırırdım ki, Dəlidağdan boy verə, hər yerdən görünə, hər zaman duyula. Təbiət Ulu Yaradanın ən həssas varlığı olduğundan həsrət göyərsin, deyə biz Bəzirxanadan çıxanda bir leysan qopdu:

Buludlar toqquşdu, şimşəklər çaxdı,

Dağların göz yaşı sellənib axdı.

Dərdli Gəlinqaya nigaran baxdı,

Qayıda bilmədim, qala bilmədim.

İndi də Kəlbəcər həsrətim göyərsin, deyə daha uca dağ axtarıram. Neyləyim ki, Savalana əlim çatmır…

İlhamın bütün müsbət keyfiyyətləri ilə bərabər arada zarafatla çıldırlatmaları da olur. Xeyli çək-çevirdən sonra otuz beş yaşımda mən də ailə qurmaq qərarına gəlmişdim. Seçib, sonalayıb sakit təbiətli birisiylə toy elədim. Gəlin qapıdan içəri girəndə sağ dışım olan İlham yavaşca qulağına pıçıldadı ki, qayınananın gözünü indidən qırmasan sonra çətin olacaq. Yoldaşım elə bu sözə bənd imiş kimi, astanaya qoyulmuş çini qabı necə qırdısa, iyirmi ildir ki, cingiltisi qulaqlarımdan getmir.

1993-cü ildə “Respublika” qəzeti təsis olunanda redaktor Yusif Rzayev məni də işə dəvət etdi. Dostlarımı “Sovet kəndi”ndə qoyub gəlsəm yaxşı düşməz, dedim. Dedi neçə nəfər istəyirsən gətir. İlham Məmmədli, Xeybər Çöyyallı və Vaqif Bünyadoğlu ilə birlikdə “Respublika” qəzetində işə başladıq. Hakimiyyət dəyişikliyindən sonra gələn redaktor isə 7 nəfəri işdən azad etmək fikrinə düşdü. İlhamla Xeybərin də adı siyahıda idi. Xahiş etdim ki, onları yaxşı tanımaq üçün bir həftə möhlət versin. Məramım redaktorun xoşuna gəlmədi və görüşümüz kəskin mübahisə ilə bitdi. Nəticədə məni və Xeybəri işdən azad elədi. Onda İlham Məmmədli redaksiya həmkarlar təşkilatının sədri kimi axıra qədər iradə nümayiş etdirdi. Kollektivdə təklənməsinə, psixoloji təzyiqlərə məruz qalmasına baxmayaraq axıra qədər mübarizə apardı. 6 aydan sonra biz işimizə bərpa olunub ötən ayların maaşını da aldıq. 7 nəfər işsizlik bəlasından xilas oldu.

Təhsilini Moskvada davam etdirməyə gedən tələbə yoldaşımız Elçin Hüseynbəyli bir neçə ildən sonra bizi yenə də bir yerdə görəndə çox sevindi. Dedi Bakıda qoyub getdiklərimin hamısı universiteti bitirdikdən sonra dostluq əlaqələrini kəsiblər. Nə yaxşı ki, sizi yenə qoşa gördüm.

1996-cı ildə yollarımız haçalandı. Mən Azərbaycan Televiziyasına dəvət aldım. İlham da müxtəlif redaksiyalarda çalışdı. İki övlad böyütdü. İndi böyük oğlu Şəhriyar Türkiyədə Qazi Universitetinin Tibb fakültəsində təhsil alır. Tuncay isə Bakıdakı 126 saylı orta məktəbin 7-ci sinfində oxuyur.

Bu illər ərzində başımıza gələnləri, ağlı-qaralı günlərimizi qələmə almaqla bitən deyil. Sadəcə diqqəti bir məqama yönəltmək istəyirəm. 2005-ci ildə televiziyadan ayrılıb “Bütöv Azərbaycan” qəzetini təsis etmək, məmləkətimizin ikiyüzillik yaralarına məlhəm qoymaq fikrinə düşdüm. İqtisadi, texniki, fiziki, mənəvi çətinliklərin hamsını gözdən keçirdim. Götür-qoy etməyim 3 il uzandı. Jurnalistikanın şərəfini bir qarın yeməyə satanların sırasına qoşulmaq, çoxdan tutulmuş qəzet bazarına ayaq açmaq, bazar iqtisadiyyatı dönəmində həm də öz ləyaqətini, peşə şərəfini qorumağı bacarmaq çox çətin görünürdü. Bu məqamda İlhamın yanına getdim. Sənə güvənib “Bütöv Azərbaycan” yolçuluğuna başlamaq istəyirəm. Məni yarıda qoymayacaqsansa, yola çıxaq, dedim.

Beləcə müqəddəs bir yolun başlanğıcını Şəhidlər xiyabanından götürdük. Ziyarətdən sonra İlhamın iş yerinə getdik. O, həm operatorluq etdi, həm korrektorluq, həm redaktor oldu, həm də repartyor. Onda nə redaksiyamız vardı, nə də texniki ləvazimatımız. Belə bir şəraitdə İlham Məmmədliylə bir yük altına girdik. Onun çəkəcəyi tərəf 4 qat ağır oldu. Ailə-məişət problemlərinin çətinliyi, AMEA-da apardığı elmi araşdırmalar, Kəlbəcər ədəbi mühitinin incilərini toplaması, Qızlar Universitetinin Jurnalistika fakültəsində dərs deməsi, üstə gəl…

Məncə çətin işin qulpundan yapışanda adam zövq alır. Amma ilk vaxtlar qabağımıza çıxanların təkrar suallarından məyus olurdum. Tez-tez “təmənnasız qəzet buraxmaqda marağınız nədir?”- deyə soruşurdular. Xalqımızın başına gətirilən bəlaları, ölkəmizi bürüyən çadır düşərgələrini xatırladanda sanki razılaşan kimi olub deyirdilər: “Yaxşı, səni başa düşdük, bəs İlhamın marağı nədir?!” Onda lap cızdağım çıxırdı.

Belə-belə illəri arxada qoyduq. Bacım uşaqları kompyuter dəstləri aldı, bibim oğlu printer. “Azərbaycan” nəşriyyatında otaq götürdük. Qəzetimiz həftəlik oldu, sayt yaratdıq. Çikaqodan, Təbrizdən, Dərbənddən, Borçalıdan, digər itirilmiş torpaqlarımızdan qonaqlarımız gəldi. Redaksiyamız Azərbaycandakı qardaş xalqların doğma ocağına çevrildi. Alimlər, üləmalar İlhamın sorağıyla gəlib ən yaxın əməkdaşlarımız oldular.

Bəzən redaksiyamızı dəmirçixanaya, özümü isə körükçüyə bənzədirəm. Mən eləcə qıraqda dayanıb körükləyirəm. Közərən od-ocaq dəmirçinin əl-ayağını, sifətini qarsaladığı kimi, sevda ocağımızın közü də İlhamın cismini qarsalayır. Beş ilə yaxınlaşır ki, İlham milli-mənəvi dəyərlərimizə, Bütöv Azərbaycançılıq ideologiyasına təmənnasız xidmət edir. Əminəm ki ona daha çox yersiz suallar verirlər. Üstün vurmasa da yəqin ki, paytaxtımızın xüsusi terminlərindən geninə-boluna işlədirlər: “Elə şey olmaz. Adam özü qazanır, səni hərifləyir. Əşi, indi əqidə hərləyən var və s”.

Bu sualları düşünə-düşünə İlhamın yaxınlarından birinin sözünü xatırladım: “Əşi, sən də dost olmağa fərli bir yeraz tapmadın ki, bizə də bir gün ağlayardı?! Dostun özündən betərdi”.

Kim nə deyir desin, İlham başdan ayağa, ayaqdan başa nurdu. Onu heç bir tənə, heç bir sıxıntı, heç bir təzyiq düz yolundan döndərə bilməz. Bir şeyə sevinirəm ki o, böyük bir elm ocağında – AMEA-da gözəl bir kollektiv arasındadır. Söz, sənət adamlarının demək olar ki, əksəriyyəti ona rəğbət bəsləyir. Qalanları inciməz, əgər İlham Məmmədlinin elmi rəhbəri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlıya ayrıca minnətdarlıq ifadə etsəm. Çünki Şirindil müəllim indiki zəmanədə, insanların biri-birinin əlinə, ağzına baxdığı vaxtda xüsusi qayğıkeşliklə bir alim yetişdirdi. İndi fəlsəfə doktoru olan İlham Məmmədlinin həm də Akademiyanın Ədəbiyyat institutunda işə düzəlməsində xeyirxahlıq göstərdi. Hazırda İlham elmi axtarışlarını doktorluq müdafiəsi üçün dissertanturada davam etdirir.

Etiraf edim ki, bəzən onun ətrafına o qədər dostlar yığışır ki, içimdən bir qısqanclıq hissi keçir. Amma sonra hamıdan ayrılıb mənə tərəf gələndə toxdayıram.

Son olaraq bildirmək istəyirəm ki, mən İlhama güvəndiyim qədər də İlham mənə inanır. Bizi bir-birimizə bağlayan da elə o inamdır. Əgər milyardların yaşadığı planetdə sənə tək bir inanan varsa, demək yaşamağa dəyər!

Müəllif: TAMXİL ZİYƏDDİNOĞLU

TAMXİL ZİYƏDDİNOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ

YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru