
Elşən Təhməzov 2001-ci ildə Qubada dünyaya gəlmişdir. Şair və qiraətçidir. Yaradıcılığa kiçik yaşlardan başlamışdır. 60-dan çox ədəbi, bədii, elmi, mədəni məqalənin müəllifidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almışdır. “Müasir Azərbaycan ədəbiyyatı antologiyası 1-ci cild” kitabının müəllifi və bir çox kitabın redaktorudur.
Yaxın zamanlarda “Ayrılıq” şeirlər kitabı işıq üzü görəcəkdir.
“Üfiqdə parıltı” rubrikası gənc qələm dostumuz Elşən Təhməzovun şeirlərini təqdim edir və onun parlaq gələcəyinə inanır. Yolunuz açıq, uğurlarınız bol olsun! Buyurun tanış olun, dəyərli oxucular:
AYRILIQ
Əzablar çoxalır sevəndə insan,
Ömür kədərlidir, həyat zülmdür.
Deyirlər: “Ayrılıq ölüm deyil ki”
Ayrılıq – ölümdən betər ölümdür.
Nə yatmaq, nə yemək, nə gəzmək olur,
Yatdığın yuxuda ümid arzusu.
Yediyin yemək də keçmir boğazdan,
Gözlərin hər yerdə gəzir o qızı.
Fikirlər ürpərir xəyal quranda,
Tənhalıq qəlbinin yelkənləridir.
Çölün bir məzarın sükutu kimi,
İçinsə fırtına, alov kimidir.
Gör necə yanmışam sənin oduna,
Bir baxsan sovrulan mənim külümdür.
Deyirlər: “Ayrılıq ölüm deyil ki”
Ayrılıq – ölümdən betər ölümdür.
ATMADI MƏNİ
Yenə ötənləri saldım yadıma,
Bir damla göz yaşım atmadı məni.
Kədərlə, sevinclə qaldım baş-başa,
Kədərim sevincə satmadı məni.
Sənli xatirələr, sevimli anlar,
Səninlə yaşanan gözəl zamanlar,
Mənə sevinc verib kədər alanlar,
Bir daha kədərə qatmadı məni.
Sən axı bu eşqi əziz sayırdın,
Günəşdən od alıb şəfəq yayırdın,
Məni məndən alıb məndən ayırdın,
O gündən bu sevgi dadmadı məni.
GÖZLƏRİNDƏ BİR SEVGİ VAR
Gözlərində bir sevgi var,
Olmazmı dilin də deyə ?
Bu məhəbbət çiçəyi bəs,
Solmazmı bu səssizliyə ?
Nələr kəsdi yolumuzu ?
Qəm örtdü sağ solumuzu,
Bu gedişlə yolumuzun
Sonu çıxar mənsizliyə.
Ayırdılar səni məndən,
Arzularım pərən-pərən,
Ümidim yox gələn gündən,
Mən gedirəm sənsizliyə.
ŞEİRƏ HƏSR ETDİYİM ŞEİR
İçimdə bir dəli nalə qopanda,
Sən mənim həyatda sirdaşım oldun.
Boranda, yağışda, qarda, tufanda,
Soyuqda, küləkdə yoldaşım oldun.
Mən çox ağlamışam, mən ağlayanda,
Gözümün yaşını silən sən idin.
Qısılıb bir küncə tənha qalanda,
Saçıma sığallar çəkən sən idin.
Qəlbim qəm döyünən, dilim ah çəkən,
Zamanlar sən məni tənha qoymadın.
Hər axşam, hər səhər üzüləndə mən,
Hər axşam, hər səhər qayğıma qaldın.
Bu dünya quyutək çəkəndə məni,
Tutdun əllərimdən mənim hər zaman.
Səninlə gəzəndə çölü, çəməni
Parlayan günəşəm, parlayan ayam.
Səninlə oturub danışanda mən
Gülüşüm su kimi hər yana axdı.
Kağıza ölümdən misra yazanda,
Cırdın kağızımı mənim o vaxtı.
Səni çox sevirəm şeirim mənim,
Sənə sarılıram, qucaqlayıram.
Həyatda özümə səninlə birgə,
İşıqlı səadət arzulayıram.
Şeirlərin müəllifi : Elşən Təhməzov
Təqdim etdi: Günnur Ağayeva
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru