24 dekabr 2024-cü il tarixində Azərbaycan Yazıçılar Birliyində Səhiyyə nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin “Ulduz” jurnalı ilə birgə keçirdiyi “Narkomaniyaya yox deyək!” hekayə müsabiqəsinin qalibləri təltif olundu.
Qalib hekayələrdən biri də Tural Cəfərlinin “Yaşıl pencək” adlı hekayəsi oldu. Tədbir maraqlı keçdi. Qaliblərə və təşkilatçılara uğurlar arzu edirik!
“Ulduz” dəbiyyat dərgisi iyun sayında oxucularının görüşünə yeni təqdimatda gəlib.
Dərginin üz qabığı, mündəricatından tutmuş son səhifəsinə qədər dizaynında dəyişiklik olunub. “Ulduz”un yeni dizaynı Türkiyədə hazırlanıb, növbəti saylar da eyni qaydada tərtib ediləcək.
Bundan əlavə, jurnalın səhifə sayı da artırılır. Əvvəl 88 səhifə çap olunduğu halda, bundan sonra 96 səhifəli olacaq.
İyun sayı isə xüsusi olaraq 104 səhifə hazırlanıb. Eyni zamanda, jurnalın ölçüsündə də dəyişiklik edilib.
“Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs bildirib ki, daha bir yeni təşəbbüsün reallaşması gözlənilir. Belə ki, Ankarada çap olunan “Gənc ürəklər” dərgisinin baş redaktoru Muhterem Şahinlə Qulu Ağsəsin əldə etdiyi razılığa əsasən, “Ulduz”un növbəti xüsusi buraxılışı “Gənc ürəklər” dərgisində, “Gənc ürəklər” dərgisinin növbəti sayı isə “Ulduz”da oxuculara təqdim olunacaq.
“Ulduz”un iyun sayında maraqlı bədii mətnlər yer alıb.
Dərgi Tural Cəfərlinin “Özüylə söhbəti… və şeirləri” ilə açılır.
Sərdar Aminin “Rəsul nəsə demək istəyir”, Təvəkkül Boysunarın “Araz axır qıyqacı”, Ayişə Nəbinin “Relsə bağlanan çoban”, Nazilə Gültacın “İki limon”, “Murad futbola baxırdı”, “Stabilizator”, Mətanət Ulu Şirvanlının “Dikbaş”, İlqar İsmayılzadənin “İtmiş pul” hekayələri, Aydan Abdullayevanın “Darıxan yazı” essesi dərgidə işıq üzü görüb.
Bir müddət əvvəl dünyasını dəyişmiş gənc yazıçı Murad Muradovun “Kərimin ördəkləri” hekayəsi də ruhuna ehtiram əlaməti olaraq bu buraxılışda dərc olunub.
“Ulduz” jurnalı və Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat fondunun təşkilatçılığı ilə Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr olunmuş 35 yaşa qədər gənclər arasında keçirilən şeir müsabiqəsinin qalibləri – Cavid Qasımov, Allahşükür Ağa, Rəşad Nağı Mustafa, Eminquey Akif, El Roman, Seyyidəli Sübhinin şeirləri iyun sayında çap olunub. Eyni zamanda, Hafiz Hacıxalıl, Aysel Nəsirzadə, Rəsmiyyə Sabir, İnqilab İsaq, Ədalət Salmanın şeirləri “Şer vaxtı”nda oxuculara təqdim olunub.
“Tərcümə saatı”nda Xatirə Nurgülün tərcüməsində Sergey Dovlatovun “Ariel” hekayəsi dərc edilib.
Yazıçı-publisist Nadir Yalçın tanınmış şair Baba Vəziroğlu ilə müsahibəsi də jurnalın iyun sayında yer alıb.
Jurnalda İlham Abbasovun “Nobel” üzrə ədəbiyyat mükafatları laureatlarından Andre Jidin həyat və yaradıcılığından bəhs edən “Cuhud” soyadlı fransız yazıçısı” adlı məqaləsi dərc olunub.
“Gənc yazarlar üçün ustad dərsləri”nin növbəti mövzusu “Xorxe Borxesin “Dörd dövrəsi” barədə olub. Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu sözügedən esseni şərh edib.
İyunun “Tribuna”sında filologiya elmləri doktoru Vaqif Yusiflidir. “Yeni ədəbi nəsil” başlıqlı yazısında o, ümumi mənzərəyə nəzər salıb, iki mininci illərin ən gənc nümayəndələrindən bəhs edib.
“Dərgidə kitab”da İlhamə Nasirin qələm nümunələri işıq üzü görüb.
“Dərgidə sərgi”də isə Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Fəridə Cəfərovanın rəsmləri əksini tapıb.
Mayın “Ulduz”u çap olundu “Ulduz”un Qərbi Azərbaycana həsr olunmuş may sayı “Ulduz” jurnalı, Təhsil Nəşriyyatı və Azərbaycan Dövlət Pedaqoji Universiteti “Qərbi Azərbaycan Ardaşdırmalar Mərkəzi”nin birgə layihəsi əsasında işıq üzü görüb. Jurnal ADPU-nun prorektoru, Dərələyəz, Keşkənd icmasının rəhbəri, professor Mahirə Nağıqızı və tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun ön sözüylə açılır. Jurnalda ADPU-nun rektoru Cəfər Cəfərovun “Qərbi Azərbaycan İcmasının yaranması tarixi zərurətdir”, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin “Qərbi Azərbaycana qayıdış əsas hədəfimizdir”, Misir Mərdanov və Ədalət Tahirzadənin “Vəkilov Həsənalısultan bəy Məhəmməd bəy oğlu”, Akademik Abel Məhərrəmovun “Qərbi Azərbaycanın Ağbaba mahalı”, millət vəkili Musa Urudun “Zəngəzurun təhsil tarixi”, millət vəkili Məlahət İbrahimqızının “Ermənistanda Azərbaycan türklərinin silinməz izləri”, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Qərbi Azərbaycanda aşıq yaradıcılığı: milli yaddaş və tarix” yazıları yer alır. Tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramovun “Şimali Azərbaycan ərazilərinin Rusiya imperiyası tərəfindən işğalı və Qərbi Azərbaycan torpaqlarının ermənilərə güzəştə gedilməsi”, fizika elmləri doktoru, professor Bəxtiyar Nəcəfovun “Atam haqqında xatirələr”, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədlinin “Oğurlanmış ata yurdu – Qərbi Azərbaycan”, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “Əqidəsinə sadiq alim”, professor Hacı Həsənovun “XIX –XX yüzilliyin əvvəllərində Qərbi Azərbaycanda yürüdülmüş inzibati-ərazi idarəçilik siyasətinin tarixindən” yazıları qədim yurd yerimizin tarixini günümüzə daşıyır. ADPU-nun filologiya fakültəsinin dekanı Könül Həsənovanın “Alim şair Həsən Mirzəyə həsr olunmuş şeir mətnlərində qənaət prinsipinin linqvokulturoloji xüsusiyyətləri”, tarix elmləri üzrə fəlsəfə doktoru Leyla Cəlalovanın “Azərbaycan sevdalı, dünya şöhrətli jurnalist – Leyla Vəkilli”, Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi Şəfahət Avılbəylinin “Qərbi Azərbaycanın Qarabağı-Qaraqoyunlu”, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyevin “Göyçə mahalının tarixi və ədəbi mühiti” yazılarını oxuculara təqdim edir. Əməkdar mühəndis Nəbi Ramazanlının “Loru-Pəmbək mahalı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin “110 yaşlı “Lək-Lək”” , Şumeroloq, biologiya elmləri doktoru Tariyel Azərtürkün (Əliyev) ”Nüvədinin uzaq-yaxın tarixi və daş yazılı abidəsi barədə”, “Bütöv Azərbaycan qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlunun “Qəbirlər də qəribləşir”, İstanbul Universitetinin doktorantı Dilqəm Əhmədin “İrəvanlı Cabbar Ərtürk”, yazıçı Yeganə Kərimzadənin “Bir köç gedir…” yazıları oxucuları Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə tanış edir. Jurnalın bu sayında Qərbi Azərbaycanla bağlı şeirlər yer də alıb.
“Ulduz” jurnalının aprel sayı Xanım Anelanın “Özüylə söhbəti…” və hekayələri ilə açılır. “Tənqid” rubrikasında filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Üç hekayəyə bir baxış” yazısını təqdim edir. Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətiylə “Ulduz” jurnalı ilə Ədəbiyyat Fondunun birgə keçirdiyi hekayə müsabiəqsinin qalibləri bu sayda yer alır. “Şeir vaxtı”nda bu dəfə Gülnar Ümid, Seyid Aynur, Kəmaləddin Qədim, Vasif Əlihüseyn, Elnur İrəvanlı, Elman İsgəndərdi. “Nəsr”də Elçin Hüseynbəyli, Nemət Mətin, Günel Mehri, Məmməd Məmmədli, Xatirə Salahzadənin hekayələrini oxuya bilərsiniz. “Qısa fikirlər xəzinəsi”ndə ənənvi olaraq dühalar yer alır. “Tərcümə saatı” Fərid Hüseynin tərcüməsində iraqlı şair Əli Əl–Şəlahın şeirlərini təqdim edir. “Müsahibə” rublikası Günel Natiqin təqdimatında “SSS: Seyran Səxavətlə söhbət” i oxucularla bölüşür. “Düzülüş və mövcudluq” essesiylə “Esse”də Sadiq Qarayevdir. Filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə “Adiliyin poeziyası və ya poetik düşüncəsin bənzərsiziliyi” yazısında unudulmaz şairə Fərqanə Mehdiyevanın yaradıcılığından söz açır. “Dərgidə kitab”da şeirləriylə Xəyal Rzadır. Bunlar hamısı deyil, “Ulduz”un aprel sayında yeni imzalar, yeni yazılar, yeni baxışlar yolunuzu gözləyir.
Vətən uğrunda apardığı savaşda qalib gəlsə də, yaşamaq uğrunda savaşda məğlub olan Baş Leytenant….
Ağdam Şəhidi Baş Leytenant Səfərov Hikmət İldırım oğlu 11.07.1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. Hikmət 1979-cu ildə Ağdam rayonunun Yusifcanlı kəndi orta məktəbinin birinci sinfində orta təhsilinə başlayıb və 1989-cu ildə elə həmin məktəbi bitirərək 1990-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub və 1995-ci ildə “İnformasiya ölçmə texnikası” ixtisasını bitirdikdən sonra “Leytenant” rütbəsi almışdır. Hikmət Səfərov 2001-ci ildən etibarən Yazıçılar birliyinin “Ulduz” jurnalında işləməyə başlayıb və elə həmin il ailə həyatı qurub. Daha sonra 2002-ci ilin oktyabrında həqiqi hərbi xidmətdə “Leytenant” olaraq xidmətə başlayıb və 2004-cü ilin yayında Baş Leytenant olaraq ehtiyyata buraxıldı. 12.11.2004-cü il tarixində “Qaya” mətbuat yayımında işə başlayan Hikmət Səfərov 30.08.2016-cı il tarixində həmin işdən ayrılıb və 04.01.2018-ci il tarixində “Dokta MMC” şirkətində Xəzinadar kimi fəaliyyət göstərməyə başlayıb. 20.09.2020-ci il tarixində ehtiyyatda olan Baş Leytenant olaraq hərbi təlimlərə çağırılan Hikmət Səfərov Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq ordu sıralarına qoşulur və Baş Leytenant 04.10.2020-ci il tarixində Suqovuşan ərazisinin azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Dəfələrlə əməliyyat olunmasına baxmayaraq 17.10.2020-ci il tarixində “koma”-ya düşdü və 52 günlük komadan sonra 08.12.2020-ci il tarixində (48 yaşında) Şəhid oldu.. Və Baş Leytenant Səfərov Hikmət 09.12.2020-ci il tarixində yüksək rütbəli ordu məmurlarının, müvafiq icra hakimiyyəti nümayəndələrinin, ailə üzvlərinin və xeyli sayda insanların iştirakı ilə 2-ci Fəxri xiyabanda dəfn olunub. Ailəli idi. Ondan yadigar 2 oğul övladı – Azər və Anar qaldı.. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Baş Leytenant Səfərov Hikmət İldırım oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub. Ruhun qarşısında baş əyirik, cənab Baş Leytenant! Ruhun şad olsun!
Dünya uşaq ədəbiyyatına həsr olunan fevral-mart sayı “Ulduz” jurnalı ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin birgə layihəsi əsasında hazırlanıb.
Jurnal filologiya elmləri doktoru, dosent, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimovanın “Gecələr səmaya bax, bütün ulduzlar çiçəkləyəcək…” ön sözüylə açılır.
Professor Cavanşir Yusifli “Eqzüperinin duası”nı və Antuan Dö Sənt Eqzüperinin “Balaca şahzadə”sindən üç fəsli təqdim edib.
Hədiyyə Şəfaqət Rey Bredberinin “Zəncirotu şərabı” romanı əsasında yazdığı “Əjdaha şərabı”nı oxucularla bölüşüb.
Səməd Behrənginin “Balaca qara balığ”ı “Ulduz”un bu sayında dərc olunub.
Orxan Aras Yücel Feyzioğlunun uşaq kitabları haqqında “Nağılına sevgi qoşan adam” yazısını təqdim edib.
Əziz Nesin “Abidəsi qoyulan milçək”lə yad edilir.
Jurnalın bu sayında “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın “Toğrul Nərimanbəyovun nağıl ağacı, yaxud Teymur Elçinin yaratdığı mifik təsəvvürlər dünyası” oxuculara təqdim olunub.
Süleyman Sani Axundovun “Əhməd və Məleykə” nağılı, “Klassik uşaq ədəbiyyatından seçmələr” uşaq ədəbiyyatının inciləri kimi dərc edilib.
Jurnalda Sevinc Nuruqızının ”Uşaq ədəbiyyatında sevgi etirafı” yazısı işıq üzü görüb.
Cavid Qədirin Türkiyənin məşhur uşaq yazıçısı Nur Dombaycıyla müsahibəsində uşaq dünyasından söz açılır.
Reyhan Yusifqızının “Dünya dəyişdi, bəs uşaq ədəbiyyatı dəyişikliklərə uyğunlaşdımı?”, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahidin “Kitab-xəyal gücü sərhədsiz olan alternativ dünyadır”, dosent Aygün Bağırlının “Zəfərin uşaq ədəbiyyatında şöləsi” yazıları, Britaniya və Amerika uşaq şerindən seçmələr, Əhməd Cəmilin “Can nənə, bir nağıl de” şeiri, Sevinc Elsevərin “Kinomuzda uşaqlar” araşdırma yazısı, Hans Kristian Andersenin həyatı və “Balaca İdanın çiçəkləri” nağılı, Nurlana İşığın “Uşaq məyusluğunun həqiqəti” yazısı jurnalın bu sayında dərc olunub.
“Dərgidə sərgi”də rənglər dünyasıyla Əzizə və Dəniz Bəhruzlular yer alıb.