Etiket arxivi: Ülviyyə Əbülfəzqızı

Ülviyyə Əbülfəzqızı – Səninlə ömrümü bölməyə dəyər

Səninlə ömrümü bölməyə dəyər

Eşitdim bəxtinə məclis qurmusan,
Özünün özünə öz gözün dəyər.
Mənə oxşayanla qoşa durmusan,
Kövrəlmiş qəlbinə öz sözün dəyər.

Uydurma xəyala hey toxunmusan,
Ruhumun ruhuna küləyi dəyər,
Mənalı kitabsan, sən oxunmusan
Birdə oxuyaram, köməyi dəyər.

Diqqətli olaram hər misrasında,
Təkrar oxuyaram mənaya dəyər.
Yerini taparam dərd sırasında,
Sənsiz bir saatım bir aya dəyər.

Nə edim getməyə səndin həvəsli,
Bəlkə, söyləyəsən getməyə dəyər?
Qəzəbə dost oldun qısqanc nəfəsli,
Özünü azdırıb itməyə dəyər?

Gəlişin gətirməz heyrəti mənə,
İndi göz yaşını tökməyə dəyər?
Bilirdim gələrsən, demişdim sənə,
Qarşımda boynunu bükməyə dəyər?

Qollarım açıqdır sənə sarıla,
Bircə baxışına ölməyə dəyər,
Razıyam sol tərəf yenə yarıla,
Səninlə ömrümü bölməyə dəyər.

Müəllif: Ülviyyə ƏBÜLFƏZQIZI

ÜLVİYYƏ ƏBÜLFƏZQIZININ YAZILARI


QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ülviyyə Əbülfəzqızı – Dostum da mənəm düşmənim də…

Dostum da mənəm düşmənim də

Yaxın zamanlarda yaşadığım hadisə bir daha sübut etdi ki, insana ən ağır zərbəni elə özü vurur.
Bəlkə də, həyat özümüzü özümüzdən qorumaq üçün bizə müəyyən vaxt çərçivəsində verilən bir meydandır.
Özümüz özümüzdən qorxmalıyıqmı?
Bir az dodaqları qaçıran sualdı, deyilmi!?
Amma ciddiliyinə varanda, əlbəttə, qorxmalıyıq. Ömrümüz boyu “gah dağın zirvəsində oluruq, gah dərədə..” Məgər dağı çıxan və o dağdan guppultu ilə yıxılan özümüz deyilik? Bir az nağılvari üslubu daha da sadələşdirək. “Dağın zirvəsi” dedikdə beynimizdən səmərəli istifadə edib nailiyyətlər əldə etməyimiz əsas götürülür. Zirvədən eniş isə səhv addımlarımız- nəfsin qulu olmaq, ətrafdakıları düzgün seçməmək, dost adı ilə tanıdığımız “fəlakətə ömrümüzü qonaq etmək” nəzərdə tutulur. Təkrar- təkrar eyni səhvləri etmək faciənin ikinci adıdır.
Axmaqlar eyni şeyləri edib fərqli nəticə əldə etməyi gözləyənlərdir. (A. Enşteyn)
Razıyam, bəzən axmaq obrazı da oynayırıq bu həyat kitabımızda…
Bu rolu oynamağı da yenə özümüz seçirik.
Söylədiyim kimi bu yaxınlarda maraqlı və məni dərindən düşündürən bir hadisə ilə qarşılaşdım.

İş təklifi ilə bağlı görüşüm vardı. Məlum oldu ki, savadlı, həm də yazar bir xanımla da görüşülüb ikimizdən biri seçiləcək. Təbii ki, seçim etmək hər kəsin hüququdur və layiq olan seçilməlidir. Anladım ki, bir çox namizədlərdən iki nəfər iddialı olduğu üçün son mərhələyə qalıb.
İşin əsas maraqlı tərəfi bu idi ki, seçim turları müxtəlif yerlərdə və ayrı- ayrı şəxslər tərəfindən keçirilmişdir.

Sözün açığı söyləyim ki, imtahanlarda, müsabiqələrdə hər zaman az da olsa, həyəcanım olur və düşünürəm ki, olmalıdı da.
Bu məsuliyyətli olmağın göstəricisidir. O rəqib haqqında düşündüm və yazar olmağı daha çox marağıma səbəb oldu.
Dayana bilməyib o yazar xanımın adını soruşdum. Onun ismini eşidəndə ” dəli gülmək” yaxamı buraxmadı.
Qarşımdakı xanım, əlbəttə, ciddixarakterli birinin ani “dəli” gülüşünə təəccüblənəcəkdi.
Bax yenə günahkar özüm idim.
Çünki müsahibələrin birinə yaradıcı adımla, birinə isə rəsmi sənəddəki adımla qatılmışdım.
Bəli, nəticədə hər ikisi mən idim.
O zaman anladım ki, elə özümüz özümüzə həm dostuq, həm rəqibik, həm düşmənik. Amma bu dəfə özümlə bir az öyündüm, çünki yaxşı mənada özümdən- rəqibimdən qorxmuşdum.
Hələ o rəqibimə təşəkkür borcluyam bu yazı üçün.

Müəllif: Ülviyyə ƏBÜLFƏZQIZI

ÜLVİYYƏ ƏBÜLFƏZQIZININ YAZILARI


QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

                 

Ülviyyə Əbülfəzqızının şeirləri

Xərçəng xəstəliyi

Qızdırmalı xəstənin dodaqlarıtək
çartlayan şoran torpağam,
Yorğun göylərin alın təritək
damlaya çevrilib hopmusan
ta dərinliyinə kimi…

Yarpaqları tərəfindən tərk edilmiş
soyuqdan üşüyən bağdakı tənha nar ağacısan,
Əlçatmaz budaqda bir barı olan od kimi qırmızı
nara həsrət qalanam
ta sağalana kimi…

Sevginin atəşini sala bilməyən həbibin-
ağxalatlı həkimin qara üzündən
oxudum analizin cavablarını,
Sağalmaz sən adlı, məni yeyən
xərçəngtək xəstəliyim var.
Vücüduma aşiq
ta ölənə kimi…

– Ölümdən sonra nə var?

– niyə tez- tez soruşursan?…
Sarıldığın əsirin dilindəki son
misraları dinlə:- ruhuma hopmusan
əgər sonu varsa,
TA SONUNA KİMİ…

***

Ömür zamana əsir, zaman hara tələsir?
Məchul- məlum kəsişir, sükut səsimi kəsir.
Suallarım cavabsız, suallarım baş- ayaq,
Yollarım da dolaşıq, fələk, bir yerdə sayaq.

Günəş kül etsin məni, çıxsın cismin tütüsü,
Büründüyüm buz kürkü soyundursun istisi.
Ruhuma gəl geyindir görmədiyim bir donu
Torpaqlansın köhnə don istəmərəm heç onu.

Keçmiş donla dəfn edim saxta” pis sifətləri”,
Hədəfinə çatmasın o qara niyyətləri.
Parlaq donum yaraşır, Günəşə yaxınlaşır,
Yaradan sığal çəkir KAİNAT yaşıllaşır!

***

İkimiz də xəyalıq
Mənsizlik toxumunu əkdinmi qəlbinə?
Göz yaşlarınla cücərtdinmi heç?
Hər nəfəs alanda ağır gəldimi sənə?
Məzarımı niyə qəlbinə saldın ki, xəyal adam?!
Əlin çatmır qəlbinin dərinliyinə,
Çıxart məni o məzardan qurtul darlıqdan.
Özündən izn almadan uzaq oldunmu özünə?
Günəş bahar sevən kimi sevdinmi öz gülünü bağban kimi?
Onun nəfəsindən ciyərin daddımı?!
Nəfəsi ilə nəfəsini kəsdimi, nəfəsimi kəsdiyin kimi?!
Xəyal adam, yoxluq və varlıq sərhədindən bezmədinmi?
Söylə görüm sol sinənə yumruğunu çırpdınmı?
Qəlbindəki məzarımı dağıtmağa cəhd etdinmi?!
Mənsizlik toxumu tez cücərib göz yaşlarından Tikanlı məftil kimi sarılıb vücuduna..
Bu tikanlı məftili qırmağa çalışdınmı?
Görmək üçün göz lazım deyil, bəyan etdinmi?
Xəyal adam, qəlbin gözlərinə məni neçə dəfə təsvir etdi, söyləsənə.
Xəyal adam, sən hüdudsuz təxəyyülümsən,
Mən adlı kitabın üz qabığısan,
Qəlbimdə gizlənib sözümdə varsan.
Sənin varlığında varlığım yatır,
Gizli hərflərlə yazılmış bir sirsən.
Sirli hərfləri anlayan tapar.
Ruha divar olmaz qazılmış məzar,
Mən də xəyalam, sən də xəyalsan.
Xəyallar içində yoxa çıxmışıq!

                 

Qaçıram

Qaçıram, qaçıram,
Özümdən qaçıram
fələyin qurduğu tələni duyanlar kimi.
Qaçıram, qaçıram,
kədərin hökmdar olduğu sarayın
cəlladından qaçan sevinc kimi.
Qaçıram, qaçıram,
saat əqrəblərinin zamandan
qaçdığı dairədə zamansızlığa qaçdığı kimi.
Qələmin bir nöqtədən başlatdığı
insan adlı sənət əsəriyəm..
Mən insanlığa qaçıram.
Qaçıram, qaçıram qanadları, ayaqları olmayan
külək kimi qaçıram.
Özümü tapmağa,
qaranlıqlar arxasındakı “sirli nur qapı”-sına qaçıram.
Qaçıram, qaçıram,
mən daxilimdəki mənə qaçıram!

   
***       

Çirkin simalar
güzgünü günahkar bilər,
Çıxış yolunu onu
qırmaqda görərlər.
Güzgülərin yaddaşını
sındırmaq olmur,
bunu hər beyin dərk etməz.
Şaxta isə dondurduğu vücudların
soyuqluğundan şikayət edər.
Gecəni sevən yarasalar
” Günəş oğrusuna” aşiq olarlar.
Günahkarlar çalışsalar da, günahlarını
özlərindən qopara bilməzlər,
Günahlar oduna dönüb
qalaq- qalaq yığılanda
günahkarlar da o odunların sevgisinə
çırtaçırtla yanarlar…

           

Kəpənəklər sevginin rəngarəng qanadlarıdır.

Aşiqlər sevgi acısını
bala çevirən arılardır
Bu arıların iynələri yalnız öz qəlblərinə
sancılmaq üçündür.
Kəpənəklər sevginin
rəngarəng qanadlarıdır.
Bu kəpənəklərin Vətəni
qızılgül bağlarıdır.
Ömrün ən gözəl zamanı
məhəbbətə ayrılan çağlarıdır.
Sevginin bitmə təhlükəsi
sadiqliyin intiharıdır.

         

***

Mavi dalğalarda qara qismət var,
Sən demə dəryadır, bəlkə, yeri dar?
O dalğalarıyla söyləyər yar-yar.
Qəlbini dağlayar, o hey dağlayar

Əlçatmaz səmada buludlar qara,
Yerə həsrətdəndir, köksündə yara.
O heç bilməzdi ki, düşəcək dara,
Ağlayar, ağlayar, o hey ağlayar.

Təbiət telləri şəlalə olar,
Küləklər hirsindən telləri yolar.
Şəlalə küləkdən inciyib dolar,
Çağlayar, çağlayar, o hey çağlayar.

Pak hisslər ürəkdə edibsə, mənzil,
Çıxara biləcək, nə ay, nə də il.
Xəyanət adında qapını ürək,
Bağlayar, bağlayar, o hey bağlayar!

                    

Əlvidan olsun!

Dedilər dərdimə zamandır dərman,
Nə dərman köməkdir,nə də ki, zaman.
Vermədi taleyim arzuma aman,
Yarımçıq diləyim əlvidan olsun.

Dinlə romanımın, “cəsur” obrazı,
Bitirdin romanı qalma narazı.
Tənha qarşılarsan, sən gələn yazı
Tək qalan çiçəyim əlvidan olsun.

Arzular qatili, yerin dardımı?
Sıxır günahların, kədər sardımı?
Sənlə sirdaş olan hər kəs xardımı?
Xar olan ürəyim əlvidan olsun!

Ayırdın ruhumu canımdan alqış!
Ömrümdə bir fəsil -şaxtalı bir qış
Gözümdə bitməz ki, mövsümi yağış,
Ağlayan mələyim əlvidan olsun.

Əlvida demirəm, çox olar sənə,
Qəlbim bir quş olub qonub sinənə.
Artıq kar etməz ki, yalvarma mənə,
Yalvarma deməyim, əlvidan olsun!

  

Qara qış yuxusuna, ağ boya taxta çıxdı

Oxuyuram gözündən,
Qəlbinin ağrıların.
Gözlərimdə canlanır,
Oxuduğum mənzərə..
Nə çoxdur qara boya,
Çoxmu sevirsən onu?!
Boyanıb qara rəngdə,
Qəlbinin divarları.
Qara libas geyinib,
Titrəyən damarları.
Qəlbinin lap küncündə,
Paslı sandıq gizlənib.
Üstündə qara kilid.
Özünün öz qəlbindən,
Gizlətdiyin sirmi var?!
Axı qəlbindir, dostum,
Gizlətsən də anlayar.
Bir izn ver, sən Allah,
Açım mən o sandığı.
Niyə xəsis olmusan?!
Paylaşsana mənimlə.
Dilin başqa söz deyir,
Qəlbin boynuna almır.
Söylə, görüm bir zaman,
Ağ boyanı sevdinmi?!
Nələri gizləyirsən?
Gözləri kədər İnsan.
Qüssə sənə sarılı,
Onumu izləyirsən?!
Gəl izn ver gözlərinə,
Məni alsın qəlbinə.
Qara boya tələsik
Ağ boyaya bürünsün.
Ala -qaranlıqda heç,
Düşündünmü nə olur?
Gecəylə səhər gizli
Vallah, qol-boyun olur.
Gözün səndən xəbərsiz
Qapını mənə açdı.
Budur keçdim qəlbinə,
Sandıq özü açıldı.
Kilid yaman qorxaqdı,
İndi bildim sandıqda
Sevgi özü dustaqdı.
Məni görən bu dustaq
Ətrafa nur saçırdı.
Qara əşyalarını,
Yığışdırıb qaçırdı.
Budur qəlbin divarı,
Qırmızıya boyandı.
Qara qış yuxusuna
Ağ boya “taxta çıxdı.”

                          

Xəyal adlı dünyada var olmaqdır yaşamaq

Unutmaq üçün çabalamaq,
unutduğunu düşünüb
unutmamaqdır unutmaq.
Gözünə həkk olmuş simanı silməyə cəhd,
gözünə cəza vermək- acı suda acımadan
boğmaqdır xatırlamaq.
Xoşbəxt obraza dönüb
həqiqət misrasında matəm çadrasına bürünməkdir,
yas tutmaq.
Dilində qəzəblə ” Kimdir o? ” söyləyib
qəlbində əzizləməkdir,
dəlicəsinə bağlanmaq.
Zamanını, ömrünü acizcəsinə
fəda etməkdir,
Ağlını azdırıb onun varlığına sarılmaqdır,
fədakar olmaq.
Bəxtinin ayaqlarına düşüb,
Onu qaytarmaq üçün əsl fəryaddır,
məzlumtək yalvarmaq.
Nədir? Nədir axı quru nəfəs almaq?
Ruhunu ondan ayrı vücud adlı məngənədə
sıxmaqdır yaşamaq.
Ondan uzaq xəyal dünyasında -” zülm səltənətində” yaşamaqdır var olmaq!

Müəllif: Ülviyyə ƏBÜLFƏZQIZI

ÜLVİYYƏ ƏBÜLFƏZQIZININ YAZILARI


QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ülviyyə Əbülfəzqızı – Həyat dərsi.

Həyat dərsi

Bir müdrikdən soruşurlar ki, : “Dünyada ən çox kimi sevirsən?” O söyləyir ki, dərzimi sevirəm.
Maraqlıdır deyilmi? İndi mənanı açaqmı?
Dərzinin yanına nə vaxt getsək, ölçümüzü alıb, bədənimizə uyğun olanı tikəcək. Digər insanlar isə haqqımızda olan təəssüratlarını ölənəcən dəyişmirlər. Axı insan dəyişə bilər, niyə bunu anlamırlar ki…
Bir söz bir qərarı, bir hiss həyatı, bir insan insanın özünü dəyişə bilər. Bu cümləni nə vaxtsa, oxuduğumu xatırladım.
Yaxşı, razılaşdıq ki, dəyişə bilər. Bəs dəyişməyən insanlar varmı? “Qozbeli qəbir düzəldər” atalar sözünü xatırlatsın.
Əlbəttə, var və olacaqdır da. Hər kəs eyni xarakterə malik deyil ki.
Nə edək belə insanlarla? Həyat insanlara neçə dəfə anlatsın ki, dəyər verərkən elə dəyər verin ki, sonunda dəyərsiz olduqda şam kimi sapına lənət oxumayasınız. Kibritin nə günahı var ki.. Körpə neçə dəfə yıxılır, amma sonunda yeriməyi öyrənir. Amma biz böyüklər neçə dəfə içdən yıxılsaq da, dost-düşməni tanımırıq ki, tanımırıq. Ağaca dəyən balta neçə dəfə vurulduqdan sonra kötük aşır. İnsan da belədir özü onu dəyərsiz edənə şans verir ki, gəl, buyur…İllər dərs verir, biz isə həyat dərsindən sinifdə qalırıq. Ayılanda isə saçımız, saqqalımız ağ olur. Bəzilərimiz üçün bu bəyazlıqda heç nəyi anlatmır. Elə necə var idik, elə də qalırıq. İllər keçir, biz isə həyat dərsindən kəsilib aşağı siniflərdə qalırıq.
Albert Eynşteynin bir fikri yadıma düşdü:” Uğurlu insan olmaqdansa, dəyərli insan olmağa çalışmaq lazımdır”.
Həqiqətən, bizə verilən dəyəri dəyərləndirək. Çünki hər adam hər adama dəyər vermir.
Dəyərsiz olduğumuzu anladığımız zaman bilək ki, qarşımızdakı özünü mükəmməl sayır, bəli mükəmməl. O zaman “o mükəmməli” tənha buraxmaq lazımdır. Çünki o özü dəyərlə dəyərsizin nə olduğunu anlayıb peşman olacaq. Çox təəssüf ki, bu zaman ” daldan atılan daş topuğa dəyəcək”. Qanqal harada olsa, qanqaldır, nə fərqi məkanın. Ovçunun vurduğu ovun çırpıntısana məyus baxmağı heç nəyi dəyişmir. O ov artıq məhv olmuşdur. Əvvəlcədən düşünmək lazım idi. Zəhər ilanın həyatının bir parçasıdır, amma ilana toxunanın ölümüdür axı…Dəniz dəniz canlılarının həyatıdır, üzə bilməyən insanların
məzarıdır axı…
Allahın yaratdığı möhtəşəm və heyrətamiz varlıqdır İnsan,niyə qəlbləri qıraq ki, niyə dəyərsiz edək axı. Uca Rəbbim qəlbləri sevərək yaratmışdır. Qəlb ətdəndir, amma ən tez qırılandır. Qırmayaq qəlbləri ahı ağırdır. Əksinə, şad edək, özümüz də sevinək və rahatlıq tapaq. Allah insanlığın dərdinə şərik olanlara səbir verib, gücləndirsin! AMİN!

Müəllif: Ülviyyə ƏBÜLFƏZQIZI

ÜLVİYYƏ ƏBÜLFƏZQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ülviyyə Əbülfəzqızı: – …unutmamaqdır unutmaq…

Canın sağ olsun, canın sağ olsun!

Yoxluğunda qələmim iti bir bıçaq,

Heç əllərim də onu istəmir.

O da can atmaz, əllər ondan qaçaq…

Saniyəölçən matəm havasında sürünür,

Dəqiqələr “möhtəşəm yası” davam etdirir.

Aritimiya saatı çoxdan unutdurub…

Saat sevgidən məhrum olmuş bir qoca,

Bu qoca çılğınlıqla ölümü arzular,

Arzu Əzrailin gəlişində bayram…

Ölüm qurtulmaqmı, de bu bəladan?

Ruhun sevdiyin ölüm alarmı?

Suallarım qulağında ildırım misalı.

Bağışla, çox yordum sükutunu…

Elə bil divarla danışıram axı,

Yenə də divara söykənmək olar.

Sənə söykənən yerdə çabalar…

Asıram özümü dərd kəndirindən,

Canın sağ olsun, canın sağ olsun!

Qara qış yuxusuna, ağ boya taxta çıxdı

Oxuyuram gözündən,

Qəlbinin ağrıların.

Gözlərimdə canlanır,

Oxuduğum mənzərə..

Nə çoxdur qara boya,

Çoxmu sevirsən onu?!

Boyanıb qara rəngdə,

Qəlbinin divarları.

Qara libas geyinib,

Titrəyən damarları.

Qəlbinin lap küncündə,

Paslı sandıq gizlənib.

Üstündə qara kilid.

Özünün öz qəlbindən,

Gizlətdiyin sirmi var?!

Axı qəlbindir, dostum,

Gizlətsən də anlayar.

Bir izn ver, sən  Allah,

Açım mən o sandığı.

Niyə xəsis olmusan?!

Paylaşsana mənimlə.

Dilin başqa söz deyir,

Qəlbin boynuna almır.

Söylə, görüm bir zaman,

Ağ boyanı sevdinmi?!

Nələri gizləyirsən?

Gözləri kədər İnsan.

Qüssə sənə sarılı,

Onumu izləyirsən?!

Gəl izn ver gözlərinə,

Məni alsın qəlbinə.

Qara boya tələsik

Ağ boyaya bürünsün.

Ala -qaranlıqda heç,

Düşündünmü nə olur?

Gecəylə səhər gizli

Vallah, qol-boyun olur.

Gözün səndən xəbərsiz

Qapını mənə açdı.

Budur keçdim qəlbinə,

Sandıq özü açıldı.

Kilid yaman qorxaqdı,

İndi bildim sandıqda

Sevgi özü dustaqdı.

Məni görən bu dustaq

Ətrafa nur saçırdı.

Qara əşyalarını,

Yığışdırıb qaçırdı.

Budur qəlbin divarı,

Qırmızıya boyandı.

Qara qış yuxusuna

Ağ boya “taxta çıxdı.”

Xəyal adlı dünyada var olmaqdır yaşamaq

Unutmaq üçün çabalamaq, 

unutduğunu düşünüb

                    unutmamaqdır unutmaq.

 Gözünə həkk olmuş simanı silməyə cəhd, 

  gözünə cəza vermək- acı suda acımadan

                     boğmaqdır  xatırlamaq.

Xoşbəxt obraza dönüb

  həqiqət  misrasında matəm çadrasına bürünməkdir,

                     yas tutmaq.

Dilində  qəzəblə ” Kimdir o? ” söyləyib

qəlbində əzizləməkdir,

                    dəlicəsinə bağlanmaq.

Zamanını, ömrünü acizcəsinə

fəda etməkdir,

Ağlını azdırıb onun varlığına sarılmaqdır,

                     fədakar olmaq.

Bəxtinin ayaqlarına düşüb,

Onu qaytarmaq üçün əsl fəryaddır,

                     məzlumtək yalvarmaq.

Nədir? Nədir axı quru nəfəs almaq?

Ruhunu ondan ayrı vücud adlı məngənədə

                      sıxmaqdır yaşamaq.

 Ondan uzaq xəyal dünyasında -” zülm səltənətində” 

                       yaşamaqdır var olmaq!

     Buxar dövrüm

     Mənim kədərimin dili tutulub,

     Söyləyə bilməyir yaşananları.

     Səninsə,sevginin dili uzundur

     Durmadan bildirir öz hisslərini.

     Mənim qulaqlarım həvəsdən düşüb

     Bağlayıb qapısın dəmir zəncirlə,

     Sənin qulaqların çox həvəslidir

     Gözləyir səsimi uşaq həvəsiylə.

     Dilimi çəkicə gəl döndərmə sən,

     O kövrək qəlbini mən sındırmayım.

     Qəzəbli çəkici necə saxlayım?

     Axı necə edim, səni qırmayım…

     Səmanın  bəzəyi-Günəş görürsən,

     Nur kimi görünən bir zülmətəm mən.

     Ömrünə buz tutmuş Günəşmi lazım?

     Bəzən də gizlənər min kədər, min qəm,

     Saxta partılının saçaqlarında.

     Susubdur ilhamım, yazmaz qələmim,

     Gəl məndən bahara tərif istəmə.

     Görürsən ömrümdə boranlı qışdır,

     Yaz məni qəlbinə qara nöqtətək,

     Axı söyləmişdim, düşmə izimə,

     İndiki gəlmisən, son dəfə dinlə

     Yalanlar dəryası, qəm otağında,

     Keçib əyləşmişəm süfrə başında.

     Bir dayan, süfrəmə yaxınlaşma sən,

     Yox, qəddar deyiləm, istəmirəm mən.

     Acıdan, kədərdən qidalanasan, 

     Gecəni əyninə geyən qadını

     Gözlərin əbədi sevə bilərmi?

     De onlar doymazmı bu qaranlığa?

     Buz parıltısına aşiq  olanlar

     Dözə bilməzlər ki, soyuqluğuna,

     Buz vərdişkarıdır soyuq şaxtanın

     Alovlu nəfəsdə buxara dönər.

     Əlini atsan da, tuta bilməzsən

     Buxarın qanadı səmanı sevər,

     Sevgi dəryasıydı məskənim mənim.

     Eşqdən yananlara sərinlik idim,

     O soyuq şaxtaya aşiq olarkən

     Billməzdim sevdası buza döndərər.

     Elə tilsimdir ki, pozulmaz sehri

     Deyirlər qorxusu ” üçə” bağlıdır,

     Dəryada günlərim indi xatirə 

     Ömrümün ən uzun dövrü buz imiş.

     Günəş nəfəsilə gecikən insan,

     Ömrümün sonudur, çox gec qalmısan.

     Buz dövrüm əriyir, can verir artıq,

     Bilirəm dəryada yerim yox mənim

     Səmalar gözləyir buxar dövrümü!

Müəllif: Ülviyyə ƏBÜLFƏZQIZI

ÜLVİYYƏ ƏBÜLFƏZQIZININ YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru