Etiket arxivi: UŞAQLAR ÜÇÜN

Yazıçının “Trolların sirri” nin izi ilə Norveçə səfəri

                                   Yazıçının “Trolların sirri” nin izi ilə Norveçə səfəri

                                          (Gülzar İbrahimova ilə söhbətdən hazırlanıb)

Norveçdə fəaliyyət göstərən Azərbaycan Evinin təşəbbüsü ilə Oslo şəhərində  Nizami Gəncəvi adına  Azərbaycan dili məktəbi açılıb. Məktəbin açılmasında məqsəd Norveçdə yaşayan azərbaycanlı uşaqlara ana dili öyrətmək və ana dilinin unudulmamasına çalışmaqdır. Bunun üçün Azərbaycan məktəbi müxtəlif tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də Azərbaycandakı uşaq yazıçıları ilə uşaqlar arasında görüşlərin keçirilməsidir.

Növbəti onlayn görüşlərdən birində  məktəb uşaqları yazıçı Gülzar İbrahimova ilə görüşüblər. Yazıçı şagirdlərin mütaliəyə böyük həvəslərini hiss edir və  oxucularına söz verir ki, onlara Norveç nağıl qəhrəmanlarından nağıl yazacaq. Bir gün verdiyi sözə əməl edir, onlara Trollara aid “Trolların sirri” nağıl yazır. Əsasən yeniyetmələrə aid olan nağıl, yüz səhifədən çox alınır.  Nağıl kitab şəklində nəşr etdirilib Oslodakı Azərbaycan məktəbinin şagirdlərinə göndərilir.  “Trolların sirri” ni çox xoşlayan uşaqlar Gülzar İbrahimovanı yaxından, canlı görmək istəklərini bildiriblər.

Eyni vaxtda Gülzar İbrahimovanın sözlərinə yazılmış “Ana dili” (bəstəkar Elşən Nicat) mahnısını da müəllim heyəti çox bəyənir, onu şagirdlərinə öyrədir.

Oslodakı Azərbaycan Məktəbinin şagirdlərinin arzusunu nəzər alaraq Azərbaycan Evi və Norveç Azərbaycanlı Gənclər Təşkilatı Gülzar İbrahimovanı Norveçə qonaq dəvət edir.

Yazıçı böyük sevinclə görüşə hazırlaşır. O yolunu gözləyən balaca balaları da unutmayıb, onlar üçün “Norveç qoğal”ını Azərbaycan dilinə tərcümə edir. Rəssam Mərziyə Tağıyeva böyük sevgi ilə nağıla maraqlı illüstrasiyalar çəkir. Norveç nağılından kitab nəşr edilir, Norveçdəki balalara hədiyyə aparılır.

Yazıçı Gülzar İbrahimova ilə  aparılan müsahibədən məlum oldu ki, yazıçı Norveç görüşlərindən çox razı qalıb. Bir həftə ərzində Oslodakı Azərbaycan dili məktəbində həm şagirdlərlə, həm də kiçik yaşlı uşaqlarla silsilə görüşlər keçirilib.

Gülzar İbrahimova ilə ilk görüş Azərbaycan Evində və Nizami Gəncəvi adına  Azərbaycan dili məktəbində baş tutub. Burda həm kiçik yaşlı uşaqlar, həm də məktəblilər iştirak edib. Uşaqlar yazıçıya onları maraqlandıran suallarını veriblər. Nağıllarına çəkdikləri rəsmləri yazıçıya hədiyyə veriblər. Nağılçı onlara təzə nağıllarından danışıb. Xatirə şəkilləri çəkilib.

Əsas görüş isə may ayının 25-də Oslonun tanınmış Deichman Bjørvika kitabxanasında baş tutub. Keçirilən görüşlər ayrı-ayrı yaş qruplarına bölünüb. Yazıçı oxucularını yeni yaradıcılığı ilə tanış edib. Onların istək-azularını öyrənib ki, yeni əsərlərində nəzərə alsın.

Məktəbin adını daşıdığı N.Gəncəvinin həyat və yaradıcılığından da bəhs edib. “Nizami Gəncəvi nəyə görə türk dilində yox, fars və ərəb dillərində yazırmış”, mövzusunda apardığı araşdırma da yeniyetmələrin marağına səbəb olub. 

Bütün uşaqlar üstündə nağıl personajları çəkilmiş xüsus geyimlərdə tədbirə qatılıblar.  Norveçdə yaşayan azərbaycanlı gənc yazar – rəssam Səlim Abbaszadə əvvəldən iştirakçıların köynəklərinə nağıl qəhrəmanlarının rəsmini çəkib. Tədbirdə çıxış edərkən o bildirib ki, o bunu sevə-sevə, yorulmadan edib. Səlim sevdiyi yazıçıya üstündə vikkinqlərin rəsmini çəkdiyi və içərisi hədiyyələrlə dolu  sandıq da hədiyyə verib.

Görüşün sonunda yazıçı hər uşağa təzə kitablarından hədiyyə edib. Onlar da öz tərəflərindən sevdikləri  yazıçıya xatirə hədiyyələri təqdim ediblər. Tədbir xoş təəsüratlarla sona çatıb.

Gülzar İbrahimova ilə növbəti görüş Beynəlxalq Uşaq İncəsənət Muzeyində keçirilib.
/The International Museum of Children’s Art/

1986-cı ildən fəaliyyət göstərən Muzeydə 185-dən çox ölkədən 2-18 yaşlı uşaq və gənclərin yaratdığı sənət kolleksiyaları var. (Həmçinin burda azərbaycanlı uşaqların da əl işləri var). Uşaqları sevən və onlara zaman ayırmağı vacib bilən Ulu öndərimiz H.Əliyev də bir vaxt bu muzeydə olub.
Muzeyin əsas məqsədlərindən biri dünyanın hər yerindən uşaq sənətini gələcək nəsillər üçün toplamaq, qorumaq və yaymaqdır.

Muzeydə sərgilənən işlərə baxmaqdan başqa burda uşaqlar öz əl işlərini də düzəltməyə imkan var. Adı uşaq muzeyi olsa da, bura uşaqlardan başqa yeniyetmələr, gənclər və hətta ahıl yaşda insanlar da gəlib əl işləri ilə gözəllik yaradaraq vaxtlarını maraqlı keçirirlər.  

Muzeydə uşaqların çəkdikləri rəsmlər uşaq fantaziyasının nə qədər güclü olduğunu göstərir. Muzeyin hazırkı rəhbəri  Alla Qordina Yazıçını və uşaqları çox mehriban qarşıladı. Təşkil edilmiş nağıl saatı uşaqların ürəyincə oldu. Tədbirin sonunda uşaqlar tərəfindən düzəldilmiş bütün əl işləri yazıçıya hədiyyə edildi.

Gülzar İbrahimovanın Bakıya qayıtma saatını öyrənmiş oxucular onu yola salmağı da özlərinə borc biliblər.

Fotolar (“..qalanı xatirədir …”):

Məlumatı hazırladı: Sona və Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

SƏLİM ABBASZADƏNİN YAZILARI

GÜLZAR İBRAHİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Uşaq ədəbiyyatı -məktəbəqədər səviyyədə

ƏLLİ ÜÇÜNCÜ YAZI

Uşaq ədəbiyyatı -məktəbəqədər səviyyədə

Zaur Ustacın EYUDER AZƏRBAYCAN, ADPU, Türkiyənin Kayseri Universiteti və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə 29 avqust 2022-ci il tarixdə keçirilmiş “Məktəbəqədər təhsilə yeni baxış” mövzusunda beynəlxalq onlayn konfransda çıxış məqaləsi.

Salam, dəyərli qonaqlar və konfrans iştirakçıları!
Bu görüşdə müasir uşaq ədəbiyyatının (məktəbəqədər səviyyədə) yaranmasında fəal iştirak edən, öz töhfələrini vermiş yaradıcı şəxs olaraq aşağıdakı dörd əsas istiqamət (sual) ətrafında öz fikirlərimi sizinlə bölüşəcəm:
1. Necə olub?
2. Necə var?
3. Necə olmalıdır?
4. Nəyə əsaslanırıq?
Azərbaycan uşaq ədəbiyyatının ilk nümunəsi kimi böyük mütəfəkkir Nizami Gəncəvinin “Oğlum Məhəmmədə nəsihət” (“Leyli və Məcnun” poemasından) qəbul edilir. Abbasqulu ağa Bakıxanovun “Nəsihətləri” də gənc nəslin təlim-tərbiyəsində mütləq istifadə olunmalı əhəmiyyətli vəsaitdir. Ancaq bugünkü konfrans mövzusunun predmeti məktəbəqədər səviyyə olduğuna görə biz sadəcə bu xatırlatma ilə kifayətlənir və relamenti də nəzərə alaraq birbaşa mətləbə keçirik.
Söhbətimin birinci hissəsinə hamımıza yaxşı tanış olan “Uşaq və buz”, “Gəl, gəl a yaz günləri” (Mirzə Ələkbər Sabir), “Xoruz”, “Keçi” (Abdulla Şaiq) nümunələri ilə başlayaraq, “Necə olub?” sualını cavablandırmağa çalışacam (xahiş edirəm həm indi, həm də gələcəkdə istənilən məsələyə münasibət bildirəndə fikirlərin subyektivliyini qəbul edin – bütün alternativ münasibətlərə hörmətlə yanaşıram):
“UŞAQ VƏ BUZ”, “GƏL, GƏL, A YAZ GÜNLƏRİ”, “XORUZ”, “KEÇİ” nümunələri təqdim olunur.
Əminəm ki, yuxarıda sadaladığım nümunələr hamıya tanışdır. Elə məhz bu səbəbdən onların üzərindən (əsasında) söhbətimizə davam edəcəyik. Demək olar ki, bütün sonrakı problemlər bu nümunələr əsasında çözüləcək. Zamanla bizdən əvvəlki nəsil, biz, bizdən sonra gələn nəsillər fərqinə varmadan bu şeirlərlə dünyanı, ətraf aləmi tanıyıb, dərk edərək böyüyüb, böyüyür və böyüyəcəklər.
İkinci sual söhbətimizin əsasını təşkil etdiyinə görə əsasən hal-hazırda (2011-ci ildən) istər məktəbəqədər təhsil müəssisələrində, istərsə də məktəb və liseylərin məktəbəhazırlıq qruplarında (4 hissəli “Məktəbə hazırlaşırıq” dərslikləri üçün nəzərdə tutulmuş eyni adlı metodik vəsait əsasında – 2019-cu ildən) geniş istifadə olunan müəllifi olduğum “Güllünün şeirləri”, eyni zamanda Təhsil İnstitutunun tərtib etdiyi məktəbəqədər təhsildə böyük qruplar (4-5 yaş) üçün “Müntəxəbat”a da daxil edilmiş şeirlərin yer aldığı “Uşaq boğçası” adlı kitablardan misallar gətirməklə bu barədə ətraflı danışacam.
“Güllünün şeirləri” kitabı barədə: Kitabda əlifbamızda olan bütün hərflərə aid şeirlər və rəqəmlərə aid tapmaca-şeirlər toplanıb. Kitab 2011-ci ilin sentyabr ayından internet üzərindən tam pulsuz və təhlükəsiz şəkildə yayımlanır (istifadədədir). Kitabdakı şeirlərin böyük əksəriyyəti 2019-cu ildən Təhsil Nazirliyi (Təhsil İnsitutu) tərəfindən 4 hissəli “Məktəbə hazırlaşırıq” dərslikləri üçün nəzərdə tutulmuş eyni adlı metodik vəsaitə daxil edilmişdir. 2011-ci ildən bu günə qədər dəfələrlə üzərində yenidən işlənərək (dəyişiklik zamanın tələbidir) nəşr olunmuşdur. Hal-hazırda internetdə mövcud olan (pulsuz) elektron variantı ilə yanaşı ənənəvi kitab formasında nəşr olunmuş variantları da kitab mağazalarında satışda var.  Kitabdan nümunələr: “A”, “1”, “5”, “N”, “Ə”, “10”, “L” təqdim olunur.
Təhsil İnstitutunun tərtib etdiyi məktəbəqədər təhsildə böyük qruplar (4-5 yaş) üçün “Müntəxəbat”a da daxil edilmiş şeirlərin yer aldığı “Uşaq boğçası” adlı kitablardan misallar gətirmək istəyirəm. Kitab iki hissədən ibarətdir. Birinci hissədən:
“OTAQ”, “ƏŞYALAR”, “İKİNCİ EVİM” nümunələr təqdim olunur.
Və digər şeirlərlə uşaq ətraf aləmi tanıyır. Yəni tanıdıqlarının adını öyrənir və şeir vasitəsi ilə yaddaşına həkk edir. Sadəcə “tavan”, “döşəmə” və digər bu kimi sözlərin uşağın məktəbəqədər səviyyədə öyrənib, mənimsəyərək istifadə etməsinin əhəmiyyəti böyükdür (qarşıda bu məsələyə bir daha qayıdacam).
İkinci hissədən:
“MƏN  BABƏKƏM”, “ŞAH  İSMAYIL” nümunələr təqdim olunur.
Olan nümunələrdə isə uşaqlar öz milli kimliklərini, əcdadlarını tanıyırlar. Belə misalları artırmaq, bu mövzuda söhbəti saatlarla davam etdirmək olar. Ancaq söhbət nə qədər uzun olsa da, onu bir yerdə müəyyən nəticə ilə yekunlaşdırmalı oluruq. “Buz”, “keçi”, “xoruz” –dan “tavan”, “döşəmə”, “Şah İsmayıl”-a qədər keçilən yol sonsuzdur və o hər gün yeni aşırımlar, döngələrlə zənginləşir.
Şübhəsiz ki, müsair uşaq ədəbiyyatı təkcə Zaur Ustacdan, onun yazdıqlarından ibarət deyil. Hələ ötən əsrdən günümüzə körpü atan Zahid Xəlili, Qəşəm İsabəylini, Rafiq Yusifoğlunu, orta nəsil nümayəndələrindən Qəşəm Nəcəfzadəni, İbrahim Yusifoğlunu, Rəfiqə Qasımqızını, Mina Rəşidi və gənclərdən Əyyub Türkayı misal göstərmək olar.
Yəqin ki, Rafiq Yusifoğlunun “Üçrəngli bayraq” şeiri hamınıza tanışdır (nümunə təqdim olunur).
Bu üç bəndlik şeir bizim balaca dostumuza öz bayrağını sevdirir, tanıdır.
Gənc uşaq yazarlarından məqsədyönlü şəkildə çalışan, yazıb-yaradan Əyyub Türkaydır. Onun yaratdığı nümunələr canlı təbiət lövhələrindən qaynaqlanır. Təbii və axıcıdır. Balacalar valideynlərinin və tərbiyəçi-müəllimlərinin köməkliyi ilə onlar üçün, onların diliylə yazılmış şeirlərlə ətraf aləmi tanıyır, dünyamızı öyrənirlər.
Ədəbiyyatın (uşaq ədəbiyyatının) keçmişdə, indi və gələcəkdə də məqsədi birdir, öyrənməyi asanlaşdırmaq.
Və bax elə bu “öyrənməyi asanlaşdırmaq” tezisi bizim bugünkü söhbətimizin üçüncü sualına keçid verir. Bu suala cavab verərkən hələ çox əvvəl (2016) yazdığım və hal-hazırda da internet üzərindən və ənənəvi formada kitabxanalardan (Zaur Ustac “Qələmdar”, Bakı, 2020.) əlçatan olan “Mütaliə niyə vacibdir? (Beşinci yazı) adlı məqaləmdən bir parçanı təqdim etmək istəyirəm (qeyd olunan məqalədən-internetdə var- əsas məqamlar dinləyicilərə təqdim edilir).
Təlim, təhsil mədəniyyətə gedən yol, ədəbiyyat və incəsənət isə bu uzun yolda yol yoldaşı, vasitədir. Uşaq ədəbiyyatı dedikdə isə ən həssas məqam, ən incə məsələ anlayışı kimi qəbul edilməlidir. Mənim və yuxarıda adlarını sadaladığım şairlərimizin zaman-zaman misra-misra, bənd-bənd qələmə aldığı şeirlər toplanır, zamanın süzgəcindən keçir və nəhayətdə ədəbiyyata (uşaq ədəbiyyatına) çevrilir.

İstər mənim “Gülünün şeirləri”, “Güllünün şeirləri”, “Gülüzənin şeirləri”, “Uşaq boğşası”, “A1” və gələcəkdə olacaq uşaq şeirləri kitablarındakı şeirlər, istərsə də digər müəlliflərin yaratdıqları əsərlər bir məqsədə xidmət edir. Bu məqsəd isə konkret olaraq məktəbəqədər təhsildə və ibtidai təhsilin məktəbəhazırlıq qruplarında ətraf aləmlə tanışlıq, milli dəyərlər, ana dili və hesab haqqında biliklərin ötürülməsindən ibarətdir. XXI əsr insanına qoyulan tələbləri nəzərə alsaq xarici dil, kompüter biliklərini də şeir və hekayələrlə uşaqlara ilkin formada aşılamaq lazımdır. Vurğulamaq istəyirəm ki, müasir uşaq ədəbiyyatı nümunələri  ətraf aləmlə tanışlıq, milli dəyərlər, ana dili və hesab haqqında ilkin anlayışlar kimi bilikləri mütləq özündə ehtiva etməlidir.
Azərbaycan dünyanın ayrılmaz, inkişaf etməkdə olan bir hissəsi kimi dünyada, dünya təhsilində, təlim-tərbiyəsində gedən problemlərdən kənarda qala bilməz. Müasir dünyada insanın yiyələnməli olduğu kompetensiyalara nəzər salaq:
1. Ana dilində ünsiyyət,
2. Xarici dillərdə ünsiyyət,
3. Riyazi savad, elm və texnologiya,
4. Kompüterdən istifadə,
5. Öyrənməyi öyrənmək,
6. Sosial vətəndaşlıq,
7. Təşəbbüskarlıq və sahibkarlıq,
8. Mədəni məlumatlılıq və özünü ifadə etmək.
Diqqət etsək görərik ki, birinci, ikinci, üçüncü sualları cavablandırarkən bütün istifadə etdiyimiz nümunələr və verdiyimiz açıqlamalar hamısı məhz bu əsas tələblərin ödənilməsinə, yəni insan yetişdirməyə xidmət edir. Gələcəkdə bütün yaradılacaq nümunələr də bu yöndə inkişaf etdirilməli, zamanla ayaqlaşmalı, zənginləşməlidir.
Sonda kiçik yaşlı uşaqlar üçün maraqlı və əhəmiyyətli olan nümunələrdən bir neçəsini misal göstərmək istəyirəm (tövsiyə xarakterli):
Rafiq Yusifoğlundan; “Nağıl qapısı”, “Yaddaş kitabı” (1-2), “Vətən ətri”, “Şuşa yolu”,
Qəşəm Nəcəfzadənin; “Yatmış dəniz şəkli”, “Çiçəkli xalça”, “Şuşa qalxıb ayağa”,
İbrahim Yusifoğlunun; “Futbolçu, topçu, gobçu”, “Arpaçayın uşaqları”, “Azərbaycan Vətənimdi”, “Vətən nəğməsi”, “Qıymayın uşaqlara”,
Mina Rəşidin; “Böyüklər bizə baxsın”, “Balaca günəş”, “Meyvələrin şöhrəti”, “Jalənin əlləri” (Türkiyədə nəşr olunub),
Əyyub Türkayın “Balacaların şeir çələngi”,
Zaur Ustacın (mənim) “Güllünün şeirləri”, “Uşaq boğçası”, “Gülüzənin şeirləri”, “Gülünün şeirləri”, “A1”.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun «Məktəbəqədər təhsilin inkişafı» şöbəsinin müdiri Laləzar Cəfərova (konfrans iştirakçısıdır) rəhbərliyi ilə ərsəyə gəlmiş və internetdə ümumi istifadədə olan metodiki vəsaitlər, müntəxəbatlar.
Ümumiyyətlə, “Google” və digər anoloji axtarış sistemlərində “uşaq şeirləri”, “hərflərə aid şeirlər”, “rəqəmlərə aid şeirlər” və s. oxşar açar sözlərdən istifadə etməklə internetdən səmərəli şəkildə yararlanmaq olar.
Təşkilatçılara və iştirakçılara təşəkkürümü bildirirəm. Uşaq ədəbiyyatı (məktəbəqədər təhsil səviyyəsində) mövzusu adı altında bir çox zəruri məsələlərə toxunduq. Bunun ümumi işə faydası olacağı qənaətindəyəm. Sağ olun.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MÜASİR UŞAQ ƏDƏBİYYATI

“A”
“A” ilə Ana deyə,
Aləmə səs salırıq.
Azərbaycan sözünə
“A” ilə başlayırıq.
***
Ata, Anatək sözlər
A-nın nəfis ilməsi
A-dan Z-yə hərflər
Allahın bir töhfəsi.

Müəllif: Zaur USTAC

A 1 – UŞAQ ŞEİRLƏRİ

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

I >>>> ZAUR USTAC YAZIR

ZAUR USTACIN SEÇİLMİŞ ƏSƏRLƏRİ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif Abbasov. LAY LA ELƏDİ.

AKİF ABBASOVUN YAZILARI

                                      

                                    LAY LA ELƏDİ

                            (hekayə)

         Qonşu rayonda toy vardı.  Qadınlar toya getməyə hazırlaşırdılar. Geyinib-keçinib, bəzənib-düzənib gəldilər Mədinəgilə. Mədinə də geyinib hazır dayanmışdı. Amma onlardan bir az gözləməyi xahiş etdi:

         -Qızımı, balaca Südabəni yuxuya verim, gedək.

          -Uşağa kim baxacaq?

         -Bacım.

         -Yaxşı.

         Ana palazın üstə oturub ayaqlarını uzatdı. Sonra da uşağı ayaqlarının  üstünə uzandırdı. Mədinə başını divara söykəyib lay la çala-çala ayaqlarını yırğalamağa başladı ki, Südabə yuxuya getsin.

Südabənin olardı 3-4 yaşı. Yuxusu gəlmirdi. Anasını acıqlandırmamaq üçün gözlərini yumdu. Amma yatmaq fikri yox idi. Qadınların söhbətini eşitmişdi.  O da toya getmək istəyirdi. Ancaq  onu aparmırdılar.

Südabə arada gözlərini açaraq anasına baxır, tez də yumurdu. Bir də gördü ki, anasının səsi gəlmir. Lay lası yarımçıq qalıb. Südabə baxdı. Anasını yuxu aparmışdı. Südabə ehmalca yerə düşdü. 

Qadınlar həyətdə dayanıb şirin-şirin söhbət edirdilər. Bir də baxdılar ki, qapı açıldı. Tez:

-Hə, Mədinə də uşağı yatırtdı. Tərpənək.

Lakin aynabəndə Mədinənin əvəzinə  Südabə çıxmışdı. Qız onları qabaqladı:

-Anam lay la elədi…Gedək toya…

Qadınları gülmək tutdu. Bəsti ilə Nabat içəri keçdilər. Gördülər ki, Mədinə başını divara söykəyib yatıb. Bəsti:

-Biy, Mədinə demişdi, uşağı yatırım. Əvəzində Südabə onu yuxuya verib.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru