BƏXTƏVƏR…
Bəxtəvər olmaz heçkəs,
hətda, zəngin Vətəndə;
zindanda olmalı kəs
azadlıqda gəzəndə,
Bəxtəvər olmaq üçün
Vətəni sevmək azdı-
gərək Vətən də sevsin
sevən Vətəndaşını,
Bəxtəvər olmaq üçün-
canı sağlam istərəm,
Vətən dayağım olsa
zülmü alt-üst edərəm…
***
VƏTƏNİN SAHİBLƏRİ…
Gələnə- yoldaşdı, gedənlə-gedir,
qocayla-qocadı, körpə-yaşıdı,
Vətənin sahibi- şəhidləridir,
dirilər, sadacə, vətəndaşıdı.
Kövrəlib yaşardı çeşmim-
dərdləşirdim ürəyimnən,
döyündürdü Vətən eşqi,
qürur duydum ürəyimdən.
Şəhid- Ana, Ata bildi
qorxdu Yurd düşər dərdlərə,
bəlkə ruhum qalxa bildi
Şəhidlər yüksələn yerə…
***
ÖTƏN GÜNƏ YAS SAXLADIM…
Ötən günə yas saxladım;
saxladım batan Günəşə,
üşüdü əlim-ayağım,
kövrəldim sönən atəşə,
Ötən günə yas saxladım-
yandı çıraqlarım hisli,
bitdi yaşanmış anlarım-
hər cürə yaxşılı-pisli,
Vaxt mənimlə iç-içəydi,
yetməsəm də arzu-kama,
bildim- dünənim necəydi,
gələn günlərim müəmma,
Göylərə ümid bağladım-
baxdım, gözümü qırpmadan,
ötən günə yas saxladım-
yatdım, üzümü qırxmadan…
***
GERÇƏYƏ ÇEVRİLƏN NAĞIL…
Çaşmışdı dövranın ağlı-
ürəyinə İblis girdi;
qürbət etdi Qarabağı,
Vətənim torpaq itirdi,
Bir Qərinə; nə az, nə çox,
düşmən hökmü ağır buxov!
çoxu- qəzəb, xeylisi- xof,
Milləti cana gətirdi,
Alqış sənə, Vətən oğlu-
varlığı torpağa bağlı;
hamı danışan nağılı
İlham gerçəyə çevirdi!
Əmr gəldi- coşdu Vətən,
qeytətlə vuruşdu Vətən,
özünə qovuşdu Vətən-
zülmün taxtını devirdi.
Ucaltdıq Azərbaycanı,
heyrət bürüdü Dünyanı,
alovlanan Şəhid qanı
daşı çiçəyə çevirdi…
***
AĞLAMA…
Haçanda xətrinə dəyib
əzabdan ölsəm- ağlama.
Sinəndə ağılar deyib
gözümü silsəm- ağlama.
Alış yuxular yozmağa,
“üçkünc məktublar” yazmağa,
gedirəm səngər qazmağa;
yaralı gəlsəm- ağlama.
Eşqə könül aç, gözəlim,
bu fürsət- qazanc, gözəlim!
Vətənə, qısqanc gözəlim:
“Sevgilim”- desəm, ağlama.
Ürəyim pərişan olur,
səndən ayrı şan-şan olur,
yuxu (təts danışan olur),
özgıylə görsən- ağlama.
Hər cür dəyişər havalar,
azmı boş qalan yuvalar?
Həyatdır (nə desən olar),
məni itirsən- ağlama…
***
“SONA BÜLBÜL”
Sonalıya-sonalıya, sonsuz qalfı
“Sona bülbül”,
bilmədi- kimə boylana,
hansına inana Büldül,
Kim doyardı cəhcəhindən?
güllər soldu həsrətindən!
Xəbər gəldi Qızıl güldən-
“Batıb qızıl qana”, Bülbül!
Binəvadı gidi dünya;
aşiqini çox sımama!
Qızıl gül qıydı canına,
qaldın yana-yana, Bülbül…
***
YAXŞILIQ…
Çəkdim gah zülmünü, gah həsrətini,
gah nifrət elədim, gah əzizlədim;
yaxşılıq eləyib- sevmədin məni,
sevsəydin- bu qədər sevilməzidim…
Müəllif: VAHİD ƏZİZ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru