Vaqif Mustafazadəni Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi adlandırırlar.
Onu Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi adlandırırlar. Vaqif Mustafazadənin adı musiqi tariximizə Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini — Caz-Muğam sintezini yaradan bəstəkar kimi yazılıb. «Caz ürək musiqisidir» deyən bəstəkarı həmçinin, Azərbaycan Muğam Caz Hərəkatının memarı hesab edirlər. „Vaqif Mustafazadə ekstra-klass səviyyəli pianoçudur. Dünya cazında ona tay olacaq ikinci sənətkar tapmaq çətindir”-deyə tanınmış amerikalı tənqidçi onun haqqında yazmışdı.
Vaqif Mustafazadənin yaradıcılıq dövrü 60-cı illərə təsadüf edir. Bu, sovet məkanında cazın çiçəklənmə dövrü idi.
Səsi-sorağı dünyanı dolaşdıqca
Anası Zivər xanım Azərbaycanın ilk qadın pianoçularından biri, muğamların gözəl bilicisi olub. Oğluna musiqiyə məhəbbəti də anasından keçib. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayıb. O, yerli məktəbdə musiqi müəlliməsi idi. Vaqif 3 yaşında ilk dəfə olaraq fortepianonun dillərinə toxunub və o vaxtdan bu alətdən ayrılmayıb. O, tanıdığı mahnıları istədiyi kimi, yeni variantda çalmağa başlayıb. Vaqifin fenomenal yaddaşı olub. Buna görə də o, musiqilərinin çoxunu beynində, yaddaşında toplayıb. Dünyanı tərk edəndə kağız üzərinə köçürə bilmədiyi, zehnindəki mahnılar da özü ilə birlikdə dünyanı tərk edib.
V.Mustafazadə Bakı Musiqi Kollecini bitirdikdən sonra, Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluq da onu elə bu illərdə haqlayıb. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış edir. O, əsasən klassik caz, bluz və oynaq mahnılar ifaçısı idi. 1964-cü ildən “Orero” ansamblına, „Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edir. Beynəlxalq caz müsabiqələri və festivallarının (“Tallin-66”, ”Tbilisi-78”, Monte-Karlo) laureatı olur.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalı idi. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən «Azərbaycan, Vaqif Mustafazadə” sözləri eşidilir. Bəstəkar-musiqiçi Monako caz festivalından vətənə “Ağ royal” mükafatı ilə qayıdır və növbəti konsertlərinə hazırlaşır. O, fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi kimi tanınır.
Sənətinə bağlılığı Vaqifi dünya musiqi festivallarının qalibinə çevirirdi. Səsi-sorağı dünyanı dolaşdıqca bu uğurun sədası təkcə öz ölkəmizdə eşidilməz olurdu. Uğurlarını həzm etməyənlər Vaqifi „həvəskar bəstəkar” adlandırırdılar. Amma o, 1000-dən artıq caz kompozisiyasına müəllif kimi imza atmış, çoxlu mahnıya yeni həyat vermişdi. Hətta lent yazılarının ara-sıra radioda səslənməsindən ötrü qonorardan da imtina etmişdi. Televiziyada vermək istədiyi solo konsert isə maneələr ucbatından baş tutmurdu. Həyat yoldaşı Elza xanım “Vaqif həddən artıq çox işləyir, özünə rəhm etmirdi. Yuxusuna haram qataraq yeni-yeni mahnıları lentə yazdırırdı. Ürəyi də şıltaqlıq edir, ona aman vermirdi” deyə bildirirdi.
İçərişəhər ruhu
Vaqif Mustafazadə 1971-ci ildə “Sevil” vokal-instrumental ansamblını yaradır. O, yeni qrup üçün təqdim etdiyi mahnıların harmoniyasını dəyişir, köhnə mahnılarını təzə üslubda səsləndirməyə başlayır. Ansamblın təkcə İttifaqda deyil, həm də o dövr üçün çox-çox uzaq ölkələrdə məşhurluq qazanması da elə Vaqifin gecə-gündüz çəkdiyi əziyyətin bəhrəsi idi. Min bir zəhmətlə ərsəyə gətirdiyi “Sevil” cəmi 6 il fəaliyyət göstərir. Bu illər ərzində ansamblın televiziya, radio və səhnələrdə yüzlərlə konserti keçirilir.
Dekabrın 31-də „Sevil” ansamblının ilk çıxışı baş tutur. Ansamblın ilk dəfə çıxışı rəngli televiziyanın yaranmasıyla eyni günə təsadüf edir. “Sevil” vokal kvartetinin üzvü Dilarə Cahangirova konsertləri nostalji ilə xatırlayır: “Repertuarımıza müasir Azərbaycan bəstəkarlarının mahnıları salınmışdı. Bu mahnılar Vaqifin aranjemanı ilə fərqli səslənirdi. Biz şəhərin ən gözəl meydanlarında, böyük konsert salonlarında çıxış edirdik. Qrup yaranandan cəmi bir neçə ay sonra biz Moskvada, SSRİ Bəstəkarlar İttifaqında çıxış etdik. 1973-cü ilin yayında isə Moskvada, “Rossiya” zalında beynəlxalq konsert keçirildi. Həmin konsertdə SSRİ-ni Azərbaycan, Azərbaycanı isə “Sevil” ansamblı təmsil edirdi. Bir il sonra bizi Varşavada çıxış etməyə dəvət etdilər. 1975-ci ildə “Sevil” qrupunun ilk valı yazıldı. İlk baxışdan hər şey əla gedirdi. Lakin qəfildən — 1977-ci ildə ansamblın fəaliyyəti dayandırıldı. Ola bilsin ki, Vaqif ömrünün sonuna az qaldığını hiss edirdi və başa düşürdü ki, təkcə ansamblı müşayiət etmək onun üçün çox azdır. O, instrumental musiqidə özünü ifadə etmək istəyirdi. 1977-ci ildə Vaqif “Muğam” caz üçlüyü yaratdı. Tbilisidəki festivalda o, “Ən yaxşı pianoçu” mükafatını qazandı. Həmin festivalda ilk dəfə olaraq Vaqifin qızı Əzizə də iştirak edirdi. 8 yaşında bir uşağın cazı belə hiss etməsinə heç kəs inana bilmirdi. Əzizə festivalda iştirakına görə mükafata layiq görüldü. Vaqif Əzizə ilə birlikdə iki hissəli konsert təşkil etməyi arzulayırdı, amma buna vaxtı çatmadı”.
1979-cu ildə Vaqif Mustafazadə Azərbaycanın Əməkdar artisti adına layiq görülür. Həmin il Monakoda keçirilən caz müsabiqəsində iştirak edərək həmin müsabiqənin qalibi seçilir: “Vaqifin o qədər planları var idi ki… Təəssüf ki, 1979-cu ildə Daşkənd səfəri ilə hər şey qəfildən qırıldı. Lakin onun musiqisi əbədilik qaldı. Vaqifin çoxlu davamçıları var. Onlar ustada oxşamağa çalışır, onu təbliğ edirlər. Bir də ürəyimizdə Vaqiflə bağlı xoş xatirələr yaşayır. Bu nəhəng musiqi aləmində indi də, bir çox onilliklər sonra da Vaqif Mustafazadənin yeri olacaq. Bu gün o, maraqlı və əlçatmazdır. Bir dəfə onun musiqisini eşidən kəs bir daha onu unutmur. Çünki əsl sənət insan qəlbinin ən incə tellərinə toxunur. Vaqifin musiqilərində milli kökümüz, Bakının gözəllikləri, İçəri Şəhərin ruhu hiss olunur. Təəssüf ki, o, həddindən artıq az yaşadı. Amma bu müddət ərzində çox işlər gördü”.
“Sevil vokal”
“Bu gün ansamblın lent yazılarının qalmaması bizim ağrılı yerimizdir” – deyə ansamblın digər üzvü Rəna Talıbovanın xatirəsindən: “İndi az qala hər gün bir oxuyan, bir ansambl çıxır. Cürbəcür mahnılar yaranır, kliplər çəkilir. Hərənin bir cangüdəni var. O vaxtkı şərait belə deyildi. Vaqifin özü, ansamblın üzvləri camaatın içərisində idik. Əlbəttə, hamı bizi tanıyırdı. Küçədə görənlər “Sevil vokal” deyirdilər. Bu, Vaqifə olan sevgidən irəli gəlirdi. Telestudiyada bir az küskünlük olmuşdu. Vaqifi tez-tez pianoda solo ifaçı kimi xaricə çağırırdılar. Vaqifə ünvanlanan teleqramlar ona verilmirdi. Burda deyirdilər ki, sən xaricə kvarteti də aparmalısan. O isə cavab verirdi ki, qızlar başqa spesifikadır, məni bir cazmen kimi dəvət edirlər. Vaqif televiziyadan küsüb getdi. Biz televiziyadan çıxıb gedəndən sonra orda olan bütün lent yazılarımızı pozmuşdular. Təkcə “Qara qaşın vəsməsi” mahnısı qalıb. Arif Qazıyev həmin çəkilişi “Baksovet”in bağında çəkmişdi. Mənə elə gəlir ki, bu mahnı o vaxt Moskvanın sifarişi ilə yazıldığı üçün həmin lentə toxunmamışdılar. Həmin lentdə Müslüm Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarova kimi sənət korifeylərinin də ifası vardı. Ona görə lenti pozmayıblar. Vaqif çıxıb gedibsə, bu, xalqın sərvətidir. Şəxsi ambisiyalara görə xalqın sərvətinə toxunmaq, ona ziyan gətirmək olmaz. Vaqifdən sonra ansamblı çox bəstəkarlara vermək istədilər. Onlar etiraf edə bildilər: “Axı biz Vaqif olmayacağıq!” Vaqif həyatdan köçəndə “Amerikanın səsi” radiosu “Sovet İttifaqında “Cazın tanınmamış Allahı” dünyasını dəyişib” — deyə xəbər verdi. Azərbaycan musiqisi onun simasında istedadlı bir bəstəkarı və ifaçını itirdi. Vaqifin arzuları çox idi. Muğam əsasında dünya cazında bir məktəb yaratmaq arzusu vardı. Sağ qalsaydı, muğam-caz vəhdəti üzərində qurulan çoxlu ideyalarını həyata keçirəcəkdi”.
Vaqifin ölümündən sonra həyat yoldaşı Elza qızı Əzizəni də götürərək ölkəni tərk edib. Onlar Vaqifi sevməyənlərdən, onun musiqisinə yad gözlə baxanlardan küsüb gediblər: “Bilirsiniz ki, Əzizə dünyaca məşhur pianoçudur. Konsertləri ilə dünya turuna çıxır. Bəzən deyirlər ki, Əzizə Bakıda konsert vermək üçün çoxlu miqdarda qonorar istəyir. Bu sözlərə inanmıram. Çünki onun damarlarında Vaqifin qanı axır”.
Görkəmli cazmen 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edir. 39 yaşlı sənətkara ürəyi xəyanət etdı. 1982-ci ildə — ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülür.
1989-cu ildə Polad Bülbüloğlunun təşəbbüsü ilə Vaqif Mustafazadənin ev muzeyi yaradılıb. Muzeyin ilk rəhbəri cazmenin anası Zivər xanım olub. Ölümündən bir müddət əvvəl cazmenin anası muzeyi qardaşı qızı Afaq xanıma vəsiyyət edib. 1997-ci ildən etibarən muzeyin rəhbəri Afaq Əliyevadır.
2004-cü ildə məhz onun təşəbbüsü ilə muzeyin həm özü, həm də eksponatları təmir edilib. Muzey Mədəniyyət Nazirliyinin balansında dövlət muzeyi kimi fəaliyyət göstərir. Bu muzeyin qapıları musiqini sevən hər kəs üçün açıqdır. Odur ki, İçəri Şəhərin ruhunu hiss edənlər, caz musiqisini ürəklə duyanlar tez-tez bu qapını döyür.
Amma Vaqifi heç vəchlə yaşlanmış təsəvvür etmək olmur. Yalnız ona görə yox ki, onun musiqisinə, sənətinə əbədi gənclik ruhu, daimi təzəlik xasdır.
Canlı Vaqif Mustafazadə ilə, deyən-gülən, həyat eşqiylə, gələcəklə dolu, çoxlu diləkləri, ümidləri, niyyətləri olan Vaqiflə son dəfə 1979-un noyabrında görüşmüşük, söhbət etmişik, bir saatacan çəkən o söhbət lentə alınıb. Lap az sonra o, Daşkəndə yola düşüb. Və oradan acıdan-acı xəbər gəlib – Vaqif artıq yoxdur.
Necə inanasan bu yoxluğa?!
Vaqif mənimçün həmişə 39 yaşında qalacaq. Əslində isə zahirən həmin yaşdan da cavan görünürdü.
İmkan versəydilər, ruhunu əzməsəydilər, qısa ömrü boyu dəfələrlə qəlbini sındırmasaydılar, badalaqlar vurmasaydılar, bəlkə indi də yaşayardı. Nələr yaratmazdı bu illər boyunca!
Vaqifi, təbii ki, unutmuruq, unutmayacağıq. O artıq milli varlığımızın əziz bir parçasıdır.
Amma bizi Vaqif Mustafazadənin yarada biləcəklərindən məhrum etmişləri də heç vaxt unutmayaq. Ölüb qurtarmış olsaydılar, deyərdim, keçmiş olsun. Axı o təhər rəzillər, xəbislər, nadanlar tükənmir. Təzələri törəyir.
Bahar astanasında, martın 16-da dünyaya gəlmiş Vaqif Mustafazadə qısa ömrünün başlıca nəticəsi olaraq xalqımıza bitməz Vaqif bayramı bağışlaya bildi.
75 elə yaşdı ki, yubilyar öz təntənəli məclisinin yuxarı başında əyləşib ünvanına söylənən ürək sözlərini dinləyə bilər.
Bəlkə lap royal arxasına keçib elə əvvəlki cavanlıq şövqü ilə çalardı da.
Amma Vaqif Mustafazadə ilə ayrılıqdan artıq 36 il keçir. Onsuzluğumuzun illərinin miqdarı asta-asta gəlib elə Vaqifin yaşamış olduğu illərin sayına çatıb.
Çox şey dəyişib dünyada, içərisində ömrümüz ötən mühitdə. Ancaq dəyişməyən bir çox şeylər də var. Dəyişməyənlərin yaxşısı da var, pisi də.
Bu ötən illər ərzində dəyişməyən, itməyən, əksinə, əhəmiyyətini, qiymətini artıraraq DƏYƏR mərtəbəsinə ucalanların sırasında Vaqif Mustafazadə fenomeninin xüsusi yeri var.
Özü də yaxşı pianoçu olan bəstəkar Faiq Sücəddinov təsdiqləyir ki, 1950-60-cı illərdə Bakı pianolu şəhər idi. Az qala hər evdə, hər ailədə piano və pianoçalan vardı, o illərdə zövqlü musiqi ilə nəfəs alan pianolu Bakıda lap əla çalanlar da az deyildi. Lakin Vaqif birinci idi və bu qədər zaman keçsə də, yenə birinci olaraq qalır.
Bu elə qiymətləndirmədir ki, lentlərdə, disklərdə qalan piano ifaçılığı, irsimizi izləyən, yeni piano ifaçılarını canlı dinləyən hər birimiz o qənaətə gələ bilərik. Lakin bu bir peşəkarın etirafıdır. Ona görə həmin sözlərin dəqiqliyinə inam çoxdur. Eyni dəyərləndirməni Vaqif Mustafazadənin adaşı, elə şairliyi qədər mahir pianoçu olan Vaqif Səmədoğlu da söyləyirdi mənə. Deyirdi ki, bu qədər pianoçu gəldi, hətta eynən Vaqif yolu, Vaqif barmaqları ilə çalanlar da var, amma Vaqif yüksəkliyinə ucala bilən olmadı.
Bu ifadəni isə unudulmaz Vaqif Mustafazadənin öz dilindən eşitmişəm və zərif çalğı kimi incə sənətə münasibətdə bir az kobudvari səslənsə də, hər halda dəqiq hədəfə vurur. Özü demiş, Vaqif pianonu çalmırdı, pianonu, pianonun şirmayı dillərini, o dillərdən qopan səsləri yeyirdi. Hər səsi barmaqlarından, ürəyindən, beynindən yerin təkindəki saf bulaq kimi çıxarırdı.
Anası Zivər Əliyeva dahi Üzeyir bəyin tələbəsi olmuşdu, muğamın sirlərini o misilsiz ustaddan öyrənmişdi. Vaqifin də ürəyinə muğam sevgisini (və bilgisini) damızdıran ən əvvəl anası idi. Hər muğam sədasının gözəlliyinə, təkrarsızlığına Vaqif Mustafazadənin öz heyranlığını necə ifadə etməsi barədə onunla sinif yoldaşı olmuş Rəşid Şəfəqin mənimlə bölüşdüyü bir müşahidə riqqət doğurur.
Vaqif anasından hansısa muğam parçasını, hansısa guşəni, hansısa şöbədən digərinə keçidi çalmağı xahiş edərmiş. Dinləyərmiş, “bir də çal” deyərmiş.
Zivər xanım yenə çalarmış, təbii ki, yüzdə yüz əvvəlki kini deyil, muğama xas tərzdə, azacıq da olsa bayaqkından fərqli çalarmış.
Bu dəyişən və dəyişdikcə bitməyən gözəlliyə növbəti və növbəti dəfə valeh olan Vaqif hər dəfə əyilib anasının barmaqlarından öpərmiş…
…Bəşəriyyətin ən gözəl mədəni ixtiralarından olan caz musiqisinin yaşı iki yüz ilə çatsa da, bu musiqi indi də, gələcəkdə də həmişə cavan musiqi kimi qavranılacaq.
Azərbaycan və dünya cazının ən parlaq ulduzlarından olan Vaqif Mustafazadənin hər il yaşının üstünə yaş gəlsə də, o, ecazkar sənətiylə həmişə gənc qalacaq.
Vaqifin uşaqlıq illərində, məktəbliykən çəkilmiş bir fotosu da qalır.
Bir neçə uşaq, yəqin ki, yüz metrlik məsafəyə qaçmağa hazırlaşır. Startda dayanıblar. Elə bu saniyə hərəkətə gələcəklər, irəliyə şığıyacaqlar. Finişə birinci kim çata-çata.
100 hər kəsə arzuladığımız ömür həddidir. Vaqif həm sənət, həm ömür startında tay-tuşlarından əvvələ keçdi.
Ölümə də yaşıdlarının hamısından erkən, insafsızca tez çatdı, sənətdəki ölməzliyə də!
Caz musiqisinin Azərbaycana gəlişi təxminən Vaqif Mustafazadənin doğumu ilə üst-üstə düşür.
Sanki bu, tarixin sifarişi idi ki, məhz bu dövrdə dünyaya şimşək kimi parlayacaq bir istedad gəlsin və cazda yeni yol açaraq silinməz izini qoysun.
Sanki Taleyin və Tarixin arşını ilə irəlicədən dəqiqliklə ölçülüb-biçilib ki, bu insan Caz Dahisi olsun.
1940-cı ilin baharının ərəfəsində, Novruz bayramından düz bir həftə əvvəl Vaqif dünyaya gəldi. Azərbaycan cazının rəsmi doğum günü isə 1941-ci ilin 6 sentyabrıdır – həmin gün Dövlət Caz Orkestrinin ilk konserti olub.
Azərbaycanın ilk caz kollekti
vinin artıq 1939-40-cı illərdə yaranmasına necə hazırlıqlar getməsi, musiqi alətlərinin Bakıya gətirilməsi, caz musiqisi ifaçılarının nə təhər toplanması haqda maraqlı tarixçələri mənə Tofiq Quliyev nağıl eləyirdi.
Vaqif Mustafazadənin sürəksiz ömründə təsadüfi heç nə yoxdur.
Hər şey – onun hər qarışından qədimlik, əsillik, kökə bağlılıq yağan İçərişəhərdə doğulmasından, anasının pianoçu və həm də Üzeyir bəyin tələbəsi olmasından tutmuş ta atasının hərbçi olmasına qədər.
Atası Əziz də musiqiyə bağlı idi, tar çalırdı, lakin zənnimcə, ondan Vaqifə başqa bir daha vacib keyfiyyət irsən nəsib olub. Hərbçi intizamı, hərbçi dözümü və hərbçi inadcıllığı.
Bu da dostlarının yaddaşlarındandır ki, Vaqifə “çal” deməyə ehtiyac yox idi. Harada piano oldu, keçib əyləşirdi və başlayırdı çalmağa. Çalmaq, piano ilə təmas ondan ötrü elə nəfəs almaq, su içmək, yemək qədər vacib həyat vərdişi idi.
Caz dünyasının ən nüfuzlu vətəndaşlarından birinə çevriləcək Vaqif zahirən caza aidiyyəti olmayan Azərbaycanda doğuldu. Ancaq caz musiqisi on doqquzuncu əsrdə Afrika zənciləri və Amerika hindiləri tərəfindən yaradılsa da, bunun mahiyyətcə taydaşı, bənzəri olan, muğama söykənən vəcd (ekstaz) musiqisini Şərqdə və Azərbaycanda Vaqifin ulu sufi babaları hələ XII-XIII əsrlərdə yaratmışdılar.
Bu keyfiyyət gen, qan yaddaşı ilə Vaqifə gəlib çatdı.
Qərblə Şərqin musiqisi və zövqü onun ruhuna körpəliyindən çökdü.
Uşaqlığı, yeniyetməliyi, gəncliyi Qala divarları ilə əhatə olunmuş orta əsrlər yadigarı nağılvari məkanda keçdi.
Qala divarlarından beş addım bu tərəfdə isə müasir şəhər qaynayırdı.
Beləliklə, yetişdiyi mühitin balası kimi Vaqif həm kökə, keçmişə bağlı qaldı, həm də təzə günün sürətləriylə uyarlaşdı.
Məhz bu təməllərə görə Vaqif VAQİF oldu.
Məhz bu köklərə görə Vaqif Mustafazadənin ifa etdiyi muğamlar da, köhnə Azərbaycan xalq mahnıları da, çeşidli milli melodiyalar üzərindəki müxtəlif improvizələr də dünyanın dörd bucağında hamıya tanış, doğma gəldi.
Vaqifin yaratdıqlarının hamısında Azərbaycan vardı, amma bunların heç biri yalnız Azərbaycanınkı, azərbaycanlınınkı deyildi.
Vaqifin yaratdıqlarının hamısında Qərb dünyasının duyum tərzi, səliqəsi, ruhu da nəbz kimi vururdu.
Vaqifin sənətiylə dünya Şərqi də, Azərbaycanı da, muğamı da, lap elə cazı da tamam yeni bir görüm bucağından seyr etməyə, tamam təzə bir rəngdə qavramağa başladı.
Vaqif Mustafazadə muğamla cazı qovuşduraraq muğamın da, cazın da tarixində misilsiz yenilik etdi, bu kəşfini ən yüksək səviyyədə cilaladı, özündən sonra gələnlər üçün bir yol, düstur yadigar qoyub getdi.
Bu, Üzeyir bəyin muğamla operanı qovuşduraraq muğam operası yaratmağına bərabər kəşf idi.
Bu, Fikrət Əmirovun, Niyazinin simfoniya ilə muğamı qovuşduraraq simfonik muğamlar yaratmasına bərabər ixtira idi.
Bir sənətkar üçünsə yol, üslub, məktəb yaratmaqdan böyük xoşbəxtlik təsəvvür etmək çətindir.
Bütün bunlardan bizi bilərəkdən, ya bilməyərəkdən yerli-dibli məhrum etməyə cəhd edənlər olub. Bu, dünənin acı hekayətləridir, Vaqifin müasirləri agahdır, öz aramızda hərdən söhbət edəndə ağrıyla yada salırıq, di gəl, çox vaxt da “olan olub, keçən keçib” deyərək güzəştə gedirik, arxada qalan nisgillərlə barışırıq və sabaha da dərs, ibrət olacaq həmin umulmaz səhifələri yazmırıq, tarixləşdirmirik.
Azərbaycanın parlaq bir musiqiçisi olub. Qəlbə yatan lirik tenor müğənni, qabil pianoçu, qayğıkeş, bilikli pedaqoq, həm də nəcib, xeyirxah insan, xalq artisti, tanıyanların hamısının ehtiramla, məhəbbətlə, rəhmət oxuyaraq andığı Rauf Atakişiyev (1925-1994). Amma onun Tahir Atakişiyev adlı bir qardaşı da olub ki, o da musiqiçi idi. Ölənin dalınca danışmazlar deyə mən də onun necə adam olması haqda ən azı musiqi mühitimizdə əksəriyyətə, xüsusən onunla həmdövr olmuş, onu tanımış kimsələrə bəlli çoxlu xoşagəlməz təfərrüatları açmaq istəmirəm.
Qardaşı Raufdan iki yaş kiçik olsa da, bu adam xeyli yaşadı və 2012-ci ildə 85 yaşında vəfat etdi.
Mən millətə pisliklər etmiş şəxslərin həmişə uzun yaşamasını arzulayıram. Ona görə yox ki, bir az da çox yaşayıb daha artıq bəd əməllər törədə bilsinlər. Belələrinə uzun ömrü ona görə diləyirəm ki, incitdiklərinin, yıxmaq istədiklərinin, zərər yetirdiklərinin vaxtın və istedadın hökmü ilə güclü və qalib çıxmasını görsünlər, daxilən sınsınlar, zamanın şapalaqlarını sıx dadsınlar, bu keyfiyyəti tamam qeyb etməyiblərsə, vicdan əzabı çəksinlər.
Həmin Tahir Atakişiyev Moskva Konservatoriyasını skripkaçı kimi bitirərək Bakıya qayıdıbmış və lap gənc olduğu halda, 1952-ci ildə 25 yaşında Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbinə direktor təyin edilibmiş. O cür gurultulu başlanğıcla qabiliyyəti olarsa, sonralar çox böyük nailiyyətlərə çatmalıymış, lap SSRİ Xalq artistliyinə qədər yüksəlməliymiş.
Necə boz musiqiçi olmasının sübutu üçün bu yetər ki, yalnız 80 yaşı tamam olanda ona xətirlər xətrinə əməkdar artist adı verilib.
Həmin bu Tahir Atakişiyevin konservatoriya nəzdindəki musiqi məktəbinə direktor olduğu vaxtlarda Vaqif də orada oxuyurmuş və daim müdiriyyət tərəfindən gözümçıxdıya salınırmış. Baxmayaraq ki, Vaqif, bu məktəbdə çalışan müəllimlərin, o cümlədən, elə direktorun da həmkarı, tanınmış musiqiçinın övladı olmaqdan savayı, həm də parlaqlığına, istedadına görə artıq hamı tərəfindən etiraf edilirmiş.
Direktor Vaqifə edə biləcəyi pisliklərin ən böyüyü və həlledicisini edir. Attestat verərkən onu “ixtisasa uyğun gəlməyən” kimi qiymətləndirir.
Bu, artıq damğa idi. Həmin məktəb konservatoriyanın nəzdində idi və musiqinin əsaslarını öyrətməkdən əlavə, həm də tam orta təhsil verirdi. Oradan Tahir Atakişiyevin verdiyi attestatla məzun Vaqif Mustafazadə təhsilini davam etdirə, istənilən texnikuma, ya ali məktəbə daxil ola bilərdi. Lakin Vaqif dünyaya musiqiçi kimi gəlmişdi, onu cəlb edən ayrı bir ixtisas yox idi və təhsilini də musiqiçi kimi davam etdirmək arzusunda idi. “İxtisasa uyğun gəlməyən” sözləri isə elə qara möhür idi ki, musiqi məktəbini qurtaran bu şagirdin musiqiyə yad sima olduğunu bağırırdı və o demək idi ki, bu şəxs musiqiçi ola bilməz!
Bu attestat Vaqifin musiqi təhsili sahəsindəki gələcəyinin üzərindən çalın-çarpaz xətt çəkirdi.
İstedadlı olduğunu görə-görə, bilə-bilə yolunu yeni başlayan bir gəncə bu cür amansız zərbə vurmaq düşmənçilikdən də betər idi.
Və o vaxt Tahir Atakişiyevin bu hərəkətini görüb susmuş ətrafındakılar da mənəvi məsuliyyət daşıyır.
Bunca qəddar haqsızlığı görüb səsini çıxarmamaq, şərin qabağında müticəsinə əyilmək sadəcə laqeydlik, biganəlik sayıla bilməz.
Bu attestatla Vaqif musiqi təhsilini davam etdirə bilməzdi.
Lakin elə həmin attestatla gedir Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə və qəbul edilir. Çünki həmin attestatın arasında qiymət cədvəli də vardı və qiymət cədvəlində də sehrli bir imza.
Böyük Hüseyn Cavid ocağının son yadigarı Turan xanım söyləyirdi ki, sarsıntıları, əzabları tükənməyən günlərimizdən birində ərəb əlifbasında çap olunmuş, cildləri evin küncündə üst-üstə yığılmış “İblis” kitabını göstərərək anama dedim: “Bir evdə ki bu qədər “İblis” ola, orada xeyir-bərəkət olmaz da”.
Mişkinaz xanım Cavidin “Peyğəmbər” faciəsinin cildlərinin büküldüyü, taxçaya qoyulmuş bağlamanı göstərərək dərhal etiraz dedir: “Niyə elə deyirsən? “İblis” varsa, “Peyğəmbər” də həmişə bu evdədir!”
…Əslində, elə həyatımız da belədir. Mərdümazarlıqlar törədən sıra-sıra iblislər, şeytanlar, əcinnələr varsa, miqdarı onlardan azsa da, qüdrəti, şəfqəti, nuru həmişə onlardan qat-qat artıq olan peyğəmbər xislətlilər də var.
Dəyərli bir azərbaycanlımız vardı.
Mənim nəyimə gərəkdir onun ana dili hansı dil idi, köküylə, əsliylə hansı dinə, hansı millətə mənsub idi.
O, sədaqətlə, ürəklə, namusla mənim millətimə, Azərbaycana xidmət edib. Bu cür nurlu insanlar bütövlükdə Bəşərə, Allaha, Xeyirə qulluq edən mələklər kimidir.
Əlbəttə ki, o bizdəndir, azərbaycanlıdır və yaxşı azərbaycanlıdır.
Georgi Georgiyeviç Şaroyevi (1890-1969) Azərbaycana Üzeyir bəy dəvət etmişdi. 1921-ci ildə Azərbaycanda konservatoriya qurulanda Üzeyir bəyin Bakıya gətirdiyi, işləmələrinə, yaşamalarına hər şəraiti yaratmağa çalışdığı görkəmli musiqiçilər M.Presman, M.Kolotova, S.Ştrasser, İ.Aysberq və neçə-neçə başqaları müasir musiqi mədəniyyətimizin təşəkkülü və inkişafında müstəsna əməklər sərf etdilər, onlarla, yüzlərlə yaxşı ifaçılar, bəstəkarlar, musiqişünaslar yetirdilər. G.Şaroyev onlardan biri idi və 1921-ci ildən başlayaraq yarım əsrə yaxın bir müddətdə konservatoriyada dərs dedi. Hələ 1930-cu ildən bu mötəbər musiqi məbədində professor olan Georgi Georgiyeviçin ən seçkin keyfiyyətlərindən biri gənclərdəki istedadı həssaslıqla duyması, istedadlı olduqlarını sezdiyini qanadı altına alaraq daim qayğı göstərməsi idi.
Elə bu nəcib xisləti onu sövq edibmiş ki, Bakıda hərbçilərin övladları üçün pulsuz musiqi məktəbi təşkil etsin. Konservatoriyanın professoru ola-ola həm də konservatoriya nəzdindəki musiqi məktəbində dərs deyirmiş ki, istedadı olanları görmək, seçmək imkanı artsın. Onları görürmüş, seçirmiş, himayədarlıq edirmiş, öyrədirmiş, gələcək yollarını açmaqda yardımçı olurmuş.
Onun bəsirətli gözləri, təbii ki, vergili Vaqifi görməyə bilməzdi.
Konservatoriya ən üst, musiqi məktəbi ən aşağı mərtəbədə yerləşirmiş və Vaqif o dövrdə həmin məktəbdə G.Şaroyevin tək tələbəsi imiş.
Bu yaşlı ustad, bu işıqlı, bu xeyir saçan insan hər gün tək Vaqifə görə mərtəbələrin pillələrini ağır-ağır enirmiş, onunla yeni dərsini keçərək təzədən ağır-ağır yuxarı qalxırmış.
Və G.Şaroyev Vaqifə məktəbi bitirəndə “Əla” qiymət yazmışdı.
Professor G.Şaroyevin “Əla”sından etibarlı zəmanətsə olmazdı.
Məhz bu qədər nüfuzlu imzanın sayəsində Vaqif bədxahlıqla korlanmış attestatının yaratdığı maneəyə baxmayaraq, Asəf Zeynallı məktəbinə maneəsiz daxil ola bilir.
…1979-cu ildə Vaqif Mustafazadə Monakoda keçirilən qapalı, iştirakçıların hansının kim olduğu yalnız nəticələr elan ediləndən sonra bilinəcək beynəlxalq müsabiqədə dünyanın ən yaxşı caz musiqisi bəstəkarı mükafatına layiq görüldü.
Dünya onu xariqüladə caz musiqisi ifaçısı olmaqdan daha öncə rəsmən ən birinci caz bəstəkarı kimi qəbul və təsdiq etdi.
Azərbaycanda isə onu Bəstəkarlar İttifaqına qəbul etmirdilər və bu da Vaqifin daha bir ağrısı idi. Əsas bəhanələri də bu idi ki, ali musiqi təhsilin yoxdur, həvəskar bəstəkar sayılırsan, biz bura nizamnaməyə əsasən peşəkarları qəbul etməliyik.
İllər yox, onillərlə Bəstəkarlar İttifaqının üzvü olan həmin münsiflərin içərisində bir çoxları isə Vaqifin o vaxt yetişmiş olduğu ali peşəkarlıq və istedad səviyyəsinə nə o zaman yaxın idi, nə də sağ qalanları indiyəcən o ucalığa yetə bilib.
O münsiflərin hamısı anlayırdı ki, Vaqif zirvədir.
Amma son söz onların sözü, hökm haqqı onlarınkı idi.
Vaqif sənədlərini bir neçə dəfə təqdim edibmiş, hər dəfə də “yox” cavabı alaraq geri qaytarıblarmış.
Bəs bunca qabiliyyətlə niyə Vaqifin konservatoriya təhsili yoxdu?
Cövdət Hacıyevin rektor olduğu illərmiş. Vaqif İfaçılıq fakultəsinə imtahan verirmiş.
Həm yaradıcılığında, həm pedaqoji fəaliyyətlərində, həm də həyatda çox zabitəli olan Cövdət müəllim konservatoriyadakı qəbul imtahanlarına başqa bir ciddiyyətlə yanaşırmış. Müəllimlərin də, abituriyentlərin də məsuliyyətini artırmaq üçün qəbul imtahanlarında şəxsən iştirak edirmiş. Bəyəndiyi, ixtisasdan yaxşı qiymət alan gəncləri nəzarətə götürürmüş ki, hansısa qeyri-ixtisas fənnindən təsadüf ucbatından nisbətən aşağı qiymət alaraq müsabiqədən keçməmək, kənarda qalmaq təhlükəsi ilə üzləşməsinlər.
Vaqif daxil olur imtahan zalına və S.Raxmaninovun simfonik əsərlərindən birini ifa edir. Çaldıqca imtahan komissiyasının digər üzvləri də, Cövdət Hacıyev də razılıqla başlarını tərpədir, məmnunluqla bir-birlərinə baxırmışlar.
Qəfilcə, lap sonda Vaqif ifasını S.Raxmaninovda olmayan, o andamı içərisindən gələn, ya irəlicədən beynində hazır olan akkordla bitirir.
Cövdət müəllim bütün məziyyətlərindən əlavə, həm də dərin savadlı, klassik musiqini kamil bilən sənətkar idi.
Odur ki, həmin andaca reaksiya verir: “Axı axırda çaldığınız akkord əsərdə yoxdur”.
Vaqifdə hələ məktəb illərindən musiqidə özünə inam, daxili arxayınlıq, müstəsnalığını dərketmə duyğusu, istedad ərköyünlüyü vardı, ömrü boyu da bunlar onunla qaldı və başına da az bəlalar gətirmədi.
Parlaq istedadlara paxıllar, xəbislər birtəhər dözə də bilirlər, hisslərini üzə vurmamağa da çalışırlar, lakin sən bu istedadı nümayişkaranə şəkildə gözə soxanda, onlardan üstünlüyünü həm də elan edəndə daha səbirləri çatmır, hərəkətə keçirlər.
(Əlbəttə, bu düşüncələrimin həmin imtahan səhnəsinə aidiyyəti yoxdur, Cövdət müəllim özü də böyük idi, amma bu cizginin Vaqifin taleyində təsirli yeri olduğundan yada salmağı gərəkli hesab etdim).
Cövdət müəllim bir nəfəri göndərir ki, gedib kitabxanadan Sergey Raxmaninovun həmin əsərinin not yazısını gətirsin.
Açır göstərir Vaqifə: “Bax görürsən, sən çalan yoxdur burda, S.Raxmaninov elə yazmayıb”. Vaqif dillənir: “Mən yaxşı bilirəm Raxmaninovda o akkord yoxdur, bilirəm elə yazmayıb, amma elə yazsaydı, daha yaxşı olardı. Bəlkə də Raxmaninov bu əsəri indi yazsaydı, bu cür yazardı”.
Bu söz Cövdət Hacıyevi lap hövsələdən çıxarır. “İmtahan vərəqini bəri ver”.
Və yekə bir “2” yazır.
İlk imtahandan, ixtisasdan “2” almaq elə kəsilmək demək idi və Vaqif o il qalır kənarda.
Konservatoriyanın həmin dövrdə hər fakultəsinə girmək çətin idi, amma bəstəkarlıq ən prestijli, qəbul edilmək sarıdan fakultələrin ən mürəkkəbi sayılırdı. İldə bu fakultəyə 4 nəfər, hərdən də uzaqbaşı 1-2 nəfər artıq qəbul olurdu.
2 il keçir, inadkar, prinsipial Vaqif yenə konservatoriyaya qəbul olunmağa sənədlərini verir. Lakin daha ifaçılıq fakultəsinə deyil, ən çətin girilən bəstəkarlıq fakultəsinə.
Yenə dayanır Cövdət Hacıyevin qarşısında, yenə imtahan başlayır.
İlk imtahanda əsərlər çalır, gözəl çalır, ötən səfərki kimi cızıqdan qırağa çıxmır, qaydaların tələblərinə uyğun olaraq çalır və bəyənilir.
Keçən dəfədən özünü bir az da günahkar kimi hiss edən Cövdət müəllim sevinir: “Bax görürsən, işləyəndə, istəyəndə yaxşı təqdim edə bilirsən: “Əla”!
Vaqif o biri imtahanları da uğurla verir, olur bəstəkarlıq fakultəsinin yeni 4 tələbəsindən biri.
Və ilk sentyabr günlərindən birində əlində ərizə daxil olur rektor, SSRİ Xalq artisti Cövdət Hacıyevin kabinetinə.
“Cövdət müəllim, gəlmişəm xahiş edəm ki, məni konservatoriyadan azad edəsiniz”.
Rektor təəccüblənir: “Niyə?! Bu cür gözəl fakultəyə daxil olmusan, müəllimin də ya Qara Qarayev, ya mən, ya da Xəyyam Mirzəzadə olacaq”.
Vaqif qərarının səbəbini izah edir: “Bilirəm, Cövdət müəllim. Əgər Qara müəllim daimi Bakıda yaşasaydı, dərs versəydi, həvəslə onun sinfində oxuyardım, həmişə bunu arzulamışam. Amma o, ildə iki dəfə gəlir, ümumi göstərişlər verir, mənsə mükəmməl bilik almaq istəyirəm, formal olaraq təhsil almaq fikrim yoxdur. Sizinləsə keçən qəbuldan bir narazılığımız olmuşdu, bir az da müəyyən baxışlarımızda fərq var, amma şəxsiyyətinizə də dərin hörmət bəsləyirəm, qorxuram ki, sonradan aramızda nəsə incikliklər yaranar. Odur ki, sizin sinfə də gələ bilmərəm. Qaldı ki Xəyyam müəllim, bu halda da Qara müəllimi, sizi qoyub, onun sinfinə getsəm, düz alınmaz, onsuz da özüm bir çox şeyləri bilirəm, müstəqil də oxuyub öyrənməyi davam etdirərəm”.
Cövdət müəllimin öyüd-nəsihətləri, bu çılğın qərarından daşındırmaq təşəbbüsləri baş tutmur və Vaqif konservatoriyadan o ayrılan olur.
Amma qalib kimi ayrılır.
Buradakı ən yaxşı fakultənin tələbəsi olmaq haqqını və imkanını sübut edir və gedir!
Bu da Vaqifin bir başqa caz improvizəsi idi.
Düzmü etmişdi, səhvmi addım idi bu?
O nəhənglikdə istedadların, o təhər adilikdən uzaq şəxsiyyətlərin adi insanların meyarları ilə qiymətləndirilməsi məntiqdən kənardır.
Çünki o cür bənzərsizlərin oxşarsız sənətləri kimi, təkrarsız, özlərinə xas da məntiqləri olur.
…Həmin müdhiş 1979-cu ilin noyabrı idi, Azərbaycan radiosunda Vaqiflə müsahibəni yazıb studiyanın həyətinə düşürdük.
O vaxtlar AzTV-nin həyətinə, transformatorların yanına daim iri bir dəstə göyərçin yığışardı. İşçilər onlara yem də verdiyindən dönüb olmuşdular studiyanın göyərçinləri. Hərdən pərvazlanar, qayğısız-qayğısız süzər, yenə bura qayıdardılar.
Onların yanına çatanda Vaqif dalğınlaşdı: “Mən ömrüm boyu heç kəsə paxıllıq eləməmişəm, amma bunlara həsəd aparıram. İstədikləri vaxt uçurlar, istədikləri vaxt enirlər, bir kimsə də onlara demir elə uç, belə en. Amma bizə deyirlər”.
İndi daha o göyərçinlər də orada gözümə dəymir…
Vaqifin elə bu idarədə də bir istefa ərizəsi olmuşdu.
Televiziya və Radio Verilişləri Komitəsinin sədri də, Bədii Şurada tez-tez Vaqifin əsərlərinə, ifalarına, fonda qəbul edilməli lentlərinə qulp qoyan yetərincə nüfuzlu insanlar da çox vaxt əsassız, bəsit, cılız olan tənqidləri ilə onu bezdirmişdilər.
Səbir kasası onda daşmışdı ki, sədr Vaqifə: “Bu nə bığ-saqqaldır saxlamısan?! Efirə çıxırsan, qırxdır getsin. Başa düşmürəm sən bu bığla necə çay içə, çörək yeyə bilirsən”.
Dikbaş Vaqif kinayə ilə cavab vermişdi: “Marks kimi”.
Bu gözlənilməz sözlər marksist filosof olan sədri çaşdırmışdı.
Və Vaqif ərizəsini qoyub getmişdi…
…On səkkizinci əsrdə Azərbaycanın bir başqa Vaqifi də olmuşdu. Görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqif.
Zəngin bilik və füsunkar şair qələminə sahib olan bu insan haqqında xalq arasında indi də yaşayan zərbülməsəl var: “Hər oxuyan Molla Pənah olmaz!”
Bu müdrik və gerçək el sözləri Vaqif Mustafazadəyə də yaraşır: hər cazmen Vaqif Mustafazadə olmaz, hər pianoçunun barmaqları Vaqifinki qədər mahir olmaz, hər çalğı Vaqifin çalğısı qədər axıcı olmaz!..
Vaqif Mustafazadədən bizə və gələcək nəsillərə əbədi saxlanc olan səs incilərinin hər birini doymadan dəfələrlə dinləmişik, yenə də onlara yüzlərlə, minlərlə dəfə qulaq asacağıq.
İmprovizələr ustadı Vaqif Mustafazadənin yadigar ifalarında daha bir səs belə dəyişmir, daha Vaqif improvizələr etmir. Lakin hər dəfə çalğılarını yenidən dinləyəndə ilk dəfə eşidirmiş kimi həmin əsərlərin sehrinə düşürük, yenə məftun oluruq, yenə hər səs, hər gəzişmə bizə təptəzə, təravətli gəlir.
Vaqif Mustafazadə möcüzəsinin, Böyük Sənətin sirri, sehri və hikməti də elə bunda – köhnəlməzlikdə, əbədi təzəlikdə, daim ÖRNƏK ola bilmək qüdrətindədir!
…Orada, indi Vaqifin olduğu əlçatmazlıqda royal varmı-yoxmu, – bilmirəm.
Amma buna mütləq əminəm ki, aləmi gözəllik qanunları ilə yaratmış, Özü də gözəl olan Allah xəlq etdiyi nemətlərin ən ülvilərindən olan musiqini sevməyə bilməz.
Həmişə 39 yaşında qalacaq Vaqif orada illərdir ki, çalır, bizim eşitmədiyimiz cənnət improvizələrini edir.
Vaqif Mustafazadə (1940-1979) Azərbaycanın görkəmli bəstəkarı, pianisti və musiqi xadimidir. O, caz musiqisinin Azərbaycanda inkişafına mühüm töhfələr vermiş, həmçinin beynəlxalq arenada Azərbaycanın musiqisini təmsil etmiş bir şəxsiyyət kimi tanınmışdır. Vaqif Mustafazadə 1940-cı ilin 16 martında Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. Musiqiyə olan marağı çox erkən yaşlarında başlamışdır. İlk təhsilini Bakıdakı musiqi məktəbində alıb və sonra Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunub. Burada caz və klassik musiqi təhsili almış, özünü həm pianoçu, həm də bəstəkar kimi inkişaf etdirmişdir. Vaqif Mustafazadə, ilk növbədə, caz musiqisi ilə tanınır. O, Azərbaycanda və keçmiş Sovet İttifaqında cazın populyarlaşmasına böyük təsir göstərmişdir. O, caz musiqisinin ənənəvi elementlərini Azərbaycan xalq musiqisi ilə birləşdirərək, yeni və bənzərsiz bir üslub yaratmışdır. Bu üslub sonradan “Azərbaycan cazı” kimi tanınmışdır. Onun əsərlərində xalq musiqisinin motivləri ilə cazın improvizə edilmiş elementləri ustalıqla birləşmişdir. Vaqif Mustafazadənin ən məşhur əsərlərindən biri “Leyli və Məcnun” adlı caz orkestrası üçün bəstələnmiş bir kompozisiyadır. Bu əsər Azərbaycan xalq dastanına əsaslanır və caz ilə sinfonik musiqinin qeyri-adi birləşməsini nümayiş etdirir. “Leyli və Məcnun” həm musiqiçilər, həm də dinləyicilər üçün unudulmaz bir təcrübə təqdim edir. Vaqif Mustafazadə yalnız Azərbaycanda deyil, həm də dünya miqyasında tanınan bir bəstəkar olmuşdur. O, bir çox beynəlxalq caz festivalında iştirak edib və Azərbaycan cazını dünya səhnəsinə tanıtmışdır. Həmçinin, onun ifaları müxtəlif ölkələrdə yüksək qiymətləndirilmişdir. Vaqif Mustafazadənin həyatının ən kədərli tərəfi onun erkən ölümüdür. 1979-cu ildə cavan yaşlarında, yalnız 39 yaşında dünyasını dəyişmişdir. Onun ölümünün səbəbi sağlamlıq problemləri ilə əlaqələndirilir. Bu, Azərbaycan musiqi dünyası üçün böyük bir itkidir, çünki Vaqif Mustafazadə hələ də çox gənc yaşlarında idi və musiqi karyerası hələ böyük uğurlar qazanmamışdı. Vaqif Mustafazadə, Azərbaycanın musiqi dünyasında çox mühüm bir yer tutmaqdadır. Onun əsərləri hələ də caz musiqisi ilə maraqlananlar üçün ilham mənbəyidir. Bütün dünyada onun caz və Azərbaycan musiqisinin birləşməsi ilə yaradılmış unikal üslubu çox yüksək qiymətləndirilir. V. Mustafazadənin musiqisi, onun anadan olduğu xalqın musiqi irsini zənginləşdirən və dünyaya tanıdan bir yadigar olaraq qalacaqdır. Vaqif Mustafazadə, Azərbaycan musiqisinin inkişafında və caz musiqisinin təbliğində müstəsna rol oynamış, öz əsərləri və ifaları ilə həm ölkə daxilində, həm də beynəlxalq səhnədə böyük izlər qoymuş bir sənətkardır. Onun yaradıcılığı, musiqi dünyasında özünəməxsus bir yer tutmağa davam edir və gələcək nəsillər üçün böyük bir ilham qaynağı olacaqdır. Bu il Vaqif Mustafazadənin 85 illiyi qeyd olunur və bu, onun zəngin musiqi irsini bir daha dəyərləndirmək üçün mühüm bir fürsətdir. 85 il əvvəl dünyaya gəlmiş bu görkəmli bəstəkar və pianist, Azərbaycanın musiqi mədəniyyətinə misilsiz töhfələr vermişdir. Onun yaradıcılığı yalnız caz musiqisi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycan xalq musiqisinin zəngin ənənələrini dünya səhnəsinə daşıyan bir körpü rolunu oynamışdır. Vaqif Mustafazadənin musiqisi, keçən illərə baxmayaraq, hələ də aktuallığını qoruyur və bu gün də yeni nəsillər tərəfindən sevgi və hörmətlə dinlənir. Onun əsərləri, müasir cazın Azərbaycan mədəniyyəti ilə necə harmoniya yaratdığının canlı nümunəsidir. Bu əlamətdar ildönümündə, onun xatirəsi və musiqisi daha geniş kütlələrə tanıdılaraq, gələcək nəsillərə ilham verəcəkdir. Vaqif Mustafazadə, musiqisi ilə Azərbaycanı beynəlxalq aləmdə tanıdan bir simvol olaraq, hər zaman xatırlanacaq və onun adı caz tarixində öz layiqli yerini alacaqdır. 85 illiyi münasibətilə keçiriləcək tədbirlər və konsertlər, onun sənətini daha da geniş bir auditoriyaya tanıtmaq və onun irsini yaşatmaq məqsədini güdür.
Müəllif: Cahangir NAMAZOV, “Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Əyri-üyrü küçələrinin daş döşəmələrində addım səsləri, məhəccərlərinin qıvrım-qıvrım naxışları, böyük şəhərin hay-küyünün içində sükut adası, məhəllə məscidlərinin minarələrində yuva qurmuş göyərçinlər… həzin, eyni zamanda şaqaraq notların vəhdətində nəğmə İçərişəhər. Beş əsrlik daş yaddaşındakı susqunluğu və bu susqunluğun içindən haraylanan hayqırtı İçərişəhər. XX əsrin 60-cı illərində çoxlarının duyub, hiss etdiyi bu ecazkarlığı musiqinin dilində səsləndirmək Vaqif Mustafazadə cəhdində sadəcə cəhd olmadı. Vaqif barmaqlarından piano dilləri dil açıb oxudu. Onun qayğıların ağuşunda keçən uşaqlığını, atasızlığnı, ilk gəncliyini, sevgisini və əlbəttə sakini olduğu İçərişəhrin bənzərsiz nəğməsini. Vaqif barmaqlarının sehrində səslənən notlar yaradıcı ruhu ilə yanaşı duymaq, İçərişəhərin yaranışdan divarlarına, daşlarına hopmuş huzuru musiqinin dilində danışdırmaq bacarığı ilə qoşalaşıb özünə qədərki ənənlərinin üstə yaranan yeni sənət, yeni yol, yeni məktəb idi. Vaqifin sənət gerçəyi gerçəklərin içində nağıl, nağılların əhatəsində gerçək olmaqla dinləyici ruhunu özündən qoparıb haralarsa uzaqlara aparır. Zillə bəmin arasındakı keçidlərin tilisimində tilisimlənib qalan dinləyicisi Vaqif sənətinin möcüzəsində ayaqları yerdən üzülmüş kimi çəkisizliyə düşür. Sirli, sehirli nağıl dünyasında öz nağılının, öz xatirəsinin əhatəsində bəstəni də, ifanın da məhz onun həyat hekayəsi olduğunu sanır. Həsrətdir, xatirədir, köks ötürməkdir, ümidir, çağrışdır, şahə qalxıb öz nəhrinə üsyan edən, sakitləşib sevgili sahillə öpüşən dalğadır Vaqif ifası. Ana laylasının şirinliyi, ürək sızladan ağının acısıdırVaqif bəstəsi. Vaqif üsyan edirdi. Kimə, nəyə etraz edirdi? Dövrünün buxovlarınamı, onu başa düşməyənlərəmi, bəlkə dünyaya tez gəldiyinə? Təkcə bəlli olan o idi ki, onun içindən etiraz kükrəyirdi. Saysız-hesabsız araşdırmaçılar, musiqişunaslar yaradıcılığını caz, caz-muğam vəhdəti adlandırdı. Qoy nə deyirlər, necə tədqiq edirlər etsinlər. Bir həqiqət var ki, Vaqif özünü, ürəyinin səsini köçürürdü nota, Vaqif içindəki təlatümləri,etirazları hayqırırdı. İfası qəlbinin səsi idi. Notlar onun ürəyindən qopurdu. Sənət ehtirası, mütüliyə qarşı cəng, haray not-not canından can qoparırdı Vaqifin. Hər ifasından sonra ürəyinin bir parçası ayrılıb ürəyindən alqışlara qarışırdı. Bütün çətinliklərə, qarşısına çəkilən sədlərə baxmayaraq gələcəyə ümidli idi. Nə vaxtsa onun gələcəyinin gələcəyinə inanırdı. Gözləyirdi. Gözlədiyi zamanına qovuşmaq üçün tələsirdi. Ona qarşı çıxanlar, səhnə tərzinə etiraz edənlər çox olsa da, lap hərdən hər şeyi ürəyinə salsa da öz yoluna davam edirdi. Amma ömrünün qırxıncı baharına çatmamış fələk ömür yolunu kəsdi. Amansızcasına, elə səhnədəcə. Barmaqları royalın ağ-qara dilləri üstündə hərəkətsizləşdi. “Əzizəni gözləyərkən” ifası yarımçıq qaldı. Yarımçıq ömür, yarıçıq ifa…
VAQİF MUSTAFAZADƏ (Vaqif Mustafazadənin 85-illiyinə) Dağların harayı, qayada naxış, Sonsuz kəhkəşanda sədadı Vaqif. Qədim dünyamıza yeni bir baxış, Hər yeni kəlmədə nidadı Vaqif.
Yuvası Xəzərin lap qucağında, Qonşu doğulubdu Qız qalasına. Hənirti hələ də var ocağında, İz açıb yeganə qız balasına.
Əzizə varisdir, tanıyır cahan, Vaqifi yaşadır yadigarı Han. Ocağı ziyadar olubdu, Vaqif! Müəllif: Zaur Ustac Elan: “Yazarlar” jurnalının Mart – 2025 (51)-ci sayı Vaqif Mustafazadənin 85 illiyinə həsr olunacaq. Növündən, janrından, tipindən asılı olmayaraq fevral ayının 20-sinə qədər mövzuya uyğun yazıları zauryazar@mail.ru ünvanına göndərə bilərsiniz. Əlavə heç nə tələb olunmur.
Vaqif Mustafazadə – bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi
Vaqif Mustafazadə (Vaqif Əziz oğlu Mustafazadə) 16 mart 1940-ci ildə Bakı şəhərində İçəri Şəhərdə anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O yerli məktəbdə musiqi müəlliməsi idi.
1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur. İlk məşhurluqda elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir.
1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının (“Tallin-66”, “Tbilisi-78”, Monte-Karlo) laureatı olmuşdur.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra 100-lərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından vətənə “Ağ royal” mükafatı ilə qayıdır və növbəti konsertlərinə hazırlaşır.
Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.
1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
O, 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat etmişdir. Bakıda dəfn olunmuşdur.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
SEVİN, A TƏBRİZ! Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
SEVİN, A TƏBRİZ! Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
ARAZ Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…
* * * Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın? * * * Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür… * * * Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik… * * * Nəsimi nəşi Hələbdə, Füzuli hərəmdə qalıb… Babəkin ruhu sərgərdan, Bəzz qalasın duman alıb… * * * Suyumu daşla boğurlar, Daşımı suyla yuyurlar… Xudafərin, Urmu incik, Bizləri bizsiz qoyurlar… * * * Şah babam yol ortasında, Koroğlu göylərdə gəzir… Bizi, bizdən ayrı salan Nadanlıq ruhumu əzir…
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir! * * * Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə… * * * Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm! * * * İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla… * * * Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi… * * * İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə… * * * Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq… * * * Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün! * * * Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
TUNCAYA
(Tuncayın timsalında !!!)
Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi * * * Xəzəri ortaya düz qoyub nişan, Boynuna dolanan Hilal sənindi! Ən uca zirvələr, ən dərin göllər Ormanlar, dəryalar, düzlər sənindi! * * * Tanrının payıdı, lütf edib sənə, Tanrıya sarsılmaz inam sənindi! Ataya, Anaya, qocaya hörmət Sirdaşa sədaqət, güvən sənindi! * * * Zamanla hökm etdin tüm yer üzünə Hakimiyyət sənin, höküm sənindi! Aman istəyəni kəsmədin heç vaxt, Ən böyük ədalət, güzəşt sənindi! * * * Unutma ki, lap binədən belədi, Mərhəmətli, yuxa ürək sənindi! Xilas etdi, bağışladı ənamlar, Yamana yaxşılıq, ancaq sənindi! * * * Döyüşdə, düşməni alnından vuran, Süngüsü əlində ərlər sənindi! Savaşda, uçağı kəməndlə tutan, Qüvvəsi qolunda nərlər sənindi! * * * Dəli-dolu Türk oğullar cahana Bəxş etdiyi şərəfli ad sənindi! Adı gəlsə, yeri-göyü titrədən Qorxu bilməz, şanlı əsgər sənindi! * * * Çöldə simgə etdin Qurdu sancağa, Kəhər Atın ən yaxşısı sənindi! Ay-yıldızı nişan tikdin Bayrağa, Zəkalar, dühalar tümü sənindi! * * * Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.