Etiket arxivi: XALİQ RƏHİMLİ

Xaliq Rəhimli – Məclis dolması

Məclis dolması
(hekayə)

Dostluğa təzəcə başladığım tanınmış yazıçı Amil Həsrət buğu tavana dırmaşan qaynar qazanda pörtləmiş kələmlərdən ərinməz-yorulmaz, qəribə bir həvəslə dolma bükürdü. Və dolma bükə-bükə də maraqlı olsun deyə üzünü mənə tutub ədəbiyyata aid suallar verirdi. Sualı elə tez-tez verirdi ki, kobud hesablasaq təxminən hər dolmaya demək olar bir sual düşürdü. Arada “qazan” sualları da verirdi:
-Necədi, bükə bilirəmmi,məndən aşpaz olarmı ,ürəyin nə istəsə bişirə bilirəm, xaşın vaxtı gəlir inşallah barmaqlarını yalamasan adımı dəyişərəm ,- deyib üzümə diqqətlə baxırdı. Mənə elə gəlirdi ki, ədəbiyyatdan daha çox “qazan” söhbəti ona maraqlı gəlirdi.
-Düzünü de ,bir şey bacarırammı?
-Əlbəttə,əlbəttə -düzünə qalsa sizin bu qədər mətbəx bacarığınız mənim ağlıma gəlməzdi…
Belə deyəndə Amil müəllim sanki ədəbiyyat suallarına güzəştə gedirdi. Gülümsəyə-gülümsəyə bükdüyü dolmanı səliqə ilə köhnə qulpuqırıq qazana düzürdü. Mən yorğunluqdanmı , nədənmi ,bir qədər düşünmək tələb edən ədəbiyyat suallarını cavablandırmağa çalışırdım amma çatdıra bilmirdim. Nizamini tamamlamamış Nəsimidən sual verirdi.

Sən, çoxdandı ədəbiyyatla məşğul olursan ,babat şeirlərin var amma nədənsə dünyagörüşün məni qane eləmir. Elementar suallarda çaşıb qalırsan…- İncimirsən ki, -bir az sərt dedim.
İnciyəsi halda deyildim . Gözüm Amil müəllimin üzündə yox əlindəydi. Məni maraqlandıran onun dəfələrlə təkrarladığı suallardan daha çox illərin arvadı kimi səliqə-sahmanla dolma bükməyiydi. Pörtləmiş kələmi qaynar sudan necə çıxarıb açması, farşı eyni bölgüylə arasına qoyub bükməsi ,səliqəylə qazana düzməsi verdiyi ədəbiyyat suallarından daha maraqlı gəlirdi mənə. Hələ arada qurtum-qurtum içdiyi “efes” pivəsinin təsir gücü onun mənə verdiyi “ədəbi -bədii” suallarının fəlsəfəsini bir az da artırırdı .
–Mən elə bilirdim sənin kifayət qədər biliyin var. -Sən heç öz dahilərimizi düz-əməlli tanımırsan, o da ola ki, dünya ədəbiyyatına çıxaq, -deyən Amil müəllim zarafatqarışıq məzəmmətindən də qalmırdı. Çox şeyləri yadıma sala bilmirdim. Sanki bildiklərim də qazanın buxarına qarışıb mətbəxin bacasından havaya yayılırdı. Nə srri-billahdısa dolmadan başqa gözümə heç nə görünmürdü. Elə bil həyatın ən çətin sualları bir qazan dolmadan keçirdi. Həmin an dünyanın dahiləri bu mübarək qazanın başına yığılsalar belə yenə də Amil müəllimin dolma bükən barmaqlarını axtaracaqdım. Və hələ ki, belə vaxtda nəinki ədəbiyyat, dünyanın özü mənə bir qazan dolmadan başqa bir şey deyildi…
Amil müəllim elə bil ürəyimi oxudu.
–Darıxma ,-darıxma bu saat hazır olacaq,- görürsən də qardaşın nələr yaradır.İş təkcə roman yazmaqla bitmir, gərək biş-düşü də bacarasan.

Məndə də az yoxdu, acqarına sual-sual dalınca,əlbəttə ki, cavab gəlməz. O suallar elədi ki, gərək qarın tox ola, beyin,yaddaş normal işləyə. Qurtum-qurtum “efes” pivəsi də öz yerində. Amil müəllim səliqəylə çörək dilimlədi ,xiyarı, pamidoru nazik-nazik doğrayıb çoban salatı düzəltdi. Yağlı-buğlu dolma qazanını iri boşqaba əndərib süfrəyə qoydu,- çək ,soyutma, iştahla ye ,həm də fikrin maraqlı olar, -dedi. Dolmanın ətri evi bürüdü. Bir-iki loxma yeyəndən sonra -əladı ,çox əladı ,lap məclis dolmasıdı , sözünüzün duzu kimi əlinizin də duzu varmış,-dedim… Amil müəllim fərəhlənmək əvəzinə gözlənilmədən doluxsundu, qəhərləndi. -Ürəklənib ,-mən təkcə povest, hekayə yazmıram ,həm də xeyli vaxtdı qazan qarışdırıram, – dedi… Üzündəki təbəssümlü kədər isti dolmanın buğuna qarışıb otağı dörd dolandı, divardan asılan xatirə şəkillərinə çökdü, hərlənib-fırlanıb təzədən Amil müəllimin baxışlarına qondu. Bir növ adətkarda olduğu nisgili qovmaq üçün pivədən qurtumladı. “Qəm dərmanını” içən kimi kədəri yox oldu ,üzündə qəribə gülüş əmələ gəldi. Qurtumnan-qurtuma gülüşü çoxaldı ,çoxaldı dəli bir şaqqanağa çevrildı. Əlini çiynimə şappıldatdı.- Ə, zalım balası niyə yemirsən , gül kimi dolmanı soyudursaan, pivəni də zəif içirsəəən!… Mən nədənsə süfrədən gözümü çəkib Amil müəllimin gülüşünün altında gizlənmiş kədəri axtarırdım. Bu kədər həm də nakam taleyindən ona yadigar qalmışdı .O boyda sevgidən bir ovuc kədər. Burası da maraqlıydı ki ,budaqda çox qalmayan sərçə kimi həmin o kədər Amil müəllimin üzünə qonmağıyla qeyb olunmağı bir oldu. Kədərin sarı rəngi bir anın içindəcə üzündən-gözündən çəkildi. Amma ilk dəfəfəydi ki, kədərin insana bu qədər gözəl yaraşdığını hiss elədim…

Müəllif: Xaliq RƏHİMLİ

XALİQ RƏHİMLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ədəbiyyatda müxtəlif cür “tanınmaq” var.

“Karamazov Qardaşları” əsərinin qaralaması

Tanınmaq haqqında

Ədəbiyyatda müxtəlif cür “tanınmaq” var. Ədəbi mühitdə tanınmaq, əsasən hay-küy hesabına. Xalqın sənnən xəbəri yoxdur amma sən xalqın adından püskürürsən, od-alov saçırsan. İmza günü keçirirsən. Bir az qohum -əqrəba, bir az dost filan. Nişana oxşar bir şey. Elə bil söyüş qoyublar ki, tənqid olmaz. Saxta təriflər,saxta alqışlar,ət-tökən çıxışlar. İştirakçılar səbəbkara azərbaycan ədəbiyyatında özünə məxsus yer axtarırlar, və asanlıqla tapırlar. Az keçmir ki, yüz səhifəlik şeri haqqında üç yüz səhifəlik kitab yazırlar…
Var imzasından tanınmaq. Yəni əsərinin effektinin zəif olmasından asılı olmayaraq ona-buna imkan vermədən adının tez-tez görünməsi və zorən yaddaşa pərçim olunması. Buna deyirlər imzasından tanınmaq. Yəni heç bir yazısı ,sözü yadda qalmadan sadəcə adı, təxəllüsü çox hallandığından, gözü döydüyündən imzasının yadda qalması . Filan şairi tanıyırsanmı-soruşanda ,-hə, imzasını tanıyıram -deyir…
Var şəklindən tanınmaq. Yəni şerindən xeyli böyük olan şəklinin oxucunun gözünü döyməsi ilə yadda qalmaq. İri “mənalı” şəkil adətən səif yazını ört-basdır eləmək üçün nümaiyş etdirilir. Əlbəttə bunu istedadlı mətnin mövzusuna uyğun hər hansı mənzərənin və müəllifin şəklinin qovuşuğundan alınan təbii bədii kompozisiya ilə qarışdırmaq olmaz. Musiqi sahəsində olduğu kimi ədəbi qalmaqalla yadda qalmaq, tarixi şəxsiyyətlərə, haqq dünyasında uyuyan şair və yazıçıların ruhuna sataşmaqla, nəhayət onların varisləri ilə ədəbi şounu davam etdirməklə tanınmağa çalışanlar var.Özünü tanımayanların özünü tanıtmaqları daha tragikomik görünür. Əllaməçiliklə məşğul olub ədəbiyyatdan əbədiyyətə can atanlar daha qorxuncdur.
Var sözündən tanınmaq. Bax bu tanınmağın ən mübarək ,ən ali mərhələsidir. Yazdığı sözdən yazarın bütün əlamətləri görünür. Şəkli, xarakteri, şəxsiyyəti, dünyagörüşü və s. Çalışın sözündən tanınanlardan olun əziz dostlar!

Müəllif: Xaliq RƏHİMLİ

XALİQ RƏHİMLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xaliq Rəhimli – Oxumağa dəyər…

Oxumağa dəyər…

Bədii əsər əvvəl istedadın sonra zəhmətin məhsuludur. Mövzunun aktuallığı, qeyri-adiliyi hələ hekayə deyil . Olsa-olsa məlumatdır, informasiyadır. Mövzu o zaman sənət əsəri olur ki, bədiilik, obrazlılıq, təxəyyül qatqısı və digər yaradıcılıq normativləri yazıçı tərəfindən mətndə təmin olunsun. Bunlarsız qələmə alınan mövzu, hadisə olsa-olsa əhvalatın sadə nəqlidir. Hadisənin adi təsviri maraqlı ola bilər, kimisə düşündürər ,ağladar ,güldürər, amma yenə bədii əsər deyil. İstedadla yazılan bədii mətn ilk cümləsindən bəlli olur. Ədəbiyyat cümləsi bir başqadı. İstedadın enerjisi bir başa sözün iliyinə işləyir, siqlətini,sanbalını ,təsir gücünü artırır. Bəzən Vətən haqqında yazılan bədii mətn qarışqadan yazılan hekayədən zəif ola bilər. Əsas məsələ burda Vətəni qarışqanın ayağına vermək deyil ,mövzunun nə dərəcədə sənətkalıqla işlənməsidir. Yəni sənətkarlıq mətnin bədii gücündədir. Bədii əsərə qiymət vermək üçün mövzu aktuallığı arxa plandadır. Bədii həll isə ön planda. Amma istedada heç nə çatmaz. Necə deyərlər ,özünü göyə qaldırıb yerə çırpmaqla deyil. Belə olmasaydı ədəbiyyatı “söküb yığan” tənqidçilər ən yaxşı yazıçı yaxud şair ola bilərdilər…

Müəllif: Xaliq RƏHİMLİ

XALİQ RƏHİMLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

XALİQ RƏHİMLİNİN ŞEİRLƏRİ

XALİQ RƏHİMLİNİN YAZILARI

AĞ VƏRƏQƏ…

Ağ vərəqə baxa-baxa
Gözlərimin ağı gedir.
Bircə misra yazanadək
Ürəyimin yağı gedir –
Nə çətinmiş şair olmaq!
Dedim bəlkə yaza-yaza
Tanrının yadına düşdüm.
Mən bilməzdim şeir nədi,
Bir qızın oduna düşdüm –
Nə çətinmiş şair olmaq!

Gərək dərd əhli olasan,
Hər dərdə dözmək çətindi.
Havadan yazmağa nə var,
Ürəkdən yazmaq çətindi –
Nə çətinmiş şair olmaq!

Üzümü göylərə tutub
Mən səndən söz diləmişəm.
Ey Tanrım, əfv elə məni,
Bəlkə günah eləmişəm?!.
Nə çətinmiş şair olmaq…

***

Hələ pəncərədən baxırsan mənə,
Məni nakam qoymaz xoş ümidlərim.
Bir gün ürəyimnən boylanarsan sən,
Deyərsən: – Necə də gözəldir yerim…

***

Görüşdükcə anlamışam:
Vədə nəymiş, bu vaxt nəymiş.
Mən o gündən inanmışam:
Qismət nəymiş, bu bəxt nəymiş
Sevginin təzə vaxtında

Naz havasıyla doluydu
Ev-eşiyim, qapım-bacam
Yaman arxayın küsürdün
Bilirdin ki, barışacam
Sevginin təzə vaxtında

Nə həsrət yaxın gəlirdi,
Nə də qəlbimi sıxırdı.
Bircənəfəsə yazırdım
Şeirim də yaxşı çıxırdı
Sevginin təzə vaxtında
İkimiz tanış olmuşuq,
Yenə də ikimiz qaldıq.
Mən deyirəm, nə yaxşı ki
Xeyir-duamızı aldıq
Sevginin təzə vaxtında…

***

Gözdən itdiyimiz yerdə
Günah etdiyimiz yerdə
Haqqa getdiyimiz yerdə
Dünyada azıb yaşarıq.

Buluda meydan sularıq,
Gah boşalar, gah dolarıq.
Gah əhdə sadiq olarıq,
Gah da ki pozub yaşarıq.

Nə oturub fələk gözlə,
Nə göylərdən mələk gözlə.
Bəxtimizi əlimizlə
Özümüz yazıb yaşarıq…

Müəllif: Xaliq RƏHİMLİ

XALİQ RƏHİMLİNİN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xaliq Rəhimli – Qırmızı yuxular

XALİQ RƏHİMLİNİN YAZILARI

Qırmızı yuxular

(Azadə Novruzovanın “Sən mənim ağ kitabım” şeirlər,esselər kitabı ətrafında düşüncələr)

Azadə Novruzovanın şeirləri uzun ,intəhasız  yola bənzəyir.Bu yolun başlanğıcı və sonu yoxdur.Yalnız əvvəli və sonu olmayan yolları poeziya yoluna bənzətmək olar.Məhz başlanğıcı və sonu bilinməyən yollar poeziya üçündür.Ünvanı məlum olan,mənzil başına çatan yollarda poeziya qurtarır.Bu ünvansız yollar öz mənbəyini xəyallardan ,xatirələrdən başlayır,yağışda islanır,yuxularda azır,kədər dumanını yarıb keçir,həsrətə əlvida deyir,sevincin üzünə gülür və son nöqtəyə doğru” şütüyür”.Son nöqtədən isə qürbətdə qalan vətən qoxusu gəlir:

Ümid doğur o uzaq nöqtə,

Dözülməz sancı çəkir o uzaq nöqtə…

Məndən məni doğur…

O uzaq nöqtə…

Bu misralar son nöqtəyə çatarsa ,oradan yeni yollar başlayar.Sevinci,şadlığı  dünyaya ,aya günəşə ,ulduzlara daşıyan poeziya yolu…Azadə Novruzovanın poetik “marşrutu” dəqiq belədir.Yol onun şeirlərinin boyuna biçilib.Hər şeiri yeni bir yoldur ,-yolçu yolda gərək –deyib atalar:

Uzaq yollara çıxdım

Bəlkə azdıram dərdi…

***

Yolda bir yürüyənlər

Nədən olsunlar yoldaş?

Yoldan ayrılar yollar…

 Bunu düşünmədin heç?

Poeziya gah daş kimi möhkəmdir ,gah da qu tükü kimi yumşaqdır. Sözün daş üzü daha sərt olur. Amma şairənin şeirlərində  ipək yumşaqlığı, meh həzinliyi var.Xüsusən lirik hisslər ,duyğular şairənin ürəyindən  sözə, sözdən isə şeirə çox rahat süzülür. Kədərli ,hirsli ,qəmgin notlar  şeirə çevriləndə belə ,misralar sevinclə qolboyun olur,ümidə, insafa qucaq açır.Şairiən  mövzuları ənənəvidir amma ifadə tərzi özünə görə fərqlidir.Şeirləri poetk ruhludur.Hansı ki ,o poetik ruh,poetik qatqı ilk oxunuşdan özünü biruzə verir.Azadə Novruzova yaradıcılığında iddiasızdır.Gücü çatan qədər yazır.Necə deyərlər sözə su qatmır,ona görə də ifadə elədiyi bədii nümunələr təbii alınır;

Köçəri quş kimi gəldin ömrümə

Dimdiyində gətirdin xoşbəxtliyi.

Bu günümə dadızdırıb,

Tamarzı qoydun sabahımı.

Quşlar bəlli zamanlarda köç edər,

 Sənsə qəfil etdin bunu

Solmamışkən çiçəklər…

***

Şairənin şeirlərində nifrətin imkanları sevgidən qat-qat aşağıdır.Ayrılığın  əli sevginin ətəyindədir. Nə qədər uzaqlaşmaq istəsə da sevginin cazibə qüvvəsindən kənara çıxa bilmir. Belə ayrılıqlar elə də güclü nifrət püskürmür.Sevgililər arasında çəkişib bərkişməyə xidmət edir. Kədər isti əllərə qonan qar kimi tez əriyib yoxa çıxır… Azadə xanımın həyata baxışında qəribəlik, həm də anlaşıqlı bir mücərrədlik var.Bəzən obrazın elə yerindən vurur, deyirsən – əşşi burda nə var ki…Bir az keçməmiş obraz özü heç bir izaha ehtiyac olmadan düşüncənə yerləşir.Belə olan halda şairin poetik fəndi ilə razılaşmalı olursan.

Deyirəm ay olum, il olum ,saralım, solum.

 Bir şirin yuxuda qonağın olum

 Yar, sənin dilində gileyin olum.

***

uyusun qırmızı məzarında,

qırmızı yuxularımın qırmızı sonu…

***

Saçların ayrılıq rəngində, gözlərin dəniz.

 Ayrılıq olmasın adın…

Yandım ayrılıqlar alovunda,

Kül oldum, gülüm…

***

Azadənin şeirlərində vətən dərdi fərdi dərddən seçilmir.Əslində vətən dərdi insan dərdlərinin toplumudur.Vətənin ağrılarını şair özündə hiss eləməsə təsirli şeir yarana bilməz .Zatən də şairənin qəlbində hələ kiçik yaşlarından yurd ağrısı ,Zəngəzur nisgili özünə yuva qurub.Sonralar bu ağrı acıların üstünə Qarabağ ağrısı ,Xocalı faciəsi əlavə olunub.Şairə ürəyində meydan sulayan ,taleyinin qəsdinə duran bu ağrılara sözlə məlhəm eləyib.Misralara yüklənən ağrı -acılar Vətənin harayına qoşularaq haqqın dərgahına üz tutublar .Bəndələr eşitməyən səsi gec də olsa Tanrı eşidib.Qarabağ işğaldan azad olunub,şairənin nisgili azalıb.Amma əcdadlarının uyuduğu torpaqda ruhların harayı göyün yeddinci qatını çoxdan ötüb keçib.Ola bilməz ki ,Tanrı  uzun sürən bu möhtəşəm harayı da eşitməsin.İnşallah:

Allah qapın hardadı

Yolumu ordan salım…

***

Əzizim kəsə gəlləm,

 Çay üstdən kəsə gəlləm.

Dərdim Vətən həsrəti,

Hay verib, səsə gəlləm…

Müəllif: Xaliq RƏHİMLİ

XALİQ RƏHİMLİNİN YAZILARI

AZADƏ NOVRUZOVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN XALİQ RƏHİMLİNİN AD GÜNÜDÜR!!!

Xaliq RƏHİMLİ ŞAİR.
AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün gözəl insan, əsl ziyalı, tanınmış şair Xaliq Rəhimlinin doğum günüdür. Bu münasibətlə sevimli şairimizi təbrik edir, Uca Yaradandan can sağlığı, uzun ömür, bütün işlərində müvəffəqiyyətlər arzu edirik… Ad gününüz mübarək, Xaliq müəllim!!! Uğurlarınız bol olsun!!!

Xaliq müəllimin özünün bu gün münasibəti ilə dilinə gələnlər:

Ömrün də yazı olurmuş
Amma mən qış görə bildim
Ürəyim istəyən kimi
Nə də bir iş görə bildim
Mən yaşımnan utanıram

Taleyim bir şum misallı
Ömrümü ot ,alaq basdı
Çox şeyi bilmirsən dostum
Tərifləmə məni, bəsdi
Mən yaşımnan utanıram

Deyirlər su gələn arxa
Bir də gələr əvvəl axır
Yarımçıq qalan arzular 
Üzümə həsrətlə baxır
Mən yaşımnan utanıram

Nə qədər bəd günüm olub
Nə qədər şad günüm olub
Yelə verdiyim illərdi
Yığılıb ad günüm olub
Mən yaşımnan utanıram…

Müəllif: Xaliq RƏHİMLİ

XALİQ RƏHİMLİNİN YAZILARI



Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru