Etiket arxivi: XUDU MƏMMƏDOV

… o alim deyilmiş, peyğəmbərimiş…

O günü mən getmişəm qəbir üstə, ağlamışam, ayılmamış, görürəm iki qadın durub yanımda. Onlar mənə deyirlər ki, niyə özünü öldürürsən ki? Biz neçə illərdi burda işləyirik, ancaq hələ belə ölüm görməmişik.

Danışdılar ki, dünən Dağıstandan bir qoca arvad gəlib onun məzarının başına hərlənirdi. Onun yanına gəlib soruşduq ki, sən kimsən? Dedi:

Məni oğlum gətirib bura. Oğlum üç il qəbul imtahanından kəsilib. Dördüncü il bileti çəkib, bilib. Deyiblər ki, bilmirsən, çıx.

Ağlaya-ağlaya çıxanda yolda bir kişi görüb bunu. Deyib niyə ağlayırsan? Oğlum deyib ki, üç ildi kəsilirəm, bildim, yenə qaytardılar məni.

O oğlanı qaytarıb aparıb univerisitetə. Özü oturub imtahanda. Oğlum çəkib bileti, bilib, qəbul eləyiblər onu.

Uşaq deyib ki, o alim imiş.

Anası deyib: “A bala, o alim deyilmiş, peyğəmbərimiş. Məni apar onun məzarının başına hərlənim”

Ay bacı, onu ağlama sən, o cür ölüm görməmişik, nə qədər millət gəlir onun üstünə.

Məhbubə xanım Əzimova – Xudu müəllimin bacısı. “Xəzər” dərgisində gedən yazıdan bir parça.

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bəxtiyar Vahabzadə

ÇOX İMİŞ

Xudunun əziz xatirəsinə

Usanıb şəhərin küy-kələyindən
Gəldim ziyarətə dost məzarını.
Gördüm, sıralanmış qəbirlərdə mən
Ölümün möhtəşəm addımlarını.

Gəzdim qəbristanı, gəzdim səbirlə
Rastlaşdım nə qədər tanış qəbirlə.
İnana bilmədim gördüklərimə
Şəhərə dönməkmiş, şəhərdən qaçış!

Burda yatanların çoxu, heç demə
Mənim öz dostlarım, tanışlarımmış.
Orda dən, burda un, arada daş var
Zamandır hərlədən bu dəyirmanı.

Bir-bir üyüdülür dostlar, tanışlar
Birdən ayılırıq: filankəs hanı?
Bəzən üzü durur üzsüz astarın
Neçə pilləsi var tək bircə ömrün.
Mən hardan biləydim, ölü dostlarım
Diri dostlarımdan çox imiş bu gün.

Usanıb şəhərin hay-həşirindən
Gəldim ziyarətə dost məzarını.
Gördüm, sıralanmış qəbirlərdə mən
Ölümün möhtəşəm addımlarını.

May 1998

Pərviz Yəhyalı yazır – Ağdam

Ağdamın işğaldan azad olunduğu gün, Ağdam Günü münasibətilə yazacağım məqalədə açığını deyim tərəddüdümü gizlədə bilməyəcəm. Tərəddüd edirəm ki, bir məqalədə 6533 Ağdam şəhidinin hamısının adını çəkməsəm ürəyim sızılayacaq. Və ya başda Allahverdi Bağırov olmaqla 15 Milli Qəhrəmanın adını necə çəkməyim. Öz elmi ilə dünyanı heyrətə gətirən Xudu Məmmədovun, tarın pərdələrində gəzişən sehirli barmaqları ürəkləri fəth edən Ramiz Qulıyevin, cəmi 19 yaşında 28 nəfəri öz həyatı bahasına ölümdən xilas edən, “Qızıl Ulduz” lu Rahib Məmmədovun, böyük elm xadimi Rafiq Əliyevin, var sisteminin xəyal belə olmadığı zamanda anidən verdiyi ədalətli qərarla ədalət tarixinə qızıl hərflərlə ədalətli qərar yazan Tofiq Bəhramovun, qəlbləri riqqətə gətirən Səxavət, Qədir, Arif, Mənsum zəngulələrinin üstündən heç sükutla keçmək olar? Yüzlərlə, minlərlə qəhrəman ağdamlılar, düşmənə sipər olan kökslərini elə Ağdamın sipər sinəsində vətən təəsübünə qurban vermiş, vətən səmaları aydın olduğu vədələrdə elmin, incəsənətin, ədəbiyyatın, mədəniyyətin müxtəlif sahələrində böyük uğurlara imza atmışdır.
Yaddaşımıdan klaviaturaya süzülən isimlər o qədər çoxluq təşkil edir ki, düzü unuda biləcəklərim olar deyə narahat olduram, Gözlərim önündə elə bu gün növbəti ildönümünü ürək ağrısı ilə qeyd etdiyimiz Ağdamın Qarəkənd səmasındakı terror aktı keçir. Mənfur erməni alçaqlığının bariz numunəsinin ağrılarını 1991-ci ilin 20 noyabrında ilk olaraq ağdamlılar çəkmişdi.
Xoş gündü. Sevindiyimiz gündü. Ancaq ha çalışsam da ürəyim sızlayır. Kino lenti kimi gözlərimin önündən keçən itkilər, acılar, dəhşətlər…

1983-cü ilin bir yaz səhəri idi. Bilmirəm nəyə görə, səhətimdə heç bir problem olmadığı halda atam məni müayinə üçün xəstəxanaya aparmışdı. Ağ xalatlı, qarayanız, olduqca mehriban və gülərüz həkim ürəyimə qulaq asdıqdan sonra gülə-gülə bu sözləri dedi: “Top gubbultusundan başqa heç nə eşidilmir”. Həmin an çevrilib atama baxdım. O, özünəməxsus tərzdə gülümsəyirdi. Atam xalatını əynindən çıxarıb məni xəstəxananın həyətində gözləyən sürücüyə “təhvil” verdi. Təxminən mənə hər şey aydın oldusa da uşaq marağı ilə atamın işdən qayıtmasını səbrsizliklə gözləyirdim. Axşam mənə bəlli oldu ki, məni müayinə edən məhşur pediatr Adilə xanım Namazovadır. Atam ona futbol dəlisi olduğumu danışmış, o, da öz növbəsində zarafatla ürəyimin içini oxumuşdur.
Ağdam torpağında, Seyidli kəndində 1926-cı ildə dünyaya göz açan Adilə xanım Namazova XX-XXl əsrdə Azərbaycan elminin dünyaya bəxş etdiyi ən nadir simalardan biridir. Adilə xanım ölkəmizin ilk pediatr alim qadını, SSRİ Tibb EA-nın müxbir üzvü(1971) “Əməkdar Elm Xadimi”(1981), Azərbaycan SSR EA-nın həqiqiq üzvü (1983), Rusiya Federasiyasının EA-nın həqiqi üzvü (1993) olmaqla 420 elmi əsərin, 30 monaqrafiyanın müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 72 fəlsəfə doktoru, 12 elmlər doktoru yetişmişdir. SSRİ Ali Sovetinin deputatı, Türkdilli Xalqların Pediatrlar Cəmiyyətinin vitse prezidenti, Afrika və Asiya Xalqları Həmrəylik Təşkilatının vitse prezidenti, Prezident yanında Ali Atestasiya Komissiyasının Rəyasət Heyyətinin üzvü, Azərbaycan Dövlət Tibb universitetinin pediatreya kafedrasının müdri olmuşdur. Sözsüz ki, dünya şöhrətli həkim olmaqla yanaşı o, həm də pedaqoq kimi də çalışmışdır. Ən başlıcası isə Adilə xanım əllərindən və zəkasından sağlamlıq bəxş edən Şəfa Mələyi kimi yaddaşlara nurlu siması ilə əbədi həkk olmuş Böyük İnsan idi.
2020-ci ilin 20 noyabr günü Ağdam işğaldan azad olunanda hamı kimi çox sevinirdim, ilk olaraq telefon açıb təbrik etdiyim professor Ramiz Quliyev və onlarla digər ağdamlı dostlara göz aydınlığı verərkən ürəyimdən bir arzu keçirdi. Kaş 94 yaşlı Adilə xanımı da ziyarət edə biləydim. Təəssüf ki, arzum ürəyimdə qaldı. Ağdam işğaldan azad olunandan cəmi 26 gün sonra minlərlə körpə ürəyinə yaşam şəfası verən Adilə xanımın ürəyi əbədi olaraq susdu.
Çox sonralar vicdan borcu bildiyim məzarının ziyarətində isə vaxtı ilə onun yaşadığım rayona ezamiyyəyə gəldiyi vaxt mənə etdiyi zarafatını xatırlayıb qeyri-ixtiyari pıçıldadım:

-Adilə xanım! Mənim üçün, bütövlükdə bütün soydaşlarımız üçün sizin ürəyiniz heç vaxt susmayacaq. Siz öz zəka nurunuzdan şəfa verdiyiniz ürəklərin vuran hər ritmində yaşayırsız. Ömürünüzün son günlərində qismətinizə azadlığına qovuşan Ağdamın azadlıq sevincini yaşamaq düşdüyündən çox sevinrəm. Sizin kimi minlərlə ağdamlı ruhunun şad olduğundan şadlanırıq. Ruhunuz daim şad olsun! Vətən parçasının, Ağdamın azad günlərindən ruh dolusu sevinəsiniz!

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dünyanın Xudu Məmmədov üzü

Bu yazını Xudu Məmmədov haqqında Loğman Məmmədov yazıb. Çox maraqlı yazıdır, Xudu sevərlər, Xudu müəllimi tanımaq istəyənlər bu yazını mütləq oxusunlar.

Dünyanın Xudu Məmmədov üzü

Xudu müəllimin bütün yaradıcılığı və həyatı bir çağırışdır. Gözəlliyə, insanlığa, milliliyə, yaxşılığa, fədakarlığa, vətəndaşlığa çağırışdır. Dünyanın çiçək üzünə, kəpənək üzünə, mələk üzünə çağırışdır. Dünyanın Xudu Məmmədov üzünə çağırışdır.
Böyük insan, böyük müəllim, böyük alim idi.
Böyük insan olduğundan böyük müəllim idi, böyük alim idi. Müəllimliyi də, alimliyi də insanlığının əsgəri idi, keşikçisiydi.
İnsanda insanı görürdü, insanı sevirdi, insanı dəyərləndirirdi, imkanı yox. Bilirdi ki, imkan insanı təsdiq eləmir.
İnsanda insanı sevdiyindən doğma idi. Hamının idi. Vətənin hər yerindən görünürdü.
Təbiətə münasibətində kəpənək çiçəyə qonan kimi incə və zərif idi.
Təbiəti elə sevirdi ki, yeriyəndə belə onu incidəcəyindən ehtiyat edirdi.
Səhər kimi doğmuşdu vətənin üfüqlərinə.
Sübut elədi ki, insan vətənləşə, vətənlə eyniləşə, vətənə bərabər tutula bilər.
Vətən boyda idi. Adı gələndə məmləkətimiz dururdu göz önündə.
Vətəni sevdiyindən vətənin idi. Özünü vətənə verib, vətəndə tapmışdı özünü.
Alimliyi ilə müəllimliyi bir-birini tamamlayırdı. Həm öyrənirdi, həm də öyrədirdi.
Ona görə öyrənirdi ki, insanı, dünyanı, Yaradanı sevmək üçün gərəkliydi.
Ona görə öyrədirdi ki, insanı, dünyanı, Yaradanı sevmək üçün gərəkliydi.
Elmə müştaq olmuşdu.
Elmə gözələ vurulan kimi vurulmuşdu. Aşiqlik məqamında idi. Elmin gözəllik mahiyyətini açırdı. Elmi gözəllik səviyyəsinə qaldırırdı.
Bu onun üçün böyük yol idi. Böyük yolun yolçusu idi, getdikcə gedirdi, getdikcə ucalırdı, getdikcə işığı artırdı. Çünki yaşamağın, yaratmağın bir mənası da işıq saçmaq idi Xudu müəllim üçün.
Bəstə boyu vardı, şirin danışığı. Bütün həyatı sovet dönəmində keçdi. Adı sovet elminin ən böyük nümayəndələri ilə bir cərgədə yazıldı. Amma heç vaxt sovet adamı olmadı.
O, bir başqa dünya idi. Adamlardan fərqli düşünürdü. Nəyə baxırdısa fərqli, bənzərsiz mənalar görürdü.
Azərbaycanın vurğunu idi. Xalçalarımızı kitab kimi oxuyurdu, ilmələrin, çeşnilərin mənasından söhbət açdıqca adam heyrətlənirdi.
İnsanla dünya arasında əlaqəyə, doğmalığa heyrandı.
İnsanı dünyaya, dünyanı insana bağlayan, gözlə görünməyən tellərə inanırdı.
Təbii idi. Bahar kimi çiçəkləyib, payız kimi qəmlənirdi.
Böyük insan idi, amma böyüklüyündən xəbəri yoxudu.
Böyüklüyündən xəbərsiz böyüklüyünü yaşayırdı. Çünki uşaq kimi saf idi.
Hər şeyə uşaq gözü ilə baxırdı. Hər şeyə uşaq marağı ilə boylanırdı. Sevgisi də uşaq sevgisi idi. Dünyaya, insana elə bağlanmışdı ki, elə bil uşaq nağıla qulaq asırdı.
İnanırdı ki, alma bağlarıynan uşaqlar qohumdurlar. Yaz axşamları çaylar oxuyur. Dağlar adamı səsləyir, çağırır.
İnanırdı ki, gülləri dərmək günahdır. Çünki bu, gözəlliyi məhv etməkdir.
Təbiətnən qardaş idi. Çünki təbii idi.
Bahar kimi idi – gəlişi ilə hər yer çiçək açır, hər kəs sevinirdi.
O qədər şirin idi ki, sağlığında nağıllaşmışdı.
Həm də qeyri-adi idi. Müdrikliyinə bərabər körpəliyi vardı. Dahiliyinə bərabər sadəliyi vardı.
Möhtəşəmliyinə bərabər kövrəkliyi vardı.
Təpədən dırnağacan məmləkət adamı idi.
Deyirdi ki, insan özünün olduğundan daha çox xalqındır.
Deyirdi ki, əslində insan xalqın olanda daha çox özünün olur.
Deyirdi ki, hər insanın taleyi elə xalqın taleyidir.
Çünki hər bir insana yurda baxan kimi baxırdı.
Hər insanda vətənin bir parçasını görürdü. Hər insanı vətənin nişanəsi kimi sevirdi.
Bu onun insanı vətənləşdirmək missiyası idi.
Sözü əməlinə, əməli də sözünə tən idi. Çünki bütöv adam idi.
Heç vaxt xırdalanmadı.
Yaz mehi kimi mülayim idi.
Onunla təmasda olanda bahar kimi adamın qəlbinə dolurdu. Özünü unudur, onunla bir olurdun. Sadəliyi o qədər gözəl idi ki, adamı utandırırdı. Üzünün nurundan həyalanırdın.
Kəşfləri ilə dünya elminin yeni qütbünü yaratmışdı – Xudu Məmmədov qütbünü.
Dünyanın bir üzünü fəth eləmişdi. Dünyanın üzünə yeni üz çəkirdi – Xudu Məmmədov üzü. Dünyanı yeni ləyaqətlə üzləyirdi.
Səmt idi, yön idi, istiqamət idi. Ardınca getməkdən qürur duyurdun. O qədər elm adamı dünyanın Xudu müəllim olan üzünə baxıb güzgülənmişdi ki… Göründüyündən böyük idi. Yanında olmaq yetərdi ki, dəyişib yeni dəyər qazanasan, başqa adam olasan.
Onunla təmasda olanları yeniləməyi, təzələməyi bacarırdı. Adamların içinə bahar təravəti, həyat sevgisi gətirirdi. Xudu müəllimin yanında adamın içi yağışda ağac yarpağı kimi yuyulurdu. Safa çıxırdın. Arınırdın.
Hər dəfə ondan ayrılanda, elə ayrılıq anındaca növbəti görüşün həsrətini çəkirdin. Ondan uzaqlaşdıqca daha böyük görünürdü. Bu, çox nadir insanlara xas olan xüsusiyyətdir. Adatən, adilərdən uzaqlaşdıqca kiçilir, görünməz olur.
Kəşflərini, tapıntılarını qala kimi hörürdü vətən torpağına. Abidələşdirirdi. Əbədiləşdirirdi.
Tapdıqlarına hamını şərik edirdi. Hamınınkı edirdi, milliləşdirirdi. Hər kəsi vətənin bir parçası edirdi. Hər kəsin də içinə vətəndən bir xışma səpirdi ki, içindən vətən çıxsın. Kəşfləri üzümüz idi, nurumuz idi, həyamız idi, adımız idi.
Ruhumuzun rəsmini, harmoniyasını çəkirdi.
Elmi elə hala gətirirdi, elə biçimləndirirdi ki, onun bizə məxsus olmağında şəkk yeri qalmırdı. Yadın şərikliyinə yer qoymurdu.
Kristalların xassələri və qarşılıqlı əlaqələri sahəsində böyük kəşflərə imza atmışdı. Müasirləri, dünyanın ünlü elm fədailəri tərəfindən “Canlı və cansız təbiətin vəhdətini tapan böyük alim” adını almışdı.
Yapon, alman, ingilis, amerikan alimlərinin böyük səs-küy salan elmi kəşflərini alt-üst eləmişdi. Aldığı nəticələr dünyanı heyrətə salmışdı.
İngilis, fransız olsaydı, dünyanın ən məşhur və varlı adamlarından olardı.
Elmimizin vicdanı, milliliyin zirvəsi, dostluq nümunəsi idi. Çoxşaxəli istedada malikdi.
Hansı sahədən yapışsaydı, urvata mindirirdi. Muğamlarımızın rəngli sözlərlə şəklini çəkirdi. Muğamlarımızı da xalçalarımız kimi sərirdi dünyanın üzünə – ruhumuzun ətri gəlsin deyə.
Memar idi, layihələrindən gözəl binalar tikilirdi. Dostlarının portretini çəkməyi sevirdi. Rəsmlərindən vətən baxırdı, vətən çağırırdı adamı.
Tələbələrinə qarşı qayğıkeş idi. Hamısı da onun adı gələndə ehtiram hissi ilə ayağa qalxırdı. Tələbələrinə ruhunu verirdi. Deyirdi ki, tələbə qab deyil ki, onu elmlə doldurasan. Tələbələri ilə yaxın dost, sirdaş idi. Onlarla küləklər kimi, sular kimi qovuşub bir olurdu.
Mən o bəxtəvərlərdənəm ki, dəfələrlə bu səadət payı qismətim olub. Vaxtı qızıldan qiymətli tutan Xudu müəllimin adi bir tələbəyə necə tay olduğunun, doğmalıqla yanaşdığının, vaxt ayırdığının heyrətini bu gün də yaşayıram.
İçi poeziya ilə dopdolu idi. Ağrı-acılarını yazdığı şeirlərə, bayatılara hopdururdu. Ağrı-acıları, sevinci, kədərindən də vətən ətri gəlirdi:
Bu qala bizim qala,
Qaldıqca bizim qala,
Qurmadım özüm qalam,
Qurdum ki, izim qala.
Əlim köməyim olsun,
Elim köməyim olsun,
Elimə yük olarsam,
Ölüm köməyim olsun.
Dərdlərimi ələsəm,
Heyim çatmaz tələsəm,
Mən bir yetim quzuyam,
Kim eşidər mələsəm?
Təbiəti şərqi kimi dinləyirdi.
Sevinci də işıqlı idi, kədəri də.
Vətən içində vətən idi.
Bütün varlığını vətənə həsr eləmişdi – gözlərindəki son qığılcımlarına, dodaqlarındakı son təbəssümünə qədər.
Ölümə də qeyri-adi gözlə baxırdı: “Ölüm yolçunu saxlayır, yolçuluq isə davam edir…”
O ölümə ucaldı…
Xudu müəllim kimi insanların ölümü ölümü də rövnəqləndirir, urvata mindirir.
Xudu müəllimin aramızda olmamasını ölümlə bağlamaq olmur.
Çünki onun yoxluğunu düşünəndə ölüm yada düşmür.
Ölüm insanları eyniləşdirir.
Amma Xudu müəllimi eyniləşdirə bilmədi, daha da bənzərsiz elədi.
O başqa dünyanın, başqa ölçülərin, daha doğrusu, ölçüyə gəlməməyin adamı idi. Daha doğrusu, onun insanlığını, alimliyini heç bir vahidlərlə ölçmək olmurdu.
Yaxşı mənada heç bir miqyasa sığmırdı.
Yurdun insan simvolu idi.


İnanıram ki, özünü məmləkət adamı sayan, içində yurd sevgisi daşıyan hər kəs Xudu müəllimi yanında hiss edəcək, ruhunda yaşadacaq.
Xudu müəllim dönə-dönə qayıtmalı olduğumuz dəyərdir, ünvandır, yurdun heyrət dolu üzüdür.
Xudu müəllimin bütün yaradıcılığı və həyatı bir çağırışdır. Gözəlliyə, insanlığa, milliliyə, yaxşılığa, fədakarlığa, vətəndaşlığa çağırışdır.
Dünyanın çiçək üzünə, kəpənək üzünə, mələk üzünə çağırışdır.
Dünyanın Xudu Məmmədov üzünə çağırışdır.
Dünya o vaxt daha gözəl olacaq ki, insanlar dünyanın Xudu müəllim olan üzünə üz tutacaqlar…
Özümüzü və yurdumuzu xilas etməyin bir yolu da budur.


… 1927-ci ildə Ağdam mahalında, Mərzili kəndində dünyaya göz açmışdı. Bakıda, Moskvada, Leninqradda oxuyub öyrənmişdi. Dünyanın çox ölkəsində olmuşdu, dünyanın çox ölkəsindən dəvətlər almışdı. Amma Azərbaycanı heç yerə, heç nəyə dəyişməmişdi.
Çünki Vətəni balası kimi bağrına basmışdı…

Müəllif: Loğman Məmmədov

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

1973 – CÜ İLİN MƏZUNLARI

1973 – CÜ İLİN MƏZUNLARI

(Sentyabr xatirələri)

22 iyul 2023 — cü ildə Ağdam rayonu X.Məmmədov adına Mərzili kənd orta məktəbinin1973 — cü il məzunları görüş keçirdilər.Görüş Goranboy rayonu Yuxarı Ağcakənd kəndinin ərazisindəki «Gülüstan» ailəvi istirahət mərkəzində baş tutdu. 

         Bir tərəfi sərt dağlar, bir tərəfi də yaşıl meşə olan bu yer çox mənzərəlidi.Dərə ilə axan kiçik çayın zümzüməsi buraya gələnlərin ruhun oxşayır.Təbiətin gözəlliyi hamını valeh edib.Havanın sərinliyi buraya gələnlərdə xoş ovqat yaradıb.

         Görüşü giriş sözü ilə Məmməd Mərzili açdı.O, görüşə gələnləri salamlayandan sonra məzunlar Qarabağ şəhidlərinin, dünyasın dəyişən müəllimlərin, sinif yoldaşlarının xatirələrini bir dəqiqəlik sükutla yad etdilər.  

         Söz sinif nümayəndəsi olmuş Kərəm Haqverdiyevə verildi.Kərəm görüşdə iştirak edən A.Faxrəddini, B.Babanı, B.Həsə-ni, C.Vəlini, M.İbadı, Q.Tapdıq müəllimi, APU — nun müəllimi, mətbəəsinin müdiri H.Hüseyn müəllimi, Ş.Ramizi, M.Sərdarı, H.Məcidi, Ş.Ələmşadı, Ş.Rizvanı, M.Nizami müəllimi salamlayıb gəldiklərinə sevindiyini bildirdi.Aramızdan əbədi köçən sinif yoldaşlarımız — I Qarabağ müharibəsinin şəhidi Əliyev Tahiri, Əliyev Baxşeyşi, Hüseynov Məzahiri, Quliyev Valehi, Süleyma-nov Həşimi (İsa), Salahi Yaqubu, Babayev Eldənizi, Abbasov Muradxanı və başqalarını yada saldı.Onlardan xatirələr danışıb hamını kövrəltdi.

        Hüseyn müəllim bizə ilk dərs deyən Miriş və Şiraslan müəllimləri xatırladı.Onların bizi necə səbrlə öyrətdiklərindən söz açdı.Hər kəs o günləri yadına saldı.Onların zəhmətləri yüksək dəyərləndirildi.Bu gün nəyə nail olmuşuqsa onların əməyi sayəsindədi.Bizi döyməkləri, acılamaqları bizdən ötəriymiş — dedi.

        İbad Böyükxanlı 50 illiyə, müəllimlərə həsr etdiyi şeirlərini söylədi.Onunla bərabər Nizami müəllim də öz şeirlərini səs-ləndirdi. Görüşə müsiqi bəzəyi verən aşıq Qoşqar və dostu şairləri sazla müşayiət etdilər.Bütün bu görüşü isə operator Rəşad Rzayev lentə köçürürdü.

        Tapdıq müəllimlə Faxrəddin dünyasın dəyişən Muradxan və Eldənizin məcaralarını, duzlu — məzəli atmacalarını yada saldılar.Xatirələr muncuq kimi bir — birinin ardınca düzüldü.Hərəsinin öz yeri vardı.
        Vaxtilə İncəsənət universitetində oxumuş Məcid sazın sədaları altında muğamlarımızdan, xalq mahnılarından parçalar oxudu.Tələbə uoldaşı Səxavət Məmmədovu xatırladı.

        Məzunlardan Baba, Ələmşad, Sərdar, Vəli, Rizvan, Ramiz və Həsən yaddaşlarında qalmış uşaqlıq xatirələrindən da-nışdılar.Ən çox dəcəlliklər yada düşdü.Qayğısız günlərimizlə baş — başa qalıb böyüdük.

        Sonda X.Məmmədov adına Mərzili kənd orta məktəbinin 1973 — cü il məzunlarına 50 illik yubiley münasibəti ilə Həsənin hazırlatdığı tort kəsildi.Ondan sonra xatirə şəkilləri çəkildi.     

   

MƏNBƏ:MƏMMƏD MƏRZİLİ

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BƏXTİYAR VAHABZADƏ VƏ XUDU MƏMMƏDOV. FOTO.

BƏXTİYAR VAHABZADƏ VƏ XUDU MƏMMƏDOV

Təqdim edir: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bu gün Xudu Məmmədovun doğum günüdür.

Rəfail Tağızadənin yazıları

Bu gün Xudu Məmmədovun doğum günüdür.

Ruhun şad olsun Böyük insan!

“Dünya bildikdə bizim olur. Dünya bildiyinizdən artıq bizim ola bilməz”

Onun haqqında hətta qısa məlumatları da nəzərdən keçirmək kifayətdir ki, kimliyi, qeyri-adi şəxsiyyəti haqqında tam təsəvvür yaransın: Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Qarabağda – Ağdam rayonunun Mərzili kəndində anadan olub. Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb. Xudu Məmmədov 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.

1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun Struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. Əsas elmi işləri kristallokimya sahəsində idi. Xudu Məmmədov həm də Azərbaycan xalça sənətindəki naxışlarla bərk cisimlərin kristal qəfəsi arasında eynilik olduğunu sübut edən nadir istedad sahiblərindən biri idi.

Bənzərsiz elmi təfəkkürə malik olan Xudu Məmmədovun məşğul olduğu elm sahəsi də başqalarına bənzəmirdi. Bir çox kəşfi ilə dünya alimlərini heyran edən Xudu müəllim silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirərək həmin birləşmələr ilə karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq əlaqəsini aşkara çıxarıb. Elmi terminlərlə ifadə eləsək, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənib, elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarını tətbiq edib.

Xudu müəllimin yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında da müstəsna xidmətləri olub. “Şərəf nişanı” ordeni və medallarla təltif edilib…

Ölüm köməyim olsun

Xudu müəllimin elmi fəaliyyəti ilə yanaşı dillər əzbəri olan bayatıları, rübailəri, zərb-məsələ dönən fikirləri də məşhurdur. Onun vaxtilə söylədiyi bu sözlər keşməkeşli həyat yolunun, arzularının, ümidlərinin ifadəsi idi:

Çiy yumyrta soyulmaz,

Göydə ulduz sayılmaz,

Bütün xalqlar oyandı,

Mənim xalqım ayılmaz.

Elim köməyim olsun,

Əlim köməyim olsun,

Kimsəyə yük olarsam,

Ölüm köməyim olsun.

Onun bitib tükənməyən arzularından daha çox dostları xəbərdar idi. Türk dünyasının böyük şairi, Xudu müəllimin ən yaxın dostlarından biri Bəxtiyar Vahabzadə onun hamıya bəlli olmayan xüsusiyyətlərindən belə danışardı:

– 1970-ci illərin sonlarında bir gün Nurəddin Rzayevlə Xudu Məmmədovun evində qonaq idik. Söhbətimizin mövzusu əsasən Azərbaycanın gələcəyi və Türkiyə ilə münasibətləri ətrafında idi. Nədənsə söhbət hərəmizin ən müqəddəs arzusu barədə oldu. Mən ən müqəddəs arzumun Azərbaycanın cənublu-şimallı birliyində olduğunu dedim. Nurəddin dedi ki, ən böyük və müqəddəs arzum Azərbaycanın gələcəyinin parlaq olmasını görməkdir. Xudu isə dedi: “Ən böyük arzum budur ki, bir gün qapımız döyülsün, gedib açım görüm ki, əlində süngülü tüfəng olan türk əsgəridir. Soruşsun ki, kommunist Xudu Məmmədov burada yaşayır? Deyim ki, bəli, mənəm… Desin ki, biz Türkiyədən gəlmişik Azərbaycandakı sonuncu kommunist olan Xudu Məmmədovu güllələməyə…”

Xudu müəllim hələ ötən əsrin ortalarında o günü görürdü. Bilirdi ki, bir gün sərhədlər açılacaq, sovet quruluşu dağılacaq, 1918-ci ildə olduğu kimi yenə bir gün türk əsgəri Bakıya əlində silah gələ biləcək – Azərbaycanı düşmənlərdən qorumaq üçün, ona arxa durmaq üçün…

“Bu qala bizim Qala”

Bu Qala – bizim Qala,

Qaldıqca bizim Qala.

Qurmadım, özüm qalam,

Qurdum ki, izim qala.

O vaxtlar Ağdam RPK-nin birinci katibi işləyən Sadıq Murtuzayev Xudu müəllimin “tikdiyi qalalar”la bağlı iki hadisəni xatırlayır. Bunun biri Ağdamın məşhur “Çay evi”, o biri isə Kəlbəcərdə İstisu yaylağında tikdiyi binadır:

…Ağdam məscidinə hər cümə günü Qarabağın hər yerindən namaza gəlirdilər. Bu ibadətgah Qarabağda fəaliyyət göstərən yeganə məscid idi. Və bu binəva məslək sahibləri üçün heç bir şərait yox idi. Bəzən dəstəmaz üçün su da tapılmırdı. Yaxınlıqda yaraşıqlı bir bulaq tikdirdik, lakin bu, kifayət deyildi. Bir gün Xudu Məmmədov mənə “Yaponiya” adlı jurnal verdi ki, elə-belə tanış olum. Mənim diqqətimi çin-yapon üslubunda tikilmiş bir bina cəlb etdi və dərhal qərara gəldim ki, məscidin qarşısında bu üslubda bir “Çay evi” tikdirim. Fikrimi ona deyərkən alqışladı və xahiş etdi ki, icazə verim, onun maketini düzəltsin və tikintiyə rəhbərlik etsin. Məmnuniyyətlə razılaşdım. Ertəsi günü səhər saat 6-da maketlə yanıma gəldi. Dərhal işə başladıq. Yeməkxana olan zirzəmisilə 4 mərtəbəli yaraşıqlı bir bina qısa müddətdə istifadəyə verildi və az qala Ağdamın bir rəmzinə çevrildi. Hər gün səhər saat 6-da iş icraçısı kimi özünü tikintiyə çatdıran bu fədakar Vətən oğlu orada işləyənlərə elə örnək oldu ki, könüllü olaraq gəlib burda işləmək istəyənlərin sayı gündən-günə artırdı…

Mən digər böyük üç dostla (onlara böyük üçlük deyirdilər) – Bəxtiyar Vahabzadə, professor Nurəddin Rzayev və Xudu Məmmədovla Kəlbəcərin Dəlidağ yaylaqlarına çobanlarla görüşə getmişdik. Gecəni Əli Abbasovun alaçığında keçirib səhər dərədəki bir meydançada çobanlarla görüşdük. 500 nəfərədək adam toplaşmışdı. Birdən sanki Allahın bir möcüzəsi baş verdi. Təzəcə söhbətə başlamışdıq ki, bir anda qara bir bulud parçası gəlib üstümüzdə dayandı və çox şiddətli bir yağış tökdü. Bizi yaxınlıqdakı alaçığa çəkməyə çalışdılar. Heç birimiz getmədik. Hamı iliyinədək islandı. Söhbətimizi qısaltdıq, ən başlıcası, söz demək istəyən çoxlu çobanın sözü ağzında qaldı.

Biz tez sağollaşıb yola düşdük. Heç birimiz dinib danışmırdıq. Çox qəribə olsa da, mən qeyri-adi bir mənəvi gərginlik keçirirdim. Sanki tədbirin yarımçıq qalmasının günahkarı mən idim. Çox böyük sarsıntı içərisində düşüncələrimə qərq olmuşdum. Qəflətən dilə gəlib dedim ki, tapdım. Hər üçü təəccüblə üzümə baxdılar. Sözə başladım. Abşeronda işləyərkən Moskvanın qərarına əsasən Bolqarıstanın Razqrad mahalı ilə Abşeron rayonunun qardaşlaşması yaranmışdı. Oraya ikinci gedişimdə məni Razqrad şəhərinin fəxri vətəndaşı seçmiş və xüsusi pasport vermişdilər. Mahalın Dəli orman (Dəli meşə) adlanan çox zəngin bir təbiət qoruğunda Voden deyilən kurort və burada məşhur türk sərkərdəsi Osman Paşa tərəfindən tikilmiş maraqlı bir bina var idi. Dəyirmi binanın mərkəzində bir neçə xırman həcmində bir zal və ətrafında da xırda otaqlar yerləşmişdi.

…Binanın 10 metrliyində məscid vardı. Osman Paşanın iqamətgahı idi və burada o, xarici qonaqları, səfirləri qəbul edirmiş.

Yol yoldaşlarıma həmin binanı təsvir edib dedim ki, tədbirimiz yarımçıq qalmış meydanda belə bir bina tikdirəcəyəm.

Xudu Məmmədov dərhal səsimə səs verərək dedi: “İcazə verin, tikintiyə mən “prorablıq” edim”.

Nurəddin Rzayev də eyni çılğınlıqla ona etiraz etdi ki, “axı sən infarkt keçirmisən, bu səfərə də zor gücünə qoşuldun. Əl çək bu fikirdən”. Lakin Xudu Məmmədov əl çəkmədi. Mən gecə saat 12-də professorla onu Mərzili kəndindəki evinə qoyub şəhərə qayıtdım. Səhər saat 6 olmamış gördüm ki, Xudu Məmmədov əlində təsvir etdiyim binanın maketiylə qonşuluğumdakı qonaq evinin həyətindədir…

Həmin gün hazırlıq gördüm, ertəsi gün çoxlu inşaatçı, tikintiyə ilkin lazım olacaq daş və sementlə onları Dəli Dağa yola saldıq. Orada hava telefonu quraşdırdıq. Çox qəribə olsa da, Ağdamdan bəzən 15-20 km məsafədə eşidilməyən bu telefon 190 km məsafədə çox gözəl eşidilirdi. Hər gün Xudu Məmmədov mənə telefonla nə lazım olduğunu sifariş verir, mən də dərhal göndərirdim. Bina görünməmiş bir sürətlə, 14 günə hazır oldu. Bu müddətdə oraya 170 maşın material göndərilmişdi. Binanın ən qəlbi yerində Ağdamın ağ daşları ilə “Ağdam” sözü də yazılmışdı. İndi orada da mənfur qonşularımız ya at oynadır, ya da bəlkə də onu da dağıdıblar.

Xudu Məmmədov belə ziyalı, belə vətəndaş, belə insan idi.

Xudu Məmmədov haqqında çox deyilib, yox yazılıb və yazılacaqdır. Bunlar daha çox böyük alim, istedadlı tədqiqatçı, ixtiraçı olması ilə əlaqədar olub. Mən isə onun böyük vətəndaş, son dərəcə nəcib, sadə, təvazökar, xeyirxah bir insan olmasını önə çəkib onun böyük ziyalı şəxsiyyətini bu keyfiyyətlərilə tamamlamaq istədim.

Qarabağ münaqişəsi alovlanarkən Ağdama Dağlıq Qarabağın kəndlərindən axın-axın qaçqınlar gəlirdi və onları qarşılayıb yerləşdirərkən daima yanımda idi. Yanıb yaxılırdı, respublika rəhbərliyinin acizliyinə, biganəliyinə dözə bilmirdi. Onu bu dərdlər apardı. Böyük Üzeyir bəy Hacıbəylinin ev muzeyində ürəyinin partlaması da bu dərdin məhz orada tüğyan etməsinin faciəli nəticəsi, Üzeyir bəyin ruhu qarşısında onun dözüm gətirə bilməməsinə dəlalət edirdi.”

O günü böyük dərdlə, yanğı ilə xalq artisti Fərhad Bədəlbəyli belə xatırlayır: “Xudu müəllim mənim qucağımda can verdi.” 15 oktyabr 1988-ci ildə Qarabağda hadisələrin gündən-günə tüğyan etdiyi bir vaxtda…

“İnsanlar şəhərlərə bir-birini tanımamaq üçünmü yığışırlar?”

Alimin aforizmə çevrilmiş fikirləri arasında bu deyimin ayrıca bir yeri var: “İnsanlar şəhərlərə bir-birini tanımamaq üçünmü yığışırlar?” Bir vaxtlar Azərbaycanın ən böyük kəndindən çıxıb ən böyük şəhərinə gələn Xudu müəllimin ən böyük suallarından biridir bu! Baxmayaraq ki, bu böyük şəhərdə onun ruhu kimi sözləri, kəlamları da dolaşmaqdadır. Budur Xudu müəllimin sözü – Xudu müəllimin ruhu:

“Qonşu qonşuya baxar, özünü oda yaxar” – deyiblər. Ancaq “Qonşu qonşunun atasını yandırar” deməyiblər.”, “Məsələ predmetdə deyil, ondan necə danışıldığında və ona necə baxıldığındadır.”, “Pislər pisləri pisləşdirdiyi qədər yaxşılar yaxşıları yaxşılaşdırmırlar.”, “Bir şeyi və hər şeyi bilən heç bir şey bilmir.”, “Bütün yeniliklər fantastik xəyallar arxasınca gedilərkən tapılıb.”, “Danışa bilməmək hələ bədbəxtlik deyil, danışa bilməməkdir. Bədbəxtlik sarsaq danışıb, özünü danışan hesab etməkdir.”, “Onu xalqın pis münasibətindən qanun qoruyurdu.”, “Mürəkkəblik çətinlik olmasa belə, onu insanlar özləri üçün yaradırlar.”, “Əsərin qəhrəmanlarının kimlər olduğunu oxucu əvvəldən bilirsə, onların danışığında mürəkkəblik artıqdır. Danışıqlar naturadakı rənglər kimi olmalıdır. Əgər qəhrəmanlar sonda açılırsa, danışıqlar sistematik funksiya daşıyır, yəni mürəkkəbliyi ifadə etmək üçün vasitədir. Ona görə də onda məntiqi bağlılıq ardıcıl olmalıdır.”, “Orada insan əli ilə yaradılmış heç bir gözəllik yox idi…”, “Ömür yadda qalan günlərın sayı ilə ölçülür”, “Məqsədə arzumu itirmiş gəldim…”, “Vəzifə verirlər, sonra iş axtarırlar…”, “Təbiət daşları necə də adama oxşadır. Əksinə də olur.”, “Şairin özü bir yana, hər uğurlu sözü insanlar arasında bir körpü, bir bağlı teldir.”, “Üzünü gəncliyə tut, səsin gələcəyə çatsın.”, “İnsanların sıxlığından insan üçün darıxmaq da qəribə bir haldır.”, “Göylərin söhbətini dinləmək istəyirsənsə, çadır götürüb dağlara çıx. Əlçatan uzaqlığa get. Yoldaşın həsrət, qonaqların izsiz itən xəyallardan başqa kimsə olmasın. Əlinə qələm alma, danışma. Təbiət danışırsa, sən sus!”, “Şam çadırımdakı cansızların kölgəsini necə də dirildib. Yanımdan dinməzcə burulub keçən çayın sakitliyini lilli suda toqquşan daşlar pozur. Su hey qalxır, qalxır, dalğaları çadırımın ətəyini yalayacaq qədər yaxınlaşır. Bu aramsız yağan yağış – göylərin göz yaşı… Göylərin dərdi necə də böyükdür. Göy gurultusu – elə bil göydəki nizam sökülür. Nə sakitliyinə sakitlik, nə də səsinə səs çatmaz, göylər! Sən bizi göz yaşlarınla qarşıladın! Səndən başqa mənim üzümü göz yaşları ilə kim islatdı? Qoy taleyim küsməsin, bu sözümü elə belə dedim. Vüsalı şirin olsa da, belə həsrətə dözmək çətin olardı”, “Həyat insanın başını xırdalıqlarla qatmasaydı, insan varlığı heyrətdən yox olardı”, “Yaşamaq üçün yox, düşünmək üçün bir sığınacaq tapmalı oldum”, “Dünya başıma dolanmasın deyə, özüm dünyanı dolanmağa başladım”, “Dərdi olmaq qorxulu deyil, ağlaya bilməmək qorxuludur”, “Təşkil olunmuş bekarçılıq…”, “Başa düşülmək üçün başa düşməyə çalış”, “Yersiz görülmüş iş də yersiz deyilmiş söz kimidir”, “Qabiliyyətsizlik hələ qorxu deyil. Qorxulu onun çalışqanlığıdır”, “Adamların qanunla qorunmaq dərəcəsinə çatması yüksəlişdirmi?”, “Pislikdən danışmaq yaradıcılığı hamıya verilib”, “Nəcib qəlbli insanı özünə borclu et və borcunu yerinə yetirməyə imkan vermə, olsun faciə!”, “İdeal adam olmur, ideallaşdırmağa layiq adamlar olur”, “Tənhalıq görüş ümidi ilə isinir. Demək, ölümdən sonra düşüncənin yaşaması yalandır”, “Sən dünyaya lazım olmayanda dünya da sənə gərək olmur.”

“Deyirlər: “Dünyanı gözəllik xilas edəcək”. Doğrudur, amma gözəlliyin özünü xilas edə bilsək”, “Təbiət qanunları ilə cəmiyyət qanunlarının əsas fərqi ondan ibarətdir ki, birinciləri cəzasız pozmaq mümkün deyil, ikinciləri isə mümkündür.”

“Tanrı insanı yaşada bilmir, el yaşadır”

Xudu Məmmədov haqqında söz demək çətindən çətindir. Elm və mədəniyyətimizdə, ictimai düşüncəmizdə əzəmətli bir zirvə olan Xudu müəllim elinə, obasına, xalqına, Vətəninə, dilinə, musiqisinə vurğunluğu ilə xalqının, millətinin sevgisini qazandı. “Elmin vətəni yox, alimin Vətəni olmalıdı” fikrini Xudu müəllim tez-tez söyləyərdi. Sanki bu günümüzə baxaraq, bu günümüzü görərək deyirdi:

Anam ozan olubdur,

Dərdə dözən olubdur,

Dili haqdan bağlanıb,

Naxış düzən olubdur.

Sənə bəslədiyim, Vətən, nə simdi?

Səsinnən ürəyim əsim-əsimdi.

Sevgimin əvəzin vermək istəsən,

Bir ovuc torpağın olmaq bəsimdi.

Xudu müəllim öz yaradıcılığı, şəxsiyyətilə Füzuli, Xətai, Mirzə Fətəli, Mirzə Cəlil, Sabir, Üzeyir bəy kimi Azərbaycanın mənəvi gücü və o gücü daima çiyinlərində saxlayan dayaqlardan biri idi. Belə yanaşsaq bəlkə itkilərimizi daha dəqiq qiymətləndirə bilərik. Get-gedə daha sürətlə azalan bu ziyalıları pul aldada, var-dövlət azdıra bilmədi! Dünyaca məşhur Eynşteynin dediyi kimi: “Siz İsa peyğəmbəri, Musa peyğəmbəri pul kisəsi ilə təsəvvür edə bilirsinizmi? Mən təsəvvür edə bilmirəm”. Siz təsəvvür eləməyə çalışın… Onlara millətin dərdi, əziyyəti, iztirabları lazımdır ki, apara bilsinlər. Apara bildikcə apardılar, apara bilməyəndə isə… Bəlkə ona görə Xudu Məmmədov deyirdi: Dərdlərim yetim qalsa, məndən sonra kim çəkər. Doğrudan da, indi bu dərdi çəkən, əziyyətə sahib duran çoxdurmu?

Xudu müəllimə məktub və ya “…Onun qəlbi qarabağlıların səs telləri kimi incə idi”

Xudu Məmmədov rəhmətə getdikdən sonra onun haqqında dostu həkim Nurəddin Rzayev bir kitab yazıb. Bu kitab Xudu Məmmədovu yaxşı tanımayanlara bir daha tanıtdı. Kitabda Xudu müəllimin çalışmaları, türk tarixinə baxışları və düşüncələri öz əksini tapıb. Kilimlərdə, xalçalardakı naxışlarla bağlı fikirləri, yaradıcılığının bəzi tərəfləri burada geniş əks olunub. Xudu müəllimi bir insan kimi tanımaq üçün orda təsvir olunan bir hadisəni yada salmaq yerinə düşərdi. Nurəddin Rzayev dostu Xudu Məmmədov haqqında yazırdı:

“Xudu, mən və Bəxtiyar Vahabzadə çox köhnə dostlar idik. Bir yerdə oturub bol-bol söhbətlər edərdik. Ailəmizlə bir yerdə 1978-ci ildə Xızıya dincəlməyə getmişdik. Orada bizi tanıyan kəndlilər görüşümüzə gəlirdilər. Xüsusilə Bəxtiyarın şeirlərindən xoşlananlar daha çox gəlirdi. Çox yaraşıqlı 12-13 yaşında bir oğlan uşağı bizə yaxınlaşdı. Xudu bu uşağı yanına çağırıb danışdırdı. Uşağın ata-anası yox idi. Bir qəzada ölüblərmiş. Xudu bunu duyduqdan sonra uşağa daha çox məhəbbət göstərdi. Uşaqdan soruşdu ki, sənə Bakıdan bir şey göndərməmi istərsənmi? Uşaq da Xuduya “istərəm” dedi. Xudu ona “Nə göndərim sənə?” soruşduqda uşaq Xuduya “Mənə məktub göndər, mənə kimsə məktub göndərmir” dedi. Xudu göz yaşlarını saxlaya bilməyib ağlamağa başladı. Bakıya döndükdən sonar o uşağa məktub yazır, hədiyyələr də göndərirdi!

Sonda Yavuz Bülənd Bakilərin “çiçəyin qoxusu kimi, ruhun ipəyi kimi soylu bir insan” olaraq qiymətləndirdiyi Xudu müəllimə məktub yazaraq ona öz sözlərini göndərirəm. Bu, Xudu müəllimin vaxtilə Xızıda görüb Bakıdan məktublar göndərdiyi o kimsəsiz uşağın illər sonra ona məktubu da adlana bilər:

“İnsana insan ehtiyacı yaradan müqəddəs günahlar, Sizə eşq olsun!

İnsanlar arasında olmayınca ölü və diriliyini necə bilərsən?

Sənə uzun ayrılığın sınağından çıxmış bir məhəbbət gətirmişəm.

Amma Qarabağı yox…”

P.S. Dekabrın 14-ü həm də Azərbaycana dünya şöhrəti gətirən Rəşid Behbudovun ad günüdür. Oxuduğu nəğmələr ilə nəsillərin yaddaşına köçən, unudulmayan, dəyərdən düşməyən Rəşid Behbudov. “Azərbaycanım”, “Ana”, “Qızıl üzük”, “Bakı”, “Zibeydə”, “Alagöz”, “Laçın”, “Uzun gecələr”, “Gəlmədin”, “Sənə də qalmaz”, “Sənsiz”, “Ayrılıq”, “Qalada yatmış idim” və daha nələr… Bir də Qarabağ. Ondan ötrü, həqiqətən, ölməyə də, öldürməyə də dəyər. Onlar bunu hamımızdan yaxşı bacardı…

Xudu Məmmədov və Rəşid Behbudov – Qarabağdan nigaran gedən, Qarabağdan ötrü lazım gələndə ölməyi bacaran böyük qarabağlılardan ikisi…

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru