Etiket arxivi: YAZARLAR 40

HƏMİŞƏ 60 YAŞLI QƏLƏNDƏR – AĞDAM

Qələndər Xaçınçaylı – 60

İlhamının nəbzi Qarabağla döyünən şair…

Söz İlahi bir güc, İlahi bir varlıqdır. Bu varlığı ancaq onu dərk edənlər, onu duyanlar, onun Tanrı böyüklüyünə inananlar anlaya bilər. Poeziya ədəbiyyatın şah damarıdır. Ədəbiyyat adlanan məkana hər yazar işıq sala bilmir. Bu məkanın içərisinə daxil olub, özünü görə bilmir. Xoşbəxtlik ondadır ki, çağdaş ədəbiyyatımızda bir-birindən bənzərsiz yazıları ilə minlərlə insan qəlbini fəth edən şairlərimiz, söz adamlarımız var. Onlardan biri də tanınmış şair, yazıçı-publisist Qələndər Xaçınçaylıdır – Əhmədov Qələndər İslam oğludur…

Qələndər Xaçınçaylı – Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tədqiqatçı-jurnalist, tanınmış şair – yazıçı, publisistdir, ötən əsrin 80-ci illərində ədəbiyyata gəlmiş, onun bu günədək xeyli şeirləri və kitabları oxuculara təqdim olunmuşdur. Respublika mətbuatında müntəzəm olaraq 1981-ci ildən şeir və məqalələrlə çıxış edir. Şeirləri “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Bakı”, “Savalan”, “Azərbaycan pioneri”, “Fəryad”, “Meydan”, “Səs”, “Gələcək gün”, “Ədalət”, “Təzadlar” qəzetlərində, “Azərbaycan”, “Ulduz”, “Müxbir”, “Kənd həyatı”, “Göyərçin”, “Pioner” jurnallarında ardıcıl olaraq çap edilib. Həmçinin “Gənclik” nəşriyyatının “almanax”larında əsərləri oxuculara təqdim olunub.

Onun ilk kitabı “Qarabağın ağlar gözü” (1998) adlanır. Kitabın tərtibçisi, redaktoru və ”Gənc şairin ilk kitabı və ilk söz” ön sözünün müəllifi isə mən olmuşam və bu istedadlı gəncə uğur diləmişəm. Görünür bir tənqidçi kimi zəndimdə yanılmamışam.İndiyənə qədər Qələndərin bir-birinin ardınca “Qarabağa gedən yollar” (2000), “Dünya mənim söz qalamdır” (2004), “Dərd ürəyimdə mamır bağlayıb” (2006), “Qeyrət qalası” (2007), “Yaza tələsən çiçək” (2008), “El ağsaqqalı” – publisistika (2008), “Şərəfli ömür” – (publisistika, 2009), “İkinci ömrümü yaşayıram” (2011), “Gözləmə” (2012), “Ömür mənalı keçəndə” (2012) şeir və poemalardan ibarət kitabları nəşr olunmuş, indi isə ilk nəsr əsəri olan və 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən çox maraqlı “Güllə işığında” povesti çap prosesindədir və Qələndər Xaçınçaylının 60 illik yubileyində oxucularına ərməğanıdır…

Onun kitablarının adlarından da göründüyü kimi Qələndər Xaçınçaylının bütün yaradıcılığı Qarabağ prizmasından keçərək hədəflərini ümumi bir çevrədə – vətənpərvərlik və mübarizlik çevrəsində toplayır, bu bölgənin söz mühitindən pərvazlanmış qələm sahibi kimi simurqa çevrilir, öz odunda yanıb-dirilir…

Qələndərin yaradıcılığı həmişə maraqla qarşılanıb, deyim ki, yaradıcılığı ilə bağlı tanınmış ədəbiyyatşünas-alimlər, ictimai-siyasi xadimlər, qələm dostları – şair və jurnalistlər mətbuatda çıxış edərək dəyərli söz demiş, fikir söyləmişlər.

Millət vəkili, tanınmış yazıçı-publisist Aqil Abbas: “Qələndər Xaçınçaylının yaradıcılığındakı vətən həsrəti, vətən nisgili əslində gənclərimizə örnək, nümunədir. Şairin kövrək, vətən həsrəti ilə yanan poeziyası var. Onun “Qarabağın ağlar gözü”, “Qarabağa gedən yollar”, “Dünya mənim söz qalamdır”, “Dərd ürəyimdə mamır bağlayıb” kimi kitabları Azərbaycan ədəbiyyatına daxil olan gözəl nümunələrdəndir. Ona tutduğu bu yolda uğurlar arzulayır, yaradıcılığının davamını diləyirəm. Fürsətdən istifadə edərək gənclərimizə tövsiyə etmək istərdim ki, Qələndər müəllim kimi şairlərin yaradıcılığını mütaliə etsinlər, kitaba, elmə, yaradıcılığa özlərində həvəs yaratsınlar.”

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölgəsi üzrə sədri, tanınmış şair, alim-ədəbiyyatşünas Ənvər Əhməd: “80-ci illərdə ədəbiyyata gəlmiş istedadlı şairlərimizdən biri olan Qələndər Xaçınçaylının imzası oxuculara yaxşı tanışdır. Şairin yaradıcılığına nəzər yetirənlər görürlər ki, onun bütün şeirlərinin əsasını vətən dərdi, yurd dərdi, Qarabağ dərdi təşkil edir. Ona bu dərdin sona yetməsini arzulayıram.”

Tanınmış şair-tədqiqatçı, filologiya elmlər doktoru İslam Sadıq : “Şair dostum Qələndər Xaçınçaylının şeirlərini oxuyub gördüm ki, onun bütün yazılarına misra-misra vətən dərdi, yurd ağrısı, torpaq sızıltısı hopub. Əsası da odur ki, Qələndər müəllimin yaradıcılığı ilə yaşamı vəhdət təşkil edir. Sanki onun həyatı yaradıcılığına yansıyıb və orada əks olunub. Mən də Qələndər müəllimin şeirlərini oxuduqca onun ürəyini gözlərimlə görmüşəm və hiss etmişəm ki, doğrudan da, dərdi onun ürəyində mamır bağlıyıb və bu mamırın dərmanı yalnız Qarabağda – Kolanıdadır.”

Tanınmış şair Yusif Nəğməkar: “Qələndər müəllimin kitablarında nəcib missiya var. Bu isə ondan ibarətdir ki, şair Qarabağ dərdini sanki hamı tərəfindən ağlayır. Bundan sonrakı kitablarında Qarabağ sevincini əks etdirməsi isə ona ən böyük arzumdur.”

Qələndərin jurnalist həmkarı,”Həftə içi” qəzetinin redaktoru, mərhum Ceyhun Nağının fikridir : ” Biz Qələndər müəllimlə bir “səngərdəyik”. Qələndər müəllim məsuliyyətli insan, məsuliyyətli jurnalistdir. Yaşına baxmayaraq, istənilən faktın arxasınca gedən, tapan, yazan və yoruldum deməyən bir insandır. Qələndər müəllim şeirlərində işğalda olan torpaqların taleyindən, övladının sabahından, özünün yerinin sabah necə qorunmasından narahatlığını ortaya qoyur. Arzu edirəm ki, Qələndər Xaçınçaylı yaxın günlərin birində bu narahatçılıqlardan qurtulmuş olsun.”

Qeyd edək ki, şair Qələndər Xaçınçaylı 1980-cı ildən – 37 ildir ki, jurnalist kimi Azərbaycan mətbuatında çalışır. “Fəryad”, “Cümhuriyyət”, “Meydan”, “İcmal”, “Ədalət” və digər qəzetlərdə fəaliyyət göstəribdir. Qələndər müəllim hazırda “Həftə içi” qəzetinin ən fəal, deyərdim ki, ağsaqqal əməkdaşıdır. Günün ən ağrılı, lazımlı, aktual problemlərini əks etdirən, dövlətçiliyimizin marağını qoruyan maraqlı məqalələrin müəllifidir.

Qələndər Xaçınçaylı yaxşı bir jurnalist kimi həmişə ağrılı məqamlara, düşündürücü problemlərə toxunur, mənəvi-əxlaqi dəyərləri qorumağa cəhd edir. Şeir yaradıcılığında da belədir! O, həmişə çalışır ki, mühüm əxlaqi-mənəvi məsələrə toxunsun… Yazılarında səmimidir, milli ruhludur, xəlqidir, təəssübkeşdir… Mənim fikrimcə, ilk növbədə şair cəmiyyətin gözündə şair olmalı və insanların ürəyinə yol taparaq sevilməlidir və yenə də, mənə elə gəlir ki, Qələndər Xaçınçaylı bunu bacarıb, bunu əldə edə bilibdir.

İstedadlı və bacarıqlı bir jurnalist kimi çox müxtəlif yönümlü, müxtəlif səviyyəli mətbuat orqanlarında fəaliyyət göstərmiş, bişə-bişə, istidən soyuğa düşə-düşə, yaradıcılıq mühitinin ab-havsına, mətbəxinə bələd ola-ola qələmi getdikcə cilalanıb, xıltdan, bozluqdan təmizlənib… Xüsusən, Respublikanın ən sayılan, ilk müstəqil qəzetlərindən olan “Ədalət” qəzetindəki fəaliyyəti, Aqil Abbasdan ustad dərsi alması onu püxtələşdirib… İndi isə, uzun illərdir ki, “Həftə içi” qəzetində, mehriban və məsuliyyətli bir kollektivdə çalışır…

Dəyərli ədəbi, ictimai fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunubdur (2015).

O, bir jurnalist-şair kimi xalqına, ədəbiyyatına, millətinə, dövlətçiliyinə, mətbuatına namusla, gücü çatan qədərində xidmətdədir… Onun şair ömrü, şair xisləti kövrək nəğmələrdən mayalanmış, not almışdır:

Bir kövrək nəğmədir həyatım mənim,

Bir kövrək nəğməylə mən doğulmuşam.

Açılır hər yana qanadım mənim,

Həyatda bir kövrək nəğmə olmuşam…

Səmimiyyət, saflıq, vətənpərvərlik duyğuları onun şeirlərinin əsas leytmotividir. Bununla yanaşı, Vətən həsrəti, Qarabağ dərdi, yurd niskili şairin yaradıcılığının ana xəttini təşkil edir. Necə deyərlər, sazlı-sözlü Qarabağ torpağında pərvazlanan şair indi yurdundan-yuvasından ayrı vətən ağrılarını çəkə-çəkə yazıb-yaradır. Onun ədəbi yaradıcılığında səmimiyyət və təbiilik ilk baxışdan özünü göstərir. Şair və yazıçının yazıb-yaratmağı onun gələcəyə baxışıdır, sabaha olan inamıdır. Onun şeirlərində sızıltı yoxdur, mübarizə, həyat eşqi, yurda qovuşmaq inamı var.

Yaxşı cəhətlərdən biri də budur ki, Qələndərin yaradıcılığında mövzu kasadlığı, lirikasında isə janr yeknəsəkliyi yoxdur. O, hissi-emosional, polifon şairdir. Ən müxtəlif mövzularda, lirik, satirik, ironik ladda, qoşma-gəraylıdan tumuş hecanın müxtəlif növlərində, sərbəstdə, modern şeir formalarında, klassik lirik janrlarda təsirli və gərəkli şeirlər qələmə alır, nəfəsi təngimir, ahəngi tıncıxmır, lətif bulaq suyu təki axardadır…

Şairlik Allah vergisidir. O, ilk öncə sənin içində, qanında, ruhunda olmalıdır. Bu da hər adama qismət olmayan ilahi bir sevgidir. Sanki, ananın bətnində şair doğulursan. Əgər bunlar yoxdursa, şairlikdən söhbət açıb, danışmağına dəyməz. Yeri gəlmişkən qeyd edim ki, ədəbiyyat çox çətin və şərəfli bir sənətdir. O sənətin ağrılarına hər adam dözə bilmir, onun yükünü hər adam çəkə bilmir. Çünki bu ruhla bədən arasında bir vəhdət təşkil edir. Gərək o mənəviyyatı, o varlığı görə biləsən. O ilahi saflığı içə-içə, durula-durula təmizlənə biləsən. Necə ki, dağların təkindən süzülüb axan bulaqlar kimi… Məhz buna görə də, bu gün hər şeir yazan adamın özünü şair adlandırması düzgün deyil. Bir sözlə, hər şeir yazana şair deməzlər. Amma Qələndər Xaçınçaylı bütün varlığı və ruhu ilə şairdir…

Onun qələmi milliliyimizin, dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir… O, şair-jurnalist məsuliyyəti və peşəkarlığının mahiyyətinə varan və əməl edən qələm sahibidir. Onun poeziyasında milli cavabdehlik ruhundan irəli gələn kəskin, prinsipial, tendensiyalı notlar olsa da, mövqeyi pozitivdir, nikbindir, ümidi sarsılmazdır, hadisələrə münasibəti durğun və etinasız deyil, intensivdir…

Qələndərin “Qoymayırlar yaşamağa” adında bir şeiri var. “Ulduz” jurnalında dərc edilib. Çox şeirində olduğu kimi burada da, onun şair “məni” və ictimai mövqeyi səmimiyyəti və prinsipiallığı ilə özünü göstərir:

Nadanlar baş alıb gedir,

Dünyanı qış alıb gedir.

Ömür qısalıb gedir,

Qoymayırlar yaşamağa

Adam kimi bu dünyanı.

…Sabah açmır sabahını,

Heç kəs demir günahını.

Itiriblər Allahını,

Qoymayırlar yaşamağa

Adam kimi bu dünyanı.

Qələndər Xaçınçaylının şeirlərinin məzmunu getdikcə ovxarlanır, daha da bədiiləşir, müdrikləşir, ictimai-sosial motivasiya bu poeziyanın əlamətinə çevrilir, “Ağarmazdı” şeirində olduğu kimi:

Hər adamın saçlarını

El ağartmır,

El ağardan saçları da

Yel qaraltmır.

Misri qılınc paslanmazdı

Koroğlular ölməsəydi.

Vaxtsız saçım ağarmazdı,

Həmzələri görməsəydim…

Səmimiyyət, saflıq, vətənpərvərlik duyğuları onun şeirlərinin əsas leytmotividir. Bununla yanaşı, Vətən həsrəti, Qarabağ dərdi şairin yaradıcılığının ana xəttini, mənəvi qatını təşkil edir…

Bu rəngarəng, məzmunlu və təsirli yazılar silsiləsi, şeir külliyyatları , milli ədəbiyyatımızın bugününə verdiyi töhfələr onu tarixən, söz sənətimizin ön sıralarında yer almış Qarabağ ədəbi mühitinin ləyaqətli davamçılarının sırasında qərarlaşdıra bilmişdir…

Bədii yaradıcılıqla məşğul olan insanlar çox həssas olurlar. Onların qəlbi cicək ləçəyindən də zərif olur. Şair və yazıçı sevgisi bulaqların və çayların axar suları kimi təmiz və saf ourlar. İncə qəlbli olduqlarına görə hər şey onlara tez təsir edir. Həyatın hər bir çətinliyinə, onun haqsızlığına, əzab-əziyyətinə biganə deyil… Qələndər də beldir, həssasdır, sevgisində də, qəzəbində də… Həyatın şirnliyi də, ağrı-acısı da ona eyni dərəcədə təsir edir və yaxşısı budur ki, o həyatdan, gerçəklikdən aldığı bütün bu hisslərini poetik ovqatla, səmimiyyətlə, bəzək-düzəksiz şerinə yansıda bilir…

Qələndər bütün məqamlarda Vətənə, torpağa, xalqa, müstəqil dövlətçiliyimizə, milli dəyərlərimizə bağlı qələm sahibidir, ədəbiyyat adamıdır. Kürəyini dağlara dönmüş elə-obaya, haqqa-ədalətə söykəyib və “Arxamda dağlar dayanıb. Onlar qoymazlar Məni yıxılmağa…” – deyərək, bu misraların selində 60 yaşına gəlib çatıb…

Qoynunda dünyaya göz açmışam mən,

Ağdam səcdə yerim, qibləgahımdı.

Öz isti yuvamdan perik düşmüşəm,

Qabartı göz yaşım, Xaçın ahımdı,

Babamın məzarı səcdəgahımdı.

Qələndər Xaçınçaylı 1958-ci il, 15 apreldə səcdəgahı bildiyi Qarabağın Kolanı ellərində, Qaraman dağının ətəyində dünyaya gəlib, Qabartı və Xaçın çaylarının sularında cilvələnib, yaşıdları kimi orta və ali təhsil alıb, Bakı Dövlət Universitetini bitirib, əsgərlik çəkib, Neft Daşlarında fəhləlikdən, müəllimlikdən bu günlərinə gəlib… Zəngi həyat təcrübəsi qazanıb… Qəlbi yurd yanğısı ilə alışıb-yanan bu şairin indi 60 illik yubileyidir…

Qələndər Xaçınçaylı sənətin bu sirlərinə, mahiyyətinə, kredosuna bələd olduğuna görə yaradıcılığında müvəffəq olur, qələminə sehrlə yanaşır, onu müqəddəs bilir… Qələndər Xaçınçaylının qələm sehri ilə hələ keçən əsrin 90-cı illərində yaranmış, dillər əzbərinə çevrilmiş və şeirimizin böyük və qüdrətli, ustad-dədə Məmməd Arazının rəğbətini qazanmış, “Vətən sənə oğul dedi” şeirini xatırlamadan keçmək olmur. Bu beş bəndlik şeir Məmməd Arazın “Vətən mənə oğul desə nə dərdim” şeirinə, aşıqların ləfzi ilə söyləsək, “qabaq” deyilmişdir:

Vətən sənə oğul dedi, ay Dədə,

Mamır olub qayasında bit, görüm?!

Ələsgəri tək qoymusan Göyçədə,

Baş çəkməyə Göyçəmizə get görüm?!

Gözəl-göyçək Qarabağım talandı,

Xan kəndində yad ocaqlar qalandı,

Neyləməli, bağrım yandı, talandı?!

Vətən sənə oğul dedi, ay Dədə,

Mamır olub qayasında bit, görüm?!

…O qayalar bir də mamır bitirməz,

Səni, məni oğulluğa götürməz,

Küsüb ellər, Ələsgəri yetirməz,

Vətən sənə oğul dedi, ay Dədə,

Mamır olub qayasında bit, görüm?!

Qələndərin əksər şeirlərində olduğu kimi bu şeirin məna, mahiyyət, poetik yükü, tutumu olduqca dəyərli, çoxmənalı və dərindir, mühüm mətləblərdən xəbər verir… Poetik üslub və dilin cilası, söz duyumu, sözün alt qatının mənalarına vara bilmək bacarığı diqqətdədir. Bunlar Qələndərin şeirlərinə lakonizm, ekspressivlik aşılayır… Lirizm, sətiraltı məna, cəmiyyətimizdə olan haqsızlıq və bərabərsizliklər, torpaqlarımızın bir hissəsinin gavur düşmən tapdağı altında olması və s. bu kimi problemlər onun vətəndaşlıq mövqeyindən çıxışlarının mahiyyətini təşkil edir, onu əsasən tənqidi mövzularda da, özü də cəsarətlə çıxış etməyə sövq edir… Və bu motiv kompromissiz olduğundan oxucuları tərəfindən rəğbətlə qarşılanır…

Bir yarasan ürəyimdə,

Sinə dağım, Qarabağım!

Sən olmusan yad əlində,

Viran bağım, Qarabağım!

Pərən-pərən olmuşuq biz,

Açan gül tək solmuşuq biz,

Niyə susb, donmuşuq biz,

Yanır bağrım, Qarabağım!

Qələndərin “Şüşa da bir qaladır”, “Apar məni Qarabağa”, “İrəli, əsgər”, “Pərvizim”, “Vətənimiz Çənlibeldir” və s. şeirlərinə bəstəkar Aydın Mehrəliyevin və Şəfəqin bəstəsindəki mahnılar məşhur müğənnilər Xalq atisti Nəzakət Teymurova, Tuqay İsmayılov, Rəvanə tərəfindən ifa edilir; onun bir-çox şeirləri dillər əzbəridir, şahidi olmuşam ki, el şənlik və mərasimlərində fanatları tərəfindən fərəhlə söylənilir, coşqu ilə qarşılanır…

Bu onun şeirlərinin müasirliyindən, həyat həqiqətlərindən nəşət etməsindən irəli gəlir. Məlumdur ki, şairin hər bir şeiri müasir, ruh və hisscə yeni, təzə olmalı, həyat həqiqətlərinə arxalanmalıdır. Bir sözlə, şair köhnəliklə yenilik arasında bir körpü, vəhdət təşkil etməlidir. Onun poeziyasında keçmişdən baxanda, gələcək necə görünürsə, gələcəkdən boylanıb arxaya baxanda da keçmiş o cürə görünməlidir… Söz sonsuz bir kainata bənzəyir. Məncə, kainatın sonu olmadığı üçün sözün də sonu yoxdur. Məhz buna görə də, söz heç vaxt tükənmir. Və heç vaxt da tükənməyəcək. Mühitindən, zamanından asılı olmayaraq, şair hər zaman öz sözünü deyib və deyəcək. Şairin sözü sınmamalıdır. Sözünün sınmasındansa, özünün sınması daha yaxşıdır! Buna görə də şairlər dəryaz kimi döyülüb itilənməlidir ki, yazdıqları da kəsərli olsun. Səməd Vurğun, Məmməd Araz, Fikrət Qoca, Rəsul Rza bulağından su içmiş Qələndərin yaradıcılığını mən bu motivdə görürəm… İnanıram ki, onun şeirləri zamanın sınağından, ələnən xəlbirindən keçəcək, dəyərli poeziyamızın zərrin zərrəsinə çevriləcəkdir…

Dərd saçımı, saqqalımı,

Saçım-saqqalım da

dərdimi ağartdı.

Fikrim sözüm üstə

yəhərlənən ağ atdı…

Qələndər Xaçınçaylı, poeziyamızın bu “ağ atlı oğlanı” altmışında da, yüksək bir enerji və ilhamla yazıb-yaradır… Onun 60 yaşını qutlayır, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram…

Qurban BAYRAMOV,

Tənqidçi-ədəbiyyatşünas, 1984-cü ildən AYB-nin üzvü.

Həftə içi.- 2018.- 14-16 aprel.- S.8.

“Tanrı payı” şeirlər kitabı haqqında düşüncələrimdən…

HƏLƏ  DEMƏDİYİM  SÖZƏ  BAĞIŞLA…

Neftçalanın dəyərli söz adamı, yazıçı- publisist,

 şair  ZAUR  ƏRMUĞANIN

“Tanrı payı” şeirlər kitabı haqqında düşüncələrimdən…

“…Bir daş sükutum var, dinər söz doğar,

Göz yaşım damçılar, damlam köz doğar,

Yol mənim yolumdur, məndən iz doğar,

Bir zirvə ucaldar: – – Şeir, şeir yaz!”

                                               (“Şeir yaz” şeirindən)

Poeziya haqqında çox deyilib, çox da yazılıb. Hər kəsin öz düşüncəsi olan bu yol haqqında nəsə demək istəyiriksə, bu, əlbəttə ki, yeni söz olacaqdır. Çünki hər bir insanın baxışı fərqlidir. Duya bildiyi qədər görər, görə bildiyi qədər dərk edər…

 Poetik dillə şairin oxucuya təqdim etdiyi sərvəti ruhun pərvazlandığı, əqlin süzgəcindən keçərək demək istədiyi gözəllik məhz ən ali duyğulardır. Şair onu əzizləyərək, ilmə-ilmə toxuyaraq, bəzən zərif gül ləçəkləri ilə pərdələyərək təqdim edir. Bu zəriflik çəkir qəlbi, bu gözəllik yaşadır qələmi, düşündürür oxucunu, ucaldır qələm adamını.

İnsan duyğular toplusudur. Bu duyğuların ən zərifi, ən yüksəyi insanlığa xidmət edən poeziyada əks olunursa, milyon-milyon könüllərə yoldaş olur, sirdaş olur. Poeziya insanı sabaha səsləyir, düşündürür, düşüncənin qanadında uzaqlara aparır, öz dünyasına yaxınlaşaraq apardığı uzaqlıqda yaşadır insanı. Bu zərifliyi içində saxlaya bilməyən qələm sahibi sanki oxucusu ilə əl-ələ tutaraq ruhun özünün hiss edə biləcəyi ən gözəl çalarlarla mənzərə yaradır, onun sakini olur, orada qalır, yazır, dönüb yenidən baxır və  bir qəsr ucalda bilən memar timsalı zövq alır.

Bəli, sənətkar yaratdığından zövq almırsa, demək ki, duyğuları onu çoxdan tərk etmişdir. Əziz oxucularım razılaşmayacaq, yəqin ki. Duyğusuz da söz yazılarmı?.. bu bir başqa mövzu…

Bu gün sözü dəyərli bilən oxucularımıza bütün qəlbi ilə yaradıcılığa bağlı, sözün sehrində dalğalar qoynunda yaşayırmış kimi görə bildiyim yazıçı-publisist, şair, dəyərli qələm sahibi Zaur Ərmuğanın  yeni çap olunan “Tanrı payı” kitabından danışacaq, bu saf duyğulu söz sərrafının duyğu selinə qoşulacağıq. Bu duyğular bahar yağışı kimidir, hər misranın arxasından günəşin al şəfəqlərini duyursan, ümid səni tərk etmir, kövrək duyğulara sanki sığal çəkərək həyata davam deyirsən.

“Tanrı payı” şeirlər kitabı “Günəş ömrü istəyirəm” şeirlər kitabından sonra  şair Zaur Ərmuğanın ikinci kitabıdır. Kitab 2023-cü ildə “Elm və təhsil” nəşriyyatında çap edilmişdir.

Poeziyaya, ümumiyyətlə, ədəbiyyata bütün qəlbi ilə bağlı olan Zaur müəllimin şeirlərini oxuduqca sanki saf bulaq suyunu ovcuna alıb içən insanı xatırlayırsan. İnsan ruhu bu qədər durulur,  içində saflıq, sərinlik  hiss  edir.

Oxucularımızı “Tanrı payı”- nın dünyasına səyahətə dəvət edirəm, onu duymağa səsləyirəm. Şair Zaur Ərmuğan sinif otağında şagirdlərini ümid və inamla elmə, həyata səsləyən dəyərli müəllim olduğu qədər, hər bir oxucusunun da mənəvi xeyirxahı olaraq onlara qayğı göstərir. Onları qələminin nuru ilə işıqlanan misralarında həyatı görməyə, doğrunu yanlışdan seçməyə, dünyanı olduğu kimi dərk  etməyə  səsləyir:

“…Çölüm, dağım, daşımdır,

Ruhumdur, yaddaşımdır,

Məzarım, başdaşımdır,

Göyüm, yerimdir Vətən”.

                           (“Vətən” şerindən)

və yaxud:

“…Oğullar zəfərlər çaldığı yerdə,

Müqəddəs bir qisas aldığı yerdə,

Şəhid məzarının olduğu yerdə

Vətən çiçək açır tər gülləriylə”.

              (“Müqəddəs qisas” şerindən)

Əbədi düşüncəmizdə heç zaman solmayan Vətən anlamını bu bənd bütün çalarlarıyla təqdim edir. Ruhumuza hopan anların yaddaş tarixini vərəqləyərək bizdən sonra qalan baş daşımıza qədər, ondan sonra da sadəcə torpağının bir parçası olduğumuz vətən torpağına qədər. Bu yerdə deyərdim ki, bəzən sadəlikdə o qədər möhtəşəmlik yaşayır ki, onun verdiyini heç nə qopara bilməz. Bu misralardakı vətən anlamını duya bilən üçün…şəhadəti görə bilənlər üçün.

“Tanrı payı” şeirlər kitabı “Vətən evimdir mənim”, “Bir sevgi duası yazılıb ömrə”, “Quşlar yuva qurub bir dar koğuşda”, “Dünyanın sirrini bilməyib kimsə”, “Torpağı ucaldan şəhid” başlıqları ilə beş hissəyə bölünüb.

Şair Zaur Ərmuğanın “Tanrı payı” şerini izləyir, sözün səmimiyyətini aydın duyuruq:

“…Bu eşq işığına könlüm duaçı,

Boynumdan asmışam günahlarımı.

Gülüm, gəl bağışla sevgi xətrinə,

Mən girov qoymuşam sabahlarımı.

… Gülüm, gəl bağışla, bağışla məni,

Odunda yandığım közə bağışla.

Qəlbində min bir yol əzizlədiyin

Hələ demədiyin sözə bağışla… ”

İnsan qəlbinin idarəolunmaz səmasından yenə eşqi seyr edirik “Eşqin” şerində:

“…Bir gülüş məlhəmdir sinə dağıma,

Taleyim əl tuta dilsiz çağıma.

Xəzan xəzəl-xəzəl düşüb bağıma,

Baharı gülündə soldu bir eşqin…”

“Özünü məndən qoparma” şerində yenə oxucu saf duyğuların etirafını izləyir :

“…Göyümdən danı aparma,

Sevdiyim anı aparma.

Özünü məndən qoparma,

Bu tale Tanrı qisməti”.

El dilində olan “Göz ürəyin aynasıdır!” ifadəsi şairin “Qoy oxusun gözlərini gözlərim” şerində yeni bir formada çıxır qarşımıza. Gözlərin insan duyğusunu bir güzgü kimi əks etdirməsini şair poetik dillə izah etməyə çalışmışdır:

“… Ümid dinir, güman dinir gözündə,

Sükut dolu ümman dinir gözündə,

Bir gerçəyi uman dinir gözündə,

Qoy oxusun gözlərini gözlərim.

Kirpiyinin kölgəsimi gizlənən?

Yad baxışla özgəsimi gizlənən?

Bəlkə, mənəm  öz – özüylə izlənən?

Qoy oxusun gözlərini gözlərim…”

   “Ürəyimə” şerində isə  eşq iztirablarını aşiqin dilində ilğım atəşində görürük:

“… Bir gileyin min davası,

Bir talanam, eşq yuvası,

  Köklənmişəm, var havası,

 Dəmi yığdım ürəyimə…”

Şairin şeirlərində bədii təsvir və ifadə vasitələrinin dəqiqliklə işlənməsi, fikrin bədii şəkildə oxucuya çatdırılmasında əhəmiyyətli rol oynayır. Belə ki,  “ümid dinir”, “güman dinir” metaforları,   

“Uşaq kimi dəcəl,  kövrək, Xəyallarım, xəyallarım”, Qış ömründə yaz yamacı-Xəyallarım, xəyallarım” təşbehləri, “Qəşəngdir lalənin al qızl tacı” epiteti və digər bir belə bədii nümunələr öz poetikliyi ilə seçilir və müəllifin əksər şeirlərində bu cür parçalara, söz və ifadələrə rast gəlmək olur.

Şair Zaur  Ərmuğanın  gözəllik  anlamını  “Gözəl olur” şerinin misralarında gəzirik.:

“Ulduzlu gecənin öz yaraşığı,

Üfüqdə  qızaran gün gözəl olur…”

və ya

“Ruhun dincəlməyə var ehtiyacı,

Qəşəngdir lalənin al qızıl tacı…”

Şair ürəyinə qüvvət verən duyğuların ünvanı isə sonsuz xəyallardır. “Xəyallarım” şerindən hansı bəndi seçim deyə çox düşündüm. Nəhayətdə, az hissəsini  ixtisarla çatdırıram dəyərli oxuculara. İnsanın özünəməxsus xəyal dünyasının ritmləri doğmadır hər birimizə:

“Əllərimdən tutan əldir,

Ürəyimdə suzmaz dildir,

Göy üzündə bitən güldür

Xəyallarım, xəyallarım”.

“Gözlərimdə rəngli gerçək,

Qəhərlənər məni görcək.

Uşaq kimi dəcəl, kövrək

Xəyallarım, xəyallarım”.

“…Gah şirindir, gah da acı,

Həsrətimin tək əlacı!

Qış ömründə yaz yamacı —

Xəyallarım, xəyallarım”.

“Öz dünyamın qonağıdır,

İçimdə ruh bulağıdır,

Məndə bir mən sorağıdır

Xəyallarım, xəyallarım.”

Şair Zaur Ərmuğanın insanlığa xidmətidir yaşatmaq amalı, dözüm, ümid işığına səsləmək, fanilik içində əbədi yaddaşa xidmət edən dəyərlərə xidmət etmək missiyası. “Ömür yaşat, de sözünü” şerindən:

“Büdrəsən də qalx ayağa,

Vurma yerə tez dizini.

Dünya budur, həyat belə,

İpəyindən seç bezini”.

“…Sinəni heç oyma nahaq,

Ürəyinə qıyma nahaq,

Vədəsinə uyma nahaq,

Çox bozardıb tərs üzünü…”

“Pay gözləmə bağçasından,

Vəfa ümma axçasından,

Pisi ayır yaxşısından,

Əyrisindən həm düzünü ”.

Həyatın qarşımıza çıxardığı üzüntülərə qarşı etiraz edən şairi “Allah, burdan devir məni” şerində daha sərt şəkildə gileyli görürük. Bu qəm cəmiyyətimizdə dərdli insanların sanki ümumiləşdirilmiş bir etirazıdır. Kədərdən üzülən, boğulan insanın harayıdır, Tanrıdan imdadıdır…

“ Hər ahım bir anı üzür,

Nəfəs-nəfəs əriyirəm.

Dərddən təzə dərd doğulur,

Dərdi dərdə dirəyirəm”.

“…Dərd məhbəsdir, qəlb əsiri, 

Bitməz vaxtın kəm-kəsiri.

Neyləyir dərd mən yesiri?!

Ayaq üstə çürüyürəm…”

“…Soruşmayın bu nə haldır?

Bu nə vaydır, nə məlaldır?

Könlüm dolu, dilim laldır.

Kilidlənib  kiriyirəm…”

İnsanın taleyinin fərqli yolları, sevinc, kədər, sədaqət, mərdlik, bəzən çətinliklər qarşısında qətiyyət, bəzən yorğunluq “Taleyim” şerində də məzmunlu ifadə olunmuşdur:

“…Yoxam belə, varam belə,

Sirlə dolu naram belə!

Yar deyənə yaram belə,

Bircə yarın yarasıyam…”

“…Əridəcək fikir məni,

Dağdan-dağa çəkir məni.

Zaur, dərdim bükür məni,

Nə əlac, nə çarəsiyəm”.

Şair Zaur Ərmuğanın  kitabda yer alan “Dünya”, “Qonağam”,  “Dolanaq, dünya”, “Aldanmışam yalanına ömrümün” şeirlərində də həyat gerçəklərinə  şair baxışının özünəməxsus çalarlarını görürüki:

“…Vədələri yalan imiş,

Bəxtimiz nə ağır imiş?!

Gör bir necə cığal imiş,

Sözündən çıxıbdır dünya.

                      (“Dünya” şerindən)

“Dünya dərin bir dəryadır,

Toruna düşən balığam.

Yeri, göyü də səhradır,

Yolundan keçən çarığam.

               (“Qonağam” şerindən)

“…Ey davakar dünya, mən ki, barışdım,

Ver, çəkim dərdini, burdayam hələ.

Sənə dözə-dözə elə alışdım,

Enişdə, yoxuşda, yoldayam hələ…”                                                   

                     (“Dolanaq, dünya” şerindən)

“…Eləsi nə, beləsi nə dünyanın?

Mən də düşdüm tələsinə dünyanın.

Çiyin oldum şələsinə dünyanın,

Aldanmışam yalanına ömrümün…”                                                            

                      (“Aldanmışam yalanına ömrümün”)

            Cəmiyyətimizdə ən humanist, şərəfli peşəsi ilə xalqa, dövlətə xidmət edən şair Zaur Ərmuğan seçdiyi müəllimlik peşəsinin də, söz sənətinin də ən şərəfli pilləsindədir. Bu yol isə insan şəxsiyyətini kamilləşdirən zəhmət yoludur, fədakarlıqla dolu…

“Zirvəyə gedən yol hamar ki  deyil,

Daşlı-kəsəklidir, yüz yarğanı var.

Səni aldatmasın yaz günəşi, bil,

Qışın fırtınası, sərt tufanı var…”

                     (“Zirvə” şerindən)

misralarının müəllifi  şair Zaur Ərmuğan “Şair tanıyıram” şerini qocaman şairimiz Soltan Abbasa həsr etmiş, ustad sənətkarımızı belə dəyərləndirmişdir:

“…Baxışı mənalı, duyğusu təzə,

Ürək yox, günəşdir sinəsindəki.

Deyir, səhərlərdir zülməti qovan,

Var olsun bu dünya, bir sevda təki…”

“…Şair tanıyıram, gözəl bir şair,

Təbini həmişə qüdrətdən alır.

Mən şair görmüşəm, zövqü səfanı

Xalqa sədaqətlə xidmətdən alır…”

İnanıram ki, şair Zaur Ərmuğanın “Tanrı payı” kitabı onun səhifələrini izləyən, adını  soraqlayan hər bir oxucumuz üçün maraqlı poeziya çələngi olacaq, verdiyi dəyərlə yadda qalacaqdır.

Çox hörmətli Zaur müəllimə söz mülkümüzün zənginləşməsində daim uğurlar, ailəsi ilə birlikdə can sağlığı, xoş günlər diləyir, “Tanrı payı”nız hər zaman ucalığa doğru olsun!”- deyirik.

MÜƏLLİF: BƏDİRƏ  RZA HƏSƏNQIZI,

Neftçala  rayonu.

BƏDİRƏ  RZA HƏSƏNQIZNIN YAZILARI

ZAUR ƏRMUĞANIN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə – Kamal Camalov

Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə

HUMANİST İDEYALAR CARÇISI MƏHƏMMƏD FÜZULİ

KAMAL CAMALOV

Pedaqogika elmləri doktoru, professor

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Naxçıvan Müəllimlər İnstitutu

kamal.camalov@gmail.com

Şərq mədəniyyətini qiymətli inci əsərləri ilə zənginləşdirən ustadlardan biri də Məhəmməd Füzulidir. Hərtərəfli biliyə malik, insana ilahi məhəbbət aşılayan, oxucusunu ülvi ideyalarla yaşamağa çağıran və pedaqoji fikrin inkişafında müstəsna yer tutan Məhəmməd Füzuli gahdan bir elm adamı kimi, gahdan astronom kimi, gahdan psixoloq, filosof kimi, gahdan bioloq kimi, gahdan həkim kimi, gahdan da musiqiçi kimi bəşər mədəniyyəti tarixində silinməz izlər buraxmışdır. Təbii, deyə bilmərik ki, Füzuli elmin müəyyən bir sahəsinə aid xüsusi bir əsər yazmışdır. Lakin hər bir əsərində rast gəldiyimiz fikirlər və mülahizələr bizə onu deməyə əsas verir ki, Füzuli elmi təfəkkürün pik nöqtəsində dayanmışdır. M.Füzulinin əsərlərini oxuduqca görürük ki, Füzuli həm də yüksək mülahizəyə malik bir pedaqoq olmuşdur. Füzuli öz elmi və düşüncələrini irəli sürərkən lazım gələndə Sokratdan, Platondan, Aristoteldən, Miletli Falesdən, Anoksaqordan, Miletli Empedokldan, Pifaqordan, Plutarxdan, Heraklitdən, İbn Sinadan, digərlərindən də sitatlar gətirir və bu kimi alimlərin fikrini ehtiramla şərh edir. Qeyd etmək lazımdır ki, Məhəmməd Füzuli ilk öncə panteistdir. O, hər bir varlıqda, hər bir hadisədə Allahın təzahürünü, onun özünü görür, bu bütün müqəddəs varlıqlara, ilahi şəxsiyyətlərə Məhəmməd Peyğəmbərə, həzrəti Əliyə, onun övladları imam Həsənə, imam Hüseynə aiddir. Deməli, Məhəmməd Füzuli belə qənaətə gəlir ki, Allah hər şeydə vardır, o hər şeydə mövcuddur, buna görə də əslində gizlin deyildir. M.Füzuli sevmək üçün nəcib sifətlər, zəngin mənəviyyat, əhdə vəfalı olmağı təbliğ edirdi. Əxlaqın mənşəyi və mahiyyətini düzgün aydınlaşdıran Məhəmməd Füzuli belə nəticəyə gəlir ki, əgər məsələ ata sözünü və ya müdrik sözləri sadəcə əzbərləməkdən ibarət olsaydı, onda əxlaq tərbiyəsinə ehtiyac qalmazdı, retsep və düsturlar verməklə cəmiyyətdəki əxlaqi qəbahətləri asanlıqla aradan qaldırmaq olardı. Əxlaqi prinsip və qayələrin toqquşduğu bir cəmiyyətdə yaşayıb-yaradan Məhəmməd Füzuli həyatın hər növ haqsızlıqlarına ədalətsizliyə, hüquqsuzluğa, zorakılığa qarşı daim qiyam qaldırmışdır.

Lütfün əlası sözün mənasını bilməkdir – deyən Məhəmməd Füzuli az sözlə nəcib insani xüsusiyyətləri obrazlı şəkildə ifadə etmişdir. Söz sənətinin dahi ustadı “Füzuli özünün az bir zamanda böyük şöhrət qazanmasına baxmayaraq, biliksiz şeirin təməli olmadığını bilərək, elmləri dərindən öyrənməyə başlamışdır” [1, s.302].

Bədii təfəkkür dairəsi geniş və zəngin olan Füzuli qəzəl, qəsidə, tərcibənd, tərkibbənd, müxəmməs, təxmis, mürəbbe, qitə və s. geniş istifadə etmişdir. Füzuli “şeirə hər şeydən əvvəl, həyatın məhsulu, “qəlb xəzinəsinin gövhəri” kimi baxır” [2, s.28]. Fikrin obrazlı şəkildə ifadəsi, az sözlə geniş məna vermək qabiliyyəti şairin qəsidələrinə də aid xüsusiyyətlərdəndir. Şərq klassik poeziyasının bütün şəkli xüsusiyyətlərindən özünə məxsus bir sənətkarlıqla istifadə edən Füzuli əsərlərini boş və mənasız sözlərlə doldurmaqdan çəkinmiş, ərəb, fars və Azərbaycan dilinin zəngin xüsusiyyətlərini mənimsəyərək hər sözünə, hər bir ifadəsinə dərin məna və orijinal xüsusiyyətlər verməyə çalışmışdır. Şərqşünas Bertelsin dediyi kimi, bu qəsidələr məntiqcə bitkin, bədii cəhətcə bütövdür. Bu qəsidələrin beytlərinin yerini dəyişdirmək qeyri-mümkündür. Öz hisslərini bədii nitqi ilə ifadə etmək bacarığı Füzuli qəsidələrinə xüsusi gözəllik verərək şeirin məna dairəsini genişləndirmişdir. Bədiiliyin pedaqoji-psixoloji və fəlsəfi sirləri qeyd etdiyimiz kimi Füzulinin şeirlərində öz ifadəsini tapmışdır. Bütün bunlar şairin qəsidələrini yüksək qiymətləndirməyə haqq verir.

Hər bir füzulişünasa aydındır ki, Füzuli bütün yaradıcılığı boyu çalışmışdır ki, ərsəyə gətirdiyi əsər özündən əvvəlki və müasirlərinin əsərlərinə bənzəməsin. Bu fikirlə bağlı Füzuli yazır: “Qəzəlin özünəməxsus bir dili və müəyyən bir kəlmə aləmi vardır. Təsadüfən, məndən əvvəl gələn şairlərin hamısı yüksək anlayışlı, dərin düşüncəli insanlar imiş. Qəzəl üslubuna yarayan hər gözəl ibarəni, incə məzmunu elə işlətmişlər ki, ortada bir şey qalmamışdır. İnsan onların bütün yazdıqlarını bilməlidir ki, çalışıb vücuda gətirdiyi əsərlərdə özündən əvvəl söylənən mənalar olmasın. Elə vaxtlar olmuşdur ki, gecə səhərə qədər oyaqlıq zəhərini dadmış və bağrımın qanı ilə bir məzmunu tapıb yazmışam. Səhər olanda başqa şairlərlə uyğun gəldiyini görüb, yazdığımı pozmuşam, ona sahib çıxmamışam (şeirlərim sırasına salmamışam). Elə vaxtlar da olmuşdur ki, gündüz axşama qədər düşüncə dəryasına dalıb, söz almazı ilə məna gövhərini deşmişəm. (Bunu görənlər:) bu məzmun anlaşılmır, bu ləfz xalq arasında işlənilmir və xoşagəlməzdir – deyər-deməz, o məzmun gözümdən düşmüş, hətta onun üzünü köçürməmişəm” [3, s.16].

Şərq ədəbiyyatında qəlb şairi, eşq və məhəbbət nəğməkarı kimi tanınan Füzulinin şeirlərinə qida və can verən yeganə amil və hərəkətverici qüvvə məhəbbətdir.

                             Dil yaxşıdır ki, Allahın birliyini söyləsin,

                             Əgər elə olmasa, ağızda dil olmasa yeydir.

                             Eşq olsun o kamil yaradana ki, iki aləm də,

                             Onun cızmış olduğu kainatın əbədi naxışıdır [4, s.177].

Bu beytlər yüksək məhəbbətlə sevən bir aşiqin real duyğularıdır.  Füzuli Allaha xitabən deyir ki, sən yəqinsən, bəsbəllisən, zənnə, təqlidə gülmək lazımdır. “Doğrudan da, şair məşuqun sifətindən danışanda, o həqiqi sevgilinin ehtiyacsızlığının kamalını göstərərkən sadiqdir…” [5, s.16] – deyir. Füzuli deyir ki, hər kim ruhun bədəndə necə zahir olmasını, ruh ilə bədənin eyniyyət və fərqlənmə cəhətlərini bilsə, Tanrının da şeylərdə necə zahir olmasını, Tanrı ilə şeylərin eyniyyət və fərqlənmə cəhətlərini bilər və beləliklə, hər kim “özünü tanısa Tanrısını da tanıyar” [4, s.109].

İslamiyyətin dini prinsipləri şairin əxlaqi görüşlərində üzə çıxır. Mütərəqqi fikirlər təbliğ edən şairin dini əsərlərində belə (“Hədiqətüs-süəda”, “Məslə ül-etiqad” və s.) şairin humanist ideyaları, həyati əməlləri oxucunu təsir altında saxlayır.

M.Füzulinin sevgisi və ya sevgilisinə iki aspektdən yanaşa bilərik. Birinci sevgisi Ulu Tanrı və ya ilahi məhəbbətə, sonra Məhəmməd Peyğəmbərə, Həzrəti Əliyə və onun övladları imam Həsən və imam Hüseynə əsaslanır ki, biz bunları mütləq ruh adlandırırıq, cismani sevgi, həmçinin ilahi bir varlıq sayırıq. Füzuli öz divanına Əlini mədh edən qəsidə ilə başlayır. Əlini ibtidasız əvvəl, sonsuz axır, peyğəmbərə yardım edən, vəlilərin görən gözü, üzünün nurlu parıltısı ilə, öz ziyasından bir günəş yaradan haqq ilə olan adlandırır, haqqın ondan göründüyünü, haqq ilə əbədi olduğunu söyləyir və qəsidənin bir yerində “Ali-Əba”dan danışır, onlara and içir.

                             Mənim həmişə işim tək Əlini tərifdir,

                             Bir özgə işlərə yoxdur könüldə vəqt, məcal.

                             Mən and içib demişəm yüz kərə Əli həqqi,

                             Nəcəfdən özgə məni çəkməyir nə şərq, nə şimal.

Füzuli arzu edir müjdeyi-əta eşidə,

O da həmişə yaza böylə mədhi – Heydərü Əli [5, s.212]

M.Füzulinin tərənnüm etdiyi gözəl, öz təbirincə desək misilsiz təsir qüvvəsinə malik ideal gözəldir. O elə gözəgörünməz lətafətə malikdir ki, onun lətafətinin çoxluğunu idrak nəzərə alsaydı hiss qüvvələri zəifləyərdi. Bədr zühurunu onun camalı ilə kamala yetirmişdir. O bir gözəllik sahibidir ki, baxışı, xətti, xalı, qəddi ilə aşiqləri cəlb etmişdir. Məlahətdə yeganədir. Bir işıqlı ulduzdur ki, səyyarələrin mərkəzindən ən uzaq nöqtəyə çatmışdır. Qaməti bir şaxədir ki, ruh bağçasında aşiqlərin göz yaşı ilə artmış, böyümüşdür.

Bu və ya buna bənzər beytlərində şair “vahid dost”unu (Yaradanı) xüsusi qüvvət və ehtirasla yüksəklərə qaldırır. “Füzuli eşqinin mənasını hərtərəfli aydınlaşdırmaq üçün çox mühüm bir məsələni də nəzərə almaq lazımdır” [6, s.27]. M.Füzulinin qəsidələrindəki eşq-məhəbbət fəlsəfəsi dərin ictimai, əxlaqi mənaya malikdır.

M.Füzulinin şeirlərində xalqın zəmanədən narazılıq, həyatdan şikayət motivləri mühüm yer tutur. Orta əsr mühiti, rəzalət və riyakarlıq xalq kimi şairə də o qədər iztirab vermişdir ki, bəzən fikirlərində dünyada düzlük olmadığı qərarına gəlmişdir.

                             Rəhm qıl, rəhm xəlqə kim, Həqdən

                             Bulasan aqibət cəzayi-əməl.

                             Xəlqə sən rəhm qılmayınca, sana

                             Rəhm qılmaz Xudayi-əzzə və cəll [7, s.285].

M.Füzuli qəsidələrində və ya “Şikayətnamə” əsərində hakimlərin, zülmkar şahların hakimiyyəti altında yaşayan xalqın həmişə əzab-əziyyətdə olacağına işarə edərək “Vay olsun o məmləkətin halına ki, hakimi zalimdir” – deyir. Füzulinin böyüklüyü bundadır ki, o, nədən yazır-yazsın, ictimai hadisələrə biganə qalmamış, zamanın nəbzini tuta bilmişdir.

Füzulinin qəsidələrində əxlaqi fikir və qayələr də mühüm yer tutur. “Böyük mütəfəkkirin eşqi, məhəbbəti insan həyatının, insan qəlbi və hisslərinin əsas qayəsi saydığını, eşqin şairin yaradıcılığında tərənnüm edilən başlıca motiv olduğunu demək olar ki, Füzuli irsini tədqiq edən bütün alimlər söyləyirlər. Bu füzulişünaslıqda şəksiz-şübhəsiz qəbul edilmiş bir məsələdir” [8, s.130]. Müxtəlif əxlaqi prinsip və qayələrin toqquşduğu bir cəmiyyətdə yaşayıb-yaradan şair bu məsələyə etinasız qala bilərdimi? Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Füzuli bütün varlığı ilə ülviləşdirdiyi, ləkəsiz bir gövhər qədər saflaşdırıcı məhəbbəti ən yüksək əxlaqi sifət sayır, ilahi eşqi bütün dünya eşqinin fövqündə tutaraq, başqa xoşagəlməz əməlləri şeytani əməl olduğunu göstərərək yaramaz işlərdən uzaqlaşmağı məsləhət görür.

                             Günahdır eşqdən özgə əməllərin hamısı

                             Eyib deyilmi, günah işləyib, olum rüsva? [5, s.294]

Qəsidələrdə həsəd əhli, paxıl və alçaq adamlar xeyirxah insanlara, nəcib və ali şəxslərə qarşı qoyulur. Burada təmiz əxlaqi sifətlərə malik insanlar çirkin adamların fasiləsiz hücumuna məruz qalırlar.

                             Məzəmmət əhli bizi dəhrdə edər təhqir,

                             Nə vəsldən bir əsər var, nə rəhmdən bir əsər [5, s.290].

Yaxud:

Kədərlənir ürəyim tənələr eşitdikcə,

                             Odur ki, dinləmirəm təni, vermirəm məna [5, s.294].

M.Füzuli hər bir qəhrəmanını lirik üslubda təsvir edir. Hadisələri daha çox prosesdə qələmə alan Füzulinin qəhrəmanları daxilən yetişir, mənəviyyatca tamamlanırlar. Füzulinin yaradıcılığındakı surətlərin çoxu köməksizdir. Daxilən böyük, namuslu və vicdanlı insanlar əksərən tək, kimsəsiz təsvir olunur. Mərd insanların köməksizliyi bir neçə səbəblə əlaqədardır. Əvvələn Füzuli göstərmək istəmişdir ki, bu insanları köməksiz edən yaltaqlıqdan, paxıllıqdan uzaq olmaları, namuslu əməklə yaşamaları, heç kimə boyun əyməmələridir. Füzuli həyatın hər növ haqsızlıqlarına “ədalətsizliyə, hüquqsuzluğa, zorakılığa qarşı” [9, s.58] daim qiyam qaldırmışdır.

Riyakarlıq və paxıllıq kimi pis əxlaqi sifətlərin tənqidinə Füzulinin qəsidələrinin, demək olar ki, əksəriyyətində rast gəlmək mümkündür. “Vay olsun o şəxsə ki, riyakarlıqla ömür keçirir” – deyən şair belə şəxslərə, hətta nəsihət etməyi də yersiz hesab edir: xeyirxah və nəcib insanları onlardan çəkinməyə çağırır: “Çirkin adamların müaşirətindən həzər et” – deyir.

M.Füzuli “insanın əxlaqi keyfiyyətlərinə yüksək qiymət vermiş” [10, s.153], insanın əxlaqının təmizliyindən danışaraq böyük bir nəsihətçi, müdrik ustada çevrilmişdir: “Zatən təbiətim alçaq işlərdən uzaqdır”, “fəsad işlərə adət etmədim”, “qəlbim həmişə həqiqətə mail olmuşdur”, “məcaz zəncirlərinə müqəyyəd olmadım” – deyərək oğurluq, tamahkarlıq, mütilik kimi sifətləri ifşa edir, faydalı, vəfalı, ədəbli olmağı, fəsad işlərdən uzaq olmağı təbliğ edir, insanları sədaqətə, etibarlılığa, ata-anaya, Vətənə, torpağa, eşqə, məhəbbətə, öz ülvi duyğularına sədaqətə çağırır.

Çox zaman fikirlərini açıq söyləyə bilməyən Füzuli zəmanədən narazılığı cananın cövr və cəfasında çəkdiyi əziyyət və işgəncə pərdəsi ilə örtürdü. Zamanında hər bir arzunun maniələrlə pərdələndiyini gördükdə kədərlənir, bir çıxış yolu tapa bilmədikdə cəmiyyətdən uzaqlaşıb gizlində yaşamaqla nicat tapacağına ümid bəsləyirdi. “Paxıllıqdan, cəmiyyətdən uzaqlaşmaqla bir mağarada gizləndim, düşmənlərin qorxusunu bilməmək üçün mənə bu qələdə doğru yol göstərildi”. Belə mistik motivlər Füzuli dövründə olan ictimai bərabərsizliyin, zülm və əsarətin nəticəsidir. Məhz bu cür haqsızlıqlar şairi “faniyi-mütləq”ə sığınmağa məcbur edir.

Gətirdi təngə nakəslər məni, arzum budur daim,

          Nə mən bir kəslə, nə də bir kəs mənimlə aşina olsun.

          Fəqət, hümmət məni istər görə dünyadə müstəğni,

          Təbiətcə o istər hər gəda padişah olsun.

          Gəda tək ummaram pay süfrəsindən hər kəsin, əmma,

          Könül istər Əlinin asitanında gəda olsun [5, s.176].

Əgər şair bir tərəfdən kədərlənir, dünyadan əl çəkib “üzlət” aləminə (bir tərəfə çəkilib təkbaşına oturma mənasında) sığınmağa can atırsa, digər tərəfdən zülm və haqsızlıqlar dünyasında özünü bütün çırkinliklərin fövqündə tutur, sənətinə, qüvvəsinə, ideyalarının qüdrətinə, fənası olmayan bir bəqaya çatacağına o qədər inanır ki, bu hal onu sevindirir. Füzulinin “fikrincə, insan faydalı əməlləri ilə cəmiyyətə xeyir verməyi bacarmalı, bununla da özünü tanıtdırıb, etibarlı mövqe kəsb etməlidir. Əks təqdirdə onun varlığı kimsə tərəfindən hesaba alınmaz” [11, s.68].

Qeyd edək ki, “Füzulinin əsərlərindən xoşlanmayan adamlar” [12, s.35] da olmuşdur. Şairin şeirlərindən danışan bəzi “tədqiqatçılar” şairin qəzəl və qəsidələrini “sönük”, “hissdən məhrum”, “yaxşı şeir vəsfinə layiq olmayan önəmsiz” əsərlər kimi qələmə verməyə cəhd edirlər. Təbii ki, fikirlərin elmi həqiqətdən uzaq olduğunu iddia etməyə kifayət qədər əsas vardır.

MƏHƏMMƏD FÜZULİ

M.Füzulinin adı nəinki Azərbaycan, bütün Şərq və Qərb üçün doğma və əzizdir. “Ağlı olan insana biliklər hazır formada verilmir” [13, s.113]. Böyük təfəkkür sahibi Füzuli yaradıcılığı boyu xalqımızın ən nəcib duyğularını, yüksək və humanist əməllərini tərənnüm edən əvəzolunmaz bir sənətkar, böyük bir insan olmuşdur. “Şair zaman-zaman oxunduqca həyat nəfəsli sətirləri insanı arif olub ömrün mənasını dərk etməyə, gözəlliyi duyub yaşamağa, dünya nemətlərindən həzz almağa çağırmışdır” [14, s.123]. Bu mənada, pedaqoji fikrin fəxri olan dahi şair Füzulinin ədəbi-pedaqoji irsi Qərbi Avropa dillərinə tərcümə edilmişdir. Düzdür “Gibbdən sonra gələn Avropa tədqiqatçıları Füzuli əsərlərini öyrənmək işinə əhəmiyyətli bir yenilik gətirə bilməsə də” [15, s.99] alman Şərqşünası Hammer Purqştall (“Leyli və Məcnun” poemasından Leylinin buludlarla söhbətindən bir parçanı və “Bəngü Badə” əsərindən parçaları məsnəvi şəklində tərcümə etmişdir), ingilis Şərqşünas alim Gibb də Füzulinin “Leyli və Məcnun”, “Bəngü Badə” əsərlərindən parçalar tərcümə etmişdir. “Gibb, həmçinin Füzulinin “Dustum, aləm səninçün gər olur düşmən mana” misrası ilə başlanan qəzəlini də ingilis dilinə tərcümə etmişdir” [16, s.18]. Edmond Faze və Əbdülhəmid Məmduh, V.Minorski kimi şərqşünaslar Füzuli yaradıcılığına biganə qala bilməmiş, əsərlərindən tərcümələr etmişlər. Göründüyü kimi, “M.Füzuli dünya ədəbiyyatşünaslarını özünün ecazkar təfəkkürü, ölməz sənət nümunələri ilə heyrətə gətirmiş, onları məftun etmişdir” [17, s.151].

Yuxarıda qeyd etdik ki, Füzulu gahdan da musiqiçi kimi bəşər mədəniyyəti tarixində silinməz izlər buraxmışdır. Qə­dim dövr­dən xal­qı­mı­zın mu­si­qi tə­fək­kü­rü­nün par­laq nü­mu­nə­si da­hi Füzulinin əsər­lə­rin­də də öz təs­vir və tə­rən­nü­mü­nü tapmışdır. Bildiyimiz kimi, mu­­si­­qi sə­­nə­­ti­­ əsr­­lər­­dən-əsr­­lə­­rə, nə­­sil­­lər­­dən-nə­­sil­­lə­­rə ötü­­rül­­sə­­də ədəbiyyatla musiqinin qarşılıqlı əlaqəsi mühüm məna kəsb edir. Şairlə bəstəkarın yaradıcılıq zəhmətinin məhsulu olan mahnıları, eyni zamanda ədəbiyyatla musiqinin qarşılıqlı əlaqəsinin, sintezinin bədii nəticəsi kimi qiymətləndirənlər haqlıdırlar. Azərbaycan məktəb və pedaqoji fikir tarixinin ilk korifeyi sayılan Əhməd Seyidov Füzuli yaradıcılığını tədqiqə cəlb edərkən qeyd edir ki, Füzuli “nəğməni səma eyvanının kəməndi, xoş mahnını uca aləmin nərdivanı adlandırır” [18, s.87]. Mu­si­qi­nin in­ki­şa­fın­da və təb­li­ğin­də əvəz­siz xid­mət­lə­ri olan, “özünün zəngin şeir aləmini musiqi təranələri və sehrli ahəngləri ilə zinətləndirən Füzuli bəzən ustad musiqişünas kimi çıxış edir” [19, s.17]. Füzulinin dərin kamal, ideal və möhtəşəm sənət xəzinəsi sayılan “Rindü Zahid” əsərində musiqinin mə­­nə­­vi-es­­te­­tik tər­­bi­­yə gücünü diq­qət mər­kə­zi­nə gə­ti­rmişdir. Musiqini ruhun və tə­fək­kü­rü­n in­cisi hesab edən Füzuli yazır ki, “nəğmə səma eyvanının kəməndidir. Xoş avazlar isə aləmin nərdivanıdır, ruha halın məbdəindən (məbdə – başlanğıcdan – K.C.) xəbər gətirir, onu cismani əlaqələrdən qurtarır. Onun məqamlarının hər şöbəsi bir sirr pərdəsidir və hər nəğməsi Allah dərgahına bir niyazdır. Bu ləzzətlərə meyl etmək idrak üçün zəruridir. Buna şövq göstərmək pak təbiətli adamların xasiyyətidir. Saz nəğməsi və xoş səsin şərəfinə bu bəsdir ki, halsız və ürəyi sönmüş adamların canına ürək yandıran eşq odu salır, qafilləri eşq dərdinin nəşəsindən xəbərdar edir.

Lətif səslər eşqin təhrikinə səbəbdir,

Xəbərsizlərə eşqin xəbəri saz ilə yetişir.

Eşq bir gizli sirdir, saz ilə aşkar olur.

Həqiqət budur ki, o, sirr saz pərdəsinin arxasındadır” [4, s.57].

Hər bir əsərini öz canı və qanı ilə suvaran M.Füzuli yazır ki, “İlahi, məsum Əhli-Beytin hörməti xatirinə yaşamağım üçün, rüsvalıq palçığı və peşmançılıq daşı ilə meydana gətirdiyim və onu suvamaq və zinətləndirmək üçün qanlar udduğum bu bir neçə dağınıq beyti mənalar üzərində gündüzlər axşama qədər düşünüb onları bir araya gətirib, bir mənzumə yaza bilmək üçün gecələr sabaha qədər çalışan insanlar görüb oxusunlar… (İlahi, bu beytləri) şeirləri oxunduğu məclislərdə məsxərəyə qoyulan, bir neçə zəif beyt yazıb, onu dilənçiliyə alət etməklə iftixar edən və guya şeiri anladığını anlatmaq üçün sözün və mənaların incəliklərinə etiraz edən bir neçə insanın ayaqları altında əzdirmə” [3, s.19].

Bu gün ariflərin könlündə yaşayan Füzulinin müx­tə­lif məz­mun­lu əsər­lə­rin­də, qə­zəl və şe­ir­lə­rin­də es­te­tik tə­sir im­kan­la­rı Azərbaycanın korifey sənətkarları tərəfindən tə­rən­nüm olunmuş və bu gün də tərənnüm olun­maqdadır. Hacı Hüsü, Məşədi İsi, Mirzə Məhəmməd Həsən, Cabbar Qaryağdıoğlu, Əbdül Həsən xan İqbal, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Mütəllim Mütəllimov, Sara Qədimova, Rübabə Muradova, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Qulu Əsgərov, Mais Salmanov, Süleyman Ələsgərov, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Ələsgər Abdullayev və digərləri toy-düyündə, ümumxalq şənliklərində, ağır-əziz məclislərdə Füzulinin “Can vermə qəmi-eşqə ki, eşq afəti candır”, “Nalədəndir ney kimi avazeyi-eşqim bülənd”, “Səfayi-vəsli-qədrin hicr ilə bimar olandan sor”, “Pərişan halın oldum, sormadın hali-pərişanım”, “Dün sayə saldı başimə bir sərvi-sərbülənd”, “Sərvi-azad qəddinlə mənə yeksan görünür, Nəyə sərgəştə olan baxsa xuraman görünür”, “Pənbeyi-daği-cünun içrə nihandır bədənim”, “Heyrət ey büt, surətin gördükdə lal eylər məni”, “Saqiya, cam tut ol aşiqə kim qayğuludur” və s. kimi qəzəllərini muğam və təsniflərdə sevə-sevə, duya-duya, ilhamla oxumuşlar.

Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması neçə-neçə müğənninin səhnə sənətində, habelə muğam ifaçılığında kamilləşməsi yolunda bir məktəb, yarış səhnəsi olmuşdur. Yaradıcılığı ümman dolu olan Məhəmməd Füzulinin pedaqoji ideya və görüşlərinə ulu öndər Heydər Əliyev belə dəyər vermişdir: “Biz bu gün də, gələcəkdə də öz həyatımızda, öz işimizdə Füzulinin yaratdığı mənəvi dəyərlərdən istifadə edərək xalqımızı xoşbəxt gələcəyə aparacağıq” [20, s.125].

Sonda belə nəticəyə gəlirik:

  1. Pedaqoji-psixoloji-fəlsəfi və ədəbi elmi irsin tükənməz sərvəti sayılan Məhəmməd Füzuli təlimin və təhsilin inkişafı ilə bağlı çağdaş dövrümüzə cavab verən ideyalar irəli sürmüşdür;
  2. Özünü tanıyan Tanrısını da tanıyar – görüşündə olan Məhəmməd Füzuli “Hədiqətüs-süəda”, “Məslə ül-etiqad” və s. kimi dini əsərləri ilə Ulu Tanrını, Məhəmməd Peyğəmbəri, Həzrəti Əlini və onun övladları imam Həsən və imam Hüseyni mədh etmiş, onları humanist ideyalar carçısı adlandırmışdır;
  3. Məhəmməd Füzulinin əxlaqi fəzilətlərə verdiyi yüksək qiymət bu gün də öz təravətini itirməmişdir;
  4. Yaradıcılığı ilə özünə yenilməz bir heykəl, abidə yaratmış Məhəmməd Füzuli haqlı olaraq deyir ki, insan şüuru ilə hər şeyə qalib gələcəkdir. Həqiqət olan hər bir şey imkan daxilində olan hər hansı bir şeydən daha əvvəldir;
  5. Məhəmməd Füzulinin yaradıcılığı o qədər nəcib duyğular, yüksək və humanist əməllərlə doludur ki, Qərbi Avropa dillərinə tərcümə edilmişdir.
  6. Nəğməni səma eyvanının kəməndi, xoş mahnını uca aləmin nərdivanı adlandıran Məhəmməd Füzulinin qəzəl və qəsidələri Azərbaycanın korifey sənətkarları tərəfindən bu gün də toy-düyündə, ümumxalq şənliklərində, ağır-əziz məclislərdə ifa olunmaqdadır.

ƏDƏBİYYAT

  1. Məhəmməd Füzuli (elmi-tədqiqi məqalələr). Bakı: Azərnəşr, 1958, 389 səh.
  2. Mir Cəlal. Füzuli sənətkarlığı. Bakı: ADU nəşriyyatı, 1958, 276 səh.
  3. Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə, III cild. Bakı: Şərq-Qərb, 2005, 472 səh.
  4. Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə, V cild. Bakı: Şərq-Qərb, 2005, 224 səh.
  5. Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə, IV cild. Bakı: Şərq-Qərb, 2005, 344 səh.
  6. Məmməd Cəfər Cəfərov. Füzuli düşünür. Uşaqgəncnəşr, 1959, 235 səh.
  7. Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə, II cild. Bakı: Şərq-Qərb, 2005, 336 səh.
  8. Fuad Qasımzadə. “Qəm karvanı” yaxud zülmətdə nur (Füzulinin dünyagörüşü). Bakı: Azərnəşr, 1968, 360 səh.
  9. Akif Abbasov. Milli əxlaq və ailə etikası. Bakı: Mütərcim, 2010, 320 səh.
  10. Rüfət Hüzeynzadə. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2019, 538 səh.
  11. Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: ADPU-nun nəşriyyatı, 2014, 432 səh.
  12. Məmməd Cəfər Cəfərov. Klassiklərimiz haqqında. Bakı: Uşaqgəncnəşr, 1948, 96 səh.
  13. Oruc Həsənli. Təhsilin müasir psixoloji problemləri. Naxçıvan: Əcəmi, 2017, 416 səh.
  14. Ayaz Vəfalı. Füzuli öyrədir. Bakı: Gənclik, 1977, 148 səh.
  15. Mirzağa Quluzadə. Füzulinin lirikası. Bakı: AMEA-nın nəşriyyatı, 1965, 476 səh.
  16. Səyyarə Məmmədova. Qərbi Avropa Şərqşünasları Füzuli haqqında. /Elm və həyat, 1972, №3
  17. Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət,  1999, 516 səh.
  18. Əhməd Seyidov. Azərbaycanda pedaqoji fikrin inkişafı tarixindən. Bakı: Maarif, 1987, 301 səh.
  19. Vəli Məmmədov. Füzulinin musiqi dünyası. Bakı: İşıq, 1977, 68 səh.
  20. Heydər Əliyev. Müstəqillik yolu. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1997, 136 səh.



KAMAL CAMALOVUN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI


ALİYƏ CAVANŞİRİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Böyük alim, mərdanə insan, etibarlı dost ŞİRİNDİL ALIŞANLININ xatirəsinə…

“…Alimlər dünyanın ÇIRAĞI, axirətin NURUDURLAR”…

Böyük alim, mərdanə insan, etibarlı dost ŞİRİNDİL ALIŞANLININ xatirəsinə…

“Alimləri eşidin, onlar dünyanın çırağı, axirətin nurudurlar” – deyib Peyğəmbərimiz.

Şirindil müəllimin alimliyindən, ədəbiyyat tariximizdəki xidmətlərindən həmkarları çox yazıblar. Bu gün də yazır­lar… Ölü­mündən sonra…

Xatirəsinə ehtiramla yazdığım bu yazı isə ona olan minnətdarlıq borcum­dur.

“Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzində direktorum, arxa-dayağım olub Şirindil Alışanlı. Böyük ehtiyac içində olan məcburi köçkün ailəsinin vəziyyətini bir az yüngülləşdirmək üçün halal çörək qazanmaq yolunda çarpışan bir kəndli qızına zamanında edilən yaxşılığı heç bir təşəkkür, minnətdarlıq ödəməz, təbii ki…

Şirindil müəllim “Köhnə kişilər”dən idi. Samballı, ağır çəkili, ciddi. Yaxından tanıma­yan üçünsə həm də “çox sərt”. Bu xarakterin zirvəsində isə onun XEYİRXAHLIĞI daya­nırdı. Görənlər üçün, görmək istəyənlər üçün o belə biri idi. “Elm və həyat” jurnalının redaktor müavini, rəhmətlik Binnət Süleyman həmişə xoş sözlər deyərdi onun barəsində, – mən onu şəxsən tanımadığım illərdə… Deyilənlərə layiq olduğunun illər sonra özüm də şahidi oldum.

Bu yaxınlarda özü ilə telefonla danışanda ürəyimdə olan ən yaxşı sözlərimi ona dedim. Nə yaxşı ki, dedim. Bu tezlikdə itirəcəyimiz heç ağlıma da gəlməzdi. Mənə ən böyük təsəlli də elə budur… İnsana nə lazımdır ki… Adi bir xoş söz, gülər üz… Bütün inciklikləri, qəlb qırıqlıqlarını bir xoş sözlə əritmək olar, məncə, yetər ki, kindən, qərəzdən uzaq olasan… Ürəyimdəkiləri ona deməyə geciksəydim, bu ağır yük bir ömür çiyinlərimdən asılıb qalacaqdı… Məni diqqətlə dinlədikdən sonra gülərək: “Eh… Aliyə, çox sağ ol ki, sən bu sözləri deyirsən. Mən nələr etmişəm, bunu bir Allah bilir, bir də mən. İnsanlıq ölüb gedir artıq. Bilə-bilə ki, bu gün mən xəstəyəm, adi zəng edib hal-əhval tutmaq mədəniyyətləri belə qalmayıb çoxunun”. Ad da çəkdi… Tanıdıqlarım idi… Mən də şahidi olmuşdum onlara etdik­lərinin… Təəs­süf…

Bir neçə nəfərin adını isə minnətdarlıqla çəkdi. Xüsusilə, filologiya üzrə elmlər dok­toru, professor  Qəzənfər Paşayevin və vaxtilə onun rəhbərlik etdiyi “Elm” nəşriyyatının hazırkı direktoru Cəbuhi Qəhrəmanovun adlarını.

Xalq şairi Nəriman Həsənzadə ilə ara-sıra görüşdüyünü dedi. Biri-birilərinin xətrini istəyir­dilər. Bunları deməyi özümə borc bildim…

Martın 12-də professor Musa Quluzadənin xatirəsinə bir yazı yazmışdım. Orada dar günün dostları sırasında, təbii ki, Şirindil müəllimin adı da var idi. 2 gün sonra isə vəfat etməsi xəbərini eşitdim. Gec eşitdim… İnanmadım. Son danışığımızda demişdi ki, martda xarici ölkəyə müalicəyə gedəcək. Görüşməliydik. Telefonuma baxdım… 29 fevralda zəng etmiş­dim. Götürməmişdi. Adətən götürməyən­də, sonra özü yığırdı. Bu dəfə zəng gəlmədi. Düşündüm ki, yəqin gedib müalicəyə, inşallah, qayıdar görüşərik.

Təəssüf… Bir dəyərli dostu da beləcə vaxtsız itirdim…

İllər öncə Xalq şairimiz Bəxtiyar Vahab­zadənin ömrünün sonlarına yaxın bir müsahi­bəsinə qulaq asmışdım. Dostluqdan, xeyirxah­lıqdan danışırdı…

Mir Cəlal Paşayevin, Nəsir İmanquliyevin, Aslan Aslanovun, Şıxəli Qurbanovun, Cəfər Xəndanın, Həmid Araslının, Muxtar Hüseynza­dənin, Abbas Zamanovun, Qulu Xəlilovun, Famil Mehdinin, Nurəddin Babayevin, Nəriman Həsənzadənin adlarını çəkdi.

Belə bir söz dedi Bəxtiyar Vahabzadə: “Nu­rəddinin bir sözünü unutmuram. Dostla­rımızı bir-bir itirib acısını çəkdikcə: “Vay arxaya qalanın halına…”, – deyirdi.  

Yəqin Bəxtiyar Vahabzadə özünü nəzərdə tuturdu, dostlarının, xeyirxahlarının bir-bir “yoxa çıxması” onu qorxudurdu. Çox kövrək olmuşdu…

Ömrü yazan Allahdı, düzdü… Amma doğma­ların, dostların itkisini kənardan müşahidə etmək həqiqətən çox ağırmış…

Vay axıra qalanın halına!

Sonda Şirindil müəllimin 3 gözəl, ağıllı-kamallı qız övladına üzümü tutub: “Belə bir atanın övladı olmaq səadəti hər kəsə nəsib olmur. Başınızı uca tutun, həyat davam edir! – deyirəm.

Ehtiramla: Aliyə CAVANŞİR,

tədqiqatçı

ALİYƏ CAVANŞİRİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Norveçin paytaxtı Osloda “Zəfərin ilk baharı” adlı tədbir keçirilib – FOTOLAR.

Norveçin paytaxtı Osloda “Zəfərin ilk baharı” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Beynəlxalq Muğam Mərkəzinin, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı- NAYO, Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin və Oslo Azərbaycan Evinin dəstəyi ilə keçirilən tədbirdə ilk olaraq Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş sözü ilə açan Norveç üzrə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Ramil Əliyev qeyd edib ki, 44 günlük Vətən Müharibəsində qazandığımız qələbə və 19 Sentyabr 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyulub və ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi tam bərpa olunub. “Bu bahar Zəfərimizin ilk baharı olduğu üçün, tarixi ədalətin bərqərar olduğunu nəzərə alaraq “Zəfərin ilk baharı” adlı tədbir Norveçdə yaşayan azərbaycanlıların, cəmiyyətimizin dostlarının bir araya gəlməsinə, dostluq və həmrəyliyimizin möhkəmlənməsinə xidmət edəcək” – deyə o bildirib.

Daha sonra Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin şagird və valideynləri Vətən, Novruz bayramına həsr edilmiş şeirlər səsləndirib, Novruzun rəmzi olan Bahar qızı tədbir iştirakçılarının bayramını təbrik edib,  Kosa və  Keçəlin gəlişi isə tədbirə xüsusi rəng qatıb.

Tədbir çərçivəsində Novruz bayramı və baharın gəlişinə həsr edilmiş, milli və qədim adət-ənənələrimizi nümayiş etdirən və mədəniyyətimizi təbliğ edən sərgi nümayiş olunub.

Tədbirdə Norveç Azərbaycanlıları Gənclər Təşkilatı-NAYO və Oslo Azərbaycan Evinin dəstəyi ilə Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin şagirdi Səlim Abbaszadənin müəllifi olduğu və Azərbaycan tarixini, Qarabağ münaqişəsini və qazandığımız parlaq Zəfəri işıqlandıran, norveç və ingilis dillərinə tərcümə olunmuş “Sən elə bir zirvəsən” adlı kitabın təqdimatı da baş tutub.

Eyni zamanda Beynəlxalq Muğam Mərkəzi ilə Oslo Azərbaycan Evi arasında memorandum imzalanıb.  Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib  Paşazadə bildirib ki,  bu memorandum muğamımızın  Skandinaviya ölkələrində  geniş təbliği və gələcəkdə bir sıra maraqlı layihələrin həyata keçirilməsinə yeni imkanlar yaradacaq.

“Zəfərin ilk baharı” adlı konsertdə Beynəlxalq Muğam Mərkəzinin solistləri, tanınmış xanəndələr Mirələm Mirələmov və Kamilə Nəbiyevanın ifalarını tədbir iştirakçıları rəğbətlə qarşılayıblar. Tədbirdən fotolar:

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Deyin, hardadır o, üzü dönmüş…

Deyin, hardadır o, üzü dönmüş…

                      (hekayə)

Hava  çox isti idi. Gün adamı yandırırdı. Hər kəs bir kölgəliyə  çəkilib, günəşin istisindən qorunmaq istəyirdi. Şahbaz da əl üzünü yuyub, evə  keçdi. O, pəncərədəki radionun düyməsini basdı. Niyaməddin Musayev “Şahnaz təsnifi”ni oxuyurdu: Deyin hardadır, o üzü dönmüş. Şahbaz pəncərənin  yanındakı  çarpayıya uzandı. Əllərini bir-birinə daraq edib, gözlərini yumdu. Niyaməddin oxuyurdu: Deyin hardadır, o üzü  dönmüş, sevən ürəyim onu soraqlar.Fikir, xəyal Şahbazı çox-çox uzaqlara  apardı.

                                                            xxx

Dərs ili yenicə başlamışdı. Səməd müəllim sinif uşaqlarını bir-bir durğuzub, yerlərini dəyişdi. Hər partada bir oğlan, bir qız oturdu. Şahbazla Gülyaz üçüncü cərgədə, ikinci partada oturdular.

            Gülyaz sakit təbiətli, tərbiyəli, savadlı bir qız idi. O, hər gün dərsə  hazırlıqlı gəlir, müəllimin verdiyi tapşırıqları mütləq yerinə yetirirdi. Şahbaz da pis oxumurdu. Onlar orta məktəbi bitirdikdən sonra təhsillərini davam etdirmək fikrində idilər. Gülyaz riyaziyyatı çox sevirdi. O, riyaziyyat müəllimi olmaq istəyirdi. Şahbaz isə  mühəndis olmağı qarşısına məqsəd qoymuşdu. Onları hər şeydən çox  bu riyaziyyat fənni yaxınlaşdırırdı. Çünki onlar eyni müəllimin  məşğələsində mütəmadi olaraq iştirak edir, bu fənn üzrə çox sorğu-sual edirdilər.

            Deyirlər məhəbbət həm də vərdişdən yaranır. Artıq Şahbazla Gülyaz bir-birinə o qədər vərdiş etmişdilər ki, birinə bir şey olanda o birisi çox narahat olurdu. Hər birinin ailə üzvüləri bunu çox normal qarşılayır, məktəb, sinif yoldaşı olduqlarını düşünürdülər.

            Günlər, aylar bir-birini ötüb keçirdi. Uşaqlarda həmin uşaqlar deyildi artıq. Onlar böyüyüb həyata başqa gözlə baxırlar. Şahbazın qəlbində başqa bir hiss yaranmışdı. Bir gün Gülyazı  görməyəndə özünü çox narahat hiss edirdi. Elə Gülyaz da Şahbaza biganə deyildi.

                                                            xxx

            Səməd müəllim uşaqları çağırıb, onlara sabah  riyaziyyatdan  əlavə  dərs olduğunu dedi:

– Uşaqlar, bildiyiniz kimi sabah riyaziyyatdan əlavə dərsimiz var.

Maraqlı mövzular olacaq. Bu Gülyaz üçün çox sevindirici oldu. Həm  bilmədiklərini öyrənəcək, həm də  yenə Şahbazla bu mövzuda sorğu-sual edəcək.

            Dərsdən sonra  uşaqlar gəlib sinif otağının yanında müəllimi gözlədilər. Gülyaz əlindəki  kitabı o üz bu üzə vərəqləsə də  fikri Şahbazın yanında idi. Şahbaz da altdan-altdan Gülyazı seyr edirdi. Budur Səməd müəllim əlində kitablar  gəlib sinfə daxil oldu. Uşaqlar da keçib hər kəs öz yerində  oturdular. Müəllim aram – aram mövzuları uşaqlara  başa salır, bilmədiklərini yenidən təkrar edirdi. Gülyaz hamıdan tez verilən tapşırıqları yerinə yetirdi. Və Şahbazın yazısı ilə maraqlanırdı. Şahbaz da tapşırıqları yazıb qurtardı və müəllimə göstərdi. Müəllim dəftəri alıb baxdı, başı ilə razılığını bildirdi.

Dərs qurtardı, uşaqlar hər kəs öz evinə getdi.Artıq Şahbaz tamam dəyişmişdi. O Gülyazı bir an nəzərindən uzağa qoymurdu. Şahbaz uşaqlardan ayrılıb, Gülyazla yanaşı addımlamağa başladı. Mövzunu  bəhanə edib, bayaq ki, dərs  haqqında  onunla bir xeyli söhbət etdi.

                        xxx

            Dərs ili qurtamaq üzrə idi. Dərs ilinin  qurtarmasına  günlər qalırdı. Uşaqlar orta məktəbdə imtahana hazırlaşırlar. Onlar həftənin bütün günlərini məktəbdə keçirir, həm orta  məktəb imtahanına, həm də  ali  məktəbə qəbul  imtahanına hazırlaşırlar. Onları çətin  imtahan  gözləyir. Gülyaz bir an kitabdan ayrılmır, bütün günü  dərslərə hazırlaşırdı. O mütləq ali məktəbə qəbul  olmalıdır.

            Şahbazı nə qədər imtahan narahat edirdisə, bir o qədər də Gülyaz narahat edirdi. Şahbaz artıq özü ilə bacara bilmirdi. O Gülyazsız bir an qala  bilmir,  hər dəfə bir şeyi bəhanə edib, onun yanına gəlir, onunla söhbət edirdi. Yox o Gülyaza onu sevdiyini deməlidir. Artıq orta məktəbi qurtarırlar. Yeni həyata atılırlar. Öz  arzularının  dalınca  gedəcəklər.

            Şahbaz neçə dəfə bu  sözü demək  istəmişsə də,  o özü ilə  bacara bilməmişdir. Ancaq Gülyaz artıq Şahbazın üzündən, gözündən,  davranışından ona olan  münasibətini hiss edirdi. Elə Gülyaz da  bu sözü  ondan eşitmək  istəyirdi. Gülyaz da Şahbazı görəndə ürəyi əsirdi. Bir gün Şahbaz Gülyazdan özünün riyaziyyat kitabını istədi. O kitabı Şahbaza verəndə  ya təsadüfdənmi, ya  bilərəkdənmi Şahbazın əli  qızın əlinin üstünə düşdü. O bu  hərəkətdən az qala  yıxılacaqdı, ürəyi  elə çırpındı ki, az qala yerindən qopub düşəcəkdi. O evə necə gəldiyini  bilmədi.

            Şahbaz evə gələn  kimi bir qələm, bir kağız  götürüb, ora bu sözləri yazdı.

            Gülyaz, mən səni sevirəm. Məni gözlə.

Səni dünyalar qədər sevən  Şahbaz.

Vərəqi qatlayıb, kitabın arasına  qoydu. Tələsik kitabı aparıb Gülyaza verdi. Gülyaz da onun  fikrini hardasa anlamışdı. O kitabı alıb, evə  gəldi, tez  kitabı vərəqləməyə başladı. Kitabın arasından vərəq yerə düşdü. Gülyaz tez kağızı açıb oxumağa başladı. O kağızı ovcuna sıxıb, gözlərini yumdu, bilmədi ki,  neyləsin. Ağlasınmı, gülsünmü, sevincdən  qışqırsınmı. Ayaqları əsməyə başladı, ürəyi  titrəyirdi. Bir təhər gəlib çarpayıda uzandı. Nə vaxt yuxuya getdiyini bilmədi.

                                                xxx

            Şahbaz  dərsə gələndə yol boyu Gülyazı düşünürdü. Tez gedib onu görsəydim, onun gözlərinə baxsaydım. Nəhayət dərs başladı.Hamı sinfə daxil oldu. Qapının  ağzında Şahbazla, Gülyaz rastlaşdı. Şahbaz dik Gülyazın gözlərinin içinə baxdı. Elə bil  qızın gözləri nə isə  demək istəyirdi. Gülyazın yanaqları sanki yanırdı. Sifəti allanmışdı. O keçib yerində əyləşdi, nə edəcəyini, nə deyəcəyini bilmirdi. Şahbaz əlindəki  qələmi tez-tez partaya vurub, fikrini cəmləmək istəyirdi. Yaxşı ki, müəllim uşaqlarla danışmağa başladı. Müəllimin səsi hər ikisini öz fikrindən ayırdı. Şahbaz nə qədər narahat görünsə də, bir  o qədər də özünü rahat hiss edirdi. Ürəyindən keçəni Gülyaza demişdi.

            Artıq Şahbaz Gülyazla  başqa cür rəftar edirdi. Gülyaz da onun  səmimiyyətinə  inanır, onu olduğundan daha çox sevirdi.

                                                xxx

            Orta məktəbdə buraxılış imtahanı başa çatmışdı. Məzunlar atestatlarını alıb, hər kəs öz arzuladığı peşənin  dalınca getdi. Kimi instituta, kimi texnikuma, kimi sənət məktəbinə üz tutdu. Şahbaz da sənədlərini hazırlayıb, Neft və Kimya İnstitutuna verdi. Qəbul imtahanlarından yaxşı və əla qiymət alıb, ali  məktəbə qəbul  oldu. Sevincinin həddi- hüdudu yox idi. Çəkdiyi zəhmət  hədər getməmişdir. Bir tərəfdən də sevinirdi ki,  Gülyazla eyni  şəhərdə  yaşayacaqdı, istədiyi vaxt görüşəcəkdi.

            O Gülyazla görüşüb, vəziyyətlə maraqlandı. Gülyaz da universitetin riyaziyyat fakültəsinə qəbul olunmuşdu. Onlar tələbə biletlərini alana qədər şəhərdə  qaldılar. Onlar illərlə çəkdikləri zəhmətin bəhrəsini görmüşdülər. Bir az gəzib dincəlmək istəyirdilər. Tez-tez Şahbaz gəlib  Gülyazı da  götürüb şəhərə çıxır, parkda, bulvarda gəzib dolandılar. Bir neçə gündən  sonra biletlərini alıb, evə  qayıtdılar. Bir azdan onlar üçün qaynar tələbəlik həyatı başlayacaqdı. Şahbazgilin də,  Gülyazgilin də evində toy-bayram idi. Axı hər iki evin övladı ali məktəbə  qəbul olunmuşdu.

                                                xxx

Şahbaz paltarlarını geyinib, divardan asılmış güzgünün qarşısına  keçdi.  Saçlarını səliqə ilə  darayıb pilləkənə tərəf getdi. Pilləkəndə anası ilə  rastlaşdı. Anası oğluna  baxıb sevindi, zarafatla, — Anan qurban,  hara gedirsən, görüşə gedənə  oxşayırsan. Şahbaz anasının  boynunu qucaqladı, üzündən öpdü, yavaşca  anasının qulağına dedi: — Hə ay ana, görüşə gedirəm və yoluna davam etdi. O Gülyazgilə  gedirdi. Gülyazı  görüb, nə vaxt şəhərə  getməyini bilmək istəyirdi. Şahbazın qanadı olsaydı uça-uça gedərdi Gülyazgilə.Qəlbində  o qədər sevinc var idi ki. O Gülyazgilin darvazasının yanına çatanda  qapı açıq idi. Bir – iki addım içəri keçmişdi ki,  həyətdə  Gülyazın anası Qəmər xalanı  gördü. Salam verdi: — Hər vaxtın xeyir, Qəmər xala. Qəmər xala  Şahbazı görüb — Qadan alım, a Şahbaz niyə gəlmirsən, orda niyə durmusan? Şahbaz Gülyaz lazımdır, kitab var onu  soruşacağam, dedi. Qəmər xala  Gülyazı səsləyib, — Ay Gülyaz, Şahbaz səninlədi gör nə deyir . Gülyaz Şahbazı  görcək  həm sevindi, həm də  özü-özündən bir az utandı. O, irəli gəlib, Şahbazla  görüşdü, nə üçün gəldiyini soruşdu. Şahbaz kitab almağa gəldiyini dedi. Əslində o Gülyazdan nə vaxt şəhərə gedəcəyini soruşmağa gəlmişdi. Gülyaz gələn həftə gedəcəyini dedi. Bir az söhbət etdikdən sonra Şahbaz evlərinə qayıtdı.

                                                xxx

Şahbazın anası onun Gülyaza meylinin olduğunu çoxdan duymuşdu. Ancaq ürək  edib, oğlundan bu haqda  heç bir  söz  soruşmamışdı. Vaxtı gələndə özü deyəcək, demişdi.

            Şahbaz əlində kitab evə gəldi. Çox sevincək idi.  Anası da bunu görüb çox sevindi.

Şahbaz — Ana mən gələn həftə Bakıya gedəcəyəm. Mən gərək indidən hazırlaşım. Anası, nə deyirəm, ay ağul, işin avand olsun, dedi.

                        xxx

Bu bir həftə Şahbaza bir il kimi göründü. Nəhayət Bakıya yola düşdü. Heç vaxt  yaddan çıxmayan tələbəlik həyatı başladı. Hər gün dərs, tələbəyə məxsus məişət  qayğıları, tələbə kasıblığı. Bütün bunlarla  yanaşı Şahbaz Gülyazı da  yadından çıxarmırdı, onun da qayğıları ilə maraqlanır, lazım olan  kitabı tapır, onun  üçün də  bazarlıq edirdi.

                        xxx

Artıq universitetdə çox uşaqlar Şahbazı tanıyırdı. Yataqxananın  demək olar ki, bütün  tələbələri, komendantı və başqaları  Şahbazı görən kimi  bilirdilər ki, Şahbaz Gülyazdan ötrü gəlib.

            Beləcə birinci, ikinci kursu başa vurdular. Üçüncü kursu bitirdikdən sonrs tələbələri yay  tətilində Krasnodora göndərdilər. Bütün tələbələr kimi Gülyaz da Krasnodara  yola düşdü. Tələbələri pomidor  yığımına cəlb etmişdilər. Onlar həftənin  müəyyən günlərində  yığımda iştirak edir, müəyyən  vaxtlarda isə şəhərə  gəzməyə çıxır, konsertə gedirdilər. Bu müddət ərzində Camal  heç də Gülyazı gözdən  qoymurdu. Yığım vaxtı onun vedrəsinə kömək edir, şəhərə çıxanda onunla gəzməyə fürsət axtarırdı.

            Camal da  universitetin fizika fakültəsində  oxuyurdu. Yaxşı imkanlı bir ailənin uşağı idi. Məktəbə maşınla gəlir, geyimi ilə, davranışı ilə  hamıdan seçilməyə  çalışırdı. O, hərdən Gülyazla  rastlaşır. Hər dəfə  onu görəndə Camal da  qəribə bir hiss yaranırdı. Bir dəfə universitetin pilləkənlərində Gülyazla  Camal rastlaşdı. Camal özünü itirmədən Gülyaza salam verdi. Gülyaz onun salamını alıb keçdi. Camal ona nə isə demək istədi, ancaq dönüb getdi. Yox o elə-belə hiss deyildi. O, Gülyaza vurulmuşdu. Mütləq onu görməli, danışmalı idi.

                                                xxx

            Universitetdə çox qızlar Camalla dost olmaqdan, hətta sevgili olmaqdan ötrü əldən-ayaqdan gedirdilər.Camalsa bunlara əhəmiyyət vermirdi. O, Gülyaza vurulmuşdu. Bunu mütləq ona deməlidir.  Camal  bir neçə dəfə Gülyazı izlədi. Onun kiminlə dostluq etdiyini, kiminlə gedib – gəldiyini öyrəndi. O, Gülyazın  yaxın rəfiqəsi Kəmalə ilə görüşüb, söhbət etdi. Gülyaz haqqında ətraflı məlumat topladı, harada qaldığını öyrəndi.Camal bu məsələnin  həll etmək  yolunu ancaq Kəmalədə gördü. Ancaq bu yolla bu məsələni  həll edə bilərdi.

            Bayramlarda o Kəmaləyə hədiyyə  alıb gətirir, birini də rəfiqəsinə verməyi tapşırırdı. Bir gün o Kəmaləyə Gülyazdan xoşu gəldiyini dedi. Kəmalə də bunu çoxdan hiss etmişdi. O bu  haqda Gülyaza  söyləyəcəyini Camala dedi.

            Kəmalə Gülyaza  dərsdən gələndən  sonra şəhərə getməyini təklif etdi. Gülyaz da bir az tərəddüd etdikdən  sonra razılaşdı. Onlar bir az  gəzdikdən sonra  parkda skamyaların  birində oturdular. Bu vaxt Camal  maşınla gəlib, parkın  kənarında onlarla üzbəüz dayandı., maşını  saxlayıb, maşından düşdü.Kəmalə bunu görüb Gülyaza dedi:

– Camal da burdadır, dur bir az gəzək. Gülyaz heç özü də  bilmədən

ayağa  durdu. Onlar parkın ortasında görüşdülər. Bir az gəzdikdən sonra qayıtmaq  istədiklərini  bildirdilər. Camal onları maşınla aparmaq  istədiyini dedi. Qızlar bir az tərəddüd etsələr də  razılaşdılar. Beləcə onlar bir neçə dəfə görüşdülər. Bir gün Kəmalə Gülyaza Camalın ondan xoşu gəldiyini dedi. Gülyaz Kəmaləyə – yox,  ola bilməz, bu haqda heç fikirləşməyə dəyməz, dedi.O, bu sözü eşidəndə gözünün qarşısına Şahbaz  gəldi.Axı illərdir Şahbaza söz verib, bu necə ola bilərdi. Şahbaz bunu  eşitsə nə deyər?

            Kəmalə Gülyaza – ay qız, ağlını başına yığ, universiteti qurtarmağımıza  günlər qalıb, Camal kimi oğlanı əlindən buraxacaqsan? Şəhərdə qızlar ondan ötrü əldən ayaqdan gedirlər. İmkanlı, yaraşıqlı oğlandı. Yaxşı fikirləş, sonra peşiman olarsan. Onlar bir az bu haqda söhbət etdikdən sonra hər kəs  öz işinin  dalınca getdi. Nə Camal, nə də Şahbaz Gülyazın  gözünün qarşısından getmirdi. Camal da yaraşıqlı, imkanlı bir  oğlandı, Neyləsin hansını seçsin.

                                                            xxx

            Şahbaz ali məktəbi  qurtardıqdan sonra  onu  təyinatla Tümen vilayətinə  işləməyə göndərdilər.  O evlərinə gəlib, valideyinləri ilə görüşüb, Tümenə getdiyini onlara bildirdi. Tələsik Bakıya qayıtdı ki,  gedib Gülyazı görsün, onu  məsələdən  agah  etsin. O, Bakıya gəldi. Gülyazı görə bilmədi. Gülyaz da evlərinə qayıtmışdı. Şahbaz  çox narahat oldu. Fikirləşdi ki, məktubla əlaqə saxlayar. O Tümenə yola düşdü.

                                                            xxx

            Gülyaz bir az rayonda qalıb, şəhərə qayıtdı. Kəmalə şəhərdə onu gözləyirdi. O Camala cavab verməli idi. Nə olur, olsun Gülyazdan razılıq almalıdır. Gülyaz Kəmalə ilə  görüşüb, hal-əhval tutdu. Kəmalə ordan-burdan söhbət edib, məsələni  yenə Camalın üstündə  saxladı. – Ay Gülyaz, nə oldu fikirləşib, qurtardın? Axı Camal səndən cavab gözləyir, deyə Gülyazdan soruşdu. Gülyaz nəsə demək istədi. – Axı, Kəmalə onun sözünü ağzında kəsdi. Nə axı, ay qız, sənin ağlın yoxdur başqası olsaydı, indi  çoxdan  toyları da olmuşdu. Mən Şahbaza söz vermişəm dedi. – ay qız, quru sözdən nə çıxar, sən gələcəyini fikirləş, həyatını, uşaqlarını fikirləş. Şahbaz hanı o, çıxdı getdi, kim bilir orda sən onun yadına düşəcəksən, ya yox.

Gülyaz  – sən mənə bir az vaxt ver Kəmalə, fikirləşim deyərəm.

Kəmalə Camalla görüşüb, vəziyyəti ona söylədi. O vaxtı uzatmaq olmaz, – dedi. Kəmalə – nə  olur – olsun ondan hə cavabı alacam, deyərək Camaldan ayrıldı.

                                                            xxx

            Qadınların  özləri kimi sevgiləri də  müxtəlifdir, qəribədir. Kimi ağlı ilə sevir, kimi gözü ilə, kimi də eşitdiyi sözlə sevir. Elə sevgilər var ki, ağlın, dərrakənin yox, varın, dövlətin,  gözəlliyin üzərində yaranır.

            Camalın imkanı, yaraşığı, Gülyazı elə  dəyişdi ki, o saf  eşqin, məhəbbətin nə olduğunu  tez unutdu. Camal Gülyazın qəlbinə elə yol tapdı ki, Şahbaz onun  yadından çıxdı, unuduldu.

                                                            xxx

Kəmalə Gülyazla görüşüb, təkidlə, Camal səndən  cavab gözləyir, dedi. Gülyaz – nə  deyirəm olsun, yaxşı, deyib, pəncərənin qarşısına keçdi, pəncərədən çölə baxdı. Kəmalə sevincək gəlib, Gülyazı qucaqladı, üzündən öpdü və bu  şad xəbəri Camala çatdırmaqdan ötrü tələsik onun yanına  getdi.

Camalla Gülyaz el adəti  ilə nişan alıb, toy etdilər.

                                                            xxx

Şahbaz gəlib Tümenə çatdı, qaldıqları yeri, ünvanı müəyyənləşdirdikdən sonra o, Gülyaza məktub yazdı, poçtla yola saldı. Bir neçə  dəfə  məktub  yola saldıqdan sonra o çox  narahat  oldu. O, yazdıqları məktublara cavab almırdı. O çox əsəbləşdi, görəsən məktublara niyə cavab gəlmir, bəlkə  məktublar  gedib ünvana çatmır, ya da Gülyaz özü cavab vermək  istəmir. O, artıq dözə bilmədi. Mütləq evə qayıtmalıdır, bir səbəb  olduğunu öyrənməlidir. O iş yerindən bir neçə günlüyə icazə alıb, vətənə qayıtdı. Gəlib Bakıya düşdü.

            Gözəl Bakı. Xoş günlərimizin keçdiyi  gözəl şəhər. Həm də bir çox hadisələrə səbəb olan şəhər. Bəlkə də Bakı  olmasaydı Camal Gülyazı görməzdi, ona vurulmazdı. Gülyaz da  öz  əhdinə  dönük çıxmazdı. Nə isə.

            Şahbaz rayon  avtobuslarının birinə oturub, evə gəldi. Anası Şahbazı görüb sevincindən ağladı. Onlar görüşüb hal-əhval tutdular. Bu neçə vaxtda kimin evlənib, kimin hara  getdiyini  soruşdu Şahbaz. Anası söhbət arası Gülyazın da  ərə getdiyini  dedi. Şahbaz ola bilməz, ana,  deyə qışqırdı. Ana bu sözdən elə bil  səksəndi. Və nə deyim ay oğul, mən neyləyim, anan ölsün, dedi. Şahbaz bir neçə gün burda qalıb, Gülyazı  görmək  istədisə də, onu  görə  bilmədi. Kor-peşiman yenidən Tümenə qayıtdı.

Müəllif: Tənzilə ƏLİYEVA

TƏNZİLƏ ƏLİYEVANIN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru