QƏDİM SÖZLƏRİMİZİN (PROTOTÜRK) ETİMOLOJİ İZAHLARI. (“DAŞ” SÖZÜNÜN DERİVATİVLƏRİ) (Məqaləni şəxsən tanımasam da dilçi alim Firudin Ağasıoğluna (Cəlilov) ithaf edirəm).
Hər bir insan özünüdərk yəni kamilləşən vaxt daxilində, ətrafında baş verən hadisələri öyrənməyə çalışır.Maraq etdiyi hər bir şeyi öyrənmək üçün suallar verir.Müəyyən yaşa çatdıqdan sonra başqasından yox, özü özündən soruşur.Bu sualların biri də “dilimizdə olan sözlər necə yaranmışdır sualıdır”.Bu sual onu ömrü boyu izləyir. Əslində bu sual dilçilik elmininin özündə də eyni mahiyyəti daşıyır.Hətta spesifik dilçilər tərəfindən aparılan akademik araşdırmalar da bu sahəni dərindən öyrənə bilməmişdir. Görəsən dilçilik elmində (tək bizdə deyil, bütün dünya dillərində) bu boşluğu yaradan səbəb nədir? Dilçilik nəzəriyyəsi ilə məşğul olan alimlər protodillərin (qədim) etimologiyasının öyrənilməsinin əsas şərtləri: qədim yazılı mənbələri, folkloru, mifologiyanı əsas götürürlər.Sözlərin rekostruksiyasında səs əvəzlənməsi, səs keçidi, səs düşümü, səs əlavələri və s.məsələlərin böyük rol oynadığını göstərirlər.Lakin sözlərin praforması (ilkin) bərpa olunsa belə, onun mənşəyini, mənanı daşıma səbəbi (semantikası) öyrənmək problem olaraq qalmaqdadır. F.Ağasıoğlunun (Cəlilovun) dediyi kimi bir sözü tapmaq üçün min cür müqayisəli təhlil aparmaq gərək olur. Mən bəlkə də dilçilik elmini cəbr (əziyyət) elmi ilə eyni paralellikdə görürəm.Sözün kökünü tapmaq riyazi kökü tapmaq qədər əziyyətlidir. Əski sözləri tapmaq üçün, gərək ən qədim insanın düşüncə tərzini öyrənib, həmin dərin qata düşməyi bacarmalısan.Onların bizə miras qoyduqları sözlərin necə yarandığını duyasan.Dilçilikdə, əsasən də qədim sözlərin öyrənilməsində sözduyumu əsas şərtlərdəndir. Görəsən insanın yaranışı haqqında verilən rəqəmlərin hansı dəqiqdir?.Bəzən milyard, milyon, bəzən də minilliklər…Ən inandırıcı olmayan isə müasir dilçilərin insan nitqinə 5-10 min il yaş vermələridir.Bir tanınmış dilçi deyibsə belə məgər bunu mənbə saymaq olarmı? Dilçi alimlərin qənaətinə görə ilkin sözlər yamsılama (təqlid, imitasiya) yolu ilə yaranmışdır.Məs: dilimizdə qu quşuna çıxardığı “qu” səsinə görə, ruslar “kukuşka”, latınlar “cuculus” və s. kimi adlanmalar yaranmışdır. Bu tədqiqata dair bir neçəsini öz araşdırdıqlarımdan deyim.”Qarğa” sözü çıxardığı “qar” səsinə; “qurbağa”nın çıxardığı “qur” sözünə və s.Hətta təzə dil açan körpələrin ifadə etdikləri:mu(su), pəpə, məmə, dədə, nənə, bibi, qaqa və s. sözlərdə yamsılama prosesində yaranmışdır. Hətta ən ilkin Amon Tanrısı da onun inancı olan inəyin çıxardığı “mo” səsindən yaranmışdır.Qədim Türklərin Qor Tanrısının adı da yeni doğulan uşağın çıxardığı “qa-ğıltlsından” yaranan nominativdir.Onlar insanın Tanrı tərəfindən yaranmasını dərk edirdilər.Və körpənin çıxardığı “qa” səsini tanrının adı kimi inanıb, qəbul etmişlər. Həqiqətən nə qədər çətin olsa da, Tanrıçılığı qəlbən sevərkən o dərin qat insan üçün açılır və həmin aləm vizual şəkildə təsəvvürə (bəlkə də təsəvvüfə) gəlir.Düşünürəm ki, sufilər də bunu arzulamışlar. Ancaq yolunu tapa bilməmişlər. Tanrını dərk etmək üçün ən qədim insanın düşüncəsini dərk etmək gərəkdir.İnsan Tanrını necə dərk etmişdir? Ta qədimdə onlar təbiətin dörd ünsürünün (su, yel, od, torpaq) onlara gətirdikləri fəlakətlərə görə onlara tapınmış, lakin faydasız olduğunu dərk edən ağıllı insanlar (homo sapiens ) onlardan güclü fövqəlbəşər qüvvəni-Tanrını tapmışlar( yəni- tapanak, tapınmaq). İnsanlar tayfa, qəbilə şəklində yaşayarkən onlar insanda səs aparatının olduğunu dərk edərək, onun vasitəsi ilə çıxardıqları siqnal mahiyyətli səslərdən başqa, bu səslərdən danışıq siqnalları da yaratmağı düşünmüşlər.Ən qədim insanlar tanrılarının adından Tanriya məxsus sözlər yaratmışlar.Məs: Tanrı sözündən məntiqə uyğun tan, tən(təndir), dan(Günəş Tanrısının doğan vaxtı) və s;Qor Tanrısının adı ilə qor(od), qut; Gün Tanrısının adından gün,ün, ön, hun, xan və s.Daha çox tanrı adları və ona məxsus adlanmalar mövcuddur. Qədim insanlar üçün Tanrı adları sanki əlifba səslərinin başlanğıcı olmuşdur.Tayfalar birləşdikcə onların da tanrı adlarından yeni səslər səs əlifbasının həcmini genişləndirirdi.Artıq bu səslərTanrı xüsusiyyətlərinə xidmətdən çıxıb, onları əhatə edən coğrafi mühiti, maddi əşyaları, məişət əşyalarını adlandırmaq üçün nitqin əsas bazasına çevrilmişdir.İnsanlar tək və yaxud toplu şəkildə adlanmalar (nominasiya) tətbiq etməyə başlaylrdılar.(Dədə Qorquddakı kimi.) Yüzlərlə dilçilərimiz Azərbaycanın coğrafiyasında yerləşən Kür və Araz çaylarının adlarını öyrənmək üçün saysız-hesabsız variantlar vermişlər.Lakin onlar sözün rekonstruksiyasını tapsalar da, onun yaranma etimologiyasını tapa bilməmişdilər.Nə üçün bu çaya bu ad verilmiş, niyə başqa ad yox.Kür çayının adının digər çay adlarına Oka və s. oxşadıb tapsalar da etimologiyanın haradan doğulduğunu müəyyən etmək onlarda problem olaraq qalmışdır. Ən Qədim Türklər (Bəzən “qədim” sözünə öz alimlərimiz də etinasız yanaşıb, onun mahiyyətini nümayiş etdirə bilmirlər.Yer üzərində yüzlərlə xalqlardan yalnız bir neçəsi bu adı daşıyır:Qədim Misirlilər, Qədim Romalılar və Qədim Oğuzlar vəssalam.) inanırdılar ki, mövcud olan hər bir şeyi Tanrı yaratmışdır.(Bu günki kimi.) Məhz Kür çayının adını onlar Ulu Tanrı Qa-nın adından Ulu dillə Kür, (Görkəml diçi alim Qəzənfər Kazımovun “Ulu dil tədqiqatı” əsasında) Araz çayınının adını isə “Ra” Günəş Tanrısının adından yaratmışlar. Bu günki müasir insanın düşüncəsindən fərqli dil fəlsəfəsi, məntiqi, təxəyyülü, mülahizəsi, psixologiyası və s. əsasında. Dilimizdə miras sözləri “söz muzeyinə” bənzətmək doğru olardı.Onlar türkün genezinin prototipləridir.Həqiqətən də bunlar hamısı hermitajdır (ermitage). Qədim sözlərimizə fikir verək.“Un” sözü.Qədim insanın təsəvvürünə görə un ruzisini yalnız tanrı yarada bilərdi.Gün Tanrısının verdiyi “un” ruzisi.Başqa dillərdə eyni paralellikdir. İngilis dilində: “flour” sözü iki tanrı adından Firondan keçmə “fr-fl” və ur(kor), fars dilində “ard” – “ar”-“har”; monqol dilində “quril”-“qor” tanrısı, Rus dilində “muka” iki tarının adından “mo” və “ka”; yunanca “alevri” yenə də iki tanrı adından “al-hor-“h” səsdüşümü və r-l əvəzlənməsi, “vri” Firondan “fir-vir” və s. Kim Fironizmə 5000 min il yaş verirsə onlar çox yanılırlar.Əgər bütün dünya dillərinə Fironizmdən keçən sözlərin izahlı sözlüyünü yaratsan 10 cildə sığmaz.Bu hələ mənim 6-7 dilə bələd olduğum statistikadandır.Fironizmi bilməyən dilçi heç bir vaxt öz dili daxil, heç bir dilin teolinqvistikasını, psixolinqvistikasını, semantikası və s. dəyərincə tədqiq edə bilməz.Dillərdə ”Firon” sözü 100 şəkil almışdır…Marr onu axtarmağın izinə düşmüş, lakin tanrıçılığı bilmədiyi üçün bütün cəhdləri bu gün də əsassız kimi sayılır. Özüm özümə təəssüf edirəm… Keçək məqalənin əsas mövzusuna. Dilimizdə olan “daş” türklərdə olan “taş” sözünə.Mən əgər bu məqalənin girişini bu qədər izahlı yazmasaydım, oxucu üçün bu fikirlər qaranlıq qala bilərdi. Əvvəldə deyildiyi kimi Tanrı adı ilə yaranan hecalar artıq tanrıçılıqdan çıxıb, əhatədə olan nəsnələrin adlanmasına xidmət etmişdir.”Tan”- “Günəş Tanrısı”nın adndakı “da” və türklərə məxsus karlaşmış fonemlə “ta” yeni sözlərin yaranmasında köməkçi rolunu oynamışdır. Qədim Türklər inanırdılar ki “daş”ı da tanrı yaratmışdır.Hətta türklərin “dağ” sözü də Tan Tanrının adındandır.Çünkü onlar Tanrını uca hesab edərək, dağları müqəddəsləşdirmişlər.”Dağ” sözü “da” hazır hecadan adını almışdır.Yerdə olan daş da dağın daşından olduğundan, yeni söz olan “da+ş” sözünü də bu mənbədən yaratmışlar.Onlar daşdan düzəldilmiş yaşadıqları primitiv evə də “dam” adını qoymuşlar.Evin içərisinin yerinə də “daş” sözündən yaranan, yəni daşın yedə olmasına nəzərən “döşəmə” adını vermişlər.Altlarının soyuq çəkməmələri üçün düzəltdirdikləri nəsnəyə də “döşək” (daşın üstünə qoyulan) adını vermişlər.Fars lüğətində “döşək” sözü eyni məna daşısa da, oğuzlardan keçmədir. ”Diş” sözü də həmin semantikadandır.Daş kimi bərk. ”Dış, tış” sözləri də “çöl” yəni “daşlıq” mənasından yaranmadır.Türklərdə işlənən”taşra- uzaq əyalət” sözü də evdən uzaq, daşınılan yer kimi mənalanır. Qədim Oğuzlarda “çul” daş deməkdir.Ola bilsin ki, “Dəşti” muğamının “çölçülərə-köçərilərə) aid olduğundan bu nominasiya formalaşmışdır.Bu adlanma yəqin ki, oğuzların “Dış Oğuz” qoluna mənsbluğu bildirən semantikadandır.”Köçəri” sözünün özü də “daşınan-daş” yəni “Dış oğuz” la eyni semantik paralellikdədir. Farslarda da “dəşti” sözü “çöl” mənası verir(Türk dilindən alınmadır) “Daşımaq-taşımaq” sözü də çox maraqlıdır.Bəzən deyirlər ki, “Elə bil daş daşımışam”.”Daşımaq, daşınmaq, daşlanmaq” sözlərinin içərisində bir psixolinqvistik anlam var.Yəni “daş kimi ağır yükü daşımaq” semantikasındandır. “Düşmək” sözü.Bir şeyin yerə düşməsi.Yəni daşın üstünə düşməsi.Psixolinqvistikadır. “Düşünmək” sözü.Çox vaxt fikri bildirmək üçün ona “düşünüb-daşınmaq” da deyirik.Semantik cəhətdən “daş kimi ağır olan bir fikri” bildirir. ”Deşmək” sözü. Diş ilə deşilən mənasından yaranmadır.(dişdəkləmək-İbtidai insan düşüncəsi.) Türklərin “Dosdoğru” sözü – “tamamilə düz” yəni “daş kimi bərk”. Türk dilində olan “döşekli” sözü möhkəm, sabit mənasını bildirir. “Düşkü, düşkünlük” sözləri bizim ifadəmizdə “qəlbin qırılması” kimi başa düşülür.Yəni “düşkün” sözü “yerdəki daşa düşüb sınma” kimi psixolinqvistikdir.Axşam düştü, gözdən düşmək və s. Ən maraqlısı çox vaxt lağ etdiyimiz adama dediyimiz “düşük” sözü.Türklər bu sözü “enmiş” mənasında işlədir.Biz isə rəngli formada yəni aşağılamaq mənasında işlədirik. Dilimizdə işlənən “daşmaq” sözü “daş” sözünün omonimi olsa da, “daşmaq” sözü “aşmaq” sözündə “d” səsinin protezasıdır.Sadəcə olaraq “aşmaq-daşmaq” sözündən özünə yeni status qazanmışdır.”Daş” sözü ilə əlaqəsi yoxdur. O ki qaldı “döş” sözünə, bu bir qədər fars dili ilə müştərəkdir.Əslində döş sözü fars dilində “büst” kimi mənalanır.Bu bizim şeirriyatımızda da gözəlləmələrdə də çox işlənmişdir.Fars dilində “duşəndə, duşidən” sağıcı, sağmaq kimi mənalanır.Buna baxmayaraq “döş” sözünün ifadələrdə “döşü bərk” kimi işlənməsi insan əzasından olan döşün daş kimi bərk anlamına gəlməsi semantikanı türk dilinə yaxınlaşdırır.”Döş” sözünün sinonimləri olan “sinə, büst, qəlb” kimi sözlər də dilə gəlmə sözlərdir.”Dişləmək” sözü də uşağın döşdən süd əmməsi zamanı da işlənir.”Döş” sözü dilimizə məxsus neologizmlər də yaratmışdır.”Döşlük”, “dağın döşü”, “döşdü adam” və s. “Düşmən” sözü dilimizə fars dilindən keşmə olduğu üçün “daş” sözü ilə əlaqəsi yoxdur.Bəzi mənbələrdə “dış adam” yəni “yadelli” kimi də mənalandırılır. P.S.Məqaləni yazıb qurtaranda hörmətli alimimiz Firudin Ağsıoğlunun (Cəlilov) fikrini xatırladım.Bu yolun çətinliyi göz qarşısındadır.Ancaq çətinlikdən keçən yol daha uğurlu olur. Bilmirəm düşüncələrim qeyri adidir, yoxsa ağlabatandır.Mənbə elə özüməm.(H.Ə.)Özüm özümə inanıram.(“özünəinam”həyati şərtlərdəndir)Ancaq insan özünə kənardan da baxmağı da bacarmalıdır..Ona görə bu fikirlərimi publikaya çıxardım.Mən özünütənqidi kənar tənqiddən önəmli sayıram.Ancaq publika təmiz bir aynadır. Dilçilik nəzəriyyəsinin əsas amili yeni nəzəriyyənin tapılması yollarıdır.Nəzəriyyə özü yeni baxış deməkdir.O, mühərrik və davamlı olmalıdır. Yazımın qayəsi akademik olsa da, publikaya uyğun olaraq terminologiyadan çox istifadə etmədim. Bu məqaləni yazmaqda məqsədim bir çox alimlərin qədim sözlərimizi oxuculara “daşlaşmış”, onların təbirincə desəm “birikmə” kimi təqdim etdikləri sözlərə aydınlıq gətirməkdir.Yeri gəlmişkən “birikmə” sözü “bərkimə” sözündəndir.”Daş” sözünün müəyyən sözlərdə: vətəndaş, yoldaş, qardaş, sirdaş və s. sözlərdə şəkilçi kimi verirlər.Türk dillərində “daş” sözü müstəqil söz kimi “bərk” sözünün sinonimidir.”Bir” sözü də buradandır.Yəni bir yumruq olmaq, birlik, birgə və s. Qədim keçmişimizdən bizə gəlib çatan müqəddəs Pirlərimiz də “bir”-sözünün “daş” mənasında günümüzə gəlib çıxmasıdır.(müəllif)Həqiqətən də bütün Pirlərdə müqəddəs sayılan daşlar vardır.(Kəbədə də həmçinin.Qara daş-əcərül əsvəd)İnsanlar onu öpür, əl və üzlərini ona sürtməklə şəfa axtarırlar. Məqalə uzun olsa da oxumaq maraqlı olacaqdır.Mən özüm də bu məqaləni dəfələrlə oxuyacağam.Mənim üçün daha maraqlıdır.Sizlərə də məsləhət bilirəm. Təşəkkür edirəm.
Durnalar Qarabağa qayıdır. (hekayə) II Qarabağ savaşında şəhid olmuş müəllimlərin xatirəsinə 2 ay xəstəxanada yatdıqdan sonra üzücü qış aylarını evdə keçirmişdim.Baharın gəlişini səbirsizliklə, həm də bir az əsəbiliklə gözləyirdim.Kəndə getməyə səbirsizlənirdim.Çox istəyirdim, bu baharı ürəyimcə qarşılayım,yazın hər anının şahidi olum . Düzdü, bənövşə ilə alçanın çiçəkləmə vaxtını ötürmüşdüm.Çünki bizim yerlər nisbətən isti bölgədir, bənövşələr tez açıb, tez sovuşur, alçalar da başqa ağaclardan tez çiçəkləyir.Amma, sağ olsun qardaşımın qızı, bənövşənin şəkillərini çəkib yollayırdı mənə.Bir dəfə də qardaşım bizə gələndə bir böyük dəstə tutub yollamışdı. Qardaşım günortadan sonra gəlmişdi, dedi ki, anam yollayıb, get Qayanı gətir, kənd havasını çəksin ciyərlərinə.Kənd səfərinə ailəliklə hazırlaşdıq.Uşaqlar da sevinirdilər.Yoldaşımın sevincinə isə, mənimki kimi, həyəcan və təlaş qarışmışdı.Anam mənim necə və hardan yara aldığımı indi öyrənəcəkdi. Müharibə başlayanda kənddən gəldiyim bir həftə idi.Builki məzuniyyətimin hamısını kənddə keçirmişdim.Anamla, uşaqlarla gözəl anlar yaşamışdıq.Bəlkə, elə buna görə anam məni telefonla uğurlayanda çox sakit danışmışdı. Nə yaxşı ki, mən 2 ay xəstəxanada yatanda, sonra evdə keçdiyim o ağır günlərdə sözümə qulaq asıb anamı yanıma gətirmədilər.İndi özümə söz verdim ki, bütün yazı anamla bərabər olacağam. Axşamdan qərara gəlmişdik ki, səhər tezdən yola çıxaq , evə tez çataq deyə .Zarafat deyil, dörd saatlıq yol idi.Yəqin ki, əvvəlki vaxtlarım olsaydı, qardaşım üç saata çatdırardı bizi.Heç mən özüm də buna etiraz etməzdim. Amma indi vəziyyət başqa idi. Kənd həvəsinə oğlumla qızım hamıdan tez oyanmışdılar.Yoldaşımla uşaqlar arxada oturdular.Qardaşım mənim arabamı maşının arxasına qoydu. Yol aldıq kəndə sarı. Yol boyu uşaqlar keçən ilki kənd macəralarından mübahisə edə-edə danışırdılar. Qardaşım mənim kimi deyildi,az danışan idi. Ona görə də musiqiyə qulaq asırdıq, arada mən bəzi suallar verirdim. Artıq Bakıdan çıxmışdıq, yolumuz bölgələrdən keçirdi.Radioda müharbədən bəhs edən veriliş başladı. Qardaşım söndürmək istədi, mən qoymadım. Arada müsiqi də verirdilər. Bir qiraətçi şeir oxumağa başladı. Payızı göz yaşlarıyla yola salmışdım. Budaqları qırılmış vətən ağacından yarpaq-yarpaq düşən şəhid balalarçün payız dolusu ağlamışdım. Tək təsəllim oldu ki. Şuşada, Suqovuşanda itkin balalar kəfənsiz qalmasın deyə anam təbiət bürüdü hər yanı ağ örpəyə. Ümidlə qarşıladım baharı, inandım ki, günlərin birində ağ atın üstündə evlərinə dönəcəklər, doğmalarını görməyə gələcəklər Şəhidlər. Döndülər, səmalarda. atəş olunb yandılar, laləli çəmənlərə bayraq kimi qondular Şəhidlər. Yaşıl çəmən, al lalə, mavi səma. Hər şəhid bayraq olub əl eyləyir adama. Şeir bitəndən bir neçə saniyə sonra səssizliyin fərqində oldum.Bayaqdan dil boğaza qoymayan uşaqlar da susub durmuşdular. Pəncərədən çölə baxanda gördüm ki, yol taxıl tarlalarının arasından keçir. Gözümü tarlaya zillədim, uzaqdan qızartı gördüm, sonra qızartı artmağa başladı. Tez qardaşıma dedim: – Nail, saxla maşını. Maşını yolun qırağına verib saxladı qardaşım. Xahış etdim, məni düşürsün. Qardaşım məni arabama əyləşdirdi, arabanı tarlanın içi ilə sürməyə başladı. Yoldaşımla uşaqlar da arxamızca gəlirdilər. Qarşıdakı üç-dörd topa laləyə çatdıq. Yüngül səhər mehi əsirdi, sanki lalələrin ləçəklərin qarışıq salmaq istəyirdi. Lalələr isə ləçəklərinin düzənini saxlamağa çalışanda gülümsəmiş kimi görünürdülər. Bayaqkı şeirin son misralarını xatırladım. Yaşıl çəmən, al lalə, mavi səma.. Birdən qıy səsləri səmanı bürüdü. Qardaşımla eyni anda başımızı qaldıb göyə baxdıq. Bir dəstə durna gedirdi. Baxışlarımla durna qatarını müşayiət etməyə başladım. Qeyri-ixtiyari gözümdən yaş süzüldü. Qardaşım əlini çiynimə qoydu: – Nə oldu sənə, Qaya? Cavab vermədim. Yalnız durnalar gözdən tam itəndə dedim: -Gedək, Nail. Maşına oturub yolumuza davam etdik. İçəridə yenə səssizlik hökm sürürdü. Beş dəqiqədən sonra sükutu mən pozdum: – Müharibə başlayandan bir həftə sonra hissəmizə yeni döyüşçülər gətirdilər. Demək olar ki, hamısı könüllülər idi.21 -30 yaş arasında. Tanış olanda biri diqqətimi daha çox çəkdi. Çox gözəl siması vardı, sanki qız gözəllliyi çökmüşdü üzünə. Dəniz kimi mavi gözləri ağ çöhrəsini işıqlandırırdı. – Adın nədi, əsgər? – Fateh. Sifətimdə yaranan təbəssümə etiraz edirmiş kimi qəddini daha da dik tutub davam etdi: – 22 yaşım var, ordudan iyun ayında tərxis olunmuşam, alı təhsilliyəm, ixtisasca tarix müəllimiyəm. – Deməli, könüllü olaraq tarıx yazmağa gəlmisən? – Niyə də yox, tariximizi saxtalaşdırmağa çalışanların cavabını kim verməlidir bəs? Cavab çox xoşuma gəldi, öz-özümə “Belə gənclərlə qalib olmamaq olar?”-deyib digərləri ilə tanış olmağa davam etdim. Axşama yaxın döyüş hazırlıqlarını bitib ona yaxınlaşdım. Söhbət zamanı işləyib işləmədiyini soruşdum. Məlum oldu ki, imtahan verərək ucqar bir kənddə müəllim kimi bu il fəaliyyitə başlayacaqmış. Dedim ki, müəllimlik də elə hərbçi kimidir, biz torpağın keşiyində dururuq, siz nəslin bilik və tərbiyəsinin. O, könüllü gəlməyinin səbəbini izah etdi. – Qarabağ mənim ata-baba yurdumdu. Mən dünyaya bu torpaqlar işğal olunandan sonra məcburi köçkün kimi gəlmişəm. Bu ad da mənimlə bərabər doğulmuşdu sanki. Ağlım söz kəsəndən hər yerdə özümüz haqda bu sözü eşidirdim, küçədə, məktəbdə. Düzdü, səbəbini bilirdim, amma böyüdükcə toxunurdu bu ifadə mənə. Biz çoxları kimi Bakıya pənah aparmamışdıq, atamın əsgər yoldaşı bizi öz rayonlarına çağırmış, yaşadığı kənddə onların evində məşkunlaşmışıq əvvəlcə. Sonra kənd camaatı yığışıb bizə ev tikib, təsərrüfat yaratmağa kömək edib. Mən o evdə doğulmuşam. Amma bütün böyüklərimiz ” evimiz” deyəndə anlayırdım ki, söhbət bu evdən getmir. Ailəmizin böyüyü atamın nənəsidir Bacım da, balaca qardaşım da, mən də “böyük nənə” deyirik ona. Böyüdükcə fikir verirdim, hər payız böyük nənəm göyə baxıb ah çəkirdi, dodağı altda deyirdi”görəsən qayıdacaqlar?” Bahar gələndə də göyə baxıb kövrəlirdi”eh, bu baharı da qayıda bilmədilər”. Bir payız yenə böyük nənəm durnaların arxasınca baxıb ah çəkəndə soruşdum: – Böyük nənə, sən niyə belə deyirsən? Nənəm sulanmış gözlərini silib dədə-baba yurdlarını necə tərk etmələrini, ermənilərin vəhşiliklərini, oğlunun, ərinin şəhid olmasını danışdı.Dedi ki, bizim torpaqlarımız, qəbirlərimiz, arzularımız ermənilərin əsirliyində qalıb. Daha durnalar da o yerlərə uçmur. Gərək topaqlarımız əsirlikdən azad olsun ki, durnalar da bizimlə bərabər doğma ocaqlarına qayıtsın. Onda mən nənəmə söz verdim: – Böyük nənə, mən böyüyüb əsgər olacağam, erməniləri torpaqlarımızdan qovacağam, səni də götürüb evimizə gedəcəyəm, biz durnaları evimizdə qarşılayacağıq! Nənəmi qanadlandırdı mənim sözlərim, mən bunu onun qığılcımlar qaynaşan gözlərindən hiss etdim. Boynumu qucaqladı, əvvəl alnımdan, sonra gözlərimdən öpdü: -İnşallah, mənim balam, atan nahaq yerə adını Fateh qoymayıb ki? Elə ona görə də evdə məni davaya yox, toya gedirmiş kimi yola salıblar. Siz bir nənəmin sevincini görəydiniz. İndi nənəmə verdiyim sözü yerinə yetirmək imkanı yaranıb. Həm də öz şagirdlərimə kitablardan öyrəndiklərimlə bərabər, iştirakçısı olduğum tarixi danışacağam. Biz daha çox gecələr döyüşürdük.Həm özümüz hücuma keçir, həm də düşmənin artilleriya hücumunun qarşısını alıradıq.Fateh heç vaxt öz topunun arxasından çəkilmirdi, qoymurdu kimsə onu əvəz etsin.Gündüzlər də yatmaq imkanından çox az yararlanırdı. Bir dəfə bunu ona irad tutanda dedi: – Komandir, mən bu şərəfli tarixin bütün anlarını yaşamaq istəyirəm, qayıdanda nənəm məndən hər şeyi təfərrüatı ilə soruşacaq. Yadıma keçən il bir yaşlı kişinin söhbəti düşdü. İşlə əlaqədar təcili bir rayona getməli idim. Bir günə gedib qayıdacaqdım. Maşını səhər tezdən avtovağzaldan sürdüm ki, bəlkə o rayona gedən oldu, yolu tək getməyim, həmsöhbətim olsun. Bir yaşlı kişi gedirdi o rayona, amma tərəddüd edirdi, səbəbini duyub dedim: – Narahat olma, əmican, pul almayacağam,özümə yol yoldaşı axtarıram. Yol boyu məlum oldu ki, məcburi köçkündü, rayonda yaşayır, Bakıya həkim müayinəsinə gəlibmiş. Çox şeydən danışdıq. Danışdıqlarından anladım ki, ümidsizliyə qapılıb. Dədə-baba torpağına qovuşmaq ona yuxu kimi gəlir. Kişiyə ürək-dirək vermək istədim: – Darıxma, əmican, tezliklə alacağıq o torpaqları – Eh, ay oğul, gecikirik e yaman, o vaxtdan bir nəsil doğulub yetişib, o torpaqların havasını udub nemətləri ilə böyüməyən çətin onu almaq barədə düşünsün. -Düz fikirləşmirsən, əmi, o nəsil alacaq o torpağı, həm də tezliklə. Bəlkə, sən deyən kimi bir-iki nəfər tapıldı, amma burda günah onların deyil. O nəslə torpaq sevgisini biz böyüklər aşılamalıyıq. Və mən yanılmamışdım, Fateh tək deyildi, bölməmdə onun kimi könüllülər çox idi. Biz irəliləyirdik. Yaralılarımız, şəhidlərimiz olurdu. Hamı sabah onları da bu tale gözlədiyini bilə-bilə vuruşurdu. O gecə həlledici döyüş olacaqdı, biz nəyin bahasına olursa-olsun irəliləməli idik. Hücumun qızğın çağında düşmən mərmisi yaxınlıqda partladı. Əsgərlərdən biri mənə tərəf sürünrək qışdırdı: – Komandir, Fateh yaralandı Sürünə-sürünə ora yaxınlaşdım. Fateh çabalayırdı, böyründə qan gölməçəsi yaranmışdı. Əlimi yarasının üstünə basıb” Qorxma, Fatehim, qorxma”-dedim O isə zorla bunu xırıldadı – Komandir, durnaları… mən… qaytara bilmədim…siz qaytarın. İkinci mərmi partlayanda uçduğumu hiss etdim, onu da hiss etdim ki, yüngülləşmişəm, uçan bədənimin hamısı deyil. Gözümü xəstəxanada açanda qışqırdım: – Mən burda nə edirəm, hanı mənim əsgərlərim? Bütün xəstəxana heyəti başımın üstünü kəsdirdi: – Müharibə qurtarıb, biz qalib gəlmişik. Yavaş-yavaş anladım ki, yaralanmağımdan xeyli vaxt keçib, həm də anladım ki, Fateh şəhid olanda mənim də ayaqlarım şəhid olub. Yenə sükut çökdü aralığa, heç kim danışmırdı. Qardaşım yenə radionu açdı. Yenə həmin qiraətçi şeir oxuyurdu: Salamat qal oralarda, “Vətən” deyib ölən şəhid. Durna olub hər baharda Vətəninə dönən şəhid. Kəndə çatmağa az qalmış özümçün qərar verdim, anamı, qohumlarımı görəndən sonra səhərdən başlayaraq el-el gəzəcəyəm,daha doğrusu, qardaşım gəzdirəcək məni. Şəhid olmuş əsgərlərimin qəbirlərini ziyarət edəcəyəm. Birinci Fatehdən başlayacağam. Deyəcəyəm ki, rahat uyu, Fatehim, durnalar bu bahar Qarabağa qayıtdı. Həm də öz qanadları ilə yox, sənin ruhunun qanadı ilə.
Çox maraqlıdır ki ensiklopedik materiallarda, eyni zamanda bütün mənbələrdə “tarix” sözünü ərəb mənşəli söz kimi təqdim edirlər. Ərəb dilində tarix sözünün tək bir cəm forması “təvarix” kimi törəmə sözü vardır.Bu isə sözün ərəb mənşəli olmamasına dəlalət edir.Tarix sözünün etimologiyası sanki bir tərif xarakteri daşıyır.Sözün ərəb dilində nüvəsi sezilmir. Həqiqətən də tarix elmi dilçilik elmi ilə paralel öyrənilməsə yetərincə efekt verə bilməz.Istər tarixi yer adları, istərsə tarixi şəxsiygətlərin adlarının içərisində sirli dilçilik faktorları vardır.Bu haqda məqalələrimdə yetərincə tarixi yer, tarixi hadisələr, tarixi şəxsiyyətlərin və s, adlarına dilçilik baxımından müqayisəli təhlilə əsasalanan dəlillərlə çoxlu sayda söz və terminlərə izahat vermişəm.Oxucular da (tarixçilər də) maraqla qarşılamışlar. Daha bir tarixi yer adını izah etmək yerinə düşər.Qonşumuz olan Gürcüstan Respublikasının adına diqqət verək.Maraqlıdıdır ki, gürcülər özləri respublikalarını Kartaveli adlandırırlar.Yalnız kənardan Gürcüstan, Qruziya, Georgia və s. Kimi adlanmalar mövcuddur. Məhz sual buradan yaranır. Əgər biz bu adın tarixi kökünü araşdırsaq tarixin özü bu sözün kökünün içərisindədir. Səlcuqlu dövrünü öyrənərkən məlum olur ki, (Xl, Xll əs.)Selcuq xanı Sarı xan qızını Kartaveli hökmdarı Davidə ərə vermişdi və onlarla qohum olmuşdur.Bu səbəbdən də onun xalqını incitməmişdi.Əksinə, onlara ölkələrinin abadlaşmasına köməklik etmişdir.Məhz tarixdə bu quruculuq dövrü Davidin adı ilə bağlıdır.Səlcuqlar Davidə “qurucu” ləqəbi vermişlər.Bu səbəbdən də onun adı tarixdə Qurucu David kimi qalmışdır.Səlcuqların “qurucu” sözü fonetik hadisələr nəticəsində “gürcü” şəklinə düşmüş və günümüzə Gürcüstan, gürcü kimi gəlib çatmışdır. Daha maraqlısı budur ki, Davidin arvadının adı tarixi mənbələrdə Qurandxutun kimi getmişdir. Doğrudanmı bu belədir? Yenə də dilçilik faktoru burada da açar rolunu oynayır.”Qurandxutun* adının 1-ci hecası Qurucu Davidin ləqəbinin deformasiyasından, 2-ci hissəsi isə səlcuqların “xatun” sözündəndir.Yəni Qurucunun xanımı. Tarix sözünün etimologiyasına keçək. islam tarixindən məlumdur ki, Ərəb Xilafəti cüclənən dövrdə ərəblərin içərisində savadsız, yazı-pozu bilməyən bədəvi ərəblər çox idi.Bu da yerli idarəçiliyə çətinlik gətirirdi.Bu səbəbdən də bir az savadı olanları xəlifəlik Bizansa elm öyrənməyə göndərirdi.Yunan elmlərini öyrənib geri qayıdan ərəblər bu elmin ad və terminlərində təriblər(ərəbləşmə) aparmışlar.Məs: geographiya-coğrafiya;philosophiya-fəlsəfə və s.Hətta yunan alimlərinin adlarını da təribləşdirib Əflatun,Ərəstun və s. Kimi adlandırmışlar. “Tarix” sözü də həmin həyatı yaşamışdır.(bunu heç ərəblərin özləri də bilmirlər) Latın mənşəli dillərdə story, history sözləri “hekayə, hekayət, rəvayət və s.) kimi tərcümə olunur.Semantika həm latın, həm də ərəbcə eyni paralellikdə durur.Məntiqi, psixolinqvistik baxımından həm fonetik həm semantik cəhətdən tarix sözü “history” sözünün təribləşmiş formasını almışdır. Ərəb dilində tarix sözünə qədər bu leksika hədis(badisə), rəvayət və s, kimi işlənmışdir. P.S.Bütün tarixçilərı bayram münasibətilə təbrik edirəm.Tarixi yaddaşımızın möhkəmləndirilməsi yolunda onlara uğurlar arzulayıram.
TARİX MÜƏLLİMİNİN AÇIQ DƏRSİ, YOXSA EMİN PİRİNİN “27 OKTYABR”A ŞEİRİ.
Tarix müəllimi, jurnalist, Vətən müharibəsi iştirakçısı (baş leytenant), şair Emin Pirinin” 27 oktyabra ” şeiri bir şeirdən çox tarix müəlliminin növbəti açıq dərsi təəssüratını yaradır adamda. 27 oktyabr nə deməkdir?
“Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncama əsasən oktyabrın 27-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında beynəlxalq Qars müqaviləsinin 100-cü ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Qars müqaviləsinin (13 oktyabr 1921) imzalanmasından 100 il ötür. Qars müqaviləsinə görə Naxçıvan ərazisinin Türkiyə ilə sərhədi Arazdəyən stansiyasına qədər 11 kilometr uzunluğunda müəyyən edilmiş, İranla 176 kilometrlik sərhədi isə 1828-ci il Türkmənçay müqaviləsində müəyyən olunduğu kimi saxlanmışdı. Beləliklə, 1918-ci ildən başlayaraq naxçıvanlıların qəhrəmanlıqla, inadla, ardıcıl, cəsurluqla və ciddiyyətlə apardıqları mübarizənin, Azərbaycan və Türkiyə diplomatlarının məqsədyönlü, səbrli fəaliyyətləri, xüsusilə Behbud Ağa Şahtaxtinskinin dəmir iradə ilə apardığı diplomatik manevrlər, yazdığı məktublar, müraciətləri və təklifləri sayəsində əvvəlcə Moskva, sonra isə Qars müqavilələrində Naxçıvan vilayəti Azərbaycanın tərkibində muxtar ərazi kimi Rusiya, Türkiyə, Gürcüstan və Ermənistan tərəfindən tanındı və Naxçıvana beynəlxalq hüquqi təminat verildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsində Qars müqaviləsinin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və xüsusən Türkiyə Cümhuriyyətinin imzaladığı Qars müqaviləsinin burada böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Zənnimcə tarix müəlliminin Naxçıvan sevgisi Atamın (M. K. Atatürk) Hatay eşqi, Heydər babanın (H. Əliyev) Naxçıvan sevgisi kimi ülvidir, atanın öz körpə övladına sahib çıxdığı kimi sahib çıxmışdılar öndərlərimiz Naxçıvana, Hataya. Eləcə də şair o ülvi sevgiyə sadiq qalan Vətən sevdalısıdır.
“Sevdim el var, oba var – daha demirəm nəyini sevdim.”
Bu misralar nədənsə mənə Əsabu – Kəf əfsanəsini xatırlatdı. Rəvayətə görə hökmdarın zülmlərindən və özünü Allah adlandırmasından bezən bir neçə nəfər hökmdardan və el-oba qınağından baş götürüb qaçırlar və mağaraya sığınırlar.
” Səni üzənin evi yıxılsın, yıxılsın lap belə nəyi yıxılsın… Fitili çəkilmiş qumbarayam at məni dərdlərinin səngərinə. Bakıdan Naxçıvana kimi bir türkü olaram qulaqlarında”
Türkü nədir? Bütün müstəvilərdə mahnı ilə sinonimləşir. Xalq ədəbiyyatında çox geniş şəkildə yayılmış şeir nümunələridir. Qəhrəmanlıq, məhəbbət, təbiət gözəlliklərinin təsviri və s. mövzularda olur. Bu misralarda zabit Piriyev doğma Səngəri xatırlayır, lazım gəlsə qumbaraya, oda, alova dönərəm, yəni Bakıdan Naxçıvana qədər Türkü olaram- qəhrəmanlıq nəğməsi olaram, şücaət göstərib Sənin hər qarışını qoruyaram deyə Vətənə müraciət edir.
“… ötüb Zəngəzur səmasından: əllərim əlinə dəydikdən sonra sonu istər ölüm olsun, istər ayrılıq”.
Zəngəzur dəhlizi nədir? – Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. Tarix müəllimi gələcək nəsillərə dəhlizin önəmini bir mesaj olaraq ötürür.
“Səni səhər sevdim- Azan gözləyən müəzzin kimi. Səni günorta sevdim- damla olmaqdan bezib günəşə buxar kimi qaçmaq istəyən Su damlası kimi. Səni axşam sevdim- demirəm necə sevdim…”
Bu misralar yenə Əsabu-Kəf rəvayətinə götürür məni. Xüsusən də “su damlası” ifadəsi… Əshabi-Kəhfin yaxınlığında Dəmçixana adlı bir dağ vardır. Bu mağaradakı su damcısını rəvayət belə izah edir. Təmliha və onun dostları Əshabi-Kəhfdə yatdıqları zaman mağaranın girəcəyində olan bulaq möcüzəli şəkildə Dəmçixana dağına keçmiş və müəyyən vaxtlarda bu mağaradakı su damcılarına çevrilmişdir. Yerli camaatda belə bir inam vardır ki, öz taleyini bilmək istəyən hər bir kəs Dəmçixanaya getməli və oradakı mağaraya girib su damcısının başına damcıladığı vaxtadək orada dayanmalıdır. Damcının başına düşməsi həmin şəxsin arzusunun gerçəkləşəcəyi deməkdir. Əgər bu baş verməsə, nəzərdə tutulmuş işin uğurlu nəticəsini gözləməyə dəyməz.
“Səni axşam Səni günorta Səni səhər sevdim, Demirəm necə sevdim Ay zalım sevdim səni.
Yenə rəvayətə istinad edək : “Onların altısı da dincəlmək üçün mağaraya girdilər. Bu vaxt Allahın göndərdiyi yuxu mələyi gəldi və özünün enli qanadlarını açdı, qanadları ilə onların üstünü örtdü və onları yatırtdı. Onlar mağarada dərin ölüm yuxusu ilə yatdılar. Bu arada Daqyanus padşah öyrəndi ki, Təmlihanın başçılığı altında onun altı təbəəsi ona Allah olaraq ehtiram etmək istəməyərək şəhərdən qaçıblar və indi mağarada gizlənirlər. “ Yuxuda olan qəhrəman səhər, günorta, axşam demədən Daqyanusun əslində Allah olmadığını bilir və gerçək Tanrıya – bir olan Allaha sevgisini izhar edir. Sondakı “zalım” ifadəsi isə bəndənin “uman yerdən küsərlər” deyimindəki kimidir, qəhrəman mağaradan qurtulmağını- arzusunun gerçəkləşməsini gözləməkdən usanan bəndə övlad şıltaqlığı ilə Tanrısından gileylənir, sevgisinin qarşılığını görmək istəyir.
QÜDRƏTİN BACISI (hekayə) Tofiqin Şıxmərdan kəndində çox yaxın dostu vardı. Adı Qüdrət idi. Onların dostluğu o qədər möhkəm idi ki, tez-tez Tofiq Qüdrətgilə, Qüdrət də onlara gedib- gələrdi. Tofiq yaxşı futbolçu idi. Özü də mərkəz hücumçusu. Şıxmərdan və Cəmilli kəndlərinin cavanları da il uzunu öz qüvvələrini sınayır, futbol yarışına qatılırdılar. Gah bu kəndin, gah da o kəndin futbolçuları qalib gəlirdi. Cığallıq olmurdu, komandalar bir-biri ilə mehriban dolanır, bir-birinin xətrinə dəymir, oyun zamanı kobudluq, qanıqaraldıcı salmırdılar. Oyundan sonra hansı kənddə idilərsə, yöğılın yeməkxanaya gedir, orada nahar, yaxud şam edirdilər. Bir gün Tofiq bərk yorulduğunu və susadığını görüb özünü oyun meydançasının yaxınlığındakı su krantına çatdırdı. Yarış zamanı, özü də möhkəm tərləyəndə su içmək ziyandır. Məşqçi bu barədə hər dəfə xəbərdarlıq edir, su içməyə icazə vermirdi: “Ağzınıza yaxalaya bilərsiniz, amma nəbadə suyu içəsiniz. Təsəvvür edin: qızmar bədəninizə birdən-birə soyuq su tökürsünüz. Bilirsiniz bu nədir, nəyə bərabərdir? Qaynar tavaya su tökməyə bərabər bir şey! Görürsünüzmü tava necə səs qoparır, fışıltısı hər tərəfə yayılır!” Tofiq məşqçinin gözünü oğurlatmışdı. Su içib tez oyun meydançasına girəcəkdı. Amma krantın altına vedrə qoyulmuşdu. Kimsə su yığırdı. Tofiq ətrafına baxdı. Vedrənin sahibi balaca bir qız idi. Tofiq vedrəni kənara itələyib ağzını kranta dayadı. Bir də onda gördü ki, kimsə onun başına, boyun- boğazına su əndərir. Dönüb baxanda həmin balaca qızı gördü. Qız tərs-tərs ona baxırdı. Tofiq istədi ona acıqlansın, amma qeyri-ixtiyari gülümsədi: -Bağışla balaca, – deyib vedrəni krantın altına çəkdi. Qız Qüdrətin bacısı idi. İllər keçdi. Tofiq universitetə qəbul edildi, əlaçı olduğuna görə, üçüncü kursdan sonra onu təhsilini davam etdirmək üçün Sankt-Peterburqa göndərdilər. Ali təhsilini fərqlənmə diplomu ilə başa vurub kəndə qayıtdı. Qüdrətin kənddə olduğunu öyrənən Tofiq dostunu görmək istədi. Evə dəyib sonra Qüdrətgilə yollandı. Darvazanı gözəl bir qız açdı. Nağıllarda deyildiyi kimi, qız elə gözəl və xoşagələn idi ki, sanki Günəşlə bəhsə girib ona deyirdi: bu gün sən çıxma, mən çıxacağam; Aya da bəyan edirdi: bu gecə sən görünmə, mən görünəcəyəm. Tofiq bir anlığa donub qaldı. Sanki nitqi kəsilmişdi. Nə Bakıda, nə də Sankt-Peterburqda bu gözəllikdə qız görməmişdi. Öz-özünə: “Yenə öz kəndimizə min şükür! Sən demə, nə Bakıda, nə də Rusiyada gördüyü qızların heç biri onun kəndinin qızına dəyməzmis”. Qız dayanıb gözləyir, Tofiq gözlərini ona zilləyərək susurdu. -Sizə kim lazımdır? Tofiq özünü ələ alıb: -Mən Tofiqəm, Qüdrətin dostu. Qüdrət evdədir? Qız darvazanın ağzından çəkilib ona yol verdi: -Xoş gəlmisiniz, dayı. Tanımadım, bağışlayın. Buyurun. Qardaşım evdədir. Tofiq həyətə girə-girə: “Bu həmin qız olacaq. Başıma, boyun-boğazıma acıqla su əndərən qız. İlahi, nə gözəl olub! Necə dedi: dayı… Nə dayı. Vur-tut on yaş ondan böyüyəm”. Anası az qala hər gün Tofiqi danlayır, gəlin gətirmək istədiyini deyirdi. Tofiq də hər dəfə zarafata salaraq: “Ana, hələ evlənməyə yaşım çatmır”, – deyib aradan çıxırdı. Ana da hirslənib onun dalınca: -Axırda məcbur eləyəcəksən, gedib xoşuma gələn qızlardan birinin qolundan tutub gətirəcəyəm evimə. Ondan sonra görüm sözün nə olacaq!” – deyirdi. Tofiq də: -Yaxşı, ana. Amma hələlik tələsmə, – deyib qaçırdı. Bu gün isə evə gələn kimi özü dilləndi: -Ana, çox fikirləşdim, gördüm ki, düz deyirsən. Evlənməyin vaxtıdır. Sən demə, evlənmək yaşına çatmışam. Ana çox sevindi: -Bəs mən nə deyirdim?! Ana tez ayağa qalxıb kəlağayısını örtdü: -Ay bala, hansı qapıya gedəcəyəm? -Qonşu kəndə. Qüdrətgilə. Qüdrətin bacısı Ülkər olacaq gəlinin. Bakı şəhəri, 26 mart 2021-ci il