Etiket arxivi: ZƏRİFƏ XANIM ƏLİYEVA

QADINLIĞIN VƏ ANALIĞIN ƏN ALİ TİMSALI

HEYDƏR ƏLİYEV 100

QADINLIĞIN VƏ ANALIĞIN ƏN ALİ TİMSALI

Ulu Öndərimizin hər zaman dayağı, dəstəyi olmuş, həyatda onun üçün ən sadiq insan olmuş ömür-gün yoldaşı, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyeva haqqında

Azərbaycan-türk qadını, türk anası hər zaman hər sahədə müsbət mənada bütün dünya qadınları arasında öz fərqliliyini, ağırlığını, sanballılığını, ucalığını nümayiş etdirmiş və seçilənlərdən olmağı bacarmışdır. “Qadınlıq” sözü, “analıq” sözü hər zaman Azərbaycan qızlarının, gəlinlərinin. qadınlarının timsalında daha da dəyərə, qiymətə minmiş, daha gözəl və daha qürurlu bir şəkildə səslənmişdir. Azərbaycan qadınları öz xalqını, öz ölkəsini bineyi-qədimdən çox gözəl və layiqli şəkildə təmsil edərək bu qadınlıq, analıq adını zirvələrə qaldırmışlar. Bunun nümunələrini keçmişimizdən görmüşük, indi görürük və gələcəkdə də görəcəyimizə şübhə etmirik. Ataların misalında deyildiyi kimi “ot kökü üstə bitər”. Bizim xanım-xatın qadınlarımız öz ömür-gün yoldaşlarına ömür boyu sadiq qalmış, dəstək olmuş, ən yaxşı anında onunla sevinmiş, ən pis anında onları tərk etməmiş, onların ömür boyu yanında olmuş, səsinə səs vermişdir. Azərbaycan qadını, Azərbaycan anası özünün zinəti olan əxlaqından və imanından heç bir zaman ayrılmamış, bütün ömürünü düzlük içində, haqq-ədalət, ana, qadın isməti, abırı, həyası içərisində yaşamışdır. Dünyanın bir çox yerindən Azərbaycanın tarixini öyrənən tədqiqatçılar haqlı olaraq heyrətlənir və belə bir sual soruşurlar: “Azərbaycan qadınları dünya qadınlığı içərisində necə bu qədər böyük nüfuza, sevgiyə, hörmətə və diqqətə sahib ola biliblər?”. Bu, əslində cavabı elə də çətin olmayan bir sualdır. Bunun cavabını dünya xəlq olandan bu günə qədər öz fəaliyyətlərini davam etdirən xanımlarımızın misalında, ər igidlərinə hər zaman dayaq olan Tomris xatunun, Sara xatunun, Koroğlunun ömür-gün yoldaşı Nigarın, Qaçaq Nəbinin həyat yoldaşı Həcərin və adlarını bildiyimiz və ya bilmədiyimiz neçə-neçə Azərbaycan xanımlarının timsalında, onların həyatı ilə tanış olaraq, öyrənərək tapa bilərlər. Bir də ən əsası bir şəxsiyyətin, fenomenin və böyük insanın xanımı timsalında… Xalqımızın Ulu Öndəri olan Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloqumuz, akademik Zərifə xanım Əliyevanın timsalında.

İnsanlar sevgi, məhəbbət haqqında fikirləşəndə bu qənaətə gəlirlər ki, əsl sevgi gərək odlardan, alovlardan keçsin, bir çox qət olunması mümkünsüz olan zirvələri fəth etsin, maneələri, sədləri aşsın və sonda sonsuz, əvəzsiz, şirin vüsala yetişsin. Onda həmin sevgi əsl sevgidir və o sevgi nəinki bir ömür boyu, hətta bir dünya boyu yaşayacaq, yaşadılacaqdır. O sevgi dünyanın ən saf, təmiz məfhumudur və heç bir zaman təmizliyini, saflığını itirməyəcəkdir. Belə sevgilər dünyada az-az, demək olar ki, çox nadir hallarda olur, meydana gəlir. Bir fidan kimi qəlblərdə yetişən o sevgi gün gələndə böyük, uca, ən güclü qasırğalara və fırtınalara davamlı olan çinar ağacına çevrilir. O çinarın neçə-neçə budaqları, qolları olur. O budaqlar, o qollar əsl sevgidən yaranmış sədaqət, nəciblik, böyüklük timsallı sevgilərdir. Mən Ulu Öndərimiz Heydər Əliyevlə onun ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın sevgisini şəksiz və şübhəsiz olaraq əsl sevgi adlandırıram. Tam mənasında inanıram ki, bu sözümü təsdiq edən çoxlu təkzibedilməz sübutlar var. Ulu Öndərimizin Zərifə xanımla ömrünü birləşdirmək yolunda keçdiyi çoxlu maneələr, getdiyi yollarda olan burulğanlar, tufanlar, fırtınalar bunun ən böyük misalıdır. XX əsrin 50-ci illərində Azərbaycanın siyasi həyatında baş verən o qanlı-qadalı hadisələrlə dolu günlər buna misaldır. Elə o əsl sevgi fidanını böyüdüb, bəsləyib uca və ulu bir çinar edən də budur. Əsl sevgi ağacı sudan, havadan yox, maneələrdən, tufanlardan, fırtınalardan qidalanır və bu səviyyəyə çataraq aliləşir, müqəddəsləşir. O ulu çinar ağacı sevgidən güc aldığı üçün ən böyük fəlakətlərdə yerindən bir azca da olsa tərpənmir belə. Hətta fırtınaları, tufanları titrədir, yurdları, yerləri viran qoyan sellərin özünün önünə sipər olur, onu dayandırır, səmtini dəyişir, dağıdıcı havasını alır. Bu ali sevgini, məhəbbəti belə vəziyyətə gətirən nədir? Qorxmazlıq, sadiqlik, səbirlilik, dözümlülük, təmkinlilik… Ulu Öndərimizin gələcək sevgilərə bir ilham xarakteri daşıyan sevgisi belə başladı, davam etdi və özünün ən böyük zirvəsinə, kuliminasiya nöqtəsinə belə çatdı.

Zərifə xanım xalqımızın böyük alimi, elm və səhiyyə sahəsində tanınmış xadim, Azərbaycanı bütün Sovet məkanında, o vaxtkı sosialist ölkələrində tanıdan, sevdirən böyük bir şəxsiyyət idi. Ulu Öndərimiz siyasi uzaqgörənlik, idarəçilik qabiliyyəti baxımından, Zərifə xanım isə tibb və elm sahəsində fəaliyyəti baxımından Azərbaycanın nə qədər qüdrətli, əzəmətli və zəngin bir ölkə olduğunu, demək olar ki, bütün dünyaya çatdırmışdı. Görkəmli oftalmoloqumuz Zərifə xanım Tomrisin, Sara xatunun, Nigarın, Həcərin SSRİ dönəmində – o qanlı-qadalı illərdə ən böyük və layiqli davamçısı olaraq fəaliyyət göstərirdi. Azərbaycanın əməkdar elm xadimi kimi ali və şərəfli ada layiq görülmüş Zərifə xanım həm də oftalmologiya sahəsində müəllifi olduğu kitablarla necə təhsilli, təcrübəli və bacarıqlı oftalmoloq olduğunu göstərirdi. SSRİ səviyyəsində qazandığı ali məqam, şöhrət və yüksək dərəcədə olan hörmətin nəticəsi olaraq Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü seçilmişdi. 1981-ci ildə Sovet məkanında SSRİ Tibb Elmlər Akademiyasının M.İ. Averbax adına Mükafatına layiq görülmüş ilk qadın olması onun nəinki Azərbaycan qadınını, həm də Şərq qadınını layiqincə təmsil etməsindən xəbər verirdi.

Zərifə xanım Ulu Öndərimizə layiq bir xanım və ömür-gün yoldaşı idi. Onunla tanış olduğu ilk gündən vəfat etdiyi günə qədər ona olan sadiqliyi, əbədi və dönməz sevgisi, hörməti, diqqəti ilə bütün xanımlara örnək idi. Zərifə xanım sadiq həyat yoldaşı olduğu kimi mehriban, qayğıkeş, fədakar bir ana idi. O, Ulu Öndərimizə iki layiqli övlad – Sevil xanımı və hörmətli cənab Prezidentimiz İlham Əliyevi böyütmüş, vəfat etdiyi günə qədər onları gözü kimi qorumuş, canından da artıq sevib dəyər vermişdi. Zərifə xanımın Azərbaycan xalqına İlham Əliyev fenomeni kimi əsrin qəhrəmanı sayılacaq dərəcədə ali, müzəffər və böyük bir şəxsiyyət yetişdirməsi, bu xalqa, bu millətə nə dərəcədə böyük fədakarlıqlar etməsi və xeyir işlər görməsi faktı danılmazdır.

Qeyd edilənlərlə bərabər Zərifə xanım Əliyeva həm də hikmətli, şəfqətli və yüksək dünyagörüşlü bir həkim idi. Bunun sübutunu onun müəlliflik etdiyi “Yüksək əqidə” kitabında tapmaq olar, orada deyilir:

“Ölkə, cəmiyyət nə qədər inkişaf etmiş olursa, onun insanları da, mənəvi cəhəti də, humanistliyi də yüksək olur, eyni zamanda həkimin mənəviyyatı da, insanpərvərliyi də diqqəti cəlb edir.

Həkim çox səbirli olmalıdır. O, xəstənin daxili aləminə girib onu başa düşməsi üçün “Şəhrizadın uzun-uzadı nağılı”nı dinləməyi bacarmalıdır. İnsanın və xüsusilə xəstənin daxili aləmi də onun orqanizmi kimi mürəkkəbdir.

Vicdan – bizim əsas hakimimizdir.” və s.

Yuxarıdakı sitatlardan da göründüyü kimi Zərifə xanım vicdanlı, humanist bir həkim, bir insan olaraq təkcə xəstələrinin yox, öz ölkəsinin, cəmiyyətinin, digər ölkə və cəmiyyətlərin, bir sözlə, bütün dünyanın xeyrini istəyir, bunun üçün çalışır və bütün ömrünü, həyatını bunun üçün sərf edirdi. Onun sədaqəti, sevgisi təkcə Ulu Öndərimizə, övladlarına, gözəl ailəsinə deyil, eyni zamanda doğma xalqına, ölkəsinə və elə bütün dünyaya idi.

Zərifə xanımın sevgisində o, vəfat edəndən sonra da ayrılıq baş vermədi. Oxucu haqlı olaraq soruşa bilər ki, axı Zərifə xanım 1985-ci ildə amansız xəstəlikdən dünyasını dəyişdi, bəs onlar ayrılmış olmadılar?! Xeyr, onlar ayrılmış olmadılar. Onlar heç bir zaman ayrılmadılar. Ulu Öndərimiz heç bir zaman onu unutmadı. Məzarını ziyarət edərkən əlini Zərifə xanımın qəbirüstü abidəsinə qoyaraq fikrə getməsi, dəqiqələrcə onun abidəsinə tamaşa etməsi, tədbirdə “Tut ağacı” mahnısını dinləyərkən kövrəlməsi onun Zərifə xanımı nə qədər böyük və sarsılmaz məhəbbətlə sevdiyini göstərirdi. Rejissor Vaqif Mustafayevin çəkdiyi “Əsl məhəbbət haqqında” adlı filmə baxarkən biz Ulu Öndərimizlə Zərifə xanımın böyük sevgisinin bir daha şahidi oluruq. Zərifə xanım vəfat etsə də, bütün varlığı ilə Ulu Öndərimizin və onu sevənlərin qəlbinə köçdü, orada həyatını davam etdirdi və indi də həyatına davam edir. Zərifə xanım ölməyib, o, Ulu Öndərimizə duyduğu sevgi qədər əbədidir, onu sevənlərin qəlbində ölməzliyini qoruyub saxlayır və saxlayacaqdır.

18.09.2023.

Müəllif: Sevindik NƏSİBOĞLU

10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü.

SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZƏRİFƏ XANIM ƏLİYEVA – 100

BƏNZƏRSİZ ÜRƏK SAFLIĞININ TƏ­CƏS­­­SÜMÜ OLAN BİR İNSAN – ZƏRİFƏ XANIM ƏLİYEVA

Bu gün əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasınnın akademik, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, Müzəffər Ali Baş komandan İlham Əliyevin və Sevil xanımın anası Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür.

Zərifə xanım Əliyeva görkəmli alim-oftalmoloq olmuşdur. Təkcə ofta­l­mo­­loqmu?! Xeyir, O, eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq idi. Onun elm­­də məqsədyönlü fəaliyyəti indi də insanı valeh edir. Axı onun elmi fəaliy­yə­tinin əsas is­tiqamətini görmə orqanının peşə patologiyası müəyyənəş­dirirdi. Bu problemin həllinə çoxları girişə bilmirdi. Çünki elmin bu sahəsi olduqca ağır­dır və onun araş­dırılması təkcə dərin oftalmoloji savad yox, həm də funda­men­­tal təcrübi bilgilər tələb edir. Üstəlik yüksək təşkilatçılıq bacarığının olması da vacibdir. Məhz bütün bu keyfiyyətlər Zərifə xanım Əliyevaya  xas idi.

1767-ci ildə Helmolts adına institutun İxtisaslaşmış Elmi Şurasında onun tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya müdafiəsi indi də məmnuniyyətlə xatırlanır.

Zərifə xanım peşə patologiyası sahəsində görkəmli oftalmoloq, geniş pro­fil­­­li mü­təxəssis həkim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. Azərbay­can Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında oxuduğu müha­zi­rələr bunu bir daha sübut edir.

Görkəmli alim istər Oftalmoloqlar Cəmiyyətinin qurultaylarında, plenumlarında Moskva Of­­talmoloqlar Cəmiyyətinin plenar iclaslarında etdiyi məruzələr, istərsə də, pub­li­sis­tik çıxışlarında özünün natiqlik istedadını göstərmişdir. Müx­­təlif səviyyəli auditoriyalarda belə onun deontologiya məsələlərinə həsr olun­­­muş məruzələri necə də heyranlıqla dinlənirdi, istər-istəməz məruzəçinin fəl­­sə­fə­yə, səhiyyəyə aid ədəbiyyatı dərindən bildiyi hiss olunurdu.

Məlumdur ki, 40-50 yaş arası alim üçün daha məhsuldar fəal dövr hesab olu­nur. Zərifə xanım  peşə patologiyasına və digər problemlərə həsr olunan əsas tədqiqatları ilə bunu bir daha sübut etdi. Məhz həmin yaş dövrünün peşə diaqnostika­sına dair monoqrafiyanı nəşr etdirir. Onun elmi tədqiqatları arasında göz da­mar­larının anormallığı, gözün hidrodinamik sistemi məsələləri də əsas yer tutur. Elmi tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai fəallığına, pedaqoji istedadına görə haqlı olaraq Zərifə Əziz qızı Əliyeva Azərbaycan Elm­lər Akademiyasının həqiqi üzvü kimi fəxri ada layiq görüldü.

Zərifə xanımın hərtərəfli istedadı incəsənətdə də üzə çıxmışdı. O, forte­pi­a­no sinfi üzrə musiqi təhsili almışdı. Musiqi təhsili alan musiqiçilərin əksəriy­yə­ti yal­nız not üzrə çalır, əgər belə demək mümkünsə, yalnız bəstəkarın bəstələ­di­yi mu­siqini ifa edir. Zərifə Əliyeva ifasında həm klassik, həm də populyar musiqini bö­­­­­yük zövqlə ifa edir, həm də röyalda zəngin daxili hisslərini, bü­töv­­­lük­də musiqinin mahiyyətini, məğzini dinləyiciyə çatdıra bilirdi. O, müəl­li­fin bəstələdiyi akkord və melodiyaları “quru” şəkildə ifa etmir, musiqi əsərinin əsas məğ­zini şəxsi hisslərinin süzgəcindən keçirirdi.

Zərifə xanımın daxili aləmi, vəzifə borcuna, xəstələrə və ətrafdakılara münasibəti 1983-cü ildə nəşr etdirdiyi “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, səhiy­­yə etikası və əxlaq məsələləri” əsərində özünü daha parlaq biruzə verir. Bu möv­­zuya həsr olunan çıxışlarında Zərifə xanım bilik və təcrübəsini həkim həmkarlarına çılğınlığı, inam hissi ilə aşılayırdı. Qeyd etmək lazımdır ki, onun çap et­dirdiyi elmi əsər mahiyyət etibarilə daha geniş əhəmiyyət kəsb edir, təkcə səhiyyə aləmində deyil, məişət və ailə əlaqələri də daxil olmaqla, bütövlükdə insan­la­rın qarşılıqlı münasibətlərinin öyrənilməsində mühüm rol oynayır.

Zərifə xanım haqlı olaraq hesab edirdi ki, həkimin həyati mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl hə­kim­­dir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər də­fə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət et­­mək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıca isə öz vic­danı qarşı­sın­da əxlaqi məsuliyyət deməkdir”.

Yaddaşın nə zamansa ilk baxışdan kiçik, lüzumsuz görünən elə məqamları üzə çıxır ki, insan həyatdan köçəndən sonra məhz o məqamların daha önəmli, əhəmiyyət kəsb etdiyini anlayırsan. Bu isə “ölülərdən çox dirilərə lazımdır”. Nə qədər ki, bizim yaddaşımız yaşayır, deməli, həmin yaddaşdakı adam da yaşayır. Ne­çə ki, bizim beynimizdən qiymətli xatirələr silinib getməyib, istər-istəməz xatırlamaq anlamaq, fikirləşmək, yazmaq istəyirsən.

Zərifə xanım da yuxarıda qeyd etdiyimiz kimi təkcə görkəmli alim, iste­dad­lı pedaqoq və tərbiyəçi, fəal icti­mai xadim deyildi, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli qadın, ana, nə­nə idi. Onun şəxsiyyəti ictimai və fərdiliyin bir vəhdəti idi.

Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın əməkdar elm xadimi, SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatı laureatı, tibb elimləri dok­to­ru, professor, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İns­ti­­tutunun göz xəstəlikləri kafedrasının müdiri Zərifə Əziz qızı Əliyevanın adı həm alim, pedaqoq, həkim, ictimai xadim, həm də bənzərsiz ürək saflığının tə­cəs­­­sümü olan bir insan kimi onunla ünsiyyətdə olan hər bir adamın qəlbində əbə­di yaşayacaqdır.

Zərifə xanımın bütün həyatı və fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənmiş, başqala­rı üçün nümunə olmuşdur. İndi onunla bağlı hadisələr yaddaşın dərin qat­la­rın­da üzə çıxanda bu bənzərsiz insanın işıqlı obrazı cilalanmış almaz kimi göz önün­də can­lanır, bərq vurur. Görkəmli alimin yaradıcı həyatının ana xəttini, heç şüb­hə­siz ki, onun oftalmologiya sahəsində apardığı pedaqoji fəaliyyət təşkil edir. O, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra öm­rü­nü of­ta­l­mo­logiyaya həsr etmişdir. Təbiətən insanın dəqiq və incə təhlilinə meyl göstərən Zərifə xanım təsadüfi deyil ki, səhiyyə ixtisasları arasında məhz in­cəliyi və zərgər dəqiqliyi ilə seçilən oftalmologiya sahəsinə maraq göstər­miş­dir. Onun yaradıcı taleyi elə gətirib ki, seçdiyi sənətdə ilk addımla­rı­nı atdığı gündən ömrünün sonunadək Moskvada yerləşən Mərkəzi Həkimləri Təkmilləşdirmə İns­ti­tutunun Oftalmologiya kafedrası ilə sıx bağlı olub. Gənc həkim 1948-ci ildə bu kafedrada ilk ixtisas kursunu keçir, göz həkimi diplomu alır, sonradan uzun illər ardıcıl olaraq Azərbaycan Həkim­lə­ri Tək­milləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında dosent, professor və ka­fedra müdiri vəzifələrini tutur, daim bizim kafedra ilə sıx yaradıcılıq əmək­daş­­lı­ğı saxlayır, Azərbaycan üçün oftalmologiya mütəxəssisləri hazırlayır. Bu il­lər ər­zində o, gözəl diaqnostik, kilinik və cərrahoftalmoloq kimi təşəkkül ta­pır, əsl pe­daqoq istedadı üzə çıxır.

Cazibəli şifahi nitq mədəniyyətinə malik olan Zərifə xanım həkim-oftalmoloq­­­lar üçün Azərbaycan və rus dillərində müxtəlif ixtisaslar üzrə yüksək elmi sə­viy­­­yədə mühazirələr oxuyur. Zərifə Əziz qızının pedaqoji ustalığının zirvəsi isə onun iştirakı ilə 1985-ci ildə “Meditsina” nəşriyyatı tərəfindən 40 çap vərəqi həcmində buraxılan “Tra­pev­tik oftalmologiya” kitabıdır. Burada dünya oftolmoloji təcrübənin yenilikləri öz əksini tapmışdır. Həmin nadir nəşr Moskvada, Azərbaycanda, Novokuz­netsk­də və Xarkovda oftalmologiyada terepevtik problemləri araşdıran Həkimləri Tək­­mil­ləş­dirmə İnstitutlarının göz xəstəlikləri kafedrasının professor-müəllim hey­­ə­ti­nin birgə gərgin zəhmətinin məhsulu idi. Zərifə xanım həmin kitabın ən samballı böl­mələrini yazarkən təbii ki, özünün zəngin klinik təcrübəsinə və elmi təd­qi­qat­la­rına əsaslanmışdır. O, eyni zamanda həmin kitabın illustrasiyalarla zən­gin olan “Görmə orqanının endo krinik xəstəlikləri”, “İridosiliar distrofi­ya­lar”, “Görmə or­qanının virus xəstəlikləri” bölmələrinin hazırlanmasında  da fəal  iş­­tirak et­miş­dir. Həmin əsərləri oxuyan həkimlər neçə illər bundan sonra da gör­kəmli alim və pe­daqoqun ideyalarını əməli işə tətbiq edəcəklər.

Görkəmli alim dərs vəsaitləri ilə yanaşı dövrü mətbuatda çap etdir­diyi məqalələrdə elmi nöqteyi-nəzərindən həkimlərin təkmilləşdirilməsi mə­sə­lə­lə­rini də araşdırmışdır. Onun 1984-cü ildə “Oftalmologiya xəbərləri” jurnalını 5-ci nömrəsində yazdığı “Oftalmoloq kadrlarının təhsili və tərbiyəsi” sərlövhəli baş məqa­lə buna əyani sübutdur. Zərifə xanımın “Həkimləri təkmilləşdirmənin elmi əsas­­­ları” mə­qaləsində internatura, klinik ordinatura, ilkin ixtisaslaşdırma, ümumi və tematik təkmilləşdirmə, informasiya kursları, seminar və simpoziumlar vasitəsilə göz həkimlərinin təhsil sisteminin inkişafının əsas istiqamətləri müəyyən­ləş­­dirilir. Məqalə redaksiya heyətinin sifarişi ilə yazılmış və jurnalın 100 illik yub­leyi münasibətilə çap edlimişdir.

Zərifə xanım fundamental elmi araşdırmaların müəllifi olan, tibb­ el­minə nəhəng töfhələr vermiş, böyük erudisiyaya malik görkəmli alim kimi də ge­niş tanılırdı. Onun tədqiqatları geniş miqyası ilə seçilirdi. Alimin “Yaşla əla­­qə­dar olaraq gözün və görmə-əsəb yollarının dəyişikliyi” adlı monoqrafiyası bunu bir daha sübut edir. Burada konkret şəraitdə görmə orqanının vəziyyətini öyrənən klinik istiqamətli elmi müddəaların bütöv bir silsiləsi öz əksini tapmış­dır. Bu elmi işlər sırasında böyük yaradıcı əməklə başa gələn Ozbəkis­tanın “Me­dit­sina” nəşriyyatı tərəfindən çap edilmiş “Şəkərli diabet zamanı göz xəstəlik­ləri” adlı monoq­­rafiya xüsusi əhəmiyyət kəsb edir. Bu qiymətli əsərində Zərifə xa­nım bir sosial mənbə kimi Orta Asiya və Qafqaz regionunu götürərək insanlar ara­sında teztez müşahidə olunan və kifayət qədər geniş yayılmış şəkərli diabet za­manı yaranan göz xəstəliklərinin patoloji, klinik, diaqnostik və müalicəvi xüsusiyyətlərini araş­dırır. Elmi siqlətinə görə bu nəşr nadirdir və bu gün də oftalmo­loqların sto­lüs­tü kitabıdır.

Görkəmli akademik, tanınmış ictimai xadim, gözəl pedaqoq və nəcib insan Zərifə xanım Əliyevanın xatirəsi unudulmazdır.

Müəllif:Kamal CAMALOV

Naxçıvan Müəllimlər İnstitutu,

Pedaqogika elmləri doktoru,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

KAMAL CAMALOVUN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru