Etiket arxivi: Zaur Bayramoğlu

Zaur BAYRAMOĞLU – SNAYPER

Əvvəli burada:  Zaur Bayramoğlu – Snayper

Mühüm tapşırıq

I

Bölmələr müxtəlif istiqamətlərdə əməliyyatlara göndərilərkən tabor komandiri Cavidlə Humayı –  yanına, müvəqqəti qərargah olaraq seçilən binadakı otağına  çağırdı:

         – Siz ikiniz də əla snayperlərsiniz. Ayrıca, ikili olaraq uyumunuz hər kəsə örnək göstərilə bilərsiniz. Odur ki, qarşımıza qoyulan yeni vəzifə üçün məhz sizi seçmişəm, – deyərək üzünü Humaya tərəf çevirdi:

         – Humay xanım, Birinci Qarabağ savaşında öldürdüyünüz erməni generalının bir tayını da indi aradan götürmək üçün qarşınızda əla fürsət var.

Humay gülümsədi, həm tabor komandiri tərəfindən təriflənməsindən, həm yeni tapşırığın həyəcanından yanaqları allandı:

        – Cənab mayor, bütün əmrlərinizi canım bahasına da olsa, yerinə yetirməyə hazıram.

Tabor komandiri Cavidə sarı dönüb:

         – Ermənilər Hadrut azad olunduqdan sonra ordularının düşdüyü vəziyyəti yerində öyrənmək və əks-hücuma keçərək, itirdikləri torpaqları yenidən işğal etmək istəyirlər. Radioelektron kəşfiyyat vasitələrimizin əldə etdiyi məlumata əsasən, erməni ordusunun kəşfiyyat xidmət rəisi, general Aşot Xaçaturyan vəziyyəti yerində görüb qiymətləndirmək, həmçinin Füzulinin qorunub saxlanması üçün görülən tədbirləri yoxlamaq üçün ayın on altısı Tuğa gələcəkdir. Komandanlığın verdiyi tapşırığa əsasən siz birlikdə Tuğa gedərək Aşotu məhv etməlisiniz. Tapşırığı icra etdikdən sonra ən geci saat 20.00-dək məruzə edin. Bundan sonra növbəti fəaliyyətiniz barədə əmr veriləcəkdir.

Cavidlə Humay bir ağızdan:

          – Oldu, cənab mayor!– deyə cavab verdilər.

          – Düşünürəm ki, əməliyyatın çətinliyi və komandanlıq tərəfindən mütləq uğur şərti qoyulması barədə nəsə deməyim artıqdır. Düşmən generalının məhv edilməsi üçün lazım gəlsə, həyatınızı ortaya qoyacağınıza əminəm.

Cavid onu əmin etdi:

        – Komandir, sizin bundan qətiyyən şübhəniz olmasın. O general ya öləcək, ya öləcək, üçüncü yolu yoxdur. Əgər onu öldürə bilməsək, mən çənəmin altından bir güllə sıxaram, amma “Cavid tapşırıqdan əliboş döndü”, – dedirtmərəm.

 Humay da onun sözlərini təsdiqlədi:

          – Cənab mayor, o general Tuğa ayaqları ilə girəcəksə, oradan qutuda çıxacağına sizi əmin edirəm.

Tabor komandiri Cavidə peyk telefonu verərək:

          – Bu telefon vasitəsilə əlaqə saxlayacaqsınız, – deyib əlavə etdi:

          – Üstünüzdə CPRS götürün, ayrıca, getmədən topoqrafla görüşüb hərəkət marşrutunuzu dəqiqləşdirin.

          – Oldu, cənab mayor! – deyə Cavid dilləndi.

          – Neçə gündür ki, yuxusuzsunuz. Hələlik gedib istirahət edin. Elə bu axşam yolda və əməliyyat zamanı sizə lazım olacaq digər vasitələri götürüb yola düşün.

          – Oldu, cənab mayor.

          – Sizə uğurlar, gedə bilərsiniz.

Humay otaqdan çıxdıqda Cavidə dönərək təəccübünü gizlətmədi:

          – Sizinkilər terminatordular, nədilər, ay Cavid?! Maşallah, yaralanırlar, döyüşməyə davam edirlər, günlərcə ac-susuz qalırlar, veclərinə almırlar, yuxusuzluqlarını hiss etdirmirlər. Maraqlıdır, siz harada hazırlaşırdınız, necə təlimlər keçirdiniz? – deyib sual dolu gözlərlə Cavidə baxdı.

Cavid gülümsündü:

         – Humay xanım, inanın, bizim təlimlərimiz müharibə şərtlərindən daha ağırdır. Əsgərlərimizin sizin çətinlik kimi gördüyünüz hər şeyə asanlıqla dözməsinin səbəbi də budur.

Humay onun uca boyuna, enli kürəklərinə, formanın altından hiss olunan əzələli qollarına heyranlıqla baxdı:

        – Cavid, çox istəyərdim ki, sənin kimi bir qardaşım olsun. Səni də Tanrı savaşın ortasında qarşıma çıxardı. İnşallah, müharibə bitdikdən sonra ailələrimizi tanış edərik, bir-birimizin xeyir-şərimizə yarayıb bacı-qardaşlığımızı davam etdirərik.

Cavid gülümsədi, qarayanız çöhrəsi işıqlandı:

         – Humay xanım, siz mənim bacımsınız, buna söz yox. Amma qoy müharibəni qələbəylə bitirək, sağ-salamat qayıdıb evimizə, sevdiklərimizin yanına dönək, hər şey arzuladığımızdan da yaxşı olacaq.

Gəlib istirahət edəcəkləri otağın qapısına çatmışdılar. Cavid gülümsəyib ona məsləhət verdi:

        – Çalışın bir-iki saatlıq da olsa, gözünüzün acısını alın ki, əməliyyata gedərkən yuxu problemimiz olmasın.

Onlar yanaşı yerləşən otaqlara daxil oldular. Humay içinə girdiyi yuxu kisəsi ilə bərabər yana döndü. Vaxtı öyrənmək üçün saatına baxdı. Elçin ona baxıb gülümsəyirdi.

         –  Salam, Eli, xoş gördük, – deyib saatın sferblatından öpdü.

         – Xoş gördük, Humu.

         – Bu axşam tapşırığa gedirəm, Eli, mənə uğur arzula.

         – Bilirəm, Humu, uğur olsun.

         – Haradan bilirsən? Axı biz bu barədə danışmamışdıq.

Elçin qaşlarını çatdı:

          – Şəhidlər ölmür ki, Humu…. Bizlər də sizin aranızda yaşayırıq. Sadəcə iki fərqlə, birincisi, sizin bizdən xəbəriniz olmur, ancaq biz sizinlə bağlı hər şeyi bilirik. İkincisi, siz, sadəcə, zahiri dünyadan xəbərdarsınız, amma biz həm zahiri dünyada, həm də batini dünyada olan işlərdən agahıq.

         – Elçin, axı mən səni şəhid hesab etmirəm. Çünki sən mənimçün canlısan, sağ-salamatsan.

         – Amma reallıq belə deyil, Humu. Nə isə, indi yat, dincəl. Axşam tapşırığa gedəcəksən.

         – Yaxşı, Eli, mənə uğur arzula.

         – Uğur qazanacağınıza şübhəm yoxdur, Humu, sağ get, salamat gəl.

Otağın qapısı astadan döyüldü. Yuxudan hövlnak ayılıb ətrafına boylandı. Hər tərəf zülmət qaranlıq idi. Yuxu kisəsindən çıxıb tələsik əynini geyinərkən qapı təkrar döyüldü. Adının çağrıldığını eşidib sakitləşdi. ”Bəli”, – deyə cavab verdi.

– Bacı, gecikirik, qalxın gedək.

Gələn Cavid idi. Humay bir dəqiqə sonra otağın qapısında onunla qarşı-qarşıya dayanmışdı:

         – Cavid, nə yaxşı qaldırdın məni, yatıb qalmışam.

         – Özüm qaldırmadım ki, yaxşıca dincələsən, – deyib, – topoqrafla danışıb hərəkət marşrutumuzu dəqiqləşdirdim. İki günlük ərzaq və silahlarımızçün lazımi qədər patron və digər şeyləri tədarük etmişəm. Gəlin bir tikə çörək yeyək, yola çıxırıq, – deyə əlavə etdi.

Humayın heyrətdən ağzı açıla qalmışdı:

        – Sən yatmamışdınmı?

Cavid gülümsədi:

         – Xüsusi təyinatlı lazım olanda ayaq üstə də yatar. Siz məni düşünməyin, gəlin çörək yeyək, – deyib onu otağına dəvət etdi.

Humay içəri girəndə Cavidin otağı yığışdırıb səliqəyə saldığını, ortalıqda yer süfrəsi açıb çörəyi dilimlədiyini, hətta quru spirt yandırıb ət konservini qızdırdığını görüb gülümsədi:

        – Qaqaş, maşallah, əlindən də hər iş gəlir. Sənə gələn qız yaşadı.

Cavid həyasından qızarıb pörtdü, bir söz demədi. Yeməklərini yeyib, çaylarını içdikdən sonra Cavid xəritəni yerə açıb:

       – Deməli, şimal-şərq istiqamətində hərəkət edəcəyik, – deyərək barmağı ilə hərəkət istiqamətlərini göstərib: – Qarşımızda qət etməli olduğumuz iyirmi kilometr var. Buradan yola çıxıb seyrək meşə kolluq yamacla hərəkət edəcək, Qırmızıqayanın böyründəki qayalıqları aşıb nisbi düzənliyə çıxacağıq. Bax buradan sonra, – deyib xəritənin yaşıl rənglə işarələnmiş yerini göstərdi, – sıx meşəlik ərazi başlayır. Buradan da yeddi-səkkiz kilometr getdikmi, Ziyarət dağının ətəyindəyik. Biz gərək səhər işıqlananadək Ziyarət dağına çataq ki, bütün günü oradan Tuğ kəndini müşahidə edək. İndi yolçu yolunda gərək, – deyərək xəritəni qatlayıb kənara qoydu. Ayağa qalxıb əşya çantasını kürəyinə geyindi:

       – Humay xanım, hər zaman olduğu kimi görmə məsafəsində irəliləyəcəyik, – deyərək silahını götürüb önə düşdü.

II

Onlar Hadrutdan çıxanda saat doqquza qalırdı. Buludların arxasında gah görünüb, gah da itən ay dünyaya təpədən baxır, solğun işığıyla hər tərəfi aydınladırdı. Gündüz vaxtı çisələyən yağmurdan islanan torpaq ayaqlarını sürüşdürüb sərt yoxuşları qalxmalarına mane olsa da, durub-dincəlmədən hərəkət edərək, bir saata qarışıq meşə zolağını keçdilər. Qırmızıqaya yüksəkliyini keçib seyrək meşəlik-kolluqlarla hərəkət edərək, Məmədərə kəndinin solundan axan dərə yatağına girdilər. Nisbətən sıx və hündür fıstıq meşələrinin enli yarpaqları ilə örtülmüş hissəsinə gəlib çatdıqda Cavid dayanıb gözlədi. Humay ona yaxınlaşdıqda pıçıltı ilə xəbərdarlıq etdi:

        – Hə, Humay xanım, burdan o tərəfə yerdə düşmənlə qarşılaşmasaq, göydən, çətin ki, bizi görə bilsinlər.

         – Heç yerdə də qarşılaşmayacağıq. Bunu daxilən hiss edirəm. Həm Elçin də bizimlədir.

Cavid geriyə dönərək:

          – Elçin kimdir? – deyə soruşdu.

          – Uzun əhvalatdır, bir dəfə bol vaxtımız olanda danışaram.

          – Yaxşı, – deyib önə düşdü…

Onlar hərəkət edərkən meşənin sıx ağaclarla örtülmüş yerlərindən keçməyə üstünlük verirdilər. Qarşılarına qarışıq meşə zolağı çıxanda addımlarını yeyin götürərək sürətlənir, tala ilə rastlaşanda yollarını uzatmaq bahasına olsa da, ağacların altından çıxmadan mənzil başına tələsirdilər. Yolu yarıladıqda Cavid ayaq saxladı. Görünür, Humayın yorula biləcəyini düşündüyündən dayanmışdı. Qrupdaxili radiostansiyanın mikrafonuna:

      – Humay xanım, on dəqiqə istirahət edəcəyik, – dedi.

      – Oldu, on dəqiqə istirahət edirik.

Qulaqlıqda Humayın təngiyən nəfəsini eşitdiyində qıza ürəyi ağrıdı, öz-özünə: ”Gərək yolda bir dəfə də istirahət verəydik, – deyib, – yaxşısınızmı, Humay xanım, çox yorulmamısınız ki?” – deyə soruşdu. Humay hələ də tövşüyürdü.

       – Yox, Cavid, mənimçün narahat olma.

       – Əcəb qeyrətli qızdır, – deyə fikrindən keçirib ətrafını müşahidə etməyə başladı.

…Vaxt tamam olduqda Cavid: “Gedəkmi?” – deyə soruşdu.

        – Mən hazıram.

        – Onda yolçu yolunda gərək, – deyib gülümsədi. Artıq qulaqlıqdakı nəfəs də təngimirdi.

Ziyarət dağına yaxınlaşdıqlarında ay batmış, göyün üzü sıx buludlarla örtülmüşdü. Ağacların seyrək olduğu yerlərdən keçərkən Humay bir neçə dəfə başını qaldırıb yaşıl qübbənin yarıqlarından yuxarı baxdı. Bir dənə də olsun, ulduz gözə dəymirdi:”Sanki onlar da müharibənin dəhşətindən qaçıb gizləniblər”, – deyə fikrindən keçirdi. Yüngülcə əsən külək çisələyən yağmur damlalarını üzlərinə, gözlərinə səpələyirdi. Humay silah tutan əlinin üşüdüyünü hiss etdi. Tüfəngini digər əlinə ötürüb barmaqlarını bir neçə dəfə yumub-açdı. Barmaq uclarını birləşdirib dodaqlarına yaxınlaşdırdı, üfürüb qızdırmağa çalışdı…

Gəlib dağın zirvəsinə yaxın bir yerə çatdıqlarında Cavid:

        – Humay xanım, siz burada gözləyin, mən kəndi rahatca müşahidə edə biləcəyimiz bir yer seçib gəlirəm, – deyib aralandı. Humay kürəyini ağaca söykəyib oturdu. Sakitlik idi, budaqdan-budağa səkən quşların qanadlarının havanı yararkən çıxardıqları səsdən başqa bir şey eşidilmirdi. Sonra uzaqda tülkü vəqqildədi, meşənin dərinliklərində bayquş uladı. Humay gözlərini uzaqlara, ta üfüqün qara rəngdən gümüşüyə döndüyü yerlərə zillədi.

         – Gəlin, Humay xanım, bir az daha irəli gedəcəyik.

 Humay başını qaldırdı. Cavid gəlib bir addımlığında dayanmışdı. Gülümsəyərək:

        – Darvin deyirdi: “İnsan meymundan əmələ gəlib”, amma, deyəsən, siz pələng soyundan gəlmisiniz.

Cavidin maraqla qaşlarını çatdığını görüb izah etdi:

      – O qədər səssizcə hərəkət edirsiniz ki, adamın ruhu da duymur.

Cavid təvazökarlıq etdi:

       –Yəqin, fikirliydiniz, ona görə hiss etmədiniz. Gəlin görək müşahidə mövqeyimizi bəyənəcəksinizmi?

         Birlikdə dağın zirvəsinə yaxın bir yerə gəldilər. Burada ağaclar çox sıx olsa da, durduqları yerin önündə hansısa səbəbdən torpaq sürüşməsi olmuş, iri bir yarğan yaranmışdı. Ona görə də yaxınlıqda müşahidə imkanlarını məhdudlaşdıracaq ağac yox idi. Humay özünə yer seçib uzandı, silahının optik nişangahından kəndi müşahidə edərək:

          – Əla, bundan daha yaxşı müşahidə mövqeyi seçmək mümkün deyil, – deyə cavabladı.

– Oldu, onda müşahidə nöqtəsi olaraq buranı seçirik.

Onların ikisi də torpağın çiskin yağmurdan islanmış üz qatını kənara çəkərək uzanacaqları mövqeyi hazırladılar.

Cavid:

– Gözlə, gəlirəm, – deyib dağın ətəyinə düşdü. Üstlərinə örtüb gizlənmək üçün kol-kos qırıb gətirdi. Öncə Humay torpağın üstündə uzandı. Cavid onu örtüb gizlətdikdən sonra özü də uzanıb özünü kol-kosun altında gizlətdi.

Mövqeləndikləri yerdən həm kənd, həm də Xankəndi-Tuğ yolunu rahatlıqla müşahidə edə bilirdilər. Aralarında iş bölgüsü apardılar. Humay Tuğ kəndini, Cavidsə Xankəndi yolunu nəzarətdə saxlayacaq, avtomobillərin, xüsusən hərbi texnikanın hərəkət intensivliyinə diqqət yetirəcəkdi.

Hərə öz müşahidə sektorunu bir neçə saat izlədikdən sonra Cavid daxili radiostansiya ilə:

         – Humay xanım, ac deyilsiniz ki? – deyə soruşdu.

         – Yox, Cavid, təşəkkür edirəm, sən yeməyini ye.

Daha yarım saat keçdikdən sonra Cavid böyrünə uzatdığı əşya çantasını açdı. Götürdüyü qatılaşdırılmış süd konservini açaraq iki dilim çörəklə Humayın yanına gətirdi:

         – Bunu yeyin, bir də axşam adama bir tikə götürüb kəndə enəcəyik.

        – Bəs sən?

        – Hələ siz yeyin, mən sonra yeyərəm.

 Bura mübahisə ediləcək, “Yox, mən istəmirəm, sən buyur” yeri deyildi. Humay gözünü nişangahdan ayırmadan qatılaşdırılmış südə batırdığı çörəkləri yedi. Cavid konserv qutusunu götürüb yerinə keçdi. Özü də yeməyini yeyib qutunu bıçağının ucu ilə qazdığı çalada gizlətdi.

Axşama qədər apardıqları müşahidələr nəticəsində xeyli məlumat əldə etmişdilər. Tuğ kəndində ermənilərin yeni hərbi qruplaşması toplanmaqda idi. Bütün gün axşama qədər zirehli texnika və heyətdaşıyıcı avtomobillər sürəkli olaraq kəndə gəlmişdilər. Humay Cavidin fikrini bilmək istədi:

       – Bunlar niyə burada toplaşırlar? Olmaya, Hadruta əks-hücuma hazırlaşırlar?

       – Hər halda elə olacaq. Həm Hadrutu geri almaq, həm də Füzulidə çətin vəziyyətə düşən qüvvələrinə kömək etməyə çalışacaqlar.

       – Bəlkə, peyk telefonu ilə gördüklərimiz barədə komandanlığa məlumat verək?

       – Narahat olma, onların hər şeydən xəbərləri var. Həm biz burada generalı öldürdükdən sonra onsuz da başları elə qarışacaq ki, Hadrut da yadlarından çıxacaq, Füzuli də.

Aralarındakı məsafə yaxın olsa da, bir-birilərilə radiostansiya vasitəsilə danışır, sözlərini ağızlarının kənarındakı mikrafona pıçıldayırdılar.

         – Bayaqdan izləyirəm, kənddəki evlərin əksəriyyəti boşdur.

         – Onsuz da yarısında adam yaşamırdı, yaşayanların da çoxu müharibə başlandıqdan sonra qaçıb gedib.

         – Müharibə bitdikdən sonra biri də qalmayacaq. Mən hətta mülki ermənilərin də burada yaşamasını istəmirəm.

Cavid başını yelləyib onunla razı olduğunu bildirdi:

        – Humay xanım, hələ qərargahdan xəbər verin, yerini tapa bilmisənmi?

        – Əlbəttə, tapmışam. Kəndin mərkəzinə yaxın birmərtəbəli ev var. Qərargahın orada olduğunu düşünürəm.

Cavid tüfəngini kəndə tərəf çevirərək:

        – Hələ bir oriyentir ver görüm, hansı evdi o?

        – Kəndin şimal-qərb tərəfinə bax. Təpənin üstündəki qırmızı kirəmitli böyük evi görürsənmi?

        – Bir dəqiqə, aha tapdım, önündə böyük qoz ağacı olan.

        – Hə, bax, o evin sağ arxa tərəfindəki təpənin yamacındakı birmərtəbəli ev.

        – Önü dəmir çardaqlı olanmı?

        – Bəli, düz tapmısan.

       –  Aha, gördüm.

       – Fikir verirsənmi, evin söykəndiyi təpə şərq tərəfdədir. İndi bunlar da öz aləmlərində biclik eliyib o evi seçiblər ki, guya evin arxasındakı təpə üzərindəki ağaclarla birlikdə qərargahlarını bizim dronlarımızdan gizlətsin. Həm də ətrafda bu qədər saray varkən general üçün birmərtəbəli evin qərargah olaraq seçilməsi bizim kəşfiyyatçıların gözlərindən yayınsın.

Cavid gülümsəyərək sonrakı hərəkət planlarını açıqladı:

        – Nə qədər gizlətsələr də, xeyri yoxdur, artıq tapmışıq. İndi sən o evin mühafizəçilərinin dəyişilmə qrafiklərini, hərəkət trayektoriyalarını, yaxın və uzaq qorumaların dayandıqları postların yerlərini müəyyən edərək yadda saxla. Qərargahın ətrafında özümüzçün mövqelənə biləcəyimiz evləri müəyyən etməyə çalış, mən yenə də yolu nəzarətdə saxlayacam.

      – Oldu.

Qüruba gedən günəş üfüqdəki buludları qızılı rəngə boyayanda Cavid müşahidəni bitirib ayağa qalxdı. Bıçağının ucu ilə yerdə qazdığı dərin çalanın içinə üç ədəd quru spirt qoyub yandırdı. Əşya çantasından çıxardığı konservi açıb alovun üstünə qoyaraq qızdırdı. Metal yemək qabına su töküb alovun üstünə qoydu. Qaynadıb içinə sallama çay saldı. Əşya çantasından götürdüyü iki ədəd birdəfəlik stəkanı da gətirdi. Konservi Humayın yemək qabına boşaldıb onu çağırdı:

     – Gəlin, Humay xanım, siz yeməyinizi yeyin, mən mühafizədə qalacam.

      Humay yeməyini yeyib çantasından götürdüyü iki ədəd fıstıqlı şokoladdan biri ilə çayını içdi. Digərini Cavidin stəkanının yanına qoyub mühafizəyə çəkildi.

Cavid tələm-tələsik yeməyini yedi. Çayını içərkən şokoladı götürüb: “Dost-dosta tən gərək, tən olmasa gen gərək”, – dedi. Nəm salfetlə qabları sildi, su qabında qalan suyu töküb yaxaladı. Yemək artıqlarını, zibilləri toplayıb çalaya doldurdu, üstünü basdırıb kol-kosla örtdü. Əşya çantasının cibindən götürdüyü krem və şotka ilə ayaqqabılarını silib parıldatdı. Üst-başının toz-torpağını çırpıb təmizlədi, saçlarını darayıb qaydaya saldı.

         – Cavid, mən də səliqə-səhmana fikir verənəm. İstəmərəm ki, ayaqqabılarım palçıqlı, üstüm çirkli olsun. Amma sənin səliqənə heyranam. Döyüşə gedəndə belə elə hazırlaşırsan ki, elə bil ordunun təbliğat afişaları üçün şəkil çəkdirməyə gedirsən.

       – Elə deyil, bacı. Bir Xüsusi təyinatlı hər zaman örnək olmalıdır. Lap döyüşün ortasında olsaq belə, bizə pasaqlı qalmaq yaraşmaz, – deyib əşya çantasını kürəyinə geyindi. Silahını götürüb sözünə davam etdi:

       – Kəndə qərb tərəfdən girəcəyik. Öncə bayaq işarələdiyin qırmızı kirəmitli evə girib qərargahı müşahidə edərik. Görüş sektorumuzda maneə olmasa, yerimizi dəyişmədən, elə oradan da tapşırığı icra edərik.

        –  Dediyin kimi olsun, hər halda, sən bu işlərdə məndən daha təcrübəlisən.

Cavid:

– Di getdik, – deyib önə düşdü…

Onlar meşəlik-kolluq yamaclarla gəlib Tuğun qərb tərəfinə çatdılar. Cavid Humaya “dur” işarəsi verdi. Kolların altında gizlənib kəndin ətrafında dövrələyən içi əsgərlərlə dolu yolsuzluq avtomobilinin keçib getməsini gözlədilər. Avtomobil keçdikdən sonra Cavid Humaya işarə verib önündəki açıq ərazini qısa sıçrayışlarla keçdi. Qarşı tərəfdəki həyətin çəpərinin yanında daldalanıb radiostansiyanın mikrafonuna: “Gəl”, – deyə pıçıldadı. Humay da onun kimi qısa sıçrayışlarla gəlib yaxınlaşdığında Cavid çəpəri aşıb həyətə girdi. Fırlanıb evin arxa tərəfinə keçmək istəyirdi ki, yardımçı tikilinin damından sıçrayan it hürə-hürə onun üstünə cumdu. VSS-94-ün çaxmağı taqqıldadı, it havada sovrularkən zingildəyib səsini kəsdi. Bıçağını qınına soxaraq geri boylandıqda Humayla göz-gözə gəldi. “Əla!” anlamında yumruğunu düyərək baş barmağını qaldırdı, dönüb yoluna davam etdi.

Qırmızı kirəmitli evə yaxınlaşdıqlarında öndə irəliləyən Cavid səs eşitdi. Mikrafona: “Gizlən!” – deyə pıçıldayıb özünü yaxınlıqdakı arxın içinə atdı. Cəld sürünüb nar kolunun altına girdi. Yolda iki erməni əsgəri göründü. Silahının gecəgörüş durbinindən baxıb onların şevronlarından tanıdı. “022”-nin əsgərləri idilər. Hər ehtimala qarşı nişangahı onlardan birinin gicgahına qoyub gözlədi. Yaxınlaşan əsgərlər bir-biriləriylə nədənsə pıçıltı ilə danışır, gülürdülər. Onlar keçib getdiklərində ürəyində:

        – Gülün, gülün, hələ sizin gülünəcək günləriniz qabaqdadır, – deyib ikrahla tüpürdü. Ayağa qalxıb Humaya işarə verdi. Cəld və səssiz addımlarla yolu keçdi. Hasardan boylanaraq həyəti müşahidə etdi. İçərinin təmiz olduğunu gördükdə qalxıb hasarın üstündə oturaraq Humayı yanına çağırdı. Onun divardan aşmasına yardım edib özü də həyətə düşdü. Artıq qırmızı kirəmitli evin həyətində idilər. Humaya:

       – Kürəyini divara söykəyib dayan, mən ətrafı yoxlayım, – deyib bağa girdi. Bir neçə dəqiqə sonra qulaqlıqdan Cavidin səsi eşidildi:

      – Evin qapısına yaxınlaş.

      Giriş qapısını yoxladılar, bağlı idi. Evin işıqları sönülü, pəncərələri yerdən xeyli yüksək idi. Cavid dönüb bir daha həyətə göz gəzdirdi, Humayı evin böyrünə çəkərək:

        – Biz içəriyə elə girməliyik ki, səs çıxarmayaq. Pəncərəni qırsaq, səs yayılacaq, eşidəcəklər. Nəsə başqa bir vasitədən istifadə etmək lazımdır. Sən burada kürəyini divara söykəyib gözlə, gedim evin işığını kəsim ki, içəridə hərəkət sensoru olsa, evə girəndə işə düşüb mühafizə xidmətinə xəbər göndərməsin. Həm də yardımçı tikililərə baxım, görüm pəncərəni açmaq üçün bir şey tapa bilirəmmi? – deyib getdi.

Gəlib həyətin ətrafındakı elektrik dirəklərini yoxladı, həyətə girən xətti tapıb bıçağı ilə kəsdi. Sonra evin yan tərəfindəki birmərtəbəli evə yaxınlaşdı. Pəncərənin yanında dayanıb içərini dinşədi, səssizlik idi. Qapını ehmalca itələyib bağlı olduğunu gördü. Öz-özünə:”Şansımıza plastik qapıdır”, – deyib bıçağını çıxartdı, cəld hərəkətlərlə alt paneli söküb yerindən çıxartdı. Açılan dəlikdən sürünüb içəri keçdi. İnfraqırmızı fənərini çıxarıb işığını açdı. Otaqdakı əşyalara baxıb:” Bura lap kitabxanaymış ki”,– deyə dodaqaltı deyindi. Şkafların, masaların siyirməsini çəkib axtarmağa başladı. Sandıq kimi iri bir yeşiyin içində xeyli qəzet tapanda dayanıb bir an düşündü. Qəzetlərdən birini götürüb kənara qoydu. Artıq zehni durulmuş, nə edəcəyinə qərar vermişdi. Nəhayət, siyirmələrdən birində yapışqan tapdığında sevinclə: “Oldu bu iş”, – deyib otaqda hər şeyi əvvəlki vəziyyətində düzəltdi. Geri çıxaraq qapı panellərini çıxardığı yerə keçirib Humayın yanına tələsdi.

        ­– Cavid, bu kar-kağızı neynirsən? Gecə vaxtı dərs oxuyacağıq? – deyə Humay təəccüblə ondan soruşdu.

        – Gəl, indi başa salacam. Demək, neyləyirik? – deyib başının üstündəki pəncərəyə tərəf boylandı. –  Çiynimə çıxıb yapışdırıcını şüşəyə çəkib qəzeti də üstünə yapışdıracaqsan. Bir-iki dəqiqə gözləyəcəyik. Kağız quruduqda yüngülcə itələyəcəyik, şüşə səssiz-səmirsiz qırılıb düşəcək ovcumuza. Sonra eyni qayda ilə ikinci qatı da sındırıb içəri girəcəyik.

         – Ay səni qoçaq, bu heç mənim ağlıma da gəlməzdi.

         – Tələsmək lazımdır, – deyib qəzetlə yapışqanı Humaya verdi. Arxasını divara sarı döndərdi. Dizüstə çöküb:

          – Çıx mənim çiyinlərimə, – dedi.

Humay onun çiyinlərinə çıxıb bir əli ilə tarazını saxlamaq üçün divardan tutdu. Cavid ayağa qalxıb:

          – Bax gör, yoldan görünmürsən ki?

 Humay çiyninin üstündən geriyə boylandı:

          – Yox, narahat olma.

          – Di yapışqanı şüşəyə sürt, – deyə pıçıldadı.

Humay qəzeti dişləri ilə saxlayıb yapışqanı cəld şüşəyə sürtdü, qəzeti üstünə yapışdırıb:

          – Hazırdır, indi məni endir.

 Cavid Humayın enməsi üçün yenidən dizüstə çökdü.

          Onların pəncərəni qırdıqları tərəf qərargahın tərs tərəfində olduğundan mühafizəçilərin qırılan şüşəni görmək imkanları yox idi. Yol tərəfi də hündür hasarla bağlanmışdı. Üstəlik iri meyvə ağacları  görüntünün qabağını kəsirdi. Kimsə həyətə girib evin böyrünə keçməsə, qırılan şüşədən xəbəri olmayacaqdı.

        Cavid pıçıldadı:

       – İki dəqiqə gözləyək, quruyacaq, sonra şüşəni qırıb içəri girərik.

Humay plastik pəncərənin şüşələrinin hər iki qatını ovcunun içi ilə mərkəzindən itələyib qırdıqdan sonra açılan boşluqdan içəri keçmək istədikdə Cavid acıqlandı:

       – Düş aşağı, təhlükə ola bilər,– özü Humayı endirib, – sən burada gözlə, bayaq hovuzun başında stul görmüşəm, onu gətirib gəlirəm.

Az sonra dönən Cavid stulu pəncərənin altına qoyub qırdıqları şüşənin yerindən içəri boylandı. Fənərinin işığını açıb girəcəyi yerə göz gəzdirdi. Təmiz olduğunu görüb pəncərənin tağından yapışaraq özünü çəkib içəri saldı. Heç nəyə toxunmamağa çalışaraq ehtiyatla birinci mərtəbəyə endi. Qapını açıb Humaya stulu da götürüb gəlməsini işarə etdi. Humay foyeyə daxil olduqda qapını arxasınca bağlayıb:

         – Yerindən tərpənmə, buraları yaxşıca yoxlayım. Hər yerdə sürpriz mina qoyula bilər.

         – Oldu, Cavid, mənimçün narahat olma, heykəl kimi yerimdəcə qalacam.

        Cavid infraqırmızı fənərin zəif işığında foyenin sürpriz mina qoyula biləcək yerlərini gözdən keçirib:

         – Hə, Humay xanım, artıq bura təhlükəsizdir. İndi birimiz qarovul çəkib, birimiz yataq ki, sabah tapşırığı yerinə yetirərkən silahın arxasında yuxu basmasın.

        –  Birinci sən yat, mən gözləyərəm.

        – Yox, Humay xanım, siz əməlli-başlı yorulmusunuz. Öncə siz yatın. Üç saat sonra sizi oyadaram.

Humay divanda uzanaraq:

         – Gecən xeyrə qalsın, – deyib gözlərini yumdu.

Humay bir də Cavid onu səsləyincə yuxudan oyandı. Cəld dikəlib oturaraq saatına baxdı.

Saatın əqrəblərini görüncə dişlərini qıcadı:

          – Sənmi demişdin, dost-dosta tən gərək? Belə “tən”likmi olur, Cavid?

          Cavid boynunu çiyninə qoyub:

          – Körpə uşaq kimi mışıl-mışıl yatmışdın, qıymadım…

          – Di gəl, uzan yat, səhərə bir şey qalmayıb, – deyərək divandan qalxdı, keçib qapının arxasındakı kresloda əyləşdi. Görünür, kreslonu o yatdıqdan sonra bura Cavid çəkmişdi. Əyləşərkən həm eyni anda bütün qapıları, həm də yuxarıdan düşən nərdivanı rahatlıqla nəzarətdə saxlamaq olurdu.

Dan yeri sökülərkən Cavidi oyatdı. O, öncə olduqları qatın yüksəkliyini gözəyarı ölçdü. İki metrdən bir az artıq olardı. Qapıları bir-bir açıb yoxladı. Hovuz, türk hamamı, sauna, qaraj və sair gördükdə Humaya dönüb:

       – Bura kimin evi olub, görəsən? – deyə soruşdu.

Humay divarda asılan şəkilləri göstərib:

        – Məncə, bura akademik Abel Aqambekyanın bağ evidir.

        – Onu haradan tanıyırsan?

        – Meydan hərəkatından. Qatı daşnakdır. Ta 88-ci ildən bəri verdiyimiz hər şəhidin qanında bu alçağın əli var.

Cavid qaşlarını çatıb:

         – Hamısının qisasını alacağıq! İndi gəl yuxarı qalxaq, – dedi.

 İkinci mərtəbəyə qalxdılar. Evin qərargahı görən tərəfinə yaxınlaşdılar. Bura böyük zal idi. Cavid döşəməyə salınmış bahalı İran xalçalarına, mərmər sütunların üzərindəki antik vazalara və qoz ağacından hazırlanmış əl işi mebellərə baxıb:

          – Dəyyus pis yaşamırmış, – dedi.

Pəncərənin pərdəsinin arasından çölə boylanıb Humaya sarı döndü:

          – Bura bizə yaramaz.

          – Niyə ki?

          – Panorama pəncərədir, doqquzluq lay şüşədən. Gecə olsaydı, şüşəkəsənlə hərəmiz üçün bir dəlik açardım. Ancaq indi mümkün deyil. İşləyərkən qərargah tərəfdən boylanan biri bizi görə bilər.

Humay fikrə getdi:

        – Bəlkə, üçüncü qatı yoxlayaq? Orada normal pəncərə var?

Cavid bir an düşünüb razılaşdı:

        – Üçüncü qata çıxaq. Orada bizə pəncərə lazım olmayacaq.

        – Bəs haradan atacağıq, divardanmı?

        – Hə, divardan.

        – Nə divarı, Cavid? Məzələnirsən?

        – Gəl, görəcəksən, – deyib qabağa düşdü.

Burma pilləkanla üçüncü mərtəbəyə qalxdılar. Bura mansard qatı idi. Ortalıqda böyük bilyard masası qoyulmuşdu. Bir küncdə dörd ədəd həsir oturacaqlı kreslonun ortasındakı masada naxışlı iri bir qəlyan, digər tərəfdə isə üzərinə nərdtaxta qoyulmuş yazı masası var idi. Yazı masasının yanında divara quraşdırılmış şüşəli içki barına müxtəlif növ bahalı içkilər yığılmışdı. Mansardın çoxbucaqlı qübbə kimi ucalan tavanına yerləşdirilmiş miniatür pəncərələrdən süzülən rəngarəng işıq içərini ala-qaranlıq işıqlandırırdı. Humayın lap ürəyi sıxıldı. Cavidə dönərək:

        – Biz burada neyləyəcəyik? – deyə soruşdu.

Cavid:

– Səbirli ol, – deyərək əşya çantasını soyunub bir kənara qoydu. Dəbilqəsini, zirehli gödəkcəsini də çıxartdı, otağın enini-uzununu gözəyarı ölçüb qərargaha baxan divara yaxınlaşdı. Bıçağını çıxarıb dizüstə çökərək yerdən iyirmi-iyirmi beş santimetr yuxarını eşməyə başladı. İlk zərbədən sonra sevinclə hələ də ayaq üstə dayanıb onu izləyən Humaya dönərək:

         –Bəxtimiz yanımızdadır. Bu general gəbərəcək, – dedi. Humayın heç nə anlamadığını görüb, – divar kərpicdəndir, indicə deşib özümüzçün müşahidə dəliyi açacam, – deyə izahat verib yenidən işə girişdi.

Başlanğıcı iyirmi-iyirmi beş santımetr, çıxışı isə beşin beşə ölçüsündə piramidaşəkilli ilk dəlik hazır olduğunda köynəyinin qolu ilə alnının tərini silib yerə uzandı. Açdığı dəlikdən çölü müşahidə edib:

       – Hə, bina görünür görünməsinə, – deyib sözünün sonunu uzatdı.

       – Nə oldu, Cavid, yoxsa binanın girişi müşahidə sektorundan kənarda qalır?

Cavid gözünü dəlikdən çəkmədən cavab verdi:

        – Yox, elə deyil, evin girişi də, həyəti də əlimizin içi kimi görünür. Generalı qərargaha girişdə, çıxışda, hətta maşınının yanında da vura bilərik.

        – Onda daha nə düşünürsən? Bizimçün önəmli olan tapşırığı yerinə yetirmək deyilmi?

        – Əlbəttə, önəmli olan tapşırığı yerinə yetirməkdir. Ancaq bu işin pik nöqtəsi sadəcə hədəfi vurmaq deyil. Həm generalı öldürüb, həm də erməniləri psixoloji cəhətdən məhv etmək istəyiriksə, onda elə gəldiyimiz kimi səssizcə aradan çıxmalıyıq.

          – Onda gərək hədəfi gözdən iraq yerdə məhv edək, – deyib bir an susdu. Qaşlarını çatıb:

          – Amma bu necə olacaq, Cavid? – deyə soruşdu.

  Hələ də çölü müşahidə etməkdə olan Cavid: “Darıxma, Humay, bir yolunu tapacağıq, – deyərək sevinclə, – tapdım!” – deyə cavab verdi.

            – Nəyi tapdın?

            – Bax, orada təpənin yamacında tualet var.

            – Nə, tualet? Olsun da… – deyib sözünün sonunu uzatdı. Cavid dönüb başının üstündə dayanan Humaya baxdı. Dəbilqəsini soyunub əlində tutmuşdu. Nigarançılıq içində onun nə edəcəyini gözləyirdi.

           – Yəni elə olar ki, bu adam gələ saatlarla müşavirə keçirə, ancaq bir dəfə də tualetə getməyə?

Humayın gözləri işıqlandı. Az qala sevincindən Cavidi qucaqlayıb öpəcəkdi. Özünü saxlayıb:

        – Sən bir dahisən! – dedi.

        – İndi sən gəl buradan erməniləri izlə, gör nə qələt qarışdırırlar, mən o biri dəliyi də açım.

Humay əşya çantasını soyunub dəliyin qarşısında uzandı. O, çöldə baş verənləri izləyərkən Cavid digər mazğalı da qazmağa başladı. Bıçağı hər dəfə divara vurduqca tiyəsindən od qalxır, qığılcımlar havada rəqs edirdi. Ard-arda vurduğu zərbələrdən yarıda bıçağın polad tiyəsi şaqqıltı ilə qırıldı. Əlində qalmış dəstəyi qəzəblə kənara atıb:

         – Humay, bıçağını ver, – deyərək onun süngü bıçağını aldı.

İkinci mazğal da hazır olduqda dərindən nəfəs alıb ayağa qalxdı. Əməllicə yorulmuş, tərin-suyun içində qalmışdı. Qərargahı müşahidə etməkdə olan Humaya dönüb:

         – Vəziyyət necədir? – deyə soruşdu.

         – Binanın ətrafı əsgərlərlə doludur. Yəqin, hədəf də harada olsa, gələr.

Saatına baxdı, 10-a qalırdı. Özü də ikinci mazğalın önündə uzanıb çölü müşahidə edərək hesablama aparırdı. Tüfəngini götürüb addım hesabı ilə 10 metr ölçərək mazğaldan aralandı. Künclərdəki masaları üzərlərindəkilərlə birlikdə gətirib bilyard masasının üzərinə yığdı. Humaya dönərək:

        – Mənim paralelimdə özünə mövqe hazırla, – dedi. Onun gözlərindəki şübhəni görəndə, – doktor, siz beyin cərrahısınız, deyilmi?– deyə soruşdu.

         – Bəli, Cavid, amma onun bura nə dəxli?

          – Bu gün bizim snayperlərin beyin cərrahından daha dəqiq işlədiyini görəcəksən. İndi neyləyirik? İkimiz də divardan 10 metr aralı mövqe hazırlayıb uzanırıq. Buradan baxanda bizə lazım olan yeri görəcəyik. İkimiz də nişangahlarımızı 811 metr məsafəyə tənzimləyirik. 10 istiqamətindən saatda 10 kilometr sürətlə külək, yüksəliş düzəlişi 6.5 milyəm, külək düzəlişi 1.6 milyəm. İndi lütfən özünüzə rahat yer hazırlayıb uzanın və tualetin girişini ortaboylu adamın başına bərabər gələcək yerdən nişan alın. Tüfənginizi sabitləyin ki, əlinizi çəksəniz belə silah tərpənməsin. Bir şeyi də yadda saxlayın ki, ikimiz də hədəfə eyni anda atəş açacağıq. Siz başından nişan alarsınız, mənsə sinəsindən vuracam. Qoy ölümü qaranti olsun.

         – Oldu, Cavid.

 İkisi də hazırladıqları mövqelərdə uzanıb tüfənglərini sabitlədikdən sonra Cavid qalxıb zirehli gödəkcəsini geyindi, dəbilqəsini başına qoyub VSS-94-ü götürərək:

          – Siz hədəfi müşahidə altında saxlayın, mən həyət-bacaya göz atıb gəlirəm.

          – Aşağıyamı düşürsən?

           – Yox, binadan çıxmayacam. İki dəqiqəyə gəlirəm, – deyib getdi. Elə dediyi vaxta da qayıtdı.

          – Ətraf təmizdir. Qərargahın uzaq mühafizə xətti bizdən təxminən üç yüz metr aralıdadır. Qərargaha aparan yollarda bir əsgər, biri polis olmaqla iki-iki dayanıblar. Atəş açdıqdan sonra kənddən çıxmağa altı-yeddi dəqiqə vaxtımız olacaq.

           – Uzaq mühafizənin əsgərlərinin avtomobilləri varmı?

           – Yox, amma patrullar həm kəndin içində, həm də çevrə yollarda pikaplarla gəzirlər.

 Humay çöldə görünən ayaqyolu mənzərəsini izləyir, bir tərəfdən də Cavidi sorğu-suala tuturdu:

          – Qərargahın ətrafına baxa bildinmi?

          –  Hə, evin həyətində bir “UAZ”, bir ədəd də “Sedan” və xeyli “Jeep” dayanıb.

          – Olsun, dayansınlar. Nə də olsa, general meyidi aparacaqlar.

 Cavid dəbilqəsini soyunub əşya çantasının üstünə qoyaraq silahın arxasında uzandı.

          – Hədəfi vurduqdan sonra Ziyarət dağına, oradan da Hadruta dönəcəyik.

Humay nişangahdan gözünü çəkmədən:

         – Bəs kənddən hansı yoldan çıxacağıq?

          – Ən kəsdirmə yol elə gəldiyimiz yoldur. Bizimki özümüzü meşəyə çatdırana qədərdir. Ondan sonra tapa bilsələr, alınlarından öpərəm.

Bu vaxt adi zabitlərdən biri altdan yoxuşa çıxan cığırla tualetə yaxınlaşdı. Sola dönüb qapını açdı, içəri daxil oldu. Humay generalın vurulma anını gözlərində canlandırıb:

         – Cavid, gərək biz hədəfi elə məsafədə vuraq ki, tualetin içinə yıxılsın, onda kimsə onu görməz. Digərləri onu gözlədiyi vaxtda biz çoxdan kənddən çıxıb meşədə izimizi itirərik.

        Artıq günorta olmuşdu. Humay saatına baxıb köks ötürdü:

       – Vaxt da getmir. Elə bil saatın əqrəbindən daş asılıb.

 Onlar gözlərini nişangahdan ayırmadan söhbət edirdilər

         – Səbirli ol, gec olsun, güc olmasın. İşimizin adı nədir? Villanın mansardında uzanıb adam güdürük də.

        – İsa bulağının yanında, Kəlbəcərdəki mağarada qarın içində uzanıb günlərcə hədəfi axtarırdım. Nə soyuq təsir edirdi, nə gözləməkdən yorulurdum…. Amma artıq o səbrim yoxdu, Cavid. İstəyirəm ki, hədəf bir an öncə gəlsin. Onu gəbərdim, sonra nə olacaqsa-olsun.

       – Səbriniz nəticə verdimi?

       – Əlbəttə, birində generalı odladım, ikincisində də “022”-nin komandirinin vayına oturdum.

Cavid gülümsədi:

        – İndi bir generalın, həm də baş kəşfiyyat idarəsinin rəisinin əzrayılı olacaqsan. Atəş bölgüsündə onun başını boş yerə sənə vermədim. İstədim ki, beyni havaya səpələnərkən baxıb zövq alasan.

        – Təşəkkürlər, Cavid, çox düşüncəlisən.

Saat on beş radələrində ayaqyoluna qalxan cığırda bir nəfər göründü. O, iti addımlarla tualetə yaxınlaşdı. Ayaqyolunun yanında dayanıb ətrafına boylandı, qapısını açıb içəri baxdı. Onun hərəkətlərini izləyən Cavid tüfəngin arxasında bədənini rahatladı, qundağı sinəsinə sıxaraq:

         – Hazır ol, iki dəqiqəyə qalmaz hədəf gələcək.

Humay dərindən nəfəs aldı, ciyərlərindəki havanı ani hərəkətlə buraxdı.

          – Əlini qapıya uzadarkən ikimiz də eyni vaxtda atırıq:

          – Oldu, əlini qapıya uzadarkən.

Az sonra qərargahın önündə hərəkətlənmə oldu. General qapıda göründü. O, arxasındakı zabitin müşayiəti ilə təpəyə qalxan cığıradək gəldi.

Cavid onu izləyərək Humaya:

          – Yəqin, yavəridir, köpəkoğlu tualetə belə tək getmir, – dedi.

 Cığırla yoxuşa dırmaşan general gəlib ayaqyolunun önündə sola döndü, daha bir addım atıb sağ əlini qaldırdı, qapıya uzadarkən Abel Aqambekyanın bağ evinin mansarından gələn iki boğuq taqqıltı taxta üzüklü divarlarda əks-səda verib supressorlardan çıxan tüstüyə qarışdı, qübbəli tavana yüksəldi. Divarda açılmış mazğallardan keçən iki 8.59 mm-lik güllə saniyədə 886 m\saniyə başlanğıc sürətilə hədəfə doğru uçdular. Saat 10 istiqamətindən əsən yüngül külək ağacların yarpaqlarını oxşayıb əzizləyir, bir-birilərinə sürtüb xışıldadırdı. İki güllə tutqun payız havasında sonik partlayışlarla paralel uçur, hədəfə öncə çatmaq üçün bir-biriləriylə yarışırdılar. Hər iki snayper tüfənglərini yenidən doldurmuş, gərginlik içində generalın hərəkətlərini izləyirdilər.

O, tualetin qapısını özünə tərəf çəkib irəli bir addım atdı. İkinci addımı da atacaqdı ki, yerində səndəllədi, fırlanıb qapının çərçivəsinə çırpılarkən qanlı beyni otların üstünə səpələndi. Dizləri qatlandı, yıxılarkən sol çiynindən dəyən güllə onu itələyib tualetin içinə saldı. Üzü üstə düşüb küncə doğru yuvarlandı, qapı arxasınca örtüldü…

Cavid dönüb Humaya baxdı. O, yüz illərin qisasını tək atışla alıbmış kimi, generalın ölümünü hərisliklə izləyir, gördüyü mənzərənin hər anından ləzzət alırdı.

– Yoldaş snayper, – deyə ona səsləndi.

          – Hay can.

Humayın gözlərindən daşan sevinc bütün sifətinə yayılmış, üz-gözü xoşbəxtlik nuruyla aydınlanmışdı.

          – Getdik! – deyərək dəbilqəsini cəld başına qoydu, əşya çantasını geyinib Humayla göz-gözə gəldi. Onun da hazır olduğunu görüb:

         – Foyedə məni gözlə, – deyib içki barına tərəf getdi. Üzərindəki əl qumbarasının qoruyucusunu çəkib çıxardaraq bardan götürdüyü qədəhin içinə başıaşağı saldı. Ehtiyatla arxasına qoyduğu qapının dəstəyindən çəkib örtdü. Dar, dairəvi pillələrdən ildırım kimi enərək ikinci mərtəbəyə düşdü, oradan da foyeyə qaçdı. O gəldiyində Humay da əl qumbarası ilə evin giriş qapısına sürpriz hazırlamaqda idi. Üzərindəki bintdən kəsdiyi iplə qumbaranı qapının dəstəyinə bağlayıb çölə çıxarkən: “Cavid qoruyucunu çal-keçir zəncirinə bağlayıb pəncərədən gəl”, – deyib qapını arxasınca örtdü.

Humayın sürprizini tamamlayan Cavid cəld dönüb pillələri ikibir-üçbir atlayaraq ikinci mərtəbəyə çıxdı. Pəncərədən tullanıb hasara tərəf qaçarkən Humaya yetişib onun əlindən Sako tüfəngini alaraq:

        – Sən VSS-lə gəl, yolda verərəm, – dedi.

Humayın hasarı keçməsinə yardım edib qulağına: – Qaç, – deyə pıçıldadı. O, yolun qarşı tərəfindəki çəpəri keçənədək yaxınlıqdakı elektrik dirəyinin yanında dayanıb gözlədi. Humay nar bağına girəndə iki əl boğuq taqqıltı eşidib geriyə boylandı. İki erməni əsgəri yolun ortasında qan içində yıxılıb qalmışdılar. Qulaqlıqdan gələn səs onu tələsdirirdi.

        – Humay, tələs! Qız Cavidin gəldiyini görüb ürəyi yerinə gəldi. Var gücləri ilə qaçmağa başladılar. Kəndi meşə ilə ayıran yolun kənarında ayaq saxladılar. Cavid onu yardımçı tikilinin arxasında qoyub sürünərək yola yaxınlaşdı. Təmiz olduğunu gördüyündə: “Humay gəl!” – deyib qaçaraq yolu keçdi, sıx ağacların arasında yoxa çıxdı. Humay da onu qarabaqara təqib edir, qan-tərin içində geri qalmamağa çalışırdı. Böyürtkən, itburnu kolları ilə örtülmüş sərt yamaca çatdıqlarında:

        – Sən get, mənim nəfəsim kəsilir, – deyə Cavidə yalvardı.

Cavid geri dönüb gələndə Humay əyilib əllərini dizlərinə söykəmiş, açıq qalmış ağzı ilə tövşüyən nəfəsini tənzimləməyə çalışırdı.

        – Ziyarət dağını aşanadək döz, sonra istəsən, lap bu gecəni getmərik, buralarda bir yerdə uzanıb istirahət edərik.

Humay hələ də dikəlməmişdi:

          – Cavid, ciyərlərim partlayır, nəfəs ala bilmirəm.

          – Tələs, Humay, bir saniyə belə dayanmaq olmaz, gecikirik, – deyib ətrafına göz gəzdirdi.

          – Qurban olum, sən get. İndi dron qaldıracaqlar. İtli-pişikli tökülüşüb hər yeri axtaracaqlar.

Cavid qaşlarını çataraq ona acıqlandı:

        –Sən heç bir Xüsusi təyinatlının yoldaşını qoyub gəldiyini gördünmü? Biz şəhidlərimizi çiynimizə alıb aparırıq ki, erməninin murdar əli ona toxunmasın.

Artıq Humay özünə gəlmiş, qəddini düzəltmişdi. Cavid onun əşya çantasını da alıb önə düşdü:

       – Ya ardımca gəl, ya çiynimə alıb aparacam.

       – Yaxşı, gəlirəm.

III

General Xaçaturyanın yavəri yamaca çıxan cığırın lap aşağısında dayanmışdı. Qərargahdakı zabitlərdən biri çölə çıxdı. İti addımlarla təpəyə gedən cığıra tərəf gəlib onu səslədi:

        – Akop, bu radioqramı al. Təcili xəbərdir. General Xaçaturyana verərsən.

Yavər gözlərini generaldan çəkərək radioqramı gətirən zabitə sarı döndü. İri addımlarla yaxınlaşıb kağızı alarkən:

       – Gözləyin, gəlsin, verərəm, – dedi.

IV

General yıxılarkən bağırır, səsi çıxmırdı. Sonra qaranlıq çökdü, ətraf zülmətə büründü. Ağrı hiss etmirdi. Duyğuları da ölmüşdü. Keçmişindən bu gününədək həyatında baş verən hadisələr, törətdikləri əzazilliklər, etdiyi yaramazlıqlar, cinayətlər gözlərinin önündən gəlib keçdi. Cəmi bir saniyə, bəlkə də, nanosaniyə çəkmişdi. Amma ona elə gəlirdi ki, həyatını yeni başdan yaşayır. Filmin sonuna çatıb əlini tualetin qapısına atdığı an dərin bir quyuya yıxıldı. Sanki yerin cazibə qüvvəsindən çıxıb fəzaya sovrulmuşdu. Qorxunc çəkisizlik hiss edir, fasiləsiz yüksəkdən düşmə hissi yaşayırdı. Bədəni aşağı düşərkən daxili orqanları yuxarı qalxıb qırtlağına yığılmışdılar. Nə nəfəs ala, nə də ciyərlərindəki havanı geri ötürə bilirdi. Elə bil boynuna bağlanmış ağırlıq onu dənizin dibinə çəkirdi. O haradan yıxılmışdı, hara düşür, hansı dənizin dibinə batırdı? Bunu dərk edə bilmirdi. Və nəhayət, öncə tunelin divarına, sonra yerə çırpıldı və hər şey bitdi…

V

Yavər radioqramı alıb cığırın başlanğıcına gəldi, dayanıb generalı gözləməyə başladı. Dəqiqələr bir-birini əvəz edir, ondansa xəbər çıxmırdı. Narahat olmağa başlamışdı: ”Görəsən, bu harada qaldı?” – deyə öz-özünə deyinirdi. Bir daha saatına baxdı, on dəqiqə keçdiyini gördükdə cığırla yuxarı dırmanmağa başladı. Tualetə üç-dörd addım qalmış gördüyü mənzərə qarşısında dəhşətə düşdü. Qapının sağına qanlı beyin parçaları səpələnmişdi. Tualetə tərəf qaçdıqda divarın arxasına düşmüş buxara papağı gördü. Bağırıb mühafizəçiləri yardıma çağırdı.

Generalın öldürülməsinin üzə çıxması ilə qərargahda aləm bir-birinə dəydi. Qorumalar, onların da ardınca tibb heyəti və zabitlər ayaqyoluna tərəf qaçışdılar. Həyəcan siqnalı ilə ayağa qaldırılan yaxın mühafizə heyətinin əsgərləri sui-qəsdçiləri tapmaq üçün kəndə dağılışarkən uzaq mühafizə heyətinin əsgərləri kəndin giriş-çıxışlarını bağlamaq üçün göndərildilər. Axtarışlara başlayan əsgərlər Abel Aqambekyanın bağ evinin yanında öldürülmüş əsgərlərini gördüklərində atəşin bu tərəfdən gəldiyini və ölənlərin sui-qəsdçilərlə qarşılaşdıqlarını yəqin etdilər. Onların bir qismi axtarış üçün bağ evinə daxil olarkən digərləri ətraf həyətlərə yayıldılar.

Tuğda aləm bir-birinə dəymişdi. Minlərlə əsgərin yerləşdiyi kəndə gəlib generalı öldürməyə kim cəsarət edə bilərdi? Bu sualın cavabı elə özündə gizli idi. Əlbəttə, “Yaşma”dan başqa kimsə buna cəsarət edə bilməzdi. Bu boyda biabırçılığa səbəb olanlar ya ölü, ya da diri ələ keçirilməli, ən ağır formada cəzalandırılmalı idi.

VI

Kənddə ara yollarla şütüyüb onları axtaran avtomobillərin, bağırışan ermənilərin səsləri ta Ziyarət dağının ətəklərinə qədər gəlib çatır, başlarının üstündə dövrə vuran dronların vızıltısı zəhlələrini tökürdü. Cavidlə Humay sıx meşə massivi ilə qaçırdılar ki, ağacların bir-birilərinə keçmiş çətirləri onları yuxarıdan görülməsinin qarşısını alsın. Dağın ətəklərinə çatanda Cavid Humayın əlindən tutub ardınca çəkir: “Bir az daha döz, təhlükə bölgəsindən çıxmağımıza az qalıb”, – deyərək onu ürəkləndirməyə çalışırdı. Humay taqətdən düşdüyü anlarda: – Boyuna qurban, sənə yük olmaq istəmirəm, çıx get. Gələ bilsəm, ardınca gələcəm, – deyərək ona yalvarırdı. Onu zarafatlarıyla təşviq etmək istəyən Cavid kəsə cavab verdi:

          – Elə şey yoxdur, generalın gicgahını necə dağıtmısansa, komandirə də elə məruzə edəcəksən.

Təxminən beş dəqiqə öncə kənd tərəfdən gələn boğuq partlayış səsi eşitmişdilər. Cavid səsə qulaq verib:

        – İlk sürprizimiz partladı, – demişdi.

O, Humayı tələsdirərək:

         – Gücünü topla, dağı aşmağımıza bir şey qalmayıb, – dedi. Elə bu vaxt Abelin bağ evi tərəfdən gələn partlayış səsi dağlarda əks-səda verərək ta onlara qədər gəldi. Humay geriyə dönüb VSS-in optik nişangahından baxanda bağ evinin mansardının qübbəsindən qalxan boğunuq dumanın arasından havada uçuşan kirəmitləri gördü. Bir anda yorğunluğu çıxmışdı. Sevinclə Cavidin qucağına atlanıb boynuna sarıldı, yanaqlarından öpüb:

       – Afərin aslanıma! Mansarddakı sürprizin ən azı iki ermənini daha gəbərtdi, – dedi.

      Humay sanki gözlərinin önündəki ekrandan hər şeyi canlı izləyirdi:  nərdivanlardan çıxan erməni əsgərləri mansardın qapısını təpiklə vurub açdılar. Qırılan qədəhin içindən düşən qumbaranın qoruyucusu atılıb kənara düşdü. Partladıcı alışdıqda ermənilər təhlükəni anlayıb qaçmağa çalışdılar. Amma pilləkənlərlə yuxarı dırmaşmaqda olan yoldaşları onlara mane oldular. – Bomba!, – deyə bağırışaraq özlərini dairəvi pillələrə yenicə atmışdılar ki, qumbara dəhşətli gurultu ilə partladı. Mansardın qalın şüşə qapısı və taxta döşəməsi parçalanaraq zərbə dalğası ilə birlikdə yaxınlıqdakı əsgərləri sovurub divara çırpdı…

Cavid Humayın körük kimi qalxıb-enən sinəsinə, susuzluqdan quruyub çatlamış dodaqlarına, sevinclə parıldayan gözlərinə, təbəssüm dolu üzünə baxdı. Eyni üzün cizgilərindəki paradoks artıq onu təəccübləndirmirdi. Yorğunluğun, stresin və qələbə sevincinin pik nöqtəsi…

        – Afərinin böyüyü sənə düşür, Humay. Həm qəhrəmanlıq, sadəcə, tapşırığı yerinə yetirə bilmək deyildir, həm də sağ-salamat geriyə dönə bilməkdir. İndi isə tələsmək lazımdır.

Ziyarət dağının ətəklərindən şimal-şərqə döndüklərində Cavid ətrafına boylanıb onu tapdığı donuzkeçməzə tərəf çəkdi.

        – Gəl burada iki dəqiqə uzanıb dincələk.

Öncə Humayın kolların altına girməsini gözlədi, sonra da özü sürünüb onun yanına gəldi. Humay üzüaşağı uzanıb qalmışdı. Yolda gələrkən zəiflik göstərdiyindən utanır, gözlərini yerdən ayırmır, dinib-danışmırdı. Cavid bunu hiss etdiyində:

        – Humay xanım, özünüzü zəif, gücsüz hesab etməyin. Abelin evindən bura qədərki məsafəni zığın, palçığın içində, birnəfəsə yoxuş yuxarı qaçmaq hər adamın işi deyil. Siz mən gözlədiyimdən də dözümlü, mərd, cəsarətli qadınsınız. Sizin beyniniz intiqam almaq üçün proqramlanıb. Qəlbinizdə vətənpərvər duyğulardan başqa hissə yer yoxdur. Siz səbrinizi, dözümünüzü, mətanətinizi məhz bu duyğulardan alırsınız. Siz Azərbaycan qadınının müharibədəki təmsilçisi, onun mübariz simasısınız. Mən sizinlə qürur duyuram və inanıram ki, sizi yaxından tanıyan hər bir azərbaycanlı da sizə qarşı mənimlə eyni hissləri bölüşəcəkdir.

Cavidin sözləri onun qəlbini riqqətə gətirirdi. Özünü tuta bilmədi, gözlərindən səssizcə yaşlar süzüldü.

Cavid peyk telefonunu çıxardaraq qərargaha zəng edib dəstəyi Humaya uzatdı.

         – Buyurun, məruzə edin.

Humay tez kolların altından sürüşüb çıxaraq oturdu. Nəfəsini tənzimləyib məruzə etdi:

         – Əsgər Quliyeva məruzə edir ki, əmr yerinə yetirilmiş, hədəf məhv olunmuşdur. Heç bir itki verilməmişdir.

Qarşı tərəfdəki rabitəçi məlumatı təkrar etdi:

         – Oldu, əmr tam yerinə yetirilmiş, hədəf məhv olunmuşdur, itki yoxdur. – Ardınca növbəti tapşırıq verildi:

        – İstirahət və bərpa üçün Hadruta qayıdıb növbəti əmri gözləyin.

        – Oldu, istirahət və bərpa üçün Hadruta dönürük.

Rabitə əlaqəsindən sonra donuzkeçməzdən çıxdılar. Cavid daha bir qumbara ilə burada da sürpriz yerləşdirdi, yollarına davam etdilər. Humay Caviddən əşya çantasını da almışdı. Özü daşımaq istəyirdi. Onun dincini aldığını gördüyündən Cavid də: ”Verməsəm qüruru qırılar”, – deyə düşünüb etiraz etmədi.

Artıq qaçmırdılar. Bəzən havadakı dronlara görüntü verməmək üçün dəqiqələrcə kolların altında uzanıb qalırdılar. Bəzən düşmən tərəfindən aşkara çıxa biləcəklərindən ehtiyatlanıb səs çıxarmamağa çalışaraq ehtiyatla irəliləyirdilər. Yolu yarıladıqlarında ay buludların arxasına girdi. Güclü külək başladı. Toqquşan buludların yaratdığı ildırımlardan çıxan alovlu oxlar ətrafı gündüz kimi aydınladırdı. Ani başlayan ağ yağışın altında mənzil başına çatmağa tələsir, durub-dincəlmədən irəliləyirdilər. Gecə dördün yarısında gəlib Hadruta çatdılar. Yorulub əldən düşmüş, paltarları islanmış, çəkmələri zığ-palçığın içində qalmışdı.

Evlərin birinə girib əllərinə keçən paltarlardan götürərək duş aldılar, əyinlərini dəyişdilər. Humay mətbəxdən tapa bildiyi ərzaq vasitələrindən yemək hazırladı. Duşdan çıxıb gələn Cavidə:

      – Sırağagün axşam yediyimiz bir tikə çörəyin üstündəsən, gəl otur, yeməyimizi yeyək,– dedi,– o vaxtadək də paltarlarımız yuyulsun. Ataram şəridə, biz bir-iki saat yatıb dincələnədək quruyar.

Cavid saat 10-da oyanıb balkona keçdi ki, paltarlarını götürsün. Şəridi boş görüb qonaq otağına keçdi. Humay zümzümə edə-edə onun paltarlarını ütüləyirdi.

          – Humay xanım, niyə zəhmət çəkirsiniz?

 Humay başını qaldırdı, üzünə tökülən telini qulağının ardına keçirib:

           – Səbirli ol, Cavid, az qalıb, indi qurudub gətirirəm.

           – Qurumayıb ki?

           – Yox, bir az nəmi qalmışdı.

           – Bəs siz yatmadınızmı?

           – Yarım saat olar qalxmışam. Evi yığışdırdım, qrupdaxili radiostansiyaların batareyalarını yoxladım, dolduqlarını görüb yerlərinə taxdım, dedim, tez paltarlara da ütü çəkim.

Onlar əyinlərini dəyişib əsgər formalarını geyindilər.

İkisi də yorğunluqlarını çıxardıqlarından xeyli gümrahlaşmışdılar. Gözlərindəki yorğunluq getmiş, tapşırığı uğurla yerinə yetirmənin haqlı qüruru gəlmişdi.

Cavid növbəti tapşırığı almaq üçün peyk rabitəsi ilə əlaqəyə çıxdı. Onlara telefonu qərargaha təhvil verib Qırmızıqayaya gedərək yüksəkliyi almaq uğrunda mübarizə aparan Xüsusi təyinatlılarımıza dəstək vermək tapşırıldı.

Qırmızıqaya

I

Hadrutdan çıxıb Qırmızıqaya istiqamətində yola düşərkən Cavid atıcı silahların, artilleriya mərmilərinin ta onlara qədər gələn partlayış səslərinə qulaq asıb: “Bu dəqiqə aləm dağılır orda”, – dedi. Yolun kənarı ilə iti addımlarla hərəkət edir, yoldaşlarının yardımına mümkün qədər tez çatmağa çalışırdılar. Təxminən dörd-beş kilometrlik məsafəni bir saata qət etdilər. Əsgərlərimiz dağ silsiləsinin yamacında mövqelənmişdilər. Onlar sərt qayalıqların arasında bitmiş meşə-kolluqlarla üzü yuxarı hücum edirdilər. Səngərlərin arxasında gizlənib zirehli texnikadan dəstək alan erməniləri mövqelərindən vurub çıxarmağa, vətən torpağının daha bir parçasını yağılardan azad etməyə çalışırdılar.

Döyüşçülərimizin yerləşdiyi yamaca yaxınlaşanda Cavid məsafəni gözəyarı ölçdü. Cəbhə xəttinə təxminən səkkiz yüz metr qalmışdı. Humaya arxasınca gəlməsini işarə edib yolu keçdi. Qırmızıqayanın sağından axan çayı keçərək qarşı tərəfdəki yamaca çıxdılar. Düşmənə görüntü verməmək üçün maneələrin arxasından az qala sürünərək qalxır, yan-yörələrində qayalara dəyib çovuyan, torpağa saplanan kor güllələrin hədəfi olmadan uyğun yer seçib gizlənməyə çalışırdılar. Cavid sürünüb ağacların arasında seçdiyi yerə yaxınlaşdı. Uzanıb özü üçün mövqe hazırlamağa başladı. Tüfənginin lüləsini salaraq iki ağacın ortasındakı böyürtkən kollarını sağa-sola çəkməklə ortalarında on-on beş santımlıq yarıq açdı. Sonra üç-dörd metr geri süründü və üzərində gəzdirdiyi kamuflyaj parçanı çıxarıb optik nişangahının üstünü örtəcək şəkildə yaxınlıqdakı kol-kosa bağladı. Zirehli gödəkcəsini soyunub önünə qoyaraq təsadüfi güllələrdən qorunmaq üçün maneə düzəltdi. Onun hərəkətlərini izləyən Humay da özünə eyni formada atəş mövqeyi düzəldib gizləndi. Məsafəni ölçdülər. Tam önlərindəki düşmən mövqelərinədək olan məsafə altı yüz metr idi. Bu da onların düşmən müdafiə xətti boyunca xeyli geniş sahədə çalışmalarına imkan verəcəkdi.

Cavid iki həftədən bəri düşməndən qənimət götürüb istifadə etdiyi “Orsis T-5000” snayper tüfənginin ayaqlarını açıb önünə uzatdı. Rusiya istehsalı olan 8.59 mm-lik bu silahı ilk dəfə Belarusiyada keçirilən snayperlərin dünya çempionatında görmüş, elə ilk dəfə də orada istifadə etmişdi. Üstün texniki keyfiyyətlərinə görə çox sevdiyi “Orsis”i qənimət götürəndə dərhal üzərindəki “SVD” ilə dəyişmişdi…

Nişangahına gələn ilk düşmən əsgərinin üzündən nişan aldı. Onun baş barmaqları sanki arxasında yatdığı DŞK pulemyotunun tətiyində ilişib qalmışdı. Ara vermədən atəş açır, iriçaplı güllələr əsgərlərimizin başlarını qaldırmalarına imkan vermirdi. Tətiyi ehmalca özünə çəkdiyi an erməni pulemyotçunun qanı sağ almacığından toz kimi qalxıb ətrafa səpələndi. Cavidin dodağı qaçdı… Təxminən onunla eyni anda Humay da ön xəttin arxasında gizlənmiş düşmən snayperini aşkara çıxardı. Tələsmədən məsafəni ölçdü, küləyin istiqamətini, sürətini və kariolis fərqini hesablayıb nişangahını tənzimlədi. Erməni snayperinin dəbilqəsinin altını nişan alıb tətiyi çəkdi. Güllə çayın üstündən keçib hədəfinə doğru şığıdı. Cəbhə xəttini keçərkən səngərdəki erməni əsgərlərindən biri başının üzərində eşitdiyi sonik partlayışdan səksənib boynunu qısdı. On altı qramlıq güllə həm küləklə, həm yerin cazibə qüvvəsi ilə, həm də maqnit sahəsi ilə mübarizə aparır, min iki yüz metr o tərəfdəki hədəfinə bir an öncə çatmağa çalışırdı. Artıq bir saniyə dolmuş, ikinci saniyənin anları sayılmağa başlamışdı. Humaysa ilk anda olduğu kimi, nəfəsini tutub gülləni izləyir, səbirsizliklə hədəfinə çatmasını gözləyirdi. Havada süzülən güllədən başqa, hər şey donmuşdu. Yarpaqlar belə qımıldamırdı. İkinci saniyə də dolmuş, üçüncü saniyənin anları sayılmağa başlamışdı. Qəzəblə dişlərini qıcadı. Düşmən snayperinin başı arxaya sovruldu, əlindən düşən tüfənginin lüləsindən alov çıxdı…

II

Qırmızıqaya silsiləsinin ətəklərində əsgərlərimiz fasiləsiz hücum edirdilər. Yeni dəstək qüvvələrlə güclənən ermənilər inadla müdafiə olunurdular. Güllələrdən, kornet, ya da top, minamyot mərmilərinin qəlpələrindən yaralananların, son nəfəsini verib şəhid düşənlərin sayı-hesabı yox idi. Təxliyə qruplarındakı sanitarlar fədakarlıqla çalışır, yaralıları, şəhidlərin cənazələrini kvadrasikllərə qoyub arxaya, tibb məntəqəsinə çatdırmağa çalışır, geri döndüklərində sursat dolu yeşikləri yükləyib gətirirdilər.

Ermənilər hücumun qarşısını almaq üçün bütün növ silahlardan istifadə edirdilər. Xüsusi mövqelərdə gizlənərək tank və digər texnikaların toplarından, pulemyotlarından fasiləsiz atəş açırdılar. “AQS-30”-lar, “DŞK”-lar bir an belə susmurdu. Göydən yağmur kimi ələnən müxtəlif çaplı minamyot mərmilərinin bəziləri yerə düşüb partlayır, bəziləri isə havada partlayaraq içərisində gizlədilmiş minlərlə iynəvari qəlpələri əsgərlərimizin üzərinə yağdıraraq ölüm qusurdu. “PDM”-lərin toplarından açılan yaylım atəşinin ot kimi biçib-tökdüyü ağaclar əsgərlərimizin üzərinə düşüb yaralayır, yollarının üstünə aşaraq irəliləmələrinə mane olurdu.

Xüsusi təyinatlılardan baş gizir  Ələkbərov Emil yoldaşları ilə birlikdə təpəyə dırmaşıb düşmən səngərlərinə girməyə can atırdı. O, mövqeləndiyi yerdən çıxıb irəli süründü. Önünə düşən irigövdəli ağacın altından sürünüb keçdi. Güllə yağışının altında bir qolu ilə özünü irəli dartıb sürünərkən digər əlindəki silahı ilə düşmən səngərlərinə atəş açırdı. Elə bu vaxt yaxınlığına düşən iriçaplı minamyot mərmisinin partlayış dalğası Emili yerindən sovurdu… Ülgüc kimi kəskin qəlpələr şans əsəri yan keçsə də, zərbə dalğası o qədər qüvvətli idi ki, onu kağız parçası kimi sovurub qayaya çırpmışdı. Badisi: “Emil vuruldu!” – deyə bağıraraq sanitarları köməyə çağırdı.

Emil ilk anda nə baş verdiyini anlamadı. Başı bərk ağrıyır, gözləri tor görür, nəfəsi tıxanırdı. Ətrafına boylandı. Əsgərlər sürünərək təpəyə qalxmağa çalışır, yerindən dikələnlər vurulur, yanlarına minamyot düşənlər parçalanırdı. Sanki dumanın içindən səssiz kinoya baxırdı. Nə bağırtı vardı, nə güllə səsi, nə də başqa bir səs… Dikəlib oturaraq dəbilqəsini çıxarıb baxdı. Sol tərəfi qırılıb düşmüşdü. “Bu niyə qırılıb?” – deyə öz-özündən soruşdu. Boğazından axan isti mayeni əli ilə silib baxdı. Qulaqlarından şoralanan qan çənəsindən süzülüb axırdı. Ayağa qalxmaq istədi, başı gicəlləndi, yenidən yıxıldı. Nəfəsi təngiyir, boğulurdu. Ona elə gəlirdi ki, hər nəfəs aldıqca havanın bir qismi ciyərlərində ilişib qalır, çölə çıxmır. Yaxasını açmağa çalışdı, zirehli gödəkcəsinin boğazından tutub çəkişdirdi. Bu vaxt özünü yetirən sanitar onu çəkib arxası üstə uzatdı, qaya parçasının arxasına sürüdü. Hələ də əlində tutduğu qırıq dəbilqəsini alıb başına qoydu. Zirehli gödəkcəsinin qaytanlarını boşaldıb sinəsini ağırlıqdan azad etdi ki, nəfəs ala bilsin. Müayinə edərək yanındakı əsgərə:

       – Tez budundan piramidol vur, ağrıdan şoka düşməsin!

Əsgər iynəni vura-vura:

       – Ədiş, Emilin nəyi var? – deyə soruşdu.

      – Kontuziya alıb.

      – Başqa travması yoxdu ki?

      – Başı zərblə daşa çırpıldığından qapalı kəllə-beyin travmasından şübhələnirəm. İki sol qabırğası batıb, baldır əzələsini də daş kəsib. Təcili təxliyə olunmalıdır!

Emil silahını tapmaq üçün ətrafına boylandı. Bir az aralıya düşdüyünü görüb yerində çevrilərək avtomatını götürmək istədi. baş gizir Məmmədov qolundan tutub:

       – Səbirli ol, Emil, indi səni təxliyə edəcəm, – dedi.  Amma Emil hələ də heç nə eşitmirdi. Onun qolundan itələyib:

       – Ədiş, silahımı verin, döyüşə gedəcəm! – deyə bağırdı.

       – Bu vəziyyətdə döyüşə davam edə bilməzsən. Daxili qanaxman ola bilər. Tibb məntəqəsinə endirim, həkim baxsın, söz, özüm qaytarıb gətirəcəm.

       Emil onun dodaq hərəkətindən demək istədiklərini oxuyub cavab vermək istədi. Sözlər boğazında düyümləndi. Hər şey qatılaşan dumanın içində əriyib yoxa çıxdı.

Hadrutdakı tibb məntəqəsinə göndərilən Emil ertəsi gün həkimləri özünü yaxşı hiss etdiyinə inandıraraq Qırmızıqayaya qayıtdığında döyüşlər hələ də bütün şiddəti ilə davam edirdi…

III

Aralarındakı məsafə on beş-iyirmi metr olsa da, Humay sağ tərəfdə mövqeləndiyindən Cavidə görə daha yuxarıda idi, həm də Qırmızıqayanın sağından keçən dərə ona Məmədərə kəndi istiqamətindəki mövqeləri daha yaxşı müşahidə etməyə imkan verirdi. Cavidlə aralarında sözsüz razılaşma var idi. Humay daha çox düşmənin ön xəttinin arxasındakı hədəfləri nişangaha alarkən, Cavid səngərdəki erməniləri öncəlik dərəcəsinə görə sırayla öldürməkdə idi. Arxada gizlənmiş düşmən snayperini öldürdükdən sonra onun müşahidəçisi də görüntü verdi. O, əlindəki vasitələrlə yoldaşının vurulduğu yerin təxmini koordinatlarını çıxarıb minamyot batareyasına ötürmüş, özü də təpənin yamacındakı “qatili” axtarırdı. Humay onun optik nişangahının parıltısını gördüyü an yerinin aşkarlandığını hiss etdi. Erməni snayperi onun özünü görə bilməsə də, olduğu yeri müəyyən edə bilmişdi. Optik nişangahın böyütməsini maksimuma tənzimləyərək ağacların, kolların arasında Humayı axtarıdı. Humayın üzü gərildi, ikrahla: “Sən öləsən elə!”– deyə pıçıldayıb artiklin mərkəzini düşmənin optik nişangahının parıltısına qoyub tətiyi çəkdi. “Sako”nun geri təpməsini hiss etdiyi an başının üstündə kəklik pırıltısına bənzər səs eşitdi. Ani hərəkətlə tüfəngini buraxıb soluna doğru yuvarlandı. İki metr aralanmışdı ki, bayaq uzandığı yerin yaxınlığına düşən minamyot mərmisi dəhşətli gurultu ilə partladı. Havaya sovrulan torpaq üzərinə töküldüyündə gözlərini yumub torpağa sıxıldı. Sanki yeri yarıb altında gizlənmək istəyirdi… Cavid onun vurulduğunu zənn etdiyindən tez qalxıb yanına qaçdı. Üzüyuxarı çevirərək:

        –  Humay, yaxşısanmı? – deyə soruşub əlini-ayağını, bədənini baxışlarıyla müayinə etdi. – Çox şükür, yaralanmamısan. Tez ol, Humay, yerimizi dəyişirik, – deyib onu tələsdirdi. Humay səs dalğasının güclü təsirinə məruz qaldığından şoka düşmüşdü. Keçici karlıq yaşayır, dişləri şaqqıldayır, bütün bədəni zağ-zağ əsirdi. Cavid onu özünə gətirmək üçün iki sillə vurdu, çiyinlərindən tutub silkələyərək:

        – Özünü ələ al, Humay! Yerimizi dəyişirik, – deyə bağırdı. Silahlarını, əşyalarını götürüb onun əlindən tutaraq arxasınca çəkdi. Ağacların arası ilə bir az daha təpəyə qalxdılar. Cavid kolların arasında təhlükəsiz yer seçib Humayı oturtdu, flyaqasını çıxarıb su içirtdi.

     – Özünü necə hiss edirsən? Yaxşısanmı?

      – Hə, Cavid, bir az başım hərlənir.

     – Dalğa vurub, ona görədi, indi keçəcək.

Onun özünə gəldiyini görüb iri qaya parçalarının önündəki böyürtkən, itburnu kollarını göstərdi:

       – Bax, o kolların arxasında oyuqlar olmalıdır. Mövqelənmək üçün bundan daha yaxşı yer tapmaq mümkün deyil, bura nə minamyot təsir edər, nə də dronla görə bilərlər, – dedi.

       Hərəsi bir oyuğa girib gizləndi. Humayın daldalandığı oyuq o qədər dar idi ki, az qala geri-geri sürünüb içinə girmişdi. İçəri girər-girməz dəbilqəsini soyunub gicgahlarını, boynunu-boğazını masaj etdi. Qulaqlarındakı təzyiqi götürmək üçün ard-arda udqunma hərəkətləri etdi. Dəbilqəsini geyinib tüfəngini önündə uzadaraq düşmən xətlərinə baxdı. Ağaclar önünü qismən kəssə də, kiçik aralıqlardan istədiyi qədər erməni öldürə biləcəkdi. Öz-özünə: “Əclaflar əlinizdə minamyot saxlamayın, hamısını atın!” – deyib zirehli gödəkcəsi ilə önündə kor güllələrə qarşı maneə düzəltdi. Yerini rahatlayaraq ilk hədəfini nişan aldı.

Cavid yeni mövqeyinə gələn kimi nişangahında ilk hədəfini tapdı. Olduğu yerin sol istiqamətində, yeddi yüz əlli metr məsafədəki kornet heyəti atışa hazırlaşırdı. Nişançı ekrana baxıb yeni hədəfi yığmaqla məşğul idi. Çənəsindən girən güllə onu arxası üstə yerə çırpanda Cavidin dodaqları ikrahla sıxıldı. Silahını doldurub heyətin ikinci üzvünü, sonra kornetin gövdəsini nişan aldı.

IV

Ermənilərin əsas məqsədləri Tuğda cəmləşən qruplaşma Hadruta əks-hücuma keçənə qədər Qırmızıqayanı əllərində saxlamaq idi.

Generalın öldürülməsi xəbəri aralarında qorxu və çaşqınlıq yaysa da, göndərilən yeni dəstək qüvvələri sayəsində əsgərlərin mənəvi-psixoloji vəziyyətləri nisbətən yaxşılaşmışdı. Ermənilər Fövqəladə Hallar Nazirliyinin ağ geyimli əsgərlərindən tutmuş polislərə, “022” saylı xüsusi təyinatlılardan könüllülərədək əllərindəki bütün qüvvələri Qırmızıqaya yüksəkliklərinin müdafiəsi üçün səfərbər etmişdilər.

“022”nin əsgərlərindən cinahların, digərlərindən isə mərkəzi mövqelərin gücləndirilməsi üçün istifadə edilmişdi. Nəticədə cəbhə xəttinin Məmədərə çayından başlayıb Qırmızıqaya yüksəkliklərindən keçməklə meşə massivinin içərilərinə doğru uzanan üç kilometrlik hissəsində müdafiə olunanlar hücum edənlərdən daha çox idilər. Bu da əlverişli təbii üstünlüklərlə dəstəklənən Qırmızıqaya yüksəkliklərinin azad olunmasını çətinləşdirir, itkilərimizin sayının artmasına səbəb olurdu.

Müasir kəşfiyyat və müşahidə vasitələrindən istifadə olunmaqla aparılan hərbi əməliyyatlar şahmat oyununa bənzəyirdi; elə bir şahmat oyununa ki, orada fiqurların əvəzinə, canlı insanlardan istifadə olunurdu. Nəfəs alan, düşünən, danışan, hiss edən insanlardan… Düşmənin topunu götürmək üçün piyadaların, vəzirini almaq üçün dəmir atların-tankların qurban edildiyi şahmat oyunu….

 Döyüşlərin üçüncü günü əməliyyatı dronlarla izləyən komandanlığın göstərişi ilə hücum taktikası dəyişdirildi. Kapitan Azər Məmmədovun rəhbərlik etdiyi tabora düşmənin sağ cinahından hücum edərək diqqətini dağıtmaq və mövqelərinin bir qismini ələ keçirmək tapşırıldı. Bu məqsədlə Ərgünəş yüksəkliyindəki Xüsusi təyinatlı taborun bir qrupu dəstək olaraq göndərildi. Azərin göstərişi ilə iki atəş dəstək qrupu yaradıldı. Onlardan biri “OSV-96” snayper tüfəngləri, “PKM” və “RPK” pulemyotları ilə silahlanaraq adsız yüksəklikdə, düşmən xəttinin təxminən bir kilometrliyində mövqeləndi. İkinci atəş dəstək qrupu isə “Q-6”, “RPK” və avtomatlarla silahlanaraq həmin yüksəkliyin yamacında, nisbətən aşağı tərəfdə gizləndilər. Axşam düşənə yaxın tabor komandiri hücum əmri verəndə dəstək qrupları intensiv atəşə başladılar. İriçaplı snayper tüfəngləri və pulemyotların sərrast atəşləri ilə vurulan düşmən əsgərləri bir-birilərinin ardınca sıradan çıxır, istehkamların arxası boşalırdı. Onlar heç gözləmədikləri halda iki tərəfdən gələn hücumu dəf etməli olduqlarından çaş-baş düşmüşdülər. Təpənin yuxarı tərəfində mövqelənən əsgərlərimizin atəş dəstək olduğunu anlasalar da, yamacdan atəş açanların hücuma keçən bölmələrimiz olduğunu zənn edirdilər. Cinah komandiri cəbhə komandanı ilə rabitə əlaqəsinə çıxıb iki tərəfdən hücuma məruz qaldıqlarını bildirərək dəstək göndərilməsini xahiş etdi. Onun xahişi yerinə yetirildi. Sol cinahdakı qüvvələrin bir qismi sağ cinaha transfer edildi. Bunun nəticəsində Qırmızıqayanın sol cinahında müdafiə olunan düşmənin atəş intensivliyi nəzərə çarpacaq dərəcədə azaldı. Onların qarşısında yerləşən bölmələrimiz isə eyni dərəcədə təzyiqi artırdılar. Bu vaxt xüsusi taborun əsas hissəsi kapitan Məmmədovun başçılığı ilə sağ cinahdan səssizcə irəliləyib Məmədərə kəndinin üstündən keçərək ərazinin təbii qırışlarından və meşə- kolluqlardan istifadə etməklə adsız yüksəkliyə qalxdılar. Artıq erməni müdafiəsinin bir qanadı əsgərlərimizin ayaqları altında qalmışdı. Onlar döyüş düzülüşünə keçdiklərində kapitan Məmmədovun göstərişi ilə atəş dəstək qrupları atəşi dayandırdılar.

Arxadan atəşə tutulan ermənilər asan hədəfə çevrilərək bir-birinin ardınca vurulub sıradan çıxırdılar. Öncə istehkamların arxasındakı yamacda qurulmuş minamyot batareyasının şəxsi heyəti məhv edildi. Sonra sıra səngərlərdəki ermənilərə gəldi. Onların bir qismi gecənin qaranlığından da istifadə edərək əllərindəki silahları atıb qaçmağa cəhd edir, digərləri mühasirədə qalıb döyüşə davam edirdilər. Artıq Qırmızıqayanın sağ cinahındakı döyüş mövqelərində gizlənmiş düşmənin döyüş ruhu sınmış, yerini qorxu və panika tutmuşdu. Xüsusi təyinatlılar dalğa-dalğa hücum edib ermənilərin səngərlərinə doluşarkən onların arasındakı panika da sürətlə bütün istehkamlara yayıldı. Sağ cinahdakılara aman verilmədi. Sol cinahdakı düşmənin bir qismi silah və texnikasını ataraq qaçıb canını qurtara bildi, gecikənlər isə yerindəcə məhv edildilər.

Üfüq xətti gümüşü rəngə boyandığında Qırmızıqayanın hər iki zirvəsində üçrəngli Azərbaycan bayrağı dalğalanırdı.

Günlərdir dayanıb dincəlmədən hücum edən əsgərlərimiz canları bahasına azad etdikləri yüksəkliklərdə dalğalanan bayrağın kölgəsi altında oturub dincələrkən sanitarlar kvadrasikllərlə Hadrutla Qırmızıqaya arasında şütüyür, yaralıları, şəhidlərin cənazələrini tibb məntəqəsinə apararkən sursat və ərzaq yükləyib geriyə dönürdülər.

Azər Məmmədovun taboru bərpa və komplektləşdirmə üçün Araz qırağındakı cəmləşmə rayonuna göndərildi. Onlar buradakı döyüş yoldaşları tərəfindən  qəhrəmanlar kimi qarşılanaraq iki gün istirahət etdilər. Hospitaldan qayıdan, ya da Xüsusi təyinatlıların tərkibinə yeni verilən əsgərlərlə taborun şəxsi heyəti komplektləşdirildi.

Digər taborlarsa qısa istirahətin ardından Məmədərə kəndini azad edərək Tuğ istiqamətində hücuma hazırlaşırdılar.

V

Boz qurd meşənin dərinliklərinə, gözdən iraq yerə çəkilmişdi. Yaralarını yalayıb sağaldır, dişlərini qələbə əzmiylə itiləyib yeni döyüşlərə hazırlaşırdı. O, mütləq qalib gələcək, çaqqal sürüsünü yurdundan qovub çıxaracaqdı. Balalarının təhlükəsizliyi, rahat yaşaması, gələcəyi üçün buna məcburdu. O, istəmədiyi halda buna təhrik edilmiş, savaşa sürüklənmişdi. “Bu davanı özləri başlatdılar, özləri də sonucuna qatlanacaqlar”, – deyə düşünüb ayağa qalxdı. Gözləri qızarıb qan çanağına dönmüşdü. Dişləri qəzəblə şaqqıldayırdı. Silkinib bədənindəki yara-bərə izlərini təmizlədi. Artıq gücünü toplamış, qüvvəti geri gəlmişdi. Növbəti döyüşə başlamaq üçün qaranlıq meşələrdən sıyrılıb çıxaraq irəli atıldı. Haçaqayanın zirvəsinə çıxdı. Arxa ayaqlarının üstündə oturub başını qaldırdı. Üzünü açıq səmadan boylanıb ona yol göstərən aya çevirdi. Ağzını irəli uzadıb uladı…. Sanki dolunaydan qutlanmasını istəyir, zəfər yoluna nur saçmasını diləyirdi. Onun ulartısı daşlardan, qayalardan əks-səda verib artdı, dalğa-dalğa bütün Qarabağa yayıldı. Qurdlar ətraf meşələrdən çıxıb yanına gəldilər. Birlikdə ulayıb qələbəyə and içdilər. Boz qurd yorğa addımlarla təpədən endi, sürüsünün önündə üzü Tuğ kəndinə yola düşdü.

Onların boz tükləri ayın solğun işığında gümüşü rəngə çalır, yürüşlərinə əzəmət qatırdı…

Tuğ əməliyyatı

I

Əsgərlər Qırmızıqayada ələ keçirilən sursatlarla döyüş ehtiyatlarını bərpa edib Məmədərə kəndinə yönələrkən qənimət götürülən zirehli texnika boyanaraq üzərindəki atributların dəyişdirilməsi üçün təminat bölmələrinə təhvil verildi.

Məmədərə kəndi Tuğ yolu ilə eyni adlı sərt yamaclı dağ çayının arasında, sıx meşəlik ərazidə yerləşirdi. Strateji mövqeyinə görə planlı geriçəkilmə olarsa, kəndin müdafiəsini təşkil etmək asan idi. Lakin ermənilər Qırmızıqayada darmadağın olunaraq qaçdıqlarına görə nə planlı geriçəkilmə, nə də kəndin müdafiəsini düşünməyə vaxtları olmamışdı. Onlar ordumuzun irəliləyişini gecikdirmək üçün kənd ərazisində, Tuğ yolunun üstündəki bəzi möhkəmləndirilmiş atəş nöqtələrinin pulemyot mazğallarında əsgərlərini ayaqlarından zəncirləmiş, yanlarına da xeyli sursat və narkotik maddə yığaraq geri çəkilmişdilər. Əsgərlərin çıxış yolları yox idi. Əsir düşmək, ya da ölmək istəmədiklərindən hər biri uzunmüddətli atəş nöqtəsinin qalın dəmir qapısını içəridən kilidləyib döyüşürdülər. Onların cansipəranə müqavimətləri Xüsusi təyinatlıların sonsuz zəka və fəndgirlikləri qarşısında bir saat belə tab gətirə bilmədi. Əsgərlərimiz daha öncə də eyni vəziyyətlə qarşılaşdıqlarından ermənilərə təslim olmağı təklif etdilər. Buna psixoloji cəhətdən hazır olmayan düşmən atəşlə cavab verdi. Və arxadan dolanıb gələn əsgərlərimiz qapıların kilid nöqtələrini trotil qoyaraq partlatdılar. Zəncirlənmiş əsgərlər sığınacaqlarına girən Xüsusi təyinatlılar tərəfindən yerlərindəcə məhv edildilər…

Artıq Tuğ yolu açılmışdı. Şimal-qərb istiqamətində hərəkət edən ordu bölmələri kəndin girişində birləşərək hücuma hazırlaşırdılar. Bölmələrin bir qismi Tuğun cənub-qərb, digər bölmələr isə cənub-şərq istiqamətindən, üzüm bağlarından keçməklə şərab zavodu tərəfdən hərəkət edəcəkdilər.

Yol tərəfdən hücum edən bölmələrimiz ciddi müqavimətlə qarşılaşdılar. Onların Qırmızıqayada üç gün gecikmələri düşmənə dəmir-beton bloklarla istehkamlar tikməsinə imkan vermişdi. Tanklar və digər zirehli döyüş texnikaları xüsusi səngərlərdə gizlədilmişdi. Tez-tələsik yaradılan uzunmüddətli atəş nöqtələrinin önləri bir-birinə mıxlanaraq tikanlı məftillə toxunmuş tirlər və təkər baryerlərlə möhkəmləndirilmişdi. Bu baryerlərin arxasında gizlənən düşmən ordumuzun fəaliyyətlərini vizual müşahidə edə bilirdi. Üzüm bağları tərəfdə də təxminən eyni vəziyyət idi. Dərənin yuxarısında mövqelənmiş erməni bölmələri yamaclarda salınmış üzüm bağlarından təbii maskalanma və mühafizə məqsədləri üçün istfadə edirdi.

Kəskin hava şəraiti də hücum edən tərəfin imkanlarını məhdudlaşdırmaqda idi. Günlərdir yağan aramsız yağış və soyuq hava əsgərlərimizin islanıb xəstələnməsinə səbəb olurdu. Palçığa çevrilmiş torpaq onların hərəkət imkanlarını məhdudlaşdırır, rahat və səssiz sürünmələrinə mane olurdu. Ayın iyirmisi, əraziyə günlərdir yağan yağış səngiyərək çiskinə çevrildi.

Hamidin rəhbərlik etdiyi yarımqrup səfərbərlikdən çağırılan və mükəlləfiyyətli əsgərlərlə gücləndirilərək təpənin arxasında yerləşən düşmən hərbi qruplaşmasına yaxınlaşaraq vizual kəşfiyyat və təhrik atışı tapşırığı ilə göndərildi. Onlar mövqelərimizin sol cinahından hərəkət edərək üzüm bağlarının arası ilə yaxınlaşıb dərəni keçdilər. Səssizcə qarşılarındakı torpaq yolu da keçərək meşəlik-kolluq yamacı dırmaşmağa başladıqlarında ərazidə patrul kimi gəzən erməni tankı ilə qarşılaşdılar. Əsgərlərimiz ağacların arasında mövqelənərək tankın keçib getməsini gözləmək qərarına gəldilər.

Elə bu vaxt tankın heyəti termal kameralardan əsgərlərimizin yerini tapdı. Onların üzərlərinə “NSVD”-dən yağdırılan güllələr ağacları biçib-tökür, əsgərlərimizin yan-yörələrindən keçərək təhlükə törədirdi.

Hamid irigövdəli fıstıq ağacının arxasına sığınaraq yan-yörəsindən və ağacın gövdəsini dəlib keçən güllələrdən qorunmağa çalışırdı. Gözlərilə axtarıb istehkamçı əsgəri tapdı, bağırıb qumbaraatanı istədi. “RPQ-26”-nı alıb, otuz-otuz beş metr aralıdakı “T-90” tankının ön çarxını nişan aldı. Birdəfəlik qumbaraatanın hərəkətdəki tankın ön çarxından yayınarsa, aktiv zirehlə qorunan əsas korpusuna ciddi zərər verməyəcəyini bilirdi. Atəş açdıqdan bir an sonra sevincindən gözləri doldu. Müxtəlif manevrlər edən tank təkçarxlı qaldığından yerində fırlanıb dayandı. Müşahidə cihazlarının bir qismi üzərinə dəyib partlayan qumbara qəlpələri və snayper atışları ilə sıradan çıxarılan tankın heyəti panikaya düşdü. Radiostansiya ilə bağıraraq mühasirəyə düşdüklərini, texnikalarının zədə aldığından hərəkət edə bilmədiklərini, sursatlarının getdikcə azaldığını bildirərək kömək istəyirdilər. Onlara gələn əmr qəti və birmənalı idi: “Qalan sursatınızdan qənaətlə istifadə edərək kömək gəlməsini gözləyin”. Ancaq heyət panikaya düşmüşdü. Onlara hər keçən saniyə bir saat, tankın üzərinə dəyib partlayan hər qumbara bir qumbaraatan mərmisi kimi gəlirdi. İçəridə ağız deyəni qulaq eşitmirdi. Yoldan çıxaraq meşəliyə girdikləri üçün bir-birilərini suçlayır, “Hamımız öləcəyik!” – deyə bağırışırdılar. Qalıb kömək gözləmək əvəzinə, desant qapağından çıxıb qaçmağa çalışdılar. Tankın altından sürünüb çıxdıqlarında üçü də yerlərindəcə öldürüldülər.

Yollarına davam edən əsgərlər yamacı qalxıb düşmənin dislokasiya rayonunu müşahidə etməyə başladılar. Kəşfiyyat-təxribat fəaliyyətini icra edib geri dönərkən dərənin yaxınlığında, üzümlüklə meşənin birləşdiyi yerdə onlara istirahət verildi.

II

Ermənilər əsgərlərimizin mövqelərini kəskin hava şəraiti və düzgün təşkil edilmiş örtü gizlənmə sayəsində müəyyən edə bilmirdilər. Dronlar faydasız qalmışdı. Onlar ara-sıra təxmin etdikləri yerləri pulemyotlardan atəşə tuturdular. Qarşılıq gəlmədiyindən əsgərlərimizin yerini öyrənmək üçün hiyləgərliyə əl atmağı qərara aldılar. Düşmənin mövqeləndiyi təpənin yamacından bir erməni əsgəri Azərbaycan dilində çağıra-çağıra enməyə başladı:

        – Mənə güllə atmayın. Mən özüm də Sumqayıtdanam, azərbaycanlıları da çox sevirəm. Mən müharibə istəmirəm. Sizin də savaşmaqdan yorulduğunuzu bilirəm. Gəlin bu savaşa son verək, hər kəs qayıdıb evinə, sevdiklərinin yanına dönsün.

Hamid onun səsini eşidəndə qrupuna yerlərində qalmalarını işarə edərək ayağa qalxdı. Ermənini qarşılamaq üçün tənəklərin arası ilə onun hərəkət istiqamətində yollandı. Dərənin kənarında dayanmış traktorun yanına çatıb gözləməyə başladı. Düşmən yaxınlaşdığında anidən ortaya çıxıb:

      – Sən öz tülkülüyünlə bizim mövqelərimizi aşkara çıxarıb adamlarınıza vurduracağınımı zənn edirsən?

Erməni bu ani qarşılaşmanı gözləmədiyindən səksəndi, məqsədinin anlaşıldığını görüb kəkələyərək:

       – Mən, mən sülh istəyirəm, – deyib geri-geri getmək istədi, kürəyi beton dirəklərin arasında çəkilmiş polad məftillərə dirənəndə dayandı.

Hamid ironiyalı təbəssümlə:

         – Mən də səni gəbərtmək istəyirəm, – deyib tətiyi çəkdi. Yaxın məsafədən gələn güllələr onun sinəsini deşib keçdikcə tok vurmuş adam kimi yerində titrəyirdi. Maqazindəki patronlar bitdiyində üzüaşağı düşüb qaldı…

Dərədən gələn güllə səslərindən yoldaşlarının öldürüldüyünü bilən ermənilər qarşı yamacı amansızca atəşə tutdular. Üzüm tənəkləri beton bağ dirəkləri ilə birlikdə artilleriya mərmilərinin, minamyotların partlayışlarından parçalanıb-sovrulur, göydən yerə torpaq yağırdı.

Qaça-qaça əsgərlərinin yanına gələn Hamid onları tələsdirərək: “Cəld olun, mövqeyimizə dönürük”, – dedi.

Həmin gün axşam hər iki tərəfdə yerləşən bölmələrimizə də Tuğa hücum əmri verildi.

III

Xüsusi təyinatlıların qarşısında qoyulan tapşırıq açıq və birmənalı idi: nəyin bahasına olursa-olsun, bu gecə düşmən istehkamları ələ keçirilərək Tuğ yolu açılacaqdır.

Əmr verildiyində üzümlüyün içi ilə sel kimi dərəyə enən əsgərlər yamacı fırtına kimi çıxmağa başladılar. Onlar iriçaplı snayper və “PKM”-larla silahlanmış atəş dəstək qruplarının mühafizəsi ilə düşmən güllələri altında tənəklərin, polad məftillərin altından sürünərək yuxarı qalxır, bir-birilərini qoruyaraq təpənin üstünə yetişməyə can atırdılar. Nəinki torpağa saplanan, beton dirəklərdən çovuyub ölüm saçan güllələr, heç yan-yörələrinə düşüb dəhşətli gurultu ilə partlayan artilleriya mərmiləri də dalğa-dalğa gələn əsgərlərimizi durdurmaq iqtidarında deyildi. Hər biri ağır zirehli geyim, bel çantaları və silah-sursatlarıyla yoxuş yuxarı sürünür, onları kəm gözlərdən örtüb gizləyən tənəklərin arası ilə bir an öncə düşmən mövqelərinə çatmağa çalışırdılar. Yüngül güllə, ya da qəlpə yarası alanlar formalarının ətraflarındakı turniketlərlə öz yaralarına sarğı qoyub döyüşə davam edir, ağır yaralılarsa sanitarlar tərəfindən ilkin tibbi yardım göstərilərək təxliyə olunurdular. Və hər kəs hücum edir, hər kəs yamacı qalxıb təpəyə yetişməyə can atırdı…

Üzümlük bitəndə dayanan əsgərlər zirehli gödəkcələrinin döş cibindən çıxardıqları əl qumbaralarının qoruyucusunu çıxarıb irəliyə, təkər yığınlarının arxasındakı düşmən səngərlərinə atdılar. Qumbaralar partlayıb torpağı göyə sovuranda badilərdən birinin qorumasında digərləri hərəkətlərinə mane olmasın deyə hücumun əvvəlində soyunub əşya çantalarının qapağına keçirdikləri gödəkcələrini çıxararaq tikanlı məftillərin üstünə atdılar. Cəld qalxaraq baryerləri keçib səngərlərin içinə atıldılar. Onların ardınca digərləri də gəldi.

Əlbəyaxa döyüşdə tüfəng yararsız idi. Əsgərlər düşmənlərini bıçaqlarla öldürür, boyunlarını dişləyib şah damarını yerindən qoparır, silah tutan qollarını burub sındırırdılar…

Üzbəüz döyüşə tab gətirməyən ermənilər səngərlərindən çıxıb üzü enişə, hərbi hissələrinin yerləşgəsinə və şərab zavoduna doğru qaçmağa başladılar. Onları təqib edən əsgərlərimiz səhərə qədər sürən döyüşlərdən sonra öncə hərbi yerləşgəni, ardınca da nəhəng müəssisəni ermənilərdən təmizlədilər. Günəş doğub aləmi nura qərq edərkən şəfəqləri şərab zavodunun ən hündür yerində dalğalanan üçrəngli bayrağımızı salamlayırdı…

IV

Yol istiqamətində hücum edən əsgərlər ciddi müqavimətlə qarşılaşmışdılar. Onlar yağmur kimi yağan güllələrin, mərmilərin altında hücum edir, vurulub düşənlər al qanlarıyla ana torpağı sulayırdılar. Kimsə canını, nə də yanına dönəcəyi yaxınlarını düşünmürdü. Hər kəsin beyninə, zehninə tək bir qayə hakim idi – yağıları torpaqlarımızdan qovmaq. Sonunu düşünən qəhrəman ola bilməzdi. Bizim qəhrəmanlarımızsa indiyə qədər olduğu kimi, bu gün də sonlarını düşünmür, bunu ağıllarına belə gətirmirdilər. Vətən torpaqları savaşsız azad olunmurdu. Və savaş qan deməkdi, ölüm deməkdi, göz yaşı deməkdi…

Əsgərlərimiz yolun sağ tərəfindəki təpədə yerləşən düşmənin möhkəmləndirilmiş atəş nöqtəsinə girdiklərində əlbəyaxa döyüş başlandı. Komando bıçaqlarını çıxaran Xüsusi təyinatlılar yaxın məsafəli döyüşdə erməni əsgərlərini doğrayıb-tökür, qanlarına qəltan edirdilər. Cənub-şərq istiqamətindəki mövqelərinin itirildiyini bilən düşmən komandanlığı ordumuzun hücumunu heç olmasa bu tərəfdə dayandıra bilmək üçün reaktiv artilleriya bölmələrinə öz mövqelərinin vurulmasını əmr etdi. İlk yaylım atəşi səngərlərin böyük bölümünü yer üzündən sildi. Bu mövqeləri ələ keçirən əsgərlərimiz yaxın məsafədə partlayan artilleriya mərmilərindən həlak oldular. Baş gizir Məmmədov özünü yetirib yaralılarımıza tibbi yardım göstərməyə başladı. O, yaralılardan birinin ətraflarını paltarlarındakı turniketlə sıxıb qanaxmanın qarşısını alır, digər yaralının zirehli gödəkcəsini, köynəyini soyunduraraq bədəninin müxtəlif nahiyələrinə sarğı qoyur, üçüncüyə travmadol vurub arxası üstə uzadaraq başqa yoldaşının yardımına tələsirdi.

İkinci dalğa yaylım atəşində reaktiv artilleriya mərmilərindən biri onun yaxınlığına düşdü. Kor qəlpə sağ alın payından dəbilqəsini kəsib kəllə sümüyünə saplanmışdı…

Hər yer qaranlığa qərq oldu, sonra ətraf yavaş-yavaş aydınlanmağa başladı. Güllə və partlayış səslərinin arasından gələn: – Ədiş vuruldu, Ədiş yaralandı! – bağırışlarını eşitsə də, dərk etmirdi: “Ədiş kim idi? Niyə vurulmuşdu? Ədişi kim yaralamışdı?” Bu barədə heç nə bilmirdi. Arxası üstə torpağa uzanmışdı. Üzünə çilənən yağmur damlaları ruhunu dincəldir, bədənini sakitləşdirirdi. Biri yaxınlaşıb başını qucağına aldı, dəbilqəsini soyundurdu. Gülümsədi, çatlayıb qurumuş dodaqları aralandı: – Ana! – deyə dilləndi. Döyüş yoldaşı: “Can Ədiş, qorxma, heç nəyin yoxdur. Balaca cızılıb”, – dedi. Sarğı qoyurdu. Başqa biri zirehli gödəkcəsinin qaytanlarını açıb sinəsini ağırlıqdan qutarmağa çalışırdı. O isə çoxdan gözlərini qapadıb uşaqlığına dönmüşdü. Hava soyuqdu, qar yağırdı. Xaçmazın ara küçələrində qonşu uşaqlarla qovala-qaç oynayırdı. Darvazaları açıldı. Qapının arasından gələn məlahətli bir səs onu çağırırdı:

        – Ədiş, tərləməmisən ki? Soyuqlayarsan, evə gəl! Dayanıb səs gələn tərəfə döndü. Üşüyür, dişləri dişlərinə dəyirdi. Kürəyində məktəbli çantası evə tələsirdi. Rübdən beş aldığını müjdələyib atasından söz verdiyi velosipedi almasını istəyəcəkdi. Birdən-birə böyüyüb əsgər getdi. Artıq kişi idi. Və hər kişi kimi onun da alınacaq qisası vardı. Silahlı qüvvələrdən tərxis olunmadı, qalıb xidmət etdi. Evləndi, nur topu kimi övladları dünyaya gəldi. Evdən çıxarkən balaca qızı onu qucaqlayıb getməyinə icazə vermir, başını sinəsinə söykəyib: “Ata, getmə”, – deyirdi. Ədalət onun saçlarını oxşayıb başını qaldırdı, alnından, nəmli gözlərindən öpüb: ”Söz, gələcəm”,  – dedi.

Elə bil uşağın ürəyinə nəsə dammışdı. Atasının formasından öpür, qoxusunu içinə çəkirdi.

Xanımına: “Uşaqlardan muğayat ol”, – deyərək böyrünə qısılmış Nubarının saçlarını oxşadı,  Ləmanının üzündən öpərək aralandı, dönüb getdi.

Sonra ətraf qaranlığa qərq oldu, səslər uzaqlaşıb eşidilməz oldu…

O gecə səhərədək amansız döyüşlər davam etdi. Onlarca igidimizin qanı, canı bahasına ermənilər mövqelərindən çıxarılaraq kəndin içərilərinə doğru qovuldular. Hər ev, hər tikili uğrunda savaş davam edirdi. Axşam düşüb günəş qüruba gedərkən Tuğun üzərində Azərbaycan bayrağı dalğalanırdı…

V

Ədalət yaralandıqdan sonra digər sanitarlar ona ilkin tibbi yardım göstərərək kvadrasiklə qoyub döyüş meydanından çıxardılar. Qırmızıqaya yolunun kənarına uzadıb digər yaralılara yardım göstərmək üçün geri döndülər. Onlar getdikdən sonra mühüm tapşırıqla Hadrut istiqamətində gedən avtomobillərdən biri yolun kənarında qan içində uzanmış əsgəri görərək əylədi. Onu da götürüb Hadrutdakı tibb məntəqəsinə gətirdi. Buradan “təcili yardım” maşını ilə Əhmədbəyli hospitalına təxliyə olunan Ədalət əməliyyat olundu. Həkimlər adını bilmədiklərindən əynindəki formaya görə DTX-nın əsgəri ola biləcəyini düşünüb onu boynundakı medalyonun nömrəsi, “000222” ilə qeydiyyata aldılar. DTX-nın hospitalına göndərilərək bir daha əməliyyat olunaraq neyrocərrahiyyə xəstəxanasına təxliyə olundu. Burada intensiv terapiya palatasında müalicə olunan Ədalət Şuşanın azad olunduğu gün komadan çıxdı.

Onun yaralı vəziyyətdə yoxa çıxdığından xəbər tutan qüvvə komandanı ən qısa müddətdə tapılması barədə əmr vermişdi. Bütün hospitallarla əlaqə saxlayıb yaralıların siyahısında onun adını tapa bilməyən yoldaşları həyatda olduğuna inamlarını itirmişdilər. Artıq onlar Ədalətin cənazəsini yolda basqına uğrayıb vurulan kvadrasikllərin ətrafında, morqlarda axtarırdılar. Ən böyük qorxuları da Ədalətin yaralı vəziyyətdə əsir düşməsi idi. Ermənilər savaş başladıqdan bu günədək Xüsusi təyinatlılardan nə əsir tutmuş, nə də şəhid cənazəsi ələ keçirə bilmişdilər. İndi onların ələ keçirəcəyi bir Xüsusi təyinatlı əsgər ordularının döyüş ruhunu qaldırmaq üçün əhəmiyyətli bir addım olacaqdı.

Döyüş yoldaşlarından Ülvi Ədalətin şəklini onu əməliyyat edən həkimin telefonunda görüb tanıyanda sevincinin həddi-hüdudu yox idi. Dərhal komandanlıqla əlaqə saxlayaraq baş gizir Məmmədovun səhhəti və müalicə aldığı tibb müəssisəsi barədə məlumat verdi. Onlarca yaralıya tibbi yardım göstərərək döyüş meydanından çıxaran, güllə yağışı altında, mərmi partlayışları arasında kvadrasikllə dağlardan, dərələrdən gətirərək tibb məntəqəsinə çatdırıb həyatda qalmasına yardım edən bir qəhrəman özü də həyatdaydı…

Dağyurdu

I

Tuğ azad olunduqdan sonra burada cəmləşmiş Xüsusi təyinatlılar iki yerə bölündülər. Onların bir hissəsi meşəqıranların istifadə etdikləri torpaq yolla-odun yolu ilə Şuşa istiqamətində hərəkət etməli, digərləri isə Xocavəndi azad etmək üçün cənub-şərqə getməli idilər. Kəndi azad etdikləri gecə evlərin zirzəmilərində və yardımçı tikililərdə təmizlik işləri aparan əsgərlər ertəsi sabah günəşin doğuşu ilə bərabər dayanıb dincəlmədən yeni tapşırığı yerinə yetirmək üçün yola düşdülər.

Cavidlə Humay Xocavənd rayonunu azad etmək üçün göndərilən taborun tərkibində hərəkət edirdilər. Onlar adsız yüksəklikləri ələ keçirərək irəliləyir, bir an öncə rayon mərkəzinə yetişib orada yuvalanan düşmən bölmələrini qovub-çıxarmağa tələsirdilər.

Yollarının üstündəki Dağyurdu kəndində tələm-tələsik qurduqları istehkamları hazır dəmir-beton qurğularla möhkəmləndirən ermənilər ərazinin təbii coğrafi şəraitindən də istifadə edərək var gücləri ilə müqavimət göstərirdilər. Kəndi çevrələyən sərt yamaclı qayalıqlar və meşə-kolluqlarla örtülmüş vulkanik təpələrdən keçən cığır və yolları tutaraq Azərbaycan ordusunun hərəkətinin qarşısını ala biləcəklərini düşünürdülər. Ətrafdakı zirvələrə yerləşdirdikləri snayper postları, kornet heyətləri, kəndin içindəki artilleriya və minamyot batareyaları ilə əsgərlərimizi gözləyir, ordumuza ağır zərbə vuraraq müharibənin taleyini öz xeyirlərinə dəyişəcəklərini zənn edirdilər.

Xüsusi təyinatlı bölmələr gecədən xeyli keçmiş kəndə yaxınlaşdılar. Onlar erməni postlarına atəş mənzilində dayanaraq mühafizəni təşkil edib qısamüddətli istirahət fasiləsi verdilər. Komandir heyəti toplanıb son kəşfiyyat məlumatlarına əsasən vəziyyəti dəyərləndirdi. Tabor komandiri ərazi maketi üzərində iş bölgüsü apararaq döyüş əmri verdi:

         – Hər biri iki snayper cütlüyü və iki pulemyotçudan ibarət olan atəş dəstək qrupları cinahlarda və mərkəzdə aypara şəklində yerləşdirilsin. Sağ cinahdakı yarımqrup buradan hərəkət edərək (o, əlindəki çubuqla ərazi maketi üzərindəki relyefi işarələyərək göstərirdi), dərəni keçib qayalığı dırmaşsın. Yeddi yüz metr daha irəliyə gedərək buradakı adsız yüksəkliyin Dağyurduna baxan yamacında mövqelənsin. Sonra sol cinah yarımqrupunun hərəkət istiqaməti və mövqelənəcəyi yeri göstərib, – mərkəzi atəş dəstək qrupu önümüzdəki təpənin düşmənə baxan yamacında, mühafizə qrupu isə onun tam arxasında örtü-gizlənməni təmin edərək yerlərini aşkara çıxarmadan ikinci bir əmrə qədər gözləsin. Əsas bölmələrimiz düşmənin ön müdafiə postlarını ələ keçirdikdən sonra atəş dəstək qrupları da sol cinahdan başlayaraq, növbəli şəkildə iki yerə bölünməklə irəliləsin. Hər cinah yarımqrupunda bir snayper cütlüyü və bir pulemyotçu yerlərində qalsın, digərləri isə beş yüz metr irəlidəki adsız yüksəkliklərə hərəkət edərək kəndi yarımmühasirəyə alsın. Mərkəzi dəstək qrupu isə bütövlükdə irəliləyib bu təpəyə çıxaraq bizi dəstəkləməyə davam etsin. Taborun əsas hissəsi kəndə girdiyində isə cinahdakılar yenə növbəli şəkildə irəliyə doğru hərəkət edib mühasirə həlqəsini tamamlasın, – deyə onların mövqelənəcəkləri yeni yüksəklikləri göstərdi. Sonra əsas bölmənin qrup komandirlərinə hərəkət istiqamətləri və döyüş düzülüşü barədə məlumat verib, – birinci və ikinci qruplar dərə ilə yol arasındakı yüksəkliyi, digər iki qrupsa daha soldakı bu təpəni götürməlidir, – deyərək bəhs etdiyi yüksəklikləri göstərdi. Düşmənin müdafiə istehkamları və silahlanmasına gəlincə, müdafiə məqsədilə torpaqda qazılmış səngər və sığınacaqlardan istifadə edirlər. Hər iki yüksəkliklərdəki postlarda da xeyli sayda əsgərləri var, ağır silahlardan kornet, minamyot və qumbaraatanlarla, habelə pulemyotlar, snayper tüfəngləri və avtomatlarla silahlanıblar. İkinci eşalonları daha yaxşı qorunur, ayrıca, kəndin içində reaktiv artilleriya vasitələri, toplar və iriçaplı minamyotlar yerləşdirilib. Biz ərazinin təbii qırışları və bitki örtüyündən də istifadə edərək düşmənə maksimum səviyyədə yaxınlaşmalıyıq ki, onları kömək gəlib çatmadan məğlub edək, – deyə sözünü yekunlaşdırıb, gözlərini qrup komandirlərinin üzlərində gəzdirdi, – sualı olan varmı? – deyə soruşaraq saatına baxdı.

Qrup komandirləri onu başa düşdüklərini təsdiq edərək:

         – Döyüş əmri tamamilə aydındır, – deyə cavab verdilər.

        – O zaman gedin əmri şəxsi heyətinizə çatdırın, beş dəqiqə sonra tabor döyüş mövqelərinə doğru hərəkət etsin. Bir saat sonra hücum əmri verəcəm.

Qrup komandirləri:

         – Oldu, cənab mayor! – deyərək toplantıdan ayrıldılar.

II

Ermənilər Dağyurdunun tezliklə hədəf olacağını bildiklərindən kəndin ətraf təpəliklərində qazdıqları istehkamlara girib gizlənərək sıra ilə keşik çəkirdilər. Onlar termal kameralardan və digər müşahidə vasitələrindən ətrafı izləyir, qəfil hücuma məruz qalmamağa çalışırdılar.

Ərazinin çətin relyefə sahib olması hücum edən tərəfə olduğu kimi onlara da çətinliklər yaradırdı. Sıx ağaclarla örtülmüş konusvari təpələr, sərt yamaclı yarğan və qayalıqlar vizual müşahidə imkanlarını məhdudlaşdırırdı. Xüsusi təyinatlılar açıq yollarla hərəkət etmədiklərindən onları heç dronlarla da tapmaq imkanları yox idi.

Düşmən intizar içində idi. Tələm-tələsik tikdikləri sığınacaqlarda oturub siqaret çəkir, payız yağışının isladıb palçığa döndərdiyi səngərlərdə gəzişib yaxında gələcək ölümü gözləyirdilər. Səhərə yaxın çağırılmamış qonaq kimi gələn yuxu diqqətlərini dağıdır, kirpiklərindən asılıb göz qapaqlarını aşağı çəkirdi.

Anidən fışıltıyla göyə yüksəlib başlarının üstündə asılı duran işıqlandırma fişəngi onları əməllicə qorxutdu. Hər biri silahına sarılıb səngərlərdəki yerlərinə qaçışarkən yanlarına düşüb partlayan əl qumbaraları və üstlərinə gələn yaylım atəşləri ilə çoxu nə baş verdiyini anlamadan öldürüldü.

III

Döyüş yerlərinə hərəkət əmri verildiyində Cavid və Humay onları müşayiət edən iki pulemyotçu və daha bir snayper cütlüyü ilə birlikdə sağ cinahdakı dərəni keçərək cığırla qayaların arasından yuxarı dırmanmağa başladılar. Düşməni sağ tərəfdən görən yüksəkliyə çıxaraq mövqeləndilər. Adsız yüksəkliyin hər zirvəsində bir-birilərindən on-on beş metr aralı pulemyotçular, onların sağında və solunda isə snayper cütlükləri mövqeləndi. Cavid termal kamera ilə ən yaxın və uzaq düşmən mövqelərini tapıb oriyentirlərini çıxararaq hesablamalar apararkən Humay başını qaldırıb yarpaqların arasından görünən səmaya baxdı. Yuxarılarda əsən güclü külək buludları bölüb parçalayır, qabağına qatıb qovurdu. Ay gözə dəymirdi, amma təkdən bir görünən ulduzların solğun işıqlarının gümüşü rəngə boyadığı qaranlıqda dərənin o tərəfindəki evlərin silueti optik nişangahın durbinindən görünürdü.

Humay ah çəkib gözünü nişangahdan çəkdi. Cavidə sarı boylandı. Ağzını açıb nəsə demək istədi, amma fikrini dəyişib susdu. Tabordan ayrıldıqdan sonra nəsə narahat idi. Ürək döyüntüsü artmışdı, başı da bir tərəfdən hərlənirdi. “Nə oldu mənə? – deyə nigarançılıqla soruşub gicgahlarını, boynunu ovuşdurdu. – Yoxsa dağmı vurdu?” Bu sualına özü də gülümsədi. Axı onun doğulub boya-başa çatdığı kənd dəniz səviyyəsinə görə bu dağlardan daha yüksək idi. Fikri anasına getdi: “Görəsən, neyləyir indi? Sağ-salamatdırmı? Eh, mən də çox vəfasızam. Savaşa gəldiyimdən bir dəfə də olsun zəng vurub yazıq qadının əhvalını xəbər almamışam. Bu kəndi alaq, gərək mütləq anama zəng eləyim”, – deyə düşündü. Saatına baxdı. Qaranlıqda bozaran siferblatdan başqa bir şey görə bilmədi. Qaşlarını çatıb: “Hə, Elçin, səni də gör nə vaxtdır unutmuşam, gərək başım ayılan kimi oturub doyunca dərdləşək”, – dedi.

Cavidin qulaqlıqdan gələn səsi onu özünə gətirdi:

        – Təkrar edirəm, ilk hədəf bir istiqamətində, məsafə 426 metr, yüksəliş düzəlişi 3.1 milyəm, küləyə görə düzəliş 1 milyəm.

     Görünür, Cavid bir dəfə hədəfin nişangah düzəliş məlumatlarını demiş, o duymamışdı. Tez radiostansiyanın mikrafonuna pıçıldayıb məlumatı təkrarladı. Yan və üst barabanları tənzimləyərək hədəfi nişan aldı.

Sol gözünü qıymışdı, sağ gözünün önündən də sel axırdı. Ona nə olmuşdu? Silahın qundağını yerə qoyub öz-özünü şapalaqladı. Flyaqasını çıxarıb bir qurtum su içdi, əlini isladıb boynuna-boğazına çəkdi. Ovcuna su doldurub üzünə vurdu. Bir az özünə gəldi, pıçıldayıb: “Tanrım, gülləmi hədəfimdən yayındırma”, – deyə dua etdi. Yenidən silahını götürüb nişan aldı. Elə bu vaxt işarə verildi. Tətikdəki barmağı əsirdi. “Yox, bu gün nəsə olacaq, – deyə pıçıldayıb, – nə olacaqsa-olsun, hər gün şəhid düşən lay divar kimi oğlanlarımızdan artıq deyiləm ki?” – deyə düşündü. Rahatlamışdı. Bir an bədəninə yüngüllük gəldi. Elə bil çiyinlərindən dağ götürdülər. Hədəfi yenidən axtarıb tapdı, artiklin mərkəzinə qoyaraq tətiyi çəkdi.

Cinah dəstək qrupları ermənilərin ön postlarını arxa tərəfdən çəpinə gördüklərindən atəş əmri verilən kimi açıq hədəflərində olan düşmənlərin bir neçəsini öldürdülər. Xüsusi təyinatlılarımız düşmən mövqelərinə girdiklərində isə onlara “atəşi kəs” əmri verildi. Hədəf postlar qısa müddətdə qəfil hücumla ələ keçirilmiş, itki verilməmişdi. Taborumuz sursat ehtiyatlarını düşməndən bərpa edərək onların əsas müdafiə xəttinə hücuma keçəndə dəstək qrupları da plana uyğun olaraq irəlilədilər. Artıq mərkəzi dəstək qrupu ikiyə bölünərək ələ keçirilən düşmən postlarının yerləşdikləri təpələrin Dağyurdu tərəfində mövqelənmişdilər. Cinah dəstək qrupları da iki yerə bölündülər. Birinci qruplar yerində qalaraq düşmən xəttini yanlardan atəşə tutarkən, ikincilər əvvəlcədən müəyyənləşdirilmiş yüksəkliklərə çıxmaq üçün hərəkət etdilər.

Cavid qrup komandirindən yerdəyişmə əmrini alan kimi: –İkinci nöqtəyə! – deyə Humaya səslənərək ayağa qalxdı, onun tüfəngini də götürərək ağacların, kolların arası ilə təpə enişə qaçmağa başladı. Humay ona yetişərək silahını istədi:

          – Ver, özüm daşıyaram.

          – Lüləsini kol-kosa ilişdirib gecikəcəksən, gəl dalımca! – deyərək onu tələsdirdi. Təpəni enib düzənliklə qaçırdılar. Sıx itburnu, gicitkən, böyürtkən kolları əllərini, üz-gözlərini cızıb-qanadır, vaxtında qarşıdakı yamaca çatıb yüksəkliyə qalxmalarına mane olurdu. Cavid geri qalan Humayın əlindən tutub arxasınca çəkərək:

        – Tələs, Humay! – deyə qıcadığı dişlərinin arasından bağırdı.

Pulemyotçu öndə, onlarsa arxada qarşıdakı yüksəkliyə çıxıb uyğun mövqe seçərək uzandıqlarında nəfəs-nəfəsə qalmışdılar. Humayın açıla qalmış ağzı qurumuş, dodaqları çatlamışdı. Sinəsi körük kimi qalxıb-enirdi.

Pulemyotçu yan yatmış ağaclardan birini özünə mövqe seçib arxasında uzandı. Artıq hava işıqlanmağa başladığından pulemyotunun nişangahına bağladığı termal kameranı çıxarıb optik nişangahla əvəzlədi. Düşmənin əsas mövqelərinə sağ arxa tərəflərindən atəş açmağa başladı.

Cavid düşmən səngərlərini, həmçinin Dağyurdu kəndini rahat müşahidə edə biləcəyi bir yer seçib uzandı. Zirehli gödəkcəsini soyunub önündə maneə düzəltdi. Səngərlərlə aralarındakı məsafəni çıxararaq kestreldə külək yüksəklik kariolis və deravasiya düzəlişlərini hesablayıb otuz metr solunda uzanan Humaya:

       – Sən nişangahına düzəliş et və səngərdəkilərlə məşğul ol,–deyə tapşırıq verdi. – Kənddəki snayper postları və artilleriya batareyalarının şəxsi heyətləri ilə mən özüm məşğul olacağam. Ən yaxın hədəflər üçün məsafə səkkiz yüz otuz yeddi metr, yüksəliş düzəlişi 6.2 milyəm, külək 3 istiqamətindən 5 mil, küləyə düzəliş 0.6 milyəm, doqquz yüz metrdəki hədəflər üçün yüksəliş düzəlişi 7.2 milyəm.

İndi ikinci yarımqruplar düşmən müdafiə istehkamlarını arxa cinahdan görərək həm onları, həm də kəndin içində görüntü verən hədəfləri atəş altında saxlayırdılar. Amma özləri düşmənin əlində olan ərazilərə girdiklərindən hər an arxa tərəflərindən hücum edən və ya Dağyurdu kəndinə köməyə tələsən erməni bölmələrinin mühasirəsinə düşə bilərdilər. Buna görə də Cavid düşmənin fikrini yayındıraraq mühasirə effekti verdikdən sonra pulemyotçunu onların mühafizəsini təşkil etməsi üçün təpənin arxasına göndərdi.

Kənddəki evlərin arasındakı erməni qruplaşmalarını müşahidə edən Cavidin ilk hədəfi taborumuzun əsas bölmələrinin hücum istiqamətinə mərmi yağdıran reaktiv artilleriya qurğusunun operatoru oldu. İkinci hədəfini isə təsadüfən aşkar etdiyi düşmən snayperi idi. O, təpəciyin üstündə yerləşən ikiqatlı evlərdən birinin dəmir dam örtüyünün çöldən giriş üçün quraşdırılmış metal qapsağını açıq qoyaraq uzanmışdı. Atışlarının arasında xeyli fasilələr olmasından əsgərlərimizi yaxşı müşahidə edə bilmədiyi hiss olunurdu. Növbəti atışı zamanı Cavid onun tüfənginin lüləsindən çıxan alovu gördü. Diqqətlə müşahidə edərək erməni snayperinin silahının lüləsini və damın üstündəki uzanma istiqamətini aşkar etdi. Dişlərinin arasından: – Ay səni, alçaq! – deyə qəzəblə pıçıldayıb evin damı ilə aradakı məsafəni ölçdü:– Min iki yüz səksən yeddi metr.

Onun olduğu yerdən qapsağın bir hissəsi və morlatın kənarına qədər çıxmış lülə görünürdü. Erməni snayper özü dam örtüyünün arxasında görünmədiyndən Cavid silahın lüləsinin uzunluğundan onun uzandığı yeri təxmin etdi.

Məsafəni kestrelə girərək üstündəki qapağı açıb flügeri küləyə tutdu. Arxasındakı sensorlardan digər məlumatları da aldı. Cihazın ekranında görünən avtomatik hesablamanın nəticəsinə görə tüfənginin nişangahına üst barabandan 13.8 milyəm yüksəliş və yan barabandan 2.2 milyəm sağa düzəliş verdi.

Artiklin mərkəzini dam örtüyünün sübh günəşindən parıldayan dəmirinə qoydu. Erməni snayper yerdə açdığı keçənin üstündə uzanıb gözünü tüfənginin durbinindən çəkmədən hədəf axtarırdı. Cavidin dam örtüyünü dəlib keçən baxışları onun uzanma vəziyyətini görür, beyin dalğaları radar kimi hər hərəkətini tutub zehnində canlandırırdı. “Düz ürəyindən vuracam”, – deyə pıçıldayıb artikli dəmirin üstündə azacıq sola sürüşdürdü, nəfəsini tutub tətiyi ehmalca özünə sarı çəkdi. Sanki yaxınlığındakı ovunu ürküdüb qaçırmaqdan qorxurdu. Tüfəngin qundağı zərblə çiyninə çırpıldığında sürgünü tutub geri çəkdi. Patron yuvasına daha bir patron qoyaraq irəli itələyib yenidən hədəfi müşahidə etməyə başladı. Güllə önündəki havanı yarıb arxasında burulğan yaradaraq irəlilədikcə Cavid səbirsizləşir, əsəbləri son həddədək gərilirdi. O, hədəfi ilk güllədən vura bilməsə, onu birdəfəlik əlindən qaçıracağını bilirdi. İçi çəkilir, ürəyi sıxılırdı. Nəbzi gah boğazında, gah da gicgahlarında döyünür, qulaqları uğuldayırdı. Ən vacib hədəflərə belə güllə atanda bu qədər həyəcanlandığını xatırlamırdı. İndi illərin peşəkar snayperi, yarışların, turnirlərin qalibi dönüb əlinə ilk dəfə silah alan gənc çağırışçı olmuşdu. Həyəcanından sol gözünü elə qıymışdı ki, az qala qaşı yanağına dəyəcəkdi.

Güllə dam örtüyünə dəlib keçdiyində ürəyi atlandı, baxışlarını düşmən snayperinin tüfənginin morlatın üstündən görünən lüləsinə çevirdi. Tüfəngin qundağı oynadığından lülə sovruldu, ayaqlarından biri sürüşüb çölə düşdü. Erməni snayper instinktlə silahını qavradıqda ikinci güllə də dam örtüyündən keçərək ona dəydi. Əlləri boşaldı, kənara sovrulan tüfəng qapsağın böyrünə ilişib qaldı.

Cavid dərindən nəfəs alıb növbəti hədəfini axtarmağa başladı.

IV

Ermənilər çətin vəziyyətə düşdüklərindən dərənin sağ tərəfində, Dağyurduna paralel yerləşən yaşayış məntəqəsindəki batalyondan kömək istəmişdilər. Köməyə göndərilən taqım cığırla kəsələmədən irəliləyib Cavidgilin üstündə mövqeləndiyi yüksəkliyin sağ yamacından keçməli idilər. Onlar gəlib mühafizədə təkbaşına dayanan pulemyotçunun yaxınlığına çatdıqda önlərinə ard-arda düşən iki qumbara və ardınca gələn yaylım atəşi sıralarını pərən-pərən saldı, ayaq üstə qalanları biçib-tökdü.

Özlərini ağacların, kolların arxasına atan düşmən əsgərləri cavab verdiklərində atışma başlandı. Pulemyotçu döyüşə davam edərkən ermənilərin basqınına məruz qaldığı ərazinin koordinatını verərək təcili kömək istədi. Əgər düşmən onların mövqeləndikləri təpəni ələ keçirsə, Dağyurdunu mühasirəyə salmaq planı baş tutmayacaqdı Sağ cinahdan təhlükəsizliyi təmin olunan düşmən ön cəbhəyə daha çox diqqət ayıra biləcəkdi. Təpənin arxasından gələn güllə və partlayış səslərini eşidən Cavid pulemyotçu ilə əlaqə saxlayıb düşmənin təxmini sayını öyrəndikdən sonra Humaya: “Sən burada qal və təkbaşına vəzifəmizi icra etməyə davam et, mən köməyə gedirəm”, – deyib əşya çantasını orada qoydu. “VSS-94” tüfəngini götürərək yoldaşının yardımına tələsdi. Digər yüksəklikdəki snayper cütlüyündən bir nəfər də qrup komandirinin göstərişi ilə onlara yardıma göndərildi.

Ermənilərin bir qismi pulemyotçunu arxadan vurmaq üçün manevr edərək ağacların arası ilə təpənin üstünə qalxmağa çalışırdılar. Özünü yetirən Cavid onları öncə görüb cəld ağacın dalına keçərkən əlindəki “VSS” ilə öndəkini vurdu. İkinci düşmən əsgəri də güllələrdən nəsibini alıb yerə sərildi. İki yoldaşının öldürüldüyünü görən üçüncü əsgər dönüb qaçmaq istədiyində onu da arxadan vurub əsgər yoldaşına:

          – Gəldim, qadası, yanındayam, – deyə radiostansiya ilə xəbər verdi.

          – Lap Xızır kimi yetişdin, Cavid.

          – Darıxma, qadası, yenə kömək gəlir.

Tabor komandirinin əmri ilə mərkəzi atəş dəstək qrupundan qaldırılan kamikadze dron düşməni yuxarıdan izləyib sayları və silahları haqqında mərkəzə məlumat göndərdikdən sonra operatorun komandası ilə dalışa keçdi. Düşmən əsgərlərinin başları üzərində partlayaraq bir neçəsini öldürdü.

Bir saatdan artıq davam edən döyüşdə Xüsusi təyinatlılarımız düşmən taqımını tamamilə məhv edərək, döyüş ehtiyatlarını onların sursatları ilə bərpa etdilər. Cavid Humayın yanına qayıdarkən pulemyotçu yerini dəyişib yenə mühafizədə qaldı, digər snaypersə döyüş mövqeyinə döndü.

V

Günəş ağacların üstündən boylanıb baxır, insan oğlunun min illərdir bitməyən savaşına şahidlik etməkdən yorulubmuş kimi küləyin qovub gətirdiyi buludların arxasına girib gizlənməyə can atırdı.

Taborun əsas bölməsi düşmən istehkamlarını ələ keçirmək üçün son həmləyə qalxdı. İşğalçılar da, vətənini yağılardan azad etmək üçün savaşanlar da Tanrını köməyə çağırırdı. “Miatsum” ideyalarının zəhərlədiyi beyinlərlə zehninə ləkələnmiş namusunu təmizləmək hakim olanlar bir-birilərini boğazlayır, qan su yerinə axırdı.

Və Dağyurdu kəndinin təpəliklərində bir ovuc Xüsusi təyinatlı ilə ermənilərin bütöv bir alayı arasındakı ölüm-dirim savaşı bütün şiddəti ilə davam edirdi…

Hücum edərək səngərlərə doluşan Xüsusi əsgərlərlə ermənilər arasındakı savaşın mərkəzində döyüşən Niftəliyev Mehrab sinəsindən yaralandı. Zirehli gödəkcəsinin preslənmiş pambıq laylarının arasından keçən süngü qabırğalarının arasından keçərək ciyərlərini doğramışdı… O, bir anlıq dayandı. Sanki zaman və məkan da onunla birgə dayanmışdı. Külək əsmir, yer fırlanmırdı. Yarpaqlar olduqları yerdəcə donub qalmışdılar. Hər yan qaranlığa qərq oldu. Ətraf işıqlananda Mehrabın qulaqlarında dəhşətli uğultu var idi. Tutulub saxlanmış zaman qaçıb öncəkinə çatmaq istəyirmişcəsinə sürətlə axıb getdiyindən başı hərləndi. Tiyəsindən qan süzülən bıçağı əlindən düşdü. “Bu da son”, – deyə düşündü. Gücünü toplayıb zirehli gödəkcəsinin sinəsinin hər iki tərəfindəki cibciklərinə qoyduğu qumbaraların halqalarından tutaraq çəkib çıxartdı. Bir cüt qoruyucu torpağa düşüb tox metal səsi çıxaranda ikinci zərbəni boğazından aldı. Kəsilmiş şah damarından fəvvarə kimi çənəsinə vurub süzülən qan onu başdan ayağa al-qırmızı rəngə boyadı. – Vətən uğrunda! – deyə bağıraraq əsgər yoldaşlarını geri itələdi. Kom halda bir-birilərini qoruyaraq savaşan ermənilərin içinə daldı…

Mehrabın qəhrəmanlığı ilə ruhlanan yoldaşları yaralı aslan kimi irəli sıçradılar. Savaşı qazana bilməyəcəklərini anlayan erməni döyüşçülər həyatda qala bilmək üçün fürsət tapıb qaçmağa başladılar. Onların ilk qrupları istehkamları tərk etməyə başladığında qorxu panikaya çevrildi. Artıq hər kəs silahını, sursatını ataraq qaçıb canını qurtarmağa çalışırdı…

VI

Dağyurdu kəndini qoruyan əsas istehkamları ələ keçirən Xüsusi tabor təpələrin kəndə tərəf yamaclarına keçib mövqelənərkən atəş dəstək qrupları da döyüş planına uyğun olaraq növbəti mövqelərinə irəlilədilər.

Düşmənin ikiqat müdafiə səddini yararkən Xüsusi təyinatlılarımız xeyli sayda itki verdiklərindən komandir vəziyyəti qiymətləndirərək, qərargahdan canlı qüvvə və hava-dron dəstəyi istəyib yardım gələnədək müdafiədə qalmağa qərar verdi. Onlar meşəlik-kolluq yamaclarda yanlarında gəzdirdikləri qısa, qatlanan saplı istehkam belləri ilə tez-tələsik qazdıqları bir nəfərlik çuxurlara girərək düşmənin fasiləsiz sürən atəşlərindən qorunmağa çalışırdılar. Yamac reaktiv artilleriya atəşinə tutuldu. İlk yaylım atəşində mərmilərin partlayış və qəlpə dalğalarından ağaclar köklü-köməcli yerindən çıxaraq sovrulur, yumşaq torpaqda nəhəng çuxurlar açılırdı. Əsgərlərimiz əraziyə görmə məsafəsində dağılışdıqlarından partlayışlardan az zərərlə qurtulurdular. İstənilən halda burada sonadək qalmaq mümkün deyildi. Tabor komandiri: – İstiqamət şimal-şərq, beş yüz metr sıçra! – deyə əmr verdi. Taborun ilk yerdəyişməsindən sonra bu əmri artilleriyanın atəş sektorundan çıxanadək bir neçə dəfə təkrar etdi. Artıq mərmilər xeyli uzaqda partlayırdı. Hər kəs bir nəfərin gizlənə biləcəyi çuxur qazıb içinə uzandı. Gecədən bəri fasiləsiz döyüşürdülər. Bir də daşımalı olduqları ağır yük, silah-sursatla iki kilometrə yaxın məsafəni sürətli qaçışla qət etmələri onları yorub əldən salmışdı. Çuxurların içindəcə uzanıb nəm torpaqla yarıaçıq qalmış dodaqlarını isladıb susuzluqlarını keçirməyə çalışırdılar.

Tabor komandiri saatına baxdı. Komandanlığın Dağyurdu kəndinin azad olunması üçün qarşılarına qoyduğu vaxtın tamam olmasına az qalmışdı. O, yardım gəlməsini gözləməyərək qərarını verdi. Arxadakı mühafizə qrupu və cinah yarımqruplarının onlara yaxın olanlar daxil hər kəs hücumda iştirak edəcəkdi. Bu əsl taran idi. Ya düşməni Dağyurdundan qovub çıxaracaq, ya hamısı birlikdə həlak olacaqdılar. Komandir radiostansiya ilə mühafizə və mərkəzi atəş dəstək qruplarını əsas bölmələrin yanına çağırdı. Şəxsi heyət arasında yenidən bölgü apararaq qruplardan birini sol cinah ön atəş dəstək qrupunun yanına göndərib: – Özünüzlə bir ədəd spayk götürərək yolun yaxınlığındakı yüksəkliyi tutun. Kəndə bütün girişləri bağlayın, çıxışı sərbəst buraxın, – deyə göstəriş verdi. İkinci yarımqrupu isə qalan spayk qurğu və mərmiləri ilə birlikdə düşmən texnikalarını zərərsizləşdirmək üçün mərkəzdəki vulkanik təpəyə göndərdi. Bu vaxt səmanı müşahidə edən əsgərlərdən biri:

        – Zərbə dronları gəldilər! – deyə sevinclə bağırdı.

Ermənilərə də axın-axın yardım gəlməkdə idi. Düşmən əsgərlərini daşıyan avtomobil karvanı kəndə girərkən maşınların sürücüləri cinah dəstək qrupundakı snayperlər tərəfindən vuruldular. Avtomobillərdən enən düşmən əsgərləri yaxınlıqdakı meşəyə doluşdular. Onlar sıx ağaclıqda snayperlərin sərrast güllələrindən qorunmağa çalışarkən bir tərəfdən də kəndə girməklə geri qayıtmaq arasında qalmışdılar.

Zərbə dronları düşmənin reaktiv artilleriya qurğularının, toplarının, minamyot batareyalarının üzərinə çırpılaraq dəhşətli gurultu ilə partladığında tabor komandiri:– Hücum! – deyə bağıraraq ayağa qalxdı.

VII

Günəş qüruba enərkən qızılı şəfəqləri buludları al-qırmızı rəngə boyamışdı. Sanki sağdan-sola, soldan-sağa dəlib keçən mərmilərin yaraladığı göyə qan çilənmişdi. Pulemyotçu və snayper cütlüyü sıldırım yamaclı dərənin kənarında, seyrək meşə və kolluqların örtüb gizlətdiyi yüksəklikdə mövqelənib kəndi sağ cinahdan atəşə tutur, Xüsusi təyinatlıların hücumunu dəstəkləyirdi. Maskalanmış çardaqların altında gizlədiklərindən zərbə dronlarının bombardmanından xilas olan bəzi düşmən texnikası arabir çardağın altından çıxaraq atəş açır, tezcə də yerlərinə qayıdıb gizlənirdilər. Mərkəzdəki spayk heyətinin atdığı “atəşlə unut” proqramı ilə işləyən bir mərmi geri çəkilən tankın ardınca çardağın altına girib partladı. Yaxınlıqdakı tikililər alov aldı. Yanan evin damından düşüb qaçmağa çalışan snayperi hədəf alan Cavid onu kürəyinin ortasından vurdu. Divara çırpılan snayperin tüfəngi əlindən düşdü. Özü də bərk-bərk qucaqladığı nərdivanı buraxıb başıaşağı yuvarlandıqda Cavid dodaqaltı: – Bu da iyirmi üç, – dedi.

Onlar kəndin içində görüntü verən erməni əsgərlərini bir-birinin ardınca vurduqlarında düşmənin də pulemyotçunun atəş açdığı yeri dəqiqləşdirərək koordinatını çıxardığından xəbərləri yox idi.

Cavid termal kameranı çıxardı. Menyudan clip-on rejiminə tənzimləyərək optik nişangahın önünə bağladı. Kənddəki evlərin metal örtüklü damlarında düşmən snayperlərini axtarırdı. Birini tapdı. Erməni snayper uzanaraq dam örtüyünün altından bizim əsgərləri hədəfə almaq istəyirdi. Kim bilir, bu günə qədər əli neçə əsgərimizin qanına batmış, neçəsini gənc yaşında həyatdan qoparmışdı. Artiklin mərkəzini onun sol qoltuğunun altına qoyarkən dişlərini nifrətlə qıcadı. Tətiyi ehmalca özünə sarı çəkdi. Səssizcə uzanıb gülləni izləyirdi. Onun hədəfə uçarkən havanı fışıltı ilə yarmasını duyur, çıxardığı sonik partlayışları eşidirdi. Erməni snayper uzandığı yerdən göyə sıçradı. Elə bil yüksək gərginlikli tok vurmuşdu. O, yerə düşüb hərəkətsiz qaldığında tüfənginin sürgüsünü geri çəkib daha bir patron qoydu, irəli itələyib bağladı. Yeni hədəf axtarmağa başladı.

Çardağın altından çıxan tank lüləsini onlara tərəf çevirdi. Cavid yerlərinin aşkara çıxarılaraq tank heyətinə koordinat verildiyini anlayıb qrupdaxili radiostansiyaya: “Şərqə yüz əlli metr sıçra!” – deyə bağırdı. Birlikdə qalxıb qaçarkən tankın lüləsindən çıxan alovu gördü. Yaxınlıqlarına düşən mərmi dəhşətli gurultu ilə partladı. Pulemyotçu yerindəcə həlak oldu. Bir addımlığına düşən mərminin qəlpələri onun vücudunu parçalayarkən ruhu xınalı kəklik kimi pırıldayıb səmaya qalxdı. Zərbə dalğası Cavidi kağız parçası kimi sovuraraq kolların üstünə atdı. Sürünüb kənara çıxarkən gözləri Humayı axtardı. O, üzüaşağı yerə çırpılıb yuvarlanaraq iri bir ağacın gövdəsinə dəyib dayanmış, hərəkətsiz yatırdı. Qalxıb yanına yürümək, yardıma ehtiyacı olub-olmadığını soruşmaq istədi. Ayağından fəvvarə verib axan qanı gördüyündə, tez dayanıb şalvarındakı hazır turniketlə ayağını bağlayaraq qanaxmanın qarşısını almağa çalışdı.

Artıq Humay da özünə gəlmişdi. Üst-başını yoxlayıb yaralanmadığını gördü. Daxili qanaxmasının olub-olmadığını yoxlamaq üçün xəfifcə öskürdü. Hər şey qaydasında idi. Sadəcə, səs şokundan qulaqları batmışdı, başı hərlənirdi.

Cavid də ayağına sarğı qoyub ərazidən uzaqlaşmaq üçün yuvarlanıb təpədən aşağı enərək onun yanına gəlmişdi. Humay ona arxası üstə uzanmasını söylədi. Zirehli gödəkcəsinin qaytanlarını açaraq sinəsini ağırlıqdan qurtardı. Budundakı sarğıya baxdı. Hələ də qan süzürdü. Arteriyanın qırıldığını anladı. Tibb çantasından çıxardığı jqutla budun dibindən bir daha bağladı. Piramidol vurub daxili qanaxmasının olub-olmadığını yoxlamaq üçün bədənini əli ilə müayinə edib öskürtdü.

          – Narahat olma, başqa yerində yaran yoxdur, – deyib üzünə baxdı, sifətinə nur gəlmiş, gözəlləşmişdi. – Belə oğula necə qıydınız, alçaqlar! – deyə ürəyindən keçirdi, gözləri doldu.

Üzünü yana çevirib:

– Pulemyotçu harada, onu görmədin ki? – deyə soruşdu.

– Gördüm, – deyib ah çəkdi, gözləri nəmləndi…

Cavid qan itirməyə davam edirdi, bu vəziyyətdə onu hərəkət etdirmək də olmazdı. Təcili təxliyə olunmalı idi. Humay radiostansiyanın kanalını dəyişərək qrup komandirinin kanalına girdi. Mikrafona: – Pulemyotçu şəhid oldu, Cavidsə yaralıdır. Təcili təxliyə üçün qrup göndərin, – dedi. Qulaqlıqda nə səs var idi, nə də xışıltı. Kanalları bir-bir dəyişərək yoxladı. Batareya bitmişdi. Cavidin radiostansiyasının batareyasını çıxarıb özününkünə saldı. Düyməni sıxaraq yardım istədi. Qulaqlığa xışıltı düşüb kəsildi. Qəzəbindən: “Əclaf bitməyə vaxt tapdı”, – deyə bağıraraq radiostansiyanı yerə vurub parçaladı. Cavid təbəssümlə:

        – Narahat olmayın, Humay xanım, kömək gəlməyəcək.

        – Darıxma, Cavid, bir yolunu tapıb səni buradan çıxaracam.

        – Nə darıxması, mən missiyamı yerinə yetirdim.

Humay onun əlini buraxıb ayağa qalxmaq istədikdə:

       – Hara gedirsən? – deyə soruşub altdan yuxarı üzünə baxdı.

       – Gedirəm, kömək gətirəm.

       – Bayaq komandanı eşitmədinmi? Atəş dəstək qrupları xaric, hər kəs kəndə hücuma keçib. Getmək istəyirsənsə, get, ancaq kimisə döyüşdən ayırıb gətirmə, özün də onlara qoşul. Kəndi azad etdikdən sonra gəlib məni apararsınız. Səhərədək burada sizi gözləyərəm.

Humay qayıdıb oturdu. Ehtiyatla onun başını qaldırıb qucağına aldı, dizinin üstünə qoyub:

       – Heç yerə getmirəm, Cavid.

Cavid əlini salıb köynəyinin cibindən bir şəkil çıxartdı, Humaya verib:

       – Bunu saxla, savaşdan döndükdən sonra Tovuzun Alakol kəndinə gedib sahibinə verərsən.

Humay dəbilqəsinin üstündəki təkgöz gecəgörüş cihazını endirib baxdı. Cavid bir xanımla yan-yana dayanmışdı. İkisi də gülümsəyirdilər. Külək qızın saçlarını oynadıb bir-birinə qarışdırırdı. Humay sanki fotoşəklə deyil, videoçarxa baxırdı. Qız çantasından güzgüsünü çıxarıb baxaraq razılıqla dodaqlarını büzdü. Üzünə düşmüş telini götürüb qulağının ardına keçirdi. Güzgünü yerinə qoydu. Cavidin qolunu qucaqlayıb özünə sıxdı. Fotoqrafa dönüb gülümsəyərək: – Çək, – dedi. Fotoşəklin arxasını çevirdi. İncə hərflərlə, – “Bizi ölüm belə ayıra bilməz!” – yazılmışdı.

Gözlərindən süzülən iki damla yaş şəklə düşüb Cavidin üzünə sıçradı.

        – Nə oldu, dəli qız? Niyə ağlayırsan?

Şəkli zirehli gödəkcəsinin altından köynəyinin döş cibinə qoyub əlinin arxası ilə gözlərini sildi:

         – Heç, nişanlındırmı?

         – Hələ deyikliyik, nişan müharibədən sonra, – deyib ah çəkdi.

         – Nişanına da gələcəm, toyuna da. Humay onun bənizinin saraldığını görüb söhbətə tutaraq başını qatıb özündən getməsinin qarşısını almaq istəyirdi. Elə bil Cavidin də çənəsi açılmışdı. Danışmaq, özü haqqında hər şeyi demək istəyirdi:

       – Humay, mənim iki bacım var. Böyüyü Aytacdır. O, indi evlidir. Mən deyiklimlə danışanda ona demişdim ki, qızımız olsa, adını Sevgim qoyacam. Bacım da bu söhbəti eşidib demişdi ki, birinci qız kimdə olsa, o, adını Sevgim qoysun. İndi bacım səkkiz aylıq hamilədir. Müharibəyə gəlmədən məni muştuluqladılar ki, bəs qız dayısı olacaqsan. Mən də Aytacı yığıb dedim ki, sən qabağa düşdün. Qoy sənin qızının adı Sevgim olsun. Dayısının sevgisi…

         – Nə gözəl, Cavid, adıyla yaşasın.

Cavid davam edirdi:

         – İkinci bacımın adı Ləmandır. O, buraxılış sinfində oxuyur. Gördüm ki, oxumaq, təhsilini davam etdirmək istəyir, onunçün müəllim tutdum ki, yaxşı hazırlaşa bilsin.

        – Ləman neçənci qrupa hazırlaşır?

        – Qrupunu-zadını bilmirəm. Tibb universitetinə hazırlaşır, həkim olmaq istəyir. Mən də dedim oxusun, qəbul olub gələr, o vaxtacan mən də evlənib Bakıdan ipotekaynan ev alaram, birlikdə qalarıq.

Cavid dayanıb dərindən nəfəs aldı. Elə bil havası çatmırdı. Uzandığı yerdə qurcuxmaq istədi. Humay onu sakitləşdirərək:

        – Sənə hərəkət etmək olmaz, – deyib əlini uzadaraq ehmalca yarasının ətrafına toxundu. Qanın kəsilmədiyini, hələ də axmaqda olduğunu görüb, – bir az da səbr et, indi özümüzünkülər də gələcəklər. Bax, görürsənmi, kənddə atışma səsləri də azalıb. Komandir göndərdiyi qrupları geri çağırarkən bizim olmadığımızı görüb mütləq ardımızca adam göndərəcəkdir, – deyə əlavə etdi.

Cavid əlini qaldırıb ümidsizcə yellədi, qurumuş dodaqlarını yalayıb:

         – Su, su istəyirəm, Humay, flyaqanda yoxdu ki? – deyə soruşdu.

Humay əşya çantasından götürdüyü salfeti isladıb onun dodaqlarına sürtdü:

        – Yezidliyin tutmasın da, Humay.

        – Boyuna qurban, mən həkiməm, bilirəm ki, yaralıya su olmaz…– Humayın gözlərindən sel kimi axan sular çənəsindən süzülüb Cavidin üz-gözünə damlayırdı.

        – Yaxşı, bir söz demədik, sən də nə gözüsulu qız çıxdın belə. Sonra nəsə xatırlayıbmış kimi:

 – Elçin kimdi, Humay? Yadındadırmı, Tuğa gedəndə demişdin boş vaxtımız olanda danışacaqsan, indi danış görüm.

Humay yeni mövzu çıxdığına sevinərək Elçin barəsində danışmağa başladı. Xatirələrini nə qədər uzun tutub ətraflı danışmaq istəyirdisə də, yarım saat keçməmiş artıq hər şeyi danışıb bitirmişdi.

Cavid ölgün gözlərlə altdan yuxarı onu süzüb:

        – Səni bir aydır ki, tanıyıram, Humay, ancaq nəinki tanıdığımdan, hətta təsəvvür etdiyimdən belə qəhrəman qadınmışsan. Afərin, halal olsun, – dedi.

Humay tez-tez ona hiss etdirmədən ətrafına boylanırdı. Meşəni dinşəyərək özününkülərə aid bir səs eşitmək istəyirdi. Artıq kənd tərəfdə də sakitlik idi. Nə güllə səsi gəlirdi, nə də başqa bir səs. Yoldaşlarını yanına çağırmağın başqa yolu olmadığını düşünüb yaxınlıqdakı tüfəngini götürdü. Lülənin ağzına bağladığı supressoru açıb Cavidə:

        – Ard-arda üç güllə atacam, ­dedi.

        – Atsan, yaxşıdır. Yəqin ki, yerimizin vurulduğunu bilirlər. Hər halda axtarış qrupu da gəlib bizi təpənin başında axtaracaqdı.

Humay tüfəngin lüləsini havaya qaldırıb bir güllə atdı. Cəld hərəkətlərlə dolduraraq ikinci və üçüncü güllələri də atdı. Dağyurdu tərəfdən eyni sayda və fasilələrlə atış gəldiyində sevinclə:

         – Siqnalımız anlaşıldı, – deyib əyilərək Cavidin alnından öpdü. – Bir az daha döz, aslanım! İndi qardaşlarımız özlərini yetirəcəklər, – deyib gözlərini yumduğundan onu silkələyib ayıldaraq:

          – Cavid, sən heç atandan, anandan danışmadın axı, – deyə soruşdu.

          – Atamın adı Hümbətdir. Kənddə təsərrüfatla məşğul olur.

          – Elə bil bir dəfə Birinci Qarabağ savaşı qazisi olduğunu demişdin.

          – Hə, Humay, bədəni qəlpələrlə doludur, özü də kontuziya alıb.

Humay onu bacardıqca həyatda tuta bilmək üçün əlindən gələn hər şeyi edirdi. Əl altında piramidol və sarğı ləvazimatlarından başqa bir şey olmadığından, söhbətə tutub başını qatmaqdan başqa çarəsi qalmamışdı. Cavidin saçlarını oxşayır, incə barmaqları onun yanaqlarında, çənəsində gəzişirdi.

– Bəs anan, Cavid, o evdar xanımdır, yoxsa haradasa işləyir?

           – Yox, işləmir. Bir dəfə niyyətləndi ki, işləsin, zəng vurub abrını bükdüm ətəyinə. Dedim, nə badə işə gedəsən. Gəlib o iş yerini də yandıraram, oranın müdirini də. Ondan sonra daha işləmək adı çəkmədi. Dedim, ay ana, mən ölmüşəmmi, sən işləyəsən? Qazanıb sizə baxacam, puldan-paradan narahat olmayın.

        – Analar heç vaxt balalarına qıymır, ay Cavid.

        – Bəs ananın adı nədir?

Cavab gəlmədi. Humay qucağında onun getdikcə sustaldığını hiss edir, köməksizlikdən, çarəsizlikdən ürəyi partlayacaq kimi olurdu. Onun dodaqlarını yenidən suyla isladaraq təkrar soruşdu:

         – Cavid, axı ananın adını demədin.

         – Səringül.

        Cavid anasının adını elə həsrətlə, yanğıyla çəkmişdi ki, onun dodaqlarının arasından çıxan nəfəs Humayın üz-gözünü qarsaladı.

         – Anançün çoxmu darıxmısan? – deyə soruşdu.

Bu vaxt təpənin üst tərəfində gəzişən adamların ayaq səsləri gəldi. Hər ehtimala qarşı “VSS”-ni götürüb:

        – Kimdir orada? – deyə bağırdı.

         – Aslan 001.

Parolu eşidəndə sevincək öz parollarını deyib Cavidə səsləndi.

        – Demişdim, sənə xilas olacaqsan, qurban olduğum, bax, bizimkilər gəldilər.

Əli Cavidin buza dönmüş yanağına toxunduğunda səksəndi. Onun gözləri altdan yuxarı üzünə zillənmiş, dodaqları nəsə demək istəyirmiş kimi açıla qalmışdı.

Humay əllərini üzünə vuraraq: – Cavid!! – deyə hayqırdı. Onun səsi qurd ulartısı kimi qayalardan əks-səda verib dərə boyu yayıldı…

Təpəni qaça-qaça enən yoldaşları yanlarına çatıb diz çökdülər. Heç biri hönkürə-hönkürə ağlayan Humayı sakitləşdirməyə çalışmırdı. Onlar sağ əllərini döyüş yoldaşlarının üstünə qoyub qisasını alacaqlarına səssizcə and içirdilər.

Yuxu

I

Cavidin cənazəsini götürüb Dağyurduna gəldiklərində dan yeri sökülməkdə idi.

Sanitarlar yaralılara ilk yardım göstərir, ağır vəziyyətdə olanları kvadrasikllərlə Hadrutdakı tibb məntəqəsinə daşıyırdılar. Tabor komandiri həlak olanların cənazələrini də Hadruta göndərilməsi təlimatını verdi. Digər şəxsi heyətin sursat ehtiyatlarının düşməndən təmin edilərək növbəti hədəfə hərəkət əmri verdi. Tapşırığı icra et, bərpa olun, növbəti tapşırığa yollan. Bu Xüsusi təyinatlıların döyüş prinsipi idi….

 Humay tabor komandirinə yaxınlaşaraq xahiş etdi:

         – Cənab mayor, icazə verin, sizin taborunuzla getməyim.

Komandir onun üzünə baxaraq qaşını qaldırdı, təəccüblə:

         – Buradamı qalacaqsan? – deyə soruşdu.

         – Xeyr, cənab mayor, mən Laçına getmək istəyirəm.

         – Niyə Laçına?

         – Çünki Laçın mənim nisgilimdir.

         – Kəlbəcərdən Füzuliyə, Zəngilandan Ağdama Qarabağın hər qarışı bizim vətənimiz, bizim nisgilimizdir.

Humay ona məhz niyə Laçına getmək istədiyini izah etmək istədi. Yumruq boyda bir şey gəlib qırtlağında düyümləndi, qızarıb qan çanağına dönmüş gözlərindən yaşlar süzüldü.

         – Sizin kimi təcrübəli bir snayperin bizimlə qalmasını istərdim. İndi ki, getmək istəyirsən, yolun açıq olsun.

        – Çox sağ olun, cənab mayor.

         – Bəs necə gedəcəyini bilirsənmi?

         – Cavidin cənazəsi ilə Hadruta, oradan da Tuğdan keçməklə Laçın istiqamətində gedəcəyəm.

        – Yaxşı, uğur olsun.

       – Sizə də, cənab mayor.

Humay Cavidin cənazəsi yüklənmiş kvadrasiklə minib Hadruta yola düşdü. Yol boyu onun başını dizlərinin üstündə saxlayaraq saçlarını oxşayıb ağlayır, ağı deyirdi:

        – Bu dünyada hər şeyi çox gördün mənə fələk. Körpəliyimdən atadan yetim qaldım. Aman-zaman bir bacım vardı, on dörd yaşında əlimdən aldın. Gözümü açdım, Elçini görüb sevdim, xoşbəxtliyi çox gördün. Tək sirdaşımı – nənəmi yanına apardın. Yenə bədbəxt anamı ona arxayın olur, damın altında dərd ortağı var, deyirdim. Savaşın ortasında, qan gölündə bir qardaş tapdım, onu da bu gün əlimdən aldın. Mən sənə neyləmişdim, fələk?!

Kvadrasikl meşələrin içindən, dərələrdən keçərək irəliləyir, xəlvəti yollarla mənzil başına çatmağa tələsirdi.

Humayın göz yaşları yol boyu Cavidin üzünə damlayır, yanaqlarından süzülüb axırdı.

         – Qaraxanbəylidən bu yana sən məni qorudun, qardaş. Yeri gəldi bel çantamı, yeri gəldi silahımı daşıdın. İstirahət veriləndə məni yatırdıb özün qarovul çəkdin, yemək yeyəndə “doydum”, – deyib məni yedirtdin. Nə bilərdim ki, bir gün gələcək, mən sənin cənazəni qoruyacam…

II

Hadrutda cənazələri təhvil verərkən Humay Cavidin alnından öpüb: – Əlvida, qardaşım! – deyib əşyaların arasından onun bokserini və kestrelini götürdü. Yorğun addımlarla şəhərin çıxışına doğru yollandı. Yolüstü qapısı sındırılmış mağazalardan birinə girib iki qutu qatılaşdırılmış süd, konserv, kolbasa, çörək, peçenye və su götürdü. Ərzaqları əşya çantasına qoyub körpüdən keçərək Tuğa tərəf yola düşdü.

Qırmızıqayaya çataçatda yorğunluqdan ayaqları sözünə baxmırdı. Yuxusuzluq da bir tərəfdən əldən salmışdı. Yolun sağına, ağacların arasına keçdi. Hər tərəf savaşın izləri ilə dolu idi. Ətraf kökündən çıxıb yan yatmış ağaclar, qırılıb yerə tökülmüş qol-budaqlarla dolu idi. Əşya çantasını, dəbilqəsini, zirehli gödəkcəsini soyundu. “Sako” tüfəngini ağaca söykədi, “VSS”-i götürüb Məmədərə çayının kənarına gəldi. Qollarını çirmələdi, əl-üzünü, ayaqlarını yudu. Çəkmələrini əlinə götürüb yamacı dırmandı. Əşyalarının yanına gəldi. Yemək yeyib yuxu kisəsini çıxardı. Artilleriya mərmilərinin açdığı çuxurların arasına sərdi. Ufuldaya-ufuldaya ayaqlarındakı qabarların suluğunu soyub dərman çəkdi. Yara-bərə içindəki ayaqlarına, az qala ətinə girən dırnaqlarına baxıb ah çəkdi. VSS-nin qayışını boynuna keçirib “Sako”nu qucaqlayaraq yuxu kisəsinin üstünə uzandı, gözlərini yumdu. Bir neçə saatlığa da olsa yatmaq, hər şeyi, savaşı, qanı, göz yaşını unutmaq istəyirdi. Onun zərif çiyinləri altına girdiyi dağlardan ağır yükə tab gətirə bilmirdi. Belə anlarda həlak olan yoldaşlarına paxıllığı tuturdu. “Onsuz da savaşda kimin sonunun nə olacağı bəlli deyil, onlar dünyalarını dəyişərək bərzəxdən əbədi həyata keçdilər”, – deyə düşünürdü. Belə anlarda iynəsini düzəldib ovcunda sıxdığı qumbarasının halqasını çəkib çıxarmaq, hər şeyə birdəfəlik son vermək istəyirdi.

III

Dumanın içindən çıxıb gələn qaraltını görüb səksəndi, qalxıb oturdu. Diqqətlə baxdıqda onu tanıdı. Bu ki Salah baba idi. Ayağa qalxmaq istədi. Yanına gəlib çatmış babası çiynindən tutaraq:

        – Otur, qızım, otur, – deyərək qalxmağına icazə vermədi. Özü də çəliyinə söykənib Humayın yanında əyləşdi. Başındakı çalmasını götürüb dizlərinin üstünə qoydu. Sinəsinə düşən dümağ saqqalını oxşayaraq:

        – Ələsgər səndən yaman narahatdır, ay Humay, – dedi.

        – Niyə, ay baba?

        – Savaşın içindəsən, qızım, – deyib ah çəkərək, –Gilə nənən yerini-yurdunu hazırlayıb, vaxt tamam olanda sən də yanımıza gələcəksən, – deyə əlavə etdi.

       – Bəs Dürdanə? O necədir, ay baba?

       – Bizdən sarı nigaran olma, qızım, heç dərdimiz, tasamız yoxdu. Di salamat qal, bala, – deyib ayağa qalxdı. Elə gəldiyi kimi də səssizcə uzaqlaşdı. Humay onun ardınca baxırdı. Babası ayaqları ilə getmirdi, duman onu ağuşuna alıb aparır, uzaqlaşdırdıqca içində əridib yoxa çıxarırdı. Öncə ağ çalma qoyulmuş başı və ayaqları görünməz oldu, sonra da ağ zəmində qəhvəyi ləkəyə dönən şineli gözdən itdi….

Baxışlarını babasının yoxa çıxdığı nöqtədən çəkə bilmirdi. Gözlərindən çıxıb irəli uzanan şəffaf rəngli badamı borucuqlar qatı dumanın tən ortasına, görə bilmədiyi bir nöqtəyə ilişib qalmışdılar. O borucuqlardan axıb beyninə dolan sonsuzluq hissi zamanı dondurb saxlamışdı. Üz cizgiləri də donmuş, sinirləri iflic olmuşdu.

Çiyninə toxunan əl boynuna tərəf sürüşüb saçlarını oxşadı. O isə dumanın içində ilişib qalan baxışlarını çəkib başını döndərə bilmədiyindən yanındakının kimliyindən xəbərsiz qalmışdı. Ürəyi gicgahlarında döyünür, qulaqları uğuldayırdı. Kim idi yanındakı? Başını sağına döndərmək istədi. Ancaq dumanın içinə sabitlənmiş badamı borular onun gözlərini yay kimi dartıb dönməsinə icazə vermədi. Gözlərini yumub özünü taleyin ümidinə buraxmaq istəsə də, göz qapaqları qapanmırdı ki, qapanmırdı. Sanki altına dirək vurmuşdular. Az qalsın ürəyi partlayacaqdı. Əlin sahibinin səsini eşitdiyində ürəyi yerinə gəldi, bədəni ilə birlikdə hisslərinin də donu açıldı.

        – Salam, Humu, səni qorxutdummu? – deyə soruşdu.

Humay hələ də tərpənmirdi. Açıq qalmış gözlərindən süzülən yaşlar yaxasına damcılayırdı.

Səs israrla soruşurdu:

          – Sənə nə olub, Humu, özünü yaxşı hiss etmirsənmi?

 Keçib qarşısında oturanda onu qucaqlayıb hönkürdü:

           – Elçin, məni tək qoyma!

           – Özünü ələ al, Humay. Çox yorulmusan, arxaya gedib bir-iki gün istirahət et.

           – Yox, Elçin, mən heç vaxt arxaya getməyəcəm.

           – Gör necə zəifləmisən Humu, bir sümük, bir dəri qalmısan.

           – Bilirəm, Elçin, bu bir ay on il qocaltdı məni.

           – Geri qayıtmaq istəmirsən?

           – Qətiyyən! – deyərək Elçinin sinəsindən aralandı. – Savaş bitənə, bu donuzlar son nəfərinədək yurdumuzdan qovulanadək buradayam. Sadəcə, – deyib gözlərini endirdi, – əsgərlərimizlə ayaqlaşa bilmirəm, çox yoruluram.

          – Səni anlayıram, Humay. Axı bu savaş dünya hərb tarixinin görmədiyi bir tərzdə, daha öncə heç kimin etmədiyi bir çeviklikdə aparılır. Sənin də bu qədər ağır fiziki yükə dözə bilməməyin təbiidir.

Elçinin məxmər kimi yumşaq baxışları onun ipək saçlarını, çuxura düşmüş gözlərini, sümüyü çıxmış yanaqlarını oxşadı. Əllərindən tutaraq:

        – Qələbəmizlə əbədi gəncləşəcəksən, Humu, – dedi.

IV

Alçaqdan uçan qırıcı təyyarələrin səsinə səksənib ayıldı. Qalxıb oturaraq ətrafına boylandı. Əsnəyərək bir-birinin ardınca günçıxandan günbartana gedən döyüş təyyarələrini izləyib saatına baxdı.

        – Amma nə çox yatmışam, – deyə düşündü. Telefonunu götürüb baxdı. Şəbəkənin olduğunu görüb evlərini yığdı.

     – Humu, anan qurban, necəsən, bala?

Azərselin əsgərlərin ardınca irəliləyən ötürücü maşınlarından yayılan dalğalar Məmədərə çayının kənarına yaxşı gəlmədiyindən idi, ya başqa səbəbdən, elə bil indiki zamanla deyil, keçmişlə danışırdı. Anasının həsrət dolu səsi illərin uzağından gəlir, Gilə nənəsini xatırladırdı. Öz-özünə: “Yazıq anam necə də qocalıb”, – deyə düşündü. Anası qırılan xətlərdə səsinin itib-batdığını düşündüyündən təkrar edirdi:

       ­  – Humu, anan qurban, necəsən, bala?

Humayın alacalanmış gözlərindən yaşlar süzülür, özü də öz vəziyyətinə təəccüblənirdi. O ən son nə zaman sevincdən ağlamışdı? Bunu xatırlamırdı. Ancaq indi anasının səsini eşidəndə elə ürəklənmişdi ki, onu qorxutmaq istəmədiyindən özünü sıxıb saxlamasaydı, hönkürə-hönkürə ağlayardı:

          – Çox sağ ol, anacan, mən yaxşıyam, bəs sən necəsən? Evdə-eşikdə nə var, nə yox?

          – Hər şey yaxşıdı, qadan alım, sənin vəziyyətin necədir, cəbhədə nə var, nə yox? Axı deyirlər bizimkilər o murdar olmuşları qovalayırlar, eləmi, qızım?

        – Bəli, anacan, biz qovalayırıq, onlar qaçırlar. Belə getsə, çox yaxında savaş bitəcək.

       – İnşallah, bala, inşallah! Əlimiz göydədi, hamımız dua eləyirik, birdəfəlik bu ermənilərin kökünü qazıyın. Hamının balası sağ-salamat dönsün evinə-eşiyinə, mənimki də onların içində,

       – Anacan, siz dualarınızı əskik etməyin. Ermənilər ki bu sürətlə qaçırlar, on günə qalmaz, ağ bayraq qaldırıb təslim olacaqlar.

Gülsarə qızının savaşdan sonrakı planları barədə soruşmaq istəyirdi, ancaq düşər-düşməzi olar deyə çəkinib susdu. Humay sanki onun ürəyindən keçənləri oxuyubmuş kimi:

          – Anacan, savaş bitən kimi evə dönüb beş-on gün dincələcəm. Sonra səni də götürüb gətirəcəm Bakıya yanıma.

Anasının səssizliyindən nə demək istədiyini anlayıb onu sakitləşdirdi:

        – Sən gəlməsən, mən özüm işdən çıxıb qayıdaram kəndə. Ambulatoriyada işləyərəm, baş-başa verib dolanarıq.

       – Sənin müharibəyə getdiyini eşidəndə bir toğlu almışam. Gəldiyin gün ayağının altında kəsəcəm. Sən necə istəsən, elə də eləyərik, harada istəsən, orada da yaşayarıq, mənim ağıllı qızım, mənim fədakar qızım, mənim cəfakeş qızım…

Gülsarə artıq ağladığını gizlətmir, hıçqırırdı.

          – Niyə ağlayırsan, ay ana? Belə eləsən, bir daha zəng vurmayacam.

          – Yaxşı, yaxşı, boyuna qurban, ağlamıram.

          – Di hələlik, anacan, telefonun akumulyatoru da bitir, yarımçıq kəsilər, nigaran qalarsan.

          – Yaxşı, Humu, telefonu toka qoya bilsən, bir zəng vur səsini eşidim, nigaran qalıram, anan qurban.

         – Oldu, ana, hələlik, öpdüm, – deyib telefonu söndürərək cibinə qoydu. Əynini geyinib əşya çantasını, silahlarını götürərək Tuğ istiqamətində yola düşdü.

Gülsarə qulağından çəkdiyi telefonu öpüb bağrına basdı.

Zəfər yolu

I

Asfalt yolla gəlib Haçaqaya gədiyini aşarkən ayaq saxlayıb ətrafına boylandı. İstehkamçılarımız onların günlər öncə ölüm-dirim savaşına tutaşdıqları yolları təmizləyib yolları bərpa etmişdilər. Asfaltın ortasında ermənilərin qazıb zirehli texnika üçün səngərlər düzəltdikləri çala-çuxurlardan əsər-əlamət qalmamışdı. Əlini gözlərinə sipər edib Tuğ kəndinin arxasındakı meşələrin üzərindən qüruba getməkdə olan günəşə sarı boylandı. Yaşıl rəngli üfüq xəttinin arxasında gözdən itən günəşin səmaya səpələnmiş qızılı şəfəqləri üç rəngin kombinasiyasını yaradırdı: səmanın mavisi, günəşin qırmızısı və meşənin yaşılı…

Sevinclə: – Bu ki bizim bayrağımızdır, biz qalib gələcəyik, təbiət bunu müjdələyir! – deyə bağırdı.

Humay Haçaqayanın gədiyindən enərkən addımlarını yeyinlətdi. Onun qəlbini dolduran sevinc enerjisini artıraraq yükünü yüngülləşdirmişdi. Elə bil dəbilqəsini, zirehli gödəkcəsini, əşya çantasını, hətta silah-sursatını Haçaqayanın gədiyində qoyub gedirdi. Dinc addımlarla yoxuşu enib Məmədərə kəndini arxada qoyduğunda toran düşmüşdü. Bayram fişənglərinə baxan uşaq marağı ilə uzaqlarda bir göz qırpımında qaranlığı yararaq görünüb itən yandırıcı mərmilərə baxır, partlayış səslərini sevinclə qarşılayırdı.

Arxadan gələn mühərrik səsini eşidib çiyninin üstündən geri boylandı. Yanına çatıb dayanan kvadrasiklin sürücüsünü tanımışdı. O, Tuğ istiqamətində döyüşən bölmənin sanitarlarından idi. Salamlaşdılar:

         – Axşam vaxtı təkbaşına hara belə? – deyə sanitar soruşdu.

         – Laçına tərəf gedirəm.

         – Gəl səni Meçkenə qədər aparım.

         – Yaxşı, – deyərək kvadrasiklə çıxıb sursat yeşiklərinin üstündə əyləşdi.

Onlar yolboyu söhbət edirdilər:

        – Hadrutdanmı gəlirsən?

        – Hə, yaralı aparmışdım.

        – Bizimkilər hara qədər alıblar?

        – Meçken uğrunda ağır döyüşlər gedir. İnşallah o kəndi aldıqmı, “Odun yolu”ndan birbaşa Şuşaya gedəcəyik.

Humay Qarabağın xəritəsini gözlərinin önündə canlandırıb:

        – Bu dəqiqə Şuşanın ətraf kəndlərinin hamısı ermənilərdə deyilmi?

Sanitar gülümsündü:

         – Olsun, problem deyil. Bizə Şuşanı azad etmək əmr olunduqdan sonra, lazım olsa, yerdən lağım atıb gedər, göydən paraşütlə enər, yenə də tapşırığı yerinə yetirərik.

Humay kvadrasiklin sürücüsünü qürurla süzüb gülümsədi…

Onlar Tuğa girib ara yollardan keçərək Meçken kəndinin yaxınlığındakı mövqelərimizə gəldilər.

Burada ağır döyüşlər gedirdi. Kəndin üstündəki sıx meşəlik-kolluq ərazidə mövqelənən düşmən aradakı çay yatağı və çılpaq ərazidən istifadə edərək qoşunlarımızın kəndə yaxınlaşmasına imkan vermirdi. Ağacların mühafizəsindən çıxıb düşmənə görüntü verən hər kəs qarşı tərəfdəki sayısız snayperlər, irəliləmək istəyən texnika isə artilleriya mərmiləri və kornetlərlə vurulurdu. Ermənilərin ovuclarının içi kimi müşahidələri altında olan açıqlığı keçmək üçün komandanlıq tüstü şaşkalarından istifadə etməyi qərara aldı. Küləyin sürəti və istiqaməti də hesablanaraq çay boyu bir kilometrlik məsafəyə atılan nəhəng tüstü şaşkaları qalın tüstü pərdəsi yaradaraq, əsgərləri nəinki düşmənin gözlərindən, hətta termal kameralardan da qoruyacaqdı. Xüsusi təyinatlılar kiçik qruplara bölünüb mobil dəstələrlə hərəkət edərək açıq ərazini keçməyə başladılar. Onlar tüstü pərdəsinin altında meşədən çıxıb yamacı enərkən yüksəkliklərdə mövqelənmiş atəş dəstək qrupları yuxarı qalxdıqca seyrələn tüstü pərdəsinin arxasından görə bildikləri düşmən əsgərlərini vurmağa başladılar.

Humay sol cinahda, ağacların arasında mövqelənmişdi. Yan yatmış ağacın arxasında uzanıb bokserlə düşmən atəş dəstək qüvvələrinin sağ cinahı ilə arasındakı məsafəni ölçdü. Min yeddi yüz metr idi. “PDM”-lərin sol tərəfində dayanan düşmən zabitini izləyərək: “Görəsən, vura bilərəmmi?” – deyə düşündü. O, sinəsinə qədər örtən kolun arxasında dayanıb gözlərinə söykədiyi durbinlə qarşı yamacı izləyir, arada durbini endirib yanındakılara nəsə deyirdi. Humay erməni zabitin qurşaqdan yuxarısının səngərin çölündə olduğunu müəyyən edib atəş açmağı qərara aldı. Kestreldə düzəlişləri çıxararaq nişangahını tənzimlədi. Erməni zabitinin arxasında dayandığı kolu hədəfin mərkəzinə qoyub: ”Tanrım, lütfən gülləmi boşa çıxarma”, – deyə dua edərək tətiyi ehmalca özünə tərəf çəkdi.

O, 8.59 millimetrlik snayper tüfənglərinin güllələrinin 1500 metr məsafə qət etdikdən sonra səs sürətinin altına düşdüyündən havada süzülərkən kənarlarında yaranan boşluqlar sayəsində ləngərləyərək mayallaq aşdığını bilirdi.  Buna görə də bu məsafədə hədəfi ilk atışdan vuracağına inamı az idi. Yenə də: “Ya nəsib!” – deyərək tətiyi çəkmişdi. Tüfəngin qundağı zərblə çiyninə çırpılanda sürgünü geri çəkib növbəti patronu patron yuvasına itələyərək hədəfi müşahidə etməyə başladı. Gözlərini nişangahdan çəkmədən havada süzülən güllənin ardınca baxıb öz-özünə: “Kaş indi əlimdə 9.5 millimetrlik “Çeytac” (“cheyTAC”) m 200 olardı, o köpəyoğlunu bir güllə ilə alnından atardım”, – deyə deyindi. Gülləsi havada süzərkən zabitin yanında dayanan əsgəri də hədəfə qoyub atəş açdı. Artıq alışqanlığa çevrilmiş mexaniki hərəkətlə tüfəngini dolduraraq yenidən zabiti izləməyə başladı. Köks ötürüb: “Yəni üç saniyə yarım keçmədimi hələ? – deyə özündən soruşdu. Elə bu vaxt zabitin əlindəki durbin önə sıçrayıb kolun bərisinə düşdü. O, arxası üstə yerə çırpılarkən, Humay: – Afərin sənə, heç üzümü qara çıxarmadın, – deyərək tüfəngini öpdü. Uzaq məsafədən hədəfi ilk gülləyə vurmağın sevinci ilə ikinci hədəfini izləməyi unutduğundan onu vurub-vurmadığından xəbərsiz qaldı. Ancaq yenə də: “Qırılan qoşundandır, neçəsi dəyər, dəyər,” – deyib gördüyü bütün hədəflərə atəş açırdı. Çay yatağından qalxan tüstü pərdəsi gah sıxlaşıb bir neçə dəqiqəliyinə qarşı yamacı gizlətsə də, külək ya qara pərdəni cırıb parçalayır, ya da aşağı sıxıb snayperlərimizin önünü açırdı. İlk şaşka atıldıqdan yarım saat sonra Xüsusi təyinatlı qrupların tamamına yaxını açıq ərazini keçərək Meçken kəndinə və ətraf meşəliklərə daxil olmuşdular. İndi artıq hər ev, hər məhəllə uğurunda döyüşlər gedirdi. Komandanlıq əsgərlərin döyüş hərəkətlərini dronlardan izləyərək ani müdaxilələrlə onları yönləndirir, qüvvələri idarə edərək düşmənə üst-üstə zərbələr vururdu.

Qırx dəqiqə sonra artıq şaşkalar yanıb bitmiş, tüstü dağılmağa başlamışdı. Humay uzaqdakı hədəflərə kora-şümala atmaqdansa min beş yüz metrdən yaxındakı hədəfləri dəqiq atəşlə məhv etməyi qərara aldı. Meçkendəki evləri araşdırıb ilk öncə snayperləri tapmağa çalışırdı. Yardımçı tikilinin arxasındakı ot tayası diqqətini çəkdi. Tayanın üstündəki göy rəngli brezent örtüyə diqqətlə baxdıqda brezentin altında gizlənmiş bədəni sezdi. Məsafəni ölçüb kestreldə düzəlişləri çıxardı. Nişangahını tənzimləyib artiklin mərkəzini hədəfin üstünə qoydu. Tətiyi çəkib növbəti hədəfi axtarmağa başladı.

II

Meçken kəndi azad olunduqdan sonra Humay tüfəngini çiyninə asıb “VSS”-i əlinə götürdü, Laçına doğru yola düşdü. O, çayı keçərək ələ keçirilmiş erməni mövqelərinin arasından irəliləyirdi. Azad olunmuş torpaqlarda atdığı hər addımdan ürəyi qürurla döyünür, köksü qabarırdı. Sanki savaşın başlandığı ilk gün azad etdikləri ilk torpaq parçasında addımlayırdı. Gözlərindən qeyri-ixtiyari süzülən sevinc yaşları yanaqlarında bərq vururdu. Yolunun üstündəki saysız-hesabsız erməni əsgərlərinin meyitlərinin üstündən adlayıb keçdikcə ikrahla: “Sizə bu da azdır. Gərək murdar cəsədlərinizi donuzlara yedizdirək ki, bu torpaqlarda iziniz də qalmasın!”, – deyə öz-özünə danışırdı. Qüvvətli bir əl qolundan tutub saxladığında səksənib özünə gəldi. Əli cəld yaxa cibindəki qumbaraya getdi. Əlin sahibinin səsi onu sakitləşdirdi:

       – Humay xanım, niyə bu qədər ehtiyatsızlıq edirsiniz? Lütfən, dəbilqənizi başınıza geyinin. Həm təkbaşına hara belə?

O, ufuldayaraq üz-gözünü turşutdu. Qolunu çəkib yanında dayanan əsgərin üzünə baxaraq:

        – Əliniz elə bil məngənədir,  – deyə gileyləndi.

        – Qolunuzu incitdimsə, bağışlayın.

     Əsgərin bir daha üzr istəməsinə izn verməmək üçün gülümsədi. Dəbilqəsini başına geyinib qaytanını boğazının altına keçirtdi.

Əsgər:

         – Toplanma nöqtəsi bu tərəfdə, – deyərək Humayın getdiyi yönün əksini göstərdi.

         – Mən sizin əsgəriniz deyiləm, sərbəst döyüşürəm.

         – Ola bilər, amma unutmayın ki, ən irəlidəki bölmə bizik, qarşıdakı ərazilər hələ işğaldan azad olunmayıb.

         – Bu mənimçün əngəl deyil.

         – Bəs hara gedirsən?

         – Laçına.

Əsgər qaşlarını çatdı:

         – Yaxşı, get, amma gərək sənin getdiyin istiqamət barədə tabor komandirinə məlumat verim.

        – Yaxşı, verərsən.

        – Ehtiyatlı ol!

Əsgərin qolundan tutub özünə tərəf çəkdi, ayaqlarının ucuna qalxıb üzündən öpdü: “Hələlik”, – deyib aralandı. Düşməkdə olan torana qarışıb meşədə yoxa çıxdı…

III

Meçkenin kürəyini söykədiyi dağı aşıb dərə yatağına endi. Çanaqçının solundan keçərək Sığınağa doğru yola düşdü.

Bu kəndlər hələ də sürətlə geri çəkilməkdə olan erməni ordusunun işğalı altında olduğundan açıq ərazilərdə hərəkət etmək təhlükəli idi. Amma payız gecəsinin zülmət qaranlığı dumanla birləşərək onun dadına yetişmişdi. Humay savaşa qatıldığından bu yana görünməz bir qüvvənin onu qoruduğuna, bəzən duman kimi örtüb bürüyərək kəm gözlərdən gizlətdiyinə inanırdı. İlk günlərdə Elçin hər an yanında idi. İndi artıq Cavid də ona qoşulmuşdu. Harada olursa-olsun, iki igidin onu mühafizə etdiyinə sarsılmaz inam bəsləyirdi. Və bu güclü daxili inam sayəsində hətta düşmənin bir addımlığında belə qorxub üşənmirdi.

Sığınağa yaxınlaşarkən yenidən meşə zolağına daxil olduğundan uzaqdan görülmə ehtimalı yox idi. Yenə də ehtiyatla hərəkət edir, düşmənin mühafizə postları ilə qarşılaşma təhlükəsinə görə tədbiri əldən buraxmırdı.

Gecədən xeyli keçmiş yağış yağmağa başladı. O, dincini almaq, həm də yerini təyin etmək üçün dayandı. Sağındakı kənd Sığınaq olmalı idi. Bir az daha irəliləyib meşədən çıxaraq qarşısındakı yamacı dırmanmağa başladığında, öz-özünə: “Bura Keçəldağ olacaq. Gərək işıqlanana qədər keçim ki, düşmən tərəfindən aşkar olunmayım”, – deyib addımlarını yeyinlətdi.

Sübh çağı gəlib kolluq meşəliklərlə örtülü yamaca çatanda xeyli sevindi. Dayanıb ətrafına boylandı. Sağ tərəfdə, bir qədər aralıda silueti seçilən kənd Daşaltı olmalı idi. Əlində xəritə olmadığından yerini dəqiqləşdirməkdə çətinlik çəkir, sadəcə, təxmin edə bilirdi.

Xeyli yorulmuş, ayaq üstə dayanmağa taqəti qalmamışdı. Yuxusuzluq da bir tərəfdən əldən salmışdı. Gücünü toplayıb meşənin içərilərinə doğru bir az daha irəlilədi. Yamacı çalın-çarpaz kəsib keçən cığırlardan aralıda, iri gövdəli fıstıq ağaclarının arasındakı kolluğa yaxınlaşdı. Əşya çantasını soyunaraq sürünüb kolların altına girdi. Çantasını da çəkib yanına saldı.

Komando bıçağının qəbzəsini burub açdı. Balıq tutmaq üçün qoyulmuş qarmaqları çıxarıb arxasındakı leskanı kəsərək qumbaranın halqasına keçirtdi. Kolun ətrafında tələ qurdu. Kimsə yaxınlaşıb leskaya toxunsa, qumbara partlayacaq, birlikdə öləcəkdilər. Olsun, ən azından əsir düşməyəcəkdi. Üzüqoylu uzanıb başını əşya çantasının üstünə qoyaraq gözlərini yumdu.

Səsə gözlərini açıb ətrafına boylandı. Kimsə gözə dəymirdi. Daşaltı tərəfdən gələn mərmi və partlayış səsləri ağır döyüşlərin getdiyindən xəbər verirdi. Gərnəşib saatına baxdı: “Üç saat yatmışam, bu qədər kifayətdir”, – deyə düşündü. Uzandığı yerdəcə əşya çantasından quru süd, peçenye çıxarıb yedi. Kolun ətrafına qurduğu sürprizi zərərsizləşdirərək sürünüb çıxdı, kompasına baxıb gedəcəyi istiqaməti müəyyənləşdirərək yola düşdü.

IV

Bayram yenicə çıxmışdı. Qarlı-şaxtalı mart günü idi. Kürəyində un kisəsinin içinə salınmış torbaya bənzər əşya çantası, əlində “Remington m24” snayper tüfəngi olan iyirmi iki-iyirmi üç yaşlarındakı gənc qız meşədən çıxdı. Kolların arası ilə yaxınlaşıb yarğanı keçdi. Dərəyə endi. Kəmərindən asdığı  “pişik caynaqları”nı götürüb çəkmələrinin üstündən geyindi. Əlindəki buz baltasının yardımı ilə sərt yamacı dırmanmağa başladı. O, yoxuşu dırmaşarkən ayağının altından donmuş torpaq parçalandı. Aşağı yuvarlanacaqkən ani instinktlə qolaylanıb buz baltasını yoxuşun donmuş səthinə sapladı. Cəld çəkmələrindəki caynaqları torpağa keçirdi. Yerini sabitlədikdən sonra dönüb alacalanmış gözlərlə uçurumun dibinə sarı baxdı. “Anam namaz üstəymiş”, – deyə fikrindən keçirtdi. Dizləri əsir, buz baltasının sapını sıxan əli titrəyirdi. Nəfəsini tənzimləyib uçurumun yuxarısına tərəf boylandı. Çoxu getmiş, azı qalmışdı.  

Özünə gəldikdən sonra qalan iki metrlik məsafəni də dırmanıb uçurumun kənarına çıxdı. Gücünü toplayıb bir az irəli süründü. Hələ də dizləri əsirdi, bədəni tərdən cumculuq suyun içində idi. Ovcunda sıxdığı qardan iki diş yeyib içini sərinlətdi, yoldan arabir keçən maşınları izləməyə başladı….

Gözlərindən qaynayıb aşağı süzülən leysan selə dönüb axır, önünü görməyinə imkan vermirdi.

       – Bir göz qırpımında keçən bu qədər zaman, – deyə pıçıldadı. Bu müddətdə sadəcə o yaşlanmamışdı, orduları da böyüyüb qollu-budaqlı igid olmuşdu. O vaxt körpəliyini yaşayan orduları savaşda uduzub dörd ilə geri çəkildikləri torpaqların xeyli hissəsini indi böyüyüb qüvvətlənərək otuz iki günə düşmənlərin başına vura-vura geri almışdı. Qarşılarındakı düşmən indi də o vaxt olduğu kimi ruslar, iranlılar, avropalılar, kürd və erməni terror təşkilatları tərəfindən dəstəklənirdi. Amma o vaxt nə peşəkar orduları vardı, nə də normal silah sursatları. İndi elə idimi? Ən mükəmməl şərtlərlə hazırlanmış peşəkar bölmələrdən ən müasir silahlaradək hər şeyləri vardı. Onlara isə tək bir şey qalırdı: alınlarındakı namus ləkəsini təmizləyib yerə düşmüş ləyaqətlərini zirvələrə qaldırmaq. Bunu da nəyin bahasına olursa-olsun, edəcəkdilər, necə ki canları, qanları bahasına edirdilər də.

O, hələ də yarğanın qaşında oturub dizlərini qucaqlamışdı. Magistral yolu keçərkən dəhlizin ətrafındakı düşmən əsgərlərinə görünməmək üçün toran düşməsini gözləyirdi. Qolunu çevirib saatına baxdı. Qaranlığın düşməsinə hələ çox qalırdı. Günəş buludların arxasında görünməsə də, varlığı dünyanı aydınlatmağa yetirdi. O isə burada oturub qalmış, günəşin batmasını gözləyirdi.

       – Hə, Elçin, artıq sənin qəhrəmancasına həlak olduğun torpaqlardayam, – deyə saatına baxıb pıçıldadı. – Buranın son mənzilim olmasını istəyirəm. İndiyədək hər anımda yanımda oldun, məni qorudun.

Elçin saatın siferblatından ona baxırdı. Üzündə təbəssüm, gözlərində həsrət…

        – Niyə danışmırsan, Elçin? Bu, bəlkə də, bizim son görüşümüzdür…

Elçin nəsə demək üçün ağzını açdı. Fikrindən daşınıb susdu. Əsəbi vaxtlarında olduğu kimi, sol yanağı səyridi, dodaqları titrədi. Göz bulaqlarında tumurcuqlanan iki damla yaş yanağından aşağı yuvarlandı.

Humay heç Elçini ağlayan görmədiyindən özünü itirib susdu. Gözlərini qaçırıb köks ötürdü. Kirpikləri aşağı enib gözlərini gizlədi. O, handan-hana siferblata baxdığında Elçinin getdiyini gördü.

Keçən iyirmi səkkiz ildə Elçin ilk dəfə idi ki, səssiz gəlib səmirsiz gedirdi. “Axı mən nə dedim ki, onun xətrinə dəydim?” – deyə özündən soruşdu. Ha fikirləşir, cavab tapa bilmirdi.

V

Başını səs gələn yönə çevirdi. Xankəndi tərəfdən gələn tanklar Laçına sarı gedirdilər. “Olmaya, bunlar qaçırlar?” – deyə öz-özündən soruşub belini dikəltdi. Saatlardır eyni vəziyyətdə oturduğundan əli-ayağı keyimiş, beli qıc olmuşdu. Kolun arxasından çıxıb gərnəşdi. Havaya baxaraq: “Yola yarım saata ancaq çataram, o vaxta da qaranlıq əməllicə çökər”, – deyə düşünüb yarğanı enməyə başladı.

Dərəni keçib düzənliyə çıxanda kolluğun içi ilə sürünüb yola yaxınlaşdı.

Kəmərindən asılı duran periskopunu çıxarıb müşahidə apardı. Yaxınlıqda heç bir erməni postunun olmadığına əmin olduqdan sonra yoldakı hərəkətin fasilə verməsini gözləməyə başladı. Tam sakitçilik çökdüyü an qaçaraq səkkiz-on metr irəlisindəki yola çatdı, sürətlə asfaltı keçərək ağacların arasında yoxa çıxdı.

Humay yolu keçdikdən sonra İsa bulağının solundakı tilin sağ yamacı ilə hərəkət edərək bulağın arxasına keçdi. Burada uyğun yer seçib mövqelənərək düşməni müşahidə etməyə başladı. Üzərində radioqəbuledici olmadığından nə öz əsgərlərimizlə əlaqə saxlaya bilir, nə də cəbhədəki son vəziyyət barədə məlumat ala bilmirdi. Artıq Gorus, Laçın, Xankəndi yolunun bir qisminin Xüsusi təyinatlılarımız tərəfindən azad olunduğundan xəbəri yox idi. Amma dünən axşamdan erməni qoşunlarının şübhəli yerdəyişmə hərəkətləri və yolun Laçın istiqamətindəki qayalıqlardan gələn atəş səslərindən magistralın bir qisminin ordumuzun nəzarətinə keçə biləcəyini düşünürdü. Qaşlarını çatıb: “Axı onları Meçkendə qoyub gəlmədimmi?” – deyə öz-özündən soruşdu. Qarabağın xəritəsini gözlərinin önündə canlandırdığında Qubadlı tərəfdən gələn əsgərlərimizin Laçın yoluna çıxmış ola biləcəkləri ağlına gəldi.

Sol istiqamətdə hərəkət edib tilin yuxarısındakı kiçik qayalığa gəldi. Daşların arası ilə sürünüb donuzkeçməzin altına girdi. “VSS”-sini böyrünə uzadıb “Sako” snayper tüfənginin ayaqlarını açaraq önünə uzadıb rahatladı. Buradan baxdıqda yolun görünən hissəsini də, məsafəni də, bucaq fərqini də kariolis və deravasiya fərqinə qədər hər şeyi əzbər bilirdi. Burada onun saatları, günləri keçmişdi. Həyatının ən əhəmiyyətli anlarını məhz burada yaşamışdı. Ən vacib atışlarından birini məhz buradan, indi də altına girib gizləndiyi bu kolların altından həyata keçirmişdi.

Humay yolun görüntü verdiyi hissədən özünə oriyentir seçərək artikli üzərinə qoyub nişangahda düzəlişlər etdi. Sonra yolun sol tərəfindəki görüntü ala bildiyi döngəyə çevirdi. Məsafəni ölçməyə gərək yoxdu. O, yaxşı xatırlayırdı, uzaqlıq min iki yüz metr idi. Açıq hava şəraitində düşmən əsgərləri dronlarımızın hücumlarından qorxduqlarından avtomobillərlə deyil, piyada hərəkət etməyə çalışırdılar.

İndiki halda bir qismi zirehli texnikanın üstündə, bir qismi zirehli heyət daşıyıcıların desant bölmələrində, bəziləri isə ayaqla Laçına doğru hərəkət etməkdə olan ermənilərin ən uzaqda görünən əsgərlərini nişan aldı. Məsafə onun sərrast atəş aça biləcəyi mənzil daxilndə, patron isə bol idi. min iki yüz-min yeddi yüz metr arasındakı hədəflərə bəzən dəqiq, bəzən təxmini nişan alaraq atır, güllənin hədəfdən yan keçməməsi üçün Allaha dua edirdi.

Məsafə uzaq olduğundan düşmən əsgərləri onun tüfənginin səsini eşidə bilmirdilər. Heç supressordan çıxan zəif alov parıltılarını görmək də asan deyildi. Humay düşməni çaşdırmaq üçün bir neçə dəfə mövqeyindən çıxıb yerini dəyişmişdi. Dan yeri sökülərkən düşmən onun atəş açdığı istiqaməti müəyyən edə bilsə də, hələ dəqiq yerini tapa bilməmişdi.  

Hava işıqlanarkən son gülləsini də atdı. Silahın korpusunu oxşayıb öpdü. “Əlvida, vəfalı “Sako”m”, – deyib əşya çantasını özünə tərəf çəkdi. Sonuncu konserv qutusunu çıxarıb açdı. Quruyub sərtləşmiş çörək qırıntılarını yavanlıq edərək yeməyini yedi. Əşya çantasından yedək corablarını götürərkən: “Elə bil hər şeyim də bu günlükmüş”, – deyə düşünüb corablarını dəyişdi. Ayaqlarından çıxardığı corablarla çəkmələrini silib parlatdı. Əşya çantasından bir neçə dərman və sarğı ləvazimatı götürdü. Ehtiyat patronlarını ciblərinə doldurdu. Yeri qazıb lazımsız əşyaları basdırdı. Ağırlıq etməsin deyə əşya çantasını yataq kisəsi və digər lazım olacağını düşünmədiyi əşyalarla birlikdə donuzkeçməzin altında qoyub sürünərək çıxarkən silahının yanına qumbara ilə sürpriz hazırlayıb qoydu. İsa bulağının arxasından dolanıb Şuşaya qalxan yol ayırıcının yaxınlığına gəldi.

Asfaltın yüz əlli-iki yüz metrliyinədək yaxınlaşdı. Ağacların arasında tapdığı gicitkən-böyürtkən kolları ilə çevrələnmiş çalaya uzandı. Üst-başını xəzəllə örtüb gizləndi. Periskopu ilə yol tərəfi müşahidə etməyə başladı.

O, seçdiyi yerdən həm yol qovşağını, həm də Şuşaya qalxan yoxuşu rahatca görə bilirdi. Laçın-Şuşa yolunu və ərazi qırışlarını müşahidə edərək gecə düşdükdən sonra hərəkət edəcəyi marşrutu dəqiqləşdirməyə çalışırdı.

Axşamadək sakitcə uzanıb müşahidələrini davam etdirdi. Qaranlıq düşərkən yolayrıcında qoyulmuş postdakı əsgərlərin sayı artırıldı. Kəskin hava şəraitinin kəşfiyyat dronlarının işini çətinləşdirdiyini bilən ermənilər artıq gündüzkü kimi piyada deyil, avtomobillərlə hərəkət edirdilər.

Humay gizləndiyi çaladan sürünüb çıxdı. Gündüzdən özü üçün müəyyənləşdirdiyi yolla hərəkət edərək yarğanın içi ilə yola yaxınlaşdı. Asfaltın on-onbeş metrliyindəki iri diametrli suötürücü borunun yaxınlığında bir qədər uzandı. Yolun üstündəki hərəkətin kəsilməsini gözlədi. Əl-ayaq çəkildikdə cəld yaxınlaşıb borunun altından tutdu. Özünü çəkərək içəri salıb irəli süründü. İçəri girən kimi infraqırmızı fənərini çıxarıb açdı. Borunun içi bir az lil, bir az da həşəratları saymasaq, təmiz idi. Çıxışa doğru irəliləyib baxdı. Giriş tərəfi yerə yaxın olsa da, çıxış tərəfi xeyli aralı idi. İllərdir axan qar-yağış sularının yaratdığı şəlalə effekti nəticəsində torpaq oyularaq dərinə düşmüşdü. Humay borunun ucuna qədər sürünüb aşağı boylananda ilk ağlına gələn fikir: “Mən buradan neçə çıxacam?” – oldu. Gəldiyi kimi, başıaşağı çıxmaq çox müşkül idi. Yerə toxunarkən boynu qırıla, ya da başqa bir yeri zədələnə bilərdi. Axı boru onun içərisində fırlanaraq istiqamətini dəyişəcəyi qədər yoğun deyildi ki, çıxışa ayaqları ilə yaxınlaşıb özünü aşağı atsın. Nə isə ki bunları düşünüb özünə dərd edəcək qədər zamanı da yox idi. Borunun ağzında uzanıb Şuşa yoxuşunu müşahidə etməyə başladı. Hələ ki, hava şəraitiin uyğunsuzluğundan hansısa hədəfi görmək, ya da vurmaq mümkün deyildi. Amma onun da tələsəcək yeri yox idi. Hələ gündüz çalada, xəzəllərin altında uzanıb müşahidə apararkən harada gizlənib hansı istiqamətləri hədəfə ala biləcəyi barədə hesablamalar aparırdı. Onun düşüncəsinə görə yaxın ətrafdakı düşmən əsgərlərini məhv etmək üçün ən ideal yerlərdən biri də məhz bu borunun içi idi. Onun silahının maksimum səssizliyindən kimsə nə tüfəngin, nə də güllənin uçuş vaxtı çıxardığı səsi eşitməyəcəkdi. Gizləndiyi yer də tamamən ağlasığmaz olduğundan kimsə onu burada axtarmayacaqdı.

Ətrafı dinşəməyə başladı. Yoldan keçən maşınların, hətta əsgərlərin ayaq səsləri də seysmik tonla artıb çoxalır, gurultuya dönərək borunun içərisini doldururdu

 O, hava işıqlanarkən dinc olmaq üçün yatıb-dincəlməyi qərara aldı. Qolunu yanağının altına qoyub gözlərini yumdu. Partlayış səsinə səksənib ayılaraq çölə boylananda dan yeri sökülsə də, hələ hava tam işıqlanmamışdı. Düşmən əsgərləri yaxınlıqdakı top batareyasından atəş açırdılar.

Şuşa yoxuşuna baxaraq duman pərdəsinin küləyin oynadıb qaldırdığı ətəkləri altında hədəflərini seçməyə çalışdı. Yoxuşun onun olduğu yerdən görünən aşırımları ilə aradakı məsafəni ölçdü. İki yüz otuz, üç yüz doxsan və doqquz yüz altmış…

Duman sübhün şəfəqləri ilə bərabər dağlara çəkildiyindən Humay yoxuşda hərəkət edən avtomobilləri və döyüş texnikasını rahatlıqla görə bilirdi. Şuşadan Xankəndi istiqamətində hərəkət edən mülki avtomobillərin say çoxluğuna baxıb:

        – İşğalçı kimi gəldiyiniz bu torpaqlardan bir gün qaçqın kimi gedəcəyiniz heçmi ağlınıza gəlmədi? İndi köpək kimi quyruğunuzu ayaqlarınızın arasına qısıb qaçırsınız! – deyərək ikrahla üz-gözünü turşutdu.

Xankəndidən gələn zirehli texnika karvanı sola dönüb yoxuşu dırmanmağa başladıqda Humay tüfənginin artiklini yaxın aşırıma qoyub gözləməyə başladı. Öndə hərəkət edən tank üç-dörd saniyəlik görüntü verib aşırımı dönənədək qüllənin üstündə əyləşmiş erməni könüllü terror dəstələrindən “Erebuni” uniformalı əsgərləri seçdi. Bu savaşda hələ Erebuni döyüşçüləri ilə qarşılaşmasa da, Birinci Qarabağ savaşından onları yaxşı tanıyırdı. Erməni ordusunun ən qaniçən, qəddar bölmələrindən idilər: “Xoş gördük, cənablar, demək, siz də buradasınız”, – deyərək artikli nişangahına gələn ilk saqqallı donqar burunun iki qaşının çatına qoyub tətiyi çəkdi. Və cəld silahının lüləsini kənara sürüşdürərək artikli ikincinin gicgahına, üçüncünün çənəsinə qoyub tətiyi çəkə bildi. Sonra tank görüntüdən itdi.

Tankın üstündəki düşmən əsgərləri yoldaşlarının başlarından aldıqları güllə yaralarından qan-rəvan içində qalıb yıxıldığını gördülər. Onlar başlarını çiyinlərinin arasına çəkib özlərini yerə atdılar. Çarəsizlik və qorxudan alacalanmış gözlərlə ətraflarına boylanıb baxsalar da, güllənin haradan gəldiyini müəyyən edə bilmirdilər.

Yoxuşdakı əsgərlər tankı ağacların arasında saxladıb meyitlərini endirərkən Humay da sağına tərəf dönərək yeni hədəflər axtarmağa başladı. O, meşədəki cığırla Daşaltı tərəfə hərəkət edən düşmən qruplaşmasını görəndə qaşqabağını töküb:

        – Nə tez arıq-axsağın ümidinə qaldınız? – deyə soruşdu.

Təsbeh dənələri kimi bir-bir gəlib nişangahın önündən keçən altmış-yetmiş yaşlarındakı kamuflyaj gödəkcə, cins şalvar, idman ayaqqabısı geyinmiş silahlı qocalara baxıb: “Bunların içlərində bircə nəfər də olsa, normal əsgər yoxdurmu?” – deyə düşündü. Artiklin mərkəzini birinin peysərinə qoyaraq: – Özünüzdən küsün, qocalar, arığın qoruqda nə işi vardı ki, vuralar, qıçı da qırıla? – deyib tətiyi çəkdi.

Axşamtərəfi atışlarına fasilə verdi. Xüsusən Şuşa yoxuşunda stresi aradan qaldıraraq, ermənilər arasında yaranmış qorxunun aradan qalxmasını gözləyirdi. Cibindən son peçenyesini çıxarıb yedi, su qabını qulağına tutub çalxaladı. Son qurtum suyunu ağzına doldurdu. Udmadan öncə bir neçə saniyə dayanıb gözlədi. Ağız boşluğunu dolduran suyun sərinliyini bütün bədənində hiss etdi.

Soyunub giriş tərəfdə qoyduğu zirehli gödəkcəsini götürüb silahına bükdü. Dəbilqəsini başında rahatlayıb çənə kəmərini bərkitdi. Səbirlə gözləməyə başladı. Topların yaylım atəşi gecənin bağrını yararkən önündə saxladığı əşyalarını itələyib aşağı saldı. Cəld sürünərək borudan çıxdı, su ilə dolu hovuza atılırmış kimi, əllərini irəli uzadıb özünü boşluğa buraxdı.

Boğuq tappıltı ilə yerə düşən bağlamanın ardınca Humay özü də su şırnağının açdığı oyuğa düşüb yan üstə yıxıldı. Başını qaldırıb ətrafına boylandı. Sakitlik idi. Səssiz hərəkət etməyə çalışaraq az irəlisinə düşmüş zirehli gödəkcəsini götürüb açdı. Geyinib silahını götürdü. Geriyə boylanıb yola tərəf baxdı. Kimsə gözə dəymirdi. Kolların arası ilə qaçıb meşəlikdə yoxa çıxdı.

Şuşaya gedən yolu keçərək fırlanıb Xankəndi istiqamətindən Şuşa qalasına sarı yoxuşu dırmanmağa başladı.

O, intuisiyası ilə məhz bu istiqamətdə mühafizənin zəif təşkil edildiyini düşünür, yoldaşlarının da onun ardınca gələcəklərini hiss edirdi.

Humay qaranlıqda daşlı-qayalı, sərt yoxuşu dırmaşarkən səssizcə hərəkət etməyə çalışırdı. O, çisələyən yağmurun islatdığı qumsalda, yastı yapalaq kolların arası ilə süzülüb gedərək görünməməyə çalışırdı. Dırmanmalı olduğu yoxuş o qədər sərt, ayaqlarının altındakı zəmin o qədər islaq və sürüşkən idi ki, ayaqüstə dayanmaq çox çətin idi. Humay yoxuşu, demək olar ki, sürünərək qalxırdı. Sol əlindəki bıçağı yerə batıraraq özünü yuxarı çəkir, sağ əlindəki hər an atəş açmağa hazır tutduğu tüfənglə sağ dirsəyini yerə qoyub geriyə sürüşməməyə çalışırdı. Gəlib qala divarlarının altına çatdığında yorulub əldən düşmüşdü. Barmaqlarının dərisi sıyrılmış, dizləri, dirsəkləri əzilib yara-bərə içində qalmışdı. Divarın daşlarının arasına keçirdiyi bıçağından tutub dayandı. Boynundan, boğazından, kürəyindən şoralanıb axan suyun tərmi, yağış suyumu olduğunu ayırd edə bilmirdi.

Başını qaldırıb qarşısındakı son maneəyə – qala divarlarına baxdı. O, Dağyurdu kəndində Xüsusi tabordan ayrılarkən beyninə, düşüncəsinə tək bir şey hakim idi: Laçına gəlib burada –Elçinin şəhid olduğu torpaqlarda döyüşərək, qəhrəmancasına həlak olmaq. Ancaq tale onu Laçından Şuşaya doğru sürükləmiş, gətirib Pənahəli xanın tikdirdiyi qala divarlarının altına çıxarmışdı. “Bəlkə, mənim qismətimdə elə burada, bu qala divarlarında can vermək var”, – deyə öz-özünə düşündü. Bir daha başını qaldırıb divarın üstünə tərəf boylandı, hündürlüyü üç metrdən artıq olardı. Qalanın içərisindən gələn səs-küyə qulaq verdi. Ermənicə danışırdılar. Sonra səslər uzaqlaşıb öləzidi, eşidilməz oldu. Divarların üstündə hələ ki patrullar gözə dəymirdilər. Bu onu ürəkləndirirdi.

Qalaya dırmanmadan öncə silahını boynundan asdı. Bir əlində tutduğu bıçağını daşların arasındakı yarığa saplayıb özünü yuxarı çəkdi. Digər əli ilə divarın çıxıntısından tutub çəkməsinin burnunu hörgüdə tapdığı boşluğa keçirtdi. Hərəkət istiqamətinə görə aşağıda qalan əli və ayağını növbəli şəkildə divarın hörgü boşluqlarına keçirərək ağırlığını “üç istinad nöqtəsi” arasında paylaşdırıb dırmanmağa başladı.

Divarın üstünə çatanda yorğunluqdan və əsəb gərginliyindən dizləri titrəyirdi. Əlləri sözünə baxmır, çənəsi şaqqıldayırdı. Olduğu yerdəcə uzanıb yorğunluğunu çıxardı. İnfraqırmızı fənərini çıxararaq yaxınlıqda mina olub-olmadığını dəqiqləşdirdi. Ətrafını dinşəyərək kimsənin olmadığına əmin oldu. Daşlardan tutaraq sürüşüb qalanın içərisinə düşdü.

Qaranlıq duman və yağmurun birləşib yaratdığı zülmət kompozisiyasında nəinki adi gözlə, hətta hər hansı gecəgörüş və ya termal kamera ilə də heç nə görmək mümkün deyildi. Humay fanarının işığı ilə səhərə qədər qalanın bir qismini gəzib təxmini atəş nöqtələrini müəyyən etdi. O, qalanın asfalt yol tərəfə baxan divarının yaxınlığında özünə mövqe seçib uzandı. İrəlidən səs-küy gəlsə də, kəskin hava şəraitində nəsə görmək mümkün deyildi. Səhər günəş doğarkən seyrələn dumanın arxasından erməni əsgərlərinin siluetləri görünməyə başladı. Onlar Şuşanın girişində, asfaltın hər iki tərəfində tələm-tələsik müdafiə istehkamları qurmağa çalışırdılar. Humay öncə yolun o tayında işləyən erməniləri izləməyə başladı. Yeddi nəfər torpaqda səngər qazır, daha üç nəfərsə azca aralıda kəsdikləri ağacların qol-budaqlarını arıtlayaraq sürüyüb yaxına gətirməyə çalışırdılar.

Yadına “Bizim Cəbiş müəllim”dəki replika düşdü, şəraitə uyğunlaşdıraraq: “Ay Aşot, nə fikirləşirsən, sizin qazdığınız bu dəlmə-deşik o boyda Azərbaycan ordusunun qarşısını ala biləcəkmi?” – deyə istehza ilə soruşdu. Artiklin mərkəzini yerə yıxılan ağacın qol-budağını balta ilə arıtlamaqda olan əsgərin gicgahına qoyub tətiyi çəkdi. İkinci, bir saniyə sonra isə üçüncü erməni boynunun kökündən aldığı zərbədən üzüaşağı yıxılıb qaldı. Hay düşmüş, orada çalışan ermənilər ətrafda snayperin olduğundan duyuq düşmüşdülər. Bağırışaraq qaçıb dağılışan əsgərlərə güllə atmadı. Bəxtindən burada çalışanlar səs çıxarmadan gələn güllələrin istiqamətini təyin edəcək qədər təcrübəli deyildilər. Düşmənlər arasında yaranmış çaşqınlığı artırmaq üçün Humay yerini dəyişib qalanın digər küncünə keçdi. Şəhərdən gələn minik maşınlarından birinin sürücüsünü hədəfə aldı. Ön şüşəni deşib keçən güllə sürücünün alnından girib başını söykənəcəyə mıxladı. Sahibsiz qalan avtomobil yoldan çıxarkən Humayın növbəti gülləsi sərnişini haqladı.

Gizlənmək üçün qalanın içərisi ilə hərəkət edib çöl divarına yaxınlaşdı. Burada divardan uçulmuş daşların yaratdığı balaca oyuğa girib gizləndi. Bir neçə dəqiqə keçmişdi ki, addım səsləri eşidib nəfəsini tutdu. Daşların üstündə hərəkət edən ayaq səsləri yaxınlaşdıqca ona elə gəlirdi ki, ermənilər onu örtüb bürüyən çənin arxasından özünü görməsələr də, ürəyinin döyüntüsünü eşidəcəklər.

Ən azı iki nəfər idilər. Artıq gəlib bərabərinə çatmışdılar. Humayın sağ əli tüfənginin tətiyindən çəkilib sol döşünə getdi. Qumbaranın halqasını tutdu. Gicgahlarından süzülən iki damla tər almacıqlarının ətrafında yuvarlanıb axdı, dodaqlarının küncündən süzülüb boğazına endi. Bədənini soyuq tər basdı, udqundu.

O bu qədər zəif idimi? Axı o, qorxaq biri deyildi. Bəs onda nə olmuşdu? Onu divarın içindəki oyuğa sıxıb saxlayan nə idi? Həyat eşqimi? Yaşamaq istəyimi? Bəlkə, əsir düşmək qorxusu? Yox, heç biri deyildi. Bəs onun bədənini üşüdən, ürpədən nə idi? Erməni əsgərləri onun olduğu yerin önündən keçib getməkdə idilər. Cəsarəti geri gəlmişdi. Qumbaranın halqasını ötürüb silahını qavradı. Əsgərlərin arxasından fit çalaraq: – Hraseli, tgha?(hara belə, oğlan?) – deyə səsləndi.

Güllə səksənib geriyə boylanan əsgərin üzündən dəydi. Humaya elə gəldi ki, onun almacığından girən güllənin açdığı dəlikdən beyni axıb töküləcək.  Cəld silahını çevirib ikinci düşmən əsgərini də boynundan vurdu.

Patrulların ikisi də divarın oyuğunda gizlənmiş snayperə reaksiya göstərməyə macal tapmadan ölüb-getmişdilər. Humay gizləndiyi yerdən çıxıb qalanın içərisindəki arakəsmələrdən keçərək tərs tərəfə hərəkət etdi. İmkan tapıb qaladan çıxmaq, şəhərin içərilərinə tərəf getmək istəyirdi.

O, divar aralıqlarında yer tapıb ətrafı müşahidə etməyə başladı. İndiki halda buradan çıxmaq təhlükəli olsa da, başqa yolu yox idi. Onlarca erməni əsgəri qalanın içinə girib çığıra-bağıra onu axtarırdılar. Qaçıb uzaqlaşmaq lazım idi. Qala divarlarını keçib meşəliyə, oradan da sahibsizlikdən uçulub dağılmış həyət evlərinin arasına girdi. Bir az irəliləyib gözünə kəsdirdiyi evlərdən birinin zirzəmisinə girdi. Pereskopunu çıxarıb gəldiyi istiqaməti müşahidə etməyə başladı. yox, onun ardınca gələn yox idi. Orada bir qədər qalıb dincəldi, ətrafı dinşəyərək onu tapmaq üçün it gətirmədiklərinə, dron qaldırmadıqlarına əmin oldu. Ətrafı diqqətlə izləyərək ehtiyatla zirzəmidən çıxıb irəlilədi. Nisbətən salamat qalmış evlərdən birinin ikinci mərtəbəsinə qalxdı. Döşəmədə uzanaraq məhəccərin qırıq taxtalarının arasından şəhərin girişindəki hərbi hissəni müşahidə etməyə başladı. Şəxsi heyət döyüş əməliyyatlarında iştirak etmək üçün aparıldığından bura, demək olar ki, boş idi. Tək-tük əsgərlərdən başqa kimsə gözə dəymirdi. Humay çaxmaq taqqıltılarının düşmən atışlarının fonunda itib-batması üçün tətiyi çəkmədən ətrafdan gələcək atış və ya partlayış səslərini gözləməyə başladı.

Hərbi hissəni xeyli izlədikdən sonra sıra meydanından keçib getməkdə olan əsgəri qarnından vurdu. Yerə yıxılan yaralı əsgər yoldaşlarını çağıraraq kömək istəyirdi. Qərargahdan çıxan bir əsgər onun köməyinə tələsdi. Yaxına gəlib onu qaldıraraq tribunanın arxasına çəkməyə çalışırdı. İçəridən tibb çantası ilə çıxan daha bir əsgər onların yardımına tələsdi. Humay sanitarı gördükdə dodağı qaçdı. Planı tutmuş, ermənilər tələyə düşmüşdülər. Öncə sanitarın başını artiklin mərkəzinə yerləşdirərək tətiyi çəkdi. Sonra tribunanın arxasında gizlənməyə yer axtaran üçüncü əsgəri vurdu.

Bir az daha gözlədi. Başqa bir əsgərin gəlmədiyini görüb evdən çıxdı. Həyətlərdən keçərək Şuşaya tərəf irəlilədi.

Bağ evlərinin bitdiyi yerə qədər gəlib sonuncu evin damına çıxdı. Bu evlər otuz ilə yaxın idi ki, əşyaları talanıb aparılsa da, qapıları, pəncərələri sökülsə də, quru divarları yalnızlığa, kimsəsizliyə qarşı dirənir, sahiblərinin yolunu gözləyirdilər. Humay Şuşanı ilk dəfə idi ki, bu qədər yaxından görürdü. Buludların üstündəki şəhərə baxdıqca qəlbi riqqətə gəlir, gözlərindən yaşlar süzülürdü.

Şəhərdə gərginlik ən yüksək səviyyədə idi. Az saydakı mülki əhali bir-birlərini çığıra-bağıra tələsdirib əşyalarını maşınlara yükləməyə çalışır, bir an öncə şəhəri tərk edib getməyə tələsirdi. Əsgərlərin də üz-gözlərindən həyəcan yağırdı. Onlar getməklə qalmaq arasında qalmış, nə edəcəklərinə qərar verə bilmirdilər. Humay binaların arasından görünən “UAZ”ın arxasındakı əsgərlərdən birini hədəfə aldı. Onun başını artiklin mərkəzinə qoyub tətiyi çəkdi. Dörd yüz otuz metr o tərəfdəki düşmən əsgərinin başını dəlib keçən güllə, sadəcə, bir əsgəri öldürmədi, həm də ermənilərə Şuşanın içərisində belə təhlükəsizlikdə olmadıqlarını xatırlatdı.

Gün ağarandan düşmən arxasında fəaliyyət göstərən Humayın varlığından ermənilərin xəbəri var idi. Meşədə ağac kəsən əsgərləri öldürəndə onun yaxınlıqda ola biləcəyindən şübhələnmişdilər. Daha sonra Laçın yolndakı avtomobilin sürücüsünü vurarkən özünün aşkarlanmasına səbəb olmuşdu. Elə qalada öldürdüyü iki patrul da onu axtarmağa gəlmişdilər. Amma Humay ağıla gəlməyəcək yerdə gizlənib əl cəldliyi ilə erməni əsgərlərinin ikisini də ovlamış, yerini tərk edərək hərbi hissə tərəfə keçmişdi. Məhz bura gələ biləcəyi ermənilərin ağlına gəlməmişdi. Onlar hələ də azərbaycanlı snayperi qalanın ətrafında axtardıqları vaxt hərbi hissədə öldürülənlər barədə xəbər yayıldı. İndi də Şuşada alay komandirinin sürücüsü maşının yanında başından vurulmuşdu. Hər yandan gələn, snayper tərəfindən öldürülmüş adamlar barədə xəbərlər erməni qoşunlarının içərisində təşviş yaranmasına səbəb oldu. Axı bir nəfər şəhərin müxtəlif istiqamətlərindəki adamları necə öldürə bilərdi? Demək, onların sayı birdən çox idi.

İrəlidəki beşmərtəbələrin pəncərələrinə vuran şüalarından günəşin qüruba getməkdə olduğunu görən Humay uzandığı mövqedən qalxıb evin günbatanına tərəf gəldi. Pəncərənin qarşısındakı divarın dibində əyləşib ayaqlarını qucaqladı. Çənəsini dizlərinə söykəyib gözlərini qüruba getməkdə olan günəşə zillədi.

Üfüqdəki buludlar dağılmış, aralarında günəşin görünə biləcəyi qədər yarıq açılmışdı. Humay o yarığın arxasında batmaqda olan günəşin son anlarına tamaşa edirdi. Qürub çağı yaydığı şəfəqlərilə yan-yörəsindəki hər şeyi qızılı rəngə boyayan günəş necə də gözəl olurmuş!

– Kaş ki, telefonumun batareyası bitməzdi, – deyə içindən keçirib ah çəkdi. Günəşə tərəf durub selfi çəkdirərdim. Neçə vaxtdır görünməyən günəşin axşamtərəfi özünü göstərməsi yaxşı əlamətdir. Şuşanın yeni günü bizimlə başlayacaqdır, – deyib ayağa qalxdı, silahını da götürüb evin şəhərə baxan tərəfinə keçdi.

Xankəndidən gələn hərbi qruplaşmalarla birlikdə Şuşadakı əsgərlərin sayı xeyli artmışdı. Şəhərdə iynə atsan, yerə düşməzdi. Giriş yollarının ətrafında qurulan istehkamlarda toplanan saysız-hesabsız əsgər və texnika Azərbaycan ordusunun hücumunu gözləyirdi. Gecə yarısı qala tərəfdəki sərt yoxuşu dırmaşan Xüsusi təyinatlılar ərazini mühafizə edən erməniləri yaxın döyüşdə məhv edərək şəhərə daxil oldular.

Onlar qalanı keçib şəhərə doğru gələndə Humay da gecənin qaranlığından yararlanıb bir evdən digərinə keçir, nişangahına gələn düşmən əsgərlərini ovlayırdı.

Ətrafında partlayan minamyot və kornet mərmilərindən cəbhə xəttinin tən ortasında qaldığını hiss edirdi. Xüsusi təyinatlılar gəlib onun yaxınlığına çatmışdılar. Ürəklənmişdi, qəlbi genişlənib köksünə sığmırdı. Fərəhindən quş kimi qanadlanıb uçurdu. “Kaş ki, radiostansiyam yanımda olardı, uşaqlarla əlaqəyə çıxardım!”  – deyə fikrindən keçirdi. Sürünərək pəncərənin yanına gəldi, aşıb eyvana düşmək istəyirdi ki,  yaxınlığa düşən artilleriya mərmisi evin bir tərəfini uçurdu. Partlayışın zərbə dalğasından taxta şalbanlarla birlikdə sovrulan Humay həyətə yıxıldı. O, cəld ayağa qalxıb yerini dəyişmək istəyirdi. Sinəsindən dəyən qəlpə zirehli gödəkcəsini dəlib sısqa bədənindən keçərək kürəyindən çıxmışdı.

Günəş kələfinə elə bil köz doldurub körüklə üfürürdülər. Ciyərləri yanır, atəşi qan damarlarıyla qalxıb gözlərindən alov saçırdı. Humay nə baş verdiyini anlamırdı. Yerindəcə donub qalmış, daşlaşıb heykələ dönmüşdü. Sonra bədəni sustaldı. Tüfəngi açılan ovcundan yerə düşdü. Sol dizi ağırlığına tab gətirməyib qatlandı. Ardınca sağ dizi də qatlandı, yerə çökərkən üzünə təbəssüm yayıldı, qollarını irəli uzadıb:

        – Elçin! – deyə səsləndi.

       Özünü yetirən Emil onu qucaqlayıb daldaya çəkdi. Arxasıüstə uzadaraq tibb çantasından götürdüyü travmadolu vurub:

         – Qorxma, Humay, təxliyə çağırdım, indi gəlib səni hospitala çatdıracaqlar, xilas olacaqsan,– deyərək dəbilqəsini başından götürdü, zirehli gödəkcəsini soyundurmağa çalışdı. Humay onun əlindən tutub:

       – Elçin, məni evimizə apar!..  – dedi.  Bədəni sustaldı, başı çiyninə düşdü….

Son

QEYD:

Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.

Müəllif: Zaur BAYRAMOĞLU

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZAUR BAYRAMOĞLU – QOTUR GÖL – HEKAYƏ

QOTUR GÖL

(hekayə)

Dikdirin qaşına gəlib dayandı. Yuxarıdan aşağıya boylanıb baxdı. Yolun buradan o tərəfi qara, çirkli suyun altında qalmışdı. Günəşin asfalt rəngindəki suda əks edən şəfəqləri gözlərini qamaşdırdı. Əllərini sinəsində çataqlayıb göz qapaqlarını endirdi. Kirpiklərinin kölgəsində yarıdan yuxarısı görünən evlərə baxıb köks ötürdü. 

Onlar bu məhəlləyə köçdüklərində hələ gölü əhatə edən yamaclar məskunlaşmamışdı. Gölün gündoğar sahili adamın ayağının altında qar kimi xırçıldayan şoranlıq, günbatar sahili boydan-boya qamışlıq idi.

Sanitar-epidemioloji mərkəzin günaşırı ağ “Niva” ilə gələn işçiləri gölün kənarında yaşayan küçə itlərini güllələyirdilər. Onlar getdikdən sonra başqa bir idarədən gələnlər itlərin cəsədlərini torbalara doldurub aparırdılar. Uşaqların haradansa öyrəndiyinə görə, itlərin cəsədlərini aparıb sümüyündən kley hazırlayırdılar. Bir də soyuq qış günlərində ovçular gəlirdi. Onlar balıqçı çəkməsi adlanan “L-1” şalvarı geyinib gölün kənarı ilə uzanan qamışlıqda qaşqaldaq ovlayırdılar.Yayın qızmar vaxtlarında gölün suyu çəkilirdi. Ortadan üzə çıxan kəmər suyu ikiyə bölürdi. Uşaqlar ağappaq qara bənzəyən torpağın üstü ilə o tərəf-bu tərəfə qaçıb oynayırdılar. Çəpinə suya atdıqları ləpikləri kimin daha çox səkdirəcəyi barədə mübahisə edib yarışırdılar. Ləpik səkdirə bilməyənlər gölə atdıqları çınqılların yaratdığı ləpələrə baxıb əylənərdilər.
Sonra gölün ətrafında evlər, iaşə obyektləri tikildi. Yeni tikililərin çirkab suları birbaşa gölə axıdıldı. Daha yayda gölün suyu çəkilmədi. Gölün ortasındakı kəmər də görünmürdü. Ətrafda gülüb-oynayan uşaqlar da gözə dəymirdi. Onların şən qəhqəhələri, çığır-bağırları qeybə çəkilmişdi. Bir vaxt uşaqların ayaqlarının altında xırçıldayan duzlu torpaq yoxa çıxmışdı. Onun yerinə çirkablı lehmə yaranmışdı.
Evindən, həyətindən çıxan tullantıları dayanacaqdakı zibil qutularına qədər aparmağa ərinən tənbəl sakinlər qamışlıqda yaratdıqları zibilliyi gündən-günə bəsləyib-böyüdür, təpəciyə çevirirdilər. Divarlara yazılan allı-güllü söyüşlər zibilliyin böyüməsinin qarşısını ala bilmirdi. Yaxınlıqda yaşayanlar uşaqlardan güdükçü qoyur, əlində zibil torbası ilə tutulanları əməllicə danlayıb yola salırdılar. Amma nə zibil azalır, nə də zibillik təmizlənirdi. 
Artıq nə sanitar-epidemioloji mərkəzin işçiləri, nə də ovçular gəlirdilər. Onların bu göldən də, qamışlıqdan da ayaqları kəsiləli çox olmuşdu.
Küçə itlərinin də sayı artmışdı. Zibilxananın ətrafında pırpız tüklü kök pişiklər peyda olmuşdular. Onlar zibillərin arasında yemək axtarır, elə özləri kimi kök siçovulları tutub yeyirdilər. Qamışlıqdan çıxan ağcaqanad sürüləri havanın sakit vaxtlarında zibilliyi keçib bulud kimi ətrafa yayılırdı. 
Bu kənddə üç iri göl var idi. Qır gölü, Duz gölü və Qotur göl. Qır gölü yerin təkindən qır kimi qatı neft çıxıb dibinə yayıldığı üçün belə adlanırdı. Duz gölündən duz çıxarılırdı. Bu göldən çıxan duz yüz ilər boyu kənd camaatının dolanışıq mənbəyi olmuşdu. Ərə gedən qızlara verilən ən qiymətli cehiz bir metr duz sahəsi idi. Dəfələrlə duz sahəsinin üstündə dava-dalaş düşmüş, ağappaq duz al-qırmızı qana boyanmışdı. Ancaq indi daha nə duz çıxaran vardı, nə də duz yeri üstə bir-birini boğazlayan. Dövlət gölü çəpərə salıb yanında da duz emalı zavodu tikmişdi…
Qotur göldənsə heç nə çıxmırdı. Adi şor göl idi. Digər iki göl kimi Qotur göl də qrunt sularından qidalanırdı. bu gölə “Qotur” adını kim vermişdi, niyə vermişdi, bilinmirdi. Amma adı elə dədə-babadan belə idi. 
Təyyarə ilə Bakıya gəlib-gedən dostlarının dediyinə görə, yuxarıdan baxanda qır gölü bənövşəyi, duz gölü isə çəhrayı rəngdə görünürmüş. Ancaq onun özü heç vaxt təyyarəyə minmədiyindən göllərə də yuxarıdan baxmamışdı. Duz gölünün yanından hər keçdikcə bu əhvalat yadına düşürdü. Ürəyində təyyarəyə minib bu iki gölə yuxarıdan, ta səmanın yeddinci qatından tamaşa eləmək üçün qarşısıalınmaz istək duyurdu.  
Bir gün iritonnajlı yük maşınları göründü. Onlar gecə-gündüz haradansa daşıdıqları tullantıları gətirib gölün içinə boşaldırdılar. Sonra həmin maşınlar torpaq da gətirməyə başladılar.
Amma uzunluğu beş yüz, eni yüz əlli, dərinliyi dörd metrdən çox olan gölü doldurmaq asan iş deyildi.
İki il sonra gölün dörddə üçünü doldurub üzərində yüzlərcə ev tikmişdilər. 
O, hələ də kirpiklərinin arasındakı ensiz pəncərədən qapqara suyun içindən damları görünən evlərə baxırdı.
Keçən il quraqlıq keçdiyindən göl sakinləri çətinliyə düşməmişdilər. Dörd ay öncə leysan yağdıqda ilk subasma yaşandı. Evlərə dolan su yarım metrdən çox qalxmışdı. O vaxt Fövqəladə Hallar Nazirliyinin işçiləri camaatı evlərindən qucaqlarında daşıyıb çıxararkən indi dayandığı yerdən boylanıb baxmışdı. 
Neçə il idi ki, gölün yaxınlığında yaşayanlar yığışıb Bələdiyyəyə, İcra Hakimiyyətinə gedir, şikayətlərini ard-arda sıralayırdılar:
– Məhəlləyə yaxın yerlərə zibil qabları qoyun ki, camaat evindən çıxan zir-zibili torba-torba daşıyıb qamışlığa doldurmasın. İtlərin əlindən uşaqları küçəyə buraxa bilmirik. O günü Cəfərin oğlunu küçə itləri parçalayırmış, güclə əllərindən alıblar. Gölə axan çirkab sularına bir əlac edin. Üfunətdən  başımız çatlayır. Qamışlığı dərmanlayın, ağcaqanadların əlindən nə gecəmiz var, nə gündüzümüz. 
Sonra camaat fikirləşdi ki, Bələdiyyəyə gəlmişkən elə biryolluq gölün qurudulmasını tələb etsinlər. Amma baxdılar ki, bu boyda gölü qurutmaq bələdiyyəlik deyiil,  başladılar yuxarıların diqqətini çəkmək üçün yollar axtarmağa. Yolu kəsdilər. Sosial mediada videoçarxlar paylaşıb hay-küy saldılar. 
Nəhayət, bir pullu işbaz İcra Hakimiyyətinə gedib yerində ev tikib-satmaq qarşılığında gölü quruda biləcəyini bildirib müqavilə imzaladı. Deyirdilər ki, həmən işbaz göl doldurmaqda təcrübəli imiş. Daha öncə Qır gölünü də elə o qurudubmuş…
Keçən günləri xatırlayıb başını bulayırdı.
“Şaqman”larla haradansa daşıyıb gətirdikləri zir-zibili gölə doldurdular. Onun üstünə köhnə təkərləri tökdülər. Ən sonda təpələrdən oyub gətirdikləri torpağı traktorla yayıb hamarladılar. Gölün torpaqlanıb doldurulmuş hissəsini kərpic dəftərlər kimi asfalt yollarla böldülər. İp tutub him açdılar. İki kərpici beş santım aralı qoyub ipboyu düzdülər. Sonra da arasına sement tökdülər. Bu da oldu evin bünövrəsi. O bünövrələrin də üzərində ikiqatlı evlər tikdilər… Dar həyətli, arxa-arxaya söykənmiş evlər…  
Hovxurub qırtlağında topladığı tüpürcəyi gölü doldurub yerində evləri tikən şirkətin rəhbərinin üzünə tüpürdü….
– Belə alçaqlıq olar ə? Utanmırsan, bu qədər camaatı aldadıb ətək-ətək pulunu almısan. Əvəzində satdığın evlərə bir bax. Hamısının üstü bəzək, içi təzəkdir. Yerdən-yurddan sular çəkilsin, evlərin hamısı böyrünü verəcək  yerə. Bu qədər adamın ah-naləsini alıb necə can verəcəksən ə, sən? – deyə danlamışdı. 
Qarşısındakı adam cibindən çıxardığı yaylıqla pazı kimi qızarmış sifətindən tüpürcəyi silərkən qulağının dibindən tutarlı bir sillə ilişdirib qovmuşdu:
 – Rədd ol gözüm görməsin, əclaf köpəkoğlu!
Xəyalında da olsa, göl sakinlərinin acığını almışdı. 
O vaxt gölün suyu çəkilib getdi. Evlərdən də uçan olmadı. Amma indi vəziyyət dörd ay öncəki kimi deyildi. Göl əməlli-başlı dolmuşdu. Ən az iki metr su olardı. məhəllə sakinlərinin və gölətrafı iaşə müəsisələrinin kanalizasiyalarının axıdıldığı hovuzun nasosları da suyun altında qaldığından çalışmırdı. Hovuz dolub-daşır, çirkab su yağmur sularına qarışaraq iyrənc görüntü yaradırdı. Qapqara, zibilli, çirkli görüntü…. Dünəndən Fövqaladə Hallar Nazirliyinin işçilərinin gətirib quraşdırdığı nasos fasiləsiz işləsə də, su nə azalır, nə də çəkilirdi. Göz qapaqlarını araladı. Kirpiklərinin arasından asfalt rəngli suya baxa-baxa: “Göl geri qayıtmaq istəyir, insanlar imkan vermir. Görəsən, bu mübarizədə kim qalib gələcək? Təbiət, yoxsa acgöz insanlar?” – deyə düşünürdü…

Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.

Müəllif: Zaur BAYRAMOĞLU

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Bayramoğlu – Snayper

Əvvəli burada: Zaur Bayramoğlu – Snayper

Xəstəlik və savaş

I

Çində başlayıb dünyanın dörd bir yanına yayılan pandemiya tüğyan edirdi. COVİDə yoluxan insanlar ciyərləri buzlanaraq, ya da oksigen aparatlarında partlayaraq ölür, yoxsul ölkələr dərman qıtlığından əziyyət çəkirdilər.

Ermənilər dünyanın başı özünə qarışmışkən fürsətdən istifadə edib “Artsax”ı tanıtmağa çalışırdılar. Aprel ayında Qarabağda qanunsuz prezident seçkiləri keçirildi. May ayında Şuşada parlament binasının təntənəli surətdə təməlqoyma mərasimi keçirildi. Azərbaycan Prezidentinin BMT və digər beynəlxalq təşkilatların onlayn toplantılarında dünyaya çağırış edərək Ermənistanı durdurmalarını rica etməsi də heç nəyi dəyişdirmədi. Yayda Tovuz istiqamətində təxribat törədildi. Şərq-Qərb nəqliyyat dəhlizini və Bakı-Ceyhan neft kəmərini, həmçinin TANAF layihəsinin keçdiyi yolları nəzarətə götürmək istəyən Ermənistan ordusu hücuma keçdi. Ağır döyüşlərdə general Polad Həşimov və digər hərbçilərimiz qəhrəmancasına həlak oldular.

Artıq bıçaq sümüyə dirənmişdi. Xalq kütlələri pandemiya qadağalarını heçə sayaraq Bakıda və digər şəhərlərdə müharibə tələbləri ilə küçələrə axışdılar. On minlərlə insan gecə saatlarında Parlamentin binasına axın etdi. Tək bir tələb var idi:

       – Təcili parlament toplansın və ümumi səfərbərlik elan olunmaqla, Ermənistana müharibə elan olunsun.

       Gecənin yarısı isə Parlamentin önündə toplaşan insanlar Azadlıq meydanı istiqamətində hərəkət etdilər. Səhərə yaxın burada toplanan yetmiş mindən artıq insan tək vücud olub kükrəyir, “Ya Qarabağ, ya ölüm!” şüarları səsləndirərək müharibənin başladılmasını tələb edirdilər.

…Günün ilk işıqları ilə hərbi komissarlıqların önündə toplanan insanlar könüllü olaraq hərbi xidmətə göndərilmələrini tələb edirdilər. Dövlət rəhbərliyi də artıq zamanın yetişdiyini başa düşür, Qarabağ uğrunda müharibə başlanmazsa, xalqın azğın sel kimi bəndinə sığmayıb daşan qəzəbinin həddini anlayırdı. Açılan onlayn qeydiyyat portalında qısa müddətdə könüllü olaraq orduya yazılanların sayı əlli mini keçdi.

II

Ermənistan Müdafiə Nazirliyi avqust ayında yeni hərbi doktrina təsdiq etdi. Plana əsasən, onlar Qarabağda dislokasiya olunmuş ordu, vaqner dəstələri və PKK, ASALA, həmçinin digər terror qrupları ilə birlikdə Azərbaycana daha geniş ərazilər boyu hücum edəcəkdilər. Tərtər və Goranboy istiqamətində hücum edən erməni qruplaşmaları Gəncə, Ağdam və Cəbrayıl istiqamətlərindən gələn ordu qrupları isə Bərdə-Beyləqan istiqamətlərində irəliləyəcəkdilər. Rayonlarımızın işğalı ilə birlikdə yaşayış məntəqələri talanacaq, yüz minlərlə insanı əsir tutub kölə kimi istifadə edəcəkdilər. Artıq savaş anbaan yaxınlaşmaqda idi. 

Hadisələri diqqətlə izləyən Azərbaycan Prezidenti BMT-nin sentyabrın əvvəllərində keçirilən onlayn iclasında ermənilərin müharibəyə hazırlaşdıqlarını bildirərək, onların dayandırılması barədə dünya liderlərinə çağırış etdi.

Sentyabrın iyirmi yeddisinə keçən gecə erməni ordusu saatlarca sürən fasiləsiz artilleriya atəşindən sonra zirehli texnikanın dəstəyi ilə bütün cəbhə boyu hücuma keçdi.

Dan yeri sökülərkən işə çağrılan Humay həkim briqadası ilə birlikdə Füzuli rayonu istiqamətində yaradılan səhra hospitalına göndərildi. O, rəhbərlik etdiyi həkim briqadası ilə Əhmədbəyliyə doğru hərəkət edərkən yollar günçıxandan günbatana hərəkət edən içi əsgər dolu avtobus və yük avtomobilləri, zirehli texnika karvanları ilə dolu idi. Sanki bütün Azərbaycan selə dönüb asfaltın üstü ilə axıb gedirdi. Humaygili daşıyan mikroavtobus hər hərbi karvanı keçib getdikcə irəlidə daha bir karvan görünür, onlar nə azalır, nə də bitirdilər. Humayın köksü qürurla qabardı. Dərindən nəfəs alıb:

        –  Bu qədər topumuzun, tankımızın, reaktiv artilleriya vasitəmizin olduğu yatsam, yuxuma da gəlməzdi. Maşınlar dolusu əsgərlərimizə baxdıqca, fərəhdən adamın sinəsi qabarır. Bu qədər ordu cəbhəyə gedirsə, savaş başlandı deməkdir. Artıq bu ordunu kimsə durdura, kimsə geri qaytara bilməz, – dedi.

Həkim yoldaşları onun sözlərini təsdiqlədilər. Biri “Ya Qarabağ, ya ölüm!” – deyə bağırdı. Alqışladılar! Onlar Beyləqanı keçərkən yolun kənarında dayanmış avtomobili görüb maraqla o tərəfə boylandılar. Əsgər formasındakı bir gənc yerdə rəqs edir, digərləri onu videolentə alırdılar. Bu, bir əsgərin şəhadətə yürümədən öncə son rəqsi idi.

Əhmədbəyliyə çatıb hospitala yönəldilər. Burada hər tərəf yaralılarla dolu idi. Nəinki palatalar, dəhlizlər, hətta hospitalın həyətində də yan-yana düzülən xərəklərdə, açılıb-yığılan səhra çarpayılarına uzadılmış yaralılara kömək etmək istəyən tibb işçiləri narahat və həyəcanlı şəkildə onların ətarafında qaynaşırdılar..

Hospitalın həyətinə bir-birinin ardınca gəlib-gedən “təcili yardım” maşınları cəbhədən yaralı gətirir, ya da ilk yardım göstərilmiş ağır yaralıları mərkəzi hospitallardan birinə aparırdı.

Humaygil mikroavtobusdan düşüb hospitalın əməliyyat otağına tələsdilər. Bu qədər yaralının yardım gözlədiyi yerdə bir dəqiqə belə gecikmək olmazdı. Hər dəqiqə, hər saniyə yardım gözləyən bir əsgərimizin həyatını xilas etmək, onları həyata qaytarmaq üçün əvəzedilməz idi.

III

Günəş doğmadan ordumuza əks-hücum əmri verildi. Bütün gecəni düşmənin hücumlarının qarşısında mətinliklə dayanıb sinəsini gülləyə sipər edən əsgərlərimiz əmri alar-almaz müdafiə istehkamlarından çıxaraq hücuma keçdilər. Onlar ermənilərin otuz ildir ki, sıra-sıra düzülmüş dəmir-beton müdafiə xətləri ilə bərkidib qarışıq mina sahələri, uzaqdan idarə olunan silah və kamera sistemləri ilə qoruduğu, keçilməz sanıb qürrələndiyi istehkamlara hücum edirdilər. Hər kvadrat metrə onlarca top və minamyot mərmisinin düşdüyü, atıcı silahların oyuncağa çevrildiyi ağır döyüşlərdə əsgərlərimiz yaralanır, şəhid düşüb al qanlarıyla ana torpağı suvarır, amma bir addım da geri durmurdular. Düşməndən, ölümdən, ömürlük şikəst qalmaqdan qorxmur, qaçmırdılar. Əsgərlərimiz bu günü, bu əmri gözləyirmişcəsinə mövqelərindən qalxıb dalğa-dalğa düşmənə hücum edirdilər. Onlar gizlənməyi, güllələrdən, mərmilərdən qorunmağı ağıllarına belə gətirmirdilər. Əsgərlərimiz canını, sağlamlığını heçə sayıb döyüşdüyü, varlığını vətəninə qurban deyib irəli getdiyi üçün vurulanların sayı-hesabı yox idi. Təxliyə qrupları da canlarını heçə sayır, güllələrin altından yaralı yoldaşlarını, şəhidləri çıxararaq arxaya göndərməyə çalışırdılar. O arxadakı yerlərdən biri də məhz bura, cəbhə xəttinə ən yaxın hospitallardan biri olan Əhmədbəyli hospitalı idi.

Savaş başlandığı andan xalq və ordu arasında elə bir birlik yaranmışdı ki, həm cəbhədə döyüşən əsgərlər, həm də arxa cəbhədəki xalq kütlələri vahid bir orqanizm, bir yumruq kimi birləşmişdilər. Kişilər hərbi komissarlıqların önündə toplaşıb savaşa göndərilmələrini tələb edərkən qadınlar yeməklər, şirniyyatlar bişirir, evdə hazırladıqları quru yeməklərdən və kolbasalardan dürmək hazırlayır, paketləyərək, içərisinə döyüşən əsgərlərimizə uğur dilədikləri məktublar yazıb qoyaraq cəbhəyə göndərirdilər. Maddi imkanı olanlar cəbhə arxasında yaradılmış ictimai təminat anbarlarına yük avtomobilləri dolusu ərzaq, əsgərlərimizə yolsuzluq avtomobilləri göndərirdilər. İmkansızlar bir aylıq təqaüdlərini, ya da ərzaq dolu bağlamalar hazırlayıb göndərirdilər. Meydan hərəkatından sonra ikinci dəfə birləşən xalq kütlələrinin enerjisi selə dönüb cəbhəyə axırdı. Bir atlet arxasından əsən fırtınadan güc aldığı kimi döyüşçülərimiz də ruhlarında işlənib əzalarında dopinqə dönən bu enerji ilə irəli, daim irəli gedirdilər. Xalq öz ordusu ilə bir olub dumanın içindən süzülüb çıxan boz qurd kimi düşmənə saldırır, onu didib-parçalayırdı.

Hospitalların önünə gələn insanlar yaralılar üçün qan verir, Tibb Universitetinin yuxarı kurslarında və xarici ölkələrdə tibb təhsili alan gənclərimiz cəbhə ətrafındakı hospitallara gedərək yaralılarımıza yardım edirdilər.

IV

Ayın iyirmi səkkizi Humay Çingiz doktora zəng etdi:

        – Doktor, mən burada, ağır vəziyyətdəki yaralılarımızı görməyə dözə bilmirəm. Xahiş edirəm, savaş bitənə qədər məni məzuniyyətə göndərin.

Çingiz həkim çaşıb qalmışdı. Nə deyəcəyini bilmirdi.

         –  Necə yəni savaş bitənə qədər məzuniyyət? Sən nə danışdığını bilirsənmi?

         –  Bəli, doktor, mən birbaşa döyüşlərdə iştirak etmək üçün Müdafiə Nazirliyinə müraciət edəcəyəm. Savaş bitdikdən sonra yenidən işimə qayıdaram.

       Çingiz həkim:

       –  Bu dəqiqə sənin kimi savadlı həkimlərə hava, su kimi ehtiyacımız var, – deyərək onu fikrindən daşındırmaq istədisə də, Humay sözündən dönmək niyyətində deyildi.

      – Doktor, mən vaxt tapan kimi nazirliyə müraciət edəcəm və elə günü sabah, onların cavabının nə olacağından asılı olmayaraq, əsgər paltarı tapıb cəbhəyə yollanacağam. İstədim savaşa qatılmadan sizə məlumat verim ki, həm bu hərəkətim özbaşınalıq kimi olmasın, həm də yerimə həkim göndərəsiniz.

Çingiz həkim Humayı səbrlə dinləyib:

      – Bizim kifayət qədər güclü və peşəkar ordumuz, müasir silahlarımız var. Onlar sənsiz də ermənini qovub torpaqlarımızdan çıxaracaqlar. Hər halda, həm Kəlbəcər, həm də Füzuli-Cəbrayıl istiqamətində gedən uğurlu hücum əməliyyatlarından xəbərin var. Bir də, doktor, istəyirsən, Müdafiə Nazirliyinə müraciət et. Ancaq bu başdan deyim ki, yaşına görə inanmıram ki, sənin orduya qatılmağına icazə versinlər. Çünki indi qismən səfərbərlik elan olunub. Otuz beş yaşından yuxarı kişiləri belə müharibəyə aparmırlar. Ona görə də sənə məsləhət görürəm ki, səfərbərlik idarəsindən müsbət cavab almadan özbaşına hərəkət etməyəsən. Bir həkim kimi sənin gördüyün iş də elə vətənə xidmət etməkdir.

Humay Çingiz doktorla söhbətdən narazı qalsa da, daha bir söz demədi. Sağollaşıb telefonu söndürdü.

Gecə işıq maskalanmasına əməl etmək üçün ətrafdakı yaşayış evləri ilə bərabər, hospitalın da işıqları söndürülmüşdü. Həkimlər, tibb bacıları telefonlarının ekran işıqları ilə qaranlıq koridorlarda hərəkət edir, yaralıların iynəsini vurur, sarğı qoyurdular. Humay reanimasiyadakı yaralıları bir-bir yoxlayıb pəncərənin yanına gəldi. Divarın tininə söykənərək telefonunu çıxardı. “VPN”i aktiv edib internetə daxil oldu. Axtarış bölməsində Müdafiə Nazirliyinin elektron ünvanını yazdı. Açılan pəncərədə “ərizə” bölməsini taparaq yazıb birbaşa döyüş əməliyyatlarında iştirak etmək üçün icazə istədi.

O, ərizəsində Birinci Qarabağ savaşında Xüsusi təyinatlı taborun tərkibində, snayper vəzifəsində xidmət etdiyindən, uğurla həyata keçirdiyi xüsusi tapşırıqlardan bəhs edir, səfərbərlik idarəsinin saytında onlayn qaydada qeydiyyatdan keçdiyini də xatırladır, az qala yalvararaq müharibəyə göndərilməsi üçün icazə istəyirdi.

Ertəsi gün axşamtərəfi ona tanımadığı nömrədən zəng gəldi. “Kim ola?” – deyə özündən soruşub telefona cavab verdi:

        – Alo.

 Zəng edən Müdafiə Nazirliyinin əməkdaşı idi. O, Humaya Birinci Qarabağ müharibəsindəki xidmətlərinə görə təşəkkür etdi. Yaş fərqini və onun ixtisas qrupunda Müdafiə Nazirliyinin tabeliyində kifayət qədər peşəkar hərbçi olduğunu xatırladaraq hərbi əməliyyatlara buraxılmasının mümkünsüz olduğunu bildirdi.

Müdafiə Nazirliyindən gələn zəng Humayı ruhdan salmadı, əksinə, onun inadını qamçıladı. İndi o, cəbhəyə gedə bilmək üçün yollar axtarır, silahı və uniformanı necə əldə edəcəyi barədə düşünürdü. Orduda xidmət edən tanışlarından Xüsusi təyinatlıların bəzi bölmələrinin Ağcabədidə olduğu və bir gün sonra Füzulinin Kərimbəyli kəndinə gələcəkləri barədə məlumat əldə etdi. Müdafiə Nazirliyinə məktub yazıb könüllü xidmət etmək üçün ön xəttə getdiyini, orada ona daha çox ehtiyac duyulduğunu yazdı. Bu dəfə döyüşlərdə iştirak etmək üçün getdiyini yazmamışdı. Elektron məktubu bitirib “göndər” düyməsini sıxarkən: “Qoy həkim kimi getdiyimi düşünsünlər, mənimçün nə fərqi?”– deyə dodaqaltı deyindi. Sonra Çingiz doktora da mesaj yazaraq Xüsusi təyinatlılara qoşulmaq üçün gedəcəyini bildirdi.

Səhər açılanda hospitalın tibb heyəti ilə sağollaşdı. Yaralılara tez sağalıb cəbhəyə qayıtmalarını dilədi. Telefonunu özü ilə götürüb qalan şəxsi əşyalarını Bakıya göndərmələri üçün həkim yoldaşına verdi. Yol maşınları ilə Kərimbəyliyə yola düşdü.

Xüsusi təyinatlıların bazasına yetişəndə həyəcanlı idi. Komandanla görüşmək, onu öz sıralarına qəbul etməsi üçün yalvarıb-yaxarmaq istəyirdi. Nə də olsa, Birinci Qarabağ savaşında əsgəri olmuşdu. Məhz onun tapşırığıyla Kəlbəcərə yollanaraq, 022-nin komandirini öldürməmişmiydi? Amma indi komandanın onu qəbul etməyə vaxtı olacaqdımı? Bazanın yaxınlığında mühafizəçilər ona yaxınlaşaraq burada nə axtardığını soruşdular. Vəziyyəti izah edən Humay komandanla görüşmək istədiyini bildirdi: ” Mən 772-də onun əsgəri olmuşam”, – deyib eyni vaxtda xidmət etdikləri Yusifin, Gülxanın, Vaqifin adlarını çəkdi. Mühafizəçilərin xəbər göndərməsi ilə Yusif onun saxlandığı çadıra gəldi. O, içəri girər-girməz Humay ürəklənib əsgər yoldaşının boynuna sarıldı. Qırtlağından başlayaraq, bütün bədənini yandırıb-yaxan qəhəri sərbəst buraxdı. İllər sonra burada qarşılaşmanın verdiyi həyəcanla:

        –  Yusif, mən döyüşmək istəyirəm! – deyə bildi.

       Yusif onu sakitləşdirməyə çalışdı:

         – Yaxşı, doktor, özünü ələ al, sakitləşməyə çalış.

        O, Humayın müharibədən sonra hospitalda həkim işlədiyini bilirdi. Hətta son dəfə Aprel döyüşləri zamanı Tapqaraqoyunluda rastlaşmış, xeyli dərdləşmişdilər də.

Humay:

        – Yusif, lütfən mənə kömək et. Geri qayıtmaq istəmirəm. Buradan birbaşa cəbhəyə yollanmaq istəyirəm.

        – Yaxşı, doktor, səbirli ol, səninçün əlimdən gələni etməyə çalışacağam.

Axşamtərəfi Yusif Humayın yanına gələrək:

       –  Komandan səni çağırır, – deyə xəbər verdi.

Humay icazə alaraq komandanın çadırına daxil olanda general xəritənin üzərində işləyirdi. Humaya salam verib əyləşməsi üçün yer göstərdi. Özü də üzərinə xəritə açılmış masadan ayrıldı, yerinə keçib əyləşərək:

      –  Doktor, siz niyə yaralılarımıza xidmət göstərmək əvəzinə, məhz cəbhəyə gedib döyüşməyi seçirsiniz?-deyə ciddi və sərt bir səslə soruşdu.

        –  Cənab komandan, mənim Birinci Qarabağ savaşında süngüyə keçirilmiş körpələrimizə, zorlanmış, dərisi soyulmuş qızlarımıza, qüruru sındırılmış kişilərimizə verilmiş sözüm var. Ömrümün sonuna bir gün qaldığını bilsəm belə, sözümü tutmaq üçün əlimdən gələni edəcəyəm. Sizdən xahiş edirəm ki, mənim silah və digər ləvazimatlarla təmin olunaraq cəbhəyə göndərilməyim üçün kömək edəsiniz.

Komandan onu Birinci Qarabağ savaşından tanıyır, necə mərd və döyüşkən əsgər olduğunu bilirdi. Ancaq yenə də müharibənin ağır şərtlərində tab gətirə biləcəyindən əmin deyildi. Ayrıca, snayper keyfiyyətlərinin də korşala biləcəyini düşündüyündən:

       –  Doktor, müharibədən sonra hansısa odlu silahdan atəş açmısanmı? – deyə soruşdu.

       –  Bəli, cənab komandan. Atəşkəs dövründə müntəzəm olaraq Novxanı kəndində yerləşən poliqona gedərək VSS -SV və digər tüfənglərdən atəş açmışam. Ayrıca, fiziki formamı qorumaq üçün illərdir ki, üzgüçülüklə məşğul oluram.

Komandan onun gözlərinin içinə baxaraq:

         –  Sən indi Xüsusi təyinatlılarla birlikdəmi fəaliyyət göstərmək istəyirsən?

          –  Cənab komandan, siz necə məsləhət bilsəniz, mən elə də xidmət etməyə hazıram. Təki əlimdə silah, önümdə düşmən olsun.

       – Yaxşı, mən göstəriş verəcəyəm, sənə silah versinlər. Səfərbərlikdən gələn əsgərlərdən təşkil olunmuş hərbi hissələrdən birinin komandirinə də deyərəm, səni əsgərlərinin siyahısına yazar. Çünki sən Xüsusi təyinatlılarla ayaqlaşa bilməzsən.

Humay komandana təşəkkür edərək, dönüb çadırdan çıxdı.

Onun sevincinin həddi-hüdudu yox idi. İlk gün hərbi xidmətə qəbul olunduğu qədər həyəcanlı, ilk ermənini öldürdüyü qədər sevincli idi. Qəlbində komandana təşəkkür edir, onu ordu sıralarına qəbul edib silah verməyə razı olduğu üçün minnətdarlıq edirdi. Əslində heç o özü də Xüsusi təyinatlılarla birlikdə döyüşməkdən yana deyildi. Düşmən arxasında yalnız başına gəzib dolanmaq, ermənilərə heç gözləmədikləri yerdə və anda zərbə vurmaq istəyirdi.

Əşya anbarı çadırına gələrək əyninə əsgər paltarı, çəkmə və əşya çantası, zirehli gödəkçə, dəbilqə seçib götürdü. Sonra qənimət silahların saxlandığı çadıra gəldi. Buradakı tüfənglərin arasından bir ədəd snayper tüfəngi seçib götürdü. Bu, onun keçən savaşda istifadə etdiyi tüfəngə çox bənzəyirdi. Anbara nəzarət edən əsgərdən soruşub bu silahın 8.59 mm kaliberlik Sako TRG-42 olduğunu öyrəndi. Silahın nömrəsini öz adına qeydiyyatdan keçirdib bir ədəd də VSS-94 götürdü. Hər iki silahdan da eyni anda istifadə etmək işinə yarayacaqdı. Silahları götürüb Yusifin yanına döndü:

         – Yoldaş baş gizir! – artıq o da əsgər olduğu üçün hərbçilərə rütbəsi ilə müraciət edəcəkdi, – xahiş edirəm ki, snayperlərdən birindən xahiş edəsiniz, Sako TRG-42 ilə bağlı mənə bir neçə saatlıq təlim keçsin. Axı mən heç vaxt bu silahdan istifadə etməmişəm.

Yusif onu başdan ayağa süzüb:

         – Doktor, öz aramızda, 052-nin forması üstünüzdə qəşəng qalır. Həm mənə rütbəmlə müraciət etməyinizə ehtiyac yoxdur, sadəcə olaraq, adımla çağıra bilərsiniz.

Humay təşəkkür edib xahişini təkrarladı:

        –  İstəyirsən, sən özün öyrət.

        –  Mən bütün növ silahlardan istifadə etməyi bacarıram. Ancaq bir snayper kimi təlim keçə bilmərəm. Hər ixtisasın öz ustadı var. Darıxma, snayperlərdən birindən xahiş edəcəm, bir maqazin patronla səni necə lazımdı, öyrədəcək.

Humay razılıqla gülümsündü:

         –  Çox sağ ol, Yusif.

         –  Buyurun, doktor, dəyməz.

Humay onu müşayiət edən əsgərlə birlikdə Xüsusi təyinatlıların bazasından çıxaraq atəş təliminə yollandı. Yolda, ağacların altında dayanıb Səidəyə görüntülü zəng vurdu:

     –  Salam, Səidə.

     –  Salam, Humu, xeyirdimi, üzündə güllər açıb?

     –  Mənə uğur arzula.

    Səidə yalnız indi onun əynindəki əsgər formasına, çiynindən asılmış silaha baxdı:

      –  Bu nədir, Humu, olmaya, əsgər gedirsən?

      –  Hə, bacı.

Səidənin gözləri doldu:

      –  Sağ get, salamat gəl, mənim qeyrətli, vətənpərvər bacım.

Humay:

     –  Di hələlik, Səidə, imkan olsa danışarıq, – deyib telefonu söndürdü.

Onlar atış təlimi keçəcəkləri yerə gəldiklərində qüruba getməkdə olan günəşin şəfəqləri leylək buludları qızılı rəngə boyamışdı. Təlimatçı Humaya tüfəng və optik nişangah barədə məlumat verdi:

       – Sako TRG-42 8.59 mm-lik snayper tüfəngidir. Tüfəngin çəkisi 6.5 kiloqramdır. Doldurma bolt action, yəni mexaniki doldurmadır. Güllənin ağırlığı 16.2 qram, başlanğıc sürəti 886 metr\saniyə, effektiv atış mənzili 1500 metrdir. Night forse markalı optik nişangahın çəkisi bir kiloqram, böyütməsi 5.25×56-dır. Nişangah toru artikl tremmor 4 və ikinci foks müstəvi ilə təmin olunub. Bu sistem daha dəqiq atışlar üçün əlverişlidir. Bir klik 100 metrdə bir santimetr dəyişir. Gecə atışları üçün nişangah torunda işıqlandırma mövcuddur, hələlik bu qədər kifayətdir. İndi maneənin arxasında uzanın və irəlidəki hədəfi nişan alın, – deyə tapşırdı.

Humay qum kisəsinin arxasında uzanaraq snayper tüfənginin ayaqlarını açıb atəş açmağa hazırlaşdı. O, hədəfi nişan alarkən həyəcanından nəbzi gicgahlarında atırdı.  “Tanrım, sən özün yardım et”, – deyə astaca pıçıldayıb hədəfin düz ortasından nişan aldı. Tətiyi ehmalca özünə tərəf çəkdi. Hədəf taxtası yüngülcə titrədi. Onun yanında uzanıb binoklla hədəfi izləyən təlimatçı güllənin hədəfi 2 milyəm yuxarı və 0.7 milyəm sağa dəydiyini görüb:

       –  İyirmi klik aşağı və yeddi klik sola düzəliş ver, – deyə göstəriş verdi. Humay nişangahda təlimatçının dediyi düzəlişləri edərək silahı doldurdu. Yenidən hədəfi nişan alıb ikinci gülləni atdı.

Təlimatçı ondan hədəfə daha bir güllə atmasını istədi. Artiklə verdiyi düzəlişdən sonrakı üçüncü gülləsini də atdıqda gözucu təlimatçıya tərəf baxdı. Onun gülümsədiyini görüb sevindi. Təlimatçı ayağa qalxaraq:

        – Üç gülləni santım yarımlıq dairəyə sığışdıra bildin. Bu, yüz metrdə mükəmməl nəticədir. Sizi təbrik edirəm, – dedi.

Sonra Humaya temperatur və yüksəklik fərqinin güllənin uçuşuna təsiri, kariolis fərqi, həmçinin yağmurlu havalarda və bucaq atışları barədə də qısaca məlumat verib: – Mən qrupun yanına qayıtmalıyam, odur ki, geri dönmək lazımdır, – dedi.

Birlikdə bazaya qayıtdılar. Onları qarşılayan Yusif Humaya:

          – Gördünmü, demişdim, bir maqazin patron snayperimizə kifayət edəcək ki, sənə bu silahdan istifadə etməyi öyrətsin.

Təlimatçı araya girdi:

         –Yanlışınız var, yoldaş baş gizir, mən xanıma heç nə öyrətmədim, biz sadəcə silahın nişangahını tənzimlədik.

Yusif Humayı qürurla süzərək təlimatçıya:

       –  Həmişə haqqında danışdığım Yalquzaq bu xanımdır.

         Təlimatçı heyrətdən bərəlmiş gözlərlə Humaya dönərək:

       –  Baş gizir Cabbarov sizin Birinci Qarabağ savaşındakı fəaliyyətiniz barədə həmişə qürurla danışırdı. Sizə bir şey öyrətmək istədiyimə görə məni bağışlayın.

Humay onu minnətdarlıqla süzdü:

        – Qətiyyən elə düşünməyin, siz hamınız bu işin peşəkarları, ustadlarısınız. Mən isə əsgərlikdən ayrılalı uzun müddət olub. Ayrıca, sizin kimi gənclərimizdən nəsə yeni bir şey öyrənə bilmək mənim qürurumu oxşayır.

Qan və göz yaşı

I

Xüsusi təyinatlılar erkəndən cəbhəyə yola düşdülər. Humay da bazadan ayrılıb Beyləqan korpusunun tərkibindəki Həmlə taboruna qatılmaq üçün Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinə yollandı.

O gəldiyində taborun əsgərləri ermənilərin döyüş postlarını ələ keçirərək onları ikinci eşalona çəkilməyə məcbur etmişdilər. Düşmənin köhnə mövqelərində yerləşən əsgərlərimizin önündə düşmənin torpaq istehkamları, onun da xeyli arxasında səngərləri uzanıb gedirdi. Humay bura gələn kimi, bölük komandirinin yönləndirməsi ilə düşmənin əvvəlcə pulemyot mövqeyi kimi istifadə etdiyi, indi bizim əsgərlərimizin snayper postuna çevirdikləri möhkəmləndirilmiş atəş mövqeyinə gəldi. Polkovnik Şükür Həmidov da burada idi. O, Humayı salamlayıb:

       – Sizin haqqınızda general çox xoş sözlər danışırdı. İnanıram ki, yenə Birinci Qarabağ savaşında olduğu kimi, sərrast atəşlərinizlə düşmənin qorxulu röyasına çevriləcəksiniz.

       –  Əlimdən gələni edəcəyəm, cənab polkovnik.

Polkovnik Həmidov atəş mazğalına işarə edərək:

       –  Göstər hünərini, – deyib digər postları yoxlamağa getdi.

Humay mövqeyə gəldiyində ara səngimişdi. Düşmən tərəfdən təkəm-seyrək atışlar gəlir, arabir kornetlə möhkəmləndirilmiş atəş nöqtələrimizi, ya da səngərlərimizin arxasında dronlarla müşahidə etdikləri hədəfləri iriçaplı minamyotlarla vurmağa çalışırdılar.

O, snayper postuna daxil olub atəş mazğalının önünə keçdi. Dünən gecə kamufulyaj parçadan tikib cibinə qoyduğu boğazı rezinlı torbanı çıxarıb tüfəngin optik nişangahının önünə keçirdi. Əsgərlərdən aldığı siqaretlə ortasından deşik açdı, “supressor”u lülənin ağzına bağladı. Yenidən savaşda və snayper tüfənginin arxasında idi. Həyəcanından nəbzi gicgahlarında atır, ürəyi qabırğalarını döyəcləyirdi. Optik nişangahdan düşmənin mövqeyini müşahidə etməyə başladı. Əlləri əsdiyindən tüfəngi sabit saxlaya bilmirdi. Hədəflər nişangahda oynayırdı. Elçin qulağına: – İllərdir arzuladığın, istədiyin yerdəsən. Özünü ələ al və qisasını al, Humu, – deyə pıçıldadı.

        –  Ah, Eli, nə yaxşı yanımdasan, – deyib dərindən nəfəs aldı, ciyərlərinə toplanmış havanı çölə üfürüb sakitləşməyə çalışdı.

         Təxminən on dəqiqəlik axtarışdan sonra “kamera postu” tərəfdən gələn parıltı Humayın diqqətini çəkdi. Atəş mazğalına vuran sübh günəşi müşahidə dəliyindən baxan düşmən snayperin optik nişangahın güzgüsünü parıldatmağa yetmişdi. Humay imkan tapıb atəş açmamış parıltı yoxa çıxdı. Görünür, düşmən snayperi də hədəf axtarırdı. Humay məsafəni ölçüb bucaq fərqindən doğan sapmanı hesabladı. Nişangahı tənzimləyib artikli həmin nöqtəyə qoydu. Ürəyində: “Qaçar yerin yoxdu, Aşotcan, sən mənim ilk qurbanımsan”, – deyib səbirlə gözləməyə başladı.

Bir neçə dəqiqə sonra artiklin mərkəzində parıltı düşdüyü an tətiyi özünə tərəf çəkdi. Şüşə qırıqları günəşin altında bərq vuraraq ətrafa səpələndi, parıltı söndü. Humayın dodaqları qaçdı, təbəssümlə:

         – Birindən biri, – dedi.

Atışma başladı. Havada uçuşan güllələrdən, partlayan mərmilərin qəlpələrindən günəş qaralmış, göy üzü tutulmuşdu.

Əsgərlərimiz ikinci eşalonu da ələ keçirərək düşməni daha gerilərə qovub stasionar müdafiə xətlərindən məhrum qoymaq, işğal altındakı şəhərlərimizə gedən yolu açmaq üçün canla-başla döyüşür, həyatlarını, sağlamlıqlarını heçə sayaraq hücum edirdilər. Düşmən tikanlı məftillər, qarışıq mina sahəsi, hündür torpaq val və dəmir-beton tunellərlə dəstəklənən səngərlərdə, möhkəmləndirilmiş atəş nöqtələrində bütün gücü ilə müdafiə olunurdu. Həmlə taborunun aldığı tapşırıq qəti və birmənalı idi, – düşmənin müdafiə istehkamları ələ keçirilməlidir! Tapşırığın yerinə yetirilmədiyi hər saat əsgərlərimiz daha inadla hücuma keçir, təzyiqi artırırdılar. Humay həmlə taboruna qatıldığından bəri yerini dəyişməmişdi. Ermənilər onun sərrast atışlarının gəldiyi istiqaməti müəyyənləşdirərək daldalandığı möhkəmləndirilmiş atəş nöqtəsini iriçaplı minamyotlardan, kornetlərdən atəşə tutsalar da, vaxtilə özlərinin tikib-hazırladıqları, bizim əsgərlərimizinsə ətrafına təkər yığdıqları beton istehkamı dağıda bilmirdilər. Bəzi sərrast atışlardan sonra mövqe sarsılır, içinə toz-torpaq dolurdu. Ya da təkərlərə dəyib çovuyan kornet mərmilərinin partlayarkən yaratdığı istilik dalğası Humayın üz-gözünü qarsalayır, ciyərlərini qovururdu. Lakin bunların heç biri onun vecinə deyildi. O, balaca atəş mazğalından görə bildiyi hər düşmən əsgərini artiklin mərkəzinə qoyub tətiyi çəkəndə, illərdir ki, qəlbində çatılan ocaq soyuyur, közünə su səpilirdi.

II

Ayın beşinə keçən gecə taborun şəxsi heyəti qruplar halında düşmənin arxasına sızmağa başladı. Onların bir qismi əməliyyatı uğurla başa çatdırmış, digərləri isə irəliləyərək bitərəf bölgənin mərkəzinə, keçən gün vurulan tankımızın yanına çatmışdı. Düşmən duyuq düşərək bitərəf bölgədəki əsgərlərimizi atəşə tutmağa başladı. Onlar əsgərlərimizin üzərlərinə iriçaplı pulemyotlardan, minamyotlardan atəş açır, tankı kornetlərlə vururdular ki, çovuyan mərmilərin qəlpələri əsgərlərimizə zərər versin.

Əsgərlərimizi atəş altından çıxarmağa çalışan tanklarımızdan biri səngərlərin arxasından çıxaraq düşmənə atəş açır, tezcə də geri çəkilirdi ki, hədəfə çevrilməsin. Üç uğurlu atışdan sonra, dördüncü dəfə mövqelərin arxasından çıxıb düşmən hədəfinə atəş açdı. Sürücü tankı geri qaytarmaq istəyirdi ki, kornet mərmisi sinəsində partladı…

Humayın olduğu snayper postunun əlli metr solunda, bir az irəli tərəfdə yerləşən möhkəmləndirilmiş atəş nöqtəsindən çıxan zabit başının üstündən keçən güllələri, ətrafına düşən minamyotları heçə sayaraq əllərini ağzına qoyub bitərəf bölgədə, atəş altında qalan əsgərlərimizə bağırmağa başladı:

       –  Yerinizdə qalmayın! Bu sizin üçün daha təhlükəlidir! Ya irəli gedin, ya da geri çəkilin! – cümləsini bitirə bilmədi, yaxınlığına düşən 122 mm-lik minamyotun qəlpəsi qulağının üstündən girib kəllə qapağını dəbilqəsi ilə birlikdə sovurdu. O, səngərin içinə yıxılarkən ətrafından bağırtılar yüksəldi:

         –  Polkovnik-leytenant Əliyev vuruldu!

         Əsgərləri tez onu çəkib möhkəmləndirilmiş atəş mövqeyinə saldılar. Biri yaralıları götürmək üçün gələn “təcili yardım” maşınını postun arxasına çağırarkən digəri onun yaralarını sarıyır, başqa bir əsgərsə bilincini açıq tutmaq üçün danışdırıb başını qatmağa çalışırdı:

        –  Ramin, qorxma, yaşayacaqsan, ciddi bir şeyin yoxdu, bax piramidol da vurduq. İndi “təcili yardım” səni hospitala aparacaq.

Amma polkovnik-leytenant Əliyevin fikri onlarda deyildi. Bədənini çulğayan rahatlıq və yüngüllük onu ağuşuna almışdı. Tavana zillənmiş gözlərinin önündə düşmən geri qaçır, işğal altndakı kəndlərimizdə, şəhərlərimizdə bir-birinin ardınca zəfər bayraqları dalğalanırdı. Qulaqlarında zəfər simfoniyası səslənir, başqa bir səs duymurdu.

Humay zabitin başından yaralandığı xəbərini alan kimi snayper postundan çıxıb Raminin döyüşdüyü posta doğru qaçdı. İndi onunçün bir zabitimizin həyatını qurtara bilmək on ermənini öldürməkdən daha əfzəl idi. Gəlib çatanda “təcili yardım” heyətinin əsgərlərlə köməkləşib Ramini səyyar xərəkdə təcili yardım maşınına daşıdıqlarını gördü. Onları dayandırıb baxdı, ilk yardımın qaydasınca göstərildiyinə əmin olub əsgərləri tələsdirdi:

        –  Gecikməyin, zabitimizin həyatı təhlükədədir!

Gedərkən arxasınca atılan minamyot mərmilərindən qurtulub üç yaralını hospitala sağ-salamat çatdıran “təcili yardım” maşını yeni yaralıları aparmaq üçün geri döndükdə artilleriya mərmisi ilə vuruldu. Əsgərlərimiz yardıma yetişdiklərində artıq hər şey üçün çox gec idi.

III

Ayın beşi axşamtərəfi Humay polkovnik Həmidova yaxınlaşaraq düşmənin arxasına keçmək üçün icazə istədi.

         –  Sən düşmən arxasına tək getmək istəyirsən?

         –  Elədir ki, var, cənab polkovnik.

Polkovnik Həmidov onun ikicə gündə yanıb qaralmış sifətinə, yuxusuzluqdan, yorğunluqdan qızarıb qan çanağına dönmüş gözlərinə baxıb ürəyiyananlıqla:

          – Niyə üzbəüz döyüşmək istəmirsən? Həm səni tək buraxa bilmərəm, axı general səndən muğayat olmağı tapşırıb, – dedi.

         – Cənab polkovnik, mən onların yanına getmək istəyirəm. Düşmən arxasına da onların müşayiəti ilə keçəcəm.

        – Səni özləri ilə aparacaqlarmı?

        –  Hər halda yanlarına getdikdən sonra qovmayacaqlar. Həm burada qalıb ermənilərin adi əsgərlərini öldürməkdənsə, arxalarına keçib ali zabit heyətindən tapa bildiklərimi öldürmək, həm də təminat yollarında pusqu quraraq canlarına qorxu salmaq istəyirəm. Xahiş edirəm ki, mənə icazə verəsiniz.

       –  Bəs onların yanına necə gedəcəyini bilirsənmi?

       –  Horadizə gedəcəm. Oradan təminat aparan maşınlardan biri ilə gedərəm.

Polkovnik Həmidov qaşlarını çatıb:

       –  Cəsarətli qızsan, uğur olsun, – dedi və döyüşü idarə etməyə davam etdi.

Həmin gün Aşağı Əbdürrəhmanlıdan ayrılan Humay gecə saatlarında gəlib Horadizə çatdı. Qəsəbə cəbhə xəttinə yaxın yerləşdiyindən işıqlar söndürülmüşdü. Avtomobillər belə işıq maskalanmasına riayət edərək hərəkət edirdi. O axtara-axtara gəlib magistral yolun kənarındakı yanacaqdoldurma məntəqəsini tapdı. Marketə girərək qatılaşdırılmış süd, peçenye və su aldı. Satıcı pul götürmək istəmədiyindən aldıqlarının təxmini qiymətini kassanın üstünə qoyaraq, yolun kənarına çıxıb gözləməyə başladı. Çox keçmədi ki, nömrələri kamufulyaj parça ilə bağlanmış yolsuzluq avtomobilləri, pikaplar göründü. Avtomobillər gəlib yanına çatanda birini saxlatdı. Şüşədən başını çıxaran əsgər onlarla eyni formadakı qıza sual verdi:

        –  Bacı, hara gedirsiz?

        – Cəbrayıla.

        –  Orada nə işiniz var?

        – Eşitdim ki, azad olunub, mən də gedirəm ki, “Yaşma”ya qoşulub düşmən arxasında fəaliyyət göstərəm.

Maşındakılardan biri onu tanımışdı:

         –  Humay xanım, haradan gəlirsiniz? – deyə soruşdu, sonra dönüb yoldaşlarına izahat verdi:

         –  Bu xanımı bizim bazada görmüşəm. Yusifgillə bərabər Birinci Qarabağ savaşında iştirak edib, snayperdir.

Avtomobilin kabinəsindəki əsgər enib yük yerinə qalxdı, Humaya isə onun yerinə keçməsini söyləyib tələsdirdi:

       – Gecikirik, zəhmət olmasa, tələsin.

Onlar Cəbrayıla yaxınlaşdıqlarında dan yeri sökülməkdə idi. Qaranlığın son pərdəsi qatı dumana qarışıb əriyir, zülmət yerini Arazın üstündən qalxıb gələn ağ örpəyə verirdi.

Humay hələ yolda gələrkən əsgərlərimizdən Cəbrayıl şəhəri və ətraf kəndlərdəki vəziyyət haqqında məlumat almışdı.

– Cəbrayıl şəhəri tamamilə bizim nəzarətimizdədir. Şəhərin ətraf təpəliklərində erməni postları qalıb, onları da bir-iki günə təmizləyəcəyik. Daşkəsən kəndində düşmənin böyük hərbi bazası vardı. Uşaqlar oranı dronlarla vurub dağıdıblar. Vaxt tapan kimi o istiqamətdə də təmizlik aparacağıq.

Humayın beynində işıq yandı. O, yanında əyləşən əsgərdən: “Daşkəsən kəndini yuxarıdan görən yüksəklik varmı?”– deyə soruşdu.

       – Əlbəttə var, kəndin girişində üzərində qüllə olan yüksəklik var. İndi o yüksəklik bizim nəzarətimizdədir.

Humay Cəbrayılın girişində pikapdan endi. Əsgərlərimizdən biri əlindəki balaca radiostansiyanı ona uzadıb:

         – Nə zaman çətinliyə düşsən, düyməsini sıx və kömək istə, bizimkilər ən qısa müddətdə dadına yetişəcəklər.

Humay radiostansiyanı alıb təşəkkür edərək:

        –  Onda qoy mənim çağrı adım “Yalquzaq” olsun, – dedi.

Gedəcəyi istiqaməti əsgərlərdən soruşub yola düşdü. Duman görüş məsafəsini azaltdığından kompasın köməyi ilə hərəkət edir, mənzil başına sağ-salamat çatmağa çalışırdı. İki saat sonra Humay gəlib qüllənin yanına çatmışdı. O, kolların arasında özünə yer seçib gizləndi. Seyrəkləşməkdə olan dumanın içində siluet kimi görünən düşmən bazasını müşahidə etməyə başladı. Bombardmanda qaçıb ətraf təpələrə sığınan erməni əsgərləri yavaş-yavaş geriyə qayıtmaqda idilər. Bazanın ona yaxın tərəfi ilə aradakı məsafəni ölçdü. Doqquz yüz əlli metrdi. Elə bu vaxt hərbi hissənin yerləşgəsinin digər tərəfindəki darvazadan keçən “UAZ” həyətə daxil olub dayandı. Humay aradakı məsafəni, kariolis fərqindən yaranan sapmanı və havanın temperaturunu hesablayıb nişangaha düzəliş etdi. “UAZ”ın arxa salonundan enən buxara papaqlı erməni zabitini gördükdə sevindi, dodaqları qaçdı. Artiklin mərkəzini min yüz metr aralıdakı zabitin sinəsinə qoyub tətiyi çəkdi. Sinəsindən dəyən güllə zabiti yerində fırladıb üzüüstə yerə çırpdı. Yanındakı digər iki əsgər öncə komandirlərinin niyə yıxıldığını anlamadıqlarından ayağa qaldırmağa çalışdılar. Lakin onu çevirdiklərində sinəsindən fışqıran qanı görüb qaçmaq istədilər. Humayın güllələri ikisini də elə yerindəcə haqladı. Ətrafdakı ermənilər ilk anda nə baş verdiyini anlamadan yoldaşlarının ölümqabağı çıxardıqları heyvani bağırtılarını eşidib səksəndilər.

Humay bərədəki ovçu kimi yerindən tərpənmədən nişangahına gələn düşmən əsgərlərini bir-birinin ardınca ovlayır, öldürdüyü hər erməni əsgərindən sonra dərindən nəfəs alıb: “Bu da belə getdi”, – deyirdi. Günortaya yaxın artıq duman çəkilmişdi. Düşmən güllələrin gəliş istiqamətinə görə onun yerini müəyyən etmişdi. Qüllənin ətrafını bazanın binalarının dağıntılarının arxasına yerləşdirdikləri minamyotlarla, kornetlərlə atəşə tutmağa başladı. Humay çətin vəziyyətdə qalmışdı. Hər an yaxınlığına düşəcək bir mərmi onun sonu ola bilərdi. Görülə biləcəyindən kolluqdan da çıxa bilmirdi. Çarəsizlik içində idi. Birdən köynəyinin qol cibindəki radiostansiyanı xatırladı. Düyməni sıxıb mikrafona: “Yalquzaq təhlükədə”, – deyə pıçıldadı.

Qulaqlıqdan gələn səsə ürəklənib sevindi.

          –  Koordinatınızı deyin.

          – Koordinatı bilmirəm, Daşkəsənin girişindəki təpədə, qüllənin yaxınlığındayam. Minamyotlarla ətrafımı vururlar, çıxa bilmirəm.

         –  Açıqlığa çıxma, indi hər şey yoluna qoyulacaq.

Az sonra başının üstündə uçan haropun səsini eşitdi. Kamikadze dronu qüllənin üstündən keçərək onun olduğu təpəyə minamyot atılan mövqeni vuranda sevincindən özünü tuta bilmədi, hıçqıra-hıçqıra ağladı.

Qulaqlıqdan gələn səs onu tələsdirdi:

        –  Yerini tərk et! “Yalquzaq”, məni eşidirsənmi? Yerini tərk et!

        –  Oldu, yerimi tərk edirəm.

Humay düşmən bazası gözdən itənədək geri-geri süründü. Artıq ermənilərin onu görə bilməyəcəyinə əmin olduqdan sonra ayağa qalxıb təpədən aşağı qaçmağa başladı. Gəlib dərəyə çatanda nəfəs-nəfəsə qalmışdı. Kolların arasından keçib suyun kənarında çöməldi. Əl-üzünü yuyub qalxmaq istəyirdi ki, suyun axdığı tərəfdən gələn addım səslərini eşidib yaxınlıqdakı kolun altına sindi. Bir-birindən beş-altı addım aralı bir sıra halında gələn dörd əsgər ona yaxınlaşırdılar. Çiynindən asılmış VSS-i çevirib dərənin qarşı yamacı ilə hərəkət edən əsgərləri müşahidə etməyə başladı. “Yəqin, bu dığaları məni tapmaq üçün göndəriblər”, – deyə fikrindən keçirib, burada, kol-kosun içində dayandığına sevindi. Öndə hərəkət edən əsgər artıq tam bərabərinə çatmışdı. Humay nəfəsini içinə çəkib dayanmışdı. Ona elə gəlirdi ki, nəfəs alsa, onu görəcək, yerini biləcəklər. Aralarındakı məsafə beş metr olardı, ya olmazdı. Artiklin mərkəzini sonuncu əsgərin iki qaşının ortasına qoydu. Tətiyin boğuq taqqıltısı eşidildi. O, kökündən kəsilmiş ağac kimi yıxılıb dərəyə yuvarlananda önündəki əsgər nə olduğunu öyrənmək üçün geri çevrildi. Bağırmaq istədi, lakin ağzından səs əvəzinə doqquz millimetrlik güllə çıxdı. Dizləri qatlandı, əlindəki silahını yerə söykədi. Müvazinətini saxlaya bilməyib üzü üstə yıxıldı.

Humay bir gözü ilə də öndəki ermənini nəzarətdə saxlamaqda idi. Öndəkilər yoldaşlarının arxa tərəfdən vurulduğunu zənn edib, dərənin bu tayına keçərək qaçmaq istədilər. Hövlnak özünü suya vuran erməni qarşı tərəfə keçəndə Humayla üz-üzə qaldı. O, atəş açmağı deyil, qaçmağı düşündüyündən ilk tətiyi çəkən həyatda qaldı, erməni əsgəri yarım metr məsafədən qarnından aldığı güllələrdən aşıb dərəyə düşdü. Özünü itirdiyindən silahını atıb bağıra-bağıra üzü yoxuşa qaçmağa çalışan sonuncu əsgəri də vurdu. O, ilk güllədən ölməmişdi. Boynunun yumşaq toxumalarından girən güllə çənəsindən çıxmışdı. Yıxılsa da, qalxıb aradan çıxmaq istəyir, torpağı cırmaqlayaraq qaçıb-qurtulmağa çalışırdı. Ancaq Humayın mərhəməti onun əzablarına son qoydu. Kürəyindən dəyən güllə zirehli gödəkcəsini keçib ürəyini dayandırdı… “Bu gün üçün on altı leş yetər”, – deyə dodaqaltı deyinən Humay gizləndiyi yerdən qalxıb Cəbrayıla tələsdi.

O, şəhərin girişindəki dördyola çatıb dayandı. Yolun kənarındakı çinarın altında əyləşib çəkmələrini, corablarını soyundu. Ayaqları yara-bərə içində qalmışdı. Dabanlarında, ayaq barmaqlarında şişib suluqlanmış yerlərin suluğunu soyub dərman çəkdi. Əşya çantasından götürdüyü ehtiyat corablarını geyindi. Ağaca söykənib ayaqlarını uzatdı. Dincəlmək, gözünün acısını almaq istəyirdi. Savaşa qatıldığından bu yana Aşağı Əbdürrəhmanlıdan Horadizə gələrkən maşında yarım saatlıq yuxulamağını çıxsaq, çimir almamışdı.

Mühərrik səsinə oyandı. Yuxudan yarımçıq qalxmağın verdiyi sərsəmliklə ətrafına boylandı. Gecə çoxdan düşmüşdü. Başını qaldırıb səmaya baxdı. Bir tək ulduz belə gözə dəymirdi. Sanki kainatda gecənin bağrını yaran partlayışların alovlu sütunlarından, quyruqlu ulduzlar kimi arxasınca iz qoyaraq süzülüb gedən izli mərmilərdən başqa, işıq qaynağı yox idi. Tələsik çəkmələrini geyinərkən ayaqlarının yaraları inciyib ağrıdı. Üz-gözünü turşudub ufuldadı. Öz-özünə: “Bu partlayışların səsinə necə də yatmışam”, – deyə təəccübləndi. Birinci Qarabağ savaşında döyüşməyi yadına düşdü. Qubadlıdan İsa bulağına tərəf Laçın dəhlizini keçməyi, iki gün yuxusuz qalıb erməni generalını öldürdükdən sonra dizəcən çıxan qarın içi ilə Kəlbəcərə, Zülfüqarlı kəndinə gedib çıxmağını xatırladı. “Eh, getdi o günlər, cavanlıq enerjisiylə yuxusuzluq nədir, yorğunluq nədir bilməz, günlərcə qarın üstündə uzanıb ovumu pusardım, – deyə xəyalından keçirdi. –Amma indi, iki gün yuxusuz qalmaqla oturduğum yerdəcə yuxu aparır”, – deyib köks ötürdü. Yaxınlaşan avtomobil karvanını qarşılamaq üçün ayağa qalxıb yola yaxınlaşdı.

Xüsusi təyinatlılar digər hərbçilərdən sərt intizamları, üstün döyüş qabiliyyətləri, liderlik bacarıqları, qorxmazlıqları ilə fərqlənirdilər. Onlar güllə və qəlpə yaralanmalarında belə sümük qırığı olmadığı müddətcə hospitala təxliyə olunmağı rədd edir, sanitar yoldaşları yerində tibbi yardım göstərdikdən sonra savaşmağa davam edirdilər. Onlar ən çətin vəziyyətdə belə, yardımsevərlikləri ilə heyran olunmağa layiq qəhrəmanlar idilər.

Humay öndəki maşına işarə edib əylədi. Hər ehtimala qarşı “Sako”nu kürəyinə asmış, VSS-i əlində atəşə hazır vəziyyətdə tutmuşdu. Öndəki pikapın şüşəsini endirdilər. Humay gözucu başına tuşlanan tüfənglərə baxıb avtomobilə doğru bir addım atdı:

       –  Siz kimsiniz?

Avtomobildən komanda verildi:

       –  Üzünü işıqlandır.

Humay Xüsusi təyinatlılarımızı tanımışdı. Sakitcə telefonunun işığını üzünə saldı.

       –  Doktor, gecənin bu vaxtı hara gedirsən?

       –  Döyüşə.

       –  Harada döyüşəcəksən?

       –  Bilmirəm, icazə versəniz, sizinlə gedərəm.

      Gözlər bölmə komandirini axtardı, onun razılıq işarəsindən sonra:  – Yaxşı, gəl bizimlə, – deyə cavab verdilər.

Avtomobillərini yolun kənarında saxlayıb yerə tökülüşən Xüsusi təyinatlılar səfər düzülüşünə keçərək Süleymanlı-Qaraxanbəyli istiqamətində hərəkət etməyə başladılar. Onlar Qaraxanbəylinin üzərindən, digər qrupsa Süleymanlı-Horoğlu istiqamətindən dağlıq-meşəlik yollarla hərəkət edərək Hadruta getməli idilər. Hava tutqun idi. Bir-birinə qarışan zülmət qaranlıqla qatı çən görmə məsafəsini əməllicə düşürdüyündən hərəkət etmək çox çətin idi.

Yağmurun islatdığı bərəkətli Qarabağ torpağı əsgərlərimizin çəkmələrinə sarılıb buraxmaq istəmir, sanki illərdir ayrı düşdüyü doğma ayaqları bağrına basıb sonsuzadək saxlamaq istəyirdi. Humay ayaqları şişib yara olduğundan hər addımda ufuldayır, irəliləməkdə çətinlik çəkirdi. Yürüşə başlarkən sıranın baş tərəfinə yaxın olsa da, getdikcə onu keçib gedən Xüsusi təyinatlıların sırasının sonuna yaxınlaşırdı. Öz-özünə: “Komandan “Sən Xüsusi təyinatlılarla ayaqlaşa bilməzsən”, – deyəndə qəlbən küsüb incimişdim. Amma haqlı imiş”, – deyə düşünürdü.

Qüvvətli bir əl onu tutub saxladı. Qulağına əyilərək:

         – Tez ol, bel çantanı çıxar, – deyib onu tələsdirdi.

         –  Lazım deyil, özüm daşıyaram, – deyə etiraz etmək istədi. Çantanın çiyin kəmərindən yapışan əl onu bir hərəkətlə kürəyindən çıxarıb aldı.

         –  Mənzil başına çatanda verərəm, sən çalış geri qalma!

        Bu ötkəm amiranə səsin sahibi kim idi? Qaranlıqda gözlərini zilləyib baxdısa da, onun sifətini seçə bilmədi. Səssizcə ardınca düşüb irəliləməyə başladı. Çiyinlərindəki ağırlıq qalxdığından xeyli rahatlamışdı. Ayaqları da daşımalı olduqları yükün çəkisi azaldığından hər addımda üsyan edib ağrımırdılar…

Nə saatdan xəbəri var idi, nə olduqları məkandan. Bir-birinə qarışmış qaranlıqdan, dumandan, çəndən göz-gözü görmür, hansı tərəfə getdiklərini bilmirdi. Özünü taleyin və Xüsusi təyinatlıların ümidinə buraxaraq addımlayırdı.

Əsgərlərimizin bir qismi yamacı enir, ön tərəfdəkilər isə balaca dərəni keçib yoxuş yuxarı çıxırdılar. Qaraxanbəyliyə gedən asfalt yola cəmisi bir kilometr qalmışdı. Ani qalxan külək dumanın ətəklərini oynadıb qaldırdı. Qarşıdan üstlərinə dolu kimi güllə yağmağa başladı. Hər kəs cəld olduğu yerdəcə mövqeləndi.

Onların əlində bu ərazidə hansısa erməni postunun olması barədə məlumat olmadığından bura qədər səfər düzülüşündə gəlmişdilər. Amma yenə də bir-birilərindən on beş-iyirmi metr aralı hərəkət etmələri ilk atışdaca çoxlu sayda itki vermələrinin qarşısını aldı. Torpaq maneələrin arxasından pulemyotların lülələrindən çıxıb yayılan alovdan başqa bir şey görünmürdü. Öndə hərəkət edən dozor daxili radiostansiya ilə:

       –  Qarşımızda düşmənin uzunmüddətli atəş nöqtələri var, – deyə məlumat verdi.

Bölmənin rəhbəri polkovnik Seyidov göstəriş verdi:

        – Uyğun yer seçib hərəkətsiz qalın, atəş dəstək düşməni susdurmaqla atış altındakı yoldaşlarımızı çıxarmağa kömək etsin!

Xüsusi təyinatlılar ermənilərin uzunmüddətli atəş nöqtələrində uzaqdan idarə olunan pulemyotların, gecəgörmə vasitələrinin, hətta hərəkət sensorlarının olduğunu bilirdilər. İndi ilk məqsədləri təsadüfən gəlib üstünə çıxdıqlarından müdafiə qabiliyyəti və əhatə dairəsi barədə heç bir şey bilmədikləri bu istehkamların önündən sağ-salamat ayrılmaq idi.

Polkovnik Seyidov atəş dəstək istədiyi an Humay təpəciklərdən birinin yamacında idi. O, qarşıdakı atəş açılan nöqtələri görə bilirdi. Bir az sağ cinahda qaldığından onun istiqamətində gələn güllələr nisbətən seyrək idi. Snayper tüfənginin optik nişangahının işıqlandırmasını açıb kontrası tənzimlədi. Atəş altındakı ön dozoru, onun başının bir neçə santım üzərindən keçən yandırıcı güllələri indi daha rahat görə bilirdi. Düşmənin atəş mazğalını nişan aldı. İlk atışı uğursuz oldu. Gülləsi mazğalın kənarına dəyib çovudu. Dərindən nəfəs alıb ürək döyüntülərini sabitlədi. Təkrar nişan alıb tətiyi çəkdi. Düşmənin pulemyotu susdu. Digər cinahdan da başqa snayperlərimiz tək atışlarla düşmənin atəş nöqtələrini susdurmağa çalışırdılar. Xüsusi təyinatlılarımız boşa güllə atmağa alışmadıqlarından heç indi də düşmənin yaxına getməyənədək görünməyən, önündə xüsusi üsulla kölgə baryer yaradılmış istehkamlarına atəş açmırdılar.

Onlar hava işıqlananadək sürən gərgin döyüşdə snayperlərin sərrast atəşləri ilə düşmənin uzunmüddətli atəş nöqtəsindəki müxtəlif atəş mazğallarını doqquz dəfə susdurdular. Lakin hər susan mazğalın sıradan çıxan pulemyotçusu başqası ilə əvəzlənir, bir-iki dəqiqə sonra yenidən pulemyotlar alov püskürür, yandırıcı güllələri qaranlığı yararaq xüsusi təyinatlıların başları üzərindən uçub gedirdi.

Polkovnik Seyidovun göstərişi ilə rabitəçi artilleriyanın komanda məntəqəsi ilə əlaqəyə çıxıb koordinat verərək atəş dəstəyi istədi:

       –  Düşmənin uzunmüddətli atəş nöqtəsi təcili olaraq vurulsun.

       –  Verdiyiniz koordinatda bizim qüvvələr yerləşir.

       –  Nə bizim qüvvə? Atəş altındayıq! Çıxa bilmirik! Verilən koordinat təcili vurulsun!

Qarşı tərəf vurmamaqda israr edirdi:

       – Xəritəyə görə verdiyiniz koordinatda bizim qoşunlarımız yerləşib. Vura bilmərik.

Rabitəçi özündən çıxıb bağırırdı:

       –  Axmaq! Güllələrin səsini də eşitmirsən sən?

Cavabsa eyni idi:

       –  Vura bilmərik!

Polkovnik Seyidovun dişi bağırsağını kəsirdi. O, qrup komandirlərinə komanda verdi:

– Atəş üstünlüyü saxlanmaqla ilk növbədə ön dozor geri çəkilir. Dron heyəti dron qaldırsın və düşmənin uzunmüddətli atəş nöqtəsinə zərbə endirilsin.

İkinci qrupdakı istehkamçıların daşıdıqları kamikadze dron havaya qaldırıldı. Az sonra düşmənin atəş mövqeyinə çırpılan dron dəhşətli gurultu ilə partladı. Yaxınlıqdakı təpəciklərdə qurulan “spayk”lardan da atəş mazğalları vurulurdu. “Spayk” mərmiləri atəşləndikdən sonra havaya qalxır, başını aşağı əyərək hədəfini axtarırdı. Operatorun işarələdiyi mazğala doğru sürətlə şığıyıb müşahidə dəliyinə çırpılaraq partlayırdı…

Ön dozorla birlikdə atəş altında qalan əsgərlərin hamısı sağ-salamat geri çəkildi. İki şəhidin cənazəsi ilə üç yaralı götürüldükdən sonra polkovnik Seyidov komanda verdi:

         – Geriyə çəkilirik. Ara məsafəsini gözləməklə istehkamların solundan keçib yolu bağlayacağıq.

Xüsusi təyinatlılar təhlükəsiz mövqeyə çəkildiklərində polkovnik Seyidov komandanlıqdan gələn əmri şəxsi heyətə çatdırdı:

          – İki qrup, o cümlədən dron, tank əleyhinə vasitə heyətləri və iki cüt snayper cütlüyü burada qalaraq təpələrdə mövqelənib yolu kəsir. Düşmənin hər an gələ biləcək əks- həmləsinə hazır olmaq üçün iki yüz metr genişliyində, dörd yüz metr dərinliyində müdafiə istehkamları yaradırsınız. Qalan şəxsi heyət əsas qüvvələrlə birləşmək üçün Süleymanlı-Horovlu istiqamətində hərəkət edəcək. Komandirin gözü Humaya sataşdı:

         – Siz, snayper xanım, bundan sonra, Cavidlə cütlük halında hərəkət edəcəksiniz. Cavid müşahidəçi və cütlüyün komandiri, sən isə nişançı snayper olaraq fəaliyyət göstərərsiniz.

Humay: – Oldu, cənab polkovnik, – deyərək Cavidin kim olduğunu öyrənmək üçün ətrafına boylandı. Onu gördüyündə tanıyıb sevindi. Bu, yolda onun bel çantasını alıb indiyədək daşıyan oğlan idi…

Hadrut yolu

I

Xüsusi təyinatlı qruplar Horoğlu istiqamətində birləşib Hadrutu azad etmək üçün hərəkətə başladılar. İlk təmizlik əməliyyatı Qarakollu kəndində başladı. Burada qarşılaşdıqları düşmən bölmələrini darmadağın edən əsgərlərimiz daha da şimala hərəkət etdilər. Xüsusi təyinatlıların bir qismi Qarakolluda təmizlik işləri apararkən, digər bölmələr yolun qarşı tərəfindəki “Dəli kəhriz”in arxasından dolanıb seyrək meşə massivi ilə 1.2 kilometr aralıdakı Gorazilli istiqamətində hərəkət etdilər. Dağ silsiləsinin ətəyində, seyrək meşəlikdə yerləşən Gorazillinin aşağı tərəfindən axan Qozluçay dərəsi bu yaşayış məntəqəsini təbii istehkama çevirərək müdafiəsini asanlaşdırırdı. Ancaq əsgərlərimizin şücaəti, mətinliyi bütün istehkamlardan daha qüdrətli idi. Ağır döyüşlərdən sonra Gorazillidə qurulmuş düşmən istehkamları darmadağın edildi. Çoxsaylı itkilər verən ermənilər öz qüvvələrini tələm-tələsik Qoçbəyli istiqamətində geri çəkdilər. Artıq əsgərlərimiz Hadrutun beş yüz metrliyində idilər. Ancaq düşmən ordu birləşmələri coğrafi mövqeyinə, strateji əhəmiyyətinə görə təbii qala olaraq anılan Hadrutu asanlıqla təslim etmək niyyətində deyildi. Onlar ən seçkin döyüş bölmələrini burada toplamış, qəsəbənin müdafiəsi üçün bütün mümkün tədbirləri görmüşdülər. Xüsusi təyinatlı qüvvələr komandanlığı savaşın başlandığından bu yana olduğu kimi, yenə də strateji ağıl və fəndgirlik işlədərək düşməni yanıltmaq qərarına gəldi. Əsgərlərimizin bir qismi Qoçbəyli istiqamətində düşmənə saxta hücumlar təşkil edib, onların əsas qüvvələrinin başını qatacaqdı. Bu vaxt əsas bölmələrimiz düşmən arxasına sızaraq meşə-kolluqlarla örtülmüş sərt yamac və kəskin ərazi qırışlarından istifadə etməklə  doqquz kilometr yarım hərəkət edib Hadrutun arxasını söykədiyi dağ silsiləsindəki hakim yüksəkliklərdə  və Xankəndi yolu tərəfdə mövqelənəcəkdi. Əmr verildiyində isə bölmələrimiz ani və əlaqələndirilmiş hücumla üç tərəfdən qəsəbəyə girib mərkəzdə təyin olunmuş birləşmə nöqtəsinə irəliləyəcəkdi. Plan uğurlu alınarsa, ermənilərin “alınmaz qala” hesab etdikləri Hadrutun azad edilməsi əməliyyatı ən çoxu bir neçə günə başa çatacaqdı.

Gecə Xüsusi təyinatlılar Hadrutun arxasından keçməklə Vəng-Xankəndi yolu istiqamətində hərəkətə başladılar. Onlar dağlıq-meşəlik ərazi ilə səssizcə hərəkət edir, sərt yamaclı dərələrdən, yarğanlardan, tillərdən duman kimi süzülüb gedirdilər. Təpələrdən birinin yaxınlığından keçərkən ön dozor işarə verdi. Yollarının sağ tərəfində düşmənin müşahidə postu var idi. Oradakı əsgər siqaretinin közü ilə görüntü vermişdi. “Dur” əmri verildi. Əsgərlərimiz olduqları yerdə çökərək dizlərinin birini torpağa qoyub, hər an atəş açmaq üçün hazır vəziyyətdə dayandılar. əllər tətikdə, gözlər nişangahda, hədəf arpacıqda idi….

 Komandirlər arasında keçirilən qısa müşavirədən sonra düşmən əsgəri onları görmədiyi müddətcə atəş açmamaq qərara alındı. Hər halda o, tək deyildi. Postun ərazisində neçə nəfər olduğunu bilmədiklərindən burada əməliyyat keçirib gecikmək istəmirdilər. Həm bir əsgəri vuracaqları təqdirdə digərləri radiostansiya ilə qərargaha məlumat verəcəkdi. Bu da əməliyyatın gizliliyinin pozulması demək idi.

Postun yanından gizlincə keçib getdiklərində hər kəs rahat nəfəs aldı. Sur kəndinin yaxınlığında Hadruta iki tərəfdən hücum etmək üçün bölündülər.

Dəstələrdən biri dağın üstündə, meşəlik ərazidə örtü-gizlənməni təmin edərək mövqelənib hücum əmri gözləyərkən, digəri Xankəndi yolu istiqamətində hərəkət etdi. Digər bölmələrimiz Hadruta hücum edərkən qəsəbədən çıxıb qaçan düşmən əsgərlərini pusquya salmaq üçün ayrılmış on səkkiz nəfərlik qrup da mayor Əhməd Nurubəylinin rəhbərliyi altında Hadrut-Tuğ yolunu bağlamaq üçün ikinci dəstə ilə birlikdə hərəkət etdi. Onlar Vəng kəndinədək birlikdə gələcək, burada əsas dəstədən ayrılaraq oriyentir olaraq verilmiş qoz ağacının yanında toplanma nöqtəsi seçib əməliyyatlara başlayacaqlardı.

İkinci dəstə səfər düzülüşündə yola düşdü. Ön dozor qrupu seyrək meşə zolağı ilə səs çıxarmadan, ehtiyatla hərəkət edirdi. Yarımqrupun öndə hərəkət edən kəşfiyyatçısı solğun ay işığında uzaqda görünən qülləni sezdiyində dalağı sancdı. Arxasınca gələn yoldaşlarına “dur” işarəsi verərək dizüstə çökdü. Gecəgörmə durbini ilə təpənin üstündəki metal qülləni müşahidə etməyə başladı.

Erməni snayper uzaqdan gələn Xüsusi təyinatlılarımızı termal kameradan aşkar etsə də, hava şərtləri uyğun olmadığından atəş açmır, yaxınlaşmalarını gözləyirdi. Onların dayandıqlarını gördüyündə duyuq düşdüklərini anladı. Gülümsəyib dodaqaltı:”Ay tapdınız ha”, – deyərək, şeh damcılarının islatdığı qalın brezent örtüyü başına çəkib altında gizləndi. Yarımqrupun kəşfiyyatçısı nə termal, nə də gecəgörüş durbini ilə bir şey aşkarlaya bilmədiyindən “irəli” işarəsi verərək, ayağa qalxıb hərəkət etdi. Kəşfiyyatçı ehtiyat tədbiri olaraq qüllənin yaxınlığından keçən yollarını sola dəyişib nisbətən uzaqdan keçməyi qərara aldı. Beləliklə, yamacın daha aşağısından keçməklə qüllə istiqamətinə mümkün qədər az görüntü verəcəkdilər.

Erməni snayper onların hərəkət istiqamətlərindəki dəyişikliyin səbəbini başa düşdüyündə manevrlərinin qarşısını almaq qərarına gəldi. Yanındakı müşahidəçi cəld ön dozorun hərəkət istiqaməti və uzaqlığına görə məsafəni çıxarıb bucağı ölçdü. Snayper ondan aldığı məlumatlarla nişangahın yan və üst barabanlarını tənzimləyib artiklini ağacların arasından işarələdiyi oriyentirə qoydu. Artıq əsgərlərimizdən üçü görüntü ala biləcəyi son nöqtədən keçib dikin arxasında yoxa çıxmışdılar. Dördüncü sıradakı əsgər anidən: – Vuruldum! – deyə bağıraraq yıxıldı. Yarımqrup komandiri: – Hər kəs mövqelənsin! Güllənin gəliş istiqamətinə tüstü bombası atılsın! – deyə əmr edərək bölmənin əsas hissəsinə: – Ərazidə düşmən snayperi var! Gizir Qasımov vuruldu, – deyə məlumat verdi.

Bölmə komandiri:

         –  Oldu, snayper təhlükəsi! Hər kəs mövqelənsin! – deyə komanda verib,

         –  Düşmən snayperinin yerini aşkar edə bildinizmi? – deyə qrup komandirindən soruşdu.

         – Bəli, cənab polkovnik, gizir Qasımovun yaralanma vəziyyəti, güllələrin  havada  süzülərkən çıxardığı səs dalğalarının yayılması və torpağa saplanma istiqamətindən düşmən snayperin sağ ön tərəfdəki metal qüllədə gizləndiyini təxmin edirəm.

        Bölmə komandiri qrupdaxili radiostansiyanın tezliyini dəyişərək cinah mühafizə qrupunda hərəkət edən Cavidə düşmən snayperinin dərhal aşkarlanıb məhv edilməsi barədə əmr verdi.

Cavid Humayla birlikdə sıx ağacların olduğu yerlərdən hərəkət etməklə vurulan yoldaşlarının olduğu yerə yaxınlaşdı. Ön kəşfiyyat yarımqrupunun komandiri ilə əlaqəyə çıxaraq güllənin hansı istiqamətdən atıldığını dəqiqləşdirdi:

        –  Snayper sağ tərəfimizdədir. Metal qüllədə ola biləcəyini düşünürəm.

II

Erməni snayperi əsgərimizin olduğu yeri atəş altında saxladığından nə sanitar yaxınlaşıb tibbi yardım göstərə bilir, nə də onu kolların arasına çəkə bilirdilər ki, təxliyə etsinlər. Sanitar baş gizir Məmmədov ona səsləndi:

         –  Qasımov, harandan yaralanmısan?

         –  Əclafın gülləsi ombamdan dəyib.

         –  Hərəkət edə bilirsənmi?

          – Elə bil sağ tərəfimdən tok ötürüblər Ədiş, bütün sümüklərim gizildəyir,–  deyib ah çəkdi, səsi titrədi.

         – Qasımov, piramidolu vur, çəkil ağacın dibinə. Yaralanan nahiyəni ağaca sıx və hərəkətsiz qal ki, qanaxman azalsın. Səbrli ol, indi snayperi məhv etsinlər, qardaşın sənə yardım göstərib təxliyə edəcək.

        – Narahat olma, Ədiş, piramidol vurmuşam. Ağacın dibinə sürünüb ombamı söykəyərəm.

        –  Afərin aslanıma!

        –  Qan dəhşət axır, Ədiş….

        – Ürəkli ol, aslan parçası! Danışıb özünü yorma, çalış hərəkətsiz qal! İndi sən ürək döyüntülərini bacardıqca aşağı salmalısan ki, qan təzyiqin aşağı düşsün. Ona görə sənə həyəcanlanmaq, hərəkət etmək olmaz. Bil ki, qardaşların səni heç vaxt burada qoyub getməyəcək.

       – Bilirəm, Ədiş, həyəcanlı da deyiləm…. Alçağın gülləsi şah damarını kəsib, nədi? – deyib köks ötürdü.

Ədalətin gözləri doldu. O, Xüsusi təyinatlılarda xidmət etdiyi iyirmi ildə nə qədər tapşırıqlarda, neçə-neçə döyüşlərdə iştirak etmişdi. Güllə altından çıxardığı yaralıların, əzrayılın pəncəsindən çəkib aldığı yoldaşlarının sayı-hesabı yox idi. Hər yaralının danışığından, səs tonundakı dəyişikliklərdən vəziyyətini anlayır, qurtuluşunun olub-olmadığını başa düşürdü. İndi Qasımovun vəziyyətinin də ağır olduğunu anlayırdı. Ancaq nə etmək olardı? Yanına yaxınlaşmaq, yardım göstərmək mümkün deyildi. Dişlərini qıcayıb snayperlərimizin qarasına: ‘Harada qaldınız, tez olun, gəbərdin bu köpəyoğlunu!” – deyə donquldandı.

III

Cavidlə göz-gözə gəldilər, Humay onun arxasınca düşüb görmə məsafəsində qülləyə doğru addımladı. Hədəfə yaxınlaşdıqlarında Cavid dayanıb ona da “dur” işarəsi verdi. İkisi də qüllənin yan tərəfində, düşmən snayperinin müşahidə sektorundan kənar yer seçib uzandı. Qüllədən gələn boğuq taqqıltılar gecənin səssizliyində yayılır, ta onlara qədər gəlib çatırdı. Humay arabir görünüb itən zəif alov parıltılarını Cavidə göstərərək:

      –  Bax, oradadırlar, supressorla atırlar, – dedi. Cavid qülləni müşahidə edərək:

      – Humay, qüllədə bir snayper və onun bir nəfər müşahidəçisi var. Dronlara görüntü verməmək üçün çadırın altında gizləniblər. Snayperin sadəcə üzü görünür, müşahidəçi isə gecəgörüş durbininə düşsə də, snayperin solunda qaldığından tam görünmür. İndi sizə məlumatları verəcəyəm.

      – Buyur, Cavid, onların düzəlişlərini vermək səndən, papaqlarını boş qoymaq məndən.

Cavid qülləyə qədər olan məsafəni ölçüb “kestrel”ə əlavə etdi, temperaturu, küləyin sürətini və bucaq fərqini ölçüb:

       –  Məsafə 378 metr, yüksəliş düzəlişi 1.5 milyəm, külək saat 2 istiqamətindən, küləyə görə düzəliş 0.8 milyəm, – dedi.

Humay optik nişangahın yan və üst barabanlarını tənzimləyib yarpaqların arasından erməni snayperin sifətini nişan aldı. O, yandan gördüyü sifətə nifrətlə baxır, atəş açmağa tələsməyərək sanki onu öncə baxışlarıyla əzir, xəyalında öldürürdü. Güllə erməninin gicgahından dəyib “miatsum” ideyaları ilə zəhərlənmiş beynini dağıtdı. Ani təkanla yana sovrularkən silahı əlindən düşdü, qüllənin dəmirlərinə çırpıla-çırpıla aşağı yuvarlandı. Cavid yerində qurcuxub Humaya baxdı, “Niyə atmırsan?” – deyə soruşdu.

Humay ona cavab vermədi, tətiyi ehmalca özünə tərəf çəkdi. Sanki barmağını yavaş-yavaş bal dolu kasaya batırırdı. Boğuq taqqıltı eşidildi. Cavid erməni snayperin gicgahını dəlib keçən gülləsini görəndə: “Çox şükür!” – deyib rahat nəfəs aldı. Elə bu vaxt düşmən snayperin müşahidəçisi yoldaşının vurulduğunu görüb səksəndi, ölümün soyuq nəfəsini üzərində hiss etdi. İnstinktlə: “Yaşma!” – deyə bağırıb pilləkənlərə tərəf qaçmaq istədi. Ayağa qalxdığı an Humayın gülləsi onu haqladı. Qüllənin məhəccərinə çırpıldığında son bir ümidlə sürahidən tutub dayanmaq istədi. Humay silahını yenidən doldurdu. Sürahiyə söykənib heyvani səslə bağıran düşmənin sinəsindən nişan aldı. 8.59 millimetrlik güllənin kinetik enerjisindən aldığı təkanla arxası üstə aşıb boşluğa yuvarlanan əsgər bağıra-bağıra yerə çırpıldı.

Cavid müşahidəçinin  başıüstə yerə çırpıldığını gördüyündən onun öldüyünü yəqin etdi. Humaya dönərək:

        –  Afərin sizə, Humay xanım, nişançılığınıza söz ola bilməz, – dedi.

Humay gülümsünərək:

        – Siz bu işin ustasısınız, mənsə adi bir həvəskar, – deyə təvazökarlıqla cavab verdi.

Cavid daxili radiostansiyanın mikrafonuna: – Post təmizləndi, yol açıqdır, – deyə pıçıldayaraq ayağa qalxdı. Qülləni müşahidə etməkdə olan Humaya:

        –  Qalxın, Humay xanım, əsgərlərin yanına dönürük, – dedi.

Humay ayağa qalxarkən Cavidin əlindəki köhnə model telefonlar kimi ensiz uzunsov cihaza baxıb:

         –  Kestrel dedikləri budurmu? – deyə soruşdu.

         –  Bəli.

         –  Nə işə yarayır ki?

         –  Bax, bura ekrandır, bu düymələrlə, – deyərək, – məsafəni girib yuxarıdakı bu qapağı açırsan. Gördüyün pərlərin üzünü küləyə tutduqda küləyin sürətini və istiqamətini hesablayır, arxasındakı bu sensorlarsa, – deyərək cihazın arxasını çevirib göstərdi, – havanın temperaturunu və sıxlığını ölçür. Sonra hamısını toplayıb üstünə kariolis və deravasiya fərqlərini də gələrək sənə yan və üst barabanlara görə neçə milyəm tənzimləməli olduğunu deyir.

       –  Yəni keçən müharibədə bizim özümüzün hesabladığımızı bu müharibədə cihaz hesablayır, eləmi? – deyərək qaşlarını çatdı.

      –  Bir az hə.

IV

Ədalət snayperin vurulduğu xəbərini alan kimi gizir Qasımova yaxınlaşdı. Onun zirehli gödəkcəsinin yan qaytanlarını boşaldaraq belindəki kəmərini açdı. Güllə dəyən yeri tapıb bayaqdan hazır tutduğu ilk yardım çantasını açaraq sarğı ləvazimatlarını götürdü. Yaranın üstünə hazır tampon qoyaraq möhkəm sarıdı. Yarımqrup komandirinə yaralı haqqında məruzə edərək:

         – Güllə omba sümüyünü sındırıb. Yaralıya piramidol vurulub, sarğı qoymuşam. Kəmərlərdən xərək düzəltdim. Əməliyyat toplanma nöqtəsinə aparacağıq. Oradan ilk fürsətdə tibb məntəqəsinə təxliyə edərik, – deyə məlumat verdi. Komandir əsas bölmə ilə əlaqəyə çıxıb yaralının koordinatını verdi, əməliyyat toplanma nöqtəsinədək daşınmasını xahiş edib yarımqrupuna hərəkət əmri verdi.

Gəlib Vəng kəndinin qərbində, dağın döşündə yerləşən məzarlığa çatdılar. Buranı keçib kəndin girişindəki yol ayrıcında ayrılacaqdılar. Əsas bölmə Xankəndi yolu istiqamətindən Hadruta hərəkət edərkən, pusqu qrupu da Vəngi keçib Tuğ yolunu bağlamaq üçün qoz ağacı istiqamətində hərəkət etməli idi. Ön dozor qəbiristanlığa girdi. Bölmənin digər şəxsi heyəti də onun ardınca hərəkət edərək məzarların arası ilə irəliləyirdi. Onlar məzarlığa girərkən zülmət daha da qatılaşdı. Ay da çəkilib buludların arxasında gizlənmişdi. Ətrafda ölüm səssizliyi hökm sürürdü. Xüsusi təyinatlılar qəbiristanlıqdan səs salmadan, kölgə kimi sürünüb keçir, gözlərini dörd açaraq ətraflarını nəzarətdə saxlamağa çalışırdılar. onlar yenicə qazılaraq hazır saxlanan boş qəbirlərin və üstü yenicə torpaqlanmış təzə məzarların yanından keçib qəbiristanlığın köhnə hissəsinə çatdılar. Xaç formasındakı baş daşlarının hər biri məzarından xortlamış bir adam kimi dayanıb yanlarından keçən qara kölgələrə baxırdı…

Ölüm səssizliyini çaxmaq taqqıltısı pozdu, Xüsusi təyinatlılardan biri yıxılarkən: – Mən vuruldum! – deyə bağırdı. Bir ədəd qumbaranın qoruyucusu çıqqıldadı, metalın yerə düşərkən çıxardığı tox səs partlayışın gurultusunun içində əridi…

İlk atəşdəcə özlərini yerə atıb qəbirlərin arasında mövqelənən Xüsusi təyinatlılar görünməzlik iksiri içib yoxa çıxmışdılar. Nə səsləri gəlirdi, nə özləri görünürdülər. Heç ilk atəşdə vurulan da yerində yox idi. Bəs o hara getmişdi? Erməni əsgərləri səksənib gözlərini ovuşdurdular, birinin səsi qəbir daşlarından əks-səda verib yayıldı:

         – Bunlar hara getdilər? Yoxsa bizi qaramı basır? – Sanki ona cavab olaraq, yamacın yuxarı tərəfində çaxmaq taqqıldadı. Gicgahından zərbə alan düşmən əsgərinin başı önündəki məzarın sinə daşına çırpıldı. Cinah mühafizə qrupundakı Humay qıcadığı dişlərinin arasından:

        – Get, cəhənnəmin qapısında yoldaşlarını gözlə, indi hamısı gələcək, – deyə pıçıldayıb qəbirlərin arasında uzanmış digər ermənini nişan aldı.

Cinah mühafizə qrupları qəbiristanlığın kənarları ilə səssizcə süzülüb düşmənin arxasına keçmişdilər. Onlar hər erməni əsgərinin yerini müəyyənləşdirib tək güllə atır, imkan tapan kimi yerlərini dəyişib qəbirlərin arasında yenidən yoxa çıxırdılar. Qorxuya düşən ermənilər komandirlərini saya salmadan hara gəldi, atəş açır, qumbaralarını çıxarıb qoruyucusunu çəkərək gücləri gəldikcə uzağa tolazlayır, az qala hər qəbir daşını güllələməyə çalışırdılar. Gecənin qaranlığında görə bilmədikləri düşmənlə mübarizə aparmağa çalışan ermənilərin arasında qorxu və panikanın yaratdığı hərc-mərclik hökm sürürdü. Bu dəqiqələrdə onların zehninə tək bir şey hakim idi – həyatda qalma instinkti. Onlar qorxudan böyüyüb hədəqədən çıxmış gözlərlə başdaşılardan vahimələnir, hər xaçı bir qara xəbər elçisi sanıb dəhşətə qapılırdılar. İndiyədək arxa cəbhədə dolanıb fərariləri həbs etməklə məşğul olan bu əsgərlər gerçək savaşı oyun zənn edir, xəyallarında döyüşlərə qatılıb qəhrəmanlıq dastanları yazırdılar. Ancaq Xüsusi təyinatlılara pusqu qurarkən özlərinin mühasirəyə düşəcəklərini ağıllarına gətirməmişdilər. İndi çarəsizlik içində bağıraraq müharibəni də, onları ev-eşiklərindən yığıb bu cəhənnəmin ortasına gətirənləri də, hökuməti də, kilsəni də lənətləyir, ağıllarına gələn hər kəsə və hər şeyə söyüb-sayırdılar.

Yarım saat sonra güllə səsləri kəsildi, qəbiristanlığa yenidən ölüm səssizliyi çökdü. Daha bir neçə dəqiqə gözləyən əsgərlərimiz məzarların böyür-başından ayağa qalxmağa başladılar. Qrupun sanitarı ilk atəşdə vurulan yoldaşına yaxınlaşıb:

       –  Hamid, yaxşısanmı? – deyə soruşdu.

       – Narahat olma, hər şey öz qaydasındadır.

       –  Güllə harandan dəyib?

       – Heç yerimdən, maqazindən keçib, zirehli gödəkcəmdə ilişib. Bir az qabırğam ağrıyır, o da keçər.

Pusquya düşən əsgərlərimiz bir neçə yüngül yaralı ilə qurtulmuşdular. Güllə birinin çiynindən, digərinin isə topuğundan dəymişdi. Bir neçə nəfər də yüngül qəlpə yarası almışdı.

V

Dan yeri sökülərkən Hadruta hücum başlandı. Dağın zirvəsində mövqelənən Xüsusi təyinatlılar axın-axın gələrək şəhərə dolur, Xankəndi tərəfdən gələnlərlə birləşib şəhərin mərkəzini ələ keçirməyə çalışırdılar. Əhməd Nurubəyli də qrupunu iki yerə bölmüşdü. Altı nəfəri Edilli-Füzuli yolunu bağlamağa göndərmişdi ki, ermənilər yardım ala bilməsinlər. Özü də tabeliyində qalan əsgərlərlə birlikdə gündüz vaxtı meşəlikdə gizlədilmiş uzaqvuran artilleriya batareyasına basqın təşkil etdi. Axşam düşdükdən sonra isə Tuğ yolunun üstündə pusqu qurub Hadrutdan geri çəkiləcək hərbçiləri gözləmək üçün Kermrakuç aşırımlarına yönəldi.

Düşmən Hadrutda heç gözləmədiyi tərəfdən hücuma məruz qaldıqda burada toplanmış minlərlə əsgər qorxu və panikaya düşdü. Onsuz da zəif olan nizam-intizam tamamən yoxa çıxmışdı. Mühasirədəki düşmənin döyüş ruhu sınmış, mübarizə əzmi qırılmışdı. Artıq hər kəs öz canının hayında idi. Beləcə, işğalçıların Qoçbəyli istiqamətindəki müdafiə mövqeləri də xeyli zəiflədi. Döyüş əməliyyatlarını ustalıqla planlayıb gedişini öncədən təxmin edən Xüsusi təyinatlı qüvvələr komandanlığı Qoçbəyli tərəfdəki əsgərlərimizə qəti hücum əmri verdi. Onlar düşmən istehkamlarını dağıdıb keçərək sürətlə şəhərə girdilər. Üç tərəfdən sıxılan düşmən nə Hadrutu, nə də on illərdir ki, işğal altında saxladıqları başqa torpaqları düşünmürdü. İndi heç “miatsum” da onların veclərinə deyildi. Hamısının tək dərdi var idi, – həyatda qala bilmək. Hadrutdakı erməni hərbi qruplaşmasının komandiri mərkəzi komandanlıqla əlaqəyə çıxaraq israrla Füzuli istiqamətindən yardım istəyirdi. Ona səhərə qədər dözməsi tapşırılaraq Füzulidəki seçmə bölmələrin köməklərinə göndəriləcəyi barədə söz verildi. Düşmən Xankəndi və Edilli yollarının bağlı olduğunu bilmədiyindən son bir ümidlə yardım gələnədək dözüb həyatda qalmaq istəyirdi.

Onların həyəcanla yardım gözlədikləri vaxt Hamidin başçılıq etdiyi yarımqrup Azıx-Edilli yolunun üstündə, yoxuşun bitdiyi yerdə pusqu qurub Füzuli tərəfdən gələn avtomobil karvanını gözləyirdi. Bir “UAZ” və üç “KamAz”dan ibarət avtokarvan pusqunun ölüm nöqtəsinə girdiyində Hamid öndəki “UAZ”a atəş açdı. Onun işarəsi ilə Ceyhun əlindəki “RPG-26” ilə sonuncu “KamAz”ı vurdu. Mərmi yük yerindən dəydiyi anda yolun kənarına sovrulan “KamAz” alışıb yanmağa başladı. Birinci və sonuncu maşınlar dayandığından ortadakı iki “KamAz”ın da qaçmağa yolu qalmamışdı. Yolun solu sıldırım dərə, sağı isə Hamidgilin mövqeləndiyi yamac idi. “KamAz”lardan yerə tullanan erməni əsgərləri ya özlərini sıldırımdan ataraq qaçıb qurtulmağa çalışır, ya avtomobillərin arxasında gizlənərək döyüşməyə davam etmək istəyir, ya da qorxu və vahimədən özlərini itirib əsgərlərimizin qucağına qaçırdılar. Hər üç halda da onların ölümdən başqa çarələri yox idi. Hamid özünün düzəldib, hazırladığı altmış patron tutan birləşmiş maqazinləri avtomatına taxaraq pulemyota çevirmiş, düşmənləri biçib-tökürdü. Pusqu başladıqdan bir dəqiqə sonra “KamAz”ların üçü də od tutub yanırdı. Az sonra alovun yük yerlərindəki sursat yeşiklərinə keçməsi ilə “KamAz”lar bayram fişəngləri kimi partlamağa başladılar.

Axşama doğru Xüsusi təyinatlılar şəhərin strtateji nöqtələrini ələ keçirməyə başladılar.

Ertəsi gün artıq Hadrut tamamən azad olunmuşdu. Şəhərin əsas inzibati binasının üzərində Azərbaycan bayrağı dalğalanırdı…

Artilleriya vasitələrini, zirehli texnikalarını, hətta avtomobillərini atan erməni əsgərləri qaranlıq çökdükdə şəhərdən çıxıb dəstə-dəstə Tuğ istiqamətində qaçmağa çalışırdılar. Yüzlərcə əsgər körpünü keçib Tuğa tərəf döndü. Hələ də ermənilərin əlində olan bu kəndə yetişmək, canlarını xilas etmək istəyirdilər. Qaranəfəs irəlilədiklərindən yorulanlar geri qalır, nisbətən dinc və sağlam olanlar önə keçib ümumi qrupdan ayrılırdılar. Yolun yoxuş hissəsinə çatanda sağ-salamat canlarını qurtaracaqlarına olan inamları xeyli artmışdı. Ərazini tanıyanlar: “Aşırımların sonundakı kiçik Kermrakuç kəndini keçdikmi, Tuğdayıq”, – deyə digərlərinə təsəlli verir, durub- dayanmadan hərəkət etməyə təşviq edirdilər.

Əhməd Nurubəylinin qrupu Kermrakuça iki yüz metr qalmış aşırımların sağ tərəfindəki təpəciklərdə mövqelənib düşmənləri gözləyirdilər. Qrup üzvlərindən biri müşahidəçi olaraq aşırımın başlanğıcına, digər biri isə mühafizə üçün sonuna yerləşdirilmişdi. Üçüncü əsgəri də beş yüz metr aralıdakı toplanma nöqtəsində qoyduqlarından pusqu bölgəsində vur-tut doqquz əsgəri qalmışdı. Erməni əsgərləri texnikanın mühafizəsi olmadan və dağınıq halda gəlsələr də, sayları doqquz nəfər üçün olduqca çox idi. O, düşüncəli halda əsgərlərinin mövqeləndikləri təpəciklərə göz gəzdirib qrupdaxili radiostansiyanın mikrafonuna: “Mənim işarəmlə başlayırıq, mənim işarəmlə də çəkiləcəyik. Bu əclaflardan qıra bildiyiniz qədər qırın”, – deyə pıçıldadı.

O, termal kameralı gecəgörüş durbinini son dəfə qaldırıb gözlərinə söykədi, yol boyuna baxdı. Ermənilərin ön dəstələri pusqu nöqtəsinə yaxınlaşsa da, onların sonu görünmürdü. Nurubəyli: “Bunlar Hadruta nə qədər əsgər yığıbmışlar ki, minlərcəsi qaçıb canını qurtarıb?” – deyə dodaqaltı deyindi.

Gecəgörüş durbinini yanına qoydu. Önündən keçib getməkdə olan düşmən əsgərlərini avtomatının nişangahından müşahidə etməyə başladı. Onların ön dəstələri aşırımın sonuna yaxın mövqelənmiş sonuncu əsgərimizə yaxınlaşdıqda mühərrik səsi eşidib tətikdəki əlini saxladı. Hadrut tərəfdən gələn “UAZ” sürətlə hər kəsin yanından keçib aşırımlara yönəldi. Pusqunun ölüm nöqtəsinə çatanda mayor Nuruyev qumbaraatanla silahlanmış əsgərə atəş əmri verdi. Mərmi “UAZ”ın ön qapısından dəyib partladı. Pusquya yatan əsgərlərimiz öncə əl bombaları və avtomatik qumbaraatanlarla düşmənə hücum etdilər. Göyə qaldırılan kiçik kamikadze dronlar düşmən əsgərlərinin sıx olduqları yerlərə çırpılıb partlayır, səkkiz-on nəfərini birdən öldürürdü. Kermrakuç aşırımlarında pusquya yatan əsgərlər, on illərdir, min bir işgəncələrlə, vəhşiliklərlə öldürülən, şikəst edilən günahsız insanların qisasını alır, onların qatillərini cəzalandıraraq: “Qisas qiyamətə qalmaz!”– deyə bağırırdılar. O gün nə qədər cani, neçə nəfər terrorçu, neçə yüz işğalçı əsgəri öldürülmüşdü, kimsə bilmirdi. Heç bilməyəcəkdi də. Yerlərə sərilib qalan, qanları selə dönüb aşırımlar boyu asfaltı murdarlayan leşləri saymağa nə vaxtları vardı, nə də həvəsləri.

Sevincdənmi, qürurdanmı, özlərini unudub qalxmış, ermənilərdən gələn dağınıq atışları veclərinə almadan bir dizlərinin üstündə oturub əllərindəki avtomatlarla, pulemyotlarla gözlərinin önünü tutan yaş pərdəsinin ardından düşmənə atəş açır, daha çox, lap çox düşmən öldürə bilmək üçün alışıb-yanırdılar. O an Nurubəyli əmr etsə, hər biri kəmərindən asılı duran komando bıçağını çəkib çıxardar, onunla saysız-hesabsız düşməni qanına qəltan etmək üçün irəli atılardılar. Sursatları bitmək üzrəydi. Qulaqlarında komandirin əmri guruldadı:

         –  Diqqət, qrup! Geri çəkilirik!

Öncə hücum qrupu, həmən ardınca da müşahidəçi və mühafizəçi əsgərlər yerlərini tərk edib sürətlə toplanma nöqtəsinə hərəkət etdilər.

Xüsusi əsgərlər əmrə tabe olub geri çəkilsələr də, ürəkləri pusqu nöqtəsində qalmışdı. Onlar pərən-pərən düşmüş ermənilərin içinə dalıb önlərinə keçəni bıçaqları ilə dorğamaq, dişləri ilə didib-parçalamaq istəyirdilər…

VI

Hadrut azad olunduqdan sonra ordu ərazidə təmizlik işlərinə başladı. Əsgərlər bütün binaları ev-ev, otaq-otaq axtarıb, gizlənib qalmış düşmənləri əsir tutarkən tibb xidməti də ermənilərin leşlərini küçələrdən yığışdırmaqla məşğul idi. Xüsusi təyinatlılarsa şəhəri ordumuza təhvil verən kimi, ətrafdakı strateji yüksəklikləri və hələ də düşmən nəzarəti altında qalan yaşayış məntəqələrini azad etmək üçün göndərilmişdilər.

Ardı burada: Zaur BAYRAMOĞLU – SNAYPER

QEYD:

Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.

Müəllif: Zaur BAYRAMOĞLU

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Bayramoğlu – Snayper

Əvvəli burada: Zaur Bayramoğlu – Snayper

Məzuniyyət

I

Humay illərdir fasiləsiz işlədikdən sonra, nəhayət ki, ay yarımlıq məzuniyyətə çıxıb rayona, anasıgilə yollanacaqdı. Elə bu gün üçün gecə reysinə təyyarə biletini almış, dünəndən aldığı hədiyyələri çamadanına yığıb hazırlamışdı.

Əşyalarını toplamaq üçün həkim otağına gəlmişdi.  Dəhlizdən kiminsə onu soruşduğunu eşidib qulaq kəsildi.

         –  Humay həkim haradadır?

        Bu, Elnurun səsi deyildimi? Tələsik dönüb qapıya tərəf getdi. Dəhlizə çıxanda qarşılaşdılar.

         –  Xoş gördük, Elnur, maşallah, əməliyyatların uğurlu keçib, yaraşıqlı oğlan olmusan.

Onun sarğılarını açmışdılar. Estetik əməliyyatla yenidən yaradılan qulaqları, burnu, alnına implantın üstünə çəkilən süni dəri o qədər təbii dururdu ki, sanki heç əməliyyat olunmamışdı. Qaşlarına, kirpiklərinə qədər yenidən yaratmış, göz çuxurlarına əslinə bənzəyən farfor gözlər yerləşdirmişdilər. Humay Elnuru bağrına basıb üzündən öpərək:

        – Ədə, vəfasız, sənə deməmişdimmi, Bakıya gələndə xəbər elə, gəlim səni qarşılayım? Niyə xəbər vermədin bəs?

        Elnur utanıb-qızararaq kəkələdi:

        – Nə bilim, ay həkim, elə bu gün gəlmişəm, buradan avtovağzaldan rayona gedəcəm. Dedim, gəlim sizi də görüm.

Rayon adı eşidəndə Elnurun valideynlərinin etdiklərini xatırladığından Humayın kefi pozuldu. Elnursa davam edirdi:

        – Elə darıxmışam ki, kəndimizdən ötrü… Ona görə birinci gedən avtobusa bilet aldım, amma yenə də yarım saat vaxtım vardı.

        – Əcəb elədin, ay Elnur. Hələ de görüm, pulun-paran varmı? Yemək yemisənmi? – deyə soruşub yanındakı tibb bacısına işarə etdi.

       – Xəstəxanadan çıxanda həkimlərdən biri cibimə əlli dollar qoymuşdu. Təyyarədə də yemək veriblər. Düzü, avtobusa da pul götürmədilər. Ona görə elə həkimin verdiyi pul üstümdədi.

Tibb bacısının həkim otağından gətirdiyi pul qabından iki əlliminlik götürüb Elnurun cibinə qoydu. O, biləyindən tutub mane olmaq istədisə də:

        –  Götürməsən, inciyərəm, bacı payıdır.

        Elnur mızıldandı:

        –  Ay həkim, pulum var axı.

        –  Demirəm ki, yoxdur, var, Allah daha da var etsin. İnşallah, işləyəndə qaytararsan, – deyə onu üstələdi. Sağollaşarkən soruşdu:

       –  Səni avtovağzala ötürümmü?

       –  Ehtiyac yoxdur, ay həkim, özüm gedəcəm.

       –  Səninçün çətin olmaz ki?

Elnurun dodaqlarından acı bir təbəssüm dolanıb keçdi:

– Yox, ay həkim, narahat olmayın, – dedi və dönüb əsasını döşəməyə vura-vura qapıya tərəf addımladı.

II

Humay evdən çıxıb aeroporta yollanarkən həyəcanlı idi. O, Tibb Universitetini bitirdikdən sonra özünü tamamilə işinə həsr etmişdi. İstirahət haqqında düşünməmiş, kəndlərinə də gəlməmişdi. Lətifə xalagilin həyətlərində kirayənişin qalarkən cəmi bir dəfə anası onu ziyarətə gəlmişdi. Onda da artıq yaşlanmış nənəsini damın altında tək qoyub gəldiyini deyərək, on gün yanında qalıb qayıtmışdı. Bir-iki dəfə anasını götürüb şəhərə gəzməyə çıxarmış, bir dəfə də özü ilə hospitala gətirib iş yoldaşları ilə tanış etmişdi. İndi taksidəykən o on günün necə də tez keçdiyini düşünür, illərin bir göz qırpımında keçdiyinə təəccüblənirdi. Təyyarəyə minərkən Bakıya ilk gəlişini xatırladı. Anası ilə birlikdə Culfa dəmiryol stansiyasından qatara minib o vaxt “28 Aprel” adlanan indiki “28 May”a – dəmiryol vağzalına gəlmişdilər. Bakını elə ilk ayaq basdığı andan sevmişdi. İndi də sevirdi. On beş il öncə yaşayan insanların həyat tərzlərini, geyim-kecimlərini gözlərində canlandırdı, üzünə xoş bir təbəssüm yayıldı.

Pilot kabinəsinin önündə dayanan stüardessa sərnişinlərə təhlükəsizlik qaydaları haqqında məlumat verirdi. Onları qəza baş verərsə nə edəcəkləri, oksigen maskaları, xilasedici gödəkcələr və ehtiyat çıxış yolları barədə təlimatlandırırdı. Humayın rəsmi geyimli, ucaboy, ağbəniz stüardessanı izləyən gözlərində müharibədən sonra Bakıdan Naxçıvana uçuşu canlanırdı. Adi desant təyyarəsi idi. Qadınlar və uşaqlar iri diametrli boruya bənzəyən salonda, desantlar üçün pəncərələrin yanınca düzülmüş bir sıra narıncı rəngli oturacaqlarda əyləşmişdilər. Qalan sərnişinlərsə ortaya qalaqlanmış yüklərin üstündə oturmuşdular. Mühərriklərin qulaqbatırıcı gurultusundan ağız deyəni qulaq eşitmir, hər kəs yanındakı ilə bağıra-bağıra danışırdı. Və təyyarədən düşərkən hər kəsin qulaqları batmışdı. Çənələri ağrıyırdı. Ancaq indi “Boinq” markalı təyyarədə, rahat və geniş kresloda əyləşib uçuş saatını gözləyirdi…

Təyyarə havaya qalxdıqda yanındakı pəncərənin pərdəsini sürüşdürüb yuxarı qaldırdı. Şəhərin işıqlarını seyr etməyə başladı. Necə də gözəl görünürdü. Ulduz kimi sayrışan sarı işıqların içinə səpələnmiş rəngarəng işıqlardan şəhərin üçölçülü planını seyr edərək: “Bakı, həqiqətən də, gözəl şəhərdir”, – deyə ürəyindən məmnunluqla keçirdi. Az sonra aşağı baxdıqda ucsuz-bucaqsız qaranlıqdan başqa heç nə görünmürdü. Başını oturacağın arxasına söykəyib çimir almaq istədi. Həyəcanı imkan vermədiyindən yata bilmədi, yenidən gözlərini açdı. Gah pəncərədən boylanıb yeni bir yaşayış məntəqəsinin üstündən keçib-keçmədiklərini öyrənmək istəyir, gah da tavandan asılmış monitordan təyyarənin uçuş sürətini və yüksəkliyini izləyirdi. Köks ötürüb: – Bircə çatsaydıq, – deyə qəlbindən keçirdi. Evlərini düşünməyə başladı. Bu gün mobil telefonu ilə zəng vurub danışsa da, nə məzuniyyətə çıxdığı, nə də gələcəyi barədə heç nə deməmişdi. “Qoy gözləməsinlər, yoxsa təpəyə çıxıb-düşməkdən əsir-yesir olacaqlar”, – deyə düşünmüşdü.

Tələbə vaxtı evlərinə zəng vurmağını xatırlayıb köks ötürdü: “Getsin, o günlər gəlməsin. Danışıq məntəqəsinə get, sifariş ver, danışanda da bir əlində yarım kiloluq telefon dəstəyi, o biri əlində jeton hazır gözlə ki, birdən dəqiqən tamam olar, danışığın yarımçıq kəsilər. Sovet hökuməti bizi mədəni dünyadan çox geri saxlamışdı…” Yenə köks ötürdü: “Heyif deyilmi indi? İstəsən, ev telefonu ilə, istəməsən, cib telefonuyla birbaşa dünyanın o başını yığ, danış”.

Təyyarə sol qanadının üstünə əyildi. Kəskin dönüş olduğundan sərnişinlər pəncərədən çölə boylanıb bir-birilərindən:

         –  Çatırıq? – deyə soruşdular. Humay yanındakı sərnişinə tərəf döndü:

         –  Hə, Naxçıvanın üstündəyik, Hava Limanına tərəf dönürük.

 Təyyarənin qarnının altından küt səs gəldi. Stüardessanın səsgücləndiricilərdən yayılan səsi salonu doldurdu:

         – Hörmətli sərnişinlər, Naxçıvan Hava Limanına enişə keçirik. Yerlərinizdən qalxmamanız, kəmərlərinizi bağlı saxlamanız və oturacaqları şaquli vəziyyətə gətirməyiniz xahiş olunur. Lütfən, pəncərələrin pərdələrini qaldırın. Naxçıvan hava limanında yağış çisələyir, havanın hərarəti müsbət on yeddi dərəcədir. Bizimlə uçduğunuz üçün təşəkkür edirik.

Üzünü pəncərəyə yaxınlaşdırdı. Şüşəyə vuran damlalar arxalarınca nəmli iz qoyaraq silinib gedirdilər. Şəhərin işıqları arxada qaldıqdan az sonra təyyarə hava limanına endi. Təkandan sərnişinlər yerlərində yırğalanıb dayandılar. Təyyarə torpaq yola düşmüş yük maşını kimi sərnişinlərini atıb tuta-tuta irəliləyir, Humaysa dodaqlarına qonan gülümsəmə ilə projektorların işığında təyyarənin qanadlarının hərəkətli hissələrinin yığılıb-açılmasına tamaşa edirdi.

Taksi kəndə gəlib çatanda gecə saat üç idi. Humay darvazalarının önündə sürücüyə maşını saxlamasını xahiş etdi. Pulunu verib endi. Əşyalarını götürüb aynabəndin qapısına gəldi. Açmaq istədi, içəridən bağlanmışdı. Şüşəni döyəcləyib astadan: “Ana, ay ana”, – deyə çağırdı.

Gilənin səsi eşidildi:

          –  Ay Gülsarə, deyəsən, səni çağırırlar, gör kimdi gecənin bu vaxtı?

Humay gülümsəyərək onun nigaranlığına son qoymaq istədi:

          – Mənəm, ay nənə, Humaydır.

          –  Bıy, ay bala, boyuna qurban, heç adam da  xəbərsiz gələr?

İki qadının sevinc dolu səsləri bir-birinə qarışıb Humaya qədər gəlirdi. Öncə otağın işığını yandırdılar. Sonra Gülsarə öndə, Gilə arxada qapıya çıxdılar. Hərəsi bir tərəfdən elə astanadaca Humaya sarılıb-öpür, illərin həsrətini bir anda silib atmaq istəyirdilər. Humay şeylərini də götürüb içəri keçdi. Anası tez qaz pilətəsini yandırıb çay qoydu, nənəsi dolabın siyirməsindən götürdüyü quru meyvələri, şokoladı, konfeti masanın üstünə yığdı. Humay onlara səsləndi:

          –  Heç nə lazım deyil, gecənin bu vaxtı çay içərlər? Gəlin oturun, görək nə var, nə yox?

Gilə arvadın aynabəndli, ikigözlü möhrə evində elə bir şadyanalıq havası var idi ki, kimsə Humayı dinləmirdi. Anası çayları süzə-süzə onu məzəmmət edirdi:

          – Heç adam da belə iş görər? İndi köhnə vaxtkı kimi deyil ki, şükür Allaha, telefon var, hər şey var. Elə dünən danışanda deyərdin, ana, sabah gəlirəm. Toyuqlardan birini tutub kəsdirər, yemək hazırlayardım. İndi gecənin bu vaxtı nə verim sənə?

         – Ay ana, dedim axı, ac-susuz deyiləm. Ac olsam, bilirəm ki, heç nə olmasa da, pendir var. O ki qaldı xəbərsiz gəlməyə, bildim ki, xəbər etsəm, nənəm də, sən də qaranlıq düşənəcən qalacaqsınız təpənin başında. Ona görə də demədim.

Gülsarə buğlanan çay dolu stəkanı Humayın qarşısına qoydu:

         –  Sən Allah, elə demə, mən ömrümün axırına qədər də sən gələn yollara baxaram.

Gilə də dözmədi:

        –  Ay bala, elə anan da, mən də vərdiş eləmişik. Bekarladıqca çıxırıq təpənin başına, Kəblə Yəhyanın xırman yerində əlimizi gözümüzə sipər edib yollara baxırıq, – sonra əlini dizinə vurub, – fələk bizimkini də belə gətirdi. Öncə Ələsgərin yolunu gözləyərdim, sonra Dürdanənin, indi də sənin… Təki boşuna gözləməyək, ay bala, təki gözləməyimizə görə sən gəl, biz qocaları sevindir.

Humay söhbəti dəyişmək istədi:

          – Gəlin yaxşı şeylərdən danışaq. Bir deyin görüm, kənddə nə var, nə yox?

Hava işıqlanana qədər yatmadılar, danışıb dərdləşdilər. Humay həmin gün evdə dincəldi. Ertəsi gün kəndlərində yaşayan qohum-əqrəbanı, yaşlıları, xəstələri ziyarət etdi. Sonrakı günlərdə məktəbə gedib müəllimlərini, qabaqcadan vədələşib məktəbə yığışan köhnə sinif yoldaşlarını, rəfiqələrini gördü. Həm öz kəndlərindən, həm də qonşu kəndlərdən səhhətlərində problem olan insanlar: “Bakıdan həkim gəlib, gedək özümüzü göstərək”, – deyə axın-axın onlara gəlirdilər.

Və günlər sürətlə keçir, ay yarımlıq məzuniyyət günləri günəş görmüş qar kimi əriyib gedrdi. Bir gün Humay erkəndən qalxmışdı. Səhər yeməyini yeyib anasına:

        –  Bu gün bağımıza getmək istəyirəm, – dedi.

        –  Mən də gəlimmi?

        –  Yox, ay ana, tək getmək istəyirəm.

Köhnə vaxtlarda olduğu kimi, çantasının içinə bir-iki kitab qoyub çiyninə asdı, termosunu da götürüb getdi.

Bağlarına çatdıqda tor qapsağın önündə ayaq saxlayıb içəri boylandı. Payızın nəfəsi ağacları vurmuş, sarıdan qızılıya dönən yarpaqlar gövdələrinin yan-yörəsinə tökülmüşdülər. Ağaclardakı meyvələr dərilərkən gözdən yayınıb qalan almalar, armudlar yarpaqlar töküldükcə gizləndikləri xəlvətdən üzə çıxırdılar. Budağından ayrılıb torpaqla qovuşmaq üçün gün sayan yarpaqlara baxıb bacısı ilə bayramqabağı bağlarına gələrək, islaq xəzəllərin altında meyvə axtarmalarını xatırladı. Onlar qar əriməyə başladığında bağlarına gələr, qışı yarpaqların altında keçirib şaxtanın şirinləşdirdiyi almaları tapıb yeməyi sevərdilər. Qapsağı açıb həyətə daxil oldu. Bağın çəpəri bəzi yerlərdə yatmışdı. “Yəqin, mal-qara əzib keçib”, – deyə fikirləşdi.

Həyətə girəndə hörükdə otlayan buzov onu görüb mələdi. Yaxınlaşıb buzovun boynunu, sağrısını oxşadı, yenicə çıxmış buynuzlarının dibini qaşıdı. Sonra çəkilib illər öncə altında oturub dərs oxuduğu alma ağacının yanına getdi. Torpağın üstündə oturub dizlərini qucaqladı. Kürəyini ağaca, çənəsini dizlərinə söykədi. Gözlərini yumub qıjıltı ilə Əlincə çayının daşlara-qayalara çırpılıb axan sularının səsini dinlədi. Gəncə çayının qıjıltısına necə də oxşayırdı… Həyatının iki ayrı dönəminin başlanğıcının iki bənzər uvertürası… İlkində snayper, ikincisində həkim olmuşdu. “Ah, dünya, dünya!” – deyib köks ötürdü, – Gəncə simfoniyasından sonra adamları öldürməyə, Əlincə simfoniyasından sonra diriltməyə başladım… Bu bir təsadüfmüydü, yoxsa həyatın ironiyasımıydı?.. Həyat mənbəyi olan iki suyun səsiylə başlayan iki peşə… Biri öldürən, digəri dirildən peşə… Əslində ilkində də həyat vardı. Pis adamları öldürməklə onların daha çox günahsız insanı öldürməsinin qarşısını almışdı. İkinci peşəsində isə ilkini icra etdiyi vaxtlar əlindən qurtulan pisliklərin öldürməyə çalışdıqları insanları diriltməyə, həyata bağlamağa çalışmışdı…

Poliqon

I

İşə getmək üçün evdən çıxanda asfalt, axşam yağan yağışdan hələ də nəm idi. Kiçik gölməçələrin yanından dolanıb keçir, islanmamağa çalışırdı. Hospitalın həyətinə girəndə addımlarını yavaşıtdı. Ciyər dolusu nəfəs alıb başını qaldırdı, səmaya baxdı. Külək didilmiş yuna bənzəyən buludları qovub günçıxana aparırdı. Sola dönüb pilləkənləri çıxaraq çalışdığı korpusa daxil oldu. Neyrocərrahiyə şöbəsinə gəlib tabelə qol çəkdi. Həmişəki kimi çantasını posta qoyub palataları gəzdi. Üzündəki, dodaqlarındakı təbəssümlə xəstələrlə hal-əhval tutub, keflərini xəbər aldı. Müalicələrinin gedişi ilə maraqlandı. Həkim otağına getdi, əynini dəyişib həkim xalatını geyindi. Saatına baxdı, iş gününün başlanmasına on dəqiqə qalırdı…

Günortadan sonra iş otağının qapısı döyüldü. Başını önündəki kağızlardan qaldırıb: “Gəl”, – dedi.

Növbətçi tibb bacısı qapını ehmalca araladı:

         –  Həkim, bir nəfər gəlib, sizi görmək istəyir.

Humay qaşlarını çataraq:

         – Kimdi ki? – deyə soruşdu.

         –  Adı Şirazdır, yeddi-səkkiz il öncə xəstəniz olubmuş.

         – Kim? Şiraz? – Humay gözlərini qıyıb xatırlamağa çalışdı, ayağa qalxıb qapıya doğru addımlayarkən tibb bacısına:

        –  Gəlsin, – dedi.

Şirazın hospitaldan təxliyə olunmasının üstündən on ilə yaxın vaxt keçirdi. Və bu on ildə gördüyü saysız xəstədən birini unutması təbii idi. Ancaq Humay onu görən kimi xatırladı. Qıvrım saçları, günəşdən yanıb qaralmış arıq, almacıqlı surəti elə bil heç dəyişilməmişdi.

       –  Xoş gördük, qaqaş.

 İlk gördüyündə salamladığı kimi, mehribanlıqla, səmimiyyətlə salamladı.

       –  Salam, doktor.

Şirazın utancaqlığı, çəkingənliyi hələ də üstündə idi. O, gözlərini yayındıraraq davam edirdi:

        –  Bakıya gəlmişdim, dedim, gəlim sizi görüm.

        – Demək, bacını unutmamısan hə? Afərin sənə, vəfalı oğlanmışsan. Gəl içəri, gəl əyləş, – deyib onu iş otağına dəvət etdi. Oturması üçün yer göstərdi. Özü də keçib qarşısında əyləşdi.

        – Hə, Şiraz, danış görək nə var, nə yox? Bu on ildi haralardaydın, nə iş görürdün? Evlənmisənmi, yoxsa hələ də subaysan?

        – Hospitaldan sonra yetimlər evinin yataqxanasına getdim. Demişdim sizə.

Şirazın oturuşu Humayın diqqətini çəkdi. Tərbiyəli, utancaq şagird müəlliminin qarşısında necə oturarsa, elə oturmuş, masanın üstündə əlini əlinin üstünə qoymuşdu. Danışarkən Humayın üzünə deyil, ya əllərinə, ya da qarşısındakı divara baxırdı. Humayın dodaqlarında dolanan təbəssüm gülümsəməyə çevrildi, inci dişləri göründü. Əlini çənəsinə dəstək verib:

        –  Qobustanda deyil o yataqxana? – deyə soruşdu.

        –  Bəli, doktor, Qobudadır. – Humayın ad bənzərliyindən doğan yanlışını incəliklə düzəltdi.

        –  Bəs niyə gəlib bizi görmürdün?

        –  Orada az qaldım, doktor, axı həm də iş axtarırdım. Qaz idarəsində işə düzəldim, öz rayonumuza, Tovuza göndərdilər. Elə o vaxtdan da Tovuzda, qaz idarəsində işləyirəm.

        –  Aaa, nə gözəl, demək sonunda ata yurduna qayıtdın eləmi?

        –  Bəli, doktor.

        –  Bəs Tovuzda harda yaşayırsan? Ev almısanmı?

        – Kəndimiz elə rayon mərkəzinə bitişikdir. Ata evimiz də dururdu. Qonum-qonşu da yığışıb kömək etdi, uçuq-sökük yerlərini tikdik, təmir edib düzəltdik. Sonra kəndin ağsaqqal-ağbirçəkləri qabağa düşüb evləndirdilər.

       –  Maşallah, ay Şiraz, nə yaxşı xəbər oldu bu… Təbrik edirəm.

       – Çox sağ olun, doktor, təşəkkür edirəm.

       –  Bəs Bakıya gəlməyin xeyirdimi?

       –  Bu yaxınlarda işimi bura dəyişdilər, biz də ailəlikcə yığışıb köçdük Bakıya. İndi Xırdalanda kirayə qalıram.

       –  Bəs uşaqlar necə, məktəbə gedirlərmi?

       –  Böyük bu il birinci sinifə gedəcək.

       –  Sənin adına sevindim. Yadındadırmı, bir vaxtlar həyatdan küsmüşdün, inancını itirmişdin. Görürsənmi, insan istədikdə, mübarizə apardıqda qarşısında yollar açılır, işləri sahmana düşür.

      –  Bəs sizin işləriniz necədir?

      –  Hər şey yolunda, hər şey yaxşıdır.

      –  Yadımdadır, bir vaxt üzgüçülüklə maraqlandığınızı demişdiniz. Öyrəndinizmi?

      – Əlbəttə, üzməyi də öyrəndim. Həftədə ən azı bir dəfə hovuza gedirəm. Hər bulvara endikcə atış mərkəzinə yaxınlaşıb tir tüfəngindən beş-altı güllə atıram.

     –  Atıcılığı necə, sevirsizmi?

     –  Əlbəttə!

     –  İstəsəniz, vədələşərik, gəlib sizi apararam Novxanıya, orada gerçək tüfənglərdən gerçək güllə atarsınız.

      –  Nə var ki, Novxanıda?

      – Poliqon var orda, bütün növ atıcı silahlar da var. Hansından istəsəniz, pulunu ödəyib hədəflərə atəş açarsınız.

Humayın gözləri sevinclə işıldadı:

       –  Heç mənim bundan xəbərim yox idi. Həftə sonu gedib baxarıq, görək tüfənglərdən nə var, nə yox?

     –  Onda bazar günü səhər saat on üçün görüşüb gedərik.

Sağollaşıb ayrıldılar.

II

Həftə sonu Humay erkəndən oyandı. Dolabını açıb asılqanda duran əsgər geyimlərini çıxardı. Yatağının üstünə sərib baxışlarıyla öpdü, oxşayıb-əzizlədi, əlləriylə sığallayıb: “Sizinçün necə darıxmışam, bir bilsəniz…” – dedi. Yenidən paltar dolabına tərəf getdi. İdman stilindəki paltarlarını, krasovkalarını götürdü. Saatına baxdı, görüş vaxtına hələ çox vardı. Qayıdıb mətbəxə getdi. Bir fincan kofe dəmləyib içdi. Yenidən saatına baxdı, hələ səkkiz olmamışdı. Köks ötürüb masaya dirsəkləndi, çənəsini ovuclarının arasına aldı:

         – Görəsən poliqonda snayper tüfəngi varmı, – deyə öz-özünə soruşdu. Tezcə də cavabladı:

        –  Şiraz dedi ki, bütün növ atıcı silahlar var. Offf, kaş ki, Şirazdan soruşsaydım… Bir daha saatına baxdı. – Vaxt da keçmir ki… – deyə dodaqaltı deyindi.

Daha artıq gözləməyə səbri çatmadığından ayağa qalxdı, krasovkalarını geyindi. Dönüb bədənnüma güzgüdə özünə bir göz atdı:

– Ayaqla gedərəm ki, vaxt keçsin, – deyə düşünüb evdən çıxdı. Ağır addımlarla pillələri enib binanın qabağına çıxdı. Üçüncü mikrorayon dairəsinə gəlib oradan da 20 Yanvar metrosunun yanına, görüşəcəkləri yerə gəldi. Metro çıxışının yaxınlığında şəhidlər üçün inşa edilən abidəni ziyarət etdi. O faciənin yaşandığı gecə gözlərində canlandı. Nümayiş edərək haqlarını tələb edən dinc əhali amansızcasına gülləbaran edilir, tanklar binalara, evlərə iriçaplı pulemyotlardan atəş aça-aça irəliləyir, önlərinə çıxan hər şeyi əzib keçirdilər. O gecə heç kimə – qadınlara, qocalara, azyaşlılara, hətta yaralıların imdadına yetişməyə çalışan həkimlərə belə aman verilmirdi. Donuq sifətli, qəhvəyi şinelli əsgərlər hərəkət edən hər şeyə atəş açırdılar. Küçələr xıncım-xıncım olmuş maşınlarla dolu idi, mərkəzi yolların, prospektlərin kənarlarındakı evlər od tutub yanırdı…

Humay boğulurdu. Yumruq boyda bir şey sinəsindən qalxıb qırtlağına tıxanmış, onu nəfəs almağa qoymurdu. Sonra qulaqları güyüldəməyə başladı, beyni zoqquldadı. Gözlərindən ələnən yaşlar çənəsindən süzülüb yaxasını isladırdı. Heç nə düşünmür, səssiz-səssiz, için-için ağlayırdı. Bir qadın yaxınlaşıb qoluna girdi: “Gəl, qızım, gəl”, – deyərək çəkib səkinin üstündə oturtdu. Başqa birindən aldığı şüşənin ağzını açıb dodaqlarına söykədi, su içirib:

– Ağlama, qızım, sakitləş, – dedi.

Humay başını çevirib baxdı. Altmış-altmış beş yaşlarında dolu bədənli qadın idi. Qara don geyinmiş, başına ağ kəlağayı örtmüşdü.

– Mamaşa, – deyə inildədi.

Qadın narahat oldu:

– Mamanımı istəyirsən? Narahat olma, telefonunu de, bu dəqiqə çağırarıq.

Humay səksəndi. Gözü saatına ilişdi. Elçinin məzəmmət dolu baxışlarını gördü.

– Nə olub sənə, Humu? Özünü ələ al.

– Bilmirəm, Elçin, bir anlıq 20 Yanvara getdim.

– O günlər arxada qaldı, Humu, bir daha yaşanmayacaq.

– İnşallah…

Qadın onun əllərini masaj edir, bir tərəfdən danışıb başını qatmağa çalışırdı:

– Qızım, kimsən? Yaxındamı qalırsan?

Humay heç oralı deyildi. Əlini çəkib qadının ovuclarından çıxardı:

– Çoox sağ olun, ana, indi özümü yaxşı hiss edirəm.

Qadının uzatdığı şüşədən daha bir qurtum su içib geri qaytardı:

– Hər şeyə görə çox sağ olun, minnətdaram.

Şiraz gəlib çatdıqda artıq Humay sakitləşmiş, yaxınlıqdakı kafenin tualetinə gedib əl-üzünü yumuşdu da. Onlar taksiyə əyləşib sürücüdən Novxanıya, poliqona sürməsini xahiş etdilər. Poliqonun darvazasından içəri girib qeydiyyatdan keçdilər. Atəş açacaqları silahı seçmək üçün silah otağına gəldilər. Təlimatçıdan tüfənglər haqqında məlumat alarkən Humayın diqqətini “VSS-94” çəkdi. Bu silahı rica edib aldı. Əlinə götürüb o tərəf-bu tərəfinə çevirdi. O, silahı incələyərkən təlimatçı da onun taktiki-texniki xüsusiyyətləri barədə məlumat verirdi:

– Bu silahın adının tərcüməsi “Xüsusi snayper tüfəngi” deməkdir. Xüsusi əməliyyatlar üçün nəzərdə tutulduğundan həssas səsboğucu ilə təmin olunmuşdur. Silahın çapı 9\39 mm, ümumi uzunluğu 932 millimetr, çəkisi isə 2.8 kiloqramdır. Silah iyirmi ədəd patron tutan maqazinlə təchiz olunur. Atış rejimi tək-tək, ardıcıl və avtomatik olmaqla üç cür, atəş tempi isə dəqiqədə 700-900 güllədir. Effektiv məsafəsi 400 metr olan silahın güllələrinin uçuş sürəti saniyədə 290-300 metrdir.

        – Zəhmət olmasa, izah edərsinizmi, güllələrin uçuş sürəti niyə bu qədər aşağıdır?

        – Güllə səsdən sürətli uçarkən havada sonik partlayışlar törətdiyindən tam səssiz atış mümkün olmur, ona görə də bu silahda güllə səs sürətini keçməsin deyə lülə quruluşu və yivlər xüsusi olaraq hazırlanıb.

Humay heyrətdən bərəlmiş gözlərlə bir təlimatçıya, bir silaha baxıb:

          – Bu silahdan atəş açmaq istəyirəm, zəhmət olmasa, on ədəd patron verin, – deyə xahiş etdi. aldığı patronların pulunu ödəyib Şiraza dönərək:

– Sən hansı tüfəngdən atacaqsan? – deyə soruşdu:

 – 16 kaliberlik ov tüfəngindən.

– Patron aldınmı?

– Hə, on ədəd patron da mən aldım.

Poliqonun əməkdaşının müşayiəti ilə atış sahəsinə keçdilər. Burada sabit, həmçinin relsin üzərində hərəkət edən hədəflərdən aparatların havaya atdığı boşqablaradək müxtəlif hədəflər var idi. Şiraz atəş açmaq üçün havaya atılan boşqabları seçərkən Humay hərəkətli hədəfləri seçdi. Onlar atəşə hazırlıq xəttinə keçib hazırlaşdılar. İlk olaraq Şiraz atəş açmağa başladı. O, aparatın müxtəlif istiqamət və bucaqlarda atdığı boşqabları vurmağa çalışır, gülləsi boşa çıxdıqda əsəbindən qızarıb-pörtürdü. Patronu bitəndə Humaya tərəf dönərək:

– On ildir ki, əlimə silah almıram, bir az da bu boşqablar adamı çaşdırır. Bilmirsən ki, hansı tərəfdən çıxacaq, – deyə özünə haqq qazandırmağa çalışdı. Humay onun günahkar uşaqtək utanıb-sıxılmasını təbəssümlə qarşılayıb:

– Ürəyini sıxma, ay Şiraz. İnsan bir şeylə uzun müddət məşğul olmayanda yadırğayır. Bu dəfə hədəflərin altısını vurdun, əminəm ki, gələn dəfə gələndə hamısını vuracaqsan, – deyib atəş xəttinə yaxınlaşdı. Sağ dizini yerə qoyub “VSS-94”ü önündəki dayağın, qum kisəsinin üstünə qoydu. Qundağını sinəsinə söykədi, silahını doldurdu. Yüz metr aralıda qalxıb 45 dərəcə bucaq altında hərəkət edən sinə hədəfini nişan alıb tətiyi çəkdi. Silahın boğuq taqqıltısı küləyin səsinə qarışıb itdi. Hədəf yıxıldı. Şiraz: “Bravo!”, – deyə bağıraraq əl çaldı, hədəfin operatoru: “Afərin!” – deyib oturduğu yerdəcə qımışdı. Humay nə Şiraza, nə də küləyin qulaqbatırıcı uğultusuna fikir vermədən ovunu pusan pişik kimi yerindəcə donub qalmışdı. Silahı qavrayan əlləri tərləmişdi. Gərginlikdən dişləri bir-birinə sıxılıb kilidlənmiş, əzaları səyriyirdi. Eynən savaşda olduğu kimi, hərisliklə ikinci hədəfin çıxmasını gözləyirdi. Ancaq müharibədəki kimi səbirlə davrana bilmirdi. Saniyələr illərdən uzun keçir, zaman keçmək bilmirdi ki, bilmirdi. Hədəf operatoru elə bil onun səbrini sınayır, fikrinin yayındığı anda hədəfin hərəkət düyməsini sıxmaq istəyirdi. Şiraz operatorun oturduğu yerə boylanıb: “Nə oldu, hədəf niyə qalxmır?” – deyə əl işarəsi ilə soruşdu. Elə bu vaxt qalxan hədəf hərəkət etməmiş yıxıldı. Şiraz təəccüblə dönüb bir Humaya, bir operatora baxdı. Operator da təəccüblənmişdi. Texniki nasazlıq olduğunu düşünüb, növbəti, ən uzaqdakıı hədəfin hərəkət düyməsini sıxdı. Lakin bu hədəf də qalxar-qalxmaz aldığı zərbədən yıxıldı. Şiraz küləyin uğultusu arasında “VSS-94”ün boğuq taqqıltısını eşitdiyindən sevinclə əl çalıb:

– Halal olsun, doktor, siz lap snayper kimi atırsınız! – deyə bağırdı.

Hədəf operatoru Şirazın nə dediyini anlamasa da, artıq hədəfin nasaz olmadığına əmindi. Dodaqaltı: “Maşallah olsun, nə qızlar varmış”, – deyib növbəti hədəfi hərəkət etdirdi.

Humay maqazini boşalanadək gözlərini atış sahəsindən çəkmədi. Heç yerindən də tərpənmədi. Nəhayət, onuncu gülləni atdıqdan sonra ayağa qalxıb atış xəttindən geri çəkildi. Tüfəngi poliqonun təlimatçısına uzadaraq:

– Gözəl silahdır, – dedi.

– Siz də çox sərrast atırdınız. İnana bilmirəm ki, bu sizin ilk atışınız olsun.

Humayın yerinə Şiraz dillləndi:

– Doktor atıcılığı sevir, tez-tez bulvara gedib oradakı tir tüfənglərindən atır, amma doğrusu, bu qədər sərrastlığı mən də gözləmirdim. Elə atırdı ki, elə bil illərin snayperidir.

Humay mövzunu dəyişmək istədiyindən:

– Şiraz, gəl gedək, bir çay içək, – dedi.

Onlar poliqonun inzibati binasında yerləşən kafeyə gəldilər. Pəncərənin kənarındakı masalardan birinə keçib əyləşdilər. Şiraz çay və şirniyyat sifariş verdi. Ofisiant yaxınlaşıb təpsidəki çay və şirniyyatı masalarına qoyaraq: – Başqa sifarişiniz olacaqmı? – deyə soruşdu.

Şiraz:

          –  Hələlik yox, – deyə cavab verib onun getməsini gözlədi, sonra Humaya ötəri nəzər salıb gözlərini endirdi, baxışlarını önündə buğlanan stəkana dikərək:

         –  Humay xanım, bu gün sizdə hər şey qaydasındadırmı? – deyə soruşdu.

         –  Bəli, Şiraz, niyə soruşdun ki?

         –  Heç, bayaq sizinlə qarşılaşdığımızda özünüzü yaxşı hiss etmədiyinizi hiss etdim, istədim soruşam, amma…. – deyərək susdu, sözlərinin ardını gətirmədi.

         Humay gülümsəməyə çalışdı:

          – Hər şey qaydasındadır, Şiraz, narahat olma.

          – Bəs poliqonu necə, bəyəndinizmi? – deyə soruşaraq baxışlarını stəkanından çəkib onun gözlərinə dikdi.

          – Əlbəttə, burada daha öncə görmədiyim silahlar var. Bu gün VSS-i yoxladım, gələn dəfə digər silahlardan atəş açaram. Çalışacam, ayda ən azı bir dəfə gəlim.

          –  Siz nə vaxt istəsəniz, məmnuniyyətlə sizi müşayiət edərəm.

Şiraz ofisiantı çağırıb hesabı ödədi. Birlikdə poliqondan çıxıb qapıda gözləyən taksiyə minərək şəhərə döndülər…

Həsənqaya

I

2008

Humay aramsız çalan telefonunun səsinə yuxudan ayıldı. Yatağında yan döndü. Əlini uzadıb dolabın üstündə özünü yeyib-tökən telefonu tapdı. Zəngi açanda hələ də gözləri açılmamışdı, yuxulu-yuxulu: “Alo”, – deyə cavabladı. Xəttin digər tərəfindəki səs həyəcanlı idi:

         –  Doktor, təcili işə gəlin.

O, gözlərini açdı. Cəld qalxıb yerinin içində oturaraq:

         –  Kimdi danışan? – deyə soruşdu.

         –  Tibb bacısı Ağalarova. Çingiz doktor dedi ki, təcili sizi çağırım.

         – Nə olub, Çingiz doktor gecənin bu vaxtı neynir məni? – deyə tibb bacısından təkrar soruşdu.

         –  Cəbhəyə ezamiyyətə göndəriləcəksiniz.

 Humay gözlərini qırpışdıraraq yuxunun son qırıntılarını qovalamağa çalışdı. Ayağa qalxıb pəncərəyə yaxınlaşdı. Boylanıb hospitalın həyətinə baxmaq istəyirdi ki, görsün sakitlikdi, yoxsa yox. Tibb bacısının səsi yenidən eşidildi:

        –  Alo, alo, doktor, məni eşidirsinizmi?

        –  Bəli, eşidirəm. Çingiz doktora deyin, on dəqiqəyə gəlirəm, – deyib telefonu söndürdü, yatağın üstünə atıb tələsik geyinməyə başladı. Hamama keçib əl-üzünü yudu, yenidən otağına qayıdıb telefonunu, çantasını götürdü. Qapıdan çıxıb iti addımlarla hospitala tələsdi.

Cəbhənin Tərtər istiqamətinə göndəriləcək həkim briqadası əsas korpusun önündə toplaşmaqda idi. Çingiz doktora yaxınlaşıb:

        –  Doktor, nə baş verir? Olmaya, müharibə başlayıb? – deyə həyəcanla soruşdu.

        – Yox, hələ müharibə başlanmayıb. Ancaq ermənilər Həsənqaya-Çaylı istiqamətindən hücuma keçiblər. Yaralılarımız var. Ona görə də Müdafiə Nazirliyi Tibb Xidməti İdarəsinin göstərişi ilə ən təcrübəli həkimlərdən ibarət briqada Tərtərə ezam olunursunuz.

Humay: – Doktor, mən həkim kimi deyil, snayper kimi döyüşlərə qatılmaq istəyirəm!- demək istədi, lakin Çingiz doktor ondan ayrılıb getdiyindən sözü ağzında qaldı… Təxminən yarım saat sonra həkim briqadasının üzvləri təxirəsalınmaz təcili tibbi yardım avadanlıqları, səhra çadır hospitalı və səyyar yataqlar yüklənmiş avtomobillərlə birlikdə aeroporta yola düşdülər. Oradan da helikopterlərlə döyüş əməliyyatlarının getdiyi yerin yaxınlığına – Səhlabad kəndinə gəldilər.

 Kənd məktəbi döyüşün idarə edilməsi üçün qərargaha çevrilmişdi. Təcili yaradılmış səhra hospitalı isə klubda yerləşirdi. Otaqlardan biri əməliyyat otağı, digəri sarğı otağı üçün ayrılmış, ümumi zal isə boşaldılaraq cəbhədən təxliyə olunacaq yaralılar üçün ayrılmışdı. Humaygil gəldiklərində ətraf hospitallardan ezam olunan həkim briqadaları gələrək yeni yaradılan klub- hospitalda müəyyən qədər səliqə-səhman yaratmış, buranı yaralıları qəbul edərək yüngül və təxirəsalınmaz əməliyyatları aparmaq üçün normal vəziyyətə gətirmişdilər. Onları gətirən helikopter alçaq uçuşla kəndə yaxınlaşıb klubun önündəki meydançaya endi. Tibb heyəti helikopterdən enib iti addımlarla səhra hospitalına yönələrkən topların, partlayan artilleriya mərmilərinin, hətta iriçaplı pulemyotların səsi onlara qədər gəlir, açıq-aydın eşidilirdi.

Humaygil foyedən keçib birbaşa həkimlərin soyunub-geyinmə otağına gəldilər. Əyinlərini dəyişdilər. Həkim yoldaşları yaralıların yanına yollanarkən Humay dönüb əməliyyat otağına daxil oldu. Burada yenicə gətirilmiş bir yaralı var idi. Qəlpə sağ qolunu kəsib aparmışdı. Həkimlər onun qanaxmasını dayandıraraq yaranın ağzını tikməkdə idilər. Humay narkoz altındakı xəstəyə yaxınlaşdı. Gözləri ilə həkimlərə: “Siz davam edin”, – deyə işarə edib yaralının əlindən tutdu. İşarət barmağını nəbzinə qoydu. Ürəyi zəif də olsa, döyünürdü.

Əməlliyyatı aparan həkimlə göz-gözə gəldilər.

          –  Doktor, xəstənin nəbzi düşür!

          –  Təcili qan lazımdır, siz özünüzlə gətirmədiniz ki?

          –  İkinci helikopterlə gələcək, bir azdan harada olsa, yetişər, – deyərək, – neçənci qrup lazımdır? – deyə tələsik xəbər aldı.

         – 0 RH pozitiv.

         –  Siz məndən qan alıb yaralıya vurun, – deyib biləyini çırmaladı.

Tibb bacılarından biri cəld yaxınlaşaraq:

         –  Gəlin, doktor, gəlin burada qan alım, – deyərək onu qonşu otağa apardı. Humay küncə qoyulmuş kətildə əyləşərək qolunu uzatdı. Tibb bacısı iynəni onun venasına keçirdi, qan torbasını isə əlində saxlayıb qanın dolmasını gözləməyə başladı. Qan torbanın yüz qramla işarələnmiş yerinə çatdıqda:

         –  Doktor, özünüzü necə hiss edirsiniz? – deyə soruşdu.

          –  Mən yaxşıyam, siz iki yüz qram çəkin ki, bir işə yarasın.

Tibb bacısı lazımi qədər qan aldıqdan sonra iynəni Humayın venasından çıxarıb yerini spirtli pambıqla silərək:

         –  Qolunuzu qatlayın, – deyib torbanı götürdü. Otaqdan çıxarkən:

         –  Doktor, yerinizdən qalxmayın, indi gəlirəm, – deyə tapşırıb getdi.

O getdikdən sonra Humay ayağa qalxmaq istədi. Başı hərləndi, gözləri qaraldı. Yıxılmamaq üçün divardan tutub dayandı. Qayıdıb yerində oturaraq gözlərini yumdu. Bu vaxt əlində termos və qəndlə dönən tibb bacısı hazırladığı şirin çayı ona uzadıb:

         –  Bunu için, doktor, sonra gedərsiniz, – dedi.

Humay şirin çayı birnəfəsə başına çəkdi. Barmaqlarının ucu ilə gicgahlarını ovuşdurdu. Bir neçə dəqiqə daha gözləyib ayağa qalxdı, cərrahiyyə otağına yönəldi. Onun qanını yaralıya köçürməkdə olan tibb bacısı minnətdarlıq dolu baxışlarını ona dikərək:

          – Doktor, bizim aramızda heç kimdə uyğun qan olmadığından ümidsiz idik. Əsgərimiz sizin sayənizdə yaşayacaq, – dedi.

Humay:

          – Əsl biz onların sayəsində yaşayırıq, – deyib yeni gətirilən yaralının əməliyyatına qatılmaq üçün Bakıdan onunla gələn tibb bacısından əməliyyat paltarını gətirməsini istədi.

Önlüyünü, maskasını geyindi. Cərrahiyyə alət dəsti çantasından skalperi götürüb əməliyyat masasına uzadılan yaralıya yaxınlaşdı. Əsgər özündə deyildi. Humay xarici müayinədən sonra yaralının qapalı kəllə-beyin travması aldığını yəqin etdi. Burnundan, qulaqlarından axan qan çənəsindən süzülüb boğazında qurumuşdu. Qarın boşluğundan da güllə yarası almışdı. Əməliyyat masasının ətrafına toplanan həkimlərlə göz-gözə gəldi. Hərə öz işini bilirdi. Humay yaralının gicgahından dərisini kəsib sümükdən ayırdı. Skalperi tibb bacısına verdi. Turniketlə damarların ağzını bağlayıb qanaxmanı kəsdi. Burğunu götürüb sümükdə balaca dəlik açdı ki, travma nəticəsində kəllə qapağının altına toplanmış qaz xaric olsun. Sonra həmin dəlikdən içəri saldığı çömçə ilə gematomanı təmizlədi. Kəsib ayırdığı dərini yerinə tikdi.

Həkim yoldaşları isə hələ də əməliyyata davam edirdilər. Humay bir-iki addım geri çəkilib önlüyünü, maskasını soyundu. Tibb bacısının altına çəkdiyi stulda əyləşərək onları izləyirdi. Əsgərin qarnından girən güllə 5.45 mm-lik ağırlıq mərkəzini dəyişmiş güllə olduğundan boşluğa daxil olduqdan sonra gümmü köynəyi polad üzlükdən ayrılmış, hərəsi bir istiqamətdə hərəkət edərək daxili orqanlarını doğramışdı. Həkimlər zədələnmiş dalağı, bağırsaqların bir hissəsini amputasiya etdilər, ağ ciyərin kəsilmiş-deşilmiş yaralarını tikdilər, nəhayət, əməliyyatı bitirib qarının ön divarını tikdilər. Onların hamısı qan-tərin içində idilər. Yaralılarsa gəlməkdə davam edirdilər…

Döyüşlər iki gün davam etdi. Həkim yoldaşları ilə birlikdə iki gün dayanıb dincəlmədən yaralılara tibbi yardım göstərən Humay yorulub əldən düşmüşdü. Gözləri yuxusuzluqdan qızarıb qan çanağına dönmüşdü. Əzaları sözünə baxmır, ayaqları ağırlaşıb qum kisəsinə dönən bədənini daşımaqdan aciz qalmışdı. Sonuncu yaralının əməliyyatı başlayacaqdı. Humay taqətsiz halda tibb bacısının önündə dayanıb əməliyyat önlüyünü geyindirməsini gözləyirdi. Gözləri qaraldı, başı gicəldi. Özündən gedib tibb bacısının qucağına yıxıldı.

         – Kömək edin, doktor Quliyevanın halı pisləşdi!– deyə yardım çağıran tibb bacısı onu qucaqlayaraq yıxılmağa qoymadı, yardıma yetişən həkimlərin köməyi ilə əməliyyat otağından çıxarıb boş otaqlardan birinə gətirdi. Yerə yorğan atıb Humayı üstünə uzatdılar. Tibb bacılarından biri ona naşatır spirti iylətmək istədikdə Çingiz doktor araya girərək:

       – Lazım deyil, doktor Quliyeva gəldiyimiz gün qan vermişdi, sonra da fasiləsiz işləyir. Üstünü örtün, istirahət etsin, özünə gələcək, – dedi. Tibb bacısı Humayın üstünü yorğanla örtdü, onu otaqda tək qoyub çıxdılar. Bir qədər keçdikdən sonra otağa qayıdan tibb bacısı Humayın mışıl-mışıl yatdığını görüb: “Anası ölmüş, özündən getməyib, lap ayaq üstə yatıbmış ki?”– deyə pıçıldadı.

Həmin gün cəbhə xəttində yenidən atəşkəs bərpa olundu. Axşamtərəfi toplanan həkim briqadası elə gəldikləri kimi –  helikopterlə  geriyə, Bakıya döndülər.

Mübariz

İllər keçir, Humayın saçlarına dən düşdükcə elmi dərəcəsi, vəzifəsi də artırdı. O, artıq tibb elmləri doktoru, neyrocərrahiyyə şöbəsinin aparıcı cərrahı idi. Özünü işinə həsr etməsi, fədakarca çalışmaları nəticəsində sadəcə həmkarları arasında hörməti artmır, həm də müalicə etdiyi xəstələrlə də aralarında uzun illər davam edən qırılmaz dostluq bağları yaranırdı. Keçən illər ərzində bir gün mütləq savaş başlanacaq ümidi heç əskilmədiyindən fiziki dözümlülüyünü və formasını saxlamaq üçün mütəmadi olaraq hovuza gedərək saatlarca üzür, imkan tapdıqca Novxanı kəndindəki poliqona baş çəkir, müxtəlif çaplı və təyinatlı silahlardan atəş açaraq sərrastlığını itirməməyə çalışırdı. Tərtər istiqamətindəki iki günlük ezamiyyətdən sonra müharibənin tezliklə başlanacağına olan ümidləri artdı. Üstəlik əsgərlərimizin bu döyüşlərdə qəhrəmanlıq örnəyi göstərərək qısa müddətdə iki kəndimizi işğaldan azad etmələri onun sinəsini qabartmışdı. O, indi ordumuzla hər zaman olduğundan daha çox qürur duyurdu. Poliqona atəş məşqlərinə getdiyi vaxtlarda taxta hədəflər onun gözündə canlanır, biri Köçəryan, digəri Sərkisyan, bir başqası Ohanyan, digəri başqa bir qaniçən, başqa bir azğın terrorçu olurdu. O bu hədəf düşmənləri vurub aşırdıqca kini, nifrəti, qəzəbi az da olsa, soyuyur, ürəyində: – İlahi, canlı hədəfləri məhv edəcəyim günləri yaşatmadan məni öldürmə!– deyə dua edirdi.

2010-cu ildə Mübariz İbrahimovun təkbaşına təmas xəttini keçərək düşmənin bir batalyonunu məhv etməsi xəbəri gələndə o, sevincindən uşaq kimi ağladı. Hadisəni ona danışan zabit:

– Mübariz gecə süngü-bıçaqla silahlanaraq, qarışıq mina sahəsi ilə qorunan bitərəf zonanı keçərək ermənilərin postuna gəlib. Buradakı əsgərlərin birincisini səs çıxara bilməsin deyə qəfil üstünə atılaraq boynunu qırıb. Digərlərini də əlbəyaxa döyüşdə süngü-bıçaqla öldürərək, silah-sursatlarını götürüb və düşmən taborunun komanda müşahidə məntəqəsinə gəlib. KMM-in ətrafına hələ bilmədiyimiz formada tələlər qurduqdan sonra hücuma keçib. Səhərə qədər davam edən atışma nəticəsində mühasirəyə alındığını zənn edən düşmən əsgərləri bir-birilərini qırıblar. Mübariz səhərə yaxın əsir tutduğu erməni zabitini iki yanağından avtomatın sünbəsi ilə tikərək boynundan tutub gətirirmiş. Bitərəf zonanın yarısında erməni snayperi onu arxadan vurub. Postdakı əsgərlərimiz erməniləri susdurmaq və Mübarizi bitərəf bölgədən çıxarmaq üçün döyüşə atıldıqlarında düşmənlər yaralı da olsa, gələ bilməsin deyə Mübarizi güllələyiblər. Öz zabitləri də güllələrdən nəsibini alaraq gorbagor olub, – deyə hər şeyi təfsilatı ilə nəql etdi.

– Bəs heç olmasa, Mübarizin cənazəsini götürə biliblərmi?

– Təəssüf ki, yox, axşama qədər davam edən döyüşlərdən sonra gecə ermənilər həm Mübarizin, həm öz zabitlərinin meyitlərini aparıblar.

Humay yaşarmış gözlərini qurulayaraq eşitdiklərini təhlil etdi:

         – Könül istərdi ki, Mübariz düşmən arxasından sağ-salamat qayıdıb gəlsin. Görünür, onun qismətində şəhid olmaq varmış… Mübarizin mərdliyi, cəsarəti, düşməni tələyə salmaqda göstərdiyi ağıl və fəndgirliyi bütün ordumuza, əsgərlərimizə örnək olacaq. İnanıram ki, onun bu şücaəti psixoloji üstünlüyü həmişəlik bizim xeyrimizə dəyişəcəkdir. Artıq hər zabitimiz, hər əsgərimiz özünü potensial Mübariz obrazında görəcəkdir. İnanın, bundan sonra cəbhə xəttində heç nə əskisi kimi olmayacaqdır. Düşmən hər zaman yeni Mübarizlərin qorxusu ilə səksəkə içində qalacaqdır. Sizə əminliklə deyə bilərəm ki, Mübariz öz rəşadəti ilə, sadəcə düşmən əsgərlərinin deyil, həm də onların valideynlərinin, ailələrinin canına elə bir vəlvələ saldı ki, bu qorxu hələ uzun müddət onların yuxularını qaçırmağa kifayət edəcəkdir.

       – Sizinlə tamamilə razıyam, doktor, – deyən zabit, – belə qəhrəmanlıq hekayələri bizim tariximizdə çox var. Elə bu məziyyətlərimizə görə ruslar iki yüz illik işğal dönəmində bizi əsgərlikdən uzaq tutaraq genlərimizdəki döyüşkənlik ruhunu sındırmağa çalışıblar. Amma biz, necə deyərlər, küllərimizdən doğulan bir millətik. Bu gün Mübarizimiz təkbaşına gedib erməninin bir batalyonunu məhv edə bilirsə, sabah müharibə başlayanda olacaqları siz düşünün, – deyə əlavə etdi.

 Humay gözlərini zabitin enli çiyinlərinin üstündən uzaqlara zilləyərək:

          –  İnşallah, bircə o gün gəlsəydi, – deyə köks ötürdü.

Zabitlə söhbətdən sonra Humay Mübariz üçün üzülsə də, köksü onun qəhrəmanlığı ilə qabarır, ürəyi qürurla döyünürdü.

Sonrakı illər nisbətən sakit keçsə də, cəbhə xəttində assimmetrik savaş davam edirdi. Bəzən minaya düşmüş, ya da düşmən snayperinin vurduğu bir əsgər, hətta mülki şəxslər də hospitala gətirilirdi. Hospitala gətirilən hər yaralı Humayın ömründən ömür alır, dişlərini qəzəblə, nifrətlə qıcayaraq: “Nə vaxt başlayacaq e bu savaş?! Ya birdəfəlik qırılaq qurtaraq, ya bu donuzların dərsini verək, onları tərkisilah edib, yer üzündən silək ki, bəşəriyyət dinclik tapsın. Yoxsa bunlar özbaşlarına ağıllanmayacaqlar”, – deyirdi.

Tapqaraqoyunlu

2016

Aprelin ikisinə keçən gecə ermənilər cəbhənin şimal və cənub istiqamətlərindən Azərbaycan ordusunun mövqelərini ağır artilleriyadan, atıcı silahlardan atəşə tutmağa başladılar. Səhərə yaxın atəş mövqelərimizi “yumşaltdıqlarını” düşünüb hücuma keçdilər. Lakin Azərbaycan əsgərinin fədakarlığı nəticəsində düşmənin hücumu dəf edildi. Erməniləri cəzalandırmaq üçün Ali Baş Komandan tərəfindən dərhal əks-hücum əmri verildi. Cənubda Cocuq Mərcanlı-Lələtəpə, Şimalda isə Tapqaraqoyunlu-Talış istiqamətində hərbi hissələrimiz həmləyə qalxdı. Ani və sarsıdıcı zərbə ilə mövqelərindən vurulub çıxarılan ermənilərdən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi. Şimalda da işlər yaxşı gedirdi. Talış istiqamətində iyirmi iki postu azad edərək erməniləri ikinci eşalonun mövqelərinədək qovan əsgərlərimiz burada dayanıb öz mövqelərini yaratdılar. Talış kəndi düşməndən azad edilmiş, Seysulan kəndinə gedən yol açılmışdı. Ordumuzun bu ani əks-həmlə ilə qazandığı qələbə siyasi və strateji cəhətdən daha əhəmiyyətli idi. Ermənilərin illərdir Ohanyan xəttinin keçilməzliyinə olan sarsılmaz inamları qırılmışdı. Moskvadan Berlinədək bütün paytaxtlara zəng edən düşmən ölkənin siyasi rəhbərliyi təcili sülh üçün vasitəçi olmalarından yana yalvarıb-yaxarırdı.

Aprel döyüşləri öz uğuru ilə həm də Azərbaycan ordusu üçün döyüşlə kəşfiyyat əməliyyatına çevrilmişdi. Əks-həmlə zamanı ehtimal olunan müharibədə düşmən bölmələrinin müqavimət gücü test olunmuş, “Ohanyan xətti”nin zəif və güclü nöqtələri öyrənilmişdi. Bütün bu məlumatlar ilbəil döyüş planlarında dəyişiklik və yeniliklər edən Azərbaycan ordu komandanlığı üçün olduqca vacib idi.

Aprel döyüşləri başlayanda Müdafiə Nazirliyi Tibbi Xidmət İdarəsinin sərəncamı ilə hospitalın həkim heyətindən yaradılan təcili tibbi yardım briqadası cəbhə xəttinin şimal hissəsinə, Tapqaraqoyunlu kəndinə göndərildi. Helikopterlə Tərtərə gələn tibb heyəti buradan avtomobillərlə Tapqaraqoyunluya hərəkət etdi. Onlar gəlib məktəb binasına çatanda saat doqquzun yarısı idi. Əsl yaz havası vardı. Çiskin yağış yağır, arabir üzünü göstərən günəş təbiəti oxşayıb-əzizləyir, tezcə də utancaq gəlin kimi buludların arxasına girib gizlənirdi.

Humay məktəb binasına daxil olub sinifləri gəzdi. Texniki heyətə sinif otaqlarının boşaldılaraq palatalara çevrilməsi və bir əməliyyat otağı yaradılması barədə göstəriş verib onları tələsdirdi.

Düşmənin gecəboyu sürən artilleriya atəşi zamanı yaralananlar ətraf hospitallara və ya birbaşa Bakıya təxliyə olunduğundan hələ ki, tibbi yardıma ehtiyac duyan kimsə yox idi. Amma yenə də Humay texniki işçiləri tələsdirərək müvəqqəti hospitalın bir an öncə hazırlanmasını istəyirdi. Bir tərəfdən də cənub cəbhəsindəki həkim yoldaşları ilə tez-tez əlaqə saxlayır, döyüşlərin gedişi ilə maraqlanırdı. O özünü yaralılara tibbi xidmət göstərməyə məsul həkim deyil, döyüşən orduların komandanı kimi hiss edirdi.

Səyyar hospital hazır olduqda Humay “təcili tibbi yardım” maşınına əyləşərək birbaşa cəbhəyə yola düşdü. Onlar bitərəf zonaya çatdıqda Humay bir tankımızın və bir PDM-imizin minaya toxunaraq sıradan çıxdığını gördü. “Təcili yardım maşını”nın sürücüsünə:

         –  Burada dayan! – deyə göstəriş verib, tanka yaxınlaşdı. Lyukun açıq qapağından içəri

boylandı. Tank boş idi. Görünür, heyət çıxarılaraq təxliyə olunmuşdu. Boylanıb baxaraq, PDM-in də lyuk qapaqlarının və desant bölməsinin qapılarının açıq olduğunu görüb yaxına getmədi. “Təcili yardım”ın sürücüsünə geri dönməsini tapşırıb, onları müşayiət edən əsgərlə birlikdə bitərəf zonanı keçib getmiş texnikanın təkərlərinin ləpirləri ilə azad olunmuş Talış yüksəkliklərinə doğru yollandı. Onlar gələndə bir neçə saat öncəsinə qədər ermənilərin nəzarətində olan postlarda kimsə gözə dəymirdi. Bir xeyli irəlidə isə ağır döyüşlər gedirdi.

Xüsusi təyinatlılarımız erməni postlarını məhv edərək, ikinci eşalona qədər irəliləmişdilər. Humay birbaşa döyüş mövqeyinə gələrək, yenicə hazırlanmış maneələrdən birinin arxasına keçib gizləndi, əsgərlərimizi salamladı.

          –  Salam, qardaşlar, atdığınız boşa çıxmasın!

 Kənardan onun gəldiyini görüb yaxınlaşan hündürboy, enlikürəkli zabit:

          – Salam, doktor, – deyərək onu salamını alıb, – siz niyə döyüş sahəsinin içinə gəlmisiniz? – deyə irad tutdu.

Humay üzünə sərt bir görkəm verərək:

         –  Mən həkiməm, komandir. Burada hər an mənim yardımıma ehtiyac ola bilər.

Zabit bir tərəfdən döyüşü idarə edir, digər tərəfdən onu danlayırdı:

         – Bu gün hələ ki, yaralımız yoxdur, əgər olarsa, onlara yardım edəcək təcrübəli sanitarlarımız var, lütfən geri qayıdın, fikrimiz bir də sizin yanınızda qalmasın.

Zabitin səsi o qədər ötkəm və əmredici idi ki, Humay istər-istəməz itaət etmək məcburiyyətində qaldı.

        –  Oldu, komandir, indi qayıdıram, – deyərək atəş səslərinin səngiməsini gözlədi, sonra onu müşayiət edən əsgərlə çıxıb getdi. Humay geri dönərkən ermənilərin keçmiş döyüş postlarını ikrahla izləyirdi. Dodaqlarına qonan istehzalı təbəssümlə:

       –  Bumuydu sizin keçilməz Ohanyan xəttiniz? Bu qədər dəmiri, betonu torpaqda açdığınız çala-çuxurlara gömərkən, hər tərəfi çeşid-çeşid minalarla doldurarkən heç düşünmədinizmi vaxt gələcək, sizi illlər boyu yaratdığınız beton sədlərin belə igidlərimizin aslan pəncəsindən qoruya bilməyəcəyini? İndi bir saat yetdi sizi buradan iti qovan kimi qovmağımıza! Pis donuzlar sizi! – deyə ürəyindən keçirib qəhqəhə çəkdi. Müşayiətçisi onun niyə belə ürəkdən, qəhqəhəylə güldüyünü bilmədiyindən təəccüblə üzünə baxdı.

         –  Doktor, bitərəf bölgəyə keçirik, burada ehtiyatlı olmaq lazımdır.

Humay onun səhvini düzəldərək:

          –  Bitərəf bölgəyə yox, əsgər, vətən torpağına. Bitərəf bölgənin bu tərəfi sənin, o biri tərəfi düşmənin olandır. Geri dönüb gəldikləri tərəfi göstərərək sözünü tamamladı:

          –  Amma bax, bu torpağın o tərəfi də, bu tərəfi də bizimdir.

Əsgər:

         – Necə istəyirsiniz, elə də adlandıraq, – deyə cavab verdi. Amma reallıq budur ki, qarşımızda qarışıq mina sahəsi var və mən sizin həyatınıza cavabdehəm.

          – Yaxşı, narahat olma, ehtiyatla gedərik, – deyib bayaq gəldikləri ləpirə düşüb irəliləməyə başladı.

Həmin gün müvəqqəti hospitalda sakit keçdi, elə ertəsi gün də bir nəfər də olsa, yaralı gətirməmişdilər. Həkimlər, tibb heyəti Xüsusi təyinatlıların müstəsna döyüş və özünümüdafiə qabiliyyətlərindən danışır, onlara təriflər deyib göylərə qaldırırdılar. Humay boş vaxtlarından istifadə edib Cənub cəbhəsi ilə əlaqə saxlayır, ordumuzun Lələtəpədəki uğurlarını da eşidib qürurlanırdı. İki gün sonra ermənilərin Suqovuşandakı tank taborunun İnciçayın kənarında toplaşaraq Xüsusi təyinatlılarımızın üzərinə hücuma keçdiyi barədə xəbərlər gəldi. Humay XTQ-nin atıcı silahlar və birdəfəlik qumbaraatanlarla silahlandığını görüb-bildiyindən həyəcandan ürəyi qabırğalarını döyəcləyir, səbirsizlikdən bir yerdə qərar tuta bilmirdi. Özünü yeyib-tökür, çarəsizlik içində qıvrılırdı. Bir an belə dilindən düşməyən dualarla aslanlarımızı qoruması üçün Tanrıya yalvarırdı. Amma dualar tankları durdurmağa yetməzdi ki…. O bunu anlayırdı. Nə etsəydi, necə eləsəydi ki, Xüsusi təyinatlılarımıza iynənin ucu qədər faydası toxunaydı?. O bu an heç düşünmədən həyatını belə qurban verməyə hazırdı. Təki adı kimi özləri də xüsusi, say-seçmə olan igidlərimiz düşmən tanklarının mühasirəsindən çıxıb sağ-salamat dönə bilərdilər. Bəzən özünü qınayır, zabitin ötkəm səsi və insanın beynini dəlib keçən atəşli baxışları qarşısında təslim olub geri qayıtdığına min peşman olurdu. “Gərək orada qalardım. İndi həm əsgərlərimizi ruhlandırar, həm də yaralarına sarğı qoyardım, – deyə öz-özünə deyinirdi.

Həmin gün axşama doğru yaralılar gəlməyə başladı. Humayın rəhbərliyi altındakı həkim briqadası onlara ilk yardım göstərir, bəzilərini əməliyyat edərək həyata tutunmalarına yardım edirdi. Şəhidlər də gətirirdilər…. Hər biri qala bürcü kimi boylu-buxunlu, enlikürək şəhidlər…

Ayın 5-də atəşkəs oldu. Sonrakı günlərdə mühasirəyə düşərək son ana qədər savaşıb qəhrəmancasına həlak olan Xüsusi təyinatlılarımızın cənazələri gətirildi. Humayı döyüş xəttindən geri qaytaran zabit – Murad Mirzəyev də onların arasında idi… O, xərəyin üstündə uzanıb gülümsəyirdi. Təbəssümlə büzülən dodaqları azacıq açıq qalmışdı. Humay onun cənazəsini gördüyündə özünü saxlaya bilmədi, Muradın cansız bədənini qucaqlayıb hönkürdü… Ağappaq həkim xalatının altındakı zərif çiyinləri atılıb-düşür, gözlərindən sular-sellər boşalırdı…

Solğun şəkillər

I

Ermənilər atəşkəs nəticəsində tamamilə darmadağın olmaqdan qurtulmuşdular. İndi onların verdikləri sözləri tutmasının zamanı idi. Ancaq bir müddət öncə necə diz çöküb yalvardıqlarını unudaraq heç nə olmamış kimi davranmağa başladılar. Üstəlik, Azərbaycan hökumətinin beynəlxalq razılaşma əsasında İrana Araz çayı üzərindəki Xudafərin və “Qız qalası” su anbarlarının inşasına icazə verməsini də təbliğat maşınlarına alət edirdilər. onlar əhalini hökuməti “ermənilərə su-elektrik stansiyası” tikməkdə günahlandırmasına, məsələnin mahiyyətindən xəbərsiz insanların iqtidara qarşı neqativ hisslər bəsləməsinə nail olmağa çalışırdılar.

Aprel döyüşlərinin ən böyük əhəmiyyəti onda idi ki, sadə xalq kütlələrində Azərbaycan ordusunun baş verə biləcək savaşda Ermənistanı çox qısa müddətdə darmadağın edəcəyinə möhkəm inam hasil olmuşdu. Elə bu səbəbdən də sosial mediadan çayxanalardakı söhbətlərə qədər bütün müzakirələrin mövzusu Aprel döyüşləri idi. Qəlbində milli ruh daşıyan insanlar savaşın bu qədər qısa müddətdə dayandırılması ilə razılaşmaq istəmir, yenidən döyüş əməliyyatlarının bərpa edilməsinə çağırışlar edirdilər. Və hər kəsin dilində bir şüar var idi: “Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!” Bir repçinin dilindən tökülən bu misralar vətənpərvər gənclərin dilinin əzbərinə, onların həyat şüarına çevrilmişdi.

Gənclərin savaş ruhu qabarıb qəlbləri Qarabağ üçün atdığı vaxt Humay məzuniyyət götürüb Naxçıvana, doğma kəndlərinə yollandı. Aprel döyüşləri onun qəlbində dərin yaralar açmış, Birinci Qarabağ savaşında aldığı post-travmatik stresi yenidən oyatmışdı. Artıq hospitalda müalicə alan yaralıların xəstəlik tarixçələrini, həkim təyinatlarını açıb oxumaq istərkən gözləri sıra-sıra düzülmüş hərflərin yerinə qanlı ləkələr görürdü. O özünü yaralılara diaqnoz qoymaqda, onları müalicə etməkdə aciz hiss edirdi.

Şöbə müdirinin otağının qapısını döydü. İçəridən Çingiz həkimin özünəməxsus yoğun səsi gəldi:

         –  Gəl.

Humay qapını açaraq müdirin kabinetinə daxil olduqda Çingiz həkim başını qaldırıb onu diqqətlə süzdü:

         –  Nə olub, doktor? Yenə ağlamısınızmı?

Humay boğazını arıtlayıb susdu. Çingiz həkim məzəmmətə keçdi:

         – Sən ki müharibə görmüş adamsan, ay doktor. Başqası olsa, yenə nə isə, amma sənə bu zəifliyi yaraşdıra bilmirəm.

Humay birbaşa mətləbə keçdi:

         –  Xahiş edirəm ki, məni bir aylıq məzuniyyətə buraxasınız, – deyib əlindəki ərizəni Çingiz həkimin önünə qoydu.

Çingiz həkim onun ərizəsinə ötəri nəzər saldı:

          –  Əlbəttə, doktor, günü sabahdan məzuniyyətə gedin. Bir ay dincəlin. Lap lazım olsa, zəng edərsən, məzuniyyət müddətini uzadarıq.

          –  Çox sağ olun, doktor, anlayışınıza görə sizə minnətdaram.

Humay təşəkkür edib otaqdan çıxdı. Hospitaldan çıxarkən Səidəni yığdı.

          – Salam, Humu, neçə vaxtdır haralardasan? – telefonu açan Səidə onu ərkyana danladı.

          –  Nə bilim…. Cənab prokuror, lütfən səsimi eşidən kimi istintaqa başlama.

          – Yaxşı, yaxşı, ay qız, de görüm, işlərin necədir, yaxşılıqdırmı?

          –  Sənə ehtiyacım var.

          –  Buyur, Humu, qulluğundayam.

          –  Bu gün görüşə bilərikmi?

          –  Əlbəttə görüşərik, indi hardasan?

          –  Hospitaldan çıxıram.

          –  Gəl bura, mən də işlərimi yekunlaşdırım, ondan sonra bir yerdə oturub bir çay içərik.

          –  Oldu, gəlirəm, – deyən Humay telefonu söndürüb avtomobilinə əyləşdi. Küçəyə çıxıb Respublika Prokurorluğuna doğru hərəkətə başladı.

Səidə bir müddətdir ki, burada işləyirdi. Humay son dəfə Səidəni yeni təyinatı münasibəti ilə təbrik etməyə gəlmiş, onun iş otağında əyləşib çay içmişdilər. Aradan keçən müddətdə də nə görüşmüş, nə də telefonda danışmışdılar. Üstündən aylar keçdikdən sonra Humay yenidən eyni yollardan keçib Səidəni görməyə gedirdi. Amma bu dəfə kefi heç yerində deyildi. Nə açıq şüşədən içəri dolub boyun-boğazını yalayan küləyə, nə də narın yaz yağışına fikir vermir, gözlərindən süzülən suyun ardından yolu görməyə çalışaraq irəliləyirdi. Prokurorluğun önünə gəlib çatanda maşını bir kənarda saxlayıb endi. Qapıları bağlayıb binanın əsas girişinə yönəldi. Gözətçi polis nəfərinə kimin yanına gedəcəyini deyib yuxarı qalxdı. Liftin güzgüsündə özünə əl gəzdirib endi. Üç nömrəli qapıya yaxınlaşıb içəri daxil oldu, katibəyə: – Səidə xanımı görəcəkdim, – deyib xəbər verməsini gözlədi.

Səidənin özü onu qarşılamaqçün qapıya çıxmışdı. Qucaqlaşdılar. İçəri keçəndə Humay:

          –  Səidə, bir günlük vaxtını mənə ayıra bilərsənmi? – deyə soruşdu.

 Səidə onun qolundan tutub divanda əyləşməsinə yardım edərək:

          –  Əlbəttə, Humu, xeyirdimi? – deyə maraqla soruşdu.

          –  Armudluya getmək istəyirdim… Amma tək getmək istəmədim… Axı sən mənim dərd ortağım, can yoldaşımsan, – deyib udqundu. Onun ağlamamaq üçün özünü zorladığını hiss edən Səidə:

         –  Narahat olma, bacı, istəsən, elə günü sabah gedərik, – deyib fikrini yayındırmaq üçün, – bu il Naxçıvana gedəcəksənmi? – deyə soruşdu.

Humay:

         –  Bilmirəm, Səidə, heç nə bilmirəm, – deyib burnunu çəkdi. Nə qədər elədisə, boğazını yandıran qəhəri geri qaytara bilmədi, göz bulaqlarından daşan incilər ətrafa səpələndi.

Səidə yanında əyləşib onun titrək əllərindən tutdu:

         –  Nə olub sənə, Humu? Axı mənim tanıdığım Humu belə deyildi…. Özünü ələ al, möhkəm ol, kim olduğunu unutma!

Humay əlini onun əlindən çəkib gözlərini quruladı:

         –  Bilmirəm xəbərin var, ya yox. Aprel döyüşlərində mən də həkim briqadası ilə Tərtər istiqamətində ezamiyyətdə idim. Orada elə igidlərimiz şəhid oldu ki…

        – Xəbərim var, Humu, dördgünlük savaş Murad, Samid, Raquf, Mühit, Pəncəli kimi igidlərimizi bizdən aldı…. Bu dünyaya, çətin ki, bir də elə oğullar gələ…

        – Muradın üz cizgiləri Elçinə o qədər oxşayırdı ki… Sanki Elçini gətirib xərəkdə uzatmışdılar. Sifətinə gələn nur, dodaqlarındakı təbəssüm eynən Elçininki kimi idi…. Neçə gündür, ağlımdan çıxarda bilmirəm….

Səidə:

        –  Can, bacı, can, – deyib onu qucaqladı, – fikir eləmə, hər şey düzələcək, – deyə təsəlli verib ayağa qalxdı.

       –  Gəl şəhərə çıxaq, bir yerdə oturub bir çay içərik. Bir az fikrini dağıdarsan.

       – Yox, Səidə, evə getmək istəyirəm. Sənin yanına gəldim, bir az eynim açıldı. Sabah da Armudluya gedək, Elçinin məzarını da ziyarət eliyim. Gör neçə illərdir, onu da gedib görə bilmirəm.

        –  Yaxşı, Humu, necə istəyirsən, elə olsun. Sabah erkəndən hazırlaşarsan, saat yeddi üçün gəlib səni götürərəm, gedərik.

Sağollaşdılar. Humay prokurorluqdan çıxıb hospitalın yanındakı binaya, illərdir ki, kirayə yaşadığı birotaqlı mənzilə gəldi.

II

Günəşin açıq pəncərələrdən içəri süzülən şəfəqləri onu yenicə getdiyi yuxudan oyatdı. Qalxıb yuyundu, mətbəxə keçib su qaynatdı. Bir fincan kofe içib saatına baxdı. Yeddiyə on beş dəqiqə qalırdı.

Hazırlaşıb evdən çıxdı. Binanın qarşısına düşəndə Səidənin maşınının yaxınlaşdığını gördü. Fırlanıb önündə dayanan avtomobilin sağ tərəfinə keçdi. Qapını açıb əyləşərkən salamlaşdı:

     –  Sabahın xeyir, Səidə.

     –  Sabahın xeyir, Humu. Necəsən? İstirahət edə bildinmi?

     –  Yaxşıyam, sağ ol.

     –  Onda yola düşək.

     –  Hə, yolçu yolunda gərək.

Saat on üç radələrində Səidənin avtomobili Elçinin babalarının yurd axtararkən at arabası ilə dırmaşdığı yoxuşu qalxmaqda idi. Üzərindən səksən il keçsə də, yol heç dəyişməmişdi. Bəlkə, arada bir buldozer salıb hamarlamışdılar. Amma elə səksən il öncə olduğu kimi, qumsal təpələrin üstü ilə qalxan yol torpaq, ətrafı isə kol-kos idi. Səidənin avtomobili bu yolda arxasınca qalın toz buludu yaradaraq irəliləyirdi. Yan güzgüdən toz buluduna baxan Humayın gözlərinin önündə on illər boyu bu yolu başlarına döyən günəşin, ayaqlarının altından qalxan toz-torpağın içi ilə yol enişə, yol yoxuşa piyada, at-eşşəklə, at arabaları ilə hərəkət edən tərin-suyun içindəki insanlar canlandı. Qəlbi sıxıldı… Başını oturacağın başlığına söykəyib gözlərini yumdu. Səidə onu gözucu süzüb: – Allah bilir, yazıq qızın qəlbindən nələr keçir, – deyə düşündü. Ağzını açıb nəsə bir söz demək istədi, ancaq fikrini dəyişib susdu. Sonuncu aşırıma qalxdıqlarında Armudlu göründü. Humay:

         – Maşını saxla, Səidə, – dedi. Səidə avtomobili sağa çəkib əylədi. Humayın yumulu gözlərindən süzülən yaşlar çənəsindən damlayır, köynəyinin yaxasını isladırdı. Səidə onu sakitləşdirməyə çalışdı:

         –  Yaxşı da, Humu, belə eləmə.

Humay ovcunda sıxdığı zərif haşiyəli yaylıqla gözlərini silib burnunu çəkərək: – Hər şey yaxşıdır, Səidə, gedək, – dedi.

Avtomobil kələ-kötür yolla enərkən Səidə marağını saxlaya bilməyib:

        –  Bacı, axırıncı aşırımı necə bildin? – deyə soruşdu.

Humay köks ötürdü:

        – Necə bilməyim, ay Səidə, 92-ci ilin 27 iyununda gəldiyimizdən bu yana keçən səkkiz min altı yüz doxsan üç günün hər günü bu yolu gəlmişəm…. Oyaq vaxtı xəyalımda, yatan vaxtı yuxumda… Amma hər gün ən azı bir dəfə gəlmişəm. Real olaraq ilk dəfə də səninlə gəlmişdim, son dəfə də səninlə gəlirəm.

Səidə qaşlarını çatıb susdu. Çünki bu anda nə danışmağın, nə də bir söz deməyin mənası yox idi.

Onlar kənd məzarlığına gəlib Elçinin qəbrini ziyarət etdilər. Dualarını oxuduqdan sonra Humay Elçinin başdaşının yanında diz çökdü. Cib dəsmalı ilə onun solub-bozarmış şəklinin toz-torpağını sildi. Səidə ilə köməkli məzarın ətrafını basmış ot-alafı təmizlədi. Başdaşına sarıldı, Elçinin şəklini öpüb ayağa qalxdı.

Qəbiristanlıqdan çıxanda Humay sakitləşmişdi. Sanki üzərindən dağ boyda ağırlıq götürmüşdülər. Ciyərdolusu nəfəs aldı:

         –  Hə, Səidə, bütün ağırlığımı, nisgilimi geridə qoydum.

         –  Bacı, sən gərək bura bir neçə il öncə gələydin.

         –  Nə bilim, ay Səidə?.. – deyib gözlərini uzaq üfüqlərə dikdi.

         – İndi hara gedəcəyik, Humu? Planlaşdırdığın bir yer varmı? Yoxsa birbaşa Bakıya qayıdırıq? – O əslində Elçingilə getmək istəyib-istəmədiyini soruşmaq istəyirdi.

         –  Bura qədər gəlmişkən, Güləndam xalanı, Banunu ziyarət etmədən dönsək, olmaz.

         –  Hə, Humu, haqlısan, onda gedək Elçingilə.

         Onlar gəldiklərində Güləndam xala həyətdə idi. Humay açıq qapsaqdan keçib həyətə daxil oldu. Yaxınlaşıb qadının əllərindən tutdu, öpdü, öpdü…

Qadın Humayı tanıyıb bağrına basdı, Səidə ilə də salamlaşıb onları evlərinə dəvət etdi. Humaygil aynabəndə keçib əyləşdilər. Humay ətrafına göz gəzdirdi. Hər şey onun iyirmi dörd il öncə gördüyü kimi idi.

Güləndam xala onlara çay gətirib:

        – Bir dəqiqə gözləyin gəlirəm, – deyib həyətə çıxdı. Qonşunun uşağını səsləyib toyuqlardan birini tutub kəsməsini tapşırdı. Qapılarında dayanan maşını görüb gələn qonşu gəlini içəri çağırıb qonaqlarla tanış etdi:

        – Bunlar Elçinin tələbə yoldaşlarıdırlar. Bizi ziyarətə gəliblər. Uşaq toyuğu gətirən kimi, götür keç mətbəxə, tez çığırtma elə, özün də gəl qonaqlarımızla bir tikə çörək ye.

Gəlin Humaygillə salamlaşıb:

        –  Baş üstə, Güləndam xala, siz narahat olmayın, nə lazımdırsa, edəcəm.

Humay Elçinin atasını, bacılarını soruşdu. Güləndam xala köks ötürüb:

         – Qızım, Səbuhi dayınız iki il öncə ömrünü sizə bağışladı. Qızlar da ki, hamısı evlənib gediblər. On üç nəvəm, iki nəticəm var.

Humayın gözləri güldü, eyni açıldı:

        –  Bəs Banu? Oxuya bildimi? İndi haradadır, nə iş görür?

        –  Hə, qızım, oxudu. Rayon mərkəzində tarix müəllimi işləyir, elə orada da yaşayır. Müəllim yoldaşı ilə evlənib.

Sonra Humay özündən, öz həyatından danışdı. Güləndam onun uğurlarına sevinib qürur duyur, köksü qabarırdı.

        –  Qızım, bəs oğuldan-uşaqdan nəyin var? – deyə soruşduğunda aldığı cavabdan mütəəssir oldu, gözləri yaşardı.

       –  Düz eləməmisən, qızım, təklik Allaha məxsusdur, evlənmək, ailə qurmaq lazımdır.

 Artıq qonşu gəlin də yeməyi hazırlayıb gətirmişdi. Yeməklərini yeyib, çaylarını içdikdən sonra qalxıb sağollaşdılar.

Bakıya dönəndə Humayın əhvali-ruhiyyəsi xeyli yaxşılaşmışdı. Məhəllələrində maşından düşərkən Səidəni qucaqlayıb:

        –  Hər şey üçün çox sağ ol, bacı. Yaxşı ki, varsan, – dedi.

Səidə onu arxayın etdi:

        –  Qarşılıqlıdır, Humu, nə vaxt istəsən, bir zəngin yetər, qulluğunda hazıram.

III

Həmin axşam Naxçıvana onlayn bilet alan Humay iki gün sonra uçuş üçün hava limanına gəldi. Gömrük yoxlamasından keçib təyyarəyə mindi. Biletində qeyd olunmuş yerə keçib əyləşərkən: “Bir vaxtlar yük təyyarəsi ilə, ya da daha çox kənd avtobusuna bənzəyən təyyarələrlə gedib gəlirdim. İndi artıq bilet almaq üçün də aviakassaya getməyə ehtiyac yoxdur. Görəsən, on il sonra daha hansı dəyişikliklər olacaq?” – deyə öz-özündən soruşdu.

O, salonun tavanından asılmış monitordan təyyarənin uçuş yüksəkliyi, sürəti, çöldəki hava temperaturu və sair bilgiləri görsə də, hərəkət marşrutu ekranda əks olunmadığından maraqla pəncərədən aşağı boylanır, üzərindən keçdiyi torpaqlara həsrətlə baxırdı. Yüksəklikdən güclə seçilən yaşayış məntəqələrini gördükcə: “Görəsən, bura haradır?” – deyə öz-özündən soruşurdu.

2014-cü ildə İlkin Muradov ermənilərin Mİ-24 hücum helikopterini vurduqdan sonra Naxçıvana gedən təyyarələrimiz Ermənistanın deyil, Güney Azərbaycanın üzərindən keçməklə uçurdular. Humay hərbi həkim olduğundan sərbəst səyahət imkanı yox idi. Ona görə də xəyalları ilə yaşadığı Güney Azərbaycanı gedib gəzə bilmirdi. İndi təyyarə ilə uçarkən göyün yeddinci qatından üzərindən keçdikləri yaşayış məntəqələrini, dağları, çayları həsrət dolu gözlərlə seyr edirdi. Aşağıda görünən Savalan dağını tanıdı. Bəzz qalası, Babəkin xürrəmiləri xəyalında canlandı. Afşinin ordusu durub-dincəlmədən hücum edir, xürrəmilər qırmızı bayraqlarının altında azadlıqları, istiqlaliyyətləri üçün inadla döyüşür, mübarizə aparırdılar. Qaşları çatıldı, öz-özünə “Hücum edən də türkdür, müdafiə olunan da… Əgər Afşin ərəblərin deyil, Babəkin tərəfini tutsaydı, əl-ələ verib işğalçıları yurdumuzdan qovardılar. Amma neynəyəsən ki, Afşin satılmışdı… Eh, guya indi satqınlarımız azdırmı? Rusiyanın da, İranın da casus şəbəkəsinin adamları ordumuzdan tutmuş məscidlərimizə qədər hər yerdə var. Yenə hər yer xain qaynayır. Lap elə min il əvvəl olduğu kimi”.

Təbriz uzaqdan görünəndə Humayın ürəyi atlandı.

…Qızılbaş ordusu şəhərə varid olmaqda idi. Ordunun önündəki üzü niqablı gənc atının belində məğrur-məğrur oturub pişvazına çıxan şəhər sakinlərini salamlayırdı. Şəhərin irəli gələnləri onun yolunun üstündə qurbanlar kəsir, qanını onun atının ayaqları altına axıdırdılar. Arxa sıralardakı qız-gəlinlərin, uşaqların sevinci üzlərindən-gözlərindən oxunur, hər kəs pıçıltı ilə niqabın gizlətdiyi üzün nurundan danışırdı. Sonra Ərk qalası, El gölü canlandı gözlərində. Göy məscidin minarəsinə çıxan bir uşaq min bir həvəslə “Heydər babaya salam”ı oxuyurdu. Təyyarə istiqamətini şimal-qərbə döndərdiyində şəhər görüş sahəsindən çıxdı. O özündən xəbərsiz zümzümə edirdi:

Qollarım dolanar boynuna bir gün,

Yenə baş qoyaram dizinə, Təbriz.

Həsrətdən, hicrandan cana doymuşam,

Doyunca baxaram gözünə, Təbriz….

Humay gözlərini pəncərədən çəkib əl yaylığını çantasından götürdü. Nəmlənmiş kirpiklərini qurulayıb burnunu çəkdi.

Təyyarə Araz çayını keçib sağa döndü. Artıq eniş başlanmışdı. Naxçıvan şəhərinin üzərindən keçərkən təkərlərini açdı…

IV

Humayı gətirən taksi kəndlərinə çatanda günortadan keçirdi. Evlərinə yaxınlaşanda nənəsini gördü. Qadın darvazanın ağzında on illər öncə kiminsə gətirib qoyduğu iri çay daşının üstündə əyləşmişdi. O, əynindəki yedditaxta tumanı, qanovuz köynəyi və başına bağlayıb yaşmaq tutduğu kəlağayısı ilə sanki nağıllardan çıxıb gəlmişdi. Dizlərinin üstünə qoyduğu damarları çıxmış, quru əlləri, yumulu gözləriylə sanki sirli bir ayində idi.

Avtomobil önünə çatıb dayananda gözlərini açdı. Maşından düşən Humayı görüb sevincindən özünü elə itirdi ki, ayağa qalxıb nəvəsinə sarılmaqla sakitcə oturmaq arasında çaşıb qaldı. Gülümsəməklə yetindi.

Humay yaxınlaşıb əyildi, nənəsinin üzündən öpüb əllərindən tutdu, ayağa qalxmağına kömək edib:

         –  Necəsən, ay nənə?

         –  Nənən sənə qurban, ay Humu, – deyib nəvəsini qucaqladı, kirpiklərini isladan yaşlar yanaqlarından enişə yuvarlandı.

         –  Ağlama, nənəcan, hələ de görüm, anam necədir? Evdədirmi?

         – Hə gözlərinə qurban, evdədir, elə indi yemək yedik, mən çıxdım qapıya, o da süfrəni yığışdırırdı.

Humay baqajı açıb əşyalarını endirən sürücünün pulunu verib yola saldı. Çamadanını götürərək nənəsinin qoluna girdi:

         –  Gəl gedək evimizə, nənəcan.

Səslərinə qapıdan boylanan Gülsarə onların gəldiklərini görüb sevinclə önlərinə yeridi. Qızı ilə qucaqlaşdı, onun saçlarını qoxulayıb ətrini içinə çəkdi, üzündən-gözündən öpdü, öpdü:

 – Həkim balam, boyuna qurban…

Humay yenə kitablarını çantasına yığıb çiyninə asmış, termosunu da götürüb çayın kənarına, bağlarına gəlmişdi. Köhnəlib orası-burası əzilmiş tor qapsağı açıb həyətə girdi. Ətrafına boylandı. Tibb Universitetinə hazırlaşarkən yanında əyləşib dərslərini oxuduğu alma ağacı yerində yox idi. O vaxt cavan ting olan digər meyvə ağaclarının da yerləri boş idi. – Yəqin, qocalıb quruyublar, – deyə fikrindən keçirdi. Ərik ağacına yaxınlaşdı. Çantasını, termosunu yerə qoydu. Özü də torpağın üstündə əyləşib kürəyini ağacın gövdəsinə söykədi. Ayaqlarını qarnına çəkib qucaqladı, alnını dizlərinə söykəyib gözlərini yumdu…

1988-ci ili xəyalında canlandırdı. Evləri, bağları, bütün kənd gəlib durdu gözlərinin önündə. Bir də indi… Daha dünən Teyvaz yalına çıxıb oradan kəndlərinə tamaşa eləmiş, hətta telefonu ilə videosunu da çəkib sosial şəbəkələrdə kəndimiz heşteqi ilə paylaşmışdı da.

        –  Doğma yurdum, məndən xəbərsiz nə qədər də böyümüş, necə də gözəlləşmisən! – deyə ürəyindən keçirib başını qaldırdı. Bağlarını, seyrələn ağacların yerlərini seyr etdi. Orada şaftalı vardı, burada, arxın kənarında turş alma, bax orada da payızlıq qırmızı alma, – deyə barmağı ilə göstərib özü ilə danışırdı, – bu tərəfdəki moruda yan-yana üç hülü, onlardan sonra da yay alması… İndi hamısı quruyub. Qala-qala bu ərik, – deyib başını qaldırdı, altdan yuxarı altında oturduğu ağacın budaqlarına baxıb gözlərini kənardakı digər ağaclara sürüşdürdü, – o gilas, gilənar, armudlar qalıb… Həyat da belədir, qocalan quruyur, qocalan ölür…

Termosunu açıb yanında gətirdiyi birdəfəlik stəkana çay süzdü, çantasından götürdüyü konfetlə içməyə başladı.

Çayını içib çantasındakı kitabı götürdü. Səidə bağışlamışdı. Kitabın üz qabığını çevirib baxdı. Çingiz Aytmatovun “Kassandra damğası” romanı idi. Qaşlarını çatıb “Kassandra damğası”, – deyə təkrar etdi. Maraqlı kitab olmalıdır.

Qaça-qaça gələn uşağın  kimliyini öyrənmək üçün başını qaldırdı, əlini qüruba getməkdə olan günəşə sipər edib baxdı. Bu vaxt on dörd-on beş yaşlarındakı oğlan uşağı onu çağırdı:

         –  Humay xala, Gülsarə nənə deyir, tez gəlsin.

Humay əlindəki kitabı qatlayaraq:

         –  Xeyirdimi? – deyə soruşdu.

         –  Gilə nənə xəstələnib.

Humay ayağa qalxmaq istədisə də, qalxa bilmədi. Sanki iflic olmuşdu:”Görəsən, nə olub nənəmə?” – deyə fikrindən keçirdi. Uşaqsa yanında toxtayıb-kirimir, onu tələsdirirdi.

        – Gəlin, Humay xala, gəlin gedək.

 Humay gələndə Giləni yatağına uzadıb alnını çalmışdılar. O, nənəsinə yaxınlaşıb diz çökdü, nəbzini tutub qanı qaçmış dodaqlarına baxdı, üzündən öpüb:

        –  Nənə, gözəl nənəm, qayğıkeş nənəm, gözlərini aç, bax yanındayam, qoymaram, sənə bir şey olsun.

Gilənin göz qapaqları aralandı, dumanın içindəki Humaya baxıb son gücünü toplamağa çalışdı:

        –  Ölüm haxdı, bala, mənim vaxtım yetişib, sən anandan muğayat ol.

Humay:

         – Nə ölmək, ölməkdən danışma, ay nənə, – deyəcəkdi, ancaq Gilə onun ovcundakı əlini tərpədərək sözünü bitirmədiyini bildirdi:

         –  Məni Dürdanəmin yanında… – dedi, cümləsi yarımçıq qaldı.

Humay ovcundakı əli sıxaraq:

         – Nənə, nənə! – deyə səslənib üzünə baxdı. Gilənin göyərən dodaqları açıla qalmışdı. Humay nənəsinin əlini qaldırıb dodaqlarına toxundurdu, soyumuş barmaqlarından öpüb hönkürdü…

Salahın, Ələsgərin, Dürdanənin başdaşlarının yanında dördüncü başdaşı ucaldı, solğun şəkillərin yanına yeni şəkil asıldı…

Humay hospitalın neyrocərrahiyyə şöbəsinə zəng vurub məzuniyyətinin vaxtını uzatdı. Nənəsinin qırxından sonra anası ilə sağollaşıb Bakıya döndü.

O əslində təkbaşına qayıtmaq, anasını da burda tənha qoyub getmək istəmirdi. Ancaq nə qədər yalvarıb dil tökdüsə də, Gülsarəni özü ilə gətirməyə razı sala bilmədi.

Anası:

         – Qızım, arabir səni yoluxmağa gəlməyimə baxma. Mən Bakıya Ələsgərlə birlikdə gələcək, onunla birlikdə yaşayacaqdım. Amma atan rəhmətə gedəndə onun qəbri başında söz vermişəm. Son nəfəsimədək bu evdə yaşayacaq, onun yanına da elə buradan gedəcəyəm, – deyə Bakı mövzusunu birdəfəlik bitirdi.

Bu, Gülsarənin gəlin gəldiyi ikigözlü möhrə evdə qalmaqla bağlı verdiyi ikinci qərar idi. İlkində hələ Humay qucağında idi, Dürdanə doğulmamış, Salah babanı yenicə dəfn etmişdilər. Ancaq indi Dürdanə də dünyasını dəyişmiş, Giləni də onun yanında dəfn etmişdilər. Və Gülsarə damın altında tək-tənha qalmışdı… Səhər erkəndən Humayı yola salıb qayıdanda tənhalığını iliklərinə qədər hiss etdi. Bir az həyətdə gəzib-dolandı. Aynabəndin qapısının önünə qədər gəlsə də, heç cür açıb içəri girə bilmirdi. Gülsarəyə elə gəlirdi ki, içəridə onu gözləyən yalnızlıq saçlarından tutub yolacaq, hörüklərini boğazına dolayıb boğacaq… Həyətə gedib ağacların dibində gəzdi, toyuq-cücələrə dən atıb yemlədi. Nə edirsə-etsin, başını qatıb fikrini dağıda bilmirdi ki, bilmirdi. Alacalanmış gözləri qızarıb qan çanağına dönmüşdü. Boğazında düyümlənən qəhər qırtlağını yandırıb-yaxırdı. Nəhayət, günortaüstü “Nə olacaqsa, olsun”, – deyərək, gəlib aynabəndə daxil oldu. Birbaşa yataq otağına yollandı. Üzüqoylu çarpayının üstünə yıxılıb qaldı…

1250

Humay iyirmi il öncə olduğu kimi, yenə özünü unudub işi ilə maraqlanırdı. Hər müalicə etdiyi, sağaltdığı  əsgər onu bir az daha həyata bağlayır, gələcəyə dair ümidlərini artırırdı. Bir dəfə iş otağında əyləşib kofe içirdi. Haradan ağlına gəldisə, atəşkəs dövrü verdiyimiz şəhidlərimizin sayını araşdırmaq qərarına gəldi. Öncə internetə girib baxdı. Qarşısına müxtəlif rəqəmlər çıxdı. Müdafiə Nazirliyindəki tanışları ilə əlaqə saxladı, Səidədən kömək istədi. Nəhayət, öyrənmişdi… Atəşkəs dönəmində min iki yüz əlli əsgərimizi və ən azı on nəfər mülki şəxs, o cümlədən də biri körpə olmaqla, iki uşağı şəhid vermişdik. Bunları öyrənəndə  qanı bədənində dondu, qulaqları uğuldadı, nəbzi sürətlənib kəlləçarxa qalxdı. Yumruqlarını düyüb dişlərini qıcadı, istehza ilə:

      –  Budurmu sizin atəşkəsiniz? Beləmi kəsmisiniz atəşi? İlə əlli iki şəhidimiz var, ya da həftəyə bir şəhid. Hələ mina partlayış travmaları və snayper atəşləri nəticəsində şikəst qalan minlərlə insanımızdan danışmıram… Belə atəşkəsi olmaz olsun,– deyə  qəzəbindən odsuz-ocaqsız yanırdı. Qıcadığı dişlərinin arasından, – Bircə savaş başlasaydı! – deyə təkrar edir, gözlərinin önündən axıb-gedən şəriddə ermənilər yaralılarını, ölülərini qoyub qaçır, əsgərlərimizin vurub partlatdığı texnikaları, qərargahları od tutub yanırdı.

Ardı burada: Zaur Bayramoğlu – Snayper

QEYD:

Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.

Müəllif: Zaur BAYRAMOĞLU

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Bayramoğlu – Snayper

Əvvəli burada: Zaur Bayramoğlu – Snayper

Həkim qız

I

Humay Tibb Universitetini bitirdikdən sonra başqa yerdə iş axtarmadı. İllərdir ki, kollektivi ilə doğmalaşdığı hospitalda qalıb işləməyə qərar verdi. Amma daha tibb bacısı kimi çalışdığı travmatologiyada deyil, neyrocərrahiyyə şöbəsində çalışacaqdı. Bu şöbə əsas korpusla üzbəüz binada, ikinci mərtəbədə yerləşir, onkologiya ilə birlikdə binanın sağ qanadını bölüşürdü.

Humay Səidə ilə uzun fasilədən sonra, Tibb Universitetindən məzun olanda görüşmüşdü. Səidə onun diplom alma mərasimində iştirak edərək sevincinə şərik olmuşdu. Bağrına basıb doyunca öpmüş, uzun illərdən sonra, nəhayət, bu günə şahid olduğu üçün ürəyində Allaha xeyli şükür  etmişdi.. Son görüşləri isə milli-azadlıq hərəkatından tanıdıqları, rus imperiyasına qarşı çiyin-çiyinə mübarizə apardıqları Qorxmazın toyunda olmuşdu. Kimlər yox idi ki, orada… Şeirlərinin vurğunu olduqları Məmməd Araz, Qənimət, Qulamhüseyn, Söhrab, Bahəddin…. Toya dəvət olunan qonaqların çıxışlarıyla meydan hərəkatına qayıtmış, şəhidlərimizi anmışdılar. Toy başlananda ilk söz Yaqub Zurufçuya verilmişdi. Hər kəs ayağa qalxmış, “Ayrılıq” mahnısını onunla birlikdə xorla oxumuşdu. Sonra Əlisəfa anıldı. Sırayla söz alan natiqlər sanki onun özü də məclisdə, iştirakçıların arasındaymış kimi danışır, təməlini qoyduğu “Yurd”un Azərbaycan ictimai-siyasi həyatındakı rolundan bəhs edirdilər. Ağakərimin oxuduğu muğamlarla milli duyğuları qabarır, Flora Kərimovanın “Şuşam mənim” mahnısı ilə gözlərindən həsrət yaşları ələnirdi… Və o axşam “Lalə” şadlıq evindəki məclis bir cütlüyün toyu deyildi, daha çox ömrünü, həyatını milli-azadlıq mücadiləsinə həsr etmiş qəhrəmanların nostalgiya gecəsi idi…

Humay yeni evlənənlərə xoşbəxtlik diləmək, xoş arzularını söyləmək üçün dəvət olunanda musiqiçilərə yaxınlaşıb mikrofonu tamadadan aldı:

– Bizim əzizimiz, özü də adı kimi Qorxmaz, mübariz olan Qorxmaz bəy!

Humayın gözlərinə baxan Qorxmaz orada meydan hərəkatını, coşub-dalğalanan insan dənizini gördü. Qara saçlı dalğaların arasından ağ köpük kimi görünən yumruqlar gah yoxa çıxır, gah şahə qalxıb havada yellənirdi. Yüzlərcə “Azadlıq”, “İstefa” və başqa tələblər yazılmış gəmilər dalğaların arasında batıb-çıxır, fırtınadan suyun üstündə çör-çöp kimi oynayırdı. İllərdir ki, mübarizə yoldaşlarının dilindən düşməyən “Mən Qorxmazam” replikasını xatırladı, dodağı qaçdı. Humayın gözlərindəki dəniz kükrəyir, səsgücləndiricilərdən incə, məlahətli səsi gəlirdi:

         –  Bu gün taleyinizi birləşdirdiyiniz dəyərli xanımınızla birlikdə xoşbəxt olmağınızı diləyirəm. Biz dostlarınızın sizin gözəl ailə başçısı, fədakar həyat yoldaşı olacağınızdan şübhəsi yoxdur. Sizə özünüz kimi mərd, igid, vətənə, millətə xeyirli övladlar arzulayıram. Bir daha təbriklər, Qorxmaz bəy. Xoşbəxt olun!

Humay təbrikini bitirib yerinə gedərkən kükrəyən dənizi də gözlərində apardı…

Məclis bitib qonaqlar dağılmağa başlayanda restoranın həyətinə çıxan Humay Səidənin qoluna girib:

         – Bu gün çox gözəl gündü, Səidə. Həm dostlarımızdan daha biri evlənib ailə sahibi oldu, həm də Qorxmazın sayəsində köhnə dostlarla bir yerə toplaşıb keçmiş günləri yad etdik.

        Səidə gülümsünərək onun sözlərini təsdiq etdi:

        –  Haqlısan, Humu. Bu gün mən də hər kəs kimi dejavu yaşadım. Yaqub Zurufçunun “Ayrılıq”ıyla meydan hərəkatına qayıtdım, Flora xanım “Şuşam mənim”i oxuyanda həsrətdən ürəyimin başı göynədi, gözlərim yaşardı…

Sonra yenə araya aylar, illər girdi. Səidə vəzifədə yüksəlmiş, Ali Məhkəməyə təyinat almışdı. Humay bunları salam göndərib-salam aldıqları ortaq dostlarından eşidir, Səidənin yerinə fərəhlənib köksü qabarırdı. Elə onun özünün də işləri az deyildi. Kəndlərinə son dəfə məzun olanda getmişdi. Keçən müddətdə artıq Tibb Universitetinin internaturasında təhsil almış, bir tərəfdən də xəstələrinin qayğısına qalmağa çalışmışdı. O, müxtəlif səbəblərdən hospitala müalicəyə gələn əsgərlərlərlə, sadəcə olaraq, həkim kimi rəftar etmirdi. Həm də onların anası, bacısı, sirdaşı olmağa çalışır, dərdləri ilə dərdlənib, sevincləri ilə şadlanırdı. Hələ də Lətifəgilin həyətindəki kiçik birotaqlı mənzildə kirayənişin yaşayırdı. Artıq Lətifənin nəvələri də böyümüş, nazlı-qəmzəli qızlar olmuşdular…

Və ömürdən-gündən keçən günlər bəndini yıxmış sel kimi axıb gedirdi.

II

Həkim təyin olunduqdan sonra ilk xəstəsi Cəlilabaddan olan Elnur adında əsgər idi…

Elnur cəbhənin Ağdam istiqamətində, ön xətdə xidmət edirdi. Digər əsgərlər kimi, o da növbədə olmadığı vaxtlarda fürsət tapdıqca komandirlərinin gözündən yayınıb yaxınlıqdakı üzümlüyə gedər, tənəklərin arasında uzanıb xəyallar qurardı. Bura müharibədə dəfələrlə əldən-ələ keçdiyindən hər tərəfində partlamamış sursat, ya da minalar ola bilərdi. Buna görə əsgərlərə üzümlüyə giriş qadağan olunmuşdu…

Gecə növbədə idi. Səhər saat altı radələrində döyüş postundan gəlib silahını təhvil verdi. Yemək yedi. Blindaja gedib yatmaq əvəzinə, gözdən yayınıb üzümlüyə yollandı. Tənəklərin arasındakı otluqda uzandı. Əli ilə otların arasından qalxıb üstünə hücum edən ağcaqanadları qovdu. “Andıra qalmışlar da elə bil məni gözləyirlər”, – deyə astadan donquldandı. Cibindən çıxardığı filtrsiz “Batra” siqaretini barmaqlarının arasında ovuşdurub yumşaltdı. Damağına qoyub yandırdı. Tüstüsünü ciyərlərinə çəkdi. Bir neçə saniyə tutub burnundan buraxdı. Üz-gözünü bürüyən tüstü pərdə kimi ağcaqanadlarla arasına girib onları uzaqlaşdırdı. Dikəlib çəkmələrini soyundu, baş-ayaq qoyub başının altına yerləşdirdi. Siqareti də bitdiyindən közün istisi dodaqlarını yandırırdı. Kötüyü yerə tüpürüb arxası üstə uzandı. Sakitlik idi. Ətrafında cəh-cəh vuran quşların səsindən, ağcaqanadların vızıltısından başqa səs eşidilmirdi. Xumarlanır, yatmaq istəyirdi. Papağını soyunub üzünə qoyarkən son dəfə göyə, başının üstündən uçub getməkdə olan quşlara baxdı, dərindən bir ah çəkib dodaqlarını büzdü. O an nəyə heyfisləndiyini heç özü də bilmirdi. Oxuya bilməməsinəmi, aylardır evlərindən-eşiklərindən xəbər ala bilməməsinəmi, ya dostları üçün darıxdığınamı? Bəlkə, o an nəyə darıxdığını, ürəyinin niyə sıxıldığını heç özü də bilmirdi…

Alma ağacının altında qolunu qatlayıb başının altına qoyaraq uzanmışdı. Göyün ən yuxarısından baxan günəşin şüaları yarpaqların, yetişib-sulanmış qırmızıyanaq meyvələrin arasından süzülüb üstünə düşür, sir-sifətində oynayırdı. Almalar şişib-böyüməyə başlamışdı. Yekəldikcə ağırlaşıb asıldığı budaqları da özləri ilə bərabər aşağı çəkirdilər. Elnur gözlərini şişib az qala qarpız boyda olan almalardan çəkə bilmirdi. Rəngi getdikcə qızaran almalar meyvədən çox kristallaşmış qan kürəsinə bənzəyirdilər. Həyəcanla nə olacağını gözləyirdi. Qorxu içində gözlərini yumdu. Bir saniyə sonra eşitdiyi çatırtıya yenidən açdı. Budaq çatlamışdı, almalardan biri yerindən qopub üstünə düşəcəkdi. Durub qaçmaq istədi, bacarmadı. Sanki iflic olmuşdu. Sinəsinin üstünə çökmüş ağırlıq nəfəsini kəsir, yerə sıxıb hərəkət etməsinə, qalxıb təhlükədən qaçmasına mane olurdu. Budaq çatırdadığı yerdən qırıldı. Alma sürətlə onun üstünə düşərkən bütün gücünü toplayıb var gücü ilə bağırdı, uzandığı yerdə çevrilərək qaçmaq istədi. Üzüaşağı düşərkən alnı zərblə yerə toxundu. Eşitdiyi gurultudan qulaqları sağır oldu. Alnının toxunduğu yerdən qalxan alov topası ətrafı qarsaladı. Aldığı güclü təkan onu bir neçə metr kənara atdı.

Nə baş verdiyini anlamırdı. Dizlərinin üstündə çöküb qalmışdı. Alın sümüyü sınıb arxaya yatmış, dərisi yanıb qarsalanmış, qaşları, saçları ütülmüşdü. Gözləri yuvalarından çıxıb yanaqlarından süzülmüş, qulaqları, burnu parçalanmışdı…. Və o, kimisə tutub saxlamaq istəyirmişcəsinə qollarını dirsəklərindən büküb irəli uzatmış, avazı çıxdıqca bağırırdı. Şokda olduğundan heç nə hiss etmirdi. Bütün duyğu orqanlarından məhrum olmuşdu.

Yoldaşları partlayışın səsini eşitdiklərində öncə blindajdan çıxıb səngərə qaçışdılar. Cəbhə xəttində sakitlik olduğunu görüb Elnurun bağırtısı gələn tərəfə boylandılar. Lakin sıx tənəklərin arasından nəsə görmək mümkün deyildi. Bu vaxt post komandirinin komandası eşidildi:

        – Cəld olun, səs gələn tərəfə gedin, görün nə baş verir? Üzümlüyə doğru qaçışan əsgərlərin ardınca, – ehtiyatlı olun, minaya düşərsiniz! – deyə bağırdı.

Komandir artıq nə baş verdiyini anlamışdı. Əsəbdən, həyəcandan əlləri əsir, yanağı, dodaqları səyriyirdi. Yaxınlıqdakı torpaq qalağının üstünə çökdü. Yandırdığı siqaretini dodaqlarından ayırmadan acgözlüklə sümürür, Elnurdan gələcək xəbəri gözləyirdi.

Əsgər yoldaşları yetişib onu çiyinlərindən tutub uzatmaq istədilər. O, var gücü ilə müqavimət göstərir, avazı gəldikcə bağırırdı.

Əsgərlərdən biri blindaja tərəf dönərək:

          – Sanitar, sanitar gəlsin, – deyə bağırdı.

Sanitar yanlarında idi, lakin tibb ləvazimatları olan çantasını gətirməmişdi. Tələsik qaçaraq blindajdan çantasını götürdü. Geri dönərkən hələ də torpaq qalağının üstündə oturub siqareti siqaretin közünə yandıran komandirə:

        –  Komandir, təcili yardım çağırın, – deyə xəbərdarlıq etdi.

        –  Elnura nə olub?

        –  Bilmirəm, komandir, ancaq sifəti yerində yoxdur, – deyib hadisə yerinə tələsdi.

Komandir:

        – Əclaf köpəyoğlu, özünü də yandırdın, məni də, – deyə qıcadığı dişlərinin arasından tüpürdü. Əlləri ilə dizlərinə dəstək verib ayağa qalxdı. Səndələyə-səndələyə blindaja gəlib qapının yanındakı “TA-57” markalı səhra telefonunun dəstəyini qaldırdı. Aparatın böyründəki qolu bir neçə dəfə çevirib səbrsizliklə gözləməyə başladı. Bölüyün dayaq məntəqəsindəki əsgər dəstəyi qaldıranda onun özünü təqdim etməsinə imkan vermədən məruzə etdi:

        – Üçüncü post ərazisindəki üzümlükdə bilinməyən sursat səbəbindən partlayış baş vermişdir. Əsgər Nağıyev ağır yaralanmışdır. Müvafiq tədbir görməyinizi və postun ərazisinə təxliyə üçün maşın göndərməyinizi xahiş edirəm. Məruzə etdi post böyüyü gizir Abdulov.

Posta göndərilən “UAZ” maşını Elnuru komanda-müşahidə məntəqəsinə gətirmişdi. Buradan təxliyə olunduğu Sarıcalı hospitalındakı həkim briqadası yaralının klinik vəziyyətini dəyərləndirərək yerli şəraitdə onu əməliyyat etmənin ağır nəticələri ola biləcəyi qərarına gəldi. İlkin tibbi yardım göstərərək Bakıya məlumat verib təxliyə helikopteri istədilər… Elə həmin günün axşamı Mərkəzi Hərbi Klinik Hospitala çatdırılan Elnur səkkiz saatlıq ağır əməliyyatdan sonra reanimasiyaya köçürülmüşdü…

Və indi neyrocərrahiyyə şöbəsində, ağır xəstələr üçün ayrılmış intensiv terapiya palatasında müalicə alırdı.

Humay Elnurun hospitala gətirildiyi gecə növbədə olduğundan şöbə müdiri Çingiz həkimlə birlikdə əməliyyata qatılmışdı. Neyrocərrah, oftalmoloq, lor və travmatoloqlardan ibarət həkim briqadasının birlikdə keçirdiyi uzun çəkən ağır əməliyyatdan sonra xəstə narkozdan ayıldılaraq güclü iynələrlə yatırılmış, həkimlər isə istirahətə yollanmışdılar.

Səhərə yaxın evə gələn Humayın yorğunluqdan, yuxusuzluqdan ayaq üstə dayanmağa taqəti yox idi. Əynini dəyişib duş aldı, bir stəkan çay içib yatağına uzandı.

“İlahi, bu uşaq hansı şəraitdə yaralanıb belə?” – deyə fikrindən keçirir, sualına cavab tapa bilmirdi, – axı alın sümüyü insan bədənindəki ən möhkəm sümüklərdən biridir, min beş yüz kiloqrama qədər zərbəyə tab gətirir. Bu uşağın alın sümüyü qırılıb, qırıqların çölə tərəfki iti ucları yanıb, beyni də ki, o vəziyyətdə… Dünya qədər gematoma çıxardıq… Görəsən, yaşayacaqmı? Yaşasa belə, heç olmasa yaddaşı silinməyəcək, qulaqları eşidəcəkmi?” Dərindən bir ah çəkib böyrü üstə döndü. Ona elə gəlirdi ki, ürəyi qabırğalarının altında şar kimi şişib köksünə sığmırdı. Boğulacağını düşündü. Qalxıb yatağında oturdu: “Bəs bu uşağın valideynləri? Hökumət onlara nə cavab verəcək? Döyüş yox, bir şey yox, sənin balanı harada bu günə qoyduq deyəcəklər? Yenə güllə yarası olsaydı, dərd yarı, amma bu, tamam başqa şeydir…” Üzüaşağı çevrilib yastığını qucaqladı. Gözlərində gilələnən yaşlar kirpiklərindən süzülüb yastığa damcılayırdı…

Uşaqların səs-küyünə ayıldı. Lətifənin nəvələri həyətdə qaçdı-tutdu oynayırdılar. Cingiltili bağırtıları, şən qəhqəhələri hər iki tərəfdə sıralanmış evlərin divarlarında əks-səda verib dağılır, darvazadan aşıb küçəyə yayılırdı.

Yatağından qalxıb yerində doğruldu. keyiyən qollarını hərəkət etdirdi. Başını sağa-sola çevirib boynunu şaqqıldatdı. Saatına baxıb qaşlarını çatdı. On ikiyə qalırdı. Mətbəxə gedib dəmlədiyi çaydan bir stəkan içdi. İstirahət günü olsa da, Elnuru xatırlayıb işə yollandı. Gənc bir əsgərimiz ağır vəziyyətdəykən vicdanı ona istirahət etməyə imkan vermirdi. “Yəqin, indi valideynləri də gələr, ən azından təsəlli verərəm”, – deyib qalxdı, hospitalın yolunu tutdu. Doğrudan da, Elnurun valideynləri gəlmişdilər. Atası qəbul şöbəsinin önündə dayanıb oğlunun vəziyyəti haqqında məlumat almağa çalışır, anası ilə başqa bir qadın az aralıda dayanıb kirimişcə ağlayırdılar. Humay onları görəndə təsəlli verməyin o qədər də asan olmayacağını anladı. Üzərinə götürməyə hazırlaşdığı vəzifənin ağırlığından boynu bükülüb gözləri yerə dikildi. Çiyinləri sallandı, elə bil qolları da uzanıb dizlərinə çatırdı. Addımları yavaşıdı. ayaqlarını sürüməyə başladı, yaxınlaşıb salam verdikdə növbətçi tibb bacısı Humaya:

        –  Həkim, Elnurun valideynləridir, xəstə ilə görüşmək istəyirlər, – deyərək, sanki onun gəlişi ilə yaxasını qurtardığına sevinib başını aşağı saldı, işi ilə məşğul olmağa başladı.

        – Qızım, boyuna qurban, uşağın vəziyyəti necədir? – deyə soruşan ananın göz bulaqlarından sakitcə axan sular sellərə döndü, ağzından, burnundan da axmağa başladı. Humay çıxılmaz vəziyyətdə qalmışdı. Nə cavab verəydi? Gerçəkləri söyləyib onların ürəyinimi qıraydı, qorxudaydımı? Ətrafa boylanıb ümidsizcə kömək axtardı, kimsənin olmadığını görüb köks ötürdü, gözlərini dəsmalla ağzını tutaraq sakitcə hıçqıran qadının çiyninin üstündən ağaclara zilləyib:

        – Yaşayacaq, ana, ürəyinizi sıxmayın, həyati təhlükəsi yoxdur, – deyə bildi. Ancaq səsindəki inamsızlıq o qədər açıq-aydın sezilirdi ki, özü öz səsinə səksəndi. “Görəsən, əsgər, həqiqətən, yaşayacaqmı?” – deyə düşünüb gözlərini yerə dikdi. Çıxıb getməyə tələsdi. Ancaq ata ona mane oldu, önünə keçib:

        –  Həkim, mən uşağın atasıyam, hər şey yaxşıdırsa, onda niyə buraxmırlar, gedək uşağımızı görək? – deyə intizarla soruşdu.

        –  Dayı, xəstə reanimasiyadadır. Reanimasiya otağına da tibbi heyətdən başqa şəxslərin girişi qadağandır.

        –  Biz elə qapıdan baxıb qayıdacağıq, – deyə ana dilləndi.

        –  Anacan, ən ağır xəstələrimiz reanimasiyada yatır. Onların immunitetləri zəif olduğundan əlavə infeksiyalara, viruslara yoluxmaması üçün müalicələri təcrid olunmuş şəraitdə aparılır. Hətta reanimasiyanın tibb heyəti xaricində, qalan həkimlərin də ora girişi qadağandır.

         –  Qızım, sən reanimasiyadamı çalışırsan? Heç olmasa, sən girib uşağı görər, gəldiyimizi xəbər verərdin.

         –  Xeyr, ana, mən başqa şöbədə çalışıram. Amma yuxarı qalxıb reanimatoloqdan xahiş edərəm ki, övladınıza gəldiyinizi xəbər versin.

Ana ilə gəlmiş qadın:

         –  Mən də bibisiyəm, məndən də salam de, bunları da zəhmət olmasa, Elnura çatdırın, – deyib əlindəki un kisəsindən tikilmiş çantanı Humaya uzatdı, – tələsik evdən çıxdıq, elə bir toyuq qızardıb gətirmişik. Verin yesin.

Acı bir təbəssüm Humayın dodaqlarında dolanıb yuxarı qalxdı, yanaqlarında səyridi:

         –  Hələ ona yemək vermək olmaz, qoyun qalsın, sonra verərsiniz. İndi sistem altındadır, – deyib nəmlənən gözlərini gizlətmək üçün iti addımlarla uzaqlaşdı.

On gün sonra Elnur neyrocərrahiyyə şöbəsinə köçürüldü. Valideynləri də çıxıb getməmişdilər. Bakıda nə üz tutacaq qohumları, nə də ev tutacaq imkanları olmadığından hospitalın həyətindəki çardaqda yaşamışdılar. Ata səhər tezdən üçüncü mikrorayon bazarına gedib yarım kilo şor alır, Mamaşanın hospitalın yeməkxanasından gətirdiyi çörəyə yavanlıq edirdilər.

Mamaşa hələ də hospitalda yaşayırdı… Elə bil qadın heç qocalmamışdı. Ənlik-kirşan görməyən yanaqları tərtəmiz, əlləri gənc qız əliymiş kimi qırışsız, yupyumşaq idi. Hər zaman geyindiyi qara donu əynində, ağ kəlağayısı başında olardı. Bir xəstənin valideynlərinə analıq etdiyi ilk dəfə deyildi… Hərdən ata onun gətirdiyi çörəyi, ya da bir boşqab yeməyi yeməyə çəkinir: “Əsgərlərin payından gətirirsən, ay bacı, bizə görə üzünə söz gələr”, – deyirdi. Bunu eşidəndə Mamaşa bir anlıq daş kəsilib qalır, gözlərini valideynin gözlərinə elə zilləyirdi ki, elə bil baxışlarındakı burğacla onun beynini dəlib keçmək istəyir. Bir-birinə kip sıxdığı dodaqlarının arasından:

– Mən balalarımın payını heç kimə yedirtmərəm! Ac olmurlar, lap acından ölsünlər! Balalarım yeyib doyduqdan sonra mətbəxə girirəm, orada qalan yeməyi gətirib narahat, nigaran gözləyən valideynlərə verirəm.

Bu qadının kim olduğunu nəinki hospitalda müalicə alan əsgərlər, onların valideynləri, heç həkimlər də bilmirdilər. Özü hər kəsə Lənkəran xanının nəvəsi olduğunu söyləyirdi. Buna inananlar da vardı, inanmayanlar da… Bəziləri ondan şübhələnirdi. Düşmənə işləyən casus olduğunu iddia edənlər də vardı, ağır yaralılarımızın vəziyyəti haqqında məlumat göndərən agent olduğunu iddia edənlər də, Azərbaycan qadınının fədakarlığının, qayğıkeşliyinin rəmzi, yaşayan ana heykəli olduğunu söyləyənlər də… Hər halda üçüncülər digərlərindən qat-qat çox idilər. Və o adını bilmədikləri qadın hər kəsin anası, hər kəsin Mamaşası olaraq qalırdı. Hospitalın alaqapısından içəri girən hər kəsin qayğıya ehtiyacı vardı. Hər kəsin Mamaşası da vardı…

Bu on gündə Elnurun valideynləri talvarın altında yaşamaqdan yorulmuş, təngə gəlmişdilər. Bəzən palatalarda boş çarpayı olanda Mamaşa qadınları aparıb orada yatırdırdı. Onlar hərəsi bir çarpayıda yatsalar da, ikisi bir çarpayıda baş-ayaq yatsalar da, fikirləri Elnurun yanında qaldığından gözləri yumulur, beyinləri yatmırdı. Ata da onlar çəkdiklərini çəkirdi. Bütün günü düşüncələr içində, bütün günü bilinməzliyin ağırlığı altında siqareti siqaretə calayırdı. Yatmaq üçün yer olanda belə palataya getmir, elə çardağın altındakı taxta oturacaqlarda uzanıb gözünün acısını alırdı. Allahdan yay idi, havalar isti keçdiyindən üşümürdülər. Nəhayət, on günün tamamında Elnur reanimasiyadan çıxdı. Humay onu şöbəyə qəbul edib müayinə etdi. “Xəstəlik tarixçəsi” açaraq diaqnoz və müalicə təyinatını yazdı. Baş tibb bacısına lazımi göstərişlər verdikdən sonra valideynlərinə xəbər verilməsini tapşırdı. Ailəsi palataya, oğulları ilə görüşməyə gəldiyində həkim otağına gedib əyləşdi. Bir yerdə qərar tuta bilmirdi. Gah əlindəki qələmi oynadır, gah önündəki kağızları vərəqləyib oxuyurdu. Otağın önündən keçən addım səslərini dinşəyib: “Gəldilər”, – deyə səksəkə ilə ürəyindən keçirdi. Ayağa qalxıb pəncərənin önünə getdi. Elnurun yatdığı palatadan gələn ağlaşmalar, qarğımalar, Tanrıya üsyanlar bir-birini əvəz edirdi.

 Hələ tibb bacısı işlədiyi dövrdən valideynlərin ağılarına, nalələrinə, ağlaşmalarına çox şahid olmuşdu. O vaxtlardan yaddaşında silinməz iz qoymuş bir hadisəni xatırladı.

…Cəbhə bölgəsindən bir yaralı gətirmişdilər. Heç müharibədə də beləsini görməmiş, eşitməmişdi. Yevlaxdan olan əsgərimiz hansısa səbəbdən bitərəf bölgəyə keçmiş, orada da minaya düşmüşdü. Zərbə dalğasının onu götürüb atdığı yerdə daha bir minaya toxunmuşdu. Əsgərin hər iki qollarını dirsəkdən, ayaqlarını dizlərindən amputasiya etmişdilər. Gözləri tökülmüş, qulaqları, burnu parçalanmış, dodaqları yanıb ərimişdi. Çox dəhşətli, ağır vəziyyətdə idi. Həkimlərimiz əllərindən gələni əsirgəməmiş, hər kəsin ümidini üzdüyü yaralını həyata qaytarmışdılar. Amma bədbəxtlikdən yaralı əsgərin qohum-əqrəbadan ağır vərəm xəstəsi olan anasından başqa kimsəsi yox idi… Və anası bir gün Humayı palataya çağırdı. O, palataya gələndə əsgər kəsilmiş ayağını döşəməyə sürtməyə çalışaraq inildəyirdi. Humay yaxınlaşıb yaralı əsgərin ütülmüş saçlarını oxşadı:

          –  Nə olub, qaqaş, haran ağrıyır? – deyə soruşdu.

          –  Dabanım elə qaşınır ki, ürəyim keçələşir, qaşıyın da dabanımı.

Humay tutuldu. Bir yaralının anasına, bir özünə baxır, deməyə söz tapa bilmirdi. Axı olmayan dabanı necə qaşıyaydı? Göz bulaqlarında tumurcuqlanan yaşları geri udub:

          – Qaqaş, qaşınan dabanın deyil ki, sinirlərdir, – deyib dayandı, “sənin ayaqların amputasiya olunub, ancaq sinir yaddaşı hələ oyaqdır”, – deyə bilmədi. Baş tibb bacısının onu çağırmasını fürsət bilib getmək istəyəndə yaralının anası qolundan tutub palatanın küncünə çəkdi:

         – Qızım, mən ağır vərəməm, bu gün-sabahlıq ömrüm qalıb. Bu yazığı aparıb necə baxacam? Deyək ki, ölənə qədər baxdım, bəs sonra? Bir qohumumuz-qardaşımız da yoxdur ki, ona qahmar çıxa. Evdə tək qalıb acından, susuzluqdan öləcək. Dünən rəisinizdi də o hündürboy kişi? – deyib Humayın üzünə baxdı, sualının təsdiq edilməsini gözlədiyindən dayandı.

        –  Vitali həkimi deyirsiz? Bəli, şöbə müdiridir.

        –  Hə, qızım, bax, ona da dedim, az qaldı ki, məni öldürsün. Bir də sən danış, qoy bir iynə vursunlar, elə uşaq burada ölsün, öz əlimlə, öz gözümlə aparım, balamı basdırım, – deyib hıçqırdı.

Humay aldığı təklifin dəhşətindən yerindəcə dondu. Gözləri bərəlib hədəqəsindən çıxdı. Danışmağa cəhd etdi. Bir neçə dəfə ağzı açılıb-qapansa da, deməyə söz tapmadığından, ya da demək istədiyi sözləri elə qırtlağındaca geri qaytarıb udduğundan səsi çıxmadı. Bir ana, bir qadın bu təklifi necə edə bilərdi? Humay heç cür anlamır, anlamaq istəmirdi. Handan-hana özünə gəlib bir addım geri çəkildi. Sanki nəfəsini üzündə hiss etdiyi bu qadından iyrənir, vəbalıymış kimi qorxub qaçmaq istəyirdi. Lakin qadın onu buraxmaq niyyətində deyildi. Əllərini uzadıb onun sustalmış qollarından tutdu, razılıq almadan buraxmayacağını bildirmək istəyirmişcəsinə özünə tərəf çəkib:

         – Ayağının altında ölüm, ay bala, məgər mən dağ kimi övladımdan bezmişəmmi? – deyib əlini qoynuna salaraq bir şəkil çıxarıb Humaya göstərdi, – bax, qızım, yaxşı bax, gör heç orada yatan oğlana bənzəyirmi?

Humay fotoşəkilə baxdı. Əsgər paltarındakı qarayanız, boylu-buxunlu bir oğlan ona baxıb gülümsəyirdi.

        –  Bir də indiki halına bax. Güdül eliyib uzadıblar ora, – deyərək çarpayıda yatan oğlana dönüb baxdı, burnunu çəkərək davam etdi, – gəl mənim də dərmanlarıma bax, vacib olanları gətirib yığmışam siyirmənin gözünə, – deyib israrla onu çarpayının baş tərəfindəki dolaba tərəf çəkdi. – Sən də tibb bacısısan, elə həkim qədər bilirsən. O dərmanlara bax gör, bu ayın sonunu görə biləcəyəmmi?

Öskürək qadını boğduğundan daha danışa bilmədi. Öncə ikiqat oldu, sonra isə çarpayının üstünə yıxıldı. Hər dəfə öskürdükcə elə bil qadının ciyərləri sökülüb yerindən çıxacaqdı.

Humay qadının təklifindən o qədər iyrənmişdi ki, o, öskürəyin təsirindən nəfəssiz qalıb çarpayının üstünə yıxılanda yardım etməyi deyil, qaçmağı düşündü. Arxasına dönüb iti addımlarla palatadan çıxdı.

Daha sonra o qadınla üz-üzə gəlməmək üçün həmin palataya getmir, oradakı xəstələrinə iynə vurmaq, ya da sistem qoşmaq lazım olanda iynə otağına çağırtdırırdı. Sağ-salamat təxliyə olunduğunu bildiyi xəstənin sonrakı taleyindən xəbərsiz idi. Heç maraqlanmamış, başına nə gəldiyini öyrənmək istəməmişdi də. İndi pəncərənin önündə dayanıb palatadan gələn ağlaşmaları, ah-vayları dinlədikdə təsadüfmüydü, ya nə idi, o əsgərlə anasını xatırlamışdı.

Çöldə günəş var idi, amma yağış da yağırdı. Pəncərədən süzülüb tökülən su ətrafı görməsinə mane olurdu. Qoynunda çarpazladığı qollarını açdı. Xalatının cibindən yaylığını götürüb şüşəni sildi. Nə qədər silirdisə-silsin, şüşə qurulanmır, əksinə, daha da islanırdı. Təəccüblə dəsmalı pəncərədən ayırıb baxdı. Bu dəfə də suyun dəsmalın üstü ilə axdığını gördü. “Bu nədi, nə baş verir?” – deyə heyrətlə öz-özündən soruşdu. Dizləri qatlandı, arxası üstə döşəməyə yıxıldı.

Həkim otağının qapısının ağzından keçən tibb bacılarından biri içəridən gələn tappıltıya səksənib dayandı, qapını açaraq içəri boylandı.

… Özünə gəldikdə, onu qaldırıb stulda oturtmuşdular. Kimsə burnuna söykədiyi kəskin iyli dəsmalı geri çəkib:

        – Həkim, özünə gəlir, – dedi.

“Bayaq dəsmalın üstündən sellər axırdı, indi də suyu çəkilib, amma iyi lap adamı boğur, bu nə işdi belə, düşmüşəm?” –deyə öz-özünə mızıldanırdı. Nə dediyi anlaşılmadığından ətrafındakılar: “Bəlkə, təkrar deyər” ümidi ilə gözlərini üzünə zillədilər. Fənər kimi işıldayan gözlərdən qorxub vahimələndi. Oturduğu yerdəcə büzüşüb yumağa döndü. Heç nə görməmək üçün gözlərini yumub başını aşağı saldı. Şöbə rəisinin məzəmmət dolu səsini eşitdi:

        –  On gündür ki, fasiləsiz işləyirsən. Salırsan cavanlığına, söz də eşitmirsən. Elə indi çıx get evinə. İki-üç gün istirahət elə. Mən çağırtdırmamış da işə gəlmə!

Dillənmək, etiraz etmək istədi, lakin şöbə müdirinin qətiyyəti qarşısında cəsarət edə bilməyib susdu. Qoluna girdilər. Ayağa qalxdı. Stulun ayaqlarının sürüşdüyünü hiss edəndə gözlərini açdı. Şöbə rəisi həkim otağından çıxıb getməkdə idi. Arxasınca səslənmək, yorğun olmadığını demək istədi. Danışmağa heyi olmadığından susub dayandı. Qoluna girmiş tibb bacısı onu çəkişdirirdi:

          –  Gəlin, doktor, gəlin sizi ötürüm evinizə.

          –  Yox, istəmirəm, özüm gedəcəm.

          – Halınız yaxşı deyil, doktor, həm də baş həkim tapşırdı, evinizə ötürməsəm, məni danlayacaq, özünüz xasiyyətinə bələdsiniz.

Humay iş yoldaşlarından hansınınsa onunla gəlməsini istəmirdi…

Hospitalda işlədiyi bu neçə ildə heç özünü düşünməmişdi. İllərdir ki, hər ay məvacibini üç yerə bölürdü. Bir qismini kəndə, ailəsinə göndərir, digər qismini hospitalda müalicə olunan xəstələrin ehtiyaclarına xərcləyir, üçüncü hissəsini isə özünə ayırırdı. Və əmək haqqının üçdə biri ona ancaq Lətifə xanımın doqquz kvadrat metrlik ümumi mətbəx və hamamı olan kiçik otağında kirayənişin yaşayıb qıt-qənaət keçinməyə çatırdı.

İndi tibb bacısı onu evlərinə ötürmək istədiyini deyəndə mebel adına bir yemək stolu, iki stul, bir paltar dolabı, bir asılqanı olan, kitablarını belə stolun üstünə, pəncərəyə yığıb, qalanlarını da küncdə qalaqladığı, tutacağından divara asdığı radiodan xəbərlərə qulaq asdığı otağına aparmağa utanmışdı. Hospitalın darvazasında onu müşayiət edən tibb bacısını geri qaytarıb tək-tənha evə yollanarkən: “Neçə ildir, heç özümü düşünməmişəm. Ölüyə də dirilik lazımdır, diriyə də. Gərək bundan sonra özümə də binagüzarlıq eləyəm”, – deyə düşünürdü. Otağına gəlib qapını açdı. İçəri keçdi. Addım atmağa taqəti qalmamışdı. Əli açıldı, çantanın qulpu barmaqlarından sürüşüb yerə düşdü. Ayaqlarını sürüyərək iki addım atıb çarpayıya yıxıldı. Üzüqoylu düşüb qalmışdı. Gözlərini yumdu. Heç nə düşünmək istəmir, israrla beynindəki keçmiş xatirələri, bu gün Elnurun palatasından bir-birinə qarışaraq dəhşətli uğultuya dönüb onun qulaqlarınadək gələn ağıları uzaqlaşdırmaq istəyir, bacarmırdı. Elnurun əməliyyat masasındakı halı gəldi gözlərinin önünə. Arxası üstə uzadılmış, çənəsindən aşağısı ağ örtüyün, yuxarısı al qanın içində olan baş fiquru… Öncə Sarıcalıda qoyulmuş və yanmış dəriyə, dağılmış göz almasına, toz-torpağa, tər qarışmış qan bulaşdığından qandan çox, mazuta oxşayan mayeyə bulaşmış sarğı bezi… Əsl dəhşət sarğı açıldıqca üzə çıxır, əməliyyat rəhbəri yaralının vəziyyətinə baxıb “bu, çətin sağalar”, – anlamında başını yelləyirdi. Sarğı açılıb yaralı nahiyələr laxtalanmış qandan təmizləndikdən sonra əməliyyat rəhbəri əllərini açıb: “Özün kömək ol, ya Rəbbim, əziyyətimizi əlimizə vermə”, – deyib cərrah bıçağını götürdü, sınıb-parçalanmış ucları beyinin alın payına daxil olmuş sümükləri ehtiyatla çıxardı. O qədər diqqətlə, o qədər ehtiyatla işləyirdi ki, kənardan baxan zaman lentin yavaşıdılmış axarına baxdığını zənn edərdi. Hər bir kapilyar damarı, hər bir sinir qaytanını, hər bir hüceyrəni, neyronu sağ gözünə taxdığı iri qalın böyüdücünün altından görməyə, heç birinə ziyan vermədən əməliyyatı başa çatdırmağa çalışırdı. Sümük parçaları təmizlənib üzdəki qəlpələr çıxarıldı. Hələ işin yarısına belə gəlməmişdilər, partlamış beyindaxili damarları tikmək, parçalanmış sinirləri bərpa etmək lazım idi. Həkim bu işləri görərkən yanında dayanmış tibb bacısı işarə ilə göstərilən alətləri verir, digəri onun alnından, gicgahlarından puçur-puçur süzülən tərini qurulayır, qana bulanmış maskasını, önlüyünü dəyişdirirdi. Beyin cərrahı xəstənin baş tərəfində dayanıb onun beynini əməliyyat edərkən sağda dayanan oftalmoloq göz yuvasında qalmış göz almasının artıqlarını təmizləyir, dəlik-deşik olmuş göz qapaqlarını tikib-bərpa etməyə çalışırdı. Sol tərəfdəki lor həkimi isə öz yardımçıları ilə bərabər parçalanmış burnun içinə dolmuş qəlpə, sümük qırıntıları, ət parçaları və qan laxtasını çıxararaq onu bərpa etməyə çalışırdılar.

Saatlardır ki, Humay neyrocərrahın yanında dayanıb ona yardım edir, göstərişlərini yerinə yetirməyə çalışırdı. Artıq oftalmoloq da, lor da öz vəzifələrini yerinə yetirib köməkçiləri ilə birlikdə getmişdilər. Neyrocərrah qrupu isə yorulmadan, dayanmadan çalışırdı. Çünki xəstənin sağalmasının da, sağaldıqdan sonra həyatına normal şəkildə davam etməsinin də onların əməliyyatının uğurlu keçməsindən asılı olduğunu yaxşı bilirdilər. Əməliyyat rəhbəri əməliyyatın əsas hissəsini bitirib belini dikəltdi. Saatlardır xəstənin üstünə əyilib işlədiyindən beli tutulmuşdu. Əlini belinə qoyub üz-gözünü turşutdu. Humay onun üzünə baxdıqda böyüdücünün örtmədiyi tək gözündə uğurla qarışmış yorğunluğun sevinc dolu işartısını gördü. Həkim bir addım geri çəkilərək önlüyünü soyundurması üçün tibb bacısına dönərkən Humaya:

          –  Doktor, gematomanı təmizləyib yaranın üstünü implantla bağlayın, – dedi.

Humay da öncə bir neçə dəfə neyrocərrahiyyə əməliyyatında iştirak etsə də, bu onun tibbi karyerasında təkbaşına həyata keçirəcəyi ilk kranioplastika əməliyyatı idi. Xəstənin vəziyyətini nəzərdən keçirdi. Nəfəs ala bilməsi üçün qırtlağından açılan yarığa süni nəfəs aparatı qoşulmuşdu. Bütün sifəti, gözləri sarğı altında idi. Bir tək qaşlarından yuxarısı sarılmamışdı. Beyni açıqda idi və üstünün örtülməsi üçün onu gözləyirdi. Anestezioloqla göz-gözə gəldilər. Onun da üz-gözündən yorğunluq yağırdı.

Gematomanı səliqə ilə təmizlədi. İmplantı tibb bacısından alıb alın sümüyünün yerinə yerləşdirdi.

Əməliyyatı bitirdikdən sonra sarğı qoyulması üçün kənara çəkildi. Maskasını və önlüyünü soyunub tibb bacısına:

         –  Gözləyin, xəstə narkozdan ayılsın, aparıb reanimasiyaya yerləşdirərsiniz, – deyə təlimat verib əməliyyat otağından çıxdı.

        … İndi Elnurun palataya köçürülməsini xatırladı. Üst dodağından yuxarısı sarğı altında idi. Burnunun uc qismi, qulaqları amputasiya olunduğundan sarğı altındakı şey insan başından çox ağ bezlə sarınmış silindirə oxşayırdı. Görəsən, valideynləri nə reaksiya verəcək, övladlarının bu halı ilə barışa biləcəkdilərmi? Bayaq palatadan gələn uğultunu xatırladı…. Nəsə pis şeylər olacağını hiss edirdi.

III

Dağın zirvəsinə yaxın bir yerdə, sıx kolların arasında gizlənmişdi. Yarpaqların arasından ətrafında qarışqa kimi qaynayan düşmən əsgərlərini izləyir, heç bir hərəkətlərini gözdən qoymamağa çalışırdı. Komandirləri arabir boğuq səslə: “Onu diri tutun! – deyə bağırır, söyüşlər yağdırırdı. Başını qaldırıb pərlərin havanı yararkən çıxardıqları səsə baxdı. İki helikopter yuxarıda dövrə vurur, başlarını pəncərədən çıxaran əsgərlər gözlərinə söykədikləri binokllarla onu axtarırdılar. Tez sürünüb az aralıdakı itburnu kolunun altına girdi. Ayaqlarını çəkib qarnına yığdı. Kolun yarpaqlarının altında büzüşüb yumağa dönmüşdü. Yaxınlıqda hürən itlərin qorxusundan nəfəs ala bilmirdi. Avtomatlardan, pulemyotlardan yaylım atəşi açıldı. Güllələrin havanı yararaq çıxardıqları səslərə qulaq kəsilib: “Yox, bunlar hədəfə atmırlar, xəbərləşirlər”, – deyə düşündü. Yaxınlıqda kol-kosu tapdalayıb əzərək hərəkət edən düşmənlərin ayaq səslərini eşidirdi. İtlərdən biri əsgərlərin yanından aralanaraq ov tapmış tazı kimi sevinclə hürə-hürə onun altında gizləndiyi itburnu koluna tərəf cumdu. “Mənimki bura qədərmiş…”, – deyə düşünüb özünü öldürmək istədi. Amma üstündə nə gülləsi vardı, nə də bıçağı. “Bəlkə, arxadan güllələyərlər, əsir düşmərəm”,– düşüncəsi ilə gizləndiyi yerdən çıxıb qaçmaq istədi. Nə qədər elədisə, ayağa qalxa bilmirdi. Sanki iflic olmuşdu. İt üzərinə atlayanda var səsi ilə bağırıb kömək istədi…

Öz səsinə yuxudan ayıldı. Qan-tərin içində boğulur, ürəyi çəkic kimi qabırğalarını döyəcləyirdi. Gözlərini açıb otağa baxdı. Hər şeyi hallusinasiyaya dönüb gözləri önündə asılı qalan yuxunun arxasından görürdü. Ayın pəncərədən süzülən solğun işığından öncə harada olduğunu müəyyənləşdirə bilmədi.

Təhlükəsizlikdə olduğunu yəqin etdikdən sonra qalxıb yerinin içində oturdu. Gərginlikdən keyimiş sir-sifətini, zoqquldayan gicgahlarını, qurumuş boynunu ovuşdurdu. Bir neçə dəqiqə keçdi. Əllərini dizlərinə dəstək verərək qalxdı. Ləpələrin üstündə yırğalanan taxta parçası kimi səndələyir, ayaq üstə durmaqda çətinlik çəkirdi. Divardan tuta-tuta elektrik açarının tapıb işığı yandırdı. Masanın üstündəki qrafindən bir stəkan su süzüb içdi. Stula çöküb masaya dirsəkləndi, başını əllərinin arasına aldı. “İlahi, bu nə yuxuydu belə? – deyə öz-özündən soruşdu,- deyəsən, Çingiz doktor haqlıdır. Son vaxtlar heç özümü düşünmürəm. Varsa da iş, yoxsa da iş… Bir neçə gün adam kimi dincəlməliyəm”. Dikəlib stulun arxalığına söykəndi, saatına baxdı. On ikiyə işləmişdi. Saatı dodaqlarına yaxınlaşdırıb öpdü, ah çəkib:

        – Ah, Elçin, Elçin! Biz niyə belə olduq? – deyə soruşdu. – Sənsizlik çox çətindi. Özümü ovutmaq üçün bütün günümü xəstələrlə keçirməyə, onların dərdləri, qayğıları ilə maraqlanmağa çalışıram. O günü Ruxa deyir ki, Humay xanım, belə getsə, əsgərlər sizin də adınızı “ikinci mamaşa” qoyacaqlar.

        – Ruxa kimdir?

        –  Rüxsarə də, sənə danışmışdım axı, bizim yeni baş tibb bacımız.

       Saatın sferblatından boylanan Elçin qaşlarını çatıb:

       –  Hə, Humu, xatırladım…

      Elçin bir an susub Humayın gözlərinə baxaraq davam etdi:

      –  Əsgərlərimizin qayğısına qalmağın məni sevindirir. Amma unutma ki, sən, sadəcə, onların gündəlik qayğıları ilə maraqlanmalı deyilsən. Sənin həm əsgərlərimizə, həm də vətənimizə verə biləcəyin ən böyük fayda öz savadınla, öz dərin elmin, əngin biliyinlə onların səhhətlərinin keşiyində təmənnasız dayanmaqdır.

Humay dodaqlarını büzərək:

          – Elçin, xəstələrimin gündəlik qayğıları ilə maraqlanıram deyəndə onların şəxsi ehtiyaclarını nəzərdə tutmuram ki… Bunun üçün başqaları, işi məhz bu olan sanitarlarımız və digər şəxslər var. Mən yaralı, ya da xəstələnmiş əsgərlərimizi psixoloji cəhətdən yeni həyatlarına hazırlamağa çalışıram. Onların valideynləri, yaxınları ilə profilaktik söhbətlər aparıram ki, bir də psixoloji travma almasınlar. Bax iki ay öncə Vüsal adında xəstəmiz vardı. Hospitala kəskin baş ağrıları ilə Haramı düzündən gətirmişdilər. Əsgərin sol gözü şişib qızarmışdı. Sağ gözü də davamlı sulanırdı. Hərbi hissənin tibb məntəqəsindən verilən diaqnoz kağızına kəskin günvurma yazılmışdı. Ancaq biz müayinə etdikdən sonra baxdıq ki, beyninin alın payında bədxassəli şiş var. Göndərdik, Əhmədlidə neyrocərrahiyyə xəstəxanasında əməliyyat olunub gəldi.

         –  Siz niyə əməliyyat etmədiniz?

         – Neyrocərrahiyə xəstəxanası məhz bu yöndə ixtisaslaşdığından imkanları bizimkindən daha genişdir…

         – Hə, bildim….

         – Axı bilirsən də, mirət xərçəngin müalicəsində əhvali-ruhiyyəni yaxşı saxlamağın, az qala, dərman müalicəsi qədər faydası olur. Nə isə, Vüsal Əhmədlidən gəldi, Çingiz doktordan xahiş edib onun müalicəsini öz üstümə götürdüm. Burada qaldığı müddətdə hər həftə sonu onu götürdüm, şəhərə çıxdıq. Qız qalasına, bulvara, muzeylərə apardım. Onunçün əlimdən gələni etdim, Elçin. Amma təəssüf ki, faydası olmadı. İki həftə öncə iynə vurub göndərdik ki, evlərinə çatsın. Nə isə, Vüsalın valideynlərini çağırıb söhbət etdim. Xahiş etdim ki, uşağın özünün xəstəliyindən xəbəri olmasın.

Humay göz bulaqlarında tumurcuqlanıb şişən büllur dənəciklərini gizlətmək üçün udqunub burnunu çəkdi.

         –  Sənin xeyirxahlığına, incə qəlbinə vurğunam, Humu. Hər zaman belə ol.

         –  Savaşın yarımçıq qalması faydamızamı oldu, zərərimizəmi?… Bunu bilmirəm, Elçin, düzü, heç bu işlərlə beynimi yormaq da istəmirəm. Bizim dövrümüzün gəncliyinin tək idealı, həyatının tək qayəsi vardı – istiqlaliyyətimizə qovuşmaq. Şükür, artıq müstəqil dövlətik. Amma təəssüf ki, azadlığımıza qovuşarkən itkilər də verdik. 20 Yanvar, Qarabağ şəhidlərimiz kimi. Bir də o boyda Qarabağımızı girov verdik. Hələ ki dünya gücləri ATƏT-lə, Minsk qrupu ilə başımızı aldadır, gələcəkdə nə olacaq, kimsə bilmir.

       –  Nə var, nə ola, ay Humu? Sən heç eşitmisən ki, kimsə işğal etdiyi torpaqdan öz xoşuna çıxsın? Ermənilər də çıxmayacaq. Gec-tez müharibə olacaq.

      –  Hə, Elçin, mən də elə düşünürəm. Allah-Allah deməklə donuz darıdan çıxmaz. Biz də torpağımızdan keçmərik. Ona görə də nə vaxtsa müharibə olacaq.

      – İndi dövlətimizin ən başlıca vəzifəsi nizami ordu quruculuğunda əlindən gələni etmək, əsgərlərimizi ən müasir silah-sursatla təmin etməkdir. Amma bunlardan daha vacibi orduda rüşvətxorluğun, korrupsiyanın kökünü kəsməkdir… Doğrudur, bunların heç birinə bir həkim olaraq sənin müdaxilə imkanın yoxdur. Sən ancaq bir həkim olaraq xəstə əsgərlərimizi tam və təmənnasız müalicə edə bilərsən. Bir də rastlaşdığın, tanıdığın hər əsgərimizin anası, hər zabitimizin bacısı olaraq onlara psixoloji dəstək verə, döyüş ruhlarının ən yüksək səviyyədə qalmasına yardım edə bilərsən.

       –  Elə mənim həyat qayəm, yaşama səbəbim də budur, Elçin. İnşallah, İkinci Qarabağ savaşı başlayanadək əsgərlərimizin həkim-mamaşaları olmağa davam edəcəm. Savaş başladıqda isə yenidən snayper tüfəngimi götürüb ordu sıralarına qatılacağam.

         – Məncə, sən savaş başlayanda həkim olaraq cəbhəyanı hospitallardan birinə gedib yaralılarımızı həyata qaytarmağa çalışsan, daha yaxşıdır.

         – Yox, Elçin, mənim verilmiş sözüm, alınacaq qisasım var. İnan mənə, hər gecə yatmadan savaşın bir an öncə başlaması üçün dua edirəm.

         – O savaş bir gün mütləq başlayacaq və biz torpaqlarımızı azad edəcəyik. Ancaq indi sən bunları düşünmə. Hadisələri qabaqlamağa çalışmadan layiqli vətəndaş və yaxşı həkim olmaq üçün bütün gücünlə, biliyinlə mübarizə apar.

Elçinin ayın gümüşü işığında saatın siferblatında görünən üzü getdikcə solğunlaşıb yoxa çıxdı.

Humay:

         –  Elçin, Elçin, getmə, bir az daha qal, – deyə saatına baxır, Elçinin xəyalına yalvarırdı.

Amma o, həmişə olduğu kimi, xəbərsiz gəlib, sağollaşmadan da çıxıb getmişdi. Humay saatın əqrəblərinə baxdı. İkiyə işləmişdi. Qollarını dizlərinin arasında sıxıb başını aşağı saldı:

         – Ah, bircə müharibə başlayaydı, – deyə qəlbindən keçirdi. Qalxıb mətbəxə getdi. Qaz plitəsinin üstündə, xəfif alovun kənarında dızıldayan çaydanı götürüb bir stəkan çay süzdü. Elə oradaca əyləşib çayını içdi. Otağına dönərək çarpayısında uzanıb yatdı.

İki gün işə getmədi, üçüncü gün erkəndən yuxudan qalxdı. Yeməyini yeyib əynini dəyişdi, saçlarını darayarkən güzgüdə özünə baxdı. Rəngi açılmış, özünə gəlmişdi. Həkim xalatını dolabdan götürərək çantasına qoyub evdən çıxdı.

Məhəlləyə çıxıb hospitalın hasarının yanındakı yolla irəliləyərkən ətrafına baxıb axşam öz-özünə verdiyi qərarı təkrar edirdi. “Bu gün işdən gəlim, gedib yaxınlıqdakı binalardan birində evə baxacam. Burada tələbə vaxtı yaşayırdım. Anam, rəfiqələrim də qonaq gələndə sıxılmırdım. Hamısı tələbə olduğumu bilirdilər. Ancaq indi elə deyil axı. Həkim adamam, beyin cərrahıyam. Amma öz həyatım yox səviyyəsindədir. Bir rəfiqəmi, bir iş yoldaşımı evə dəvət edə bilmirəm. Yazıq anam keçən dəfə gələndə o ki var danladı ki, evə pul göndərməyim, gedim özümə əməlli ev tutum. Yox, belə olmaz, bu gün mütləq axtaracam”. Qəzet köşkünün önündən keçirdi, ayaq saxladı. Dönüb köşkün pəncərəsindən içəri boylandı. Satıcıya salam verib:

        –  Dayı, sizdə “Birja” varmı? – deyə soruşdu.

        –  Bəli, qızım, buyurun, – deyən satıcı qəzet dəstlərinin içindən birini seçib götürərək ona uzatdı.

Humay qəzeti alıb çantasına qoydu. “İşdə boş vaxtım olanda baxaram”, – deyə fikrindən keçirib hospitala yollandı. İşə gələndə çantasını postdakı masanın üstünə qoyub Elnurun yatdığı palataya yollandı. Onun tək olduğunu görüb təəccübləndi. Yaxınlaşıb saçlarını oxşadı:

        –  Sabahın xeyir, qaqaş.

       Elnurun dodaqları aralandı, fısıldadı, sonra əlini hulqumunda açılmış yarığın üstünə qoydu, güclə eşidiləcək səslə:

      –  Sabahınız xeyir, – deyə cavab verdi.

      –  Özünü necə hiss edirsən? Ağrın-acın yoxdu ki?

      –  Pisəm, həkim, ölmək istəyirəm.

     Humay əlini onun saçlarından çəkib çiyninə qoydu:

        – Sən güclü oğlansan, Elnur, bu cür travmadan sağ-salamat çıxmısan. Sənin kimi igid oğlana şikayət etmək, zarımaq yaraşmaz.

        –  Belə sağ çıxmaqdansa, ölmək yaxşıdı, – deyib əlini hulqumundakı yarıqdan çəkdi.

Humay onun daha artıq danışmaq istəmədiyini anladı:

        – Yaxşı, qaqaşım, sən istirahət et, mən də gedim, sənin müalicənlə maraqlanım.

Elnur heç nə demədi, başını yana çevirdi. Humay onun göz yuvalarında yığılan suyun üzünü sarıyan binti islatdığını gördü, amma daha artıq danışıb ürəyini sıxmaq istəmədiyindən susub palatadan çıxdı. Dəhlizdə növbətçi tibb bacısını görüb yanına çağırdı:

        –  Elnurun valideynləri haradadır, palatada görmədim.

        –  Hə, bu 10 nömrəlidəki uşağımı deyirsiz?

Humay sanki dəqiqləşdirmək istəyirmişcəsinə dönüb palataya tərəf boylandı:

        –  Hə də, cəlilabadlı əsgər, minaya düşən.

Tibb bacısı üz-gözünü turşutdu:

        – Üç gün öncə çıxıb getdilər.

        – Hara?

        –  Bilmirəm, yəqin ki, evlərinə.

Humay ya anlamır, ya da anlamaq istəmirdi:

         – Nə evi, evə getmək vaxtıdı? Uşaqlarını burada ağır vəziyyətdə qoyub hara getdilər? Nə vacib işləri varıydı ki, elə?

         – Mən haradan bilim, ay həkim. Həmən gün axşam mən növbəni yenicə təhvil almışdım. Palataları gəzir, xəstələrin iynələrini vururdum. Onların palatasına gələndə gördüm ki, şeylərini yığıb harasa getməyə hazırlaşırlar. Elnurun iynəsini vurub çıxarkən onlar da mənimlə çıxdılar. Soruşdum ki, bəs hara gedirsiniz? Dedilər, rayona. Dedim, bəs uşağın yanında kim qalacaq? Bibisidi-nədi, o kök arvad, – Humaydan cavab gözləmədən davam etdi, – hə, bax o şişko dedi ki, biz bunu əsgərə bu kökdə göndərməmişdik ki? Dövlət necə bu kökə salıb, elə də baxar.

       Humayın dəhşətdən ağzı açıla qalmışdı:

        –  Bəs anası, bəs atası? Onlar nə dedilər?

        –  Heç nə, mal kimi başlarını aşağı salıb şişkonun dalınca düşüb getdilər.

Humay yerindəcə quruyub qalmışdı. Nə deyəcəyini, nə edəcəyini bilmirdi. Handan-hana yanından keçib getmək istəyən tibb bacısının qolundan tutub:

        –  Elnur bilir?

Tibb bacısı qaşlarını çatıb:

– Nəyi? – deyə sözü uzadaraq ondan soruşdu. Humay sanki tibb bacısının nəyi deyə soruşarkən həm də ona: “Sizdə də çatmır e, həkim” demək istədiyini düşündü. Pərt olduğundan qızarıb-bozardı. Çantasını götürüb həkim otağına getdi. Az sonra iş vaxtı başlanmışdı. Humay şöbə müdiri ilə palataları gəzib xəstələri ziyarət edirdi. 10 nömrəli palatanın qabağına çatdıqda, Çingiz həkim ayaq saxladı. Dönüb Humayın üzünə baxdı. Göz-gözə gəldilər. İkisi də palataya girməyə tərəddüd edirdilər. Humay bir addım geri çəkildi. Çingiz həkim qapını itələyib açaraq iri addımlarla Elnurun çarpayısının yanına gəldi. O sanki üzünə qədər çəkdiyi yorğanın altına girib gizlənmişdi. Çingiz həkim yorğanın baş tərəfindən tutub qaldırdı, həmişəki kimi gur səsi ilə:

         – Elnur, bu gün necəsən? – deyə soruşdu.

Yorğan köhnə məzarın yaprıxmış torpağı kimi altındakı bədəni örtüb gizlətmişdi. Nə sarğılar içindəki baş, nə də bədən tərpənmədi. Quruyub qabıq qoymuş dodaqlar tərpənsə də, səs çıxmadı. Köhnə, yamaqlı körükdən yayılan fısıltı otağa yayıldı.

         – Oğlum, əlini boğazındakı deşiyə qoy, yoxsa danışa bilməzsən.

Humay Elnurun sarğı altındakı üz-gözünü laqeydliklə turşutduğunu gördü, ya da düşündü. O əslində heç nə etməmişdi, elə bayaqkı kimi sakit dayanmaqda idi. Çingiz həkim çarpayının baş tərəfindəki kətili altına çəkib oturdu, əlini salıb Elnurun əlini yorğanın altından tapıb çıxardı. Ovcunda tutaraq:

        –  Oğlum, sən başına gələnlər üçün heç kimdən küsmə, nə də kimisə qınama. Həyatdır, hər kəsin bir qisməti var. Həyatda heç kim, heç nə öz başına deyil. Bunu heç vaxt unutma, oğlum. Sənin başına bu iş gəlməliymiş ki, gəldi. İndi əsgərlikdəydin, mina partlayış travması aldın. Mülki həyatda olsaydın da, yenə başına oxşar bir hadisə gələcəkdi. Çünki sənin alnına o gün başından travma almaq yazılıbmış. Sənə olmuş bir hadisə danışacam. Mənim bir dostum var. Oğlu tibb institutunda oxuyurdu. Bu ilin fevralında anası tezdən yuxudan qaldırıb ki, bala, dur get dərsinə. Uşaq gedib əl-üzünü yuyub, gəlib şifonerin qabağında uzanıb. Anası çağırıb ki, bala, gəl çörəyini ye, gecikərsən. Uşaq inad edib, deyib ana, bu gecə yuxumu qatmışam, heç yerə getməyəcəm. Həmin vaxtı şifonerin üstünə çıxan pişik şnuru ilə oynadığı ütünü aşırıb salıb uşağın başına. Uşağı xəstəxanaya çatdıra bilməyiblər, yolda keçinib. Deməyim odur ki, sən yatdığın yerdə başına iş gəlməyib. Başqasının çəpərindən aşanda zədə almamısan. Heç kimin namusuna toxunmamısan. Əksinə, ananı, bacını, millətin namusunun qarovulunu çəkəndə, vətən yolunda sağlamlığını itirmisən. Sən əsl qəhrəmansan. Qəhrəmanlara həyatdan küsmək, taleyindən incimək yaraşmaz. Sən bu boyda travmadan sağ-salamat qurtarmısan, nəfəs alırsan, yaşayırsan. Əlin-ayağın yerindədir. İndi sənə yaraşan odur ki, müalicəni başa vurub həyata, mübarizəyə davam edəsən. Əzmkarlığınla hər kəsə örnək olasan. İndiyədək Azərbaycan əsgəriydin, bundan sonra Azərbaycan qazisisən. Aydındırmı sənə?

Ağ sarğıların altındakı baş təsdiq mənasında xəfifcə hərəkət etdi. Dodaqlar bir dəfə açılıb bağlandı. Amma nə səs gəldi, nə də fısıltı.

Çingiz doktorsa davam edirdi:

         – Sənə dediklərimi sırğa elə, as qulağından. Burada hər kəs, həkimlər də, tibb bacıları da sənin ən yaxın adamlarındır. Vəziyyətin bir az yaxşılaşsın, səni təkrar əməliyyat üçün xaricə göndərəcəyik. Heç nədən narahat olma, dövlətimiz arxandadır, – deyib ayağa qalxdı. Humaya sarı dönüb Elnurun müalicəsinin gedişi barədə məlumat aldı. Birlikdə palatadan çıxdılar.

Günlər bir-birini sürətlə əvəz edir, ard-arda düzülüb həftələri, həftələr birləşib ayları yaradırdı. Artıq Humay Lətifəgilin həyətlərində illərdir kirayə yaşadığı otaqdan ayrılmış, hospitalla üzbəüz doqquzmərtəbəli panel binada tutduğu birotaqlı, təmirli və əşyalı mənzilə köçmüşdü. Digər xəstələr kimi Elnurun da səhhəti sürətlə yaxşılaşmaqda idi. Çingiz doktor söz verdiyi kimi, onun təkrar kranioplastika əməliyyatından ötrü xaricə göndərilməsi üçün sənədlərini hazırlamışdı. Orada Elnurun sadəcə alın sümüyü implantını dəyişməyəcək, həm də kosmetik əməliyyatla qulaqlarını, burnunu da bərpa edəcəkdilər. Elnurun valideynlərinə onunla bir nəfərin müşayiətçi qismində xaricdəki xəstəxanaya getməsi üçün xəbər verilsə də, onlardan heç bir cavab alınmamışdı. Yola salınacağı gün Çingiz həkim Humayı yanına çağırdı. Elnurun tibb sənədləri olan qovluğu və təyyarə biletini verərək:

          – Götür uşağı, bir taksiynən apar aeroportdan yola sal. Orada hava limanında həkim briqadası qarşılayacaq, – dedi.

Humay qaşlarını çatdı:

         –  Doktor, valideynlərindən bir xəbər çıxmadımı?

Çingiz həkim qaşqabağını tökdü:

         – Yox, çıxmadı. Özləri bilər, gəlmirlər, gəlməsinlər. Sən apar, hava limanının əməkdaşlarına təhvil ver, tapşır ki, təyyarəyə mindirsinlər. Qayıt gəl.

Humay:

          – Oldu, həkim, – deyərək masanın üstündəki qovluğu və Elnurun sənədləri ilə biletini götürüb otaqdan çıxdı. Palataya gələrkən uçuş saatına baxıb hazırlaşmaqda olan Elnurdan:

          –  Hazırsanmı, qaqaş? – deyə soruşdu.

Onun yerinə əşyalarını yığan tibb bacısı cavab verdi:

          –  Bəli, həkim, hazırdır.

         – Yaxşı, mən hospitalın önünə çıxıram, taksi danışam. Şeylərini də götürüb gəlin, – deyərək dönüb palatadan çıxdı.

Onlar aeroporta çatanda Elnurun uçacağı reysə minik başlanmışdı. Oğlanın çantasını baqaja verib biletini qeydiyyatdan keçirdi. Gömrük yoxlamasına qədər gətirib sənədlərini aeroportun əməkdaşına verərək, onu təyyarəyədək müşayiət etməsini xahiş etdi. Ayrılarkən Elnuru qucaqlayıb:

         –  Sağ get, salamat gəl, qaqaşım. Görəcəksən, hər şey yaxşı olacaq.

         –  İnşallah, həkim. Sizin yaxşılığınızı unutmayacağam.

         –  Bakıya qayıdanda xəbər verərsən, özüm səni qarşılamağa gələcəm.

Elnurun bu neçə ayda ilk dəfə dodaqları qaçdı. Humay onun sarğının altında üzünün gərildiyini, qaşlarının çatıldığını hiss etdi. Göz yuvalarından daşıb sarğını isladan yaşlar burnunun kənarlarında nəmli iz yaratdı. Humay gözlərinin dolduğunu gizlətmək üçün Elnurun əlini sıxıb:

          – Di gecikmə, təyyarə uçar, başıma qalarsan, – deyə ərklə zarafat etdi. Aeroportun bayaqdan yanlarında dayanmış əməkdaşına:

          –  Zəhmət olmasa, kömək edin, – deyərək Elnuru işarə etdi.

Şəhərə gəlib çatdığında qaranlıq çoxdan düşmüşdü. O isə taksiyə minəndən ələnən göz yaşlarına hakim ola bilmirdi. Sürücüyə ağladığını hiss etdirmək istəmədiyindən yolboyu pəncərədən çölə baxır, avtomobilin qaranlıq salonunda yaylığı ilə gah gözlərini, gah burnunu qurulayırdı. Yadına orta məktəbdə oxuduğu vaxtlar düşdü. Ağ rəngdə keçiləri vardı. Yenicə doğmuşdu. O qədər zəif idi ki, anası bir müddət keçini çölə buraxmadı, evdə saxladı. Hər gün tezdən gətirib ayağından həyətdəki ağaclardan birinə hörükləyər, günortalar yanına vedrədə su qoyardılar ki, içsin. Keçi bir az özünə gəlib babatlaşdıqdan sonra yenidən sürüyə ötürdülər. Hər gün sürü çöldən gələn vaxtı qapılarının ağzına çıxan Humay ağ keçilərinin sürünün lap önündə gəldiyini görüb təəccüblənərdi. Bir gün keçiləri xəstələndi. Artıq nə çölə gedəcək, nə də hörükdə otlayacaq halı olmadığından elə tövlədəcə yatıb qalmışdı. Gülsarə keçinin başının üstündə dayanıb öz-özünə vaysınır: “Allah, bəs mən necə edim? Bunun balası hələ körpədir. Süddən kəsilən vaxtı deyil. Ölsə, balası necə olacaq?” – deyə dərdlənirdi. Günorta quzuları otarmağa aparan çoban hava isti olduğu üçün onları qaytarıb kəndə gətirmişdi. Gülsarəgilin çəpişləri də gəlib tövlələrinə girdilər. Humay yaxşı xatırlayırdı. Çəpişlərinin hamısının gəlib-gəlmədiyinə baxmaq üçün tövləyə gəldi. Ağ keçi yatdığı yerdəcə mələyirdi. Balası yanına gələndə ayağını qaldırmağa çalışdı. Elə anası kimi ağappaq olan çəpiş anasına yaxınlaşıb döşünü əmməyə başladı. Az sonra keçi ölmüşdü, amma balası hələ də onun döşündən süd əmməyə davam edirdi.

Dəsmalla göz yaşlarını silib:

         –  İlahi, bu həyatda bir keçi qədər də ana ola bilməyən qadınlar varmış, – deyə dodaqaltı deyinməyə başladı. – Ana olmaq, sadəcə, uşağı doqquz ay qarnında daşımaqla, ya da onu əmizdirməklə olmur. Ana olmaq bəzən qayğıkeş, bəzən fədakar, bəzən cəfakeş, bəzənsə hər üçü ola bilməkdir. Əsl ana o kəsdir ki, öz ömrünü, həyatını, hər şeyini övladına həsr etsin, onun yolunda bütün çətinliklərə sinə gərsin. Övladının bir an belə olsa xoşbəxt yaşaması üçün lazım gəlsə, canını verməkdən çəkinməsin. Yoxsa nə var elə bioloji ana olmağa? Hər kəs ehtirasının əsiri olub uşaq dünyaya gətirə bilər, hətta onu bəsləyib böyüdə də bilər. Amma bu o demək deyil ki, onlar da anadırlar. Yox, onlar ana deyillər, əksinə, ana adının ucalığına, müqəddəsliyinə ləkədirlər.

Taksi binanın qarşısında dayandı. Maşından düşüb sürücünün pulunu verdi. Artıq ağlamırdı. İti addımlarla yaşadığı blokun girişinə yönəldi.

Elnuru yola salıb qayıtdığı gecə gözünə yuxu getmədi. Elnurun valideynlərinin oğlanlarına olan münasibətlərini sorğulayır, “Ana necə olmalıdır?” sualına təkrar-təkrar cavab axtarırdı. Onun valideynləri ilə hospitalın qəbul şöbəsinin qarşısındakı ilk qarşılaşmalarından palatada ağlayıb hay-küy salmalarına qədər keçən on günü və bu müddətdə baş verən hər şeyi gözlərinin önündə canlandırmağa çalışırdı. Günahkar kim idi? Elnurmu, anasımı, oğlundan imtina edib qadınına uşağın dalınca gəlməyi qadağan edən atasımı? Bəlkə, heç birində günah yox idi. Günahkar elə tale, ya da insanları bu qədər rəhmsiz, bu qədər qəddar yaradan Tanrı idi? Hər dəfə qadın təəssübkeşliyi ilə ananı günahsız göstərmək üçün bütün suçu atasına atmağa çalışır: “Yazıq qadın neyləsin, yəqin, əri imtina edib, ona da oğlunun dalınca gəlməyi qadağan edib”, – deyə düşünməyə çalışırdı. Lakin tezcə də özü ilə razılaşmırdı: “Heç elə də şey olar? Mənim oğlum yaralı yatacaq, ərimin sözü ilə onu atıb dalınca getməyəcəm. Pulum olmasa, yük maşınları ilə gələrəm, piyada gələrəm, amma yenə də gəlib oğlumun yanında olaram. Bəlkə, burada nə yeyib, nə içər, harada qalar qorxusu qarşısını alıb?” – sualı ağzından çıxmamış elə özü də cavabladı:

        – Məgər Mamaşanı görmədilərmi? O, illərdir burada nə yeyib-içirsə, o da ondan yeyib-içərdi. Mamaşa gecələri harada yatırsa, o da orada yatardı. Yox, bacı, sən o qadını təmizə çıxarmağa çalışma. Hətta atası nə qədər pis olsa da, günahkar olsa da, sinəsində qəlb daşıyan bir ananı heç vaxt, heç kim balasından üz döndərməyə məcbur edə bilməz. Həm niyə bütün suçu atanın boynuna yıxırsan? On gün gözümüzün qabağında idi. Yazıq fağır, dilsiz-ağızsız adama oxşayırdı.

       –  Onu fağır ilan vursun elə. Eşitməmisənmi, suyun lal axanı, adamın yerə baxanı?

       – İndi sən qadın həmrəyliyi etməkdən yana, kişinin günahını alma. Əsl elə onun anası ifritəyə oxşayırdı. Eşitmədinmi, palatada necə özünü artistliyə qoyubmuş? Əlini atıb üz-gözünü cırıb, saçını yolub töküb yerə. Elə ağlayırmış, elə bil oğlu ölüb, yasıdır. Həkimlər sakitləşdirə bilmirmişlər.

       – Hə, bacı, əslinə baxanda elə oldu da. Oğullarının yasında doyunca ağlayıb getdilər evlərinə…

      –  Nə isə yatmaq lazımdır, erkəndən durub gedəcəm işə.

Gecənin sakitliyində Papanin tərəfdəki həyət evlərindən gələn xoruz banı açıq pəncərələrdən keçib otağa doldu. Yatağında çevrilib çölə tərəf boylandı. Dan yeri sökülməkdə idi… Bayaqdan qır tiyanını andıran üfüq xətti artıq gümüşüyə çalırdı…

Ardı burada: Zaur Bayramoğlu – Snayper

QEYD:

Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.

Müəllif: Zaur BAYRAMOĞLU

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Bayramoğlu – Snayper

ZAUR BAYRAMOĞLU. SNAYPER

Bədii redaktor: Filologiya üzrə fəlsəfə doktoru, dos. Əminə İbrahimli

İxtisas redaktoru: Azərbaycan Silahlı Qüvvələrinin əməkdaşı, “Vətən uğrunda” medallı baş gizir Elbrus Nəsibov

Texniki redaktor: Rəşid Kərimov

AYB-nin üzvü, Prezident təqaüdçüsü, qazi-yazar Zaur Bayramoğlunun “Snayper” romanı oxucuların rəğbətlə qarşıladığı “Yalquzaq” romanının qəhrəmanı Humayın Birinci Qarabağ müharibəsində ağır yaralandıqdan sonrakı taleyindən bəhs edir. Uzunmüddətli müalicələrdən sonra Humay Azərbaycan Tibb Universitetində yarımçıq qoyduğu təhsilini davam etdirir, hərbi qospitalda əvvəl tibb bacısı, təhsilini tamamladıqdan sonra isə neyrocərrah kimi fəaliyyət göstərir. Lakin o, qeyrətli bir vətən qızı kimi itirilmiş vətən torpaqlarının, qisasını almağa and içdiyi, ermənilərin qan uddurduğu soydaşlarına, Elçininə verdiyi sözü tuta bilməməyin ağrısı ilə yaşayır. Bir gün başlanacağına ümid etdiyi ədalətli savaşa hazır olmaq üçün poliqonlarda, idman salonlarında usanmadan məşqlər edir. Və illər sonra Azərbaycanın Vətən müharibəsi başlayır. Humay necə, həyatının yeganə mənasına çevirdiyi  bu müqəddəs arzusuna çatacaqmı?

“Vətən uğrunda” medalı ilə təltif olunmuş Xüsusi təyinatlı snayper Hüseynov Cavid Hümbət oğlunun əziz xatirəsinə ithaf edirəm.

                                                                       Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün…

Hüseyn Nihal Atsız

Taksafon

I

Humay yatağında üzüquylu çevrilib yastığını sinəsinin altına çəkdi.

– Niyə yatmırsan, Humu?

– Nə bilim, ay Səidə, düşünürəm, – deyə pıçıldadı.

Səidə çarpayısında ona tərəf döndü:

– Dedim axı sənə, bundan sonra heç nə düşünmə. Mülki həyata, işinə-gücünə alışmağa çalış.

Humay çənəsi ovuclarının arasındaca uzanıb gözlərini yummuşdu. Sanki onu dinləmirdi, öz dünyasında idi. Dodaqları tərpəndi:

– Elçin gözlərimin önündən getmir…

Səidə bir anlıq susub dayandı, sonra yatağında üzüaşağı çevrildi:

– Humu, səni anlayıram, bax mənimki də şəhid oldu. Amma neyləmək olar, ölənlə ölünmür. Elçin yaraşıqlı oğlanıydı, ağıllıydı, savadlıydı, amma artıq aramızda deyil. Vətən yolunda, bizim üçün canını fəda etdi. İndi də layiq olduğu yerdə, cənnətdədir. Biz gərək həyatımızı onlara layiq, onların istəyəcəyi kimi yaşayaq. Elçin həyatda olsa, sənin həyatına necə davam etməyini istərdisə, gərək elə də davam edəsən. Bax buna deyərəm əsil sevgi, əsil sayğı!

–Mən bu iki ildə elə şeylər gördüm ki…

Səidə onun savaşı xatırlamasını istəmirdi.

– Gəlsənə sabah tələbə dostlarımızı yığım bir yerə. Görüşüb söhbət edər, dərdləşərik. İçlərində müdafiə edənlər var, dövlət qulluqçuları var, evlənib uşaq sahibi olanlar var. Hərə bir iş-güc sahibi olub… Hə, Humu, nə deyirsən? Tezdən yazım hamısına, işdən çıxanda görüşüb söhbət edər, hal-əhval tutarıq, – deyib gözucu dolabın üstündəki peycerinə  baxdı.

Humay yatağında çevrildi. Bu dəfə gözlərini açmış, gecə işığının alatoranında ağappaq tavanı görməyə çalışırdı. Çilçırağın sönük ulduzlar kimi işıldayan büllur yarpaqlarını, onların kölgəsində gizlənmiş uzunsov lampalarını saydı. Yorğanını üstündə rahladı, handan-hana:

– Yox, Səidə, sabah bilet alıb getmək istəyirəm, – deyə dalğın-dalğın cavab verdi.

– Uşaqlar da səninçün darıxıblar. Sabah qal. Biri gün yola salaram, gedərsən.

Humayın dodaqlarında istehzalı bir təbəssüm dolaşdı. Qaşqabağını töküb:

–Siz görüşün. Bu gün-sabah evdən çıxalı üç il olacaq. Anamgilçün lap burnumun ucu göynəyir.  Həm bir müddətlik Bakıdan uzaqlaşmaq istəyirəm, – dedi.

İkisi də susdu. Səidə yastığını başının altında çəkişdirib düzəldərək:

– Di gecən xeyrə qalsın, sabah danışarıq, – deyib yorğanı ilə çiynini örtdü, gözlərini yumdu.

Erkəndən qalxıb aviakassaya getdilər. Növbəyə durub axşam reysi üçün bilet aldıqdan sonra Mərkəzi Poçta yollandılar. Humay danışıq kabinəsinə gedib taksofonun dəstəyini qaldırdı, divardakı siyahıdan Naxçıvan poçtunun nömrəsini tapıb yığdı. ATS-dəki qıza evlərinin telefon nömrəsini dedi, xətti qoşmasını xahiş edib gözləməyə başladı. Naxçıvan poçtundakı qız Əbrəqunus, digəri Qazançı poçtunu birləşdirdi. Nəhayət, evlərindəki telefon zəng çaldı. Hər çağırış səsi ilə ürəyinin həmahəng döyüntüsünü hiss edir, həyəcanından yerində dura bilmirdi. Taksofonun iri qara dəstəyini gah bir, gah da digər qulağına söykəyir, anasının səsini həsrətlə gözləyirdi. “Bunun dəstəyi da əcəb ağırdır, lap qolum yoruldu”, – deyə fikrindən keçirib əlini dəyişərkən qulaqlıqdakı xışıltının içindən:

– Alo, ay bala, kimsən? Danış da, – deyən nənəsinin səsini eşitdi.

Görünür, o, bayaqdan dəstəyi qaldırmış, hətta bir neçə dəfə “alo” demişdi də. Xəstəxanadan çıxdıqdan sonra evə zəng vurmadığı üçün özünü qınadı, həyəcanla:

      – Alo, nənə, mənəm, Humay. Necəsən? Anam necədi? – deyə birnəfəsə soruşub ikinci jetonu taksofonun baş tərəfindəki yarığa qoydu, dərhal da üçüncü jetonu barmaqlarının arasında  hazır saxladı.

Xışıltının içindən gələn səs sevincək:

       –  Bıy, sənə nənən qurban, ay bala. Necəsən, hardan zəng vurursan? Neçə aydı səndən nigaran qalmışıq. Ağlamaqdan yazıq anan da bihal olub. – deyə birnəfəsə soruşdu.

       –  Bakıdayam, ay nənə, poçtdan zəng vururam. Yaxında gələcəyəm.

       –  İnşallah, bala, inşallah. Bilet almısanmı? Pulun-zadın varmı? Yoxdusa, göndərək.

       –  Var, ay nənə, narahat olmayın.

Dəstəyin o biri tərəfindən gələn hıçqırıqları eşitdi. Nənəsi dəstəyi anasına versə də, çəkilib getməmişdi. Gah savaşa bais olub qurulu düzənlərini pozanlara qarğıyır, gah nəvəsinin səsini eşidib tezliklə gələcəyinə görə sevinir, Tanrıya əl açıb şükür edir, “Sarı daş”a nəzir deyirdi.

Gülsarə qayınanasından dəstəyi alarkən bir müddət danışa bilmədi. Qəhərin yandırıb-yaxdığı qırtlağında səs telləri tərpənmirdi, sanki iflic olmuşdu. Gözlərini hər yumub-açdıqca bəndini yıxan dupduru sellər yanaqlarında iz qoyaraq axır, üz-gözünü isladırdı…

Ana ilə bala bir-birindən yüzlərcə kilometr aralıda olsalar da, bir-birilərini yan-yanaymışlar kimi anlayır, qəlblərindən keçənləri hiss edirdilər.

Gülsarə aylar boyu Humayın taleyindən xəbər tuta bilməyəndə artıq onun başına nəsə bir iş gəldiyini sövq-təbii hiss edirdi. Qonum-qonşudakı qadınların xəlvəti pıçıldaşmalarına səbəb olan şayiələr də ona qədər gəlib çatırdı. Artıq bir aydan artıq idi ki, yeganə övladının itkin düşməsi barədə xəbərlər yayılmışdı. Arabir rayon hərbi komissarlığına gedərək şayiələrin dəqiq olub-olmadığını öyrənmək istəyirdi. Ancaq içindən bir səs ona icazə vermirdi. Bəlkə də, alacağı qara xəbərə hazır olmadığından rayon mərkəzinə getməyə qorxurdu. Getdikcə öləziyən bir ümidlə qulağı səsdə, gözü yolda gözləyirdi. Eynən illər öncə Gilənin Ələsgərin yolunu gözlədiyi kimi… Gün ağarandan qaranlıq düşənə kimi ən azı on dəfə evlərinin böyründəki təpəyə qalxır, əlini gözlərinə sipər edərək yollara baxırdı. Ələsgəri bir gün gözləmişdilər, amma indi Humayı aylardır ki, gözləyirdilər. Gilə ayrı, Gülsarə ayrı gözləyirdi. “Nəs danışmağın düşər-düşməzi olar”, – deyə ikisi də qorxularını, həyəcanlarını bir-birindən gizlədirdilər. Üzlərinə-gözlərinə zorla verdikləri təbəssümlə bir-birilərini aldadıb, şayiələrdən bixəbər olduqlarını göstərməyə çalışırdılar…

İndi budur, Humay özü zəng eləmişdi. Sürətlə axıb gedən zamanı tutub saxlamaq istəyir, hər ana neçə kəlmə sığışdırmaq istəyirmişcəsinə tez-tez danışırdılar:

– Bala, bə neçə vaxtdı niyə bir zəng eləmirdin, heç olmasa, məktubdan-zaddan yazıb bizə bir xəbər vermirdin? Bilirsən ki, tək təknənin tək əppəyisən. Dalınca iki cüt gözü yaşlı qoyub getmisən. Heç olmasa, arada bir xəbər eləyərdin ki, ürəyimiz toxtaq olsun.

Humay anasının giley-güzarına haqq verib susur, çənəsi arabir açılıb-bağlansa da, ağzından tək kəlmə çıxmırdı. Sonuncu jetonu taksofona atanda burnunu çəkdi, əlinin arxası ilə gözlərini silib:

– Ana, ordudan tərxis olunmuşam. Gələrəm, oturub doyunca dərdləşərik, – dedi.

Gülsarə telefonun digər ucundan şadyanalıqla:

 – Bıy, ay bala, çox şükür, səni şad xəbər olasan, – deyə sevincini gizlətmədi. – Bəs nə vaxt gəlirsən?

Humayın əli qeyri-ixtiyari çantasına getdi, üstünə toxunub biletinin yerində olub-olmadığını yoxladı. Əli ilə ehmalca oxşadığı çantasına göz atıb bir istədi ki, uçuş saatını desin, tezcə də fikrini dəyişib:

– Darıxma, anacan, ən qısa müddətdə gələrəm, – dedi.

Sağollaşıb dəstəyi asdıqdan sonra çantasından kənarları haşiyəli yaylığını çıxarıb gözlərini sildi. Danışıq kabinəsindən çıxıb Səidəni görmək üçün ətrafına boylandı. Addım səsləri eşidib arxaya dönəndə göz-gözə gəldilər. Səidə gülümsünərək:  “Sən danışana qədər dedim qaçım, xalama bir-iki hədiyyə alım”, – deyib əlindəki paketləri göstərdi.

– Hədiyyəyə nə ehtiyac varıydı, bəsdi də bu qədər xəcalət verdin.

– Sən xalamla mənim arama girmə, oldumu? Bakıya qayıdanda o da mənimçün nə qoysa, gətirərsən.

– Xeyir ola, poçtalyonam sizinçün? – Humay zarafatla deyib Səidəyə sarıldı. – Sənin kimi rəfiqə hər şəhərdə bir adamın payına düşər, Bakıda da mənim payıma düşüb.

– Yaxşı, yaxşı, tələs, gecikərik.

Birlikdə poçtdan çıxıb Səidənin avtomobilinə əyləşdilər. Evə gedib Humayın əşyalarını götürərək aeroporta yollandılar. Suraxanı dairəsini keçdikdən sonra Humay qəmgin gözlərlə günəşin altında qara ayna kimi parıldayan mazut gölməçələrini süzdü. Ətrafa yayılan boğucu iyin qarşısını almaq üçün şüşəni qaldırdı.

Səidə şəhərin girişində yolboyu uzanıb gedən gölməçələrə işarə edib:

– Üzünü turşutma, ay Humu, bunlar neft və milyonlar səltənətinin vizit kartıdır, – dedi.

II

Humay “AN-25” yük təyyarəsinin pəncərəsinin kənarındakı narıncı oturacaqda əyləşərək çiyninin üstündən boylanıb aşağı baxır, Batabatdan başlayaraq ta aeroportun üstünədək bir-birini əvəz edən boz dağları, yamyaşıl kəndləri, təpələrin arası ilə burula-burula gedən asfalt və torpaq yolları seyr edirdi. Təyyarə şəhərin üstünə çataraq şaqqıltı ilə təkərlərini açdı. Dönmək üçün sol qanadının üstünə əyiləndə Humay aşağını yaxşı görə bilmək üçün başını pəncərənin şüşəsinə yaxınlaşdırdı. O, gözlərini qırpmadan şəhərin çoxmərtəbəli evlərini, dümdüz küçələrdə şütüyən avtomobilləri, parklarda, bağçalarda gəzən adamları seyr edirdi.

Ürəyi atlandı. “Şükür qovuşdurana, artıq evimdə, doğma Naxçıvanımdayam”, – deyə fikirləşib alnını pəncərədən çəkdi. Ortalığa yığılmış yüklərin arasından çantasını tapıb götürdü, dizlərinin üstünə qoyaraq enəcəyi anı gözləməyə başladı. Budur, artıq təyyarə də yerə enmiş, meydanda fırlanaraq nəzərdə tutulmuş dayanacağa yan almağa çalışırdı.

Humay mühərriklərin gurultusundan və aşağı təzyiqdən batan qulaqlarını açmaq üçün bir neçə dəfə udqundu. Keyiyən çənəsini açıb-bağlayaraq barmaqları ilə ovuşdurdu. Təyyarədən enib hava limanının çıxışına gəldi. Taksilərdən birinə yaxınlaşıb sürücüdən onu Milax kəndinə aparmasını xahiş etdi. Qiymətdə razılaşıb yola düşdülər. Ərəzin yoxuşunu qalxarkən batmaqda olan günəşin şüaları arxadan avtomobilin salonuna dolur, Humayın boynunu, çiyinlərini isidib ilıq su kimi bədəninə yayılırdı…

Kəndlərinə gəlib çatanda qaranlıq yenicə düşsə də, hələ əl-ayaq çəkilməmişdi. Sürücüyə yolu göstərib maşını qapılarına sürdürdü. Mənzil başına çatdıqda taksini əylədib pulunu verərək endi. Yük yerindən çantasını götürüb həyət qapısını açdı.

Gülsarə tövlədəki beş-altı keçidən sağdığı südü götürərək evə getmək istəyrdi ki, darvazanın yanında dayanan avtomobilin səsinə ürəyi atlandı. Tez əlindəki süd dolu vedrəni dirəkdən asıb qapıya yönəldi. Qəlbində bütün hisslər bir-birinə qarışmışdı: sevinc, nigarançılıq, qürur və həsrət. Görəsən, gələn kim idi? Gözünün ağı-qarası, tək balası Humay idimi? Yoxsa qonşuları Xeybər kişinin tez-tez gəlib-gedən qonaqlarından biri idimi? Humay sürücüyə təşəkkür edəndə səsini eşidib tanıdı. Beş-altı metrlik yolu bircə anda quş kimi şığıyıb keçərək əlini darvazanın toxmağına atdı. Humay çöldən qapını çəkdiyi üçün əli boşa gedən Gülsarə bir anda onunla qarşı-qarşıya qaldı; İlahi, bu ucaboylu, incə, zərif qız, bu dünyalar gözəli onun qızı, Humayı idimi? Ah, görməyəndən bəri nə qədər də böyüyüb, necə də dəyişilib, gözəlləşmişdi… Bircə addım önə atıb qızını, doğma balasını qucaqlayıb bağrına basmaq, doya-doya öpüb qoxulamaq istəyirdi. Amma sanki illər öncə evin kandarında Ələsgərlə qarşılaşanda olduğu kimi, gözəgörünməz bir qüvvə onu yerə mıxlamışdı, tərpənməyə qoymurdu. Bu Humay da necə insafsızmış. “Heç olmasa, o, yaxın gəlib sarılaydı”, – deyə ürəyindən keçirdi. Ana ilə bala hərəsi açıq darvazanın bir tərəfində dayanıb bir-birilərinə baxır, gözlərindən daşan sellər yanaqlarından süzülüb axırdı. İkisinin də ürəyi sona yetən həsrətin sevincindən döş qəfəsində dura bilmir, qabırğalarını çəkic kimi döyəcləyir, sındırıb çıxmağa yer axtarırdı. Gülsarənin öncə sevdiyinin, sonra balasını itirməyin həsrətindən yanıb-qovrulmuş, zəif düşmüş qəlbi dözə bilmədi. O özündən gedib balasının qollarına yıxılarkən güclə adını çağıra bildi:

– Humu…

Humayın illərdir həsrət qaldığı bu tək kəlmə, adının atası tərəfindən edilmiş qısaltması qulaqlarında səslənəndə özünə gəldi. Ani həmlə ilə çantasını kənara atıb həyat lentinin yavaşladılmış axarında qolları boşalan, dizləri qatlanan anasını qucaqlayıb tutdu. Üzündən-gözündən öpərək:

– Ana, anacan, bax gəldim, artıq sizinləyəm, bax yanınızdayam! – dedi.

 Gilə səs-küyə aynabəndin qapısından çıxdı. Humayı görəndə: – Allah, sənə çox şükür, Allah, sənə çox şükür, nəzir-niyazım qəbul oldu, nəvəm gəldi, Allah, sənə çox şükür! – deyərək nəvəsinə yetişmək, öpüb-qoxulamaq üçün tələsdi. Sevincindən əli-ayağı bir-birinə dolaşdığından on-on beş metrlik yol bitib-tükənmirdi. Gəlib yanlarına çata bilmirdi ki, bilmirdi. Humay nənəsinə səslənib:

– Nənə, su gətir, anamın ürəyi getdi, – deyə kömək istədi.

Gilə yolüstü qarşısına çıxan dolçanı içində su varmı, yoxmu, baxmadan götürüb onlara tərəf gəldi. Lakin o, yanlarına çatmadan Gülsarə ayılıb özünə gəlmişdi. Ayaq üstə dayanmağa taqəti olmadığından Humaya:

– Bala, qoy bir hovur oturum, – deyib yaxınlıqdakı kötüyün üstündə əyləşdi.

Nənəsi ilə qucaqlaşıb-öpüşən Humay anasının qolundan tutub:

– Gəl, anacan, gəl gedək evimizə. Sizdən yana elə darıxmışam ki, lap burnumun ucu göynəyir, – deyərək açıq qalmış darvazanı çəkib örtdü.

Gilə:

– Bala, şükür ki, sağ-salamat gəldin. Aylardır burada sənsiz nə gün çıxır, nə ay batır. Qaranlıqda tək qalmış uşaq kimi nəfəs almaqdan qorxa-qorxa yolunu gözləmişik. Son beş-altı aydır nə bir xəbər almışıq, nə bir kağız. Adamın ağlına hər cür şey gəlirdi. Genə şükür, sağ-salamat gəldin, – deyə üzünü ağacların üstündən boylanıb ətrafı gümüşü işığa qərq edən dolunaya tərəf çevirdi. Salavat gətirib nəvəsinin çantasından tutdu, – gəlin, gəlin gedək evə.

Aynabəndə çatanda Gülsarə qapını açıb Humaya:

– Keç, qızım, keç, – deyib onu irəli ötürdü. Stolun üstündə yanan lampanın işığında saata baxıb, – indi harda olsa, işıqları yandıracaqlar, – dedi.

Nənə ilə nəvə keçib masanın ətrafında əyləşərkən Gülsarə pilətənin üstündə qaynayan çaydanı götürüb çay dəmlədi. Sevindiyindən nə edəcəyini bilmir, əli ayağına dolaşırdı. Humay onun qolundan tutub yaxına çəkdi, əlindən, saçlarından öpüb:

– Hələ gəl otur, danışaq, dərdləşək. Bir azdan özüm durub çay da dəmləyəcəm, yemək də hazırlayacam. Gəl otur, – deyib stula tərəf çəkdi.

– Ay bala, belə olmaz axı. Yoldan gəlmisən, acsan, susuzsan.

– Heç nə lazım deyil, bayaq Səidə ilə aeroportda restoranda əyləşib yemək də yemişik, çay da içmişik, – deyə stuldan qalxıb pəncərəyə tərəf gedən nənəsinə səsləndi: – Ay nənə, hara belə?

Gilə pəncərədən götürdüyü meyvə tabağını gətirib masanın üstünə qoyaraq:

– Hamısı öz həyətimizdəndir. Bu gün səninlə danışandan sonra anan yığıb gətirib ki, nə vaxt gəlsən, yeyəsən, –  dedi.

– Kənddə nə var, nə yox, ay ana, salamatlıqdırmı? Qohum-əqrəbadan ölüb-itən yoxdur ki? Evlənən, ali məktəbə girən? – deyə soruşub sual dolu gözlərini anasına dikdi. Kənddən uzaq qaldığı illər ərzində baş verən hər şeyi bir anda bilib-öyrənmək istəyirdi.

 – Qohum-əqrəbada şükür, salamatlıqdır. Cavanlardan evlənənlər var. Ölüm-itim də deyəndə ki, ay bala, ölüm yaşlılar üçündü, Allah cavanlara dəyməsin, – deyib boynunu bükdü, gözlərini endirdi.

– Cavanlara nə olub ki?

– Nə bilim, ay bala, sən özün də odun-alovun içindəydin, qara xəbəri yazmağa adamın əli gəlmir.

Humay qaşlarını çatıb anasına baxdı, narahatlıqla yerində qurcuxdu. Gülsarə tərəddüdlə də olsa. sözünə davam etdi:

– Keçən il Cəmaləddin şəhid oldu, bu ilsə Nəcməddin.

Ondan iki-üç yaş balaca olan bu oğlanların məktəbli vaxtları Humayın gözlərinin önünə gəldi. İkisi də ağıllı, mehriban uşaqlar idilər. Astaca: “Heyif onlardan, məkanları cənnət olsun”, – dedi. Göz bulaqlarında tumurcuqlanan yaşlar şişib-böyüdü, yanaqlarından enişə yuvarlandı.

Gilə köks ötürərək ona təsəlli verməyə çalışdı:

– Ağlama, ay bala, ta neyləyək, müharibə harada say-seçmə oğullar varsa, hamısını seçib apardı…

III

Humay ertəsi gün erkəndən qalxıb ailəsi ilə birlikdə yaxınlıqdakı məzarlığa yollandı. Atasının, bacısının və babasının yan-yana düzülmüş məzarlarını ziyarət edib dua oxudular. Bir-birilərinə sarılıb ağladılar. Onlar sadəcə Salahı, Ələsgəri, Dürdanəni ağlamırdılar. Həm də öz talelərinə, yarımçıq qalmış sevgilərinə, iki yaşlı qadının ikinəfərlik həyatının məhrumiyyətlərinə təkbaşına sinə gərmələrinin çətinliklərinə ağlayırdılar. İnsan həyatının müxtəlif dönəmlərini təmsil edən bu üç qoca, orta yaşlı və gənc qadın eyni anda qarışıq emosiyaların harmoniyasını yaşayırdılar. Gilə atasına, nakam köçən oğluna və həyatının baharında ayaz vurmuş çiçək kimi solub-gedən nəvəsinin dərdinə, həm də bir ocağın tək çırağı olan Humayın odun-alovun içindən sağ-salamat gəlməsinin sevincinə ağlayırdı. Gülsarə bir dekabr günü çovğunun həyatından alıb apardığı sevgisinə, həyat yoldaşına və onun yadigarına, Dürdanəsinə muğayat ola bilməməyinin peşmanlığı ilə özünü paralayır, həm də göz yaşları ilə iki ildir ki, müharibə adlı cəhənnəmdən sağ-salamat dönən Humayının gəlişini məzar daşlarına müjdələyirdi. Dodaqlarından ard-arda: “Ələsgər, rahat yat, Humumuz sağ-salamat evinə döndü”, – kəlmələri süzüldü. Humay babasının, atasının və bacısının yoxluğuna nə qədər üzülüb ağlayırdısa, ən azı o qədər də uzaqlardakı məzarlarda, bəziləri isə vətən torpağında məzarsız yatan Elçinə və neçə-neçə qəhrəman döyüşçülərimizə, hər biri qala burcu kimi pəhləvan oğullarımıza, erməni barbarları tərəfindən vəhşicə qətl edilən analarımıza, bacılarımıza, körpələrimizə ağlayırdı. Elə burada – atasının, babasının və bacısının məzarı üstündə düşmən arxasındaykən gördüyü dəhşətlər gözlərinin önündə canlanır, üzünün dərisi soyulmuş, gözləri oyulmuş körpələrə verdiyi sözləri xatırlayır, gözlərindən sular-sellər boşalırdı. Gilə və Gülsarə onun hönkürə-hönkürə ağlamasından, sel kimi axan göz yaşlarından, rənginin getdikcə sozalmasından qorxub:

– Ay qız, daha bəsdir ağladın, qalx gedək evimizə. Nə edə bilərik, atanın, bacının taleləri də belə, alın yazıları bu qədər imiş, qalx, qalx gedək evimizə, – deyir, onu səhərin alaqaranlığında məzarlığa gətirmələrinin verdiyi peşmanlıqla yanıb-yaxılırdılar. Amma nə anası, nə də nənəsi Humayın gözlərindən axan yaşların adi göz yaşları olmadığını bilmirdilər. Humay iki il boyunca döyüş yoldaşlarından fərqlənməmək, hətta yeri gələndə onlara nümunə ola bilmək üçün hisslərini, duyğularını basdırmış, göz yaşlarını içinə axıtmışdı. İndi burada, atasının məzarı üstündə daha öz mərdliyi, mətanəti ilə kiməsə nümunə olmasına gərək yoxdu. Kimsə ona baxıb qorxmayacaq, kimsə ondan örnək alıb cəsarətlənməyəcək, kimsə onun varlığı ilə ağrılara-acılara sinə gərməyəcəkdi. Artıq iki ildir, özünü saldığı qəlibdən, qorxmazlıq, cəsarət simvolu olma rolundan sıyrılıb özünə, qadınlığına, zərifliyinə dönmüşdü. İndi göz yaşlarının önündə qurduğu sədd yıxılmış, duyğularının önündəki bənd dağılmışdı.

Ürəkləri boşalıb gözlərinin yaşı quruduqdan sonra evə döndülər. Yolda Gilə onlardan ayrılaraq:

– “Sarı daş”a gedirəm, piltə yandıracam, – deyib getdi.

Humayla Gülsarə evə döndülər. Qızın gəlişindən xəbər tutan qonşular bir-birilərinə xəbər verir, ikibir-üçbir Gilənin evinin yolunu tuturdular. Günortaya yaxın evdə iynə atsan, yerə düşməzdi. Humayın gəlişindən xəbər tutan kənd Giləgilə axışırdı. Qonaqlar evə sığmadığından qadınlar ikigözlü möhrə evdə, ya da evin önündəki aynabənddə, kişilərsə həyətdə, yaxınlıqdakı məktəbdən gətirilən stullarda əyləşib söhbətləşir, cavanların süzüb önlərinə qoyduqları çaylarını içirdilər. Aralarında ailəyə yaxın olanlar Humayın müharibədəki qəhrəmanlıqları haqqında eşitdikləri hadisələrdən danışır, ətrafdakı uşaqlarsa eşitdikləri söhbətlərin birinin üstünə beşini qoyub şişirdərək bir-birilərinə anladırdılar.

       –  Humay erməninin generalını vurduqdan sonra mühafizəçilərini də öldürüb, generalın da başını kəsib gətirib atıb komandirinin ayaqlarının altına.

Digər bir uşaqsa:

– Müharibənin dayandığı gün Tərtər tərəfdə döyüşdəymişlər. Tank əleyhinə idarə olunan raketin heyəti gənc əsgərlərdən olduğuna görə əməlli ata bilmirmişlər. Humay nişançını kənara çəkib özü üç düşmən tankını vurub. İndi ona görə məzuniyyətə buraxıblar, – deyə sirli bir qürurla yorulmadan anladırdı.

Bir başqası isə Humayın Ömər aşırımında donmaqdan xilas etdiyi əsgərlərimizdən, onun “Loğman ana” adlandırıldığından danışır, hamısı ürəkdən qürurlanırdılar.

Günorta avtobusu ilə ətraf kəndlərin sakinləri də Humayın ziyarətinə gəlməyə başladılar. Qonşuluqdakı yeddi para kəndin camaatı bir-biri ilə qaynayıb-qarışdığından xeyirdə-şərdə mütləq iştirak edir, bir-birilərinin sevincləri ilə şadlanıb, dərdləri ilə üzülürdülər. İndi də o ətraf kəndlərin sakinləri Giləyə, Gülsarəyə gözaydınlığı vermək, Humayı cəbhədəki xidmətlərindən ötrü təbrik etmək üçün axın-axın gəlirdilər. İlk iki gündən sonra gələnlərin sayı azalmağa başladı. Üç-dörd gün sonra qohum-əqrəba xaric, gəlib-gedənlərin ayaqları kəsildi. Hər kəs ən azı bir dəfə ziyarət etmiş, ürəyində nə qədər xoş söz, xoş dilək vardısa, deyib getmişdi…

Ailəsi ilə baş-başa qaldıqdan sonra Humay öncə kəndlərindəki Şəhidlər xiyabanını, sonra da şəhidlərin ailələrini ziyarət etdi. Evlərinə gələndə anasından cəbhəyə getmədən Səidənin vasitəsilə göndərdiyi kitabları gətirməsini xahiş etdi.

– Humu, anan qurban, hələ bir-iki gün dincəl, bir az özünə gəl, sonra istədiyin qədər oxuyarsan.

– Yox, ana, iki ildir ki, universitetdən ayrıyam, gərək keçdiyimiz mövzulardan bacardıqca təkrar edim ki, növbəti kursda çətinlik çəkməyim.

Anası üzdə etiraz etsə də, qəlbində Humayın oxumaq, öyrənmək eşqinin sönmədiyinə sevinirdi. Qızını qucaqlayıb bağrına basdı, yanaqlarından öpüb: “Həkim balam”, – deyə pıçıldadı, azca geri çəkildi. Onu diqqətlə süzməyə başladı. Eynən körpəliyində, Gilə ona atası evinə dönməsini təklif edəndə olduğu kimi, Humay onun sinəsinə düşmüş hörüyü ilə oynayır, o isə qızının üzündə Ələsgərini axtarırdı. “İlahi, kirpikləri, gözləri, ağzı, burnu, dodaqları eynən Ələsgərdi, – deyə ürəyindən keçirdi, – elə ağlı, zehni, oxumaq, öyrənmək həvəsi də eynən atasıdır”.

Humay anasının sevgiylə parlayan gözlərinə, təbəssüm dolu dodaqlarına, məsum duruşuna baxıb:

– Nə olub, anacan, niyə elə baxırsan? – deyə soruşdu.

– Heç, quzum, səni verənə, sağ-salamat bizə qovuşdurana şükür! – deyə gülümsəyərək cavab verdi.

Günortadan sonra Humay kitablarının içindən bir neçəsini seçib götürdü, dəftər-qələmini də yanına alıb kəndin kənarındakı bağlarına yollandı…

Artıq o, hər gün səhər erkəndən qalxır, günortaya qədər ev işlərində anasına yardım edir, günortadan sonra kitab-dəftərini çantasına qoyub bağa yollanırdı. Burada günəş batıb qaranlıq düşənədək dayanıb-dincəlmədən oxuyurdu. Bəzən oxuduqlarından qeydlər götürür, dörd il boyunca Tibb Universitetində öyrəndiklərini təkrar etməyə çalışırdı.

Meyvə ağaclarının altında, yumşaq yaşıl otların üstündə oturub dərs oxumaq onun əhvali-ruhiyyəsinə yaxşı təsir göstərir, yaxınlıqdan axan Əlincə çayının qıjıltısı əsəblərini sakitləşdirirdi.

Bəzən gözləri kitabın sətirlərinə baxsa da, fikri uzaqlara gedir, xəyalı aylar, illər öncəsinə qayıdırdı. Yeniyetməlik, ilk gənclik dövrləri yadına düşür, qızlarla çeşmədə, çay kənarında oynayıb-əyləndiyi günləri xatırlayırdı. Sinif yoldaşları onlara hər 8 Martda nərgizdən, bənövşədən düzəltdikləri çiçək dəstələrini gətirir, bəzən yanlayıb aşağı siniflərdən aşiq olduqları qızlarla aralarını düzəltmələrini xahiş edirdilər. Bəzən institutda oxuduğu günləri xatırlayır, ogünkü əhvali-ruhiyyəsinə görə hərdən bir hadisə yadına düşürdü… Ən çox Elçinlə bağlı xatirələr gözlərində canlanırdı. Belə olduqda saatlarca bardaş qurub oturduğu yerdəcə üzünü ovuclarının arasına alıb sakitcə qalır, yerindən tərpənmirdi. Ona çay gətirən anasının, ya da yoldan keçərkən salam verən birinin səsindən, ya da yoldan ötən heyvanların birinin mələrtisinə, böyürtüsünə səksənib özünə gələnədək eləcə heykəl kimi qalırdı.

Anası onu bu halda görəndə ürəyi sıxıldı, başını qucaqlayıb bağrına basaraq:

– Nə olub mənim gözəl qızıma, yenə nə düşünürsən ki, bikefləmisən? – deyə soruşdu.

– Heç, ana, heç nə düşünmürəm.

Gülsarə qızının inadkar xarakterinə bələd olduğundan daha bir söz demədən ovcunun içi ilə onun yanaqlarını quruladı:

– Bax, sənə çay gətirmişəm, süzüm, iç, – deyə stəkanı termosdakı buğlanan çayla doldurub Humayın qarşısına qoydu.

Humay qənddandan bir konfet götürdü, yarısını dişləyib, çayından bir qurtum aldı. Ağzı yandı, üzünü büzüşdürüb qaynar çayı udmağa çalışdı.

Anası:

– Can, can, ay bala, allah məni öldürsün! Gözlə soyusun da, – deyə narahat oldu.

– Nə bilim, ay ana, qaynar ola biləcəyini düşünmədim.

– Diqqətli ol, başına dönüm… Nə vaxt bura gəlirəm ki, fikirlisən. Heç bilmirəm bağa dərs oxumağa gəlirsən, yoxsa keçmişdə baş verənləri düşünüb dərdlənməyə…

Humay əlindəki stəkanı nəlbəkiyə qoydu, dizlərini qarnına çəkib ayaqlarını qucaqlayaraq çənəsini dizlərinə söykədi. Gözlərini çayın o tərəfində yüksələn sərt yamaclı qumsal dağlara zilləyərək:

– Heç mən özüm də bilmirəm, ay ana… Kitabı önümə qoyuram ki, dərs oxuyum, bir neçə səhifədən sonra yazılar itir, yaşadıqlarım başlayır gözlərimin önündən axmağa. Hansı səhifəni çevirirəmsə, eyni şeyi görürəm, – savaş, qan, göz yaşı…

Gülsarə qızının saçlarını öpüb qoxlayaraq:

– Hər şey arxada qaldı, qızım, savaş da, qan da, göz yaşı da,– deyə onu sakitləşdirməyə çalışdı. –  Bax, artıq evimizdəsən, çox şükür, sevinc var, xoşbəxtlik var. İndi dünyada məndən, Gilə nənəndən bəxtəvər heç kim ola bilməz.

Humay başını əyib anasına söykədi, qolunu boynuna salıb onu qucaqladı:

– Elə deyil, anacan, mənim düşüncələrim nə özümüzlə, nə evimizlə bağlı deyil.

Gülsarə onu yaxşı anlasa da, sakitləşdirmək, təsəlli etmək istədi:

– Bilirəm, ağıllı qızım, anan sənin nə çəkdiyini, qəlbindən nələr keçdiyini anlayır, başa düşür. Deməyim odur ki, özünü öldürməklə deyil, ölənlə ölmək olmur, gözəl qızım. Neyləmək olar, Dilavər dayının bir yaxşı sözü var: “Dərd insan üçündür…” Həm də yaşadığımız hər şeydə alın yazımızın, taleyimizin bir payı var.

       –  Məsələ, sadəcə, Elçin deyil. Mən müharibənin yarımçıq qalması ilə barışa bilmirəm… Bu savaşda təbliğat-təşviqat işləri düzgün təşkil olunmadığından insanlar nə ordumuz, nə də cəbhədəki vəziyyət barədə yetərincə məlumatlandırılmadılar. Nəticədə də millət-ordu birliyi alınmadı və biz uduzduq… Yəni bu günün işini sabaha saxladıq… Bizim hələ alınacaq qisasımız, azad olunacaq torpaqlarımız var, ana…

 Gülsarə qızının saçlarını oxşayıb:

      –  Anan qurban, sən hələ cavansan, qanın qaynayır. Bir də özünü mənim kimi gözü yolda, qulağı səsdə qalan anaların, evinə bayrağa bükülü tabut gələn valideynlərin yerinə qoy. Müharibə bitsin deyə hamının əli duadaydı.

 Humay başını anasının çiynindən qaldırıb üzünə baxdı. Baxışlarıyla yaylığın altından çıxmış saçlarını oxşayıb boynunu qucaqladı. Onun üzündəki təbəssümü görcək, Gülsarənin eyni açıldı:

– Anan qurban, qalx gedək evimizə, bu gün oxuduğun daha bəsdir.

Humay gözlərini qıyıb qüruba enməkdə olan günəşə baxdı. Anasına dönərək sakitcə:

         –  Anacan, sən get evə, mən beş-on səhifə də oxuyub gələrəm, – dedi.

Gülsarə qızının saçlarını oxşadı. Ayağa qalxarkən ovcunda topladığı uzun ipək saçlarından öpüb qoxusunu ciyərlərinə çəkdi:

         –  Axşama nə bişirim?

         –  Nə bilim, ay ana, mənimçün fərqi yoxdur, ürəyiniz nə istəyir, bişirin.

Gülsarə getdikdən sonra Humay bütün diqqətini kitaba cəmləyib oxumağa başladı. Səhifələri diqqətlə oxuyur, bəzi yerlərdə sətirlərin altından xətt çəkib işarələyir, bəzi abzasları dəftərinə köçürürdü. Toran düşüb hərfləri seçə bilməyəndə ayağa qalxdı, dəftər-kitabı toplayıb çantasına yığdı, evin yolunu tutdu.

Bir neçə gün sonra yenə Humay bağda dərsləri üzərində çalışır, kitablarını oxuyurdu. Axşam tərəfi idi. Xəfifdən əsən meh ağacların yarpaqlarını bir-birinə sürtüb xışıldadır, qurdlanıb xarab olmuş almalar, armudlar saplaqlarından üzülüb yerə düşürdülər.

Humay başını qaldırıb yarpaqların arasından ala-tala görünən səmaya baxdı. Hər tərəfdən gələn buludlar bir nöqtədə sıxlaşıb burulğan yaradır, ağ buludlar qara rəngin müxtəlif tonlarına bürünürdülər. “Deyəsən, yağacaq”,– deyə düşünüb, gözlərini səmadan çəkdi. Kitablarını toplayıb çantasına yığdı. Səidəyə məktub yazmaq üçün dəftəri götürüb ortasından  vərəq çıxardı. Çantasının üstünə qoyub: “Nə yazım?” – deyə düşündü. Bir tərəfdən də yaxınlıqdan axan çayın qıjıltısına fikir verir, məktubla çayın melodiyasını eyni notlarda birləşdirməyə çalışırdı.

“Əziz Səidəm, salam. Necəsən? Səni Milax kəndindən, Əlincə çayının daşlara vurub ətrafa yayılan qıjıltısı altında sevgiylə salamlayır, hər gününün bir öncəkindən gözəl keçməsini diləyirəm. Bizim buralarda havalar xoş, temperatur əladır. Ümid edirəm ki, Bakıda, Abşeronda da eynən bizimki kimidir. Mən kəndə gələndən sonra üç-dörd gün başım qohum-əqrəbayaa, qonaqlara qarışdı. Sonrakı günlərdə iki il öncə kəndə göndərdiyim kitabları götürüb oxumağa başladım ki, həkimliyə aid unutduğum şeylərin, heç olmasa, bir qismini yenidən xatırlayım. Keçən həftə şəhərə getmişdim. Əcəmi seyrəngahını, Xan sarayını gəzdim. Möminə xatun türbəsini ziyarət etdim. Sonra kitabxanaya getdim və travmatologiyaya aid tapa bildiyim kitabları aldım. İndi alma ağaclarının altında əyləşib həmin kitabları oxuyuram. Əgər alınarsa, gələn həftənin sonuna doğru gəlməyi planlaşdırıram. Səndən xahiş edirəm ki, mənimçün hospitalın yaxınlığında kirayə evlərlə maraqlanasan. Həm universitetə bərpa olunub təhsilimi davam etdirmək, həm də hospitala işə düzəlib tibb bacısı işləmək istəyirəm.

Yaz görüm, sən necəsən, işlərin necə gedir? Ümid edirəm ki, səndə də hər şey yaxşıdır. Anana məndən çoxlu salam-dua de.

Hörmətlə, Humay.

Milax, 26 iyul 1994-cü il.”

Məktubu bitirib qatladı, dəftərin içinə qoyaraq dodaqaltı:

         –  Evə gedəndə zərfə qoyub poçtdan yola salaram, getsin. –  Və qaşlarını çatıb: – Bəlkə, elə mən özüm məktubdan qabaq çatdım, – deyə düşününcə dodağı qaçdı.

O, ayağa qalxıb üst-başını düzəltdi, üz-gözünə, sinəsinə tökülmüş saçlarını toplayıb kürəyinə atdı. Çantasını çiyninə keçirib bağın qapsağına yönəldi. Artıq yağış çisələməyə başlamışdı. Yola çıxıb iti addımlarla evlərinə doğru irəlilədi. Yağış damcıları saçlarına, çiyinlərinə düşüb isladır, alnına, yanaqlarına toxunub bədəninə sərinlik yayırdı. Otlaqdan qayıdan quzu sürülərinin yanından keçdi. Azyaşlı çobanlarla salamlaşıb mələşən quzuları, çəpişləri baxışları ilə oxşadı. “Kaş mən də bu uşaqlar kimi dərdsiz-qayğısız olaydım”, – deyə ürəyindən keçirib ah çəkdi.

Evlərinə yaxınlaşarkən anası ilə rastlaşdı. O, Humayın kapyuşonlu köynəyini də götürüb ardınca gəlirdi:

– Köynəyini gətirirdim ki, islanmayasan.

         –  Ehtiyac yoxdu, ay ana, kəsək deyiləm ki, islanmaqdan qorxam.

– Yenə də olsun, ay bala. Al, at çiyninə, – deyib köynəyi Humaya uzatdı.

Humay köynəyi almadı. Dayanıb başını yuxarı qaldıraraq gözlərini yumdu. Yağış damcıları üzünə, göz qapaqlarına düşür, çənəsindən süzülüb boynunu, boğazını isladırdı. Gülsarə havada qalmış əlini geri çəkib qızına baxdı. Onun dodaqları kədər qarışıq təbəssümlə büzülmüşdü. Və bu təbəssümdə nələrin, hansı hisslərin gizləndiyini Gülsarə heç vaxt bilməyəcəkdi…

Anasının məktubu kənd poçtundan yola salmasından beş gün keçirdi. Humay artıq kitabxanadan gətirdiyi bütün kitabları oxuyub-bitirmiş, dəftərinə xeyli lazımi qeydlər etmişdi. Erkəndən qalxıb geyindi, kitabları çantasına yığaraq:

 – Mən bu gün gedim kitabxanaya, kitabları qaytarım, Bakıya bilet alıb gəlim.

Gülsarə nə edəcəyini bilmədən çarəsiz-çarəsiz etiraz etdi:

         –  Ay bala, biz heç sənə doymadıq axı…

Gilə də gileyləndi:

         – Üç ildir, uzaqlardasan, gəldiyindən bəri də iki gün üzünü göstərdin, sonra gedib dadandın bağa ki, dərs oxuyuram. Biz heç səni doyunca öpüb-qoxulaya bilmədik. Doyunca danışıb dərdləşə bilmədik. İndi də çıxıb getmək istəyirsən. Ay rəhmətliyin qızı. Qal bir doyunca üzünü görək də.

        Humay onları sonunadək dinləyib saatına baxdı. Qaşlarını çataraq:

        – Elə bu gün getmirəm ki. Hələ bilet alacam. Daha neçə gün burada qalsam, söz verirəm, bütün vaxtımı sizə ayıracam, – deyə onları sakitləşdirməyə çalışdı.

Gülsarə bu qaş çatmağın mənasını anladığından qızının üstünə getmədi, qayınanasına işarə edib:

       –  Yaxşı, ay bala, ta sən özün bilərsən, – deyib sakitcə kənara çəkildi.

Humay səhər yeməyini yeyib qonşu otağa keçdi. Əynini dəyişib saçlarını daradı. Əşyalarını götürüb qapıxanaya gələndə Gilə oturduğu yerdən nəvəsini heyranlıqla süzüb:

– Maşallah, nəvəm ay parçasıdır, – deyərək onu sevələdi. Humay nənəsinin xoş sözlərinə təbəssümlə qarşılıq verərək yaxınlaşıb əyildi. Onun üzündən öpüb:

– Nənəmin ürəyi nə istəyir, alıb gətirim onunçün, – deyə könlünü xoş etdi.

– Heç nə, bala, sağ get, salamat gəl. Axşam da şəhərdə qalma, qayıt evimizə, – deyib kövrəldi, dodaqları titrədi. Humay anası ilə sağollaşmaq üçün üzünü ona çevirdiyi üçün nə nənəsinin titrəyən dodaqlarını, nə də dolan gözlərini gördü. Ancaq Gülsarə qayınanasının haldan-hala düşdüyünü görən kimi, Humay bir şey hiss etməsin deyə onu tələsdirib otaqdan çıxartdı:

        –  Gəl, qızım, avtobusa gecikərsən. Gəl gedək, səni yola salım.

Gilənin qəhərlənməsi Gülsarəyə də təsir etmişdi, çünki o, qayınanasının niyə doluxsunduğunu bilirdi. Tam iyirmi üç il yarım öncə, qarlı-çovğunlu bir dekabr günü Ələsgəri də beləcə yola salmışdılar. Və o bir daha geri dönməmişdi…. Amma indi Humay dönəcəkdi. O bunu adı kimi əzbər bilirdi. Gözünün ağı-qarası, bircə balası odun-alovun içindən sağ-salamat dönmüşdüsə, demək, artıq ona zaval yoxdu. Hara getsə, nə çətinliyə düşsə də, qayıdıb yanlarına gələcəkdi. Gülsarə buna bütün varlığı ilə əmindi…

Humay anası ilə birlikdə darvaza qapısından çıxıb poçt yoluna doğru yönəldi. Çantasını anası daşıyırdı. Qeyri-ixtiyari dönüb çiyninin üstündən arxaya boylandı. Nənəsi darvazanın ağzındakı iri sal daşın üstündə oturub onlara baxırdı. Sanki beli əyilmiş, üz-gözü qırışmış, saçları ağarmışdı. “Arvada nə oldu belə?” – deyə ürəyindən keçirib onun könlünü almaq üçün gülümsədi. Üzünü anasına çevirib:

        –  Nənəmlə necə yola gedirsiniz? İncitmir ki, səni?

        – Necə olacaq, ay bala? Hərəmiz öz dərdimizi dalımıza şəlləyib yaşayırıq da. O məni incitmir, mən də onun hörmətini saxlamağa çalışıram. Elə əvvəldən necə görmüsənsə, indi də eləyik.

       – İnsan yaşlandıqca uşaqlaşır, nazlı olur, kövrək olur, tez küsür… İncitmək deyəndə o mənada dedim.

       – Narahat olma, ay bala. Yazıq nənən də, mən də bu neçə ildə nə odlar ayaqlamışıq… Ən yaxın dostdan yaxın dost, ən yaxın rəfiqədən yaxın rəfiqə olmuşuq. Dərdimiz də birdir, sirrimiz də…

Onlar yolboyu qarşılarına çıxan həmkəndliləri ilə salamlaşa-salamlaşa gəlib poçt yoluna çıxdılar. Gülsarə havaya baxıb:

– Yəqin, avtobus harada olsa, bir azdan gələr, – dedi.

Avtobus yuxarı döngədən çıxanda Humay gözəyarı məsafəni, avtobusun hərəkət sürətini və bucağını ölçüb, qeyri-ixtiyari: “Sol yanağından nişan al, tətiyi çəkdikdən yarım saniyə sonra güllə alın sümüyündən keçib beynini dağıdacaq”, – deyə pıçıldadı. Anası onun nə dediyini anlamadığından başını irəli əydi:

      –  Nə deyirsən, Humu, başa düşmədim.

       Humay yuxudan ayılıbmış kimi səksənib:

      – Heç, ana, heç nə demirəm, – deyə cavab verdi. “Lənət şeytana, bu qarabasmalar da məndən əl çəkməyəcək ki”, – deyə düşündü.

Artıq avtobus gəlib çatmış, bir addım önlərində dayanmışdı. Anası ilə görüşüb, avtobusa mindi. Boş yer taparaq keçib əyləşdi…

Axşamüstü elə həmin yerdə – yol ayırıcında avtobusdan enəndə anası ilə nənəsi yolun üst tərəfində, kölgəlikdə oturub onu gözləyirdilər. Onlara yaxınlaşıb gülərək:

        – Burada niyə oturmusunuz? Qorxdunuz ki, birbaşa çıxıb gedərəm Bakıya? – deyə soruşdu.

        Nənəsi gülümsəyərək cavab verdi:

        – Yox, ay bala, evdə darıxırdıq deyə endik aşağıya.

Anası isə yalan danışmaq istəmədiyindən gözlərini qaçırıb:

– Bilet aldınmı? – deyə soruşdu.

         –  Hə, ana, ayın onuna aldım, birinci reysə.

Gülsarə nəsə demək, qızının tez qayıtmasından gileylənmək istədi. Ağzını açdısa da, heç nə deməyib susdu. Gilə isə dayana bilmədi:

        – Ay bala, məktəblərin açılmağına hələ çox var, niyə tələsirdin? Olmaya, kənd darıxdırır səni?

        –  Yox, nənə, niyə darıxdırsın ki? Dərslər başlamadan öncə getməliyəm ki, bərpa üçün rektorluğa ərizə yazıb müraciət edim. Həm də xəstəxanaların birində iş tapım ki, sizə yük olmayım.

Gülsarə incimiş halda boynunu çiyninə qoydu:

       –  Bir də elə söz demə, Humu, sən heç vaxt bizə yük olmamısan, olmazsan da.

       –  Nəyin bahasına olursa-olsun, məni oxudacağınızı bilirəm. Ancaq işləsəm, yaxşıdır, ay ana, həm də mənimçün praktika olacaq.

       –  Nə həkimi işləyəcəksən?

       –  Hələ ki, tibb bacısı. Universiteti bitirməmiş həkim işləməyə qoymazlar ki.

Gilə yolboyu susub gəlini ilə nəvəsinin söhbətinə qulaq asır, qürurdan, fərəhdən köksü qabarırdı. İllər öncəni xatırladı. Gözlüklü həkimin qəbuluna getməklərini, onun Ələsgərin gözlərinə oxşayan gözlərini, eynən Ələsgərinki kimi yumşaq, oxşayıcı baxışlarını, Dürdanənin səhhəti ilə bağlı xəbəri verdikdən sonra kreslosunda büzüşüb yumağa dönməsini xatırladı. Gözləri doldu, dodaqları titrədi. Göz yaşlarını gizlətmək üçün ayaqlarını yeyin-yeyin götürüb önə keçdi. Artıq çəpərlərinə çatmışdılar. Darvazanı açdı, gəlini ilə nəvəsi həyətə daxil oldu.

Gilə darvazanı örtmək bəhanəsi ilə geridə qalıb gözlərini sildi. Dodaqaltı: “Mənim nəvəm hər kəsi müalicə edəcək, kimsəyə qara xəbər verməyəcək”, – deyə özünə ürək-dirək verdi.

IV

Ayın doqquzu idi. Şər qarışanda heyvanları rahatlayıb yeməklərini yedilər. Sonra qohum-əqrəba, dost-aşna gəldi. Onlar da çaylarını içib Humaya yaxşı yol dilədikdən sonra dağılışıb getdilər. İndi evdə üçü qalmışdı – nənə, gəlin və nəvə… Sabah nəvə də gedəcəkdi. Yenə ikisi qalacaqdılar… Gilə gəlininə səsləndi:

         –  Güsü, oradan dayının patefonunu gətir.

Gülsarə səksəndi. Eynən illər öncə, Ələsgər gəldiyi vaxt səsləndiyi kimi səslənmişdi. Eyni tonda, eyni sözlərlə… Bir an duruxdu. Amma az sonra heç nə demədən gedib patefonu gətirdi. Qayınanası iri yun döşəkçənin üstündə əyləşib mütəkkəyə söykənmişdi. Hər zaman başında olan örpəyinin, yenə də adəti üzrə, bir ucunu kürəyinə, digər ucunu sinəsinə atmış, yaşmağını dodaqlarının üstünə çəkmişdi. Əlindəki iri dənəli kəhrəba təsbehi çevirməkdə idi. Gülsarə yaxınlaşıb onun qarşısında diz çökdü, patefonu yerə qoyub qapağını açdı, geri çəkildi. Gilə gözucu patefonun içinə nəzər saldı. Tozlanmışdı… Arabir üstü silinsə də, iyirmi üç il idi ki, qapağı açılmamışdı. Əyilib tozunu üfürdü, yaylığının ucu ilə silib təmizlədi. O qədər ehmalca, o qədər ehtiyatla silirdi ki, sanki qucağındakı körpənin yanaqlarını oxşayırdı… Sonra valı yerinə qoyub patefonun böyründəki qolu çevirdi. İynəni valın ortasına qoyub qolu buraxdığında Xan Şuşinskinin “Qarabağ şikəstəsi”nin sədası dalğa-dalğa yüksəlib otağı doldurdu…

Gülsarənin də gözləri dolmuşdu. Bu səhnə həm Gilə, həm də Gülsarə üçün illər öncə yaşanmış bir anın təkrarı idi. Otaqda iki nəfər az idi – Salah baba və Ələsgər. Humaysa o zaman körpə, şirin bir qızcığaz idi. Amma indi Tibb Universitetinin dördüncü kursunu bitirmiş, milli-azadlıq  hərəkatının iştirakçısı, Qarabağ savaşının qəhrəmanlarından biri, adlı-sanlı “Yalquzaq” idi…

Salah kişiylə Ələsgər isə həyətlərindən az aralıdakı məzarlıqda yan-yana yatmaqda idilər.

“Qarabağ şikəstəsi” bitəndə otağa sakitlik çökdü. Gilənin sinəsinin xışıltısından başqa bir səs eşidilmirdi.

Humay valı dəyişib digər üzünü yerləşdirmək istəsə də, cəsarət edə bilmirdi. Sanki otaqdakı ab-hava onu da ağuşuna almış, illər öncəsinə uşaqlığının xatırlaya bimədiyi dərin çağlarına aparmışdı. Dirsəklərini dizlərinə söykəyib, ovuclarını birləşdirmiş, barmaqlarını çənəsinə dayaq vermiş, oturduğu yerdəcə daşa dönüb qalmışdı. Sanki üçü də ayində idilər. Nə tərpənmək olardı, nə də danışmaq. Ehmalca baxışlarını nənəsinə döndərdi.

Gilə başını arxasınadakı divara söykəmiş, gözlərini yumub oturmuşdu. Arıq, damarları üzə çıxmış, quruyub ağaca dönmüş əli açılmış, təsbehi dizlərinin arasına, yedditaxta tumanının ətəyinə düşmüşdü. Ağır-ağır qalxan sinəsi hər endikcə köhnə, yamaq-yarıq körük kimi xışıldayırdı. Gözlərini anasına sarı çevirdi. O, ayaqlarını altına yığıb oturmuş, əllərini dizlərinin üstünə qoymuşdu. Onun da başında yaylığı var idi. Yaşmaq tutmamışdı. Yaylığının altından dən düşmüş ipək saçları görünürdü. Uzun kirpikləri yumulu gözlərindən qaynayıb-çıxan damlaları yanaqlarına ötürüb yenidən dikəlirdilər. Üstdən aşağı yuvarlanan büllur dənəciklər yanağında iz qoyub dodaqlarını da isladır, çənəsinə doğru süzülürdü.

Humay gözlərini anasından çəkib patefona dikdi:

         –  Bu mənzərənin günahkarı sənsən, patefon… Görəsən, özündə hansı sirləri gizlədirsən belə? – deyə xəlvətcə soruşdu… Sonra keçmişi xatırladı. Məktəbli vaxtlarında bir neçə dəfə patefonu götürüb qurmaq, vallarındakı mahnılara qulaq asmaq istəmişdi. Hər dəfəsində ya nənəsi, ya da anası onun üstünə acıqlanmış, “Səninçün uşaq oyuncağı deyil bu”, – deyə onu azarlamışdılar…

Sükut ayinini nənəsi bitirdi:

        –  Dağılasan belə dünya, – deyib, dərindən bir ah çəkdi. Sonra əlini uzadıb ətəyinin üstünə düşmüş təsbehini götürdü. Anası burnunu çəkdi. Yaylığının ucu ilə gözlərini quruladı. Humay hələ də çənəsini əlinə söykəyib oturmuş, baxışları gah nənəsinin, gah da anasının üzündə dolaşırdı. Bir azdan işıqlar kəsildi. Gülsarə: “On iki oldu”, – deyib ayağa qalxdı, pəncərədən süzülən ayın işığına gedib qonşu otaqdan neft lampasını götürdü. Kibrit yandırıb işığına piltənin ucunu sildi, yandırıb lampanın şüşəsini yerinə salaraq gətirib gəldi. O gələndə Humay divar saatına sarı boylanıb:

         –  Hər kəs işıq idarəsi kimi dəqiq işləsə, beş ilə vətənimiz cənnətə dönər, – dedi. Anasının qaşlarını çatıb üzünə baxdığını görüncə saata işarə etdi, – qoymazlar bir dəqiqə artıq yansın, iki saat tamam olan kimi söndürürlər.

– Hə, qızım, biz alışmışıq daha. Müharibə başlayandan ermənilər qazımızı da kəsiblər, işığımızı da. Yerli istehsal da camaatın ehtiyacının yarısını ödəməyə ancaq çatır. Ona görə də yaz-qış işığı iki saat verib, iki saat kəsirlər. Hələ bura kənddi, biz qışda odundan, kərmədən bir şey tapıb yandırırıq. İndi gör şəhərdə, binada yaşayanlar nə çəkir? Yayda bu zəif işıqla kondisioner işlədə bilmir, istidən bişirlər, qışda da elektrik sobasını yandıra bilmədiklərindən soyuqdan donurlar…

Gilə təsbehinin iri dənələrini barmaqları arasında çəkib şaqqıldada-şaqqıldada gəlini ilə nəvəsinin söhbətini dinləyirdi. Bayaqkı ab-havadan çıxmaq üçün fürsət tapdığına sevinibmiş kimi söhbətə qoşuldu:

– İldən-ilə insanların yaşayışı, dolanışığı düzəlir, yaxşılaşır. Doğrudur, indi müharibədir, çətinliklər var. Amma nə qədər qıtlıq, yoxluq olsa da, bizim gördüyümüz qıtlığın yanında əsl bolluqdur… O vaxtlar kolxozçunun əlindəki hər şeyi alıb aparırdılar cəbhəyə. Bir fikirləşən yoxuydu ki, bu camaat nə yeyəcək, nə içəcək, balasına nə verəcək… Yazda inəkəmcəyi, topalaq, murçalıq, kəngər, buğatikanı, laləynən başımızı aldadır, yayda üzüm yarpağını çörək əvəzi qatığa batırıb yeyirdik ki, acından ölməyək. Neçə-neçə körpənin ot-ələf yeməkdən qarnı şişdi, partlamaya düşüb öldü, – Gilənin gözləri nəmləndi, – o xalçanı yenicə toxumuşdum, – deyib divardakı üzərində ceyran şəkli toxunmuş xalını göstərdi. – Bir gün qonşuynan sözümüz oldu, savaşdıq. Dedi, sən öləsən, gedib şikayət edəcəm ki, Gilə qolçomaqdı, evində yatırım var…

Gülsarə ehtiyatla qayınanasının sözünü kəsdi:

– Yaxşı tay, ay ana, keçmiş keçmişdə qaldı, indi şükür, müstəqilik, heç o vaxtlar kimi yoxluq, yoxsulluq da yoxdu. Elə insanlar naşükürdürlər. Həmişə daha rahat yaşamaq, daha yaxşı gün görmək istəyirlər..

Gilə astaca əlini dizinə çırpıb: – Cavanlıqda olmadı, görmədik, vay heyif! Qocalıqda oldu, geymədik, utandıq, vay eyib! – deyərək susdu.

Gülsarə qızının yuxulu gözlərinə baxıb:

         –  Dur, yerini salım yat, sabah yol gedəcəksən.

         Humay sanki bu təklifi gözləyirmiş kimi əsnəyib ayağa qalxdı, yatağına doğru yönəldi.

…Ertəsi gün erkəndən qalxıb əynini geyindi, həyətə çıxıb əl-üzyuyanda yuyundu. Ovuclarını birləşdirib əlüzyuyanın iynəsini hər qaldırdıqca iynənin yan-yörəsindən axan su əllərindən başlayıb bütün bədəninə sərinlik qatır, yuxunun gözlərindəki son qırıntılarını alıb-apararaq yerinə gəncliyini, dincliyini, enerjisini gətirirdi. Yuyunduqdan sonra dirəyə asılmış dəsmalı götürüb qurulandı, əlindəki çalğı ilə küçə tərəfdən gələn anasını salamladı:

       –  Günaydın, anacan.

       –  Sabahın xeyir, qızım, niyə belə tez durmusan?

       – Narahat olma, yuxudan doymuşam. Nənəm də çay dəmləyir. Gəl gedək, çörəyimizi yeyək.

Birlikdə evə keçdilər. Humay yeməyini yeyib, axşamdan yığdığı çantasını, çamadanını və anasının onunçün hazırladığı bağlamanı götürdü. Evdən çıxarkən Gilə ardınca qapıya çıxdı:

– Tələsmə, qızım, biz də gəlirik, səni yola salaq.

Birlikdə poçt yoluna endilər. Humay asfaltın kənarında dayanıb yaşıllıq içindəki həyətlərə, meyvə dolu ağaclara baxır: “Kəndimiz xeyli böyüyüb”, – deyə düşünürdü.

Az sonra avtobusun mühərrikinin səsi gəldi. Birlikdə yolun yuxarı tərəfindəki döngəyə boylandılar. Narıncı rəngli “PAZ” avtobusu biyara gedən kəndli kimi könülsüz, taqətsisiz halda onlara tərəf gəlirdi.

Gilə:

          – Əlicandı, tapşıracam, səni aeroporta qoysun, – dedi. Nəvəsinə sarıldı. Yaşmağını endirib onun üzündən-gözündən doya-doya öpdü. Sıra Gülsarəyə gəlmişdi. Qızını qucaqlayıb öpdü, öpdü… Bərk-bərk sinəsinə sıxıb saçlarının ətrini ciyərinə çəkdi. Humay anasından ayrılıb yanlarında dayanmış avtobusa minərkən Gilə də onun gediş haqqını ödəyib sürücüdən nəvəsini aeroportda endirməsini xahiş etdi.

Nənə ilə ana yola düşən avtobusun ardınca əl yaylıqlarını yelləyib gözlərini sildilər…

V

Humay avtobusdan enib çantasını çiyninə asdı. Şeylərini götürüb aeroportun inzibati binasının giriş qapısına yaxınlaşdı. Qapıya aparan dəmir barmaqlıqlı yol əlində bileti olan-olmayan sərnişinlərlə dolu idi. Ağız deyəni qulaq eşitmir, kimsə kimsəyə güzəşt edib geri çəkilmək istəmirdi. Qapının önündə dayanmış kök, ortaboylu polis kapitanı sərnişinlər arasında qayda-qanun yaratmağa çalışsa da, sözünü heç kimə dinlədə bilmirdi. Arabir hasarlardan kənarda dayananlardan biri ona müraciət edərək: – Akif əmi, mən burdayam, ya da məni filankəs göndərib, – deyə var səsi ilə bağırırdı. Akif arabir gözlərini yoxladığı sənədlərdən çəkib, camaatın üzərində gəzdirir, tanıdığı birini gördükdə barmağı ilə işarə edərək: “Sən gəl”, – deyə yanına çağırırdı.

Basabasın içində addım-addım irəliləyən Humayın ürəyi sıxılır, əsəbləri tarıma çəkilirdi. Üfüqdən xeyli qalxmış sabah günəşi də bir tərəfdən üzünü, çiyinlərini yandırıb-yaxırdı. Tərlədiyini hiss etdi, susamışdı. Ətrafına boylandı. Köşklər, çayxanalar xeyli aralıda idi. Yerini tərk edib su axtarmağa getsə, girişə doğru sıxılıb butılka forması alan kütlənin onun boşluğunu anında dolduracağını bilirdi. Dodaqaltı deyinib yanında bir şüşə su götürmədiyi üçün özünü qınadı. Bu hava limanında biletin batmadığını bilirdi. Amma sonrakı təyyarənii gözləməkdənsə, qızmar günəş şüalarının altında dayanıb susuzluğa dözmək daha yaxşı idi…

Santım-santım irəlilədiyindən bir saata cəmisi beş-altı addım yol qət edə bilmişdi. Amma olsun, artıq dəmir barmaqlıqlı yolun bir addımlığında idi. Daha on beş dəqiqə və budur, Akifin qarşısında dayanıb qırmızı rəngli sovet pasportunu ona uzatmışdı. Olmayan ölkənin vətəndaşlıq pasportunu…

Polis kapitanı sənədlərini yoxlayıb geri qaytardı. Onun yanından keçib alüminium qapını döydü. Qapı böyürdən açıldı. O sivişib içəri girər-girməz qapı ardınca şaqqıltı ilə bağlandı. Hava limanının binasına daxil olarkən dərindən bir nəfəs alıb: – Çox şükür, – dedi. Doğrudan da, bura qədər gəlib çatıbsa, şükür etməyə dəyərdi. Çünki binaya daxil olmaq elə təyyarəyə minmək kimi bir şeydi…

Gömrük nəzarətindən keçmək üçün sıraya girərkən fürsət tapıb pəncərədən çölə boylandı. Qapının önü yenə məhşər yerini xatırladırdı. Adamlar nəinki azalmamışdılar, hələ xeyli artmışdılar da…

Çamadanını baqaja verdi. Əlindəki çantası ilə gömrük prosedurlarını keçib inzibati binadan çıxdı. Təyyarəyə yaxınlaşdı. Trapın pillələrini qalxarkən sənədlərini uzatdığı stüardessa biletini qatlayıb kənarını cırdı, əyləşəcəyi yerin nömrəsini deyərək, onu birinci salona yönləndirdi. Sovet istehsalı olan təyyarələrdə ağırlıq balansı pozulmasın deyə minərkən əvvəlcə birinci salonun sərnişinlərini yerləşdirir, yerə endikdə isə əvvəlcə ikinci salonu boşaldırdılar.

Saatına baxdı, xeyli vaxt keçmişdi. “Görəsən, niyə getmirik?” – deyə narahatlıqla ətrafına boylandı. Fəhlələr salona daşıdıqları iri bağlamaları gətirib tualetin önünə və pilot kabinəsinin girişindəki boşluğa yığırdılar. Ardınca yeni sərnişinlər gələrək, dəhlizdə başlarının üstündəki yük yerlərindən tutaraq yan-yana düzüləndə heyrətlə: – Yox artıq, – deyərək dodağını dişlədi. İrəli boylanaraq uçuş heyətindən kimisə görmək, təyyarənin hədsiz yüklənməsinə narazılıq etmək istədi. Kimsə görünmürdü. “Yəqin, hamısı pilot kabinəsindədilər, – deyə düşünüb, – bu nədir, belə də təyyarə olar, elə bil kənd avtobusudur”, – deyə uca səslə deyindi. Başının üstündə dayanan cavan oğlan:

         – Bacı, hamının işi-gücü var, kefimizdən ayaq üstə getmirik ki?! – deyə ona qarşı çıxdı. Humayın canı burnunda idi, amma bu cavan oğlanın sözünə lap əsəbiləşdi.

         – Bu qədər cahil olmayın da. Uçuş təhlükəsizliyi deyə bir şey var. Sizinçün avtobus deyil ki, pilot ehtiyatla sürüb milləti evinə-eşiyinə aparsın. Əlavə yüklənmiş bu qədər yükü, bu qədər sərnişini havaya qaldırmağa mühərriklərin gücü çatmasa, necə olacaq?

Ətrafında əyləşən sərnişinlərdən bir neçəsi də onun sözünə tərəf çıxdılar.

– Qardaş, indi elə zamanaya gəlib çatmışıq ki, pullarını ver, nə istəyirsən elə. Kimdi e, sərnişinin təhlükəsizliyini düşünən?

– Elə deyil e, bacı. Deyək ki, yerüstü xidmət camaatı vecinə almır. Bəs təyyarənin pilotuna nə deyək? Yəni onun da ağlı çatmır? Axı bu balaca “TU-134”ü bu qədər yükləmək intihar etməyə bərabərdir.

Digər sərnişin söhbətə qoşuldu:

          – Əşi, onları görmədinizmi? O qədər içmişdilər ki, ayaq üstə güclə dayanırdılar.

Bir başqası ümidsizliklə başını buladı:

          – Vallah, biz elə Allah umuduna gedib-gəlirik. Bir gün bir təyyarə düşəcək, ondan sonra ağıllanacaqlar.

Humay ətrafında gedən müzakirələri dinləyir, ürəyi qısılırdı. Bir ara qalxıb təyyarədən enmək istədi. Amma deyək ki, indi təyyarədən endi, sonrakı reysin normal gedəcəyini hardan bilərdi? İşin tərsliyindən Bakıya dönməyə başqa alternativi də yox idi. Həm qoşqu maşını da təyyarəni çəkib start nöqtəsinə gətirmiş, qoşqusunu açıb uzaqlaşmaqda idi. Öz-özünə: “Cəhənnəmə olsun, nə olacaqsa, olacaq”, – deyib başını oturacağın arxasına söykəyərək gözlərini yumdu.

Mühərrikləri çalışan təyyarə yerində dartınıb gücəndi, getdikcə artan sürətlə hərəkət etməyə başladı. Sürəti artdıqca içindəki sərnişinləri daha çox atıb-tutan, silkələyən təyyarə üçün: “Deyəsən, Naxçıvana göndərilən təyyarələrin hamısı util malıdır. Nə bunun, nə də keçən dəfəkinin asqı sistemi işləmirdi”, – deyə düşündü. O bu düşüncələr içindəykən təyyarə uçuş zolağının sonuna çatıb təkərlərini yerdən kəsdi, bütün ağırlığı və əzəməti ilə havalandı. Gözlərini açıb pəncərədən boylandı. Budur, Naxçıvan çayının üstündən keçdilər, sonra Əlliyeddinci məhəllə, bu da muxtar respublika xəstəxanası, ördyol. Təyyarə sağ qanadı üstə yatıb istiqamətini Şahbuza tərəf döndərdi. Təyyarənin altına elə bil küt alətlə vurdular. “ Dəmir quşumuz ayaqlarını altına yığdı”, – deyə fikrindən keçirib gözlərini yumdu. O yatmaq istəyirdi. Hava limanı həngaməsi onu o qədər yorub-əldən salmışdı ki, beş dəqiqəlik də olsa, gözlərinin acısını almaq istəyirdi.

Təkandan səksənib ayıldı. Yerə enən təyyarə hava meydanında sürətlə irəliləyir, sərnişinləri nehrə kimi çalxalayırdı. Humay indidən yüklərini götürüb çıxışa getməyə çalışan sərnişinlərə baxıb güllümsədi. “Doğulandan ölənədək harasa tələsir, hamıdan qabaq çatmaq istəyirik. Nə bir-birimizi gözləyirik, nə də sıramızı, sonra da buna həyat deyirik”, – deyə ürəyindən keçirdi.

Təyyarədən enib baqaj salonuna gəldi, yarım saat gözlədikdən sonra elevatorun üstü ilə gələn yüklərin arasından öz əşyalarını seçib-götürdü. Aeroportun binasından çıxdı. Gözləri Səidəni axtardı. Yox idi. “Yəqin, işi var”, – deyə düşünüb bir az aralıda gözləyən 24 nömrəli “İkarus” avtobusuna yönəldi. Avtobus onu Səməd Vurğun bağınadək aparacaqdı, bəs sonra hara gedəcəkdi? O, məktubunda Səidədən onunçün ev tutmasını rica etmişdi. İndi bu qədər yüklə hara gedəcəkdi? Bu düşüncələr içində yol gedərkən bir tərəfdən də: “Yəqin, məktubu almayıb, yoxsa gələr, ən azından kimisə göndərərdi”, – deyə öz-özünə düşünürdü. Avtobus mənzil başına çatıb dayananda əşyalarını da götürüb endi. Hələ axşama qədər vaxtı var idi. “Gedim kirayə ev axtarım, qaranlıq düşənədək bir yer tapmasam, Səidəgilə gedərəm”, – deyə düşünüb əylədiyi taksiyə mindi. Papanin adlanan yaşayış massivinə gəldi. Qapı-qapı gəzərək boş ev axtarırdı. Hospitalın yanındakı küçəyə girdi. İki ev qabaqda ona nişan verilən həyətin qapısını döyüb içəri daxil oldu. Ona “içəri buyur” edən olmamışdı, heç həyətdə də kimsə gözə dəymirdi. Sağ-solunda böyür-böyürə düzülmüş qapıları həyətə açılan balaca-balaca otaqlara göz atıb: – Ay ev yiyəsi! – deyə səsləndi. İkinci çağırışından sonra qarşı tərəfdəki ikimərtəbəli evin girişində iki qız uşağı göründü. Qapıdan ona baxıb içəriyə qaçdılar. Çox keçmədən qırx beş-əlli yaşlarında hündürboylu, dolubədənli xanım qapıya çıxdı. Qaşlarını yuxarı qaldırıb onu, əşyalarını süzərək:

          –  Ev axtarırsanmı, qızım? – deyə soruşdu.

          –  Bəli, xanım.

          –  Kiminlə qalacaqsan?

          –  Tək qalmaq istəyirəm.

         –  Atan-anan haradadır, nə işlə məşğulsan?

– Valideynlərim rayondadır, mənsə Tibb Universitetində oxuyuram. Hospitalda işə düzələcəm, ona görə də buralardan ev tutmaq istəyirəm.

         –  Hansı rayondan gəlmisən?

         –  Naxçıvandan.

         –  Bu il girmisənmi?

         –  Xeyr, xanım, beşinci kursdayam.

Ev sahibi ilə kirayənişin arasındakı standart sorğu-sual başa çatdıqdan sonra qadın qiyməti dedi. Razılaşdılar.

        – Gözlə, açarı gətirim, bir evə bax, – deyib içəri qayıtdı, az sonra əlində açarla dönüb gəldi. Sıra ilə düzülmüş evlərdən birinin qarşısında dayandı. Qapını açıb içəri daxil olarkən onu da dəvət etdi:

        – Gəl, qızım, gəl, bax, görək bəyənəcəksənmi?

Humay qadının ardınca otağa daxil oldu. Bura doqquz kvadrat metrlik balaca otaq idi. İçəridə əşya kimi bir ədəd köhnə, dəmir çarpayı, küncdə bir ədəd balaca masa, iki stul və bir paltar dolabı var idi. Girişdə qapının sağ tərəfindən divara asılqan vurulmuşdu. Yerə nimdaş, amma təmiz xalça salınmışdı.

Qadın Humaya tərəf dönərək:

          – Otaq budu, mətbəx, qab-qacaq və sanitar qovşağı ümumidir. Gəl mətbəxi də göstərim,– deyib cavab gözləmədən qabağa düşdü. Onu beş-altı kvadrat metrlik mətbəxə gətirdi. Burada da bir dördgözlü qaz sobası, bir su krantı, yuyulmuş qabları yığmaq üçün masa və qab şkafı, bir də yemək masası var idi. Qadın əli ilə qab şkafını göstərərək:

        –  Qab-qacaq orada, zibili də qabyuyanın altındakı zibil qabına atacaqsan, – dedi.

Humay sakitcə:

       – Yaxşı, xanım, evi tuturam, – deyib çantasından çıxardığı puldan bir aylıq kirayə məbləğini götürüb qadına uzatdı. Ev sahibəsi pulu sayıb:

 – Oldu, qızım, sağlıqla qal, adım Lətifədir. Nə vaxt bir şeyə ehtiyacın olsa, qapıdan səslənərsən, – deyib getdi.

Humay əynini dəyişib otağa göz gəzdirdi. Gedib Lətifədən süpürgə, əski və başqa təmizlik şeyləri alıb gətirdi. Otağı silib-süpürdü, qaydasına saldı. İşini yenicə bitirmişdi ki, adının çağrıldığını eşidib geri döndü. Gələn Lətifə idi. Əlində bir kasa yemək gətirmişdi:

        –  Qızım, bunu səninçün gətirdim, nahar edərsən.

Yeməyi alıb qadına təşəkkür etdi. O getdikdən sonra oturub yemək yedi. Bir az istirahət edib dincəldikdən sonra qalxıb əynini dəyişdi, Səidəni görməyə getdi.

Qızlar məhkəmənin önündə qarşılaşdılar. Görüşüb hal-əhval tutan Səidə narahatlıqla:

        –  Gələcəyini niyə xəbər vermədin, ay Humay? Səni qarşılayardım,– dedi.

Humay məktub yazdığını, lakin güman ki, məktubun gecikdiyini dedi.

        –  Budu da poçt sistemimiz. Nəyimiz düz işləyir ki, poçtumuzdan narazı olaq?

        –  Boşla getsin, ay Səidə, əsas odur ki, gəlib çatmışam, – deyib əlindəki bağlamanı ona uzatdı, – anam səninçün göndərib.

Səidə bağlamanı alaraq üzrxahlıq etdi:

       –  Niyə əziyyət çəkirdin, ay Humu, heç ehtiyac yoxuydu.

       –  Elə bir şey deyil, bir-iki dilim pendir qoyub, bir az da yaş fındıq-zad, – deyərək, – sən Naxçıvan pendirini, şor-kərəsini sevirsən, – deyə əlavə etdi.

Səidə onun qolundan tutdu:

       –  Bəs öz əşyaların hanı, gəl gedək evə.

       – Yox, ay Səidə, evə gedə bilməyəcəm. Şəhərdə bir az işlərim var, qızları görəcəm. Sabah da erkəndən universitetə gedəcəm. Sonra da iş üçün hospitala müraciət edəcəm. Bizə bikar durmaq yaraşmaz. İşləmək lazımdır….

       –  Bəs harada gecələyəcəksən?

       –  Papanində ev tutmuşam.

       –  Ay səni qoçaq! Yaxşı, onda sabah hospitaldan çıxıb bura gələrsən, şəhərə çıxıb bir çay içər, bir az dərdləşərik.

Sağollaşıb ayrıldılar. Sabahı gün Humay məhkəmənin həyətində, Səidənin maşınının yanında dayanıb onu gözləyirdi.

İşdən çıxan Səidə Humayın yanına gəldi. Humayın gözləri gülürdü.

         –  Hə, bacı, üzün gülür, deyəsən, yaxşı xəbərlər var.

         –  Əlbəttə, bütün işlərimi yoluna qoydum.

Maşına əyləşdilər. Səidə mühərriki işə saldı. Dənizkənarı parka yollandılar.

          – Humu, danış görüm, işləri necə yoluna qoydun?

Humay yolboyu ona Tibb Universitetinin rektorluğuna getməsindən, orada yüksək səviyyədə qəbul olunaraq təhsillə bağlı probleminin həll olunmasından danışdı. Sonra da hospitala yollanmış, kadrlar şöbəsində qəbulda olmuşdu. Qıza: “Travmatologiya şöbəsində tibb bacısı vakansiyası var”, – deyib ora yönləndirmişdilər. Şöbənin baş tibb bacısı Humayın sənədlərini götürərək sabahdan işə gəlməsini tapşırmışdı.

Səidə bu xəbərləri şadyanalıqla qarşıladı:

         –  Bunlar ki əla xəbərlərdir, Humu! İndi gedib həm universitetə bərpa olunmağını, həm də işə qəbul olunmağını qeyd edərik.

Bulvara gəlib “Xəzri” restoranında əyləşdilər. Səidə masalarına yaxınlaşan ofisiantın salamını başı ilə alıb Humaydan: “Bacımın ürəyi nə istəyir, nə gətirsinlər?” – deyə soruşdu.

Humay yemək sifariş verdikdən sonra Səidə: “İki pors olsun”, – deyə ofisiantdan xahiş etdi. Üzünü  Humaya tutub məmnunluqla gülümsədi:

         –  Kəndin havası sənə düşüb. Rəngin-rufun açılıb, gözəlləşmisən.

         – Havası-suyu təmiz, nənəmin də dilindən düşməyən bir sözü var: “Əlaa nə düşdü at əngaa, çıxsın rəngaa”. Anam bir tərəfdən, nənəm o biri tərəfdən əllərində dürməklə dalımca dolanırdılar.

Sonra evlərindən, dərs oxumağa getdiyi bağlarından, kəndin ayağından keçən balaca dağ çayından, kəndlərinin içindən axan bərələrdən danışdı.

Səidə lap həvəsləndi:

         – Gələn yay mən də məzuniyyət götürüb səninlə gedəcəm. Beş-on gün qalıb istirahət edərik.

        –  İnşallah, bacı, gedərik, niyə getmirik?

Hospital

I

Humay erkəndən qalxdı. Yeməyini yeyib güzgünün qarşısına keçdi. Saçlarını darayıb üz-gözünə əl gəzdirdi. Xalatını götürüb çantasına qoydu. Otaqdan çıxaraq qapısını bağlayıb hospitala yollandı.

Həm həyəcanlı, həm də həvəsli idi. İş vaxtının başlanmasına yarım saatdan çox qalsa da, o hər kəsdən qabaq getmək, yeni iş yoldaşları ilə tanış olub palataları gəzmək istəyirdi.

İkinci müalicə korpusuna daxil olub üçüncü mərtəbəyə qalxdı. Dəhlizdəki posta yaxınlaşıb növbətçi tibb bacısı ilə salamlaşdı:

        –  Salam, xanım.

        –  Salam.

        –  Adım Humaydır. İşə yeni qəbul olunmuşam, – deyə özünü təqdim etdi.

        –  Lap yaxşı, Humay xanım, bura qol çəkin, – deyib telefonun yanındakı jurnalı ona tərəf uzatdı. Humay tabelə qol çəkdikdən sonra barmağı ilə qadın bir az o tərəfdəki otağı göstərərək:

        – Keçin oraya, əyninizi dəyişin, bir azdan baş tibb bacısı da gələcək. O sizə lazımi təlimatları verər.

Beləcə, Humayın Mərkəzi Hərbi Klinik Hospitaldakı ilk iş günü başlandı.

Şöbənin baş tibb bacısı onu və təcrübəli tibb bacılarından birini yanına çağıraraq:

          – Nüşabə xanım, Humay bizim yeni işçimizdir. Bir neçə gün sizinlə birlikdə çalışsın, ona həkim təyinatları əsasında müalicə qaydalarını öyrədin. Əzələ daxilinə, vena daxilinə iynə vurarkən, sistem qoşarkən yanında olun ki, hər hansı çətinlik yaşanmasın.

           – Yaxşı, Rüxsarə xanım, – deyib Humaya döndü:

           – Siz tibb texnikumunu nə vaxt bitirmisiniz?

           –  Heç vaxt, mən Tibb Universitetinin beşinci kurs tələbəsiyəm.

           –  Nə gözəl. İnşallah, universiteti müvəffəqiyyətlə bitirib diplomunuzu alarsınız. Yəqin ki, iynə vurmağı, venaya düşməyi bacarırsınız.

           –  Əlbəttə, bacarıram.

           –  Yəqin, praktikada öyrənmisiz.

           – Həm tələbə vaxtı praktika keçmişəm, həm də cəbhədə əsgərlərimizə tibbi yardım göstərmişəm.

           – Belə görürəm ki, sizin heç bir yardıma ehtiyacınız yoxdur. Amma yenə də formal da olsa, bir-iki gün birlikdə çalışarıq. Təkcə burada deyil, bütün tibb müəssisələrində yeni işə qəbul olunan tibb heyətinə iş yerinin ab-havasını tutana qədər yardımçı olurlar.

         –  Problem yoxdur, sizinlə işləmək mənə çox xoşdur,–  deyə Humay bu sözlərlə yaşca ondan xeyli böyük olan Nüşabə xanımın könlünü oxşamaq istədi.

İki gün sonra Humayı müalicə üçün şöbəyə yeni qəbul olunan xəstəyə təhkim etdilər. Baş tibb bacısı Humayı otağına çağırdı. Xəstəlik tarixçəsini verib:

        – Diaqnozu və həkim təyinatını oxuyarsan. Burada yazılmış bütün müalicə tədbirlərini əskiksiz yerinə yetirməlisən, növbəni təhvil verdikdə isə kağızı növbətçi tibb bacısına verərsən, – deyə tapşırdı.

Humay onu arxayın etdi:

        –  Oldu, xəstəmizə necə lazımdırsa, elə qayğı göstərəcəyimə əmin ola bilərsiniz.

Birlikdə palataya gəldilər:

         –Xəstəmiz budur, ağrıkəsici və digər iynələri vurun, bir azdan sarğı tibb bacısını çağırarsınız, gəlib sarğısını dəyişər.

Xəstə iyirmi iki-iyirmi üç yaşlarında cavan, yaraşıqlı bir oğlan idi. Arxası üstə uzanıb gözlərini yummuşdu. Arabir inildəyir, dodaqları, üzünün əzələləri səyriyirdi. Humay çarpayının baş tərəfinə yaxınlaşıb əlindəki dərmanları, iynələri kətilin üstünə qoydu. Ampulaların boynunu qırıb içindəki məhlulu şprisə çəkdi. İynələrin qapağını ucluğuna keçirərək yan-yana düzdü. Xəstənin yorğanını üstündən çəkdi. Budunun üst kənar dörddə birini gözəyarı işarələyib iynələrini vurdu. Yerini spirtli pambıqla masaj edərkən bir gözü də xəstənin üzündə idi. O, hələ də bədəninə yeridilən iynələrə reaksiya vermədən yatırdı. Yorğanı üstünə örtüb sakitcə getmək istərkən xəstənin göz qapaqları aralandı, dodaqları tərpəndi:

– Su, su istəyirəm, ciyərim yanır… Sözlərinin sonu qaranlıqda öləziyən şam işığı kimi səssizlikdə itib getdi.

Humay:

– Bu dəqiqə, – deyib iti addımlarla otaqdan çıxdı, tibb bacısının otağına gedərək şkafını açdı. Termosunu götürüb bir stəkan çay süzdü və palataya qayıtdı.

Xəstənin üstünə əyildi. Qolunu boynunun altından salaraq qaldırıb stəkanı dodaqlarına dayadı:

          – İç, qaqaş.

Oğlan bir qurtum içərək başını geri çəkdi:

          –  İstidir.

Humay stəkana bir neçə dəfə üfürüb yenidən onun dodaqlarına söykədi:

         –  İndi bax, yaxşı olmalıdır.

O sanki təhkim olunmuş xəstəyə deyil, doğma balasına qulluq edirdi. Çayını içirib başını ehtiyatla yastığın üstünə qoydu. Çarpayının kənarında əyləşdi.

         –  Sizin adınız nədir?

         –  Şiraz.

         –  Harada yaralanmısınız?

         –  Tərtərdə.

         –  Yəqin, snayperlə vurublar.

         –  Hə, – Şiraz yenidən inildədi.

         –  Bəs necə oldu, ki yaralandınız? – Humay bir an özünü saxlaya bilməyib: “Niyə o qədər ehtiyatsızlıq etdin ki?” – deyəcəkdi, amma sözünü uddu.

         Şiraz dərindən nəfəs almağa çalışdı. Altdan-yuxarı Humayın üzünə baxıb gücünü topladı:

          – Gecə getmişdim postları yoxlamağa. Gördüm ki, əsgərin biri çıxıb oturub səngərin önündəki torpaq qalağının üstündə… – Şiraz dayanıb nəfəsini tənzimləməyə çalışdı. Danışanda nəfəsi təngiyir, gicgahlarında tumurcuqlanan tər damlaları yanağından çənəsinə, oradan da boğazına tökülürdü, – bizim də qarşımızda, bir az çəpinə mövqedə onların snayper postu var idi. Əsgərin bu ehtiyatsızlığından əsəbiləşdim, əlimi atıb köynəyinin yaxasının arxasından tutdum ki, çəkib salım aşağı. Elə onu çəkəndə gördüm, sinəmin sağ tərəfi qızışdı, – üz-gözünü turşudub sol əlini yorğanın altından yarasının üstünə qoydu, – ikimiz də yıxıldıq. Hay düşdü, məni gətirdilər bura. Gerisindən də xəbərim var. Deyirlər, güllə körpücüyün altından girib baltalığımı dağıdıb çıxıb. Kürək sümüyüm bitişsin deyə on gün reanimasiyada üzüqoylu yatırdılar.

Bir neçə dəqiqə hər ikisi susdu. Humay onun yenidən danışmaq üçün güc toplamağa çalışdığını hiss etdiyindən sakitcə dayanıb gözləyirdi.

– Əsgərdi də, söz qandırmaq olmur. Vurursan, döyürsən, gedib şikayət eləyir, məhkəmə abrını tökür. Döymürsən, sözlə başa salmağa çalışırsan, başa sala bilmirsən, – dedi.

– Artıq elə şeylərin fikrini eləməyin, mümkün qədər tez sağalmağa çalışın. Və unutmayın ki, əsgərləriniz sizin yolunuzu gözləyir.

Şiraz sol əlini qaldırıb yellədi, sanki yaxınlıqdakı boğucu hava kütləsini qovmaq istəyirdi.

Humay əyləşdiyi yerdən qalxdı:

– Gedim, sarğı tibb bacısını çağırım, gəlib sarğını dəyişsin.

O, palatadan çıxmaq istərkən altmış yaşlarında, hündürboylu, dolubədənli bir qadınla üz-üzə gəldi. Qadın səliqə ilə geyinmiş, başına ağ kəlağayı örtmüşdü. Salamlaşdılar:

– Sabahınız xeyir.

– Sabahın xeyir.

Humay arxasınca qapını çəkib örtərkən “Yəqin, anasıdır”, – deyə düşünüb sarğı tibb bacısını çağırmağa getdi.

II

Bu qadın heç kimin kimsəsi deyildi. Müharibənin qızğın vaxtlarında bir gün hospitala gəlib könüllü olaraq yaralı əsgərlərə qulluq etməyə başlamışdı. İndi aylardır ki, burada yaşayır, ağır xəstələrin qohum-əqrəbası xəbər tutub gələnədək onların başının üstündən ayrılmır, ehtiyaclarını qarşılamalarına yardım edirdi. Gecələri gah boş palataların birində, ya da boş bir yataqda, o da olmasa, iynə otağındakı kuşetkada yatırdı. Yeməyini şöbələrdən birinin yeməkxanasında yeyər, paltarlarını da hospitalın istixanasında yuyub-təmizləyərdi. Kimsənin haradan gəldiyini, adını bilmədiyi bu qadın zamanla hospitalın daimi sakininə, burada müalicə alan əsgərlərin “mamaşa”sına çevrilmişdi.

Humay nahardan sonra Şirazın iynələrini vurmaq üçün palataya girəndə Mamaşanın onu yedizdirdiyini gördü. Baş tibb bacısının yanına qayıdanda:

        –  Şirazın “Mamaşa” dediyi qadın onun anasıdırmı? – deyə soruşdu.

        –  Yox, o bütün əsgərlərin anasıdır.

        –  Necə yəni? – deyərək təəccüblə qaşlarını çatdı.

Baş tibb bacısı Mamaşa ilə bağlı bildiklərinin ucundan-qulağından Humaya danışdı…

Həmin gün işdən çıxarkən çox yorulmuşdu. Evə gedib yatmaq istəyirdi. Kirayə yaşadığı həyətə girəndə Lətifə ilə qarşılaşdı. Ayaqüstü salamlaşdılar. Böyründən keçib gedərkən Lətifə onu səslədi:

– Humay, yemək hazırlama, günortaya yaxşı borş bişirmişdim. Sənin payını saxlamışam. İndi gətirərəm, – dedi. Ev sahibəsi xoşxasiyyət, əliaçıq qadın idi. Kirayənişinlərinə övladları kimi baxardı. Bəzən evlərini təmizləyib qapı-pəncərələrini silər, bəzənsə bişirdiyi yeməklərdən onlara da pay tutardı.

İki dəqiqə sonra otağın qapısı döyüldü. Lətifə əlində kələm borşu ilə dolu boşqab qapıda dayanmışdı. Humay yaxınlaşıb yeməyi aldı, təşəkkür edib otağına qayıtdı. Masanın arxasında əyləşib buğlanan yeməyə baxır, tavana yüksələn su buxarlarının arasından Şirazın danışdıqları gözləri önündən film şəridi kimi axıb gedir, köhnə xatirələrini oyadırdı. Handan-hana öz-özünə: – Doğrudan, niyə Şirazın yanında qalan kimsə yoxdu? Görəsən, ailəsinin, valideynlərinin xəbərimi yoxdur? – deyə düşünüb tezcə də, – sabah soruşaram, lazım olsa, onun əvəzindən məktub yazar, ya da zəng vurub xəbər edərəm, – deyə özünü rahatlatdı. Bəs Mamaşa kim idi? Savaş vaxtı könüllü olaraq yaralılara yardım etməsi örnək davranış idi. Amma indi, ona elə də ciddi ehtiyac olmadığı halda gecə-gündüz hospitalda qalmasının səbəbi nə idi? Görəsən, onun evi-eşiyi, övladları, nəvələri yoxmuydu? Cavabsız suallardan başı şişdi, öz-özünə: “Eh, nəyimə lazımdır, işlədikcə hələ çox şeylər görəcəksən”, – deyə deyinib, soyuyub buza dönmüş borşunu yeməyə başladı.

Səhər işə gələn kimi çantasını posta qoyub palataya getdi. Şirazla hal-əhval tutdu:

– Salam, qaqaş.

Şiraz üzünü ona tərəf çevirdi:

– Salam, xanım.

– Gecə necə yatmısan? Ağrıların olmayıb ki?

Onun halından, yuxulu gözlərindən yatmadığı hiss olunsa da, Humay yaralı zabitə ürək-dirək verib əhvali-ruhiyyəsini düzəltmək istəyirdi:

– Maşallah, dünənkinə görə yaxşı görünürsən, rəngin-rufun da bir az özünə gəlib.

Şiraz tibb bacısının yanında özünü möhkəm göstərmək istəyirdi. Dodaqları qaçdı, yenə sol əlini havaya qaldırıb nəsə demək istədi, heyi olmadığından qolu yanına düşdü.

Humay onun vəziyyətini anladı, oğlanın pərt olmaması üçün tez araya girdi:

– Danışıb özünü yorma, istirahət et, mən də təyinatına baxıb gəlirəm.

Tibb bacısının otağına gəldi. Əynini dəyişərək xalatını geyindi. Növbəni təhvil alıb Şirazın xəstəlik tarixçəsinə baxdı. Köçürüləcək sistemi, iynələri götürüb palataya gəldi. Ampulaların içindəki dərmanı şprislə çəkib sistemə qatdı. Sistem torbasını ştativin halqasına keçirdi. Şirazın sol qolundakı vazofiksin qapağını açıb şlanqın ucundakı iynəyə birləşdirdi. Kətilin üstündə sakitcə əyləşib flakondan damla-damla tökülən dərman mayesini izləməyə başladı.

Şiraz yatağında sakitcə uzanıb üzünü divara tərəf çevirmişdi. Onun saçlarını, almacıq sümüyü çıxmış, günəşin altında yanıb-qaralmış üzünü baxışları ilə oxşadı. “Soruşummu, soruşmayımmı?” – deyə iki fikrin arasında qalmışdı. Əllərini dizlərinin arasından çıxarıb dikəldi.

– Qaqaş, burada olduğundan evin xəbəri yoxdumu? – deyə soruşdu.

Şiraz üzünü Humaya tərəf çevirdi. Göz-gözə gəldilər. Qaşlarını çatıb:

– Evmi? – deyə istehza ilə gülümsədi. Humay heç nə başa düşmədiyindən:

– Hə də, deyirəm evinizə məktub yazmaq, ya da zəng etmək lazım olsa, sənə kömək edərəm.

Şiraz ah çəkmək istədi, boğulub öskürdü.

– Nə ev… Ev var ki?

Humay onun ailəsi ilə hansısa ağır problem yaşadığını, bəlkə də, küsülü olduqlarını düşünüb:

– Anangillə danışmaq istəsən, telefon tapıb gətirərəm, – dedi.

Şiraz tamam laqeydləşdi:

– Anamgil yoxdu ki…

O bu sözləri o qədər soyuqqanlıqla demişdi ki, Humayın əti ürpəşdi.

– Necə yəni yoxdur, inkubatordan çıxmısan?

Bir an yaralı zabitin onunla məzələndiyini düşünüb əsəbiləşdi…

– Yox, bacı, inkubatordan çıxmamışam, – zabit bayaqkı kimi laqeydliklə davam edirdi, – biz uşaq olanda atam ölüb, anam da bizi uşaq evinə verib, ərə gedib.

Humay qaşlarını çatıb zabitin gözlərinin içinə baxdı, sonra sanki onun başına gələnlərin günahı ondaymış kimi utanıb üzünü çevirdi, gözlərini yerə dikdi. Yenidən şlanqın damla sayğacındakı dərman damcılarını seyr etməyə başladı. Onun qəlbindən keçənləri duyubmuş kimi Şirazın özü danışmağa başladı. Biri ürəyində sual verir, digəri nəfəsini tənzimləməyə çalışaraq uca səslə, aram-aram cavablandırırdı.

– İki qardaş, bir bacı idik. Körpələr evinə qoyulanda mənim beş, bacımın üç, qardaşımınsa bir yaşı olub. Mən anamı ala-yarımçıq xatırlayıram. O birilər heç nəyini xatırlamırdılar. Bacım lal-kardır, ona görə onu bizdən ayırıb başqa yerə göndərdilər – lal-karların məktəbinə. Sonra necə oldu, heç bilmirəm. Hərbi məktəbdə oxuyanda getdim ki, bəlkə, taparam. Dedilər ki, elə özü kimi qüsurlu bir məktəb yoldaşıyla evlənib gedib. Nə bilim, Xaçmazın hansısa kəndinə, getdim, maraqlandım, dedilər, o uşağın valideynləri illər öncə Bakıya köçüblər, kəndə gəlib-eləmirlər. Nə isə, bacardığım qədər soraqlaşdım. Amma tapa bilməsəm də, evləndiyini eşitdiyimə görə ürəyim sakitdir.

…Bilirəm, qardaşım da səninçün maraqlıdır. Dördüncü sinifdə oxuyanda qardaşım öldü. Tərbiyəci dedi ki, zəhərlənmədən ölüb. Qaldım mən… Mən də altıncı sinifdə oxuyanda riyaziyyat müəllimimiz varıydı. Çox yaxşı adamıydı. Mənə dedi ki, Şiraz, bala, dərslərini yaxşı oxuyursan, savadlı uşaqsan. Gəl sənədlərini düzüb qoşaq, get Naxçıvanskiyə. Orada da yaxşı oxuyarsan, gedərsən Hərbi Akademiyaya, kəsilsən də, get Gizirlər məktəbinə. Qoy dövlət babanın kölgəsi həmişə üstündə olsun. Deyək ki, buradan məzun oldun, əsgərliyə də getdin-gəldin, bir yerə girəsən-girə bilməyəsən, gəl məni eşit, get hərbçi ol. Mən də onu eşidib hərbçi oldum. Sonrası da hospitalda bənd aldıq. Yəqin, buradan da tərxis eliyərlər, çıxıb gedərəm işimə-gücümə…

İkisi də susdular. Humay sistemin flakonuna baxdı. Hələ xeyli var idi. Şirazsa hekayətinə davam edirdi:

– Bu mənim ilk yaralanmağım deyil. İlk dəfə doxsan üçün fevralında Ağdərə istiqamətində yaralanmışam. Qarnımdan iki güllə dəymişdi. Gəldim, dalağımı çıxartdılar, müalicə olundum, yenə qayıtdım cəbhəyə. Tərtər istiqamətində xidmət edirdim. Yenicə bölüyümə getmişdim ki, atəşkəs oldu. Başqa da ki iyirmi üç yaşım var, baş leytenant gözləyirdim, subayam… Heç buradan çıxıb hara gedəcəyimi də bilmirəm.

Şiraz yenidən gözlərini qapatdı, kirpikləri göz bulaqlarından çıxan bir damla yaşı yanaqlarına ötürüb dikəldi.

Humayın qəlbi sıxılırdı. Öz-özünə: “İlahi, nə ağır talelər, nə çətin vəziyyətdə yaşayan insanlar var?! – deyə düşündü, – indi bu zabit müalicəsini bitirdikdən sonra ordudan tərxis olunacaq. Bəs sonra nə edəcək? Harada yaşayacaq, necə dolanacaq?”

– Burdan çıxdıqdan sonra daha məni orduda saxlamazlar. Hər halda ikinci qrup əlil verib tərxis edəcəklər. Yetimlər evinin Qobuda yataqxanası var. Bir az düzələn kimi ora müraciət edəcəm ki, hospitaldan çıxanda küçələrdə qalmayım. Yataqxanaya yerləşib iş axtararam. Yəqin, bir yerdə iş tapıb işləyərəm. Bəlkə, Müdafiə Nazirliyinin strukturlarından birində mülki işçi kimi işlərəm… Nə bilim, yaşayarıq, görərik.

Humay ona təsəlli vermək istədi:

– Bunların fikrini eləmə, çalış, tez sağal. Gerisi yaxşı olacaq. Cavan oğlansan, zabitsən. Sənə ruhdan düşmək yaraşmaz.

– Yox, ruhdan düşmürəm, çətinlik insan üçündür.

Humay boşalan sistemin iynəsini fezodan çıxardı. Boş flakonu ştativdən götürüb yığışdırdı. Kətili çəkib yerinə qoydu. Şirazın “dimedrol”un təsirindən xumarlanan gözlərinə baxıb:

– Bir az da yatma, tibb bacısını göndərim, gəlib sarğını dəyişsin, sonra yatarsan, – deyə xəbərdar etdi.

– Yaxşı, hələ yatmıram, – deyib gözlərini yummamağa çalışdı.

Üçüncü gün idi ki, Şirazı Humaya təhkim etmişdilər. O, səhər işə gələr-gəlməz yenə çantasını postdakı masanın üstünə qoyub xəstəsini ziyarət etməyə gəldi.

Şiraz hələ də palatada tək yatırdı. Ağır olduğundan yanına kimisə verməmişdilər. Humayı görər-görməz gözləri güldü:

– Sabahınız xeyir.

– Günaydın, Şiraz. Bu gecə necə keçdi? İstirahət edə bildinmi?

– Çox şükür, yaxşıca yatmışam, ağrılarım da azalıb.

– Bu ki gözəl xəbərdir!

Humay yaxınlaşıb Şirazın saçlarını oxşadı.

– Hər şey yaxşı olacaq, qaqaş, aslan kimi oğlansan. Sadəcə, əhvali-ruhiyyəni yüksək tut və həyatdan qopma.

– Təşəkkür edirəm. Dünən sizinlə dərdləşdikdən sonra xeyli yüngülləşdim. Neçə vaxtdır, ürəyimdə yığılıb-qalmış ağırlıqdan qurtarmışam.

Humay gülümsədi:

– Səninçün konfet gətirmişəm, çayla içərsən, – deyib masanın üstünə qoyduğu balaca bağlamaya işarə etdi.

– Niyə zəhmət çəkirsiz, ehtiyac yoxuydu.

– Narahat olma, hələ səninçün borş da bişirmişəm. Günorta göndərəcəm, Mamaşa sənə yedizdirər.

Şirazın dodaqları tərpəndi, amma sözlərini boğazında düyümlənən qəhərə qatıb uddu, üzünü yana çevirdi. Humay özünü görməməzliyə vurdu. Guya mütəəssir olmasını heç hiss etməmişdi. Sakitcə çıxıb getdi.

Günlər keçir, Şiraz sürətlə yaxşılaşırdı. Avqustun son günlərindən birində Humay işə gələrkən adəti üzrə ilk olaraq onun müalicə aldığı palataya gəldi. Burada yatan xəstələrə salam verib Şirazın çarpayısına yaxınlaşdı. Onu görən kimi qalxıb yatağında oturan Şirazın yatağının baş tərəfindəki kətilə keçib əyləşdi.

– Bu gün özünü necə hiss edirsən?

– Çox sağ ol, bacı, yaxşıyam.

– Bilirsənmi, bu gün mənim gündüz növbəsində son iş günümdür. Dərslərim başlayır deyə sabahdan ancaq gecə növbələrinə gələcəm.

– Canın sağ olsun, sənə dərslərində uğurlar arzulayıram.

– Vaxtın varsa, axşam şəhərə çıxaq, bulvarda bir az gəzib dolanar, bir çay içərik.

Şirazın gözləri güldü, dodaqları sevinclə titrədi. Görünür, elə onun özü çoxdan Humaya bu təklifi etmək istəyir, amma onun yanlış anlamasından çəkinib susurmuş.

– Əla olar, – deyib, – onda mən beş üçün hazırlaşaram, sən işdən çıxanda birlikdə gedərik.

Günortadan sonra Humay Şirazın iynələrini vurmaq   üçün gələndə onu yerində görmədi. Palata yoldaşlarından, tibb bacılarından soruşsa da, kimsə yerini bilmirdi. “Hara gedə bilər bu?” – deyə öz-özündən soruşur, cavab tapa bilmirdi.

Saat beşə qalmış işini-gücünü bitirib postda əyləşmiş, Şirazı düşünürdü. Addım səslərinə gözlərini zillədiyi nöqtədən ayırıb girişə tərəf çevirdi. Dodaqları qaçdı:

– Qaqaş, sən əməlli-başlı yaraşıqlı oğlan imişsən ki.

Şiraz gülümsünərək:

– Bəs nə bilmişdin? Şiraz elə-belə oğul deyil, – deyə cavablayıb, – mən hazır, – deyə əlavə etdi.

– Elə şey yoxdur, öncə iynələrin vurulacaq, sonra gedərik.

Şirazın təyinatdakı son iynələrini vurub:

– On dəqiqə hospitalın qarşısındakı dayanacaqda gözləyərsən, gedim hazırlaşım, gəlim, – deyə tapşırdı.

– Oldu, bacı, işində ol.

Şiraz vədələşdikləri dayanacaqda dayanıb Humayı gözləyirdi. O, günorta gedib bərbərdə saçını-saqqalını düzəltdirmiş, palata yoldaşlarının birindən köynək, digərindən şalvar alıb şöbənin təsərrüfat müdirəsi İradə xanımdan ütülətdirməsini xahiş etmiş, şəhər hamamına gedib duş almışdı. İndi günlərdir, ana kimi onun qayğısına qalan Humayla birlikdə şəhərə çıxacaqdılar.

Altıncı sinfə qədər uşaq evində cürbəcür əzab-əziyyətə qatlaşan, müəllim və tərbiyəçilərin sevgisizliklərinə, bitib-tükənməyən əzazilliklərinə qatlanan, sonra Naxçıvanski adına hərbi liseydə, Ali Hərbi Məktəbdə təhsil alıb, oradan da birbaşa müharibəyə yollanan bu gənc oğlan həyatında heç bir xanımla yan-yana yürümədiyindən, bir yerdə oturub bir stəkan çay içmədiyindən çox həyəcanlı idi. Humayın yanında yanlışa yol verməkdən, onu utandırmaqdan qorxurdu. Həm də elə qorxurdu ki, heç savaşda belə qorxmamışdı. Tez-tez boynundan asılı qolunun sarğısını düzəldir, nigarançılıqla neçə dəqiqənin keçdiyini öyrənmək üçün saata baxırdı. Humay tindən çıxanda ürəyinin sürətlə döyündüyünü, yanaqlarının allandığını hiss edirdi. Humay onun yanına çatıb qoluna girdi:

– Hə, qaqaş, nə ilə gedək? Avtobusla 20 Yanvara, oradan da metro ilə, yoxsa necə?

– Avtobusla niyə? Bir dəqiqə darıxma, indi taksi saxladaram, – deyib qolunu çəkərək yolun kənarına çıxdı. Birlikdə yolun qarşı tərəfində əyləyən taksiyə minib bulvara gəldilər. Dəniz vağzalı tərəfdə, illərdir ki, sahibsiz qalan gəminin yaxınlığında endilər. Sahilə yaxınlaşıb dənizə tamaşa etməyə başladılar. İkisi də sakitcə dayanmışdı. Dənizdən yüngülcə əsən meh neft qoxusunu yovşan qoxusuna qatıb gətirir, görünməz su zərrəcikləri əllərinə, üzlərinə yapışıb tərə çevrilirdi. Bir neçə dəqiqə sakitcə dayanıb dənizə tamaşa etdilər. Nəhayət Humay gözlərini günəşin altında oynayıb bərq vuran ləpəciklərdən ayırmadan:

– Şiraz, üzməyi bacarırsanmı? – deyə soruşdu.

– Hə, kursant vaxtı öyrədiblər, niyə soruşdun ki?

– Nə bilim… Əslində mən də öyrənmək istərdim. Televizorda həmişə üzgüçülük yarışlarını maraqla izləyər, hələ o balıq kimi üzən qızlara baxıb həsəd aparardım. Amma heç cür qismət olmadı ki, öyrənim.

Şiraz gülümsünərək:

– Üzməyi öyrənmək çətin deyil. Hovuzların birinə yazılarsan, uzağı iki-üç həftəyə öyrədəcəklər.

– Hə, gərək yazılım, – deyib, – bilirsən, Şiraz, dalğaları seyr etməyi çox sevirəm, adamın əsəblərini sakitləşdirir. Amma təəssüf ki, indi istidir. Gəl gedək bir çay içək, burada günəş lap adamı dağlayır, – deyə əlavə etdi.

Şiraz bir söz demədən onun yanına düşdü. Bir az aralıda, ağaclığın içindəki çayxanaya gəldilər.

Çaylarını içərkən Şiraz soruşur, Humay onun suallarını cavablandırırdı. O, öncədən Humayın haqqında çox az şey bilirdi. Elə indi də Humay hər şeyi danışmır, müharibədə iştirakının, döyüşlərdə göstərdiyi şücaətlərin üstündən adlayıb keçirdi. Amma nə qədər kəm-kəsirlə anlatsa da, Şiraz onun həyatını dinlədikcə mütəəssir olur, Humayın içində daşıdığı insanpərvərliyə, vətən sevgisinə heyran olurdu. Yaralandığı gündən bu yana ilk dəfə idi ki, onu vuran erməni snayperə qarğımır, hətta Humayla tanış olmasına səbəbkar olduğu üçün hardasa qəlbən təşəkkür də edirdi.

Humay onunçün kim idi? Anası idimi? İyirmi ildir ki, üzünü görmədiyi bacısı idimi? Yoxsa aşiq olduğu xanım idimi? O səksəndi, armudu stəkanı ovcunda elə sıxdı ki, az qalsın qırılıb ətini doğrayacaqdı. Bu axırıncı düşüncəni ağlına gətirdiyi üçün özünü lənətlədi: “Əclaf, özün də ona bacı deyirsən. İlk gündən sənə “qaqaş” deyib, görmədiyin, dadmadığın duyğuları yaşadıb. O yanındaykən anan yanındaymış kimi hiss etmisən. İndi ağlına gələn axmaqca düşüncəyə bax!”

 Şirazın qızarıb-pörtdüyünü görən Humay:

 – Nə oldu, Şiraz? – deyə soruşaraq yanağına düşmüş telini götürüb qulağının dalına keçirdi.

 – Heç, Humay, heç nə olmayıb.

 – Bəlkə, qalxaq, hə? Saat qülləsinin yanında katerə minər, sonra Kukla teatrına qədər gəzə-gəzə gedərik. Oradan da avtobusa minib geri qayıdarıq.

Şiraz ofisiantı çağırıb çay pulunu verdi. Qalxdılar. Humay asfaltın üstü ilə uzanıb gedən, bir-birilərini çalın-çarpaz kəsən kölgələrə baxıb başını qaldıraraq günbatana boylandı. Sanki üfüqdə ocaq qalamışdılar. Şirazı tələsdirdi:

 – Dənizdən qürubu seyr etmək çox gözəl olur.

 İti addımlarla dolmaq üzrə olan gəmiyə yaxınlaşdılar. Şiraz iki bilet aldı. Taxta körpüdən keçib gəmiyə mindilər. Müvazinətlərini itirməmək üçün ehtiyatla keçib yerlərində əyləşdilər.

Şiraz onun solunda əyləşdiyindən qızın günəşin qüruba gedərkən səmaya yaydığı qızılı şəfəqlərinə, didilmiş yun kimi seyrək buludları boyadığı rənglərin gözəlliyinə necə heyranlıqla baxmasını, dodaqlarının məsumanə təbəssümlə büzülüb qaşlarının çatılmasını görmədi. Bu mənzərəyə valeh olan Humay: “Maaşımı yığıb bir fotoaparat alacam, ilk şəkli çəkmək üçün bura gəlib qürubu çəkəcəyəm”, – deyə düşündü.

Gəmi buxtadan çıxıb irəlilədikcə suyu kənara sıçradır, sakit dənizdə yaranan dalğacıqlar bir-birilərini qovub uzaqlaşırdılar. Humay əlini uzadıb suya toxunmaq, ovuclarına doldurduğu suyun uzun barmaqlarının arasından şırıltı ilə süzülüb axmasına tamaşa etmək istədi. Yox, buradan uzanıb suya toxunmaq mümkün deyildi. Məhəccərə söykənib əlini açaraq kənara uzatdı. Gəminin sıçratdığı su damlalarını yaxalamağa çalışdı.

Şiraz onun ayağa qalxdığını görüb:

– Ehtiyatlı ol, Humay, yıxılarsan, – deyə qolundan tutdu.

– Qorxma, yıxılmaram.

Şiraz ayağa qalxıb gəminin ön tərəfinə keçdi. Burada gənclər məhəccərin yanında ayaq üstə dayanıb dənizdəki neft qüllələrini, Nargin adasını seyr edirdilər. Gəmi adanın yanından geri dönüb qayıdarkən şəhərin işıqları təkəm-seyrək yanmağa başlamışdı.

Humaygil taxta körpüdən keçərkən növbəti səfər üçün gəmiyə minməyə tələsən gənclər səbirsizliklə onların enməsini gözləyir, bir-biriləri ilə zarafatlaşıb gülüşürdülər. Gəzə-gəzə gəlib Kukla Teatrının yanına çatdılar. Şiraz yol kənarında dayanmış taksilərdən birinə yaxınlaşıb:

– Dayı, bizi Papanin hospitalına apararsınızmı? – deyə soruşdu. Sürücünün razılığını alıb arxa qapını açaraq:

– Humay, keç əyləş, – dedi. Özü də keçib öndə əyləşdi.

– Necə danışmışdıq, ay Şiraz, avtobusla dönməyəcəkdikmi?

– Bu gün qonağımsan. Xahiş edirəm, heç nə demə.

Humay gülümsündü:

– Deyəsən, maaş almısan, hə, qaqaş?

Şiraz köks ötürüb:

– Əvvəl cəbhədəydim, indi də hospitalda. Xərcləməyə yer var ki? Maaş da yığılıb qalır.

İkisi də susdu. Mənzil başına çatıb taksidən endiklərində, Şiraz:

– Buraların camaatı bir az nadincdir. İcazə versəydin, yaşadığın yerədək ötürərdim.

– Ehtiyac yoxdur,  sən get şöbəyə, iynələrini vurdur, iki gündən sonra özüm vuracam.

 – Çox sağ ol, Humay, – deyə Şiraz ehtiramla onun əlindən tutdu. – Bu qısa müddətdə mənə həm ana, həm də bacı sevgisini dadızdırdın. İndi bu iki varlıqdan məhrum olduğumçün daha çox heyfislənirəm.

– Ürəyini sıxma, hər şey gəlib yerini tutacaq.

– Di sənə yaxşı yol, mən də şöbəyə gedim.

Humay alaqaranlıq küçə ilə gəlib Lətifəgilin həyətinə çatanda qapıda dayanıb qonşu qadınlarla söhbət edən ev sahibəsini görüb ayaq saxladı. Salam verdi:

– Axşamınız xeyir.

Lətifə onun salamını alıb qadınlardan ayrılaraq ardınca gəldi:

– Xeyir ola, qızım, niyə gecikdin?

Humay onun üzünə baxdıqda bu mehriban, qayğıkeş qadının gözlərindəki nigarançılığı sezib gülümsündü:

– Narahat olmayın, işdən sonra şəhərə çıxmışdım, dedim, gedim bir az dəniz havası alım.

–Yaxşı elədin, qızım. Hər gün eyni rejimdə gəlib-getdiyinə görə bizi də dəqiqliyinə alışdırmısan. Bu gün də nəvələrim girib-çıxıb səni soruşurlar ki, bəs, ay nənə, Humay xala gəlmədi?

Humay bir istədi, gəlib əynini dəyişib getdiyini, amma nə həyətdə, nə də küçədə kimsəni görmədiyini desin. İzahat verməyinə ehtiyac olmadığını düşünüb susdu.

O, işdən gələndə, ya da həftə sonları yarım saatlıq Lətifənin nəvələrini çağırıb oynayardı. Onlara nağıl danışar, tapmacalar öyrədərdi. İndi, görünür, uşaqlar yenə oynamaq üçün gəlmiş, Humayı görməyincə qaçıb nənələrinə xəbər vermişdilər.

Humay yenicə otağa gəlib əynini dəyişmişdi ki, qapı döyüldü. Gəlib baxdı, Lətifənin nəvələri idilər. Birinin əlində isti xörəklə dolu buğlanan kasa, digərinin əlində salat və çörək qoyulmuş təpsi olan iki qızcığaz qapıda dayanmışdılar. Bir-birlərinə aman vermədən xəbər verdiər:

– Bunu nənəm göndərdi, dedi, yesin, qablarımızı alıb gətirərsiniz.

Humay qızları da içəri dəvət etdi. Süfrəni hazırlayıb onlara: “Gəlin birlikdə yeyək”, – deyə təklif etdi.

 – Biz elə indicə yemişik, həm də hərəmiz bir kasa.

 Humay balacanın bunu deyərkən gözlərini bərəldib “b” hərfini xüsusi vurğu ilə tələffüz etməsinə gülümsündü:

– İndi mən də sizin hərənizə bir nağıl danışacağam.

Qızlar sevinclə əllərini göyə qaldırdılar:

– Yaşasın!

Humayın xəyalı bir anlıq kəndlərinə getdi. Bu iki qızcığaz kimi, beş-altı yaşlarında idilər. Anaları onlara yazmağı, rəqəmləri öyrədər, nənələri axşamlar dizinin dibində oturdub nağıllar danışardı. Nağılların sonunda həmişə göydən üç alma düşərdi. İkisi dinləyənlərin, biri isə deyənin olardı. Və həmişə bacısı etiraz edib:

– Nənə, bəs anamız, onun alması olmasın? – deyərdi. Birdən-birə sinəsi qübar etdi, ürəyinin başı göynədi: “Ah, Dürdanə, Dürdanə!”…

Ardı burada: Zaur Bayramoğlu – Snayper

QEYD:

Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.

Müəllif: Zaur BAYRAMOĞLU

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Bayramoğlu – Fil ovçusu

Fil ovçusu

O, saçlarını filləri əhilləşdirməklə ağartmışdı. Bu peşəni atasından, o da öz atasından öyrənmişdi. Nahaq yerə deyildi ki, bölgənin ən yaxşı fil ovçusu hesab olunurdu. Nisbətən təcrübəli, gənc filləri tutub əhilləşdirir, sonra isə yaxşı qiymətə ətraf kəndlərin sakinlərinə satırdı. Gənclər yaşlı, üz-gözünü qırış basmış bu adamın adını bilməz, yaşlılar da çağırmağa ehtiyac duymazdı. Hər kəs onu “fil ovçusu”- deyə çağırardı.
Meşə ağaclarının əhatəsindəki geniş talada otlayıb dönən fil sürüləri hər gün olduğu kimi gecələdikləri yerə eyni yoldan dönürdülər. Öndəki gənc erkəklərdən ibarət dəstənin başçısı olan təcrübəli fil ağır-ağır irəliləyir, arabir xortumunu yuxarı qaldıraraq astadan nərildəyirdi. O bu hərəkəti ilə arxasınca gələn dəstəsinə yolun təhlükəsiz olduğu barədə xəbər verir, həmçinin digərlərini sürüdən geri qalmamağa çağırırdı. Hündür ağacların altındakı cığırla irəliləyərkən öndəki filin qabaq ayağının altındakı çalı-çırpı onun ağırlığına davam gətirməyərək qırıldı. Müvazinətini itirən fil geri çəkilmək istəsə də, bacarmadı. Böyük cüssəsi bütün ağırlığı ilə çuxura düşdü. O, xortumunu havaya qaldıraraq ard-arda iki dəfə nərildədi. İlkində arxadan gələn dəstə üzvlərini təhlükə barədə xəbərdar edir, ikincisində isə çuxurdan çıxmaq üçün yardım istəyirdi… Dəstədəki fillər çuxuru dövrəyə alaraq çarəsiz gözlərlə onun içinə düşmüş yoldaşlarına baxır, gah onu təqlid edirmiş kimi xortumlarını yuxarı qaldıraraq yanıqlı səslə nalə çəkir, gah da ayaqlarını yerə döyərək qəzəblərini torpaqdan çıxarır, çuxurun ətrafındakı kol-kosu əzib parçalayırdılar… Ancaq bu mərəkənin nə çuxurdakı filə bir xeyri var idi, nə də dəstənin digər üzvlərinə təsəllisi. Yeni doğulmuş ay sürətlə üfüqdən başlarının üzərinə doğru qalxıb meşəni gümüşü işıqla aydınladanda fillərin dünyasındakı vida mərasimi də başa çatdı. Onlar çuxurun yanından keçərək bir-birilərinin ardınca düzülüb getdilər. Çuxurdakı fil yoldaşlarının onu qoyub getdiklərini görüncə son bir çırpınışla düşdüyü quyudan qurtulmağa, qaçıb onlara yetişməyə çalışdı. Faydası olmadı…. Yoldaşlarının ayaq səsləri eşidilməz olanda xortumunu havaya qaldırıb yanıqlı-yanıqlı bağırdı… Sanki yaradılışındakı zəifliklərə, on metrdən uzağı görə bilməməsinə, yoğun və gödək ayaqlarına, çevik olmamasına üsyan edirdi. Artıq heç nəyin faydası yox idi. O, sonsuzadək buradan çıxa bilməyəcək, ac-susuz ölüb gedəcəkdi… Budur, bayaqdan səmada gümüş təpsi kimi parıldayan ay da işıqlarını ondan əsirgəyirdi. Bəlkə, o da heyvanların ən qüvvətlisinin çarəsizliyinə şahid olmaqdan utanır, ağacların başı üstündən keçərək öz evinə gedib gizlənməyə tələsirdi. Ayın soyuq nurunu meşənin üzərindən çəkildikdən sonra o, burada özünü yapayalnız hiss etdi…
Gün ağardığında fil sürüləri dəstə başçısının düşdüyü çuxurun yanından keçib getmədilər. Görünür, bu ağıllı heyvanlar özlərinə yeni təhlükəsiz yol seçmişdilər… Və növbəti fil çuxura düşənədək yeni yolla davam edəcəkdilər…
Çuxurdakı fil bütün gün başını və xortumunu havaya qaldırıb yanıqlı-yanıqlı bağırır, kömək istəyirdi. Arabir budaqların arasından görünüb-itən sincablar, ətrafda gəzib-dolaşan çaqqallar, tülkülər bir an dayanıb ona heyrətlə baxır, fil xortumunu havaya qaldırıb bağırmağa başlayan kimi tezcə qaçıb gözdən itirdilər. Həmin gün kimsə köməyə gəlmədi. Əslində heç filin özü də kimi gözlədiyini bilmirdi. Axı onu bu çuxurdan kim çıxara bilərdi ki? Gecə də orada tək-tənha qaldı, ertəsi günü və gecəsi də… Aclıq və susuzluq onu getdikcə taqətdən salırdı. Günlər keçdikcə çuxurun içi bir məzar kimi onu daha çox sıxırdı. Bir həftəni doldurduğunda buradaca öləcəyini düşünürdü. Aclıq, susuzluq onu elə taqətdən salmışdı ki, ayağa qalxmağa taqəti qalmamışdı. Başı ağırlaşdığından arabir sadəcə xortumunu havaya qaldırır, zəif səslə bağırmağa çalışırdı…
Yaxınlıqda bir ağacın budağı qırıldı. Sonra ona tərəf yaxınlaşan addım səsləri eşidildi. Fil eşitdiyi səslərdən səksənib ayağa qalxmağa çalışdı. Ancaq ön ayaqları ağırlığını daşıya bilmədiyindən yıxıldı. Bu vaxt qara geyimli, üzü qara niqabla örtülmüş bir adam çuxurun yanına gəldi. Bir neçə dəqiqə çuxurun kənarında dayanıb can çəkişən filə tamaşa etdi. Fil də fərdən düşmüş gözlərlə ona baxırdı. Sanki yalvarır, kömək diləyirdi. Niqablı adam filin əməlli-başlı taqətdən düşdüyünə qərar verdikdən sonra qırmancını havada şaqqıldadaraq çuxura atlandı. O, fili amansızcasına döyürdü. Qırmanc hər dəfə filin belində, başında qıvrılıb açıldıqca, qəzəbin verdiyi qüvvətlə ayağa qalxan fil yerində təpinir, daracıq çuxurun içində fırlanaraq düşmənini ayağının altına salıb əzməyə, xortumu ilə tutaraq yerə vurub öldürməyə çalışırdı. Lakin qara niqablı adam hər dəfəsində ocağın ətrafında rəqs edən vəhşilər kimi usta hərəkətlərlə kənara sıçrayır, yeni zərbələrlə bu nəhəng heyvanı yara-bərə içində qoyurdu. İki saatlıq mübarizədən sonra heydən düşən fil çuxurun dibində hərəkətsiz halda yıxılıb qaldı.
Niqablı adam yalnız bu dəfə filə ön tərəfdən yaxınlaşdı. Zəfərini qutlayırmış kimi, əllərini belinə qoyaraq bir neçə dəqiqə dayanıb dincini aldı. Qamçısını havada şaqqıldatdı. Səsə gözlərini açan fil ona yalvarış dolu nəzərlərlə baxaraq xortumunu tərpətdi. Sanki, “yetər, vurma” demək istəyirdi. Ancaq niqablı adamın əlindəki qamçı xortumun üzərində ilan kimi qıvrılıb açıldı.
Xortum qeyri-iradi havaya qalxaraq yerə düşdü. Və filin yaş süzülən iri gözləri qapandı….
Fil gözlərini açdığında artıq günəş batmış, meşənin üzərinə ay doğmuşdu. O, hələ də taqətsiz halda düşdüyü yerdəcə qalmışdı. Gözlərini çevirib ətrafına baxdı. Qara niqablı adam ətrafda yox idi. Sevindi, qalxıb getmək, sonsuzadək bu dəhşətli yerdən uzaqlaşmaq istədi. Öncə qabaq ayaqları və xortumu ilə bədəninin ön hissəsini qaldırdı. Arxa ayaqlarını da qaldırmaq istəyərkən yıxıldı. Az qala dişi qırılacaqdı. Bir az dayanıb dincini aldı. Yenidən qalxmağa çalışdı. Bu dəfə arxa ayaqları üzərində qalxmaq istəyirdi, amma yenə də faydası olmadı. Bir neçə cəhddən sonra çuxurun dibinə yıxılaraq ölümünü gözləməyə başladı.
O, arabir inildəyir, gözlərində sellər-sular boşalırdı. Günəş doğarkən ağır-ağır nəfəs alan filin inildəməyə belə taqəti qalmamışdı….
Yenidən ayaq səsləri eşitdi. Kimsə ona doğru yaxınlaşırdı. Qorxa-qorxa gözlərini açdı. Çuxurun kənarında başdan ayağa ağappaq geyinmiş bir adam dayanaraq ona baxıb gülümsəyirdi. Adamın üzündəki təbəssüm fili ürəkləndirmişdi. Ancaq yenə də qorxurdu. Adam çuxura, filin yanına atlandı. Filin başını, xortumunu oxşamağa başladı. Sonra cəld çuxurdan çıxaraq meşəyə getdi. Əlindəki tuluqda su ilə gəldi. Filin önünə qoyub içməsinə yardım etdi. Bir tərəfdən də onun xortumunu öpür, başını, qulaqlarını oxşayırdı. Fil suyu içib bitirdikdən sonra nəm tuluğu götürüb onun belinə, ayaqlarına sürtdü, yara-bərə içində qalmış dərisini yumşaltdı. Çuxurdan çıxaraq əvvəlcədən hazırladığı bir dəstə otu gətirib heyvana yedirtdi. Sonra beli götürərək filin ön tərəfindən çuxurun kənarını qazıb onun çıxması üçün yer hazırladı. Qan-tər içində işini bitirdiyində artıq günorta olmuşdu. Beli bir kənara qoyub filə yaxınlaşdı. Onun başını, dişlərini oxşadı. Ayağa qalxmasına kömək etdi. Dodağı altında əzizləyici sözlər pıçıldayaraq heyvanın xortumunu oxşadı, öpdü. Zəfərindən məmnun halda önə düşərək indicə açdığı yoldan keçib çuxurdan çıxdı. Fil də onu izlədi. Artıq həyatının sonunadək bu ağ geyimli gülərüz adamın elə dünənki qara paltarlı, qara niqablı adam olduğunu bilməyəcək, onun əmrindən çıxmayacaqdı….

QEYD:

Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.

Müəllif: Zaur BAYRAMOĞLU

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Onları bağışlamaq olarmı?

Onları bağışlamaq olarmı?

1905-1906-cı illərdə Şimali Azərbaycanda bütün amansızlığı ilə davam edən soyqırım sakitləşmiş, ortalıq durulmuşdu…. hətta o qədər durulmuşdu ki, üzərindən cəmisi on bir il keçməsinə baxmayaraq şəffaflıqdan gözlərimiz qamaşır, Bakı sovetinə seçkilərdə milli fərq qoyulmadan ən layiqli namizədlər seçilsin deyə təkliflər verirdik… Nə yaxşı ki, hay qənaət öndərləri ortaq namizədlərin seçiləcəyi toplantılara gəlmədilər… Kimisi buna barışıq əlimizin havada qalması, kimisi erməni xislətinin murdarlığı deyə bilər, amma başları kəsilmiş körpələrimizin qara torpağı sulayan al qanları qurumadan barışığa getmək, ortaq namizədlərlə seçkiyə qatılmaq istəyi daha çox bizim xarakterimizin zəifliyi idi…
Və 1918-ci ilin Novruz bayramı yaxınlaşırdı… Oxuma-yazma bilməyən sadə xalq kütlələrinin nə qazetlərin yazdıqlarından xəbəri var idi, nə də dünyanın var gücü ilə bir-birini boğazlayan imperiyalarının siyasi durumundan… Savaşın var-yoxdan çıxartdığı yoxsul insanlar keçim dərdində idi, kəndli kədərli gözlərlə tükənməkdə olan ərzağına baxır, şəhərli axşama çörək almaq üçün 13-14 saat çalışırdı…
Bir də xainlər vardı, bizi yerimizdən-yurdumuzdan etmək üçün çeşidli planlar quran, ittifaqlar yaradan xainlər…
Martın 15-də Bakı soveti ilə daşnaklar və bolşeviklər müsavata qarşı birlikdə mübarizə aparmaq üçün müqavilə imzaladılar. Artıq güclərini birləşdirən antitürk, qüvvələrinin Qafqazı müsəlmanlardan təmizləmək üçün dostları da vardı, silahları da… Və martın sonlarında başlandı soyqırımı günahsız bir millətin ta Bakıdan Ərdahana, Təbrizdən Dərbəndədək…
Martın sonlarında haylar Bakıda soyqırıma başladılar…. Qarşısı alınmaz alov kimi sürətlə bütün Azərbaycana yayılan soyqırım mərhələlərlə 1918-ci ilin sonunadək davam etdi. Onlarla şəhərimiz, yüzlərlə kəndimiz darmadağın edildi, beşikdəkindən ahılınadək yüz minlərlə insan ağla gələ biləcək ən qəddar, ən vəhşicə üsullarla qətl edildi, həyatdan qoparıldı… On minlərlə ümid söndü, arzular, xəyallar yarımçıq qaldı… Neçə-neçə dodaqda oxunmamış şeir, söylənməmiş mahnı qaldı… Və hər yerdə yandırılmış məscidlər, dağıdılmış evlər, qan-rəvan içində tanınmaz cəsədlər qaldı…
Və Çəmbərəkənddə ilk şəhidlər xiyabanımız salındı… Bolşevik istilasından sonra beynəlilmləlçi kommunistlərimizin şumlayıb yerində istirahət parkı açdıqları şəhidlər xiyabanı….

Azərbaycan Prezidentinin 1998-ci ilin 26 martındakı fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi… İşğal altına düşüb çıxdıqadan sonra səksəninci ildönümündə olsa da, 1918-ci ilin soyqırımına siyasi qiymət verildi.

Soyqırım şəhidlərini təzimlə anarkən xalqımıza başımıza açılan müsibətləri əsla unutmamasını diləyirəm.

QEYD:

Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.

Müəllif: Zaur BAYRAMOĞLU

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR BAYRAMOĞLU – DAŞ ŞABALID

DAŞ ŞABALID

I

Səhər yeməyini yeyib bitirdi. Süfrəni yığışdıran xanımını gözucu izləyə-izləyə dərmanlarını götürüb içdi. Ayağa qalxıb ağır addımlarla yataq otağına keçdi. Şifonerdən götürdüyü şabalıdları otaqda var-gəl edə-edə ovcunda ovuşdurmağa başladı. Barmaqları onların sürtünməkdən nazilib-incələn qabıqlarını oxşadıqca, bədəninə melatonik bir həzz yayılırdı. Şabalıdların bir-birlərinə toxunub çıxardıqları xaotik səslər qulaqlarından keçib beyninə dolur, barmaq uclarından yayılan istiliklə birləşib bioenerjiyə dönür, ruhunu oxşayırdı.

 “Müalicə seansı”nın bitdiyini düşündüyündə ovcunda oxşayıb-əzizlədiyi şabalıdlara baxıb ah çəkdi… İllərin alışqanlığı ilə otağın baş tərəfinə gedərək şifonerin qapısını açıb şabalıdları yerinə qoydu. Geri-geri çəkilib yatağın üstündə oturdu.

Əllərini dizlərinin arasında sıxışdırıb başını aşağı saldı…

Gözlərini boşluğa zilləyərək düşünür, zaman keçdikcə yaşamının bir parçasına çevrilən tünd qəhvəyi rəngli şabalıdların onun otağına haradan, necə gəldiyini xatırlamağa çalışırdı. Nəm çəkmiş köhnə lent kimi orası-burası pozulan yaddaşını qurcalasa da, onları haradan aldığını yadına sala bilmədi… Şabalıdlarla ilgili beyninə həkk olunmuş tək bir şey var idi: onları hər gün ən azı iyirmi dəqiqə ovuclarında ovuşdurmalı idi… Dəqiqəsi-dəqiqəsinə yerinə yetirdiyi göstəriş. Kim demişdi, niyə demişdi? Unudalı çox olmuşdu… Amma hər gün səhər saat doqquz tamamda yayı burulmuş saat kimi yatağı ilə üzbəüz qoyulmuş şifonerə yaxınlaşır, qapısını açaraq ən üst gözdən şabalıdları götürüb barmaqları arasında sıxışdırır, ovuclarında ovuşdururdu. Niyə etdiyi barədə heç bir fikri yox idi, bildiyi tək şey, bir kərə pozulduqdan sonra bir daha düzəlməyən səhhəti ilə şabalıdların arasında nəsə bir əlaqə olduğu idi.

II

Divar boyu bərkidilmiş “əlillər və ahıllar üçün tutacaq”dan tutub ayaqlarını ardınca sürüyə-sürüyə “əmək terapiyası” otağına yaxınlaşdı. Nəfəsini dərib qapını döydü. İçəridən incə, məlahətli səs cavabladı:

  • Gəlin.

Qapını açıb otağa daxil oldu. Tibb bacısı onun qoluna girərək stulda əyləşməsinə kömək etdi, özü də dolabdan ütülü ağ örtüyü götürüb masanın üstünə sərdi. Terapiya üçün istifadə olunacaq alətləri spirtlə dezinfeksiya edib örtüyün üstünə düzə-düzə:

  • Nə olub sizə? – deyə soruşdu.
  • İnsult, – deyib köks ötürdü.
  • Bilmirəm qidadandır, ya həyat tərzindən, xəstəliklər yaman cavanlaşıb.
  • Hə, elədir, ancaq mən pandemiyada peyvənd vurdurmuşdum, ondan sonra səhhətim pozuldu, sonu da belə, – deyib gözlərini endirdi.
  • Çoxdan keçirmisiz?
  • Yox, üç il öncə.
  • Daha öncə bərpada olmusunuzmu?
  • Hə, üç-dörd dəfə olmuşam.
  • Yəqin çox öncə olmusuz, çünki mən sizi daha öncə görməmişəm.
  • Bura ilk dəfədir gəlirəm.
  • Öncələri bizim rayonumuzda olmuşdunuzmu?
  • Əlbəttə, insultdan qabaq bir-iki dəfə olmuşam. Həm şəhəriniz gözəldir, həm də insanlarınız mehriban, qayğıkeş.

Xanım gülümsəyib yanağına tökülən birçəyini qulağının arxasına keçirtdi.

  • Rayonumuzu bəyənməyinizə sevindim.

Tibb bacısı bir tərəfdən onun əllərinin üstünü slikon alətlə masaj edir, digər tərəfdən söhbət edirdilər:

  • Daha öncə “əmək terapiyası” almısınızmı?
  • Xeyr.

Susdular, xanım əllərinin üstünü masaj etdiyi aləti kənara qoydu. Onun sağ əlini ovcuna alıb barmaqlarını başqa bir alətlə masaj etməyə başladı.

Onun hərəkətlərini izləyə-izləyə:

  • Siz ixtisasca fizioterapevtsinizmi? – deyə soruşdu.
  • Bəli, öncə tibb texnikumunu bitirmişəm, sonra da psixologiya və fizioterapiyaya dair əlavə kurslar keçmişəm.
  • Əvvəldən buradamı işləyirsiniz?
  • Öncə xüsusi qeyri-tədris müəssisəsində işləyirdim.
  • Nə əcəb özəldən çıxıb dövlətə gəldiniz? Mən bilən özəl şirkətlərdə əməkhaqqı daha yaxşı olmalıdır axı…
  • Məsələ əməkhaqqı deyil, – deyib ah çəkdi, – bilirsinizmi ora gələnlər hamısı problemli uşaqlardır, onlarla işləməyə ürəyim dözmədi, – deyə cavablayarkən iri qara gözləri kədərlə kölgələndi, əsmər yanaqlarından təbəssüm çəkildi…
  • Yəqin bura təzə gəlmisiz?..
  • Altı aydır, bilirsinizmi, həm iş şəraitinə, həm də əməkhaqqına görə bura mənə daha uyğundur, – deyib əlindəki aləti kənara qoydu, elektrikli titrəşim cihazını götürərək armudvari başlığı taxıb işə saldı. Onun ovcunu, barmaqlarını masaj edərkən əlini yumruq kimi tutmasını rica etdi.
  • Deyəsən sağ əlinizi az istifadə edirsiniz.
  • Hə, onu pensiyaya çıxartmışam, – deyib gülümsədi.

Tibb bacısı da gülümsədi… Dodaqlarının altından sıralanmış incilər göründü.

  • Sağ əlinizdə tonus var, mən sizə xüsusi hərəkətlər öyrədərəm, evinizə getdikdən sonra da davam edərsiniz.
  • Tənbəlliyim tutmasa, məmnuniyyətlə, – deyə cavab verdi.
  • Yox, belə eləməyin, öz üzərinizdə nə qədər çox işləsəniz, o qədər tez sağalacaqsınız.

“Əmək terapiyası” otağından çıxarkən tibb bacısı ona dörd ədəd yabanı şabalıd verib:

  • Bunları sağ cibinizə qoyun, boş vaxtınız olduqca əlinizə alıb ovuşdurun, həm barmaqlarınız açılacaq, həm də sinirləri oyanacaq.
  • Onları sizdən xatirə saxlayacam, – deyib təşəkkür etdi, dönüb otaqdan çıxdı. Yenə divarboyu bərkidilmiş tutacaqdan tuta-tuta fizioterapiya otağına gəldi. Müalicə kartını tibb bacısına təqdim etdi. Onun göstərdiyi çarpayıya yaxınlaşaraq soyunub uzandı…

III

Ertəsi gün səhər yeməyindən sonra dərmanlarını içdi. Müalicə kartını götürüb baxaraq, psixoloqun qəbuluna yollandı. İlk seans psixoloji durumunu öyrənmək üçün keçirilən sual-cavabla başlandı. Sorğu-sualı bitdikdə, dərdləşib içini boşaltdı. Seans bitdiyində xeyli yüngülləşmiş, dərdi dağılmışdı. Psixoloqun otağından çıxdı, iki addım atıb dayandı. Nəfəsini dərmək üçün divara söykəndi. Gülümsəyirdi, illərdir ki, həsrət qaldığı təbəssüm dodaqlarına qonmuşdu. Nə sağ yanağındakı iflic, nə tutmayan əlini, nə də oduna dönmüş ayağı vecinə deyildi… Yaşadığı, nəfəs aldığı üçün xoşbəxt idi. İlk dəfə görürmüş kimi, yanından keçib gedən tibb bacılarına, müalicə otaqlarının önündəki skamyada əyləşib növbələrini gözləyən xəstələrə baxdı. Gözlərini çevirib döşəməni, divarları, tavanı seyr etdi. Buraya gəldikdən sonra heç diqqət etməmişdi. Əla təmir olunmuş bina, avtomatik açılan qapılar və çöldə görünən mənzərə… Ürəyinin sürətlə atdığını hiss etdi. Tutacağın yardımı ilə dəhlizin sonuna qədər gəlib çatdı. Önündə açılan qapıdan keçib həyətə çıxdı. Divardan tuta-tuta gəlib nərdivanın sürahisinə söykənib dayandı. Təmiz havanı acgözlüklə ciyərlərinə çəkir, üfüqə zillənmiş gözləri ilğım görürdü. Xəstəliyin, dərdin, bəlanın olmadığı bir dünya vardı orada… Ölüm də yox idi, ədalətsizlik də… Kimsə kimsəyə haqsızlıq etmir, insanlar rəngarəng çiçəklərlə bəzənmiş yaşıl təbiətin qoynunda dərdsiz-qayğısız yaşayırdılar. Hər kəsin gözləri sevinclə parlayır, dodaqları sevgi sözcükləri pıçıldayırdı.

O da getmək, üfüqdə görünən insanlara qatılmaq, onların arasında yaşamaq istədi. Sürahidən ayrılıb irəlilədi. Qollarını açıb irəli uzatmış, üfüq xətti dünyası insanlarının onu sevinclə aralarına alacağından əmin irəliləyirdi. Üçüncü addımda ayağı boşa getdi.

Yetişən mühafizəçi qolundan tutub saxladığında sarsılıb özünə gəldi. Artıq üfüq xəttində görünən dünyası yox olmuşdu. Gözləri doldu, ağlamamaq üçün alt dodağını dişlərinin arasında sıxıb dayandı.

Mühafizəçi onun gözlərinə baxdıqda üzündəki sərt ifadə silindi, gülümsəməyə çalışaraq:

  • Əyninizin nazik olduğunu görüb gəldim çağıram ki, üşüməyəsiniz. İçəri keçməyinizə kömək edimmi?

Üşüdüyünü hiss etdi. Dişləri-dişlərinə dəyirdi.

  • Sizə zəhmət olmasın, özüm gedərəm, – deyib avtomatik qapıya doğru yönəldi. İçəri keçdiklərində mühafizəçi hansı müalicə otağına gedəcəyini soruşdu. Önündən keçdikləri qapının üstündəki yazıları oxuyub:
  • Fizioterapiya, – deyə cavabladı.

Müalicə otağında tibb bacısının göstərdiyi çarpayıya yaxınlaşdı, soyunub üzüaşağı uzandı. Tibb bacısı kürəyinə “karpazin” tozu səpdi. “Elektrofarez”in metal ucluqlarını kürəyinə düzdü. Üstünü örtərək “stribizator”u işə salıb, – tok varmı, – deyə soruşdu. Başı ilə təsdiqlədiyində “müalicə on dəqiqə davam edəcək, özünüzü yaxşı hiss etməsəniz səslənin”, – deyib yanından ayrıldı, pərdəni çəkib bağlayaraq getdi.

Özü ilə baş-başa qaldığında bayaqdan boğazını yandıran qəhəri qarşısında davam gətirə bilmədi, gözlərindən daşmağa yer axtaran selləri sərbəst buraxdı.

Öncə psixoloqla dərdləşib içini boşaltmanın verdiyi rahatlıqla çölə çıxıb təmiz hava almaq istəmişdi. Amma insult keçirdikdən sonra xarakterindəki dəyişkənlik özünü göstərmiş, keçmiş, sağlam günlərini xatırlayıb kövrəlmişdi. İndi budur, fizioterapiya otağındakı tibbi çarpayının üstündə uzanarkən yalnız qalmanın verdiyi arxayınlıqla səssiz-səssiz ağlayırdı. İllərdir ürəyində qubar bağlayan dərdləri yastığını isladan göz yaşları ilə bərabər çölə axır, cismindən ayrılıb ruhunu sakitləşdirirdi…

Fizioterapiya otağından çıxıb əmək terapiyası otağına yaxınlaşdı. Qapını döydü. Bir neçə saniyəlik gecikmədən sonra dünənki səsi eşitdi:

  • Gəlin.

Ürəyi atlandı. Bu səs məlhəm kimi onun ürəyini sərinlədirdi. Qapını açıb içəri boylandı. Onun yerinə bir başqa xəstə əyləşmişdi. Təlimatçı xanım onu müalicə etməklə məşğul idi. Üzr istəyib qapıdan çəkildi, yaxınlıqdakı skamyada əyləşərək sırasını gözləməyə başladı. Beş dəqiqə keçdikdən sonra içəridəki adamın çıxdığını görüb ayağa qalxdı, qapını açaraq otağa daxil oldu:

  • Sabahınız xeyir.

Tibb bacısı:

  • Sabahınız xeyir, bu gün dünənkindən gümrah görünürsünüz, – deyib stulu çəkərək əyləşməsi üçün ona kömək etdi.
  • Bəli xanım, bu gün daha yaxşıyam.
  • Daha da yaxşı olacaqsınız, – deyib masanın üstündəki alətləri dəyişdirdi, stulunun önünə hesab şotkasına bənzəyən aləti qoyaraq:
  • Seans müddətincə ayağınızı üzərinə qoyub hərəkət etdirin ki, sinirlərinizi oyatsın, – dedi.

Çəkələklərini soyunub ayağını üzərinə qoydu.

  • İstəyirsinizsə corablarınızı soyundurum.

O gülümsəyərək:

  • Yox, yox, lazım deyil, qoy qalıb, – deyə cavabladı.

Əllərini slikon yastıqla masaj etdikdən sonra keçən dəfəkindən fərqli alətlərlə məşq etməyə başladılar. Sakitliyi onun sualı pozdu:

  • Bağışlıyın xanım, adınızı öyrənmək olarmı?

Gülümsəyib onun gözlərinin içinə baxdı, yanağına düşmüş birçəyini qulağnın ardına keçirərək:

  • Əlbəttə olar, – deyə cavabladı, – adım Humaydır.
  • Nə gözəl… Sosial şəbəkədən istifadə edirsinizmi?
  • Facebook-da varam, amma demək olar ki, istifadə etmirəm.
  • Sizi orada tapmağa çalışacağam.

Humay işindən ayrılmadan:

  • Sorun deyil, istək atsanız, qəbul edərəm, – deyib istifadəçi adını, soyadını söylədi.

Müalicə otağından çıxdığında artıq dostlaşmışdılar…

Bərpa mərkəzindən ayrılarkən bir-bir müalicə otaqlarını gəzib tibb heyəti və xəstələrlə sağollaşırdı. “Əmək terapiyası” otağına getdi. Qapını döyüb gözlədi. İçəridən “gəl”, – deyə eşitdiyində otağa daxil oldu. Humay pəncərənin önündə dayanıb çöldə narın-narın yağan qara baxırdı. Onu gördüyündə gülümsədi, dodaqlarını büzərək:

  • Demək bu gün gedirsən hə? – deyə soruşdu.
  • Bəli Humay xanım, gəldim ki, sağollaşaq.
  • Sağ-salamat get. Bax ha, şabalıdları itirməyəsən, – deyib gülümsədi.
  • Yox, itirmərəm, – deyə cavablayıb nəfəsini dərdi, – salamat qalın Humay xanım, sizi unutmayacağam, – deyərək dönüb qapıdan çıxdı.

IV

Bəzən şabalıdları şifonerdən götürərək barmaqlarının arasında oxşayıb-əzizlədiyində yaddaşının get-gəlində onları bağışlayan gülərüz, incə qəlbli xanımı xatırlayırdı. Belə vaxtlarda bərpa mərkəzindən ayrılarkən verdiyi söz yadına düşür, hədiyyəlik şabalıdları itirməkdən qorxaraq yerinə qoyub gizlədirdi…

QEYD:

Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.

Müəllif: Zaur BAYRAMOĞLU

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR BAYRAMOĞLU – DAŞ ŞABALID

DAŞ ŞABALID

I

Səhər yeməyini yeyib bitirdi. Süfrəni yığışdıran xanımını gözucu izləyə-izləyə dərmanlarını götürüb içdi. Ayağa qalxıb ağır addımlarla yataq otağına keçdi. Şifonerdən götürdüyü şabalıdları otaqda var-gəl edə-edə ovcunda ovuşdurmağa başladı. Barmaqları onların sürtünməkdən nazilib-incələn qabıqlarını oxşadıqca, bədəninə melatonik bir həzz yayılırdı. Şabalıdların bir-birlərinə toxunub çıxardıqları xaotik səslər qulaqlarından keçib beyninə dolur, barmaq uclarından yayılan istiliklə birləşib bioenerjiyə dönür, ruhunu oxşayırdı.

 “Müalicə seansı”nın bitdiyini düşündüyündə ovcunda oxşayıb-əzizlədiyi şabalıdlara baxıb ah çəkdi… İllərin alışqanlığı ilə otağın baş tərəfinə gedərək şifonerin qapısını açıb şabalıdları yerinə qoydu. Geri-geri çəkilib yatağın üstündə oturdu.

Əllərini dizlərinin arasında sıxışdırıb başını aşağı saldı…

Gözlərini boşluğa zilləyərək düşünür, zaman keçdikcə yaşamının bir parçasına çevrilən tünd qəhvəyi rəngli şabalıdların onun otağına haradan, necə gəldiyini xatırlamağa çalışırdı. Nəm çəkmiş köhnə lent kimi orası-burası pozulan yaddaşını qurcalasa da, onları haradan aldığını yadına sala bilmədi… Şabalıdlarla ilgili beyninə həkk olunmuş tək bir şey var idi: onları hər gün ən azı iyirmi dəqiqə ovuclarında ovuşdurmalı idi… Dəqiqəsi-dəqiqəsinə yerinə yetirdiyi göstəriş. Kim demişdi, niyə demişdi? Unudalı çox olmuşdu… Amma hər gün səhər saat doqquz tamamda yayı burulmuş saat kimi yatağı ilə üzbəüz qoyulmuş şifonerə yaxınlaşır, qapısını açaraq ən üst gözdən şabalıdları götürüb barmaqları arasında sıxışdırır, ovuclarında ovuşdururdu. Niyə etdiyi barədə heç bir fikri yox idi, bildiyi tək şey, bir kərə pozulduqdan sonra bir daha düzəlməyən səhhəti ilə şabalıdların arasında nəsə bir əlaqə olduğu idi.

II

Divar boyu bərkidilmiş “əlillər və ahıllar üçün tutacaq”dan tutub ayaqlarını ardınca sürüyə-sürüyə “əmək terapiyası” otağına yaxınlaşdı. Nəfəsini dərib qapını döydü. İçəridən incə, məlahətli səs cavabladı:

  • Gəlin.

Qapını açıb otağa daxil oldu. Tibb bacısı onun qoluna girərək stulda əyləşməsinə kömək etdi, özü də dolabdan ütülü ağ örtüyü götürüb masanın üstünə sərdi. Terapiya üçün istifadə olunacaq alətləri spirtlə dezinfeksiya edib örtüyün üstünə düzə-düzə:

  • Nə olub sizə? – deyə soruşdu.
  • İnsult, – deyib köks ötürdü.
  • Bilmirəm qidadandır, ya həyat tərzindən, xəstəliklər yaman cavanlaşıb.
  • Hə, elədir, ancaq mən pandemiyada peyvənd vurdurmuşdum, ondan sonra səhhətim pozuldu, sonu da belə, – deyib gözlərini endirdi.
  • Çoxdan keçirmisiz?
  • Yox, üç il öncə.
  • Daha öncə bərpada olmusunuzmu?
  • Hə, üç-dörd dəfə olmuşam.
  • Yəqin çox öncə olmusuz, çünki mən sizi daha öncə görməmişəm.
  • Bura ilk dəfədir gəlirəm.
  • Öncələri bizim rayonumuzda olmuşdunuzmu?
  • Əlbəttə, insultdan qabaq bir-iki dəfə olmuşam. Həm şəhəriniz gözəldir, həm də insanlarınız mehriban, qayğıkeş.

Xanım gülümsəyib yanağına tökülən birçəyini qulağının arxasına keçirtdi.

  • Rayonumuzu bəyənməyinizə sevindim.

Tibb bacısı bir tərəfdən onun əllərinin üstünü slikon alətlə masaj edir, digər tərəfdən söhbət edirdilər:

  • Daha öncə “əmək terapiyası” almısınızmı?
  • Xeyr.

Susdular, xanım əllərinin üstünü masaj etdiyi aləti kənara qoydu. Onun sağ əlini ovcuna alıb barmaqlarını başqa bir alətlə masaj etməyə başladı.

Onun hərəkətlərini izləyə-izləyə:

  • Siz ixtisasca fizioterapevtsinizmi? – deyə soruşdu.
  • Bəli, öncə tibb texnikumunu bitirmişəm, sonra da psixologiya və fizioterapiyaya dair əlavə kurslar keçmişəm.
  • Əvvəldən buradamı işləyirsiniz?
  • Öncə xüsusi qeyri-tədris müəssisəsində işləyirdim.
  • Nə əcəb özəldən çıxıb dövlətə gəldiniz? Mən bilən özəl şirkətlərdə əməkhaqqı daha yaxşı olmalıdır axı…
  • Məsələ əməkhaqqı deyil, – deyib ah çəkdi, – bilirsinizmi ora gələnlər hamısı problemli uşaqlardır, onlarla işləməyə ürəyim dözmədi, – deyə cavablayarkən iri qara gözləri kədərlə kölgələndi, əsmər yanaqlarından təbəssüm çəkildi…
  • Yəqin bura təzə gəlmisiz?..
  • Altı aydır, bilirsinizmi, həm iş şəraitinə, həm də əməkhaqqına görə bura mənə daha uyğundur, – deyib əlindəki aləti kənara qoydu, elektrikli titrəşim cihazını götürərək armudvari başlığı taxıb işə saldı. Onun ovcunu, barmaqlarını masaj edərkən əlini yumruq kimi tutmasını rica etdi.
  • Deyəsən sağ əlinizi az istifadə edirsiniz.
  • Hə, onu pensiyaya çıxartmışam, – deyib gülümsədi.

Tibb bacısı da gülümsədi… Dodaqlarının altından sıralanmış incilər göründü.

  • Sağ əlinizdə tonus var, mən sizə xüsusi hərəkətlər öyrədərəm, evinizə getdikdən sonra da davam edərsiniz.
  • Tənbəlliyim tutmasa, məmnuniyyətlə, – deyə cavab verdi.
  • Yox, belə eləməyin, öz üzərinizdə nə qədər çox işləsəniz, o qədər tez sağalacaqsınız.

“Əmək terapiyası” otağından çıxarkən tibb bacısı ona dörd ədəd yabanı şabalıd verib:

  • Bunları sağ cibinizə qoyun, boş vaxtınız olduqca əlinizə alıb ovuşdurun, həm barmaqlarınız açılacaq, həm də sinirləri oyanacaq.
  • Onları sizdən xatirə saxlayacam, – deyib təşəkkür etdi, dönüb otaqdan çıxdı. Yenə divarboyu bərkidilmiş tutacaqdan tuta-tuta fizioterapiya otağına gəldi. Müalicə kartını tibb bacısına təqdim etdi. Onun göstərdiyi çarpayıya yaxınlaşaraq soyunub uzandı…

III

Ertəsi gün səhər yeməyindən sonra dərmanlarını içdi. Müalicə kartını götürüb baxaraq, psixoloqun qəbuluna yollandı. İlk seans psixoloji durumunu öyrənmək üçün keçirilən sual-cavabla başlandı. Sorğu-sualı bitdikdə, dərdləşib içini boşaltdı. Seans bitdiyində xeyli yüngülləşmiş, dərdi dağılmışdı. Psixoloqun otağından çıxdı, iki addım atıb dayandı. Nəfəsini dərmək üçün divara söykəndi. Gülümsəyirdi, illərdir ki, həsrət qaldığı təbəssüm dodaqlarına qonmuşdu. Nə sağ yanağındakı iflic, nə tutmayan əlini, nə də oduna dönmüş ayağı vecinə deyildi… Yaşadığı, nəfəs aldığı üçün xoşbəxt idi. İlk dəfə görürmüş kimi, yanından keçib gedən tibb bacılarına, müalicə otaqlarının önündəki skamyada əyləşib növbələrini gözləyən xəstələrə baxdı. Gözlərini çevirib döşəməni, divarları, tavanı seyr etdi. Buraya gəldikdən sonra heç diqqət etməmişdi. Əla təmir olunmuş bina, avtomatik açılan qapılar və çöldə görünən mənzərə… Ürəyinin sürətlə atdığını hiss etdi. Tutacağın yardımı ilə dəhlizin sonuna qədər gəlib çatdı. Önündə açılan qapıdan keçib həyətə çıxdı. Divardan tuta-tuta gəlib nərdivanın sürahisinə söykənib dayandı. Təmiz havanı acgözlüklə ciyərlərinə çəkir, üfüqə zillənmiş gözləri ilğım görürdü. Xəstəliyin, dərdin, bəlanın olmadığı bir dünya vardı orada… Ölüm də yox idi, ədalətsizlik də… Kimsə kimsəyə haqsızlıq etmir, insanlar rəngarəng çiçəklərlə bəzənmiş yaşıl təbiətin qoynunda dərdsiz-qayğısız yaşayırdılar. Hər kəsin gözləri sevinclə parlayır, dodaqları sevgi sözcükləri pıçıldayırdı.

O da getmək, üfüqdə görünən insanlara qatılmaq, onların arasında yaşamaq istədi. Sürahidən ayrılıb irəlilədi. Qollarını açıb irəli uzatmış, üfüq xətti dünyası insanlarının onu sevinclə aralarına alacağından əmin irəliləyirdi. Üçüncü addımda ayağı boşa getdi.

Yetişən mühafizəçi qolundan tutub saxladığında sarsılıb özünə gəldi. Artıq üfüq xəttində görünən dünyası yox olmuşdu. Gözləri doldu, ağlamamaq üçün alt dodağını dişlərinin arasında sıxıb dayandı.

Mühafizəçi onun gözlərinə baxdıqda üzündəki sərt ifadə silindi, gülümsəməyə çalışaraq:

  • Əyninizin nazik olduğunu görüb gəldim çağıram ki, üşüməyəsiniz. İçəri keçməyinizə kömək edimmi?

Üşüdüyünü hiss etdi. Dişləri-dişlərinə dəyirdi.

  • Sizə zəhmət olmasın, özüm gedərəm, – deyib avtomatik qapıya doğru yönəldi. İçəri keçdiklərində mühafizəçi hansı müalicə otağına gedəcəyini soruşdu. Önündən keçdikləri qapının üstündəki yazıları oxuyub:
  • Fizioterapiya, – deyə cavabladı.

Müalicə otağında tibb bacısının göstərdiyi çarpayıya yaxınlaşdı, soyunub üzüaşağı uzandı. Tibb bacısı kürəyinə “karpazin” tozu səpdi. “Elektrofarez”in metal ucluqlarını kürəyinə düzdü. Üstünü örtərək “stribizator”u işə salıb, – tok varmı, – deyə soruşdu. Başı ilə təsdiqlədiyində “müalicə on dəqiqə davam edəcək, özünüzü yaxşı hiss etməsəniz səslənin”, – deyib yanından ayrıldı, pərdəni çəkib bağlayaraq getdi.

Özü ilə baş-başa qaldığında bayaqdan boğazını yandıran qəhəri qarşısında davam gətirə bilmədi, gözlərindən daşmağa yer axtaran selləri sərbəst buraxdı.

Öncə psixoloqla dərdləşib içini boşaltmanın verdiyi rahatlıqla çölə çıxıb təmiz hava almaq istəmişdi. Amma insult keçirdikdən sonra xarakterindəki dəyişkənlik özünü göstərmiş, keçmiş, sağlam günlərini xatırlayıb kövrəlmişdi. İndi budur, fizioterapiya otağındakı tibbi çarpayının üstündə uzanarkən yalnız qalmanın verdiyi arxayınlıqla səssiz-səssiz ağlayırdı. İllərdir ürəyində qubar bağlayan dərdləri yastığını isladan göz yaşları ilə bərabər çölə axır, cismindən ayrılıb ruhunu sakitləşdirirdi…

Fizioterapiya otağından çıxıb əmək terapiyası otağına yaxınlaşdı. Qapını döydü. Bir neçə saniyəlik gecikmədən sonra dünənki səsi eşitdi:

  • Gəlin.

Ürəyi atlandı. Bu səs məlhəm kimi onun ürəyini sərinlədirdi. Qapını açıb içəri boylandı. Onun yerinə bir başqa xəstə əyləşmişdi. Təlimatçı xanım onu müalicə etməklə məşğul idi. Üzr istəyib qapıdan çəkildi, yaxınlıqdakı skamyada əyləşərək sırasını gözləməyə başladı. Beş dəqiqə keçdikdən sonra içəridəki adamın çıxdığını görüb ayağa qalxdı, qapını açaraq otağa daxil oldu:

  • Sabahınız xeyir.

Tibb bacısı:

  • Sabahınız xeyir, bu gün dünənkindən gümrah görünürsünüz, – deyib stulu çəkərək əyləşməsi üçün ona kömək etdi.
  • Bəli xanım, bu gün daha yaxşıyam.
  • Daha da yaxşı olacaqsınız, – deyib masanın üstündəki alətləri dəyişdirdi, stulunun önünə hesab şotkasına bənzəyən aləti qoyaraq:
  • Seans müddətincə ayağınızı üzərinə qoyub hərəkət etdirin ki, sinirlərinizi oyatsın, – dedi.

Çəkələklərini soyunub ayağını üzərinə qoydu.

  • İstəyirsinizsə corablarınızı soyundurum.

O gülümsəyərək:

  • Yox, yox, lazım deyil, qoy qalıb, – deyə cavabladı.

Əllərini slikon yastıqla masaj etdikdən sonra keçən dəfəkindən fərqli alətlərlə məşq etməyə başladılar. Sakitliyi onun sualı pozdu:

  • Bağışlıyın xanım, adınızı öyrənmək olarmı?

Gülümsəyib onun gözlərinin içinə baxdı, yanağına düşmüş birçəyini qulağnın ardına keçirərək:

  • Əlbəttə olar, – deyə cavabladı, – adım Humaydır.
  • Nə gözəl… Sosial şəbəkədən istifadə edirsinizmi?
  • Facebook-da varam, amma demək olar ki, istifadə etmirəm.
  • Sizi orada tapmağa çalışacağam.

Humay işindən ayrılmadan:

  • Sorun deyil, istək atsanız, qəbul edərəm, – deyib istifadəçi adını, soyadını söylədi.

Müalicə otağından çıxdığında artıq dostlaşmışdılar…

Bərpa mərkəzindən ayrılarkən bir-bir müalicə otaqlarını gəzib tibb heyəti və xəstələrlə sağollaşırdı. “Əmək terapiyası” otağına getdi. Qapını döyüb gözlədi. İçəridən “gəl”, – deyə eşitdiyində otağa daxil oldu. Humay pəncərənin önündə dayanıb çöldə narın-narın yağan qara baxırdı. Onu gördüyündə gülümsədi, dodaqlarını büzərək:

  • Demək bu gün gedirsən hə? – deyə soruşdu.
  • Bəli Humay xanım, gəldim ki, sağollaşaq.
  • Sağ-salamat get. Bax ha, şabalıdları itirməyəsən, – deyib gülümsədi.
  • Yox, itirmərəm, – deyə cavablayıb nəfəsini dərdi, – salamat qalın Humay xanım, sizi unutmayacağam, – deyərək dönüb qapıdan çıxdı.

IV

Bəzən şabalıdları şifonerdən götürərək barmaqlarının arasında oxşayıb-əzizlədiyində yaddaşının get-gəlində onları bağışlayan gülərüz, incə qəlbli xanımı xatırlayırdı. Belə vaxtlarda bərpa mərkəzindən ayrılarkən verdiyi söz yadına düşür, hədiyyəlik şabalıdları itirməkdən qorxaraq yerinə qoyub gizlədirdi…

QEYD:

Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.

Müəllif: Zaur BAYRAMOĞLU

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru