Unudulmaz Sərraf Şiruyənin əziz xatirəsinə

Həyatda özümü həmişə borclu sandığım, şeirləri dillər əzbəri, unudulmaz şairimiz, əmim Sərraf Şiruyə yaşasaydı bu gün – sentyabrın 11-i 83 yaşı tamam olacaqdı. Ruhu şad olsun. Amin:

Unudulmaz Sərraf Şiruyənin əziz xatirəsinə

Qazana bilməzdin bu qədər şöhrət,
Sözün bəyənilib gəlməsə xoşa.
Hayanda oluram, göstərib hörmət
Sənin doğman kimi çəkirlər başa.

Sənət məbədiydi evin, ocağın
Kaş ki susan dilin bir ağız dinə.
Mən sənə hamıdan bir köynək yaxın,
Sən mənə hamıdan əzizsən yenə.

Hər xoş sorağından çatılan qaşlar,
Şahlıq öyrədirdi tale quşuna.
Bir vaxt ünvanına atılan daşlar,
İndi məzarının dönüb daşına.

Üstümdə zəhmətin, haqqı-sayın çox,
Gücüm çatmadı ki, qadanı sovam.
Sevgi-nəvazişdə təkcə əmim yox,
Bir az atamıydın, bir az da babam.

Dillərə düşəndən nəsil-soyuna
Adın şərəf oldu fəxri ad kimi.
Cılız bədəninə, yosma boyuna
Təbin verilmişdi mükafat kimi.

Çoxdur məclislərdə adını öyən,
Şahidi olmuşam neçə kərə də.
Səndən söz istəyən, şeir istəyən
Biganə deyildin gözəllərə də.

Könüllər oxşayan istedadını
Zaman sınağıyla çəkdi dərinə.
İndi gəzdiririk sənin adını
Dövlətin verdiyi sənəd yerinə.

Arzu ünvanıydı Təbriz sözünün,
Yerlərə sığmayan həsrətin göycə.
Yaşı qurumayan ağlar gözünün:
“Biri Qarabağdı, biri də Göyçə.”

Hədəfdə sonuncu düşməndir həmlə,
Yoxsa tapdaq altda Vətən usanı.
Hər gün yaraqlanıb dəftər, qələmlə
Səngər eyləmişdin yazı masanı.

Göynəyib Yelmara amanla, ahla
Alovsuz yanırdı ruhun bədəndə.
Necə vuruşurdu Vəzir silahla,
Elə döyüşürdün qələmlə sən də.

Cinasdan hörülmüş təcnislər qəsrin,
Sözə naxış vuran söz zərgərisən.
Həmişə deyirəm, sən bizim əsrin
Sazsız qoşma qoşan Ələsgərisən.

Həsrətdir dindirən kədər neyimi,
Cığır axtarıram yoluna yetim.
Qıyıb sağlığında demədiyimi
Gəldim məzarına söyləyib gedim.

2018

P. S.
Yelmar Edilov və Vəzir Orucov Azərbaycanın Milli Qəhrəmanlarıdır.
Hər iki Milli Qəhrəman haqqında Sərraf Şiruyə poema yazıb.

Müəllif: Qılman İMAN

SƏRRAF ŞİRUYƏ HAQQINDA

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir