Etiket arxivi: Qılman İMAN

Qılman İman – Yaşayırsan

YAŞAYIRSAN

Oturub şahzadətək eşqimin taxt-tacında,
Sahiblənib bir böyük saraya yaşayırsan.
Bəlkə də heç bilmirsən, deyim, xəbərin olsun
Tutub ağ günlərimi qaraya yaşayırsan.

Üşüyər ötən günlər o titrəyən səsində,
Buz bağlayıb sönəcək nəfəsim nəfəsində.
Hər əmrinə müntəzir əsgər qiyafəsində
Düzüb xatirələri sıraya yaşayırsan.

Sənə məğlub oluram özümlə cəng eyləyib,
Həsrətin də rəngimi bir az bədrəng eyləyib
Gizli nömrələr ilə arada zəng eyləyib
Toxunub sağalmayan yaraya yaşayırsan.

Hara qədəm bassaydın, yol olardım izinə,
Təbəssümün bənzərdi, gülsən, gül dənizinə.
“Ürəyim”- deyirdin ha, o ürək əvəzinə
Gəzdirib köksün altda daş-qaya, yaşayırsan.

Həyat adlı səngərdə gör da, gör savaşımı,
Dünya edam kötüyü, tale kəsir başımı.
Yeyib canda canımı, içib gözdə yaşımı
Qanımda yanağında al boya, yaşayırsan.

Xəyallarım piyada gedib hara çatası…
Göylər tutub ahımdan yerə çətir, qadası.
Ürəyim sevənlərin görünməyən odası,
Sən də həmin məkanda kirayə yaşayırsan.

11 avqust 2022

Mənbə və müəllif: Qılman İMAN

QILMAN İMANIN DİGƏR YAZILARI

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

YARIMÇIQ ÖMRÜN YADİGARLARI

Şəkildəkilər, soldan. 1-ci sıra: Rəmzi Yüzbaşov, Mikayıl Müşfiq, komandir Kərimov, (?), İslam Kələntərli. 2-ci sırada: 3) Mustafa Mustafayev, Hüseynov. 3-cü sırada: 3) Təmraz.

YARIMÇIQ ÖMRÜN YADİGARLARI

Salman Mümtazla bağlı məlumatlar almaq, onun həyatının bəzi anlarını öyrənmək məqsədi ilə alimin həmyerlisi, onun faciə tarixinə bələd olan Akademiya şöbəsinin işçisi İsmayıl XƏLİLOVLA bir neçə dəfə görüşüb söhbət etmişəm, hər dəfə də çox dəyərli məsləhətlər almışam. Növbəti görüşümüzdə söhbət 30-uncu illərdə ömrü yarımçıq qırılmış ziyalılardan düşəndə İsmayıl müəllim bir yarpaqlıq əlyazmanı seyfindən götürüb mənə verdi, dedi ki, Mikayıl MÜŞFİQİN dustaqda yazdığı şeirdir. “Zindandan məktub” adlanan şeir qəzəl formasındadır:

Neçə müddətdir ki, əsirəm, həsrətəm cananə mən,
Nola bu viranədən axır çıxam bir yanə mən.

Məskənim künci-qəfəsdir binəva bülbül kimi,
Layiqi-zindan deyiləm, düşmüşəm zindanə mən.

Ey vəfalı aşnalar, pis günümdür, bir gəlin,
Haqqına varsa günahım cəlb olum divanə mən.

Nə qoyun haqqı arayə, söyləyin təqsirimi.
Neylədim saldız nəzərdən, olmuşam biganə mən?

Bir fəna səngi-mühəngiz sənsən, ey islah evi,
Mərd ölüm xoşdur, gədayə getmərəm dərmanə mən.

Hər gədanı mən könül mülkündə sultan eyləməm,
Yaxşılıqdan başqa bilməm neylədim insanə mən.

Müşfiqa! Yox bu zamanda şairə qiymət verən,
Gör nə bədbəxt imişəm ki, düşmüşəm zindanə mən.

Yazının sonunda “1938” tarixi qoyulub. Şeirin haradan alındığı ilə maraqlandım. İsmayıl müəllim bildirdi ki, onu Əlyazmalar İnstitutunun əməkdaşı, istefada olan polkovnik Mustafa Mustafayevdən götürüb.
Mustafa müəllimlə görüşdüm, şeirin tarixçəsini danışmasını xahiş etdim. Söylədi ki, onu mənə Bakının Saray kəndində olan, “Üryan” təxəllüsü ilə şeirlər yazan Mirmehdi Məlikzadənin alim oğlu, vaxtilə Akademiyanın Radiasiya Tədqiqatları bölməsində işləmiş Mirkazım Məlikzadə verib. Açığı, o vaxt şeirin hansı yollarla gəlib çatmasının incəliyini öyrənməyə can atmadım. Ancaq onu yaxşı bilirdim ki, Məlikzadələr ailəsi poeziya ilə çox sıx bağlıdır. Mirkazımın da, atası Mirmehdinin də şeirləri Cəfər Rəmzinin “Deyilən söz yadigardır” kitabına salınıb. Ona görə də Müşfiqin əsərinin bu ailəyə necəsə gəlib düşməsi qanunauyğun haldır. Ancaq onu da unutmaq olmaz ki, şeirin Müşfiq qələmindən çıxdığını qeyd-şərtsiz təsdiqləyən heç bir sənəd əldə yoxdur.
Sonra Mustafa müəllim bildirdi ki, mən Mikayıl Müşfiqlə universitetdə bir yerdə oxumuşam. Onun xətrini hamımız çox istəyirdik. Şairin nakam taleyi mənə də çox acı təsir etdi.
Mustafa müəllim sanki sözlərinin təsdiqi olaraq bir fotonu mənə göstərdi. Baxıram, öndə soldan birinci coğrafiya elmləri namizədi Rəmzi Yüzbaşov əyləşib, onun yanında isə əli tüfəngli Mikayıl Müşfiq. Orta sırada sağdan ikinci, gülümsəyən oğlan isə Mustafa Seyid oğludur.
1928-inci ildə Gəncə qəzasında – Hacıkənddə çəkilmiş (o vaxt tələbələri yay tətilində məşğələlərə aparırdılar) bu tələbə komandasının fotosu ömrün bəlkə də ən qayğısız anlarını əks etdirir. Aradan vur-tut onca il keçəcək və 1938-inci il gələcək, buradakı adamların hərəsi taleyin bir sınağı qarşısında qalacaq…

Ədalət TAHİRZADƏ,
Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya
elmləri namizədi

(“Elm” qəzeti, 15 oktyabr 1988, № 41 (167), s. 4).

Təqdim etdi: Qılman İMAN

Unudulmaz Sərraf Şiruyənin əziz xatirəsinə

Həyatda özümü həmişə borclu sandığım, şeirləri dillər əzbəri, unudulmaz şairimiz, əmim Sərraf Şiruyə yaşasaydı bu gün – sentyabrın 11-i 83 yaşı tamam olacaqdı. Ruhu şad olsun. Amin:

Unudulmaz Sərraf Şiruyənin əziz xatirəsinə

Qazana bilməzdin bu qədər şöhrət,
Sözün bəyənilib gəlməsə xoşa.
Hayanda oluram, göstərib hörmət
Sənin doğman kimi çəkirlər başa.

Sənət məbədiydi evin, ocağın
Kaş ki susan dilin bir ağız dinə.
Mən sənə hamıdan bir köynək yaxın,
Sən mənə hamıdan əzizsən yenə.

Hər xoş sorağından çatılan qaşlar,
Şahlıq öyrədirdi tale quşuna.
Bir vaxt ünvanına atılan daşlar,
İndi məzarının dönüb daşına.

Üstümdə zəhmətin, haqqı-sayın çox,
Gücüm çatmadı ki, qadanı sovam.
Sevgi-nəvazişdə təkcə əmim yox,
Bir az atamıydın, bir az da babam.

Dillərə düşəndən nəsil-soyuna
Adın şərəf oldu fəxri ad kimi.
Cılız bədəninə, yosma boyuna
Təbin verilmişdi mükafat kimi.

Çoxdur məclislərdə adını öyən,
Şahidi olmuşam neçə kərə də.
Səndən söz istəyən, şeir istəyən
Biganə deyildin gözəllərə də.

Könüllər oxşayan istedadını
Zaman sınağıyla çəkdi dərinə.
İndi gəzdiririk sənin adını
Dövlətin verdiyi sənəd yerinə.

Arzu ünvanıydı Təbriz sözünün,
Yerlərə sığmayan həsrətin göycə.
Yaşı qurumayan ağlar gözünün:
“Biri Qarabağdı, biri də Göyçə.”

Hədəfdə sonuncu düşməndir həmlə,
Yoxsa tapdaq altda Vətən usanı.
Hər gün yaraqlanıb dəftər, qələmlə
Səngər eyləmişdin yazı masanı.

Göynəyib Yelmara amanla, ahla
Alovsuz yanırdı ruhun bədəndə.
Necə vuruşurdu Vəzir silahla,
Elə döyüşürdün qələmlə sən də.

Cinasdan hörülmüş təcnislər qəsrin,
Sözə naxış vuran söz zərgərisən.
Həmişə deyirəm, sən bizim əsrin
Sazsız qoşma qoşan Ələsgərisən.

Həsrətdir dindirən kədər neyimi,
Cığır axtarıram yoluna yetim.
Qıyıb sağlığında demədiyimi
Gəldim məzarına söyləyib gedim.

2018

P. S.
Yelmar Edilov və Vəzir Orucov Azərbaycanın Milli Qəhrəmanlarıdır.
Hər iki Milli Qəhrəman haqqında Sərraf Şiruyə poema yazıb.

Müəllif: Qılman İMAN

SƏRRAF ŞİRUYƏ HAQQINDA

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aşık Veyselin aşk hikayesi

Aşık Veysel Evli Olduğu Zamanlarda Eşi Başka
Bir Adama Aşık Olur Ve Kaçmaya Karar Verir..

Gece Uyumak İçin Yataklarına Girdikten Sonra
Eşi Kalkar, Bohçasını Alır Sonra Pabuçlarını Giyer
Ve Arkasına Bakmadan Hızla Kaçmaya Başlar.

Biraz aradan sonra ayağına bir şeyin vurduğunu Fark eder. Pabuçlarını Çıkardığında Gördüklerine İnanamaz. Aşık Veysel’in TÜM PARASI Oradadır.

***

Kaçacağını Anlayıp Sahip Olduğu Her Şeyi Eşine Bırakmıştır.
Ayrıca Paranın Yanında Bir Kağıt Görür.
AŞIK VEYSEL KAĞITA ŞUNLARI YAZMIŞTIR:

“Al Bu Parayı Ananın Ak Sütü Gibi Helal Olsun,
Gittiğin Yerde Kendini Ezdirme.

Birde Güzelliğin On Para Etmez Bende ki Aşk Olmasa…”

Aşık Veysel’i 126. YAŞ GÜNÜNDE RAHMETLE ANIYORUZ ..

Mənbə: Qılman İMAN

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞAİRLƏR ƏSƏD CAHANGİRİ ŞEİR YAĞMURUNA TUTDULAR

ƏSƏD CAHANGİR – 55

ƏSƏD CAHANGİRƏ
İlahi, bərk saхla bu nərdivanı,
Düşüb adamlıqdan yıхılır adam.
Qüvvətə yüksələ bilməyən kimi,
Bölünüb məхrəcdə çıхılır adam.
* * *
Hər gün yol gеdirik ölümə tərəf,
Ölüm də bələdçi, zülümə tərəf,
Üzə bilməyəndə çölünə tərəf,
Batıb içindəcə boğulur adam.
* * *
Göz önündə olub, göz görməyəndə,
Min еyib tapılır hər cür “bəyəndə”.
Özgələr qəlbində yеr vеrməyəndə,
Köçüb öz içinə yığılır adam.
* * *
Fələklər ahımdan yanalar gərək,
Əgər yanmasalar, donalar gərək,
Məni bağışlasın analar gərək:
Özünü doğanda doğulur adam.
Müəllif: Qılman İMAN

QOŞA BEŞLƏRİN
(Əsəd Cahangirə 55 yaşı münasibəti ilə…)
Bənzəyir qanadlı quşa beşlərin,
Düşüb yay fəslinə qoşa beşlərin.
İlləri boş yerə xərcləməmisən,
Gəlir,min şükür ki,xoşa beşlərin.
* * *
Uzun gecələri çox qaldın oyaq,
Söz adlı od sevdin pərvanəsayaq,
Söykədin arxanı daima Haqqa,
Yaş yaşa dayaqdır,beş beşə dayaq.
* * *
Qəlbinin aynası büllur,saf şüşə,
Qoymadın üstünə qara xal düşə.
Həyat məktəbini oxudun əla,
Ədəb məktəbini bitirdin beşə.
* * *
Fikrin,duyğuların dərindən dərin,
Düz bildin yerini xeyirlə,şərin.
Vallah,öz-özünə qoşalaşmayıb,
Min-min qayğısı var qoşa beşlərin.
* * *
Bu hörmət,bu izzət düşməyib göydən,
Çıxmısan pak,təmiz bir halal öydən.
Qoymusan daşı daş,yaşı yaş üstə,
Halal zəhmətindir saçındakı dən.
* * *
Qələmi haqq sandın,sözü bildin pir,
Oldu fikrin,sözün əməlinlə bir,
Qoşa beş nədir ki belə ömürçün,
Azdır yüz yaşasan,Əsəd Cahangir!
Müəllif : Fikrət MƏMMƏDLİ

DEYİLİR
(Bu şeiri əziz Əsəd Cahangirin 55 illik yublieyinə həsr edirəm)

Yaşı məlum olmayana,
Göy deyilir,yer deyilir.
Möcüzədi yaranandan,
Açılmayan sir deyilir.
* * *
Gedən gedər,gələn gələr,
Bəxt üzünə gülən gələr.
Çox dünyada pəncərələr,
Ötüb keçsən bir deyilir.
* * *
Yaxşılığa əl atana,
Haq edib könlə yatana.
İmkansıza əl tutana,
Xeyirlə əlbir deyilir.
* * *
Şahlar yada düşmür ,niyə?
Min ahlar yüksəldib göyə.
Nizamiyə,Füzuliyə,
Nəsimiyə pir deyilir.
* * *
Zülümkarın yoxdu eli,
Şər deyənin susar dili.
Çox əyrini.çox qozbeli,
Düzəldər qəbir,deyilir.
* * *
Doğulandan sir olana,
Könüllərdə pir olana.
Sözü,işi bir olana,
Əsəd Cahangir deyilir
Müəllif : Çingiz QƏRİBLİ

BEŞ QOŞANIN ADAMINA
(55 yaşının tamamına görə)

Təbin, məntiqin titan —
Bu coşquya nə sədd var?!
Beşləri qoşa atan
Taledə tün məqsəd var!..
* * *
Agah söz ilki sənə;
Verilmiş bilgi sənə…
Ey xocam, bil ki, sənə
Coxusunda həsəd var!..
* * *
İyirmibirinci əsrin
Sən — MÜCİRƏDDİN qəsri…
Poeziyanı, nəsri
Hər yozumunda hədd var…
* * *
Rəyin — bölünməz təkdir,
Ruhunda nə var– həqdir…
Saf duyduğunda təqdir,
Duyğusuzluğa rədd var!..
* * *
Sənət meydanı daşlı…
Gah zəhərli, gah aşlı…
Ölüm-itim savaşlı
Bu yolda çox cəsəd var!..
* * *
Bir şair ömrü sürdüm…
Xəyallarımla kürdüm…
Qələm götürüb, gördüm
Qarşımda tək ƏSƏD var!..
Müəllif: Yusif NƏĞMƏKAR

ADAMI
Sənə yazdım qəzəli, mən də bu gün, Söz adamı,
Həmi yüksəkdə tutar, həm də yıxar söz, adamı.
* * *
Dedi keçmiş atalar, “gözlər ürək aynasıdır”,
Verər öz nurunu həm, tez tanıdar üz adamı.
* * *
Dəyişib dövrü zaman, əyrilərin “xod” çağıdır,
Bilirik sevməyib heç, əyri olan düz adamı.
* * *
Sözü sevsən, deyirəm, qiyməti yox, gövhər olar,
Yerə vurdunsa sözü, bilki boğar toz adamı.
* * *
Sözü arif olana söylə ki, bilsin dəyərin,
Düşünüb anlayar o, məğlub edər yüz adamı.
* * *
Neçə dağdan, dərədən fikrü xəyalın dolaşar,
Aparar əvvəl-axır bax, bu təpə, düz adamı.
* * *
Sənə, Lilpar, deyirəm yaz ki, başından keçəni,
Tanıdar aləmə, bil, sonda qalan iz adamı.
Müəllif: Lilpar CƏMŞİDQIZI

ƏSƏD CAHANGİR

İki beşi yan-yana
Düzdün, Əsəd Cahangir.
Tənqidin dəryasında
Üzdün, Əsəd Cahangir.
* * *
Bulud kimi dolur hərdən,
Xəyallara dalır hərdən.
Hərdən şən olur, hərdən
Üzgün Əsəd Cahangir.
* * *
Təcəlla etdi üzüylə,
Addımladı öz iziylə.
Öz taleyin öz sözüylə
Yazdı Əsəd Cahangir.
* * *
Əsdi Əsəd Cahangir,
Üstdür Əsəd Cahangir.
Səsdi Əsəd Cahangir,
Sözdü Əsəd Cahangir.
Müəllif: Faiq HÜSEYNBƏYLİ

Şairlərin şeir yağmuruna tuş gələn Əsəd CAHANGİR özü də yubileyinə şeir yazdı:
“Özüm də özümə bir şeir yazdım. Bu şeiri 25 il öncə yuxuda görmüşəm. Yuxuda gördüklərimi altı il əvvəl 50 yaşıma ithaf etmişəm. Amma getdikcə başa düşürəm ki, bu mənim ömür şeirimdir. 50, 55, 60 yaşımın şeiri… Allah nə qədər ömür versə, bir o qədər… Deyəsən, bu şeirdən başqa hər hansı yubileyimə şeir yaza bilməyəcəm. Söz bir olar!”

55 YAŞIMA

Bacadan qəfil şığıyıb
Çiynimə qonan quşa bax!
Az qalır ki çiynim sına
Qanadları sınmışa bax!
* * *
Burub fələyin qulağın
Hansı vaxta qurub gəlib?
Əlli beş il gözləmişəm,
İndi niyə durub gəlib?
* * *
Çiynimə qonan bu quşun
Sağı var, solu görünmür,
Üzümə nəfəsi dəyir,
Qanadı-qolu görünmür.
* * *
Göz yaşımı dənləyən quş,
Kimsə yox dən versin sənə?
Atam gəlsin, anam gəlsin
İsti yuva hörsün sənə?
* * *
Oğlan, nə ana südündən,
Nə ata qanından gəlir,
Çiyinlərə qonan quşlar
Allahın yanından gəlir,
* * *
Sənə haqqın quşu qonub,
Bəxtəvər olub başına!
Dimdiyində söz gətirib
Allahdan təzə yaşına!
* * *
Çiyninə quşlar qondusa,
Anan olmaz, atan olmaz,
Daha quş olub uçarsan
Daha səndən adam olmaz.
Müəllif: Əsəd CAHANGİR

Biz də Yazarlar.az olaraq bütün bu arzulara qoşulur, söz dünyasının cahangir əsədi Əsəd Cahangiri yubileyi münasibəti ilə təbrik edir, ən gözəl nemət olan can sağlığı və bütün fəaliyyətində uğurlar arzu edirik!!! Uğurlarınız bol olsun, Əsəd müəllim!!!

ÇİNGİZ QƏRİBLİ, ƏSƏD CAHANGİR, FAİQ HÜSEYNBƏYLİ,

FİKRƏT MƏMMƏDLİ, LİLPAR CƏMŞİDQIZI, QILMAN İMAN

YUSİF NƏĞMƏKARın digər yazıları >>>>


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru