Etiket arxivi: SƏMA MUĞANNA

Səma Muğannanın müsahibəsi

TƏRANƏ YUSUBOVA: Bəzi sevgilər yaşanmaq üçün yox, insanın içində iz buraxmaq üçün gəlir- müsahibə

Bəzi insanlar həyatımıza bir fəsil kimi gəlir. Payız ətirli qadın kimi… Onun həyat lövhəsi şagirdləri üçün bir işıq olsa da, mənim üçün o qadın küllərindən doğulmuşdur. Təranə xanımla yollarımız uşaqlıq illərimdən kəsişib və illər keçdikcə bu yol mənim üçün çox dəyərli bir xatirəyə çevrilib.

 Doğma 190 nömrəli tam orta məktəb( indiki adı 189-190) bizi bir-birimizə tanıtdırıb. 190 nağılların dünyasıdır. Təranə xanım da bu nağılın baş qəhrəmanıdır. Bu məktəbin divarlarının rəngi, cingildəyən son zənglər, qaçaqaçla düşdüyümüz pilləkənlər dəyişsə də, mənim ona olan hörmət və sevgim heç vaxt dəyişməyib.

  Mənim 5 yaşım olanda ilk məktəbə hazırlıq dərslərimdə Təranə xanımla tanış olmuşuq. Bizim münasibətimiz müəllim və şagird olaraq başlasa da, illər keçdikcə dərin dostluğa çevrilib. Sizə təqdim etdiyim bu müsahibə də  sevgi dolu xanımın pıçıltılarının kiçik bir hissəsidir.

Təranə xanım, uşaqlığınızın hansı dönəminə qayıtmaq istəyərdiniz? Və ona nə söyləyərdiniz?

 Acılı-şirinli 1990-cı ilin yayına.O zamanlar ən xoşbəxt çağlarım idi. O ki qaldı uşaqlığıma nə söylərdim?  Söylərdim ki, tələsmə.Hər şeyi böyüdükcə anlayacaqsan.İndi bu günlərin qədrini bil.Səni sevən insanları qucaqla, ürəyində qalan sözləri söylə.Əziz insanların gedəcək, bəzi arzuların dəyişəcək, amma sən özünü itirmə.Və ən əsası özünü heç vaxt yetərsiz hiss etmə. Sən olduğun halınla da çox dəyərlisən.

Bir neçə il bundan öncə məktəbimizin akt zalında Röya obrazını canlandırdınız. Bu Röya kimdir?

  Röya hər dəfə təyyarə səsinə başını səmaya qaldırıb Tanrısının yanında olan Şəhidini salamlayandır. Pıçıltı ilə:”Şahinim-Şəhidim” deyəndir

Çoxları deyirlər ki, Məcnunla Leyli qovuşsaydı,onların sevgisi adiləşərdi. Sizcə, bu doğru fikirdir?

   Məncə, bu fikir qismən doğrudur,amma tam deyil.Məcnunla Leylinin sevgisini əfsanələşdirən  əsas şey onların qovuşmaması,sevginin sınaqlardan keçməsi, Məcnunun sevgini adi bir münasibətdən daha uca bir məna kimi yaşamasıdır. Qovuşsaydılar, əlbəttə, gündəlik həyat başlayacaqdı. Qayğılar, məsuliyyətlər, fikir ayrılıqları, məişət… Və bu, onların sevgisini insaniləşdirərdi. Adi adiləşmək sevgini dəyərsizləşdirmək demək deyil. Əksinə,bəlkə də ən böyük sevgi elə sevdiyin insanla gündəlik həyatın içində də bir-birini seçməkdir. Məncə, Məcnunla Leylinin faciəsi ondadır ki, onların sevgisinin həqiqiliyini həyatın özü sınamağa imkan tapmadı. Onlar birlikdə qocalmadılar, dəyişmədilər, bir-birlərinin adi tərəflərini görmədilər. Buna görə də sevgiləri gerçək həyatdan çox, insan xəyalındakı əbədi sevgi obrazına çevrildi. Bəlkə də ən gözəl paradoks budur. Onlar qovuşsaydılar əfsanə bəlkə bitərdi, amma sevgi yenə başlayardı.

Niyə ən gözəl qadınlar gecənin səssizliyində öz tənha kölgələri ilə həmsöhbət olurlar?

Bəlkə ona görə ki, ən gözəl qadınların hamı tərəfindən görünən tərəfi çox vaxt heç kimin görmədiyi iç dünyalarını gizlədir. Gündüz hamı onların gözəlliyini görür, amma gecə sakitləşəndə üzlərdən, baxışlardan, təbəssümlərdən geriyə yalnız insanın özü qalır. O zaman insan öz gölgəsi ilə danışır. Demədiyi sözlərlə, yarımçıq qalan sevgilərlə,itirdiyi insanlarla, heç kimin bilmədiyi qorxularla…Və bəzən gözəllik tənhalığı azaltmır, əksinə, insanın ətrafına görünməz bir məsafə çəkir, çünki çoxları onun üzünə baxır, amma ruhuna toxunmağa cəsarət etmir, amma bir şeyi də düşünürəm: Tənha olmaq sevilməmək deyil. Bəzən insan çox sevilir,sadəcə onu həqiqətən anlayan bir nəfərin yoxluğu bütün sevgiləri susdurur.Ona görə gecələr öz kölgəsi ilə söhbət edən qadın bəlkə də bədbəxt deyil. Sadəcə ürəyindəki dərinliyə uyğun bir səs axtarır.

Sizcə, Ayla Günəş qovuşsaydı, kainat bu sevgiyə qarşı çıxardı, yoxsa üsyan edərdi?

  Məncə, kainat bu sevgiyə qarşı çıxmazdı, çünki Ayla Günəş qovuşsaydı, bu, adi bir görüş olmazdı. Biri gecənin səssizliyini, digəri gündüzün işığını gətirən iki ayrı aləmin bir-birinə toxunması olardı. Bəlkə də kainat əvvəlcə susardı… Ulduzlar yolunu dəyişər, gecə ilə gündüz arasındakı sərhəd itər,zaman bir anlıq dayanardı. Sonra kainat anlayardı ki, bəzi sevgilər qaydaları pozmaq üçün deyil, yeni bir qayda yaratmaq üçün gəlir.Amma bir şərtlə:Ayla Günəş bir-birini dəyişdirməyə çalışmasın. Ay yenə Ay qalsın, Günəş yenə Günəş… Sadəcə bir-birinin işığında özlərini daha yaxşı görsünlər. Və məncə, kainatın üsyanı da elə bundan olardı: “Əgər iki ayrı dünya bir-birini bu qədər sevə bilirsə, mən niyə onları ayırım?” Bəlkə də o zaman kainatın ən gözəl möcüzəsi yaranardı: Günəşin işığında Ayın görünməsi…

Böyük dostluqların sonu sevgi ilə bitə bilərmi?

 Bəli, böyük dostluqların sonu sevgi ilə bitə bilər. Amma hər böyük dostluğun sevgiyə çevrilməsi vacib deyil. Bəzən insan birinin yanında o qədər rahat, o qədər özü kimi olur ki, bir gün anlayır: “Mən bu insanı sadəcə sevmirəm… onu itirməkdən qorxuram.”

 Dostluqdan doğan sevginin gözəlliyi ondadır ki, onun təməlində əvvəlcə tanımaq, güvənmək və qəbul etmək dayanır. Bu, çox dəyərli bir başlanğıcdır. Amma bir incə tərəfi də var. Əgər hisslər qarşılıqlı deyilsə, insanın ən böyük dostunu itirmək qorxusu yarana bilər. Ona görə belə bir sevgidə ən vacib şey tələsməmək və qarşı tərəfin hisslərinə hörmət etməkdir.

 Mən hətta belə deyərdim: Bəzi sevgilər ilk baxışda başlamır.İllərlə bir dostluğun içində sakitcə böyüyür.Bir gün isə insan geriyə baxıb anlayır ki, mən səni çoxdan sevirmişəm… Sadəcə bu sevginin adını dostluq qoymuşam.”  Və ən gözəli bilirsən nədir? Əgər iki insan bir-birini həqiqətən dəyərləndirirsə, sevgi dostluğun sonu olmaq məcburiyyətində deyil. Dostluğun daha dərin bir formasına çevrilə bilər

Gecələr ulduzlara baxıb arzu tutduğunuz anlar olub? Əgər gizli deyilsə,ondan sizə qalan xatirə nədir?

 Əlbəttə ki, olub… Bəzi gecələr insan göyə baxıb arzu tutmur, sadəcə ürəyində deməyə cəsarət etmədiyi bir şeyi ulduzlara etibar edir. Məndən qalan xatirə isə arzunun özü deyil, o anın səssizliyidir, çünki illər keçəndən sonra insan bəzən nə arzuladığını unudur, amma hansı hisslə arzuladığını unutmur. Bəzi ulduzlar arzunu həyata keçirmir… Sadəcə onu yaddaşında qoruyur.” Ondan mənə qalan xatirə? Sevgi dolu baxışları…

Vüsala çatmadan sevmək necə bir hissdir?

 Vüsala çatmadan sevmək bəlkə də sevginin ən səssiz, ən ağır tərəfidir, çünkiinsan sevdiyinə sahib deyil, amma onu ürəyindən də çıxara bilmir. Görüşmədən də darıxır, danışmadan da anlayır, yanında olmadan da onunla söhbət edir. Bu sevginin qəribə bir tərəfi var:ümid həm təsəllidir, həm də ağrı.

Bəzən insan bilir ki, yolları birləşməyəcək. Yenə də ürəyi “bəlkə…” deyir. Çünki ürək həmişə mümkün olanı deyil, inanmaq istədiyini seçir. Məncə, vüsala çatmadan sevən insanın içində belə bir cümlə yaşayır: “Sən mənim olmadın… amma mənim içimdə sənə aid bir yer həmişə qaldı.”

Və bəlkə də ən kədərli həqiqət budur: Bəzi sevgilər yaşanmaq üçün yox, insanın içində iz buraxmaq üçün gəlir.

Təranə xanım, Röya obrazı mənim üçün də çox doğmadır. Təsəvvür edin ki, həmin Röya sizin qarşınızda dayanıb. Ona nə söyləyərdiniz?

 Sev, sevdiyindən də çox sev. Çünki sevdiyindən çox sevildin, ölənə qədər sevildin. Son nəfəsdə də adın dilə gətirildi. Sevgin qəlbdə torpağa basdırıldı.

Təranə xanımın sevgi dünyası hansı rəngdədir?

  Qarayla qucaqlaşıb ağa çatmağa çalışan rəng.

Söhbətləşdi: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü, Prezident təqaüdçüsü


SƏMA MUĞANNANIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Səma Muğanna üçün ədəbiyyat

ƏDƏBİYYAT və SƏMA MUĞANNA

Səma Muğanna üçün ədəbiyyat – sadəcə hadisələrin təsviri deyil, insanın daxili aləminin açılışı, mənəvi mübarizənin poetik (proyeksiya olunmuş publisistik) ifadəsidir. O, öz qəhrəmanlarını həyatın sınaqları qarşısında dayanmağa, öz mənliklərini qorumağa səsləyir. Onun nəsrində real qadın obrazları xüsusi yer tutur (özünü müxtəlif tonlarda yaradır, anasını, müəllimlərini, rəfiqələrini, hətta nənəsini müxtəlif rakurslardan işləyir): zərif, lakin güclü, susqun, lakin müdrik qadınlar yazıçının ideya-estetik baxışlarını təcəssüm etdirir.

Muğanna dilinin poetikliyi, simvollarla zənginliyi, metafizik məna çalarları oxucunu düşünməyə vadar edir. O, bəzən adi bir hadisəni təqdim etməklə insanın varlıq anlamına, Tanrı ilə münasibətinə, ruhun azadlığına işıq tutur.

Səma Muğanna yalnız yazıçı deyil, mənəviyyat mücəssəməsidir. O, sözün və qadın qəlbinin qüdrətini birləşdirərək Azərbaycan ədəbiyyatına bənzərsiz bir ruh gətirmişdir. Onun əsərləri oxuculara ruhi saflaşma, mənəvi diriliş və özünüdərk yolunu göstərir.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas, tənqidçi

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

“YAZARLAR” JURNALININ OKTYABR – 2025 № 10 (58)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR” JURNALININ OKTYABR – 2025 № 10 (58)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB – PDF: Yazarlar-58


SƏDULLA ŞİRİNOVUN KİTABLARI
:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SƏMA MUĞANNA KİTABLARINI TƏQDİM EDİB

SƏMA MUĞANNA KİTABLARINI TƏQDİM EDİB

Bu gün – 26 sentyabr 2025-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında İsa Muğanna ocağının varisi gənc yazıçı Səma Mugannanın “Qeyb olan uşaqlıq” və “Həyatımdan parçalar” adlı kitablarının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Zaur Ustac qonaqları Muğannalar ailəsi adından salamlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin moderatoru Zaur Ustac Səma Muğannanın yaradıcılığı və təqdim olunan kitablar haqqında geniş məlumat verdikdən sonra sözü “Həyatımdan parçalar” adlı kitaba ön söz yazmış akademik Nizami Cəfərova verib. Nizami Cəfərov ümumilikdə Səma Muğannanın yaradıcılığı barədə ətraflı söhbət açaraq, Səmanın bu günə qədər yazdıqlarını geniş təhlil edib və prespektiv imkanlarının istiqamətlərini göstərib. Sonra “Qeyb olan uşaqlıq” kitabının ərsəyə gəlməsində xüsusi xidmətləri olan “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədova söz verilib. Professor İlham Pirməmmədov, şair Nazim Muğanlı, tənqidçi Əsəd Cahangir, Azərbaycanın əmək qəhrəmanlarından (Sosialist Əməyi Qəhrəmanı) Tərlan Musayeva, Arzu Nəbioğlu (şair Nəbi Xəzrinin oğlu) Səmanın yaradıcılığı barədə fikirlərini və babası İsa Muğanna ilə bağlı olan xatirələrini bölüşüblər. Sonra şair və yazıçılardan Nazim Əhmədli, Güllü Eldar Tomarlı, Kənan Hacı, Fuad Biləsuvarlı, Nəzakət Eminqızı çıxış edərək Səma Mugannanın yaradıcılığından söhbət açıblar. Səmanı təbrik etməyə gələnlərin arasında tanınmış ziyalılardan şairlər Avdı Qoşqar, Dayandur Sevgin, müəllimləri Elnarə xanım, Səlminaz xanım, Nazlı xanım, Lalə xanım, Günel xanım, ailənin yaxınları Nigar Həsənzadə, Namiq İslamzadə, Könül xanım, Səbinə xanım və digər doğmalar da olub. Tədbirin gedişində Ülviyyə Orucova Səma Mugannanın əsərlərindən parçalar təqdim edib. Tədbirin fəxri qonaqlarından olan tanınmış qiraətçi Rəsmiyyə xanım məclisin abu-havasına uyğun olaraq Cəfər Cabbarlının “Ana” şeirini səsləndirib. Sonda söz Səma Mugannanın ailə üzvləri, həm də “Həyatımdan parçalar” romanının qəhrəmanları İsaya (qardaşı – babasının adaşı) və anası Sevinc xanıma verilib. Yekun olaraq Səma Muganna qonaqlara və xüsusi qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə Muğannalar ailəsi adından təşəkkür edib, xatirə şəkilləri çəkdirib, arzu edənlər üçün kitablar imzalayıb. Tədbirin gedişində Səma Muganna bədii yaradıcılıq sahəsində qazandığı ardıcıl uğurlarına görə yazarlar cameəsi adından “Alqışnamə” mükafatı ilə təltif olunub. Tədbirdən fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

SƏMA MUĞANNANIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Mənim üçün dünyanın oyunu bitməyib”

   

“Mənim üçün dünyanın oyunu bitməyib”

Əməkdar artist, Milli Gənc Tamaşaçılar teatrının rejissoru Nicat Kazımovun müsahibəsi:

Elə bir obraz olubmu ki, onu səhnədə reallaşdırmaq sizin üçün əlçatmaz olub?
-Bütün arzulanan və oynamaq istədiyin rollar insana əlçatmaz görünür. Bəziləri reallaşır, bəziləri isə vaxt məhdudiyyətinə görə reallaşmır. Mənim də səhnə həyatımda arzuladığım, amma oynaya bilmədiyim rollar olub. Bunlardan ilk olan U. Şekspirin “Romeo və Cülyetta” əsərində Romeo obrazı olub. İllər sürətlə keçdi və yaşım da ötdüyü üçün oynaya bilmədim. Romeo obrazını çox oynamaq istəyirdim. Gələcəkdə o əsərin tamaşasına quruluş vermək nəsib olar inşallah. Eyni zamanda “Neron” və Dəli İbrahim” obrazlarını oynamağı arzu etmişəm. Bunlar arzuladığım, lakin vaxtımın yetmədiyi obrazlar olub. Artıq onlar keçmişdə qalıb, amma gələcəkdə elə obrazlar var ki, onları oynamaq istəyirəm. Bunlardan biri də U.Şekspirin “Kral Lir” əsərindən Kral Lir obrazıdır. Ömür vəfa etsə, oynayacağıma inanıram. Mənim üçün kinoda, tarixi filmdə yaddaqalan bir obraz əlçatmaz görünə bilər.

-U.Şekspirin əsərləri mən də çox sevirəm, amma ən çox sevdiyim “Romeo və Cülyetta” əsəridir. Nə gözəl dediniz. İnşallah yaxın zamanda sizin yubiley tədbirinizdə əsərdən kiçik bir parça səhnələşdirib, oynayarsınız, mən də “Cülyetta” obrazında arzumu reallaşdırmış olaram. Həqiqətən də Şekspir dünya ədəbiyyatında bir iz qoymuş dramaturqdur. Kral Lir obrazında görmək üçün səbirsizlənirəm. İnşallah nəsib olacağına inanıram.

Niyə məhz rejissor, aktyor olmaq deyil?
-Əslində mən, aktyor olmaq arzusu ilə alışıb-yanmışam. Mənim üçün rejissorluq alın yazısı olub, istəklə gəlib çatdığım yer olmayıb. Özümü hər zaman aktyor kimi görüb, qiymətləndirmişəm. Elə bir müddət oldu ki, o vaxt rejissor qıtlığı yarandı. Bu müddətdə isə özümü yoxladım. Milli Gənc Tamaşaçılar Teatrının direktoru olmuş Kamal Əzizov mənə yeni tamaşa təklifləri etdi və mən hər il yeni tamaşalar hazırladım. Bu gün artıq mənim hazırladığım tamaşaların sayı 50-ni keçib. Məndə rejissor sənəti artıq ön plana keçib. Əgər hər hansı bir rejissor məni inandıra bilsə, çox maraqlı bir rol təklif etsə, çox güman ki, aktyor kimi oynamağa razılaşaram, amma rejissorluq mənim üçün ilk və öndə gedən peşəyə çevrilib. Düşünürəm ki, rejissorluqda daha da yeniliklər edəcəyəm, buna ümid edirəm. Hələ də mənim arzusunda olduğum və əlçatmaz görünən işlər var və inanıram ki, reallaşacaq. Rejissor üçün əlçatmaz olan işlədiyin teatrda əgər hansısa rejissor sənin istədiyin tamaşanı hazırlayıbsa və o əsər repertuardadırsa, artıq sən yenidən hazırlaya bilməyəcəksən. Müəyyən bir vaxt gözləmək lazımdır ki, o əsər repertuardan çıxsın və sonra yenidən hazırlamağa müraciət edə biləsən.

-Fikirlərinizlə tam razıyam. Aktyor və rejissor silahdaşlardır. Bu teatr müqəddəs məbəd olduğu kimi, səhnəsi də bir o qədər mübarizlidir, qüvvətlidir. Siz isə həm aktyor, həm də rejissor kimi teatrın kralısız, müəllim!

Əsl sevgiyə inanırsınız?
-Bəli, əsl sevgiyə inanıram. Düşünürəm ki, sevgi yoxdursa, həyat yoxdur, dünya öz oxu ətrafında fırlana bilməz. Dünyanı hərəkətə gətirən sevgidir. Çiçəkləri açmağa, quşları oxumağa vadar edən məhz sevgidir. İnsanı gözəl işlərlə də məşğul olmağa vadar edən də sevgidir. Sevgi olmasa, həyat və insanlıq yoxdur.
Sevgi haqqında onu da deyim ki, Allahın insanlara sevgisi var. Elə ən böyük sevgi də budur. Dünyada hər şey sevgidən yaranır.

-Doğru söylədiniz, sizinlə razıyam. Çiçəklər, quşlardan söz açdığınızda əsərlərimdəki obrazları xatırladım. İstiqlal ordenli Xalq yazıçısı İsa Muğannanın fikri yada düşər: “Dünyanı eşq xilas edəcək!”

-Çoxları deyirlər ki, Məcnunla Leyli qovuşsaydı, onların sevgisi adiləşərdi. Sizcə, bu doğru fikirdir?
-Yox, adiləşməzdi. “Leyli və Məcnun” əsəri ilə yaxından tanış olanlar , onu dərk etməyə çalışanlar bilirlər ki, burada söhbət qadın və kişi sevgisindən getmir. Burada Allaha olan sevgidən danışılır. Allahın yaratdığı hər şeyi sevmək lazımdır. Əsərin mövzusu və söhbəti bundan ibarətdir. Onlar qovuşsaydılar da, Qeys, yəni Məcnun çox yüksək pillədə olacaqdı. O, özünü dərk etməyə çalışırdı. Onun davası da özü ilə idi. Düşünürəm ki, heç vaxt o sevgi bitməzdi və necə ki, bitmir. Burada “Romeo və Cülyetta” əsərindən fərqli olaraq, Leyli və Məcnunda qadın və kişi məhəbbətindən yox, ifani sevgisindən danışılır.

-Leyli və Məcnun sevgisi bəlkə də bir daha yenidən dünyaya gəlməyəcək.

-Tanrı tərəfindən tamamilə səsiniz alındığı bir vaxta ona fikrinizi necə çatdırardınız?
-Tanrıyla danışmaq üçün səsə ehtiyac yoxdur. Tanrı sevgisi insanın içində olmalıdır. Düşünürəm ki, əməli-saleh insanlar bu barədə qışqırmamalıdır, ona car çəkməməlidir, səsə çevirməməlidir. O sevgi məhz insanın içindədir. Bizi Allah yaradıb və hər birimizin ruhunda ondan bir parça var. Mən elə səsim olaraq da qəlbimdə Allahla, Tanrıyla danışıram. Yenə də belə edərdim. Düşünürəm ki, sevgi insanın içində olmalıdır. Əməlləri, fikirləri və düşüncələri düzgün olmalıdır.
-Sizinlə razıyam. Zənnimcə, Tanrı bir işıqdır, onun keşməkeşli yolunda addımlayan insanlar da onun çırağında böyüyən fidanlardır!

-Sizin üçün dünyanın oyunu bitib?
-Dünyanın oyunu heç vaxt bitmir və bitməyəcək də. Mənim üçün dünyanın oyunu yox, hətta dünyasını dəyişdikdən sonra da dünyanın oyunu bitmir. Biz bilmirik ki, öldükdən sonra da bizim haqqımızda nə danışacaqlar, biz yaddaşlardan silinəcəyik, yoxsa qalacayıq? Bizi böyük sənətkar kimi xatırlayacaqlar, yoxsa ümumiyyətlə xatırlamayıb, deyəcəklər ki, etdiyi işlərin heç bir dəyəri olmayıb. Mənim fikrimcə, dünya durduqca da oyunu davam edəcək. -Maraqlıdır, bəzən insan bu suallara cavab tapmadıqca yorulur. Bəlkə də bir gün cavab tapılacaq…

-Hansısa obrazda öz taleyinizi görmüsünüz?

-Bəli, obrazlarımın əksəriyyətində mənim taleyimə bənzər nələrsə olur, onu mütləq tapıram, bənzətmə edirəm. Ən çox bu günə kimi oynadığım obrazlarda A.P.Çexovun Qağayı” əsərində bir çox tərəflərdən Triqorini özümə bənzədirəm.. İndi oynadığım, repertuarda olan Leyli və Məcnun”da isə Qeysin (Məcnun) atasına bəzi tərəflərdən bənzərliyim var. -Çox maraqlıdır, müəllim. Ümumiyyətlə, yaradıcı insanların istər özlərinin yaratdığı, istərsə də yaradılan obrazlarda özünü tapması çox dərin və sirrlidir. -Birinci kursdakı Səma və indiki Səma. Fikirlərinizi bilmək maraqlıdır. Tam səmimi olaraq.
-Hələ bir il keçib, bu fərq ilbəil daha da artacaq, çünki illər keçdikcə dəyişirik, müdrikləşirik. Səndəki fərq isə əlbəttə, görünür. Bu fərqi geniş tamaşaçı kütləsinə demirəm, amma o fərqlər aydın məsələdir ki, var, həm də yaxşılığa doğrudur. Sən çox çalışqan qızsan, öz üzərində çox çalışırsan. Arzu edirəm ki, bundan sonra da daha çox çalışıb, sənətin sirrlərinə yiyələnməyi bacarasan. Mən hər dəfə dərsdə sizə nələrsə öyrədib, bacarmağınız üçün çalışıram. Yolun açıq olsun, xoşbəxt olasan. Harda olursansa ol, istər yazıçı kimi, istər ədəbiyyatda, istərsə də səhnədə, uğurların bol olsun! Üzün həmişə gülsün. Təşəkkür edirəm, var ol! -Sizdən haqqımda bu fikirləri eşitmək xoş oldu, ustadım! Zəhmətiniz danılmazdır. İnşallah inanıram ki, etimadızı doğrultmağı bacaracam! Var olun, çox təşəkkür edirəm!

Söhbətləşdi: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü, Prezident təqaüdçüsü


SƏMA MUĞANNANIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Müəllim sənətinin xeyir pərisi

Müəllim sənətinin xeyir pərisi

Dəyərli pedaqoq, müəlliməm Aliyə Dadaşovaya ithaf edirəm!

ADMİU-ya ilk gəldiyim gündən qalanın möhkəm qapılarından çox qorxurdum. İnsanların məni necə qarşılaşmaq, addımlarla yeni hadisələri görmək məni həyəcanlandırır və beynimdəki sualları yarımçıq qoyurdu. Elə bil zehnimdəki hər şeyi itirmişdim və dünyaya yenidən gəlib, sualların cavablarını axtarırdım. 2 illik səyahət yolumda keşməkeşli bir yol qət etsəm də, amma mənə doğma olan, qəlbimdəki balaca qızcığazı sevindirən insanlar da oldu. Ən başlıcası əziz müəllimlərim Kəmalə Mehdiyeva, Nicat Kazımov Əlizaman İlknur , Sevinc Həsənova, Nadir Hüseynov, Pərvanə Namazova, Eldar Məmmədzadə, Ellada Hüseynova, Nurlan Rustamov , Yaqut Abdullayeva, Elmira Əlizadə və Vəsilə Quluzadə oldu. Mənim əziz müəllimlərim, nə yaxşı ki, varsınız! Üzərimdəki əziyyətiniz çoxdur, zəhmətiniz danılmazdır! Fəxr edirəm ki, sizləri tanımaq və tələbəniz olmaq nəsib olub!
Bu gün isə mənim üçün çox əziz olan müəllimlərimdən biri Aliyə Dadaşovadan danışacam. Facebook səhifəmi bilirsinizmi niyə sevirəm? Çünki o, xatirələrimi, yaşadığım istər çətinlik, istərsə də, xoşbəxt anlarımı bilir və qoruyub saxlayır. 11-ci sinfi bitirməyimdən iki il keçsə də, hər dəfə açıb keçmişi vərəqlədikdə gözlərim dolur, amma içimdə böyük bir xoşbəxtlik hissi ilə yada salanda simamda təbəssüm yaranır. Səmanın nağıllar kitabındakı qəhrəmanları bitməz ki…
Aliyə xanımı yeni tədris ilinin ilk həftəsi gördüyümdə artıq hiss etmişdim ki, bu xanımda böyük bir sevgi var. Daxili aləmi çox sirrli və maraqlıdır. Düzdü, yaradıcı insanların hər birinin fərqli dünyası var, amma Aliyə xanımın daxili dünyası rəngarəngliyi ilə seçilir. Onun gözlərindəki kədər qarışıq xoşbəxtliyi tələbəsi olaraq deyil, bir yazıçı kimi duyuram. Onun ruhu, qəlbi elə bil musiqi notlarının pianoda çalınan ifası kimi ritmik, amma səliqəli və gözəldir. Nədən onun ruhunu musiqi notlarına bənzətdim? Çünki musiqi insan ruhunun çalarlarıdır. Çalarların hər birinin öz rəngi var. Bəlkə də bizim üçün siyah-bəyaz görünə bilər, amma o notların daxilindəki səsin özü rəngarənglikdir. Bu göy qurşağına da bənzəyir. Baxın, Aliyə xanımın daxili dünyasında bu rəngarəngliyi görürəm.
Bəzi dərslərimiz distant formada keçirilsə də, amma hər dəfə onun mühazirə dərslərini böyük heyranlıqla dinləyib, hər dəfə yeni nələrisə kəşf edirdim. Mövzunu, yaxud dərsi öyrənmək başqa, amma kəşf etmək tamam ayrıdır. Aliyə xanımın ruhu çox incədir. Bilirsinizmi, baharda açılan qönçə kimi zərif bir ruhu var. Sakitdir, həzindir, amma toxunanda elə bil fırtına çağlayır dəniz kimi. Dənizin dalğası kimi düşüncələri dərindir, maraqlıdır və fəlsəfidir. O gün kulis.azda yazılarını oxuduğumda da yenidən öz-özümə dedim ki, Səma, sən çox şanslısan ki, Aliyə Dadaşovanın tələbəsisən.
O qadın xəzinədəki rəngli daşlara bənzəyir. Sanki quru torpağın altındakı qaranlıq bir tuneldən keçib tapdığım o rəngli daşlara. Səmanız yenə bir az mistikaya qaçır, axı mən bu fani dünyadan həmişə göylərə qaçıram, siz ki, bilirsiniz. Aliyə xanımın söylədiyi hər kəlməsi də bu rəngli, amma nadir tapılan daşlara bənzəyir, bu daşlar mirvaridir. Bəyaz, mavi, sarı və s…
Sizi tanımaq, tələbəniz olmaq mənim üçün şərəfdir, Aliyə xanım. Semestrin bitməsinə az qalıb, hətta təəssüf edirəm ki, dərslərin sayı da çox az olub. Amma tək sözüm odur ki, sizə olan hörmətim, sevgim sonsuzdur! Bu kiçik yazımın içində böyük bir sevgi var və bu foto da onu deyir. Yaxşı ki, varsınız!

Sevgilərlə, tələbəniz: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü, Prezident təqaüdçüsü


SƏMA MUĞANNANIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

GƏNC YAZARIN YENİ KİTABININ TƏQDİMATI…..

GƏNC YAZARIN YENİ KİTABININ TƏQDİMATI…..
Səma Muğanna – bu ad artıq oxuculara tanışdır.Bu günlərdə Atatürk Mərkəzində onun 4- cü kitabının-“QEYB OLAN UŞAQLIQ” – kitabının möhtəşəm təqdimatı keçirildi.Təqdimatda tanınmış elm adamları,yazıçı və şairlər,media mümayəndələri,ziyalılar iştirak edirdilər.Tədbiri giriş sözü ilə Məti Osmanoğlu açdı, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
O,sözü “Qazax”Xeyriyyə İctimai Birliyinin idarə heyətinin sədri İlham Pirməmmədova verdi.İlham müəllim bu kitabın İctimai Birliyin dəstəyi ilə nəşr olunduğundan,kitabdakı bölümlərdən ətraflı məlumat verdi.Yazıçı Varis Xalq yazıçısı İsa Muğannadan danışaraq,yazarın ugurlarını genlə əlaqələndirdi..
Şəhid Teymur Abbasovun anası Başxanım Abbaslı Səmaya ugurlar arzuladı.Səmanıın ibtidai sinif və biologiya müəllimləri- Manya Novruzova və Elnarə Nərimanova onun hələ kiçik yaşlarından babası ilə olan ədəbi fəaliyyətinin nəticəsinin bu yerə gəlib çıxmasında ,genin rolunun olduğunu qeyd etdilər.Onlar Səmanın ugurları ilə fəxr etdiklərini deyərək,ona yaradıcılıq ugurları arzuladılar.Yazarımızın anası Sevinc xanımın belə vətənpərvər, layiqli övladlar tərbiyə edib böyütdüyünə görə,ona təşəkkür etdilər.
Sevinc xanımın iş yoldaşı- -BDU- nin dosenti Həqiqət Abdiyeva,Ramiz Göyüşov,şair İlham Qazaxlı,Aşıq Şahin Süleymanov ,Elza Gülməmmədova və başqaları da çıxış edərək Səma haqqında xoş sözlər söylədilər.Səmanı ” Ədəbi gəncliyin parlaq mayakı”adlandlran,”Yazarlar” və “Carçı”jurnallarının əməkdaşı,DAMM- nin EŞ – nın sədri, yazıçı- publisist Nəzakət Əhmədova Səmanın hələ orta məktəbdə oxuduğu zaman Yazıçılar Birliyinə üzv seçılməsini,ölkəmizdən xaricdə də əsərlərinin dərc olunmasını,müxtəlif Fəxri Diplomlara layiq görülməsini dinləyicilərin nəzərinə çatdırdı.Sonda, ondan aldığı müsahibənin dərc olunduğu” Gecikmiş çiçəklər” kitabını Səmaya hədiyyə etdi.


Səmanın təhsil aldığı ADMİU- nin səhnə danışıgı müəllimi Əlizaman Mirzəyev,aktyor Sabir Məmmədli,Ayyət Mirzəyev və başqaları çıxış edərək , babası İsa Muğanna haqqında xatirələrini,Səmanın ədəbi fəaliyyəti barədə maraqlı məlumatlarını söylədilər.Sonda Səma ona
ünvanlanan suallara dolğun cavablar verdi,xatirə şəkilləri çəkildi.

Müəllif: Nəzakət EMİNQIZ

DAMMərkəzinin Ekspertlər Şurasının sədri,”Yazarlar”və “Carçı”jurnallarının əməkdaşı,AJB-nin üzvü,yazıçı- publisist.

NƏZAKƏT EMİNQIZININ YAZILAR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səma Muğanna. İşıq evinə səyahət.

SƏMA MUĞANNANIN YAZILARI

İşıq evinə səyahət
İnsan kitab kimidir. Hər səhifəsində minlərlə fikir gizlənir. Bu fikirlər isə pilləkəndir. İnsan pilləkənləri qalxdıqca daha da yüksəlir. Bu yüksəliş nə qələbə, nə də uğurdur. Bu yüksəlişin adı qələmdir! Qələmini sevən yazıçı, şair doğulacaq övladını da sevməlidir.
Bu gün Zaur Ustacın “BB” kitabını oxuyarkən bu fikirlər beynimdə canlandı. Ümumiyyətlə, mütaliə edəndə dünyama səyahət etmirəm,sanki müəllifin duyğularını analiz edirəm. Onları analiz etdikcə duyğuları,hadisələri yaşayıram. Bu yaşanan duyğularım toplanır və mən ondan ev tikirəm. Yenə yazıçı yanaşması edib sizə qələmimin sehrini danışdım. Elə deyilmi? Neyləyək, qələmim elə deyir! Mən qələmim nə deyərsə, onu da edirəm! Onun sözündən çıxarsam, itirə bilərəm, həm də əbədi!
Hekayələri oxuyan zaman uzun yolda səyahətə çıxmaq bir o qədər maraqlı, ancaq stressli idi. Yorucu deməyəcəyəm, çünki məni kitab yorarsa, mən onunla dil tapıb söhbətləşə bilmərəm. Sizə fərqli aspektdən yanaşdığım bir mövzudan danışacam.
Kitabdakı hekayələr insanların yaşadığı kiçik evə bənzəyir. O evə qonaq getdiyimdə də çox gözəl qarşılandım. Ancaq nə yalan deyim,elə evlər var ki,onlar məni xüsusi qarşıladı! Xüsusi qarşılanan evlərdən yalnız biri daha doğmalaşdı. Sizə o ev haqqında danışacam. Bu, hekayə (ev) qonaqlarının abu-havası, xarakterləri məni özünə cəlb etdi. Ümumiyyətlə, bir yazıçının qələmə aldığı istər hekayə, istər povest, istərsə də roman olsun, bu onun evi, oxucuları isə qonaqlarıdır! Mən də müəllifin hekayələrinin evinə qonaq gedib bu xoş qarşılanmanı sizinlə bölüşürəm! Gəlin, elə ən sevdiyim ev olan “Qismət” hekayəsinə baş çəkək.
İlk öncə qeyd edim ki, Zaur müəllimin qələminin füsunkarlığını oxucuları gözəl bilir. Poetik düşüncələr məngənəsində səyahətə çıxmaq məni daha da qələmə bağlayır. Onun qələmindəki sehrli yollarda gəzdikdə bunu daha yaxşı anlayıram.
Hekayəni təhlil etməyəcəyəm. Mən oxuduğum əsərlərin haqqında həmişə fikir yazmıram. Onları təhlil edir və hansı yollardan gəlib keçdiyini araşdırıram. Hekayəni oxumağa başlamamışdan öncə adını gördükdə anidən duruxdum. “Qismət…” Qismət sözünü oxuduğum an ağlımda “tale” sözünü xatırlasam da, qələmim onu tale deyil, alın yazısı adlandırdı. Belə bir ifadə var, “qismətdə varsa, olacaq”
Mən də tale və qismət sözlərini puzzle kimi bir araya gətirsəm də, alınmadı. Tale- insanın məhv edilən ruhunun yenidən küllərindən doğulmasıdır. Qismət- qələmin,yaxud həyat yolunun səni apardığı imtahandır. İmtahan fərqli-fərqlidir. Elə insanlar var ki, imtahanı ağır, eləsi də var ki, asan keçir. Əslində, sonra düşündüm ki, bəs qismət və alın yazısı necə ola bilər? Alın yazısı, mənim fikrimcə, faciəvi hadisələrin kabus formasında canlı rol almasına bənzəyir. Kabus da, qismət də rol ifaçılarıdır. Bəs bilmirdiniz? Kabus, tragediya insan həyatının heç qurtula bilmədiyi ən qaranlıq evidir. Bu evdən qurtulmaq üçün yalnız “qismət” köməyə çatır. Qismətdə varsa, o qaranlıq evdən qurtulmağı bacaraqsan. Bunun üçün yalnız xoşbəxtlik açarını tapıb qəlbindəki evində saxlamaqdır.
“Qismət” yollarından uzun-uzun gəlib kiçik evin gözəl sakinlərinə baş çəkdim. İlk öncə diqqətimi cəlb edən ata və bala arasındakı münasibət oldu. İndiki cəmiyyətimizdə təəssüf edirəm ki, valideynlər və uşaqlar həddindən çox travma içindədir. Mən özüm filmlərdə, real həyatda da bu hadisələrin tez-tez şahidi oluram. Övladlarına qayğı, sevgi göstərmək, ancaq onunla yanaşı onları incitmək, dinləmədən, anlamadan günahlandırmaq tamamilə səhv metoddur. İnsan ömrünün yolları heç vaxt düz keçidlərdən ibarət olmur, amma onları hamar etmək sizin əlinizdədir. Məhz burada da müəllifin ata-bala münasibətində uca Tanrının insanlara bəxş etdiyi sevgini, qayğını hiss etdikdə qəlbim fərəh hissiylə dolub-daşdı!
Mən düşünürəm ki, qələmin gücü onun yaratdığı obrazlarındadır. Çiçəyin təlaşı, sevinci və ən önəmlisi uşaqlığı o qədər gözəl təsvir olunub ki, hekayəni oxuduğum vaxt gözlərim yaşardı. Kiçik qızcığazın atasına maraqla ünvanlandırdığı sualları məni daha da heyrətləndirdi. Hekayənin adında böyük məna gizləndiyini daha yaxşı anladım.
Müəlifin Allah və Göyərçini məhz “qismət”lə əlaqələndirməsi məni çox uzaq yollara səyahət etdirdi. Oxucularım bilir ki, Tanrının rolu əsərlərimdə əvəzsizdir. Müəllifin də bu gözəl təsviri məni daha da xoşbəxt etdi.
Onu da qeyd edim ki, hekayənin ən gözəl tərəfi məhz sonluğudur. Düzü, təəssüfləndim ki, hekayəmiz tez bitdi və qonaqlıq vaxtımızın da zamanı doldu, ancaq qismətin hansı yollardan gəlib keçdiyini yenidən gördüm.
Ən əsası bu hissəyə çox diqqət edin: Çiçək atasına “qismət nədir?” deyə sual verdiyində atası onu həmin an cavablamadı. Bəzən olur ki, valideynlər övladlarına zamanını ayırmamaq üçün tələsik sualları cavablandırır, bəzən isə ümumiyyətlə onları saymırlar. Bu, təbii ki, övladlarda travma yaradır. Onların kiçik dünyasında böyüyən bu fırtına artıq gələcəkdə faciələrə belə gətirib çıxarır. Atanın balaca qızını ertəsi günü gəzintiyə çıxarıb qisməti məhz göyərçinlərlə anlatması məni çox düşündürdü.
Gəlin, diqqət edək, ovuclarındakı dənləri göyərçinlərə tökən zaman göyərçinlərin dənləri yeməsi. Neçə-neçə göyərçin ətrafa səpələnən dənləri yeyərkən, göyərçinlərdən yalnız bir neçəsi atanın ovuclarındakı dənləri yedi. Bu zaman ata qızını yanına çağırıb məhz göyərçinlərin dən yeməsini ona izah etdi. Sizinlə bu kiçik hissəni paylaşıram. Müəllifin qələmi danışsın və bir az da biz dinləyək:
-Hə, indi diqqətlə mənə qulaq as, ağıllı Çiçəyim. Göyərçinlər biz səpən dənləri yeyəndə heç onlara diqqət etdinmi?
-Hə. Baxdım.
-Fikir verdinmi? Göyərçinlərin çoxu ətrafa səpilmiş dənləri yeyirdi, amma bir-ikisi gəlib ovcumdan yeyirdi. Sən dost olsan, hansı göyərçinlə dost olarsan, bütün digər göyərçinlərə qarışıb dənləri yerdən yeyən göyərçinlərlə, yoxsa ovucumdan yeyən göyərçinlərlə?
-Ovucundan yeyən göyərçinlərlə-heç düşünmədən Çiçək cavab verdi.
-Nə üçün?
-Çünki onlar qoçaqdı. Onlar qorxmur.
-Əhsən mənim ağıllı balama. Əhsən.
-Bax, həyat da, qismət də belədir. Gördünmü? Dəni ovucumda tutub gözləyirdim. Hansı göyərçin daha cəsurdur, daha qorxmazdır, daha qoçaqdır o gəlib ovucumdan dəni götürüb yeyirdi. Sənin soruşduğun “qismət” də belədir. Bütün uşaqların “qismət”i hardasa durub onu gözləyir. Uşaqlar sadəcə oynaya-oynaya, oxuya-oxuya böyüyüb öz qismətlərinin harada olduğunu öyrənir, sonra da gedib onu götürürlər. “Qismət” bax budur, Çiçək bala, gül bala. Şəkər bala, bal bala. Ağıllı bala.
-Hə. Deməli “qismət” bu imiş?
-Hə. Ağıllı bala, “qismət” bax budur.
Sizinlə müəllifin qələmə aldığı sonluğu bölüşdükdə yenidən o gözəl,isti evin sakinləri ilə söhbətləşdim. Diqqətimi cəlb edən də atanın qızı Çiçəyə olan sevgisi, qayğısı və səbri idi. Mən düşünürəm ki, onlar öz dünyasında yaşadıqca bağçaları daha da böyüyəcək, çünki orada sevgi var! Orada hörmət, səbr, dözüm var!
Müəllifin “Qismət” adlı hekayəsində bu yola çıxmaq gözəl idi. Qismət insanların alın yazısının ən doğru yolçusu, ən diqqətli zamanı və ən çətin imtahanıdır. Qismətin rəngləri həyat kimi rəngarəng, bəzən də siyah-bəyaz ola bilər. Qisməti kabuslarınızdan çıxarıb yalnız xoşbəxtlik açarınızla birgə evinizə apara bilərsiniz. Gözləyin, xoşbəxtlik açarınız gəldiyi zaman “qismət” də öz yolunu tapıb və sizə evini açacaq! Qismət evinizin rənglərini boyayarkən onun başqalarının əllərində itgin düşməsinə izn verməyin!
Pilləkənləri qalxarkən qorxurdum. Elə bilirdim ki, düşəcəyəm, ancaq sonra hələ evimə çatmadığımı görüb yoluma davam etməyi qərara aldım. Müəllifin bu dərin, düşündürücü hekayəsi mənə də qorxmazlığı, cəsurluğu və yolundan dönməyib, daha da irəliyə addımlamağı öyrətdi.
Təkrarlanan yalnız “tale” ola bilər, lakin “qismət” evinin yolları hələ lap qabaqdadır…

Müəllif: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü.


SƏMA MUĞANNANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ədəbi gəncliyin parlaq mayakı – Nəzakət EMİNQIZI

NƏZAKƏT EMİNQIZININ YAZILARI

ƏDƏBİ GƏNCLİYİN PARLAQ MAYAKI

Səma Muganna – bu ad artiq çoxlarına tanışdır… Gənc yazarın həmyaşıdlarından bir çox fərqli və üstün cəhətləri çoxdur. Belə ki, özünün yüksək intellektual səviyyəsi,insanlara dəyər verib qiymətləndirməyi çox ustalıqla və məharətlə bacarması, fəlsəfi düşüncələri, natiqliq qabiliyyəti, əsərlərindəki obrazlar barədə geniş sohbətləri və i.a. müxtəlif fikirləri ilə fərqlənir.
Səma insanın daxili aləminə siraət edib, onu bütün incəliklərinə kimi təqdim etməyi özünə məxsus düşüncələrinə əsaslanaraq ətafındakılara çatdırmagı dəqiqliklə bacarır.Onun öz dünyası, öz romantikası, öz düşüncə tərzi var.
Onunla şəxsi tanışlıģım zamanı fikirlərimdə yanılmadıģım, öz təsdiqini tapır.
Hər hansı bir hadisəyə fərdi düşüncə tərzi ilə yanaşır, xəyalında araşdırıb,qurduģu hər hansı bir ədəbi əsərin mahiyyətini ,məzmununu, mənasını və nəhayət,mövzusunu tam şəkildə oxucusuna,dinləyicisinə aydınlıgı ilə çatdırmaģı adamı heyran edir.
Hələ kiçik yaşlı məktəbli ikən yazdıģı yazılar, kitablar onun zəngin daxili aləmindən xəbər verir.
Əlbəttə, bu da onun genetik xüsusiyyətindən irəli gələ bilər. Belə ki, Səma tanınmış yazıçımız Isa Mugannanın varisi–nəvəsi olduģuna görə burada genetikanın özünü göstərməsi də elmi cəhətdən bizə əsas verir.
Səmanın yazılarındakı dolģun fikirlər onun gələcəkdə ən məhsuldar yazıçı kimi şöhrət qazanacaģından xəbər verir.
Bildiyimiz kimi Səma Muganna 2006- cı ildəmart ayının 2-sində Bakıda –Isa Mugannanın ocaģında dünyaya göz açıb.Ona bu adı düşünərək verənlər heç də yanılmamışlar.Həqiqətən o, səmada Günəş kimii parlayan,ədəbi yaradıcılıģa qədəm qoyan gənclərin yoluna işįq saçan Mayakdır!!!
Hazırda BDU-də filologiya fakultəsində müəllim kimi çalişan, filologiya üzrə fəlsəfə doktoru Sevinc Muganna ö söhbətlərində qeyd edir ki, qızı Səma hələ uşaqlıqdan ədəbiyyata baģlı olmuşdur. Bu baģlılıqda babası Isa Mugannanın böyük rolu olmusdur. Və Səma ugurlarına görə babasını qibləgahı adlandırır.
Hələ 14 yaşında ilk defe hekayələr toplusu olan”Mələk Səmanın sevdalı dünyası”, bir neçə aydan sonra isə ilk povesti “Ģöyərçinin qəribə sevgi hekayəsi” povest kitabı işıq üzü görmüşdü.
Bəli, artıq Səma öz ədəbi mühitində növbəri yazılarına imza atmagın yollarına bələd olur.Ondakı yüksək intellekt imkan verir ki, həm məktəbli olaraq dərslərində də fərqlənir, həm də fəal çalışmaqla yanası ,ədəbi fəaliyyətinə davam edir.
Onu da qeyd etmək yerinə düşərdi ki,15 yaşlı məktəbllinin “Adam və Papatyanın Tanrıyla ģörüşdüyü gün” adlı kitabının işıq üzü görməsi bir çox yazarları heyrətləndirdi …. Və 2022 ci ilin apreli onun həyatında ən yaddaqalan və unudulmaz günlərdən oldu….
Azərbaycan Yaziçılar Birliyinə üzv seçilən 16 yaşlį qız üçün bundan böyük mükafat ola bilərdimi?!
O, ugurlarına iti addımlarla irəliləyirdi….
Ədəbi yaradıcılıgındakı ugurları hamımızı çox sevindirirdi.Onun yazıları “Yazarlar”jurnalında,”Ədəbiyyat” qəzetində və digər mətbu orqanlarında mütəmadi olaraq dərc olunur.
Konya şəhərində yayımlanan “Krımın səsi” qəzetindəki yazıları da oxucuları tərəfindən marawla oxunur.
Gənc yazıçımızın yazılarını Türk dünyası heyranlıqla oxuyur və daim izləyir .
Bu yaxınlarda da Konyada yayımlanan “Krımın səsi” qəzetində “Günəşin qaranlıq Şahzadəsi” adlı povesti də ilk dəfə işıq üzü görməklə davamlı səkildə beynəlxalq səviyyədə novbəti ugurunu qazanmışdı.
Səmanın ədəbi fəaliyyətini dəyərləndirən “Yazarlar” jurnalının redaksiya heyəti onu jurnalın üzvü seçməklə “Ziyadar” mükafatına layiq görmüşdür.Eyni zamanda “Qürur”ƏM- nin nəzdində fəaliyyət göstərən”Xarıbülbül” Ədəbi Məclisinin üzvlük vəsiqəsi təqdim edilmişdi.
Bu il oktyabrın 6-sında Bakı Şəhər Mədəniyyət Baş Idarəsinin təşkilatçılıgı ilə Səbail rayon MKS- nin Mərkəzi kitabxanasında gənc yazıçımız Səma ilə yaddaqalan növbəti bir görüş keçirildi.Görüşdə Bakı Şəhər Mədəniyyət Baş Idarəsinin Mədəniyyət siyasəti sektorunun müdiri Səbinə Məmmədova, Zəhra Kazımova, yazıçı, şair-publisist, hərbi jurnalist, AYB-nin üzvü, Nazim Əhmədli, şair, yazıçı-publisist, AYB-nin üzvü, “Qızıl Qələm” mükafatı laureatı, Prezident təqaüdçüsü Zaur Ustac, bu sətirlərin müəllifi, gənc yazarın ailə üzvləri, kitabxananın əməkdaşları və digər tanınmıs ziyalılar iştirak etməklə Səmanın yaradıcılıgını yüksək qiymətləndirmişlər.
“Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac yeni təsis olunmuş “Isa Muganna” diplomunu ilk dəfə Səma Mugannaya təqdim etmişdir.
“Xarıbülbül” ƏM- si də yaradıcıılıq ugurlarına görə eyni adlı diplomu yazara təqdim etmişdir.
Səmanın zəngìn dünyagörüşünə malik olması onun gələcəkdə bu potensialdan bacarıqla istifadə èdə bilməsinə zəmin yaradır.
Bu il Bakıdakı 189-190 nömrəli məktəbin XI sinfini bitirəcək Səma təhsilini Incəsənət Institunun kino- rejissorlugu fakultəsində davam etdirmək arzusundadır.
Niyə məhz bu fakultə – deyəndə :
—Əsərlərimin rejissoru özüm olmaq istərdim- dedi.
Arzuna , niyyətinə dogru bu sənət yolunda sənə tükənməz bacarıqlar,yeni- yeni bol ugurlar diləyilə….

Müəllif: Nəzakət EMİNQIZI

AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM vəSİM İB -in Fəxri üzvü.

NƏZAKƏT EMİNQIZININ YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səma Muğanna. Tanrı kraliçası.

SƏMA MUĞANNANIN YAZILARI

                       Tanrı kraliçası  

İşığın kainatda parıldamasından hiss etdim ki, bu işıq mənə işarə göndərir.Bu işıqda müxtəlif rənglər var idi: sarı, mavi, yaşıl və bəyaz. İşığın enerjisindənmi,yoxsa nədir bilmirəm, mən mavi işığı seçirəm-dedim. Qəflətən işıqdan insan siması peyda oldu. Qarşımda gördüyüm bu insan siması məni təəccübləndirdi. Ona yaxınlaşmaq istəsəm də, qorxub geri çəkildim. Körpətək ağlayıb boşluqda qaçmağa başladım.
Boşluq dərin olduğundan qaça bilməyib dayandım. Artıq güc-qüvvətim tükənmişdi deyə, qaça bilmirdim. Bu an kiminsə çiyinlərimdəki qanadlara sığal çəkdiyini hiss etdim. Dönüb baxmaq istədiyimdə icazə verməyib qulağıma yavaşca pıçıldadı:
-Əziz Səma, sən işıqda kimi axtarırsan?
   Bir anlıq təəccübləndim ki, axı bu şəxs adımı hardan bilir? Sadəcə səsindən bildim ki, bu qadındır.
-Siz kimsiniz? Adımı hardan bilirsiniz?
-Sən kainatda ən çox hansı rəngi sevirsən? Mavi?
   Qadın suallarıma sualla cavab verirdi elə bil.
-Bəli.
-Sən göy üzünə heç baxmısan?
-Həmişə baxıram. Göy üzündəki ulduzlar qədər yaşım var. Axı mən göylərin adamıyam.
-Yaxşı. Bəs o göy üzündə sən mavi rəngi hər zaman görə bilirsən?
  Ətrafa sükut çökdü, amma qadın heç gözləmədən bu sükutu pozmaq üçün qanadlarımdan tutub məni göyə qaldırdı.
-Əziz Səma, indi nə hiss edirsən?
-Mən.. Mən bilmirəm. Qorxuram!
   “Qorxuram” dediyim an qadının siması gözümün önündə göründü. Gözlərim bulanıq seçirdi, lakin addım-addım qanadlarım və ayağımın köməyi ilə boşluqda qadının addımlarını izləyərək kainata çıxmağı bacardım! Və o an qadının siması gözləriminin önündə canlandığında göz yaşlarım mirvari kimi yanaqlarımdan axdı. Qadın başındakı tacı çıxarıb saçlarıma taxdı və göz yaşlarımı maviyə boyanmış zərif barmaqlarıyla sildi.
-İndi azadsan, əziz Səma!
-Siz göy üzünün kraliçasısınız! Yox, Tanrı kraliçası!
Və kiçik körpənin anasına sarıldığı kimi qadının boynuna atladım. Bu qadın göy üzünün Tanrı kraliçası, mənim üçün isə əbədi yanan şam idi! Bu Elnarə Nərimanova idi!

Müəllif: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü.


SƏMA MUĞANNANIN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru