Adilə Nəzər – Payız

PAYIZ

Bir gülün yarpağında barmaq izini gördüm,
Demək, sən toxunubsan, rəngləri dəyişən “qız”.
Titrək ləçəklərində soyuq bir hüzün vardı,
Küsdürüb göndərmisən kəpənəyini, payız.

Soyudubsan Günəşin qızıl rəngli gözünü,
Ağaclarda budaqlar ayrılığı oxuyur.
Səssiz-səssiz fəth edir buludlar göy üzünü,
Həzin rüzgar ruhuma sarı köynək toxuyur.

Quşlar köç yolundadır, vida qanadı çalır,
Torpaq islaq, hava nəm, duyğular axınlaşır.
O kollar, sarmaşıqlar məni yadıma salır,
Baharım keçb gedir, payızım yaxınlaşır.

03.10.2025.

Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir