Etiket arxivi: ADİLƏ NƏZƏR

𝑄𝐴Ç𝐴𝑄 𝑁Ə𝐵İ 𝑉Ə 𝐻Ə𝐶Ə𝑅 𝑋𝐴𝑁𝐼𝑀𝐴 𝐴𝑇𝐼𝐿𝐴𝑁 𝐵Ö𝐻𝑇𝐴𝑁𝐿𝐴𝑅𝐴 𝑇𝐴𝑅İ𝑋İ 𝐶𝐴𝑉𝐴𝐵

𝗧𝗔𝗥İ𝗫İ 𝗠Ə𝗡𝗕Ə𝗟Ə𝗥 𝗗𝗔𝗡𝗜Ş𝗜𝗥:
𝑄𝐴Ç𝐴𝑄 𝑁Ə𝐵İ 𝑉Ə 𝐻Ə𝐶Ə𝑅 𝑋𝐴𝑁𝐼𝑀𝐴 𝐴𝑇𝐼𝐿𝐴𝑁 𝐵Ö𝐻𝑇𝐴𝑁𝐿𝐴𝑅𝐴 𝑇𝐴𝑅İ𝑋İ 𝐶𝐴𝑉𝐴𝐵

Son illər Azərbaycan xalqının tarixdə yetişdirdiyi qəhrəmanlar barədə məqsədli şəkildə yayılan uydurmalar içində ən çox qıcıq doğuranlardan biri də Qaçaq Nəbinin həyat yoldaşı Həcər xanım haqqında deyilənlərdir. Xüsusilə də “Həcər Nəbinin 40-ı çıxmamış erməniyə ərə gedib, sonra da 7 dəfə ərə gedib” kimi əsassız, heç bir sənəd və mənbəyə söykənməyən iddialar xalqımızın yaddaşına, milli dəyərlərinə atılan çirkabdır.

Əgər kimsə həqiqəti bilmək istəyirsə, ciddi mənbələrə baxmalıdır. Həcər xanım haqqında ən dolğun və dəqiq məlumatı Zəngəzur qəzasının sonuncu qazısı, tarixçi və maarifçi Bəhlul Behcətin “Qaçaq Nəbinin tarixi” əsərində tapmaq mümkündür.

Bu kitabı yazan şəxs Nəbinin və Həcərin müasiri olub, onların dövrünü görüb və çoxlu şahidlərin xatirələrini qeydə alıb. Orada bircə kəlmə də Həcərin “7 dəfə ərə getməsi” haqqında söz yoxdur. Əksinə, bütün yazılanlardan görünür ki, Həcər Nəbinin ən yaxın silahdaşı, həm həyat yoldaşı, həm fədakar ana, (bu barədə sonra) həm də mübarizə dostu olub.

Bundan başqa da həm sovet dövründə, həm də müstəqillik illərində alimlər və tədqiqatçılar Həcər xanımın həyatını yazıblar. Onlardan əsaslarını qeyd edirəm:

  1. Hüseyn Baykara – “Azərbaycan Milli İstiqlal Mücadiləsi” kitabında Qaçaq Nəbinin mübarizəsini izah edir və Həcəri onun ən yaxın silahdaşı kimi təqdim edir.
  2. Rəfail Rüstəmzadə – “Azərbaycan tarixi qəhrəmanlıq dastanları” əsərində Həcərin igidliyini, qadın qəhrəmanlıq ənənələrini zirvəyə qaldırdığını xüsusi vurğulayır.
  3. Füzuli Bayat – “Qaçaq folkloru sosial-iqtisadi və siyasi-mədəni kontekstdə” (2019) monoqrafiyasında Həcərin xalq yaddaşındakı yerini geniş şəkildə göstərir, onu Azərbaycan qadınlarının qəhrəmanlıq simvolu kimi dəyərləndirir.
  4. P.Vostrikov – Qori müəllimlər seminariyasının məzunu, Zəngəzur məktəblərinin müdiri olmuş tədqiqatçı, Həcərin döyüşkənliyi və silah işlətməkdəki məharəti barədə yazır.
  5. “Qafqaz” qəzeti (1895-ci il, 25 oktyabr) – Həcərin həbsə salınmasına baxmayaraq mübarizəsindən dönmədiyini yazır.
  6. Məhəmmədhüseyn Şəhriyar – “Qaçaq Nəbi” şeirində Həcər xalqın qəhrəman qadın simvolu kimi tərənnüm olunur.
  7. Mehmet Əl Turan – Qaçaq Nəbi və Həcərin nəticəsi. AZƏRTAC-ın əməkdaşına verdiyi müsahibədə qeyd edir ki, Qaçaq Nəbi və Həcər xanım yalnız döyüş meydanında deyil, ailə həyatı və nəsil davamçılığı ilə də xalqın yaddaşında yaşayırlar. Qaçaq Nəbinin iki oğlu (Əhməd və Xəlil) və bir qızı (Zeynəb) olub; Həcər xanım oğullarına özünün toxuduğu kilimləri verərək yadigar saxlamış və onları Nəbinin yolunu davam etdirməyə təşviq etmişdir. Mehmet Əl Turan Avstraliyada yaşayır və hazırda nəvəsinə Nəbinin adını verib. O, iki il öncə Azərbaycana gələrək Aşağı Molluda Həcərin məzarını ziyarət edib. Onun dediklərinə görə, Həcər xanım Mehmet Əl Turana söyləyib ki, sovet dövründə onların adı hər yerdə yasaq edilib.
    Mənfur qonşuların (!) səyi ilə yaranan uydurma şayiələr – məsələn, Həcərin 7 dəfə ərə getməsi də buradan qaynaqlanır.

Sərdar Cəlaloğlunun Həcər xanım barədə səsləndirdiyi bu sözlər göründüyü kimi heç bir elmi qaynağa əsaslanmır. Onun cavabı isə bu idi: “Məndən deməkdi, gedin araşdırın də…”

Buyurun, Sərdar bəy, araşdırdıq.
Bunun adı məsuliyyətsizlikdir. Tarixi şəxsiyyətlər haqqında danışanda “dedim, oldu” prinsipi ilə yox, sənədlərlə, mənbələrlə danışmaq lazımdır. Sizin dediklərinizin əksinə, xalqın yaddaşında Həcər xanım həmişə mübariz qadın, Nəbinin silahdaşı kimi qalıb. Onun qəhrəmanlığı dastanlara, şeirlərə, mahnılara düşüb. Hətta “Qaçaq Nəbi” dastanında bəzi yerlərdə Həcərin obrazı Nəbidən də uca tutulur. Çünki xalq onun qəhrəmanlığını, sədaqətini yüksək qiymətləndirib.

Bütün ciddi mənbələrdən aydın görünür ki, Həcər xanım Nəbi şəhid olduqdan (bəli, məhz şəhid. Çünki tarixi mənbələr göstərir ki, Qaçaq Nəbi 1896-cı ildə arxadan pusquya düşürülərək öldürülüb. Bəhlul Behcət, Hüseyn Baykara və digər tədqiqatçılar qeyd edir ki, Nəbinin ölümündə məqsəd xalq arasında onun nüfuzunu azaltmaq və çar hökumətinə xidmət edən erməni və rus dəstələrinin intiqamını almaq idi.) sonra yalnız bir dəfə yaxın qohumuna ərə gedib. Bunun səbəbi də çox sadə idi: xalq arasında “dul qadın” damğasından yaxa qurtarmaq və düşmənlərin böhtanlarına son qoymaq. Bu, həmin dövrün sosial-ictimai mühitindən doğan bir hal idi. Əslində, bu da Həcərin yenə də öz qeyrətini, şərəfini qorumaq üçün atdığı addım idi.

“Həcər 7 dəfə ərə gedib” deyənlər isə xalqın qəhrəman qadın simvolunu aşağılamaq, onu gözdən salmaq istəyənlərdir. Bu, sadəcə, qara piar və xalqın mənəvi dəyərlərinə hücumdur.
*Tarixi faktlar yalnız keçmişi göstərmir, eyni zamanda bu gün üçün də mesaj daşıyır: Qaçaq Nəbinin arxadan pusquya düşürülərək şəhid edilməsi, onun azadlıq mübarizəsini dayandırmaq məqsədini əks etdirirsə, indi də onun və Həcər xanımın yolunu davam etdirənlərin qarşısına daş qoymaq istəyən qüvvələr mövcuddur. Sərdar Cəlaloğlunun uydurma iddiaları da elə bu məqsədə xidmət edir: xalq qəhrəmanlarını gözdən salmaq, onların nüfuzunu zəiflətmək və tarixi yaddaşı təhrif etmək.

Son söz olaraq demək istəyirəm ki, Qaçaq Nəbi və Həcər xanımın adı Azərbaycan xalqının milli yaddaşına qəhrəmanlıq, azadlıq sevgisi, mərdlik və fədakarlıq rəmzi kimi yazılıb. Onların obrazı heç bir yalanla, heç bir uydurma ilə zədələnə bilməz.
Sərdar bəy, unutmayın ki, xalqın yaddaşında yaşayan tarixi şəxsiyyətlər barədə danışmaq məsuliyyət tələb edir. Burada “deyilənlər” yox, yalnız sənəd və fakt danışa bilər. Siz isə Həcər xanım barədə söylədiyiniz cəfəng sözlərə hələ də heç bir mənbə, arxiv, kitab, səhifə göstərə bilməmisiniz. Bəs hanı sübut? Haradadır istinad etdiyiniz qaynaqlar?

Biz xahiş etmirik, tələb edirik: əgər iddianız düzdürsə, fakt gətirin. Əks halda, “Həcər yeddi dəfə ərə gedib” kimi uydurmaların bütün məsuliyyəti yalnız və yalnız sizin üzərinizdə qalır.

XÜSUSİ QEYD: Əslində, mənim Sərdar Cəlaloğluna hörmətim var, onun siyasi və ictimai fəaliyyəti bəzi sahələrdə dəyərlidir, amma tarixi faktları təhrif edən, xalq qəhrəmanlarını gözdən salan yanlış fikirlərinə etiraz etmək məcburiyyətindəyəm. Bu etiraz həm tarixi həqiqətin qorunması, həm də nəsillərə düzgün irs ötürülməsi üçün vacibdir.

Müəllif: Adilə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Payız ətirli qadın” şeirlər kitabının təqdimat mərasimi və poeziya gecəsi keçirilib

“Payız ətirli qadın” şeirlər kitabının təqdimat mərasimi və poeziya gecəsi keçirilib

Avqustun 8-də “Central Park Hotel”in tədbir zalında həkim-şair Solmaz Qəribelin rus və azərbaycan dilli «Женщина с ароматом осени» / «Payız ətirli qadın» şeirlər kitabının təqdimat mərasimi və poeziya gecəsi keçirilib.
​Tədbiri giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər qonaqları salamlayaraq müəllifin yaradıcılığı haqqında qısa məruzə edib. A. Nəzər həkimlik peşəsi ilə şairlik təfəkkürünün vəhdətindən söhbət açaraq, Solmaz Qəribelin poetik dünyasının həm insan bədəninə, həm də ruhuna toxunan həssaslığından bəhs edib.
​Daha sonra söz kitabın tərcüməçisi Təranə Məmmədə və redaktor Rəfail Tağızadəyə verilib, ardından Solmaz Qəribelə “Türk Birliyi” sertifikatı və medalı təqdim olunub. Təltifdən sonra müəllif qonaqları salamlayaraq bir neçə şeirini səsləndirib.
​Çıxışlar hissəsində ilk söz dilçi alim Sevinç Əliyevaya verilib; o, Azərbaycan dilinin zəfər dili olduğunu vurğulayaraq kitabın dilimizin təbliğinə xidmət etdiyini və bu təqdimatın müəllifin yaradıcılıq zəfəri olduğunu qeyd edib. Ardınca dilçi alim Mərziyə Nəcəfova, şərqşünas alim Kəminə Havidova, şairlər Yusif Nəğməkar, Ayaz Arabaçı, Xaqani Abbasəli Öztürk, jurnalist Rüfət Muradlı çıxış edərək dəyərli fikirlərini bölüşüblər. Bədii qiraətçi, Vətən müharibəsi iştirakçısı Cəbrayıl Qəmbər müəllifin şeirlərini səsləndirib, müəllifin qızı Ayşə xanım anasını təbrik edərək onun “Qadınlar var…” şeirini oxuyub. Həmçinin Əli Yunisov, İdris Babayev, Zaur Ustaç, Tatyana Avand və Zərəngiz Qayalı çıxış edərək öz xoş arzularını çatdırıblar. Qeyd edək ki, rəsmi hissə boyunca çıxışlar arasında səsləndirilən bütün şeir qiraətləri tarın canlı və həzin müşayiəti ilə təqdim olunaraq gecəyə xüsusi poetik ruh bəxş edib.
​Tədbirin rəsmi hissəsindən sonra müəllif Solmaz Qəribel təşkilatçılara və gələn qonaqlara minnətdarlığını bildirib, oxucular üçün kitablarını imzalayıb. Sonda xatirə şəkilləri çəkilib və tədbir müəllifin təşkil etdiyi çay-kofe fasiləsi ilə səmimi mühitdə, ədəbi söhbətlərlə davam edib.

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Adilə Nəzər – BU GECƏ (БУЛ КЕЧТЕ)

BU GECƏ

Bu gecə ulduzları boyayıb kül rənginə,
Adımı asa billəm bir nəğmənin notuna.
Söykənib gözləyərkən bir əcəlin zənginə,
Uyub gedə bilərəm səssizliyin qatına.

Nə var düşürə billəm bu gecə gözlərimdən,
Yarpaq üstdən şeh kimi buxarlanıb çəkilləm.
Bir anlıq inad edib dönərəm sözlərimdən,
Həyat səhifəsinə son cümlə tək əkilləm.

İçində eşq olmayan ömür deyil, gün deyil,
Yaşanmış olsa belə, o gün yaşanmış deyil.
Sevgisiz dünən heçdir, bugün də bugün deyil,
Açan bu çiçək deyil, ötən də o quş deyil.

…Mən yazı çox sevirəm, Ay işığı – haləni,
Doldurub qədəhimə içmiş ola bilərəm.
Əgər sevgi ölməksə uğruna sevilənin,
Bu gecə sənə, bir də yaza ölə bilərəm.


Müəllif: Adilə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

БУЛ КЕЧТЕ

Бул кечте жылдыздарды гүлгө боёп,
Ыр күүсүнө атымды салсам толот.
Ийкемдүү коңгуроосун чалса убакыт,
Түнкү уйкуга бейкапар кетсем болот.

Менде эмне бар, карегимден көрсөң болот,
Шүүдүрүмдөй жалбырактан төгүлгөн,
Өжөрлөнүп баштагыдай кеп айтпасмын,
Ал элестер күзгү сымал көрүнгөн.

Жашоо, күн да сүйүүсүз кызык эмес,
Өмүр жолум өткөргөн узак эмес.
Кечээки күн, бүгүн да махабатсыз,
Өткөн нерсе соолуган гүлдөй элес.

Ай нурунун жарыгында жазгым келет,
Сүйүү балын толтуруп таткым келет.
Сүйүү үчүн эгер өлүм керек болсо,
Сен үчүн мен бүгүн кечте өлгүм келет.

Кыргызчага которгон: С.К.Шейшекеева

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Adilə Nəzər – BİTMƏYƏN SƏNGƏR

BİTMƏYƏN SƏNGƏR

Tanıdığı küçədən
bir yad kimi keçdi o…
Çiynindən götürülmüş ağır yükün yerində
hərbi çantası vardı…
Döyüşdən qayıdırdı –
qanlı ovu bitmişdi,
Sol gözü zədə almış –
yarı nuru itmişdi…
Əlində, qollarında çoxlu yara izləri,
hələ də tam qatlanıb bükülmürdü dizləri…
Sanki əzaları heç həminki deyildi,
düzələcəyinə də, elə əmin deyildi.


Qapını açıb girdi –
ev elə eyni evdi… –
Stol-stul yerində,
saat yerində idi…
Öz yerində qalmayan demək ki, tək o, idi…

Divardakı şəkillər əvvəlki tək susurdu,
pəncərədən düşən Gün
heç də dəyişməmişdi,
amma o, işığa yox,
bir kölgəyə baxırdı.
Qaynayan gəncliyinə
don düşüb, qar yağırdı.


Ürəyi göllənmişdi
dost, yoldaş itkisindən,
Hələ xəbər yox idi
ən yaxın – ikisindən…
…Yarım qalan ömürlər,
yıxıntılar, ölümlər…

Yenə qəfil səs gəldi qulağına elə bil,
dilində bir mahnının sözləri təkrarlandı:
“Saçın ucun hörməzlər,
gülü qönçə dərməzlər…”
Başından keçən fikir oyandırdı bir anlıq:

-Dayan! Ey igid əsgər,
…Zəfər xalı deyil ki..-
ayağına sərməzlər…


Anası gəlib çıxdı…
Sevincindən ağladı:
“Şükür, gəlmisən, oğul”
səsi titrədi, sanki
qorxurdu ürəyindən
keçənləri deməyə.
Hazır idi gözünü
balasına verməyə…


Axşam oldu, gələnlər
dağılışıb getdilər.
Gah gülüb, gah ağlayıb,
dua-səna etdilər.


İşığı söndürmədi o gecə
və gecələr…
qaranlıq indi ona
tam başqa cür gəlirdi, –
sanki təkcə ruhundan keçən yolu bilirdi…
Qapını bağlamadı
soyuq, külək olsa da…
Kimsə gələcək kimi gözlədi o hər axşam…
Hamı yatdı, o isə
ayaqqabılarıyla
uzanırdı yatağa.
Hələ də, haradansa
bir əmr səsi vardı
qulağında, içində…


Hər taqqıltı səsinə qapıya boylanırdı,
Səbəbsiz yerə bəzən əlləri titrəyirdi…
…Solundan keçən kölgə sağ gözünü pusurdu…
Bir otağa çəkilib səngər kimi susurdu…

Bəzən də bir çörəyi bölüb pay ayırırdı,
Suyu yarımçıq içib, qalanın saxlayırdı…


Beş il keçdi beləcə…
o hələ də bu halda bulum-bulum bulanır…
Hər gün doğma Günəşə yad baxışla oyanır.

14.04.2026

Müəllif: Adilə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Adilə Nəzər – AÇILAR

AÇILAR

İncəlib qoparsa iplər yerindən,
Yəqin bu yazla da aram açılar.
Sıxılar ürəyim, inciyər ruhum,
Dinmərəm, qəlbimdə yaram açılar.

Saçımda görünər yaşım da dən-dən,
Torpağı sevməyə başlayar bədən,
İlahi, uzaq et pisləri məndən,
Uzaq et, nəfsimə haram açılar.

Dünyanın mərdindən çox namərdi var,
Zərdən bəxt umanın yəqin fərqi var..
Sinəm süfrə deyil, yüz rəng dərdi var,
Necə açım ağım, qaram açılar.

Verməz cəfa çəkən can səfa bəhər,
Unutmaz, sadəcə dözər birtəhər,
Zəhər oldu gecəm, bəlkə də səhər
Gün doğar, bəxt aram-aram açılar.

İlahi, qoparma ipləri hələ,
Bir səfər niyyətim var, yaxın eylə,
Duam qəbul olsa dönnəm əvvələ,
Qəlbimi eşq ilə saram, açılar.

Müəllif: Adilə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SEVDALANMAQ BİR BAŞQA ŞƏHƏRƏ

SEVDALANMAQ BİR BAŞQA ŞƏHƏRƏ

Heç keçdimi qəlbindən
sevdalanmaq
bir başqa şəhərə,
bir başqa dənizə?
Xəzərdən başqa bir sevgilinin
ləpələrində uyumaq istədinmi?
Dalğalanmaq istədinmi
bir başqa tərəfin küləklərində?

Qarışdımı fikirlərin
İçərişəhərin dolanbac küçələri kimi?
Dayanan vaxtı oldumu ağlının
yollarındakı tıxaclar kimi?
Qaxaclar kimi…
quru və boş qaldımı əllərin
bu neft səltənətində
tindəki qocanın əlləri kimi?

O qədər rəvayət, hekayət danışdılar ki,
başından keçən…
Bəs sən?
başından keçdiklərini
xatırlaya bilirsənmi, Bakı?!
Yox, yox, bunlar ağır söhbətlərdir…
Danışma…
sənə sevdalananları mən tanıyıram…
sevdalandığın oldusa, ondan danış…

Heç keçdimi qəlbindən
sevdalanmaq
bir başqa şəhərə,
bir başqa dənizə?
Məsələn, İrəvana, Dərbəndə, Təbrizə?…

Müəllif: Adilə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Adilə Nəzər – KÖNÜL

KÖNÜL

Təzə tər səhəri verdin küləyə,
Barı günortaya dur bələn, könül.
Axşamın düşəcək, bir az tez elə,
Bir gülə- bülbülə cilvələn, könül.

Yaşa bir gününü toy-nişan kimi,
Süzülsün gözlərin ballı şan kimi.
Qağayı dənizə yaraşan kimi,
Sən də çıx sahilə, ləpələn, könül.

Dinlə bulaqları, xoşdur ahəngi,
Hicrana, həsrətə bir az da ləngi.
İlhamın gətirsin nəğmə çələngi,
Bir təzə eşqə düş, təzələn, könül.

Adilə, nə olsun, quru budağam,
Payıza yol gedən sarı yarpağam.
Cadar-cadar olmuş susuz torpağam,
Yağış ol, üstümə səpələn, könül.

Müəllif: Adilə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Adilə Nəzər – Anamın hekayəsi

ANAMIN HEKAYƏSİ
(Allah rəhmət eləsin! Ruhun şad olsun, Anam!)

Uşaqlıq xatirələrindən söhbət düşəndə ilk növbədə anam gəlir ağlıma. Sevgisi, qayğıkeşliyi, zəhmətkeşliyi, fədakarlığı ilə… Sonuncu məziyyətinin üstündə dayanmaq istəyirəm – hekayəni onun fədakarlığından yazmaq istəyirəm.
Naxçıvan kəskin kontinental iqlimi ilə seçilir, – qışı sərt soyuq, yayı çox isti keçir. Yenə qış fəsli – fevral ayının qarlı-şaxtalı qış gecələrindən biri idi. Bizim yaşadığımız kənd şəhərdən xeyli aralıda yerləşir. O vaxt kəndlərdə təbii qaz olmadığı üçün həyat şərtləri də daha ağır idi. Evlərdə otaqların hamısını isitmək mümkün olmurdu, bəzən bütün ailə bir otaqda yatmalı olurduq. Belə gecələrdən birində baş verən və ailənin həyatını dəyişən bir hadisə oldu.
Sübh çağına az qalmış hamımız səhərin şirin yuxusundan hövlnak oyandıq. Atam yuxuda ufuldayırdı, zarıyırdı. Sonra birdən səsi kəsildi və başı qeyri-ixtiyarı düşdü…
Anam və biz ağlamağa, atamı oyatmağa çalışsaq da atam bizi duymurdu. Səs-küyə qonşular gəldi, sonra kənd camaatı yığışdı. Bizim evdən bir məhəllə yuxarıda yaşayan həkim qohumumuz gəldi. Atamın nəbzini tutdu, göz qapaqlarını aralayıb baxdı, sonra astadan dedi:

-İnsult keçirib, komadadır, yaşayıb-yaşamayacağı Allaha qalıb.
Rayon mərkəzindən təcili yardım maşını gəldi, atamı şəhərə – Naxçıvan mərkəzi xəstəxanasına aparmaq üçün xərəyə uzadıb maşına qoydular. Anam da atamın yanında oturdu və maşın yola düşdü.
Mən və bacı qardaşlarım maşının arxasınca baxa-baxa qaldıq, gözlərimizdəki yaş soyuqdanmı, ya heyrətdənmi donmuşdu – demək çətin idi.
İki gün sonra anam evə qayıtdı, atamın vəziyyətinin eyni olduğunu söylədi. Qaranlıq bir otaqda həkimlərin nəzarəti altında qırx günə qədər gözləmək lazım olduğunu dedi.
Hər iki gündən bir anam, hamımız atamı görək deyə, birimizi yanına alıb iki saatlıq yolu xəstəxanaya gedib qayıdırdı. Qışda hava tez qaraldığından biz gedib gələnədək axşam olurdu. Hər axşam anamın göz yaşlarının axdığını görürdüm, onun çarəsiz halı bizim boynumuzu bənovşəyə döndərmişdi.
Beləcə 27 gün keçdi, atamın halında heç bir dəyişiklik yox idi. Həmin gün anamla mən atama baş çəkməyə getmişdik. Yol boyu anam heç fikirdən ayrılmırdı, gözünün yaşı qurumurdu, çox solmuşdu gözəl anam…
Yol boyu düşünürdüm ki, onsuz da bizi atamın yatdığı qaranlıq otağa buraxmayacaqlar, yenə qapı ağzından bir neçə dəqiqə baxıb qayıdacağıq.
Xəstəxanaya çatdıq. Avtobus dayanacağından xəstəxanaya çatanadək soyuq iliyimizə işləmişdi. Ancaq anam bunun fərqində deyildi, titrəyərək qapıda duran şəfqət bacısından xahiş etdi ki, onu içəri buraxsın. Qadın anamı gözüyaşlı görüb yazığı gəldi, icazə verdi, tapşırdı ki, tez çıxsın və xəstənin yanında heç səsini çıxarmasın. Anam razılaşıb içəri keçdi, mən astanada dayandım. Qapının azca aralı hissəsindən atamı da, anamı da görürdüm. Anam atama yaxınlaşıb ona diqqətlə baxdı, barmaqlarının ucu ilə üzünü oxşadı, sonra nə isə pıçıldaya-pıçıldaya çarpayısının dövrəsində dolanmağa başladı. Mən gözlərimi anamdan çəkmirdim və maraqla baxırdım ki, görəsən anam niyə belə edir?…
Nəhayət anam gözləri qızarmış halda çıxdı, əlimdən tutdu, biz səssizcə çıxışa tərəf getdik. Tutulmuşdum, anamın atamın dövrəsində dolanaraq pıçıldadıqlarının bir dua olduğunu bilirdim…
Evə çatanda qonşu qadınların və yaxın qohumların adəti üzrə bizdə olduqlarını gördük. Hər gün bir neçəsi atamın halını xəbər almaq üçün gəlirdilər. Anam elə bil evə girməyə bənd imiş kimi hönkürməyə başladı:

-Bu gün başına dolandım, bu gün özümü qurban dedim… Bir də dedim ki, mən bu körpələri təkbaşıma böyüdə bilmərəm, sən sağal, gəl, balalarına sahib çıx, mən sənin yerinə gedərəm…
Bir yaşlı qadın anama acıqlandı, (o anamın xalası idi) niyə belə elədin – deyib anamı qucaqladı, için-için ağlamağa başladı. Hamı ağlayırdı, amma, biri üç, biri beş yaşlı qardaşlarım və hələ hadisələri anlamayan yaş yarımlıq bacım isə niyə ağladıqlarını bilmirdilər.
Gələnlər dağılışıb getdilər. Anam süfrə açdı, yeməkdən sonra dərslərimizi hazırlamağa başladıq.
İki gün sonra adəti üzrə anam yenə yola düzəldi, axşamüstü geri dönəndə üzü gülürdü. Hamımız onun başına toplaşdıq, sual dolu baxışlarımızı üzünə zillədik. Anam sevincək halda:
Atanız o gün bizdən sonra hərəkət edib, dünən gözlərini açıb, həkimlər nə deyirsə reaksiya verir, amma hələ ki, danışmır. Həkimlər deyir ki, tezliklə danışacaq.
Biz çox sevinirdik. O gecə anam bizim dərs oxuyub oxumadığımızla belə maraqlanmadı…
Günlər keçdi, artıq atam danışırdı, yeyirdi, içirdi. Həkimlər 1 həftə sonra evə buraxılacağını demişdilər. Anamın dediyinə görə atam həkimlərə o gecə qorxulu yuxu gördüyünü və o yuxunun təsirindən belə olduğunu demişdi. Sonralar bizə də ətraflı danışdı gördüyü yuxunu…
Anam isə o vaxtdan atama baş çəkməyə gedə bilmədi… Yorğun idi, dediyinə görə əlləri, ayaqları ağrıyırdı.
Atam evə döndü, bütün kənd camaatı dəstə-dəstə bizə axışırdı. Bir neçə gün gələnlərin ardı-arası kəsilmədi.
Atam artıq tam sağalmışdı, işə gedirdi. Anamın ağrıları getdikcə artırdı, elə hey sızıldayırdı. Evin içində gəzə bilirdi, həyətə çıxa bilmirdi. Atam anamı həkimə aparmışdı, revmatizm xəstəliyi olduğunu demişdilər. Ancaq dərmanların heç bir xeyri yox idi. Bir neçə gün sonra anam yatağa düşdü. Atam onu başqa şəhərlərə – Bakıya, Sumqayıta, İrəvana aparırdı, dəyişik həkimlərə müayinə etdirirdi, ancaq təyin olunan müalicələrdən sonra anam daha da ağırlaşırdı.
Bu arada biz də böyüyürdük, amma necə?… Evin bütün qayğısı öz üzərimizə düşmüşdü, üstəlik anama baxmaq, onun ehtiyaclarını ödəmək… – axı o, ağır yataq xəstəsi idi…
Novruz bayramı yaxınlaşırdı, havalar isinir, torpaq oyanırdı. Anam bu müddət ərzində bir dəfə də olsun, xəstəliyindən şikayət etməmişdi. Atamdan da narazı deyildi. Hərdən atam, maddi gücüm çatsaydı səni xaricə, daha güclü həkimə aparardım – dedikdə, anam, sən əlindən gələn hər şeyi etdin, bu Allahın yazısıdır – deyirdi.
Mart ayının 3-ü idi, o gün anamın ağrılarının, əzabların son günü idi. O yağışlı yaz günü eyni zamanda bir ailənin yetimliyi, səkkiz övladın anasızlığı, bir ərin yarsızlığı… və bir də daha sonralar yazılacaq şeirlərimin kədərli mövzusu olacaqdı…
Bu da bir türk qadınının ərinə qarşı göstərdiyi fədakarlığı, bu da bir ana ürəyi…

Müəllif: Adilə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I


Adilə Nəzər – HƏLƏLİK

HƏLƏLİK

Əlvida deməyə dilim gəlməyir,
A yollar, döngələr, izlər, hələlik!
Bir ovuc arzu var- qalıb əlimdə,
Bütün varlığımda sızlar hələlik.

Səhərdən asılan çənli yamaclar,
Axşamı bağrına basan ağaclar.
Elə gəncliyindən ağaran saçlar,
Yol çəkən baxışlar, gözlər, hələlik.

Kölgələr uzanır daş ayağına,
Çöllər sığınıbdır dağ qucağına,
Necə çəkir məni uşaq çağına –
O köhnə havalar, sazlar, hələlik.

Alim də, şair də düşdü adıma,
Qalxdım pillələri tək-tək – addıma.
..Yenə bir quş səsi düşdü yadıma,
Şeirlər, misralar, sözlər, hələlik.

Dildəki bu salam-duam sizədir,
Ah-amanım sizə, nidam sizədir,
Edib- etmədiyim vidam sizədir,
Ey ana olmayan qızlar, hələlik.

05.02.2026

Müəllif: Adilə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Adilə Nəzər – UNUTDUM

UNUTDUM

Nə zaman eynimə, nə də ki, məkan,
Boş verdim imanı, dini unutdum.
Bu bədən də sənin, bu can da sənin,
Səni tanıyandan məni unutdum.

Nəfəsin dolaşır daim qanımda,
Olmasan da varsan mənim yanımda,
Təsbeh dənəsi tək hər bir anımda,
Həsrətin çəkəndə qəmi unutdum.

Eşq saçır həyata sirli naxışın,
Çılğın sevincin var, dəli axışın,
Sənin gözlərində görüb yağışı,
Özümün gözümdə nəmi unutdum.

Qapandı qapılar artıq özümə,
Sevən kəs qarşılıq ummaz sözünə,
Olmaz gileyim də çoxu-azına,
Boşluğu doldurdun kəmi unutdum.

Baxdığım yer sənin, aldığım nəfəs,
Çəkdiyim hər qoxu, duyduğum hər səs,
Qəfəsdən çıxmağa olan bu həvəs,
Unut, -dedi, Adiləni unutdum.

Müəllif: Adilə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I