Milli Kitabxanada “Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

3 oktyabr tarixində Milli Kitabxana tərəfindən XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Azərbaycan Milli Kitabxanasının, Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı” layihəsi üzrə Azərbaycana gətirilmiş klassiklərimizin əlyazmalarının sərgisinin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov, Qətər Dövlətinin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani iştirak ediblər.

Təqdimat zamanı Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Azərbaycan xalqına məxsus milli-mənəvi dəyərlərin dünya kitabxanalarında və muzeylərində qorunub saxlanıldığını bildirib. Direktor sərgidə “Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı” layihəsi çərçivəsində müəyyən olunaraq Milli Kitabxanaya gətirilən Azərbaycan ədəbiyyatının klassiklərindən Nizaminin, Nəsiminin, Füzulinin və digər Azərbaycanın müdrik şəxsiyyətlərinin qiymətli əlyazmalarının nüsxələrinin nümayiş olunduğunu söyləyib.

Qeyd edək ki, Milli Kitabxananın əməkdaşları tərəfindən “Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı” layihəsi üzrə Azərbaycan Milli Kitabxanasına gətirilmiş klassiklərimizin əlyazmalarının elektron nüsxələridən ibarət “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” adlı elektron məlumat bazası da yaradılıb.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir