Etiket arxivi: Azərbaycan Milli Kitabxanası

“Professor Kərim Tahirov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi

“Professor Kərim Tahirov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi

12 noyabr 2026-cı il tarixində Milli Kitabxanada Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovun anadan olmasının 75 illik yubileyi münasibətilə “Professor Kərim Tahirov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə görkəmli alimin müəllifi, tərtibçisi, rəyçisi, ön söz müəllifi, tərcüməçisi və redaktoru olduğu əsərlər, onun həyat və yaradıcılıq yolu haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları nümayiş etdirilir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Kitabxanasunas_alim_Kerim_Tahirov/index.htm linkindən istifadə edə bilərlər.
Kərim Məhəmməd oğlu Tahirov 1951-ci il noyabr ayının 12-də Ağcabədi rayonunda anadan olub. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kitabxanaçılıq fakültəsində təhsil alıb. 1978-ci ildə təyinatla M. F. Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına (indiki Azərbaycan Milli Kitabxanası) göndərilib, 1979–1982-ci illərdə Elmi-metodiki şöbədə böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor və bölmə müdiri vəzifələrində çalışıb.
1983–1987-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Baş Kitabxana Müfəttişliyinin böyük müfəttişi, 1987–1988-ci illərdə rəisi, 1988–1989-cu illərdə Mədəni-maarif müəssisələri İdarəsinin, 1989–1993-cü illərdə Mədəni-kütləvi işlər, kitabxana və muzey işləri Baş İdarəsinin baş müfəttişi, 1993–2000-ci illərdə Kitabxana və muzey işləri Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 2000–2005-ci illərdə M. F. Axundov adına Azərbaycan Dövlət Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2005-ci ildən Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır.
2009-cu ildə “M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923–1959-cu illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) elmi dərəcəsi alıb. O, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində pedaqoji fəaliyyətlə məşğul olub, gənc ixtisaslı kadrların yetişdirilməsinə töhfə verib. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professor elmi adı alıb.
Professor Kərim Tahirov dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslarda və simpoziumlarda elmi məruzələrlə çıxış edib, elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunub. BDU-nun kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq ixtisasları üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür, bu ixtisas üzrə bir neçə fəlsəfə doktoru və magistrin elmi rəhbəri və rəsmi opponenti olub.
Professor Kərim Tahirovun rəhbərliyi dövründə Milli Kitabxana respublikanın ictimai həyatında fəal iştirak etməyə başlayıb, oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunub, müxtəlif mövzulara dair 70-dən artıq fundamental biblioqrafiya tərtib edilərək çap olunub, cari biblioqrafiya və informasiya göstəricilərinin, “Elmi əsərlər”nin nəşri bərpa edilib, kitabxananın elektron kataloqu, elektron kitabxanası və Elmi Şurası yaradılıb, 34 xarici ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanıb.
2006-cı ildən Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasları üzrə Dövlət İmtahan Komissiyasının, 2007-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Ekspert Komissiyasının və 2013-cü ildən isə Milli Kitabxananın Elmi Şurasının sədridir.
Professor Kərim Tahirov 70-dən artıq kitabın, kitabçanın, metodik vəsaitin və fundamental biblioqrafiyanın müəllifi, tərtibçisi və redaktorudur. İlk kitabxana ensiklopediyasının hazırlanması işinə rəhbərlik edib və onun baş redaktoru olub. 200-dən artıq elmi məqalənin müəllifidir. Azərbaycan Milli Kitabxanasının “Elmi Əsərlər”nin, “Əlamətdar və tarixi günlər təqvimi”nin və “Azərbaycan kitabı” oncildlik milli biblioqrafiya repertuarının baş redaktorudur.
2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvü, 2015-ci ildən isə vitse-prezidentidir. Həmçinin 2003-cü ildən Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının və Dünya Elektron Kitabxanasının (WDL), 2007-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanaları Şurasının və Avrasiya Kitabxanaçılar Birliyinin üzvüdür. 2024-cü ildə Türk Dünyası Milli Kitabxanaları Birliyinin sədri seçilib.
Professor Kərim Tahirovun Azərbaycan mədəniyyətinin inkişafındakı səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, 2008-ci ildə kitabxana işinin inkişaf etdirilməsində xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb, 2013-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 2021-ci ildə isə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Milli Kitabxananın fəaliyyətinin səmərəli təşkilinə və inkişafına, yeni texnologiyalarla təkmilləşdirilməsinə görə fəxri fərman və diplomlar alıb. TÜRKSOY-un yaradılmasının 20 illiyi münasibətilə medalla, 2014-cü ildə “Qızıl Fortuna” Beynəlxalq Reytinqli Texnologiyalar və Sosiologiya Akademiyasının medalı ilə, Nizami Gəncəvinin 880 illiyi xatirə nişanı (1141-2021) ilə təltif edilib. Nazirlər Kabinetinin 12 sentyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının üzvü təyin olunub. 2019-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Professor Kərim Tahirov peşəkarlığı, yüksək təşkilatçılıq bacarığı və milli dəyərlərə bağlılığı ilə Azərbaycan kitabxanaçılıq məktəbinin inkişafına mühüm töhfələr verən ziyalılardan biri kimi tanınır. Onun rəhbərliyi altında həyata keçirilən layihələr ölkəmizin elmi və mədəni nüfuzunun möhkəmlənməsinə, kitabxanaçılıq sahəsində yeni uğurların əldə olunmasına və Azərbaycanın zəngin irsinin beynəlxalq müstəvidə daha geniş tanıdılmasına xidmət edir.
“Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı”, “Qarabağa kitabla gedək!”, “Musiqi kitabxanası”, “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)”, “Açıq kitabxana”, “Milli musiqi xəzinəmizdən səs yazmaları və qrammofon valları”, “Beynəlxalq musiqi kitabxanası” və s. layihələrin rəhbəri olan Kərim Tahirov həmişə yeniliyə can atır.
Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov ömrünün müdriklik çağında ölkəmizdə elmin, mədəniyyətin, kitabxana işinin müstəqil dövlətçilik və azərbaycançılıq idealları əsasında inkişaf etdirilməsi yolunda məsuliyyətlə və şərəflə xidmət etmək missiyasını ləyaqətlə həyata keçirməkdə davam edir.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

MİSİR MƏRDANOVUN YAZILARI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“4 oktyabr – Cəbrayıl şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi

“4 oktyabr – Cəbrayıl şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi

4 oktyabr 2026-cı il tarixində Milli Kitabxanada Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gün münasibətilə “4 oktyabr – Cəbrayıl şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Bu gün Cəbrayıl Şəhəri Günüdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023- cü il tarixli sərəncamına əsasən hər il oktyabrın 4-də “Cəbrayıl Şəhəri Günü” kimi qeyd olunur.

Sərgilərdə Cəbrayıl şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən ədəbiyyatlar Azərbaycan və digər dillərdə nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Cebrayil/index.htm linkindən istifadə edə bilərlər.

2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunur.

Prezident İlham Əliyevin də dediyi kimi, “Böyük Qayıdış” Cocuq Mərcanlı ilə başlayıb və Vətən müharibəsindəki ilk ciddi uğur Cəbrayıl şəhəri ilə bağlıdır. Araz çayının sahilində yerləşən Cəbrayıl rayonunun azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi işğalçılardan təmizləndi.
Cəbrayıl 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Ərazisi 1050 kvadratkilometr olan rayon erməni quldur birləşmələrinin işğalına məruz qalmışdı. 1 şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olan rayonun həmin vaxt 52 min 604 nəfər əhalisi var idi.
Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən cəmi üç ay sonra, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraiti təmin olunub.
İyirmi yeddi illik həsrətdən sonra 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənubundakı kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının erməni terrorçularından təmizlənməsi Ordumuzun şücaətinin nəticəsidir. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, minlərlə əsgər və zabit Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaldıb.
Prezident İlham Əliyev azad olunmuş Cəbrayıl rayonuna bir neçə dəfə səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib, tikinti işləri ilə tanış olub. Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

MİSİR MƏRDANOVUN YAZILARI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Professor Misir Mərdanov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi

“Professor Misir Mərdanov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi

(Misir Mərdanov – 80)

2 oktyabr 2026-cı il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

3 oktyabr 2026-cı il tarixində Milli Kitabxanada Professor Misir Mərdanovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Professor Misir Mərdanov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə alimin dərslikləri, ön söz müəllifi, tərtibçisi, redaktoru olduğu, layihə rəhbəri, məsləhətçisi, elmi fəaliyyəti, Azərbaycan və xarici dillərdə çap olunan kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Misir_Merdanov_80/index.htm linkindən istifadə edə bilərlər.

Misir Cumayıl oğlu Mərdanov 3 oktyabr 1946-cı ildə Qərbi Azərbaycanın Karvansaray rayonunun Göyərçin kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirib, ADU-nun (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib, təyinatla Gəncə Pedaqoji İnstitutuna göndərilib, riyaziyyat fakültəsində baş laborant kimi əmək fəaliyyətinə başlayıb.
1978-ci ildə ADU-nun mexanika-riyaziyyat fakültəsində dekan müavini vəzifəsinə təyin olunub. 1985-1986-cı illərdə ADU-nun qəbul komissiyasının məsul katibi vəzifəsində çalışıb. Azərbaycan Respublikası Təhsili Nazirliyində Ali Təhsil İdarəsinin rəisi (1988-1990), Azərbaycan Respublikası Təhsil nazirinin müavini (1991-1992), BDU-nun tədris işləri üzrə prorektoru (1992-1996), BDU-nun rektoru (1997-1998) məsul vəzifələrdə çalışıb. 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri olub. 2013-2025-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru olub.
Misir Mərdanov “Azərbaycan riyaziyyatçıları” adlı fundamental monoqrafiyanın, ali məktəblər üçün “Ali riyaziyyat” dərsliyinin, “Azərbaycanın təhsil siyasəti“, “Azərbaycan təhsili müstəqillik illərində” kitabların müəllifidir.
1973-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1981-ci ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə dosent elmi rütbəsini alıb. 1989-cu ildə Ukrayna EA-nın riyaziyyat institutunun müdafiə şurasında doktorluq dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.
Misir Mərdanov ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ildə yaradılan “Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası”nın sədri kimi, Azərbaycan təhsil tarixində ilk dəfə olaraq “Azərbaycan Respublikasının təhsili sahəsində islahat proqramı”nın hazırlanmasına bilavasitə rəhbərlik edib, onun rəhbərliyi altında “Milli Kurikulum – Milli Təhsil Konsepsiyası” sənədi hazırlayıb.
Misir Mərdanov 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, 2011-2014-cü illərdə Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, 2014-cü ildən fəxri prezidentidir. AMEA Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının baş redaktoru, eyni zamanda “Azerbaijan journal of Mathematics” jurnalının redaksiya heyətinin və Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədridir. 2017-ci ildə professor Misir Mərdanov AMEA-nın müxbir üzvü seçilib.
Misir Cumayıl oğlu Mərdanov Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2011-ci ildə Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun Sərəncamına əsasən Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə Dağıstan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Elm və təhsil sahəsində göstərdiyi xidmətlərə əsasən 2021-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 2025-ci ilin noyabrında AMEA-nın 80 illik yubileyi çərçivəsində Misir Mərdanov “Lev Landau” döş nişanı ilə təltif olunub.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

MİSİR MƏRDANOVUN YAZILARI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

QAZAXISTANLI QONAQLAR MİLLİ KİTABXANADA

QAZAXISTANLI QONAQLAR MİLLİ KİTABXANADA

29 iyul tarixində Qazaxıstan Respublikasının Siyasi Repressiya Qurbanlarının Tam Reabilitasiyası üzrə Dövlət Komissiyasının üzvü, Layihə ofisinin rəhbəri, Metodologiya üzrə Altkomissiyanın rəhbəri Qasımov Sabır Milli Kitabxananın qonağı olub.
Qonaları Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qarşılayıb.
Görüş zamanı qonaqlara Milli Kitabxananın fəaliyyəti, zəngin kitabxana fondu, rəqəmsal resursları və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə geniş məlumat verilib. Daha sonra tərəflər Azərbaycan və Qazaxıstan arasında elmi-mədəni əlaqələrin inkişafı, ortaq türkoloji irsin tədqiqi, ədəbiyyatşünaslıq sahəsində aparılan araşdırmalar və kitabxanalararası əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Qonaq Azərbaycan Milli Kitabxanası ilə tanış olub və burada yaradılan müasir informasiya mühiti ilə tanışlığından məmnunluğunu ifadə edib.
Sonda Sabır Qasımov “Abdulvahap Kara. Sovyetler Birliği’nin Türk Dünyası Politikası”, “История борьбы за независимость в Северном Казахстане”, “Сборник материалов Республиканской научно-практической конференции «Революционная доктрина «Малый Октябрь в Казахстане»: политические цели, методы реализации. 17 октября 2025 года г.Астана”, “Материалы Международной научно-практической конференции «Историческое и международное значение Декабрьского (1986) восстания в Казахстане»”, “Саяси қуғын-сүргін құрбандарын толық ақтау жөніндегі мемлекеттік комиссияның материалдары ХХ ғасырдың 20–50 жылдары «Алаш» және түркі халықтарының азаттық үшін күресі XI том”,”Ұлт жады Республикалық ғылыми журнал 2023, № 4 (6) “ adlı kitab və jurnalları Milli Kitabxananın fonduna hədiyyə edib. Öz növbəsində, Milli Kitabxananın direktoru qonağa “Birinci Türkoloji Qurultay. Stenoqrafiya”, “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarını, həmçinin Milli Kitabxananın fotoalbomunu bağışlayıb.
Səfər xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Xalq rəssamı Lətif Kərimov

Xalq rəssamı Lətif Kərimov

Görkəmli xalçaçı-rəssam, sənətşünas alim, pedaqoq və Xalq rəssamı Lətif Kərimov Azərbaycan xalça sənətinin inkişafı, tədqiqi və təbliği sahəsində mühüm xidmətlər göstərmişdir. Onun çoxşaxəli yaradıcılığı milli xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi, xalça ornamentlərinin və kompozisiya xüsusiyyətlərinin sistemləşdirilməsi, eləcə də zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
2026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, məşhur xalçaçı-rəssam, xalçaşünas alim və pedaqoq, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun anadan olmasının 120 ili tamam olur.
Azərbaycan Milli Kitabxanası tərəfindən Lətif Kərimovun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Xalq rəssamı Lətif Kərimov” adlı biblioqrafik icmal hazırlanmışdır. Biblioqrafik icmalda Azərbaycan Respublikası Prezidentinin Lətif Kərimovun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı, sənətkarın həyat və yaradıcılığına dair materiallar, əsərləri, kitabları və izonəşrləri, həmçinin onun haqqında nəşr edilmiş kitab və izonəşrlər, dövri mətbuat materialları sistemli şəkildə təqdim edilmişdir.
İcmalda, həmçinin Lətif Kərimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin onun Azərbaycan SSR fəxri fərmanı ilə təltif edilməsi haqqında Fərmanı, sənətkarın xatirəsinin əbədiləşdirilməsi, fəxri adlara layiq görülməsi, dövlət mükafatları və ordenlərlə təltif edilməsi ilə bağlı məlumatlar öz əksini tapmışdır.
Lətif Kərimovun zəngin elmi, bədii və pedaqoji irsini sistemli şəkildə əks etdirən biblioqrafik icmal sənətkarın yaradıcılığının öyrənilməsi, tədqiqi və təbliği baxımından mühüm elmi-informasiya mənbəyi kimi əhəmiyyət daşıyır. Vəsait kitabxanalara Lətif Kərimovun irsi ilə bağlı informasiya resurslarını müəyyənləşdirmək, fondlarda müvafiq ədəbiyyatın mövcudluğunu araşdırmaq, habelə istifadəçilərin informasiya tələbatının daha dolğun ödənilməsini təmin etmək üçün zəruri məlumatlar təqdim edir.
Biblioqrafik icmalın elektron formatda hazırlanması və internet vasitəsilə istifadəyə verilməsi onun informasiya əlçatanlığını və istifadə imkanlarını genişləndirir. Bu baxımdan, elektron resurs milli mədəni irsin öyrənilməsi və təbliği ilə yanaşı, kitabxanaların rəqəmsal informasiya xidmətlərinin inkişafına və məsafədən informasiya xidmətinin təşkilinə də töhfə verir.
Biblioqrafik icmal ilə https://anl.az/down/nesrler2026/L.Kerimov2.pdf linkindən istifadə edərək tanış ola bilərsiniz.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Milli Kitabxanasında 27 Sentyabr – Anım Günü

Milli Kitabxanasında 27 Sentyabr – Anım Günü

23 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Kitabxanasında 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. Ardınca Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçən 44 Günlük Vətən müharibəsi şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Professor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş hərbi qulluqçulara və şəhidlərə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur. O, Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu bildirərək şəhidlərin həyat və döyüş yolundan, onların Vətən qarşısındakı xidmətlərindən söz açıb. Şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasının, onların qəhrəmanlıq tarixinin gələcək nəsillərə çatdırılmasının hər birimizin mənəvi borcu olduğunu vurğulayıb.
Daha sonra Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, t.ü.f.d. Ədibə İsmayılova və İnformasiya axtarış sistemləri ilə iş şöbəsinin müdiri Səyyarə Məmmədli çıxış edərək Vətən müharibəsinin xalqımızın çoxəsrlik dövlətçilik və mübarizə tarixində xüsusi mərhələ təşkil etdiyini, 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş əzmini, qəhrəmanlıq və fədakarlıq sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu vurğulayıblar. Bildirilib ki, şəhidlərimizin həyat və döyüş yolu xalqımızın qəhrəmanlıq salnaməsinin ayrılmaz hissəsidir və onların əziz xatirəsinin yaşadılması, göstərdikləri şücaətin tarixi yaddaşda qorunması mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “27 sentyabr – Anım Günü” adlı elektron məlumat bazası təqdim olunub. Məlumat bazasında rəsmi səsnədlər – Anım Gününün təsis edilməsi haqda Azərbaycan Respublikası Prezidentinin sərəncamı, düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı, II Qarabağ müharibəsi şəhidlərinin siyahısı, 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz, bu qələbənin əldə olunmasında şəhid olmuş hərbiçilər haqqında nəşrlər, Vətən müharibəsi iştirakçılarına orden və medalların verilməsinə dair sərəncamlar, erməni terroru ilə əlaqədar fotolar və videolar nümayiş olunmuşdur.
Sonda iştirakçılar Milli Kitabxananın fondunda qorunan Vətən müharibəsi, şəhidlər və Qarabağ mövzusunda nəşrlərdən ibarət geniş kitab sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycanın ərazi bütövlüyünün bərpasına, Vətən müharibəsinə, şəhidlərimizin həyat və döyüş yoluna həsr olunmuş kitablar, albomlar və digər nəşrlər təqdim edilib.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“21 sentyabr – Beynəlxalq Sülh Günü”

“21 sentyabr – Beynəlxalq Sülh Günü”

21 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada “21 sentyabr – Beynəlxalq Sülh Günü” adlı kitab sərgisi virtual rejimdə istifadəçilərə təqdim olunub.

BMT-nin Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan edilmişdir.

Sərgidə Azərbaycan – Ermənistan – ABŞ Birgə Bəyannaməsi, Prezident İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası, Azərbaycanda cəmiyyətin gələcək inkişafı və sülhün qorunub saxlanılması və möhkəmləndirilməsi üçün atılan addımlar və s. mövzu haqqında dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_sulh_gunu/index.htm linkindən istifadə edə bilərlər.

21 sentyabr nəinki xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir. İnsanları sülhə, sabitliyə, təhlükəsizliyə çağıran bu gün BMT-nin Nyu-Yorkdakı Baş qərargahında quraşdırılan “Sülh zəngi”nin çalınması ilə başlayır.
44 günlük Vətən müharibəsi dövründə istərsə də müharibədən ötən dövr ərzində ordumuz tərəfindən erməni təxribatlarına cavab verilərkən dinc əhaliyə qarşı humanizm prinsipləri daim qorunmuş, əbədi sülhün yaranması üçün bütün vasitələrdən istifadə olunmuşdur.
Azərbaycan Respublikasının dövlət siyasəti regionda əbədi sülhün bərqərar olmasına yönəlib və bu kurs ardıcıl olaraq aparılır.
Azərbaycanın sülhsevər ölkə kimi bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul edildi, bu səbəbdən multikulturalizm və tolerantlıq mövzularında beynəlxalq konfransların məhz ölkəmizdə keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən diplomatik bacarığı, həyata keçirdiyi uğurlu siyasət sayəsində regionda əbədi sülh bərqərar olacaq.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Milli Kitabxanada “20 sentyabr – Dövlət Suverenliyi Günü”

Milli Kitabxanada “20 sentyabr – Dövlət Suverenliyi Günü”

19 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada “20 sentyabr – Dövlət Suverenliyi Günü”; Ağdərə; Xankəndi; Xocalı və Xocavənd Şəhərləri Günü münasibətilə virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” sərəncamına əsasən qeyd edilir.

Sərgilərdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinə dair rəsmi sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruq” adı altında aparılmış 44 günlük Vətən müharibəsi, hərbi və siyasi strategiya, hərbi taktikası, qazanılmış Şanlı Qələbə və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bütün ölkə ərazisində tam bərqərar edilməsi, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolu haqqında, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi və Birinci Vitse- Prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə məqsədyönlü bərpa-quruculuq işlərinin aparılması və müasir konsepsiyalar əsasında nəhəng infrastrukturun yaradılması, işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/20_sentyabr_Suverenlik_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Suverenlik dövlətin müstəqilliyinin, milli iradəsinin və beynəlxalq hüquqda subyekt kimi tanınmasının ən yüksək göstəricisidir. Hüquqi baza isə bu müstəqilliyin qorunmasının təminatıdır. Azərbaycan Respublikasında son illərdə qəbul edilən siyasi və hüquqi qərarlar məhz bu iki konseptual anlayışın – Konstitusiya və suverenliyin vəhdəti üzərində qurulub. 2025-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunması və sentyabrın 20-də Dövlət Suverenliyi Gününün təsis edilməsi bu istiqamətdə strateji xarakterli addımlar sırasına daxildir.
Qarabağda milli suverenliyimizin tam bərpa edilməsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan ümummilli ehtiramın ən böyük nümunəsinə çevrildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə olundu və torpaqlarımız azadlığa qovuşdu.
Qarabağ və Şərqi Zəngəzurda antiterror tədbirləri nəticəsində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.
Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Xocalı şəhəri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırdı.
Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.
Bu zəfər möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ziddiyyətli beynəlxalq münasibətlər şəraitində dövlətin təkbaşına və güc yolu ilə öz hüquqlarını təmin etməyinin nümunəsini yaratdı.
20 Sentyabrın mahiyyəti yalnız suverenliyin bərpa edildiyi gün ifadəsi ilə məhdudlaşmır. Bu tarix Azərbaycan dövlətinin öz ərazisi, siyasi iradəsi və gələcək inkişaf istiqamətləri üzərində tam məsuliyyət daşıdığı yeni mərhələnin başlanğıcını simvollaşdırır.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“18 Sentyabr – Milli Musiqi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi

“18 Sentyabr – Milli Musiqi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi

18 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada Azərbaycanın zəngin musiqi mədəniyyətinin və milli musiqi irsinin təbliği məqsədilə hər il 18 sentyabr tarixində qeyd olunan Milli Musiqi Günü münasibətilə “18 Sentyabr – Milli Musiqi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə Milli Kitabxananın və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” layihəsi çərçivəsində nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələri və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi biblioqrafiyalar, Azərbaycan musiqi sənətinin təşəkkül və inkişaf tarixi, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin zəngin irsi, Milli musiqimizin görkəmli xadimlərinin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti, Azərbaycanın milli musiqi alətləri və s. haqqında Azərbaycan və xarici dillərdə müxtəlif ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm linkindən istifadə edə bilərlər.
18 sentyabr – Musiqiyə çevrilən gün. Hər il sentyabrın 18-i Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini Ulu Öndər Heydər Əliyev qoyub. Ümummilli Liderin 1995-ci ildə – dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcluyuq.
Üzeyir Hacıbəyli kimi dəyərli musiqiçilərin irsini yaşatmaqla yanaşı, bu gün Azərbaycan musiqisinin zənginliyini və mədəni dəyərlərini geniş auditoriyaya tanıdır. Musiqi təhsili, ictimaiyyətin maarifləndirilməsi və beynəlxalq mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi baxımından bu günün keçirilməsi ölkənin mədəni həyatında əhəmiyyətli bir yer tutur, Azərbaycanın musiqi mədəniyyətinin gələcəyini işıqlandırır.
Artıq Milli Musiqi Günü xüsusi ab-hava ilə, qələbə ovqatında qeyd olunur. “Dəmir yumruq”ətrafında birləşən xalqımız 44 günlük Vətən müharibəsində Şanlı zəfərə imza atdı, Müzəffər Ordumuz 30 il erməni tapdağında qalan torpaqlarımızı, o cümlədən Üzeyirin vətənini- Şuşanı azad etdi. Qələbədən sonra kərpic-kərpic qurulan Qarabağda dahi bəstəkarın büstü Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə yenidə ucaldıldı, ölümsüz bəstəkarın əsərləri illər sonrada yenidən doğma yurdunda səsləndi, Şuşanın dağlarına bəstəkarın təkrarsız nəğmələri hopdu. Qarabağ bu gün böyük mədəniyyət tədbirlərinə-“Xarıbülbül” Musiqi Festivalına, “Vaqif Poeziya Günlərinə” evsahibliyi edir, şəhərlərimizin işğaldan azad olunduğu günlər bayram ovqatında qeyd olunur. Belə möhtəşəm tədbirlərdə xalqımızın zəngin xəzinəsi, mənəvi sərvəti sayılan Üzeyir Hacıbəylinin əsərləri təkrar-təkrar ifa edilir, alqışlarla qarşılanır.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Üzeyir Hacıbəyli – Azərbaycan musiqisinin korifeyi” adlı elektron məlumat bazası

“Üzeyir Hacıbəyli – Azərbaycan musiqisinin korifeyi” adlı elektron məlumat bazası

Azərbaycan Milli Kitabxanası tərəfindən 18 sentyabr Milli Musiqi Günü və XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli – Azərbaycan musiqisinin korifeyi” adlı elektron məlumat bazası (https://anl.az/el/emb/uhacibeyli/index.html) hazırlanaraq istifadəçilərin istifadəsinə təqdim edilib.
“Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 18 sentyabr tarixli 385 nömrəli Fərmanına əsasən hər il sentyabrın 18-də ölkəmizdə Üzeyir Musiqi Günü qeyd olunur. 2009-cu ildən etibarən isə Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Ənənəvi olaraq hər il sentyabrın 18-də – bəstəkarın doğum günündə başlayan festival çərçivəsində konsert proqramları ilə yanaşı, teatr tamaşaları, elmi-praktik konfranslar, ustad dərsləri və digər mədəni-maarif tədbirləri təşkil edilir.
Üzeyir Hacıbəyli Azərbaycan professional musiqi sənətinin banisi, bəstəkar, musiqişünas, publisist və maarifçi kimi milli mədəniyyət tarixində xüsusi mövqeyə malikdir. Onun çoxşaxəli yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin inkişafında yeni mərhələnin formalaşmasına zəmin yaratmış, milli musiqi ənənələrinin professional bəstəkarlıq yaradıcılığı ilə qarşılıqlı əlaqədə inkişafına mühüm təsir göstərmişdir.
Üzeyir Hacıbəyli irsinin elmi baxımdan araşdırılması, mühafizəsi və təbliği müasir dövrdə də mühüm əhəmiyyət daşıyır. Bəstəkarın əsərlərinin, elmi-nəzəri və publisistik irsinin, həyat və yaradıcılığına dair elmi-biblioqrafik materialların elektron mühitdə sistemləşdirilməsi tədqiqatçılar, musiqişünaslar, kitabxana-informasiya mütəxəssisləri, təhsil müəssisələri və geniş istifadəçi auditoriyası üçün mühüm informasiya imkanları yaradır.
Milli Kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazası bəstəkarın həyat və yaradıcılığı haqqında müxtəlif tipli informasiya resurslarının vahid elektron informasiya məkanında sistemləşdirilməsi məqsədini daşıyır.
Elektron məlumat bazasının strukturuna “Ana səhifə”, “Rəsmi sənədlər”, “Azərbaycan ruhunu yaşadan dahi”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Üzeyir Hacıbəyli haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Əsərləri”, “Haqqında”, “Mükafatlar”, “Filmoqrafiya”, “Fotoqalereya” və “Videoqalereya” bölmələri daxildir. Bölmələrdə təqdim olunan materiallar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığının əsas mərhələlərini, yaradıcılıq irsini, əsərlərinin müxtəlif janr və istiqamətlərini, ictimai-mədəni fəaliyyətini, onun haqqında elmi və biblioqrafik nəşrləri, eləcə də bəstəkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məlumatları əhatə edir. Bölmələrdə Üzeyir Hacıbəyli irsi, yaradıcılığının təbliği, yubileylərinin keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı qəbul edilmiş dövlət sənədləri, fərman və sərəncamlar, bəstəkarın milli musiqi mədəniyyətinin inkişafındakı rolunun, yaradıcılıq irsinin əhəmiyyətinin və Azərbaycan professional musiqi məktəbinin formalaşmasına verdiyi töhfələrin təqdim edilməsinə həsr olunmuş materiallar, bəstəkarın həyat və yaradıcılıq fəaliyyətinin mühüm mərhələlərinin xronoloji ardıcıllığı, tanınmış şəxsiyyətlərin Üzeyir Hacıbəyli haqqında söylədikləri fikirlər, elmi və publisistik qiymətləndirmələr, bəstəkarın adının əbədiləşdirilməsi məqsədilə həyata keçirilmiş tədbirlər, onun adına yaradılmış mədəniyyət və təhsil müəssisələri, abidə və heykəllər, xatirə lövhələri, ev-muzeyləri və digər memorial obyektlər haqqında məlumatlar təqdim edilir.
Həmçinin, “Əsərləri” bölməsində Üzeyir Hacıbəylinin yaradıcılıq irsi janr və istiqamətlər üzrə sistemləşdirilərək təqdim olunur. Burada operaları, operettaları, musiqili komediyaları, orkestr, xor, vokal və instrumental əsərləri və digər musiqi nümunələri haqqında məlumatlar əks etdirilir.
Bazada eyni zamanda, bəstəkarın dövlət təltifləri, fəxri adları, orden və medalları, eləcə də digər mükafatları haqqında məlumatlar sistemləşdirilir, vizual və audiovizual informasiya imkanlarını genişləndirən bölmələrdə isə bəstəkarın müxtəlif dövrlərə aid fotoşəkilləri, ailə üzvləri, həmkarları, ictimai-mədəni tədbirlər və yaradıcılıq fəaliyyəti ilə bağlı foto materiallar, həyat və yaradıcılığına dair sənədli filmlər təqdim edilir.
Beləliklə, elektron məlumat bazasının tematik və funksional strukturu Üzeyir Hacıbəylinin həyat və yaradıcılığının, musiqi və elmi-publisistik irsinin, onun haqqında formalaşmış elmi-biblioqrafik informasiya resurslarının kompleks şəkildə təqdim edilməsinə imkan verir. Bu struktur məlumatların sistemləşdirilməsini, informasiya resurslarının operativ axtarışını və istifadəçilərin bəstəkarın zəngin irsinə müxtəlif informasiya formatlarında çıxışını təmin etməklə elektron məlumat bazasının elmi-mədəni informasiya resursu kimi əhəmiyyətini artırır.
Elektron məlumat bazasının yaradılması Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsinin rəqəmsal informasiya mühitində sistemləşdirilməsi, mühafizəsi, əlçatanlığının təmin edilməsi və elmi-mədəni dövriyyəyə daxil edilməsi baxımından əhəmiyyətlidir. Resurs eyni zamanda milli musiqi irsinin rəqəmsallaşdırılması və kitabxana-informasiya resurslarının müasir informasiya texnologiyaları əsasında inkişaf etdirilməsi istiqamətində həyata keçirilən fəaliyyətin tərkib hissəsidir.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I