
JEST
(“Qısa hekayələr” silsiləsindən)
Bu yad şəhərə onlar ilk dəfə idi ki, gəlmişdilər.
İşlərini gündüz başa çatdırıb həmişə olduğu kimi axşamüstü yenə qaldıqları mehmanxananın birinci mərtəbəsindəki yeməkxanaya endilər. Onlar dörd nəfər idi. Bu kiçik dəstəyə “komandir” deyə müraciət etdikləri Rafael adlı iricüssəli, yumrusifət, qıvrımsaç həmkarları “başçılıq” edirdi.
Yemək sifariş verdilər.
Yaxınlıqdakı stolun arxasında ortayaşlı, arıq, saçlarına dən düşmüş bir xanım əyləşmişdi. Onun əynində nimdaş don vardı. Çox güman ki, qadın bu tərəflərdə yaşayırdı. Çünki onlar buraya gələndən bəri hər gün görürdülər ki, bu xanım axşamlar eyni bir stolun arxasında əyləşir və başının işarəsi ilə yeməkxana işçiləri ilə görüşürdü. Özü də elə ilk baxışdan qaradinməz adama oxşayırdı.
Stollar yaxın olduğu üçün süfrənin üstündə olan yeməklər aydın görünürdü. Həmişəki kimi qadının qarşısında yenə iki dilim çörək parçası, yarım boşqab xörək, bir də dərman qabına oxşayan kiçik şüşə vardı. O, bozumtul, toxunma çantasını çiynindən asmışdı. Qadının sifətində qəribə bir qədimlik vardı. Sanki o, hansısa muzeyi elə indicə tərk edib yeməkxanaya gəlmiş solğun ekspontalarından biri idi. Qadının özü ilə bozumtul çantası arasında izahı çətin olan bir oxşarlıq hiss olunurdu.
Yeməkarası dostlardan biri Rafaelə üz tutub dedi:
-“Komandir”, gəlsənə o qonşuluqdakı xanımın stolu üçün düz-əməlli bir yemək sifariş verək. Bu da bir jestdi də… Hiss olunur ki, ehtiyacı olan adamdır…
Digər dostlar da söhbətə qarışdılar. Hamı ümumi bir razılığa gəldi. Bəs necə, yad şəhərdə onlar öz milli qonaqpərvərliklərini göstərməli idilər, ya yox?
Xorəkpaylayanı dəvət edib onu məsələdən agah etdilər.
Rafael dedi:
-Amma elə et ki, xanım onun stoluna gələn yemək-içməyin kim tərəfindən göndərildiyini bilməsin.
Xeyli təəccüblənmiş xörəkpaylayan az sonra əlindəki dolu qabla xanıma yaxınlaşdı. Qadının üz-güzündə heyrətdən yaranan cizgiləri heç bir rəssam çəkə bilməzdi. O, xorəkpaylayandan nəsə soruşdu. Arada xörəkpaylayan yenə bir-iki dəfə qadının stoluna yaxınlaşıb nəsə gətirdi.
Rafael və onun “komandası” sakitcə, heç nədən xəbərləri yoxmuş kimi, başlarını aşağı salıb xörəklərini yeyirdilər.
Sonra onlar işarə ilə xörəkpaylayanı stola dəvət etdilər.
Rafael məmnun halda gülümsəyərək dedi:
-Zəhmət olmasa, bizim hesabımızı deyin. Təbii ki, qonşu stoldakı o xanımın hesabını da biz ödəyəcəyik.
Xörəkpaylayan bir qədər tutularaq, dili topuq çala-çala astadan dedi:
-Cənablar, bilirsiz nə var? Artıq sizin yeməyinizin hesabını həmin xanım ödəyib… Düzü, mən sifarişin hansı stoldan gəldiyini ona deməmişdim. Zənnimcə o, bunu özü müəyyən etdi. Və hesabı ödədi… Bax belə…
Yad şəhərin qonaqları nə qədər israr etsələr də, ödəniş edə bilmədilər.
Nə etmək olardı? Artıq hesab çatmışdı.
Hamısı pərt idi. Sanki gözləmədikləri yerdən qəfil zərbə almışdılar.
Artıq qonşu stolun arxası boş idi. Onlar xörəkpaylayanla mübahisə edən, haqq-hesab çürüdən zaman “muzeydən gəlmiş eksponat”, yəni solğun bənizlı qadın çıxıb getmişdi.
Rafael əllərini qıvrım saçlarına çəkib zorla gülümsəməyə çalışaraq “komandasına” üz tutub dedi:
-Hə, bu da bizim “jestimizin” gözlənilməz sonu…
Mənbə: Firuz Mustafa
Müəllif: Firuz MUSTAFA
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru